ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1



Yüklə 2,08 Mb.
səhifə10/21
tarix28.04.2017
ölçüsü2,08 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

"Mantiana" adı ilə bağlı bir məsələ də araşdırılmalıdır. Strabon yazır ki, Mantiana "göy" mənasındadır. Bu məlumatın özü də "Mantiana" adının Mitanni dövlətinin adı ilə heç bir bağlılığa malik olmadığını göstərir. Lakin Qədim Şərq dillərində "göy" mənasında mantiana sözü yoxdur. Bizcə, Strabonun bu məlumatında onun istifadə etdiyi bir mənbədə gölün həm də "Göy" adlanması (Kapavta adı), digər mənbədə gölün Mantiana adlanması məlumatları  birləşdirilmişdir.

Urmiya. Gölün "Urmiya" adı ilk dəfə X əsr ərəb coğrafiyaşünaslarından Əl Müqəddəsinin (12, 134) və İbn Havqəlin (12, 111) əsərlərində çəkilir. Lakin gölün bu Adı, şübhəsiz, göstərilən əsrlərdən əvvəl də mövcud olmuşdur. Bu, iki faktla sübut edilə bilər. Birinci, gölün adındakı "miya" komponenti ilə gölün eradan əvvəl I minilliyin əvvəllərinə aid Zamua (Çaymua) adındakı mua  -"su", "göl" sözü eynidir; ikinci, Manna ərazisində er. əv.VII əsrdə gölün yaxınlığındakı bir şəhərin adı qədim mənbələrdə Urmayate idi və şübhəsiz, şəhər "Urmiya" kölünün adı ilə adlanırdı. X əsr ərəb müəllifi İbn Havqəl yazır ki, Urmiya şəhəri göldən 2 fərsəh aralıdadır (12, 111). Müəllif bunu da qeyd edir ki, maqların dediklərinə görə, Zərdüşt bu şəhərdə doğulmuşdur (12, 111). "Urmiya" adı Sibirin və Altayın Altay-dil ailəsinə mənsub xalqlarının dillərindəki  ur  - "yüksəklik" (151, tom I), "bir dağ silsiləsinə aid yüksəkliklər" (151a, 74) və yuxarıda haqqında danışdığımız Zamua (Çaymua) adında olduğu kimi, mua - "su", "göl" sözlərindən ibarətdir. Həqiqətdə də Urmiya gölü dəniz səviyyəsindən 1275 m. yüksəklikdə yerləşir. Deməli, "Urmiya" hidronimi "yüksəklikdə su (göl)" mənasındadır.

Şor. X əsr ərəb coğrafiyaşünası Əl İstəxri Urmiya gölünün Şor ("buxarat ət-Şurat") adlandığını yazmışdır (12, 88). Bəzi tədqiqatçıların bu adı "yeretiklərin gölü" kimi izah etmələri (Караулов Н.А. Сведения арабских писателей о Кавказе, Армении  и Азербайджане. I. Ал Истакрий. СМОМПК, вып.29, T. 1901, s.5.) uydurmadır. Şor gölün bir adıdır. Həqiqətdə də Urmiya gölü həddindən artıq duzludur, ona görə də onun suyunda heç bir canlı yaşamır. Bunu hələ ərəb coğrafiyaşünasları qeyd etmişlər. İbn Havqəl yazır ki, Urmiya gölü o qədər duzludur ki, onda nə balıq, nə də başqa heyvan yaşamır (12, 111). XIV əsr müəllifi Həmdullah Qəzvini də bu gölün Şora adlandığını yazmışdır.

Aqi. XI əsrə aid ermənicə mənbədə Urmiya gölü "Aqi dənizi" adlandırılır (110). Mənbəni erməni dilindən rus dilinə çevirən erməni tarixçisi bu adın qədim ermənicə olduğunu yazmışdır (110, 221). Bu, erməni tədqiqatçılarının tarixi həqiqətləri uydurmalarla əvəz etmələrinə yaxşı nümunə sayıla bilər. Əslində gölün bu adı qədim türk dillərindəki aqu - "acı" (93, 24)  (Azərbaycan dilində "acı" sözünün özü qədim türk dillərindəki "aqu" sözünün fonetik formasıdır) sözündən ibarətdir. Həqiqətdə Urmiya gölünün suyu, yuxarıda dediyimiz kimi, hədsiz dərəcədə duzlu olduğuna görə acı dada malikdir.

Tilə. Erkən orta əsrlərdə Urmiya gölü həm də gölün ortasındakı Tilə adasının adı ilə Tilə adlanmışdır. XIII əsr ərəb coğrafiyaşünası Yaqut Həməvi bu adı Tela kimi yazmışdır. Deməli, göl oradakı adanın adı ilə adlanmışdır. Tilə adasının adı qədim türk dillərindəki tilqə - "quru hissə", "zolaq", "torpaq sahəsi" (93, 560) sözünün zaman keçdikcə fonetik dəyişikliyə məruz qalmış formasıdır. Ehtimal ki, tilqə sözündəki "q" səsi danışıqda "y" səsinə çevrilmiş və sonra da düşmüşdür. Müqayisə üçün deyək ki, Xəzərin içərisindəki  Pirallahı adasının adını da I əsr antik müəllifi Pomponi Mela Talqe kimi yazmışdır. Həm Xəzərdə, həm Urmiya gölündə iri adanın Talqe və Tilə (əsli Tilqə) adlanması Azərbaycan ərazisində türk mənşəli etnosların tarixi baxımından çox qiymətli faktdır.

Urmiya gölünün mövcud olmuş adları barədə yuxarıda dediklərimiz mannalıların qədim türk mənşəli olmaları haqqındakı konsepsiyamızın doğruluğunu təsdiqləyən dayaqlardan biridir.

Deyilənlərdən aşağıdakı nəticə alınır:

1. Urmiya gölünün "Zamua" (Çaymua), "Çayeçasu", "Mantiana" və "Urmiya" adlarında əksini tapmış mu - "su" və tu - "göl" sözləri Ural-Altay dil ailəsinin mövcud olduğunu göstərir.

2. Urmiya gölünün ətrafında və ona qonşu bölgələrdə yaşamış tayfalar bu dil ailəsinin Altay və fin-uqor dillərinə ayrılmasından qabaqkı pradildə danışan etnoslar idilər.

Beləliklə, yuxarıda deyilənlərdən aydın olur ki, er.əv. 881-ci ildən başlayaraq Urmiya gölünün bütün mövcud adları qədim türkcədir. Urmiya gölünün ətrafında eradan əvvəlki minillikdə yaşamış əhalinin hurri, yaxud elam mənşəli olduğunu, türklərin oraya yalnız XI-XII əsrlərdən sonra gəldiyini iddia edən xarici tədqiqatçıların və onların dediklərini təkrar edən bəzi Azərbaycan tarixçilərinin qədim etnik tariximizi nə günə qoyduqları oxucuya aydın oldu.

Manna və Maday (Midiya) ərazisində er. əv. I minilliyin I yarısına, yəni Manna və Maday dövlətlərinin mövcud olduğu əsrlərə aid yer və şəxs adlarının, demək olar, hamısı Altay-türk mənşəlidir. Bu barədə yazıldığına görə (bax: 13) təkrar etməyə ehtiyac yoxdur. Ona görə də mannalıların və madaylıların qədim türk mənşəli etnoslar olduğuna şübhə yeri qalmır. Bu etnosların varisləri er. əv. IV əsrdən antik mənbələrdə atropatenalılar adı ilə tarix səhnəsinə çıxırlar. Rus tarixçiləri və Azərbaycanda İqrar Əliyev madayları və  atropatenalıları - deməli azərbaycanlıların cənubda birbaşa ulu əcdadlarını fars mənşəli sayırlar (bax: 49 və 49 a). Bu fikri erkən orta əsrlərdə Atropatena (Cənubi Azərbaycan) ərazisindəki yer və şəxs adlarının qədim türkcə olması təkzib edir. Bu barədə yazılmışdır (bax: 13). Lakin bir neçə faktı oxucunun nəzərinə çatdıraq.

Antik müəlliflər er.əv. IV əsrdən sonra Cənubi Azərbaycan ərazisində yaranmış Atropatena dövlətinin ərazisində bir şəhərin adını Fraata kimi yazırlar. IX əsrə aid ərəb coğrafiyaçısı Bəlazuri isə onu Afrahrud kimi qeyd edir. Afrahrud  Fraata (əslində Fraatay) adının sonundakı tay  -"çay" (qədim türk dillərində ç-t əvəzlənməsinə görə "çay"  sözünün "tay" forması da vardır, məsələn, Tatarıstanda Aktay və Karatay adlı çaylar mövcuddur) sözünün farsca rud - "çay" sözü ilə əvəz edilməsidir. Həmin çay indi Urmiya gölünə tökülən Sofiçaydır, Fraata şəhəri də bu gölün sahilində yerləşirdi. Belə nəticə alınır ki, indiki Sofiçay eradan əvvəl Fraatay adını daşımışdır, şəhər isə çayın adı ilə adlanmışdır. Antik müəllifin Fraata kimi yazdığı ad isə Abratay, yəni Abraçay adının təhrifidir. Abratay qədim türk dillərindəki abra - "xeyir verən" və tay - "çay" sözlərindən ibarətdir. Aşağıda biz Fərat çayının və Arpaçayın adlarında "abra" sözünün iştirak etdiyini deyəcəyik.

Cənubi Azərbaycan ərazisində er. əvvəlki minilliklərdə əhalinin hurri dilli, sonra İran dilli və nəhayət, yalnız XI-XII əsrlərdən sonra türk dilli olduğunu söyləyən İqrar Əliyev nədənsə bu sualı cavabsız qoyur: bəs nəyə görə Urmiya gölünün adları içərisində hurri mənşəli ad yoxdur?

Cənubi Azərbaycanda türk dillilərin  er. əv. minilliklərdə və eramızın I minilliyində yaşadıqlarını göstərən başqa toponimlər (dağ, qala, çay) və şəxs adları (hökmdar, sərkərdə və s.) da vardır. Qabaqkı əsərlərimizdə (xüsusilə, bax: 13) bu barədə ətraflı məlumat verildiyinə görə burada təkrara ehtiyac yoxdur. Lakin Bəzz qalası adının mənşəyi barədə danışmağa dəyər.

IX-XIII əsr ərəb coğrafiyaçılarının əsərlərində Cənubi Azərbaycan ərazisində Cavidanın (807-816-cı illər) və Babəkin (816-837-ci illər) başçılığı altında ərəb işğalına qarşı mübarizə illərində xürrəmilərə məxsus şəhərin (ərəb müəllifi Yəqubinin “Bəzz şəhərində yaşayan azərilər” ifadəsi göstərir ki,  Bəzz həm də şəhər idi - bax: Səid Nəfisi, Babək. Bakı, 1990, s. 22) və qalanın adı Bəzz kimi yazılmışdır. Qalanın xarabalıqları Cənubi Azərbaycanın Qaradağ mahalında (Səid Nəfisiyə görə Savalan dağının şimal hissəsində - bax: Səid Nəfisi, göst. əsəri, s. 26), Ərdəbildən 145-147 km. uzaqlıqda, Kəleybər qəsəbəsindən 3 km. qərbdə З. М. Буниятов. О локализации города - крепости Базз. Известия АН Азерб. ССР, серия общественных наук, 1959, ¹5 yerləşir. Lakin tariximizin siyasi hadisələrlə dolğun dövrlərindən biri ilə bağlı bu qala adının dil mənsubiyyəti  və mənası indiyədək aydınlaşdırılmamışdır. Araşdırmamız göstərmişdir ki, qalanın adı türk dillərində “baz” - “dağ çökəkliyi” (В.В.Радлов. Эюст. лцьяти, том IV, часть 2, с. 1541) sözündəndir.

Qədim türk dillərində “yarğanlı yer” mənasında bazğan sözü də vardır (93, 89) ki,  bu da  “baz”  sözündən və "-ğan" şəkilçisindən ibarətdir. Adlarında “baz” sözünün iştirak etdiyi dağların (bax: aşağıda) zirvələri həqiqətdə də yarğanlıq və çökəklikdir. Belə nəticə alınır ki, Bəzz əvvəlcə dağın adı olmuş (XIII əsr müəllifi Yaqut Həməvinin “Bəzz bir dağdır” ifadəsi bu fikri təsdiqləyir), sonra dağın adı orada tikilmiş şəhərin və qalanın adına  çevrilmişdir.



Türk dillərində  “baz”  sözü buryat və monqol dillərində bayz, bays və bayts “dik qaya”, “sıldırımlı dağ”, “ətəyində, dar dərədə çay axan sıldırım qayalıq” (bax бах: 126, 65; Кузмина Г.Г. Словарь географических названиях. М., 1969, с. 13) sözləri ilə mənşəcə eynidir. Əgər bu belədirsə, onda  “baz”  sözünün Altay-dil ailəsinə mənsub olması nəticəsinə gəlmək olar. Tədqiqatçılara görə qədimdə türk dillərindən şərqi slavyanların dillərinə keçmiş bu söz "bevz" formasında Ukrayna dilinin dialektlərində “dağın sıldırım hissəsi”, “uçurum”, “yarğanın, yamaclı dağın dərin, qaranlıq dərəsi” mənalarında qalmaqdadır (126, 77).

Azərbaycan dilində və onun dialektlərində  relyef formasını bildirən  “baz”  sözü yoxdur. Lakin Azərbaycanda və Ermənistanda  “baz”  sözündən və onun təhrif formalarından düzəlmiş çoxlu dağ adları (bax: aşağıda), xüsusilə,  Şamaxı r-nun ərazisindəki Dostubazı və Osmanbazı oronimləri göstərir ki, dilimizdə bu söz qədimdə  işlənmiş, sonra arxaikləşərək danışıqdan çıxmışdır. Bunu  “baz”  sözünün bas, bəz, biz, buz və vas, vaz, veys formalarında Azərbaycanda (əsas etibarilə  Naxçıvan MR ərazisində) və Ermənistanda (Dərə Ələyəz, Göycə və Zəngəzur bölgələrində ) bir sıra dağ adlarında  və onlarla bağlı kənd adlarında əksini tapması aydın göstərir.  “baz”  sözünün dağ adlarında bu fonetik (təhrif) formalar onun müxtəlif tarixi dövrlərdə Azərbaycan dilinin dialektlərinə və şivələrinə uyğun olaraq tələffüzü ilə əlaqədardır. Belə oronimlərə Avaz (Tovuz r-nunda dağ adı, ehtimal ki, əvvəlcə Ağvaz kimi səslənmiş, oronimdə danışıqda “ğ” səsi “y” səsinə keçmiş və sonra da düşmüşdür; Ağvaz  “ağımtıl süxurlu baz” mənasındadır), Ağbiz (Zəngilan r-nunda dağ və onunla əlaqədar ad; rəng bildirən “ağ” və danışıqda təhrifə uğramış “baz” sözlərindən), Betevaz (Culfa r-nunda dağ adı; türk dillərində  bət - “dağ yamacı”, “dağın gün düşən tərəfi” - V.V. Radlov. Göst. lüğəti. IV c., 2-ci hissə, s.1617  və  “baz”  sözlərindən), Veysdağı (Göycə bölgəsində dağ adı; Bazdağ oroniminin danışıqda təhrifi -  onun  “baz”  hissəsinin tanış ərəb mənşəli  Veys şəxs adına  uyğunlaşdırılması), Qındıvaz (Ermənistanın Sisyan r-nundakı dağın və onunla əlaqədar kəndin adı; fars dilindəki  kund - “təpə” və  “baz”  sözlərindən), Dostubazı (Şamaxı r-nundakı dağ adı, əsli Tuztubazı, yəni Duzlubazı; türk dillərindəki tuz, duz sözü həm məişətdə işlədilən duz, həm də duzlaq, şoran yer mənalarında olduğuna görə Duzdubazı, yəni Duzlubazı adından təhrifdir; Qazaxıstanda Tuz-Bair dağ adı ilə - bax: 108 - müqayisə oluna bilər), İgnəvaz (Ermənistanda Dərə Ələyəz bölgəsində dağ adı; türk dillərindəki eqin - “təpə” - bax: 126, 637 və  “baz”  sözlərindən), Ədəbaz (Dərə Ələyəz bölgəsində dağ və yaylaq adı; türk dillərindəki ada - "düzən yerdə yerləşən təpə" və  “baz”  sözlərindən), Əlkəvaz (Göycə bölgəsində dağ adı; türk dillərindəki alqa -“dağın gün düşən tərəfi” - bax: 126, 47 və  “baz”  sözlərindən), Kivaz (Ermənistanın Sisyan r-nunda dağ adı; fars dilindəki kuh - “dağ” və “baz” sözlərindən), Lehvaz (Ermənistanın Meğri r-nunda dağın və onunla əlaqədar kəndin adı; fars dilindəki ləb - “dodaq”, məcazi mənada “dağ çıxıntısı” və  “baz”  sözlərindən),  Mavaz (Dağlıq Qarabağda dağın və onunla əlaqədar kəndin adı; ehtimal ki, qədim türk dillərində körpə uşaqlara himayədarlıq edən Umay ilahəsinin adından və  “baz”  sözlərindən; həqiqətdə də Mavaz dağının zirvəsində keçmişdə körpələr xəstələndikdə ziyarət olunmuş pir vardı), Nəsirvaz (Ordubad r-nunda dağın və onunla əlaqədar kəndin adı; ərəb dilində nəsr “yazı” və “baz” sözlərindən; həqiqətdə də dağdakı qayalarda yazıya oxşar qaya rəsmləri vardır), Osmanbazı (Şamaxı r-nunda dağ adı; türk dillərindəki öz - “çayın, yaxud dərənin ağzı", yaman - “çətin” və  “baz”  sözlərindən; oronimin Osman şəxs adından ibarət olması fikri səhvdir;  Buryatiyada Yaman-Bayz dağ adı ilə müqayisə oluna bilər), Paiz (Babək r-nunda yarğanlı Paiztəpə adlı təpənin və onunla əlaqədar kəndin Adı - Paiz toponimi “baz” adının danışıqda təhrifidir), Sərvəztəpə (Goranboy r-nunda qayalı təpənin adı; əsli Salvaztəpə; türk dillərindəki, həmçinin, Azərbaycan dilindəki  sal - “hamar daş, qaya” və  “baz”  sözlərindən), Teyvaz (Culfa r-nundakı dağın və onunla əlaqədar kəndin adı; türk dillərindəki tey - “təpə”-   126, 548 və  “baz”  sözlərindən), Uybaz (Ordubad r-nunda dağın adı; türk dillərindəki oy - “aşırım” - 126, 408  və  “baz”  sözlərindən), Çirvaz (Şərur r-nunda dağın adı; türk dillərindəki çirə - “çətin keçilən kolluq" - 126, 607 və  “baz”  sözlərindən), Canbaz “Dağlıq Qarabağda dağın adı; türk dillərindəki çanq, çınq - “alınmaz dağ”, “sıldırım dağ yamacı”, “sıldırım zirvə” - Radlov V.V., Göst. lüğəti, Ş. 2, 2116  və  “baz”  sözlərindən), Şahbuz (Şahbuz r-nunda üstündə qədim ziyarətgah olan dağın və onunla əlaqədar məntəqənin adı; fars dilindəki  şəx - “dağ beli” - Б.В.Миллер. Персидско-русской словарь. М., 1953, с.  308 və  “baz”  sözünün təhrifi olan "buz" sözlərindən), Şixavuz (Ermənistanın Sisyan r-nunda dağın və onunla əlaqədar kəndin adı; fars dilindəki şəx - “dağ beli” və  “baz”  sözünün təhrifi olan "vuz" sözlərindən) və başqalarını göstərmək olar.

Göründüyü kimi,  “baz”  sözü bu dağ adlarının ikinci hissələrini təşkil edir. Lakin Buzqov (Babək r-nundakı dağın və onunla əlaqədar kəndin adı; türk dilləri üçün səciyyəvi a-u əvəzlənməsinə görə və  “baz”  - farsca kuh “dağ” sözlərindən), Bızqov (Dəvəçi r-nunda dağ adı; əsli - Bazqov; Azərbaycan dilindən tat dilinə  keçmiş  “baz”  və tat dilində ku  -“dağ” sözlərindən), Piaz (Ordubad r-nunda dağın adı; əsli Bazbaşı, yəni zirvəsi “baz” olan dağ), Pəzməri (Ordubad r-nunda təpənin və onunla əlaqədar kəndin adı; “baz” sözünün təhrifi olan pəz və türk dillərindəki  mora - “otlaq”, “örüş yeri” sözlərindən), Baskuma (Quba r-nunda dağın adı; baz və kum, qum sözlərindən ibarət olub “qumlu baz” mənasındadır), Paz-Mahmud (Zaqatala r-nunda dağın adı; yerli əhali içərisində  Pas-Mahmud kimi tələffüz olunur,  “baz”  sözündən və Mahmud şəxs adından), Buzovdağ (Şamxor r-nunda dağın adı; ehtimal ki, Bazyat adının təhrifidir; türk dillərindəki   baz  və yap - “yüksəlmək”, “təpə” sözlərindən) bu söz əvvəldə durur.

Cənubi Azərbaycanın Qaradağ mahalında (yuxarıda deyildiyi kimi, Bəzz qalası da bu bölgədə yerləşir) Dairbazı, yaxud Darvaptəpə (Suriya dilində dair “məbəd”, “monastır” və “baz” sözlərindən; Culfa r-nunda Darıdağ oronimi də məhz dair “məbəd” və dağ sözlərindən ibarətdir; həqiqətdə də Darıdağda xristian məbədinin qalıqları vardır) dağ adında da “baz” sözünün vaz forması əksini tapmışdır.

Türkmənistanda da Bakibaz (S. Ataniyazov. Göst. lüğəti, s. 55; türk dillərində  bəku -“təpə” və baz sözlərindən) və Gögəvaz (yenə orada, s. 188; türkmən dilindəki gög - “göy” və baz sözlərindən), Buryatiyada Xara-Bays (rəng bildirən qara və bays sözlərindən), Yaman-bays (yaman - “çətin” və bays sözlərindən), dağ adları məlumdur.

Yuxarıda deyilənlər Bəzz toponiminin türk mənşəli baz - “dağ çökəgi” (dağın zirvəsinin çökəklik, yarğanlıq olması) sözündən ibarət olduğuna şübhə yeri qoymur. “Baz” sözünün danışıqda bəz formasını kəsb etməsi qanunauyğun fonetik hadisədir. Lakin toponimin sonundakı “z” səsinin qoşalaşmasının səbəbi bizə aydın deyil. Ehtimal ki, bu səsartımı o zamankı yerli əhalinin danışığında mövcud olmuşdur və ərəb coğrafiyaçıları da onu həmin formada əsərlərinə salmışlar. Bununla belə, bu səs artımının səbəbinin əlavə araşdırmaya ehtiyacı vardır.

Atropatena (Cənubi Azərbaycan) ərazisində erkən orta əsrlərdə əhalinin İran dilli olduğunu deyən tədqiqatçılarımızın fikirlərinin hamısı rus müəlliflərinin əsərlərindən götürülmüş mülahizələrdir.

Rus, erməni, gürcü və bəzi Azərbaycan tarixçiləri (İqrar Əliyev, Fəridə Məmmədova) Şimali Azərbaycan ərazisində azərbaycanlıların ulu əcdadlarının hamısını Dağıstan dilli (ləzgi dilli) sayırlar. Bu yanlış fikir barədə çox yazılmışdır (bax: 13). Həqiqətdə də Albaniya ərazisində Dağıstanla həmsərhəd bölgələrdə Dağıstan dilli tayfalar yaşayırdılar. Onlar indiki Udinlərin, avarların, saxurların, ləzgilərin, xınalıqlıların və qırızlıların əcdadları idilər. Lakin burada aparıcı rol türk dilli tayfalara məxsus idi. Alban dövlətini yaradan alban tayfası da türk dilli idi. Burada bu problemə geniş yer ayırmaq imkanımız yoxdur (bax: 13 və 79). Lakin baxışımızın doğruluğuna oxucuda şübhə yaranmaması üçün biz yalnız Albaniya ərazisində iri çay adlarının mənşəyinə qısa nəzər salacağıq.

Azərbaycan ərazisində və ona bitişik bölgələrdə hələ eradan əvvəl I minillikdə Qafqaz dilli (daha dəqiqi – Dağıstan dilli) və İran dilli tayfalarla yanaşı türk dilli tayfaların yaşaması haqqında konsepsiyamızın söykəndiyi faktlardan biri Cənubi Qafqazda iri çay adlarının qədim türk dillərində olmasıdır.

Araz. Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) və Herodot (er.əv. V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələrdə ilk dəfə bu əsrlərdə qeyd olunması heç də onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq, bu barədə tarixi mənbə yoxdur. Er.əv. VIII əsrə aid Urartu dilinə aid mənbədə (Urartu çarı I Argiştinin - er.əv. 785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir. Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər. Bu məsələyə geniş yer verməkdən imtina edərək, təkcə onu deməklə kifayətlənirik ki, Altay-dil ailəsinə mənsub tunqus-mancur dillərində mu, mue -"su" deməkdir (151, I, 548).

Araz hidroniminin mənası barədə müxtəlif fikirlər deyilmişdir. Lakin bu fikirlərin heç biri düz deyil. Erməni tarixçiləri Araz adını Urartu dili vasitəsilə izah etməyə təşəbbüs etmişlər. Məsələn, erməni tarixçilərinə görə bu ad Urartu mənbələrində indiki Ermənistan ərazisində qeyd olunan Eriaxi əyalətinin adından yaranmışdır.Lakin Eriaxi adının sonunu təşkil edən "xi" hissəsi Urartu dilində əlavə olunmuş şəkilçidirsə, "Eria" sözündən Araz (ermənicə tələffüzdə Erasx) adı necə yarana bilər? N.Y.Marr bu hidronimi qədim fars dili əsasında "ariləri qoruyan" mənasını verdiyini yazmışdır. (Марр Н.Я. Избр. работы, том V, М-Л, 1935, c.2.)Y.B.Yusifov bu adın hind-Avropa dillərində art - "su", "çay" və türk dillərindəki okus - "çay" "su" sözlərinin (Юсифов Ю.Б. Топонимы и этническая история древного Азербайджана Azərbaycan onomastikasının problemlərinə həsr olunmuş konfransın materialları. Bakı, 1987, s. 112), Ə.Ş.Haqverdiyev isə türk dillərindəki  ar - "çay", "su" və az, us, üz- "çay", "su" sözlərinin (Haqverdiyev Ə.Ş. Araz hidroniminin mənşəyinə dair. "Azərbaycan onomastikasının problemlərinə dair konfransın materialları", c.207-208.) birləşməsindən əmələ gəldiyini yazmışdır. Bu nöqteyi-nəzərlər də inandırıcı deyil. Ona görə ki, çayın adı eyni mənalı iki sözün birləşməsindən yarana bilməz. Əslində Araz hidronimi qədim türk dillərindəki ərəz, uras, oraz, uraz - "sakit", "dinc", "xeyirxah", "xeyirli" (147, I, 666-667) sözündəndir. Bu ad çayın sahillərində yaşamış tayfaların təsərrüfat həyatında müsbət rolu ilə əlaqədar olaraq yaranmışdır. Araz çayından onun hər iki sahilində yaşamış xalqlar suvarma əkinçiliyi məqsədilə tarix boyu arxlar və kanallar çəkmiş və suyunu içmişlər.

Həqiqətən də azərbaycanlılar içərisində Kürə nisbətən Araz sakit, aramlı çay sayılır. Kür "Dəli Kür", Araz isə "Xan Araz" kimi mənalandırılır. X əsr ərəb coğrafiyaşünası İbn Havqəlin Araz barədə yazdıqları yerinə düşür: "Aras çayının suyu şirin, ləzzətli və yüngüldür" (12, 111). Müqayisə üçün deyək ki, qədim Sırdərya çayına qədim türklər Sil deyirdilər, bu da qədim türk dillərində "təmiz", "yaxşı" (bu söz "Sır" formasında Sırdərya adının birinci hissəsi kimi qalmışdır) sözündəndir. Yeri gəlmişkən qeyd edək ki, Herodotun yazdığına görə  Sırdərya çayı da Araz adlanırdı. Həm Orta Asiyada, həm Cənubi Qafqazda iki çayın "Araz" adlanması antik mənbələrdə "Araz" çayları barədə məlumatların məkan koordinatlarının müəyyənləşdirilməsində dolaşıqlar əmələ gətirmişdir. Orta Asiyanın İran dilli xalqları Amudərya çayına Behrot deyirdilər. Bu ad qədim farsca beh "xoşxasiyyətli", "xeyirxah" və rot (rud) "çay" sözlərindən ibarətdir. Şərqi Türkiyə  və Naxçıvan MR ərazisindən axan Arpa çaylarının adları da heç də arpa taxıl bitkisinin adından deyil, Altay-dil ailəsinə mənsub bəzi dillərdəki abra  - "xeyir verən", "xilas edən", "firavan yaşamağa səbəb olan" sözündəndir. Göründüyü kimi, Araz çayı adının təklif etdiyimiz etimologiyası sıra təşkil edir. Qeyd etmək lazımdır ki, Ksenefont (er. əv. V əsr) Mesopotamiyada bir çayın adını Araz kimi qeyd etmişdir (Anabazis, I. IV. 19). Sırdəryaya tökülən bir çay da Arıs adlanır. Fikrimizcə,  bu çay adları da  onların həyatında məhz əkinçilik təsərrüfatının rolu ilə əlaqədar olaraq yaranmışdır.

Kür. Kür formasında bu hidronimin adını ilk dəfə Strabon (I əsr) çəkmişdir (Strabon, XI, 2). Lakin  er.əvvəl VIII əsrə aid Urartu mənbəyində Kuriaini adlı  ölkə  adı çəkilir. Tədqiqatçılar bu ölkəni Türkiyə ərazisində Çaldıran gölünün hövzəsində, Kür çayının yuxarı axınında lokalizə edir və onun Kür çayının adını əks etdirdiyini yazırlar (Мешшанинов И.А. Предположительные сведения о движении халдов в пределах Азербайджана. Известия Азербайджанского Археологического Комитета. 1926, III, c.36; Меликишвили Г.А. Урартские клинообразные надписи, с.438).  Əgər bu fikir həqiqəti əks etdirirsə, onda belə qənaətə gəlmək olar ki, Kür hidronimi er.əv. VIII əsrdə vardı.

Azərbaycanda bu adın mənası haqqında iki fikir söylənilmişdir.  A.Axundov onu Udin dilində kur - "quyu" (Axundov A. Kür sözünün etimologiyasına dair. S.M. Kirov ad. Azərbaycan Dövlət Universitetinin əsərləri", 1956, № 3.), K.H.Əliyev isə qrız dilində kur -"çay" Алиев К.Г. О названии реки Кура. "Доклады АН Азерб. ССР".  1959, № 4.) sözləri ilə bağlamışdır. Lakin araşdırmalarımız onun türk dillərindəki kür -"bol (sulu)", "qüvvətli", "sürətli", "sarsılmaz", "məğrur" (147, III, 106) sözündən ibarət olduğunu göstərmişdir (bax: 13, 189). Həqiqətdə də Cənubi Qafqazda Kür ən böyük və bol sulu çaydır. Kür etnoniminin türk  mənşəli olduğunu göstərən bir fakt da vardır. XIX əsrdə Şimali Qafqazda (Maykopda, Mozdokda və Kubanda) Kür adlı üç çay vardı (133, 149). Aydındır ki, oralarda nə Udinlər, nə də qrızlılar çay adları yarada bilməzdilər.

Alazan. İlk dəfə Strabonun əsərində çəkilən bu ad (Strabon. XI, 3, 2) indiyədək araşdırılmamışdır. Gürcü tədqiqatçıları onun mənasını gürcü dili və başqa Qafqaz dilləri vasitəsilə açmağa təşəbbüs etsələr də nəticəsiz qalmışdır. Bu hidronimin gürcücə ala -"nəm" və zani -"yer" (əslində gürcücə "zani" sözü yoxdur, "yer" mənasında "sa" sözü vardır, lakin yer adlarında bu söz yalnız əvvəldə dura bilər: Sa-Kartvelo, Sa-İnqilo və s.) sözlərindən ibarət olması fikri ((Никонов В.А. Краткий топонимический словарь. M.1966, s.18) həqiqətdən uzaqdır. Alazan türk dillərində al -"geniş sahə", "böyük düzən", "açıqlıq" (147, I, 755) və özən - "çay" (147, I, 510) sözlərindən ibarət olmaqla Alazan vadisində çayın genişliyi ilə əlaqədardır. Bütünlükdə, Alazan "geniş çay" deməkdir. Adın danışıqda "zan" formasını kəsb etmiş özən (üzən) sözü Cənubi Azərbaycan ərazisində Qızıl-Özən çayının adında da vardır. Maraqlıdır ki, Dağlıq Altayda da bir çay məhz Alözən adının fonetik forması kimi Alazan adlanır. Qeyd etmək lazımdır ki, qədim türk dillərində özən "çay" sözü Manna (Cənubi Azərbaycan) ərazisində Urimzan çayının adında er.əv. 728-ci ilə aid assur mənbəyində çəkilir.  Həmin çayı lokalizə etmək olmur. Lakin Urimzan çay adı qədim türk dillərində irim "(yay vaxtı) qurumaqda olan çayın su axan hissəsi" (126, 235)  və  özən "çay" sözlərindən ibarətdir.

Dağlıq Altayda Biy çayının qolu Kebozan, Sibirdə Oka çayının qolu Berezan, Volqaboyunda bir çay Çeremsan, Uralda bir çay Yaruozan adlanır. Qərbi Qazaxıstanda Böyük Uzen və Kiçik Uzen adlı çaylar vardır.



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə