Bəxtiyar Tuncay TÜrk eposu: yaxin və uzaq tariXİMİz giriş


Çingiznamələrdə gizlənən real tarix



Yüklə 5,39 Mb.
səhifə9/11
tarix27.06.2017
ölçüsü5,39 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Çingiznamələrdə gizlənən real tarix
Öncəki bölümdə qaraqalpaqların ilk soy babalarının və ilk soylarının adının çəkildiyi Bərdahın “Şəcərə”sindən misal gətirərkən, həmin soylardan birinin Qıyat (Kiat, Kiyat) olduğunu gördük:
Myüten, Konqrat, Qıyat, Qıpçaq,

Keneges, Manqıt – bunlar bir bıçaq.

Qaraqalpaqın bütün altı boyu,

Yurdlarını itirdi, onlarsız qaldı torpaq.

…Myütenlərin uranı – Ak Şolpan,

Qıyatların uranı – Aruxan.

Maykadan konqratlar törədi,

Bu ikisi sonda birləşdi (Qaraqalpaq auz ədebiatınınq yigitləri…, 1940, səh. 6).

Sözügedən soyun adına otuz tatar boyunu təşkil edən soyların içində də rast gəlməkdəyik. Otuztatar soybirləşməsinə daxil olan otuz türk – tatar soyundan 28 – nin adını böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidddinin “Cami ət – Təvarix”indən, digərlərinin adını isə özbək “Xannamə”sindən öyrənmiş oluruq: tatar, moğul, derben (derbenut, derbent), saray, dörmən, cəlayir, qanqlı, xitay, kereyit, minq, corat, suqait, nayman, bozdoğan, orusut (orus), sulduz və s. (Рашид ад – Дин, 1952, с. 346). Soybirləşməsinə tatarlar başçılıq etdikləri üçün bu xalq “tatar” və ya “otuztatar” adları ilə məşhur idi. Çingiz xan sözügedən soylardan qıyat boyuna daxil olan bozdoğan (bortoğan // boz şahin) soyunun bəy ailəsindən idi. Soy öz adını soyun onqonu olan boz doğandan (boz şahin quşundan) almaqda idi. Bu səbəbdən də Çingiz xanın, eləcə də mənsub olduğu soyun bayrağında boz doğan (boz şahin) rəsmi çəkilmişdi (Хара-Дабан, 1996, s. 127).

Mənbələrdə sözügedən soyun adına “bortoğan” kimi də rast gəlinir. Bu da bəzi türk ləhcə və şivələrinə xas r – z səsdəyişməsindən qaynaqlanır. Maraqlıdır ki, həmin soy ilk dəfə e. ə. V əsrdə Herodot tərəfindən 6 maday (Midiya) soyundan biri və Azərbaycan sakinləri kimi qeydə alnmışdır. Tarixin atası onları “parataken” adlandrmışdır (Гейбуллаев, 1991, s. 257).

Qıyat boyuna gəlincə, “Xannamə”yə görə bu boy öz adını Kimeri xanın nəslindən, yəni kimmerlərdən olan Qıyat xanın adından almışdır. Məlumat üçün bildirək ki, bu boy bütün tarixi mənbələrdə türk boylarından biri kimi qeyd edilib. Yalnız XX əsrdən etibarən rus alimləri, ardınca da Avropa tədqiqatçıları qondarma “Gizli tarix”ə dayanaraq, qıyatlardan monqol boyu kimi söz açmağa başlamışlar və bu ənənə günümüzədək davam edir. Qıyat xanın tarixçəsi dastanda belə anladılır:

«Kimerinin soylarından Qıyat xan adlı bir xan da var idi. O da Bənən şəhərindən idi. Ozqan xanın nəslindən olan digər böyük özbək xanlarının zamanında bu şəhərdə gizlənmiş və səsini çıxarmamışdı. Aşbara xanın oğullarının vəziyyətini öyrənib, özünün də Kil xanın nəslindən olduğunu söyləyərək Turan üzərində haqq iddia etməyə başlamışdı. Bir ordu toplayaraq Toxmaş şəhəri üzərinə yürümüş və Aşbara xanın oğlu Arslan xanla qarşılaşmışdı.

Arslan ilə Qıyat xan arasında baş verən bu qarşıdurmada Arslan xan öldürülür. Qıyat xan Toxmaş şəhərini ələ keçirib, Turan hökmdarı qismində taxta oturur. Aşbara xanın ikinci oğlu yaratdığı qarışıqlıqlardan və etdiyi haqsızlıqlardan peşiman olaraq, Kerü Kırım (Xəzər) dənizinin sahilinə gələrək burada bir şəhər salır və yaşamağa başlayır. Bu səbəbdən də həmin şəhərə Əjdər xan (Həştərxan) deyirlər.

Otuz il sonra Qıyat xan ölür, yerinə oğlu Dürlügün (Türk boylarından dürülgünlər adını Dürülgün xanın adından almışlar) keçir. İyirmi il xanlıq edən Dürülgünün ölümündən sonra oğlu Qorulas (dürülgün boyunun qorulas soyunun adı buradan qaynaqlanır) taxta çıxır. Qorulasdan sonra oğlu Noyan xan olur. Noyandan sonra da oğlu Buyan bütün Turana hökm edir.

Buyan xanın dörd nigahlı arvadı və qırx kənizi var idi. Buyanın oğlu yox idi. O, hey oğlan arzulayır, fəqət Tanrı ona həmişə qız qismət edirdi. Beləcə qırx qızı olmuşdu. Bu qadınlardan doğulan qırx qızdan bu gün qırxqız (qırğız) adı ilə tanınan qövm peyda olmuşdur .

Günlərin bir günü Buyan xan hərəmxanasına gəlir və görür ki, arvadlarından birinin qarnı çox qabarıb... Qadından qarnını niyə belə şişdiyini soruşur... O da bətnində bir oğlan uşağı olduğu üçün qarnının qabardığını söyləyir. Buyan xan da ona: “Əgər mənə bir oğul doğsan, səni baş xatun edərəm, yox, əgər qız doğsan, səni də, qızını da öldürərərm” deyir. Elə bu vaxt qaravullar gəlib, Qıyan çölündə uyğurların xanı Buğur xanın üsyan edib onun üzərinə yürüdüyünü bildirirlər...» (Ögəl, 2006, s. 409-411).

Təqdim olunan süjetin ən diqqət çəkən məqamlarından biri də odur ki, burada Həştərxan şəhərinin adı Qıyatla əlaqələndirilir. Maraqlıdır ki, tarixi mənbələr qıyatların bir zamanlar Volqa çayının aşağı axarında, indiki Həştərxan və Volqoqrad vilayətləri arasında yaşadıqlarını təsdiq edir. K. Daniyarovun yazdığına görə qıyatların Amu-Dərya çayı sahilində də eyniadlı (Qıyat) bir şəhərləri olmuş, Əbu Reyhan Birunu bu şəhərdə doğulmuş və bu, Çingiz xanın doğumundan 182 il öncə baş vermişdi (Тунджай Б., Татары…, s. 95).

Dastanda daha sonra Buyan xanın (əslində Muyan xan) uyğurlarla savaşından söz açılır. Bundan sonra isə Alan Qova ilə bağlı məlum əfsanə iki fərqli versiyada təqdim olunur. Əfsanənin birinci versiyası belədir:

«...Buyan hamilə olan arvadına: “Əgər mənə bir oğul doğsan, səni baş xatun edərəm, yox, əgər qız doğsan, səni də, qızını da öldürərərm” deyir, özü isə uyğurlarla savaşa gedir. Arvadı isə tərslikdən qız doğur. Bundan bərk qorxuya düşən qadın qızını oğlan kimi qələmə verir, ona oğlan paltarı geyindirib, oğlan kimi böyütməyə başlayır. Adını da Alan Qova qoyur.

Atası uyğurlarla döyüşdə olan Alan Qova böyüyür, on beş yaşına çatanda artıq özünü bir igid kimi aparmağa başlayır, tutduğunu əzişdirir, dağlara, çöllərə gedib ov edir, aslanları, qaplanları tutaraq baş-başa vurub öldürür.

Buyan xan döyüşdəykən ona oğlu olduğunu xəbər verirlər, o da bu xəbərə çox sevinir. Döyüşdən qayıdan kimi ata ilə qızı görüşürlər. Buyan xan bir sürək ovu təşkil edir, qız da atasının yanında ovda iştirak edir, bir maral vurub təmizləyir, atının tərkinə qoyur. Amma ata minəndə atası onun minmək tərzindən şübhəyə düşür. O, qadınla kişinin ata minmək tərzləri arasındakı fərqi yaşı bilirdi. Atasının şübhələndiyini hiss edən qız onun şübhələrini dağıtmaq üçün biratla bir çöl eşşəyini qovaraq tutur, xanın qarşısına gətirib yerə çırpır. Eşşəyi yerə elə çırpır ki, heyvan parça-tikə olur. Beləcə Buyan xanın şübhələri dağılır.

Qız evə çatarkən atasından ona ayrı bir ev döşətdirməsini xahiş edir, atası da onun xahişini yerinə yetirir. Qız öz evində yatarkən, gecə evə qaranlıqda bir ay girir. Alan Qova bu parlaq aydan hamilə qalır. Ay bacadan çadıra daxil olan da qurd və aslan kimi heyvanlar da gözə dəyir. Qız səhər yuxudan duranda halında bəzi dəyişikliklərin baş verdiyini hiss edir və hamilə qaldığını anlayır. Aradan bir müddət keçəndən sonra qarnı şişir. Qarnında nəyinsə qımıldağını hiss edən qız əhvalatı anasına danışır. Anası şübhəyə düşür, fəqət yoxlayıb qızının bakirə olduğunu görür və mat-məəttəl qalır. Beləcə, qızın aydan hamilə qaldığı məlum olur...» (Ögəl, 2006, s. 412).

Əfsanənin ikinci variantı belədir:

«Qıyat qəbiləsi içərisində bir adam var imiş. Bu adam əcəli çatanda ölmüş, öldükdən sonra üç oğlu və arvadı qalmışdı. Arvadın adı Alan Qova idi. Əri öldükdən sonra qadın bir gün yatırmış, gecə yarısı pəncərədə ay işığı kimi bir şey içəri girmiş, sonra da aslan və ya qurd şəklində çıxıb getmişdi. Qadın bu işıqdan hamilə qalmışdı.

Alan Qovanın anası qızının hamilə olmasından təşvişə düşür... Atası Buyan xan uyğur döyüşündən dönməmiş qızını bir sandığın içinə qoyur və sandığı Səroş çayına tullayır. Ay sandığı dərhal ağuşuna alıb aparır. Bundan bir müddət sonra Buyan xanın uyğurlarla döyüşdə öldüyü xəbəri gəlir. Qızın anası bərk peşiman olur, amma heç bir faydası olmur. Qızını artıq birdəfəlik itirdiyi məlum olur.

Dürülgün elində iki nəfər çay sahilində ov edirmiş və bütün şikarı tən bölürmüşlər. Bunlardan birinin adı Dam Buğa, o birinin adı is Duvay imiş... Bir gün bunlar yenidən ov edərkən bir sandığın su ilə axdığını görürlər. Cəld sandığı tutub sahilə çıxarırlar. Sandığı açanda görürlər ki, içində gənc və gözəl bir qız var. Qızı sandıqdan çıxarırlar, o da onlara başına gələnləri bircə-bircə danışır. Dostlar qızı özləri ilə götürüb öz ellərinə aparırlar. Aradan qırx gün keçir və qız ay parçası kimi bir oğlan doğur.... Yeddi gün sonra oğlana Buzancar adı qoyurlar. Bu uşaq Çingiz xanın yeddinci göbəkdən əcdadıdır. Aradan iki il keçdikdən sonra qız təkgöz Duvaya ərə gedir və ona on iki oğlan uşağı doğur. Lakin qadın oğulları içərisində ən çox Buzancarı sevir. Bu da qardaşlarının ona paxıllıq etməsinə səbəb olur. Paxıllıq o səviyyəyə çatır ki, analara onların Buzancara bir xətər yetirə biləcəyindən qorxmağa başlayır. Odur ki, qadın ilk beşiyini yanına salıb, onunla birlikdə çay qırağına gəlir, ona nəsihətlər verir. Deyir:

-Sən buralı deyilsən. Ona görə də qardaşların və yerlilər sənə xətər yetirə, hətta səni öldürə bilərlər. Bu çayın yuxarı axarı boyunca get, sağ-salamat olduğunu bilməm və təskinlik tapmam üçün hər dəfə quş ovladıqda onun başını kəs və çay at.

Qadın bu sözləri dedikdən sonra oğlu ilə vidalaşır və evinə dönür. Oğlan da anası dediyi kimi Kerü (Kür?) çayın mənbəyi istiqamətdə yola çıxır.

Bu çayın sahilində bir yurd varnış və orada dörd qardaş yaşarmış.. Bir gün onların inəklərinin ayaqları qırılır. Onlar bunu edəni tapır və ona da inəyin ayağını sarıdırlar. Fəqət inəyin ayağının sarğısı od alır və sonra da alov xırmana keçir. Bu, qardaşların bir-biri ilə höcətləşməsinə və savaşmasına səbəb olur. Onlar bütün günahı inəyin qıçını qıran qardaşda görürlər».

Əfsanədə deyilir ki, Buzancar qardaşların arasına girib, onların mübahisəsini həll edir. Qardaşlar onun ağlına heyran qalıb, ona onlarla yaşamağa yer verirlər. Bütün elin tədricən rəğbətini qazanan gənc tezliklə xan olur və bütün türk soy və boylarını birləşdirir. Təkcə Qıyat boyunun başçısı uyğur Bekiş xan ona tabe olmaq istəmir. Belə olan halda Buzancar ordu toplayıb onun üzərinə gedir və döyüşdə Bekiş xanı öldürü. Sonra isə Qıyat elinin bütün camaatını qılıncdan keçirir (Ögəl, 2006, s. 413-414).

“Xannamə”də yazılanlara görə, Buzancardan sonra oğlu Bukay, Bukaydan sonra oğlu Kaydu, ondan sonra oğlu Bəy Sonqur, Bəy Sonqurdan sonra oğlu Tümən, ondan sonra oğlu Kabul, daha sonra sonuncunun oğulları Bartan və Noyan, Noyanın oğlunun məslindən olan Təmür Gürən növbə ilə xanlıq edirlər. Bundan sonrakı hissədə Yesugey Bahadır və Çingiz xanın tarixçələri nəql edilir (Ögəl, 2006, s. 414-415).

Alan Qoa ilə bağlı daha bir əfsanənin qısa süjeti isə belədir:

«Alan Qova ərsiz hamilə qaldı. O belə dedi: Mənim yanıma günəş şüası gəlir, yanımdan qurd şəklində çıxıb gedir. Qərara gəlirlər ki, bunu yoxlasınlar. Üç kişi (biri qıpçaq Qara bəy, digəri türkmən Kəl Məhəmməd və Uraluç bəy Alan Qovanın çadırı önündə keşik çəkirlər, səhərə az qalmış onlar parlaq bir şüanın düşdüyünü görürlər. Bir müddət sonra şüa boz qurda çevrilir» (İnan, 1934, s. 196).

Bu süjetdə şahid qismində türklərin – bir qıpçaq və bir türkmənin iştirak etməsi diqqətəlayiqdir. Təbii ki, heç bir monqoldan söhbət belə getmir.

Maraqlıdır ki, Çingizoğullarının mifik soy əfsanəsi Göytürklərin mifik “Ergenekon” əfsanəsinin eynidir. “Çingiznamə”də Çingiz xanın soykökü ilə bağlı hun əfsanəsi ilə tam üst-üstə düşən son dərəcə maraqlı bir süjet də yer almaqdadır. N. Y. Biçurinin “Uyğurların mənşəyi” adlandırdığı sözügedən hun əfsanəsi Çin mənbələrində qeydə alınmışdır. Onun məzmunu belədir:

«Belə deyirlər ki, hun şanyuyunun (xaqanının) iki çox gözəl qızı dünyaya gəlir. Saray adamları onları tanrıça hesab edirlər. Şanyuy deyir:

-Mən bu qızları insan oğluna ərə verə bilmərərm. Mən onları Tanrıya verəcəyəm.

O, paytaxtında qəsr tikdirib, qızlarını ora yerləşdirir. Üç il sonra anaları qızları oradan götürmək istəsə də, şanyuyu etiraz edir, hələ vaxtı çatmadığını söyləyir. Bir il sonra isə qoca bir qurd qəsrin divarlarını gecə-gündüz demədən oymağa başlayır. Orada özünə yuva salır. Kiçik qız deyir:

-Atamız istəyir ki, bizi Tanrıya versin, indisə bir qurd gəlib. Ola bilsin ki, bu, xoşbəxtlik əlamətidir.

Qız elə o andaca qurdun yanına getmək istəyir.

Böyük bacı qorxuya düşərək deyir:

-Bu ki, heyvandır, valideynlərimizi biabır etmə.

Kiçik qız qulaq asmır, qurdun yanına gedir, onynla yaşayır və ondan bir oğlan doğur. Onun nəsli çoxalır və dövlət qururlar. Elə buna görə də burada uzun-uzadı oxumağı sevir və qurd kimi ulayırlar» (Бичурин, 1950-1953, 1, s. 214-215).

“Çingiznamə”dəki əfsanədə isə deyilir:

«Qədim zamanlarda Ağ dəniz sahillərində Malta şəhəri vardı. Bu şəhəri Altın xan idarə edirdi. Xanın arvadının adı Kurlevuç idi. Onların bir qızı oldu, adını Ulemlik qoydular. Qızı günəşdən və aydan gizlətmək üçün daş saray tikib onu orada saxladılar. Qız beləcə böyüdü. O, çox gözəl idi, güləndə qurumuş ağaclar göyərər, otsuz çöllər otla örtülərdi. Bir gün o, dayısından soruşdu: ”Bu saraydan başqa dünya varmı?” Dayısı cavab verdi: “Dünya bu sarayın çölündədir, orada dünyanı işıqlandıran ay və gün var.” Qız pəncərəni açıb günəşə baxdı və huşunu itirdi. O, günəş şüasından hamilə qəldı. Altın xanla arvadı bundan xəcalət çəkərək qızı qayığa qoyub onu Tün dənizə buraxdılar...» (İnan, 1934, s. 195).

Bu əfsanədə Ağ (Aralıq) və Tün (Qara) dənizlərinin adının çəkilməsi diqqəti çəkir. Gördüyümüz kimi, moğolların əfsanələri onların kökünü Ön Asiya ilə bağlı təqdim edir. Eyni hal Göytürk əfsanələrində də müşahidə edilir:

“Türkütlərin (Göytürklərin) əcdadları Xəzər dənizindən qərbdə yaşayırdılar...” ( Heyət, 1993, s. 72).

Yuxarıda təqdim edilən əfsanələrin Azərbaycan variantı da var və biz onu 1988 – ci ildə “Oğuz” Etnoqrafiya Həvəskarları Birliyinin xətti ilə Bakının Türkan kəndinə təşkil etdiyimiz könüllü ekspedisiya zamanı 75 yaşlı Teyyub Məmmədağa oğlu Xanağayevin dilindən qeydə alınıb:

«Babam babasından, o da öz babasından, o da öz babasından eşidib, nəsildən nəslə ötürüblər ki, Qız qalasını Bakının birinci xanı özünün gözəl-göyçək qızını yad gözlərdən qorumaq üçün tikdirib. Deyilənə görə, qız o qədər göyçəkmiş ki, aya deyirmiş sən çıxma, mən çıxım, günə deyirmiş sən çıxma, mən çıxım. Qızı görən onun gözəlliyinə tab gətirməyib qəşş edərmiş. Odur ki, xalq arasında gözəlliyinə görə ona Maral deyərmişlər.

Maral böyüyüb, həddi-büluğa çatanda xan onu qisməti çıxana qədər naməhrəm gözündən uzaq tutmağa qərar verib və qalanı da bu məqsədlə tikdirib. Fikri qızı Rum şahının oğluna verməkmiş. Qız darıxmasın deyə, Bakı kəndlərindən abırlı-həyalı qırx incəbel qız seçib onun xidmətinə verirlər. Amma Maral qızlara deyir ki, tək qalıb zikr və dua etmək istəyir. Beləcə, hücrələrdən birinə çəkilib zikr etməyə başlayır. Allaha onu bu məhbəsdən qurtarması üçün gecə-gündüz dua edir. Günlərin birində, gecə vaxtı qalanın pəncərəsindən içəri bir işıq düşür. İşıq böyük bir canavara çevrilir. Qız bərk qorxur. Canavar dil açıb qıza deyir:

-Qorxma, sən o qədər zikr və dua etdin ki, Allahın sənə rəhmi gəldi və məni göndərdi ki, səni bu məhbəsdən xilas edim. Min belimə, səni uzaq ellərə aparacağam.

Maral Allaha şükr edir və canavarın belinə minir. Canavar deyir:

-Boynumu bərk-bərk qucaqla ki, yıxılmayasan.

Qız o deyən kimi edir, onun boynunu bərk-bərk qucaqlayır. Qurd qızla birlikdə özünü dənizə atır və üzüb o biri sahilə keçir. Bundan sonra qızı görən olmur.

Qurdun Maralı qaçırdığını görən xidmətçi qızlar xanın qorxusundan Allaha dua edirlər ki, onları daşa döndərsin. Amma Allah onları daşa yox, qu quşlarına döndərir. Buyurur ki, Maralın dalınca uçsunlar və ona yenə də əvvəlki kimi xidmət etsinlər» (Tuncay B., 2013, s. 141-142).

Maraqlıdır ki, rəvayətlərdə Çingiz xanın ulu əcdadlarından olan Börteçinonun (Bortoğanın // Bozdoğanın) dənizi (Xəzəri) aşaraq bugünkü Monqolustan ərazisinə gəldiyi və burada məskunlaşdığı açıq şəkildə ifadə edilməkdədir. Burada o Qao Maral (Maral Qova) adlı qızla evlənmişdir. Çingizin doğulması ilə bağlı mifin süjeti də mövzumuz baxımından böyük maraq və önəm kəsb edir (Tuncay B., 2013, s. 142).

Çingiz xanın indiki Monqolustan ərazisində doğulduğu və həmin ərazidə yerləşən Qaraqorum şəhərində yaşadığı faktdır. Fəqət bu fakt onu monqol hesab etməyə əsas vermir (Yeni Türk Ansiklopedisi, 1985, 492-493). Çünki bugünkü Monqolustan ərazisi Göytüklərin də məskəni və mərkəzi olmuşdur. Türk ədəbiyyatının ən qiymətli abidələrindən hesab edilən Orxon-Yenisey abidələrinin böyük bir qismi həmin ərazidə yerləşir (Rəcəbov, Məmmədov, 1993, s. 43, 91, 111).

Yeni Türk Ensiklopediyasında yazıldığına görə, Çingiz xan Göytürklərin doqquzoğuz xanları nəslindən bir bəy ailəsinə mənsub idi. Xlll əsrdə o və xələfləri, tarixdə misli-bərabəri olmayan böyüklükdə bir impratorluq qurmuşlar ki, bu imperatorluğun sahəsi 64 milyon kvadrat kilometr olmuşdur. Eyni ensiklopediyanın yazdığına görə, Çingizin əsil hədəfi Göytürk dövlətini, başqa sözlə, Turan (Türküstan) imperatorluğunu dirçəltmək idi. Fəqət o dövrdə türklərin böyük əksəriyyəti artıq müsəlman idilər və əski türk ideallarından çoxdan uzaqlaşmışdılar, elə bu səbəbdən də tenqriçi (türklərin əski dini) olan çingizilərə xoş baxmırdılar (Yeni Türk Ansiklopedisi, 1985, 492-493).

Çingiz xanın mənsub olduğu xalq uzun illər boyu “otuztatar” adı altında Göytürklər (Türküt) İmperatorluğunun, başqa sözlə, Turanın (Türküsanın) mərkəzi əyaləti durumunda olan Ötügendə (bugünkü Monqolustan ərazisi), Göytürklərə, daha sonralar isə doqquzoğuz - onuyğurlara tabe olan türk - tatar soybirləşmələrindən biri kimi yaşamış və bu adla da Orxon – Yenisey abidələrində yad edilmişlər. Məsələn, Kül Tiqin (Kül Təkin) abidəsinin şərq tərəfində, 14 – cü sətirdə oxuyuruq: “...Yıraya Baz kağan tokuz oğuz bodun yağı ermis, kırkız, kurıkan, otuztatar, kıtay, tatabı köp yağı ermis” (Rəcəbov, Məmmədov, 1993, s. 72).

Çingiz xanın mənsub olduğu qıyat soyunun mənşəyindən bəhs edən əfsanələrdə bu soyun qurucusu Qıyatın kök baxımınadan kimmerlərlə bağlı olduğunun yad edilməsi (Ögəl, 2006, s. 409) bizə çox maraqlı ipucu verməkdədir. Bər başdan deyək ki, Çingizoğullarının nəsil şəcərəsindən bəhs edən özbək “Xannamə”sində kimmerlərin adına bir neçə dəfə rast gəlinməkdədir. Bu isə buradakı süjetlərin bir çoxunun Ön Asiya və Qafqaz mənşəli olduğunu göstərməkdədir:

«Bükdi xan özbək xanı Təlim xan tərəfindən öldürülən zaman türkmənlər özbəklərə qəti surətdə hücum etmişlər. Özbəklərin tərəfində özbək, rak (Midiyanın Raqa vilayəti ?!), toxmaş, kimeri, səkləb, uyğur və tiber kimi on el var idi (Ögəl, 2006, s. 399).

“Xannamə”nin başqa yerində Kimeri adlı bir vəzirdən də söz açılır:

«Toxtamış xan bəylərini toplayır və ağıllı tədbirlərə ehtiyacı olduğunu bildirir. Bəylərdən Pir Arslan adlı biri Bənən şəhərində Kimeri adlı bir vəzirinin yaşadığını bildirir. O vəzir Ozqan xana da vəzirlik etmişdir, yaxşı məsləhətləri ancaq ondan almaq olar. Toxtamış xan dərhal adam göndərib Kimerini gətirtdirir və ondan məsləhətlər almağa başlayır» (Ögəl, 2006, s. 402).

Dastanın sonrakı bölümlərindən aşağıdakı məlumatı da əldə etmək mümkündür:

«Kil xanın oğullarından Kimeri adlı bir xan var idi. Kimeri xan Ozqan xanınən hörmətli vəzirlərindən biri idi. Özü də Bənən şəhərində yaşayırdı.

Kimerinin soylarından Qıyat xan adlı bir xan da var idi. O da Bənən şəhərindən idi» (Ögəl, 2006, s. 409).

Mixi qaynaqlarda antik mənbələrin "kimmer" kimi qeyd etdiyi ad "qimiraya" (qimirə mənsub) şəklində əks olunmuşdur. Azərbaycanın müasir toponomiyasında Qımır və Qımırlı (Zaqatala" rayonu) yer adları qalmışdır (Azərbaycan tarixi, 1994, s.103-104).

Kimmerləri e.ə. Vlll əsrin Azərbaycan və Ön Asiya sakinləri kimi göstərən mixi kitabələrdən fərqli olaraq Herodot e.ə. V srdə onlardan Qara dənizin quzey sahillərinin sakinləri kimi söz açmaqdadır. Tarixin atası eyni zamanda onların bu əraziyə iskitlərin təzyiqi ilə Araz çayı sahillərindən köç etməyə zorlandıqlarını bildirməkdədir. Belə hesab olunur ki, bu etnik qrup guya Güney Qafqaz və Ön Asiyaya Quzey Qafqzdan Daryal keçidini keçərək gəliblərmiş, yəni onlar Azərbaycan və Ön Asiyanın avtoxton əhalisi deyilmiş. Bu fikrin doğru olmadığını irəlidə göstərəcəyik. Hələliksə qeyd edək ki, onların Araz çayını keçərək e.ə. 715-ci ildə Urartu ordusunu darmadağın etdikləri və Urartunu tutduqları dəqiq məlum olan faktdır (Меликашвили Г. А., 1954, s. 278-281).

Kimmerləri "qamira" adlandıran aşşur mənbələri onlardan Manna, yəni Azərbaycan sakinləri kimi söz açmaqda və onların hökmdarı Tuqdammenin (Toxtamışın) adını çəkməkdədirlər (Гейбуллаев Г.А., s. 327-219). Rus və bəzi Avropa elmi ədəbiyyatında yayğın olan fikrə görə bu xalq irandilli idi (Дьяконов И. М., 1951, s. 239-241). Lakin əldə olan təkzibedilməz dəlillər bunun əksini sübut etməkdə, kimmerlərin türkdilli olduqlarını birmənalı şəkildə ortaya qoymaqdadır. Dünyaya "İlliada" və "Odiseya" kimi iki nəhəng poema bəxş emiş Homer bu xalqdan "at südü sağanlar" kimi bəhs etmişdir (Homer. İlliada., Xlll,1). At südünü sağanların və ondan kımız hazılayanların isə məhz türk xalqları olduğu bəllidir. İrandillilər içərisində belə hala rast gəlinməmişdir. Mövzumuz baxımdan erkən orta əsrlər tarixçisi Prokopiyanın dedikləri isə əvəzsiz mənbə hesab edilə bilər: "...Saqinlərdən sonra ölkədə çoxluq təşkil edən Meotiy bataqlığından Tanais çayının bataqlığa tökülən yerinə qədər çoxlu hun tayfaları yerləşmiş-lər.Burada yaşayan xalqları qədimdə kimmer,indi isə utiqur adlandırırlar" (Oğuz Y., s. 20; Гейбуллаев Г.А., s. 96-97).

Prokopiyanın verdiyi məlumatdan göründüyü kimi, hun türkləri, o cümlədən hunların bir qolu olan utiqurlar qədimdə kimmer adlanmışlar. Bu isə o deməkdir ki, kimmerlərin türklüyü antik müəlliflərdə heç bir şübhə oyatmamışdır. Hun soylarından olan utiqur və kutriqurların mənşəyi ilə bağlı bir əfsanə də eyni fikri təsdiqləyir. Bahəddin Ögəl özünün “Türk mifologiyası” kitabının Avropa hunlarının maralla bağlı əfsanələrindən söz açan bölümündə həmin əfsanəni belə təsvir edir: “Vaxtilə Kimmer kralınnKutriqur və Utiqur adlı iki oğlu var imiş. Günlrin birində bu iki uşaq ov etmək üçün çölə çıxır. Ov axtardıqları zaman dişi bir marala rast gəlir və maral qovmağa başlayırlar. Maral qaçır, uşaqlar qovurlar və ən nəhayət bir dənizin kəmarına gəlirlər. Uşaqlar maralı dənizə sıxışdırıb vurmaq istəyirlr, lakin maral dənizə atılıb üzməyə başlayır. Uşaqlar da üzə - üzə maralın dalınca gedirlər. Maral qabaqda, uşaqlar da arxasında sahilə çıxırlar. Uşaqlar quruya ayaq basan kimi maral yoxa çıxır” (Ögəl B., s. 575).

Musa Kağankatlının yazdığına görə, Yafəsin oğullarından biri Qamər idi və qamərlər, yəni kimmerlər onun soyundandır (Kalankaytuklu, s. 14-15). Müəllif eyni zamanda kimmerlərin soy babası olan Qaməri Azərbaycanın (Albaniyanın) Yafəsdən sonrakı ikinci xaqanı kimi təqdim edir. Bu isə o deməkdir ki, kimmerlər çox-çox qədim zamanlarda gerçəkdən də bu ərazilərin sahibləri olmuşdular. Məhz o dövrdə də "kimmer" adı utilərə də şamil edilmişdir. Belə isə, eyni ad ümumiləşdirici ad kimi utilərin qonşuları saklara da, - əgər onlar həmin dövrdə eyni ərazidə yaşayırdılarsa, - aid edilməli idi.

Mixi yazılar bu versiyanı da təsdiq edir. Məsələ burasındadır ki, 1933-cü ildə Aşşurbanipalın (e.ə. 668-663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər lövhə üzərindəki yazısında başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan Tuqdamme (Toxtamış) "Saka ölkəsi"nin və ya sakların hökmdarı kimi təqdim edilir. Mətnin naşiri R. Tompson "saka" (sak) ifadəsindən sonra gələn mixi işarəni özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini əsaslandırmaq istəmişdir.Lakin sonralar X. Tadmor iddia etdi ki, ifadəni "Saka və Qutium" (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki, kimmelərin öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə bağlı olduqları məlum olan sakların üzərində də hökm sahibi imiş (Грантовский Э. А., 1960, s. 84).

Herodotun yazdıqlarından belə anlaşır ki, kimmerlərin bu bölgədəki hakimiyyətinə hansısa iskit tayfası son qoymuş, onları Araz çayını keçərək öncə Qara dənizin cənub sahillərinə, daha sonra isə şimal sahillərinə sıxışdırmışdır. Lakin tarixin atası bu hadisəni iki versiyada nəql etmişdir. İkinci versiyaya görə iskitlər Araz çayı sahilində yaşayırdılar. Onlar Araz çayını keçib kimmerlər ölkəsinə gəldilər və onları təqib etməyə başladılar (Гасанов З., 2000, s. 24).

Maraqlıdır ki, özbək «Xannamə»sində suriyalılardan, yəni aşşurlardan da söhbət açılır. Bu fakt Çingiz xanın ulu babalarının tarixçələrinin ilkin mərhələsinin Ön Asiya və Qafqazla bağlı olduğu fikrini möhkəmləndirir. Və məsələ bununla da bitmir. “Xannamə”də özbəklərin ilk xanlarının xəzərlərlə döyüşündən söhbət gedir. Halbuki, tarixən yaşadıqları arealın Şərqi Avropa, Qafqaz və bilavasitə Azərbaycanla sınırlı olduğu məlum olan xəzərlərin ölkələrinin bugünkü Özbəkistan ərazisi ilə heç bir sınırı olmayıb və bu ərazilər bir-birindən çox uzaqdır. Eyni zamanda, xəzərlərin heç vaxt Ural çayından şərqə tərəf keçmədikləri məlumdur. Əgər özbəklərin ulu babaları ilə onlar arsında gerçəkdən də nə zamansa döyüş olubsa, bu mütləq Qafqaz ərazisində olub. Dastanda həmin döyüş belə təsvir edilir:

«Ozqan xan xəzərlərə qarşı yürüşündə Xəzər xanını öldürmüşdü. Xəzər xan öldürülən zaman oğlu Kümüş hələ doğulmamışdı. Kümüş xan böyüyəndən sonra olub-keçənləri öyrəndi və Ozqan xanın oğlu Uluq xandan atasının intiqamını almaq qərarına gəldi. Uluq xan da bunu eşidən kimi, dərhal ordusunu çəkib, onun üzərinə yeriyir və iki ordu qarşı-qarşıya gəlir. Yenə təkbətək döyüş başlayır və xəzərlərdən Dimuk adlı bir igid ortaya çıxır. Uluq xan da öz igidi Macar pəhləvanı meydana göndərir. Macar pəhləvan xəzərlərdən meydana çıxan üç igidi dalbadal öldürür. Buna görə xəzərlər Tuğraq Dilavər adlı bir igidi meydana çıxarırlar...» (Ögəl, 2006, s. 396).

Bu fraqmentdə Macar antrponiminə rast gəlinməsi böyük maraq doğurur. Həm ona görə ki, bu fakt macarların etnogenezinə müəyyən aydınlıq gətirir, həm də ona görə ki, döyüşün Şərqi Avropa ərazisində baş verdiyini ehtimal etməyə əsas verir. Bu son dərəcə qiymətli informasiya Çingiz xanın və onun soyundan gələn özbəklərin ulu əcdadlarının Ön Asiya və Qafqazlardan Orta Asiyaya hansı yolla köçdüklərinə müəyyən aydınlıq gətirir.

“Xannamənin başqa bir yerində xəzərlərlə ikinci döyüşdən və bu döyüşdə məğlub olan özbəklərin xəzər hakimiyyətini qəbul etmələrindən söhbət açılır: «Təlim xan xəzər xanı Kümüş xanı öldürərək, atasının taxtını almışdı. Gümüş xanın Ay Tokuş adlı bir oğlu var idi. Ay Tokuş böyüyüb bir igid olanda, hər şeyi təfsilatı ilə öyrənir. Atasının intiqamını Təlim xanın oğlundan almaq üçün yola düşür...» (Ögəl, 2006, s. 403).

“Xannamə”nin bu yerində növbəti dəfə kimerlərin adı ilə rastlaşırıq. Bu dəfə də kimerlər özbəklərin müttəfiqi kimi çıxış edirlər:

«Rak, Ilaq, Ruyin, Kimeri, Uyğur, Səkləb elləri də özbəklərə qoşuldular» (Ögəl, 2006, s. 403).

Dastanın ən maraqçəkici məqamlarından biri də özbəklərin öz soylarını eynən digər türk xalqları kimi Nuh oğlu Yafəsə bağlamalarıdır:

«Nuhun Ham, Sam və Yafəs adlı üç oğlu var idi...

Bütün xanlar, özbəklər, türklər və şimal xalqları Yafəsin soyundan gəlirlər. Bütün gözəllər Yafəsin soyundandırlar. Buxaranın gözəlləri Xorasanınkından, Səmərqəndin gözəlləri Buxaranınkından, Daşkəndin gözəlləri də Səmərqəndin gözəllərindən daha gözəldirlər. Ta şimala qədər bu şəkildə davam edir...» (Ögəl, 2006, s. 385).

“Xannamə”də yad edilən özbək boylarına gəlincə, sözügedən dastanda onların sayı 32 kimi göstərilir və belə sıralanır: «O dövrdə özbəklər 32 uruqdan, türkmənlər isə 27 uruqdan ibarət idi. Aşağıda adları çəkilən özbək boyları dərhal Bilmən Salur üzərinə hücum edirlər. Bu boyların adları bunlardır: qıyat, moğol, dörmən, saray, cəlayır, nayman, qanqlı, xitay, kereyit, qıfçaq, minq» (Ögəl, 2006, s. 395).

Burada sadalanan bütün böylar Çingiz xanın qurduğu siyasi birliyə daxil olmuş türk boyları ilə tam üst-üstə düşür. Əslində, özbəklərin öz adlarını Qızıl Orda xanı, Çingiz xanın nəvəsi Özbəkdən aldıqları məlumdur. Bu, əlbəttə ki, çox-çox sonrakı dövrlərdə baş vermişdir. Həm Çingiz xan, həm də yuxarıda adları keçən boylar elmi ədəbiyyatda yanlış olaraq, monqol kimi təqdim edilirlər. Odur ki, bu məsələnin üzərində xüsusi durmağımıza ehtiyac var. Bəri başdan qeyd edək ki, “Xannamə”də bütün bu boylar Yafəs oğlu Türkün söyu kimi, yəni türk boyları kimi təqdim edilirlər (Ögəl, 2006, s. 387-388). Çingiz xanın mənsub olduğu soy da mənşəcə bir türk-tatar soyu idi. Lakin bütün bu soy və boyları “moğol” və ya muğal” da adlandırmışlar ki, bir çoxları yanlış olaraq həmin etnonimi “monqol” adı ilə eyniləşdirir. Gerçək olan isə budur ki, bu iki etnonim arasında heç bir əlaqə yoxdur. “Moğol” adı sözügedən türk xalqının ərəb və fars mənbələrindəki adıdır. Azərbaycan əhalisi, o cümlədən ölkəmizdə yaşayan bəzi azsaylı xalqlar onları “muğal” adlandırmışlar, məsələn, ləzgilər, avarlar, buduqlar, saxurlar bu günə qədər Azərbaycan türklərini “muğal” adlandırmaqdadırlar. Yeri gəlmişkən qeyd edək ki, N. Baskakov da özünün “Türk dilləri” kitabında muğallardan ayrıca söz açmış və onları Azərbaycan türklərinin etnogenezində yaxından iştirak edən türkdilli soy və boylardan olduğunu qeyd etmişdir (Oğuz Y., Tuncay B., 2009, s. 143-144).

Məlumat üçün bildirək ki, qafqazdilli xalqların əksəriyyəti “azərbaycanlı” anlamında ayrı-ayrı türk soy və boylarının adını işlədirlər. Məsələn, vaynaxlar (çeçenlər və inquşlar) bu yaxın zamana qədər bizə “padar” deyirdilər. Laklar üçün biz “qacar”, ləzgilər üçün “muğal”, gürcülər üçün isə “tatar”ıq. Yalnız ermənilər və irandilli xalqlar bizi gercək adımızla çağırırlar. Ermənilər bizə türk, talışlar isə eyni anlama gələn “tırk” deyirlər. Maraqlıdır ki, talış dilində “Azərbaycan dili” kəlməsi yoxdur və bu dildə həmin mənada “tırki zəvon” (türk dili) sözbirləşməsi işlənir.

Abbasqulu ağa Bakıxanov özünün “Gülüstani-İrəm” adlı əsərində Şirvan əhalisinin dillərindən söz açarkən, türk və tat dilində danışanlarla yanaşı Azərbaycanın şimal-qərbində yaşayan və moğol (muğal) dilində danışan bir xalqdan da söhbət açır, fəqət həmin xalqın adını çəkmir, yalnız əski mənbələrə istinadən onların massagetlərin nəvə-nəticələri ola biləcəyini iddia edir. Bakının Maştağa kəndinin əhalisini də qonşu tat və tərəkəmə (türk) kəndlərinin sakinlərindən fərqləndirərək, həmin “moğol dilində” danışanların nəsli kimi qələmə verir. Moğol dilinin də türk dilinin şivələrindən biri olduğunu qeyd edir (Bakıxanov A. Gülüstani-İrəm, 1951, s. 12). Övliya Çələbi isə həmin xalqdan “qaytaq” kimi söz açır, yerli xalqın onları “moğol” (muğal) adlandırdıqlarını bildirir. Onların oğuz olduqlarını, “Buxara dilində” (Cığatay türkcəsində) danışdıqlarını, Şirvana Mahan vilayətindən gəldiklərini qeyd edir (Koroğlu, 1999, s. 100).

Bu məlumatlardan göründüyü kimi, yerli əhali, o cümlədən yerli azsaylı qafqazdilli xalqlar başlanğıcda “muğal” adını sadəcə türkdilli qaytaqlara, yəni muğal (uyğur) dilində danışan, adı qaytağı rəqsinin adında yaşayan bir xalqa şamil etmiş, sonralar ləzgilərin və onlarla qohum olan bəzi digər xalqların dilində bu kəlmə ümumilikdə Azərbaycanın bütün türkdilli əhalisini ifadə edən bir etnonimə çevrilmişdir. Yerlilərin qaytaqları “muğal” adlandırmalarına səbəb isə onların moğollarla, yəni Hülakülərlə eyni dildə danışması olmuşdur.

Hülakülər dövrü moğollarının, başqa sözlə, Azərbaycana kənardan gəlmiş moğolların, yəni Çingiz xan övladlarının hansı dildə danışdığını, moğol dilinin nə olduğunu isə biz Xlll əsrin görkəmli Azərbaycan dilçisi İbn Mühənnanın “Tərcümani Farsi və Türki və Moğoli” (Fars, türk və moğol dillərinin lüğəti) adlı əsərindən öyrənirk. Dövrümüzədək 5 qədim əlyazma nüsxəsi ulaşmış bu möhtəşəm əsər ərəb dilində qələmə alınmış və ilk dəfə P. M. Melioranski tərəfindən geniş tədqiqata cəlb edilmişdir. Alim uzun araşdırmalardan sonra lüğətin Azərbaycanda, özü də XlV əsrdən gec olmayaraq, yəni Hülakülər dövründə qələmə alındığnı aydınlaşdırmışdır. Daha sonra isə o, əsərin Xlll əsrdə Azərbaycanda yazıldığını qəti şəkildə bildirmişdir (Əlibəyzadə, 2007, s. 589). Mövzu ilə bağlı Elməddin Əlibəyzadə yazır:

“Kitabın ümumi bölməsində bir sıra maraqlı nəzəri məsələlərə toxunulur. Bunlar türk dillərinə indiki elmi baxımdan belə faydalıdır; bunlar, həqiqətən türk dilləri, Xlll əsrdə onların mövqeyi, müxtəlif qolları, dialekt və şivələrinin bir – biri ilə əlaqəsi, yaxınlığı və s. barədə əhəmiyyətli mülahizələrdir. Müəllif tez –tez “bizim ölkənin türk dili və ya ləhcəsi” istilahını işlədir ki, bu, “Azərbaycan ölkəsi və onun dili” deməkdir.

Burada yenə məsələnin qoyuluşuna P. M. Melioranskinin münasibəti diqqəti çəkir. O yazır: “Bizim müəllif, daha sonra, qrammatikanın müxtəlif yerlərində dialektlər arasındakı fərqlərdən danışır. O, ümumiyyətlə dialektləri belə fərqləndirir: Türküstan, türkmən və “bizim ölknin türkcəsi”, yəni məncə, “qədim Azərbaycan” dialekti... Bizim müəllif türkmən dialektindən çox ötəri bəhs edir, lakin “bizim ölkənin türk” dili ilə müqayisədə “Türküstan” dilinin səs quruluşunu kifayət qədər dolğun səciyyələndirir; bununla belə, o, əlbəttə, bu axırıncı ilə daha çox məşğul olur, həm də, hətta, müxtəlif kənara çıxmalara “bizim ölkənin türk” ləri arasındakı şivələri dönə - dönə nəzərə çarpdırır...”

Belə aydın olur ki, İbn Mühənna öz əsərində ümumilikdə “türk dili” və ya “türk dilləri” dedikdə, onun üç mühüm qoludan danışır ki, bunların biri də... Azərbaycan dili və ya dialektidir...” (Əlibəyzadə, 2007, s. 589-590).

Kitabda yazılanlardan o da aydın olur ki, müəllifin bəzən “Türküstan türkcəsi” də adlandırdığı moğol dili uyğur dilindən başqa bir şey deyildir (Əlibəyzadə, 2007, s. 590-591). Bunun belə olduğunu Hülakülərin (Elxanlıların) dövrümüzədək ulaşmış fərman və məktubları da sübut etməkdədir. Həmin rəsmi sənədlər uyğur əlifbası ilə uyğur türkcəsindədir. Məlumat üçün bildirək ki, dövrümüzədək Çingiz xan soyundan olan Qızıl Orda xanı Özbək xanın fərmanı da ulaşmışdır və bu fərman da sözügedən dildədir və sözügedən əlifba ilə qələmə alınmışdır (Сафаргалиев, 1996, s. 290) Xlll əsrdə qələmə alınmış, müəllifi bilinməyən və T. Hautsman tərəfindən nəşr edilmiş “Kitab – məcmu – e – tərcüman türki və əcəmi və moğoli və farsi” adlı lüğətdə də uyğur dili “moğol dili” kimi təqdim edilir.

Yazı tarixinin gözəl bilicisi İohannes Fridrix də özünün “Yazı tarixi” kitabında Çingiz xanın və oğullarınn dövründə uyğur dilinin dövlət dili olduğunu və bütün rəsmi yazışmaların bu dildə və uyğur əlifbası ilə aparıldığını vurğulayır (Fridrix, 1979, s. 168). Çingiz xanın əldə olan, sinədən söylədiyi məlum olan və dövrümüzədək “Şəcərət əl - ətrak” (Türklərin şəcərəsi) adlı bir ərəbdilli anonim mənbə sayəsində ulaşan bir-iki bənd şeri də uyğur türkcəsindədir:
“Tenqiz baştın bulqansa tondurur olum Cuçi dur,

Terek tubtin cıqılsa turquzar olum Cuçi dur” (Ön və Orta Asiya türklərinin.., 2003, s. 106).

Odur ki, moğolların (muğalların) bugünkü monqollarla eyniləşdirilməsi kökündən səhvdir və rus “alim”lərinin siyasi məqsədlərlə uydurduqları böyük yalandan başqa bir şey deyildir. Və bu yalan yenə ruslar tərəfindən uydurularaq elm aləminə sırınan, əsli guya çin heroqlifləri ilə monqol dilində olan, fəqət dövrümüzə çin dilinə tərcümədə gəlib çatan saxta “Monqolların gizli tarixi”nə əsaslanır. Əgər gerçəkdən də nə zamansa çin heroqlifləri ilə yazılmış və guya monqol dilində olmuş mətnlər olubsa, onun gerçəkdən də monqol dilində yazılmış olduğunu kim və necə müəyyənləşdirmişdir? Axı, heroqliflər fonetik yazı deyil, bütöv sözlərin işarələrlə yazılışıdır və heroqliflərlə yazılmış mətnlərin fonetik səslənişini müəyyən etmək mümkün deyil. Çin dilinə tərcümə mətninə gəlincə, həmin mətnin sadəcə bir neçə vərəqinin dövrümüzədək ulaşdığı söylənilir və o da Çingiz xanın və nəslinin tarixçəsinin çoxsaylı variantlarından başqa bir şey deyildir. İkincisi, moğol türklərinin tarixinə aid olan bütün Çin sənədlərində, eləcə də adının əslində nə olduğu məlum olmayan, rus saxtakarlığı sayəsində dünyaya “Monqolların gizli tarixi” kimi tanıdılan və beləcə də qəbul edilən yazıda bu xalqın adı, eynən rus və Avropa mənbələrində olduğu kimi, “tatar” (ağ tatarlar və qara tatarlar) kimi qeyd olunub (Хара-Дабан, 1996, s. 95) və bu mənbələrin heç birində “monqol” etnoniminə rast gəlinmir.

Hülakülər dövründə, yəni Xlll-XlV əsrlərdə Azərbaycan imperatorluğunun rəsmi dövlət dili olmuş uyğur (Türküstan) türkcəsi bir müddət Osmanlı sarayında da rəsmi dil kimi işlənmiş və dövrün Osmanlı padşahları Hülakü hökmdarları ilə yazışmalarında bu dildən istifadə etmişlər. İşin ən maraqlı tərəfi isə budur ki, bütün ərəbdilli mənbələrdə Hülakülər və ümumiyyətlə Çingiz xan övladlarından türk kimi söhbət açılır. Qədim Çin, rus, Avropa və fars mənbələrində isə onlar “tatar” adlandırılır və onların monqol olduqlarına bircə dənə də olsun işarə yoxdur. Tatarların isə qədim türk boylarından biri olduğu məlumdur. Bunun belə olduğunu həm Orxon-Yenisey abidələri, həm də Mahmud Kaşğarlı birmənalı şəkildə təsdiq edir.

Yeri gəlmişkən qeyd edək ki, bütün qədim türk şəcərənamələrində, o cümlə-dən “Çingiznamə”də Çingiz xanın soy ağacı türklərin ulu babası hesab edilən Nuh oğlu Yafəsə bağlanır, Oğuz xanla eyni budağa mənsub Tatar və Moğol (Muğal) adlı əkiz qardaşlardan söz açılır. Bir çox hallarda tatarların bir qolunun adı və ya “tatar” adının sinonimi kimi işlədilən “moğol” (muğal) adı həmin əkiz qardaşlardan birinin adından qaynaqlanır: «Yeddinci nəsildə Türkün əkiz oğlu oldu: Tatar və Moğol. Ataları İlli xan Türküstanı onların arasında böldü. Üçüncü nəsildə Moğoldan Moğol oğlu Qara xan, Qara xan oğlu Oğuz xan... dünyaya gəldi» (Бичурин, 1950-1953, 1, 223).

Farsdilli mənbələrin birində deyilir:

«İslam tarixlərində yazılmışdır. İsrail oğullarının da tarixlərində yazılmışdır. Nuh peyğəmbər yer üzünü cənubdan şimala doğru üç hissəyə ayırmışdı.

Birinci hissəni öz oğullarından Hama vermişdi. Ham Sudanın atasıdır. Ortadakı qismi yenə öz oğlu olan Sama bağışlamışdı. Sam da ərəblərlə farsların atasıdır.

Nuh peyğəmbər dünyanın üçüncü qismini isə oğullarından Yafəsə vermişdir. Bu ölkələri oğlu Yafəsə verdiyi üçün bu oğlunu da dünyanın şərq tərəfinə göndərmişdi. Türklər Yafəsə Əbulca xan deyirlər, amma onun Nuh peyğəmbərin oğlu olduğunu da bilmirlər. Bununla bərabər bu türk xanının Yafəslə eyni dövrdə yaşadığını, onunla qohum olduğunu bilirlər. Moğolların hamısı, türk qəbilələri və bütün köçərilər onun nəslindən gəlirlər» (Ögəl, 2006, s. 162).

Moğollar türk şəcərənamələrində tatar türklərinin 30 boyundan, “Xannamə”də isə özbək türklərinin 32 uruğundan biri kimi qeyd edilmişlər (Ögəl, 2006, s. 395).



Kataloq: 2016
2016 -> По антикоррупционной работе в поликлинике
2016 -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
2016 -> Agnela da Cruz Henriques de Barros Wilper Statement (afta 2016)
2016 -> Seks riSKƏ BƏrabər deyiL!!
2016 -> Qastroentrologiya 1 Yaşlı insanlarda qida borusunun uzunluğu təqribən nə qədərdir?
2016 -> Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq
2016 -> Az Book Library Filosof Fikri
2016 -> Ubutumire uniib iratumiye abantu, imigwi y'abantu canke amashirahamwe bose bipfuza gushikiriza inkuru hamwe/canke ivyandiko bijanye n'ihonyangwa ry'agateka ka zina muntu hamwe n'ayandi mabi yose vyakozwe I Burundi guhera mu kwezi kwa Ndamukiza

Yüklə 5,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə