Fənn: Maliyyə, pul tədavülü və kredit Mövzu Maliyyənin mahiyyəti. P L a n


Mövzu 10. Pulun mahiyyəti və rolu



Yüklə 1,49 Mb.
səhifə14/22
tarix28.04.2017
ölçüsü1,49 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

Mövzu 10. Pulun mahiyyəti və rolu
P l a n
1. Pulun yaranması və mahiyyəti. 2. Pulun növləri. 3. Pulun funksiyaları. 4. Bazar iqtisadiyyatında pulun rolu.

5. Pul sistemi. 6. Azərbaycan pul sisteminin inkişaf tarixi.



Ə D Ə B İ Y Y A T
1. Reyhan Əsgərova. Pul, kredit və banklar, Bakı-2007. 2. R.M.Rzayevin redaktorluğu ilə. Pul kredit və banklar, Bakı-2000.

\
1. Pulun yaranması və mahiyyəti.


Pul tarixi iqtisadi kateqoriya kimi cəmiyyətin inkişaf zəruriliyindən doğan bir məhsuldur. Pul geniş diapazonu əhatə edən və maksimum likvidlik dərəcəsinə, daha dəqiq desək əmtəə və xidmətlərə çevrilməyə malikdir. Pulun tarixi inkişafı yolunda ən başlıca elmi açıqlama ondan ibarətdir ki, o kortəbii şəkildə meydana gəlmişdir. İlk pullar – hələ maldarlıq dövründə bu işlə məşğul olan maldarlar arasında meydana gəlmişdir. Çoban tayfalarının ayrılması mal-qara ilə mübadiləyə gətirib çıxardı. Mal-qara ilə pul funksiyasının qovuşması tarixdə iz buraxmışdır. Qədimdə “öküz” adını metaldan hazırlanmış pul daşıyırdı. İkinci böyük ictimai əmək bölgüsü: - sənətin əkinçilikdən ayrılıb müstəqil sahəyə çevrilməsi mübadilənin inkişafında yeni pillə oldu və ümumi ekvivalentin təkmilləşməsinə gətirib çıxardı. Pul şəklində müxtəlif metallar; əvvəlcə mis, tunc, qurğuşun və s., daha sonra isə mübadilənin getdikcə inkişafı, dünya bazarının yaranması ilə nəcib metallar olan qızıl və gümüş kəsilməyə başlandı. Onlar daha yüksək dəyərli, təbiətinə görə yekcins olmalarına, xarici mühitin təsirinə davamlı olmalarına görə ekvivalent rolunu oynamağa qadir idilər. Məhz bu mərhələdən sonra bütün əmtəə kütləsi iki qütbə ayrıldı. Bu qütblərin birində ümumi ekvivalent rolunu oynayan xüsusi əmtəə - pul, digərində isə çoxlu miqdarda bütün başqa əmtəələr durur. Ümumiyyətlə, mübadilənin inkişafı dəyərin aşağıdakı formalarının bir-birilə əvəz olunması yolu ilə baş verirdi. 1. dəyərin sadə və təsadüfi forması. Bu forma mübadilənin ilkin mərhələsinə uyğun gəlirdi. Belə ki, bu mərhələdə mübadilə təsadüfi xarakter daşıyırdı. Bir əmtəə özünün dəyərinə uyğun gələn başqa bir əmtəə ilə dəyişdirilirdi. 2. tam və ya geniş dəyər forması əməyin ilkin bölüşdürülməsinin inkişafı ilə bağlıdır. Bununla əlaqədar mübadilə prosesi çoxlu sayda ictimai əmək mallarını əhatə etdi. Bu isə ona gətirib çıxarırdı ki, çoxlu sayda ekvivalent-əmtəənin olması hər bir əmtəənin yekun dəyərinin olmasına imkan vermirdi. 3. dəyərin ümumi forması: mübadilənin sonrakı inkişafı çoxlu sayda əmtəələrin içindən müəyyən əmtəələrin seçilib bazarda başlıca mübadilə aləti rolunu oynamasına gətirib çıxardı. 4. dəyərin pul forması isə mübadilənin növbəti inkişafı ilə bağlı olaraq, əmtəələrin içindən bir əmtəənin seçilib ümumi ekvivalent rolunu oynaması ilə bağlıdır. Bu rol getdikcə nəcib metalların üstündə möhkəmləşməyə başladı. Bu isə qızıl və gümüşün bazarın ekvivalent rolunu üzərinə götürə biləcək əmtəəyə - pula olan bütün tələblərinə cavab verməsi ilə əlaqədar idi. Bu tələblər aşağıdakılardan ibarət idi:

- yekcinslik; - istənilən miqdarda əldə edilməsinin çətinliyi; - dəyərini itirmədən bölünməsi; - yığcamlığı; - uzun müddət saxlanılması. Sikkənin meydana gəlməsi pulun formalaşmasında həlledici rol oynadı. Sikkə əmtəə istehsalının inkişafı, mübadilənin artması, quldarlıq dövlətlərinin iqtisadi, siyasi güclənməsi, tacirlər sinfinin artması nəticəsində meydana gəlmişdi. İlk qızıl sikkələr b.e.ə. 313 –cü ildə üzərində öz əksini təsvir edən Makedoniyalı İskəndərin olmuşdur. Əmtəə kimi pul əmtəənin istehlak dəyərinə və pul kimi pul münasibətlərinin daşıyıcısının istehlak dəyərinə malikdir. Demək, pul əmtəəsi iki dəyərin (abstrakt və mübadilə dəyərinin) daşıyıcısı olur. Hər bir əmtəədə olduğu kimi pul daxili dəyərə malikdir. Yəni pulun da istehsalı üçün əmək sərf edilir. Pulun mübadilə dəyəri – alıcılıq qabiliyyəti və nisbi dəyər ifadəsidir. Pulun daxili və mübadilə dəyərinin sərbəstliyi nisbidir. Bu dəyərlərə həm dövlət, həm də bazar şəraiti təsir edə bilər. Pulun mahiyyəti: o ümumi ekvivalentdir, əmtəələrin qiymətlərini müəyyən edir, məcmu milli məhsulu bölüşdürür, müxtəlif ictimai münasibətləri həyata keçirir, o əmtəələrin mübadilə alətidir, dəyərin mühafizəçisi rolunu yerinə yetirir. Dəyərin əmtəədə deyil, pulda mühafizəsi əmtəələrin saxlanma xərclərini azaldır, onların korlanmasının qarşısını alır. Lakin nəzərə almaq lazımdır ki, bu mühafizə inflyasiyanın olmadığı bir şəraitdə mümkündür. Aydın məsələdir ki, inflyasiyanın baş verdiyi bir şəraitdə pulun dəyərin mühafizəsi rolu bir qədər arxa plana keçir. Belə ki, pulun qiymətdən düşməsi, onun alıcılıq qabiliyyətinin aşağı səviyyədə olması bu məsələni çətinləşdirmiş olur.

2. Pulun növləri.
Pulun növləri: meydana gəldiyi dövrdən tarixi təkamül yolu keçmiş pul xeyli dəyişikliklərə məruz qalmış, təkmilləşmiş, özünün daha mükəmməl formasını tapmağa çalışmışdır və bu proses hələ də davam etməkdədir. Buna görə də bu illər ərzində pulun müxtəlif növləri meydana gəlmişdir. Öz təkamülü dövründə pullar aşağıdakı mərhələlərdən keçmişlər: metal pullar – kağız pullar – kredit pullar – elektron pullar Metal puldan hələ qədim zamanlarda, 26 əsr bundan əvvəl sikkələr şəklində Çində, qədim Lidiyada istifadə olunmağa başlamışdır. Sonralar XIX-XX əsrin əvvəllərində Rusiyada sikkələrdən olduqca geniş istifadə olunmağa başlanılmışdır. Bu dövrlərdə istifadə olunan qızıl və gümüş pulların üzərlərində göstərilən dəyərlər onların real dəyərləri ilə üst-üstə düşürdü. Getdikcə bazar münasibətlərinin artması və gündən-günə mükəmməlləşməsi, dövriyyədə əmtəə mübadiləsinin genişlənməsinə səbəb oldu ki, bu da öz növbəsində artıq qızıl və başqa qiymətli metal pulları sıxışdırmağa başladı. Belə ki, əmtəələrin artması və onların mübadiləsinin genişlənməsi qızıl pul istehsalı ilə üst-üstə düşmədi. Qızılın az olması, bu pulların tədavülə az buraxılması əmtəə tədavülündə onların vasitəçi rol oynaya bilməsinə mane oldu və qızıl pullar getdikcə kağız pullarla əvəz olunmağa başladılar. Kağız pullar tam qiymətli pulların nümayəndələridir. Beləliklə, kağız pulların meydana gəlməsi aşağıdakı mərhələləri əhatə edir: I mərhələ - sikkənin silinməsi; II mərhələ - dövlət tərəfindən sikkənin şüurlu korlanması, sikkənin metal məzmununun aşağı salınması; III mərhələ - dövlət tərəfindən kağız pulların məcburi kurslarının təyin edilməsi. Kağız pulların istehsalı dövlət tərəfindən həyata keçirilir. Onun istehsalının müəyyən həddi vardır. Bu pulların mahiyyəti ondan ibarətdir ki, onlar dövlət tərəfindən özünün büdcə kəsirinin bağlanması üçün buraxılan pul nişanlarıdır. Kağız pulların emitenti dövlət orqanı olan xəzinədarlıqdır. Qeyri-sabitlik kağız pulların təbiətinə xas olan bir əlamətdir. Bu pullar dəfinə funksiyasını yerinə yetirməyə qadir deyillər. Elə buna görə də bu pullar daim pul dövriyyəsinin kanallarında ilişib qalır və onu doldurur və artaraq qiymətdən düşür ki, son nəticədə inflyasiyanın yaranmasına səbəb olur. Hazırda bu proseslərin qarşısının alınması hər bir dövlət tərəfindən mərkəzi banklara həvalə edilmişdir. Mərkəzi bank pul emissiyasının həddini müəyyən edir və onun tədavülə buraxılmasını öz üzərinə götürür. Beləliklə, mərkəzi bank pul emissiyasını həyata keçirir. Əmtəə mübadiləsinin genişlənməsi ilə əlaqədar kommersiya və bank kreditlərinə gündən-günə artan tələbat kredit pulların meydana gəlməsinə şərait yaratmış oldu. Kredit pullar öz inkişafında sonrakı mərhələlərdən keçmiş oldu: veksel, banknot, çek, elektron pullar və onların son növlərindən olan kredit kartları. Veksel – qanunla müəyyən olunmuş qaydada tərtib edilmiş, üzərində göstərilən müddətdə və yerdə ödəniləcək məbləğ göstərilən borc öhdəliyidir. Vekselin əsas xüsusiyyətləri: - mücərrədlik; - yəqinlik; - tədavül qabiliyyətidir. (ötürücü veksellərə aiddir) Vekselin müxtəlif növləri mövcuddur. Bunlar əsasən sadə veksellər, ötürücü veksellər, xəzinə vekselləri, dostluq vekselləridir. Sadə veksellər – borclunun müəyyən məbləği göstərilən müddətdə ödəməsi haqda yazdığı və imza etdiyi borc sənədidir. Ötürücü veksellər – (tratta) əsasən xarici ticarət əlaqələrində istifadə olunan veksellərdir. Xəzinə veksellərindən söhbət gedərkən burada borclu tərəf kimi dövlət iştirak edir. Dostluq veksellərini ayrı-ayrı şəxslər bir-birlərinə, onları sonradan banka uçota təqdim etmək şərtilə yazırlar. Banknot kredit pulların inkişafının növbəti mərhələsi hesab olunur. Banknot tədavülü də əsasən veksel tədavülünün əsasında meydana gəlmişdir. Banknot – bankın borc öhdəliyidir. Banknotun vekseldən iki başlıca fərqi aşağıdakılardır:

- əvvəla, müddətinə görə, belə ki, veksel müddətli borc öhdəliyi olduğu halda, banknot müddətsiz borc öhdəliyidir.ju



- ikincisi, təminatına görə, belə ki, veksel tədavülə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən buraxılıb, individual zəmanətə malik olduğu halda, banknotlar tədavülə ölkənin mərkəzi bankı tərəfindən buraxılıb dövlət zəmanətinə malik olurlar. Banknotlar – (bank biletləri) pul nişanı növü olub, mərkəzi bank tərəfindən tədavülə buraxılan qanuni ödəmə vasitəsidir. Azərbaycanda 250, 500, 1000, 10000, 50000 manatlıq banknotlar tədavül edir. “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi” (denominasiyası) haqqında Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il fərmanına əsasən ölkəmizdə 2006-cı il yanvar ayının 1-dən etibarən yeni pul nişanları dövriyyəyə buraxılmışdır. Denominasiya tədbirlərinin həyata keçirilməsi əskinaslarla bərabər tədavülə sikkələrin də buraxılmasını zəruri etdi. Denominasiyadan sonra 2006-cı ildən tədavülə 6 nominalda əskinas (1, 5, 10, 20, 50 və 100 manat), 6 nominalda sikkə (1, 3, 5, 10, 20, 50 qəpik) buraxılmışdır. Bu proseslər, yəni manatın yeni nominal strukturu nəğd ödəmələri maksimum sadələşdirmiş oldu. Çek – hesab sahibinin kredit təşkilatına, çeksaxlayana üzərində göstərilən məbləği ödəməsi barədə verdiyi əmri özündə tərənnüm edən, müəyyən olunmuş formada pul sənədidir. Başqa sözlə desək, çek faktiki olaraq ötürücü vekselin, hesab sahibinin kommersiya bankına yazdığı bir növü kimi ortaya çıxır. Çek qısamüddətli pul sənədi kimi qanuni hüquqa malik ödəmə vasitəsi hesab olunmur və pul emissiyasından fərqli olaraq, çeklərin tədavülə buraxılışı qanunla tənzimlənmir. O, bütövlükdə kommersiya tədavülünün tələblərinə uyğun müəyyənləşir. Çeklərin aşağıdakı növləri vardır: Adlı çeklər – bu çekin üzərində ad yazılır və bu çek digər şəxslərə verilə bilməz. Adsız çeklərin isə əksinə üzərlərində ad göstərilmir. Orderli çeklər – müəyyən bir şəxsin xeyrinə və yaxud onun əmrinə əsasən yazılır və çek sahibi çeki veksel indossomentinə oxşar yolla başqa birinə verə bilər. Hesablaşma çeki – nəğdsiz hesablaşma sferasında fəaliyyət göstərən çeklərdir. Aksept olunmuş çeklər üzrə bank müştəriləri cari hesablarında olan depozit hüdudunda çekləri akseptləşdirə bilər. Yəni bu çeklərin üzərlərində göstərilən məbləğ bank tərəfindən onun depozitində bu məbləğ olmasa belə, müştəriyə ödənilən çeklərdir. Müasir bank sisteminin ən böyük nailiyyəti EHM-in tətbiqi ilə çeklərin elektron kredit kartları ilə əvəz olunması olmuşdur. Bu kartlar nəinki hesablaşmalarda nəğd pulları və çekləri əvəz etdi, həmçinin sahibinə bankdan qısamüddətli ssuda almaq hüququ da vermiş oldu. Elektron pullar real pulların modelləşmiş formasıdır. Emissiya təşkilatları – emitent onların müxtəlif sistemlərdə müxtəlif cür adlandırılan, elektron analoqlarını buraxırlar. Sonra bu pullar istifadəçilər tərəfindən alınır və onlar bu pulların köməyilə alış-veriş etmiş olurlar. Bu zaman satıcı emitentlə hesablaşmalar apararaq öz borcunu geri alır. Beləliklə, satıcının hesabında pul artır, alıcının hesabında isə azalmış olur. Emissiya zamanı hər bir pul vahidi elektron möhürlə təsdiqlənir ki, bu da ödəmə zamanı onu buraxan struktur tərəfindən yoxlanılır. Fiziki pulların əsas xüsusiyyətlərindən biri onların anonimliyidir, daha dəqiq desək, onların üzərində bu pulları kimin nə zaman istifadə etdiyi göstərilmir. Hazırda 4 cür kredit kartları mövcuddur. Onlardan ən çox istifadə edilənləri bankticarət kartlarıdır. Bu kartlar istifadəçi üçün çox sərfəlidir. Belə ki, daşınmada da istifadəçinin rahatlığı ön plana çəkilir. Lakin bunlarla yanaşı onların çatışmayan cəhətləri də mövcuddur. Diskin və ya smart-kartın korlanması elektron pulların geri qaytarılmaması ilə nəticələnə bilər. Elektron pulların əsas fərqləndirici cəhətlərindən biri də mikroödəmələri yerinə yetirə bilmək qabiliyyətidir. (qəpiklərlə ödəmələr) Elektron pulları həm bank, həm də qeyri-bank təşkilatları emissiya edə bilər. Lakin indiyə kimi hələ də müxtəlif növ elektron pulların konvertləşməsinin vahid sistemi işlənib hazırlanmamışdır. Buna görə də yalnız emitentlərin özləri buraxdıqları elektron pulların ödənilməsi ilə məşğul ola bilirlər. Plastik kartlar – ilk dəfə təxminən 40 il bundan əvvəl ABŞ-da yaranmış və dünyaya yayılmışdır. Bu kartlar ilk dəfə kredit kartları şəklində yayılmışdı. Müasir plastik kartları 2 hissəyə ayrılırlar: - Kredit kartları; - Debet kartları. Kredit kartı vasitəsilə kart sahibi əməliyyat aparan zaman kart hesabında tələb olunan vəsait olmadıqda belə, ticarət və ya digər təşkilatlarla hesablaşmalar apara bilər. Debet kartları isə müştərinin kart hesabında olan yalnız müsbət qalıq həddində əməliyyat aparmağa imkan verir.
3. Pulun funksiyaları.
Pulun dəyər ölçüsü funksiyası. Pul ümumi ekvivalent kimi bütün əmtəələrin dəyərini tərənnüm edir. Bütün əmtəələrin ictimai zəruri əməyin nəticəsi olduğunu nəzərə alsaq, özünün də dəyəri olan real pullar bütün başqa əmtəələrin dəyərinin ölçülməsi üçün etalon ola bilər. Onu da qeyd etmək lazımdır ki, digər əmtəələrin dəyərlərinin pulla ölçülməsi ideal şəkildə, daha dəqiq desək nəğd pulun özü olmadan baş verir. Pulun tədavül funksiyası. Tədavül və ya mübadilə vasitəsi kimi pul cəmiyyəti barter mübadiləsinin narahatçılıqlarından qorumuş oldu. Pul gündəlik olaraq çox asan şəkildə mübadilə aləti kimi çıxış edir. Bu xüsusi ixtira istehsalçılara imkan yaratdı ki, onlar öz məhsullarını pulla əvəz edib bazardan istənilən digər malları ala bilsinlər. Pul əmtəələrlə mübadilə imkanı yaratmaqla cəmiyyətdə regional ixtisaslaşma və əməyin bölgüsü imkanını yaratmış oldu. Dəyər funksiyasından fərqli olaraq (dəyərin ölçülməsində pullar iştirak etmirlər) tədavül funksiyasında pullar real şəkildə iştirak etməlidirlər.

Pulun tədiyyə funksiyası. Pulun bu funksiyası kredit münasibətlərinin inkişafı ilə bağlıdır. Pul tədiyyə vasitəsi kimi iki halda iştirak edir: 1. əmtəələrin kreditlə satışı zamanı. Bu isə əmtəələrin istehsalı və reallaşma şəraitlərinin üst-üstə düşmədiyindən, istehsalın və tədavülün uzlaşmaması, istehsalın mövsümi xarakterindən və s. şərtlərdən irəli gələ bilər. 2. fəhlə və qulluqçulara əmək haqlarının verilməsi zamanı. Aydındır ki, pul tədiyyə funksiyasını yerinə yetirərkən özünün spesifik hərəkətinə malikdir. Belə ki, əgər pul tədavül funksiyasını yerinə yetirdiyi zaman mal və pulların bir-birləri ilə rastlaşması baş verirsə, tədiyyə funksiyasını yerinə yetirən zaman pul və əmtəə arasındakı əlaqə kəsilmiş olur. Yəni, əmtəəni kreditlə alarkən borclu satıcıya borc öhdəliyi verir ki, bu da müəyyən olunmuş müddətdən sonra ödənilir. Pulun yığım funksiyası. Pul öz yiyəsinə istənilən mal və xidmətlərə sahib olmanı təmin etdiyi zaman istər-istəməz ictimai varlığın tərənnümünə çevrilmiş olur. Məhz bu səbəbdən də insanlarda pulun yığımına meyl artmış olur. Öz istehsalına görə insan pul əldə etdikdə onu ehtiyatla çevirmək həvəsinə düşür. Bu ehtiyyat isə həm qısa, həm də uzunmüddətli ola bilər. Bu zaman satış prosesinin arxasında alış durmur. Pullar tədavüldən çıxaraq artıq yeni bir funksiyanı yerinə yetirərək dəfinəyə çevrilir. Lakin bu funksiyanı yerinə yetirə bilməsi üçün pullar həqiqi və real olmalıdırlar. Müasir qərb iqtisadi ədəbiyyatlarında, kağız pulların həqiqi pullar olmaması, arxasında qızılın dayanmaması səbəbindən, dəfinə funksiyası yığım funksiyası ilə əvəz olunmuşdur. Yığım funksiyasını yerinə yetirdiyi zaman pullar istehsalın genişlənməsinin, onun yeniləşməsinin və effektivliyinin artmasının ən başlıca vasitələrindən hesab olunur. Dünya pulu funksiyası. Bu funksiya pulun daxili bazardakı tədavül və tədiyyə funksiyalarından fərqlidir. Dünya pulları: 1. ümumi beynəlxalq ödəmə vasitəsi; 2. ümumi beynəlxalq tədavül vasitəsi; 3. ümumi beynəlxalq ictimai varlığın tərənnümü hesab olunur. Pullar beynəlxalq balanslar üzrə hesablaşmalar zamanı beynəlxalq ödəmə vasitəsi rolunda çıxış edirlər. Əgər hər hansı bir dövlətin müəyyən mərhələ üçün ödəmələri onun digər dövlətlərdən valyuta daxilolmalarını üstələyirsə, bu zaman bu dövlət ödəmə vasitəsi şəklində qızıldan istifadə edir. Müxtəlif dövlətlər arasındakı əmtəə mübadiləsində bərabərlik pozulduğu hallarda bu dövlətlərdən biri bu və ya başqa malları digər dövlətlərdən onları nəğd ödəməklə gətirmək məcburiyyətində qalır. Bu zaman pullar dünya bazarında tədavül vasitəsi kimi çıxış edir. Pullar bir ölkədən başqasına keçirilir. Pulun ümumi dəyər ekvivalentilə istənilən malı almaq mümkündür. Pulun bir dövlətdən başqasına keçirilməsi məsələn, aşağıdakı hallarda baş verir;

1. müharibədə qalib gələn dövlət uduzan dövlətdən pul təzminatı alır; 2. bir dövlət başqasına borc verir. Ümumiyyətlə, demək olar ki, bu funksiyanı da pullar dolğun şəkildə məhz, pulun ilkin mənasında, yəni, qızıl sikkələrin tədavüldə olduğu dövrdə yerinə yetirmişlər. Dünya bazarına çıxdıqda K.Marksın dediyi kimi, qızıl sikkələr öz “Milli mundirlərini” kənara atıb çəkiləri ilə ödəmələrə qoşulurdular. Heç bir başqa pullar qızıl sikkə standartında tədavüldə olan qızıl sikkələr kimi sərbəst və məhdudiyyətsiz hərəkət edə bilmirdilər. Qızıl pulun bütün funksiyalarını yerinə yetirdiyi şəraitdə pul və valyuta sistemi demək olar ki, eyni məna kəsb edirdi. Beləliklə, pulun bu funksiyasından müasir pul sistemində şərti danışmaq olar. Müasir “dünya pulları” dedikdə, beynəlxalq münasibətlərə xidmət edən və beynəlxalq hesablaşmalarda istifadə olunan pullardan bəhs edilir.



4. Bazar iqtisadiyyatında pulun rolu.
Pulun bazar iqtisadiyyatında rolu onun funksiyalarında özünü göstərir. Belə ki, əmtəələrin dəyəri pullarla ifadə olunur, burada pul həm dəyəri ölçür, həm də pullu kapitalın yaranmasına xidmət edir. Tədavül funksiyasında pul həm alqı-satqı prosesində vasitəçidir, həm də kapitaldır. Hər hansı bir əmtəə kreditə satılırsa pul həm tədiyyə vasitəsidir, həmçinin də yenə də kapitaldır. İstehsal vasitələrinin alınması üçün pul yığılırsa, deməli pul dəfinə funksiyasını yerinə yetirir, eyni zamanda kapital kimi fəaliyyət göstərir. Pul sənayenin, yeni təsərrüfat sahələrinin yaranması üçün ilkin şəraitin yaranmasına xidmət göstərir, iqtisadi proseslərin artırılmasına, bir sözlə bazar iqtisadiyyatının inkişafına xidmət göstərir. Pul sənaye kapitalının ilk və son nəticəsidir. İnkişaf etmiş ölkələrdə pul həmçinin pul-kredit tənzimlənməsinin mühüm obyektidir. Bu proses hər bir ölkənin mərkəzi bankı tərəfindən müəyyən olunur. Belə ki, ölkənin ticarət prosesləri, ümumiqtisadi vəziyyəti nəzərə alınaraq pul kütləsinin dəyişilmə istiqaməti müəyyənləşir və bu pul kütləsinin dövlət tərəfindən tənzimlənməsi kredit alətləri vasitəsilə mərkəzi banklara həvalə edilir. Bu zaman mühüm ümumiqtisadi vəzifələr mütləq nəzərə alınmalıdır. Pul-kredit tənzimlənməsi bazar iqtisadiyyatı münasibətlərində pul kütləsinin artmasının qarşısının alınmasına, ölkədə inflyasiya prosesinin aradan qaldırılmasına, məcmu milli məhsulun artırılmasının stimullaşdırılmasına xidmət göstərir.

5. Pul sistemi.
Pul sistemi – ölkədə pul tədavülünün təşkili forması olub, tarixən formalaşmış və milli qanunauyğunluqlarla möhkəmləndirilmiş bir sistemdir. Pul sisteminin quruluş prinsipləri pul sisteminin elementlərində və ya məcmu halında özünü biruzə verərək bu sistemə təsir edir. Bu elementlər aşağıdakılardan ibarətdir:

1. əmtəələrin qiymətlərinin ölçülməsinə xidmət edən pul vahidi; 2. rəsmi qiymət məbləği; 3. pul nişanlarının növləri; 4. emissiya sistemi; 5. milli valyuta kursları və onun xarici valyutaya dəyişdirilmə ardıcıllığı. Pul vahidi – qanunvericilik qaydasında müəyyənləşdirilmiş bütün əmtəələrin qiymətlərini özündə tərənnüm edən və onları ölçməyə xidmət edən pul nişanlarıdır. Bir qayda olaraq pul vahidi bərabər kiçik hissələrə bölünür. Bir çox ölkələrdə bu gün onluq bölgü sistemi mövcuddur və fəaliyyət göstərir. Belə ki, 1 ABŞ dolları = 100 sent, 1 funt sterlinq = 100 pens, 1 rus rublu = 100 qəpik. Pul vahidlərinin adlandırılması tarixi bir prosesdir. Lakin bir sıra hallarda (inqilab dövründə) dövlət pul vahidlərinə yeni ad təyin edə bilər. Məsələn, Fransada Napoleon Bonapart hakimiyyətə gəldikdə “napolendor” adlı pul vahidi müəyyən edilmişdi. 1922-ci ildən 1947-ci ilə qədər Rusiyada iki pul vahidi “rubl” və “çervon” mövcud idi. Qiymət miqyası – bu dəyərin pul vahidi ilə ölçülməsidir. Metal pul tədavülü dövründə, yəni pul əmtəəsinin – metalın pulun bütün funksiyalarını yerinə yetirdiyi zaman, qiymət miqyası bu ölkədə pul vahidi elan olunmuş metal pulun çəkisi ilə müəyyən olunurdu. Dövlət qiymət miqyasını qanunvericilik qaydasında müəyyən edirdi. Əvvəllər sikkələrin çəkisi onların qiymət həcmi ilə üst-üstə düşürdü və bu prinsip bir sıra pulların adına da təsir etmişdi. Məsələn, funt sterlinq bir funt gümüşü tərənnüm edirdi. Lakin tarixi təkamül nəticəsində pulların çəkisi onların qiymət miqyasından uzaqlaşırdı. Bu dövlət tərəfindən metal pul tədavülü dövründə dövlətin xəzinəsinin artırılması məqsədilə etdiyi dəyişikliklər nəticəsində sikkələrin çəkisinin azalması, onların tərkibinin daha ucuz metallarla dəyişdirilməsi və bir sıra başqa məsələlərlə bağlı idi. Pul nişanlarının növləri. Hazırda heç bir ölkədə metal pul tədavülü sistemi mövcud deyil. Pul nişanlarının əsas növləri bankın kredit biletləri, (banknotlar) dövlət kağız pulları (xəzinə biletləri) və ölkənin qanuni ödəmə vasitəsi hesab olunan xırda pullardır. Emissiya sistemi – emissiya təşkilatının, daha dəqiq, mərkəzi bankın öhdəliklərinin qəti müəyyən olunmuş qaydada tədavülə buraxılmasıdır. Bu mənada emissiya olunmuş pullar dedikdə mərkəzi bankların öhdəlikləri nəzərdə tutulur. Digər tərəfdən iqtisadi ədəbiyyatlara nəzər saldıqda görürük ki, tədavülə gündəlik olaraq pulların buraxılışı onların tədavüldən yığılması ilə uzlaşdırılır. Buna görə də emissiya pulların, tədavüldə olan pul kütləsinin ümumi artımına gətirən buraxılışıdır. Emissiya sistemi özündə aşağıdakıları birləşdirir: 1. emissiya mərkəzi; 2. emissiya qanunvericiliyi. Valyuta kursları. Valyuta kursu anlayışı altında bir valyutanın başqa valyutaya nisbətən qiyməti başa düşülür. Xarici valyutaların kurslarının (məzənnələrinin) təyin edilməsi qiymət təyin etmə adlanır. Bu mexanizm iki yerə bölünür: - Birbaşa - Dolayı Birbaşa valyuta kursları dedikdə bir xarici valyuta vahidinin müəyyən miqdarda milli valyuta vahidinə bərabər olması, dolayı valyuta kursları dedikdə isə bir vahid milli valyutanın müəyyən miqdarda xarici valyuta vahidinə bərabər olması başa düşülür. Milli valyuta vahidinin xarici valyutaya nisbətən rəsmi məzənnəsinin müəyyənləşməsi və milli valyutanın xarici valyutaya dəyişdirilmə ardıcıllığı ölkənin valyuta qanunvericiliyi ilə tənzimlənir.

Pul sisteminin sxematik quruluşu





Kağız-kredit pul sistemi

Metal pul sistemi


bimetalizm



monometalizm













Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə