Bəşər səmasına yüksələnlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix28.04.2017
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   20

 
 

17 
 
 
 
   Böyük şəxsiyyətlər dünyaya məxsusdur 
Antonin  kimi  mənim  üçün  şəhər  və  vətən  Romadır,  bir  insan  kimi  isə  - 
dünyadır. 
  Mark Avreli 
 
 
 
Böyük Karl 
Bütün insanlar daim mübarizədə olur, həm şəxsi və ictimai həyatda, həm də 
özü ilə. 
Platon  
Aldaces fortuna juvat (lat.) – Cəsarətlilərə tale də kömək edir.  
Latın zərb-məsəli 
Avropa  tarixində  yeni  imperiya  yaratmaqla  yanaşı,  bir  sıra  nəcib 
xüsusiyyətlər  sapları  ilə  öz  dövrünün  təkrarolunmaz  mənəvi  parçasını  toxuyan 
Böyük  Karl  (Şarleman)  diqqəti  xüsusilə  cəlb  edir.  Frankların  768-814-cü  illərdə 
kralı  olan Şarleman  İtaliyada  Lombardiya  krallığını  işğal  etmiş,  saksonları  özünə 
tabe etmiş, Bavariyanı öz səltənətinə daxil etmiş, İspaniyada və Macarıstanda hərbi 
kampaniyalar  aparmış,  İspaniyada  Asturiya  krallığı,  Şimali  İtaliya  və  Britaniya 
adaları  istisna  olmaqla  Qərbi  Avropadakı  bütün  xristian  torpaqlarını  bir 
fövqəldövlətdə  birləşdirmişdi.  800-cü  ildə  o,  imperator  tituluna  yiyələnmişdi.  O, 
imperiyanın  siyasi  gücünü  genişləndirməklə  yanaşı,  həmçinin  onun  ərazisində 
mədəni  dirçəliş  həyata  keçirmişdi.  İmperiya  öz  mövcudluğunu  onun  varisindən 
yalnız  vur-tut  bir  nəsil  sonra  saxlaya  bilsə  də,  Orta  əsrlərin  Fransa  və  Almaniya 
kralları bütün konstitusional ənənələri məhz Karl monarxiyasından əxz etmişdilər. 
Orta  əsrlər  Avropasında  Karlın  şəxsiyyəti  xristian  kralının  və  imperatorunun 
prototipi hesab olunurdu. 
Karl  güman  ki,  1742-ci  ildə  anadan  olmuşdu,  Gödək  Pipin  adlanan  III 
Pipinin  böyük  oğlu  idi.  Pipin  qardaşı  Karlomanla  birlikdə  bütün  Frank  krallığına 
nəzarət edirdi. Şarlemanın babası Karl Martell isə vaxtilə Puatye yaxınlığında ərəb 
ordularına  qalib  gəlməklə,  onların  İspaniya  kimi  Fransaya  da  soxulmalarının  və 
orada yayılmalarının qarşısını almışdı. 
Krallıq  edən  monarxın  böyük  oğlu  kimi  Karl  12  yaşında  olanda  Papanı 
salamlamağa  getmişdi.  Yeniyetməlikdəki  təcrübəsi  Karlın  xarakterinin 
formalaşmasına və məqsədlərinin kristallaşmasına kömək göstərmişdi. 
Pipin  öləndən  sonra  frank  adətinə  görə  krallıq  768-ci  ildə  onun  iki  oğlu 
arasında  bölünmüşdü,  lakin  bu  vəziyyət  uzun  sürmədi,  çünki  iki  qardaş  arasında 
güclü  rəqabət  başladı.  Karl  anasının  köməyi  ilə  Lombardiya  kralı  və  Bavariya 
hersoqu ilə, qardaşı Karlomana qarşı ittifaq müqaviləsi bağladı. Üç il sonra qardaşı 
qəflətən  öldükdə  Karl  krallığın  yeganə  hökmdarı  olmağa  artıq  qadir  idi. 
Lombardiya paytaxtı Paviyaya hücum etdikdən sonra, onu məğlub etməsi ilə özünü 

18 
 
həm də Lombardiya kralı etdi. Karl bütpərəst saksonlarla döyüşdü, lakin Saksoniya 
kübarları ilə ittifaqını bəyan etməli oldu. 
778-ci  ildə  o,  İspaniyaya  girdi,  lakin  məqsədinə  nail  ola  bilmədi.  Bu 
məğlubiyyəti  onun  hökmranlığının  birinci  mərhələsinin  sonu  rolunu  oynadı.  Bu 
dövrdə o, cəsarətli ekspansiya siyasəti aparmışdı. On il ərzində frankların yeganə 
hökmdarına  çevrilmiş,  Lombardiya  krallığını  işğal  etmiş,  saksonları  özünə  tabe 
etmiş və İspaniyaya müdaxilə etmişdi. 
772-ci  illə  804-cü  il  arasında  Karl  18  dəfə  saksonlara  qarşı  vuruşmuşdu. 
Axırda  öz  məqsədinə  nail  olmuş,  bu  ərazini  bütövlükdə  imperiyasına 
birləşdirmişdi.  Yerli  əhalini  o,  xristianlığa  keçirmişdi.  788-ci  ildə  Reyn  çayının 
arxasındakı  german  tayfalarından  axırıncısını  müstəqillikdən  məhrum  etmişdi. 
Bavariyalılar da birbaşa imperiyaya birləşdirilmişdi. 
Frank  dövlətinin  nəhəng  qaydada  genişlənməsi,  onu  Orta  əsrlərin  tayfa 
dövlətlərindən  çox  yuxarı  qaldırmışdı,  kəmiyyət  dəyişiklikləri  həm  də  keyfiyyət 
dəyişikliklərinə səbəb olmuşdu. Şərqi Roma və ya Bizans imperiyası özünün dünya 
dövləti kimi tanınması barədə iddia irəli sürdükdə, Papalar hələ də konstitusional 
qaydada Bizansın təbəələri olsalar da, Şərq imperatorlarının ikonapərəst siyasətinə 
qarşı çıxdılar. Papa Romada öz şəxsi düşmənləri tərəfindən sıxışdırıldıqda, Karlın 
sarayında  sığınacaq  tapdı  və  kral  onu  öz  şəhərinə  geri  qaytardı.  800-cü  ilin 
noyabrında  isə  Karl  özü  Romaya  gəlib  imperator  şərəflərini  qəbul  etdi.  Həmin 
vaxtdan  etibarən  Papa  imperatora  tac  qoyurdu.  1804-cü  ildə  referendumun 
nəticəsinə  müvafiq  olaraq  imperator  adını  alan  Napoleonun  da  tac  qoyma 
mərasimində  Romadan  Parisə  gəlmiş  Papa  iştirak  etmişdi.  İmperial  titul  roman 
ləyaqətinin təbiətindən irəli gəlirdi. 
Karlın  imperial  rütbəsi,  onun  köhnə  Roma  imperiyasının  qərb  hissəsində 
ağalıq  etməsini  qanuni  olaraq  təsdiq  edən  əlamət  idi.  Beləliklə,  Karl  imperial 
idarəetməni  özünün  möhkəm  əlinə  keçirdi.  Paytaxtı  Axenə  (Eks-la-Şapelə) 
qayıtdıqdan  sonra  imperator  tituluna  tam  uyğun  olaraq  öz  qanunlarını  elan  etdi. 
Bizans  imperatoru  I  Mixail  də  onu  on  iki  illik  müddətdən  sonra  da  olsa  tanıdı. 
Lakin  imperial  adı  ona  əlavə  heç  bir  hakimiyyət  vermirdi,  bu  vaxt  yalnız  Roma 
üzərində onun nəzarəti legitimlik qazanmışdı. 
Onun  üzərinə  böyük  siyasi  işlər  düşdü.  Karl  öz  dövlətinin  onun 
sərhədlərindən  kənarda  da  tanınmasını  hərbi  və  diplomatik  vasitələrlə  yoluna 
qoyurdu.  Qədim  Roma  imperiyasının  qanuni  varisi  olan  Bizans  imperiyası  ilə 
rəqabət aparırdı. 
Xristianlıq üçün onun ən böyük xidməti imperiyanın şimalında və şərqində 
olan  bütpərəst  tayfaları  bu  dinə  keçirməsi  idi.  Sakson  tayfaları  zorla 
xristianlaşdırıldı. 
Böyük  Karl  həm  də  incəsənətin  və  elmlərin  himayəçisi  idi.  Bu  “Karolinq 
inqilabı” adlanır. Məşhur frankon akademiyası meydana gəldi. Bu, ilahiyyatçıların, 
tarixçilərin, şairlərin dərnəyi olmaqla, qədim latın kanonlarını həyata qaytarırdı. 
Karl  xalq  arasında  savadlılığın  yayılmasına  böyük  əhəmiyyət  verirdi.  Hər 
yerdə  latın  dilini,  ədəbiyyatını,  qrammatikanı,  ilahiyyatı  öyrədən  məktəblər 
meydana  çıxdı.  O,  vahid  xristian  roman-german  mədəniyyət  məkanı  yaratmağa, 

19 
 
frank mühitində savadlılığı tətbiq etməyə can atırdı. O, xüsusilə göstəriş vermişdi 
ki, latın dili kimi, yazısı da unifikasiya edilsin. Heç də təsadüfi deyildir ki, Karlı 
Avropanın  yaradıcısı  adlandırırlar.  Min  il  sonra  imperator  titulunu  qəbul  edən 
Napoleon  da  Böyük  Karlın  universal  imperiyasının  ənənəsini  davam  etdirmək 
istəyirdi. 
Frank cəmiyyətində ailə məsələlərinə də ciddi diqqət verilirdi. Burada nikah 
ailəni genişləndirmək üçün cavanların adından ata və ya əmi tərəfindən bağlanırdı. 
Arvadlar  ərlərinə  sədaqətli  olmalı  idilər.  Qızın  15  yaşı  olanda  öz  mühafizəçisinə 
ona  ər  seçməyə  icazə  verirdi.  Stabil  kəbin  monoqamiya  xarakterli  olmaqla  daimi 
idi. Bir sıra xüsusiyyətlərinə görə Karlın imperiyası əslində “Avropa krallığı” idi. 
İmperiyanın  yaranması  həm  də  başlıca  olaraq  onun  daxilində  əhalinin 
mədəni 
səviyyəsinin 
yüksəldilməsi 
sahəsində 
Karlın 
cəhdlərinin 
legitimləşdirilməsinə  şərait  yaradırdı.  Karl  hakimiyyətə  gələndə  Frank  krallığının 
mədəni,  inqilabi  və  qanun  institutları  müqayisəli  qaydada  götürdükdə,  hələ  də 
inkişaf etməmiş şəkildə qalırdı. Frank kralı, misal üçün, heç bir daimi iqamətgaha 
malik deyildi. Yayda bir tərəfə gedilirdi, axı həm də yay ayları hərbi kampaniyalar 
mövsümü  hesab  olunurdu.  Qışda  isə  kral  özünün  imperial  saraylarının  birində 
məhkəmə  prosesləri  aparırdı.  Axen  isti  bulaqlarına  görə  yaşlı  monarxlara  xoş 
gəlirdi. Karl isə orada indiyədək qalan saray kilsəsi tikdirdi. 
Karlın  sarayı  onun  ailəsindən,  şəxsi  xidmətində  olan  keşişlərdən,  bu,  kral 
kapellası adlanırdı və müvəqqəti qulluqçulardan ibarət idi. Karl çalışırdı ki, onun 
sarayı  səltənətin  siyasətinin  və  inzibatçılığının  intellektual  mərkəzi  olsun.  Bu 
məqsədlə  imperiyanın  bütün  guşələrindən,  hətta  xaricdən  çox  sayda  görkəmli 
alimlər  dəvət  olunurdu.  Onların  daha  məşhurları  Eynhard  və  Alkuin  idi. 
Axırıncıların  və  digər  savadlı  adamların  köməyi  ilə  Karl  saray  kitabxanasını 
yaratmışdı,  həmçinin  gənc  frank  rıtsarlarının  təhsil  alması  üçün  saray 
akademiyasının əsasını qoymuşdu. 
Karlın  ana  dili  köhnə  yüksək  german  dili  olsa  da,  frankların  çoxunun 
danışdığı dil olan köhnə fransız dialektini də başa düşürdü. Yaşlı adam kimi o, özü 
də  latın  dilini  və  bir  qədər  yunan  dilini  öyrənmişdi.  Ona  ucadan  kitablar 
oxuyurdular və həm də matematika və astronomiya biliklərinə yiyələnmişdi. 
Öz  sarayı  vasitəsilə  Karl  imperiyasını  idarə  edir  və  inzibatçılığı  həyata 
keçirirdi. İldə ən azı bir və ya iki dəfə imperiyanın hər tərəfindən magistratlar və 
kübarlar  baş  məclisə  toplaşırdılar.  Karolinq  imperiyasının  unikal  quruluşu  ondan 
ibarət  idi  ki,  heç  kəs  silahlı  qüvvələr  məclisi  ilə,  kübarlığın  konstitusiya  məclisi 
kimi kilsə sinodu arasında aydın xətt çəkə bilməzdi. Ədalət məsələləri, hərbi işlər 
və köməyə aid olan problemlər kübarlığın və ruhanilərin nümayəndələri tərəfindən 
eyni  bir  vaxtda  müzakirə  edilirdi.  Onların  hamısının  üstündə  isə  Şarlemanın 
şəxsiyyəti dayanırdı. 
Karl  müxtəlif  xalqların  və  tayfaların  ənənəvi  hüquqlarına  hörmətlə 
yanaşırdı.  Kapitulyarilər  (frank  krallarının  imzaladığı  qanunlar  və  sərəncamlar) 
müəyyən dərəcədə tayfa hüquqlarına əlavə kimi xidmət edirdi, həm də ictimai və 
özəl həyatın ayrı-ayrı aspektlərini nizamlamaq üçün tətbiq olunurdu. 

20 
 
Karlın imperiyasının təşkili heç də nöqsanlardan və məhdudiyyətlərdən xali 
deyildi. Ancaq müxalifət hərəkatları barədə olduqca az məlumatlar vardır. Karlın 
varisi  Luinin  başçılığı  altında  hazırlanmış  imperiyanın  tarixi  göstərir  ki,  ən 
görkəmli qabiliyyətlərə malik olan şəxsdən belə, siyasi sistem asılı olduqda, onun 
yoxa  çıxması  ilə  hökmən  bu  sistem  üçün  iflas  təhlükəsi  yaranır.  Artıq  kralın 
sağlığında  sahil  regionları  normanların  hədələrinə  məruz  qaldı.  Ölümündən  xeyli 
əvvəl, 806-cı ildə Karl imperiyanı öz oğlanları arasında bölməyi planlaşdırırdı. İki 
böyük oğlu öldükdən sonra o, Lui Akvitaniyalını həmimperator və yeganə vəliəhd 
kimi taclandırdı. Bir neçə ay sonra, 814-cü ilin yanvarında Karl vəfat etdi. 
Germanların  ya  fransızların  Şarlemanın  həqiqi  varisi  olması  barədəki 
mübahisə  Orta  əsrlərdən  başlayaraq  müasir  dövrə  qədər  davam  edir.  Napoleon 
özünü Şarlemanın varisi adlandırırdı. İkinci Dünya müharibəsindən sonra “Qərbi” 
Avropanın  birləşməsi  barədəki  müzakirələr  onun  modelini  dirçəldirdi.  Karl 
haqqında  populyar  əfsanələr  və  şeirlər  meydana  gəldi,  onların  zirvəsini  “Roland 
haqqında nəğmə” epik poeması təşkil edir. Qay Yuli Sezarın adından kayzer, çar, 
qeysər  titulları  yarandığı  kimi,  Karlın  adından  slavyan  dillərində  -  çex  dilində 
“kral”,  polyak  dilində  “krol”,  rus  dilində  “korolğ”  və  sairə  sözlər  meydana 
gəlmişdir. 
Karlın  sarayında  yaşayan  Eynhard  Şarlemanın  xarakterik  cəhətlərini  belə 
təsvir edir: “O, qeyri-adi hündürlükdə olan geniş və möhkəm bədənə, lakin yaxşı 
proporsiyaya malik idi. Onun sifəti dəyirmi idi, gözləri canlı, saçları gümüşü və sıx 
idi,  üzü  xoş  və  şən  idi.  Oturanda  və  ya  duranda  o,  yaxşı  təəssürat  bağışlayırdı, 
baxmayaraq ki, o, yoğun bədənə malik idi, boynu gödək idi, qarnı bir qədər qabağa 
çıxırdı,  lakin  bədənin  yaxşı  proporsiyası  bunu  gizlədirdi.  O,  möhkəm  addımlarla 
addımlayırdı. Özünü adi adam kimi aparırdı. Ucadan danışırdı. O, yaxşı sağlamlığa 
malik  idi,  ölümündən  dörd  il  əvvəl  qızdırmadan  dəfələrlə  əziyyət  çəkmişdi.  O, 
ölümünə yaxın bir ayağını çəkirdi”. 
Onun sarayındakı şairlərdən biri onu “rex pater Europae” – “Avropanın kral 
atası”  adlandırmışdı.  Həqiqətən  də,  heç  kəs  Avropa  tarixinə  Orta  əsrlər  ərzində 
onun kimi bir damğa vura bilməmişdi. 
Böyük  fransız  mütəfəkkiri  Şarl  Monteskye  isə  özünün  “Qanunların  ruhu 
haqqında”  dahiyanə  əsərində  Böyük  Karla  xüsusilə  yüksək  qiymət  verir,  tərifli 
sözlər bir növ panegirika xarakteri daşısa da, həqiqətin heç də təhrif olunması kimi 
qəbul  edilmir.  Tomas  Moru  düşündüklərindən  daha  çox  oxuduqları  haqqında 
danışmağına  görə  tənqid  edən  Monteskye,  bu  nəhəng  sima  haqqında  daha  çox 
düşündüklərini  danışsa  da,  obyektivlikdən  azacıq  da  olsa  uzaq  qaçmır,  axı  onun 
qiyməti də başlıca olaraq oxuduqlarına, tədqiqatına əsaslanır. O, Böyük Karlı erkən 
orta əsrlərin qəhrəmanı və əfsanəvi şəxsiyyəti, həm də Qərbi Avropada ilk xristian 
dövlətinin  yaradıcı  hesab  edir.  Çünki  Karl  həqiqətən  də  xristian  dəyərlərinə 
əsaslanan  dövlət  qurmağa  səmimi  qaydada  cəhd  etmişdi.  İcma  adətləri  əsasında 
deyil,  həqiqət  ruhunda  qanunlar  təsis  etmişdi.  O,  hesab  edirdi  ki,  dövlətin 
möhkəmliyi, tabeliyə əsaslanan hakimiyyətin gücündən asılı olduğu kimi, həm də 
təbəələrin  sədaqətindən,  onların  etimadından  və  məhəbbətindən  asılıdır.  Əgər 

21 
 
gələcək  hökmdarlar  da  Böyük  Karldan  nümunə  götürsəydilər,  onda  xalqların 
həyatı, heç şübhəsiz, xoşbəxtlik naxışları ilə bəzənərdi. 
Böyük Karl savadsız olmasına baxmayaraq, bütün ömrü boyu maarifi inkişaf 
etdirdi, bunun üçün monastırlar yanında çox sayda məktəblər açmışdı, Akademiya 
yaratmışdı.  Akademiyaya  isə  bütün  dünyadan  alimləri  cəlb  etmişdi  və  özü  onun 
iclaslarına sədrlik edirdi. 
Karlın təşəbbüsü ilə Bibliyanın səhih mətni tərtib edilmişdi. Monarx qədim 
german rəvayətlərini və nəğmələrini yığırdı, alimlərə tapşırıq vermişdi ki, özünün 
doğma  frank  dilinin  qrammatikasını  işləyib  hazırlasınlar.  Bu  sübut  edir  ki,  Karl 
özünü german kimi hiss edirdi, nə öz xalqını, nə də şəxsən özünü latınlaşdırmağa 
cəhd  etmirdi.  Onun  sarayı  german  üslubunda  qurulmuşdu,  boş  vaxtını  ova  və  ya 
kitab  oxunmasını  dinləməyə  sərf  edirdi.  Sarayın  ağasının  fərdi  sadəliyi  və 
mötədilliyi şəraitində onun ətrafında bir qədər kobud dəbdəbə mövcud idi. 
Onun hökmranlıq dövrünü bəzən “Karolinq dirçəlişi” adlandırırlar, bu xaosa 
deyil,  qaydalara,  parçalanmağa  deyil,  birliyə  xidmət  nümunəsi  idi.  Məhz  bu 
xüsusiyyətlər  krala  hakimiyyət  verir.  Böyük  bir  imperiyanı  vahid  bir  dövlət  kimi 
birləşdirən  Şarlemandan  fərqli  olaraq,  sonrakı  bəzi  dövlət  başçıları  öz 
hakimiyyətlərini qoruyub saxlamaq üçün idarə etdikləri xalqı parçalamaqdan, onun 
bütövlüyünü  qorxulu  təhlükə  altına  salmaqdan  da  çəkinməyərək,  əslində 
dövlətçiliyə  zərbə  vururdular.  Tayfalara,  klanlara  arxalanan  hakimiyyətin 
dayaqlarının  puçluğunu  XXI  əsrin  əvvəllərində  baş  verən  “ərəb  baharı”  prosesi 
açıq şəkildə göstərdi. 
Böyük  Karl  öz  hakimiyyətini  dövlətin  bütün  ərazilərinə  yaymışdı,  axı  bu 
feodalizm dövründə görünməmiş iş, inqilabi xarakter daşıyan bir hadisə idi. Çünki 
feodalizm əslində mərkəzi hakimiyyətin iflasından xəbər verirdi, feodallar krallarla 
hesablaşmır, onları ələ salırdılar. Orta əsrlər Fransasında bir qraf guya krala təzim 
edirmiş kimi əyiləndə, onu qılçalarından tutub yıxmış, monarxı istehza obyektinə 
çevirmişdi.  Karl  isə  Avropada  sonralar  da  davam  edən  prosesin  əksinə  nəhəng 
dövlətinin  parçalanmasına  yol  verməmiş,  idarəçiliyi  təkmilləşdirmək  üçün 
hakimiyyətin pilləli qaydada bölünməsini tətbiq etmişdi. 
Bütün əməllərinə görə Böyük Karl tarixdə ən görkəmli hökmdarlardan biri 
hesab  olunur.  Təkcə  Qərbdə  Roma  imperiyasını  yenidən  qurması  ona  tarixin  ən 
böyük şəxsiyyətlərindən ibarət, o  qədər də böyük olmayan qalereyaya tam əsasla 
daxil  olmaq  hüququ  verir.  Taxt-tacda  olmasının  sonunda  Böyük  Karlın 
hakimiyyəti bütün Mərkəzi və Qərbi Avropaya – Şimal dənizindən Aralıq dənizinə 
qədər, Atlantik okeanından Adriatik dənizinin şərq tərəflərinə qədər yayıldı.  
Qocalıq  əsri  olan  Orta  əsrlər  termini  humanistlər  tərəfindən  1500-cü  ilə 
yaxın leksikaya daxil edilmişdi. Qədim Yunanıstanda və Qədim Romada vətəndaş 
ləyaqətləri  inkişaf  edirdi,  zəka  və  mədəniyyət  ağalıq  edirdi,  sonralar  isə 
barbarlığın, cəhalətin və ümumi tənəzzülün uzun dövrü başlandı. Humanistlər antik 
dövrün  dəyərlərini  bərpa  etməyə  çalışırdılar  və  ona  görə  də  tarixçilər  onların 
dövrünü  İntibah  epoxası  adlandırırlar.  Elmdə  humanistlərdən  gələn  bir  adət  üzrə 
476-cı  ildə  Romanın  süqutu  və  Qərbi  Roma  imperiyası  ərazisində  barbar 
krallıqlarının yaranması Orta əsrlərin başlanğıcı kimi qəbul edilmişdir. 

22 
 
Böyük  Karla  isə  məhz  bu  dövrdə,  800-cü  ildə  Qərbi  Avropanı  imperiyada 
birləşdirmək  müyəssər  oldu,  ona  görə  də  romalılar  onu  “Ave,  Sezar!”  deyə 
salamlayırdılar.  Təsadüfi  deyil  ki,  Karlı  Avropanın  yaradıcısı  sayırlar.  Məsələnin 
mahiyyətinə nüfuz etdikdə bu ideya heç də həqiqətdən uzaq deyildir. Böyük Karlın 
dövründə  Avropa  vahid  məkana  çevrildi,  ona  qədər  və  ondan  sonra  Avropa  heç 
vaxt  belə  birləşmiş  olmamışdı.  Bu  nöqteyi-nəzərdən  Karlın  Avropasını  müasir 
Avropanın prelyudiyası saymaq olar. 
Böyük  Karl  heç  də  təkcə  istedadlı  hərbi  xadim  deyildi,  həm  də  parlaq 
inzibatçı idi. O, heyran edici bir səmərəliliklə nəhəng, həm də mürəkkəb quruluşlu 
krallığı bacarıqla idarə edirdi. O, çox sayda iqtisadi və aqrar islahatlar aparmışdı, 
təhsilə himayəçilik edirdi. O, həyatın bütün tərəflərinə - həm dini, həm də dünyəvi 
tərəfinə  hakimiyyəti  öz  əlində  cəmləşdirmişdi.  Lakin  bu  heç  də  tarixdə  sonralar 
meydana gələn totalitar quruluş deyildi. 
Plutarxın  yazdığına  görə,  bir  dəfə  hansısa  pers  Sparta  çarı  Lisandrdan 
soruşdu ki, hansı dövlət idarəçiliyi ona başqalarından daha xoş gəlir. O, buna elə 
cavab verdi: “O quruluş ki, ləyaqətli adamlara da, əclaflara da yalnız onların layiq 
olduqları payı verir”. Belə prinsip məhz Karlın idarəçiliyinə də xas idi. 
Böyük Karl daim qələbələrə sahib olmurdu, onun ordusu İspaniyada özünə 
dəyən zərbəni də dadmalı olmuşdu. “Roland haqqında nəğmə” adlı orta əsr frank 
eposu üçün bu epizod mənbə rolunu oynamışdı, sonralar isə ondan bütöv əhvalatlar 
sikli  meydana  gəlmişdi.  Yalnız  uğurlu  müharibələri  ilə  öyünə  bilməyən  bu 
hökmdar  başqa  sahədəki  nailiyyətləri  ilə  fəxr  edə  bilərdi.  O,  dövlət  quruluşunun 
yaxşılaşdırılması  üçün  ən  kiçik  detallara  da  nüfuz  edir,  səltənətinin  maddi  və 
mənəvi inkişafına fasilə, yorulmaq bilməyən bir qayğı ilə yanaşırdı. 
Karl  kənd  təsərrüfatına  xüsusi  diqqət  verirdi.  Onun  göstərişi  ilə  bataqlıqlar 
qurudulur,  əlavə  əkin  sahələri  əldə  etmək  üçün  meşələr  qırılırdı.  O,  həm  də  çox 
sayda  şəhərlər  və  monastırlar  salmışdı.  Lakin  bütün  bu  nəhəng  işlər  heç  də  uzun 
müddət  yaşamadı.  Onun  ölümündən  heç  üç  onillik  keçməmiş  imperiya  Verden 
müqaviləsi  əsasında  parçalandı.  Nəhəng  dövlətin  yaradılması  federalizasiya 
prosesinə rəvac vermişdi, bu isə gələcək labüd parçalanmaya aparıb çıxarmalı idi. 
Karl  tarixin  aləti  və  ya  onun  yaradıcısı  idimi?  Müasirləri  onu  lazımınca 
anlamırdılar,  yaxın  varisləri  barədə  isə  onun  bəxti  gətirmədi.  Hər  şey  onun 
dühasının  gücü    ilə  birləşmişdi.  İmperiya  öz  başçısının  böyüklüyü  üzərində 
dayanırdı.  Karl  böyük  hökmdar  idi,  ancaq  daha  böyük  insan  idi.  Öz  uşaqları  – 
birinci təbəələri onun hakimiyyət aləti, krala tabe olmaq nümunəsi idilər. O, gözəl 
qərarlar  verirdi,  daha  vacib  olanı  isə  onların  icra  edilməsinə  adamları  məcbur 
edirdi.  Onun  dühası  imperiyanın  bütün  hissələrinə  nüfuz  edirdi.  Hökmdarın  bu 
qanunlarında  onun  ehtiyatlılıq  ruhu  hiss  olunur.  O,  cəzalandırmağı  bacarsa  da, 
daha  çox  bağışlamağa  üstünlük  verirdi.  Geniş  niyyətlər  insanı  kimi  o,  bunları 
böyük sadəliklə həyata keçirirdi. Heç kəs böyük işləri onun kimi belə asan, çətin 
işləri  belə  tezliklə  görmək  qabiliyyətinə  malik  ola  bilməzdi.  O,  daim  öz  geniş 
imperiyasını gəzirdi, nə ilə qarşılaşırdısa, onların hamısına xüsusi diqqət göstərirdi. 
Hər tərəfdə işlər meydana çıxırdı və onları o, başa çatdırırdı. 

23 
 
Heç  bir  hökmdar  onun  kimi  təhlükələrə  məhəl  qoymamağı  bacarmazdı  və 
heç kəs onlardan belə asanlıqla qaça bilməzdi. Bu, birinci növbədə sui-qəsdlərə aid 
idi. Bu təəccüblü hökmdar həddən artıq mülayim idi, yumşaq xarakteri ilə seçilirdi. 
Ünsiyyətdə olduqca sadə idi və öz saray adamlarının məclisini sevirdi. 
O, öz məsariflərində, vəsait xərcləməkdə qəribə bir qaydaya riayət edirdi və 
öz  əmlakını  ağılla,  diqqətli  və  haqq-hesab  aparmaqla  idarə  edirdi.  Hər  bir  ailə 
başçısı  onun  qanunlarından  öyrənə  bilərdi.  O,  dövləti  idarə  etdiyi  kimi  öz  evini, 
təsərrüfatını  yaxşı  qaydada  idarə  edə  bilirdi.  Kapitulyarilərində  onun  öz  sərvətini 
necə  qazanmasının  təmiz  və  halal  mənbələri  görünürdü.  Bircə  nümunəni 
göstərmək kifayətdir ki, o, nə qədər qənaətcil və yalnız halal gəlirə can atan imiş. 
O, göstəriş vermişdi ki, öz malikanələrindəki quş həyətlərindən yığılan yumurtaları 
və  öz  bağlarından  çalınan  artıq  otu  satsınlar.  Bundan  əlavə  o,  müharibə  vaxtı 
götürdüyü  bütün  saysız-hesabsız  qənimətləri  öz  xalqları  arasında  bölürdü.  Yəqin 
ki, mübaliğəsiz demək olar ki, müasir dünyanın inkişaf etmiş xalqı da özünün belə 
bir  dövlət  başçısının  olmasını  arzu  edərdi.  Mənəviyyat  və  əxlaq  qəbiristanlığına 
çevrilən  ölkələrdə  isə  bu  arzu,  heç  şübhəsiz,  daha  güclü  olmaqla,  daha  gur 
səslənərdi. 
Unutmaq olmaz ki,  Böyük  Karl Avropa tarixini şərəfləndirən simvollardan 
birinə  çevrilmişdir.  İkonanın  gücünü  qiymətləndirməmək  heç  vaxt  məqbul 
sayılmamalıdır.  
Səlahəddin 
Həyada  bir  şey  çox  qiymətlidir  –  həqiqəti  qoruyub  saxlamaq  və  ədalətli 
hərəkət etmək. 
Mark Avreli 
Sparta  çarı  Agesilay  öləndə  öz  silahdaşlarına  tapşırdı  ki,  onun  şərəfinə 
abidələr  ucaltmasınlar.  O  dedi:  “Əgər  mən  nəsə  yaxşı  iş  görmüşəmsə,  bu  mənə 
abidə  olacaqdır,  əgər  görməmişəmsə,  yazıq  peşə  ustalarının  heç  nəyə  yaramayan 
məmulatları olan dünyanın bütün heykəlləri mənə kömək etməyəcəkdir. 
Plutarx 
Misirin,  Suriyanın,  Yəmənin  və  Fələstinin  orta  əsr  sultanı,  Əyyubi 
sülaləsinin banisi olan Səlahəddin bütün dövrlərin ən məşhur müsəlman qəhrəmanı 
hesab  olunur.  Şərqdə  o,  müdrik  hökmdar  rəmzinə  çevrilməklə  yanaşı,  Qərbdə 
Üçüncü  Səlib  yürüşü  ərzində    rıtsarların  düşməni  olan  əfsanəvi  şəxsiyyət 
səviyyəsinə  yüksəlmişdi.  Səlahəddinin  şöhrəti  həqiqi  idi,  baxmayaraq  ki,  bəzən 
dramatik olmaqdan da uzaq deyildi. 
O, 1137-ci ildə Mesopotamiyadakı Tikritdə, tanınmış kürd ailəsində anadan 
olmuşdu. O, anadan olan gecə atası ailəsini yığıb Aleppoya köçdü, burada Şimali 
Suriyanın qüdrətli türk valiliyində xidmət etməyə başladı. Baalbekdə və Dəməşqdə 
böyüyən Səlahəddin, adına əlavə olunan Yusif ibn-Əyyub kimi tanınmaqla, başqa 
gənclərdən  o  qədər  də  fərqlənmirdi,  hərbi  məşqlərdən  daha  çox  dini  biliklərə 
böyük maraq göstərirdi. 
Onun rəsmi karyerası əmisi Əsədəddin Şirkünün qərargahına daxil olmaqla 
başladı, o, əmir Nurəddinin yanında mühüm hərbi xadim idi. Şirkünün ölümündən 
sonra Səlahəddin 31 yaşında Suriya qoşunlarının komandanı və Misirin vəziri təyin 

24 
 
edildi.  Onun  hakimiyyətə  nisbətən  sürətlə  qalxmasında  kürd nəslinə  məxsus  olan 
klan  nepotizminin  rolu  ilə  yanaşı,  onun  meydana  çıxan  istedadları  da  az  rol 
oynamamışdı.  Misirin  vəziri  kimi  o,  məlik  (kral)  tituluna  yiyələnmişdi, 
baxmayaraq ki, o, əsasən sultan kimi tanınırdı. 
Onun  mövqeyi  Fatimilər  sülaləsinin  şiə  xəlifətini  ləğv  edib  Misiri  yenidən 
sünni  təriqətinə  dönməsini  elan  etməsi  ilə  daha  da  möhkəmləndi  və  nəticədə 
onların  vahid  hökmdarı  oldu.  O,  bir  müddət  nəzəri  olaraq  Nurəddinin  vassalı 
olmasına baxmayaraq, bu tabelik 1174-cü ildə Suriya əmirinin vəfatı ilə başa çatdı. 
Misirdəki  varlı  kənd  təsərrüfatı  mülkiyyətindən  istifadə  etməklə,  kiçik,  lakin  sərt 
qaydadakı nizamlı ordu ilə Suriyaya daxil olub, keçmiş süzereninin gənc oğlunun 
xeyrinə regentliyi tələb etdi. Lakin tezliklə o, bu iddiadan əl çəkdi və iki il ərzində 
Suriyanın,  Şimali  Mesopotamiyanın,  Fələstinin  və  Misirin  bütün  torpaqlarını 
birləşdirməyə çalışdı. Hərbi gücdən sürətlə və qəti şəkildə istifadə etmək zərurəti 
yarandıqda, o, bunu ağıllı diplomatiyaya arxalanmaqla başa çatdırdı. Alicənab və 
ləyaqətli adam kimi onun nüfuzu tədricən böyüdü, həm də qüdrətli hökmdar kimi, 
o, heç də iddialardan, volyuntarizmdən və qəddarlıqdan xali deyildi. 
Səlahəddinin  hər  bir  hərəkəti  özünü  cihad  ideyasına  həsr  etməkdən 
ilhamlanırdı,  bu,  xristian  səlibinin  müsəlman  ekvivalenti  idi.  Müsəlman  dini 
institutlarının  böyüməsini,  genişlənməsini  alqışlamaq  onun  siyasətinin  mühüm 
hissəsi  idi.  O,  müsəlman  alimlərinə  və  moizəçilərinə  himayəçilik  göstərirdi, 
onlardan  istifadə  etmək  üçün  mədrəsələr  və  məscidlər  yaradırdı.  Mənəvi  inkişaf 
yolu ilə, bu, onun həyat tərzinin həqiqi bir hissəsi idi, o, çalışırdı ki, öz səltənətində 
eyni çalışqanlıq və entuziazm yaratsın. Axı belə yararlılığı müsəlmanların ilk nəsli 
beş əsr əvvəl, məlum dünyanın yarısını işğal edəndə sübuta yetirmişdi.  
Səlahəddin həmçinin hərbi tarazlığı öz xeyrinə dəyişdi  – çox saydakı idarə 
olunmayan qüvvələri birləşdirməklə və nizama salmaqla ordunu gücləndirdi. Lakin 
bu  vaxt  yeni  və  yaxşılaşdırılmış  üsullardan  istifadə  etməyə  lüzum  duymadı. 
Nəhayət, 1187-ci ildə o, latın səlib kralları ilə mübarizəyə öz tam gücünü sərf etdi. 
Bu vaxt onun orduları rəqiblərininki ilə bərabər vəziyyətdə idi. 4 iyun 1187-ci ildə 
öz hərbi düşüncəsinin köməyi ilə, düşmənlərinin bəzilərində isə belə bir fenomenal 
qabiliyyətin  olmaması  üzündən  Səlahəddin  Şimali  Fələstində  Tiberiya 
yaxınlığındakı  Xittində  səlibçilərin  taqətdən  düşmüş  və  susuzluqdan  yanan 
ordusunu tələyə salıb, bir zərbə ilə onu darmadağın etdi.  
Nazaretdən  bir  az  aralıda  yerləşən  Xittin  təpəsi  yaxınlığındakı  döyüşdə 
götürülən  əsirlərin  sayı  o  qədər  çox  idi  ki,  onların  əl-qolunu  sarımaq  üçün  bütün 
çadırların kəndirləri də kifayət etmirdi. Əsirlərin çoxluğuna görə qul bazarında bir 
səlibçini  bir  cüt  ayaqqabıya  almaq  olurdu.  Əlamətdar  hal  odur  ki,  Səlahəddin, 
demək olar ki, bütün əsirlərə aman verdi. Yalnız 200 nəfər tampliyer və hospitalyer 
rıtsarı islamın qəddar düşmənləri olduqlarına görə edam edildi. 
Yerusəlim  kralı  da  əsir  düşmüşdü  və  Səlahəddinin  qarşısında  dayanmalı 
oldu.  O,  kralı  xoş  qaydada  qarşıladı,  ona  soyuq  şərbət  içirtdi.  Lakin  kral  qədəhi 
Arnauta  vermək  istəyəndə  Səlahəddin  onun  hərəkətini  bu  sözlərlə  dayandırdı: 
“Ona  göstərilən  xeyirxahlığı  unudan  riyakara  və  xainə  mənim  alacığımda  su  və 
qida yoxdur”. Sonra o, Arnauta islama keçməyi təklif etdi, təklif rədd olunduqda o, 

25 
 
xain  saydığı  adama  aman  vermədi  və  Səlahəddinin  döyüşçüləri  onun  boynunu 
vurdular. 
Təkcə bu döyüşdə səlibçilərin itkisi o qədər ağır idi ki, müsəlmanlar tezliklə 
bütün Yerusəlim krallığını və digər əraziləri viran qoymağa qadir oldular. Üç ayın 
ərzində Askelon (İsraildəki  indiki  Aşkelon) işğal edildi. Lakin onun nailiyyətinin 
tacı  –  daha  dağıdıcı  zərbə  bütün  səlib  hərəkatının  2  noyabr  1187-ci  ildə 
müsəlmanların və xristianların hər ikisi üçün müqəddəs sayılan Yerusəlimin 88 il 
ərzində frankların əlində qaldıqdan sonra Səlahəddin ordusuna təslim olması idi.  
Səlahəddin  sultan  taxtında  oturub  Yerusəlimin  dərdə  qərq  olmuş  xristian 
sakinlərinin onun yanından necə keçib getdiklərini seyr edirdi. Onlar hər şeylərini 
atıb  özləri  ilə  ağır  xəstə  olanları  və  yaralıları  götürmüşdülər.  Səlahəddin  bir 
alicənablıq  coşğunluğu  ilə  hospitalyer  rıtsarlara  şəhərdə  qalmağa  icazə  verdi  ki, 
xəstə  olduqlarına  görə  şəhərdən  çıxa  bilməyənlərə  onlar  qulluq  etsinlər. 
Xristianların  əksəriyyəti  müəyyən  məbləğdə  pul  vermək  yolu  ilə  köləlikdən  azad 
olundu. Beləliklə, Birinci Yerusəlim krallığı bu qaydada məhv edildi. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  səlibçilər  buna  qədər  Yerusəlimi  tutanda, 
onlar  şəhərdə  qəddarcasına  bir  “qəssabxana”  düzəltmişdilər:  heç  nəyə  məhəl 
qoymadan bütün dinc müsəlmanları qılıncdan keçirmişdilər. 
Səlahəddin  cəngavər  vicdanının,  igidliyin,  öz  sözünə  sədaqətliliyin, 
həmçinin  ədalətin,  alicənablığın  və  əliaçıqlığın  nümunəsinə  çevrilmişdi.  Qərb 
dünyası  üçün  böyük  əhəmiyyət  kəsb  edən  o  idi  ki,  Səlahəddin  Yerusəlim  kralı 
Qvido de Luzinyanı azadlığa buraxmışdı.  
Səlahəddin şəxsi cəsarəti ilə də fərqlənirdi, ən ağır döyüşlərdən də qorxmur, 
çəkinmirdi.  Bu  vaxt  isə  o,  məqsədinə  çatmışdı,  Yerusəlimi  xristianların  əlindən 
almışdı. Şəhər xristianlar tərəfindən işğal ediləndə, onun sakinlərinin barbarcasına 
qırğını  nəticəsində  qan  su  yerinə  axırdısa,  müsəlmanların  şəhəri  yenidən  özlərinə 
qaytarmaları  sivilizasiyalanmış  yaxşı  bir  inamla  və  Səlahəddinin,  onun 
qoşunlarının  ədəb-ərkanlı  davranışı  ilə  əlamətdar  olmaqla,  şəhərin  iki  dəfə 
tutulması arasındakı kontrastı açıq şəkildə göstərdi. 
Onun  gözlənilməz  uğuru,  1189-cu  ildə  səlibçilərin  işğallarının  üç  şəhərlə 
məhdudlaşmasına gətirib çıxardı. Çox güman ki, Səlahəddin onun Yerusəlimi işğal 
etməsinə Avropanın reaksiyasını qiymətləndirməmişdi, ona görə də xristianlar yeni 
səlib yürüşü çağırışı ilə çıxış etdilər. Üstəlik çox sayda böyük kübarlar və məşhur 
rıtsarların iştirak etdiyi bu səlib yürüşü həmçinin üç ölkənin krallarını mübarizəyə 
qoşdu.  Bunlar  Almaniya  imperatoru  Fridrix  Barbarossa,  İngiltərə  kralı  I  Riçard 
Şirürəkli  və  Fransa  kralı  II  Filip  Avqust  idi.  Fridrix  Barbarossa  kiçik  bir  çayda 
çiməndə  batdı  və  onun  ordusu  tezliklə  parçalandı.  Digərləri  quruda  ərazinin 
içərilərinə  girəndə  bədbəxtliklə  üzləşdilər  və  nəticədə  Filip  vətənə  döndü,  Riçard 
isə  ümidini  itirib  axırda  Səlahəddinlə  danışıb  xristian  zəvvarların  üç  il  ərzində 
Yerusəlimə Sahibin qəbrinə sərbəst ziyarət etmək razılığını aldı.  
Yerusəlimə  gəlməyə  can  atan  bütün  xristian  zəvvarlara  o,  imtiyazlar  və 
toxunulmazlıq qarantiyası verdi. Çünki Səlahəddinin düşüncəsinə görə Yerusəlim 
həqiqətən  də  Müqəddəs  şəhər  olduğundan,  orada  zorakılığa  və  qəddarlığa  yer 
olmamalı idi. 

26 
 
Xristian  cəhdlərinin  ölçüsü  və  Səlahəddin  barədə  müasirlərinin  aldığı 
təəssürat, nəcib və cəngavər bir düşmən kimi onun şöhrətinin üstünə əlavə olundu. 
Bu, hətta onun hərbi qələbələri ilə də heç vaxt müqayisə oluna bilməzdi. Axı onun 
qələbələri ilə yanaşı məğlubiyyətləri də olurdu. Lakin Səlahəddinin igidliyi, gücü 
və qəddarlığı barədə əfsanələr dolaşırdı.  
1191-ci  ildə  səlib  ordusu  Akranın  divarları  qarşısında  sahilə  çıxdı.  Bu 
Yerusəlimə  gedən  yolda  ən  vacib  qala  idi.  1191-ci  ilin  iyununda  Riçard  Şirürəkli 
Yerusəlimə gedən yolda ən vacib qala olan Akra şəhərinin yaxınlığına gəlib çıxdı. 
Şəhər  səlibçilərin  mühasirəsində  idi.  O,  mühasirədə  olanlara  kömək  göstərməyə 
tələsən Səlahəddinin ordusunu qovdu, bundan sonra mühasirəni elə gücləndirdi ki, 
Akranın  müsəlman  qarnizonu  iyunun  12-də  Səlahəddinin  razılığı  olmadan  təslim 
oldu. 
Akranın  işğalı  Suriyada  müharibəni  dayandıra  bilərdi,  lakin  Səlahəddinin 
sülh  şərtlərini  vaxtında  yerinə  yetirməməsi  Riçardı  qəzəbləndirdi.  O,  200  əsir 
müsəlmanın boynunun vurulmasını əmr etdi. Sonra Riçard sahildəki digər qalaları 
da aldı və Askelona və Yaffaya sahib oldu.  
Riçardın  Askelona  yürüşü  vaxtı  Arsufdakı  böyük  qələbədə  Səlahəddin 
qoşunları  7  min  adam  itirdi,  qalanları  isə  qaçmağa  üz  tutdu.  Həmin  hadisədən 
sonra Səlahəddin Riçardla açıq döyüşə girməkdən çəkinirdi. 
Riçard taktikada çox güclü idi, strateq kimi isə Səlahəddin ondan üstün idi. 
Səlahəddin  geri  çəkiləndə  yanmış  torpaq  taktikasını  tətbiq  edirdi  -  əkinləri, 
otlaqları  məhv  edir,  su  quyularını  zəhərləyirdi.  Suyun  qıtlığı,  atlar  üçün  yemin 
olmaması  və  səlibçilərin  çox  millətli  ordusunun  sıralarında  narazılığın  artması 
Riçardı  belə  bir  nəticəyə  gəlməyə  məcbur  etdi  ki,  bütün  qoşunlarının  praktiki 
olaraq  məhvinə  risq  etmək  istəmirsə,  Yerusəlimi  mühasirəyə  almaq  iqtidarında 
olmayacaqdır.  Ona  görə  də  o,  1192-ci  ildə  Yerusəlimi  tutmaqdan  imtina  etdi  və 
Askelonu idarə etməyə başladı. 
Sülh  müharibəsi  barədə  danışıqlar  göstərdi  ki,  Səlahəddin  artıq  vəziyyətin 
ağasıdır. 
Askelon  da  dağıdıldı.  Yerusəlim  krallığının  məhvinin  səbəbi  isə,  heç 
şübhəsiz, islam Şərqinin birliyi oldu.  
Səlib  yürüşü  uzun  çəkdi  və  taqətdən  salan  oldu,  yürüş  əslində  əsasən  I 
Riçard Şirürəklinin impulsiv hərbi dühasına əsaslanmışdı. Lakin o, demək olar ki, 
heç  nəyə  nail  ola  bilmədi.  Feodalların    topladığı  hazırlıqsız  və  yorulmuş 
döyüşçülər  hər  il  yalnız  məhdud  mövsümdə  vuruşurdular.  Səlibçilər  Levant 
sahilində  azacıq  əraziləri  tuta  bildilər,  1192-ci  ildə  kral  Riçard  üzüb  Şərqi  tərk 
etdikdə döyüş başa çatmışdı. Səlahəddin öz paytaxtı Dəməşqə qayıtdı və fasiləsiz 
olaraq vaxtını yəhər üstündə keçirməsi onu xəstələndirmişdi və 4 mart 1193-cü ildə 
o, vəfat etdi. 
Qohumları  artıq  imperiyanı  hissələrə  parçalamağa  hazır  olanda,  onun 
dostlarına  məlum  oldu  ki,  müsəlman  dünyasında  ən  qüdrətli  və  ən  alicənab 
hökmdar  olan  bu  adam  öz  qəbrinin  haqqını  ödəmək  üçün  kifayət  qədər  pul 
qoymadan  dünyadan  köçmüşdür.  Böyük  filosof  Mark  Avreli  demişdi:  “Ölüm 
bizim hamımıza gülümsənirsə, yalnız ən igidlər ona cavabında gülümsənə bilirlər”. 

27 
 
Səlahəddini  məhz  belə  igidlər  sırasına  daxil  etmək  olardı,  çünki  o,  həmişə 
qarşıdakı ölümün üzünə dik baxırdı.  
Qəhrəman  olmaq,  həm  də  hər  şeydən  güclü  olan  taleyə  qarşı  vuruşmaq 
deməkdir. Məhz belə dövrlərdə yüksək şəxsiyyətlər yaranır və onlar dünyanın ən 
azı  müəyyən  hissəsinin  taleyini  həll  etməyə  qadir  olurlar.  Onlar  əbədi  ulduzlar 
kimi unutqanlıq gecələrində də daim işıq saçırlar.  
Səlahəddin gözəl xarakterə malik idi, xristianlar və müsəlmanlar arasında əsl 
cəngavər  kimi  şöhrət  tapmışdı.  Onun  alicənablığı  Riçarda  etdiyi  güzəştlərdə  və 
əsirlərə  münasibətində  öz  əksini  tapırdı.  Səlahəddin  qeyri-adi  dərəcədə  xoş 
xasiyyətli  insan  idi,  billur  təmizliyə  malik  idi.  O,  heç  vaxt  ruhdan  düşmürdü, 
qadınlara, bütün zəif insanlara münasibətində əsl xeyirxahlıq nümunəsi göstərirdi, 
uşaqları çox sevirdi. 
Onun  uğurlarının  mənbəyi  hər  şeydən  əvvəl  onun  şəxsiyyətində  qərar 
tutmuşdu. O, islam ölkələrini işğalçı səlibçilərə qarşı mübarizə üçün birləşdirmişdi. 
Lakin onun da zəif cəhətləri var idi, taktikada güclü deyildi, həm də onun ordusu 
muzdlulardan ibarət idi. Özü deyirdi ki, “mən onu öz ardımca aparmasam və hər an 
ona nəzarət etməsəm, mənim ordum heç nəyə yaramır”. 
Səlahəddin  Şərqin  tarixində  fateh  kimi  qaldı,  o,  Qərbin  müdaxiləsini 
dayandırdı və islamın gücünü Qərbə qarşı yönəltdi. O, ram olmayan bu qüvvələri 
bir  andaca  birləşdirməyi  bacaran  qəhrəman  idi.  Nəhayət,  o,  islamın  yüksək 
ideallarını və ləyaqətlərini öz şəxsiyyətində təcəssüm etdirən bir müqəddəs idi. 
Döyüşdə ilk “güc sınaqları”, həm də məğlubiyyətlər Səlahəddinə göstərdi ki, 
səlibçilərlə bacarmaq o qədər də asan məsələ deyildir. Hərbi əməliyyatlarla qələbə 
çalmaq  mümkün  olmayacaqdır.  Bu  vaxt  Sultana  Səlahəddinin  iqtisadi  dühası 
köməyə  gəldi.  O,  səlibçilərə  qarşı  iqtisadi  müharibə  aparmağı  qət  etdi.  Həmin 
vaxtlarda  Avropa  rıtsarları  ədviyyat  ticarətindən  böyük  fayda  götürürdülər. 
Ədviyyatın  daşındığı  yolun  baş  mərhələsi  olan  Aralıq  dənizi  ilə  aparılan  ticarətə 
bütünlüklə  italyan  şəhər-dövlətləri  nəzarət  edirdi.  Qırmızı  dəniz  və  karvanların 
getdiyi  quru  yollar  isə  Səlahəddinin  əlinə  keçmişdi.  Bundan  sonra  Avropa  feodal 
qəsrləri  ədviyyat  ticarətində  demək  olar  ki,  bütün  gəlirlərini  itirdilər.  İqtisadi 
müharibə  hərbi  və  diplomatik  zəfərə  də  yol  açdı  və  Səlahəddinin  müdrikliyini 
göstərdi. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə