GİRİŞ Mövzunun aktuallığı



Yüklə 48,85 Kb.
tarix22.05.2020
ölçüsü48,85 Kb.
GİRİŞ

Mövzunun aktuallığı:  Hər kəsin cəmiyyətdə, insanlar arasında, yığıncaqlarda, müxtəlif məclislərdə, ailədə müəyyən ölçülərə sığan, ümumi davranış normalarına tabe olan hərəkət mədəniyyəti də olmalıdır. Bilindiyi kimi, dilin bütün sahələrində - fonetik sistemində, lüğət tərkibində, qrammatik quruluşunda daxili qanunlar əsasında müəyyənləşmiş normalar var. İnsanların həmin normalara yiyələnməsi və gündəlik ünsiyyətində ona əməl etməsi nitq mədəniyyətidir. Əlbəttə, fonetik tələffüz, leksik, qrammatik normalara bələd olmaq vacibdir. Ancaq əsl nitq mədəniyyəti üçün bu, kifayət deyil. “Gözlədiyimiz yoldaşlar gəlməmişdirlər” cümləsində bütün fonetik, qrammatik tələblərə əməl olunmuşdur. Ancaq bu, süni deyilişdir. “Gözdədiyimiz yoldaşdar gəliblər” deyilişində akademik norma pozulur, lakin təbii danışıq forması gözlədiyi üçün bu variant nitq mədəniyyəti baxımından daha məqbul sayılır.

Məsələnin başqa tərəfi də var. Nitqin gözəlliyi normalara formal əməl olunmasında da deyil. Nitqin məzmunu gözəl olmalı, danışıq aydın və dinləyənin, ya dinləyənlərin səviyyəsinə uyğun gəlməli, anlaşılmalıdır; Birisi geniş çıxışında məzmuna uyğun olaraq intonasiyasını yerli - yerində dəyişməklə dinləyicilərin diqqətini cəlb edir, onları yorulmağa qoymur - bu, nitqin gözəlliyidir.

Bu mövzunu araşdırmaqda bir neçə məqsədlərim var. Tədqiqat işini apararaq nitqin məqsəd və vəzifələri, nitqin inkişafının mahiyyəti və nitqlə dilin münasibəti məqsədlərim arasındadır.

Bu işə giriş, 3 paraqraf, nəticə və ədəbiyyat siyahısı daxildir.

NİTQİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ


  1. Nitqin məqsədi haqqında məlumat.

Nitq mədəniyyəti geniş anlayış olub insan mədəniyyətinin çox mühüm tərkib hissəsi kimi başa düşülür. “Mədəniyyət” sözü dilimizə ərəb dilindən keçmişdir, “şəhər” mənasında olan “mədinə” sözündəndir. “Mədəni” sözü də “şəhərli” mənasındadır. Əvvəllər “mədəni” anlayışı şəhərdən uzaqda yaşayan, hərəkəti, davranışı, nitq qabiliyyəti hələ formalaşıb müəyyən ölçüyə, əndazəyə uyğun olmayan insanlara qarşı, şəhərdə yaşayanların danışığı bədəvilərin, ucqarlarda yaşayanların nitqinə qarşı qoyulurdu. Deməli, uzun əsrlərdən bəri birgə yaşayış nəticəsində şəhərdə yaşayanların, şəhər adamlarının hərəkəti, davranışı, danışığı həyat şəraitinə uyğun olaraq daha sürətlə formalaşıb ucqarlarda yaşayanlara nisbətən mədəni hesab olunmuşdur.

Nitq mədəniyyəti Azərbaycan dilinin qayda-qanunlarını, incəliklərini, özünəməxsus xüsusiyyətlərini öyrənmək üçün zəmin yaradır. Nitq mədəniyyəti mədəni davranmağı və nitq vərdişlərini öyrədir. Ona görə də hər bir şəxs nitqini qurarkən səslərin düzgün tələffüzünü, vurğunun, intonasiyanın işlənmə qaydalarını bilməlidir. Bu fənn tələbələrin istər yazılı, istərsə də şifahi nitqinin inkişafı üçün yollar, perspektivlər açır.

Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri aşılayır, məlumatları rəvan bir dildə çatdırmaq bacarığına yiyələnməyə imkan verir. Bu fənnin ali məktəblərdə tədris olunmasında əsas məqsəd tələbələrin nitqinin inkişaf etdirilməsindən ibarətdir.

Nitq mədəniyyətinin əsas vəzifəsi tələbələri onun elmi əsasları ilə tanış etmək, onlara ədəbi dil normalarını öyrətmək, nitqini inkişaf etdirməkdir.

Nitq mədəniyyəti ümumi anlayışdır. Onu adi və yüksək mədəni nitq kimi, nitqlə dilin münasibəti, nitq ünsiyyətinin növləri və nitq formaları baxımından öyrənmək olar. Adi nitq sadə, aydın, səlis bir nitqdir. hər bir kəs nitqini öz səviyyəsinə uyğun qurur.

Adi nitqdən həm monoloq, həm dialoq, həm də poliloqda istifadə olunur. Yüksək mədəni nitqdə isə vəziyyət bir qədər başqadır. Belə nitqdə böyük tələblər irəli sürülür. Natiq yüksək danışıq tərzi ilə bərabər, xüsusi intonasiya, dilin normalarından ustalıqla istifadə edir. O, dinləyiciyə estetik təsir göstərir. Yüksək mədəni nitqdə hər bir natiq «seçmə və əvəzetmə» prinsipindən istifadə etməlidir. Belə nitq dialekt və şivə sözlərdən, loru danışıq dilindən, qəliz ərəb, fars, rus, Avropa mənşəli və s. sözlərdən uzaq olmalıdır.

Yüksək mədəni nitqdə yüksək mədəniyyət nümayiş etdirilməlidir. Yersiz təkrarlar, jestlər mədəni nitqin təsir qüvvəsini azaldır.

İndi mədəniyyət mədəniyyətsizliyə qarşı deyil, daha mədəni, xalqın kişili, qadınlı, böyüklü, kiçikli, savadlı, savadsız olmasına baxmayaraq hamıya - həm şəhərdə, həm də kənddə yaşayan bütün adamlara, ictimai və mənəvi həyatda, birgə yaşayışda özünü nümunəvi göstərənlərin hamısına aiddir. Ona görə də “mədəni” sözü indi:

a) mədəniyyətcə çox inkişaf etmiş, mədəniyyətin yüksək pilləsində olan;

b) cəmiyyətdə özünü aparma üsullarına, ədəb qaydalarına yaxşı bələd olan; tərbiyəli;

c) mədəniyyətlə bağlı olan mənalarında işlənir.

“Mədəniyyət” sözü isə:

1) insan cəmiyyətinin istehsal sahəsində ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusu;

2) hər hansı xalqın müəyyən devrdə əldə etdiyi belə nailiyyətlərin səviyyəsi; təsərrüfat və ya zehni fəaliyyətin hər hansı birisinin inkişaf səviyyəsi;

3) savadlılıq, elmlilik, biliklilik, cəmiyyətdə özünü apara bilmə; tərbiyəlilik; mədəni adamın tələbatına uyğun olan həyat şəraitinin məcmusu mənalarını əhatə edir.

İndi təhsilin, elmin, mədəniyyətin inkişafı, mətbuatın, radio-televiziyanın ölkəmizin aranlı, dağlı bütün kənd, qəsəbə və şəhərlərində xalqın gündəlik həyatına, məişətinə daxil olması nəticəsində nəinki ədəbi dilimiz, eləcə də danışıq dilimiz kütləviləşmiş, bütün respublikamızda hamının eyni dərəcədə başa düşdüyü, anladığı rəvan, gözəl, səlis dilə çevrilmişdir.

Nitq mədəniyyəti terminini, ümumiyyətlə, mədəniyyət sözü ilə qarışdırmaq olmaz.

Mədəniyyət sözü həyatımızda dərindən sirayət etmiş, insanın həyat və fəaliyyətinin bütün sahələrini əhatə edən çox işlək anlayış olmuşdur: müəllim mədəniyyəti, həkim mədəniyyəti, tələbə mədəniyyəti, səhnə mədəniyyəti, oxu mədəniyyəti, qulaq asma, dinləmə mədəniyyəti və s; şəhər mədəniyyəti kənd mədəniyyəti daha geniş mənada götürülərək konkret yerin - ölkə və ya qitənin adı ilə - Avropa mədəniyyəti, Amerika mədəniyyəti, Şərq mədəniyyəti, Çin mədəniyyəti, və s. deyilir, millətlə baölı olaraq alman mədəniyyəti, fransız mədəniyyəti, türk mədəniyyəti anlayışları da mövcuddur.

Bu söylədiyimiz anlayışlar arasında danışıq mədəniyyəti ifadəsi özünəməxsus yer tutur. Danışıq mədəniyyəti bilavasitə insanla bağlı olduğu üçün yuxarıda sadalanan müəllim mədəniyyəti, şagird, tələbə, sürücü, satıcı və başqa peşə-sənət sahələri ilə bağlı insanların ədəb-ərkan, qanacaq, əxlaq normaları daxil olmaqla danışığı nəzərdə tutulur, çünki hər bir insa kiçik yaşlarından başlamış dili söz tutana qədər danışır, yazır, nitq söyləyir, çıxış edir. O öz danışı tərzini təkmilləşdirir, nitqini həyatdan, cəmiyyətdən gələn yeni-yeni sözlər hesabına zənginləşdirir, başqalarından daha yaxşı danışmağa, nitqini eyni dərəcədə gözəl, ifadəli, rəvan çatdırmağa çalışır. Danışıq vərdişləri formalaşıb təkmilləşdikcə insanın söz ehtiyatı, dilinin lüğət tərkibi artdıqca, müxtəlif yaş və peşə sahibləri ilə ünsiyyət saxladıqca, özü üçün daha rəvan, əlis, düzgün, dəqiq danışanları nümunə götürərək, qəzetlərdən, jurnallardan, kitablardan oxuduğu və ya eşitdiyi nitq nümunələri ilə tanış olduqca, radio-televiziya verilişlərinə diqqətlə və maraqla qulaq asdıqca, dilimizin daxili quruluşuna, onun incəliklərinə bələdləşdikcə, o da öz fikirlərini daha gözəl ifadə etməli olur. Deməli, insan mədəniyyətinin ayrılmaz hissəsi olan nitq mədəniyyəti dil normalarının məcmusu kimi təzahür tapır. Hər bir insan elə danışmalı, nitqini elə qurmalıdır ki, dinləyicilər onu nəinki başa düşməli, həm də onun danışığına həvəslə qulaq asmalı, ondan həzz almalıdırlar. O, bu hal vərdişə çevriləndən, danışığının arzu olunduğunu eşidib biləndən sonra nitqinin mənalı və məzmunlu olmasına daha diqqətli olacaqdır.

Nitq mədəniyyətinə yiyələnmək üçün dilin lüğət tərkibinə dərindən bələdlik, onun fonetik, leksik-semantik, frazeoloji və qrammatik normalarına yiyələnmək, dil qanunlarını nitqdə düzgün tətbiq edə bilmək zəruridir. Söz ehtiyatı zəngin olan, sözlərin məna çalarlarını nitqində düzgün əlaqələndirməyi bacaran, geniş erusiyalı insan öz fikrini çətinlik çəkmədən məntiqi cəhətdən ifadə etmək qabiliyyətində olur.



  1. Nitqlə dilin münasibəti.

Dil ictimai hadisədir. Dil heç bir sinfə xidmət etmir. Daha ümumi mənada dil ünsiyyət vasitəsidir. Dil vasitəsilə insanlar bir-birini başa düşür, əlaqə saxlayır, fikir mübadiləsi aparır. O, mənəvi sərvətdir. Dilin bütün elmlərə açar olması, onun başqa elmlərlə əlaqəsi, həmin elmlərlə birlikdə tədqiq olunmasına gətirib çıxarır. Məsələn, fəlsəfə, məntiq, psixologiya, ədəbiyyat və s. elmlərlə əlaqəli olması bəllidir. Lakin bu elmlərlə əlaqəsinə baxmayaraq, dilin əsas tədqiq obyekti dilçilikdir. Məsələyə bu baxımdan yanaşsaq, onda dilin bir neçə sistemi öz quruluşunda birləşdirməsinin şahidi oluruq. Bu sistemin bəzilərini nəzərdən keçirək.

1) Fonetik sistem. İctimai mənalı səslərin bir -birinə birləşməsi, fonetik qanunları, səslərin, fonetik hadisələrin öyrənilməsini tədqiq edən dilçiliyin bir şöbəsidir.

2) Semantik sistem - dil vahidlərini məna cəhətdən tədqiq edən sahəsinə deyilir.

3) Leksikoloji sistem. Sözlərin təklikdə tədqiqi ilə məşğul olan dilçiliyin bir şobəsidir.

4) Qrammatik sistem sözlərin quruluşundan və birləşməsindən bəhs edir. Onu da qeyd edək ki, bu sistem iki sahəni əhatə edir.

a) morfoloji sistem;

b) sintaktik sistem.

Morfoloji sistemə daxil olan sözlər leksik və qrammatik mənasına görə on bir qrupa ayrılır. Bunlar isə nitq hissələri adlanır. Nitq hissələri iki qrupa bölünür:

1. Əsas nitq hissələri (isim, sifət, say, əvəzlik, fel, zərf).

2. Köməkçi nitq hissələri (qoşma, bağlayıcı, ədat, modal sözlər).

Dilimizdə olan xüsusi bir nitq hissəsi də var ki, o nida adlanır.

Sintaktik sistem sərbəst söz birləşmələrindən, cümlələrdən, onların quruluşundan bəhs edir. Sadə və mürəkkəb cümlələri tədqiq edir.

Sintaktik sistem həm də dilimizdə olan cümlələri məqsəd və intonasiyaya görə öyrənir. Bunlar aşağıdakılardır:

1. Nəqli cümlə;

2. Əmr cümləsi;

3. Sual cümləsi;

4. Nida cümləsi.

Natiq belə cümlələri xüsusi hallarda işlədir, bu da cümlənin təsir qüvvəsini artırır.

Üslubi sistem - üslubları onların əsasını təşkil edən bədii fiqurların ifadə etdikləri xüsusiyyətləri öyrənən müstəqil elm sahəsidir. Buna da üslubiyyat deyilir.

Nitq dilin təzahür formasıdır. Nitqi dildən fərqləndirən əsas xüsusiyyətlərdən biri onun fərdi olmasıdır. Hər bir natiqin öz nitq üslubu var. Nitqin gözəlliyi natiqin dili gözəl bilməsi, hər bir sözü yerində işlətməsi, cümlədə söz sırasını pozmaması və s. ilə şərtlənir. Nitqi dildən fərqləndirən amillərdən biri də nitqdə intonasiya və digər vasitələrdən istifadə etmək imkanlarının olmasıdır.

Dil və nitq mədəniyyəti ümumxalq səciyyəlidir. Hər ikisi xalq mədəniyyətinin tərkib hissəsidir. Ondan qidalanır, mayalanır. Nitq dilin dinamik hissəsidir. Dilin hazır modellərindən məqsədəuyğun istifadə danışanın və ya da yazanın dünyagörüşündən, onun savad dərəcəsindən, dilə şüurlu münasibətindən, əhalinin mədəniyyət səviyyəsinin yüksəlməsindən, fəallığın artmasından asılıdır.

“Dil” və “nitq mədəniyyəti” məfhumları eyni obyektli müxtəlif planlıdır. Hər iki anlayışlar bir -biri ilə əlaqədardır. Bir-birini tamamlayır. Hər ikisi birbaşa insanların münasibəti davranışı və nitqi ilə bağlıdır.

Dil mədəniyyəti anlayışı genişdir. Dilimizdə dil mədəniyyəti ilə yanaşı, mədəni dil termini də işlədilir. Dil mədəniyyəti dedikdə hər bir xalqın öz dilində öz fikrini bütün incəliyi ilə ifadə edə bilməsi başa düşülür. Hər bir mədəniyyət dili üçün onun ahəngdar fonemlər sistemi, geniş lüğət tərkibi sabit qrammatik quruluşu, mükəmməl və dəyişməz yazı sistemi olmalıdır.

Dil mədəniyyəti anlayışı ümumidir. Burada şifahi və yazılı nitqlər birgə götütülür. Nitq mədəniyyəti əsasən yazılı, şifahi nitqlə bağlıdır.

Dil mədəniyyəti nəzakətli ünsiyyət, xoş rəftar mehribançılıq, qarşılıqlı anlama ilə bağlıdır. Dilin inkişaf tarixində onun bir dövrünün nailiyyəti, o bir dövrdəkindən fərqlənir. Hər hansı bir dilin inkişafı həmin dil üçün böyük mədəniyyət  əhəmiyyət kəsb edir. Dil mədəniyyəti tarixi səciyyə daşıyır. Bu ayrı – ayrı dövrlərdə müxtəlif keyfiyyət özünü göstərir. Bu mənada dil mədəniyyəti keçmişin canlı şahidi, müasir mədəniyyətin fəal iştirakçısıdır.

Nitq mədəniyyəti dilin funksional və struktur inkişafının ən yüksək mərhələsidir. Nitq mədəniyyəti geniş mənada fikir, düşüncə mədəniyyətidir.

Öz düşüncəsini düzgün yazmaqla və danışmaqla ifadə edərək kamil nitqə malik olmaq mədəni nitqin əsas əlamətidir.

Nitq mədəniyyəti dilin normalarının və kateqoriyalarının tələbələrinə ciddi əmək edilməsidir. Yüksək nitq mədəniyyəti təfəkkür mədəniyyəti ilə sıx bağlıdır.



Dil bütövlükdə həyat, tarix, xalqın yaşayış tərzi yaddaşıdır. O cəmiyyətin varlığı, təşəkkülü və inkişafı üçün ən  mühüm şərtdir. XV - XVI əsrlərdə yaşamış alim, mütəfəkkir və yazıçı Makiavellinin sözləri ilə desək, dil insana öz fikrini bildirmək üçün verilmişdir. Həqiqətən dil sehrli bir aləmdir. Dili yaradan yaşadan dəyişdirən, inkişaf etdirən xalqdır. Dilin vəzifəsi ancaq informasiya vermək və ünsiyyət vasitəsi olmaqla bitmir. O, milli şüur və təfəkkürün vacib göstəricisidir. Dil milli nailiyyətdir. Həyat kimi canlıdır, keçmişin şahididir. Dil olmasaydı şifahi və yazılı ədəb xəzinəsi olmazdı. Dil olmasaydı Homer Esxil, Nizami, Şekspir, Puşkin olmazdı, onların sehrli söz sərvəti olmazdı. Dil millətin ən mühüm nailiyyəti göstəricisi kimi onu daşıyan hər bir şəxsdən ona qarşı qayğılı və diqqətli olmağı tələb edir. Dil insanı hər yerdə və həmişə müşahidə edir, onun işində, düşüncəsində, həyəcanlananda, sevinən də və s. Məhz bu mənada dil təbiətinə görə bəşəri, xidmətinə görə millidir. Əmək prosesi birgə yaşayan insanları bir-biri ilə ünsiyyət yaratmaq, fikirlərini bir-birinə çatdırmaq, bir-birindən kömək almaq ehtiyyacı oyatmışdır. Belə ünsiyyət ehtiyyacı nitq fəaliyyəti təkan vermiş, nitq fəaliyyəti nitqi, nitq isə nitq vahidlərini sabitləşdirmişdir, onun qaydaları dilin lüğət tərkibi, dilin qanunları yaranmışdır. Dil şüuru, biliyi, təfəkkürü əks etdirir. Dil və nitq bir-biri ilə əlaqədardır və bir-birinə təsir göstərir. Dil ünsiyyətin işarələr mexanizmidir. Dil dil sistemi və nitq fəaliyyətinin birliyi sayəsində mövcuddur. 


  1. Nitq inkişafı üzrə işin mahiyyəti.

Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək imkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacib sayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər,bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarından nümunə götürməlidirlər.

Dilçilik ədəbiyyatında nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik,orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri axtarışlar və təcrübi tədbirlər kompleksidir”. Bu tərifi başqa bir şəkildə ifadə etmiş olsaq, deyə bilərik ki, nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına əməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir.

Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik, leksik və qrammatik qayda-qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir.

Nitq mədəniyyətində dilçiliyin nəzəri fıkirləri əməli şəkildə həyata keçirilir. Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. Nitq mədəniyyətində ayrı-ayrı dil faktları və ya hadisələri yox, dilçiliyin qayda-qanunları sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti yoxdur.

“Nitq mədəniyyəti” nin konkret predmetini müəyyənləşdirmək çox çətindir. Nitq mədəniyyətində bu və ya digər dil faktı hadisəsi yox, üsullar qayda-qanunlar sistemi öyrənilir. Nitq mədəniyyəti filologiya elminin praktik sahəsidir. Yəni nitq mədəniyyəti dedikdə hər şeydən əvvəl filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını, elmin əsasında öyrənilən sahəsi nəzərdə tutulur. Eyni zamanda həmin anlayışdan bu və ya digər nitq təzahürünün keyfiyyətini bildirmək üçün də istifadə edilir.

Bildiyimiz kimi, dil lüğət fondu, qrammatik quruluşu, fonetik sistemi ilə təşəkkül tapmış ünsiyyət vasitəsidir. Nitq isə xalqın hər bir nümayəndəsinin bu ünsiyyət vasitəsindən fərqli istifadəsidir, ayrı-ayrı insanların danışığıdır.

Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur:

1. Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imkanının olması.

2. Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi.

Hər hansı dilin fonetik, leksik, qrammatik, eləcə də orfoqrafik və orfoepik qayda-qanunları vardır. Onları öyrənmədən, bilmədən nitq mədəniyyətinə yiyələnmək mümkün deyildir. Haqqında danışılan qayda-qanunlar müəyyən tarixi təkamülün məhsulu olub, cəmiyyətin normal ünsiyyətinə xidmət edir.

Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu dilözünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə şifahi xalq ədəbiyyatı nümunələri, sonralar isə yazılı ədəbiyyat yaranmışdır. İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir.

Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısı bütövlükdə xalqdır. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə dərindən yiyələnməli və onu layiqli şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirməkdə, yaymaqda söz ustalarının böyük xidmətləri olmuşdur.

Nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğun olaraq ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadə edə bilmə bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündə ehtiva edir:

1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını gözləməsi;

2) nitq məharəti.

Təkcə nitq normalarını deyil, həm də mövcud variantlardan məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən daha uyarlı dil vahidini seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika ilə üslubiyyatın vəhdətidir. Başqa bir mənbədə mədəni nitq, nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitq mədəniyyəti - nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadə vasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadəetmək bacarığı; dil səviyyələrinin və onlara daxil olan vahidlər sisteminin formalaşdırılması, təkmilləşdirilməsi problemlərini, dil hadisə və proseslərinin inkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsi”. Bu tərif nitq mədəniyyəti anlayışını ehtiva etmək baxımından daha dəqiq və əhatəlidir.
Nitq mədəniyyəti insanın yüksək ictimai mədəniyyəti, təfəkkür mədəniyyəti, dilə şüurlu sevgisi, ən yüksək keyfiyyətdir. Böyük Britaniyada qadınların nitqi ilə bağlı aparılan sosioloji tədqiqatlar göstərmişdir ki, nə qədər nitq düzgündürsə qadın şəxsi və professional həyatda bir o qədər xöşbəxtdir. Bu nəticəni, şübhəsiz, dilin bütün daşıyıcılarına aid etmək olar. İnsanın nitqi onun iç dünyasını aşkarlayan başlıca vasitədir. Adamları tanımaq, onlara bələd olmaq üçün, hər şeydən əvvəl, ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Antik dövrün böyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”. Həzrət Əli buyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və yaağılsız olması məlum olmur. Tarixi inkişafın bütün dövrlərində nitqə, onun gözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət verilmişdir. “Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan”.

Maraqlı və canlı danışıq aləmi səslərin deyiliş tərzi, işlənmə forması ilə çox bağlıdır. K.S.Stanislavskinin dediyi kimi, “sadə və gözəl danışığı bacarmaq özü bir elmdir və onun xüsusi qanunları var”. A.P.Çexov “Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiq ola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər” fikrini söyləmişdir. Bir latın atalar sözündə deyilir ki, şair anadan şair doğulur, natiqlər isə tədricən yetişir. Buradan aydın şəkildə bəlli olur ki, gözəl danışığa yiyələnmək həyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim zamanlarda yaranmış bir zərb-məsəldə deyilir: “Sözün zahiri zərif, batini lətif olmalıdır”.

Nitq mədəniyyətinə yiyələnmək üçün dilin lüğət tərkibinə dərindən bələdlik, onun fonetik, leksik-semantik və qrammatik normalarına yiyələnmək, dil qanunlarını nitqdə düzgün tətbiq edə bilmək zəruridir. Söz ehtiyatı zəngin olan, sözlərin məna çalarlarını nitqində düzgün əlaqələndirməyi bacaran, geniş erudisiyalı insan öz fikrini çətinlik çəkmədən məntiqi cəhətdən ifadə edə bilmək qabiliyyətində olur.

Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik,təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyəti probleminə həmçinin orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir. Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bu nitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdə böyük uğurlar qazanırlar.

NƏTİCƏ

Son olaraq apardığım araşdırmalar nəticəsində mən belə bir qənaətə gəlmək olar ki,   natiqliklə nitq mədəniyyətini eyniləşdirmək olmaz. Natiqlik və şairlik, rəssamlıq, bəstəkarlıq, müğənnilik kimi sənətdir. Hər kəs nitqini tərbiyə edə bilər, lakin hamı natiq ola bilməz. Ancaq hər kəs nitqini tərbiyə etməyə, normaları öyrənməyə çalışmalıdır. Ədəbi dilə yiyələnməyin özü nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır. Təsadüfi deyil ki, bir sıra Avropa xalqlarında “ədəbi dil” adlandırdığımız anlayışa “mədəni dil”, “mədəniyyət dili” deyirlər. Yəni nitqin mədəniliyi dilin - danışığın gözəlliyi bütövlükdə millətin mədəniyyətinin tərkib hissəsidir.



  “Mədəniyyət” sözü ərəbcə şəhər mənası verən mədinə sözündəndir. Deməli, vaxtilə şəhər və kənd arasında mədəniyyət baxımından uçurum olmuşdur. İndi ölkəmizdə maarifin - təhsilin, elmin, mədəniyyətin inkişafı, radio - televiziyanın ən ucqar kəndlərin və məişətinə daxil olması ilə bağlı dilimiz kütləviləşmiş, şəhərlə yanaşı, bütün kəndlərimizi də əhatə etmişdir. Bu gün nitq mədəniyyətinə yiyələnmək hamının, hər kəsin işidir.

Hansı millət olursa - olsun, onun mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün, birinci növbədə, aşağıdakılar tələb olunur:



  • dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyi;

  • həmin dildən istifadə edənlərin hazırlığı, yəni dilin səlisliyindən, ifadə imkanlarının genişliyindən düzgün faydalanmaq vərdişlərinin olması.

Azərbaycan dili həm fonetik, həm keksik, həm də qrammatikquruluşuna görə dünyanın ən inkişaf etmiş zəngin dillərindən biridir. Bu dil hansı fikri ifadə imkanlarına görə də, musiqililiyi ilə də diqqəti cəlb edir.

ƏDƏBİYYAT SİYAHISI

  1. Şəlalə Babayeva. Ana dili tədris metodikasının aktual problemləri. Bakı, 2010.

  2. A.M.Nəzərov. Müasir təlim texnologiyaları. Bakı, 2012.

  3. Kərimov Y. Pedaqoji tədqiqat metodları. Bakı, 2009.



Yüklə 48,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə