Elman Cəfərli Təbriz Ağayev



Yüklə 1,47 Mb.
səhifə1/11
tarix31.01.2017
ölçüsü1,47 Mb.
#7196
  1   2   3   4   5   6   7   8   9   10   11
Elman Cəfərli

Təbriz Ağayev

NƏSİLLƏRƏ ÖRNƏK HƏYAT YOLU
Bu kitab Azərbaycan dövlətinin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının əziz xatirəsinə ithaf edilir.

Korrektor: Zülfiyyə Salayeva

Düşüncəli və qayğıkeş oxucu!

Bu memuar xarakterli əsərdə Milli Azadlıq Hərəkatında bu və ya digər dərəcədə hər hansı bir xidməti olmuş şəxslərin adları və fəaliyyətləri, müəyyən dərəcədə də olsa, öz əksini tapıb. Çalışmışam ki, həmin şəxslərə o dövrün dəyərləri prizmasından yanaşım, etdikləri xidmətləri gözlər önünə sərim. Şübhəsiz ki, onlar buna və ümumiyyətlə hörmətlə yad edilməyə layiqdirlər. Vətənin azadlığı və müstəqilliyi naminə özlərinin və ailələrinin həyatlarını təhlükə altında qoymaqdan belə çəkinməyən, sürgün, həbs və məhrumiyyətlərlə dolu bir həyat yaşayan bu fədakar insanların – məsləkdaş və dostlarımın bir qismi, təəssüf ki, artıq dünyalarını dəyişmişlər. Ancaq onların qurduqları müstəqil Azərbaycan dövləti və ucaltdıqları üçrəngli bayrağımız yaşayr və əbədiyyən də yaşayacaqdır.

İnqilabın öz balalarını yediyi barədə deyim xalq arasında zərbi-məsələ çevrilsə də, etiraf etmək lazımdır ki, bu hal heç də xoşagələn və arzulanan hal deyil. Çünki yaradanları, yaşadanları dəyərləndirmək haqq və ədalətdəndir.

Memuarda adları çəkilənlərin bir qismi hadisələrin sonrakı mərhələlərində inqilabçıya, gerçək patriota yaraşmayan mövqe göstərsələr də, biz bu məsələyə toxunmamağa və bu şəxslərin sadəcə xidmətlərindən söhbət açmağa üstünlük verdik.

Dost və məsləkdaşlarımla yanaşı məni özlərinə mürşid sayan çoxsaylı müridlərim olmasaydı, burada haqqında danışılan işlərin heç yarısı da ərsəyə gəlməzdi. Təpədən dırnağa qədər türkçü olan, mayası Vətən və Millət sevgisi ilə yoğrulmuş olan, haqq və ədalət üçün mübarizə əzmkarlığını bü gündə itirməyən əzabkeş, mətin dostlarım, eləcə də Maştağadan iki minə yaxın, Buzovnada üç minə qədər, Nardaran, Keşlə, Mərdəkan, Şüvəlan, Zirə, Türkan, Binə, Suraxanı, Lerik, Astara, Masallı, Cəbrayıl, Dəvəçi, Xızı, Quba və Siyəzəndə bir neçə min şagirdim olmasaydı, adi bir təşkilatla müstəqil Azərbaycanın quruculuğunda effektiv iştirak qeyri-mümkün olardı.

Kitabda adları çəkilən və çəkilməyən müridlərimin əvəzsiz xidmətlərini hər kəs bilməlidir. Onlar bunu öz sədaqətləri, mətinlikləri, cəsarətləri ilə qazanmışlar və adlarının hörmətlə yad edilməsini haqq etmişlər.Bu kitabın ərsəyə gəlməsində adlarının çəkilməsini istəməyən dostlarıma əbədi minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Nəsir Ağayev


Tərtibçidən
Bu kitabın tərtibi və hazırlanması mənim üçün çətin olsa da, övladlıq və vətəndaşlıq baxımından şərəf işidir. Bəlkə də oxucuların müəyyən qismi atam Nəsir Ağayev haqqında olan bu kitabın tərtibatına və hazırlanmasına rəhbərlik etdiyim üçün məni təvazökarlıqdan kənar hesab edəcəklər. Lakin o dövrdə baş verən hadisələrin mahiyyətinə vardıqca şübhəsiz nə dərəcədə hazır olduğuma əmin olacaqlar. Mən düşünməyə başlayandan atamı narahat, gərgin, evimizdə isə səhərdən ta gecə vaxtına qədər insan axınının ardı-arasının kəsilmədiyinin şahidi olmuşam. Atamın ailəsindən daha çox milli dövləti, xalqı, müstəqilliyi ciddi düşündürürdü. Bax buna görə də mən ailəsi üçün bütün həyatı, tətləbatlarını artıqlaması ilə yerinə yetirən şəxsdən deyil, əksinə milli dövlət və müstəqillik naminə şəxsi rahatlığının, sağlamlığının qeydinə qalmayan fədakar bir insandan bəhs edən bu kitabın nəşrinə bütün varlığımla qoşuldum. Çünki mən də ali təhsilli jurnalist kimi bilirəm ki, Sovet imperiyasının qanun və xalq adından törətdiyi cinayətlər, cəzalar dövründə bu rejimə qarşı çıxmaq ağlasığmaz və təsəvvürəgəlməz idi. Çünki çox adam bilir ki, Nəsir Ağayev 1978-ci ildən 1982-ci ilə qədər DTK tərəfindən istintaqa cəlb edilmişdi. O Milli Azadlıq Hərakatından, milli dövlətdən danışmağa mənəvi haqqı olan liderlərdəndir. Bakı kəndlərində milli hərəkatı, mitinq dalğalarını onsuz təsəvvürə gətrimək qeyri-mümkün idi. Eləcə də, 1989-1992-ci illərdə Moskvanın bütün dövrlərdə işlətdiyi bu və ya digər formada olan hiylə, fitnə planı Bakıda vətəndaş qarşıdurması , vətəndaş müharibəsi ilə nəticələnməli idi. Məhz bu planın o dövrdə pozulmasında atamn danılmaz xidmətləri, əvəzsiz fəaliyyəti olmuşdur. Beləliklə, milli dövlətin bərpasında, milli bayrağın rəsmən tanınmasında Azərbaycanın Sovet imperiyasından ayrılaraq müstəqil olmasında göstərdiyi fəaliyyət, bu yolda əzab-işgəncə, məhrumiyyətlərə fövqəladə iradə göstərən, dözən atam olmasaydı belə bir insan haqqında olan kitabın hasilə gəlməsi həyatımda şərəf işi olardı. Buna görə də kitabın hazırlanıb ərsəyə gəlməsində üzləşdiyim çətinlikləri bi övlad olaraq atamın mübarizə yoluna halal edirəm.
ÖN SÖZ
İlk insan və peyğəmbər olan Adəm əleyhissəlamdan dövrümüzədək nə qədər vaxt keçdiyini kimsə bilmir. Bilinən budur ki, heç bir insan, o cümlədən heç bir alim, heç bir peyğəmbər əbədi yaşamır və Allah tərəfindən təyin edilmiş ömür sürəsini tamamladıqdan sonra mütləq bu dünyanı tərk edir, axirət dünyasına köçür. Bu, Rəbbimizin qoyduğu dəyişilməz qanunlardan biridir. Beləcə, babaların yerini atalar, ataların yerini oğullar, oğulların yerini nəvələr, nəvələrin yerini nəticələr, nəticələrin yerini isə kötükcələr turur. Bir sözlə, nəsillər bir-birini əvəz edir.

Həzrət Adəmdən (ə) günümüzədək keçən illərin sayını Allahdan başqa kimsə bilmədiyi kimi, o vaxtdan bu günə qədər neçə nəsil dəyişdiyi də Allahdan başqa kimsəyə məlum deyil. Məlum olan budur ki, hər bir nəsil babalarından və atalarından öyrəndiyi, əxz etdiyi biliklərə özünün həyatı boyu qazandığı yeni bilik və bacarıqları əlavə edərək, sonrakı nəsillərə ötürür. Sonrakı nəsillər də eyni qayda üzrə hərəkət edir, miras aldığı bilikləri zənginləşdirərək özündən sonrakılara miras qoyur. Beləcə, insanların bilikləri, elmi artır.

Danılmaz bir həqiqətdir ki, dünyaya gələn hər yeni nəsil özündən əvvəlkilərdən daha çox bilir. Məsələn, XlV əsrdə yaşamış böyük alim və mütəfəkkir Nəsirəddin Tusi öz dövrünün ən bilikli adamı olub. Amma bu gün orta məktəbdə əla qiymətlərlə oxuyan istənilən məktəbli ondan daha çox bilir. Çünki məktəbdə ona həm Nəsrəddin Tusinin yazıb qoyduqlarını, həm də ondan sonrakı alimlərin yazdıqlarını tədris edirlər. Elə bu səbəbdən də bu günün məktəblisi təkcə ondan deyil, hətta İbn Sina, İsaak Nyuton, Albert Eynşteyn və əski dövrün digər alimlrindən daha biliklidir.

Əlbəttə, dünyaya yeni gələn insanlar bu səviyyəyə birdən birə çatmırlar. Bu səviyyəyə çata bilmək üçün onlar öncə valideynlərinin köməyi ilə gəzmək, danışmaq və s. bu kimi ən sadə bilik və bacarıqlara yiyələnirlər. Sonra məktəbə gedir, əlifba ilə tanış olur, yazıb-oxumaq vərdişləri qazanırlar. Və günlərin birində özlərinin atalarından daha çox bildiklərini və daha bacarqlı olduqlarını düşünməyə başlayırlar. Bir vaxt hər məsələdə möhtac olduqları valideynlərinin artıq qocalaraq, onların özlərinə möhtac vəziyyətə gəldiklərini görmələri isə düşüncələrinə hakim olmağa başlayan bu fikri daha da möhkəmləndirir. Elə bu səbəbdən də elm aləmində “atalar və oğullar” adlandırılan problem ortaya çıxır. Bu problem həmişə olub, bu gün də var və gələcəkdə də olacaq. Bir çoxları haqlı olaraq bunu əbədi problem adlandırır və nəsillərarası ziddiyyətləri, yeni nəsillərin əski nəsilləri inkar etməsini normal hal sayırlar.

Eyni problem bu gün Azərbaycanda daha kəskin hiss edilməkdədir. Bunun da bir neçə səbəbi var. Əsas səbəblərdən biri gənc nəslin yaşlı nəsildən fərqli olaraq yeni texnologiyaları, xüsusən də kompüter texnologiyasını daha asan mənimsəməsi və nəticədə özünü bu sahədə gözəgəlimli uğur qazanmaqda çətinlik çəkən, hətta cib telefonlarından, bankomatlarından belə çətinliklə baş çıxaran yaşlı nəsildən daha ağıllı və bacarıqlı hiss etməsidir. Etiraf etmək lazımdır ki, bu məsələdə onlar haqlıdırlar. Digər önəmli səbəb isə sovet dövründə dünyaya gələn və bazar iqtisadiyyatına uyğunlaşmaqda çətinlik çəkən yaşlılardan fərqli olaraq, bu dövrün yetirməsi olan gənc nəsil özünü daha rahat hiss edir. Belə olduğu üçün də bəzi gənclər düşünürlər ki, artıq onların atalarının öyüd və məsləhətlərinə heç bir ehtiyacı yoxdur. Amma bu belə deyil. Tarix dəfələrlə sübut edib ki, övladların ata məsləhətinə, ağsaqqal nəsihətinə ehtiyacı olub, var və həmişə də olacaqdır. Gənclərin bir çoxu bunu bir qədər gec, başları daşdan daşa dəydikdən sonra anlamağa başlayırlar. Öyüd – nəsihətə vaxtında qulaq asıb ibrət alanlar isə həyatdakı maneələri daha asanlıqla aşa və arzuolunmaz hallardan çətinlik çəkmədən yan keçməyi bacarırlar.

Bugünkü gənc nəslin, eləcə də bir vaxt onları əvəz edəcək sonrakı nəsillərin sözünü dinləməli və həyat təcrübəsindən ibrət götürməli olduqları ağsaqqallardan biri də, şübhəsiz ki, Azərbaycanın Müstəqillik Tarixinin gerçək memarlarından biri olan, ürəyini çırağa çevirərək xalqının mübarizə yoluna işıq tutan, ona istiqamət göstərən, həyatını, canını, sağlamlığını millət və Vətən yolunda xərcləməkdən çəkinməyən böyük insan, böyük şəxsiyyət Nəsir Ağayevdir. Bu ad orta və yaşlı nəsilləri təmsil edən hər bir azərbaycanlıya yaxşı məlumdur. Türkiyə və İranda da onu tanıyanlar az deyil. Gənc nəslin nümayəndələrinə gəldikdə isə, təəssüf ki, vəziyyət bir qədər fərqlidir. Əlbəttə, bu heç də o demək deyil ki, gənclər içərisində onu tanıyanlar yoxdur. Təbii ki, var. Xüsusən də Bakı kəndlərində yaşayan bir çox gənc onu yaxşı tanıyır. Lakin bununla belə, belələrinin sayı azdır. Bölgələrimizdə isə yox sayılacaq qədər cüzidir. Onu tanıyan, fəaliyyətindən xəbərdar olan yeni nəsil nümayəndələrinin saylarnın olduqca az olması bir yana, məlumatlı olanların da məlumatı yarımçıq və natamamdır.

Bu kitab bütünlüklə Nəsir Ağayevin zehninin məhsuludur, biz sadəcə onun söylədiklərini qələmə almışıq, daha doğrusu kitabı tərtib etməkdə ona yardımçı olmuşuq. Yəni kitabın müəllifi o, tərtibçisi isə bizik, çünki həyatını və sağlamlığını Azərbaycanın azadlığı uğrunda qurban vermiş bu gözəl insan ömrünün qalan hissəsini əlil arabasında keçirməyə məhkumdur, xəstəliyi ona müstəqil surətdə hərəkət etməyə imkan vermir. Əlləri də qələm tutacaq vəziyyətdə deyil.

Nəsir bəy bu kitabı ərsəyə gətirməkdə məqsədini açıqlayarkən fikrini belə ifadə edib:

“Öz azadlığı, müstəqilliyi uğrunda əsrlər boyu qətiyyətli mübarizəsi ilə bəşəriyyətin sevgisini qazanmış xalqlardan birinin – Azərbaycan türkünün zaman-zaman düçar olduğu məhrumiyyətlər, bu xalqın övladı kimi məni də həmişə düşündürüb və narahat edib. Bunun başlıca səbəbi məlum olsa da hələ də çoxlu qaranlıq məqamlar və vaxtı çatmayan deyiləsi hadisələr mövcuddur.

Lakin bir şey tam aydındır ki, Azərbaycan xalqı öz istiqlaliyyətinə uzun sürən inadlı mübarizə nəticəsində nail olmuşdur. Bəzi hallarda bu mübarizə silahlı üsyan xarakteri daşımış (polkovnik Kazım bəyin başçılıq etdiyi Gəncə üsyanı, qaçaq hərəkatı və s.) və bu üsyanların gedişində vətənpərvərlər yüksək qəhrəmanlıq və inqilabi qətiyyət göstərmişlər.

Çox təəssüf ki, bu qədər keşməkeşli, ağrılı-acılı tarix yaşayan xalqımızın düçar olduğu məhrumiyyətlərin səbəbləri haqqında ötən dövrlərdə analitik təhlilə əsaslanan sanballı əsərlər yazılmayıb. Bəlkə də elə buna görədir ki, qarşılaşdığı taleyüklü problemlərin həlli zamanı buraxılan səhvlər, anlaşılmaz taktiki gedişlər milli varlığımıza dəfələrlə zərbələr vurmuş və həmin səhvlər müəyyən zaman keçdikdən sonra yenidən təkrar olunub.

İnkarolunmaz bir həqiqətdir ki, anlaşılan təhlillər, analizlər olmasa əvvəlki səhvlərin növbəti dəfə buraxılacağı labüd və qaçılmazdır.

İstər salnamələrdə, istərsə də elmi-tarixi araşdırmalarda baş vermiş olayların yalnız görünən, üzdə olan məqamlarını oxuyuruq. Ancaq yazılanlarda bu olayların başvermə səbəblərini tam dürüstlüyü ilə görmür, buraxılan səhvlərin nədən ibarət olduğunun ciddi təhlili ilə rastlaşmırıq. Elə bu səbəbdən, tarixin xalqımıza qismət etdiyi keşməkeşli bir dövrdə yaşadığım, XX əsrin sonlarında baş verən Milli Azadlıq Hərəkatının özəyində olduğum üçün, həmin dövrlə bağlı tam sərbəst və dərin analitik təhlilə əsaslanmaqla, belə bir kitabı yazmağı özümün vətəndaşlıq borcum bildim. Ola bilsin ki, təhlillərimdə və o dövrdə baş vermiş olaylara münasibətdə hansısa oxucu mənimlə razılaşmasın. Bu təbiidir. Lakin hesab edirəm ki, bu səpkidə geniş əhatəli bir kitabın yazılmasının gələcək nəsillər üçün böyük əhəmiyyəti olacaq. Bu kitab şübhəsiz bu mövzuda daha sanballı, elmi araşdırma və təhqiqatlara, ciddi təhlillərə əsaslanan kitabların ərsəyə gəlməsinə təkan verəcək”.

Bu kitabın yazılma səbəblərindən biri də ölkəmizin istiqlalının əldə edilməsində mühüm rol oynamış Bakı və Kəndlər Birliyinin, eləcə də onun üzvlərinin misilsiz xidmətlərini vurğulamaqdır. Heç şübhəsiz ki, lideri lider edən onun ətrafıdır. Nəsir bəy bu barədə danışarkən, həmişə Həzrət Əli İlə bağlı bir hadisəni misal çəkir. Hadisə isə belədir:

Bir gün Həzrət Əlidən soruşurlar:

-Niyə Əbubəkrin dövründə müsəlmanlar arasında heç bir təfriqə baş vermirdi, sənin xəlifəliyin dövründə isə təfriqələr baş alıb gedir?

Həzrət Əli deyir:

-Çünki Əbu Bəkrin ətrafı bizlər idik. Mənimsə ətrafım sizlərsiniz.

Ümumiyyətlə, Nəsir Ağayev bu tip rəvayətləri misal çəkməyi çox sevir. Ona “inqilabı siz etdiniz, bəhrəsini isə başqaları yeyir” deyəndə həmişə Şeyx Şamil ilə rus çarının söhbətini müsal çəkir və bildirir ki, bir gün rus çarı ona əsir düşmüş Şamili öz sarayının qızıl heykəllər və gözəl fəvvarələrlə bəzədilmiş bağçasına dəvət edir. Ətrafdakı gözəllikləri göstərərək deyir:

-Sənin cənnətin yuxu kimi xəyali bir şeydir. Mənim yaratdığım cənnətsə bir gerçəklikdir.

Şeyx gülümsəyir və cavab verir:

-Sən əbədi cənnətə düşməyəcəyini bildiyin üçün bu dünyada özünə keçici bir cənnət yaratmısan. Bununla da özünə təsəlli verir, özün-özünü aldadırsan.

Yuxarıda qeyd etdik ki, xəstəliyi səbəbindən Nəsir bəy qələm tutacaq vəziyyətdə deyil. Və nə qədər qəribə və inanılmaz olsa da, o, bu vəziyyətinə baxmayaraq, dərin mütaliə, müşahidə və tarixi, siyasi biliklərinin məntiqi nəticələrini həyati təlabat kimi dərk edən Nəsir bəy dostlarının, tələbələrinin köməyi ilə, Milli Azadlıq Hərəkatının gerçək liderlərindən, Müstəqil Azərbaycanın gerçək memarlarından biri olmağı bacarmış və adını İstiqlal tariximizə əbədi olaraq qızıl hərflərlə həkk etdirmişdir. Bu baxımdan onun bu fədakarlığını Boris Polevoyun “Əsil insan haqqında povest” əsərinin qəhrəmanı Aleksey Meresyevin fədakarlığı ilə müqayisə etsək, qətiyyən səhv etmərik. Hətta tam qətiyyətlə deyə bilərik ki, Nəsir bəy Polevoyun qəhrəmanından daha böyük mətanət göstərməyi, ondan daha yüksəyə ucalmağı bacarıb. O, dörd dəfə ABŞ prezidenti seçilmiş F.Ruzveltlə müqayisə edilə biləcək şəxsiyyətdir desək, mübaliğəyə yol vermiş olmarıq.

Elman Cəfərli
ƏSİL İNSAN HAQQINDA POVEST
Kimdir Nəsir Ağayev? Onu tanımaq bizə nə üçün lazımdır?

Bu sualın cavabını, qismən də olsa, “Olaylar” qəzetinin 2007 – ci ilin iyun ayında Nəsir bəyin 60 illik yubileyi münasibətilə qələmə alınan təbrik yazısında tapmaq olar. Yazıda qəhrəmanız belə xarakterizə edilir:

“Çağdaş Milli Azadlq Hərəkatının öncüllərindən biri, Azərbaycanın bütövlüyü uğrunda yorulmaz mübariz, Xalq Hərəkatı Partiyasınn sədri Nəsir Ağayevin 60 yaşı tamam olur.

Nəsir Ağayev hələ ötən əsrin 60-70 – ci illərində Quzey Azərbaycanın azadlığı və müstəqilliyi ideyasına inanan və bu yolda mübarizəyə başlayan ziyalılarımızdan biridir. Hələ SSRİ-nin güclü, Kreml qılıncının kəsərli çağlarında böyük öndər Əbülfəz Elçibəy Azərbaycanın müstəqil olacağından, Bütöv Azərbaycandan danışanda az adam – tələbələri və az sayda milli ruhlu ziyalılar buna inanırdı. Onlardan biri də Nəsir bəy idi. N. Ağayev hələ o illərdən Vətənimizin azadlığı uğrunda mübarizəyə könül verdi. Nəsir bəy kimi mətin ziyalılarımızın öndə olduğu hərəkatımız qalib gəldi – müstəqil olduq. Amma Vətənimizin güneyi hələ azad deyil.

Həyatının böyük hissəsini təmənnasız olaraq Azərbaycan savaşına həsr etmiş Nəsir bəyi 60 illik yubileyi münasibətilə təbrik edir, ona Bütöv Azərbaycan uğrunda mübarizədə uğurlar arzulayıram.

70 illiyini Təbrizdə qeyd etmək arzusu ilə”.

Yunus Oğuz bu fikri ilə hər şeyi, lakonik olsa da, tam doğru ifadə edib. Amma eyni zamanda, faktiki olaraq, heç nə deməyib. Odur ki, bu sözləri ortaya qoyduğumuz sualın qaneedici cavabı hesab etmək qətiyyən doğru olmaz. Bu kimi simvolik təbriklərin sayı yüzlərlədir və biz onlardan sadəcə birini misal çəkməyi lazım bildik.

Sevimli şairimiz, istiqlal carçısı Xəlil Rza Ulutürkün 1990 –cı ilin aprelində, Lefortovo zindanında qələmə aldığı bir şerinin Nəsir Ağayevə həsr edilən misraları da onun gerçək portretinin sadəcə bəzi ştrixləri hesab edilə bilər:

Əl üstündə gətirilən

Nəsir bəyə - oğula bax.

O qartaldır... bükülsə də

iflic olmuş bir cüt ayaq.

İçsə Xəzər dənizini

soyuyarmı yanar bağrı?

Bir ildırım yuvasıdır

onun natiq dodaqları.

Bu misralar, şübhəsiz ki, çox şeydən xəbər verir. Amma onlar da, təbii ki, yetərli deyillər.

Suala daha dolğun cavab tapmaq üçün şüurlu həyatının Azərbaycanın azdlığı və bütövlüyü uğrunda mübarziyə həsr etmiş bu fədakar insanın ömür yoluna nəzər salaq.

Azərbaycanın torpaqları müxtəlif dövrlərdə ayrı-ayrı dövlətlərin tərkibinə daxil edilib. İndiki Azərbaycan Respublikasını ərazisindən dəfələrlə böyük olan Güney Azərbaycanı farsların hakimiyyəti altındadır. İrəvan və Zəngəzur mahalları ərazisində Rus İmperiyasının köməyi sayəsində Ermənistan dövləti yaradılıb və bu gün orada bir nəfər də soydaşımız qalmayıb. Borçalı mahalı Gürcüstanın tərkibinə daxil edilib. Bu mahalda yaşayan Azərbaycan türkləri ayrı-ayrı vaxtlarda təzyiqlərə məruz qalsalar da, doğma yurdlarını tərk etməmiş, əzab-əziyyətlərə dözmüşlər. İndinin özündə də burada xeyli Azərbaycan türkü yaşayır. Bundan başqa, Rusiyanın Dağıstan vilayətində yerləşən Dərbənd, Türkiyə Respublikasının Qars-Ərzurum, Anadolu, İqdir vilayətlərində Azərbaycan türkləri bir toplum halında yaşamaqdadırlar.

Müxtəlif hadisələrlə əlaqədar olaraq dünyanın yüzdən artıq ölkəsinə yayılan Azərbaycan türklərinin Azərbaycan adlı bir vətəni var. Və bu Vətən vahid Türk dünyasının bir parçasıdır...

Qeyd etdiyimiz kimi, Cənubi Azərbaycan öz azadlığı uğrunda mübarizəyə bir əsrdə bir neçə dəfə qalxsa da hərəkatın arxasında siyasi təşkilatların olmaması səbəbindən, bütün dövrlərdə onların haqq səsi boğulub, öndə gedənlərin əksəriyyəti edam edilib, bəziləri isə vətənin şimal hissəsində sığınacaq tapıblar. Milli Azadlıq Hərəkatımızın öndə gedənlərindən biri, millət və vətən fədaisi Nəsir Ağayevin atası Zərbəli Ağabala oğlu da qədim Azərbaycanın gözəl güşələrindən biri, Azərbaycan-türk tayfalarının məskunlaşdığı Ərdəbil şəhərində anadan olmuşdu. 1909-cu ildə gənc Zərbəli atası Ağabala kişi ilə birlikdə Bakıya köçmüşlər. Nəsir bəyin anası Sitarə Şükür qızı isə dünyaya Xızı kəndində göz açıb.

Nəsir bəygil 7 qardaş, 1 bacı olmaqla (Sabir, Nəsir, Ağabala, Məsumə, Hüseynəli, Xalıq, Cəmşid, Cümşüd) böyük ailə olublar. Nəsir orta məktəbi Buzovnada 125 saylı məktəbdə bitirib. Məktəbdə ona gələcəkdə göstərəcək siyasi fəaliyyətində önəmli rol oynayacaq Nəsrulla İshaqi, Heydər Eyvazov və Davud Məmmədzadə kimi qabaqçıl maarif işçiləri dərs demişlər. Ədəbiyyatı, tarixi, coğrafiyanı çox sevdiyi üçün müəllim və yoldaşlarının xüsusi hörmət və qayğısı ilə hər zaman əhatə olunurdu. Hələ orta məktəbin 8-ci sinfində oxuyarkən poeziyaya maraq göstərmiş, dərnək və klublarda fəal iştirak etmişdir. Ümumiyyətlə, Nəsir bəyin məktəb illərində Voyniçin “Ovod”, Heminqueynin “Qoca və Dəniz”, Bayronun “Şərq” poeması, Cek Londonun “Martin İden”, “Həyat eşqi”, “Son yarpaq”, Drayzerin “Kerri bacı”, “Amerika faciəsi”, “Dahi”, Şərq ədəbiyyatından isə Füzuli, Həbibi, Həqiqi, Nəsimi, Şah İsmayıl Xətai poeziyası, Cəlaləddin Ruminin “Məsnəvisi”, Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” və digər əsərlərini oxuması onun ədəbi-siyasi təfəkkürünün formalaşmasında böyük rol oynayıb. Xüsusilə siyasi-ictimai düşüncə tərzinin formalaşmasında önəmli rol oynamış və bu gün də oynamaqdadır. Yeri gəlmişkən belə bir fikri də qeyd etməyə dəyər ki, Azərbaycan xalqının tarixi ədəbi, ərkanı, mənəviyyatı bir sözlə kimliyi haqqında Sabir poeziyasının mötəbər sənəd olması şübhəsizdir. Bu ona görə qeyd edilir ki, onun düşüncəsinin istiqaməti və fəaliyyəti məhz bu görkəmli simaların yaradıcılıq və həyatlarından güc alıb. Bu günün özündə belə Sabirlərin, Cəlillərin, Cavidlərin və digər söz mülkədarlarımızın düşüncə payından qaynaqlanaraq karvan yükü ilə yüklənib ömür yaşayanlar yetərincədir...

Məktəb illərində qazanılanlar, bir qayda olaraq, düşüncə sahiblərinin sonrakı taleyinin və alın yazısının müəyyənləşməsində vacib rol oynayır. Ona görə də qazanılan bilikləri reallaşdırmaq üçün zaman və məkan önəmli rol oynayır. Artıq zaman yetişmək üzrəydi və Azərbaycan xalqı da dünyada gedən tarixi proseslərdən yararlanaraq, öz sözünü deməli, ortaya yeni bir düşüncə qoymalı idi. Milli düşüncə sahiblərinin formalaşması zamanın tələbi idi. Belələrini tarixi şərait, eləcə də xalqımızın başına gətirilən müsibətlərin özü yetişdirməkdəydi. Odur ki, Bakı, Naxçıvan, Lənkəran, Gəncə və Azərbaycanın digər yerlərində gizli təşkilatlar yaranır və fəaliyyət göstərirdilər. Belə təşkilatlardan birinin gizli qərargahı Bakının Buzovna qəsəbəsində, Cəlil Məmmədquluzadə küçəsindəki 42 nömrəli evin 1-ci mərtəbəsində yerləşirdi. Qərargah rolunda çıxış edən mənzillərdə bir qayda olaraq, milli qaynaqlarımızı əks etdirən kitablar toplanar, birgə mütailə və müzakirə edilərdi. Bu baxımdan Buzovnadakı mənzil-qərargah da istisna deyildi.

Nəsirin yaşadığı evin birinci mərtəbəsində onun həmyaşıdları Qəni Mövsumov, Ağabala Ağayev, Sabir Ağayev (o, gizli fəaliyyət göstərirdi), İsmayıl Cabbarov, Məmmədəli Məmmədov, Nazim Məmmədov, Salman Abbasi, Vətən Abbasi və digərləri ilə Azərbaycanın tarixindən, siyasətdən, mədəniyyətdən geniş və əhatəli bəhs edərdilər. Bütün bu müzakirələr illər sonra öz müsbət nəticələrini Milli Azadlıq Hərəkatının müxtəlif mərhələlərində göstərmiş oldu:

Həmin dövrdə məhəllələrində divar qəzetlərinin buraxılması da adət şəklini almışdı. Nəsir Ağayevin də gənclik illərində “Əqrəb” adlı divar qəzeti buraxması uşaqların təlim-tərbiyəsində vacib rol oynamışdı. Bu qəzetdə valideynlərini incidən, sözə baxmayan, dərs oxumayan uşaqlar haqqında yazılar dərc edilirdi. Bu yazılar isə çox zaman qonşular arasında qızğın mübahisələrə səbəb olurdu. Lakin hər halda uşaq düşüncəsinin məhsulu olan bu yazılar böyük bir hadisə kimi qiymətləndirilirdi. Nəhayət məktəb illəri başa çatır. Nəsirin düşüncəsində yaşayan bölünmüş Azərbaycan barədə düşüncələr onu tarix fakultəsinə doğru apardı. Valideynləri ali təhsilli olmasalar da onun yüksək təhsil almasını arzulayırdılar. Odur ki, ailədə ilk “ali təhsilli şəxs olmaq” missiyası, qohumlarından və ətrafdakı uşaqlardan öz dərrakə və çalışqanlığı il seçilən Nəsirin üzərinə düşmüşdü...

Nəsir bəy həmin dövrü duyğusal bir şəkildə belə dilə gətirir:

“Çılğın, sərt qayalara dalğa – dalğa çırpınan Xəzər dənizi. Sahildən bir qədər aralı döngəli-dalanlı, uzaqdan xalça ilmələri kimi görünən qədim Buzovna kəndi...

Sahil boyu sinəsi oyuq-oyuq olan dəniz, ətirli yosunlarla çələngə bürünmüş bu qayalar qoca tarixin vəfalı şahidləri idi. Sahildən bir qədər aralı üzüm tənəkləri, əllərini göyə açan qoca əncir ağaclarını, sərinlik mücəssiməsi qarağacları ana nəvazişi ilə bağrına sıxan sarı kəhrəba qumları...

Bir zamanlar sahildən Buzovnaya baxdıqda bu qədim kəndin evləri amfiteatr kimi görünərdi. Kənd ilə dəniz arasında böyük boşluq var idi. İndi gördüyümüz bağrı yarılmış qayalar, betonlaşdırılmış sahil, daş hasarları həbsxana kamerasını xatırladan binalar, saraylar onda yox idi. Zağulbadan Bakıya qədər gəzərək, sərbəst şəkildə, heç bir maneəyə rast gəlmədən getmək heç bir çətinlik törətmirdi. İndisə vəziyyət dəyişib, vəzifə və nüfuz sahibləri öz şəxsi rahatlıqları və ildə sadəcə bir neçə günlük istirahətləri üçün bu yolu kəsmiş, hər tərəfdə dənizin sularına qədər uzanan səkilər, kulafirənglər yaratmışlar. Bura uşaqlıq xatirələrini yaddaşlarında yenidən canlandırmaq üçün gələnlər bu gün həmin izləri, işarə və əlamətləri tapa bilməyərək, yəqin ki, çox məyus olacaqlar. Dənizi, qayaları, kəhrəba loğman qumları və sərt təbiəti ilə yaddaşlara həkk olunmuş gilavarlı-xəzrili Abşeron artıq həmin təbii Abşeron deyil.


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin