Elmи мяъмуяси



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix05.05.2017
ölçüsü3,55 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   37

SUMMARY 

 

Human life is divided into different categories such as childhood, young 



age and old age. Among them as the spring of life, young age is very 

important. The prophet (pbuh) advises us to know the value of young age 

and also gave the good news that the young who spent his youth in good 

works as well as worship will be shaded in the hereafter where there is no 

shade for protection. The prophet also said that the worship of the young will 

be rewarded more than the older. 

The youth is very important for the future of the nations. The youth is the 

future of the nation. Those nations who invest in the youth will have a bright 

future. On the other hand those who ignore the education of their youth will 

have a bad future for their nations.  



Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən mülhid cərəyanlardan bərahimə və ona verilən cavablar 

67 


 

 

QAZI ƏBDÜLCABBARIN ƏSƏRLƏRİNİN İŞIĞINDA 

NÜBÜVVƏTİ RƏDD EDƏN MÜLHİD CƏRƏYANLARDAN 

BƏRAHİMƏ VƏ ONA VERİLƏN CAVABLAR 

 

Dr. Adilə TAHİROVA* 

 

 

İlhad termininin lüğət mənası “sapmaq”dır. Müxtəlif qəliblərdə zülm 



etmək, həqiqətdən üz çevirmək, həqiqəti təhrif etmək, şübhəyə düşmək kimi 

mənalarda işlənir. Mülhid isə ilhad əməlini işləyən, həqiqətdən üz çevirən və 

ondan  şübhə edən mənasını verir.

1

  Kəlam termini kimi “Allahın varlığı  və 



birliyini, dinin əsas hökmlərini inkar etmək, bunlar haqqında şübhə bəsləmək 

və ya oyandırmaq, dini qaydaları xəfifə almaq” mənasında istifadə olunur.

2

 

Qur’ani-Kərimdə  də dörd yerdə keçən bu söz, sapma və sapdırma 



mənasındadır.

3

 Mülhid sözünün sinonimi kimi zındıq, kafir, dəhri 



terminlərinin də mənbələrdə istifadəsinə rast gəlmək mümkündür. 

İslam dininə  əsasda zidd olan fikirləri klassik dövr kəlam alimləri belə 

təsnifləndirmişlər: Elmin imkanını inkar etmək; aləmin  əzəli olduğunu, 

yaradanı və idarə edəninin olmadığını iddia etmək; aləmin əzəli olduğunu və 

əzəli bir idarə edəninin olduğunu irəli sürmək; aləmin  əzəli və ya muhdəs 

olduğu məsələsində  fərqli düşünməklə birlikdə idarə edicisinin əzəli və 

birdən çox olduğunu söyləmək; aləmin  əzəli olmadığını, tək bir əzəli 

yaradıcının varlığını  qəbul edib peyğəmbərliyi inkar etmək; aləmin 

yaradılmış olduğunu,  əzəli və  tək bir yaradıcısı olduğunu, peyğəmbərliyin 

haqq olduğunu qəbul etməklə birlikdə  bəzi peyğəmbərləri inkar etmək. 

                                                 

* Bakı Dövlət Universitetinin ilahiyyat fakultəsinin müəllimi. 

1

  İbn Mənzur,  Lisanu-l-Arab, Beyrut tarixsiz, Daru Sadır, III cild, s. 388-389; 



Zəbidi, Tacu-l-arus, Qahirə 1306, II c., s. 493.  

2

  Mustafa Sinanoğlu, “İlhad”, TDV İslam Ansiklopedisi, İstanbul 2000, XXII cild, s. 



90;  İslam düşüncəsində ilhad termini haqqında geniş  məlumat üçün bax. İlhan 

Kutluer, “İlhad”, TDV İslam Ansiklopedisi, XXII, 93-96. 

3

  Məhəmməd Fuad Əbdülbaqi,  əl-Mucəmu-l-mufəhrəs li-əlfazi-l-Qurani-l-Kərim, 



Tehran 1372, s. 762. 

 Dr. Adilə TAHİROVA 

68 


Firqələr və  cərəyanlar olaraq nəzər saldıqda bu əsas iddiaların sofistlərə 

(sufestaiyyə), ateist materialistlərə (dəhriyyə), Aristotelçi filosoflara 

(məşşailər), müxtəlif məcusi, manişeist və  məzdəki axımlara və onlarla 

birlikdə hermetik və sabii inanclara aid olduğu görülür.

4

  

Allahla yaradılmışlar arasındakı münasibət və dialoqu ifadə edən 



peyğəmbərlik sisteminə ehtiyac məsələsi  İslam düşüncə tarixindəki başlıca 

müzakirə mövzularından biri olmuşdur. Belə ki, bəzi dövrlərdə 

peyğəmbərlərə ehtiyac olmadığını söyləyənlərə, peyğəmbərlik iddiasında 

olan saxta “peyğəmbərlərə” və  İslam  əqidəsinə uyğun olmayan fikirlər 

səsləndirənlərə rast gəlmək mümkündür. İslam düşüncəsinin müxtəlif 

məktəblərinə mənsub kəlamçılar tarixin hər dövründə bu kimi yanlış fikirlərə 

cavab vermiş  və öz fikirlərini  əsaslandırmaq üçün dəlillər gətirmişlər. 

Məsələnin bir başqa yönü də  fəlsəfə  və  kəlam arasındakı daimi müzakirə 

obyektlərindən birisi olan ağıl-vəhy “qarşıdurmasıdır”. XVIII əsrdən 

etibarən qərbdə maddi və  mənəvi səadətin ağıl və elmlərin irəliləməsi ilə 

əldə edilməsinin mümkün olduğunu müdafiə edən axımlar, deist cərəyanlar 

inkişaf etmişdi. Bunlar peyğəmbərlik sisteminə şübhə və ya inkarla yanaşan 

qruplardır. Təbii din

5

 fikri də bu dövrlərdən etibarən öz dövrlərinə  məxsus 



ədəbi və  fəlsəfi üslubda aktuallıq qazanmışdır.  İslam tarixində bu fikirlərə 

hələ ilk dövr mənbələrində Bərahimə adlanan qrupun və başqa cərəyanların 

fikirlərində rast gəlmək mümkündür. Bərahimə  ağlın yetərli olduğunu, 

dinlərə  və peyğəmbərlərə ehtiyac olmadığını söyləyirdi.  İslam  əqidəsinə 

uyğun olmayan bu fikirlərlə ilk intellektual mübarizəni aparanlar arasında 

Mötəzilə alimlərini misal vermək mümkündür. Bu elmi mübahisələr əslində 

günümüzdə  də  fəlsəfi platformada davam edən mövzunun aktuallığını 

qoruduğuna dəlalət edir. Bərahimənin timsalında səslənən fikirlər və onlara 

verilən cavablar əsas etibarilə eyni qalmaqla birlikdə dövrlərə görə müəyyən 

dəyişikliklərə  də  məruz qalmışdır. Bu məqalədə  əsasən klassik dövr kəlam 

alimlərinin  əsərlərinə müraciət edilərək Mötəzilə  məktəbinin nümayəndəsi 

                                                 

4

 İlhan Kutluer, “İlhad”, TDV İslam Ansiklopedisi, XXII, 95. 



5

 Dindarlığın təbii bir insani meyl olduğunu müdafiə edən görüş. Burada fövqəltəbii 

inanclara (möcüzələr, ilahi yardım, əbədi həyat kimi) yer verilmir. 


Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən mülhid cərəyanlardan bərahimə və ona verilən cavablar 

69 


Qazı  Əbdülcabbarın (v. h. 415/m. 1025) bu axımın fikirlərinə verdiyi 

cavablar əsas alınmışdır.

 6

 

Klassik dövr kəlam alimlərindən olan və Qazı Əbdülcabbar ilə təxminən 



eyni əsrlərdə yaşamış Əbu Mənsur əl-Maturidi (v. h. 333/m. 944) və Əbu-l-

Muin  ən-Nəsəfi (v. h. 508/m. 1115) də nübüvvət mövzusuna əsərlərində 

digər mövzulardan daha çox yer verdiklərini söyləyirlər. Buna səbəb olaraq 

yaşadıqları dövrdə ilhad hadisələrinin artdığını, xüsusilə peyğəmbərlik 

məsələsində inkarçıların etirazlarının olduğunu dilə  gətirir və nübüvvət 

əleydarlarının yanlış fikirlərini rədd etməyi, iftiralarına cavab vermə hədəfini 

güddüklərini ifadə edirlər.

7

 Maturidi, nübüvvəti inkar edənlərdən bəhs 



edərkən Bərahimə adını istifadə etməməklə birlikdə mənbələrdə Bərahiməyə 

aid edilən etirazları ifadə edərək cavablandırır. Maturidi, Kitabu-t-tövhid 

əsərində nübüvvəti inkar edənləri belə sıralayır: 

1.

 



Yaradıcını inkar edənlər. 

2.

 



Onun mövcudiyyətini qəbul etməklə birlikdə  əmr və qadağalarını 

qəbul etməyənlər. 

3.

 

Bunu da mənimsədikləri halda insan ağlının tək başına yetərli olub 



risalətə ehtiyac duymadığını iddia edənlər. 

4.

 



Risalət iddiasında olan şəxsin göstərəcəyi möcüzələri kahin, sehrbaz 

və göz bağlayıcıların əməllərinə bərabər tutanlar. 

5.

 

Nübüvvət iddiasında olanların göstərdikləri fövqəladə  təbiətli 



hadisələr qarşısında xitab edilən  şəxslərin aciz qalması, onlarda bu cür 

fellərin lazım gətirdiyi təhsil və alışqanlığın olmaması səbəbinə bağlayanlar.

8

 

Ümumiyyətlə nübüvvəti inkar edən cərəyanlardan başda Bərahimə 



olmaqla Süməniyyə, Sufestaiyyə, Tabiiyyun, İbahiyyə, Sabiiyyə, 

Dəhriyyənin adlarını çəkmək mümkündür. 

Qazı  Əbdülcabbarın yaşadığı  və  fəaliyyət göstərdiyi bölgədəki ilhadi 

fikirlərin mənşəyi Məzdəkilik, Arami və  İran mühitlərinin qarşılıqlı  təsiri 

nəticəsində ortaya çıxan müxtəlif din və ənənələrdən Manişeizm, Deysanilik, 

                                                 

6

 Məqalədə yazılanlar haqqında daha geniş məlumat üçün bax: Adilə Tahirova, Kadı 



Abdülcebbar ve Ebü-l-Muin en-Nesefiye göre nübüvvetin gerekliliyi,  Mərmərə 

Universiteti Sosial Bilimlər  İnstitutu ilahiyyat/kəlam bölümü, Doktorluq 

dissertasiyası, İstanbul-2004. 

7

 Əbu-l-Muin ən-Nəsəfi, Təbsıratu-l-ədillə, I, 534-535. 



8

 Maturidi, Kitabu-t-tövhid, s. 271; Əbu-l-Muin ən-Nəsəfi, Təbsıratu-l-ədillə, I, 446. 



 Dr. Adilə TAHİROVA 

70 


Mərqayuniyyə  və başqa cərəyanlara istinad edir. Hicri IV-V əsrlərdə 

yaşamış Qazıdan  əvvəlki dövrdə  xəlifə Mehdi Billahın (158-169/775-785) 

hakimiyyəti dövründə bu fikirlərin canlandırılması məqsədilə bir çox üsyan 

ortaya çıxmışdır. Muqannanın başçılığında Xorasanda və Cibal (mərkəzi 

İran), Sinbad (Sunaz), Herat, Sistan, Badqis bölgəsində Ustadsis adlı  şəxs 

tərəfindən başladılan üsyanlar bunlardan bəziləridir. Xəlifə Mehdi zındıqlara 

qarşı  təzyiq tətbiq etmək məcburiyyətində qalmışdır. Bağdadda və böyük 

şəhərlərdə qazıya və ya bilavasitə xəlifəyə bağlı bir məhkəmə qurulmuşdu və 

zındıqlarla məşğul olma vəzifəsi ona tapşırılmışdı. Mötəzilə alimi Qazı 

Əbdülcabbarın da bu vəzifəni yerinə yetirdiyi mənbələrdə qeyd edilir.

9

   


Bunu da ifadə etmək lazımdır ki, nübüvvətə yönəldilən etirazların böyük 

bir qismi epistemolojik baxımdandır. Bu etirazlardan bir qismi biliyin 

həqiqəti, imkanı  və  mənbələrinə  (əsbəbu-l-ulum və ya mədariku-l-ulum) 

yönəldilmişdir. Məsələn bütün elm əldə etmə vasitələrini və  həqiqəti inkar 

edərək elm və  həqiqətin olmadığını iddia edən Sufestaiyyə, xəbərə istinad 

edən elmi inkar edərək bunun zənn və  şübhə daşıdığını  və  həqiqətinin 

olmadığını söyləyən Süməniyyə, ağıl və    duyğu üzvləri (xəvassi-səlimə) 

varkən peyğəmbərliyə ehtiyac olmadığını irəli sürən Bərahimə.  Əshabu-ş-

şəkk (Şukkak və ya Mutəşəkkikun) və Mütəcahilə kimi adlandırılan qruplar 

da Sufestaiyyənin geniş yelpazəsinə daxildir. Yunan mənşəli Sofestaiyyənin 

hind mühitindən qaynaqlanan variantı kimi ifadə edilə biləcək Mutəkafiyyə 

də bu tip etirazları olan qruplardandır. Kəlam  ədəbiyyatında Laədriyyə 

olaraq adlandırılan qrupun fikirləri də  əsasən Mutəkafiyyə ilə uyğundur. 

Bütün bu fikirlər bir növ septikliyə  səbəb olduğu üçün İslam düşüncəsinə 

uyğun hesab edilmir. Qazı  Əbdülcabbarın  əsərlərində bunlardan başqa adı 

keçən başqa axımlar da olsa məqalə  çərçivəsində bunlardan Bərahimə 

haqqında bəhs ediləcək. Qazı  Əbdülcabbar, nübüvvət məsələsində  əsas 

münaqişə edilən tərəfin Bərahimə olduğunu  əsərlərində  dəfələrlə 

bildirmişdir.  

Bərahimə termini, İslam heresioqrafiya tarixində peyğəmbərliyi inkar 

edən fikir və düşüncələrin simvoluna çevrilmişdir. Bərahimənin Brah-

                                                 

9

 Melhem Chokr, İslamın hicri ikinci asrında zındıklık və zındıklar, (tərcümə edən: 



Ayşe Meral), İstanbul 2002, 26, 35-36, 58-59; İlhan Kutluer, “İlhad”, TDV İslam 

Ansiklopedisi, XXII, 93-94. 

Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən mülhid cərəyanlardan bərahimə və ona verilən cavablar 

71 


manizmlə  əlaqəsinin olub olmadığı, ilk dövr İslam kəlamında  İslam-Hindu 

inanclarının dialoqunu əks etdirib etdirmədiyi, hətta uydurma olub olmadığı 

hələ də müzakirə obyekti olaraq qalır. Günay Tümer bu qrupu Brahmanizm 

kimi adlandıraraq  İslam mənbələrində  əl-Bərahimə  və ya əl-Bərhəmiyyə 

olaraq keçdiyini ifadə edir. Onun fikrincə bu qrup müsəlman müəlliflərdən 

Biruni və Şəhristani tərəfindən ən məzmunlu təsvirini tapmışdır.

10

 Təhanəvi, 



bu qrupun özlərini  İbrahimin soyundan hesab etdiklərini, hind bölgəsində 

saylarının çox olduğunu bildirmişdir.

11

  Şəhristani də  Bərahiməni hind 



mədəniyyətinə aid hesab edir.

12

 Norman Calder isə Bərahimənin hind deyil, 



semitik din və nübüvvət inancını xatırladan mifolojik mahiyyətdə bir 

İbrahimi kulta aid edilməsi fikrini tədqiq etmişdir. Bundan sonra belə bir 

fərziyyə ilə çıxış etmişdir: İlk dövr mənbələri Bərahiməni qədim bir İbrahimi 

irsə nisbət edərkən, İbn Hazm, Cüveyni, Şəhristani kimi mutəəxxirun dövrü 

mənbələri isə hind mədəniyyətinə aid edirlər.

13

  



Qazı  Əbdülcabbarla eyni əsrdə yaşamış bir alim olan Əşəri məktəbinə 

mənsub Baqillani (v. 403/1013), Bərahimənin iki qola ayrıldığını ifadə edir: 

1. Peyğəmbərləri bütünlüklə inkar edərək məxluqata Allah tərəfindən 

peyğəmbər göndərilməsini doğru çıxaracaq bir cəhət olmadığını iddia 

edənlər. 2. Həzrət Adəm (bir fikrə görə isə  həzrət  İbrahim) xaricində bir 

peyğəmbər göndərilmədiyini söyləyənlər.

14

  

Bərahimənin etirazları haqqında ilk dövr ədəbiyyatı  əsasında məlumat 



Paul Krausun əl-Müəyyəd fi-din əş-Şirazinin  əl-Məcalisu-l-müəyyədiyyə 

kitabında nəql edilən  əz-Zümürrüd adlı  məşum mətnə aid iqtibasları  nəşr 

etdirməsi ilə  əldə edilmişdir. Kraus Kitabu-z-zümürrüdün bu kimi fikirlər 

baxımından ən qədim mənbə olduğunu, ancaq Bərahiməyə nisbət edilən bu 

fikirlərin hind Brahmanizmi ilə  əlaqəsinin olmadığını, bu fikirlərin həqiqi 

sahibinin İbnu-r-Ravəndi olduğunu və onun bu sapqın inancları Bərahimənin 

adından istifadə edərək yaymaq istədiyini irəli sürmüşdü. Qısaca bu fikirlər 

Bərahiməyə aid olmayıb, cədəli bir qurğu ilə onlara aid edilmişdi. Düzdür, 

                                                 

10

  Günay Tümer, “Brahmanizm”, TDV İslam Ansiklopedisi, VI, 332. 



11

 Təhanəvi, Kəşşafu istilahati-l-funun, Beyrut, tarixsiz, I, 149. 

12

  əş-Şəhristani, əl-Miləl və-n-nihəl, Qahirə 1968, III, 95-97. 



13

 Norman Calder, “The Barahima: Literary construct and historical reality”, Bulletin 



of the school of Oriental and African studies, London 1994, LVII/1, s. 40-51. 

14

 Baqillani, ət-Təmhid, Qahirə 1947, s. 96. 



 Dr. Adilə TAHİROVA 

72 


dai/təbliğatçı,  əz-Zümürrüddə peyğəmbərliyi inkar edənlərlə birlikdə isbat 

edənlərin də  dəlillərinin mövcud olduğunu görmüş  və onsuz da bilinən bu 

dəlilləri təkrar etməyi gərəksiz hesab etmiş  və ancaq inkar edənlərin 

dəlillərini çatdırdığını bildirmişdir.

15

 Artıq bu fikirlərin  İbnu-r-Ravəndiyə 



deyil,  Əbu  İsa  əl-Vərraqa aid olduğu izahı daha məqbul hesab edilir. Əbu 

Bəkr  ər-Raziyə nisbət edilən və  Əbu Hatim ər-Razi tərəfindən  Ə’lamu-n-



nübüvvə adlı əsər ilə rədd edilən nübüvvət əleyhinə fikirlərin mənşəyini isə 

yunan fəlsəfəsində axtarmaq lazımdır. Bu fikirlər sanki günümüzdə yaşayan 

hər hansı bir deist, pozitivist, scientism tərəfdarı  tərəfindən səsləndirilir. 

Ancaq bu fikirlərin Bərahiməyə aid edilən fikirlərlə eyni mühitdə ortaya 

çıxdığını sezmək çətin deyil. Əbu  İsanın Bərahimə  və  əqidələri haqqında 

yazdıqlarının tamamilə uydurma məhsulu olmasından  əmin olmaq olmaz. 

Çünki ortada yenə erkən dövrlərə aid olub Bərahiməyə nisbət edilən bir çox 

fikri çatdıran mətnlər vardır. Məsələn tədqiqatçı Sarah Stroumsanın 

qeydlərinə görə, əl-Qasım ibn İbrahim (v. 246/860) və yəhudi müəllif Davud 

ibn Mərvan  əl-Muqammis (III/IX əsr) Bərahiməyə nisbət edilən fikir və 

əqidələri tanıtmışdılar. Yəni  əz-Zümürrüd, Krausun hesab etdiyi kimi, 

Bərahimə haqqındakı  ən qədim mənbə deyildi. Bütün bunlar o dövrdə 

müxtəlif hind inanclarının Bərahimə adı altında tədqiq edildiyini və bunların 

uydurma deyil, otantik (orijinal) məlumatlar olduğunu göstərir.

16

  

Bərahimənin mənşəyi haqqındakı açıqlamalardan sonra fikirlərindən 



bəhs etmək yerinə düşər. Qazı  Əbdülcabbar Bərahimənin iddialarından bir 

çox yerdə  bəhs etmiş,  əl-Muğninin  XV cildinin  ayrı bir bölümündə 

dəyərləndirib cavablar vermişdir. O, başqa alimlər tərəfindən Bərahiməyə 

verilən cavablardan da iqtibaslar vermişdir. Bu da Qazının dövründə 

nübüvvət  əleyhinə fikirlərin yayıldığını  və bu fikirlərə qarşı etiraz və  rədd 

məqsədi daşıyan  əsərlərin yazıldığını göstərir. Mötəzilə  kəlamçıları 

Zənadıqa hərəkatı ilə böyük bir əzmlə mübarizə apararaq heresioqrafik 

                                                 

15

 Əbdürrəhman əl-Bədəvi, Min tərixi-l-ilhad fi-l-İslam, Qahirə 1993, s. 92-93, 135-



138;  Əbdüləmir  əl-Əsəm,  İbnu-r-Rivəndi fi məracii-l-arabiyyə  əl-hadisə,  Beyrut 

1978, I/266. Bu fikirlər haqqında məlumat üçün Paul Krausun “İbnu-Ravəndi” 

məqaləsinin  Əbdürrəhman Bədəvi tərəfindən almancadan ərəbcəyə edilmiş 

tərcüməsinə  də müraciət edilmişdir. Adı keçən məqalə  Şirazinin  əsərindən 

alınmışdır. 

16

 İlhan Kutluer, Akıl ve İtikad, s. 70-72; 77-82. 



Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən mülhid cərəyanlardan bərahimə və ona verilən cavablar 

73 


mətnlərdəki ilhadi fikirləri rədd etmiş  və  bəzən zındıq siyahıları  tərtib 

etmişlər.

17

 Qazı, kəlama aid əsərlərindən biri olan Təsbitu dəlaili-n-nübüvvə 



peyğəmbərliyi inkar edən Məkkəli müşriklərə, həzrət Muhəmmədin (s.a.s.) 

peyğəmbərliyini qəbul etməyən xristian və  yəhudilərə, peyğəmbərlik 

əqidəsini bütünlüklə  rədd edən Bərahimə  və  Dəhriyyəyə qarşı  İslamın irəli 

sürdüyü nübüvvət anlayışını müdafiə etmək üçün qələmə aldığını ifadə edir.  

Bərahimənin nübüvvətə etirazları klassik mənbələrdə belə ifadə edilir: 

1.

 



Ağıl, insana yetərlidir. Buna görə peyğəmbərlərin göndərilməsinə 

ehtiyac yoxdur. Peyğəmbərin gətirdiyi məsələlər ya ağla uyğundur və ya 

deyildir. Ağla uyğundursa ağıl onu qavramaq və əldə etmək üçün yetərlidir. 

O zaman peyğəmbərə ehtiyac yoxdur. Əgər ağla uyğun deyilsə, qəbul edilə 

bilməz. Başqa bir ifadə ilə peyğəmbərlərin gətirdikləri məsələlər bəlkə 

mənasız deyil. Ancaq ya ağla uyğundur, ki ağlın buna ehtiyacı yoxdur. Ya da 

ağla müxalifdir ki, bunu da qəbul etmək olmaz. 

2.

 



Peyğəmbərlərin iddialarının doğruluğunu bilmənin  əqli baxımdan 

mümkün görünməyən (əsanın ilana çevrilməsi, ölünün dirildilməsi və s. kimi 

fövqəladə sayılan hadisələr) yollardan başqa bir isbat şəkli yoxdur. 

3.

 



Ağıl, Allahın hikmətli olduğuna dəlalət edir. Hakim olan 

yaratdıqlarına yalnız ağlın dəlalət etdiyi məsələləri  əmr edər.  Əqli dəlillər 

aləmin qüdrətli və hikmətli bir yaradıcısı olduğuna, bəndələrinə  şükür 

etmələrini lazım gətirən nemətlər verdiyinə, bunların bilindiyi və  şükür 

edildiyi təqdirdə savab veriləcəyinə, edilmədiyi zaman cəza veriləcəyinə 

işarət edir. O zaman bir bəşərə tabe olmağa ehtiyac yoxdur. Həm də gətirdiyi 

məsələlər bunlara ziddirsə, o zaman sözləri açıq bir şəkildə onun yalan 

dediyini göstərir. 

4.

 

Hikmət sahibi bir yaradıcı, ağıl tərəfindən qəbih görülən məsələlərdən 



bəndələri məsul tutmaz. Halbuki şəriətlərdə ibadət  əsnasında müəyyən bir 

yerə yönəlmə, təvaf, səy, şeytan daşlama, ihram, qara daşı öpmə, oruc ikən 

ac, susuz qalma və s. kimi məsələlər əmr edilir. Bunlar ağla uyğun olmayan, 

qubh qəbul edilən məsələlərdir.  

                                                 

17

  İlhan Kutluer, Akıl ve İtikad,  s. 13. Məsələn Qazı  Əbdülcabbarın tərtib etdiyi 



zındıq siyahısı üçün bax. Qazı Əbdülcabbar, əl-Muğni fi əbvabi-t-tövhid və-l-ədl, 

V cild, s. 9.  



 Dr. Adilə TAHİROVA 

74 


5.

 

Əgər nəql vasitəsilə  məsləhətə uyğun məsələlər gətirilirsə, o zaman 



Allahın bunları peyğəmbər göndərmədən insanlara ağıl vasitəsilə bildirməsi 

mümkün olmalıdır. Əks təqdirdə Allahın qüdrəti şübhə altına düşər. 

6.

 

Risalət iddiasında  ən qəbul eidlməz nöqtə, eyni şəklə, nəfsə  və  ağla 



sahib, hamının yediyindən yeyən və içdiyindən içən bir insana tabe 

olmaqdır. Halbuki onun digər insanlardan fərqi yoxdur. Həm də onun 

iddiasının doğruluğunun dəlili nədir?  

7.

 



Əgər möcüzə vasitəsilə peyğəmbərlə saxta peyğəmbər bir-birindən 

ayrılırsa buna əl çevikliyi və sehrbazlıq qarışmadığını necə bilmək 

mümkündür. Möcüzə ilə hiyləni ayırmaq mümkün olmadığı üçün yalnız ağla 

güvənmək və peyğəmbərlərin sözlərini qəbul etməmək lazımdır. 

8.

 

Allahın inkar və  rədd edəcəklərini bildiyi şəxslərə peyğəmbər 



göndərməsi hikmətli bir davranış deyil.

18

 



Bu etirazların  əsasını  ağlın yetərliliyi prinsipi təşkil edir. Qazı, onlara 

belə cavab verir: Peyğəmbərlər tərəfindən gətirilən təklif mövzularının əqli 

dəlillər vasitəsilə bilinməsi mümkün deyil. Təklif məsələləri ancaq Allahın 

bəyanı ilə bilinir. Bunun peyğəmbərlər vasitəsilə bildirilməsi caiz olmadığı 

təqdirdə aciz tutma və qüdrətindən şübhəyə düşmə baş verə bilər ki, bu da 

düşünülə bilməz.

19

 Bundan sonra da Qazı, cədəl vasitəsilə qarşısındakını 



ilzam etmə metodu əsasında rədd edir.  

Bundan başqa nəql, ağlın yetərli olmadığı bir çox məsələyə aydınlıq 

gətirir. Belə ki, vacibə aparan və qubhdan uzaqlaşdıran əməlin mütləq vacib 

olduğu və bunun əksinə vacibdən uzaqlaşdırıb pis əmələ aparan felin də 

qəbih xarakteri daşıdığı  ağılla təsdiq edilmiş prinsiplərdir.  Əgər bu 

doğrudursa,  əməl edildiyi zaman vaciblərin yerinə yetirilməsinə 

yaxınlaşdıran və pisliklərdən uzaqlaşdıran və bunun əksinə olan əməllər 

vardır. Məsələn,  şərab içilməsinin insanı qubha (pis əmələ) sövq etdiyi 

öyrənildiyi zaman bunun işlənməsinin qəbih fel kateqoriyasına girdiyi, 

namazın mənfəətləri, faydaları izah edildiyi zaman isə namaz qılmanın həsən 

fel statusunda qəbul edildiyi bilinir. Ağıl, məsləhət və lütf keyfiyyəti daşıyan 

                                                 

18

 Baqillani, ət-Təmhid,s. 97-107;  Şəhristani,  əl-Miləl və-n-nihəl,III, s. 96-97; Qazı 



Əbdülcabbar,  əl-Muğni fi əbvabi-t-tövhid və-l-ədl, XV, s. 109 və davamı; Qazı 

Əbdülcabbar, Şərhu-l-usuli-l-xəmsə, s. 563-564. 

19

 Qazı Əbdülcabbar, əl-Muğni fi əbvabi-t-tövhid və-l-ədl, XV, s. 140. 



Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən mülhid cərəyanlardan bərahimə və ona verilən cavablar 

75 


fellərlə bu keyfiyyətdə olmayanları bir-birindən ayıra biləcək bir istedada 

sahib deyil. Allahın bu felləri insanlara bildirməsi labüddür. Bunu bilmək isə 

ancaq bir peyğəmbər vasitəsilə mümkündür. Allahın bunu etməsi vacib olub 

etməməsi caiz deyil.

20

 

Nəqlin ağla müxalif hökmlər gətirdiyi iddiasına gəlincə, elm əldə etmə 



vasitələrinin verdiyi məlumatlar zidd ola bilməz. Peyğəmbərlər ağılda 

müəyyən olunmuş  əsas prinsiplərin və icmali məlumatların təfsilatını  və 

təfərrüatlarını gətirmişlər. Ağıl  bütün məlumatları tam, əskiksiz və təfərrüatı 

ilə birlikdə əhatə etmir. Çünki məlumatlar sonsuzdur. Ağılda yalnız ümumi 

məlumatlar,  əsaslar mövcuddur. Beləliklə  nəql, ağla zidd məlumatlar 

gətirmir. Məsələn məsləhətin vacibliyi və  məfsədətin qəbihliyi ağılda təyin 

edilmişdir. Ancaq hansı  əməllərin məsləhət, hansı  əməllərin məfsədət 

olduğunu bir-bir ağıl vasitəsilə bilmək mümkün deyil.  Allah Taala insanlara 

bu fellərin statusunu bildirmələri üçün peyğəmbərlər göndərmişdir. Bundan 

başqa ağlın,  əmanətin verilməsinin, nemətə  şükr etmənin və insafın 

yaxşılığını, zülmün və yalanın pisliyini bilməsi mümkündür. Ancaq namazın 

pislikdən uzaqlaşdırdığını, şərab içmənin düşmənliyi və azğınlığı artırdığını 

bilməsi mümkün deyil. Namaz, oruc, həcc və zəkat kimi ibadətlərin şərtləri 

və rüknləri olmadan yerinə yetirilməsi ibadət sayılmaz. Bu kimi halları 

bilmək üçün də  ağıl yetərli deyil. O zaman Allahın bunları bizə öyrədəcək 

birini göndərməsi labüddür. Beləcə ibadətlərin və onların  şərt, zaman və 

məkanlarının ağılla bilinməyəcəyinə görə  nəqli dəlilə ehtiyac vardır. Buna 

görə də bisət (peyğəmbər göndərmə) həsən qəbul edilir.

21

 Başqa bir ifadə ilə 



taabudi məsələlərdə nəql hakimdir və ağıl bu məsələlərin təfərrüatı haqqında 

məlumat mənbəyi deyil. 

Bir felin fayda və ya zərərinin həm ağıl, həm də nəql yolu ilə (iki fərqli 

yolla) bilinməsi, hər birinin ayrı bir bilinmə yolu olmadığına dəlalət etməz. 

                                                 

20

 Qazı Əbdülcabbar, , Şərhu-l-usuli-l-xəmsə, s. 564; e. mlf., əl-Müxtəsər fi usuli-d-



din, s. 236. 

21

 Qazı  Əbdülcabbar,  əl-Muğni fi əbvabi-t-tövhid və-l-ədl, XV, s. 31, 111; e. mlf., 



Şərhu-l-usuli-l-xəmsə, s. 564-565. 

 Dr. Adilə TAHİROVA 

76 


Həm də  əməllərdəki həsən və  qəbih olma yönlərinin heç bir zaman 

dəyişmədiyini söyləmək mümkün deyil.

22

 

Qazı, küfr edəcəyi bilinən birinə təklifin yüklənməsinin salah olmadığını 



iddia edənlərə belə cavab verir: Allahdan gələn təklifin mükəlləfin qəbulu ilə 

nemət olması caiz deyil. Bu, Allahın bəndənin iman etməsinə bağlı olaraq 

nemət verici olduğu şəklində caiz olmayan nəticəyə götürər. Bundan başqa 

insanın seçim qabiliyyətini (iradə azadlığını) də unutmaq olmaz.

23

  

Bərahimənin namaz, həcc və s. ibadətlərin hamısının qəbih olması 



iddiasına gəldikdə bu, uzaq bir ehtimaldır. Çünki mücərrəd felin qəbih və ya 

həsən olduğuna hökm etmək mümkün deyil. Məsələn qiyamın

24

 (ayaq üstə 



durmaq) pis olub olmadığı sualına cavab vermək mümkün deyil. Burada bir 

məqsəd əldə edilirsə və qubh cəhətlərdən uzaqdırsa o fel həsəndir. Möcüzə 

vasitəsilə doğrulanmış rəsulun sözü ilə bu fellərdə insanlar üçün məsləhət və 

lütf olduğu bilinir. Bundan başqa qiyam (ayaq üstə durmaq) bir çox hallarda 

yaxşı hesab edilir. Məsələn, o hörmət və ya başqa bir məqsəd ehtiva edərsə 

yaxşıdır. Oturma, ruku (əyilmə), yerimə, təvaf (Kəbənin ətrafını dolanmaq) 

və s. də belədir. Qiyam, quud (oturma), ruku, səcdə, yerimə, qaçma, təvaf, 

daş atma və s. hərəkətlər bu dünyaya aid mənfəətləri təmin etmə, zərərləri 

dəf etmə xüsusiyyətlərinə görə  həsən olaraq xarakterizə edilirsə, dini 

mənfəətlər təmin etdiyi üçün həsən keyfiyyəti daşıması mümkündür. Nəql 

vasitəsilə bu hərəkətlərin dində  zərərdən uzaqlaşdırma və  mənfəət təmin 

etmə kimi yönlərinin olduğu bilinir. Əgər qısa və keçici mənfəətlər gətirdiyi 

və yenə  qısa, keçici zərərləri dəf etdiyi üçün bəzi  əməllər həsən qəbul 

edilirsə o zaman əbədi və daimi zərərləri dəf etdiyi üçün və daimi faydaları 

təmin etdiyi üçün ibadətlərin həsən qəbul edilməsi daha gərəklidir.  Qiyam, 

quud, ruku, səcdə, yerimə, qaçma, təvaf, daş atma və s. hərəkətlər  bu 

nəticəyə apardığı üçün həsəndir.

25

 



                                                 

22

  İlyas Çelebi, İslam inanç sisteminde akılcılık ve Kadı Abdulcebbar, Rağbet 



yayınları, İstanbul 2002, s. 314-315; Qazı Əbdülcabbar, Şərhu-l-usuli-l-xəmsə, s. 

565-567. 

23

 Qazı Əbdülcabbar, əl-Muğni, XV, 138-141; e. mlf., əl-Müxtəsər fi usuli-d-din, s. 



229-230. 

24

 Qiyam, quud, ruku, səcdə, təvaf və s. terminlər olub İslamdakı ibadətlərlə (namaz, 



həcc) əlaqəli istifadə edilən terminlərdir.  

25

 Qazı Əbdülcabbar, əl-Muğni, XV, 117-124. 



Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən mülhid cərəyanlardan bərahimə və ona verilən cavablar 

77 


Peyğəmbərlik sisteminin faktiki olaraq reallaşması, yəni ilk insan olan 

həzrət Adəmdən etibarən həzrət Muhəmmədə (s.a.s.) qədər bir çox 

peyğəmbərin göndərilməsi də peyğəmbərlər təbəqəsinin varlığını isbat etmək 

üçün kifayətdir. Bu nöqtə  də klassik dövr alimlərinin peyğəmbərliyi 

əsaslandırmasında vurğulanmışdır. 

Qazı  Əbdülcabbarın nübüvvət  əleyhdarı qruplara qarşı  rəddiyyələrini 

əsasən bu punktlarda ifadə etmək mümkündür: 

1.

 



Ağıllı bir şəxsin aləmi yaradaraq insanı varlıq sahəsinə  çıxaran və 

sonra da heç bir müdaxilə, kömək və nizamlama etmədən hər  şeyi başlı-

başına tərk edən bir tanrı fikrini qəbul etməsi çətindir. 

2.

 



Əşya və ehkamı bilmək üçün iki yolun-ağıl və  vəhyin- olması onlar 

arasında ziddiyyətin olmasını lazım gətirməz.  

3.

 

Ağlın, peyğəmbərlərin gətirdiklərinə ehtiyacı olmadığı fikri doğru 



deyil. Peyğəmbərlərin gətirdikləri məsələlər ağılda ümumi olaraq müəyyən 

olunmuş prinsiplərin açıqlanmasıdır. Məsələn, məsləhətin vacib, zərərin pis 

olduğu prinsipi ağılda təyin edilmişdir. Ancaq nəyin məsləhət, nəyin isə 

məfsədət olduğunun təyini üçün yalnız ağıl yetərli deyil. 

Şəriətin gətirdiyi hər şeyin ağla görə qəbih olduğu iddiası doğru deyildir. 

Qazı Əbdülcabbar, oruc tutma, Kəbə ətrafında təvaf, namaz qılma kimi şəri 

əməllərə hikmət baxımından nəzər saldıqda bu fellərin bəzi məqsədlərə 

xidmət etdiyini əqli cəhətdən anlamanın mümkün olduğunu sübut edir. 

Beləcə heç bir şey boş və səbəbsiz deyil.

26

 



Bərahimə ilə mükalimədə istinad ediləcək ən güclü nöqtə peyğəmbərlər 

göndərmənin lütf olduğudur. Qazı, bəndələrə olan məsləhətin yalnız təklif 

mövzularının bildirilməsi ilə tamamlandığını ifadə edərək bisətin gərəkli 

olduğunu bildirir.

27

 Qazı  Əbdülcabbara görə, ağlın hüsn və qubhu 



bilməyəcəyini,  əmr və  nəhyin ancaq peyğəmbərlə bilinməsinin mümkün 

olduğunu söyləyən  Əşərilər, peyğəmbər göndərməyi bir lütf olmaqdan 

çıxararaq hikmət aranmayan imani bir məsələ halına gətirmişlər.

28

 Halbuki 



nübüvvət məsələsi ilahi ədalət və hikmətlə yaxından əlaqəsi olan və ağıl ilə 

                                                 

26

  Əbdülkərim Osman, Nazariyyətu-t-təklif (Ərau-l-Qadı  Əbdulcabbar  əl-kəlamiy-



yə), Beyrut 1971, I cild, s. 94. 

27

 Qazı Əbdülcabbar, əl-Muğni, XV, 21-26. 



28

 Qazı Əbdülcabbar, əl-Muğni, XV, 97. 



 Dr. Adilə TAHİROVA 

78 


əsaslandırıla biləcək bir məsələdir. Çünki ağıl, yeni biliklər ortaya qoya bilsə 

də bu gücü mükəmməl və sonsuz deyil. Məhdud ömrü və elmi ilə insanın 

həyatda qarşılaşdığı bütün problemlərini həll etməsi, varlıq və hadisələrə 

rasional izahlar verməsi çox çətindir. Bu baxımdan da peyğəmbərlər 

vasitəsilə insanlığa gələn məlumatlar bir rəhmət və lütfdür. Bir çox istedad 

və üstün keyfiyyətlərə sahib olan insanın eyni zamanda zəif iradəli, yalan 

danışma, pislik etmə kimi mənfi xüsusiyyətlərə də meylli insanı xeyirli işlər 

görməyə çağıran, doğru yolu göstərən rəhbərlərə-peyğəmbərlərə ehtiyacı 

vardır.  

Bundan başqa vəhyin verdiyi məlumatlardan bəzisini ağılla  əldə etmək 

mümkün olsa belə, ağılla bunu əldə etmək uzun zaman alacağına görə 

vəhyin bildirməsi asanlıq gətirir. Çünki ağıl hər kəsdə eyni səviyyədə 

olmayıb bu məlumatları  əldə etmək qabiliyyətinə hamı malik deyil. Ağıl 

Allahın varlığını bilmə imkanına sahib olsa da ilahi sifətlər, Allah-insan, 

Allah-kainat münasibəti kimi uluhiyyətə dair məsələlərdə dəqiq məlumatlar 

verə bilməz. Eyni zamanda ibadət mövzularını, axirət aləminin varlığını 

bilməyə  də qadir deyil. Nəticə etibarilə  ağıl və  vəhyin özünə  məxsus 

sahələrinin olduğu unudulmamalıdır. Kainat və bu dünyanın həqiqətlərinə 

ağılla çatmaq mümkün olsa da, metafizik aləm haqqında məlumat ancaq 

vəhylə əldə edilir. 

Peyğəmbərliyi inkar edənlər və onlara verilən cavablardan başqa mövzu 

ilə  əlaqəli bir məsələ  də  həzrət Peyğəmbərin peyğəmbərlərin sonuncusu 

olduğu və ondan sonra rəsul və ya nəbi vəsfini daşıyan hər hansı bir 

peyğəmbərin gəlməyəcəyi prinsipidir. Qurani-Kərimdə  həzrət Peyğəmbərin 

Allahın rəsulu və peyğəmbərlərin sonuncusu olduğu açıq bir şəkildə ifadə 

edilmişdir. “Nəbilərin sonuncusu” kimi xarakterizə edilməsinin səbəbi kimi 

rəsul adının mələklər üçün də istifadə edilməsidir. Mələklər Allahın rəsulları 

olmağa davam etdikləri üçün rəsulların sonuncusu kimi bir ifadə doğru 

olmazdı. Buna görə  nəbilərin sona çatdığı, ancaq Allahın insanlardan rəsul 

göndərməyə davam edəcəyi şəklində müxtəlif qruplar tərəfindən irəli sürülən 

iddialar mənasızdır. Hədislər də həzrət Muhəmmədin (s.a.s.) son peyğəmbər 

olduğunu açıq ifadələrlə bildirmişdir.

29

 Onun gətirdiyi vəhy Allahdan gələn 



                                                 

29

 Bekir Topaloğlu, Yusuf Şevki Yavuz, İlyas Çelebi, İslamda inanç esasları, 



Mərmərə Universiteti İlahiyyat fakultəsi yayınları, İstanbul 1999, s. 206. 

Qazı Əbdülcabbarın əsərlərinin işığında nübüvvəti rədd edən mülhid cərəyanlardan bərahimə və ona verilən cavablar 

79 


orijinal şəkliylə, təhrifə uğramadan, olduğu kimi əsrlərdən keçərək günümü-

zə qədər gəlmişdir. Tarixdə də peyğəmbərlik iddiası ilə ortaya çıxanlar ciddi 

qəbul edilməmiş və heç bir şəkildə iddialarını isbat edə bilməmişlər. Tarixdə 

saxta, yalançı peyğəmbər adından başqa bir ad qazanmamışlar. 

Nəticə olaraq Qazı  Əbdülcabbar, nübüvvətin zəruriliyini  əsasən  ədalət, 

lütf, prinsipləri, məsləhət (salah), hikmət nəzəriyyələri və  ağlın məlumat 

verə bilmədiyi mövzulara aydınlıq gətirməsi ilə  əsaslandırır. O, pey-

ğəmbərliyi qəbul etməyən və ya İslamın gətirdiyi nübüvvət anlayışına uyğun 

gəlməyən fikirlər səsləndirən şəxs və cərəyanlara qarşı əsərlərində cavablar 

yazmışdır. Bütün bunlar Qazı  Əbdülcabbarın da digər müsəlman alimlər 

kimi öz dövrünün aktual problemlərinə  də biganə qalmadığını göstərir. 

Kəlam elminin vəzifələrindən biri də  hər dövrdə  İslamın gətirdiyi  əqidə 

əsaslarını qorumaq, bu əsaslara uyğun olmayan fikirləri cavablandırmaqdır. 

Bunun üçün də bizə  işıq tutacaq və istifadə edəcəyimiz  ən  əsas mənbə 

Quranın ruhu və bizim üçün hər zaman nümunə olan Peyğəmbərin 

davranışları qalmaqla birlikdə dəyişməz olan əqidə əsaslarını -məsaili- isbat 

etməyə və onlara uyğun olmayan fikirləri cavablandırmağa yarayacaq bütün 

elmlərin verdiyi məlumatlardan istifadə edilə bilər. Bu, kəlam elminin vəsail 

deyilən və dövrlərə görə dəyişə bilən qismini təşkil edir. 

1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə