Bəşər səmasına yüksələnlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix28.04.2017
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   20

Böyük II Yekaterina 
Spartadan  qaçmış  sərkərdə  Pavsanidən  soruşduqda  ki,  “Axı  niyə  Spartada 
qalmayıb,  oradan  qaçdın?”  sözlərinə  Pavsani  cavab  verdi  ki,  “həkimlər  adətən 
sağlam adamın yox, xəstə adamın yanında olurlar”. 
Plutarx 
Həyatda  bir  şey  çox  qiymətlidir  –  həqiqəti  qoruyub  saxlamaq  və  ədalətli 
hərəkət etmək. 
Mark Avreli 
Rusiya imperatriçası kimi II Yekaterina öz sələfi Böyük Pyotrun işini davam 
etdirdi.  Pyotr  Rusiya  üçün  “Avropaya  pəncərə”  açmışdı,  Yekaterina  isə  qapıları 
taybatay  açdı.  Pyotr  Avropanı  məcbur  etmişdi  ki,  güclü  və  müstəqil  Rusiyanın 
mövcudluğunu tanısın, Yekaterina isə Rusiyada böyük bir Avropa dövlətinə bənzər 
səltənət  yaratdı.  Pyotr  Qərb  mədəniyyətini  tətbiq  etmək  üçün  qədim  Rusiya 
mədəniyyətini məhv etmişdi. Yekaterina isə Avropanın təsirinə məruz qalmış milli 

58 
 
mədəniyyət,  həm  də  həqiqi  rus  mədəniyyəti  üçün  bünövrə  yaratdı.  Taxt-taca 
yiyələndikdən bir qədər sonra II Yekaterina I Pyotra indi “Mis atlı” kimi tanınan 
heykəlin  qoyulmasını sifariş  verdi. Postament  kimi istifadə  edilən  nəhəng daş  iki 
ilə abidənin qoyuldugu meydançaya gətirildi. Heykəldə Böyük Pyotr şahə qalxmış 
atın  üstündə  təsvir  edilir,  Avropaya  ölkəsindən  ilk  dəfə  qapı  açan  bu  adam  rus 
xalqını da belə yüksəkliyə qaldırmaq istəyirdi. Yekaterina hesab edirdi ki, o, dahi 
sələfinin  işini  davam  etdirməlidir.  Böyük  Yekaterina  adını  qazanmış  bu  qadın 
Böyük  Pyotrun  heykəli  qoyulduqda,  Rusiya  tarixində  öz  rolunu  dəqiq  şəkildə 
qiymətləndirdi  –  heykəlin  üzərində  bu  sözlər  nəqş  olunmuşdu:  “Petro  Primo 
Catharina Secunda” (“Birinci Pyotra İkinci Yekaterinadan”). 
Pyotr  və  Yekaterinanın  adları  əksər  rusların  şüurunda  daim,  hətta  iki  əsr 
sonra  belə  birləşmiş  qaydada  qalmışdır.  Pyotr  özünə  dərin  ehtiram  qazanmışdı, 
mənşəcə  alman  olan  Yekaterinaya  isə  ruslar  valeh  olmaqda  davam  edirdilər.  Bu 
qadın əslində hakimiyyəti uzurpasiya yolu ilə ələ keçirmişdi, əxlaqca pozğun idi, 
lakin  milli  iftixarın  mənbəyi  kimi  qiymətləndirilirdi.  Qeyri-ruslara  məxsus  olan 
yerlərdə isə Yekaterina çox az hallarda nəcib şəxsiyyət hesab edilirdi. Çünki onun 
hökmranlığı  altında  Rusiya  xeyli  güclənmişdi  və  bu,  digər  böyük  dövlətlərə 
təhlükə  törətmək  üçün  kifayət  idi  və  o,  faktiki  olaraq  kəskin  vasitələrə  məhəl 
qoymayan  bir  hökmdar  idi.  Qərbin  təxəyyülündə  nəhəng,  geridə  qalmış,  həm  də 
cəzbedici olmayan ölkəni idarə edən bir şəxsiyyət idi. Yekaterinanın bir prinsipial 
şərəfi ondan ibarət idi ki, ingiltərəli I Elizabet və kraliça Viktoriya kimi öz adını 
tarixin  həmin  dövrünə  vermişdi,  öz  ölkəsinin  inkişafında  həlledici  bir  epoxanın 
sinoniminə çevrilmişdi. 
Sofiya  Fridrixa  Avqusta  fon  Anhalt-Tserbst  1729-cu  ilə  Ştettində  anadan 
olmuş,  o  qədər  də  yaxşı  tanınmayan  alman  hökmdarının  qızı  idi,  həm  də  anası 
tərəfdən Holştetin hersoqlarına qohum idi. 14 yaşı olanda Böyük Pyotrun nəvəsi və 
Rusiya  taxt-tacında  Böyük  Knyaz  Pyotr  kimi  olacaq  Karl  Ulrixin  arvadı  olmaq 
üçün  seçilmişdi.  Yekaterina  1744-cü  ildə  Rusiyaya  gəldi,  Böyük  Knyaginya 
Yekaterina  Alekseyevna  titulunu  qəbul  edib  sonrakı  ili  qohumu  olan  oğlana  ərə 
getdi. Nikah olduqca uğursuz idi. Sonrakı 18 il bu qadın üçün aldanma, alçalma və 
ümidlərinin puç olması ilə dolu idi. 
Rusiya  həmin  vaxt  Böyük  Pyotrun  qızı,  imperatriça  Yelizaveta  tərəfindən 
idarə  olunurdu,  onun  20  illik  hakimiyyəti  monarxiyanı  xeyli  dərəcədə 
sabitləşdirmişdi. Özünü çox sayda əyləncələrə, dəbdəbəyə və öz sarayına daha çox 
Avropa  sarayının  zənginliyini  vermək  arzusuna  həsr  etməklə  Yelizaveta 
Yekaterina üçün əslində elə bil ki, hamar bir yol hazırlayırdı. 
Lakin Yekaterina, əgər əri tam normal olsaydı, imperatriça ola bilməzdi. Əri 
müstəsna  dərəcədə  əsəbi,  üsyankar,  küt,  güman  ki,  impotent  olmaqla,  sərxoşluğa 
meylli idi. O, prussiyalı II Fridrixə çox ciddi, hətta fanatik qaydada sitayiş edirdi. II 
Fridrix isə imperatriça Yelizavetanın düşməni idi. 
İmperatriça  Yelizaveta  Petrovnanın  ölümü  Yeddi  illik  müharibədə 
Prussiyanın  vəziyyətini  yüngülləşdirdi.  Rusiya  Avstriya  və  Fransa  ilə  ittifaqda 
Prussiyaya  qarşı  vuruşurdu.  Yeni  imperator  III  Pyotr  isə  ağır  vəziyyətdə  olan 
Prussiyaya  qarşı  hərbi  hərəkətləri  dayandırdı  və  II  Fridrixlə  sülh  müqaviləsi 

59 
 
bağladı.  III  Pyotrun  ağılsız  hərəkəti  müharibənin  sonunu  dəyişdirdi.  Fransa 
Kanadada  və  Hindistanda  Prussiyanın  müttəfiqi  olan  Böyük  Britaniyanın  xeyrinə 
demək  olar  ki,  bütün  müstəmləkə  ərazilərini  itirdi.  3  fevral  1762-ci  ildə  Fransa 
Fontenbloda  Böyük  Britaniya  ilə  sülh  bağlamağa  məcbur  oldu.  Prussiya  Avropa 
dövləti  kimi  öz  mövqeyini  möhkəmləndirdi və  buna  görə  səfeh  rus  imperatoruna 
borclu idi.  
Ərindən  fərqli  olaraq  Yekaterina  aydın  düşüncəli  və  ambitsiyalı  idi.  Onun 
fərasəti, xarakterinin çevik olması və Rusiyaya məhəbbəti xeyli dəstək qazanırdı. 
Bu qadın alçaldılmışdı, boğaza yığılırdı və sarayda ona şübhə ilə yanaşılırdı. 
O,  geniş  mütaliə  etməkdə  bir  rahatlıq  tapırdı  və  özünü  bir  hökmdar  kimi 
gələcəkdəki  roluna  hazırlayırdı.  Azacıq  gözəlliyə  malik  olmasına  baxmayaraq, 
Yekaterina  xeyli  lətafətə,  yaxşı  qabiliyyətlərə  və  qeyri-adi  enerjiyə  malik  idi. 
Ərinin sağlığında onun ən azı üç məşuqu var idi. Əgər bu qadının etdiyi işarələrə 
inanılsaydı, onun üç uşağından heç birinin, hətta açıq varisi Pavelin də atası heç də 
öz əri olmamışdı. Onun həqiqi ehtirası yalnız ambitsiyası idi. III Pyotr hökmranlıq 
etməyi bacarmadığı vaxtdan o, gördü ki, ərini məhv etmək və Rusiyanı idarə etmək 
üçün hətta özünün ilkin imkanları belə kifayətdir. 
İmperatriça  Yelizaveta  1762-ci  ilin  yanvarında  öldü.  Yelizavetanın 
ölümündən  sonra  yeni  imperator  olan  III  Pyotr  prussiyalı  II  Fridrixə  sitayiş 
qaydasında  yanaşırdı  və  onunla  ittifaq  bağladı.  II  Fridrix  isə  Rusiyaya  nifrətini 
gizlətməyə heç bir cəhd göstərmirdi və yalnız doğma Almaniyasını sevirdi. Özünü 
saysız-hesabsız  ağılsız  hərəkətlərlə  biabır  edən  Pyotr  həmçinin  arvadından 
uzaqlaşmağa  hazırlaşırdı.  Yekaterina  yalnız  zərbə  endirməli  idi.  O,  ordunun, 
xüsusən  Sankt-Peterburqda  olan  polkların  dəstəyinə  malik  idi,  burada  onun 
məşuqu Qriqori Orlov öz postunu yerləşdirmişdi. 
Saray, hər iki paytaxtdakı – Moskva və Sankt-Peterburqdakı ictimai rəy də 
Yekaterinanın  tərəfində  idi.  O,  kübar  cəmiyyətinin  “maariflənmiş”  elementləri 
tərəfindən  dəstəklənirdi.  O  vaxtdan  qadın  öz  liberal  görüşlərinə  görə  tanınırdı  və 
Rusiyada ona ən mədəni şəxslərdən biri kimi vurulmuşdular. 
Qvardiya zabitlərinə arxalanan III Pyotrun arvadı II Yekaterina 1762-ci ildə 
onu  taxt-tacdan  devirdi.  Qəsdin  uğuru  III  Pyotrun  siyasətindən,  xüsusən  Prussiya 
ilə  sülh  bağlanmasından  və  onun  Yeddi  illik  müharibədəki  keçmiş  müttəfiqlərə 
qarşı  çıxış  etməsindən  yaranan  narazılıqdan  qidalanmışdı.  O,  həm  də  pravoslav 
kilsəsini protestant qaydasında islahata uğratmaq istəyirdi. Böyük II Yekaterinanın 
hökmranlığı 34 il davam etdi və bu Rusiya imperiyasının tarixində “qızıl era” oldu. 
Mütləqiyyət  hakimiyyətini  möhkəmləndirən  Yekaterina  həm  də  “maariflənmiş 
absolyutizm”  ruhunda  iri  islahatlar  apardı.  Onun  dövründə  Rusiya  dövlətinin 
ərazisi xeyli genişləndi. 
9 iyul 1762-ci ildə Yekaterina başçılıq etdiyi polklarla hakimiyyəti götürmək 
naminə  Sankt-Peterburqa  girdi,  özünü  imperatriça  və  Qazan  kilsəsinin  avtokratı 
elan etdi. III Pyotr devrildi və səkkiz gün sonra öldürüldü. Güman ki, Yekaterina 
onu öldürmək barədə göstəriş verməmişdi, bu işi onu dəstəkləyənlər görmüşdülər. 
İctimai rəy isə buna görə qadını cavabdeh hesab edirdi.  

60 
 
Böyük  Pyotrun  altı  varisi  saray  mühafizəçilərinin  toruna  düşmüşdü,  bu 
altıdan axırıncısı III Pyotr idi, onun alman arvadı Yekaterina Rusiyanı öyrənmişdi 
və  mühafizəçilərin  rəğbətini  qazanmışdı.  Pyotr  kübar  fraksiyası  tərəfindən 
öldürülmüşdü. Böyük II Yekaterina bütün Rusiyanın avtokratı kimi meydana çıxdı. 
1762-ci  ilin  sentyabrında  Yekaterinaya  tac  qoyuldu,  Moskvada  böyük 
mərasim keçirildi, bu şəhər çarların qədim paytaxtı idi. O, hökmranlığını 1796-cı 
ilədək II Yekaterina titulu altında Rusiya imperatriçası kimi davam etdirdi. 
Yekaterina,  fərdi  zəifliyinə  baxmayaraq,  bütün  hökmdarlardan  yuxarıda 
dayanırdı.  Qəbul  etdiyi  ölkəyə  özünü  bütünlüklə  həsr  etməklə  o,  Rusiyanı 
çiçəklənən  və  qüdrətli  dövlət  etmək  məqsədini  güdürdü.  Rusiyada  olduğu  ilk 
günlərdən o, qayda-qanunlu və ədalətli idarəetməni qurmağı arzu etmişdi. Maarifi 
genişləndirmək, Versala rəqib olan saray  yaratmaq, Fransa modelinin təqlidindən 
yuxarıda  dayanan  bir  milli  mədəniyyəti  inkişaf  etdirmək  istəyirdi.  Onun 
əvvəlcədən olan layihələri icra edilmək üçün o qədər çox idi ki, hətta əgər o, bütün 
diqqətini onlara versəydi də, onları tam əhatə edə bilməzdi.  
Onun  praktiki  cəhətdən  ən  təzyiq  göstərən  problemi  dövlət  xəzinəsini 
yenidən  doldurmaq  idi,  axı  Yelizaveta  öləndə  xəzinə  boş  idi.  1762-ci  ildə  o, 
ruhanilərin  mülkiyyətini  dünyəviləşdirdi,  onlar  Rusiyadakı  torpaqların  və 
təhkimçilərin  üçdə  birinə  sahib  idilər.  Rusiya  ruhaniliyi  dövlətin  maaş  verdiyi 
funksionerlər qrupuna endirildi, onlar Böyük Pyotrun islahatları ilə aldıqları azacıq 
qüdrəti də itirdilər. 
Yekaterinaya  qarşı  yönələn  dövlət  çevrilişinə  görə  və  III  Pyotrun  şübhəli 
ölümündən  sonra  digər  xalqlarla  olan  işlərdə  ehtiyatlılıq  və  ölkədə  sabitliyi 
bərqərar etmək tələb olunurdu. O, Rusiyanın köhnə düşməni Prussiya ilə, həmçinin 
ənənəvi  müttəfiqləri  olan  Fransa  və  Avstriya  kimi  dövlətlərlə  dostcasına 
münasibəti davam etdirirdi. 1764-cü ildə o, Polşa ilə problemi müəyyən qədər həll 
etdi.  Krallığın  dəqiq  sərhədləri  itirilməklə,  üç  qonşu  dövlət  onun  ərazilərini  ələ 
keçirməyə  can  atırdı.  Yekaterina  öz  köhnə  məşuqlarından  biri  olan  Stanislav 
Ponyatovskini Polşaya kral edə bildi. Bu zəif adam bütünlüklə özünü yalnız həmin 
qadına həsr etmişdi. 
1772-ci  ildə  isə  Polşanın  ilk  bölünməsi  baş  verdi.  Rusiya,  Avstriya  və 
Prussiya Pospolita Reçinin ərazisinin bir hissəsini öz aralarında böldülər. Prussiya 
Qərbi  Pomeraniyanın  böyük  hissəsini  və  Böyük  Polşanın  bir  hissəsini,  Avstriya 
Qərbi  Qalisiyanı,  Polşa  Sileziyasını  aldı,  Rusiyaya  isə  Şərqi  Belorusiya  və 
Livoniyanın Polşaya məxsus hissəsi keçdi. Polşanın sonrakı bölünmələri isə 1793-
cü və 1795-ci illərdə baş verdi. 
Yekaterinanın  islahat  sahəsindəki  cəhdləri  məmnunluq  əmələ  gətirmək 
səviyyəsində deyildi. İngilis və fransız liberal filosoflarının şagirdi kimi o, tezliklə 
yəqin etdi ki, Monteskyenin və Jan Jak Russonun təbliğ etdikləri islahatlar Avropa 
təcrübəsində kifayət qədər çətin olduğu halda, anarxiyadan əziyyət çəkən və geridə 
qalmış  Rusiya  reallığına  bütünlüklə  yaramır.  1767-ci  ildə  o,  bütün  əyalətlərdən 
olan  nümayəndələrdən  yaradılmış  komissiyanı  topladı,  bura  bütün  siniflərdən 
(təhkimçilər  istisna  olmaqla)  olan  adamlar  daxil  idi.  Məqsəd  xalqın  həqiqi 
arzularını öyrənmək və onları konstitusiyada əks etdirmək idi. Müzakirələr bir aya 

61 
 
qədər  çəkdi  və  heç  nəyə  nail  olmadı.  Yekaterinanın  komissiyaya  Təlimatı 
Konstitusiya  layihəsindən  və  qanunlar  məcəlləsindən  ibarət  idi.  Bu,  Fransada 
ictimaiyyət üçün çox liberal hesab edilə bilərdi, Rusiyada isə ölü yazı kimi qaldı.  
İslahat barədə öz cəhdlərinin uğursuzluğunu görən Yekaterina öz siyasətini 
dəyişmək  üçün  Türkiyə  ilə  müharibə  bəhanəsindən  yapışdı.  Böyük  Pyotrun 
hökmranlığı  dövründən  Osmanlı  imperiyası  Rusiyanın  ənənəvi  düşməni  idi. 
Yekaterinanın təbəələrində müharibə qızğın vətənpərvərlik hissləri alovlandırırdı. 
İlk  hərbi  qələbə  də  onu  sevindirməyə  bilməzdi.  1770-ci  ildə  qraf 
A.Q.Orlovun  komandanlıq  etdiyi  rus  donanması  Qərbi  Anatoliya  sahilinə 
yaxınlıqdakı Çesmen buxtasına (Xios adası yanında) türk donanmasını darmadağın 
etdi. 
Çesmendəki  qələbə  imperatriçaya  hərbi  şərəf  gətirsə  də,  Türkiyə  hələ  də 
məğlub  olmamışdı  və  vuruşmaqda  davam  edirdi.  Bu  nöqteyi-nəzərdən  Rusiya 
əvvəlcədən düşünülməmiş çətinliklərlə üzləşdi. 
Birincisi,  Moskvada  dəhşətli  taun  xəstəliyi  yayıldı.  Müharibənin  gətirdiyi 
çətinliklərlə yanaşı, həm də özündən bir bədgümanlıq və kütləvi təşviqat ab-havası 
yaratdı. İmperator III Pyotru öldürdüklərini iddia edən Don kazaklarının Rusiyada 
1917-ci il inqilabına qədər olan tarixdə ən böyük üsyanı baş verdi. Ural regionunda 
başlanan  hərəkat  tezliklə  geniş  cənubi-şərq  əyalətlərinə  yayıldı  və  1774-cü  ilin 
iyununda  Puqaçovun  kazak  qoşunları  Moskvaya  hücum  etməyə  hazırlaşırdı.  Bu 
nöqteyi-nəzərdən  Türkiyə  ilə  müharibə  Rusiyanın  qələbəsi  ilə  başa  çatdı  və 
Yekaterina öz zədə almış qoşunlarını üsyanı yatırmağa göndərdi. Məğlub olan və 
əsir  götürülən  Puqaçov  1775-ci  ilə  edam  edildi.  Terror  və  xaos  isə  tezliklə 
unudulmadı. Yekaterina bu vaxt başa düşdü ki, xalqa yazığı gəlməkdənsə, xalqın 
hakimiyyətdən daha çox qorxması yaxşıdır, onları azad etməkdənsə, o, təbəələrinin 
qandallarını bərkitməlidir. 
Hakimiyyətə  yüksəlməmişdən  əvvəl  Yekaterina  təhkimçiləri  azad  etməyi 
planlaşdırırdı,  iqtisadiyyatın,  kənd  təsərrüfatının  isə  95  faizi  onlara  əsaslanırdı. 
Təhkimçi  öz  ağasının  mülkiyyəti  idi,  kübarların  taleyi  onların  sahib  olduğu 
torpaqla  deyil,  “canla”  müəyyən  olunurdu.  Hakimiyyətin  reallığı  ilə  ziddiyyət 
yarandıqda Yekaterina tezliklə gördü ki, təhkimçilərin azad olması heç vaxt onların 
sahibləri  tərəfindən  dözümlülüklə  qarşılanmayacaqdır,  axı  onlar  dəstək  üçün  bu 
sahiblərdən asılı idilər. Kim ölkəni qaydasızlıq şəraitinə atsa, kömək adlanan şeyi 
bir  dəfəlik  itirəcəkdir.  Yekaterina  çətinlik  hiss  etmədən  özünü  qaçılmaz  şərlə 
barışdırdı,  öz  diqqətini  mütəşəkkil  və  möhkəmlənən  sistemə  verdi.  Bu  sistemi  o, 
qeyri-bəşərililiyinə  görə  məhkum  edirdi.  O,  ukraynalılar  üzərinə  də  təhkimçilik 
qoydu,  həmin  vaxta  qədər  onlar  azad  idilər.  Tac  torpaqları  adlanan  torpaqları  öz 
favoritləri  və  nazirləri  arasında  böldü.  O,  müəyyən  dərəcədə  muxtariyyətdən 
istifadə edən çox sayda kəndlilərin vəziyyətini ağırlaşdırdı. 
Onun  hökmranlığının  sonunda  Rusiyada  az  sayda  azad  kəndli  var  idi, 
təhkimçi  kəndlilərin  üzərindəki  daha  ardıcıl  nəzarət  hesabına  onların  vəziyyəti 
Yekaterinanın idarəçiliyinə qədər olan dövrə nisbətən daha pis idi. 
Rusiya  əhalisinin  95  faizi  Yekaterina  hökmranlığının  nailiyyətlərindən 
birbaşa  heç  bir  vəchlə  fayda  götürmədi.  Çox  hallarda  onların  məcburi  əməyi 

62 
 
nəhəng  xərcləri  maliyyələşdirirdi.  Bunlar  isə  böyüyən  iqtisadiyyat,  hərbi  işlər, 
mədəni layihələr üçün tələb olunurdu. Bu məsələdə o, özünü yaxşı inzibatçı kimi 
göstərirdi və iddia edə bilərdi ki, xalqın axıtdığı qan və tər heç də əbəs deyildir. 
1783-cü  ildə  Krımın  Rusiya  imperiyasının  tərkibinə  daxil  olması  barədə 
imperatriça II Yekaterinanın manifesti yarımadaya sahib olmaq uğrunda Rusiya və 
Osmanlı imperiyalarının uzun müddət davam edən rəqabətinə son qoydu. 21 iyul 
1774-cü ildə Rusiya və Türkiyə arasında bağlanmış Küçük-Kaynarçı sülhünə görə 
Rusiya  Krım  ərazisindəki  bir  neçə  qalanı  aldı.  Krım  artıq  Osmanlı  imperiyasının 
vassalı  deyildi.  Lakin  türklər  öz  əlaltılarının  Krım  xanı  elan  edilməsinə  nail 
oldular.  Rusiya  hökuməti  Krıma  qoşun  yeritdi  və  xan  taxtına  öz  namizədi  olan 
Şahin-Gireyi oturtdu. Krım faktiki olaraq Rusiya taxt-tacının hakimiyyətinə keçdi, 
Osmanlı  imperiyası  Qara  dənizin  şimal  sahilindəki  öz  strateji  platsdarmından 
məhrum  oldu.  Rusiya  imperiyasının  mərkəzi  quberniyalarından  köçürülmüş 
ailələrlə Krımın məskunlaşdırılmasına başlandı. 
Rusiya  Türkiyəni  məğlub  edən  1774-cü  ildə,  müharibədə  xüsusilə 
fərqlənmiş  Qriqori  Potyomkin  Yekaterinanın  məşuquna  çevrildi  və  kiçik 
kübarlığın  bu  qulluqçusunun  parlaq  karyerası  başlandı.  Onun  fərasəti  və 
qabiliyyətləri  ambitsiyalarına  tam  uyğun  gəlirdi.  O,  Yekaterinanın  yeganə 
favoritlərindən  biri  kimi  geniş  siyasi  rol  oynayacaqdı.  Adəti  üzrə  imperatriça 
biznesi  həzz  məsələlərinə  qatmırdı,  o,  nazirlərini,  demək  olar  ki,  həmişə 
qabiliyyətlərinə görə seçirdi. Potyomkində isə o, qeyri-adi bir adam tapdığına əmin 
idi.  Onu  sevə  və  ona  hörmət  edə  bilirdi,  onunla  hətta  öz  hakimiyyətini  də 
bölüşdürürdü.  Nazir  kimi  o,  qeyri-məhdud  səlahiyyətlərə  malik  idi,  onların  iki  il 
davam  edən  eşq  macəraları  başa  çatdıqdan  sonra  da,  Yekaterina  hökmranlığının 
qeyri-adi  dəbdəbəsi  üçün  Potyomkinə  də  müəyyən  etimadın  bir  hissəsi  verilməli 
idi. 
Qriqori  Aleksandroviç  Potyomkin  1791-ci  ildə  öldü.  O,  Krımın  Rusiyaya 
birləşdirilməsi  planının  hazırlanması  və  həyata  keçirilməsinin  təşəbbüsçülərindən 
biri  idi,  buna  görə  “Tavriyanın  şöhrətli  knyazı”  titulunu  almışdı.  Yeni  qalalar  və 
limanlar  salmışdı,  bunlara  Xerson,  Sevastopol,  Yekaterinoslav  daxil  idi.  Qara 
dənizdə hərbi və ticarət donanmasının qurulmasına rəhbərlik etmişdi. 
İmperatriçanın Potyomkin ölənə qədər ona münasibəti dəyişilmədi, bərabər 
olaraq qaldı. Onlar bir-birilərini tamamlayır və başa düşürdülər. Ambitsiyalı nazir 
öz  hökmdarına  ehtiramını  onun  mənafelərinə  özünü  bütünlüklə  həsr  etməsi  ilə 
ifadə  edirdi.  Təkcə  1783-cü  ildə  Krımın  türklərdən  alınıb  Rusiyaya  anneksiya 
edilməsinin baş müəllifi kimi Potyomkinin işi ölkənin ərazisini Qafqaz dağlarından 
Cənubi-Qərbi  Rusiyadakı  Buq  çayına  qədər  genişləndirdi.  Rusiya  Qara  dənizin 
şimal  sahilini  əlinə  keçirdi  və  elə  mövqedə  idi  ki,  Osmanlı  imperiyasının 
mövcudluğuna təhlükə törədə bilər, Aralıq dənizində özünə dayaq nöqtəsi qurmaq 
imkanına sahib olardı. 
Yekaterina  həmçinin  Avstriya  ilə  ittifaqı  bərpa  etmək  yollarını  arayırdı. 
Avstriya  Türkiyənin  qonşusu  və  düşməni  idi.  Prussiya  və  İngiltərə  ilə  ittifaqını 
bəyan  etmişdi,  onlar  isə  Rusiyanın  ambitsiyalarından  təşvişə  düşürdülər.  Həm  də 
Yekaterinanın hökmranlığı ərzində ölkə Avropa müharibəsinə cəlb edilmədi, çünki 

63 
 
imperatriça  bir  sıra  Qərbi  Avropa  millətləri  ilə  ciddi-cəhdlə  bağlanan  ərazi 
razılaşmalarına sadiq olaraq qalırdı. 
Yekaterinanın  şöhrəti  1787-ci  ildə  Potyomkin  tərəfindən  təşkil  edilmiş 
Krıma  səyahət  vaxtı  öz  kulminasiya  nöqtəsinə  çatdı.  “Min  bir  gecə” 
nağıllarındakına  bənzər  bayram  atmosferində  imperatriça  ölkəni  dolandı  ki,  yeni 
əyalətləri  öz  mülkiyyətinə  götürsün.  Avstriya  imperatoru,  Polşa  kralı  və  saysız-
hesabsız  diplomatlar  onu  şərəfləndirməyə  və  Kidn  çayındakı  “Kleopatra 
donanması”  kimi  məşhurlaşan  bu  təmtəraqdan  həzz  almağa  gəlmişdilər.  Çünki 
Yekaterina  və  onun  sarayı  müəyyən  qədər  su  ilə  hərəkət  etdi.  Öz  adını  daşıyan 
şəhəri  müqəddəslik  haləsində  təqdis  etdi  və  elan  etdi  ki,  bütövlükdə  o, 
Konstantinopola çatmaq niyyətindədir. 
Avropanın bütün tac gəzdirən başları kimi Yekaterina Fransız inqilabından 
ciddi surətdə qorxu hiss etdi. Krallığın ilahi hüququ və kübarlıq sərt sual qarşısında 
cavab  verməli  olmuşdu  və  baxmayaraq  ki,  Yekaterina  “maarifçiliyin  dostu”  idi, 
lakin  özünün  imtiyazlarının  məhdudlaşdırılması  barədə  onun  heç  bir  niyyəti  yox 
idi:  “Mən  kübaram,  bu  mənim  sənətimdir”.  1790-cı  ildə  yazıçı  A.N.Radişşev 
təhkimçiliyin sui-istifadələrini açıq tənqid edən əsərini çap etdirməyə cəhd etdikdə, 
ölümə məhkum edildi, sonra bağışlansa da, sürgünə göndərildi. İstehza orasında idi 
ki,  Radişşev  ideyalarını  Yekaterinanın  1767-ci  ildəki  Təlimatına  çox  yaxın  bir 
şəkildə  ifadə  etmişdi.  1767-ci  ildəki  Təlimatında  o,  təhkimçilik  institutu,  işgəncə 
və ağır cəza məsələlərinə toxunurdu, qanun qarşısında bütün adamların bərabərlik 
prinsipini  müdafiə  edirdi.  Lakin  bir  il  yarım  davam  edən  danışıqlar  çox  az  real 
dəyişikliklər əmələ gətirdi.  
Polşa  da  Fransanın  nümunəsindən  fərəhlənərək,  liberal  konstitusiya  üçün 
təşviqat  aparmağa  başladı.  1792-ci  ildə  inqilab  təhlükəsi  bəhanəsi  ilə  Yekaterina 
qoşunları  göndərib  sonrakı  ili  Qərbi  Ukraynanın  əksər  hissəsini  anneksiya  etdi, 
Prussiya da Qərbi Polşanın böyük ərazisini tutmaqla öz məsələsini həll etdi. 1794-
cü ildə Tadeuş Kostyuşkonun başçılıq etdiyi milli üsyan qalxdı, Yekaterina Polşanı 
Avropanın  xəritəsindən,  onu  Rusiya,  Prussiya  və  Avstriya  arasında  1795-ci  ildə 
bütünlüklə bölməklə sildi.  
Yekaterinanın  son  illəri  XVI  Luinin  edam  edilməsi  ilə  narahatlıq  çalarına 
büründü. İnqilabi ordular irəli gedir, radikal ideyalar yayılırdı. İmperatriça belə bir 
fikirə gəldi ki, onun yararlı varisi yoxdur. O, hesab edirdi ki, oğlu Pavel səriştəsiz 
və  tarazlığı  pozulmuş  bir  adamdır.  Onun  nəvəsi  Aleksandr  isə  hökmdarlıq  üçün 
çox  cavan  idi.  17  noyabr  1796-cı  ildə  Yekaterina  Sankt-Peterburqda  zərbə 
vurmasından öldü. 
Yekaterinanın  hökmranlığının  sonunda  Rusiya  qərbə  və  cənuba  tərəf  öz 
ərazisini  200  min  kvadrat  mil  genişləndirdi.  Rusiya  hökmdarlarının  Bosfor 
boğazını (bu Qara dənizi Egey dənizi ilə birləşdirirdi) ələ keçirmək barədəki qədim 
arzuları  bu  vaxt  cazibədar  bir  məqsədə  çevrilmişdi.  Öz  idarəçiliyinin  sonunda 
Yekaterina iddia edirdi ki, o, 29 əyaləti öz inzibati islahat planı hesabına yenidən 
qurmuşdur. O, bir çox layihələrə investisiyalar qoymuşdu. Yüzdən çox yeni şəhər 
salınmışdı.  Köhnə  şəhərlər  genişləndirilmiş  və  müasirləşmişdi.  İstehlak  üçün 
mallar  istehsalına  başlanmışdı,  ticarət  genişlənmiş  və  kommunikasiyalar  inkişaf 

64 
 
etdirilmişdi.  Bu  nailiyyətlər  hərbi  qələbələri  və  onun  parlaq  sarayının  şöhrəti  ilə 
birlikdə,  axırıncıya  Avropanın  böyük  zəkaları  cəlb  olunurdu,  ona  tarixdə  ehtiram 
olunan bir yer bəxş etdi. Təsadüfən deyildir ki, Volter öz rus tanışlarından birinə 
yazdığı məktubda II Yekaterinanı “şimal ulduzu” adlandırmışdı və əlavə edirdi ki, 
“Mən  yalnız  üç  şeyə:  azadlığa,  dözümlülüyə  və  sizin  imperatriçanıza  pərəstiş 
edirəm”. 
Yekaterina isə öz növbəsində böyük filosofa ehtiramını ifadə edirdi: “1746-
cı  ildən  mən  sizə  olan  böyük  bir  borcun  altındayam.  Ondan  əvvəlki  dövrdə  mən 
romanlardan başqa heç nə oxumamışdım, lakin sizin əsərləriniz təsadüfən mənim 
əlimə düşəndən onları oxumağı heç vaxt dayandırmadım və sizə nisbətən pis və az 
təlimat verən kitabları bir daha arzulamadım”. 
Rusiya imperatriçası Deni Didronu ölkəsinə dəvət etdi və gəlib çıxanda ona 
təlqin etdi ki, “adamla adam kimi” mülayim qaydada danışaq. Didro bunu etdi və 
uzağa  gedən  siyasi  və  maliyyə  islahatları  barədə  məsləhətlər  verdi.  Lakin 
Yekaterinanın  maarifçilik  islahatı  bədbincəsinə  qarşılanırdı.  O,  Didroya  deyirdi: 
“Əgər  mən  inansam  ki,  hər  şey  mənim  səltənətimdə  aşağı  tərəfə  dönəcək: 
qanunvericilik,  inzibatçılıq,  maliyyə  -  bunların  hamısı  baş-ayaq  olacaq,  onda 
onların  hamısı  praktiki  olmayan  nəzəriyyələrə  ev  qurmağa  çevriləcəkdir”. 
Maarifçilik islahatı Yekaterina üçün reallıqdan daha çox bir arzu olaraq qaldı. Ona 
görə də daha böyük qüdrət və daha çox əhəmiyyətə sahib olmaq üçün müharibələr 
aparmağa başladı. 
Yekaterinanın  tənqidçiləri  onun  enerjisini  və  inzibati  qabiliyyətini  etiraf 
etməklə  yanaşı,  hökmranlığının  nailiyyətləri  üçün  onun  öz  tərəfdarlarına  borclu 
olduğunu  iddia  edirlər.  Rusiya  cəmiyyətinin  tarixi  inkişafı  isə  imperatriçanın 
xidməti idi. Onlar Yekaterinanı qadın kimi mühakimə etdikdə isə, onunla olduqca 
sərt davranırdılar. 
Onun  şəxsi  həyatı,  etiraf  edildiyi  kimi,  heç  də  nümunəvi  deyildi.  O,  67 
yaşında  gözlənilməyən  ölüm  anına  qədər  gənc  məşuqlara  malik  idi.  Potyomkinlə 
sevişməsi başa çatdıqdan sonra o, bəlkə də imperatriçanın morqanatik əri idi, rəsmi 
favoritlər ən azı bir düjin dəfə dəyişilmişdi. O, qəşəng, elə bir əhəmiyyəti olmayan 
gənc oğlanları seçirdi, onlar birinin dediyi kimi, yalnız “qızlar saxlayırdılar”. Ona 
görə  də,  çox  vaxt  onun  böyük  işləri  əvəzinə  qüsurlu  əxlaqı  yada  salınır.  Latın 
aforizmində deyilirdi: “Ağıllı adam öz meyllərini idarə edir, səfeh adam isə onun 
köləliyində  olur”.  Yekaterinanı  səfeh  adam  adlandırmaq  ədalətsiz  olardı. 
İmperatriça  məhəbbət  anlarını  yaşamaqla  yanaşı  saysız-hesabsız  əyləncələri 
sevirdi, lakin onlar bu qadını başqalarından ayırırdı. O, öz oğlu Paveli sevmirdi, bu 
adam  isə  qanuni  varis  idi  və  ana  onun  taxt-tacını  tutmuşdu.  Digər  tərəfdən  o,  öz 
nəvələrinin vurğunu idi, xüsusən də böyük nəvəsi Aleksandrın. Yekaterina istəyirdi 
ki, məhz bu nəvəsi onu taxt-tacda əvəz etsin. Dostluğunda o, loyal və əliaçıq idi, 
adətən  öz  düşmənlərinə  rəhmdillik  göstərirdi.  Bu  sahədə  “clementia”nı  – 
“rəhmdilliyi”  öz  həyat  devizi  etmiş  Qay  Yuli  Sezara  bənzəyirdi.  Avropanın  ən 
görkəmli zəkaları isə onun barəsində bütövlükdə şişirdilmiş təriflər söyləyirdilər. 
Volterin  və  Didronun  dostu  olmaqla,  o,  bu  filosoflarla  məktublaşırdı.  O, 
ədəbiyyatın himayəçisi və Rusiya mədəniyyətini irəli aparan idi. O, özü də yazırdı, 

65 
 
elmləri təqdir edirdi, məktəblər yaradırdı. Rəssamlıq nümunələrini toplayırdı, özü 
də hər şeyə ehtirasla yanaşırdı. 
Yekaterinanın tam açıq şəkildə memuarlarını və məktublarını oxuduqca, biz 
canlı  və  hər  şeyə  nüfuz  edən  bir  ağılı  müşahidə  edirik.  O,  özünün  maarifçilik 
prinsiplərini  və  Rusiyanın  kədərli  feodal  gerçəkliyini  müəyyən  mütənasibliyə 
gətirməyə və barışdırmağa çalışır. II Yekaterina tikirdi, fəth edirdi, ölkəni islahata 
uğradır və onun həyatını təşkil edirdi, qururdu. Bu məsələlərdə o, heç də orijinal 
nümunə  ola  bilməzdi,  çünki  XVIII  əsrin  bütün  böyük  monarxları  özlərini  belə 
aparırdılar. 
I Pyotrun vəfatından 18 il sonra Avropanın bu qızının Rusiyaya gəlməsini, 
o,  özü  çarın  sivilizasiyaya  və  böyüklüyə  doğru  hərəkətinin  davamı  kimi  hesab 
edirdi. Naməlum ölkəyə yollanan və imperator hissiyyatı ilə, ağalıq ambitsiyaları 
və  Prussiya  kralının  intriqaları  ilə  cuşə  gələn  bu  yeniyetmə  qız  böyük  macəralar 
yoluna qədəm qoymuşdu. 
Yekaterina məhəbbəti lazım olan yerlərdə axtarmırdı. “Özüm haqqında deyə 
bilərəm  ki,  qadın  ağlı  ilə  deyil,  məhz  daha  çox  kişi  ağlı  ilə  fərqlənən  həqiqi 
centlmenəm”.  O,  Potyomkinə  yazmışdı:  “Bəla  orasındadır  ki,  ürəyim  bir  saat  da 
olsun sevgisiz yaşamaq istəmir. Məni həmişəlik öz yanında saxlamaq istəyirsənsə, 
onda bərabər dərəcədə öz sevgini və dostluğunu göstər, hər şeydən daha çox yalnız 
məni sev və mənə həqiqəti de”. 
Rusiyada  baş  çıxarmaq,  onu  idarə  etmək  asan  məsələ  deyildi.  Yenicə 
dünyaya gəlmiş ABŞ kimi Rusiya da quldarlıq ölkəsi idi. Rus tarixçilərindən fərqli 
olaraq  Qərb  tarixçiləri,  Qərb  ictimaiyyəti  təhkimçiliyi  quldarlığın  bir  növü  hesab 
edirlər.  İngiltərə  bu  kölə  sistemindən  hələ  XIV  əsrdə  uzaqlaşmışdı.  Bu  ona  görə 
quldarlıq  hesab  olunur  ki,  təhkimçilik  quruluşunda  təhkimçi  kəndlilər  özəl 
mülkiyyət hesab olunmaqla, onu satmaq və almaq olardı. 
Amerikanın  bani-ataları  kimi,  Yekaterina  tezliklə  Maarifçilik  epoxasına 
özünün  entuziazmı  ilə  quldarlıq  arasındakı  paradoksla  barışmaq  məcburiyyətində 
qaldı.  O,  Volterlə  və  Avropa  maarifçiliyinin  digər  nəhəngləri  ilə  yarım  açıq 
yazışmasında  insan  haqları  məsələsini  müzakirə  edirdi.  Bu  yazışma  da  ictimai 
intellektin  və  diplomatiyanın  incisinə  çevrildi.  Fransız  ensiklopedisti  Deni  Didro 
bir neçə ay Sankt-Peterburqda Yekaterinanın qonağı olmuşdu, həm də imperatriça 
Didronun kitabxanasını almışdı. O, həmin dövrdə Avropada satışa çıxarılan köhnə 
dahi  rəssamların  kolleksiyalarının  bir  hissəsini  almaqla  avropalılara  göstərdi  ki, 
“Şərqdə qardan və canavarlardan başqa da nəsə vardır”. 
Yekaterinanın  şəxsi  həyatının  mürəkkəbliyi  ucbatından  onu  tarixçilər  daha 
çox  qınayırlar.  Yekaterinanın  bütün  ömrü  boyu  12  məşuqu  olmuşdur.  Onlardan 
bəziləri  ilə  o,  uzun  müddətli,  ehtiraslı  və  tam  sədaqətə  əsaslanan  münasibət 
saxlayırdı.  Onlardan  bəziləri  dahi  şəxsiyyətlər  idi.  Məsələn,  Qriqori  Orlov 
Yekaterinaya ağlı taraz olmayan əri III Pyotru devirib, öldürməkdə kömək etmişdi. 
Digəri,  Qriqori  Potyomkin  Rusiyanın  cənubunda  türklərdən  nəhəng  ərazilər 
almışdı.  II  Yekaterina  öz  məşuqu  Potyomkini  “epoxanın  ən  böyük  orijinalı” 
adlandırırdı.  Onun  digər  məşuqları  yaxşı  görünüşü  olan  gənc  kişilər  idi,  lakin  bu 
münasibətlər uzun sürmürdü. 

66 
 
Ancaq Yekaterina epoxasında hər bir şəxsi iş də siyasət hesab olunurdu, bu 
qadın da öz məşuqlarından çoxu ilə intim əlaqələri kəsildikdən sonra da onlardan 
istifadə  etməsini  davam  etdirirdi.  Onlardan  biri  olan  Stanislav  Ponyatovskini 
Polşanın kralı etdi və məhz onun vaxtında polyakın doğma vətəni parçalandı, sonra 
isə Rusiya imperiyasının tərkibində əridi. 
Lakin  belə  seriya  şəkilli  təknikahlılıq  heç  də  Yekaterinanın  hissiyyatı  ilə 
izah  olunmur.  O,  sevmək  və  sevilmək  istəyirdi.  O,  iyrənc  əri  ilə  emosional 
vakuumda yaşayırdı. Potyomkinə yazdığı  məktubdan görünür ki, ona  təkcə fiziki 
məmnuniyyət deyil, həm də ağıllı və sevilən dostluq ünsiyyəti lazımdır. O, 16 yaşı 
olanda  psixi  vəziyyəti  ümid  doğurmayan  yeniyetməyə  ərə  getmişdi  və  bu  ər 
doqquz  il  ərzində  nikah  çarpayısında  ona  toxunmamışdı.  Sonralar  Fransa  kralı 
olmuş  XVI  Lui  də  gənc  arvadı  Mariya  Antuanetta  ilə  yeddi  il  ərzində  intim 
yaxınlıq etməmişdi, bu onun cinsi orqanındakı fəsadla əlaqədar idi və yalnız qaynı, 
gələcək  Müqəddəs  Roma  imperatoru  II  İosifin  təkidindən  sonra  üzərində 
cərrahiyyə  əməliyyatı  aparılmasına,  əslində  özünə  sünnət  olunmasına  razılıq 
verdikdən və əməliyyat uğurla başa çatdıqdan sonra gözəl xanımı ilə əsl ər-arvad 
münasibətləri saxlaya bilmişdi. 
Yekaterinanın üç uşağını elə doğum anında qarayaxa və qısqanc ögey nənə 
olan  Rusiya  imperatriçası  Yelizaveta  onun  əlindən  almışdı.  Yaşa  dolduqca  o, 
gənclik  fəvvarəsini  axtarmağa  maraq  göstərmişdi.  O,  özünü  gənc  qadın  kimi 
aparmaq  istəyirdi,  bunu  ehtirasla  və  cavan  kişilərə  uymaqla  eyniləşdirirdi. 
Yekaterina təkcə Rusiyanın tiranı deyildi, həm də canı və qanı olan bir qadın idi.  
Bir imperatriça kimi isə o, öz ölkəsinin sərhədlərini genişləndirməyə can atır 
və  buna  əsasən  nail  olurdu.  Bu  məsələdə  də  o,  Böyük  Pyotrun  ləyaqətli  varisi 
olduğunu bir daha sübuta yetirdi. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə