"Füyuzat" kəlməsi mənşəcə ərəb sözu olub, sözlük mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyziyab olmaq deməkdir.
"Füyuzat" jurnalının 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub. Jurnalın sponsoru maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyev idi. Jurnalın səhifələrində onun baş redaktoru Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi.
XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.
"Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı.
Tolstoy, Höte, Russo, Monteskye kimi görkəmli simalar haqqında nisbətən ətrafılı və dəqiq məlumatı Azərbaycan oxucuları ilə ilk dəfə bu jurnalda çap olunan məqalə və tərcümələrdən almışdılar.
Ə.Hüseynzadənin başçılıq etdiyi "Füyuzat" jurnalı və eyni adlı ədəbi cərəyan əsrimizin əvvəllərində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında ciddi xidmətlər göstərmişdir. Ayrı-ayrı ədəbi-ictimai problemlərə münasibətlərində, xüsusən dil məsələsində "Füyuzat" və Cəlil Məmmədquluzadənin başçılıq etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbləri arasında ciddi fikir ayrılığı vardı. Lakin, füyuzatçılar da xalqı maarifləndirmək, onda öz tarixinə, çağdaş durumuna gözüaçıq münasibət oyatmaq, mədəniyyəti və elmi yaymaq sahəsində geniş fəaliyyət göstərmişlər.
Dostları ilə paylaş: |