Bəşər səmasına yüksələnlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/20
tarix28.04.2017
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   20

 
Tomas Cefferson 
Fermopil keçidindəki döyüşün qəhrəmanı, Sparta çarı Leoniddən soruşduqda 
ki,  niyə  adamlar  şərəfli  ölümü  şərəfsiz  həyatdan  üstün  tuturlar,  o,  cavab  verdi: 
“Onlar  hesab  edirlər  ki,  həyat  və  ölüm  təbiətin  işidir,  şərəf  və  şərəfsizlik  isə 
bizim”. 
Plutarx 
Azmağa minlərlə yol aparır, həqiqətə isə yalnız biri. 
Jan-Jak Russo 
Birləşmiş  Ştatların  üçüncü  prezidenti,  İstiqlaliyyət  Deklarasiyasının  əsas 
müəllifi  və  nüfuzlu  siyasi  filosof  Tomas  Cefferson  13  aprel  1743-cü  ildə 
Virciniyanın  Albemarl  qraflığının  Şadyell  şəhərində  anadan  olmuşdu.  Onun  atası 
qraflığın  ilkin  məskunlarından  biri  və  lideri  idi.  Tomasın  14  yaşı  olanda  atası 
ölmüşdü  və  oğluna  xeyli  mülkiyyət  qoyub  getmişdi.  Bu  irsin  hesabına  o,  yaxşı 
klassik təhsil almışdı. 1760-cı ildə o, Uilyam və Mariya kollecinə daxil olmuşdu. 
Gənc  olmasına  baxmayaraq  Uilyamsburqun  üç  aparıcı  sakini  ilə  dostluq  etmişdi. 
Bu  üç  xeyli  yaşlı  adam  Ceffersona  şəhər  cəmiyyətinin  dəyərlərinə,  yaxşı 
cəhətlərinə  zövq  aşılamışdılar.  Onlardan  biri  onu  intellektual  həvəsə 
istiqamətləndirmiş,  digəri  onda  təbiət  elmlərinə,  tədqiqatın  rasional  metodlarına 

67 
 
maraq  oyatmışdı.  Üçüncüsü  isə  ona  tarixi,  mədəniyyəti,  institutları  və  adamların 
əxlaqını başa düşməklə, qanunu öyrənməyin yolunu göstərmişdi. 
Kolleci iki ilə bitirdikdən sonra axırıncının rəhbərliyi altında beş il qanunu 
öyrənməklə məşğul olmuş və 1767-ci ildə vəkilliyə qəbul edilmişdi. 1769-cu ildə 
isə  o,  koloniya  qanunvericilik  parlamentinin  aşağı  palatasına  daxil  olmuş  və 
beləliklə,  gələcəkdə  onun  Birləşmiş  Ştatların  prezidentliyindən  istirahətə 
yollanacağı  vaxta  qədərki  40  il  müddətində  davam  edən  uzun  siyasi  karyerası 
başlanmışdı. 
Cefferson burgess palatasına daxil olanda Virciniya və digər koloniyalar on 
il  ərzində  Britaniyanın  müstəmləkə  siyasətinə  qarşı  müxalifət  mövqeyində 
dayanmışdı,  bu  isə  labüd  olaraq  inqilaba  və  müstəqilliyə  aparacaqdı.  Cefferson 
Patrik  Henri  ilə  yanaşı  daim  kral  III  Corca  güclü  müqavimət  göstərən  digər 
şəxslərə  qoşuldu  və  tezliklə  bu  qrupun  liderlərindən  birinə  çevrildi.  Onun  siyasi 
üslubu  Henrininkindən  çox  fərqli  idi.  O,  bir  alim  kimi  qanunçuluq  və  tarix 
sahəsindəki  biliyini  Böyük  Britaniyaya  qarşı  olan  hərəkatı  daha  məharətlə 
dəstəkləməyə  sərf  edirdi.  O,  nadir  hallarda  çıxış  edirdi,  söz  müzakirələrini 
sevmirdi, səmərəli siyasi fəaliyyət üçün razılaşmanın zəruri olmasını qəbul edirdi. 
Onun  ilk  essesi  olan  “Britaniya  Amerikası  haqlarına  məcmu  baxış”  (1774-cü  il) 
onun  güclü  qabiliyyətini  və  ehtirasını  nümayiş  etdirirdi,  intellektual  radikalizmə 
meylini  açıb  göstərirdi.  Bu  vaxt  onun  kolleqalarından  heç  kəs  Britaniya 
parlamentinin  qanunvericiliyə  görə  koloniyalar  üçün  heç  bir  səlahiyyətə  malik 
olmadığı  barədə  gəldiyi  nəticəni  qəbul  etməyə  hazır  deyildi.  Ancaq  Böyük 
Britaniya ilə münasibətlər getdikcə daha da pisləşirdi. 
Onun arqumentləri daha qəbul edilən olmaqla, dili isə həm inandırıcı, həm 
də adamları hərəkətə gətirən idi. “Allah bizə həyat verməklə, eyni zamanda azadlıq 
vermişdir; güc əli onları məhv edə bilər, lakin bir-birindən ayıra bilməz”. 
1775-ci  ilin  yazında  Virciniya  qanunvericiliyi  kral  qubernatoruna  açıqca 
tabe  olmamaqla,  inqilabi  qurultayını  keçirdi  və  Ceffersonu  Filadelfiyada 
toplaşacaq İkinci Kontinental Konqressə yollanacaq öz nümayəndə heyətinin üzvü 
təyin etdi. Burada o, Konqressdəki radikal qrupa qoşuldu və bir komitə üzvü kimi 
yenə  də  onun  bacarığı,  yazı  qabiliyyəti  və  yanaşma  üslubu  qiymətləndirildi  və 
bunlardan istifadə edildi. 
1776-cı  ilin  iyununda  Böyük  Britaniya  ilə  əlaqəni  tamam  kəsmək  qərarı 
yaxınlaşdıqca, Cefferson bu qərarın səbəblərini göstərən rəsmi bəyanatın layihəsini 
hazırlayan  komitəyə  təyin  edildi.  İstiqlaliyyət  Deklarasiyasını  hazırlamağa  ondan 
başqa  Con  Adams,  Rocer  Şerman,  Robert  Livinqston  və  Bencamin  Franklin 
seçilmişdi.  Bencamin  Franklin  və  Con  Adams  virciniyalının  yüksək  istedadını 
etiraf  edib,  minnətdarlıq  şəklində  buna  baş  əydilər.  Beləliklə,  Cefferson 
İstiqlaliyyət  Deklarasiyasının  başlıca  müəllifinə  çevrildi.  Bu  rəsmi  dövlət  sənədi 
idi  və  sonrakı  dövrdəki  həyatında  da  o,  bəyan  etmişdi  ki,  bu  sənəd  o  vaxtlar  da 
amerikan rəyini ifadə etmək məqsədini güdürdü. Bu, heç şübhəsiz, doğru idi, lakin 
həm də bu da doğru idi ki, Deklarasiyanın prinsiplərinə onun şəxsi münasibətinin 
özü  də  dərin  və  çox  güclü  idi.  Bu  sadəcə  ədəbi  müəlliflik  deyildi,  Cefferson 
Deklarasiyada ifadə olunan idealların unikal simvolu olmaq düşüncəsini yaradırdı. 

68 
 
II  Kontinental  Konqress  4  iyul  1776-cı  ildə  Filadelfiyada  İstiqlaliyyət 
Deklarasiyasını qəbul etdikdən sonra, Nyu-York istisna olmaqla bütün koloniyalar 
onu qəbul etdi. Tomas Cefferson İstiqlaliyyət Deklarasiyası barədəki mübahisələri 
belə qiymətləndirirdi: 
“İngiltərədə  bizim  dostlarımızın  olması  və  onları  ürkütmək  barədəki 
təhlükəli  fikir  hamının  başında  dolaşırdı.  Ona  görə  də  layihədən  ingilis  xalqını 
təhqir edəcək maddələr pozuldu. Afrika sakinlərinin qul edilməsini məhkum edən 
maddəni  də  biz  pozduq.  Biz  Cənubi  Karolina  və  Corciyanın  maraqlarını  nəzərə 
almalıydıq. Onlar heç vaxt ərazilərinə qul gətirilməsinə məhdudiyyət qoyulması ilə 
razılaşmazdılar”.  Bencamin  Franklin  İstiqlaliyyət  Deklarasiyasını  imzalayanda 
demişdi: “Biz hamımız bir yerdə olmalıyıq, əks təqdirdə bizi bir-bir asacaqlar”. 
İstiqlaliyyət  Deklarasiyasının  müəllifinin  30  yaşı  olanda,  1774-cü  ildə  o, 
krala qarşı pamflet yazmışdı və buna görə Britaniya məhkəməsi onu qiyabi olaraq 
ölüm  cəzasına  məhkum  etmişdi.  İstiqlaliyyət  Deklarasiyası  isə  13  koloniyanın 
Böyük  Britaniyadan  ayrılmasına  əsaslanırdı.  İnsan  ilk  dəfə  azad  cəmiyyətin 
məqsədi və əsası kimi təqdim olunurdu: “Biz aşağıdakı həqiqətləri şübhəsiz hesab 
edirik:  bütün  adamlar  bərabər  yaradılmışlar,  onların  hamısına  öz  Yaradanları 
anadangəlmə və ayrılmaz hüquqlar bəxş etmişdir, onların sırasına həyat, azadlıq və 
xoşbəxtliyə can atmaq hüquqları daxildir. Bu haqların təmin edilməsi üçün insanlar 
arasında  hökumətlər  təsis  edilir,  onlar  idarə  etdiklərinin  razılığı  ilə  ədalətli 
hakimiyyətə  yiyələnirlər.  Əgər  hökumətin  həmin  forması  bu  məqsəd  üçün 
məhvediciyə çevrilirsə, onda xalq onu dəyişdirmək və ya onu məhv etmək və belə 
prinsiplərə əsaslanan yeni hökumət təsis etmək hüququna malikdir. Hökumətin elə 
təşkilinə ki, bu, xalqın rəyinə görə təhlükəsizliyə və xoşbəxtliyə daha çox xidmət 
edəcəkdir... 
...Bu  koloniyaların  xoşniyyətli  xalqı  adından  və  onun  müvəkkilləri  kimi 
təntənəli  surətdə  elan  edir  və  bildiririk  ki,  bu  birləşmiş  koloniyalar  bu  vaxtdan 
etibarən azad və müstəqil ştatlardır, Britaniya taxt-tacının qul mükəlləfiyyətindən 
qurtulmuşlar,  Böyük  Britaniya  ilə  onların  arasındakı  hər  cür  siyasi  əlaqələr 
tamamilə kəsilir və müstəqil və azad ştatlar kimi onlar tam hüquqlara malikdir və 
müstəqil dövlət kimi öz işlərini idarə edirlər”. 
II  Kontinental  Konqressin  bəyəndiyi,  Tomas  Ceffersonun  yazdığı 
İstiqlaliyyət  Deklarasiyası  siyasi  sənəd  kimi  maarifçiliyin  “yaşamaq,  azadlıq  və 
xoşbəxtliyə  can  atmaq”  kimi  təbii  hüquqlarını  təsdiq  etdi  və  koloniyaların 
Britaniya  taxt-tacına  bütün  sədaqətdən  xilas  olmaqla,  azad  və  müstəqil  olacağını 
bəyan etdi. 
Cefferson güman edirdi ki, onun inqilabi manifesti Böyük Britaniyaya qarşı 
qiyama  bəlağətli  qaydada  haqq  qazandırılmasından  da  yüksəkdə  durmalıdır.  O, 
Deklarasiyanın  prinsiplərinin  praktiki  həyatda  öz  əksini  tapmasını  və  Amerikada 
elə  bir  cəmiyyət  yaranmasını  istəyirdi  ki,  orada  cəhdlə  nail  olmaq  arasındakı 
uçurum  daha  dar  olsun.  O,  Virciniyanın  yeni  konstitusiyasının  tərtibində  iştirak 
etməklə buna yaxınlaşmaq istəyirdi və 1776-cı ilin iyununda bu sənəd qəbul edildi. 
Lakin  Filadelfiyada  onun  vəzifələri  bunu  qeyri-mümkün  etdi  və  o,  oktyabr  ayına 
qədər  Virciniya  qanunvericilik  parlamentinə  daxil  olmadı.  Onun  planının  iki 

69 
 
hissəsi  göstərirdi  ki,  o,  təmsilçilik  idarəetməsinin  təbiətini  və  onun  uğurlu 
fəaliyyəti  üçün  lazım  olan  şəraitləri  nəzərdə  tutur.  Onun  üçüncü  ehtiraslı  vədi 
intellektual azadlıqda təcəssüm olunurdu. 
Cefferson  Virciniyada  mülkiyyətin  az  sayda  böyük  torpaq  sahiblərinin 
əlində  cəmləşdirilməsinə  imkan  verən  qanunları  ləğv  etmək  yollarını  arayırdı.  O, 
inanırdı ki, mülkiyyət insanın anadan olması ilə qazandığı təbii hüquqlar sırasına 
daxildir və bu qaydalı şəkildə mövcudluq hüququ mənasını verir. Bir neçə il sonra 
Fransada iqtisadi vəziyyəti müşahidə etdikdən sonra o, yazırdı: 
“Hər bir ölkədə olduğu kimi burada da becərilməyən torpaqlar və işləməyən 
yoxsul  adamlar  vardır.  Bu  aydındır  ki,  mülkiyyət  qanunları  təbii  hüquqa  təcavüz 
etməyə qədər genişlənmişdir. Yer, adama onun işləməsi və onun üstündə yaşamaq 
üçün  dayaq  məkanı  kimi  verilmişdir.  Bu,  fərasəti  həvəsləndirmək  üçündür,  biz 
onun  müsadirə  olunmasına  icazə  veririk,  biz  ona  qayğı  göstərməliyik  ki,  hər  bir 
işçi  bu  müsadirədən  çıxarılan  paylarla  təmin  edilsin.  Əgər  biz  əmək  üçün 
fundamental hüququ tətbiq etməsək, yer istifadəsiz qalana çevriləcəkdir”. 
Bu  hüququ  inkar  edən  cəmiyyət  ədalətli  ola  bilməz,  bu  heç  arzu  olunan 
respublika hakimiyyətindən istifadəyə də bənzəməz. 
Virciniya üçün təklif olunan təhsil sistemi Ceffersonun respublika idarəçiliyi 
ilə bağlı olan planın digər  bir hissəsi idi. Aşağı  (ibtidai) məktəblər  bütün  əhaliyə 
savadlılıq  verəcəkdi.  Bu,  azad  mətbuatla  birlikdə  ictimai  rəyi  məlumatlandırmaq 
üçün vacib idi. Yuxarı məktəblər təbii kübarlığı liderlik səviyyəsinə qaldıracaqdı, 
bu  isə  təmsilçi  hökumət  üçün  vacib  idi.  Bu  vaxt  alimlik  ləyaqət  əsasında 
mükafatlandırılmaqla,  təhsil  imkanının  iqtisadi  imtiyazlarla  eyniliyinin  qarşısını 
alacaqdı.  Cefferson  inanmırdı  ki,  cahil  adam  ictimai  işlər  barədə  rasional  və 
məsuliyyətli qərarlar verə biləcəkdir. O, adamların qabiliyyət sahəsində də bərabər 
olmasına inanmırdı. O, güman edirdi ki, fövqəl qabiliyyətlərə malik olan adamlar 
təbii  olaraq  ictimai  vəzifəyə  yarayırlar  və  onun  təhsil  sxemi  belə  bir  niyyəti 
güdürdü ki, həmin adamlar iqtisadi şəraitlərindən asılı olmayaraq öz istedadlarını 
inkişaf  etdirə  bilsinlər.  Ceffersonun  virciniyalı  sirdaşları  hərtərəfli  azad  ictimai 
təhsil  sisteminə  hazır  deyildilər.  Planlaşdırdıqlarından  yalnız  birini  o,  Virciniya 
universitetinin timsalında qoruyub saxlamışdı.  
Virciniya qanununda üçüncü və ən mühüm islahat dini azadlıq üçün nəzərdə 
tutulan tədbirlər idi. Bu islahat çox acı və qızğın müqavimətlə qarşılandı və 1786-
cı ilə kimi qüvvəyə minmədi. Bu vaxt isə Cefferson Fransada idi. 
Virciniyada olduğu kimi bir sıra ştatlarda vahid kilsə qurulmuşdu, digərləri 
isə  protestantlara  görə  azaldılmışdı.  Virciniya  qanunu  nəzərdə  tuturdu  ki,  ştatla 
kilsə arasındakı ənənəvi əlaqəni bütünlüklə yox etsin. Qanun ictimai vergi vasitəsi 
ilə  hansısa  dini  dəstəkləməyi  qadağan  edirdi.  Cefferson  bu  qanunu  müəyyən 
dərəcədə  öz  andının  icrası  kimi  qiymətləndirirdi:  “Adamların  şüuru  üzərində 
tiraniyanın  istənilən  formasına  qarşı  əbədi  düşmənçiliyə  mən  Allahın  mehrabı 
qarşısında and içmişəm”. 
Üç  il  qanunvericilikdə  işlədikdən  sonra  Cefferson  1779-cu  ildə  Virciniya 
ştatına  qubernator  seçildi  və  bu  vəzifədə  iki  il  işlədi.  Vəzifənin  məsuliyyəti  çox, 
səlahiyyəti  isə  az  idi.  1780-1781-ci  illərdə  Virciniya  Britaniya  qüvvələrinin 

70 
 
hücumuna  məruz  qaldıqda  Cefferson  səmərəli  müqavimət  göstərməyi  təşkil  edə 
bilmədi  və  özü  əsir  düşməkdən  böyük  çətinliklə  qaça  bildi.  Fövqəladə  şəraitdə 
onun davranışı tənqidə layiq idi, baxmayaraq ki, qanunverici orqan ona yekdilliklə 
etimad göstərmişdi. Yenidən qubernator işləməkdən o, imtina etdi və özəl vətəndaş 
kimi Montiçelloda yaşamaq üçün istirahətə yollandı. 
Bu  qərarın  qəbul  olunması  üçün  digər  böyük  bir  səbəb  də  var  idi.  O, 
arvadının  səhhətinə  görə  həyəcan  keçirirdi.  Marta  Ueyms  Skelton  ona  beş  uşaq 
doğmuşdu,  onlardan  yalnız  ikisi  sağ  qalmışdı.  1781-ci  ildə  altıncı  uşağını 
doğandan sonra sağala bilmədi və vəfat etdi. Ceffersonun hüznü ölçüyə sığmırdı. 
Lakin  arvadı  ilə  münasibətlər  barədə  onunla  məktublaşmalarda  detallar  öz  əksini 
tapmır.  Onların  nikahı  qeyri-adi  bir  xoşbəxt  ittifaq  idi,  lakin  göründüyü  kimi, 
Cefferson  bunu  qoruyub  saxlaya  bilməmişdi,  dağıtmışdı.  Çünki  o,  bütünlüklə 
götürüldükdə, tənha adam idi. 
Qubernatorluqdan istirahətə getdikdən sonra Cefferson “Virciniya qeydləri” 
adlı  yeganə  əsərinin  əsas  hissəsini  yazdı.  Kitabda  onun  üzərinə  düşən 
bədbəxtliklərlə  əlaqədar  yaranan  emosiyalarını  cilovlaya  bilməsi  aydın  görünür. 
“Qeydlər”də  quldarlıq  məsələsinə  toxunulur,  onun  həm  ağlara,  həm  də  qaralara 
təsiri  göstərilir.  Ardıcıl  olaraq  quldarlığa  qarşı  olmasına  baxmayaraq, 
abolyutsionizmin  (quldarlığı  qadağan  etmək  uğrundakı  hərəkat)  bir  mühüm 
maneəsini  təsvir  edir.  O  vaxtlar  belə  bir  inam  var  idi  ki,  ciddi  irqi  fərqlərə  görə 
qaralar və ağlar birlikdə dinc və harmoniyada yaşaya bilməzlər. O, təsdiq edirdi ki, 
fiziki gözəllikdə qaralar aşağıda dayanırlar, onlar irəlini görməkdən məhrumdurlar, 
yaddaşda  onlar  ağ  irqlə  bərabər  olsalar  da,  idrak  və  təxəyyüldə  ağlardan 
aşağıdırlar.  O,  hətta  qulların  oğurluğa  meylli  olması  barədəki  ittihamları  da  bir 
nümunə kimi misal gətirirdi. “Bizim təəssüfümüzə rəğmən deyilə bilər ki, bir əsr 
yarımdır  ki,  biz  qara  və  qırmızı  dərili  adamları  gözlərimiz  qarşısında  görürük, 
onlara heç vaxt bizim tərəfimizdən təbii tarixin subyektləri kimi baxılmamışdır”. 
O, Virciniya qanunvericilik orqanında Qədim Roma pretsedentinin arxasınca 
gedib, fövqəladə vəziyyət vaxtı müvəqqəti diktatura qurmaq barədə iki dəfə təkrar 
edilən  təklifi  tənqid  edirdi:  “Belə  fikrin  özü  xalqa  qarşı  xəyanətdir,  ümumilikdə 
bəşəriyyətə  qarşı  xəyanətdir.  Bu  onların  boynunu  aşağı  əyən  zəncirin  əbədi 
müddətə  bağlanması  olmaqla,  onların  istismarçısına  fayda  verir,  bununla 
axırıncılar  bütün  kainata  respublika  hökumətinin  kəmağıl  olduğu  barədə  təbil 
çalacaqlar,  təzyiq  göstərən  təhlükə  yarandığı  vaxtlarda  isə  bu,  onları  zərbədən 
qoruyacaqdır”. 
1782-ci ilin dekabrında o, ictimai xidmətə qayıtdı və bir neçə ay Kontinental 
Konqressdə Virciniya nümayəndə heyətinin üzvü oldu. Bu dövr ərzində Virciniya 
Ohayo  çayının  şimali-qərbindəki  zonanı  milli  hökumətə  verdi,  müstəmləkə 
dövründə buna kralın qrantına görə iddia edilmişdi. Cefferson belə bir prinsipi irəli 
sürdü  ki,  torpaqlar  əvvəlki  kimi  müstəmləkə  ərazisi  olmayacaqdır.  13  ştat  elə 
zonalara  bölünəcəkdir  ki,  nəzərdə  tutulan  əhaliyə  və  təşkilatlanmaya  malik  olsun 
və  13  əvvəlki  koloniyaya  bərabər  kimi  Birliyə  daxil  olsun.  O,  həmçinin  bunu  da 
əlavə  edirdi  ki,  1800-cü  ildən  sonra  bu  ərazidə  və  Birləşmiş  Ştatların  gələcəkdə 
malik olacağı hansısa digərlərində quldarlıq qadağan olunacaqdır. Bu maddə bircə 

71 
 
səslə keçmədi. Buna bənzər qərar Şimali-Qərb Ordinansına əlavə olundu, lakin bu 
şərt yalnız həmin ərazidə tətbiq olunacaqdı. Əgər Ceffersonun orijinal təklifi qəbul 
olunsaydı,  onda  quldarlıq  Luiziana  Satınalınmasının  bütün  zonasında 
qanundankənar olacaqdı. O, özü sonralar bunu belə izah edirdi: “Beləliklə, biz bir 
nəfərin  sözündən  asılı  olacaq  milyonlarla  doğulmamışların  taleyini  görürdük  və 
Göylər həmin qorxulu vaxt dinməz qalmışdı”. 
1784-cü ildə Cefferson Bencamin Franklinə və Con Adamsa qoşulmaq üçün 
Fransaya yollandı. Onlar birlikdə Avropa dövlətləri ilə müqavilələr bağlamaq üçün 
danışıqlar aparırdılar. Bir neçə aydan sonra o, Birləşmiş Ştatların fransız hökuməti 
yanında elçisi kimi Franklini əvəz etdi. Onun üstünə düşən diplomatik vəzifələr elə 
ağır deyildi və Paris ona intellektual və incəsənət xadimləri cəmiyyətini təklif etdi, 
axı o, hələ Uilyam və Mariya kollecinin tələbəsi olarkən bu sahələrdə öz istedadını 
nümayiş etdirmişdi. Burada o, teatra və operaya qulaq asmağa gedirdi, muzeylərdə 
olurdu.  Burada  o,  özünün  kitaba  olan  ehtirasını  söndürə  bilirdi.  O,  Fransa  və 
fransızları sevirdi, lakin onlara qarşı olan tənqidi münasibətini də gizlətmirdi. O, öz 
qızlarını xarici ölkədə ərə vermək istəmirdi və onları 17 yaşı keçdikdən sonra geri, 
Virciniyaya qaytardı. 
İstiqlaliyyət Deklarasiyasının və Virciniya Dini Azadlıq Qanununun müəllifi 
kimi o, markiz de Lafayet kimi mülayim liderlərə xeyli təsir göstərmişdi və Fransız 
inqilabının  erkən  səhnələrində  onların  cəhdlərinin  gələcəyinə  nikbinliklə  baxırdı. 
Bu onun həyatının ən böyük intellektual səhvi idi. İnqilabı Fransa, demək olar ki, 
Birləşmiş  Ştatların  İstiqlaliyyət  müharibəsinin  uğuru  üçün  heç  nə  ilə  kömək  edə 
bilmədi.  O,  gərək  arzu  ediləni  gerçəklik  kimi  (“wishful  thinking”  məşhur  ifadəsi 
qaydasında)  qələmə  verməyəydi.  Cefferson  yalnız  inqilabın  açılış  səhnəsini 
müşahidə etmişdi, çünki 1789-cu ilin sonunda Birləşmiş Ştatlara dönmüşdü. 
1787-ci  ildə  Filadelfiyada  layihəsi  hazırlanmış  Konstitusiya  Konfederasiya 
qanunlarını  əvəz  etdi.  Bu  Konstitusiya  sonrakı  ili  ratifikasiya  edildi.  Cefferson 
sənədin  çox  hissəsini  bəyənmişdi,  lakin  insan  haqları  maddələrinin  öz  əksini 
tapmamasına  tənqidi  surətdə  yanaşırdı.  O,  həmçinin  ümumi  təhsil  və  tam  din 
azadlığı planının həyata keçməsi üçün Konstitusiyanın təftiş edilməsi təklifini irəli 
sürdü. O, inanırdı ki, ictimai ləyaqət o vaxt yaxşı vəziyyətdə olacaqdır ki, xalq və 
onun  liderləri  arasında  uçurum  olmasın.  O,  güman  edirdi  ki,  “idarə  edənlər 
pozulacaq  və  öz  səlahiyyətlərindən  sui-istifadə  edəcəklər,  xalq  isə  yalnız  pul 
qazanmağı  düşündüyünə  görə  özünü  unudacaq  və  öz  haqlarına  hörmət  borcunu 
səmərəli etmək üçün heç vaxt birləşmək barədə düşünməyəcəkdir”. 
Ceffersonun  belə  düşüncəsi  respublika  hökumətinin  xalqın  sadəlövh  və 
nəhayətsiz  inamına  əsaslanması  variantından  irəli  gəlirdi.  Respublika  hökuməti 
yalnız  aşağıdakı  müəyyən  şəraitlərdə  uğurlu  fəaliyyət  göstərəcəkdir:  mülkiyyətin 
geniş şəkildə bölünməsi və ya vicdanla qazancdan asılı olan həmin təmin olunmuş 
insanların  mövcudluğuna  nail  olunması;  ictimai  ləyaqətin  aşağı  düşməsini 
kompensasiya  etməyi  nəzərdə  tutan  qanunların  və  institutların  olması.  Virciniya 
üçün təklif edilən təhsil sistemi də Ceffersonun respublika idarəçiliyi ilə bağlı olan 
inamının bir hissəsi idi. 

72 
 
1789-cu  ilin  payızında  Virciniyaya  qayıdanda  ABŞ-ın  birinci  prezidenti 
seçilmiş Corc Vaşinqton Ceffersondan yeni hökumətdə Dövlət katibi olmağı xahiş 
etdi. O, xahişi xeyli könülsüzlüklə qəbul etdi. Vəzifəsinin icrasına başladıqdan az 
sonra  o,  Aleksandr  Hamiltonla  ziddiyyətə  cəlb  olundu,  axırıncı  isə  hökumətdə 
Xəzinə  katibi  –  Maliyyə  naziri  idi.  O,  Hamiltonun  həyata  keçirdiyi  maliyyə 
sisteminə  qarşı  çıxdı,  bu  sistemə  görə  Konstitusiyaya  uyğun  olaraq  səlahiyyətlər 
mərkəzə ötürülürdü, bu isə xalqın əksəriyyətinin mənafeyinə zidd idi və respublika 
institutları üçün  müəyyən təhlükəni təmsil  edirdi. Cefferson  və Hamilton həm də 
xarici  siyasət  məsələlərində  razılaşmırdılar,  çünki  əvvəlcə  Cefferson  Fransaya 
tərəf, Hamilton isə Böyük Britaniyaya tərəf meyl edirdi. 
ABŞ-ın birinci Dövlət katibi Tomas Cefferson 1793-cü ildə Maliyyə naziri 
Aleksandr  Hamiltonla  bir  sıra  konfliktindən  sonra  vəzifəsindən  istefa  verdi. 
Hamilton  güclü  mərkəzləşdirilmiş idarəetmə tərəfdarı  idi, əsl demokratiya carçısı 
olan Cefferson isə ştatların böyük müstəqilliyinin bərqərar olmasına can atırdı. O, 
həmçinin  Hamiltonu  xarici  siyasət  sferasına  müdaxilə  etməkdə  ittiham  edirdi. 
Ceffersonun  istefasının  digər  bir  səbəbi  də,  əlbəttə  ki,  Britaniya  və  Fransa  yönlü 
istiqamətlərin  tərəfdarları  arasındakı  mübahisə  idi.  Cefferson  Fransa  yönlü  xətti 
müdafiə edirdi. Aleksandr Hamilton da öz vəzifəsindən istefa verdi.  
İki  adam  arasındakı  mübahisə  heç  də  şəxsi  münasibətlər  məsələsi  deyildi. 
Bu  mübahisə  ölkəyə  yayılırdı və  milli  siyasi  partiyaların  bir  siyasət  və  prinsiplər 
kimi, şəxsiyyətə əsaslanmaq üzərində formalaşmasına aparırdı. Beləliklə, iki milli 
partiyalı  sistemin  pretsedenti  və  nümunəsi  yarandı.  Corc  Vaşinqtonun 
prezidentliyinin  birinci  müddəti  başa  çatana  yaxın  artıq  nə  Cefferson,  nə  də 
Hamilton  Kabinetin  üzvü  deyildilər.  Lakin  hər  ikisi  yeni  partiyaların  simvoluna 
çevrildilər.  Cefferson  demokrat-respublikaçıların,  Hamilton  isə  federalistlərin, 
indiki  dildə  desək,  sifəti  idi.  Hər  iki  tərəf  elektorat,  Konqress  və  ştatların 
qanunvericilikləri  arasında  öz  təşkilatçılıq  bacarıqlarını  inkişaf  etdirir  və 
mətbuatdan  səmərəli  qaydada  istifadə  edirdilər.  Gələcək,  4-cü  prezident  Ceyms 
Medison isə Ceffersonun adətən ən bacarıqlı köməkçisi hesab olunurdu (o, həm də 
Konstitusiyaya əlavə  edilmiş  insan  haqları haqqındakı  Billin əsas  müəllifi idi) və 
axırıncı Con Adamsın prezidentliyində vitse-prezident kimi fəaliyyət göstərən vaxt 
milli siyasətin mərkəzinə qayıdana qədər partiyada fəal liderlik edirdi. 
1798-ci  ildə  Birləşmiş  Ştatlar  Fransa  ilə  müharibəyə  çox  yaxın  olanda  (bu 
XYZ  işi  ilə  əlaqədar  idi,  Fransa  tərəfi  ilə  danışıqlar  aparan  amerikan  nümayəndə 
heyətindən  fransız  diplomatları  rüşvət  istəmişdilər),  federalistlərin  nəzarət  etdiyi 
Konqress  Əcnəbilər  və  Qiyama  Çağırış  Qanunlarını  qəbul  etdilər.  Axırıncını 
xüsusən  federalist  hakimlər  tətbiq  edirdi  və  onlar  hökumətin  demokrat-
respublikaçılar tərəfindən tənqidini boğurdu. Cefferson və Medison inanırdılar ki, 
bu Konstitusiyaya olan birinci əlavəyə ziddir və ona görə də qeyri-konstitusiondur. 
1800-cü il prezident seçkiləri federalistlərin məğlubiyyəti ilə başa çatdı. Bu 
yeni  millətin  inkişafında  həlledici  bir  dövr  idi.  Siyasətçilər  kəskin  surətdə 
bölünmüşdü,  bu,  fövqəladə  düşmənçiliklə  bağlı  idi.  Cefferson  Hamiltonu 
respublika  hökumətinə  düşmən  kimi  qiymətləndirirdi.  Hamilton  da  Ceffersonu 

73 
 
radikal demaqoq hesab edirdi. Hamilton elə bir böyüklük arzu edirdi ki, burada o, 
fərdlərin bilavasitə maraqlarını da tabe etməyə hazır idi. 
Cefferson  hökumətin  niyyətini,  yaşamaq  üçün  fərdlərin  haqqını,  azadlığını 
və xoşbəxtliyini himayə edən kimi görürdü. Ceffersonun  münasibəti  və davranışı 
məhz  bu  dövrdə  aşkarlandı.  O,  heç  də  Olimpiya  sakitliyini  nümayiş  etdirmirdi, 
onun məktubları bəzən öz opponentlərinə və onların bəzilərinə fərdi qaydada qəzəb 
və ehtiras ifadə edirdi. Konfutsi demişkən “Hirsli adam həmişə zəhərlə dolu olur”. 
Ziddiyyətlərin  çox  acılığı  onu  narahat  edirdi.  O,  nizamlanmayan  ideoloji 
münaqişənin bölücü və dağıdıcı effektini hiss edir və ondan  qorxurdu. Bu nəinki 
Ceffersonun belə yüksək qiymətləndirdiyi sosial harmoniyanı dağıda bilərdi, həm 
də bütövlükdə respublika hökumətinin quruluş parçasını cıra bilərdi. 
Respublikaçılar  onu  1796-cı  ildə  prezidentliyə  namizəd  irəli  sürmüşdülər, 
lakin o, Con Adams tərəfindən məğlub edilmişdi. O, vitse-prezident kimi fəaliyyət 
göstərməyə başladı. XYZ işinin arxasınca prezidentin Fransa ilə müharibə tərəfdarı 
kimi  mövqeyi,  nizami  ordunun  yaradılması  və  Əcnəbilər  və  Qiyama  Çağırış 
Barədə Qanunlar (1798-ci il) Adamsla onun uzunmüddətli dostluğunu pozdu. 
1800-cü il prezident seçkilərini federalist namizədlər açıqca uduzsalar da, bu 
vaxt respublikaçı namizədlər olan Ceffersonun və Aaron Barrın heç birinin üstün 
olmadığını  da  üzə  çıxardı.  Seçki  qabağı  kampaniyanın  özü  çox  sərt  keçmişdi. 
Ceffersona  ən  ədalətsiz  hücumlar  olurdu.  Yel  universitetinin  prezidenti  Timoti 
Duayt  onun  haqqında  deyirdi  ki,  “əgər  bu  adamı  prezident  seçsələr,  biz 
arvadlarımızın  və  qızlarımızın  qanuniləşmiş  fahişə  olacaqlarını  görəcəyik,  onlar 
soyuqqanlılıqla  namussuzlaşacaqlar,  onların  könülü  bu  niyyətə  müvafiq  olaraq 
sadəlik  və  ləyaqətdən  məhrum  olacaq,  Allahın  və  insanın  söyülməsi  hesabına 
qurbanlara çevriləcəklər”. 
Tomas Ceffersonla Aaron Barrın hər ikisi seçkilərdə 73 elektor səsi almışdı 
və  bu,  seçim  etməyi  Nümayəndələr  Palatasının  üzərinə  qoydu.  Burada  isə 
federalistlər  Barrı  müdafiə  edir  və  ölkəni  Konstitusiya  böhranı  ilə  hədələyirdilər. 
Ancaq Cefferson nəticədə otuz altı səs üstünlüyü ilə prezident seçildi. Bu qələbədə 
onun  ideya  əleyhdarı  olan  Aleksandr  Hamiltonun  Ceffersondan  xoşu 
gəlməməsindən daha çox Barra inanmaması öz müsbət təsirini göstərdi. Hamilton 
öz tərəfdarlarını Ceffersona səs verməyə sövq etdi. Bu hadisədən üç il sonra Aaron 
Barr  dueldə  Aleksandr  Hamiltonu  öldürdü.  Beləliklə,  demokratların  lideri  olan 
Cefferson birinci dəfə prezident seçildi və 21 mart 1801-ci ildə inauqurasiya andı 
içdi.  O, ilk prezident  idi ki, onun inauqurasiyası yeni paytaxt  şəhəri Vaşinqtonda 
keçirilirdi. 
Ceffersonun inauqurasiya müraciətinin ruhu barışdırıcı idi və beləliklə xeyli 
geniş olmaqla, onun ilk administrasiyasının siyasətini ifadə edirdi. Onun sonralar 
Luiziana  Satınalınması  və  Embarqo  Aktının  qəbul  olunması  kimi  addımları  da 
özünün dediyi kimi, federalistlərin özündən daha çox federalist münasibətin ifadəsi 
idi. 
Onun  inauqurasiyası  güclü  təsir  etməklə  radikal  dəyişikliklər  meydana 
gətirdi.  Ceffersonun  daha  çox  doktrinaçı  və  təhlükədən  az  hali  olmasından  asılı 
olmayaraq,  ilk  partiyanın  yaratdığı  bu  incə  situasiya  yeni  idarəetmə  tarixində 

74 
 
inzibatçılığın dəyişilməsinə səbəb oldu. Birləşmiş Ştatların gələcəyi bundan sonra 
daha  az  sabitliklə  xarakterizə  olundu.  Onun  prezidentliyinin  ən  böyük  nailiyyəti 
Luiziananın Fransadan satın alınması oldu. 
1803-cü  ildə  Luiziana  ərazisinin  əldə  edilməsi  ölçüyə  sığmayan  bir 
əhəmiyyət  daşıyırdı,  çünki  bu,  Birləşmiş  Ştatların  ərazisini  demək  olar  ki,  ikiqat 
böyüdürdü.  Ceffersonun  əvvəlcə  planı  Missisipi  çayının  mənsəbində  olan  kiçik 
zonanı satın almaq idi. Napoleon isə bütöv ərazini satmağı təklif etdikdə, Cefferson 
bunda öz uduş şansını gördü və təklifi qəbul etdi. Onu da özü yaxşı bilirdi  ki, bu 
sövdələşməni  aparmağa  onun  heç  bir  konstitusiya  səlahiyyəti  yoxdur.  Ancaq  o, 
inanırdı  ki,  bu  satınalma  qitəni  başlıca  əcnəbi  dövlətlərdən  uzaqlaşdırmaqla, 
Birləşmiş  Ştatların  təhlükəsizliyinə  kömək  edəcək,  nəsillər  boyu  respublika 
hökumətinin  stabilliyinə  əminlik  yaradacaqdır,  çünki  məskunlar  üçün  nəhəng 
torpaqlar mənbəyinə malik olmaq imkanı verəcəkdir. 
Cefferson  1804-cü  ildə  yenidən  prezident  seçildi.  Corc  Klintonu  vitse-
prezidentlikdə  Börr  əvəz  etdi.  Ceffersonun  ikinci  administrasiyası  Börru 
inandırmaqda  uğursuzluğa  düçar  olduğuna  görə  məşhurluq  qazandı.  Börr  cənubi-
qərb  ərazilərində  xəyanətkar  hərəkətlərə  yol  vermişdi.  Digər  bir  uğursuzluq  isə 
Napoleon müharibələri dövründə prezidentin neytrallıq siyasətini güdmək cəhdləri 
və  okeanlarda  neytrallıq  hüququnu  dəstəkləmək  oldu.  Müharibədən  uzaqlaşmaq 
sahəsindəki  aşıb-daşan  istəyi  onun  cəsarətsizlikdə  və  qətiyyətsizlikdə  ittiham 
edilməsinə gətirib çıxardı. Cefferson Napoleon müharibələri dövründə Amerikanın 
neytrallığını  qoruyub  saxlamağa  ümid  edirdi,  lakin  neytrallıq  ingilis-fransız 
zorakılığını olduqca ağırlaşdırırdı. Nəticədə, yeni döyüşən tərəflər Atlantik okeanı 
neytral  kommersiya  üçün  bağladıqda  o,  1807-ci  ildə  Konqressi  Embarqo  Aktını 
qəbul etməyə inandırdı. Bu Akt xarici limanlara bütün ixracları qadağan edirdi.  
1807-ci  ildəki  Embarqo  Aktı  şəxsi  azadlıq  prinsiplərinə  zidd  olduğuna  və 
güclü  milli  hökumət  ideyasına  onun  keçmişdəki  müxalifliyinə  görə  tənqid 
olunurdu.  Qanun  xarici  millətlərlə  kommersiya  əlaqələrini  nizamladığına  görə 
Konqressin  səlahiyyət  dairəsinə  daxil  idi,  Cefferson  prezident  olmamışdan  əvvəl 
bu  qaydanı  uzun  müddət  dəstəkləmişdi.  Lakin  Aktın  tətbiq  edilməsinin  israr 
edilməsi  və  onun  Dördüncü  düzəlişə  zidd  olduğuna  görə  sual  doğura  bilərdi. 
Dördüncü düzəliş isə evlərdə səbəbsiz axtarışları və həbs edilməni qadağan edirdi. 
Cefferson prezidentliyi tərk etdikdən sonra Konqress embarqonu ləğv etdi. 
Cefferson  ölkənin  guşələrinin  tədqiq  edilməsinə  böyük  əhəmiyyət  verirdi. 
1804-cü  ildə  tədqiqatçılar  Merieter  Lyuis  və  Uilyam  Klark  Missuri  çayının 
hövzəsini öyrənməyə yollandılar  və Sakit  okeana tərəf 12,5  min kilometr  məsafə 
qət  etdilər.  Missuri  ərazisinin  öyrənilməsinin  təşəbbüsçüsü  hələ  1786-cı  ildə 
Tomas  Cefferson  olmuşdu,  həmin  vaxt  o,  Fransada  səfir  idi.  Amerikanlar 
qorxurdular  ki,  britaniyalılar  Missuri  çayının  yuxarılarına  soxula  bilərlər. 
Cefferson  özünün  gənclik  dostu  Lyuisi  ekspedisiyaya  yollanmaq  üçün  dilə  tutdu. 
Konqress səyahət planını 1803-cü ilin sonunda bəyənmişdi. 
Ceffersonun  prezidentliyi  dövründə  Baş  hakim  Con  Marşallın  rəhbərliyi 
altında  Ali  Məhkəmənin  qüdrəti  və  nüfuzu  artdı.  1803-cü  ildə  baxılan  Merburi 

75 
 
Medisona qarşı işdə məhkəmə özünün ədalət baxışını dəqiq müdafiə etdi. Marşall 
Ceffersonun qohumu olmaqla yanaşı onun barışmaz düşməni idi. 
Cefferson üçüncü dəfə də uğurla prezident seçilə bilərdi, lakin o, Vaşinqton 
kimi  hərəkət  edib,  bundan  imtina  etdi  və  Montiçellodakı  malikanəsinə  istirahətə 
yollandı. 
Cefferson  azadlıq  idealına  ürəkdən  bağlı  idi  və  hesab  edirdi  ki,  “Azadlıq 
ağacı vaxtaşırı vətənpərvərlərin və tiranların qanı ilə suvarılmalıdır. Bu onun təbii 
gübrəsidir”. O, özünə qarşı bütün hücumlara mərdliklə sinə gərirdi və güman edirdi 
ki, “həqiqətdən qorxmayan adam yalandan da qətiyyən qorxmamalıdır”. O, həyata 
yüksək  ideallar  nöqteyi-nəzərindən  yanaşırdı,  heç  vaxt  maddi  fayda  barədə 
düşünmürdü. Ona görə də ona atasından böyük var-dövlət qalmasına baxmayaraq, 
öləndə onun çoxlu borcu var idi və atasından qalmış 500 akrlıq (226 hektar) torpaq 
sahəsi də satılmalı oldu. 
Dövlətin  maliyyə  resursları  barədə  isə  olduqca  qənaətcil  idi.  Onun 
administrasiyası  dövründə  (1801-1809-cu  illər)  bu  sahədə  yaxşı  nailiyyətlər  əldə 
edilmişdi. Daxili vergilər ləğv edilmişdi, lakin milli borc 83 milyon dollardan 59 
milyon dollara enmişdi. 
Birinci  berber  müharibəsi  də  onun  prezidentliyi  dövründə  baş  verdi.  ABŞ 
müstəqilliyini  elan  etdikdən  sonra  Aralıq  dənizində  maneəsiz  üzmək  və  ticarət 
aparmaq  üçün  Əlcəzairə,  Tunisə  və  Tripolitanaya  ianə  ödəməli  idi.  Bu  ianə  ölkə 
gəmilərini  dəniz  quldurlarından  mühafizə  etmək  naminə  ödənilirdi.  Cefferson 
Atlantik  okeanı  ticarətinin  əleyhdarı  olduğundan  Tripoli  paşası  Karamanlıya  ianə 
verməkdən  imtina  etdi.  Bu  ianə  prezidentlər  Vaşinqtonun  və  Adamsın  vaxtında 
daim  ödənmişdi.  Üçüncü  prezidentin  bu  hərəkəti  diplomatik  münasibətlərin 
kəsilməsinə səbəb oldu. Aralıq dənizinə kiçik hərbi donanma göndərildi və 1802-ci 
ildə  o  xeyli  gücləndirildi.  1803-cü  ildə  hərbi  əməliyyatlar  başlandı  və  limanlar 
mühasirə edildi. 1805-ci ilin aprelində amerikanlar mühüm liman şəhərini tutduqda 
Tripolinin  işğal  edilməsi  təhlükəsi  yarandı.  Bu,  Karamanlını  sülh  müqaviləsi 
imzalamağa məcbur etdi. 1814-cü ildə ikinci berber müharibəsi baş verdi və Şimali 
Afrikada dəniz quldurluğu qəti şəkildə ləğv edildi.  
Ceffersonun  şəxsi  kitabxanasında  6  min  kitab  var  idi,  bu  kolleksiyanın 
əsasında  ABŞ  Konqressinin  kitabxanası  yaradıldı.  Onun  fəaliyyətinin  ən  nəcib 
nümunələrindən biri Virciniya universitetinin əsasını qoyması idi. 
Ölümündən  on  gün  əvvəl  İstiqlaliyyət  Deklarasiyasının  50  illiyini  bayram 
etmək  üçün  Vaşinqton  şəhəri  (Kolumbiya  mahalı)  sakinlərinin  onlara  qoşulmaq 
barədə təkliflərinə cavab verdi. O, xəstəliyinə görə ora gedə bilməzdi, ona görə də 
ən xoş arzularını göndərdi və bayram edilən Deklarasiya barədə belə yazmışdı: 
“Bəlkə də o bütün dünyaya, başını yuxarı qaldıran adamlara, rahib cəhaləti 
və  xurafatı  ilə  özlərini  bağladıqları  zəncirləri  qırıb  dağıtmaq  və  özünüidarənin 
xoşbəxtliyini və mühafizəsini öz üzərinə götürmək barədə siqnal idi. Mən inanıram 
ki, bu belə olardı (dünyanın bəzi hissələri üçün tezliklə, digərləri üçün sonra, ancaq 
nəticədə bütün dünya üçün)”. 
Cefferson  Montiçelloda  çox  zəifləyəndə  köhnə  dostu  Con  Adams 
Massaçusetsdə ölüm ayağında idi. Onların hər ikisi öz ömürlərinin mərkəzi cəhdini 

76 
 
və  nailiyyətini  rəmzləndirən  günün  50  illik  yubileyinə  qədər  yaşamaq  istəyirdi. 
Onların bu istəyi uğurlu oldu. Cefferson 4 iyul 1826-cı ildə, günorta saat 1-dən bir 
qədər  əvvəl  öldü. Adams  isə  bir  neçə saat sonra  öldü, onun son  sözü  deyilənlərə 
görə  belə  olmuşdu:  “Cefferson  hələ  sağdır”.  Cefferson  Montiçelloda  dəfn  edildi. 
Qəbir  daşı  üzərindəki  epitafiya  belə  idi:  “Burada  Amerikan  İstiqlaliyyəti 
Deklarasiyasının,  dini  azadlıq  barədəki  Virciniya  Qanununun  müəllifi,  Virciniya 
Universitetinin atası Tomas Cefferson dəfn edilmişdir”. 
Birləşmiş  Ştatların  bani-atalarından  biri  də  həyatdan  getdi.  Bu  banilər 
arasında Tomas Cefferson, heç şübhəsiz, daha çox filosof idi. Platonun vaxtilə arzu 
etdiyi Ceffersonun şəxsində öz əksini tapmışdı, dövləti filosof idarə etmişdi.  
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə