Fənn: Pedaqogika Mövzu: Kollektiv; əlamətləri, tərbiyə yolları



Yüklə 18,39 Kb.
tarix28.12.2021
ölçüsü18,39 Kb.
#48051
Kollektiv-əlamətləri, tərbiyə yolları


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ
SƏRBƏST İŞ
Fakültə: Sosial elmlər və psixologiya

Kurs: 3

Qrup: 1678A

Fənn: Pedaqogika

Mövzu: Kollektiv; əlamətləri, tərbiyə yolları

Müəllim: Zülfiyyə Şiriyeva

Tələbənin adı soyadı: Hüseynova Qiymət Rəşid

BAKI-2021

Kollektiv; əlamətləri, tərbiyə yolları

Bildiyimiz kimi, tərbiyənin prinsiplərindən biri də kollektiv vasitəsilə tərbiyə prinsipidir. Keçmişdə olduğu kimi, məktəb özünün ilk günlərindən kollektivi qüdrətli tərbiyə vasitəsi hesab etmişdir və indi də edir. Şərqin görkəmli müəllimləri adını almış Əl Kindi (800-873), Əl Qəzzali (1056-1111), İbn Xəldun (1332-1416) və b. şəxsiyyətin formalaşmasında müəllim-şagird münasibətlərinin formalaşmasına üstünlük vermişlər.

Onlar bir tərəfdən, şagirdləri özlərinin şəxsi həyat təcrübəsi ilə zənginləşdirməli, digər tərəfdən isə məktəbliləri öz müsbət və mənfi cəhətlərini, tərəflərini görməyə, rəftar və davranışlarını təhlil etməyə alışdırmalıdırlar. Həmçinin, şəxsiyyətin formalaşması məktəbdə müəllim tərəfindən təşkil edilir və istiqamətləndirilir; o, əxlaqi davranışa təhrik edən zəruri şəraitin yaradılmasına kömək göstərir, fəaliyyətin zəruri məzmununu seçir, təlim iştirakçıları arasında əxlaqi münasibətlərin təzahürü üçün orada xüsusi ünsiyyət situasiyaları yaradır. Deməli, şagird gələcəkdə necə olmasını, kimə oxşamasını, nəyi özü üçün ideal seçməsini müəyyənləşdirir.

Şəxsiyyətin inkişafında, mənəvi aləminin formalaşmasında, özünüdərketmə prosesində tərbiyə böyük yer tutur. 

Tərbiyə prosesi cəmlənən ünsürlərin sadəcə toplusu deyil, orada bütöv şəxsiyyət formalaşır. Lakin bu kompleksdə əsas və başlıca, aparıcı tərbiyədir. Bu, bütün ünsürlər sisteminin əhəmiyyətli və mürəkkəb komponentidir. Şəxsiyyət hər şeydən əvvəl, ictimai (sosial) mahiyyətə malikdir. Bu, o deməkdir ki, insan cəmiyyətdən, kollektivdən kənara düşsə, təcrid olunsa, bir şəxsiyyət kimi formalaşa bilməz, onun insana aid bir sıra irsi əlamətləri inkişaf etməz, adam yalnız bioloji istiqamətdə formalaşar. Buradan aydın olur ki, insanın sosial keyfiyyətləri (zehni, əxlaqi, dünyagörüşü və s.) yalnız kollektivdə, cəmiyyət daxilində formalaşır və inkişaf edir. Feyerbax tezislərində yazırdı ki, şəxsiyyət öz mahiyyətinə görə mövcud ictimai münasibətlərin məcmusundan ibarətdir. İctimai münasibətlərdən kənarda şəxsiyyət yoxdur, olmamış və ola da bilməz.

 

Şəxsiyyətin formalaşması dialektik ziddiyyət təşkil edən iki istiqamətlə bağlıdır:



1. Fərdi kollektivlə müntəzəm əlaqədə olması, onun digər fərdlərlə ünsiyyətdə olması prosesi;

2. Fərdin digər fərdlərdən təcrid olunması, özünütəsdiq prosesi. 

Klassik pedaqoqlar (Feyerbax, Trondayk, Conn Dyui və b.) sübut etmişlər ki, insan yalnız ünsiyyətə, başqaları ilə əlaqə yaratmağa can atan bir varlıq kimi qalmır, o həm də cəmiyyət daxilində özünü başqalarından ayırmağa meyil göstərir. Bu, o deməkdir ki, şəxsiyyət bir tərəfdən ümumi əlamətlərə malikdirsə, digər tərəfdən də özünə xas olan fərdi cəhətləri əks etdirir. Buradan belə bir nəticə çıxarmaq olar: tərbiyənin təşkilində ümumi iş formaları ilə fərdi iş formalarını dialektik əlaqədə götürmək lazımdır.

Kollektiv üçün, kollektiv vasitəsilə, kollektiv daxilində tərbiyə probleminin ən kamil tədqiqatçılarından və onu əməli surətdə həyata keçirənlərdən biri də (Kuryaj, Qorki, Dzerjinski adına kommunalarda) A.S.Makarenko olmuşdur. O, tərbiyə işini münasibətlərin formalaşdırılması prosesi hesab edir və bu münasibətlərlə yazırdı ki, bizim pedaqoji işimizin həqiqi obyekti məhz münasibətlərdən ibarətdir, qarşımızda isə bir deyil, iki obyekt vardır: 



  1. Şəxsiyyət,

  2. Cəmiyyət.

A.S.Makarenko bu ideyaya tam uyğun olaraq belə bir nəticəyə gəlmişdir: tərbiyənin bir ümumi, bir də xüsusi məqsədi vardır. Ümumi məqsəd o deməkdir ki, biz cəmiyyətin tələblərindən çıxış edərək şəxsiyyətin inkişaf modelini, ümumi proqramını hazırlamalı, şəxsiyyətin inkişaf layihəsini ortaya çıxarmalıyıq; “bizə necə adam lazımdır?” sualına cavab vermək mühüm məsələdir. Xüsusi məqsəd isə hər bir konkret fərdin, əlimizdə olan “xam materialın” inkişafını əks etdirməlidir. Makarenko koloniyada və ya məktəbdə, hər şeydən əvvəl, möhkəm uşaq kollektivi yaratmaqla ciddi məşğul oldu və bu işə uşaq fəallarının təşkilindən başladı. “Anton Semyonoviçin belə bir fikrini yaxşı yadda saxlamaq lazımdır ki, fəallar - “kollektivin vicdanıdır”. Əgər fəallar qalan şagirdlərə ləyaqətsiz görünürsə, düzəldilə bilməyən vəziyyət baş verirsə - belə fəalların əlindən ən qiymətli ideyalar və faydalı işlər hörmətdən düşər”. Koloniyada qəbul edilmiş pedaqoji qanunlardan biri uşaqların keçmiş cinayətlərini tamamilə unutmaq və onların üzünə vurmamaq idi. Makarenko həm də bir psixoloq kimi qeyd edir ki, biz uşağın keçmişi haqqında deyil, gələcəyi haqqında düşünməliyik.

Təbii ki, şəxsiyyətin formalaşmasında ictimai münasibətlərin, ictimai quruluşun heç bir rolu olmadığını mülahizə kimi irəli sürənlər də olmuşdur. Guya kollektiv şəxsiyyətin inkişafında yalnız mənfi təsir göstərir; kollektivdə mövcud olan ictimai rəy şəxsiyyətin arzu və istəklərini boğur və ya buxovlayır, beləliklə də, inkişafı ləngidir.

“Mülkədar kəndlilərinə onların xeyirxahlarından salam” adlı bəyannamə buraxdığına görə ömrünün 21 ilini həbsxanada keçirən N.Q.Çernışevskiyə (1828-1889) görə, şəxsiyyətin formalaşmasında həyat şəraiti, ətraf mühit, kollektivçilik əsas və həlledici rol oynayır. İnsan rəhmli, yaxud zalım, ləyaqətli vətəndaş, yaxud cinayətkar və yaramaz doğulmur, düşdüyü şəraitdən və aldığı tərbiyədən asılı olaraq bu və ya başqa cür olur. Şəxsiyyətin inkişafı və xarakteri əsasən həyat şəraiti və tərbiyədən asılıdır. Çernışevski öz dövründə mövcud olan məktəbləri tənqid edərək deyirdi ki, belə məktəblər insanda heç bir arzu yaratmır, ona aydın dünyagörüşü vermir. Bu məktəbdən çıxanlar cəsarətsiz, aciz, məhdud və prinsipsiz, fikirləri tərəddüdlü, dolaşıq, fəaliyyətləri mənasız olur. Ona görə də Çernışevski şəxsiyyət yetişdirməyən məktəblərin təhsil-tərbiyə sisteminin kökündən dəyişdirilməsini tələb edirdi.

İnsanlar təcrid olunmuş şəkildə deyil, qruplarda, kollektivdə yaşayır və fəaliyyət göstərir. Ona görə də öz qrupunun hər bir üzvünün tərbiyəsində həmin qrupun, kollektivin rolu böyükdür. Məhz bu mənada uşaq kollektivinin böyüməkdə olan şəxsiyyətin formalaşmasında rolunu qeyd etməmək olmaz. Kollektiv bir növ uşaq şəxsiyyətinin inkişafı üçün şərait və şərt rolunu oynayır. Uşaq kollektivi öz üzvlərinə qarşı tərbiyələndirici funksiyanı yerinə yetirir. Kollektiv öz üzvlərinə təsir edir, onlardan müvafiq davranış tərzinə əməl etməyi tələb edir. Kollektivin təqdiri və məzəmməti, sağlam tənqidi, işgüzar və ciddi tələbi öz üzvlərində şəxsiyyətin inkişafına təsir edir, qüsurların aradan qaldırılmasına səbəb olur. Məhz buna görə də müəllim və tərbiyəçilər şagird şəxsiyyətinin formalaşmasında, o cümlədən onların əxlaq tərbiyəsində kollektivin bu cür imkanlarından istifadə etməyə çalışmalıdırlar. Düzgün təşkil olunmuş kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur.

Xüsusilə yeniyetməlik və ilk gənclik dövründə şagirdlərin tərbiyəsinə kollektivin həlledici təsiri belə bir psixoloji cəhətlə də bağlıdır. Adətən bu dövrdə yaranan uşaq kollektivləri eyni tələbata malik olan, müstəqilliyə can atan həmyaşıdlardan ibarət olur. Ona görə də uşaqlar ən çox yoldaşları ilə qarşılıqlı əlaqədə olur, onları anlayır, onlarla asanlıqla razılığa gəlirlər. Nəticədə kollektivin tərbiyələndirici təsir gücü daha real və faydalı olur. Bu cəhəti nəzərə alaraq müəllim və tərbiyəçilər tərbiyəvi tədbirin təşkili zamanı kollektivin həmin imkanlarından lazımi dərəcədə istifadə etməlidir.

Yaxşı təşkil edilmiş şagird kollektivində ictimai həmrəylik, ictimai rəyə hörmət, yoldaşlıq və dostluq, yüksək ideya inamı, humanizm və s. kimi yüksək əxlaqi hisslərin formalaşmasına geniş imkan yaranır. Yüksək ictimai həmrəylik hissinin formalaşması şagirdi kollektivin ümumi işində daha fəal şəkildə iştirak etməyə, kollektiv qarşısında öz məsuliyyətini dərk etməyə yönəldir. Həmin hisslərin olması şagirdləri öz sinfinin, öz məktəbinin şərəfi uğrunda mübarizəyə təhrik edir. Uşaq kollektivində xüsusilə yoldaşlıq və dostluq hissinin formalaşması üçün geniş imkan yaranır. Burada şagirdlərin birbirinə qarşı həssaslığı, qayğıkeşliyi xüsusi yer tutur. Kollektivdə yaranan bu cür hisslər şagirdləri bir-birinə qarşı qayğı göstərməyə, lazımi köməklik etməyə yönəldir. Yaxınlıq, yoldaşlıq münasibətləri dostluq hissinin formalaşmasına, hər bir gəncin yaxın dostunun meydana gəlməsinə səbəb olur.

Kollektiv möhkəm olduqda onun bütün normaları öz üzvlərinin normalarına çevrilir. O cümlədən kollektiv üzvlərində yüksək ideya inamı yaranmış olur. Nəhayət kollektiv özü şagirdlərdə kollektivçilik hissinin formalaşmasına da gətirib çıxarır ki, nəhayət həmin şagirdlərdə onları əhatə edən yoldaşlarına qarşı əsl humanist münasibətlərin yaranmasına səbəb olur. Onlarda empatiya (başqa adamların psixi halətlərini başa düşmək və onların dərdinə şərik olmaq qabiliyyəti), identifikasiya, mehribanlıq və s. kimi keyfiyyətlər baş qaldırır.

Çünki o, özünə nəzarət edə bilməzsə, şəxsiyyətyönümlülük istənilən səviyyədə həyata keçə bilməz. Odur ki, bu işə kollektivin dostcasına nəzarəti köməklik göstərməlidir. Belə olarsa, hər bir şagird öz şəxsi keyfiyyətlərinə obyektiv surətdə yanaşa bilər, özünə kənardan baxar, nöqsanlarını dərk edər, onların aradan qaldırılması üçün yol və vasitələri asanlıqla müəyyən edə bilər. Buna görə də şəxsiyyətyönümlülük prosesində yetişməkdə olan nəsli öz qüvvə və imkanlarını, istedad və qabiliyyətlərini aşkar etməyə və onları düzgün istiqamətləndirməyə yönəltmək zəruridir.



İrəli sürdüyümüz fikir və görüşlərdən belə nəticəyə gəlirik ki, məktəb və ya biz müəllimlər öz üzərimizdə məsuliyyəti bir az da artıraq. Əgər biz şəxsiyyət yetişdiririksə ilk öncə özümüzdə olan nöqsanları aradan qaldıraq, öz hərəkət və davranışlarımızı şüurlu surətdə istiqamətləndirək, mənəvi keyfiyyətləri daim təkmilləşdirək. Çünki məktəbin əsas məqsədi şagirdləri vətən üçün, torpaq üçün, millət üçün düzgün istiqamətə yönəltməkdir.

ƏDƏBİYYAT

  1. Firədun İbrahimov, Rüfət Hüseynzadə. PEDAQOGİKA: 2 cilddə. I cild. – Bakı: Mütərcim, 2012, s.

  2. Əhmədov B.A., Rzayev A.Q. Pedaqogikadan mühazirə konspektləri. Bakı: Maarif, 1983

  3. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı, 2003.

Yüklə 18,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin