«Bitki mühafizəsi haqqında» Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikası «Bitki mühafizəsi haqqında»



Yüklə 53,78 Kb.
tarix17.04.2017
ölçüsü53,78 Kb.
#14209


«Bitki mühafizəsi haqqında» Beynəlxalq Konvensiyaya qoşulmaq barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası «Bitki mühafizəsi haqqında» 1951-ci il dekabrın 6-da Roma şəhərində qəbul edilmiş Beynəlxalq Konvensiyaya qoşulsun.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 14 mart 2000-ci il

831-IQ



«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir

(30 iyun 2000-ci il, № 6, maddə 393)

Bitki mühafizəsi haqqında Beynəlxalq Konvensiya

Preambula

Razılığa gələn Hökumətlər bitkilərin və bitkiçilik məhsullarının xəstəlik və ziyanvericiləri ilə mübarizə işində beynəlxalq əməkdaşlığın və bu xəstəlik və ziyanvericilərin milli sərhədlərdən kənara çıxarılmasının qarşısının alınmasının faydalılığını nəzərə alaraq və buna istiqamətləndirilmiş tədbirlərin sıx əlaqələndirilməsinin təmin olunmasını arzu edərək aşağıdakılar barədə razılığa gəlmişlər.



Maddə I. Məqsəd və öhdəliklər

1. Bitki və bitkiçilik məhsullarının xəstəlik və ziyanvericilərinin gətirilməsi və yayılmasının qarşısını almaqdan ötrü birgə və səmərəli fəaliyyəti təmin etmək və bunlarla mübarizə tədbirlərinə kömək etmək üçün Razılığa gələn Hökumətlər bu Konvensiyada və III maddəyə əsasən qəbul olunmuş əlavə sazişlərdə nəzərdə tutulan qanunvericilik tədbirləri, texniki və inzibati tədbirlər görməyi öhdələrinə götürürlər.

2. Razılığa gələn hər bir hökumət öz ərazisində bu Konvensiyanın bütün tələblərinin yerinə yetirilməsi üçün öz üzərinə məsuliyyət götürür.

Maddə II. Tətbiq sahəsi

1. Bu Konvensiyada «bitki» termini Razılığa gələn Hökumətlərin bu Konvensiyanın VI maddəsinə əsasən idxalına nəzarət olunmasını və ya bu Konvensiyanın IV maddəsinin 1-ci paraqrafının («a» bəndinin) iv yarımbəndinə və V maddəsinə əsasən fitosanitar vəziyyətinin təsdiq olunmasını lazım bildikləri canlı bitkiləri və toxum da daxil olmaqla, bitki hissələrini bildirir.

«Bitkiçilik məhsulları» termini «bitki» tərifinin əhatə etmədiyi emal olunmamış məhsulları və toxum da daxil olmaqla, bitki mənşəli üyüdülmüş məhsulları bildirir.

2. Razılığa gələn Hökumətlər faydalı hesab edərlərsə, bu Konvensiyanın müddəaları bitki və bitkiçilik məhsullarının beynəlxalq daşımalarında tətbiq olunan anbarlara, rezervuarlara, nəqliyyat vasitələrinə, taraya və torpaq da daxil olmaqla, hər cür başqa qablaşdırma materiallarına tətbiq edilə bilər.

3. Bu Konvensiya xüsusən beynəlxalq ticarətdə böyük əhəmiyyət verilən bitki xəstəlikləri və ziyanvericilərini nəzərdə tutur.

Maddə III. Əlavə sazişlər

1. Ayrı-ayrı rayonlara, müəyyən xəstəliklərə və ya ziyanvericilərə, müəyyən bitkilərə və bitkiçilik məhsullarına, bitkilərin və bitkiçilik məhsullarının müəyyən beynəlxalq daşınma üsullarına tətbiq olunan və ya bu Konvensiyanın müddəalarını başqa cür tamamlayan əlavə Sazişləri Birləşmiş Millətlərin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (bundan sonra «FAO» adlandırılacaqdır) Razılığa gələn Hökumətlərdən birinin tövsiyəsi və ya təşəbbüsü ilə bitki mühafizəsi sahəsində ayrıca diqqət və ya ayrıca tədbirlər tələb edən xüsusi problemlərin həll olunması məqsədilə təklif edə bilər.

2. Hər hansı belə əlavə saziş FAO-nun Nizamnaməsinin, Qaydalarının və Prosedurunun müddəalarına uyğun olaraq qəbul edildikdən sonra Razılığa gələn hər bir Hökumət üçün qüvvəyə minir.

Maddə IV. Bitki mühafizəsi üzrə milli təşkilat

1. Razılığa gələn hər bir Hökumət ən qısa müddətdə öz imkanları daxilində tədbirlər görür ki:

a) bitki mühafizəsi sahəsində aşağıdakı əsas funksiyaları olan rəsmi təşkilat yaradılsın:

i) xüsusən bitki xəstəlikləri və ziyanvericilərinin olmasını, əmələ gəlməsini və yayılmasını aşkara çıxarmaq məqsədilə kök üstə bitkilərin, becərilmiş torpaqların (o cümlədən tarlaların, plantasiyaların, şitilliklərin, tingliklərin, bağların və oranjereyaların), anbarlarda və daşınma prosesində bitkilərin və bitkiçilik məhsullarının müayinəsi;

ii) beynəlxalq ticarət obyekti olan bitkilərin və bitkiçilik məhsullarının müayinəsi, bitkilərin və bitkiçilik məhsullarının xəstəlik və ziyanvericilərinin təsadüfən yayıcılarına çevrilə biləcək şəraitdə olan idxalat və ixracat şeyləri və mallarının imkan daxilində müayinəsi, beynəlxalq mübadilədə həm bitkilərin və bitkiçilik məhsulları, həm də başqa məhsullar üçün, xüsusən bitkilərin və bitkiçilik məhsullarının xəstəlikləri və ziyanvericilərinin milli sərhədlərdən kənara çıxıb yayılmasına yol verməmək üçün istifadə olunan anbar binalarının və hər növ nəqliyyat vasitələrinin müayinəsi və onlara nəzarət edilməsi;

iii) beynəlxalq ticarət obyekti olan bitkilərin və bitkiçilik məhsullarının, eləcə də taranın, anbar binalarının və daşınma üçün istifadə olunan bütün nəqliyyat vasitələrinin dezinseksiya və dezinfeksiyasının aparılması;

iv) ixrac olunan bitkilərin və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti və mənşəyi barədə vəsiqələrin (bundan sonra «fitosanitar vəsiqələri» adlandırılacaqdır) verilməsi;

b) bitkilərin və bitkiçilik məhsullarının xəstəlik və ziyanvericiləri haqqında, onlara qarşı profilaktik tədbirlər və onlarla mübarizə tədbirləri haqqında məlumatın dövlət daxilində yayılması;

c) bitki mühafizəsi sahəsində axtarış və araşdırmaların aparılması.

2. Hər bir Razılığa gələn Hökumət FAO-nun Baş Direktoruna bitki mühafizəsi üzrə öz milli təşkilatını təsvir edən məlumat təqdim edir və bu təşkilatda olan dəyişiklikləri ona bildirir; FAO-nun Baş Direktoru bu məlumatı Razılığa gələn bütün Hökumətlərə çatdırır.



Maddə V. Fitosanitar vəsiqələri

1. Razılığa gələn hər bir Hökumət Razılığa gələn başqa Hökumətlərin bitki mühafizəsi sahəsində müəyyən etdikləri qaydalara, habelə aşağıdakı müddəalara uyğun olaraq fitosanitar vəsiqələrinin verilməsi üçün tədbirlər görür:

a) müayinə aparılması və fitosanitar vəsiqələrinin verilməsi elə şəraitdə fəaliyyət göstərən, elə bilik və məlumatlara malik olan, texniki cəhətdən səriştəli və müvafiq qaydada vəkil edilmiş vəzifəli şəxslər tərəfindən (və ya onların rəhbərliyi altında) həyata keçirilir ki, bu idxalatçı ölkənin hakimiyyət orqanlarına həmin vəsiqələri etibar ediləsi sənədlər kimi qəbul etmək imkanı versin;

b) əkilmək və ya çoxaldılmaq üçün nəzərdə tutulan bitkilər barədə vəsiqələr bu Konvensiyaya Əlavədə verilmiş forma üzrə tərtib edilir və onlarda idxalçı ölkənin hakimiyyət orqanları tərəfindən tələb olunan başqa əlavə məlumatlar olur. Bu vəsiqə nümunəsindən digər bitkilər və bitkiçilik məhsulları barəsində də istifadə etmək olar; bir şərtlə ki, bu, məqsədəuyğun olsun və idxalçı ölkənin tələblərinə zidd olmasın;

c) vəsiqələrdə heç bir düzəliş və natamamlığa yol verilmir.

2. Razılığa gələn hər bir Hökumət öhdəsinə götürür ki, əkilmək və ya çoxaldılmaq üçün ölkəsinə idxal olunan bitkilərdən ötrü bu Konvensiyaya Əlavədə verilən nümunəyə uyğun gəlməyən fitosanitar vəsiqələr tələb etməyəcəkdir.



Maddə VI. İdxal olunan yüklərə dair tələblər

1. Razılığa gələn Hökumətin tam ixtiyarı var ki, öz ərazisinə bitki xəstəlikləri və ziyanvericilərinin gətirilməsinə qarşı mübarizə aparmaq məqsədilə bitkilərin və bitkiçilik məhsullarının idxalını nizamlasın və bundan ötrü aşağıdakı tədbirləri həyata keçirsin:

a) bitkilərin və bitkiçilik məhsullarının idxalı üçün məhdudiyyətlər və ya müəyyən şərtlər qoysun;

b) müəyyən bitkilərin və ya bitkiçilik məhsullarının, yaxud müəyyən bitki və ya bitkiçilik məhsulları partiyalarının idxalını qadağan etsin;

c) müəyyən bitki və ya bitkiçilik məhsulları partiyalarını müayinə etsin və ya onlara karantin qoysun;

d) müəyyən bitki və ya bitkiçilik məhsulları partiyalarını zərərsizləşdirsin və ya məhv etsin, yaxud onların zərərsizləşdirilməsini və ya məhv olunmasını tələb etsin.

2. Razılığa gələn hər bir Hökumət beynəlxalq ticarətə mümkün qədər az əngəl törətmək üçün bu maddənin 1-ci bəndinin müddəalarını aşağıdakılara müvafiq surətdə yerinə yetirməyi öhdəsinə götürür:

a) Razılığa gələn Hökumətlər bitki mühafizəsi haqqında öz qanunvericiliklərinə uyğun olaraq, fitosanitariya baxımından zərurət yaranmadığı hallarda bu maddənin 1-ci bəndində göstərilən tədbirlərdən heç birini görməyəcəklər;

b) əgər Razılığa gələn Hökumət öz ərazisinə bitkilərin və bitkiçilik məhsullarının gətirilməsinə hər hansı bir məhdudiyyət və ya müəyyən şərtlər qoyursa, bu məhdudiyyətləri və ya şərtləri dərc edir və Razılığa gələn başqa Hökumətlərin bitki mühafizəsi üzrə təşkilatlarına və FAO-ya dərhal bu məhdudiyyətlər və ya şərtlər barədə məlumat verir;

c) əgər Razılığa gələn Hökumət bitki mühafizəsi haqqında öz qanunvericiliyinin müddəalarına uyğun olaraq hər hansı bitkilərin və bitkiçilik məhsullarının idxalını qadağan edirsə, öz qərarını və bu qərarın əsaslandırılmasını dərc edir və Razılığa gələn başqa Hökumətlərin bitki mühafizəsi üzrə təşkilatlarına və FAO-ya dərhal bu barədə məlumat verir;

d) əgər Razılığa gələn Hökumət müəyyən bitkilərin və bitkiçilik məhsullarının yalnız təyin olunmuş idxal məntəqələrindən gətirilməsini tələb edirsə, bu məntəqələr elə seçilir ki, zərurət olmadıqda beynəlxalq ticarətə əngəl törətməsin. Razılığa gələn həmin Hökumət bu məntəqələrin siyahısını dərc edir və bunu Razılığa gələn başqa Hökumətlərin bitki mühafizəsi üzrə təşkilatlarına və FAO-ya çatdırır. İdxal məntəqələri barədə belə məhdudiyyət yalnız o halda qoyulur ki, həmin bitkilərin və bitkiçilik məhsullarının fitosanitar vəsiqələri ilə müşayiət olunması, yaxud müayinə edilməsi və ya zərərsizləşdirilməsi tələb olunsun;

e) Razılığa gələn Hökumətin bitki mühafizəsi üzrə təşkilatı tərəfindən idxalı nəzərdə tutulmuş bitkilərin və bitkiçilik məhsullarının hər hansı müayinəsi, onların korlana biləcəyi nəzərə alınaraq, mümkün qədər qısa müddətdə aparılır. Əgər idxal olunan bitkilərin və bitkiçilik məhsullarının hər hansı bir partiyasının idxalatçı dövlətin bitki mühafizəsi haqqında qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyi müəyyən edilərsə, bu, ixracatçı dövlətin bitki mühafizəsi üzrə təşkilatına bildirilir. Əgər bitki və ya bitkiçilik məhsulları partiyası tam və ya qismən məhv edilərsə, bu barədə dərhal ixracatçı ölkənin bitki mühafizəsi üzrə təşkilatına rəsmi məlumat verilir;

f) Razılığa gələn Hökumətlər öz bitkiçilik məhsullarını təhlükə altına qoymadan əkilmək üçün nəzərdə tutulmamış idxalat bitkiləri və bitkiçilik məhsulları (məsələn, taxıl, meyvə, tərəvəz və kəsilmiş güllər) üçün fitosanitar vəsiqələrinin tələb olunduğu halları minimuma endirməkdən ötrü tədbirlər görürlər;

g) Razılığa gələn Hökumətlər bitkilərin və ya bitkiçilik məhsullarının, ziyanverici və xəstəlik törədən orqanizm nümunələrinin elmi məqsədlərlə gətirilməsi üçün tədbirlər görə bilərlər; bu şərtlə ki, əvvəlcə həmin bitki xəstəliklərinin və ziyanvericilərinin yayılmasına yol verməyən ehtiyat tədbirlərinin görülməsini təmin etsinlər.

3. Bu maddədə göstərilən tədbirlər həmin dövlətlərin bitkilərinin mühafizəsi üçün zəruri olmadıqda, Razılığa gələn Hökumətlərin bütün ərazisində tranzit yüklərə tətbiq edilmir.

Maddə VII. Beynəlxalq əməkdaşlıq

Razılığa gələn Hökumətlər bu Konvensiyanın məqsədlərinə, o cümlədən aşağıdakılara nail olmaq üçün bir-biri ilə mümkün qədər geniş əməkdaşlıq edirlər:

a) Razılığa gələn hər bir Hökumət öz imkanlarından və müvafiq təşkilatların bu sahədə xidmətlərindən tam istifadə edərək bitki xəstəlikləri və ziyanvericiləri məsələsi üzrə beynəlxalq sorğu şöbəsinin təşkili məqsədilə FAO ilə əməkdaşlıq etməyə və onun təşkilindən sonra vaxtaşırı olaraq aşağıdakı məlumatları FAO-ya təqdim etməyə razılıq verir:

i) öz ərazisində bitkilərin və bitkiçilik məhsullarının iqtisadi baxımdan birbaşa və ya potensial təhlükə törədən xəstəlik və ziyanvericilərinin aşkar edilməsi, əmələ gəlməsi və yayılması barədə məruzələr;

ii) bitkilərin və ya bitkiçilik məhsullarının xəstəlik və ziyanvericilərinə qarşı səmərəli mübarizə üsulları haqqında məlumatlar;

b) Razılığa gələn hər bir Hökumət məhsul üçün ciddi təhlükə törədə bilən və fəlakətin qarşısını almaq üçün beynəlxalq miqyasda tədbirlər görülməsini tələb edən müəyyən bitki xəstəlikləri və ziyanvericiləri ilə mübarizə sahəsində hər hansı xüsusi kampaniyada imkanı daxilində geniş iştirak edir.



Maddə VIII. Bitki mühafizəsi üzrə regional təşkilatlar

1. Razılığa gələn Hökumətlər müvafiq rayonlarda bitki mühafizəsi üzrə regional təşkilatların yaradılması məqsədilə bir-biri ilə əməkdaşlıq etməyi öhdələrinə götürürlər.

2. Bitki mühafizəsi üzrə regional təşkilatlar bu Konvensiyanın məqsədlərinin həyata keçirilməsi üçün öz səlahiyyət rayonlarında əlaqələndirici rol oynayır və müxtəlif tədbirlərdə iştirak edirlər.

Maddə IX. Mübahisələrin həlli

1. Bu Konvensiyanın təfsiri və ya tətbiqi məsələləri barədə mübarizə yaranarsa, yaxud Razılığa gələn Hökumətlərdən biri Razılığa gələn digər Hökumətin gördüyü tədbirlərin bu Konvensiyanın V və VI maddələri üzrə sonuncunun öhdəliklərinə, xüsusən onun ərazisindən bitkilərin və bitkiçilik məhsullarının idxalının qadağan edilməsi və ya məhdudlaşdırılması səbəbi barədə həmin öhdəliklərinə zidd olduğunu hesab edərsə, əlaqədar hökumət və ya hökumətlər FAO-nun Baş Direktorundan bu mübahisəyə baxılması üçün komitə təyin etməyi xahiş edə bilərlər.

2. Bu tədbirdə FAO-nun Baş Direktoru əlaqədar hökumətlərlə məsləhətləşmələrdən sonra yuxarıda göstərilən hökumətlərin nümayəndələrinin daxil olduğu ekspertlər komitəsi təyin edir. Bu komitə əlaqədar hökumətlərin həmin məsələyə dair təqdim etdiyi bütün sənədləri və başqa sübut formalarını nəzərə alaraq mübahisəli məsələni öyrənir. Bu komitə FAO-nun Baş Direktoruna həmin məsələ barədə məruzə təqdim edir və FAO-nun Baş Direktoru onu əlaqədar hökumətlərə və Razılığa gələn digər Hökumətlərə çatdırır.

3. Razılığa gələn Hökumətlər razılaşırlar ki, bu komitənin icbari xarakter daşımayan tövsiyələri mübahisə doğurmuş məsələnin əlaqədar hökumətlər tərəfindən aparılacaq yeni müzakirəsinin əsasında duracaqdır.

4. Əlaqədar hökumətlər ekspertlərin işi ilə bağlı eyni məbləğdə xərc çəkirlər.

Maddə X. Keçmiş sazişlərin əvəz olunması

Bu Konvensiya 1889-cu il aprelin 15-də Berndə imzalanmış Filloksera haqqında məsələyə dair 1881-ci il tarixli Beynəlxalq Konvensiyanı və 1929-cu il aprelin 16-da Romada imzalanmış Bitki mühafizəsi haqqında Beynəlxalq Konvensiyanı Razılığa gələn Hökumətlər arasında ləğv edir və əvəz edir.



Maddə XI. Ərazi tətbiqi

1. Hər hansı Hökumət bu Konvensiyanı təsdiq edərkən və ya ona qoşularkən, yaxud ondan sonrakı istənilən vaxtda FAO-nun Baş Direktoruna ərizə göndərib bəyan edə bilər ki, bu Konvensiya beynəlxalq münasibətləri üçün məsuliyyət daşıdığı bütün ərazilərə və ya onların bir hissəsinə tətbiq edilir. Bu Konvensiya ərizədə göstərilən bütün ərazilərə həmin ərizənin Baş Direktor tərəfindən alınmasından sonra otuzuncu gündən başlayaraq tətbiq olunur.

2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq FAO-nun baş Direktoruna ərizə göndərmiş hər hansı Hökumət hər vaxt hər hansı əvvəlki ərizənin məzmununu dəyişdirən və ya hər hansı ərazi barədə bu Konvensiyanın müddəalarının tətbiqinə xitam verən yeni ərizə göndərə bilər. Belə dəyişiklik və ya xitamvermə ərizənin Baş Direktor tərəfindən alınmasından sonra otuzuncu gündən qüvvəyə minir.

3. FAO-nun Baş Direktoru bu maddəyə uyğun olaraq, aldığı hər hansı ərizə barədə bu Konvensiyanı imzalamış və ya ona qoşulmuş bütün hökumətlərə xəbər verir.



Maddə XII. Təsdiq etmə və qoşulma

1. Bu Konvensiya 1952-ci il mayın 1-dək bütün hökumətlər tərəfindən imzalanmaq üçün açıqdır və mümkün qədər qısa müddətdə təsdiq edilməlidir. Təsdiqnamələr saxlanmaq üçün Baş Direktora verilir və o, bu Konvensiyanı imzalamış hər bir hökumətə həmin təsdiqnamələrin depozitə qoyulma tarixi barədə xəbər verir.

2. Bu Konvensiya XIV maddəyə uyğun olaraq qüvvəyə minəcəyi andan onu imzalamamış hər hansı hökumətin qoşulması üçün açıq olacaqdır. Qoşulma bu barədə sənədin saxlanmaq üçün FAO-nun Baş Direktoruna verilməsi yolu ilə həyata keçirilir və Baş Direktor bu Konvensiyanı imzalamış və ona qoşulmuş bütün hökumətlərə bu barədə xəbər verir.

Maddə XIII. Dəyişikliklər

1. Razılığa gələn Hökumətin bu Konvensiyaya dəyişikliklər barədə hər hansı təklifi FAO-nun Baş Direktoruna göndərilir.

2. FAO-nun Baş Direktorunun Razılığa gələn Hökumətdən bu Konvensiyaya dəyişikliklər barədə aldığı hər hansı təklif FAO-nun növbəti konfransında və ya xüsusi sessiyasında təsdiq edilir və əgər təklif mühüm texniki dəyişikliklərə səbəb olursa, yaxud Razılığa gələn Hökumətlərin üzərinə əlavə öhdəliklər qoyursa, ona konfrans keçirilənədək FAO-nun çağırdığı mütəxəssislərin Məsləhət Komitəsi tərəfindən baxılır.

3. Dəyişikliklər barədə hər hansı təklifi FAO-nun Baş Direktoru Razılığa gələn Hökumətlərə həmin məsələnin baxılacağı sessiyanın və Konfransın gündəliyindən gec olmayaraq bildirir.

4. Konvensiyaya dəyişikliklər barədə hər hansı belə təklif FAO-nun Konfransı tərəfindən bəyənilməlidir və Razılığa gələn Hökumətlərin üzvlərinin üçdə ikisi tərəfindən qəbul edildikdən sonra otuzuncu gündən qüvvəyə minir.

Lakin Razılığa gələn Hökumətlər üçün yeni öhdəliklərə səbəb olan dəyişikliklər Razılığa gələn hər bir Hökumət üçün yalnız onun tərəfindən bəyənildikdən sonra və belə bəyənilmədən sonra otuzuncu gündən başlayaraq qüvvəyə minir.

5. Yeni öhdəliklərə səbəb olan dəyişikliklərin təsdiqi barədə sənədlər saxlanmaq üçün FAO-nun Baş Direktoruna verilir və o, həmin sənədlərin alındığı və düzəlişlərin qüvvəyə mindiyini Razılığa gələn bütün Hökumətlərə xəbər verir.

Maddə XIV. Qüvvəyə minmə

Bu Konvensiya onu imzalayan üç Hökumət tərəfindən imzalandığı andan onlar üçün qüvvəyə minəcəkdir. Konvensiya bundan sonra onu təsdiq etmiş və ona qoşulmuş hər bir Hökumət üçün təsdiq və ya qoşulma haqqında sənədlər depozitə qoyulduğu gündən qüvvəyə minir.



Maddə XV. Etibarsız elan etmə

1. Razılığa gələn hər hansı Hökumət FAO-nun Baş Direktoruna xəbər vermək yolu ilə bu Konvensiyanı hər vaxt etibarsız elan edə bilər. FAO-nun Baş Direktoru Konvensiyanı imzalamış və ona qoşulmuş bütün Hökumətlərə dərhal bu barədə xəbər verir.

2. Etibarsız elan etmə FAO-nun Baş Direktoru tərəfindən bu barədə məlumat alındıqdan bir il sonra qüvvəyə minir.

1951-ci il dekabrın 6-da Romada (İtaliya) ingilis, fransız və ispan dillərində bir nüsxədə tərtib edilmişdir, mətnlərdən hər biri tam eynidir.

Bu sənəd Birləşmiş Millətlərin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının arxivlərində saxlanılacaqdır.

Təsdiqlənmiş surətlər bu Konvensiyanı imzalamış və ona qoşulmuş hər bir Hökumətə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş Direktoru tərəfindən göndəriləcəkdir.

Bunun təsdiqi olaraq aşağıda imza edənlər lazımi qaydada vəkil edilərək, bu Konvensiyanı müvafiq Hökumətləri adından imzalarının qabağında göstərildiyi gün imzalamışlar.

(imzalar)

Sovet İttifaqı bu Konvensiyaya 1956-cı il aprelin 24-də qoşulmuşdur.



ƏLAVƏ

Fitosanitar vəsiqənin nümunəsi


_________________________ bitki mühafizəsi xidməti

(ölkə)

№ _______________________




Bununla təsdiq edilir ki, aşağıda göstərilən bitkilər, bitki hissələri və ya bitkiçilik məhsulu, habelə onların seçmə nümunələri _______________________________________________________________________________

(xidmətin adı)

səlahiyyətli əməkdaşı____________________________________________________ tərəfindən



(adı, atasının adı, soyadı)

_____________________________ əsaslı surətdə müayinə edilərək, onlarda heç bir zərər vuran



(tarix)

xəstəlik və ziyanvericinin olmadığı hesab edilmişdir. Həmin yük idxalçı ölkənin cari fitosanitar qaydalarına, habelə əlavə deklarasiyanın tələblərinə uyğundur.

Fumiqasiya və ya dezinfeksiya (idxalçı ölkə tərəfindən tələb edilərsə):





Tarix _____________________________

İşləmə üsulu ________________________________

Saxlama müddəti ___________________

Kimyəvi preparat və onun qatılığı ___________________________________________

Əlavə deklarasiya




___________________________ 19____ il




_____________________________________




(imza)




_____________________________________




(vəzifə)

(xidmətin möhürü)






Yükün təsviri

İxracatçı və onun ünvanı: _________________________________________________________

Yükü alan və onun ünvanı: ________________________________________________________

Bağlamanın nömrəsi və təsviri: _____________________________________________________

Markalama (fərq. nişanları): _______________________________________________________

Mənşəyi (idxalçı ölkə tərəfindən tələb edilərsə): _______________________________________

Daşınma vasitəsi: ________________________________________________________________

İdxal məntəqəsi: _________________________________________________________________

Məhsulun adı və miqdarı: _________________________________________________________



Botaniki adı (idxalçı ölkə tərəfindən tələb edilərsə): ____________________________________

Yüklə 53,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin