Fənn: Maliyyə, pul tədavülü və kredit Mövzu Maliyyənin mahiyyəti. P L a n



Yüklə 1,49 Mb.
səhifə8/22
tarix28.04.2017
ölçüsü1,49 Mb.
#16027
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

2. Sığortanın mahiyyəti
Sığorta istehsal münasibətlərinin ən zəruri elementlərindən biridir. O əsasən ictimai istehsal prosesində meydana gələn maddi itkilərin əvəzinin ödənilməsi ilə əlaqədardır. Normal təkrar istehsal prosesinin ən zəruri şərtlərindən biri istehsalın fasiləsizliyidir. Əgər ictimai istehsal prosesi təbiət qüvvələrinin və digər zərərli hadisələrin nəticəsində dayanırsa, onda cəmiyyət üçün belə hallardan zərər çəkməmək məqsədilə əvvəlcədən tədbirlərin görülməsi vacibdir. Çünki ictimai istehsal risqli xarakter daşıyır. Bu risk ilk növbədə özünü insanlar və təbiətin dağıdıcı qüvvələri arasındakı ziddiyyətlərdə göstərir. Belə hallarda insan iradəsindən asılı olmayaraq baş verir və onların ağır nəticələrini aradan qaldırmaq məqsədilə sığorta müdafiəsindən istifadə olunur. Bu, ilk növbədə, özünü ictimai istehsalın sığortalanması və ya müdafiəsi formasında biruzə verir.

İqtisadi anlayış olan sığorta maliyyə kateqoriyasının tərkib hissəsidir. Bununla yanaşı, maliyyə ümumilikdə gəlirin və yığımların bölgüsü və yenidən bölgüsü ilə əlaqədardırsa, onda sığorta ancaq yenidən bölgü münasibətlərini əhatə edir. İqtisadi anlayış olan sığortanın özünəməxsusluğunu xarakterizə edən aşağıdakı mahiyyət əlamətlərini göstərmək olar:

1. Sığortalama zamanı pulun yenidən bölgüsü münasibətləri meydana çıxır ki, bu da kənar, gözlənilməz və güclü hadisələrin mövcudluğu ilə şərtlənir. Bu hadisələrin nəticəsində milli iqtisadiyyata və əhaliyə maddi və digər zərərlər dəyir.

2. Sığorta zamanı sığorta iştirakçıları arasında dəymiş zərərin aradan qaldırılması həyata keçirilir. Sığorta iştirakçıları dedikdə, sığorta olunanlarla sığorta edənlər başa düşülür. Bu cür yenidən bölgü münasibətləri, bir qayda olaraq bütün təsərrüfatı və bütün ölkə ərazisini deyil, ictimai həyatın müəyyən hissələrini əhatə edən zərərin təsadüfi xarakter daşıması ilə şərtlənir. Bu zaman sığorta iştirakçıları nə qədər geniş olarsa, onda zərərin aradan qaldırılmasında hər bir sığortaçıya o qədər az pul düşər. Sığortalama zərərin aradan qaldırılmasında ən səmərəli metoddur. Bu səmərəlilik, sığortaçıların və sığorta olunan obyektlərin sayı artdıqca daha da artır. Sığorta həm də pul vəsaitlərinin sığorta fondu adlanan vahid bir fondda cəmlənməsini təmin edir. Belə hallarda hər bir sığortaçı minimum xərclərlə maksimum zərərləri aradan qaldıra bilir.

3. Sığorta zərərlərin ərazi vahidləri arasında həm də vaxtında bölüşdürülməsini təmin edir. Bu zaman bir il ərzində sığorta fondunun vəsaitlərinin səmərəli ərazi bölgüsü üçün çox böyük ərazi və kifayət qədər sığorta obyektinin olması lazımdır. Zərərlərin vaxtında aradan qaldırılması fövqəladə halların təsadüfi xarakteri ilə əlaqədardır. Çünki belə fövqəladə hallar hər il baş vermir və onların baş verməsinin dəqiq vaxtı məlum deyildir.

4. Zərərin qapalı şəkildə aradan qaldırılması sığorta fondunda səfərbərliyə alınmış vəsaitlərin bilavasitə geri qaytarılmasını şərtləndirir. Hər bir sığorta olunanın sığorta fonduna ayırdığı sığorta ödənişlərinin ancaq bir məqsədi var ki, o da müəyyən ərazidə və müəyyən vaxt müddətində zərərin həqiqi məbləğinin ödənilməsidir. Ona görə də sığorta ödənişlərinin məbləği dəymiş zərərin ödənilməsi formasında geri qaytarılır.




3. Sığorta işində əsas anlayışlar
Sığorta - sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir.

Həyat sığortası - sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə, sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır.

Qeyri-həyat sığortası - sığorta hadisəsi baş verdiyi zaman sığortalıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və əmlak mənafeləri ilə bağlı risklərin sığortasıdır.

Sığortaçı - yalnız sığorta və təkrar sığorta fəaliyyətini göstərmək məqsədilə yaradılmış, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada xüsusi razılıq almış hüquqi şəxs olan sığorta təşkilatıdır.

Sığortalı - sığortaçı ilə müqavilə bağlayan (sığorta etdirən) və ya xeyrinə sığorta müqaviləsi bağlanan (sığorta olunan), yaxud qanuna görə sığortalanmış sayılan fiziki şəxs (fəaliyyət qabiliyyəti məhdud olan və ya fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləcə də fəaliyyət qabiliyyəti olmayan şəxslərdən başqa) və ya hüquqi şəxslərdir.

Sığorta etdirənlə sığortalı adətən eyni şəxs olur. Lakin bəzən sığorta etdirənlə sığortalı müxtəlif şəxslər də ola bilər. Hər hansı bir şəxsin başqa birisinin malını və ya həyatını sığorta etdirə bilməsi üçün , həmin şəxs ilə həyatı sığorta olunan şəxs və ya sığortalanan mal arasında bir mənfəət əlaqəsi olmalıdır.



Sığorta oluna bilən mənfəət - sığorta müqaviləsində əsas amillərdən biri də sığorta oluna bilən mənfəətdir. Əslində sığorta təminatı mal və ya insan həyatının özünə deyil, bunlar üzərindəki mənfəətə verilir.

İstənilən bir mənfəət sığorta oluna bilmək üçün mütləq maddi, yəni iqtisadi dəyərə malik olmalıdır. Mənfəət iqtisadi dəyərə malik olmaqla bərabər, həm də pulla qiymətləndirilən formada olmalıdır ki, sığortaçı ilə sığorta etdirən müəyyən bir məbləğə sığorta olunması üçün razılığa gələ bilsinlər. İqtisadi dəyərə malik elə mənfəətlər vardır ki, onları pulla qiymətləndirilməsi qeyri-mümkündür. Məsələn, çox qiyməyli bir sənət əsərinin iqtisadi dəyəri vardır, lakin ona qiymət qoyula bilməz. Əgər bu əsər sığortalanacaq olarsa, bu zaman bir qiymət təyin edilməli və müəyyən bir məbləğ üzərində razılığa gəlinməlidir.



Risk – baş verməsi mümkün olan təhlükədir. Sığortanın məqsədi ayrı-ayrı fərdlərin həyatda rast gələ biləcəkləri risklərə təminat verilməsidir. Təsadüfən baş verən zərərlər, sığorta ilə qabaqcadan görülmüş tədbirlər nəticəsində aradan qaldırılmış olur. Risk, gələcəkdə baş verən, ehtimal olunan, qeyri-müəyyən və qanuni olmalıdır. Sığorta haqqında qanunda sığorta risqi bu şəkildə izah edilir:

“Sığorta risqi – ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta risqi sayılan hadisənin təsadüf əlamətləri olmalıdır.”

Sığorta məbləği – sığortalı tərəfindən bildirilən və sığorta şəhadətnaməsində (polisdə) yazılan məbləğdir. Sığorta məbləği, zərər baş verdiyi zaman sığortaçının yerinə yetirə biləcəyi ödənişin maksimum miqdarını göstərir.

Sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləğidir.



Sığorta dəyəri – sığortalanacaq əmlakın cari bazar şərtlərinə uyğun olaraq müəyyən edilən alqı-satqı qiymətidir. Sığorta hadisəsi baş verdiyi zaman sığortalının düşdüyü zərəri bütövlükdə ala bilməsi üçün ideal variant, sığorta məbləğinin sığorta dəyərinə bərabər olmasıdır.

Sığorta hadisəsi – qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin, sığortalıya və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan haldır.

Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilən vəsaitə sığorta ödənişi deyilir.

Sığorta ödənişinin verilməsi üçün baş verən risklə meydana gələn zərər bir-biri ilə bilavasitə əlaqədar olmalıdır. Bu əlaqə “səbəb-nəticə əlaqəsi” adlanır.

Sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir.

Sığorta aktını sığortaçı və ya onun vəkil etdiyi şəxs (ekspert) tərtib edir. Sığortaçı sığorta hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq hüququna malikdir.

Sığorta haqqı (prim) – sığorta müqaviləsinə və ya Qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləğidir.

Dolayısı ilə, zərər baş verdiyi zaman sığortaçı tərəfindən veriləcək sığorta ödənişi müqabilində, sığorta etdirən tərəfindən qabaqcadan və ya hissələrlə ödəniləcək haqdır. Bu haqq, texniki olaraq hesablanmış tədiyyəyə, xərclər, komission, gəlir kimi amillər əlavə edilməklə müəyyən edilir. Texniki tədiyyə hesablandığı zaman, statistik qaydalardan istifadə edilərək, toplanan tədiyyə ilə ödənəcək zərərin bərabərliyi təmin edilir. Texniki tədiyyəyə, digər xərclərin və gəlirin əlavə edilməsi yolu ilə hesablanan tədiyyə, sığortalı tərəfindən ödənəcək tədiyyədir.

Sığorta tədiyyələri bütün dünyada müəyyən əsaslara görə hesablanır. Bu əsasları təşkil edən qaydalara “tarif” deyilir.

“Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən dərəcədir.”

İcabari sığorta növləri üzrə sığorta haqları və tarifləri qanunlara uyğun olaraq müəyyən edilir, digər sığorta növləri üzrə isə onları sığortaçı müəyyən edir.

Zəruri hallarda haqsız rəqabətin qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı minimum sığorta tariflərini müəyyən edə bilər.

Sığortalının ödədiyi sığorta haqları məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə aid edilir.

Üç növ tarif vardır:

1) Tənzimlənmiş tarif sistemi;

2) Təsdiq edilmiş tarif sistemi;

3) Sərbəst tarif.

1) Tənzimlənmiş tarif sistemitənzimlənmiş tarif sistemində qiymətlər Maliyyə Nazirliyi tərəfindən hazırlanır və təsdiq edilir.

2) Təsdiq edilmiş tarif sistemi – bu sistemdə şirkətlər, hazırladıqları tarifləri Nazirlər Kabineti təsdiq etdirdikdən sonra tətbiq edirlər. Respublikamızda həyat və sağlamlıq sığortalarında bu cür tariflər tətbiq edilməlidir.

3) Sərbəst tarif sistemi – sərbəst tarif sistemində sığorta şirkətləri öz qiymətlərini (tariflərini), özünün iqtisadi siyasəti və statistik məlumatlarına uyğun olaraq müəyyənləşdirdiyi qaydalara əsasən təyin edir. Bu tarif sistemində Dövlət, şirkətlər tərəfindən tətbiq edilən qiymətlərə müdaxilə edə bilməz. Respublikamızda (məcburi sığortalar istisna olmaqla), 1992-ci ildən etibarən sərbəst tarif sistemi tətbiq edilir.

Təkrar sığorta – təkrar sığorta sığortaçının sığortalı qarşısında öz öhdəliklərinin bir hissəsinin yerinə yetirilməsi risqini başqa sığortaçıda (təkrar sığortaçıda) sığortalamasıdır;

Təkrar sığorta müqaviləsini bağlamış sığortaçı sığorta müqaviləsinə uyğun olaraq sığortalı qarşısında götürdüyü öhdəliklərə görə tam həcmdə məsuliyyət daşıyır;

Təkrar sığortaçı sığortaçı qarşısında götürdüyü öhdəliklər üzrə məsuliyyət daşıyır;

Təkrar sığorta müqaviləsi sığortaçı ilə sığortalı arasında bağlanan müqavilə ilə eyni vaxtda qüvvədən düşür;

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sığortaçıların, yalnız xüsusi razılıq aldığı sığorta növü üzrə riskdən təkrar sığortaya qəbul etmək hüququ vardır.

İcbari sığorta növləri üzrə təkrar sığortaya verilən risklərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sığortaçılarda saxlama payının həcmi və onun saxlama qaydası qanunla müəyyən edilir.

Başqa sözlə, sığorta şirkətləri təminat verdikləri risklərin razılığa əsasən qabaqcadan müəyyən edilmiş bir hissəsini, tədiyyə müqabilində digər sığorta şirkətlərinə verə bilərlər.

Sığorta şirkətləri təminat verdikləri risklərin qabaqcadan müəyyən edilmiş bir hissəsini özlərində saxlayırlar. Buna saxlama payı deyilir.



Şərikli (müştərək) sığorta – bir risqə qarşı, bir neçə şirkət tərəfindən eyni və ya müxtəlif nisbətlərdə təminat verilməsinə şərikli (müştərək) sığorta deyilir.

“Sığorta haqqında” Qanuna əsasən sığorta obyekti bir müqavilə əsasında bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu müqavilədə hər sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.

Yüksək risklərin birgə sığortalanması üçün sığortaçılar öz aralarında bağlanan saziş əsasında sığorta daxılı yarada bilərlər.

Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.

Şərikli (müştərək) sığorta müqavilələrində sığorta şirkətləri arasında bir protokol tutulur və şirkətlərin pay nisbətləri müəyyən edilir. Payların cəmi, sığorta məbləğinin ümumi miqdarına bərabər olmalıdır.

Şərikli (müştərək) sığortada müştərək formada təminat vermə halı vardır. Təkrar sığortada isə əvvəlcə bir şirkət təminat verir və bu təminatın müəyyən bir hissəsini digər şirkətlərə həvalə edir.



Sığorta vasitəçiləri – bütün dünyada və Azərbaycanda sığorta vasitəçiliyi əsasən üç formada həyata keçirilir.

1. Sığorta agentləri – sığorta şirkətləri, sığorta etmə işini birbaşa və ya agentləri vasitəsilə yerinə yetirirlər.

“Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda, kimlərin və hansı şərtlər ilə agent ola bilmələri müəyyən edilmişdir.

Bunlar aşağıdakılardır:

- Sığorta agenti (agent) təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ola bilər.

- Sığorta müqaviləsini bağlamaq və sığorta haqlarını qəbul etmək səlahiyyəti sığortaçıya məxsusdur. Bu səlahiyyət agentlik müqaviləsində göstərmək şərtilə agentlərə də verilə bilər.

- Agent müqavilə ilə sığortaçının adından və onun verdiyi səlahiyyət daxilində vasitəçilik fəaliyyəti göstərir, o cümlədən sığortaçını təmsil edərək onun adından sığorta müqaviləsi bağlaya bilər.

- İkinci dərəcəli agent sığortaçı ilə müqavilə əsasında agentlik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir.

İkinci dərəcəli agentlərə sığorta müqaviləsi bağlamaq və sığorta haqları qəbul etmək səlahiyyəti verilmir.

- Sığortaçının idarəetmə orqanının rəhbəri və üzvləri, müdiriyyət üzvləri və digər məsul işçiləri işlədikləri sığortaçının agenti ola bilməzlər. Bu tələb sığorta agentinin funksiyasını həyata keçirən banklara aid edilmir.

2. Produktor – həm sığortalı, həm də sığortaçıya münasibətdə bitərəf olan, sığortalıya müqavilənin şərtlərini aydınlaşdırmaqla sığortaçıya təqdim edilən təklifnaməsini hazırlamaqda kömək edən və sığorta hadisəsinin baş verməsinə təsir göstərə biləcək amillərdən ona məlum olanlarını sığortaçıya bildirməsi şərti ilə vasitəçilik fəaliyyəti göstərən hüquqi və ya fiziki şəxslərə produktor deyilir.

3. Broker:

a) Sığorta brokeri (broker) sığorta müqaviləsində sığortalını təmsil edən, sığortaçının seçilməsi zamanı bitərəf və müstəqil mövqe tutaraq sığorta müqaviləsinin imzalanması üçün hazırlıq işlərini həyata keçirən və lazım olarsa, bu müqavilənin həyata keçirilməsinə köməklik göstərən hüquqi şəxs (broker təşkilatı) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

Təkrar sığorta borkeri təkrar sığorta üzrə sığortaçı ilə təkrar sığortaçı arasında vasitəçilik fəaliyyəti həyata keçirən brokerdir.

b) Broker təşkilatları Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün qanunvericilikdə nəzərdə tutulmuş qayda xüsusi razılıq almalı, Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş miqdarda və qaydada öz məsuliyyətini sığortalamalıdırlar.

c) Azərbaycan Respublikasında brokerlər sığorta risklərini:

- idxal-ixrac edilən malların nəqliyyat sığortaları;

- təyyarə, vertolyot və gəmilərin xarici kreditlə satın alındıqları təqdirdə həmin kredit ödənilənədək, xarici ölkədən lizinq yolu ilə gətirildiyi halda isə lizinq müqaviləsinin müddəti bitənədək ediləcək sığortaları;

- gəmilərin sahiblərinin məsuliyyətinin sığortaları;

- həyat sığortaları;

- vətəndaşların Azərbaycan Respublikasından xaricə etdikləri səfər üçün bağladıqları fərdi qəza, xəstəlik və mühərrikli nəqliyyat vasitəsi sığortaları istisna olmaqla, yalnız Azərbaycan Respublikasında olan sığortaçıların vasitəsi ilə xarici ölkələrdə sığorta və təkrar sığorta etdirə bilərlər.

ç) Mülkiyyətə qarşı, təsərrüfat və vəzifə cinayətləri törədilməsinə görə məhkum olunmuş şəxslər broker fəaliyyəti ilə məşğul ola bilməzlər.

d) Brokerlərin fəaliyyətinin qaydası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.

Sığorta və təkrar sığorta bazarının xüsusi peşəkar vasitəçilərinə sığorta brokeri deyilir. Onlar sığorta müqaviləsi üzrə tədiyyə borcunun ödənilməsi zamanı sığorta şirkəti adından, sığorta ödənişi verildiyi zaman isə sığortalının adından danışırlar.

Həm sığortaçı, həm də sığorta etdirən sığorta brokerindən yüksək peşəkarlıq qabiliyyəti tələb etmək hüququna malikdirlər. Brokerlərin göstərdikləri xidmət müqabilində komission haqları sığorta şirkəti tərəfindən ödənilir.



Sığorta ekspertləri – sığorta eksperti sığorta hadisəsi nəticəsində vurulan zərərin miqdarını, səbəblərini, xüsusiyyətlərini müəyyənləşdirmək üçün ekspertiza, yoxlama və ya araşdırmanı həyata keçirən mütəxəssisdir.

Sığorta ekspertləri sığorta şirkətinə tabe olmayan müstəqil mütəxəssislərdir.

Sığorta eksperti təsirə düşməyən, bitərəf, sığortaçılıq və zərər mövzusunda lazımi texniki biliyə malik, lazım olduqda isə digər mütəxəssislərdən kömək istəməyi bacaran vicdanlı şəxslər olmalıdırlar. Əks təqdirdə, hazırladıqları zərər raportu ilə sığortaçını və ya sığortalını ziyana sala bilərlər.

Sığorta ekspertləri, göstərdikləri xidmət müqabilində ekspert haqqı alırlar, lazımi hallarda onlara verilən işi qəbul etməyə bilərlər. Sığorta ekspertlərinin qanunla müəyyən edilmiş jurnalları tutmaları məcburidir.

Sığorta ekspertlərinin fəaliyyət göstərməsi qaydasını və onlara verilən ixtisas tələblərini Maliyyə Nazirliyi müəyyən edir.

Sığorta aktuarları – aktuar-sığorta qaydalarına, habelə investisiya, maliyyə, demoqrafiq və digər sahələrə aid nəzəriyyə və statistik məlumatlara əsasən normativ mənfəət və ehtiyatların yaranmasının zəruriliyini nəzərə almaqla sığorta haqları və tarifləri hesablayan və şərtlərini hazırlayan şəxsdir. Aktuarların fəaliyyət göstərməsi qaydasını və onlara verilən ixtisas tələblərini Maliyyə Nazirliyi müəyyən edir.

4. Sığortanın formaları və növləri
Sığorta həm könüllü, həm də icbari formada həyata keçirilə bilər.

Əhalinin sosial müdafiəsinə əlavə təminatların yaradılması, baş vermiş təbii fəlakət, bədbəxt hadisə, qəza nəticəsində vətəndaşların səhhətinə, fiziki və hüquqi şəxslərin əmlakına, habelə ətraf mühitə vurulan zərərlərin ödənilməsinin təmin edilməsi üçün konkret bir sahədə çalışan işçilərin fərdi qəza üzrə, yaxud konkret bir sahənin əmlakı sığortaya mütləq qaydada cəlb edilə bilər.

Belə sığortalar qanunvericiliyə uyğun olaraq müvafiq icbari sığorta qanunları əsasında həyata keçirilir. İcbari sığortanın şərtləri və aparılması qaydası, daha doğrusu sığortalıların və sığortaçının müəyyən edilməsi, hansı hadisələrin sığorta hadisəsi hesab olunması, sığorta məbləği və sığorta haqları (tarifləri), sığorta ödənişi verməkdən imtina əsasları, sığortanın həyata keçirilməsi üçün zəruri hesab olunan digər şərtlər həmin icbari sığortanı tənzimləyən qanunla müəyyən edilir. İcbari sığorta, əgər qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, müvafiq qanunla müəyyən olunmuş şərtlər və qaydalar çərçivəsində həyata keçirilməlidir. İcbari sığorta qanunu ilə həmçinin sığortanı həyata keçirəcək sığortaçı müəyyən edilməlidir.

İcbari sığortanın növündən, sığorta obyektinin (obyektlərinin) həcmindən, sığortanın əhatə dairəsindən, sığorta haqlarının ödənilməsi mənbəyindən asılı olaraq sığortaçı dövlət sığorta orqanı, yaxud mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müvafiq sığorta növünün aparılmasına icazəsi (xüsusi razılığı) olan bütün sığorta şirkətləri müəyyən edilə bilər.

Sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulan icbari sığortanın aparılması, büdcə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadənin təmin edilməsi məqsədilə qanunla dövlət sığorta orqanına həvalə edilə bilər. Qeyd etmək yerinə düşərdi ki, respublikada icbari formada həyata keçirilən səkkiz sığorta növündən beşi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir.

Könüllü sığortanın aparılması qaydası və şərtləri sığortaçının təsdiq etdiyi müəyyən növlər üzrə sığorta qaydaları, habelə sığortaçı ilə sığortalı arasında bağlanılan müqavilə ilə müəyyən edilir. Sığorta qaydalarında sığortanın məqsədi, sığorta obyektləri, sığorta hadisələri, sığorta ödənişi verməkdən imtina əsasları, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilməlidir.

Sığorta qaydalarında həmçinin sığortaçının aktuar hesablamalar əsasında müəyyən etdiyi tariflər göstərilməlidir. Əgər sığorta qaydalarında nəzərdə tutulmuşdursa, sığorta müqaviləsində əlavə şərtlər də nəzərdə tutula bilər.

Sığorta müqaviləsi bağlanarkən sığortaçı müvafiq sığorta növü üzrə sığorta qaydalarını sığortalıya təqdim etməlidir. Belə ki, sığortalı müqaviləyə əsasən hansı hərəkətləri etməli olduğunu, hansı hallarda sığortaçının ona sığorta ödənişi verməkdən imtina edəcəyini bilməlidir.



Sığortanın növləri dedikdə, tarif dərəcələri üzrə müəyyən həcmdə sığorta məsuliyyətinə uyğun olaraq, mahiyyətcə həmcins olan konkret obyektlərin sığortası nəzərdə tutulur. Sığortaçılarla sığorta olunanlar arasında sığorta münasibətləri müəyyən növlərə uyğun olaraq həyata keçirilir.

Məsələn, əmlak sığortasının konkret növləri tikilinin sığortası, heyvanların, ev əmlakının sığortası, nəqliyyat vasitələrinin və s. kimi müəyyən edilir. Yaxud sosial sığortanın konkret növlərinə yaşlılığa görə pensiya sığortası, əlillik üzrə, ailə başçısının itrilməsi üzrə sığorta, əhalinin bu və ya digər təbəqəsində konkret iş qabiliyyətinin sığortalanması aiddir. Həyat sığortası, ölüm hallarının və əmək qabiliyyətinin itrilməsi üzrə sığorta, uşaqların sığortası, bədbəxt hadisələrdən sığorta isə şəxsi sığorta növləridir.




5. Kənd təsərrüfatında əmlakın sığortası.
Kənd təsərrüfatında əmlak sığortası Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının əmlakının sığortasını əhatə edir. Sığortanın bu sahəsində məqsəd kənd təsərrüfatı istehsalçılarının əmlakının təbii fəlakətdən sığortasında dövlətin iştirakı təmin olunmaqla, aqrar sahədə sığortanın inkişafını stimullaşdırmaq və sığortalılara sığorta hadisələrindən dəyən zərərin ödənilməsinə verilən zəmanətin iqtisadi əsaslarını gücləndirməkdir.

Kənd təsərrüfatında əmlak sığortası haqqında qanunvericilik - kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan və onlara uyğun qəbul edilmiş normativ hüquqi aktlardan ibarətdir.

Kənd təsərrüfatında əmlakın sığortası könüllü formada həyata keçirilir. Sığortanın şərtləri və aparılması qaydaları qanunvericiliyə uyğun olaraq sığortaçı ilə sığortalı arasında bağlanan sığorta müqaviləsində müəyyən edilir.

Kənd təsərrüfatı bitkilərinin məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar, arı ailələri, habelə kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri və digər əmlak (azqiymətli və tezköhnələn əşyalar və təbii biçənəklərin məhsulları istina olmaqla) sığortanın obyektləridir.

Kənd təsərrüfatında əmlakın sığortasının subyektləri müvafiq icra hakimiyyəti orqanları, sığorta sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən sığortaçılar, sığortalılar və sığorta müqavilələrindən irəli gələn vəzifələri həyata keçirən digər hüquqi və fiziki şəxslərdir.

Kənd təsərrüfatında bütün sığorta obyektləri bir qayda olaraq yanğın, dolu, sel, daşqın, tufan, şaxta və ildırım vurması, zəlzələ, torpaq sürüşməsi, dəmyə torpaqlarında quraqlıq kimi təbii fəlakətlərdən, habelə kənd təsərrüfatı bitkilərinin məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar, arı ailələri müvafiq olaraq xüsusi təhlükəli ziyanvericilərin yayılmasından və hücumundan, yoluxucu xəstəliklərdən, kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri isə qəza hadisələrindən sığortalanır.

Sığorta müqavilələrində sığorta hadisələrinin digər növləri də nəzərdə tutula bilər.

Kənd təsərrüfatında əmlakın sığortası üzrə sığorta tarifləri sığorta hadisələri nəzərə alınmaqla sığortaçı tərəfindən müəyyən edilir.

Hər bir sığorta hadisəsi üzrə sığorta haqqının hesablanması üçün istifadə olunan tarif müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş maksimum sığorta tarifindən çox ola bilməz.

Müqavilə üzrə hesablanmış sığorta haqqı müqavilə bağlandığı tarixdən bir ay müddətində ödənilməlidir.

Əmlakını üç ildən az olmayaraq ardıcıl sığorta etdirmiş, lakin həmin müddətdə sığorta ödənişi almamış sığortalıya sonrakı illər üçün hesablanmış sığorta haqqından dördüncü il üçün 10 faiz, beşinci il üçün 20 faiz, beş ildən artıq müddətdə isə 30 faiz həcmində güzəşt edilir.

Sığorta müqaviləsi üzrə sığorta məbləği kənd təsərrüfatı bitkiləri üzrə məhsulun dəyərinin azı 70 faizi, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar, arı ailələri üzrə hüquqi şəxslərdə - onların balans dəyərinin, fiziki şəxslərdə isə bazar qiymətinin azı 80 faizi, kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri isə digər əmlak üzrə isə əmlakın bazar qiymətinin tam məbləği miqdarında müəyyən edilir.



Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin