Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Tətbiqi kulturologiya"



Yüklə 270,31 Kb.
Pdf görüntüsü
səhifə4/23
tarix05.05.2017
ölçüsü270,31 Kb.
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   23

 
HET MƏDƏNİYYƏTİ 
 
Het dövlətinin yaranması 
Het dövləti Anadolunun (Kiçik Asiyanın)  şimal-şərq hissəsində Halis (hazırda Qızıl  İrmaq) çayının 
hövzəsində meydana gəlmişdi. Kiçik Asiya hələ qədim zamanlardan diqqəti cəlb edirdi. E.ə. III minilliyin 
ikinci yarısında Akkad hökmdarları Sarqon və Naram-Suen bu əraziyə  hərbi yürüşlər təşkil etmişdilər. 
Həmin dövrdə burada, gələcək Het dövlətinin  ərazisində akkad və assur tacirləri məskən salmış  və metal 
ticarətinin əsasını qoymuşdular. Assurlular buraya mixi yazı və akkad dilini gətirmişdilər. 
Tədricən Kaniş müstəqil ticarət məskəninə çevrilmiş  və Assurun təsiri altından çıxmışdı. Anadolu 
ticarət mərkəzləri gümüş, mis, tunc, dəmir alış-verişi ilə məşğul olurdular. Assur şəhərindən qalay alırdılar. 
Ticarətə yerli əhali də cəlb olunmuşdu. Təsərrüfatın inkişafı ilə bağlı Anadolunun şərq hissəsində artıq e.ə. II 
minillikdə bir sıra siyasi birləşmələr meydana gəlmişdi. Bunlar şəhər-dövləti  şəklində mövcud olmuşlar. 
Burusxan, Nesa (Kaniş), Kussar və Hattuşa şəhər-dövlətləri Assur tacirlərinin gətirdiyi mixi yazı və akkad 
dilindən istifadə edirdilər.  
Əməklə bağlı olan bütün işlər icbari əmək adamlarının üzərinə düşürdü. Onlar əmək mükəlləfiyyəti 
daşımalı idilər. Het cəmiyyətində belə adamlar əsas istehsalçılar kimi cəmiyyətin aşağı ictimai təbəqəsinə 
mənsub idilər. Belə adamların tərkibi qullardan, təsərrüfatdan    asılı    təhkimçilərdən,    muzdlu    işçilərdən    
ibarət olmuşdu. 
Het cəmiyyətinin hüquqi və iqtisadi həyatı het qanunlarında öz əksini tapmışdı. Het qanunları sinfi 
xüsusiyyət daşıyırdı. Qanunlar xüsusi mülkiyyəti qoruyur, onun sahibi olan azad adamın hüququnu daha da 
möhkəmləndirirdi. Het qanunlarında qullara müxtəlif cəza tədbirləri nəzərdə tutmuşdular. Qanunun bir 
maddəsində deyilir: “Əgər qul evdə  oğurluq edərsə, o, oğurladığını olduğu kimi qaytarmalıdır. Oğurluq 
etdiyi üçün o, 6 şekel gümüş verməlidir. Qulun burnu və qulağı  kəsilməlidir, özü isə sahibinə 
qaytarılmalıdır...”.  Əgər sahibi desə "mən onun əvəzini ödəyərəm”, onda o, ödəməni verməlidir.  Əgər o 
imtina etsə, onda quldan məhrum olur”. 
Qanunlar qul sahibinin mənafeyini güdürdü. Oğurluq etmiş quldan o məhrum olmurdu, oğurluq malın 
əvəzini ödəyib yenə  də öz quluna sahib olurdu. Qulun həyatına qəsd heç bir cəza ilə  nəticələnmirdi. 
Maddələrin birində deyilir: "Əgər kimsə qulu, yaxud kənizi vurarsa, o da ölərsə və bunu həmin kəs qəsdən 
etməmişsə, onda o, qulun əvəzinə bir adam verməlidir. Təminat üçün əmlak da verməlidir" Köləliyin əsas 
mənbəyi müharibələr olmuşdur. Uğurlu müharibələr ölkəyə xeyli əsir verirdi. Əsirlər het mətnlərində 
arnuvala, yəni "Əsir aparılmış adam" adlanırdı.  Əsirləri qul kimi satır, bir hissəsini mükəlləfiyyətə  cəlb 
edirdilər. 
Het qanunlarında ailə  məsələlərinə müəyyən yer verilmişdir. Ata ailədə qeyri-məhdud hakimiyyətə 
malik idi. Qadının hüquqi vəziyyəti ağır idi. Ümumiyyətlə, qanunlarda qadın və kişi münasibətlərinə  həsr 
edilmiş bir sıra maddələr vardı. Məsələn: "Əgər kişi qadını atırsa, onda onu sata bilər. Qadını alan adam 12 
şekel gümüş verməlidir". Başqa maddədə qadının kişiyə eyni münasibəti əks olunmuşdur: "Əgər qadın kişini 
qovursa, uşaqları ona verməlidir. Kişi övladlarını özü ilə götürməlidir". Ailədə nəinki övlad, eləcə də əmlak 
müəyyən hüquqi qaydalara əsasən ərə, yaxud arvada çatırdı. Buna görə qanunun bəzi maddələri arvadın ata 
evindən gətirdiyi cehiz barədə  də hüquq normaları müəyyən etmişdi. Maddələrin birində deyilir: "Əgər 
kimsə evlənir və arvadı (öz evinə) gətirir, onda həmin adam onun cehizinə də sahib olur. Əgər qadın vəfat 
edərsə, onun əmlakı kişinin (ərin) olmalı və cehizi həmçinin kişiyə çatmalıdır. Əgər qadın atası evində vəfat 
edərsə  və  uşaqları qalarsa, onda kişi (əri) cehizi almamalıdır". Qanunlar ərin vəfatından sonra dul arvadın 
qaynı ilə  (ərin qardaşı ilə) kəbin kəsdirməyə  və ona ərə getməyə icazə verirdi. Əgər mərhumun qardaşları 
yox idisə, onda dul arvad qayınatasına  ərə gedə bilərdi. Bunlar göstərir ki, qız  ər evinə  həmişəlik 
köçürülürdü,  əri vəfat etsə belə  həmin evi tərk etməməli idi. Məsələ ailə daxilində  həll olunurdu. Het 
ailəsində patriarxal qaydalar hökm sürürdü. Hakim sülalə ailələrində isə hakimiyyətə  vərəsəlik Elam və 
Misirdə olduğu kimi, ana xətti ilə aparılırdı. Bunu ibtidai icma quruluşu nikah formalarının qalığı kimi qəbul 
etmək olar. 
Het cəmiyyətində    sənətkarlıq  inkişaf tapmışdı.  Qanunlarda müxtəlif peşələrin  (metalişləmə,  
dülgərlik,  gönçülük  və s.)  adı çəkilmişdir. Alət, silah və başqa  əşyalar hazırlamaq üçün mis və tuncdan    
istifadə   edirdilər.    Anadoluda  dəmirdən   hələ   e.ə.    III-II minilliklərdə istifadə  olunurdu.  Bu  dövrün 
arxeoloji  təbəqələrindən  dəmir  heykəlciklər,   ibadət  xüsusiyyətli yazılı lövhələr aşkar edilmişdir. Hetlər 
dəmirdən müxtəlif  əşyalar, o cümlədən üzük, sırğa, silsilə, qalaydan kişi, qadın, heyvan, quş heykəlləri 
(fiqurları) hazırlayırdılar. Dəmirdən silah (xəncər, qılınc, bıçaq, toppuz, nizə), təsərrüfat alətləri (oraq, balta, 
çəkic, mismar) və s. düzəldirdilər.  E.ə.  XIV-XIII əsrlərdə dəmirdən hazırlanmış əşyalar het hökmdarlarının 
varidatı içərisində böyük sərvət hesab olunurdu. Dəmir qızıldan 5, gümüşdən isə 40 dəfə baha idi. Het 
qaynaqlarında  müxtəlif çəkili (45 kq  qədər) dəmir külçələri yad edilirdi.  
Het məhkəməsi şifahi və yazılı ənənəyə əsaslanırdı. Het qanunlarında yazılı məhkəmə qaydaları, cəza 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
49
normaları  əks olunmuşdu. Mübahisələrə adətən ağsaqqallar  şurasında baxılırdı. Məhkəmə  işlərində dövlət 
nümayəndəsi iştirak edirdi. Nümayəndəyə xüsusi təlimat verilirdi. Bir təlimatda ona tapşırılmışdı:  “Haqq işi 
nahaq eyləmə,  nahaq işi haqq eyləmə. Ədalətli ol”. Məhkəmədə şəhər rəisi və ağsaqqallardan ibarət yerli 
idarə nümayəndələri də  iştirak edirdilər. Mürəkkəb məhkəmə  işləri hökmdarın səlahiyyətinə verilirdi. 
Qanunu pozan adam cəzalandırılırdı. Sənəddə deyilir: “Əgər kimsə hökmdarın qərarına əks getsə, onun evi 
məhv edilməlidir. Əgər kimsə əyanın qərarına əks getsə, onun başı kəsilməlidir”. Het məhkəməsi faktların 
dəqiq seçilməsinə diqqət verirdi. Səhlənkar təsərrüfatçı  məhkəməyə  cəlb olunurdu. Onun özbaşına at və 
qatırları başqa adamlara verməsi sorğu-sual  əsasında ayırd edilirdi. Hökmdar təsərrüfatı heyvanlarının 
hesaba alınmadan başqasına verilməsi bu işə baxan adamın təqsiri kimi qiymətləndirilirdi.  
Qazıntılar zamanı  aşkar edilmiş müxtəlif incəsənət abidələri, silah və  əmək alətləri, Boğazgöydə 
(Hattuşa) tapılmış het hökmdarlarının yazılı  sənədlər arxivi het mədəniyyəti barədə müəyyən təsəvvür 
yaratmağa imkan vermişdir. Het mədəniyyətinin təşəkkülünə bir sıra etnosların təsiri olmuşdur. Het 
mədəniyyətində hat ənənələri üstünlük təşkil edirdi. 
Het mədəniyyətinə hurri etnosları, hind-Avropa tayfalarından luvi və palaylar müəyyən təsir 
göstərmişdilər.  Şumer-Akkad mədəniyyətinin bir çox cəhətləri het mədəniyyətində öz əksini tapmışdı. 
Vaxtilə het aləmində prototürk etnik ünsürlərinin iştirakı barədə də fikir söylənilmişdi. Lakin het etnik və dil 
aləmi bu səpkidə dərin və ciddi tədqiqat obyektinə çevrilməmişdi. Hind-Avropa tayfalarının ən qədim türk 
etnik qrupları ilə ünsiyyətini göstərən bir sıra leksik dəlillər müəyyən edilmişdir. 
Məlum olduğu kimi, Sarqon (e.ə. 2316-2261-ci illər) və Naram-Suen (e.ə. 2236-2200-cü illər) Akkad 
sülaləsinin  ən görkəmli nümayəndələri olmuşlar. Onların adı ilə bağlı  rəvayətlərə het ədəbiyyatında rast 
gəlinir. "Döyüş hökmdarı" adlı əfsanədə Akkadlı Sarqon tacir tayfasının müdafiəçisi kimi təsvir olunmuşdur. 
Tacirlər Kiçik Asiyanın Buruşhattum (hetcə Purushanda) şəhəri hakimlərinin onlara alver imkanı 
yaratmamağı barədə Sarqona şikayətlə müraciət etmişdilər. Rəvayətə görə Sarqon tacirlərinin mənafeyi 
naminə həmin şəhərə yürüş təşkil etmişdi. 
Akkad və het dilində  tərtib olunmuş digər mətn Naram-Suenin adı ilə bağlıdır. Mətnlərin mövzusu 
eynidir, lakin hadisələrin təhlilində müəyyən fərqlər olduğunu göstərir. Het rəvayətinə görə, umman-manda 
adlanan tayfalar 17 müttəfiq ilə Hatti ölkəsinə hücum edib, onun bir çox şəhərlərini talan edirlər. Umman-
manda adı Naram-Suenə  həsr olunmuş "Kuta hökmdarı" rəvayətində  də  əks olunmuşdur, lakin orada 70 
hökmdarın ittifaqı yad edilir. Bu hadisələr  İkiçayarasında baş vermişdi. Mənbələrin sonrakı  məlumatını 
nəzərə alsaq, umman-manda İkiçayarasının  şimal və  şimal-şərqində yaşayan  əhalini təmsil edirdi. Güman 
etmək olar ki, het ədəbiyyatında  əks olunmuş  rəvayət  İkiçayarasının "Kuta hökmdarı"  əfsanəsinin azca 
dəyişmiş variantıdır. Rəvayətin het variantı Naram-Suenin 17 hökmdar ittifaqı üzərində  qələbəsini  şərh 
etmişdir. Bununla əlaqədar, Hatti və Kaneş hökmdarlarının adı  çəkilmişdir. Bu rəvayətin yaranmasına 
İkiçayarasında baş vermiş həqiqi tarixi hadisə təsir göstərmişdir. Orada Naram-Suenin "Qələbə abidəsi" daş 
kitabəsində Lullubi hökmdarı da daxil olmaqla düşmən ittifaqının məğlub olunmasından bəhs edilir. 
Beləliklə, het rəvayətlərinin kökləri İkiçayarasında baş vermiş siyasi hadisələrlə bağlı olmuşdur. Məhz buna 
görə  də,  İkiçayarası etnik terminologiyası (umman-manda) olduğu kimi təkrar olunmuş, lakin hadisələr 
qədim Anadolu mühitinə uyğunlaşdırılmışdır. Rəvayətin het variantı əsasında ehtimal edilir ki, hələ e.ə. III 
minilliyin ikinci yarısında qədim Anadoluda erkən dövlət qurumları mövcud olmuşdur. Bunlar şəhər-
dövlətləri şəklində meydana gəlmişdilər. 
Het  ədəbiyyatında  Şumer-Akkad təsiri başqa sahələrdə  də özünü göstərmişdi. Hetlər mixi yazı 
sistemini  İkiçayarasından mənimsəmişdilər. "Gilqameş haqqında dastan" het dilinə  tərcümə edilmişdi. 
Şumer-Akkad mətnlərindən istifadə etmək və dili başa düşmək üçün üçdilli lüğətlər tərtib olunurdu. 
Bunlardan biri şumer-akkad-het lüğəti idi. Hurri əfsanələri (Kumarva əsatiri) het dilinə tərcümə olunmuşdu. 
Hurri təsiri onomastika və dini təsəvvürlərdə özünü təzahür edirdi. Dərs vəsaitləri tərtib olunurdu. Mitanni 
mənşəli Kikküli atçılığa həsr olunmuş vəsait yazmışdı. 
Hetlər rəsmi  ədəbiyyat nümunələri yaratmışdılar. III Hattuşilin "Tərcümeyi-hal" xüsusiyyəti daşıyan 
yazısı erkən  ədəbiyyat nümunələrindən biri hesab edilə bilər. Hadisələr birinci şəxsin adından nəql edilir. 
Burada Hattuşili uşaqlıq dövrünü göstərir, zəif səhhətə malik olduğunu söyləyir və  İştar ilahəsinə ithaf 
olunmasını qeyd edir. O, əyalət hökmdarı olanda ilahə İştar ona arxa olur, paxıl və qarınqulu düşmənlərinin 
öhdəsindən gəlmək üçün ona qüvvət və  mətanət verir. Hattuşilin qardaşı Urxi-Teşub onun rəqiblərinin 
tərəfinə keçib, idarə etdiyi şəhərləri əlindən alanda, Hattuşili qardaşının tabeliyindən çıxır və üsyan qaldırır. 
O, üsyanın səbəbini belə izah edirdi: "Lakin mən ona qarşı üsyan qaldırsam da, bunu qüsurlu vasitə ilə, yəni 
xaincəsinə etmədim, onun cəng arabasına həmlə etmədim, evdə ona hücum etmədim, mən ona (açıq) 
müharibə elan etdim (və dedim): - Sən mənimlə dava-dalaşa başladın, sən böyük hökmdarsan, mən isə o 
adamam ki, sən ona bir qala qoymuşsan qalsın, mən məhz bu qalanın hökmdarıyam. Haydı döyüşə! Qoy 
Samuxi  şəhərinin ilahəsi  İştar və Nerik şəhərinin tufan allahı (Taru) bizim haqqımızda hökm versinlər". 
Hattuşili hakim ailəyə  mənsub idi, onun hakimiyyətə hüquqları tapdalanırdı. Maraqlıdır ki, o özünün 
hakimiyyətə  gəlməsini də ilahə  İştarın iradəsi ilə bağlayır və deyir: "Necə ki, mənim ilahəm  İştar vaxtilə 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
50
mənə taxt-tacı vəd etmişdi, indi o, arvadımın yuxusuna girərək (demişdir): - Mən sənin ərinə kömək edərəm 
və bütün Hattuşili sənin tərəfinə keçər". Hattuşili qələbə çaldıqdan sonra qardaşını  və  rəqiblərini edam 
etdirmir, sadəcə olaraq ölkədən qovur. "Tərcümeyi-hal" göstərir ki, III Hattuşili mübahisəli məsələləri ancaq 
müharibə yolu ilə  həll etməyi üstün tuturdu. Eyni zamanda o, həqiqət və  ədalətin son məqamda qələbə 
çalacağı inamına biganə yanaşmırdı. Lakin mətndən göründüyü kimi, III Hattuşili, bəlkə  də mövcud olan 
vərəsəlik qaydalarını pozaraq, hakimiyyətə zorla sahib olmuşdu. Mətn III Hattuşilinin müraciəti ilə sona 
yetir: "Gələcəkdə kim olursa olsun - Hattuşilin oğlumu, nəvəsimi, yaxud nəticəsimi-hakimiyyətə irsən 
yiyələnərsə, qoy allahlar içərisində Samuxi şəhərinin ilahəsi  İştara ehtiram göstərsin". Hetlərin dini 
dünyagörüşündə akkadların  İştar ilahəsinə sitayişi geniş  təmsil olunmuşdu. Ümumiyyətlə,  İştar ilahəsinə 
sitayiş  nəinki het hakim dairələri arasında, eləcə  də  İkiçayarasına söykənən başqa ölkələrdə  də, məsələn 
Cənubi Azərbaycanın kuti və lullubi hökmdarları arasında da geniş yayılmışdı. 
Het  ədəbiyyatı nümunələri cərgəsinə I Hattuşilinin siyasi vəsiyyətini də daxil etmək olar. Burada I 
Murşilin hakimiyyətə varis təyin edilməsindən bəhs edilir, üsyan qaldırmış digər övladlar hakimiyyətdən 
uzaqlaşdırılır. I Hattuşili əyanlara müraciət edir: "Baxın, indi Murşili mənim oğlumdur... Nə zaman ki, silah 
götürməyə çağırış olsa, onda siz, mənim bəndələrim və  əsilzadə  vətəndaşların (mənim oğluma yardım 
göstərmək üçün əlçatanda) hazır olmalısınız. Üç il keçəndən sonra o, yürüşə getməlidir... Siz onu yürüşə 
aparsanız (nə qədər ki, o uşaqdır), onun sağ-salamat geriyə qayıtması qayğısına qalın". Het hökmdarlarının 
kitabələri və salnamələri ədəbiyyat nümunələri kimi də əhəmiyyətə malikdir. Bunlar "Anittanın kitabəsi", I 
Hattuşilin, I Suppiluliumun "salnamələri" və s. ibarət olmuşdur. 
Din və əfsanələr. Hetlərin, eləcə də başqa qədim xalqların ictimai həyatından olduğu kimi, təsərrüfat 
və ideoloji həyatında da din və dini təsəvvürlər böyük əhəmiyyətə malik idi. Het cəmiyyətində çoxallahlılıq 
mövcud idi. Het panteonunda bir çox qədim etnos və xalqların sitayiş etdiyi allahlar cəmləşmişdi. Burada het 
və hat, hurri, akkad, hind-Avropa (luvi, nesi, pala, Hind-İran), prototürk və hələlik mənşəyi naməlum qalan 
etnos və xalqların dini ideologiyası  əks olunmuşdu. Təsadüfi deyil ki, Het mənbələri "Hatti ölkəsinin min 
allahı" ifadəsini işlədirdi. 
Het ölkəsinin hər bir vilayəti və icmasında yerli ibadətlər mövcud idi. Allah və ilahələrə xüsusi 
ibadətgahlarda sitayiş edirdilər. Het hökmdarı və onun arvadı ildə iki dəfə keçirilən yaz və payız bayramları 
zamanı ölkəyə  səfərə  çıxır, dini ziyarət məqsədilə  şəhərləri gəzir, və  hər yerdə allahlara qurban kəsirdilər. 
Ehtimal ki, ölkəni gəzib dolanmaq adəti hatlardan miras qalıbmış. Yerli dinlərin müəyyən hissəsi dövlət dini 
cərgəsinə daxil edilirdi. Hetlərin ən nüfuzlu allahlarının şərəfinə məbədlər tikilirdi. Belə dini ibadətgahlardan 
biri Boğazgöyün yaxınlığında Yazılıqayada aşkar edilmişdir.  İbadətgah qaya oyuğunda yerləşirdi. Onun 
divarlarında het allah və ilahələri təsvir olunmuş, biri-birinə doğru irəliləyən dini mərasim yerişi qabarıq 
şəkildə divara həkk edilmişdi. Yazılıqayada allahlar cəmini hurrilərə  mənsub edirlər. Allahlara ibadət 
hökmdar hakimiyyətinin ideoloji əsasını təşkil edirdi. 
Het panteonu allahlarının əksəriyyəti hat mənşəli olmuşdur. Səma tufan allahı və onun arvadı, Arina 
şəhərinin Günəş ilahəsi Vurusem panteonun baş allahları hesab edilirdilər. Ehtimala görə, tufan allahı Taru 
adlanırdı. Hurri panteonunda onun və Vurusemin bənzəri Teşub və arvadı Hepat idi. Taru müqəddəs öküz 
üzərində, Henat isə  şir üzərində  təsvir olunurdular. Nerin şəhərinin tufan allahı  da  Taru  adlanırdı. Bəzən 
tufan allahı öküz, yaxud dağ sifətində təsvir olunurdu. 
Het ölkəsində geniş hurri ilahəsi Sauşka böyük nüfuza malik idi, akkad məhsuldarlıq ilahəsi İştar isə 
onun müqabili hesab edilirdi. Hetlər İkiçayarası panteonundan Antu, Anu, Enlil, Eya, Ninlil və s. allahlara 
ibadəti mənimsəmişdilər. İştar şir üzərində qanadlı təsvir olunurdu. Telepin hetlərin əkinçi allahı idi. O, hat 
dini təsəvvürlərinin qalığı kimi qəbul edilir. Telepin "ölən və dirilən" allahı  təmsil edirdi. Təbiətdə 
mövsümün (qış və bahar) dəyişilməsi onun adı ilə də bağlanılırdı. 
Dini təsəvvürlər kimi, ovsun (magiya) da hələ ibtidai insan cəmiyyətində mövcud olmuşdur. Ovsun 
həmişəlik insan həyatına daxil olmuş  ən qədim təfəkkür formasını özündə saxlamışdı. Hetlərin ictimai və 
iqtisadi həyatında ovsunlamaq adəti dərin kök salmışdı. Het ədəbiyyatında ovsunlama qaydaları öz əksini 
tapmışdı. Xəstəlikləri ovsunla müalicə etmək cəhdləri göstərilirdi. Ovsun həyatın müxtəlif sahələrində tətbiq 
olunurdu. Bol məhsul arzusu, ailə ixtilafını yatırma, şər qüvvələri qovma, düşmənlərə lənət, dostlara uğur və 
s. arzuların gerçək olması üçün ovsuna müraciət edirdilər. Bu qəbildən bir neçə nümunə misal gətirək: 
Xəstənin müalicə ovsunu: "(xəstə) qulağına qara yun tıxayır... və qara paltar geyinir". Cadugər arvad 
bir sıra ovsun əməlləri etdikdən sonra onun qara paltarını yuxarıdan aşağıya qədər cırır, qulağından yun 
parçasını  çıxarır və deyir: "indi isə  mən onu natəmizliyin törətdiyi cəhalət və keylikdən, ona cəhalət və 
keylik gətirən natəmizlik vasitəsilə azad edirəm, günahı uzaqlaşdırıram". Sonra xəstənin toxunduğu hər bir 
şeyi qara paltarlarla birlikdə çaya atır. 
Belə ibtidai ovsun vasitəsilə müalicə üsulları müxtəlif xəstəliklərə  tətbiq olunurdu. Sonsuz qadının 
övlad arzusunu ovsunçu söz və  hərəkətlə "yerinə yetirirdi". Ovsunçu arvad boğaz inəyin buynuzundan 
yapışıb deyirdi: "Günəş allahı, mənim ağam, bu inək boğaz olduğu kimi, zəngin pəyəni öküz və inəklə 
(doğub) doldurduğu kimi, qoy bu xəstə də övladlı olsun, qoy öz evini oğul! və qızlarla, nəvə və nəticələrlə 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
51
doldursun". Andına sadiq qalmayan və dövlətə xəyanət edənləri də ovsun vasitəsilə lənətləyirdilər. Ovsunçu 
mum və qoyun piyini oda atıb deyirdi: "Bu mum əridiyi kimi, bu piy dağlandığı kimi, qoy Hatti hökmdarına 
andını pozan və xəyanət edən mum kimi ərisin və qoyun piyi kimi dağlansın". Qədim hetlər ovsunun təsirinə 
inanırdılar. 
Het dövründə varlığını saxlayan əfsanələrin bir hissəsi hat ənənəsi ilə bağlıdır. "İlluyank haqqında 
əfsanə" hat mənşəli hesab edilir. Əfsanədə tufan allahının  əjdaha, yaxud ilan əndamlı  əjdaha  İlluyank ilə 
mübarizəsi  əks olunmuşdur. Adətən bu hekayət Yeni il (yaz) bayramında söylənilirdi. Guya əjdaha 
İlluyankın öldürülməsi ilə Yeni il başlanırmış.  Əfsanəvi hekayət iki rəvayət  şəklində mövcud idi. Bir 
rəvayətə görə, tufan allahı İlluyankla mübarizədə məğlub olur. Bu halda Tufan kömək üçün bütün allahlara 
müraciət edir. İlahə  İnara ona köməyə  gəlir.  İnara müxtəlif içki növləri hazırlayır və  İlluyankı balaları ilə 
birlikdə ziyafətə dəvət edir. İçkidən şişmiş İlluyank öz yuvasına girə bilmir. İlluyankın əl-qolunu bağlayırlar. 
Tufan gəlib onu öldürür. İkinci rəvayətə görə,  İlluyank tufan allahı üzərində  qələbə çalır, onun ürəyini və 
gözünü çıxardır, evində saxlayır. Tufan ürək və gözünü qaytarmaq üçün hiylə işlədir. O, yoxsul bir adamın 
qızına evlənir, ondan bir oğlu olur. Oğlan həddi-buluğa çatandan sonra, əjdaha  İlluyankın qızına evlənir. 
Tufan oğluna tapşırıq verir ki, "arvad evinə gedəndə, mənim ürəyimi və gözümü ondan istə". Beləliklə, 
Tufan ürək və gözünü geriyə alır. Bundan sonra o, İlluyanka qalib gəlir. 
Hat  əsatirləri ilə bağlı olan digər folklor nümunəsi "ölən və dirilən allah Telepinin" adı ilə bağlıdır. 
Rəvayətə görə, bitki allahı Telepinin atası tufan allahı ilə mübahisə edir, nədənsə qəzəblənir və qeyb olur. O, 
qeyb olmağa elə tələsir ki, "sağ başmağını sol ayağına geyinir, sol başmağını sağ ayağına geyinir". Telepin 
qeyb olandan sonra sanki həyat dayanır. Rəvayət nəql edir: "duman pəncərələri tutdu, evi tüstü bürüdü. 
Ocağın közü sönmüş, allahların nəfəsi kəsilmişdi, qoyunlar, öküzlər pəyədə qurumuşdular. Qoyun quzunu, 
inək buzovu yaxına buraxmırdı. Buğda və taxıl göyərmirdi, inək, qoyun daha döllənmirdi, qadınlar hamilə 
olmurdu, olan da doğmurdu. Dağlar quruyur, ağaclar quruyur, heç nə göyərmirdi. Otlaqlar qurudu, bulaqlar 
qurudu, ölkədə aclıq başladı, adamlar və allahlar acından ölürdülər". Yəqin ki, folklorda qışın gəlməsi və 
quraqlıq mövzuları əks olunmuşdur. Belə şəraitdə "Günəş allahı ziyafət verir və min allahı dəvət edir. Onlar 
yeyir, lakin doymurlar, içir, lakin yanğılarını söndürə bilmirlər". Onda tufan allahı oğlu Teiepini yada salır: 
"Telepin ölkədə yoxdur, o qəzəbləndi və getdi. Böyük və kiçik allahlar Telepini axtarmağa getdilər". Hətta 
qartal da onu tapmayıb geriyə qayıdır. Tufan allahının axtarışları uğursuz oldu. Belə halda bal arısı dağı-daşı, 
çay və bulaqları uçub keçdi, Telepini çəmənlikdə yatmış gördü. Arı Telepini sancdı. Telepin oyanıb öz 
məbədinə qayıtdı. Həyat yenidən canlandı. Adətən "Telepin haqqında  əfsanəni" qış  və yaz mövsümlərinin 
dəyişilməsi ilə  əlaqələndirirdilər. Bu əfsanə  də bahar şənlikləri zamanı söylənilirdi. Kumarva əfsanəsi 
hurrilərə  mənsub idi. Hurri əsatirlərində Kumarva allahların atası hesab olunur, şumer-babil allahı Enlilə 
bənzədilirdi.  Əfsanədə  səma allahı Alalu və  şumerlərin baş allahı Anu arasında mübarizədən, sonra 
Kumarvanın bu mübarizəyə qoşulmasından bəhs edilir. Kumarva onun ayağından yapışıb yerə endirdi, onun 
"dizini" dişlədi və sevincdən uğundu. Anu isə ona müraciət edib dedi: - Dişlədiyinə çox da sevinmə, mən 
sənin qarnına üç müdhiş allah toxumu saldım. Biri tufan allahıdır, o biri Aransax (Dəclə) çayıdır, digəri 
Tasmisudur. Bunu deyib Anu səmada qeyb oldu. Kumarva tüpürdü, bununla torpaq mayalandı  və üç 
"müdhiş allahı" törətdi. Kitabənin ardı zədələndiyindən əfsanənin sonu naməlum qalır. 
İncəsənət. Hetlərə qədərki mədəniyyət saxsı-gil qablar, əşyalar istehsalı ilə fərqlənirdi. Qablar təsvirli 
və  təsvirsiz hazırlanırdı.  İbadət məqsədilə hazırlanan qablar heyvan əndamı (fiquru), uzunboğaz çəkmə 
şəklində düzəldilirdi. Tunc və qurğuşundan insan əndamı tökürdülər. 
Yeni Het padşahlığı dövründə artıq  əzəmətli daş heykəllər yaradırdılar. Təsvirlər qabarıq  şəkildə 
yonulurdu. Belə abidələr het hökmdarlarının saraylarında, yaxud qayalıqlarda yonulub düzəldilirdi. Daş 
heykəllərin əksəriyyəti het hökmdarlarını təsvir edirdi. Əzəmətli Yazılıqaya dəsti (kompleksi) dini mərasimi 
əks etdirirdi. Yazılıqayada "ilahi-qılınc" heykəli yonulmuşdu. Onun tutacaq hissəsi dörd şir  şəklini təsvir 
edir, yuxarısında insan başı yonulmuşdur. Ehtimala görə, qılınc yeraltı allahı  təmsil edirdi. Alaca-Hüyük 
sarayı divarlarında müxtəlif səhnələr yonulmuşdu. Burada ud və tuluq zurnası çalan musiqiçilər, ov, qurban 
kəsilməyə aparılan qoyunlar və s. təsvir olunmuşdur. Boğazgöy sfinksi və Alaca-Hüyük şirləri öz əzəmətli 
görkəmi ilə  fərqlənirdilər. Het şəhərləri istehkam kimi tikilirdi, bir neçə iç qala ilə  əhatə olunurdu. Onun 
daxilində saray və baş məbədlər yerləşirdi. 
Hetlər möhür düzəltmə işində mahir idilər. Bu möhürlər İkiçayarası möhürlərindən həm formaca, həm 
də təsvirlərin məzmunu ilə fərqlənirdi. Möhürlər dairəvi və dördbucaq şəkildə hazırlanırdı. Möhür üzərində 
hökmdar təsvir olunurdu. Belə möhürlərin qırağına heroqlif işarələri yazırdılar. 
Hetlərin özünəməxsus və  bənzəri olmayan mədəniyyəti Assur və Urartu mədəniyyətlərinə müəyyən 
təsir göstərmişdi. 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
52
 
 
 
 
 
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə