Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə6/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   2   3   4   5   6   7   8   9   ...   105
Qəddarlıq ən nifrətəlayiq qüsurdur 

 

Qüsurlar insan xarakterinin nöqsanlı cəhətləri olmaqla, onun sahibini etibarsız 



edir, şəxsiyyət kimi tanınan adama isə ciddi ziyan vurmamış ötüşmür. Qüsurlardan 

bəziləri onun daşıyıcısının əsəbinin, ümumilikdə sağlamlığının əleyhinə işlədiyi halda, 

əksəriyyəti isə bilavasitə əhatə edənlərə xətər toxundurur. Onu görə də belə adamlara 

yönələn nifrət, kin uzun müddət nəinki sıradan çıxmır, heç zəifləmir də. Qəddarlıq 

adlanan qüsur adətən başqasına istiqamətlənir, istənilən hədəf seçildikdə ona ağır zərbə 

vurmaqla da kifayətlənyməyib, bəzən həmin hədəfin məhvinə də səbəb olur.  

Qəddarlıq həm də möhkəm qorxu mühiti yaradır, hər kəs bu eybəcər zərbənin 

onu haqlayacağından qorxub, qəddarlıq mənbəyindən çəkinməyə, könüllü surətdə, 

əlbəttə ki, əlacsızlıqdan ona dözməyə, çarə qalmayanda isə tabe olmağa başlayır. Stalin 

depressiyası dünyanın ən böyük ölkəsinin bütün ərazisinə xof toxumu səpmişdi. Acı 

təcrübə göstərir ki, böyük səlahiyyət sahibləri qəddar olduqda, bu cəmiyyətə ağır 

yaralar vurur, təqib və repressiyalar, guya qanın adından törədilən qətllər baş alıb 

gedir.  

Tarix adlanan bəşər yaddaşı ləyaqətli hökmdarlardan yüz, bəlkə də min dəfələrlə 

çox olan qəddar çarlara, krallara, imperatorlara, şahlara, sultanlara, inqilab rəhbərlərinə 

malik olmuşdur. Bir qayda olaraq onlar qətllərdən, iri miqyaslı qırğınlardan həzz alır, 

insanlara əzab, işgəncə və dərd payı verməkdə öz taxt-taclarının və ya vəzifə 

kürsülərinin qorunub saxlanmasının, guya əbədiləşməsinin ən səmərəli vasitəsi hesab 

edirlər. Canavar əgər xəstə, zəif heyvanları yeməklə fauna üçün sanitar rolunu 

oynayırsa, qəddar hökmdar əslində qurbanlarının tərkibinə o qədər də əhəmiyyət 

vermir. Bəziləri isə cəmiyyətin nəcib adamlarının qəsdinə durur, özləri üçün onları 



165 

 

təhlükə mənbəyi hesab etdiklərindən, bu sıranı zəiflətmək üçün istənilən vasitəyə əl 



atmaqdan da çəkinmirlər. XVI əsrdə Varfolomey gecəsi qırğınından (1572-ci ilin 

avqustunda baş vermişdi) sonra, huqenotların ölkəni kütləvi surətdə tərk etməsi ilə 

Fransaya ağır iqtisadi zərbə vurulmuşdu. Kral XIV Luinin kübarlara vurduğu başqa 

zərbə öz ziyanlı izini sonralar daha dəhşətli şəkildə göstərmiş, Fransa ilk ən böyük 

dağıdıcı inqilabla üzləşmişdi. İngiltərə inqilabının başçısı Oliver Kromvel irland şəhəri 

Droqhedanın qarnizonlarını qırğına məruz qoymaqla, şəhəri bütünlüklə qan gölünə 

döndərmişdi.  

Qəddarlıq ən təsirli vasitə hesab edildiyindən tabe etmək alətinə çevrilməklə 

eybəcər ənənənin meydana gəlməsinə səbəb olur. Ona görə də qəddarlar 

“panteolunda” uyuyanların sayı-hesabı yoxdur. Qəddar heç vaxt öz əməllərindən 

nəinki xəcalət çəkmir, əksinə, bu insanlıqdan kənar olan əllaməlikləri barədə daim 

iftixarla danışır, öz biabırçı “igidlikləri” barədə söhbət açmaqdan da həzz alır. Onların 

iyrənc etirafları bu əməllər barədə daha geniş və “maraqlı” mənzərə yaradır, çünki 

başqalarının hekayətlərində bəzən mühüm detallar unudula, həm də şişirtmələrə və ya 

hansısa qərəzliliyə yol verilə bilər.  

Tarixçilər də belələri haqqında bol məlumatlar verirlər. Axı adətən onların 

yazılarında sadə insanların güzəranı, ehtiyacları, çətinlikləri, bədbəxt taleləri barədə çox 

az söhbət açılır, bəzən cəmiyyətin bu qalın plastı, ən böyük təbəqəsi, ümumiyyətlə, 

tədqiqatçıların diqqətini cəlb etmir. Lakin taxt-tac sahiblərinin məişətindəki və ya 

sağlamlığındakı, xarakterindəki problemlərlə yanaşı, arvadlarının, məşuqələrinin, 

kraliçaların isə məşuqlarının özlərini necə aparması, şıltaqlıqları ən yağlı boyalarla 

təsvir edilir. Onları qınamaq da düzgün olmazdı, axı hökmdarlar özləri ilə yanaşı, həm 

də ölkəni, xalqı, təbəələrini təmsil edən baş qəhrəman qiyafəsində səhnəyə çıxırlar, 

onlar öz davranışları ilə cəmiyyətdəki mənəvi mühitin hansı hərarətdə olmasını 

müəyyən etməklə kifayətlənməyib, həm də cəmiyyət üzvlərinə güclü təsir göstərir, pis 

nümunələri ilə güclü deformasiyaların meydana gəlməsinə səbəb olurlar. Həm də onlar 

xalqı, ölkəni tez-tez müharibələrə, sarsıntılara cəlb etməklə daim diqqət mərkəzində 

olurlar. Hökmdarın sevdiyi bir qadına yiyələnməsi üçün və printsə malik olmaq 

naminə arvadını boşaması da siyasi əhəmiyyət kəsb edən bir məsələyə çevrilir, 

arvadlarını qətlə yetirmək isə onun heybətliliyindən qorxu hissini daha da artırır. 

Böyük Karlın, VIII Henrinin və Napoleonun arvadlarını boşaması və yeni izdivacları 

əslində həm də böyük siyasi hadisə xarakteri daşıyırdı. İngilis kralının timsalında isə, 

onun sevdiyi Anna Boleynlə evlənməsi üçün birinci arvadını boşaması İngiltərə 

kilsəsinin Roma Papası ilə münasibətlərinin tamamilə kəsilməsi, ölkənin katolik 

məzhəbindən uzaqlaşmaqla protestantlığa keçməsi hesabına geniş dini münaqişənin 

meydana gəlməsinə səbəb olmuşdu. 

Milyonlarla sadə adamın nikaha girməsi və ya nikahını pozması isə heç toyuq 

hinindəki qədər də səs-küy yaratmırdı. İngiltərə limanlarında isə dənizçilərin bir 

günlük nikahı adi qaydaya çevrilmişdi. Ona görə də tarix salnamələrində hökmdarların 

pozğun əxlaqlarının anatomiyası, əslində patologiyası da geniş təsvir mövzusu rolunu 

oynayırdı.  

Qədim Roma tarixçiləri Tatsit və Svetoni bu antik dövlətin imperatorlarının 

dözülməz qüsurlarını qələmə almaqla, Tatsitin özünün dediyi kimi “Sine ira et studio” – 



166 

 

“qəzəbsiz və qərəzsiz,” yəni təhrifə yol vermədən hadisələrin sadəcə olaraq təsviri kimi 



bir vəzifəni həyata keçirirlər. Tatsit inanırdı ki, tarix əxlaqi niyyətə malikdir: “Bu, mənə 

belə görünür ki, tarixçinin başlıca vəzifəsi buna əmin olmaqdır ki, o, ləyaqəti çatdırır və 

gələcəkdə məhkum ediləcəyindən qorxuya görə şər əməllərə və sözlərə qarşı çıxır”.  

Onsuz da onların qələmə aldıqları həmin dövrdə və xeyli sonralar də xalqa 

məlum idi, axı hökmdarın istər nəcib, istərsə də çox sayda olan eybəcər əməli və ya 

əxlaq nümunələri dillərə düşür, tarixçilərin isə xidməti ondan ibarətdir ki, onlar bu 

həqiqətlərin sonrakı nəsillərə çatdırılması kimi bir xeyirxah işi görürlər. Qəddarlıq bu 

imperatorların, müasir dillə desək, elə bil ki, DNK-larına (DNT-lərinə) yazılmışdır. 

Məgər tarixçilər qələmə almasaydılar da, Kaliqulanın, Neronun, Kommodun, 

Karakallanın, Eloqabalın qəddarlıqları və dözülməz əxlaq pozğunluqları bir sirr olaraq 

qalacaqdımı?  Roma əhalisinin əksəriyyəti bundan hali idi və onların şahidi olmaq 

qismətini yaşamışdılar. Hökmdarların həyatı nə qədər qalın divarlar arxasında 

gizlədilsə də, onların barəsində söhbətlərin dolaşmasını qadağan etmək mümkün 

olmur, kütlənin hamısını isə həbs etmək, qalalara saldırmaq, qətlə yetirmək olduqca 

müşkül məsələdir.  

Hökmdarın süqutundan və ya ölümündən sonra onun barəsindəki söhbətlər 

təfərrüatlara yiyələnməklə genişlənir, bəzən hətta bir qədər şişirdilmiş qaydada gedir. 

Axı insanlar hətta eybəcərliyi də qövsü-qüzeh rəngarəngliyində müşahidə etməyə meyl 

edir, öz baxışlarını nəsillərdən nəsillərə ötürürlər.  

Yazıçılar da tarixin daha böyük maraq obyektinə çevrilməsi üçün öz dühalarını, 

istedadlarını əsirgəmirlər. Uilyam Şekspirin pyesləri vasitəsilə Qədim Roma və 

İngiltərə tarixinin, təsvirində dəqiqliyi təəccüb doğuran xeyli səhifələrinə bələd olmaq 

imkanı tapırsan. Valter Skott ingilis sarayının xəyanətlə dolu olan həyatını təsvir edir. 

Aleksandr Dyuma (ata), Viktor Hüqo və Lev Tolstoyun əsərlərində tarixin dəhşət dolu 

səhnələri istedadlı rəssam ustalığı ilə göstərilir. Onların yaratdıqları nəhəng 

panoramalara hansısa rəngin qatı və ya zəif olduğu da xələl gətirə bilmir.  

İnsan dünyaya gələndən xatarkterində ləyaqətlər kimi qüsurları da daşımağa 

başlayır və onlar getdikcə inkişaf edir və ya zəifləyir. Min illər keçsə də, həyat, 

cəmiyyətlər, mühit dəyişsə də, bədbəxtlikdən qüsurlar nəinki yoxa çıxmır, əksinə, daha 

çox şəkillər alır və şaxələnir. Sivilizasiyalanmış insanın mənfi məziyyətləri cəmiyyətin 

özü kimi yaxşı və pis tərəflərə dəyişməsindən asılı olmayaraq, getdikcə inkişaf edir, 

yeni formalarda meydana çıxır. İnsanın mənəviyyatına mədəniyyət, yaradıcı 

şəxsiyyətlər təsir göstərsələr də, onun vicdanına çoxlu çağırışlar və müraciətlər edilsə 

də, həyatın özü daha güclü təsir göstərməkdə davam etdiyindən çoxlarının daxili 

aləmində elə bir müsbət dəyişiklik əmələ gəlmir. Bədbəxtlikdən, sivilizasiyalanmış 

dəyərlər sıradan çıxmağa başlayır. Daha pis cəhət orasındadır ki, ən iyrənc qüsurlar 

daha da böyüyür, şişir, eybəcərliyi ilə rəmzə çevrilərək, tarixin səhifələrini işğal etməyə 

başlayır.  

Qəddarlıq, adamları əzaba düçar etmək vasitələri də zənginləşirdi. Misir 

piramidaları nəhəng tikililər olmaqla ən faydasız obyektlər hesab olunur, çünki 

ağlasığmaz zəhmət sərfi, daha doğrusu israfı hesabına başa gələn bu ehramlar faraonun 

cəsədini qoruyan sərdabə rolunu oynamalı idi. Onları əsasən mövsümi işçilər tikirdilər. 

Yay aylarında Nil çayı daşanda əkinçilər özlərinin kənd təsərrüfatı iqtisadiyyatına 



167 

 

ziyan vurmadan bu tikintilərdə çalışırdılar. 25 milyon ton ağırlığındakı daş blokların 



daşınmasından və ucaldılmasından əmələ gələn bir neçə nəhəng piramidanın 

tikintisinə bir əsrə qədər vaxt lazım gəlirdi. İnşaatçıların əksəriyyəti öz zəhmətlərinin 

nəticəsini görmürdü. Guya bu piramidalarda uyuyanlar həmin sərdabələrdən əbədi 

həyata qalxa bilərdilər, axı onlar allah hesab olunurdular. Əgər faraonlar əbədi bir 

şərəfdə səyahət etsəydilər, guya yer üzərindəki həyat da çiçəklənəcəkdi.  

Qədim dünya ümumiyyətlə, insanın gözləri qarşısında qəddarlıqlar səhnəsi, 

qırğınlar mənzərəsi kimi canlanır.  

Köhnə Babilistan imperiyasının banisi və heç şübhəsiz, ən böyük amorit 

hökmdarı olan Hammurabi (b.e.ə. 1792-1750-ci illərdə çarlıq etmişdi) öz qəddarlığını 

məğrurluqla bəyan edirdi: “Mən yuxarıda və aşağı ərazidə düşməni kökündən məhv 

etdim”. Həqiqətən də o, hökmranlıq etdiyi dövrdə öz ölkəsinin ərazisini müharibələr, 

məkrli ittifaqlar və asılılığa salan müqavilələr vasitəsilə doqquz dəfə böyütmüşdü. 

Lakin Hammurabi tarixə öz işğallarına görə deyil, daha çox dünyada ilk və böyük 

hüquqşünaslıq sənədi olan qanunlar toplusuna – “Hammurabi kodeksi”nə görə daxil 

olmuş və bütün dövrlər üçün məşhurluğa qovuşmuşdu. Napoleonun da dühasının irsi 

kimi qələbələrinin izi deyil, məhz “Mülki kodeksi” qalmışdır və bu sənəd çox sayda 

dövlətlərin qanunlarının binövrəsi rolunu oynamışdır. Hammurabi özünün bu məşhur 

işini “dinat misarim” – “ədalətli qaydanın verdiktləri” adlandırmışdı, özü isə daim məhz 

“ədalətli çar” adlanmağını arzu edirdi.  

B.e.ə. 1225-ci ildə Assuriya çarı Tikultu-Minutra Babili tutub, öz salnaməçilərinə 

göstəriş verdi ki, bu barədə belə məlumat versinlər: “Mən Babilistan çarını əsir 

götürdüm və onun məğrur boynu ilə ayaqyolu oturacağı kimi davrandım. Beləliklə, 

mən bütün Şumerin və Akkadın ağası oldum və öz səltənətimin sərhədini Aşağı 

dənizin üstündə qoydum”.  

     İsrail çarı David (b.e.ə. 1000-970-ci illərdə hökmranlıq etmişdi) bir neçə 

işğalından sonra təslim edilmiş xalqlarla olduqca sərt davranmışdı. Bibliyada 

“Semyuelin ikinci kitabı”nda deyilir ki: “Sonra David Moabitləri məğlub etdi. O, əsirləri 

torpağın üstünə uzandırdı və hər üçündən ikisini ölümə məhkum etdi. Beləliklə 

Moabitlər onun təbəəsi oldular və ona vergi verirdilər.” Həmin kitabdakı “Davidin 

qələbə şərqisi” fəslində isə onun öz dilindən deyilir ki, “Mən onları (düşmənləri- 

müəllif) tarmar etdim və onlar toza çevrildilər, / Mən onları palçıq kimi tapdaladım.”    

B.e.ə. 883-859-cu illərdə Assuriyada çarlıq etmiş Aşşurnasirpal Şimali 

Mesopotamiyanı, Şimali Suriyanı və Finikiyanı işğal etmişdi. Məğlub etdiyi 

düşmənlərini lovğalıqla belə xatırlayır: “Mən onların döyüşçü qruplarından 3000-ni 

silahla doğradım… Onlardan götürdüyüm çox sayda əsirləri odda yandırdım. Çoxlarını 

diri ələ keçirdim, onlardan çoxunun əllərini biləkdən kəsdim, digərlərinin burunlarını, 

qulaqlarını və barmaqlarını kəsdim, çox sayda əsgərlərin gözlərini çıxartdım… Onların 

cavan kişilərini və qadınlarını ölüncəyə qədər odda yandırdım”.  

Üç əsr keçməmiş İsrail çarı Davidin öz ölkəsi yadellilərin işğalına məruz qaldı. 

B.e.ə. VIII əsrin sonunda Assuriya çarı Sennaxerib Yerusəlimi mühasirəyə aldı.  

Sennaxerib (b.e.ə. 704-681-ci illərdə hökmranlıq etmişdi) Yerusəlimin b. e. ə. 701-

ci ildə baş verən mühasirəsini belə qeyd edir: “Yəhudilər mənim zülmümə tabe 

olmadıqda, onların güclü şəhərlərindən 46-nı mühasirəyə aldım… Mən onlardan 



168 

 

200.150 adamı, cavanları və qocaları, kişiləri və qadınları ölkədən kənara qovdum, 



həmçinin saysız-hesabsız atlarını, qatırlarını, eşşəklərini, dəvələrini qənimət götürdüm. 

Özümü Yerusəlimdə saray iqamətgahında qəfəsdə olan quş kimi əsir etdim. Onları 

(şəhərləri – müəllif) ilə torpaq işləri ilə mühasirəyə aldım ki, öz şəhər qapılarını tərk 

edənlər cana doysunlar”.  

Yalnız hücum edən qoşun arasında baş verən qorxulu epidemiya ona böyük 

ziyan vurduqda, Sennaxerib şəhəri tutmaq məqsədindən vaz keçdi. Yəhudilərin 

şişirtməsinə görə, guya 185 min assuriyalı döyüşçü xəstəlikdən qırılmışdı. Necə olsa da, 

yəhudilərin lənəti öz işini görməkdə davam etdi və b.e.ə. 681-ci ildə Sennaxerib Minutra 

allahının məbədində öz oğlanları tərəfindən qətlə yetirildi.  

B.e.ə. 669-633-cü illərdə Assuriya çarı olmuş Aşşurbanipal isə işğal etdiyi Babillə 

necə davrandığını belə təsvir edir: “Mən (haqqımızda) böhtan danışanların dillərini 

boğazından çıxardım… Mən onları qəti olaraq məğlub etdim. Digərlərini diri-diri, 

himayəçi ilahələrimizin heykəllərini dağıtdıqları qaydada əzdim, necə ki, mənim 

babam Sennaxerib onları əzmişdi, – indi mən nəticədə onun ruhuna gecikmiş də olsa, 

dəfn qurbanı verirəm. Mən onların cəsədlərini kiçik parçalara bölüb, itlərə, donuzlara, 

… quzğunlara, göydə uçan quşlara, həmçinin dənizlərdəki balıqlara yedirtdim. 

Bunlardan sonra böyük allahlarımızın, mənim ağalarımın ürəklərini yenidən 

sakitləşdirdim. Taundan ölənlərin cəsədlərini itlər və donuzlar yeyib doyduqdan sonra, 

kənara uzaqlaşdırdım. Onlar, həm də dəhşətli aclıqdan həyatlarını itirənlər Babilin 

küçələrində hərəkətə mane olurdu, Babilin sarayları cəsədlə dolmuşdu”.  

Assuriya imperiyası tarixdə bəşəriyyət üçün lənət simvolu sayılan ilk imperiya 

idi. Assuriyalılar əsirləri qullara çevirirdilər. İşğal edilmiş ərazilərdə adamlar 

müqaviləni pozduqda, hətta ən xırda xətalara görə ən sərt cəzalara məruz qalırdılar. 

Orta əsrlər  Yaponiyasında da dəhşətli amansızlıq hökm sürürdü, ölüm hökmündən 

başqa bir cəza yox idi. Cəzanı çəkmək üçün məhbəslər də yox idi. Dustaqxanalar yalnız 

ölüm cəzasını gözləyənləri saxlamağa xidmət edirdi. Assuriyadakı həmin cəzalara isə 

oğlunu qurban vermək və ya bir girvənkə yun yemək və çox miqdarda su içmək daxil 

idi. Axırıncı cəza sonra əzablı ölümlə nəticələnirdi.  

Assuriyanı tarix səhnəsində varis kimi əvəz edən Yeni Babilistan hökmdarları da 

qəddarlıq prinsipindən, qan tökmə rasionundan uzaqlaşmırdılar. Ən məşhur hökmdar 

olan II Nabuhadonosor b.e.ə. 604-cu ildə hökmranlığa başlamamışdan əvvəl misirliləri 

qəddarlıqla müşayiət olunan qanlı müharibədə tar-mar etdikdə, atasının ölüm xəbərini 

eşidib Babilə qayıdaraq, taxt-taca sahib olmuşdu. O, 597-ci ilin martında Yerusəlimin 

işğal etdi və çarları ilə birlikdə 3 min nəfər yəhudi Babilistana sürgün edildi. Səkkiz il 

sonra İudeya qiyam qaldırdıqda Yerusəlim 18 ay mühasirədə qalıb, nəticədə təslim 

oldu və bütünlüklə dağıdıldı. Minlərlə yəhudi “Babilistan əsirliyinə” göndərildi. İki 

min altı yüz il sonra belə, yəhudilər “Babil” kəlməsini yalnız böyük nifrət və qəzəblə 

dillərinə gətirirlər. Çar David duşmənlərini məhv etməklə öyünürdü, ancaq onun 

ölkəsinin və xalqının başına dəfələrlə daha dəhşətli bəlalar gəldi. O, oğlu Solomon kimi 

müdrik olmasa da, taleyin üzünün dönməsi ehtimalının mövcudluğunu yaddan 

çıxarmamalı idi.  

Bir neçə əsr sonra böyük və gözəl Karfagen şəhərini romalılar b.e.ə. 146-cı ildə 

işğal edib yandırmaqla, eyni adlı dövlətin varlığına da son qoydular. Qalib Roma 



169 

 

sərkərdəsi Kiçik Stsipion Emilian məhz belə bir dəhşətin Romanı da haqlayacağını 



uzaqgörənliklə hiss etmişdi. O, şəhərin viran qoyulmasının dəhşətli səhnəsini müşahidə 

etdikdə göz yaşları axıtmış və düşmənin taleyinə açıqca ağlamışdı. Bu mənzərə bir 

vaxtlar məğrur şəhər olan Troyanın, assuriyalıların, midiyalıların, böyük Persiya 

imperiyasının talelərini yada salırdı. Tarixçi Appianın yazdığına görə, Stsipion 

təsirlənib Homerin “İliada”sından Troyanın bütünlüklə məhv olması barədəki 

sətirlərini söylədi. Onun müəllimi və dostu olan görkəmli tarixçi Polibi bu sözlərlə nəyə 

işarə etdiyini soruşduqda, o, tərəddüd göstərmədən öz şəhərinin adını çəkdi, insan 

işlərinin dəyişkən olduğunu güman etdiyindən, Romanın taleyinə görə qorxduğunu 

söylədi.  

David isə taleyin daim onun xalqına himayə göstərəcəyini güman etdiyindən, 

onun mümkün dolanbaclarına göz yummuşdu. Babilistan əsarəti qədim yəhudiləri 

dəhşətli sınağa çəkmişdi. Peyğəmbər Yeromiya Yerusəlimin işğal edilməsinin və 

dağıdılmasının şahidi olmuşdu. Bibliyanın “Ağılar” kitabında şəhərin bədbəxtliyinə 

bəslənən kədər və hüzn, onun acı dərdləri tükürpədən cizgilərlə təsvir edilir: 

“Müharibədə həlak olmaq sonra ölməkdən yaxşı idi, çünki adamlar aclıqdan yavaş-

yavaş ölürdü, onları saxlamaq üçün heç bir qida yox idi. Xalqımın üstünə gələn 

bədbəxtlik dəhşət doğurur; sevən analar qida əvəzinə öz uşaqlarını isti suda qaynadıb 

yeyirdilər”. 

“Babil əsirliyi” dövrü həm də yəhudi dininin- iudaizmin və onun sərt 

qanunlarının formalaşması üçün həlledici əhəmiyyətə malik oldu. Bu din yad xalqların 

əhatəsində yəhudilərdə vahid bir xalqa məxsusluq hissini qoruyub saxlamağa kömək 

etdi. B. e. ə. 445-ci ildə müqəddəs mətnlər olan Tora tərtib olundu, bu toplu iudaizm 

ardıcıllarının bütün həyatını tənzim edən göstərişlərdən ibarət idi.  

Bizim eranın 70-ci ilində isə Roma imperatoru Vespasianın sərkərdə oğlu, 

gələcək imperator Tit yəhudi üsyanını rəhmsizcəsinə yatırdıqda, bu vaxt Yerusəlimdəki 

Solomon Məbədi yandı və bir daha bərpa olunmadı, ondan yadigar kimi yalnız 

“Ağlama divarı” adlanan Qərb divarı qalır.  

Palestina romalılar tərəfindən imperiyaya anneksiya edildi və yəhudilər tədricən 

Roma imperiyasının digər hissələrinə yayıldılar. Əsrlər ərzində yəhudilərin bir ölkədən 

başqasına keçməsi və ya diaspora bu əzabkeş xalqın mövcudluğunun mərkəzi faktına 

çevrildi. Davidin düşmənlərinə qarşı amansızlığı daha böyük miqyasda öz xalqına qarşı 

tətbiq edildi. XV əsrin sonunda sefard yəhudilər kütləvi şəkildə İspaniyadan 

qovulduqda, onlara daha çox sığınacaq verənlərdən biri Osmanlı imperiyası oldu. XX 

əsrin 30-cu və 40-cü illərində isə antisemitizm Hitler diktaturası dövründə genosid 

siyasətinə və praktikasəna çevrildi. Yəhudilərə qarşı aparılan Holokost tarixin ən 

dəhşətli epizoduna çevrildi, 6 milyona qədər yəhudi öz həyalarını natsistlərin ölüm 

düşərgələrində, həmçinin aclıqdan və xəstəliklərdən qurban verməli oldu. 

Böyük Aleksandrın (b.e.ə. 356-323-cü illər) böyük qələbələri ilə yanaşı heç də az 

əhəmiyyət daşımayan xidməti yunan sivilizasiyasının xilas etməsi idi. Çünki o, b.e.ə. 

334-cü ildə Asiyaya yürüşünü başlayanda Ellada zəifləmiş, Persiya güclənmişdi. Lakin 

Aleksandr şöhrətpərəst olduğu kimi, həm də qəddar idi. Avropada vuruşarkən qonşu 

Fivanı təslim etdikdə və viran qoyduqda, kiçik bir istisna nəzərə alınmasa, şəhərin 

sakinlərini qul olmağa satmışdı. Bununla o, digər yunan dövlətlərini qorxutmaq 



170 

 

istəyirdi. Asiya işğalları vaxtı isə, b.e.ə. 332-ci ildə Finikiya şəhəri olan Tiri altı ay 



mühasirədə saxladıqdan sonra, donanması olmadığından adadakı şəhəri tuta bilmirdi, 

şəhərlə materiki birləşdirmək üçün bənd zolağı çəkdi. Böyük qurbanlar verən şəhər 

təslim olmağa məcbur oldu. Aleksandr sakinləri qul olmağa satdı, bəziləri isə çarmıxa 

çəkdirildi. O, Persiyadakı gözəl Persepolis sarayını yandırıb, xaraba qoydu ki, Afinanın 

perslər tərəfindən yandırılmasının qisasını alır.  

O, öz dostlarına və silahdaşlarına qarşı da qəddarlıq edirdi. Marakanda 

qalasındakı ziyafətdə uşaqlıq dostu Klit yerli perslərin yanında, Makedoniya qoşun 

rəislərini lağa qoyan mahnılar oxunması ilə onlara istehza edilməsindən hiddətlənib, 

Aleksandrla sözləşdi. O, Kliti qorxaqlıqda ittiham etdikdə, dostu Qranik döyüşündə 

onu ölümdən xilas etdiyi hadisəni yada saldı. Qəzəblənən Aleksandr mühafizəçisinin 

nizəsini qapıb, uzun illər dostluq etdiyi və həqiqi xilaskarı olan bir adamı qətlə yetirdi. 

Sonra o, sərkərdə Parmenionu, oğlu Filotu edam etdikdən sonra onun qisas 

alacağından qorxub qətlə yetirtdirdi. 

Tsin Şi Huan-di b.e.ə. 221-ci ildə Çinin birləşməsinə və mərkəzi dövlət 

yaranmasına nail olanda “hökmdar” mənasını verən “van” titulundan imtina edib, ilk 

dəfə “huan-di” – imperator adına yiyələndi. Bundan əvvəl kiçik dövlətə başçılıq edəndə 

isə o, İn Çjen kimi tanınırdı. İmperator olduqdan sonra isə yüksək hakimiyyətin və 

qüdrətin yeganə mənbəyi hesab olunurdu. Şi Huan-di ifadəsindəki şi – “birinci” 

mənasını verməklə onun ilk imperatorluğuna işarə idi, di – “Qütb ulduzu” demək idi, 

huan-di isə “parlayan qütb ulduzu” ifadəsi olmaqla, həm də imperator mənasını 

verirdi. Deməli, Yer üzərindəki hökmdar səma cismi ilə eyni qaydada adlanırdı. Tsin 

isə sülaləsinin adı idi. O, sərhəd boyu mövcud olan divarların, məşhur Çin səddinin 

birləşdirilməsi və möhkəmləndirilməsi işinə sayı yüz minlərlə ölçülən işçi qüvvəsi cəlb 

etmişdi. Bu tikintilərdə on minlərlə adam ailəsindən uzaqlarda həyatını itirirdi. 

Ümumiyyətlə, o, nəhəng layihələr pərəstişkarı idi. Çinin bütün ərazisindən keçən kanal 

çəkdirmək istəyirdi, lakin bu layihə həyata keçmədi.  

Şi Huan-dinin hökmdarlığı dövründə adamlar təqiblər vasitəsilə nəhəng tikinti 

işlərinə cəlb edilirdi, onların çoxu da tikinti yerinə gələndə yollarda ölürdü, bir hissəsi 

isə qaçmaqla canını qurtarmaq istəyirdi. Belə bir hadisə 1849-cu ildə Kaliforniyada qızıl 

tapıldıqdan sonra əmələ gələn ağlasığmaz “qızıl həyəcanı” vaxtı da baş vermişdi. 

Ölkənin hər tərəfindən bir andaca varlanmağa can atanlar evlərini, işlərini atıb, dəli 

kimi bura tələsirdilər. Hakimlər mühakimələrini yarımçıq qoyub, məmurlar iş yerlərini 

tərk edib bu macərada iştirak etməyə yollanırdılar. Çoxları yollarda xəstəliklərdən 

ölürdü, əksəriyyətinin isə Kaliforniyada arzularının puç olması və ümidlərinin 

dağılması ilə həyatın acı davamı gözləyirdi. Çoxları qızıl tamaq əvəzinə, bütün var-

dövlətlərini, nəhayət, həyatlarını itirməli olurdular. Çindən fərqli olaraq adamlar buna 

məcbur edilmirdilər, özləri könüllü surətdə bu ağılsızlığa gedirdilər.  

İmperator Şi Huan-diyə gəldikdə, o, qəddarlığını tez-tez işə salırdı, onun 

siyasətini tənqid etdiyinə görə yüzlərlə ziyalı öldürülmüşdü. Hüquqa həsr 

olunanlardan savayı başqa mövzularda olan bütün kitablar, hətta bağçılığa və bitki ilə 

müalicə dərmanlarından bəhs edənlər də ictimai dövriyyədən təcrid edilirdi. Səbəb isə 

ondan ibarət idi ki, imperator bu bitkiləri təhlükəli və qaydanı pozan hesab edirdi. O, 

Konfutsinin kitablarını yandırtmışdı. Qay Yuli Sezar b. e. ə. 48-ci ildə Aleksandriyada 



171 

 

hərbi tələ qurmaq məqsədilə öz gəmilərini yandırdıqda, yanğın məşhur Aleksandriya 



kitabxanasına da keçib, onu məhv etmişdi. 639-cu ildə xəlifə Ömər Misiri işğal edərkən 

Quranda yazılanların vahid və hərtərəfli elm olduğunu əsas götürərək, Aleksandriya 

kitabxanasını yandırmağı əmr etmişdi.1258-ci ildə isə Çingiz xanın nəvəsi olan monqol 

sərkərdəsi Hulaqu Bağdadı tutduqda şəhəri qarət edib, Müdriklik evini dağıtmış, onun 

zəngin kitabxanasının bütün kitablarını Dəclə çayına atdırmışdı. Qəzəbi soyumayan 

monqol xanı xəlifə ilə birlikdə şəhərin 800 mn sakinini öldürtmüşdü. Yəqin ki, Hitler də 

1938-ci ildə Nyurnberqdə kitab tonqallarına yol açanda bu ideyanın köhnə müəllifinin 

bədnam irsinə əsaslanmışdı.  

Karfagen sərkərdəsi Hannibal (b.e.ə. 247-183-cü illər) cəsur olduğu qədər, həm 

də qəddar idi. İspaniyada Romanın himayəsində olan Saquntu zəbt etdikdə, o, bütün 

şəhər sakinlərinin öldürülməsini əmr etmişdi.  

Pont çarı VI Mitridat Yevpator (b.e.ə. 132-63-cü illər) Romaya qarşı intiqam 

hissinə görə Kiçik Asiya şəhərlərində yaşayan bütün romalıların bir gün ərzində 

qırılmasına göstəriş vermiş və həmin gün 150 min adam qətlə yetirilmişdi.  

B.e.ə. 82-ci ildə Roma sərkərdəsi Sulla ona qarşı guya haqsızlıq edildiyinə görə 

ordusu ilə birlikdə, qanun isə buna icazə vermirdi, Romaya daxil olub, şəhəri tutdu və 

paytaxtda görünməmiş terror başlandı. “Terror” latın dilində “dəhşət” deməkdir. 

Romanı bu vaxt əsl dəhşət bürüdü. Əgər quldarla qul arasındakı antaqonizmə görə qul 

ağasının potensial düşməni hesab olunurdusa, Sulla şübhələndiyi adamların hamısını 

öz gözündə düşmən kimi görürdü. O, cəzalandırmaq istədiyi adamların siyahısını 

tutdururdu. Proskriptsiya adlanan bu siyahıya düşənlər qanundan kənar elən 

edilməklə qətlə yetirilirdi, həm də bu eybəcər tədbir təkcə Romada deyil, İtaliyanın 

digər şəhərlərində də tətbiq olunurdu. Humanistlik edib, özünü xilas etmək istəyənlərə 

evində sığınacaq verənləri də ölümlə cəzalandırırdı. Bu vaxt qardaş qardaşı, oğul atanı, 

ata oğulu bu siyahılara saldırmağa can atırdı ki, onların mülkiyyətinə sahib 

olsun.Yalnız arvadlar ərlərinə qarşı öz sədaqətlərini qoruyub saxlamaqla, belə cinayətə 

nisbətən az gedirdilər. Bu adamları qətlə yetirənlərə hətta mükafat verilirdi, çoxları 

pulunun, sərvətinin qurbanı olurdu. Sulla bir şəhərdə yaşayan 12 min adamın hamısını 

bir yerə yığdırıb onları qırmağı əmr etmişdi.   

Sulla istədiyi adama – gözəl qadınlara, müğənnilərə, mimik aktyorlara bütöv 

xalqların torpaqlarını və şəhərlərin bütün gəlirlərini bağışlayırdı. Başqalarının 

arvadlarını yaxın adamlarına bəxşiş kimi verirdi. O, 40 senatoru və 1600 atlını (onlar 

yuxarı sinflərə mənsub olanlar idilər) ölüm cəzasına məhkum etmişdi. Onun apardığı 

müharibələrdə isə ölkənin 100 min nəfərdən artıq ümid verən vətəndaşı həlak olmuşdu. 

O, Roma tarixində ilk dəfə olaraq dövlət terrorunu həyata keçirmişdi. Sulla lənətinə 

gəlmiş Roma bu ağır xəstəlikdən sonralar da dəfələrlə əziyyət çəkməli oldu. Onun 

təcrübəsi bir daha göstərdi ki, despotiyanın fəsadları sağalmaz olur.  

Qay Yuli Sezar b.e.ə. 49-cu ilin yanvarında Sulla qaydasında ordusu ilə Rubikon 

çayını keçməklə, Qalliyadan Roma ərazisinə ayaq basdıqda, özünə məxsus qaydada: 

“Alea jacta est” – “Püşk atılmışdır” sözlərini söyləmişdi. O, yaxşı başa düşürdü ki, bu 

hərəkəti ilə Romada vətəndaş müharibəsinə start verir, çünki o, öz dövlətinin 

qanunlarını tapdalamaqla bu addımı atmışdı. Vətəndaş müharibəsi isə bütün 

müharibələr içərisində ən iyrəncidir, çünki qardaş qardaşı öldürməli olur, hamı üçün 



172 

 

vahid olan vətən iki cəbhəyə bölünür. Bu dəfə də vətəndaş müharibəsi Romaya ağır 



başa gəldi. Çünki müharibədə adətən qanunlar susursa, vətəndaş müharibəsində əks 

tərəfə münasibətdə ümumiyyətlə heç bir qanun yada düşmür.  

Sezar artıq çar olmaq fikrinə düşmüşdü, onun bütün xüsusiyyətlərinə 

yiyələnmişdi, təkcə formal qaydada elan olunması qalırdı. B.e.ə. 44-cü ildə ömürlük 

diktator elan edilən Sezara qarşı sui-qəsd baş tutdu və o, senatda öldürüldü, cəsədi 

Pompeyin büstünün kürsüsünün yanına düşdü. 

Sezarın qətli gözlənilənin tam əksi olan bir nəticəyə gətirib çıxardı, yeni vətəndaş 

müharibəsinin başlanması üçün siqnal rolunu oynadı və Sezar tərəfdarları 

Yunanıstandakı Filippi döyüşündə sui-qəsdin təşkilatçıları olan respublikaçılar 

ordusuna qalib gəldilər. Romada meydana gələn ikinci triumviratın törətdiyi qırğının 

qurbanlarının sayı isə hesaba gəlmirdi. Tarixçilər 300 senatorun və 20 min atlının 

öldürüldüyunu xəbər verirlər. Ona görə də Tsisteronun Sezarın qətli barədə az sonra 

söylədiyi sözlər çox müdrik olmaqla, həqiqəti əks etdirirdi: “Mart idiləri” (Sezarın 

öldürüldüyü 15 mart günü- müəllif) ilə özünə təskinlik vermək axmaqlıqdır, axı biz kişi 

igidliyi ilə yanaşı, ağıl barədə isə əsl uşaqlıq göstərdik. Ağac kəsilmişdi, lakin kökündən 

çıxarılmamışdı, ona görə də bilmirik ki, o hansı zoğlar verəcəkdir”. Onun sözləri 

gerçəkliyə çevrilməklə təsdiqini tapdı, çoxlu qurbanlarla yanaşı, böyük filosofun 

özünün də həyatına qətl vasitəsilə son qoyuldu.  

Avqustdan sonra gələn Roma imperatorları isə böyük dövlətin başçılarından 

daha çox əcaib klounları xatırladıb, karikatura effekti yaratmaqla yanaşı, elə bil ki, 

qəddarlıqda bir-birləri ilə yarışa girmişdilər. Roma imperatoru Tiberi (b.e.ə. 42 - b.e. 37-

ci illər) ömrünün son illərində Kapridə əylənmək üçün adamları qayadan dənizə 

atdırır, orada qayıqda keşik çəkənlər onları avarla vurub öldürürdülər. O, öz varisi 

olacaq gələcək imperator Kaliqula (b.e.12-21-ci illəri) haqqında isə demişdi ki, “Mən 

Romanın döşündə gürzə bəslənmişəm”. Tezliklə Kaliqulanın qəddarlığı da üzə çıxdı, öz 

qardaşını edam etdirdi. Osmanlı imperatorları da kişi cinsindən olan öz yaxınları 

barədə belə iyrənc irsi davam etdirirdilər. Kaliqula bəzi senatorları öz arabasının 

dalınca uzun məsafələrə qaçmağa məcbur edirdi. Onun vəhşiliyi hədd tanımırdı. Vəhşi 

heyvanlara verilən ət bahalaşanda (qladiator döyüşləri üçün çox sayda yırtıcı heyvan 

saxlanırdı), o, cinayətkarları diri-diri onların qabağına atdırırdı. Hörmətli adamları 

qəfəsə saldırıb, heyvan kimi əllərinin və ayaqlarının üstündə dayanmağa məcbur 

edirdi. O, Homerin poemalarını məhv etməklə tanımadığı Şi Huan-dini təqlid etmək 

istəyirdi. Onun ağılsız idarəçiliyi adamları boğaza yığdığından, 29 yaşında qətlə 

yetirilməklə həyatla vidalaşmalı oldu.  

Kaliqula yalnız insanlara nifrət edirdi, heyvanları isə olduqca xoş münasibət 

bəsləyirdi. Atına mərmərdən tövlə, fil sümüyündən axur tikdirmişdi, öz ölümü mane 

olmasaydı atını konsul edəcəkdi (Roma respublikasında seçilən iki konsul dövlətin ən 

böyük icra hakimiyyəti idi).  

Neron (37-68-ci illər) 17 yaşında imperator səlahiyyətlərinə yiyələndikdən sonra 

həyasızlığı, qəddarlığı ilə ad çıxarmağa başladı. Bu onun təbiətindən irəli gəlirdi. O, 

kimi istəsə edam etdirirdi, anasını özünü öldürməyə məcbur etmişdi, arvadlarını qətlə 

yetirirdi. Müəllimi, böyük filosof Senekanı, özünü intihar etməyə vadar etmişdi. 64-cü 

ildə Romanı açıq şəkildə yandırtdı, altı gün davam edən yanğının dəhşətli mənzərəsinə 



173 

 

imperator tamaşa edib, həzz alırdı. Onu öldürəcəklərindən qorxub, 68-ci ildə 



əlacsızlıqdan qılıncı boğazına soxmaqla özünü öldürdü, bu vaxt onun 31 yaşı var idi.  

Atasından və qardaşından sonra imperator olan Domitsian (51-96-cı illər) da çox 

tezliklə qəddarlığa və tamahkarlığa keçdi. Bir neçə konsulu və çox sayda senatoru 

ölümə göndərdi. Ona qarşı artan nifrət sui-qəsdlə nəticələndi və 15 illik 

hökmranlığından sonra onu öldürdülər. Bu dövrdə 12 Sezardan 7-si öz ömürlərini təbii 

qaydada deyil, zorakılıq nəticəsində başa vurmuşdu.  

211-217-cu illərdə imperator olan Karakalla öz əli ilə kiçik qardaşını öldürmüşdü. 

Onun özünü də Şərqə yürüş vaxtı öldürdülər. Ümumiyyətlə, Avqustdan sonra və nəcib 

imperatorlar istisna olmaqla, bu vəzifəni tutanlar çox tez-tez dəyişirdi, çünki bir qayda 

olaraq öldürülürdülər. Bu da imperiyanın zəifləməsinə gətirib çıxarırdı, dövlət 

eroziyaya uğrayırdı, parçalanır, tədricən dağılırdı.  

III əsrdə yaşamış xristian icmasının yepiskopu, xristianları Nerondan başlayaraq 

təqib etməklə məşğul olan imperatordan biri olan Valerian tərəfindən 256-cı ildə edam 

edilmiş Kiprian öz biabırçı dövrünü amansızcasına məhkum etməklə təsvir edib, 

yazırdı ki : “Hər yerdə müharibədir, hərbi düşərgələrdir, qanlı dəhşətlərdir. Bütün 

dünya qarşılılıqlı qaydada tökülən qanlarla suvarılır və insan qətli yalnız ayrı-ayrı 

adamlar tərəfindən törədildikdə cinayət hesab olunur, əgər bu açıq şəkildə həyata 

keçirilirsə, igidlik adlanır. Xətalara görə cəzasızlıq cinayətin dəhşəti ilə təmin edilir. 

Cinayəti nəinki edirlər, həm də onu etməyi öyrədirlər. Cinayət qanunlar qarşısında baş 

verir, hüquqlar tapdalanır. Bir insan bədəninə, onun orqanlarının sayından çox cəza 

tətbiq edilir. Hakimlər hökmləri ilə alver edirlər. Kim ki, cinayətin qarşısını almalıdır, o, 

özü cinayət edir, günahsız müttəhimi məhv etmək üçün hakim özü də günahkara 

çevrilir. Qanun qarşısında heç bir qorxu yoxdur. Nə satıla bilirsə, o da qorxu törədir”. 

Bu yeni dinin mübariz xadimi vaxtilə, özündən üç əsrdən çox əvvəl Milonun 

məhkəməsində müdafiəçi kimi çıxış edəndə “O tempera, o mores!” – “Ar olsun bizim 

dövrə və onun qaydalarına!” sözləri ilə hayqıran Tsitseron kimi öz yaşadığı mühiti ifşa 

etməklə, onun haqsızlıqlarına elə bil ki, ölüm hökmü oxuyur.  

Qəddarlıq sağalmaz, bəlkə də xərçəng kimi ağır bir xəstəlikdir. Əksər hallarda 

bu insan təbiətindən irəli gəldiyi halda, itaət etmək və qəddar hökmdara pərəstiş 

qaydasındakı kölə münasibəti kimi münbit şərait də onun meydana gəlməsinə və 

metastaz qaydada genişlənməsinə səbəb olur. Qay Yuli Sezar Katilina qəsdi müzakirə 

edilərkən senatda çıxış etdikdə Afina tarixindən bir ibrətamiz misal gətirmişdi. 

Afinalılar üzərində qələbə çaldıqdan sonra makedoniyalılar onların dövlətinin başında 

otuz hökmdar qoydular. Onlar əvvəlcə hamının nifrətini qazanmış ən zərərli caniləri 

məhkəməsiz edam etdilər, xalq isə bu hadisələrə sevinir və onları bəyənirdi. Sonra 

hökmdarlar cəsarətlənib, fərq qoymadan, öz istəklərinə uyğun olaraq adamları 

öldürməyə başladılar, başqalarını isə qorxudub vahimədə saxladılar. Beləliklə bütün 

xalq köləliyə düçar oldu və özünün səfeh sevincinin belə ağır qaydada altını çəkdi.   

Təbabət inkişaf etdikcə bir az əvvəl əlacı mümkün olmayan xəstəlikləri öz 

üsulları ilə müalicə etməyə müvəffəq olur. Siyasi və sosial məsələlərdə isə “təbabət” 

gücsüz olaraq qalır. Siam əkizlərini, çox mürəkkəb və çətin cərrahiyyə əməliyyatı 

vasitəsilə bir-birinə bağlı olan bu iki bədəni ayırmaq, aralamaq, həmin anadangəlmə  

patologiyanı nisbətən aradan qaldırmaq mümkün olduğu halda, qəddarlığı onun 



174 

 

məxsus olduğu xarakterdən uzaqlaşdırmaq mümkün olmur, axı bu “Siam əkizləri” bir 



ürəkdən keçən eyni qan dövranı timsalındakı vahid şüura və xarakterə malikdir. Ona 

görə də bu patologiyanı müalicə etmək müşkül məsələdir. Qəddarlar islah olunmurlar, 

onların bu dözülməz qüsurları yalnız təbiətin hökmü və ya hansısa bir hadisə 

nəticəsində fiziki cəsədləri ilə birlikdə dünyanı tərk etməli olur. Axı yırtıcı vəhşi heyvan 

da heç vaxt vegetariana çevrilmir. Qəddar şəxslər də fauna üçün deyil, cəmiyyət üçün 

təhlükəli yırtıcı rolunu oynayır.  

Qəddarlar uğursuzluğa düçar olduqda hökmən paranoyyaya meyl edirlər. Onlar 

həzzlərdə çimməkdən də öz qəddarlıq ilhamlarını alırlar. Ona görə də eyş-işrət 

qəddarlığı alovlandıran yanacağa çevrilir, odu alovlandıran əlavə oksigen 

püskürdülməsi rolunu oynayır.  

Qəddarlıq barədə çox sayda misallar gətirmək mümkündür. Lakin həmin faktlar 

da onun eybəcər sifətinə nəsə əlavə bir cizgi bəxş etməyəcəkdir. Digər tərəfdən, keçmiş 

ölmür, özünün xüsusiyyətlərini gələcək əsrlərə də ötürməyə çalışır.  

 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə