1
Azərbaycan imperatorları: 1
Ədalət TAHİRZADƏ
NADİR ŞAH ƏFŞAR
(tərcümeyi-hal oçerki)
İkinci nəşr
“Çıraq” nəşriyyatı
Bakı – 2005
2
Elmi redaktoru:
İsmayıl MUSAYEV
M.Ə.Rəsulzadə adına
Bakı Dövlət Universitetinin professoru,
tarix elmləri doktoru
Bədii tərtibat
Elçin FAXRALI və Feyzi XIRXATALALI `nındır
Texniki redaktoru:
Xuraman ƏLİYUSİFQIZI
Ədalət Tahirzadə. NADİR ŞAH ƏFŞAR.
(Tərcümeyi-hal oçerki). 2-ci nəşr.
Bakı. “Çıraq” nəşriyyatı, 2005. 40 səh.
Bu kitabça XVIII yüzildə dünyanın ən görkəmli hökmdarlarından biri,
əzəmətli türk Əfşar imperatorluğunun qurucusu Nadir şah Əfşarın (1688-1747)
yaşamından və işlərindən danışır. Çoxsaylı qaynaqların incələnməsi sonucunda
yazılmış bu əsərdə Azərbaycan tarixşünaslığında Nadir şah haqqında ən geniş bilgi
verilir.
Kitabça ali və orta məktəb müəllimləri, elmi işçilər, tələbə və şagirdlər üçün
nəzərdə tutulub.
E-mail: tahirzade@yahoo.com Tel.: 050 369-68-12
T 4702060100 – 006 © Ədalət TAHİRZADƏ
067 – 2005 © I nəşr – “Kür”, 2002
“Nicat-H” mətbəəsində (F.Ağayev küç. 7) 500 nüsxə basılıb.
Tel.: 438-45-37.
3
YAZARDAN
“Azərbaycan imperatorları” seriyasıyla yazılar yazmağa bizi sevimli
dostumuz, görkəmli alim və ictimai xadim Arif Rəhimoğlu həvəsləndirdi.
Millətimizin minilliklər boyunca bir an belə qırılmadan yaşamış dövlətçilik
ənənələrinin gerçəkdən nə qədər güclü olduğunu soydaşlarımıza bir daha
xatırlatmağın önəmi, gərəkliliyi dəfələrlə apardığımız söhbətlərin başlıca mövzusu
oldu.
Doğrudan da, bu gün bir çox yurddaşımız özünün gerçək tarixini
bilmədiyinə görə başqalarına həsəd aparır, onların ən savadsızları hətta milli
mənsubiyyətlərindən utanırlar da. Ancaq bəşər tarixinə təkcə son minillikdə
Eldənizlilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar…
kimi möhtəşəm imperiyalar bəxş etmiş Azərbaycan türkünün başıuca olmaq haqqı
başqalarından qat-qat artıqdır!
Çox sevindiricidir ki, bütün tarix boyunca Azərbaycan türkünün hətta ən
savadsızı da özünün dövlətçilik ənənələriylə, dövlətiylə, padşahlarıyla öyünüb,
qürur duyub, özünü dövlətsiz, hökmdarsız düşmənlərindən üstün sayıb.
Minilliklərin arxasından boylanan Qaraca Çoban düşmənlərini belə söyür: “Mərə,
dini yox, əqlsiz kafir! Ussu yox, dərnəksiz kafir!”. Qədim oğuz babalarımız
parlamentə “dərnək” deyirdilər və xalqın parlamentsiz olması çobanımızın
gözündə söyüşə layiq haldı. Yaxud dahi Mirzə Cəlilin qəhrəmanı – “kasıb
bənnaların biri” olan savadsız Usta Zeynal erməni dövlətlisi Muğdusi Akopdan
soruşur: “Xozeyin, niyə sizin padşahınız yoxdur?”. Bu sıravi türk bənnasının
düşüncəsinə görə, əsl millətin dövləti və padşahı olmalıdır!..
“Azərbaycan imperatorları” seriyasında, inşallah, öz qılınclarıyla Şərqin ən
möhtəşəm imperiyalarını qurmuş ən görkəmli dövlət başçılarımızın tərcümeyi-hal
oçerklərini göz önünə qoymaq niyyətindəyik. İstəyirik ki, əlinə yenicə kitab alıb
oxumağı öyrənən məktəbli də bu əsərlərlə tanış olduqdan sonra qürurla desin:
“Bax, mən o dövlətin varisi, o babanın nəvəsiyəm!”.
4
Nadir şah Əfşar
XVIII yüzildə dünyanın ən görkəmli hökmdarlarından biri, əzəmətli türk
Əfşar imperatorluğunun qurucusu Nadir şah Əfşar (Nadirqulu İmamqulu oğlu
Əfşar) 22 oktyabr 1688-də Xorasanın Dərəgəz vilayətinin Dəstgird kəndində
dünyaya göz açıb.
Oğuzların Əfşar (Avşar, Ovşar) boyunun Eberli tayfasının Qırıxlı
oymağından olan Nadir şah Azərbaycanın və bütün türk dünyasının yetişdirdiyi ən
şərəfli qəhrəmanlardan biridir. Miladdan öncə VII yüzildə Alp Ər Tonqa ilə
başlayan türk cahangirləri silsiləsi 2500 il sonra Nadir şahda bitir. Onun tarixi
xalqımızın və Vətənimizin əbədi çağlayan coşğun qürur qaynağıdır.
Nadir şah, ömrünün ən azı 37 ilini eyni zamanda həm xarici işğalçılarla,
həm də ölkə içindəki satqınlarla 120-dən artıq müharibədə keçirib. O, Səfəvilərin
son çağlarında dağılmaqda olan dövləti yenidən bərpa etdi, bütün işğalçıları
ölkədən qovdu, daxili qiyamları yatırdı, ölkə torpaqlarını iki dəfə genişləndirərək
qüdrətli bir Əfşar imperiyası yaratdı.
Atası İmamqulu kürktikəndi və Nadirqulu adı verdiyi oğlu doğulandan az
sonra vəfat etmişdi. Dərəgəz vilayətinə hücum edən (1704/05) özbəklər 16-17 yaşlı
Nadirqulunu, qardaşı İbrahimi və anasını əsir edib apardılar. 4 il sonra anası öldü,
qardaşıyla birgə əsirlikdən qaçıb Əbivərdə gəldi.
Hökmdarlığa yaraşmayan əyyaş I Şah Hüseyn Səfəvinin (1694-1722)
hakimiyyətinin sonunda Səfəvilər dövləti əslində məhv olmuşdu. Əfqan Üveysilər
sülaləsi (1722-1729) Səfəvilərin paytaxtı İsfahanı (22.10.1722), daha sonra Kaşan,
Qəzvin, Qum və Tehranı işğal edərək 7 il hakimiyyətdə qaldı. Səfəvi torpaqlarına
yiyələnmək istəyən rus çarı Dəli Petro (I Pyotr) da 18 iyul 1722-də böyük bir ordu
və 274 gəmiylə Həştərxandan Azərbaycana hücum çəkdi (sentyabrda Peterburqa
qayıtmağa məcbur oldu), çox keçmədən onun qoşunları Dərbəndi (15.8.1722) və
Gilanı (11.1722) tutdular (Bakınısa 1723-ün iyununda ələ keçirdilər).
Əbivərd hakimi olan qayınatası Babaəli bəyin müdafiə dəstəsinə daxil olan
(1710) Nadirqulu Əbivərdə basqın edən özbəklərin və yomut türkmənlərinin
üzərinə onun tapşırığıyla qoşun çəkdi və onları 1719-da əzib qovdu. 1719/20-də
möhkəm Kəlat qalasını tutaraq özünə qərargah etdi. Dərəgəz və Qoçanda çoxlu
qoşun yığaraq əfqan Məlik Mahmudla bir neçə dəfə vuruşaraq onu əzdi. Babaəli
bəy 1723/24-də ölərkən nəyi vardısa hamısını kürəkəni Nadirqulunun ixtiyarına
buraxdı. Bundan sonra Nadirqulu əfqanlarla bir çox uğurlu müharibələr apararaq
qalalar aldı, ana yurdu Məşhədi ələ keçirdi (22 oktyabr 1725).
Özünü şah elan etmiş II Təhmasib Səfəvi (1722-1732) səfirləri İsmayıl bəyi
Dəli Petronun, Məhəmmədrza xanı I Sultan Mahmudun yanına kömək istəməyə
göndərdi. Ancaq İsmayıl bəy 12 sentyabr 1723-də Azərbaycanın Xəzərsahili
torpaqlarının: Dərbənd, Bakı, Salyan, Lənkəran, Gilan, Rəşt, Ənzəli, Mazandaran
və Əstərəbadın Rusiyaya birləşdirilməsi haqqında özbaşına olaraq müqavilə
5
imzaladı. Səfəvilərin zəifliyindən yararlanan Osmanlı sərkərdəsi Abdulla paşa isə
İrəvanı, Qafqazın qərbini, Təbrizi, Rzaiyyəni, Kirmanşah, Loristan və Xuzistanı ta
Kəngər (Fars) körfəzinədək tutdu.
24 iyun 1724-də Osmanlı və Rusiya dövlətləri arasında bağlanan İstanbul
müqaviləsinə əsasən, İrəvan, Gürcüstan və Xəzəryanı bölgələr çıxılmaqla bütün
Azərbaycan Türkiyəyə, Xəzərsahili Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt və
Ənzəli zolağı Rusiyaya verildi.
Çox ağır durumda olan II Təhmasib Nadirqulunun igidliyindən xəbər
tutaraq 1726-da onu Əbivərdə hakim qoydu. Həmin ildə Nadirqulunun 3 minlik
qoşunuyla Xəbuşanda (Əbivərddə) II Təhmasib qüvvələriylə birləşdi və tezliklə o,
Təhmasibin şəxsi hərbi müşaviri oldu.
Nadirqulu xan 1726-nın oktyabrında II Təhmasibin sipəhsaları (qoşun
başçısı, sərkərdəsi) təyin ediləndə gerçək durum beləydi – Səfəvilər dövləti əslində
mövcud deyildi; onu əfqanlar, ruslar və Osmanlılar öz aralarında bölmüşdülər.
Özünə “Təhmasibqulu” ləqəbi götürən Nadirqulu əlinə qılınc aldığı ilk gündən
Vətən torpaqlarını geri qaytararaq yenidən vahid dövlətdə birləşdirməkçün
işğalçılarla amansız savaşa girişdi və heç on il keçmədən bu vəzifənin öhdəsindən
şərəflə gəldi.
Təhmasibin qulluğunda Nadirqulu xanın ilk böyük qələbəsi Məşhədi tutaraq
əfqan Məlik Mahmudu məğlub etməsi (13.12.1726) oldu. Sonra o, tədriclə əfqan
feodallarını Səfəvi torpaqlarından qovdu və üstəlik, Heratı da tutdu (5.1729).
Məşhədi özünə qərargah seçən Nadirqulu xan Səfəvi paytaxtı İsfahanı da
əfqanlardan geri alaraq (26.10.1729) bu şəhəri düşmənlərdən təmizlədi və 7 il 10
ay öncə İsfahandan çıxmış Təhmasibi yenidən həmin şəhərdə taxtda oturtdu
(30.11.1729). Şəhərin hakimi Əşrəf Əfqan qaçdı.
Bu igidlikləriylə o həm özünü yenilməz bir sərkərdə kimi təsdiqlədi, həm
mərkəzi hakimiyyəti xeyli gücləndirdi, həm də millətin qürurunu artıraraq onda
özünəinam yaratdı, xalqımızın döyüşkənlik ruhunu yüksəltdi. Ancaq II Təhmasib
Nadirin hərbi uğurlarından ciddi qorxuya düşərək ona bir sıra xəyanətlərdə
bulundu, dövlət mənafeyini hər şeydən üstün tutan Nadirsə onu hər dəfə
alicənablıqla bağışladı.
İsfahanı aldıqdan sonra Əşrəf Əfqanla 4 dəfə qanlı savaşa çıxan Nadirqulu
xan 25 dekabr 1729-da onu məhv etməkçün Şiraza qoşun çəkərək bu şəhəri aldı.
Şirazdan tərpənib Loristandan keçməklə Bürucərdə gələn Nadirqulu xandan ötrü
şah buraya qiymətli daşlarla bəzədilmiş bir tac və İsfahanın alınmasının qarşılığı
olaraq onun Xorasan, Mazandaran, Yəzd, Kirman və Sistan valisi təyin edilməsi
haqqında fərmanı göndərdi.
Şirazdan da qaçan Əşrəf 1730-da Qəndəhar yaxınlığında öldürüldü.
Beləliklə, Fars əyalətini itaətə gətirən və oraya Məhəmmədəli xanı hakim qoyan
Nadirqulu (Təhmasibqulu) xan 7 illik hakimiyyətləri çağında 2 milyonadək insanı
amansızcasına qırmış, ən yaxşı şəhərləri, ən gözəl binaları xaraba qoymuş qaniçən,
6
dağıdıcı əfqanlar üzərində qəti qələbə çaldı. İndi o, üzünü Osmanlılara sarı çevirə
bilərdi.
Osmanlı dövlətinə səfir göndərərək Səfəvi torpaqlarını qaytarmağı tələb
edən Nadirqulu xan rədd cavabı aldıqda müharibəyə girişdi və Həmədana doğru
hərəkət etdi (9.3.1730), öncə döyüşlə Nəhavəndi (1.7.1730), sonra müqavimətsiz
Həmədanı (7.7.1730) tutdu.
Nadirin qələbələrindən təşvişə düşən Osmanlı sultanlığı Səfəvi dövlətinə
rəsmən müharibə elan etdi (23.7.1730). Marağada Osmanlılara qalib gəldikdən
sonra Nadirqulu xan Təbrizi (12.8.1730) və Ərdəbili (9.1730) də onlardan geri aldı.
Bisütun bəy Əfşarı Təbrizə hakim qoydu. Rzaqulu xan Şamlını Osmanlı sədrəzəmi
İbrahim paşanın yanına göndərərək sülh təklif etdi. Sədrəzəmin öldürülməsi, III
Sultan Əhmədin devrilib (1.10.1730) yerinə qardaşı Sultan Mahmudun gəlməsiylə
Osmanlılar Səfəvilərlə savaşdan əl götürdü.
Nadirqulu xan İstanbuldakı qarışıqlıqdan yararlanıb Naxçıvan və İrəvanı da
Osmanlılardan geri almaq istəsə də 1730-un avqustunda Xorasanda əfqanların
(abdalların) üsyan qaldırdığını eşidərək savaşı davam etdirmədən Təbrizdən
Məşhədə yollanmalı oldu (ora noyabrın başlanğıcında çatdı). O, 1731-in iyulundan
əfqanları (abdalları) bir neçə dəfə əzdi və uzun mühasirədən sonra Heratı
bütünlüklə tutdu (27.2.1732).
Bu vaxt II Təhmasib qoşun başçılığını öz əlinə aldı və Nadirqulu xanın təsir
gücünü azaltmaqçün onun yalnız Xorasanı idarə edəcəyini, Osmanlı və Rusiyanın
tutduğu torpaqları geri almaqda da ona ehtiyac olmadığını bildirdi və özünə nüfuz
qazandırmaqçün Naxçıvan və İrəvanı qaytarmaqdan ötrü Osmanlılarla müharibəyə
başladı (12.1730), ancaq Həmədan yaxınlığında məğlub olduqdan (15.7.1731)
sonra Kirmanşahı (30.7.1731), Həmədanı (18.9.1731), Urmiyəni (15.11.1731) və
Təbrizi (4.12.1731) də itirdi. Paytaxt İsfahandan uzaqlarda olan Nadirqulu xanın
razılaşmamasına baxmayaraq 10 yanvar 1732-də Osmanlılar və Səfəvilər arasında
Bağdadda müqavilə bağlandı. Bu andlaşmaya görə, Təbriz, Ərdəlan, Kirmanşah,
Həmədan, Hüveyzə və Loristan Səfəvilərdə qaldı, İrəvan, Naxçıvan, Tiflis,
Gürcüstanın çox hissəsi, Gəncə, Şirvan və Dağıstan Osmanlılara verildi, Araz çayı
iki dövlət arasında sərhəd oldu. Ancaq sultan da, Nadir də bu sənədi qəbul
etmədiyinə görə o, gerçəkləşə bilmədi.
Təhmasibin Osmanlılarla bağladığı müqavilədən qəzəblənən Nadirqulu xan
Heratdan Osmanlı sultanına xəbərdarlıq göndərdi: “Şah Təhmasibin müqaviləsinin
siyasi qiyməti yoxdur”. O, bu məzmunda bir məktubu da İsfahan sarayına
göndərdi: “Müqaviləyə əsasən təyin olunan sərhədlər Allahın və ölkənin istəyinin
əleyhinədir, ona görə də biz bu müqavilələri rədd edirik”.
Dəli Petronun ölümündən (1725) sonra Rusiyada Səfəvi torpaqlarını əlində
saxlaya biləcək bir şəxs yoxdu. Bu amili də nəzərə alan Nadirqulu xan rusların
ixtiyarındakı Gilana Hüseynqulu xan Zəngənəni, Mazandarana Oğuzlu xanı hakim
7
qoydu və 1730-da rus generalı Levansovdan Xəzəryanı bölgələri təcili boşaltmağı
tələb etdi.
II Təhmasibin nümayəndəsinin iştirakıyla 21 yanvar 1732-də Rəştdə Rusiya
və Səfəvi dövlətləri arasında müqavilə imzalandı; Bakı və Dağıstan Rusiyaya
verildi, ancaq Rusiya Kür çayından (Salyandan) güneydəki Xəzərsahili torpaqları
qaytardı, Səfəvilərsə bu əraziyə Osmanlıları buraxmamağı öhdəsinə götürdü.
Abdalları darmadağın edən, ğəlcailəri itaətə gətirən Nadirqulu xan Heratdan
Məşhədə (13.3.1732), oradan da İsfahana (1.9.1732) gəldi. Zabitlərin hüzurunda II
Təhmasibdən soruşdu: “Niyə öz vətəninə xəyanət edib bədnam Bağdad və Rəşt
müqavilələrini imzalamısan?”.
Nadir xan İsfahana gəlişindən 6 gün sonra, hakimiyyətini 6 il öz qılıncıyla
qoruyub saxladığı II Şah Təhmasibi taxtdan salaraq Xorasana göndərdi, onun
beşikdəki körpəsi Abbas Mirzəni III Şah Abbas adlandıraraq başına tac qoydu
(7.9.1732), özünüsə şahın naibi (naibüssəltənə) və vəkili (vəkilüddövlə) elan
edərək Səfəvi dövlətini onun adından idarə etməyə başladı.
II Təhmasibin Osmanlılarla bağladığı Bağdad müqaviləsini ləğv edən Nadir
xan Osmanlı dövlətindən 1723-dən bəri tutduğu bütün Səfəvi torpaqlarını geri
qaytarmağı tələb etdi. Rədd cavabı alınca Osmanlılarla yeni müharibəyə başladı.
Nadir olduqca məharətli sərkərdəydi və döyüşlərdə hər dəfə yalnız özünün
sınaqdan çıxardığı, öz döyüş təcrübəsinə məxsus yeni taktikalar, üsullar tətbiq
edər, düşməni tam gözləmədiyi bir durumda yaxalayaraq ona üstün gələr, bu
zaman öz qoşununun ən az itki verməsinə nail olardı. O, hər müharibədə yerli
şəraitə uyğun taktika və strategiya seçərdi. Məsələn, bir dəfə o, ağır topların şəhər
qalasının yanına aparılmasının mümkünsüzlüyünü gördükdə məhz mühasirəyə
aldığı qalanın yaxınlığında bir neçə top düzəltdirərək hasarı dağıtmış və qalib
gəlmişdi.
Qoşunu 3 yerə ayıraraq bir bölümünü Azərbaycana (əsasən Gəncəyə), bir
bölümünü Kərkükə yollayan, özüsə Ərbilə gedən Nadir xan 27 noyabr 1732-də
Kirmanşaha gəldi və oranı tutdu. Osmanlı sərhədinə çatdı, Kərkük və Van
şəhərlərini alan qüvvələrlə birlikdə 1-2 fevralda Dəclə çayını keçərək Bağdad
yaxınlığına gəldi. 16 fevral 1733-də Bağdad üzərinə yürüş başlandı. Ağır vuruşdan
sonra Nadir köhnə Bağdad şəhərini, az sonra da Samirə, Hillə, Kərbəla, Nəcəf və
başqa şəhərləri tutdu, Bağdadın mühasirəsini daraltdı. Ancaq o, bu qalib
durumunda da hər zaman sülh bağlamağa hazır olduğunu bəyan edirdi,
Osmanlılarsa onun şərtlərini qəbuledilməz sayırdılar. Əyyubi Əhməd paşa
adamlarını onun yanına danışıqlara göndərməklə öz dövlətinə vaxt qazandırmağı
bacardı. 19 iyul 1733-də Bağdada köməyə gəlmiş Topal Osman paşanın qoşunuyla
dəhşətli vuruşmada Nadir ağır məğlubiyyətə uğradı.
4 avqust 1733-də Həmədana gələn Nadir 12 sentyabrda yeni qoşunla
Kirmanşaha doğru yürüdü. 2 oktyabrda Osmanlı sərhədini keçdi. 9 noyabr 1733-də
Ağ-Dərbənddə Osmanlı qoşunlarını dağıdaraq Kərkük üzərinə gəldi, bu şəhərin
8
yaxınlığındakı Surtaş kəndi ətrafında görkəmli sərkərdə Topal Osman paşanın
üzərinə gözlənilməz hücuma keçdi, paşa həlak oldu və Nadir qələbə çaldı. Bundan
sonra Hillə, Nəcəf və Kərbəlanı yenidən tutan Nadir Təbrizi azad etdi. Tezliklə
Süleymaniyyə, Kərkük, Mosul və bir sıra başqa mühüm yerlər də onun əlinə keçdi.
16 noyabr 1733-də Nadir 30 minlik qoşunla Bağdada gəldi. Bir müddət
keçəndən sonra Bağdad valisi Əhməd paşa Nadirə sülh təklif etdi və 1733-ün
dekabrında iki tərəf arasında Bağdad müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən,
Osmanlılar son 10 ildə tutduqları bütün Səfəvi torpaqlarını qaytarmalı oldu (ancaq
işdə buna əməl etmədi). Bundan başqa, iki dövlət arasında 1639-dakı sərhədlərin
saxlanılması, qarşılıqlı şəkildə əsirlərin buraxılması və qənimət alınmış topların
qaytarılması, Əfşar dövlətindən həccə gedən zəvvarlara Osmanlı imperiyası
ərazisində əngəl törədilməməsi rəsmiləşdirildi.
Bu andlaşma əsasında Güney Azərbaycandakı hərbi əməliyyatlar
dayandırıldı. Əhməd paşa İrəvan, Tiflis, Gəncə və Şirvan paşalarına bu torpaqları
boşaltmaq (bu göstərişi sonra İstanbul ləğv etdi) və əsirləri azad etmək göstərişi
verdi. Mahmud xan Bəluc qiyam qaldırdığına görə (Nadir onu darmadağın edərək
1 fevral 1734-də Şirazı geri aldı) Bağdadı almadan sülhə razılaşmağa məcbur olan
Nadir xan da tutduğu bütün əsirləri buraxdı və iki dövlət arasında sülhün vacibliyi
haqqında Osmanlı baş vəzirinə Qazi Əbdülkərim əfəndiylə (o, Kərkük
müharibəsində Əfşarlara əsir düşmüşdü) 2 məktub göndərdi, sülhün yalnız Qafqaz
əyalətlərinin qaytarılacağı halda mümkünlüyünü bildirdi və müqavilənin
təsdiqlənməsinə 90 gün vaxt verdi. Təəssüf ki, Osmanlı sarayı Bağdad
müqaviləsini təsdiqləmədi, bu işi müxtəlif bəhanələrlə gecikdirdi və Əhməd paşanı
işdən götürdü.
Osmanlılarla münasibəti pis-yaxşı nizamlayan Nadir xan indi də üzünü
Rusiyaya çevirdi və Xəzərsahili torpaqları boşaltmağı ondan tələb etdi. Doğrudur,
Rusiya Nadirin naibüssəltənə olmasına sevinmişdi, çünki həm tezliklə Səfəvi
xanədanına son qoyulacağını duyur, həm də sonra şahlığa layiq bir adamı
meydanda görmür, sıradan birisi olan Nadirin şahlıq taxtında otura biləcəyinisə
ağlına gətirmirdi. Ancaq ruslar necə yanıldıqlarını tezliklə başa düşdülər.
Rusiya Nadirin Osmanlı dövlətiylə sülh sazişi bağlamasını istəmirdi, çünki
Fransanın Osmanlıları Rusiyaya müharibəyə məcbur edəcəyindən və Rusiyanın
durumunun pisləşəcəyindən qorxurdu. Nadirin indiki qələbəsi fransızları pərt,
ruslarısa şad etdi.
Nadir xan Rusiyanın fövqəladə səfiri, vaxtilə Rusiyanın İspaniya və
Almaniyada da səfiri işləmiş təcrübəli diplomat S.D.Qolitsinin başçılığı altında bir
heyəti İsfahanda qəbul etdi (20-31.5.1734). Qolitsin Nadirə Osmanlılar əleyhinə
Rusiyayla müqavilə bağlamağı təklif etdi və Osmanlılarla savaşda Rusiyanın
Nadirə yaxından köməklik edəcəyini, o, Qafqaz uğrunda savaşa başlasa
Osmanlılara yardım göstərməyəcəyini bildirdi. Bu zaman Nadir öz rəqibini
9
əcnəbilərin köməyi olmadan diz çökdürəcəyini söylədi. Rusiya Osmanlılara
arxalanan Surxay xanın Şirvandakı davranışından narahatlığını da dilə gətirdi.
Nadir xanla söhbətdən sonra Qolitsin Peterburqa məlumat verdi ki, Rusiya
Bakı və Dərbəndi qaytarmadığına görə Nadir ona qarşı çox qəzəblidir. Əsl milli
qürur yiyəsi olan Nadir özgənin tövsiyələrinə qulaq asan deyil, ona görə də
gözləməliyik.
Osmanlı dövləti Nadirə qarşı yürüşə hazırlaşsa da birbaşa müdaxilədən
qabaq Şirvan və Dağıstanda öz nüfuzunu gücləndirməyə üstünlük verdi. Bundan
ötrü İstanbul Krım xanına göstəriş verdi və o da Dağıstana 20 min qoşun
göndərərək əhalini Nadir hakimiyyətinə qarşı qaldırdı.
Osmanlı sultanı 1734-ün iyununda İsfahandakı Nadir xana məktub və
nümayəndə göndərərək Osmanlı ordusunun baş komandanı Abdulla paşa
Köprülünün sülh müqaviləsi bağlamağa tam səlahiyyətli olduğunu bildirdi. Nadir
də öz növbəsində sultana məktub yazdı ki, Osmanlı dövləti işğal etdiyi bütün
torpaqları qaytarsa ölkələrimiz arasında sülh yaranacaq, əks halda müharibə
yenidən başlanacaq.
Nadir xan Qafqazdan Osmanlı təsirini birdəfəlik götürməkçün İstanbulun
Şirvan və Dağıstan valisi təyin etdiyi Surxay xanın ağalığına son qoymağın başlıca
şərt olduğunu çox gözəl anlayaraq İsfahandan ona tələb yolladı ki, dincliklə
Şirvandan getsin. Naibüssəltənə ondan rədd cavabı alınca 17 iyun 1734-də quzeyə
qoşun çəkdi.
Nadir xan Həmədanda olanda rusların Gürcüstanın keçmiş hakimi Vaxtanqı
və oğlunu Şamaxını tutmağa göndərdiyini eşitdi. O, Həmədandan Marağaya,
oradan Təbrizə, Təbrizdən də Ərdəbilə gəldi. Ərdəbildə Osmanlı nümayəndəsi
ərazilərin qaytarılmasına ondan 2 il möhlət istədi və Nadir başa düşdü ki,
Osmanlılarla yenidən savaşmaq lazım gələcək. Ancaq Surxay xanı aradan
götürməyi daha təxirəsalınmaz vəzifə saydı, çünki bununla Şamaxını Vaxtanqdan
qabaq tutacaq, rusları da sülh müqaviləsi bağlamağa məcbur edəcək, Şirvanı öz
hakimiyyəti altına salacaq, Bağdad müqaviləsinə əsasən Şirvan xanlığını da geri
qaytaracaqdı.
O, Kürə çatıb Şirvana yaxınlaşanda (29.8.1734) Surxay xan Dağıstana
qaçdı. Şamaxını az qala müqavimətsiz tutan Nadir Məhəmmədqulu xan Sədərlunu
ora hakim qoydu. Surxay xanı Dağıstanda izləyən Nadir xan onu tuta bilmədi.
Sərkərdə Təhmasib xan Cəlayir Nadirin göstərişiylə 3 oktyabr 1734-də
üsyançıların mərkəzi Qəbələyə qoşun çəkdi və Surxay xanı Dəvəbatan dağı
yaxınlığında darmadağın etdi. Sonra Surxay xan Qazıqumuğa getdi. Nadir onu
məğlub etdi, böyük xəzinəsini ələ keçirdi, ancaq qış düşüb yollar bağlandığına görə
təqib edə bilmədi. Axtıya endi, Car və Talada olan üsyançı ləzgiləri (avarları)
susdurdu. Xaçmaz yoluyla Qəbələyə gəldi. Orada olarkən Şamaxını zəbt etdi
(22.10.1734). Bir həftə Qəbələdə qaldıqdan sonra Gəncəyə getdi.
10
Qoşunu 3 noyabr 1734-də Gəncəyə çatan Nadir xan Gənc Əli paşanın
qoruduğu bu şəhəri 4 ay mühasirədə saxladı. Nadirin topxanasının zəifliyi qalanın
alınmasını çətinləşdirdi. Orada olan Qolitsin Nadirə kömək təklif etdi və onun
razılığından sonra Rusiyanın Dağıstandakı qoşunlarının komandanı general
Luvaşov xeyli ağır top göndərdi.
Gəncəni mühasirədə saxladığı vaxt Nadir xan Xəzərboyu torpaqlarımızı
boşaltmaq haqqında Rusiya səfiri Qolitsinlə başladığı danışıqları da
yekunlaşdırmaq istədi və 5 dekabr 1734-də öz səfiri Hüseyn xanı Rusiyaya
göndərdi.
Rusiya Nadir xanın tələbləriylə razılaşmağa – torpaqlarımızı boşaltmağa
məcbur oldu, bu şərtlə ki, Nadir də Rusiyanın düşmənlərini öz düşməni hesab etsin
və qaytarılan torpaqları bir də heç vaxt Osmanlılara verməsin. Beləliklə, Rusiya
Gəncə yaxınlığında 19-21 mart 1735-də (Novruz bayramı günləri!) bütün
Xəzəryanı vilayətlərdən (Kürün axarından Dərbəndədək) biryolluq çıxmaq
haqqında müqavilə imzaladı. Bu andlaşmaya görə, Rusiya Bakını 15 günə,
Dərbəndi 2 aya boşaltmalıydı (buna əməl etdi), Nadirsə öhdəsinə götürdü ki,
Rusiyanın daimi müttəfiqi olacaq, Bakı və Dərbəndi heç kəsə verməyəcək. Solaq
qalası Rusiya və Səfəvi dövlətləri arasında sərhəd oldu. Dövlətlər bir-birindən
xəbərsiz Osmanlıyla müqavilə bağlamamağa da razılaşdılar. (Ancaq Nadir şah
1746-da Osmanlılarla müqavilə bağlayarkən rusların rəyini nəzərə almadı, bununla
da onları qəzəbləndirdi).
Yeri gəlmişkən, Nadir xan rusların gözünü o qədər qorxutmuşdu ki, onlar
nəinki Dəli Petronun 130 min rus əsgərinin həyatı bahasına işğal etdiyi şimal
torpaqlarımızı 13 ildən sonra geri qaytarmağa məcbur oldular, həm də hətta onun
ölümündən sonrakı 55 ildə Azərbaycan torpaqlarına yaxın düşməyə ürək etmədilər.
Osmanlıların Xəzər sahilindən uzaqlaşdırılmasını qənimət sayan rusları
quzey torpaqlarımızdan qovduqdan sonra Nadir xan sultanlıq qoşunlarıyla savaşı
davam etdirdi.
Karsda bulunan Şərq qoşunları komandanı Abdulla paşa Köprülüzadənin
yardımları sayəsində Gəncə qalasını təslim etmək mümkün olmadığına görə
qoşunun bir hissəsini Gəncənin mühasirəsi üçün saxlayan Nadir xan 1735-in
Novruz bayramından bir neçə gün sonra Karsa yollanıb oranı mühasirəyə aldı. 25
may 1735-də Arpa çayını keçərək Karsın cənub-şərqinə çəkildi. İrəvan
yaxınlığındakı Bağavars (Yağavərd) boğazında 18 iyun 1735-də gedən müharibədə
(Osmanlı tarixlərində buna “Arpa çayı müharibəsi” deyilir) o, parlaq qələbə
qazandı – komandan Abdulla paşa, Osmanlı sultanının kürəkəni Mustafa paşa və
50 min Osmanlı əsgəri həlak oldular.
Nadirin qələbəsi İstanbulu sarsıtdı. Sədrəzəm Əli paşa vəzifədən götürüldü.
Təlaşa düşən Gəncə hakimi Gənc Əli paşa Nadirə sülh təklif etdi və Gəncə uzun
mühasirədən sonra təslim oldu (9.7.1735).
11
Bu vaxt Nadir Gürcüstanın da məsələsini həll etmək qarşılığında Karsın
mühasirəsindən əl çəkdi. Tiflisə gələrək oranı aldı (12.8.1735). Müsəlman olmuş
Əli Mirzəni Kartli və Kaxetiya hakimi qoyub “xan” etdi. (Gürcüstan hakimi, Əli
Mirzənin qayınatası Teymuraz bundan acıqlanaraq sonra Rusiyaya qaçdı).
Nadir yenidən Karsa dönüb (22.8.1735) onu mühasirəyə aldı. Onun
Anadoluya hücum edəcəyindən bərk qorxuya düşən Osmanlılar sülh təklif etdilər.
Osmanlı ordusunun başçısı Əyyubi Əhməd paşa İrəvan qalasını ona təhvil verdi
(3.10.1735). Nadir Osmanlı qoşunlarının indiyədək olan müharibələrdə vurduğu
ziyanları ödəməyi tələb etdi və müqavilə bağlanmasında Rusiyanın da iştirak
edəcəyini bildirdi. O, xəzinədarı Mirzə Məhəmmədi Əhməd paşanın yanına
göndərərək sülh danışıqları aparmaqçün İsfahana bir heyət yollamasını istədi.
Nadir xan Tiflisdən Car və Tala üzərinə getdi. Krım xanı Qaplan Girey artıq
öz yurduna dönmüşdü. Nadir xan Dağıstanda dinclik yaratsa da Surxay xan yenə
yaxasını ələ vermədi.
Bütün bunlardan sonra Nadir xan Kəngər/Fars (Bəsrə) körfəzində qüdrətli
bir dəniz donanması yaratmaq qərarına gəldi, çünki ölkənin dənizdən
təhlükəsizliyini donanmasız təmin etməyin çətinliyini Dəli Petronun yürüşləri
göstərmişdi.
İngilis Persi Sayks öz kitabında Nadiri dəniz donanmasının vacibliyini
anlamış ilk İran şahı adlandırır. Ancaq Nadir hələ şah olmazdan qabaq məsələyə
əsl dövlət başçısı kimi yanaşdı və taxta oturduqdan sonra da heç bir çətinliyə
baxmayaraq, başqa yabançı imperiyaların (ilk sırada Rusiya və İngiltərənin)
müqavimətini qıraraq öz imperiyasının donanmasını yaratmaqçün mümkün olan
hər şeyi etdi. Bu zaman o, xalqın iqtisadi durumunun son dərəcə ağırlaşacağı və
hətta üsyanların baş verəcəyi amilini də nəzərə almışdı. Nadir şahın bu qeyrəti
vətənimizin tarixində şanlı səhifələrdəndir.
O zaman gəmiçilik öndərləri olan ingilislər və hollandiyalılar, eləcə də
ərəblər öncə Səfəvilərlə, sonra Əfşarlarla gəmiçilik əlaqələrinə elə də həvəs
göstərmirdilər. Başqalarından asılı olmamaq, hər dəfə baha qiymətə gəmi
kirələməmək və dövlətin gəmilərə ehtiyaclarını tam ödəmək üçün Nadir xan Lətif
xanı admiral təyin edərək Gembrona (Bəndər-Abbas) göndərdi ki, avropalılardan
gəmi alsın, ancaq ingilislər də, hollandlar da, ərəblər də ona gəmi satmaqdan boyun
qaçırdılar, gəmiləri yalnız icarəyə verdilər.
Nadir xanın göstərişiylə Lətif xan Buşəhri yeni yaradılacaq donanmadan
ötrü ticarət limanına çevirməklə məşğul oldu (bir az sonra həmin liman Nadiriyyə
adlandırıldı).
Artıq 1735-in yazının başlanğıcında Lətif xan Bəsrəni almaqçün Şəttülərəb
(Əlvənd) çayına 30 böyük, 50 orta gəmi və bir neçə kiçik qayıqdan ibarət donanma
gətirmişdi (təəssüf ki, bu döyüşdə o yenildi). 1736-da Lətif xan Bəhreynin açarını
Nadir xana göndərdi. Bu, Omanı Səfəvi torpağına birləşdirmək və Kəngər/Fars
körfəzini öz ağalığı altına salmaqçün Nadirə tarixi bir şans yaratdı. Üstündə qırmızı
12
qılınc şəkli olan ağ bayraq dalğalanan 4 böyük, 2 orta və bir neçə xırda gəmidən
ibarət Əfşar donanması 14 mart 1737-də Lətif xanın komandanlığı altında
Buşəhrdən Gembrona gəldi. Az sonra admiral zəhərlənib öldürüldü. 1739-da Əfşar
donanması bütünlüklə Gembronda mərkəzləşdi. Nadir şah Hindistandan gəlib
Buxaraya yürüş edəndə də Amu-Dərya çayını keçməkçün donanma düzəltdi.
Beləliklə, 1734-ün başlanğıcından şah seçilənədək bütün Qafqazı Rusiya və
Osmanlıdan geri alan, orada əmin-amanlıq yaradan, Xorasanı əfqanlardan
təmizləyərək burada öz hakimiyyətini möhkəmləndirən Nadir xan artıq bütün
Səfəvi imperiyasının faktik hökmdarıydı. Əslində II Təhmasibin də, III Şah
Abbasın da vaxtında ölkəni o idarə edirdi.
1736-nın yanvarında III Şah Abbasın ölümündən sonra taxt-tacın yeni varisi
müəyyənləşdirilməliydi. Dərbənd də daxil olmaqla bütün Dağıstanı ram edən Nadir
xan 22 yanvar 1736-da indiyədək Səfəvi hakimiyyəti altında olan bütün torpaqların
nüfuzlu başçılarına, alimlərə məktub göndərərək onları ölkədə sabit bir qanuni
hakimiyyət seçməkçün Muğan qurultayına çağırdı və özü də Yeni Şamaxı (Ağsu)
yoluyla Muğan çölündə Kürlə Arazın birləşdiyi yerə gəldi (27.1.1736). Sülh
qərardadı gətirmiş Osmanlı elçisi Gənc Əli paşa da Muğandaydı. Hindistandan və
başqa xarici ölkələrdən gələn nümayəndələr də vardı. Ümumiyyətlə, Muğana 20
min qonaq gəlsə də üst-üstə 100 min adam vardı (qoşunlar da daxil olmaqla).
Qurultay nümayəndələrindən ötrü 12 min çadır qurulmuş, qamış və ağac evlər,
məscid tikilmişdi.
Orucluq bayramı günü (13.2.1736) Nadir xan özünün 12 sütunlu zərli
çadırında olduqca təntənəli bir mərasimdə öncə Osmanlı səfiri Gənc Əli paşanı,
sonra Rusiya səfirini və 1.000-ədək başqa hörmətli qonağı qəbul etdi. 7 nəfər carçı
qonaqlara elan etdi: “Böyük xan hökm edir ki, bir-birinizlə məsləhətləşin, İran
şahlığına, ölkənin sülh və əmniyyətini qorumağa, xalqın rifahını təmin etməyə
daha layiq bildiyiniz hər kəsi seçin. O, indi Allahın köməyi ilə İranı düşmənlərin
işğalından azad edib, onları İran sərhədlərindən qovub. İndi qocaldığına və
yorğunluğuna görə dincəlməyə ehtiyacı var. Öz qalası Kəlata gedib özünə və sizə
dua etmək istəyir”.
Nadir onlara dağılışmaq və məsləhətləşəndən sonra cavab bildirmək
göstərişi verdi. Nümayəndələr bir neçə gün inadla onun namizədliyinin üstündə
dursalar da Nadir asanlıqla razılıq vermədi.
Ertəsi gün Nadir xan qurultay nümayəndələrinin bu şərtlərə əməl edəcəyi
halda şahlığa razılıq verə biləcəyini bəyan etdi: 1) II Təhmasib və övladları şah
olmaq istəsə onları cəzalandırmaq əvəzinə müdafiə etsəniz cəzanızın ölüm
olmasına yazılı razılıq verəcəksiniz; 2) şiəliklə yanaşı, sünni məzhəbinə də hörmət
edəcək, Ömərə, Osmana lənət oxumayacaq, sünnilər Məkkəyə həcc ziyarətinə
gedəndə əziyyət verməyəcəksiniz; 3) məni şah etsəniz məndən sonra övladlarıma,
ailəmə hörmətsizlik etməyəcəyinizə, onlara tabe olacağınıza and içəcəksiniz.
13
Bu şərtlərlə, demək olar ki, hamı razılaşdı. Onun şətləri təxminən 2 metr
uzunluğunda tumarda 2 nüsxədə yazıldı və bütün heyətlərin başçıları sənədi 3 günə
imzalayaraq 35 möhürlə təsdiqlədilər.
Nadir 17 fevral 1736-da qurultayın bütün iştirakçılarına qonaqlıq verdi.
Onların Nadiri tam dəstəkləyəcəyinə arxayınlaşdıqdan sonra şah olmağa razılığını
bildirdi. Qurultaysa 19 fevralda bitdi və nümayəndələr dağıldılar.
Tacqoyma Novruz bayramı ərəfəsində – 8 martda oldu və Muğandan hələ
getməmiş bir sıra xanlar da orada iştirak etdilər.
Şah elə ilk gündən din işlərinə ciddi diqqət yetirməyə məcbur oldu. Belə ki,
sünni Nadir şiə dövlətində şah olmaqçün şiəliyi qəbul etmişdi. Ancaq bu zaman
şiələr sünnilərə hətta xaçpərəstlərdən də artıq nifrət bəsləyir, onlara hədsiz
düşmənçiliklə yanaşır, ilk üç raşdin xəlifəni: Əbubəkr, Ömər və Osmanı
söyürdülər. Nadir şah şiə məzhəbini xeyli yumşaldaraq sünniliyə yaxın bir hala
gətirməyi bacardı və bu yeniləşmiş şiə məzhəbini həm sünnilərin, həm də şiələrin
hörmət bəslədiyi imam Cəfər Sadiqə bağlayaraq “cəfəriyyə” adlandırdı (İrandakı
bugünkü məzhəb də budur və dünya şiələrinin ən böyük hissəsi cəfəridir). Şah
seçilərkən o, Osmanlı sultanı I Mahmudun (1730-1754) xəlifəliyini tanıyacağını
bildirdi və Osmanlılarla sülh bağlamağın 5 şərtini mərasimdə bəyan etdi: 1)
Osmanlılar yeni cəfəri məzhəbini tanıyacaq; 2) bu məzhəbə Məkkədə bir ibadət
yeri (rükn) veriləcək; 3) Əfşarlar hər il Şam (Suriya) üzərindən bir əmirhac
göndərəcək; 4) əsirlər dəyişdiriləcək; 5) qarşılıqlı elçilər göndəriləcək.
Bu vaxt hələ Muğanda olan Gənc Əli paşanın başçılıq etdiyi nümayəndə
heyəti Nadir şahın təmsilçisi Əbdülbaqi xan Zəngənəylə sülh danışıqlarına başladı
və onlar siyasi baxımdan 1639 tarixli Qəsri-Şirin müqaviləsinin əsasları daxilində
bir anlaşmaya gəldilər, ancaq Gənc Əli paşa irəli sürülən şərtlərə münasibət
bildirməyə səlahiyyətli olmadığını söylədi.
Novruzu da Muğanda bayram edən Nadir şah aprelin ortasında Qəzvinə
yola düşdü.
Qurultayda onun əleyhinə səs vermiş Gəncə Ziyadoğlu xanlarını, Qarabağın
Otuzikilər, Kəbirli və Cavanşir tayfalarının başçılarını ailəliklə Xorasana sürgün
etdi, Qarabağın erməni məliklərini Gəncə bəylərbəyinə tabe etdi.
Tacqoymadan az sonra Əfşar şahənşahı Osmanlı dövlətinə Gənc Əli paşayla
birgə Əbdülbaqi xanın başçılıq etdiyi bir nümayəndə heyəti göndərdi. 1736-nın
iyulunda İstanbula çatan və böyük hörmətlə qarşılanan elçilər Nadirin şah
seçilməsini xəbər verdilər. Onlar sülh bağlamağın Muğanda bəyan edilmiş 5 təməl
şərtini burada da təkrarladılar.
Nadir şahın Osmanlı sultanına, sədrəzəminə və müftisinə yazdığı məktublar
oxunduqdan sonra görüşlərdə əsirlərin dəyişdirilməsi, səfirlərin göndərilməsi və
həccə ziyarətdə Əfşarlardan bir əmirhacın olması qəbul edildi, ancaq qalan
məsələlər (ilk növbədə iki ölkə arasındakı məzhəb ixtilafı) şəri və mülki
müzakirəyə saxlanıldı. Sonucda qərara alındı ki, ilk üç məsələ haqqında müqavilə
14
bağlansın, ancaq o, Nadir şahın imzasından sonra qüvvəyə minsin. Beləliklə, iki
dövlət nümayəndələri arasında 28 dekabr 1736-da hazırlanaraq imzalanan
müqavilədə Nadir Əfşar şahı kimi qeyd olundu, iki ölkə arasında 1639-dakı
sərhədlər götürüldü, müharibə rəsmən dayandırıldı, yalnız məzhəb məsələsi açıq
qaldı.
Səfəvi hakimiyyətinə son qoyan Nadir şah Şirvan, Qarabağ, Çuxursəd və
Təbriz bəylərbəyliklərini ləğv etdi və əslində Azərbaycanı paytaxtı Təbriz, başçısı
öz qardaşı İbrahim xan olan vahid inzibati bölgüdə birləşdirdi. Şirvana Mehdiqulu
xanı, Dərbəndə Nəcəf sultanı, Bakıya bir gilanlını, İrəvana Məhəmməd xanı
hökmdar təyin edən şah inandığı başqa başçıları vəzifəsində saxladı. Onu da
bildirək ki, Şirvan hakimləri ən qədim çağlardan “Şirvanşah” adlanırdı və bu ənənə
Nadir şahadək davam etmişdi. Nadir şah öz imperiyasında ondan başqa kimsənin
şah adlanmasını qəbul etmədiyinə görə “Şirvanşah” ünvanını ləğv etdi.
Nadir şahın gördüyü ilk işlərdən biri də vergi toplanmasını qaydaya salmaq
və dövlətin iqtisadi gücünü möhkəmləndirmək oldu. Aydın vəzifə bölgüsü, ciddi
nəzarət və dəqiq hesablama sayəsində dövlətin gəliri az müddətdə xeyli artdı.
İstanbulda Osmanlı-Əfşar sülh danışıqları gedən vaxt Fransa Osmanlını
Rusiyayla müharibəyə təhrik edir, Rusiyanın bir çox nüfuzlu şəxsləri də dövlətə
təzyiq göstərərək Nadirin zəiflətdiyi Osmanlı sultanlığıyla savaşa girişməyə
sürükləyirdilər. Nadirin onu dəstəkləyəcəyinə arxayın olan Rusiya, nəhayət, 1736-
nın mayında Azovu almaqçün Osmanlı dövlətinə müharibə elan etdi və Nadirə də
xatırlatdı ki, müharibəyə girişmək gərəkdir. Ancaq Nadir Osmanlı dövlətiylə
müharibə etməyəcəyini rus nümayəndəsi Kaluşkinə qəti şəkildə bildirərək dedi ki,
ruslar Bağdada görə müharibə etməyəcəkləri kimi bizim də Azova görə
müharibəyə girişməyimiz mənasız olar.
Əhməd paşanı Əfşarlarla sülh müqaviləsi bağlamağa tam səlahiyyətli edən
Osmanlı sultanı Nadir şahın tələbləriylə əsasən razılaşdı, ancaq Rusiyanın
müqavilədə iştirakına qarşı qəti şəkildə çıxdı. O da Nadirin yanına Mosul valisi
Mustafa paşa başda olmaqla nüfuzlu bir nümayəndə heyəti göndərdi (noyabr
1736). Onlar 18 may 1737-də Əbdülbaqi xanla birgə Nadirabada çatdılar. Şah
onları böyük hörmətlə qəbul etdi.
Osmanlı dövləti bildirdi ki, Nadir şahın irəli sürdüyü bütün şərtləri bəzi
qeydlərlə də olsa qəbul edir, ancaq cəfəriliyin dörd sünni məzhəbə əlavə beşinci
məzhəb sayılması və Kəbədə bu məzhəbə məxsus bir yerin (rüknün) tanınmasını
həm şəriət, həm siyasət baxımından rədd edir. Əlimurad xan Şamlunu İstanbula
səfir təyin edərək göndərən (iyun 1737) Nadir şah bəyan etdi ki, cəfəri məzhəbini
rəsmən tanımaq və Məkkədə Məscidül-həramın rüknlərindən birini bu məzhəbin
ixtiyarına vermək müqavilənin bağlanmasının başlıca şərtləridir. Ancaq o,
Hindistan səfəri ərəfəsində olduğuna görə məzhəb məsələsi üstündə savaşa
başlamaq istəmədi.
15
Tac qoymazdan az öncə o, böyük oğlu Rzaqulu xanı Xorasan hakimi
qoymuşdu. Rzaqulu xan qiyam qaldırmış Bəlxə hücum edərək oranı tutdu
(4.8.1737).
Əfqan Məlik Mahmudun qardaşı Hüseyn xanın əlindəki Qəndəhar Əfşarlara
tabe olmayan yeganə məntəqəydi. Nadir şah əfqanları əzməkçün 14 aprel 1736-da
Muğan çölündən 80 minlik qoşunla Qəndəhar üzərinə yeridi. 14 sentyabr 1736-da
İsfahandan Bəxtiyari dağlarına qalxdı, üsyan etmiş Əlimərdan xanı izləməyə
başladı. Onu tutub öldürəndən sonra bəxtiyariləri özünə tabe etdi və 15 oktyabr
1736-da İsfahana döndü. 1737-nin martında Nadir şah Qəndəhara gəldi.
Qəndəhardan 3 km aralıda böyük bir şəhər saldıran şah onun adını Nadirabad
qoydu və qərargahını oraya köçürdü. 23 mart 1738-də o, Qəndəharı, 1738-in
aprelində Bəlucistanı tutdu. Bu, əfqan qüvvələrinin son məğlubiyyətiydi. Beləliklə,
Nadir şah tarixdə Əfqanıstanı ram edən ilk və son hökmdar oldu. O, özünün
qurduğu Əfşar dövlətini yadlardan bütünlüklə təmizlədi.
Nadir şahın indiyədək savaşlarının məqsədi Səfəvi torpaqlarının hüdudlarını
bərpa etməkdi. İndisə o, torpaqlarını genişləndirmək haqqında düşünməyə başladı.
Ancaq aramsız müharibələrdə xəzinəsi boşalmış dövlətinin kasıblığı bu istəyi
gerçəkləşdirmək gücündə olan ordunu saxlamağa imkan vermirdi. Aldığı dəqiq
bilgilərə əsasən, sərvəti başdan aşıb-daşan Hindistan Teymurlu hökmdarının zəif
olduğunu öyrənmiş Nadir şah həm Əfşar dövlətinin maddi durumunu
yaxşılaşdırmaq, həm də yeni torpaqlar ələ keçirməkçün bu ölkəni tutmağı
qərarlaşdırdı.
Hindistan ağası Məhəmməd şahın (1719-1748) saymazlığı hücumçün Nadir
şaha əla bəhanə verdi. Belə ki, o, Teymurlu şahına dəfələrlə məktub yazıb tələb
etmişdi ki, sərhədlərini əfqanların üzünə bağla, onların Hindistanda sığınacaq
tapmasına imkan vermə. Ancaq bu şah ona heç bir cavab verməmişdi. Nadir şahın
bu məqsədlə Dehliyə yolladığı elçilərə də eyni saymazlıq göstərildi. Dehliyə 40
günlüyə göndərilmiş (6.5.1738) Məhəmməd xan Gürgani də cavab ala bilmədi və
o, saraydan buraxılmadı. Daha dözməyən Nadir şah qoşun çəkərək 24 may 1738-
də Nadirabaddan Hindistan üzərinə yürüşə başladı.
O, ağır döyüşlərdən sonra öncə yolunun üstündəki Qəznəni (11.6.1738),
Kabili (30.6.1738), Cəlalabadı (17.9.1738), Pişavəri (11.1738), Lahor və Kəşmiri
(29.1.1739) ələ keçirdi. Sonra 6 fevral 1739-da Lahordan Sərhəndə doğru hərəkət
etdi. Hindistan hökmdarı onun qarşısına 300 min təcrübəli döyüşçü, 10 min zəncir
hərbi fil, 500 topluq qüvvə çıxararaq Kornalda istehkam qurdu. Nadir şah
Teymurlu şahını paytaxta bağlayan yolu kəsə bildi.
24 fevral 1739-da Kornal yaxınlığında Nadir şahın 90 minlik və Məhəmməd
şahın 200 minlik qoşunları üz-üzə gəldi. Nadir şahın yeni döyüş taktikaları tətbiq
etdiyi bu qanlı savaşda Hindistan ordusunun baş komandanı Xan Dövran yaralandı,
sərkərdələrdən Səadət xan əsir alındı.
16
25 fevralda davam edən döyüşdə Xan Dövrana güllə dəydi və o, ölümcül
yara alaraq huşsuz qaldı, başçısız qoşun qaçmağa başladı. Nadir şah
hindistanlıların 2.000 döyüş filini zərərsizləşdirib Məhəmməd şah ordusunu
məğlub etməkçün orijinal fənd işlətdi – onun göstərişiylə dəvələrin üstündəki
oduna od vurdular və dəvələri fillərə doğru qovdular. Bədəni istidən yanan
dəvələrin dəhşətli nərilti qopararaq birdən-birə irəli cummasından fillər bərk
qorxuya düşərək geri qaçmağa başladı və öz qoşununu əzdi. Nadir ordusu bu
zaman hücuma keçdi və axşamadək çəkən qanlı savaşı qələbəylə başa vurdu.
Hindistanlılar 100-dən artıq qoşun başçısını və 10-30 min əsgər itirdilər (Nadir
şahın itkisi 2.500 nəfərdi). Bu qələbənin qazanılmasında böyük xidməti olmuş oğlu
sərkərdə Murtuzaqulu xanı “Nəsrullah xan” adlandıran Nadir şah qoşununu da
mükafatlandırdı.
27 fevral 1739-da Hindistanın baş naziri Nizamülmülk və vəzir Əbdülbaqi
xan Nadir şahın qərargahına gələrək atəşkəs haqqında saziş bağladılar. Tərəflər
razılaşdılar ki, Nadir şah öz ölkəsinə qayıdacaq və bunun qarşılığında Hindistan
tərəfi 50 lək (5 milyon) rupi qızıl pul təzminat ödəyəcək; öz ordusunu tərksilah
edəcək; Hindistan ordusunun topları və hərbi sursatı Nadir şah ordusuna təhvil
veriləcək; Nadir şahın qoşunu yorulduğu üçün bir müddət Şahcahanabadda
(Dehlidə) dincələcək.
29 fevralda Nadir şah Məhəmməd şahı öz qərargahında səhər yeməyinə
çağırdı və o gəldi. Ümumən mehriban keçən 6 saatlıq söhbətdə Teymurlu şahını
xeyli töhmətləyən Nadir şah bildirdi ki, bizim torpaqlarımız Əmir Teymur
nəslindən ziyan çəkmədiyinə görə mən Hindistan hökmdarlığını sizdən
almayacağam, ancaq Nizamülmülklə razılaşdırılmış bütün maddələr yubadılmadan
gerçəkləşdirilməlidir.
Məhəmməd şah elə həmin gün bütün silahları yığıb Nadir şah ordusuna
verməyi əmr etdi.
Nadir şahın əsiri olan Səadət xan onu Dehlini tutmağın zəruriliyinə
inandırdı və dedi ki, belə olsa təzminatdan başqa hətta imperatorun xəzinəsini də
əldə edə bilərsiniz. Bundan sonra Əfşar hökmdarı Hindistan şahını yenidən yanına
gətirtdi (6.3.1739) və indiyədək möhkəm mühasirədə saxladığı Hindistan
qoşununun qalan başçılarını da tutdurdu.
12 mart 1739-da Nadir şah qabaqda, Məhəmməd şah ondan 3 kilometr
arxada olmaqla Kornaldan Dehliyə yola düşdülər və 18 martda Dehlinin qırağında
bir bağa düşdülər. Məhəmməd şah Nadir şahı şəhərdə ləyaqətlə qarşılamaqçün
icazə alıb getdi.
20 martda Nadir şah ağ atın üstündə 20 alay qoşunla indiyədək görünməmiş
təntənəylə şəhərə daxil oldu. Onun şərəfinə toplardan yaylım atəşləri açıldı.
Məhəmməd şah onu sonsuz ehtiramla öz sarayına apardı. Nadir şahın onu
şahlıqdan uzaqlaşdırmamasının qarşılığı olaraq Məhəmməd şah sələflərindən qalan
17
və “dünya xəzinələrindən on dəfə çox olan” 250 illik xəzinəni Əfşar imperatoruna
bağışladı.
Səhəri gün – 21 mart 1739-da üst-üstə düşmüş Novruz bayramı və Qurban
bayramı günü Hindistanın bütün camelərində Nadir şahın adına xütbələr oxundu və
bütün şəhərlərdə üstündə “Dünya şahlarına şah olan şahlar şahı Nadiri-sahibgiran”
sözləri həkk edilmiş yeni qızıl pullar yayıldı.
25 martda şəhərdə Nadir şahın öldürülməsi şayiəsi yayıldı və hindistanlılar
şahənşahın təxminən 3 min – 7 min əsgərini öldürdülər. Bundan xəbər tutan Nadir
şah ertəsi gün tezdən əhalini qırmağı əmr etdi və üsyanı 6 saat içində amansızlıqla
yatırdı. Nadir şah Məhəmməd şahın qızını oğlu Nəsrullah Mirzəyə aldı (6.4.1739).
27 martda şah İsfahana xəbər göndərərək öz xalqını qələbə münasibətilə
təbrik etdi və bütün əhalini 3 il vergidən azad etdi. Öz əsgər və zabitlərinə çox
böyük miqdarda hədiyyələr bağışladı.
1 aprel 1739-da saat 11-30-da Dehlidə Məhəmməd şahın Şelimar sarayında
təntənəli şəkildə Əfşar – Hindistan müqaviləsi qollandı. Bu andlaşmaya görə,
Məhəmməd şahın Hindistan hökmdarı olaraq qalmasının qarşılığında Əfşar
dövlətinə 150 kürur (75 milyon) tümən təzminat ödədi və Hind çayının qolları olan
Attək, Sind və Nalasəng çaylarından qərbdə yerləşən bütün Hindistan torpaqlarını
(Pişavər ətrafı mahallar, Kabil, Qəznə əyalətləri, Əfqanıstan, Kuhistan, Sind çayı
ətrafı - Kəşmir və Tibet və b. ərazilər, Ram qalası, Tərpin, Çən, Semvali, Ketra
şəhərləri, onların ərazisi, qalaları, limanları, şəhərləri, kəndləri) Əfşar dövlətinə
verdi.
19 aprelədək Nadir şahın əlində ən azı 700 milyon rupi (təqribən 35 milyon
tümən) dəyərində xəzinə cəmləndi [vəzirin yardımçısı Anandramın bildirdiyinə
görə, onlardan 6 milyon rupi sikkə şəklindəydi, 500 milyon rupi dəyərində də
“Kuhi-nur” (“İşıq dağı”), “Dəryayi-nur” (“İşıq dənizi”) və “Orlov” almazları, Taus
taxtı da daxil olmaqla cəvahirat vardı]. Bundan başqa, əlyazma şəklində 40-60 min
kitab da (onların bir bölümü şahlıq xəzinəsindən götürülmüşdü) Nadirin xəzinəsinə
verildi. Ümumiyyətlə, onun Hindistandan əldə etdiyi nəqd pul və cəvahirat 525
kürur tüməndi (75 kürur tümən də onun əyan və zabitlərindəydi).
12 may 1739-da Nadir şah Dehlidə böyük bir məclisdə Məhəmməd şahın
başına öz əliylə tac qoydu. Bu, onun göstərdiyi çox böyük alicənablıqdı, çünki
işğal etdiyi bu ölkəyə istədiyi şəxsi hakim təyin edə bilərdi.
52 gün Dehlidə qalan şah 16 may 1739-da bu şəhəri tərk edərək Vətənə
döndü. Əldə etdiyi nəqd pul və cəvahiratı imperator 1.000 fil, 1.000 at və 10 min
dəvəyə yüklənmiş 13 min sandıqda daşıtdı. Bu sərvətdən başqa, o, Hindistandan
100 xacə, 130 alim, 200 dəmirçi, 300 bənna, 100 daşyonan, 200 dülgər də gətirdi
(sənətkarlarla o, Əbivərdin 20 kilometrliyində Dehliyə bənzəyən, sonralar
Xivəabad adlandırılan bir şəhər saldırdı, Xarəzmdən azad edib gətirdiyi 12 min
Xorasan əhlini orada yerləşdirdi).
18
23 oktyabr 1739-da Həsənabadda olan Nadir şah Hindistan fəthindən
xəbərdar etməkçün Rusiya və Osmanlı imperatorlarına elçilər göndərdi.
Nadir şahın çox böyük planı vardı – Hindistandan qayıdandan sonra
Türküstanı da tutmaq, onun xanlıqlarını ləğv edərək Əfşar imperiyasına qatmaq,
Çini ələ keçirərək şimal-şərq sınırlarını genişləndirmək, sonra da Osmanlı
səltənətinə öz son sözünü demək.
12 dekabrda Kabilə çatan Nadir şah Hindistandan gətirilən xəzinəni Herata
göndərdi. Kabildə Sind və Zəmindar hakimi Xudayar xan Abbasini yanına çağırdı,
ancaq o, itaətdən boyun qaçırdı. Bu zaman Nadir şah onu cəzalandırmaqçün
birdən-birə geri dönərək hərəkətə keçdi və uzun izləmələrdən sonra 13 mart 1740-
da onu Bombey əyalətində məğlub edərək zəncirlətdi. Xan özünün 1 kürur
rupiyəlik (5 milyon riyal) xəzinəsini şaha bağışlamalı oldu. Onun torpaqlarını da
ələ keçirmiş Nadir şah 1740-ın Novruz bayramında bu torpaqları üç yerə
böldükdən sonra Larkanədən yola düşərək 5 may 1740-da Nadirabada çatdı.
Beləliklə, imperator Nadir şah Əfşarın Hindistan səfəri 2 il çəkdi
(24.5.1738-5.5.1740).
Xarəzm ağası Elbars xana qulaqburması verməyi bəhanə edərək Türküstanı
almaq istəyən Nadir şah təkrar Herata getdi (5.6.1740). Burada 15 gün çəkən
şənlikdən sonra 150 minlik qoşunla Türküstana hərəkət edərək 31 iyulda Bəlxə
çatdı. Amu-Dəryanın hər iki tərəfində qalalar tikdirdi. Şahı Buxaraya qonaq
çağıran Əbülfeyz xan bir çox özbək başçılarının təkidiylə onunla döyüşə girişməli
oldu. Xanı məğlub edib Buxaraya girən Nadir şah öz adına xütbə oxudub pul
kəsdirdi. Qardaşı oğlu Lütfəli xanı göndərib Səmərqəndi aldı. Beləliklə, Amu-
Dərya sərhəd olmaqla onun güneyi Əfşar dövlətinin torpaqlarına qatıldı.
Nadir şah Əbülfeyz xanı yenidən Buxara ağası edərək öz əliylə onun başına
tac qoydu (6.10.1740). Xan onun ordusuna 20 min əsgər verməyə mükəlləf edildi;
bununla Nadir şah Buxaranın bütün daxili işlərinə nəzarəti öz əlinə almış oldu.
Sonra şah Buxaradan Xarəzmə yola düşdü (7.10.1740). Təşkil etdiyi
donanmanın gəmiləri onun ordusunun ardınca üzürdü. Xivənin yaxınlığındakı
Xanəgah qalasına sığınan Elbars xanı məğlub edərək (15.11.1740) boynunu
vurdurdu, çünki o, şahənşahın elçilərini öldürtmüşdü. Bundan sonra Xivəyə
gedərək oranı döyüşlə alan imperator yarım ay burada qaldı və Çingiz xanın
nəslindən olan Tahir bəyi Xarəzmin başçısı qoydu. 23 dekabrdasa o, Mərvə
yollandı, Şahqulu xanı oraya başçı təyin etdi.
Mərvdən Əbivərdə gələrək (16.1.1741) doğulduğu Dəstgird kəndinə baş
çəkdi. Burada onun anadan olduğu yerdə bəzəkli günbəzdən və üç qızıl minarədən
(onlardan birinin başında Nadir şaha işarə olaraq bir qızıl qılınc qoyulmuşdu)
ibarət Mövludxana tikilmişdi. Dəstgirddən Kəlata gedən şah Hindistandan gətirdiyi
xəzinəni bu qalada yerləşdirdi.
19
Nadir şah oradan Əfşar imperiyasının paytaxtı saydığı, bu dövlətin şərq
torpaqlarının mərkəzi olduğuna görə İsfahandan üstün tutduğu Məşhəd şəhərinə
döndü (yanvarın sonu). Beləliklə, Türküstan səfərini də uğurla başa vuran qüdrətli
türk imperatoru oranı da Əfşar torpağına qatdı və öz planının bir mərhələsini də
gerçəkləşdirdi.
Nadir şahın Kəngər/Fars (Bəsrə) körfəzində donanma yaratmaq
planlarından ingilislər bərk narahat olsalar da Əfşar imperatoru 1740-ın yayında
Buşəhr limanında bir neçə hərbi gəmi qayırmağa ciddi göstəriş verdi. Ancaq bu iş
son dərəcə ağırdı – Kəngər körfəzində gərəkli ağac olmadığına görə ağac və taxta
900 km aralıdakı Mazandaran meşəsində hazırlanıb göndərildi və yalnız 1741-in
yazında Buşəhrə çatdırıldı. Gəmilərin hər birində 50 top qoyulmalıydı. Buna görə
Gembronda (Bəndər-Abbasda) toptökmə zavodu tikildi və 1741-in başlanğıcında
artıq 2 mis top hazır oldu.
Müxtəlif yerlərdən pulla alınmış olsa da 1742-nin yazında Əfşar
imperiyasının artıq 15 hərbi gəmidən ibarət donanması vardı. Təəssüf ki, bu
donanmaya Tağı xan kimi araqarışdıran bir fars hərbçisi başçılıq etdi və bu amil
imperiyaya donanmanın gücündən yetərincə yararlanmağa imkan vermədi.
İmperator Buşehrdə gəmiqayırma işinə nəzarəti Laperteri adlı bir avropalıya
tapşırmışdı. O, 1741-də öldükdən sonra Nadir şah 1742-də bütün işləri
dayandırmağa məcbur oldu. Başa çatdırılmamış yarımçıq gəmilər Buşehrdə bir
neçə il qaldı.
Sonra şah pulla 30-adək müxtəlif ölçülü gəmi aldısa da öz gəmilərimizdən
ibarət donanmanı görə bilmədi, çünki Osmanlılarla savaş və daxili üsyançılarla
mübarizə buna imkan vermədi. Donanmaçılıq sahəsində möhkəm özülü qoyulmuş
bütün işlər onun ölümündən sonra tam unuduldu.
Nadir şah donanma yaradılmasının dövlətin xarici və daxili siyasətində
oynadığı mühüm rolu incəliyinədək təsəvvür etdiyinə görə bu işi imperatorluq
fəaliyyətinin aparıcı istiqamətlərindən sayır, ona o qədər önəm verirdi ki, bu yolda
hətta xalqın müflisləşməsini də məqbul sayırdı. Təsadüfi deyil ki, onun vergiləri
görünməmiş amansızlıqla yığdırması daha çox məhz donanma quruculuğunun
genişləndiyi dövrlərə düşür. Xatırladaq ki, təkcə Azərbaycan ildə 4 kürur (2
milyon) tümən vergi verirdi və bunun nəticəsində Azərbaycanın kənd və qəsəbələri
viran qalmışdı. Özü də, bəllidir ki, Nadir şahın əmrinə görə, vergini ödəməyənin
başı gətirilirdi, yoxsa vergiyığanın özünün başı kəsilməliydi. Bu üzdən də Əfşar
imperiyasının bir çox yerlərində tez-tez irili-xırdalı üsyanlar baş verirdi…
Məşhəddə 2 ay qalan Nadir şah Car və Tala ləzgilərinin öldürdüyü
(26.10.1738) qardaşı, Azərbaycan və Qafqazın hökmdarı və ordu komandanı
İbrahim xan Zahirüddövlənin qisasını almaq qərarına gəldi. Bu məqsədlə 14 mart
1741-də Məşhəddən çıxdı.
20
Nadir şaha 15 may 1741-də Mazandaranın Savadkuh meşəsində 20
metrlikdən ağacın arxasından güllə atdılar. Güllə əlini yaralayıb ata dəydi, at
yıxıldı. O, yerə aşıb özünü ölülüyə vurdu, buna görə ikinci güllə atılmadı.
Cinayətkar tapılmadı. Doğrudur, az sonra bu işi Dilavər xanın oğlunun qulu
törətdiyi söylənilsə də Nadir şah oğlu Rzaqulu Mirzədən şübhələndi. Xatırladaq ki,
Nadir şah onu 1738-də vəliəhd - naibüssəltənə və Əfşar qoşunlarının komandanı
təyin etmiş, Şah Təhmasibi və övladlarını öldürtdüyünə, həm də vəliəhdliyi
dövründə idarəçiliyi yaxşı apara bilmədiyinə, xalqı incitdiyinə görə 1740-da onun
yerinə Nəsrullah Mirzəni vəliəhd etmişdi.
Tehrana gələn şah burada rus diplomatı Kaluşini qəbul etdi. Görüşdən sonra
Kaluşin Peterburqa yazdı ki, Nadir şahla keçmişdə olduğu kimi sərbəst söhbət
etmək mümkün deyil. Bəxtin ona verdiyi qələbədən məst olaraq deyir ki,
Hindistanı tutmaq mənimçün çətin deyildi. Bir ayağımla hərəkət etsəm Hindistanı,
iki ayağımla hərəkət etsəm bütün dünyanı tutaram. Nadir şahın Osmanlıya
münasibəti yaxşı deyil, ancaq onun Rusiyaya da yaxşı münasibət bəslədiyinə
sonadək inanmaq olmaz.
Rzaqulu Mirzəni acıqla Tehranda qoyub Qəzvin, Qaracadağ, Bərdə və
Qəbələ yoluyla Dağıstana yollanan şahənşah iyunda oraya girdi. 15 iyul 1741-də
Qazıqumuq şəhərinə, oradan Xəzər sahilinə (sentyabrın ortaları) gəldi. Qaracadağ
tayfası Nadir şaha sataşdığına görə o, and içdi ki, bütün düşmənlərini tabe
etməyincə Dağıstandan getməyəcək. 16 oktyabr 1741-də o, Dərbəndə girdi.
Qaracadağ tayfasına hücum etməkçün Dərbəndin 16 kilometrliyinə gəldi.
Nadir şah Tarxu (Dargi) şamxalını, Qaraqaytaq usmisini və Qazıqumuqda
Surxay xanı özünə tabe etdirsə də rusların fitnəsiylə onun qarşısına yeni-yeni
düşmən qüvvələr çıxırdı, çünki ruslar bu vaxt onun Quzey Qafqaza hücum
edəcəyindən bərk narahatdılar; onların münasibətləri də gərginləşmişdi. Ruslar
ondan ehtiyat edərək 1742-nin mayında Qızlarda 42 minlik qoşun toplamışdılar.
Nadir şah Osmanlı dövlətiylə münasibətləri nizamlamaq istəyirdi. Bu
məqsədlə səfir Hacı xanı İstanbula göndərmişdi (mart-iyul 1741). Sultan onunla
görüşəndən sonra məzhəb məsələsini müzakirə etməkçün heyət yaratsa da dövlətin
bu məsələdə fikri dəyişmədi, ancaq Nadir şaha qeyri-müəyyən cavab verdilər.
Osmanlı tərəfi də öz növbəsində Nadir şahın yanına nümayəndələr göndərdi və
onlar 1742-nin yanvarında Dərbənd yaxınlığında şahla görüşdülər. 17 aprel 1742-
də İstanbula dönən Münif Mustafa əfəndiylə sultana, sədrəzəmə və elmiyyə
ricalına məktublar göndərən Nadir şah bildirdi ki, yalnız Osmanlı dövlətinin şiəliyi
beşinci məzhəb kimi qəbul edəcəyi halda bu iki müsəlman dövləti arasında sülh ola
bilər, yoxsa özüm Osmanlı ölkəsinə gedib bu ixtilafa son qoyacağam.
Nadir şah məzhəb məsələsini ruhanilərin əliylə həll etməyə çalışırdı. O,
Molla Əliəkbər Mollabaşının başçılığı altında nüfuzlu bir heyət yaratdı, onlar
1736-cı il qərarına əsasən cəfəri məzhəbinin Məkkədə beşinci rükn kimi qəbul
olunmasına qərar verdilər. 1743-ün başlanğıcında Dağıstanda Nadir şahın yanına
21
gələn yeni Osmanlı elçisinin sultandan (xəlifədən) gətirdiyi məktubda şiəliyin
rəsmi məzhəb kimi tanınmadığı və Məkkədə beşinci rükn kimi qəbul edilmədiyi
bildirildi. Cavabında qəzəbli şah dedi: “Nadirin dünyanı fəth edən qoşunu tezliklə
Osmanlı torpağına hücum edəcəkdir”.
Dağıstanın dözülməz şəraitində qoşununun durumu xeyli ağırlaşmış Nadir
şah 1742-də Qaracadağ tayfasını təslim etsə də Dağıstanın açarı olan, rusların
altdan-altdan dəstək verdiyi Avarı ala bilmədi. Oradan İranxarab düşərgəsinə
çəkildi və 1742 dekabrının başlanğıcında ötəri bir məhkəmədən sonra oğlu
Rzaqulunun gözlərini burada çıxartdırdı.
Qaynaqlarda Nadir şahın Rzaqulu Mirzəni kor etməsinin səbəbkarı kimi
xain Əliqulu Mirzənin (sonrakı: Adil şah) adı çəkilir. O, sui-qəsd gecəsi Nadir
şahın çadırına bu məzmunda bir imzasız məktub göndərib (bu faktı Nadirin
ölümündən sonra öz diliylə deyib): “Səni kimin öldürmək istədiyini bilmək
istəyirsənsə fikirləş görək sənin ölümündən kim daha çox faydalanacaq və ölkənin
padşahı olacaq”.
Sonralar oğlunun təqsirsizliyinə inanan şah hədsiz kədərləndi, hətta onun
Rzaqulunu cəzalandırmasına mane olmaqçün heç bir təşəbbüsdə bulunmayan saray
adamlarından bir neçəsini öldürtdü də. Rzaqulunun faciəsi Nadir şahı özülündən
sarsıdaraq onun həyatında geriyə doğru ciddi dönüş oldu. Çox inandığı şəxsi
həkimi Ələvi xanın uzun müddət yanında olmaması (həccə getmişdi), onu bir
fransız həkimin əvəzləməsi də öz təsirini göstərdi.
Elə bu çağlardan da onun imperiyasını yavaş-yavaş üsyanlar bürüməyə
başladı (həmin vaxt Xarəzmdə və Bəlxdə).
Donanma yaratmağın vacibliyinə Nadir şah Dağıstanda olarkən bir daha
əmin oldu – o gördü ki, buradakı qoşununun təchizatını ödəməkçün Xəzərdən
gələn gəmilərə həyati ehtiyac var. Buna görə də Kəngər/Fars körfəzində olduğu
kimi Xəzərdə də mütləq donanma yaratmağı qərara aldı. Ruslardan 10 gəmi borc
istədisə də onlar imperatorun niyyətini başa düşərək nəinki gəmiləri vermədilər,
hətta Xəzərdə türk donanmasının yaranmasına imkan verməməkçün əllərindəki
bütün vasitələrdən yararlandılar. Xatırladaq ki, 1723 müqaviləsinə görə, ruslar
Xəzərdə gəmiqayırma hüququnu qoruyub saxlayırdılar.
Xəzərin sol sahilində donanma yaratmaqda Nadir şahın ilkin məqsədi
burada çapovulçu türkmənlərə qarşı möhkəm bir baza yaratmaq, həm də
Dağıstanla döyüşdə qoşunun təchizatını təmin etməkdi. Bu istəklə o, ingilis Con
Eltonu “Camal bəy” adlandıraraq gəmiqayırma üzrə baş rəis təyin etdi.
Şimali Gilanın Ləngərud və Bəndəri-Lahican şəhərlərində qərargahını
yerləşdirən Elton işə ciddi girişdi. Nadir şahın donanma planlarından ciddi təşvişə
düşən Rusiya hər vasitəylə mane olur, ancaq Nadir şahın inadcıllığı bu ingilisi işə
həvəsləndirirdi. Elton hətta şahənşahın ölümündən sonra da işindən əl çəkmədi və
1751-də üsyan zamanı öldürüldü, bununla da Nadir şahın Xəzərdə donanma
yaratmaq arzusu tam gerçəkləşmədi.
22
1742-də Nadir şah Terek çayını keçib Rusiyaya hücum etmək istəsə də
Osmanlı dövlətinin Əfşar imperiyası sərhədinə qoşun toplaması buna mane oldu.
Dağıstanda çox itki vermiş Nadir şah 5 fevral 1743-də Osmanlı ordusuna qarşı
üçüncü yürüşə başlayaraq Dağıstandan birbaşa Osmanlı torpağına 375 minlik
ordusuyla hücum etdi.
6 avqust 1743-də o, Kərkükə gəldi. Orada Osmanlı sultanından belə məktub
aldı ki, Osmanlı şeyxülislamı sünni məzhəbi əleyhinə olan şiələrin öldürülməsinə
və ya əsir edilməsinə şəriətə uyğun hökm verib. Bundan bərk qəzəblənən Nadir şah
da sultanı xəlifə kimi tanımaqdan boyun qaçırdı və Ərbili tutdu (8.1743), oradan
Mosula qoşun çəkdi və 21 sentyabr 1743-dən oranı mühasirəyə aldı, 27 sentyabrda
fasiləsiz top atəşləriylə hücuma keçsə də şəhəri tuta bilmədi. Bu zaman Nadir şaha
sultandan məktub gəldi ki, ordunuz Osmanlı torpağından çıxmayınca sülh
müzakirəsi aparılmayacaq.
Şirvanda “Sam Mirzə”, Ərzurumda “Səfi Mirzə” adlı yalançı şahzadələr
Osmanlı dövlətinin gizli yardımıyla qiyam qaldırdılar, Türküstanda qarışıqlıq baş
verdi, orduda da xəstəlik yayıldı, buna görə sultanla razılaşmalı olan şahənşah 20
oktyabr 1743-də qoşununun irəliləyişini saxladı, Mosuldan Kərkük və Qaratəpəyə
çəkildi, ancaq Bəsrənin mühasirəsini saxladı.
Qərargahını Qaratəpədə qoyub Bağdada gedən imperatoru bu şəhərdə çox
hörmət bəslədiyi Əhməd paşa (o da Nadir şahın şəxsiyyətini yüksək
dəyərləndirirdi) və Osmanlı səfiri Məhəmməd ağa dostcasına qarşıladılar.
İmperator öz arvadlarıyla birgə İraqda Kazimeynə gedib imamların qəbirlərini,
Kərbəlaya gedib (19.11.1743) şəhidlərin qəbirlərini ziyarət etdikdən sonra Hillə
yoluyla Nəcəfə yollandı.
Nəcəfdə Nadir şah islam birliyinə nail olmaqçün 12 dekabr 1743-də
Azərbaycanın, Türküstanın (Buxara, Bəlx), Xorasanın, Beynənnəhreynin və b.
yerlərin böyük din alimlərindən ibarət heyət yaradaraq böyük bir məzhəbi məclis
qurdu və üləmalara tapşırdı ki, sünni və şiə təriqətləri arasındakı ixtilafları həll
etsinlər. Həmin alimlər xüləfayi-raşdinin (Əbubəkr, Ömər, Osman, Əli) xilafətini
qəbul etmək, imam Cəfər Sadiqin əqidəsinə inanmaq və hörmət etmək haqqında bir
sənəd yazaraq möhürlədilər. [Sünni kəlamçı Abdulla ibn Hüseyn əs-Suvaydi
buradakı mücadilə haqqında çox dəyərli bir əsər yazıb (Qahirə, 1324/1906)].
Nadir şah və Əhməd paşa 1744-ün başlanğıcında sülh müqaviləsini
müzakirə etməyə başladılar, saziş bağladılar. Bu sənədə əsasən, Nadir şah Kərkük,
Ərbil, Qərnə və b. qalalardan çəkildi, Bəsrənin mühasirəsini dayandırdı.
(İmperatorun bu yumşaq mövqeyi, görünür, Əfşar dövlətinin şimal və şərqində baş
vermiş qiyamlarla bağlıydı). Xəlifə də olan Osmanlı sultanı I Mahmud şiəliyi
Osmanlı dövlətinin siyasətinə zidd sayaraq 1744-ün martında bu müqaviləni rədd
etdi.
23
1742-də Kəngər/Fars körfəzi yaxınlığındakı ərəb torpaqları Məsqət və
Oman da Əfşar hakimiyyəti altına keçdi, Nadir şah Seyf ibn Sultanı oranın başçısı
qoydu. Fars əyaləti və Fars körfəzində böyük nüfuzundan yararlanan Tağı xan
1744-də şaha qarşı üsyan qaldırdı, Şiraza gedib özünü oranın hakimi elan etdi. 1
iyul 1744-də Nadirin ordusu şəhəri tutdu və qiyamçıları qırdı, Tağı xanı əsir etdi.
1743-ün başlanğıcında Şirvanda özlərini Səfəvi şahzadəsi adlandıran,
əslində Osmanlıların hazırladığı yalançı I, II və III “Sam Mirzə”lər Əfşar ağalığına
qarşı üsyan qaldırdılar. Surxay xanın yardımıyla Yeni Şamaxını (Ağsunu) tutmuş I
Sam Mirzənin üsyanından Mosuldaykən 11 oktyabr 1743-də xəbər tutan Nadir şah
onun üstünə oğlu Nəsrullah Mirzəni göndərdi, o da yalançı şahzadəni ələ keçirərək
öldürdü və Heydər xanı Şamaxı hakimi qoydu.
Həmin ayda yalançı II Sam Mirzənin başçılığı altında yeni üsyan qalxdı və
asilər Ağsudan Dərbəndədək ərazini tutdular, imperiya məmurlarını qovdular. Bu
işdə Surxay xanın oğlu Məhəmməd xan çox fəaldı. Nəsrullah Mirzənin qoşunları
Ağsuya girdikdə yalançı şahzadə Gürcüstana qaçdı və Kaxetiya çarı Teymuraz onu
tutub Nəsrullah Mirzəyə göndərdi. Nəsrullah Mirzə “şahzadə”nin gözünü çıxarıb
Osmanlı hərbi əsirləriylə Karsa göndərdi (29.1.1744). Bu qulluğunun mükafatı
olaraq Nadir şah qabaqlar Gəncə bəylərbəyinin idarə etdiyi Borçalı və Qazax
mahallarını Teymuraza hədiyyə etdi.
1743-ün sonunda Osmanlılar Səfi Mirzə adlı başqa bir yalançı “şahzadə”ni
(əslində: Məhəmmədəli Rəfsəncani Kirmanini) “Şah Hüseynin oğlu” adlandıraraq
hakimiyyətini tanıdılar və Nadirə qarşı çarpışmaqçün Ərzuruma göndərdilər
(9.1743). Bunu eşidən Nadir şah 25 iyul 1744-də Arpa çayını keçərək 29 iyulda
Kars qalasının cənubunda yerləşdi və bununla da Osmanlılarla dördüncü
müharibəyə başladı. 23-24 avqust və 13 sentyabrda şah Kars qalasına iki dəfə
şiddətli hücum etsə də onu ala bilmədi. Nəhayət, 9 oktyabr 1744-də mühasirədən əl
çəkib Karsın şərqinə çəkildi.
Karsdan Bərdəyə gələn Nadir şah 27 dekabr 1744-də Dağıstana qəfil hücum
çəkdi və oranı özünə təslim edərək 7 yanvar 1745-də Bərdəyə qayıtdı. Oradan
Şəkiyə getdi, 12 iyul 1745-də İrəvana, Göyçə yaylağına çatdı. 7 avqustda
İrəvandan Muradtəpəyə hərəkət etdi.
O, Kars və İrəvanda müharibə apararkən rus elçisi gələrək quzey
torpaqlarının Əfşarlara qaytarılması haqqında qərarı Nadir şaha təhvil verdi.
10 avqust 1745-də Nadir şahla Osmanlı qoşunları arasında Bağavars
boğazında dəhşətli müharibə başlandı və 12 avqustda o, 10 il qabaq Osmanlıları
ağır məğlubiyyətə uğratdığı elə bu yerdə yenidən qələbə çaldı. Bu dəfə Osmanlılar
3 paşa və xeyli zabit, 28 min əsgər, bütün toplarını itirərək məğlubiyyətin acısını
daddılar. Beləliklə, Nadir şah o çağda məğlubedilməz sayılan Osmanlı ordusunu
ikinci dəfə məğlub etdi. Mosulda da Nadirin oğlu Nəsrullah Mirzə qələbə çaldı –
Osmanlı qoşunu 28 min nəfər tələfat verdi və sərkərdə Yegən Məhəmməd paşa
şəhid oldu.
24
Qələbəsinə baxmayaraq, sülh təklif edən Nadir şah Sultan Mahmuda
məktub yazaraq bildirdi ki, iki müsəlman milləti arasında qan tökülməsinə səbəb
məzhəb ixtilafıdır. Onun təklifiylə bu ixtilaf aradan götürülür və bundan sonra iki
qonşu millət arasında daimi dostluq olacaq.
Osmanlıları barışa çağıran Nadir şah 12 yanvar 1746-da Fətəli xanı
İstanbula göndərərək cəfəriliyin qəbulu və şiələrə Kəbədə bir rükn ayrılması
məsələsindən əl götürdüyünü, ancaq rükn olmadığına görə şiələrin dörd məzhəb
adamlarından istədiklərinə qoşularaq həccin tələblərini yerinə yetirmələrinə icazə
verilməsini tələb etdi. Nadir şah bununla yanaşı, İraqın (Van, Bağdad, Nəcəf,
Kərbəla, Bəsrə və b.) Əfşar imperiyasına verilməsini istədi.
Osmanlı dövləti də Nəzif Mustafa əfəndiyə bir çox məktublar verərək
danışıqlar aparmaqçün Fətəli xanla birgə Nadir şahın yanına göndərdi (mart 1746).
Bu zaman şah Həmədandan Azərbaycana gəldi və oradan İsfahana getdi. 2 fevral
1746-da Məşhədə çatan şah 16 mart 1746-da oradan da Nəzif paşayla
görüşməkçün İraqi-Əcəmə getdi. Qəzvinlə Tehran arasında – Sovucbulaqdakı
Kürdan (Kerden) adlı yerdə qurduğu hərbi düşərgəsində Nadir şah Osmanlı
nümayəndə heyətini qəbul etdi. Nəzif Mustafa əfəndi məzhəb məsələsində öz
dövlətinin mənfi mövqeyini bir daha təsdiqlədi, ancaq sərhədlər məsələsinin 1639-
uncu il Qəsri-Şirin (Zəhab) müqaviləsi çərçivəsində çözülməsinin gərəkdiyini
bildirdi. Sərhəd məsələsində də çox israr etməyən Nadir şah Həsənəli xana Nəzif
əfəndiylə danışıqlar aparmaq səlahiyyəti verdi.
Beləliklə, iki müsəlman dövləti arasında barışa çalışan Nadir şahın əməli
mövqe tutması nəticəsində Osmanlılarla Əfşarlar arasındakı bütün başlıca
mübahisələr öz həllini tapdı. 4 sentyabr 1746-da Qəzvində iki tərəf arasında
Rusiyanın iştirakı olmadan sülh müqaviləsi bağlandı və 6 oktyabr 1746-da
Bağdadda vali Əhməd paşanın onu imzalamasından sonra qüvvəyə mindi. Bununla
da iki dövlət arasında uzun illər sürən qanlı çəkişmələrə kəsinliklə son qoyuldu.
İstanbula qayıdan Nəzif paşa imperatorun məktubunu sultana təqdim etdi.
Məktubda Nadir şah Şah İsmayılın şiəliyi təbliğ etməsini tənqid edir, Şah İsmayılın
Osmanlı dövlətinə verdiyi torpaqlardan əl çəkdiyini bildirirdi.
Nadir şah müqavilənin təsdiqlənmiş mətnlərini 22 yanvar 1747-də
böyükelçisi Mustafa xana verərək onu öz tarixçisi Mirzə Mehdi xanla birgə
İstanbula yolladı; onlar Osmanlı sarayına Oman mirvarisiylə bəzədilmiş qızıl taxt
və başqa qiymətli hədiyyələr apardılar.
İstədiyi müqavilənin bağlanmasından sevinən Sultan Murad da Kəsriyyəli
Əhməd paşanı böyükelçi təyin edərək Rəcəb paşa və qazi Numan əfəndiylə birgə
misilsiz hədiyyələrlə İsfahana göndərdi.
25
Təəssüf ki, səfirlərin heç biri vəzifəsini yerinə yetirə bilmədi – onlar üz
tutduqları şəhərlərə çatana qədər türk dünyasının düşmənləri böyük imperatorumuz
Nadir şah Əfşarı məhv etdilər!..
İki müsəlman dövləti arasında Rusiyanın rəyi nəzərə alınmadan sülh
müqaviləsinin bağlanmasıyla Nadir şahın hakimiyyətdə ən ağır, ən dözülməz dövrü
başlandı. Mərkəzdənqaçma meylləri gücləndi. Məsələn, 1743-də Hacı Çələbi
Qurban oğlu Şəkini müstəqil xanlıq etsə də Nadir şah 1744-46-cı illərdə onunla
“Gələsən-görəsən” qalası ətrafında bir neçə dəfə vuruşduqdan sonra onu vəkil
vəzifəsində saxlayaraq özünə tabe etmişdi, ancaq Çələbi 1747-nin başlanğıcında
özünü yenidən Şəki xanı elan etdi. 21 mart 1747-də III Sam Mirzə Təbrizdə Əfşar
hakimiyyətinə qarşı üsyan qaldırdı, hakimiyyət nümayəndələrini qıraraq özünü
hakim elan etdi. Başqa üsyanlar da ölkəni bürüdü.
Rusların örtülü müqaviməti nəticəsində Dağıstandakı uğursuzluğu, böyük
oğlu Rzaqulu Mirzənin gözlərini çıxartdırması, Fars bəylərbəyi Tağı xanın,
şirvanlıların, kirmanlıların, sistanlıların və b. qiyamları, Şirvan hakimi Heydər xan
Əfşar, ordu komandanı olan qaynı Kosa Əhməd Kəlbəli xan kimi dəyərli adamların
öldürülməsi Nadir şahın əsəblərini xeyli korladı – o, az qala hamıdan
şübhələnməyə, qəzəbini yatırtmaqçün yersiz cəzalar verdirməyə başladı.
22 yanvar 1747-də İsfahandan Yəzdə və Kirmana hərəkət edən şahənşah
qiyamçılarla hədsiz sərtliklə davrandı. Məşhədə gələrək Herat, Ton, Təbəs və
Qayen hakimlərini cəzalandırdı, 1 kürur (yarım milyon) vergi yığmağı əmr etdi.
Novruzu Məşhəddə keçirən imperator Kəlata gedib xəzinə binasının tikilişinə
baxdı. Bu xəzinədə 200 kürur nəqd pul və cəvahirlər, başqa dəyərli əşyalar vardı.
Doğulduğu Dəstgird kəndinə də baş çəkən Nadir şah Tehrana qayıtdı və
Osmanlı səfiriylə görüşüb Məşhədə gəldi. Qardaşı oğlu, Sistanın hakimi Əliqulu
Mirzənin Sistanda üsyançılara başçılıq etməsini eşidəndə əhvalı hədsiz pisləşdi.
Xorasandakı Xəbuşan kürdləri də Əliqulu xana qoşuldular. Şah 16 minlik qoşunla
kürdləri cəzalandırmağa getdi, onlar Xəbuşan qalasına sığındılar.
İmperator Xəbuşanın 12 kilometrliyindəki Fəthabadda dayandı. O,
həyatının ciddi təhlükədə olduğunu, ona sui-qəsd hazırlandığını hiss etdiyinə görə
Kəlata getmək istədi, ancaq yanındakılar onu sonadək qorumağa söz verdilər.
Yaxın qohumları – şəxsi mühafizə dəstəsinin başçısı Məhəmmədqulu xan Əfşar və
sarayda işlər idarəsinin rəisi Saleh xan Qırıxlı Əfşar, eləcə də Məhəmməd bəy
Qacar İrəvanlı, Musa bəy Əfşar, Qoçu bəy Əfşar Urumi onun əleyhinə işləyirdilər.
Bəzi qaynaqların bildirdiyinə görə, gizlicə bu adamlarla əlaqə yaradan Əliqulu
Mirzə əmisinə qarşı sui-qəsd hazırladı və elə onun təhrikiylə də bu cinayətkarlar 20
iyun 1747-də Nadir şahı qətlə yetirdilər.
İlk baxışda Nadir şahın öldürülməsi tam təsadüfi görünə bilər və təəssüf ki,
tarixi qaynaqlar bu faktı indiyədək yalnız bu cür də təqdim edib. Ancaq, bizcə, istər
Nadir şahın, istərsə də Ağaməhəmməd şah Qacarın qətlə yetirilməsini qətiyyən
təsadüf saymaq olmaz. Niyə? Birincisi, hər iki sui-qəsd az qala eyni ssenari üzrə
26
yerinə yetirilib (bu isə onları eyni mərkəzin hazırlayıb idarə etdiyini göstərir).
İkincisi, Nadir şah hələ sui-qəsddən qabaq həyatından dolayı bərk narahatlıq
keçirir və Kəlata getməklə bəlanı başından sovmaq istəyirdi; o, heç vaxt öz
qulluqçularından bu dərəcədə çəkinməzdi; deməli, şah onu aradan götürməyə gücü
çata biləcək hansısa NAMƏLUM QÜVVƏNİN planları haqqında danılmaz bilgilər
əldə edibmiş. Üçüncüsü, Şərq dünyasının XVIII yüzildə öz qılınclarıyla iki
möhtəşəm imperiya qurmağı bacarmış iki ən azman, ən ağıllı və ən qətiyyətli
imperatorunun terror üçün seçilməsi də heç cür təsadüfə oxşamır. Dördüncüsü, bu
iki qəsdin tarixi baxımdan qısa vaxtda – 50 ilin içində (1747-1797) baş verməsi də
düşündürücüdür.
Bəs Nadir şahın (Ağaməhəmməd şahın da) qatillərinin arxasında kim
dayanıb, sifarişçi kim olub? Bu sorğuya ən doğru cavab yalnız bu sualların
qarşılığında alına bilər: onlar ən çox kimə mane olurdular, onları öldürtmək ən çox
kimə faydalıydı? Əlimizdə bu gün heç bir tarixi sənəd-sübut olmasa da, bizcə,
hamıdan çox Rusiya və Avropa dövlətlərindən (ilk növbədə İngiltərə və Fransadan)
şübhələnməyə haqqımız var. Axı Rusiya Dəli Petronun vəsiyyətini yerinə yetirərək
isti dənizlərə çıxmaq istəyir, ancaq qarşısında nəhəng Nadir şahı və
Ağaməhəmməd şahı görürdü – onun işğal etdiyi Qafqaz torpaqlarını yalnız bu iki
şah geri qaytarmışdı. İngiltərəninsə yerini Nadir şah həm Hindistanda, həm də
Kəngər/Fars körfəzində dar etmişdi. Bundan başqa, hər iki imperator Şərqin strateji
baxımdan bu ən mühüm məkanında Rusiya, İngiltərə və Fransanın əl-qol açmasına
imkan verməməklə yanaşı, bütövlükdə onların Şərqdə həyata keçirməyə
başladıqları işğalçılıq, müstəmləkəçilik siyasətinin gerçəkləşdirilməsində ən ciddi
maneəyə çevrilmişdi. Təsadüfi deyil ki, onların ikisi də artıq hakimiyyətlərinin
zirvə nöqtəsinə çatanda, bölgə dövlətlərinə öz hökmlərini qəbul etdirməyə
başladıqları vaxt aradan götürüldülər və hər dəfə də onları çox zəif şahlar əvəzlədi.
Bunu da əhəmiyyətsiz saymaq olmaz ki, həm Nadir şah, həm də Ağaməhəmməd
şah öldürüldükləri gündən indiyədək məhz Rusiya və Avropa qaynaqlarında az
qala insan qanı içən yırtıcı kimi qələmə verilməkdədir…
5 iyul 1747-də xəyanətkar Əliqulu Mirzə Heratdan gələrək özünü hökmdar
elan etdi, Nadir şahın oğulları Nəsrullah Mirzə və İmamqulu Mirzəni, başqa
övladlarını, eləcə də Nadir nəslinə mənsub bütün adamları (Şahrux Mirzədən
başqa) şərəfsizcəsinə qılıncdan keçirdi, Nadir şahın topladığı xəzinəni qısa zaman
içində dağıtdı…
4.3.2002
Dostları ilə paylaş: |