Bəşər səmasına yüksələnlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix28.04.2017
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   20

Mikelancelo 
Özünə  elə  var-dövlət  yığ  ki,  onu  oğrular  oğurlaya  bilməzlər,  tiranlar  onu 
qəsb edə bilməzlər. Öləndən sonra da osəninki kimi qalacaq, heç vaxt azalmayacaq 
və məhv olmayacaqdır. 
Hind zərb-məsəli 
Ars longa, vita brevis (lat.) – İncəsənət əbədidir. Ömür isə gödəkdir. 
Latın zərb-məsələsi 
Bütün  dövrlərin  ən  böyük  heykəltəraşı  Mikelancelo  Buanorotti  Renessans 
ərzində heykəltəraşlıqda, rəssamlıqda və arxitekturada müqayisə edilə bilməyən bir 
şöhrət  qazanmışdı.  O,  həm  də  öz  əsrinin  görkəmli  şairi  idi.  Renessans  (italyan 
dilində  “dirçəliş”  deməkdir)  adlanan  rəssamlıq  tarixinə  o,  qeyri-adi  bir  təsir 
göstərmişdi.  Bu  dövrdə  Mikelancelonun  və  Rafaelin  başçılığı  altında  yüksək 
rəssamlığın nümunələri yaranmışdı. 
Tsitseron deyirdi ki, “Aurum recludit cuneta” (lat.) – “Qızıl hər şeyi aşkara 
çıxarır”. Mikelancelonun timsalında demək olar ki, qızıldan da qiymətli olan nadir 

36 
 
istedad onun sahibinin dühasının geniş üfüqlərini, əlçatmazlığını aşkara çıxardı. O, 
İntibahın  elə  böyük  sənətkarlarından  biridir  ki,  insan  varlığının  bütün 
rəngarəngliyini dərk etmiş, qeyri-adi istedadı hesabına onu öz yaradıcılığında əks 
etdirmişdir. 
Reformatsiya  da  öz  mövcudluğuna  görə  müəyyən  mənada  Mikelanceloya 
borclu  idi.  Roma  Papası  II  Yuli  indulgensiyaları  satmağı  o  qədər  çoxaltmışdı  ki, 
özünə  füsunkar  bir  sərdabə  tikdirə  bilsin,  bunu  isə  Mikelancelo  yaratmalı  idi. 
İndulgensiyalara,  bu  vasitə  ilə  kilsənin  adamlardan  pul  yığmasına  etiraz  əlaməti 
olaraq  Martin  Lüter  və  digərləri  qiyam  qaldırdılar  və  xristian  kilsəsi  nəticədə  iki 
hissəyə  bölündü.  Mikelancelo  özü  də  deyirdi  ki,  Allahın  mərhəmətini  pulla  satın 
almaq olmaz, onu qazanmaq da olmaz. Allah, bəndəsinə özü mərhəmət göstərir. 
Mikelancelo həm də barokko üslubunun atası hesab olunur. Çünki o, Sikstin 
kapellasının  plafonunda  olan  kimi  qəribə  görünüşlü  obrazlar  yaratmışdı.  Bütün 
bunları nəzərə aldıqda, Mikelancelo rəssamlıq tarixində çox təsirli rol oynamışdır. 
Uilyam  Şekspir  anadan  olan  ildə  Mikelancelo  ölmüşdü  və  heykəltəraşın 
həyatı  həftəbəhəftə  olmasa  da,  aybaay  yenidən  təsvir  oluna  bilərdi.  Bu  təfsilatlar 
onun başqalarına yazdığı və özünə yazılan məktublardan çıxarıla  bilərdi. Müasiri 
Corco  Vazari  isə  onun  maraqlı  tərcümeyi-halını  yazmışdı.  Görkəmli  amerikan 
yazıçısı  İrvinq  Stounun  1961-ci  ildə  yazdığı  “Əzablar  və  sevinclər”  romanı 
Mikelanceloya  həsr  olunmaqla,  əsərdə  Vazarinin  qələmindən  çıxan  təcrümeyi-
haldan geniş istifadə edilmişdir. 
Mikelancelo  1475-ci  ildə  Toskana  əyalətindəki  Apetso  yaxınlığındakı  kiçik 
Kapreze şəhərində yoxsullaşmış zadəgan Lyudovik Buanopottinin ailəsində anadan 
olmuşdu,  indi  şəhərin  adına  rəsmi  qaydada  “Mikelancelo”  sözü  də  əlavə 
olunmuşdur.  O,  anadan  olandan  sonra  ailə  Florensiyaya  köçmüşdü.  Altı  yaşı 
olanda  anasını  itirmişdi.  O,  həyatı  boyu  atasına  və  beş  qardaşına  çox  bağlı 
olmuşdu. Kənddəki dayənin himayəsinə verilmiş, burada ər və arvad Topolinolar 
onu  tərbiyə  etmişdilər.  Bu  oğlan  yazmaqdan  və  oxumaqdan  əvvəl  gili  qatıb 
yoğurmağı və tişədən istifadə etməyi öyrənmişdi. Bunu o, dostu Vazariyə sonralar 
özü  danışmışdı.  On  üç  yaşında  Domeniko  Girlyando  onu  emalatxanasında 
şagirdliyə götürmüşdü. Bir ildən sonra o, digər heykəltəraşın məktəbinə keçdi, bu 
məktəb isə Florensiyanın həqiqi ağası Lorentso de Mediçinin himayəsi altında idi. 
Mediçi  Mikelancelonun  istedadına  bələd  olur  və  ona  himayəçilik  göstərir. 
İki il (1490-1492-ci illər) ərzində o, Mediçilərin sarayında qalır. 
Onun  “birinci  rəssamlıq”  adlandırdığı  heykəltəraşlığa  güclü  sevgisi 
yaranmışdı.  Bu  müddətdə  o,  “Pilləkənlər  yanında  madonna”  və  “Kentavrların 
döyüşü”  heykəllərini  yaratmışdı.  O,  Lorentso  Mediçidən  kiçik  məbləğdə  təqaüd 
alırdı. Lorentso 1492-ci ildə öldükdən sonra Mikelancelo sakitcə Bolonyaya qaçdı 
və orada yaşadı. Burada üç kiçik heykəl yondu. Yenidən Florensiyaya qayıtdıqdan 
sonra  “Müqəddəs  Yoxannes”  və  “Yatan  Kupidon”  heykəllərini  yaratdı.  Ağacdan 
“Çarmıxa çəkilmə” heykəlini yondu.  
Mərmər “Kupidonu” satın alan kardinal Rafael Riario rəssamı işləmək üçün 
1496-cı ildə Romaya dəvət edir. Ona görə ki, Roma “adamın nəyə layiq olduğunu 
nümayiş  etdirmək  üçün  geniş  meydan”  idi.  Burada  o,  bir  bankir  üçün  “Vakx” 

37 
 
heykəlini yondu. Sonra isə yaradıcılığında mühüm yer tutan xristian mövzularına 
keçdi.  O,  mərmərdən  “Pyeta”  –  “Xristə  yas  tutmaq”  heykəlini  yondu  və  heykəl 
indiyədək Müqəddəs Pyotr kilsəsini bəzəyir. Burada oğlu İisusu ağlayan və elə bil 
ki, gəncliyə məxsuz cizgiləri olan bakirə qadın təsvir olunur. “Pyeta”sında (“Xristə 
yas tutmaq”) Mikelancelo elə bir mövzuya müraciət etmişdi ki, həmin vaxta qədər 
bu mövzu daim yalnız günahı yumaq ideyası ilə əlaqələndirilirdi. 23 yaşlı sənətkar 
isə,  əksinə,  Madonnanın  doğma  ölü  oğlu  ilə  əvvəllər  heç  vaxt  rast  gəlinməmiş 
təsvirini təklif edir. Bu qadının gənc qız sifəti vardı, lakin bu, heç də yaşın əlaməti 
deyildir, bu təsvir elə bil ki, zamandan kənar bir təsəvvür yaradır. Yaşlı oğlu ölən 
qadın bakirəlikdən xəbər verir. Vazari Madonnanın məhz “ilahi gözəlliyi” barədə 
söhbət  açır.  Mikelancelo  özünü  və  bizi  təsvir  edilən  fiqurların  ilahi  təbiətinə  və 
ilahi təyinatına inandırır. Gözəllik barədəki insan meyarlarına uyğun olaraq onlara 
kamil füsunkarlıq və bunun nəticəsi kimi ilahi gözəllik bəxş edir. Burada günahın 
yuyulmasının  şərti  kimi  əzab  o  qədər  də  göstərilmir,  bunun  əvəzində  ona 
yiyələnmənin nəticəsi kimi məhz gözəllik meydana çıxır. 
1501-ci  ildə  Florensiyaya  döndükdən  sonra  Madonnanın  4  heykəltəraşlıq 
obrazını  yaradır.  1504-cü  ildə  mərmərdən  “David”  heykəli  üzərində  işini  başa 
çatdırır. Ona bağışlanmış iri  mərmər daşında çat olduğundan sol çiynini nisbətən 
qısa etmiş və bunun üstünü örtmək üçün həmin çiyninə qaldırılmış əlində sapand 
tutduğunu  təsvir  etmişdi.  Əslində  heykəltəraş  bu  yaraşıqlı  obrazda  Bibliya 
təsvirlərindən  uzaqlaşmışdır.  Çünki  “Köhnə  Vəsiyyət”də  David  cılız  bədənli  bir 
çoban  uşaq  kimi  göstərilir,  heykəldə  isə  qəddi-qamətli,  düzgün  proporsiyalara  və 
cazibədar  sifətə  malik  olan  bir  gənc  təsvir  edilir.  Mikelancelo  qəsdən  bu  yolu 
seçmişdi, heykəl Florensiyanın mənəvi qüdrətinin alleqoriyası idi. 
1505-ci  ildə  Papa  II  Yuli  tərəfindən  heykəltəraş  Romaya  çağırılır  və  Papa 
ona özü üçün qəbirüstü düzəltməyi sifariş verir. Mərmərlə işləmək üçün səkkiz ay 
ərzində Toskanadakı məşhur Karrar ağ mərmər karxanasında olur. 
1505-1545-ci illərdə fasilələrlə qəbirüstü heykəllər üzərində işləyir, bu vaxt 
“Moisey”, “Əli-qolu bağlanmış qul”, “Ölən qul” və “Liya” heykəllərini yaradır. 
1506-cı  ildə  sözləşdiyi  Papa  II  Yuli  ilə  Bolonyada  barışır  və  Pontifik  ona 
özünün bürünc heykəlini tökməyi sifariş verir. Sonrakı ili o, həmin sifariş üzərində 
işləyir. 
1508-ci  ilin  mayında  II  Yulinin  xahişi  ilə  Sikstin  kapellasının  tavanında 
freska çəkmək üçün Romaya gedir. Bu iş üzərində o, 1512-ci ilin oktyabrına qədər 
işləyir. 
XVI  əsrin  erkən  dövrünün  böyük  rəssamı  olan  Mikelancelo  və  “Döyüşçü 
Papa”  olan  II  Yuli  bir-birinə  bənzəyən  titanlar  idi.  Rəssamın  temperamenti  və 
Papanın  mülayimliyi  bu  iki  adam  arasında  uzun  sürən  və  çox  hallarda  ucadan 
səslənən sözləşmələrə səbəb olurdu. Papa Mikelanceloya sifariş verdi ki, Romada 
Sikstin kapellasının tavanına freska çəksin, lakin o, heykəltəraş olduğuna görə, bu, 
onun üçün olduqca çətin bir tapşırıq idi. 
Heykəltəraşlıq əvəzinə, bədbəxtlikdənmi ya xoşbəxtlikdənmi o, rəngkarlıqla 
məşğul  olmağa  məcbur  edildi.  Bu  əslində  Herkules  vəzifəsi  hesab  oluna  bilərdi. 
Dostu bu hadisəni belə izah etmişdi ki, o, “heç də düz yerində  deyildir və həm də 

38 
 
rəssam deyildir”. Lakin bəzi tarixçilər onun rəssamlığını heykəltəraşlıq bacarığı ilə 
müqayisə edirlər. Panorama şəklindəki tavan xristianlıqdan əvvəlki peyğəmbərləri 
bütpərəst sivillalarla tarazlıqda təsvir edirdi. Burada “Köhnə Vəsiyyət”dən doqquz 
tarixi əhvalat nəql edilirdi, onlar Xristin əcdadları kimi göstərilirdi. 
Mikelancelo layihəni öz üzərinə götürməyə məcbur oldu, lakin uzun müddət 
Papa  da  daxil  olmaqla,  heç  kəsə  öz  işinə  baxmağa  icazə  vermədi.  Yulinin 
narahatlığı  artırdı,  tavandakı  işin  nə  vaxt  qurtaracağını  gözləmək  onu  boğaza 
yığmışdı. Nəhayət, Mikelancelo Papanın tələblərinə cavab verdi ki, tavandakı iş o 
vaxt başa çatacaqdır ki, “bu məni bir rəssam kimi məmnun etsin”. Papa bu sözlərə 
belə  cavab  qaytardı:  “Və  siz  istəyirsiniz  ki,  bizi  məmnun  edəsiniz  və  işi  tezliklə 
qurtaracaqsınız”. Həm də Mikelanceloya hədə gəldi ki, əgər “tezliklə tavandakı işi 
qurtarmasan”  Papa  “onu  üstündə  işlədiyi  nərdivandan  aşağı  atacaqdır”.  Papanın 
hiddətindən qorxan Mikelancelo “vaxtı itirmədən bütün lazım olan işləri gördü” və 
tavandakı  işi  tezliklə  başa  çatdırdı.  Bu  əsər  Qərb  rəssamlığı  tarixində  ən  böyük 
incilərdən biri oldu. 
Bu  əsərində  o,  insanın  ilk  günaha  batmasını  Bibliyanın  “Başlanğıc” 
kitabından  götürdüyü  doqquz  səhnə  kimi  təsvir  etmişdi.  Buradakı  “Adəmin 
yaranması”  səhnəsində  yaxşı,  dəqiq  proporsiyalanmış  fiquralı  Adəmin  ilahi 
qığılcımı  gözlədiyini  göstərir.  Adəm,  digər  kişi  fiquraları  kimi  insan  varlığının 
ideal  tipini  açır.  Yaxşı  neoplatonik  dəbdə  olan  bu  fiquraların  gözəlliyi  ilahi 
füsunkarlıq  mənasını  verməli  idi.  Ən  gözəl  bədən  isə  Allaha  daha  çox  bənzəyən 
fiqura idi.  
Sikstin  kapellasının  tavanındakı  rəngkarlıq  siklində  rəssamın  yaratdığı 
möhtəşəm,  təntənəli,  bütövlükdə  və  detallarda  çox  asanlıqla  müşahidə  edilən 
kompozisiya, fiziki və ruhi gözəlliyə bir himn kimi, Allahın və onun özünə bənzər 
şəkildə yaratdığı insanın yaradıcılıq imkanlarının təsdiqi kimi qəbul edilir. O, dörd 
il ərzində nəhəng plafonun divar naxışı üzərində heç bir köməyə ehtiyac duymadan 
yalnız öz əli ilə işlədi. Bu plafonun sahəsi 600 kv. metr idi. Bibliyadakı süjetlərdən 
doqquz  kompozisiya  çəkilmişdi,  burada  dünyanın  yaranmasından  tutmuş,  yer 
üzərindəki  ilk  insanlara  qədər  hər  şey  təsvir  olunurdu:  “İşığın  qaranlıqdan 
ayrılması”, “İlk günaha batma”, “Daşqın”, “Nuhun sərxoş olması” və s. Hətta allah 
obrazında  təsvir  olunan  əzəmətli  nəhəng  qocada  hər  şeydən  əvvəl  yaradıcı 
coşqunluq diqqətə çatdırılır. Bu onun əlinin hərəkətlərində ifadə olunur. Elə bil ki, 
bu əllər həqiqətən dünyanı yaratmağa və ilk insana həyat verməyə qadirdir. Titan 
qüvvəsi,  intellekt,  uzağı  görən  müdriklik,  əzəmətli  gözəllik  peyğəmbərlərin  – 
hüznlü İeremiyanın, poetik ilhamlı İsayyanın obrazlarını xarakterizə edir. 
Romadakı bazilikanın Sikstin kapellasının plafonunda çılpaq kişi rəsmləri ilə 
o,  möhtəşəm  yaradıcılığının  apogeyinə  çatdı.  O,  kişi  fiquralarını  şöhrətləndirirdi. 
Bunun  üçün  uzun  müddət  anatomiyanı  öyrənmişdi.  O,  hesab  edirdi  ki,  bunlar 
“Allahın özünü açıb göstərən bir rübənddir”. 
Mikelancelonun ideal gözəllik axtarışını biz mərmərdən yonulmuş “David” 
heykəlində  də  görürük.  Heykəltəraş  yaradıcılığında  inqilabi  tapıntılardan 
yorulmurdu, burada da Bibliya mətninə məhəl qoymayaraq Qoliafı məğlub edən bu 
zəif bədənli çoban oğlanı gözəl bədənə və cazibədar sifətə malik olan bir gənc kişi 

39 
 
kimi  təsvir  etmişdir.  Mikelancelo  bu  əsəri  ilə  insan  bədəninin  gözəlliyini  vəsf 
edərək, insan varlığını şərəfləndirirdi. 
1514-cü  ildə  Florensiyada  ona  Mediçi  San  Lorentso  kilsəsinin  fasadını 
yaratmaq  sifarişini  verirlər  və  o,  artıq  dünyadan  köçmüş  Papa  II  Yulinin 
qəbirüstünü yaratmaq üçün üçüncü müqaviləni imzalayır. 
1534-1541-ci  illərdə  elə  həmin  Sikstin  kapellasında  Papa  III  Pavel  üçün 
dramatizmlə dolu olan, möhtəşəm “Qiyamət günü” freskasını yaradır. Öz gözəlliyi 
və əzəməti ilə Mikelancelonun  arxitektura işi olan Kapitoli  meydanının ansamblı 
və həmçinin Vatikan kilsəsinin qübbəsi hələ də heyranlıq obyekti kimi qalır. 
Bu dövrdə onun şəxsi həyatında da əlamətdar hadisə baş verir. 1536-cı ildə 
Romaya  gələn  43  yaşlı  şairə  Vittoriya  Kolonna  –  markiza  Peskara  ilə  61  yaşlı 
Mikelancelonun  ehtiraslı  məhəbbət  macərası  başlanır.  Öz  böyük  platonik 
məhəbbətinə Mikelancelo bir neçə alovlu sonet həsr etmişdi. O, bu qadının yanında 
bir çox saatlarını keçirirdi. Vittoriya yeganə qadın idi ki, Mikelancelo ona möhkəm 
bağlı  idi.  “O,  bu  qadını  pyedestala  çıxardı,  lakin  ona  olan  məhəbbətini  çətin  ki, 
fiziki yaxınlıq saymaq olardı. O, rəfiqəsini “qadında kişi” (un uoma in una donna
adlandırırdı.  Bu,  fikirlərin,  bütöv  ağılın,  zərif  müşahidənin  və  istehzanın  canlı 
mübadiləsinin nadir nümunəsi idi”.  
1546-cı  ildən  həyatının  sonuna  qədər  Mikelancelo  Müqəddəs  Pyotr 
kilsəsinin  və  Romadakı  Kapitoli  ansamblının  tikintisinə  rəhbərlik  etdi.  Onu  gözü 
götürməyənlər  böyük  heykəltəraşı  biabır  etmək  üçün  Papanı  dilə  tutub  kilsənin 
tikintisini  ona  tapşırmağa  inandırmışdılar,  axı  vaxtilə  rəssamlığa  da  o,  məcbur 
edilmişdi  və  onun  üçün  yeni  olan  arxitektura  işindən  nəinki  qorxmadı,  ona 
girişməklə  əslində  bu  sahədə  də  dühasının  yeni  bir  zəfərini  çala  bildi.  Onun 
layihəsi əsasında kilsə binasının  çox  iri və analoqu  olmayan  qübbəsinin  tikilməsi 
ilə Mikelancelo memarlıqda da öz adını əbədiləşdirdi. 
Mikelancelonun  poetik  əsərləri  343  sonetdən,  madriqaldan  ibarət  olmaqla 
“ruhi tərcümeyi-hal” xarakteri daşıyır. Corco Vazariyə yazdığı sonet “onun ikinci 
uşaqlıqda  olduğunu  sübut  etmək  üçün”  idi.  Mikelancelo  vaxtından  çoxunu 
məhəbbət  şeirləri  yazmağa  həsr  edirdi.  50-yə  qədər  epitafiya  yazmışdı.  Vazariyə 
göndərdiyi  məktubunda  yazırdı:  “Sən  deyəcəksən  ki,  mən  qocayam  və 
sərsəmcəsinə  sonetlər  qoşuram.  Lakin  o  vaxtdan  çoxları  deyir  ki,  mən  ikinci 
körpəliyimdəyəm,  arzu  etmişəm  ki,  özümə  aid  olan  işi  görüm”.  O,  yazdıqlarının 
nəşr edilməsinə icazə verməkdə tərəddüd edirdi. Yalnız ölümündən sonra əsərləri 
çap olundu və o, şair kimi tanındı. 
Onun  ömür  yolu  adlanan  xalçanın  uzun  toxunuşu  hesabına  Mikelancelo 
özünün  arzusuna  zidd  olaraq  Renessans  adamı  idi  və  Vazari  Renessansda  onu 
inkarnasiya  kimi  görürdü.  Humanist  eranın  məhsulu  olmaqla  Mikelancelonun 
zənginləşmiş  maraqları  onu  geniş  və  universal  qaydada  bu eranı  ağuşuna  almağa 
aparıb çıxardı. O, öz ömrü boyu bütpərəst humanizm ilə xristian ortodoksiyasının 
arasındakı  ziddiyyətləri  barışdırmağa  çalışmışdı.  Gəncliyində  və  yaşlı  vaxtında 
yunan-roman  mifologiyasının  obrazlarını  xristian  teoqoniyasının  şəxsiyyətləri  ilə 
tarazlaşdırırdı. 

40 
 
Onun ən ciddi fərqləndirici cəhəti üç ayrıca sənət arasında barışıq yaratması 
idi. Gəncliyində o, əsasən heykəltəraşlıqla məşğul olmuşdu, lakin artıq 1546-cı ildə 
deyə bilərdi ki, “hər kəs bilir ki, mən heykəltəraşam, rəssamam və arxitektoram”. 
O,  təkcə  bu  üç  sənətdə  sadəcə  uğur  qazanmamışdı,  onların  hər  biri  üzrə  dahilik 
zirvəsinə yüksəlmişdi. Bu Renessans mütəfəkkiri rəssamlara yol göstərirdi. Rafael 
onu  cəllad  adlandırmışdı.  O,  asketik  və  fəlsəfi  zonaları  barışdırmış,  rəssamlıq 
nəzəriyyəsini və praktikasını birləşdirmişdi. 
Borciaların  qovulması  ilə  Mediçilər  hakimiyyətə  qayıtdıqda  o,  yenidən 
iyirmi il müddətində Florensiyada yaşadı, sonra isə ölənə qədər Roma sakini oldu. 
Romada  o,  “Moisey”  və  iki  “Qul”  heykəllərini  yaratdı,  onlar  Papaların  qəbir 
üstlərini bəzəyəcəkdi. 
Ona  həm  Papadan,  həm  də  mərhum  II  Yulinin  varislərindən  təzyiq 
güclənirdi.  Mikelancelo  məktubunda  bu  barədə  yazırdı  ki,  “mənə  elə  çox  təzyiq 
edirlər ki, çörək yeməyə də vaxt tapa bilmirəm”. 
Mikelancelo 1321-ci ildə vəfat etmiş italyan şairi Danteyə çox vurulmuşdu. 
O,  yazırdı:  “Əgər  ki,  mən  onun  yerində  olsaydım!  Belə  seçimlə  doğulsaydım, 
yalnız  onun  ləyaqətinə  malik  olmaq,  dünyanın  bütün  xoşbəxtliklərindən  hətta  acı 
sürgünə görə də imtina edərdim”.   
Sonrakı  illərdə  Mikelancelo  əsasən  arxitektorluqla  məşğul  olurdu,  çünki 
onun  qolları  çəkic  və  tişədən  yorulmuşdu.  O,  Müqəddəs  Pyotr  bazilikasının 
qübbəsinin  layihəsindən  başqa  Florensiyada  kilsənin  layihəsini  hazırlamışdı.  Ona 
bu işlər tapşırılanda özü Papaya demişdi ki, o, heç də arxitektor deyildir. 
Mikelancelonun  spartan  adətləri  və  ağır  zəhmət  cədvəli  sənətdəki  uzun 
həyatı üçün onu dözümlü etmişdi. Əlbəttə o, öz sağlamlığından şikayət edirdi. Çox 
sayda  xəstəliklərə  tutulmuşdu.  Onun  məhsuldarlığı  həm  də  bir  növ  sınaq  rolunu 
oynayırdı.  Ömrünün  son  günlərində  yenidən  sevimli  qəbir  üstü  işlərinə  qayıtdı, 
“Palestrina Pyetası”nı yondu. 
O,  demək  olar  bütöv  89  il  yaşadı,  1564-cü  ildə  həyatdan  getdi.  Onun 
kardinala  son  etirafı  belə  idi:  “Mən  peşimanam  ki,  öz  ruhumu  xilas  etmək  üçün 
kifayət  qədər  çalışdım  və  mən  öz  sənətimin  əlifbasını  öyrənməyin  başlanğıcında 
olanda ölürəm”. 
Corco  Vazari  Mikelancelo  barədə  yazırdı:  “O,  (Yaradıcı-Tanrı)  ona  vətən 
kimi  Florensiyanı  vermişdi  ki,  bu  vətən  layiqincə  kamilliyin  zirvəsinə,  bütün 
şücaətinə özünün yalnız bircə vətəndaşının qüvvəsi ilə nail olsun”. 
Mikelancelo Buanorottinin həyatı və fəaliyyəti demək olar ki, bütöv bir əsr, 
1475-ci ildən 1564-cü ilə kimi davam etdi. Bu zamanın fiziki ölçüsüdür, onun irsi 
isə çox-çox əsrlərə bərabər olan zəhmətin bəhrəsi hesab edilə bilərdi. 
Mikelancelo  istər  heykəltəraşlıq,  istərsə  də  rəngkarlıq  əsərlərində  insana, 
onun zəkasına və əməllərinə əslində bir himn qoşur, insan ruhunun təntənəsini vəsf 
etməklə hamıya bir nikbinlik bəxş edirdi. Hamıya sevinc, digər ülvi hisslər, ümid 
bəxş edən bir insanın özü heç də şəxsi həyatında xoşbəxt deyildi, onun yaradıcılığı 
təkcə həyatının mənası deyil, həm də onu qayğı və təsəlli ilə mükafatlandıran bir 
qüvvə  idi.  Heç  kəsə  qəribə  görünməməlidir  ki,  hamımızda  ali  hisslər  oyadan  bu 
adam  özü  tənhalığı  sevirdi,  ümumi  şəkildə  anlaşılan  ünsiyyətlərdən  qaçırdı.  Öz 

41 
 
sənətinə dəlicəsinə vurulmuş bir adam kimi o, buna axıradək bütünlüklə sədaqətli 
idi,  özünü,  bütöv  həyatını  məhz  qeyri-adi  sənətinə,  nəhəng  istedadının  ifadə 
olunmasına həsr etmişdi. 
Ferdinand Magellan 
İradə - düzgün mülahizə ilə birləşmiş məqsədə can atmaqdır. 
Platon 
Həqiqi  ləyaqət  heç  vaxt  öz  kölgəsi  olan  şöhrətə  baxmaq  üçün  geri 
boylanmır. 
Höte 
Ferdinand Magellan çox vaxt Yer kürəsinin ətrafına ilk dövrə vuran dənizçi 
hesab  olunur,  lakin  o,  dünya  ətrafına  ilk  səyahətini  başa  çatdırmamışdan  əvvəl 
öldüyündən,  bu  daha  dəqiq  olardı  ki,  o,  Magellan-Elkano  ekspedisiyasının 
təşəbbüsçüsü  və  lideri  kimi  təsvir  edilsin.  Çünki  səfər  bask  dənizçisi  Xuan 
Sebastyan  de  Elkano  tərəfindən  uğurla  başa  çatdırıldı.  Magellan  portuqal 
kübarlığına  məxsus  idi  və  o,  Lissabonda  kraliça  Leonoranın  pajı  kimi  xidmət 
etmək  üçün  anadan  olduğu  şəhəri  tərk  etmişdi.  Magellan  1480-ci  ildə 
Portuqaliyada  anadan  olmuş,  1517-ci  ildə  isə  vətənini  tərk  edib  İspaniyaya 
yollanmışdı. O, naviqasiya və coğrafiyanı dərindən öyrənmişdi. 
1506-cı  ilin  başlanğıcında  o,  Şərqdəki  ilk  Portuqaliya  vitse-kralı  olan 
Almeydanın donanma komandasına daxil olmuşdu. Kral Manuelin onun başçılığı 
altında  göndərdiyi  ekspedisiya  Afrikada  və  Hindistanda  müsəlman  dəniz 
qüvvələrinin  qabiliyyətini  yoxlamalı  idi.  Onlar  Hindistanın  Malabar  sahilində 
Kannanorda  dəniz  postu  yaratdılar.  Magellan  burada  yaralanmışdı.  Burada 
həmçinin naviqasiya barədə biliklərə yiyələnmiş, sonra isə ayrı-ayrı komandaların 
tərkibində  o,  Mozambik  sahilinə  gəlmişdi.  Portuqaliyalılar  burada  fort 
qurmuşdular. 
1508-ci ildə o, Hindistana qayıtmış, bir il sonra böyük Diu döyüşündə iştirak 
etmişdi.  Bu  döyüş  Portuqaliyaya  Hind  okeanının  əksər  hissələrində  ağalıq 
səlahiyyətləri  qazandırmışdı.  Sonra  o,  hərbi  gəmidə  Malakkaya  üzmüşdü.  11 
sentyabr  1509-cu  ildə  portualiyalılar  Malakkaya  girdilər,  ərazini  işğal  etdikdən 
sonra Molukkalara (Ədviyyat adalarına) tərəf üzdülər. Dostu  Serran Mollukadan 
(Ədviyyat  adalarından)  ona  məktub  yazaraq  bildirmişdi  ki,  Ədviyyat  adaları 
Şərqdə,  çox  uzaqda  yerləşir,  müqayisədə  götürdükdə  Amerikaya  yaxındır. 
Magellan cavabında ona yazmışdı ki, əgər Portuqaliyadan olmasa da, Kastiliyadan 
həmin adalara gəlib çıxa bilər. 
Həmin  mövsümdə  onlar  Qoa  adasını  götürməyin  planını  hazırlamışdılar. 
Magellan məsləhət gördü ki, bu mövsümdə iri gəmilərdən istifadə etməsinlər, yeni 
vitse-kral  elə  də  etdi  və  şəhər  təslim  oldu.  Lakin  Magellanın  adı  vuruşanların 
siyahısında çıxmamışdı. Onun kapitan rütbəsində xidmət etməsi barədə də elə bir 
məlumat yoxdur. 
Afrikanın şərq sahilində və Hind okeanının qərb sahilində portuqaliyalıların 
qələbələri  Hind  okeanında  müsəlmanların  hakimiyyətini  məhv  etdi.  Almeyda 
ekspedisiyası  ərəbləri  dəniz  ticarətinin  mühüm  məntəqələrindən  uzaqlaşdırmaq 
niyyətinə də nail oldu. Lakin Malakkaya nəzarət etmədən, bu nailiyyət tam hesab 

42 
 
oluna  bilməzdi.  Donanma  1511-ci  ildə  Malakkaya  döndü  və  altı  həftədən  sonra 
onu  tutdu.  Magellanın  iştirak  etdiyi  bu  hadisə  portuqaliyalıların  Şərqdəki 
qələbəsini taclandırdı.  
Malakkadan  keçməklə  Şərqin  sərvəti  Qərbin  limanlarına  çatdırılırdı. 
Malakka boğazına ağalıq edən portuqaliyalılar dənizlərə, Malayziyanın limanlarına 
açarı əllərində saxlayırdılar. Sərvət mənbəyi olan Malukkaları (Ədviyyat adalarını) 
tədqiq  etmək  vəzifəsi  qalırdı  (bu  adalar  indi  İndoneziyaya  məxsusdur).  Buna 
müvafiq  olaraq  1511-ci  ilin  dekabrında  onlar  kəşfiyyat  səfərinə  yollandılar  və 
Bandaya çatdıqdan sonra ədviyyatla qayıtdılar. 
1512-ci  ildə  Magellan  Lissabona  geri  qayıtdı,  sonrakı  ili  Mərakeş 
istehkamına qarşı göndərilən qüvvələrə qoşuldu, istehkam təslim olduqdan sonrakı 
toqquşmada  o,  yaralandı  və  ömrünün  sonuna  qədər  axsaq  qaldı.  1514-cü  ildə 
Lissabona  qayıtdıqda  kral  Manueldən  onun  pensiyasını  artırmaq  üçün  bir  əlamət 
xahiş  etdi,  bu  isə  onun  rütbəsinin  böyüməsi  demək  idi.  Lakin  onun  döyüşdə 
nizamlı qaydada iştirak etməməsi barədə məlumatlar krala çatdıqda, o, xahişi rədd 
etdi və Magellanı yenidən Mərakeşə göndərdi. İki il sonra o, krala xahişini təkrar 
etdi.  Kral  bir  daha  təklifi  rədd  etdikdən  sonra  ona  dedi  ki,  öz  xidmətini  istədiyi 
yerə təklif edə bilər. 
Magellan İspaniyaya yollandı və 1517-ci ildə bir qrup portuqal dənizçisi ilə 
birlikdə  Sevilyaya  gəldi.  O,  buradakı  portuqal  kosmoqrafına  qoşuldu  və  onlar 
birlikdə Valyadoliddəki saraya səfər etdilər. Onlar burada öz milli mənsubluqlarını 
elan  etdikdən  sonra  kral  I  Karla  öz  xidmətlərini  təklif  etdilər.  Onun  əvvəlki 
Maqalhaes adı ispan versiyasında Ferdinando de Magellana çevrildi. 
1493-cü  ildə  qəbul  edilmiş  Papa  bullasına  görə  kəşf  edilən  bütün  yeni 
ərazilər və gələcəkdə kəşf olunacaqlar da Atlantik okeanından keçən demarkasiya 
xəttindən şərqdə Portuqaliyanın, bütün qərb isə İspaniyanın olmalı idi. Magellan və 
dostu  Faleyro  bu  vaxt  öz  iddialarından  praktiki  fayda  götürmək  üçün  qərbə  tərəf 
üzməyi təklif etdilər. Guya ki, böyük sərvət gətirən Ədviyyat adaları demarkasiya 
xəttindən  qərbdə  yerləşir,  beləliklə  Portuqaliyaya  deyil,  İspaniyaya  məxsus  olan 
yarımkürədə  olacaqdır.  Kolumb  da  Yerin  kürə  şəklində  olduğunu  bildiyindən 
Hindistana  Afrika  ətrafı  ilə  deyil,  qərbə  üzməklə  yol  açmaq  istəmişdi.  İndi  isə 
onların  özləri  bu  risqli  işdən  əldə  ediləcək  maddi  faydanın  on  ikidə  birini  almalı 
idilər.  Hər  ikisinə  Santyaqo  ordeni  pul  buraxdı.  Magellan  inanmışdı  ki,  o,  öz 
gəmilərini  Atlantik  okeandan,  möhkəm  torpaqdan  keçən  boğazı  kəşf  etməklə 
“Cənub dənizinə” keçirəcəkdir.  
Bu  ideya  onun  üçün  prinsipial  deyildi.  Digərləri  də  keçidi  axtarırdılar  ki, 
gəmilərlə uzun müddət qərbə tərəf üzməklə Şərqə çatacaq və beləliklə, Xoş Ümid 
burnundan  keçən  marşrutdan  imtina  edəcəklər.  Çünki  həmin  buruna 
portuqaliyalılar  nəzarət  edirdilər.  Kral  müqaviləsində  də  Magellan  və  partnyoru 
“boğazı” tapmağa istiqamətlənmişdi. 
Şərqi İndiya işlərinə inanan rəsmi qulluqçular ekspedisiya üçün beş gəmini 
hazırlamaq  barədə  təlimat  aldılar.  Bu  işlər  Sevilyada  görülürdü,  burada 
portuqaliyalıların qurduğu layihəni pozmaq üçün göstərilən cəhdlər uğursuz oldu. 
Magellanın  flaqman  gəmisi  başda  olmaqla  “San  Antonio”,  “Konseption”, 

43 
 
“Viktoriya” və “Santyaqo” gəmiləri səfərə hazır idi. Magellanın partnyoru Faleyro 
dəlilik tutması xəstəliyinə görə üzə bilmədi. 
Magellan  yəqin  ki,  “Espana,  Espana,  la  de  las  bellas  mujeres”-  “İspaniya, 
İspaniya  –  gözəl  qadınlar  ölkəsi”    nəğməsini  eşitmişdi,  ona  görə  də  ispan  qızına 
evlənmişdi.  Bu  nikahından  iki  il  sonra    ispan  arvadına  və  körpə  oğlu  Rodriqoya 
Seviliyada  bəlkə  də  birdəfəlik  əlvida  deyib,  20  sentyabr  1519-cu  ildə  doqquz 
ölkəni  təmsil  edən  270-ə  yaxın  adamla  Qvadalkvivr  çayının  mənsəbindəki 
Sanlukar de-Bar limanından səfərə yollandı.  
Donanma bir həftəyə Tenerifə çatdı, sonra Braziliyaya tərəf üzdü. 29 noyabr 
1519-cu ildə donanma Braziliya sahilinə gəlib çıxır. Onlar xəttə düzləndikdə tufan 
başladı.  Dekabrın  13-də  Magellan  Rio  de  Janeyro  körfəzinə  girdi,  cənuba  tərəf 
üzüb  boğazı  axtardı.  Sonra  eskadra  sahili  tədqiq  edəndə,  avropalılar  Cənubi 
Amerikadakı,  indiki  Argentina  və  Uruqvay  sahilindəki  Parana  çayının  mənsəbi 
olan La-Plata körfəzinə gəlib çıxdılar, bunun boğaz olmadığı qənatinə gəldilər. La-
Plata sahilindən xeyli cənubda ilk dəfə pinqvinləri gördülər. 30 mart 1520-ci ildə 
ispan  dənizçiləri  Pasxa  günü  portuqal  general-kapitanına  qarşı  ciddi  qiyam 
qaldırdılar.  Magellan  qətiyyətlə,  rəhmsizliklə  gəmi  kapitanlarından  birini  edam 
etdi,  digərini  isə  bəxtini  sınamaq  üçün  sahilə  atdı.  Həmin  gün,  1520-ci  ilin  24 
avqustunda  donanma  Müqəddəs  Xulianı  tərk  etdi.  Magellanın  donanması  Cənubi 
Amerika  sahilləri  ilə  aşağı  tərəfə  üzürdü,  digər  okeana  keçmək  üçün  boğazı 
axtarırdı.  İspan  gəmi  kapitanları  onu  dəli  hesab  edir,  deyirdilər  ki,  “Dəli,  boğazı 
axtarmaq xəstəliyinə tutulmuşdur”. 
Santa  Krusun  mənsəbinə  çatdıqdan  sonra  Magellan  yenə  də  cənuba  tərəf 
üzdü.Onlap yeddi auı qışlamağı keçirməklə məşğul oldular. Pataqoniya sahilləri ilə 
üzdükdə sahildə balina sümüklərini gördülər,bu balinaların bir okeandan digərinə 
keçməsi  üçün    boğazın  oması  inamını  artırdı.  Buradakı  suyu  yoxladıqda,  suyn 
duzlu oması, onun hasısa çayın mənsəbi deyil,  boğaz  olduğunu göstərdi. Nəhayət, 
gəmilər 1520-ci ilin oktyabrında axtardığı boğaza girdi, onun uzunluğu 530 km idi. 
Sonralar  bu  boğaz  onun  adını  daşıyacaqdı.  Boğazla  üzmək  38  gün  sürdü.  Uzun 
illər  boyu  Magellan  yeganə  kapitan  idi  ki,  bu  boğazı  bir  gəmi  də  itirmədən 
keçmişdi.  Ancaq  “San  Antonio”  gəmisi  qaçdı,  yalnız  gəmilərdən  üçü  (digəri, 
“Santyaqo”  gəmisi  əvvəllər  qəzaya  uğramışdı)  keçidin  qərb  qurtaracağına  gəlib 
çıxdı. Dəmir iradəli admiral okeanın görünməsi xəbərlərini eşitdikdə, yerə yıxılıb 
sevincindən ağladı. 
28  noyabrda  “Trinidad”,  “Konseption”  və  “Viktoriya”  “Cənub  dənizinə”  – 
okeana  daxil  oldular.  Bu  nəhayətsiz  sulardan  onların  sakit,  tufansız  keçməsi, 
sonralar onu “Sakit okean” adlandırmağa səbəb oldu. Susuzluqdan əziyyət çəkərək 
siçovulların  xarab  elədiyi  biskvitləri,  sonralar  isə  dadlı  xörək  kimi  siçovulların 
özünü yeyərək, axırda dəri qayışlarla  qidalanaraq komanda əvvəlcə Peru axınına 
düşdü, nəhayət, Sakit okeanı üzüb keçməyə can atdı. 18 dekabra qədər onlar Çili 
sahili ilə üzürdülər. Onlar Sakit okeanda üzəndə quruya nə vaxt yan alacaqlarını, 
ümumiyyətlə torpağı yenə nə vaxtsa görəcəklərini bilmirdilər. Hətta Magellan da 
qurunu  bir  daha  görəcəklərinə  şübhə  etməyə  başlamışdı.    O,  göy  cisimlərinin 
köməyi  ilə  hesablamalar  apararaq  Qərblə  Şərq  arasındakı  məsafənin  ölçüsündə 

44 
 
Ptolomeyin  11  min  km.  səhv  etdiyini  üzə  çıxardı.    Sonra  Magellan  şimali-qərbə 
tərəf istiqamət götürdü və 6 mart 1521-ci ildə, 5 ay davam edən üzməkdən sonra 
Mariana  adalarından  olan  Quamda  ilk  dəfə  quru  torpağa  ayaq  basdılar.  Donanma 
Sakit  okeanla  17  min  km  üzmüşdü.  Bu  vaxt  dənizçilər  böyük  məhrumiyyətlərlə 
üzləşmişdilər. 99 gün ərzində onlar ilk dəfə təzə qida əldə etdilər. Yerli sakinlərlə 
ticarət başlandı. Lakin onlar çox oğru idilər, hər şeyi oğurlamağa cəhd edirdilər. 
Magellanın  kral  Karla  hələ  İspaniyanı  tərk  etməmişdən  əvvəl  göndərdiyi 
“memorial”da  güman  edilirdi  ki,  o,  Molukkaların  (Ədviyyat  adalarının)  yerini 
təqribən  bilir.  Bu  vaxt  Marianlardan  Filippinə  tərəf  üzəndə  birbaşa  Ədviyyat 
adalarına istiqamət götürmək əvəzinə, görünür o, şübhə etmədən əvvəlki ideyasının 
təsiri  altında  idi  və  Molukkalara  (Ədviyyat  adalarına)  girməmişdən  əvvəl  baza 
yaratmaqdan faydalanmaq fikrinə düşdü. 
9 martda oranı tərk edib Magellan qərbə, cənubi-qərbə istiqamət götürdü, bu 
isə  onu  sonralar  Filippin  adlanacaq  adalara  gətirib  çıxardı.  Onlar  buraya  ayaq 
basan  ilk  avropalılar  idilər.  Adaları  Magellan  Müqəddəs  Lazar  adlandırdı. 
Massavada  o,  İspaniya  naminə  ilk  ittifaq  yaratdı,  Sebuda  isə  hökmdarı  və  onun 
yaxın  adamlarını  xristianlığa  keçirdi.  Bir  kiçik  adadakı  Sebu  limanında  qızğın 
ticarət  başlandı.  Yerli  sakinlər  dənizçilərdən  dəmir  almaq  üçün  qızıl  və  ərzaq 
verirdilər. Hökmdar raca Xumabon ispan kralının himayəsini qəbul etdi. Lakin 27 
aprel  1521-ci  ildə  Magellan  50  adamla  Maktan  adasına  sebulu  yerlilərlə  gəldi  ki, 
yerli  sakinləri  ram  etsin,  çünki  həmin  adanın  tayfa  başçılarından  biri  Xumabona 
tabe olmaq istəmirdi. İspaniyanın qüdrətini onlara göstərmək üçün Magellan tayfa 
başçısına  qarşı  ekspedisiya  hazırladı.  Lakin  döyüş  uğurlu  olmadı,  onlar  həmin 
adaya  dənizdə  təbii  çəkilmə  vaxtı  gəlmişdilər,  ona  görə  də  gəmilər  və  toplar 
sahildən uzaqda qalmıçdı. İspanlar geri çəkilməyə başlayanda Magellanı tuzemlər 
ayağından  yaraladılar,  sonra  üstünə  tökülüb  onu  öldürdülər.  Böyük  ağıl  və  iradə 
sahibi  olan  bu  adam  qonaq  olduğu  adanın  sakinlərinin  xahişi  əsasında  onlara 
qoşulub,  qonşu  adanın  adamları  ilə  vuruşmağa  yollandı  və  burada  aldığı  nizə  ilə 
yaralanıb, güman edilir ki, nizənin ucu zəhərli imiş, sonra isə öldürüldü. Magellan 
arzusnda  olduğu  Ədviyyat  adalarını  görmədən  öldü.  Onun  arzusu  da  özü  kimi 
torpağa  kömüldü.  Görkəmli  Avstriya  yazıçısı  Stefan  Tsveyq  onun  səyahətini  və 
ölüm  səhnəsini  olduqca  maraqlı  şəkildə  “Bəşəriyyətin  ulduz  saatları”  seriyasında 
təsvir edir. 
Magellanın  ölümü  bütün  komandanın  sonu  ola  bilərdi.  Lakin  Elkano 
komandanlığı  öz  üzərinə  götürdü  və  onlar  Ədviyyat  adalarına  üzdülər.  Onlar 
adaları  tapdılar.  Axı  hər  şey  bu  ədviyyatlardan  başlamışdı.  Onlar  gəmilərini 
ədviyyatlarla yüklədilər.  
İspanlar  isə  Magellanın  sahilinə  qədəm  basdığı  Filippinlərdə  sonralar 
özlərini möhkəmləndirdilər, oradan həm sərvət əldə edir, həm də Asiya regionunda 
məskunlaşırdılar.  Bura  Sakit  okean  ətrafında  ispanların  başlıca  bazasına  çevrildi. 
İspan  gəmiləri  ipəyi  və  digər  qiymətli  malları  Meksikaya  aparır,  əvəzində  isə 
Meksika mədənlərindən gümüş daşıyırdılar. 
Magellanın  ölümündən  sonra  gəmilərdən  yalnız  ikisi  –  “Trinidad”  və 
“Viktoriya”  Molukkalara  gəlib  çıxmışdı.  Ədviyyatla  dolu  bir  gəmini 

45 
 
portuqaliyalılar  tutub,  özlərinə  götürdülər.  .  Yalnız  bir  gəmi  –  “Viktoriya” 
Elkanonun  komandanlığı  altında  İspaniyaya  qayıtdı.  Yolda  yenə  də  onlar  böyuk 
çətinliklərlə üzləşmişdilər. Sınmış dor ağacını bərpa edə bilmişdilər. Yenə də qida 
yox idi. Dənizçilər sinqa ilə xəstələnir, sinqadan və aclıqdan ölürdülər. Gəmidəki 
ədviyyatlardan mixəyin tərkibində “c” vitamini olduğundan, o sinqadan dənizçiləri 
qoruya  bilərdi.  Lakin  onlar  bu  sirri  bilmirdilər,  agah  olsalar  özlərini  müalicə 
edərdilər. Kapitan Elkano gəmidəki heyva mürəbbəsini yeməklə sinqadan xilas ola 
bilmişdi.  
8  sentyabr  1522-ci  ildə  zədələnmiş,  lakin  ədviyyatla  yüklənmiş  gəmi 
başlanğıcdakı 277 komanda üzvündən sağ qalmış yalnız 17 avropalı və 4 hindli ilə 
vətənə gəlib çatdı. Onlar Sevilyaya gəlib çatanda 40 min km. uzunluğunda dəniz 
yolu  qət  etmişdilər.  “Əvvəllər  mövcud  olmuş  adamlardan  zəif  olan”  Elkano 
imperatordan hədiyyə kimi qlobus aldı, onun üzərində “Primus circumdedisti me” 
–  “Siz  mənə  ilk  dəfə  dövrə  vurdunuz”  sözləri  nəqş  edilmişdi.  Lakin  dənizçilər 
gətirdikləri ədviyyatdan varlana bilmədilər. Ədviyyatın hamısı satıldı, satışdan əldə 
edilən pul bütünlüklə krala çatdı. 
Magellandan sonra 1577-ci ildə ingilis dənizçisi Frensis Dreyk ikinci dünya 
ətrafı  səyahətini  uğurla  başa  çatdırdı.  Bu  hadisədən  on  bir  il  sonra,  1588-ci  ildə 
ispan  “Məğlubedilməz  Armadasının”  ağır  məğlubiyyətə  uğradılmasında  keçmiş 
dəniz qulduru, sonralar admiral titulu alan Frensis Dreyk xüsusilə fərqlənmişdi.  
Magellanın  xidməti  təkcə  Yer  ətrafına  üzməsi  deyildi,  həm  də  cəsarətli 
konsepsiya  hazırlaması  və  bu  işi  ustalıqla  başa  çatdırması  idi.  İlk  dənizçi  Sakit 
okeanı  Qərbdən  Şərqə  keçmişdi  və  belə  bir  fikri  boşa  çıxarmışdı  ki,  Yeni 
Dünyadan  qərb  tərəfə  bir  neçə  günlüyə  üzdükdə  gəmilər  Şərqi  İndiyalara  gəlib 
çıxacaqdır. Bunun əvəzinə Sakit okeandan keçid üç aydan çox çəkdi. 
Magellan  mürəkkəb  xarakterə  malik  idi  və  ziddiyyətli  adam  idi.  O,  bir 
müəmma kimi qala bilərdi. Psixoloji cəhətdən o, özünə yer tapa bilmirdi. Onun öz 
ağasına loyallığı Allaha loyallıqdan sonra ikinci yerdə idi. Portuqaliyalıların hamısı 
onu “özününkü” hesab edir. 
 Bu  olduqca  görkəmli  bir  səyahət  idi,  böyük  coğrafi,  iqtisadi  və  siyasi 
əhəmiyyət  kəsb  etdi.  Belə  səyahətlər  bütün  dünyada  siyasi,  iqtisadi  və  mədəni 
həyatın  radikal  şəkildə  dəyişilməsinə  aparan  prosesin  başlanğıcı  idi.  XVI  əsrin 
əvvəlində  Avropa  macəraçıları  Magellan  kimi  kiçik  donanmada  Atlantik  okeanın 
geniş həddlərinə daxil olurdular. Onlar çətinliklə agah ola bilərdilər ki, yeni eranın 
başlanğıcındadırlar.  Özü  də  bu  yeni  era  təkcə  Avropa  üçün  deyil,  Asiyanın, 
Afrikanın və Amerikanın xalqları üçün idi. 1500-cü və 1800-cü illərin arasındakı 
dövrdə  avropalıların  hakimiyyəti  bütün  dünyanı  əhatə  etdi.  Amerikalarda 
avropalılar  müstəmləkələr  yaratdılar  və  bu,  onların  qanunlarını,  dillərini, 
mədəniyyətlərini yaydı. 
Cənubi-Şərqi  Asiyanın  ada  regionlarında  avropalılar  öz  möhkəm 
idarəçiliyini  qurdular.  Asiyanın  digər  hissələrində  və  Afrikada  onların  fəallığı 
ticarət  mallarından  tutmuş  qul  ticarətinə  qədər  təsnifləşirdi,  daim  yerli  xalqların 
həyatlarını  dəyişdirirdi.  Avropa  ekspansiyasının  toxunduğu  bütün  regionlarda 

46 
 
xalqlar  yeni  xəstəliklərə  sirayətlənməklə  yanaşı,  dillərinin  və  adətlərinin 
dəyişilməsi ilə və həmin ərazilərdə yeni qanunların bərqərar olması ilə üzləşdilər. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Magellanın  dünya  ətrafına  səyahətindən 
sonra  Yeni  Dünyanın  bölünməsi  barədə  Papa  bullası,  onun  əsasında  yeni 
torpaqların  iki  dövlətin  təsir  zonasına  bölünməsi  və  demarkasiya  xətti  öz 
əhəmiyyətini itirdi. Bu müqavilə hər iki tərəfə dar gəlirdi, onun ziddinə Portuqaliya 
Braziliyanı tutdu. 
İlk  dəfə  1504-cü  ildə  Ameriqo  Vespuççi  belə  bir  fikir  söyləmişdi  ki, 
Amerikadakı  torpaqlar  Asiyanın  bir  hissəsi  olmayıb  yeni  materikdir  və  o, 
Kolumbun  fikrini  təkzib  etməklə  yanaşı,  bu  torpaqları  “Yeni  Dünya”  adlandırdı. 
Alman kartoqrafı  Martin Valdzmyuller  isə özünün tərtib etdiyi dünya xəritəsində 
materiki  Vespuççinin  şərəfinə  “Amerika”  adlandırdı.  Vespuççinin  ideyasını 
Ferdinand Magellan, 1519-1522-ci illərdə həyata keçirdiyi ilk Yer ətrafı səyahətdə 
təsdiq  etdi.  Cənubi  Amerikanı  və  Odlu  torpaq  adalarını  dolaşıb  keçən  Magellan 
Sakit  okeana  aparan  boğazı  tapdı,  Sakit  okeanın  sularında  Magellan  Asiya 
sahillərinə etdiyi uzun səfər boyu heç bir qasırğa ilə üzləşmədiyindən okeanı belə 
adlandırmışdı.  Buradan  isə  Asiya  sahillərinə  çatmaq  mümkün  oldu.  Yerin  kürə 
şəklində  olması  qərb  yolu  ilə  də  Asiya  qitəsinə  və  Molukka  adalarına  çatmağın 
mümkün olduğunu sübut etdi. 
Magellan  bəşəriyyətə  böyük  xidmət  göstərmiş  oldu,  lakin  o,  bu  qeyri-adi 
nailiyyətinin bəhrəsini dada da bilmədi. Tarix isə onu unutmadı. Hötenin “Həqiqi 
ləyaqət heç vaxt öz kölgəsi olan şöhrətə baxmaq üçün geri boylanmır” sözləri onun 
taleyinin timsalında açıqca öz təsdiqini tapır. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə