Gənclərin kommunist tərbiyəsi məsələsinə dair



Yüklə 26,01 Kb.
tarix15.04.2020
ölçüsü26,01 Kb.
#30856
gənclərin kommunist tərbiyəsi.docx copy

Gənclərin kommunist tərbiyəsi məsələsinə dair

Gənclərin kommunist tərbiyəsinin necə olması məsələsinə düzgün yanaşmaq üçün hər şeydən əvvəl bilmək lazımdır ki, kommunist necə adam olmalıdır, o nələri bilməlidir,nəyə can atmalıdır,necə hərəkət etməlidir.

Kommunist birinci növbədə ictimai adam olmalıdır. Onun ictimai instinktləri güclü surətdə inkişaf etməlidir, o hamının yaxşı yaşamasını, bütün insanların xoşbəxt olmasını arzulayan adam olmalıdır.

Kommunistlər cəmiyyətin bütün siniflərindən çıxa bilər, lakin onlar hamıdan çox fəhlə mühitindən çıxır. Nə üçün? Çünki fəhlələrin həyat şəraiti elədir ki, o, adamlarda ictimai instinktlər tərbiyə edir. Kollektiv əmək(belə əməyin müvəffəqiyyəti ümumi səydən asılıdır), ümumi əmək şəraiti, ümumi həyəcan, insan yaşayışının şəraiti uğrunda ümumi mübarizə—bütün bunlar fəhlələri bir-biri ilə yaxınlaşdırıb onları sinfi həmrəylik telləri ilə bağlayır. Kapitalistlər sinfini götürək. Bu sinfin yaşayış şəraiti, tamamilə, başqa cürdür. Rəqabət hər bir kapitalisti məcbur edir ki, o, digər kapitalistin simasında hər şeydən əvvəl öz rəqibini görsün, həmin rəqibin işinə maneçilik törətsin. Kapitalist fəhlədə yalnız onun üçün, kapitalist üçün gəlir yaratmaq üzərində çalışmalı olan “işçi əlləri”ni görür. Əlbəttə, fəhlə sinfinə qarşı ümumi mübarizə kapitalistləri birləşdirir, lakin fəhlələrdə gördüyümüz daxili həmrəylik, kollektiv birlik—fəhlələrin öz aralarında bölmək üçün bir şeyi yoxdur—kapitalistlər sinfində yoxdur.Kapitalist həmrəyliyi rəqabət tərəfindən yeyilib məhv olur.Məhz buna görə də fəhlə mühitində ictimai instinktlərə malik insan bir normaya çevrilir. Kapitalist mühitində isə belə adam müstəsna hallarda yaranır.

İctimai instinktin çox böyük əhəmiyyəti vardır. Çox zaman bu instinkt insana hiss vasitəsi ilə vəziyyətdən düzgün çıxış yolu tapmaqda kömək edir, düzgün yol seçməkdə kömək edir. Məhz buna görə də RKP-ni təmizlərkən bu və ya digər partiya üzvünün fəhlə mühitinə mənsub olub-olmadığına diqqət yetirilirdi. Fəhlə mühitindən çıxan şəxsə düzəlmək asandır. Bizdə Rusiyada ziyalılar gördükdə ki, sinfi instinkt sayəsində fəhlə daha asan başa düşür, həmin şeyi isə ziyalı çox çətinliklə başa düşür, ziyalılar 90-cı illərin axırlarında və XX əsrin ilk onilliyinin birinci yarısında(1896-1903)sinfi instinktin əhəmiyyətini şişirtməyə meyil göstərirdilər. Sosial-demokratların gizli qəzetlərindən biri olan “Рабочаja мысл» qəzeti hətta belə iddia edirdi ki, fəhlə mühitindən sosialist çıxa bilməz. Çünki Marks və Engels fəhlə deyildilər,”Рабочаja мысл» yazırdı:”Bizə Markslar və Engelslər lazım deyil!”

Sinfi instinkt—fəhlə sinfində bu instinkt ictimai instinktə mütabiqdir—kommunist olmaq üçün zəruri şərtdir, lakin kifayət şərt deyildir.

Kommunist hələ çox şey bilməlidir. Əvvələn o, ətrafında nələr olduğunu başa düşməli,mövcud quruluşun mexanizmindən baş çıxarmalıdır. Rusiyada fəhlə hərəkatı inkişaf etməyə başlayan zaman sosial-demokratlar, birinci növbədə, məsələn, Dikşteynin “Kim nə ilə yaşayır”,”İş günü” və s. kitabçaları kimi kitabçaları geniş kütlələr içərisində yaymağa çalışdılar. Lakin kapitalizm quruluşunun mexanizmini başa düşmək azdır.Kommunist bəşər cəmiyyətinin inkişaf qanunlarını da öyrənməlidir. O, təsərrüfat formalarının inkişaf tarixini, mülkiyyətin inkişaf tarixini, siniflərə bölünmə tarixini, dövlət formalarının inkişaf tarixini də bilməlidir. Onların qarşılıqlı asılılığını başa düşməli, müəyyən ictimai quruluşdan dini və əxlaqi təsəvvürlərin necə yetişdiyini bilməlidir. Bəşər cəmiyyətinin inkişaf qanunlarını başa düşməklə, hər bir kommunist cəmiyyət inkişafının haraya doğru getdiyini aydın təsəvvür etməlidir. Kommunizmi o yalnız arzu olunan quruluş kimi təsəvvür etməməlidir. Elə quruluş ki, orada birinin səadəti başqasının bədbəxtliyi üzərində qurulmayacaqdır.O, eyni zamanda başa düşməlidir ki, kommunizm məhz elə bir quruluşdur ki, bəşəriyyət mütləq ona doğru gedir və kommunistlər bu quruluşun yolunu təmizləməyə, onun daha da tez başlamasına kömək etməyə borcludurlar.

Rusiyada fəhlə hərəkatının yarandığı ilk dövrdə meydana gələn fəhlə dərnəklərində, bir tərəfdən, adətən, müasir cəmiyyətin quruluşunu izah etmək məqsədi daşıyan siyasi iqtisadiyyat və mədəniyyət tarixi(bu zaman mədəniyyət tarixi tarixin adicə izahına qarşı qoyulurdu:tarix çox zaman müxtəlif əhəmiyyət kəsb edən tarixi faktların yığımından ibarət olurdu)keçilirdi. Məhz buna görə də o dövrün dərnəklərində K.Marksın “Kapital” əsərinin birinci cildi və F.Engelsin “Ailə,xüsusi mülkiyyət və dövlətin mənşəyi” əsəri oxunurdu.

1919-cu ildə Nijeqorod quberniyasının kəndlərindən birində, Rabotki kəndində mən belə bir hadisə ilə üz-üzə gəlməli oldum. Müəllimlər mənə danışdılar ki, II dərəcəli məktəbdə onlar siyasi iqtisad və mədəniyyət tarixi keçirlər. Şagirdlər bir səslə tələb etdilər ki, bu fənlər II dərəcəli məktəbin kursuna daxil edilsin.

Bütün əhalinin başdan-başa Volqa vətəgələrində və əkinçiliklə məşğul olduğu Volqa kəndində belə və həm də müəyyən şəkildə ifadə olunmuş arzu kəndli gənclərdə haradan meydana gələ bilərdi? Yəqin ki, siyasi iqtisad və mədəniyyət tarixinə olan maraq, Rabotkiyə bir zaman dərnəyə gedən və uşaqlara nəyi bilməyin lazım olduğunu izah edən hər hansı bir fəhlə tərəfindən gətirilmişdir.

Lakin hazırki vaxtda rus kommunisti təkcə bunu bilməməlidir. Oktyabr inqilabı Rusiyanın qarşısında kommunizm istiqamətində ən geniş quruculuq imkanı açmışdır. Lakin bu imkanlardan istifadə etmək üçün, indi kommunizmə doğru bircə addım da olsa, atmaq üçün nə etməyi bilmək lazımdır; bilmək lazımdır ki, indi nə əldə etmək mümkündür və nə mümkün deyildir.Yeni həyatı necə qurmağı bilmək lazımdır.Hər şeydən əvvəl yapışdığın iş sahəsini əsaslı surətdə bilmək lazımdır. Sonra isə işə kommunistcəsinə yanaşmaq metoduna yiyələnmək lazımdır. Misal çəkək. Ölkədə tibb işini düzgün qurmaq üçün, əvvələn, işin özünü bilmək lazımdır, ikincisi isə həmin işin əvvəllər bizdə, Rusiyada necə qurulduğunu,indi başqa dövlətlərdə necə qurulduğunu bilmək lazımdır və, nəhayət, üçüncüsü, bu işə kommunistcəsinə yanaşmağı bacarmaq lazımdır. Məsələn:geniş zəhmətkeş təbəqələri arasında təbliğat aparmaq, onları maraqlandırmaq, işə cəlb etmək, zəhmətkeşlərin səyi ilə tibb işi ətrafında güclü təşkilat yaratmaq lazımdır. Bütün bunları yalnız necə etməyi bilmək deyil, həm də bu işin özünü görməyi bacarmaq lazımdır. Ona görə də belə çıxır ki, kommunist təkcə kommunizmin nə olduğunu və onun nə üçün zəruri olduğunu bilməməlidir, həm də öz işini yaxşı bilməlidir, kütləyə yanaşmağı, ona təsir etməyi, onu inandırmağı bacarmalıdır.

Kommunist öz şəxsi həyatında həmişə kommunizmin mənafeyini əldə rəhbər tutmalıdır. Bu nə deməkdir? Bu o deməkdir ki, məsələn, nə qədər adət etdiyi isti ev şəraitində qalmaq istəsə də, madam ki, iş üçün, kommunist işinin müvəffəqiyyəti üçün lazımdır,hər şeyi buraxmaq və ən təhlükəli yerə getmək lazımdır. Kommunist belə edir. Bu o, deməkdir ki, kommunistə tapşırılmış vəzifə nə qədər çətin və məsuliyyətli olsa da, madam ki, lazımdır, kommunist bu işdən yapışır və onu gücü və bacarığı daxilində görməyə çalışır. Cəbhəyə gedir, iməciliyə gedir, qiymətli şeylərin müsadirə edilməsinə və sairəyə gedir.Bu o deməkdir ki, kommunist həmişə öz şəxsi marağını arxa plana çəkir, bunları ümumi mənafeyə tabe edir. Bu o, deməkdir ki, kommunist öz ətrafında baş verən hadisələrə biganə yanaşmır. O, kommunizm işinə ziyan vuran hər şeylə fəal surətdə mübarizə edir, zəhmətkeş kütlələrin mənafeyinə ziyan vuran hər şeylə mübarizə edir, digər tərəfdən isə bu mənafeyi fəal surətdə müdafiə edir və onu öz mənafeyi hesab edir.

Təmizləmə gedən zaman partiyadan kimləri çıxarıb atdılar:a)canından qorxanları və partiyaya müəyyən vasitə ilə düzələnləri, yəni öz mənafeyini kommunizm işinin mənafeyindən yüksək tutanları;b)kommunizmə laqeyd olanları, kommunizmin həyata keçirilməsi üçün heç bir iş görməyənləri, kütlədən uzaqda dayanan, onunla yaxınlaşmağa can atmayanları;c)kütlənin hörmət və məhəbbətini qazanmayanları;d)kobud rəftar edənləri, lovğaları, səmimi olmayanları və b.

Beləliklə, kommunist olmaq üçün:1)kapitalizm quruluşunda nəyin pis olduğunu, ictimai inkişafın haraya doğru getdiyini, kommunizm quruluşunun tezliklə başlanmasına necə kömək etməyi bilmək lazımdır;2)öz biliyini işə sərf etməyi bacarmaq lazımdır;3)zəhmətkeş kütlələrin mənafeyinə və kommunizmə can-başla sədaqətli olmaq lazımdır.

İndi gənclərin kommunist tərbiyəsi haqqındakı məsələyə keçək.

Böyük inqilab, bütün inqilabi şərait gənclərdə ictimai həyata qızğın, fəal və dərin bir maraq inkişaf etdirmişdir. Bu ancaq fəhlə gənclərə deyil, həm də kəndli gənclərə və ziyalı gənclərə aiddir. Gənclər kommunizmə doğru can atırlar.

Ona görə də bu səyi batırmaq deyil,gənclərdə inqilabın təsiri altında oyanmış ictimai instinkti hər vasitə ilə müdafiə etmək, inkişaf etdirmək lazımdır.

Necə müdafiə etməli?Əvvələn, RKKİ təşkilatı özünün hər bir üzvünə kommunizm işi üçün bu və ya digər formada işləmək imkanı versin. Hər bir üzv yalnız kommunizm qurulmasının qeyri-fəal tamaşaçısı olub qalmasın, onun fəal qurucusu olsun. Adam bir iş üçün işlədiyi və həmin işə öz payını verdiyi zaman iş ona daha yaxın görünür. Əlbəttə, hər bir kəsin RKKİ sıralarında öz gücünə və istəyinə münasib iş tapması üçün RKKİ təşkilatı kifayət qədər çevik və həyati olmalıdır, indi bizim ölkəmizdə aparılan nəhəng yaradıcı quruculuq işi ilə min tel vasitəsi ilə bağlı olmalıdır. Quruculuqda iştirak etmək bizə, Rusiyalılara çox zəruri olan həm bacarıq,həm də təşkilati vərdişlər verəcəkdir.

RKKİ hər yerdə əmək bölgüsünü məharətlə apararaq kollektiv qarşısında öz işi üçün məsuliyyət hissi tərbiyə edərək, əmək intizamı tərbiyə edərək, yeni həyat quruculuğuna kommunistcəsinə yanaşmağı öyrədərək öz üzvlərində kollektiv surətdə işləmək bacarığı tərbiyə edə bilər. Bu tərbiyəvi işin nailiyyəti,tamamilə, RKKİ işinin vüsətindən və onun təşkilatının sazlığından, bütün məsələlərin dərinliyindən və həyatiliyindən asılıdır.

Xarakter və dözümlülük tərbiyəsi RKKİ tərəfindən danışmaq, çıxış etmək bacarığından az qiymətləndirilməməlidir.

RKKİ-nin ictimai işdə fəal iştirak etməkdən əlavə, ola bilsin ki, gənclər ittifaqının hər bir üzvündən heç olmasa, bir il ərzində hər hansı bir fabrik və ya zavodda işləməyi tələb etməsi faydalı olardı. Amerikalılar və almanlar ali məktəbi qurtaran hər bir mühəndisdən, müəssisədə bütün fəhlələr üçün həmin müəssisə daxilində mövcud olan ümumi şərtlərlə adi fəhlə sifəti ilə işləmək stajı tələb edirlər. Amerikalılar və almanlar belə hesab edirlər ki, yalnız belə stajı keçən mühəndis fəhlələrə rəhbərlik edə bilər və onlara təsir göstərə bilər. Həm də hər bir gənclər ittifaqı üzvü üçün belə ictimai iş stajı daha zəruri olardı.

Xarakter tərbiyəsi ictimai instinktlər, iş aparmaq üçün lazım olan praktiki bacarıqla yanaşı, hər bir RKKİ üzvü öz dünyagörüşü üzərində də böyük iş aparmalıdır. Bizdə, Rusiyada bu iş təhsil üzərindəki işlə sıx surətdə əlaqələndirilir. Əgər biz burjua zehniyyəti ilə, burjua görüşləri ilə az aşılanmaq nöqteyi-nəzərindən Qərbi Avropa gənclərinə nisbətən daha əlverişli şəraitdəyiksə, bir cəhətdən biz daha çətin vəziyyətdəyik ki, fəhlə gənclərin, xüsusilə, kəndli gənclərin böyük əksəriyyəti hətta ümumtəhsil biliyi minimumuna belə malik deyildir. Bunsuz isə marksizmə yiyələnmək mümkün deyil. Bizim gənclərimiz çox oxumalı, kommunizmin şüurlu qurucusu olmaqdan ötrü, onlara mane olan kəsirləri aradan qaldırmaq üçün hər boş dəqiqədən, hər fürsətdən istifadə etməlidirlər.



Ətraf mühitin mürəkkəb məsələrindən baş çıxarmaq, ilk baxışda anlaşılmaz görünən hər bir vəziyyət qarşısında özünü itirməmək üçün lazım olan elmi marksist bünövrəyə yiyələnmək üzərində də möhkəm surətdə işləmək lazımdır. Sovet-partiya məktəbləri, partiya məktəbləri, bacarıqlı rəhbərlərlə təmin olunmuş dərnəklər gənclərin bəzi hissəsinin bu vəzifəsini yüngülləşdirə bilər. Lakin bu idarələrdən istifadə edə bilən xoşbəxtlər, yenə də, güman ki, çox az adam olacaqdır.Gənclərin böyük əksəriyyəti müstəqil olmağa, təkbaşına oxumağa, bilik qazanmaq üzərində birgə işləyən kiçik qruplarla öyrənməyə məcbur olacaqdır. Özbaşına yaranan dərnəklərə kömək etmək üçün məsləhət kataloqları, dərnəyin işini necə aparmağı öyrədən metodiki göstərişlər, tam bir sıra nümunəvi proqramlar nəşr edilməlidir.Bütün bunları mümkün qədər tez çap etmək olduqca zəruridir.

N.K.Krupskaya.Seçilmiş pedaqoji əsərlər(birinci hissə),”Maarif” nəşriyyatı,1966-cı il,səh 41-47.Pedaqoji əsərləri 2-ci cild,səh 121-126,1922-ci il.
Yüklə 26,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin