Çökmə suxurlar haqqında məlumat.
Çökmə süxurlar. Eroziyaya uğramış süxurların böyük bir qismi çayların, buzlaqların, küləyin və s. vasitəsilə daşınaraq daha dərin kontinent və dəniz hövzələrində, okean novlarında çökür. Keçmiş geoloji zamana aid olunan bu çöküntülərin tədricən bərkiməsi ( litifikasiya ) nəticəsində çökmə süxurlar əmələ gəlir.
Yer qabığının ¾ hissəsi çöküntülər və çökmə süxurlarla, ¼ hissəsi isə maqmatik və metamorfik süxurlarla örtülmüşdür.
Çöküntüləri və çökmə süxurları təşkil edən material üç tipə ayrılır: qırıntı, homogen və orqanogen. Dfşınan bütün qırıntı növləri (qum, çınqıl və s.) süxurun qırıntı komponentini təşkil edir. Məhlullardan ayrılıb yatan çöküntülər homogen çöküntülərdir. Orqanogen çöküntülər isə tələf olmuş orqanizmlərin əmələ gətirdiyi çöküntülərdir.
Çökmə süxurların təsnifatı çöküntülərin daşınma üsullarını və çökmə şəraitini əks etdirən səciyyəvi cəhətlərə əsaslanır. Bu yol ilə müəyyən edilən növ ayrılıqları bir-biri ilə tədrici keçidlə bağlıdır.
Konqlomerat – sementləşmiş dəyirmi çaqıldır. Onda çaqıl, adətən kvars, kvarsit və ya digər silisiumlu süxurdan ibarət olur. Brekçiya – sementləşmiş bucaqlı hissəciklərdir. Adətən, qırıntı materialının daxil olduğu mənbənin yaxınlığında toplanır. Qumdaşı – diametri 2 mm-ə qədər olan qırıntı dənələrinin aqreqatıdır. Qum dənələrinin əksəriyyəti kvarsdır. Onlar digər minerallarla da təmsil oluna bilər. Qumun litifikasiyası nəticəsində qumdaşı əmələ gəlir. Xalis kvarsdan ibarət olan qumdaşı kvarslı qumdaşı adlanır. Kvars və çöl şpatından ibarət olan qumdaşına isə arkoz qumdaşı deyilir. Alevrolit – alevrit hissəciklərindən ibarət bərkimiş çökmə süxurdur. Ölçüləri çox kiçikdir (1/16-1/256 mm).
Homogen çöküntülər kimyəvi tərkibinə görə aşağıdakı kimi təsnif edilir: əhəngdaşılar, dolomitlər, evaporitlər, fosfat süxurları –apatit, dəmirli süxurlar, daş kömürlər.
Daşınma mənbəyi sahəsinin geoloji quruluşu çöküntülərin xüsusiyyətində müəyyən iz qoyur. Müxtəlif mənbələrdən daşınaraq toplanan çöküntü materialı beş qrupa ayrılır: terrigen, üzvi, vulkanogen, maqmatogen və yerdənkənar.
Çöküntü materialı çox böyük məsafələrə daşınır. Məsələn, külək vasitəsilə daşınan toz okean səthinə düşməzdən, sonra isə onun dibinə çökərək lil fraksiyası halında basdırılmazdan qabaq bütün Yer kürəsini dövr edə bilir. Çöküntü materialı daşınarkən tədricən forması dəyişir, ayrı-ayrı hissəciklərin ölçüləri keçilir, çünki hissəciklər həm bir-birinə sürtülüb yeyilir, həm də axar sularda əriyir.
Zaman keçdikcə çöküntülər tədricən litifikasiyaya məruz qalaraq çökmə süxurlara çevrilir. Buna diagenez prosesi deyilir. Yaxın geoloji zamana aid çöküntülər, adətən, yüksək məsaməlidir. Həmin məsamələrə isə su dolur. Çöküntülər yatdıqdan sonra onlar nisbətən cavan əmələgəlmələrlə basdırılır. Cavan çöküntülərin daimi artan ağırlıq çəkisi əvvəlki çöküntü hissəciklərini sıxmağa başlayır, onun məsamələrindəki suyu çıxarır və məsaməliyi azaldır. Beləliklə, sıxılmış gil hissəcikləri yapışmağa başlayır. Bu səbəbdən süxurların litifikasiyasında sıxlaşma böyük rol oynayır.
Çöküntülərin toplanma şəraiti dəniz səviyyəsinə görə təsnif olunur, Kontinental şərait qabarma təsirinə məruz qalmayan quru sahələri əhatə edir.. Dəniz şəraiti isə yalnız dəniz səviyyəsindən aşağıda yerləşən vilayətləri tutur, nə dalğaların, nə də qabarmaların təsirinə məruz qalmır. Keçid şəraiti, adından da aydın olduğu kimi, yuxarıda göstərilən iki tip arasında keçid təşkil edir.
Kontinental çöküntülərin toplanma şəraiti bir çox amillərlə: çöküntülərin toplanması, iqlim və bitki örtüyü ilə müəyyən olunur. Kontinental şəraitlərə: çıxarma konusu, flüvial ( çaybasarlar), göl ( sahillər və göllərin dibi), qlasial və eol daxildir.
Keçid zonasında çöküntülərin ən çox toplanma sürəti deltalarda müşahidə edilir. Riflər –skeletləri CaCO3-dən ibarət olan koralların, su yosunlarının və s. orqanizmlərin tələf olması nəticəsində yaranmışdır.
Metamorfik süxurlar. Yer qabığının aşağı horizontlarında maqmatik və çökmə süxurlar müxtəlif fiziki-kimyəvi proseslərin təsirinə məruz qalır. Buna görə də, onların mineral tərkibi, strukturu və teksturası ciddi dəyişir, yəni tamamilə yeni süxurlar əmələ gəlir. Buna metamorfizm deyilir. Həmin prosesin başlıca səbəbi fiziki parametrlərdir, lakin metamorfik çevrilmələrdə bununla yanaşı, kimyəvi amillər də mühüm rol oynayır.
Metamorfizm geniş yayılmış prosesdir. Yer səthində üzə çıxan, habelə bir neçə km qalınlığında çökmə süxur təbəqələri altında yatan süxurların böyük bir qismi metamorfik süxurlara aid edilə bilər.
Metamorfizmin iki tipi vardır: kontakt metamorfizm və regional. Kontakt metamorfizm intruziv mənşəli maqmatik süxurların yaxınlığında baş verən prosesdir. O, yüksək temperaturun və maqmatik ocaqdan ayrılmış isti qazlı-sulu məhlulların təsiri nəticəsində yaranır.
Regional metamorfizm çox böyük sahələrdə ( təxminən 1000 km2) baş verən prosesdir. Burada əsas parametrlər ( hidrostatik və birtərəfli təzyiq, temperatur və konsentrasiyalı sulu məhlullar) süxurların ( eləcə də faydalı qazıntıların ) intensiv kristallaşmasına və mineral tərkibinin dəyişməsinə səbəb olur.
Ən çox yayılmış metamorfik süxurlar aşağıdakılardır: gil şistləri, fillitlər, qneyslər, kristallik, o cümlədən mikalı, xloritli, talk və hornblendli şistlər, kvarsitlər, roqoviklər, mərmərlər, skarplar.
Maqmatik, metamorfik və çökmə süxurlar massiv üzrə çatlara ayrılmadıqda, aşınma nəticəsində yumşalmadıqda, bina və qurğular üçün etibarlı özül ola bilər. Monolit və ya az çatlı qayalıqlar dik və şaquli yamacları uzun müddət qoruyub saxlayır. Daşlı süxurların parçalarından torpaq qurğuları tikmək olar.
Dostları ilə paylaş: |