Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə9/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   5   6   7   8   9   10   11   12   ...   105
 

 

 

 

 

 

 

 

Telman Orucov 



 

İmperiyalar və onların süquta sürüklənməsi 

 

Proloq 

 



191 

 

İmperiya hansısa bir fövqəl icad deyildir, öz mənşəyini insanların malik olduğu 



qüsurlardan götürür, taleyin yuxarı qaldırdığı bəzi adamlar daha çox şeyə sahib olmaq, 

başqa ölkələrin torpaqlarını qəsb etmək və var-dövlətini ələ keçirmək kimi eybəcər 

ehtirasla hərəkət etməklə onun yaranmasına səbəb olurlar. Bir sıra hökmdarlar öz 

hakimiyyətlərini möhkəmləndirməyin yolunu başqa xalqları əsarətə almaqda 

görürdülər. İmperiyalar başlanğıcdan haqqı tapdalamaq, başqalarının üzərində ağa 

olmaq istəyinin bəhrəsi olduğundan, onun mayasında həmçinin əsarətə salınmış 

xalqların qəzəbi də gizlənir və bu nifrət hissi çox hallarda imperiyanı məhvə aparan 

mübarizə timsalında çıxış edir.  

Bəzən isə imperiyalar həm də öz fəsadlarından ölümə məhkum olurlar. Nəyin 

başlanğıcı varsa, onun sonu da olur, barədəki fəlsəfi mülahizə imperiyaların taleyində 

də öz əksini tapır. Qanla yaranan imperiya çox vaxt böyük qan axıdılması ilə də öz 

finalını yasayır. Bu hərbi, siyasi və sosial fenomen də acı aqibətdən yayına bilmir. 

Tarixdəki imperiyaların xeyli hissəsi uzun ömürlüyü ilə seçilir. Lakin fatumun 

onlar barədəki hökmü mütləq qüvvəyə minir, mövcudluğu ondan ilhamlananlarda 

qürur hissi yaratsa da, yekun adətən faciə səhnəsi ilə bitir. 

İmperiyalar tarixin getdiyi yoldan kənarda baş vermir, onun səhifələrində özünü 

büruzə verir, baş verən metamorfozların dəhşətli epizodu kimi çıxış edir. Sivilizasiya 

ona yara vuran və az qala özünü məhvə sürükləyən alətini, vasitəsini tapır.  

Qədim insanlar kəndləri, şəhərləri, dövləti yaratdıqdan sonra onlara qənim 

kəsilən müharibələrdən də istifadə etməyə əl atdılar. Təəssüf ki, tarix başlanan 

zamandan və məkandan müharibələr və imperiyalar da öz başlanğıcını götürür. İndiki 

cənubi İraq və cənubi-qərbi Asiya dünyanın elə bir zonasıdır ki, orada ilk sivilizasiya 

yaranmışdı. Qərb sivilizasiyanın də mənşələri məhz Yaxın Şərqə gedib çıxır. Asiyanın 

cənubi-qərbindəki və Misirdəki olan xalqlar mütəşəkkil cəmiyyətlərə çevrildilər, yazını 

icad etdilər və bu gün sivilizasiya kimi qəbul edilən ideyaları və institutları yaratdılar. 

Əvvəllər ovçuluqla və qida toplamaqla məşğul olan insanlar həyatın tələb etdiyi 

təkamülə qədəm basdılar, kənd təsərrüfatı icmalarına, nəhayət, şəhərlərə və 

sivilizasiyaya çevrildilər.  

Təqribən 200 min ilə yaxın bundan əvvəl yaranan Homo sapienc sapienc 

(«Zəkalı, zəkalı insan varlığı») Afrikada meydana gəldikdən sonra, onlar sonrakı 70 min 

il ərzində Afrikadan ətrafa yayılmağa başladılar. Bizim eradan əvvəlki 10 min ilə çatan 

dövrdə Homo sapienc sapienc nümayəndələri artıq dünyanın hər yerində var idi və 

onlar salamat qalan yeganə insan məxluqu növü idi. Bugünkü bəşəriyyətin hər bir üzvü 

həmin insan varlığının subnövünə məxsusdur.  

B.e.ə.10 mininci ilin ətrafında axırıncı buz dövrü başa çatmaqla Neolit inqilabı 

baş verdi. Ən böyük dəyişiklik isə ardıcıl aparılan kənd təsərrüfatı vasitəsilə qida 

istehsalına keçmək idi. Dənli bitkilər və tərəvəz əkilib becərilməklə müntəzəm qida 

ehtiyatına malik olundu. Heyvanların əhliləşdirilməsi ilə isə əlavə qida mənbəyi və 

geyim üçün yun meydana gəldi.  

Taxıl istehsalının müntəzəm əsaslarda artması daha çox daimi əhalinin, əkinçi 

kəndlərinin və ya şəhərlərin əmələ gəlməsinə səbəb oldu. B.e.ə. 4 mininci illərdən əvvəl 

metaldan artıq alət və silahlar  qayırmaq üçün istifadə olundu. Görünür, bu vaxt silah 




192 

 

heç də əmək alətlərindən az əhəmiyyət daşımırdı və müharibələrə hazırlıq ən vacib 



vəzifələr sırasına keçmişdi.  

Cənubi-qərbi Asiyada Dəclə və Fərat çayları arasındakı, yunanların 

Mesopotamiya («çayların arası») adlandırdığı vadidə adamlar irriqasiya şəbəkəsi və 

drenaj xəndəkləri tikməklə kənd təsərrüfatını xeyli genişləndirdilər. Bu regionda 

şumerlər Mesopotamiya sivilizasiyasını yaratdılar və Cənubi Mesopotamiyada Eridu, 

Ur, Uruk, Umma və Laqaş kimi şəhərlər meydana gəldi. Onlar böyüyüb ətrafda olan 

kənd yerlərinə siyasi və iqtisadi nəzarət etməklə, şəhər-dövlətlər yaratdılar. Bunlar 

Şumer sivilizasiyasının mənşə birlikləri idi. 

Şumer şəhər-dövlətlərinin sayı artdıqca və suya nəzarət üstündə şəhər-

dövlətlərin bir-birilə vuruşması nəticəsində yeni münaqişələr yaranırdı. Müxtəlif 

şəhərlərin taleyi qalxır və sonrakı əsrlər ərzində enirdi. Daimi müharibələr şəhərləri 

yandırır və qarət edirdi, adamları isə ümidsizliyə, əlacsızlığa düçar edirdi. Şumerlərin 

«Ur» poemasında yazılan kimi, dağılan bu şəhərin deşikləri qəlibə salınan maye bürünc 

kimi qanla dolmuşdu. Günün altında cəsədlər piy kimi əriyirdi. Tüstü şəhərin üstünü 

kəfən kimi örtmüşdü.  

Şumer şəhər-dövlətləri düzənlik, açıq yerdə yerləşdiklərindən müdaxilə üçün 

kövrək idi. Onlardan şimalda akkadlar yaşayırdı. B.e.ə. 2340-cı il ətrafında Akkad lideri 

Sarqon Şumer şəhər-dövlətlərini viran qoyub, öz sülalə imperiyasını yaratdı. Bu 

tarixdəki ilk imperiya idi və əlbəttə ki, işğal nəticəsində meydana gəlmişdi. Sarqonun 

hakimiyyəti hərbi gücə arxalanırdı. Sarqon imperiyası Yaxın Şərqin gələcək liderlərini 

həmin yolla getməyə həvəsləndirdi. Axı Sarqon rəqibi və ya bərabəri olmayan bir çar 

kimi xarakterizə olunurdu. Onun varisi, nəvəsi olan Naram-Sin Akkad imperiyasının 

böyüklüyünü davam etdirmişdi. O da babası kimi çoxlu hərbi yürüşlər etmişdi. Özünü 

«Dörd Bucağın (Kainatın) çarı» adlandırmış, allah etmək istəyirdi.  

Göründüyü kimi, tarix Şumerdən başladığı kimi, müharibələrin, imperiyaların 

da tarixi məhz oradan başlayır. 

Müharibələr, onların labüd nəticələrindən biri olan imperiya, heç şübhəsiz, insan 

təbiətindən irəli gələn qüsurlardan qidalanırdı. Daha çox var-dövlət, onların mənbəyi 

kimi daha geniş torpaqlara sahib olmaq hərisliyi ilk işğalçıdan tutmuş, onun lap 

sonuncu oxşar nümayəndəsinə qədər, bütün qəsbkarları hərəkətə gətirmiş, onları , hətta 

yırtıcı vəhşi heyvanlara da tanış olmayan həcmdə qan axıtmağa həvəsləndirmişdi. Bu 

dəhşətli ehtiras onların şüurunu idarə etmiş, əvəzində isə xalqlar bədbəxtliklər və 

dəhşətlər girdabına yuvarlanmışdılar. Müharibə insan əməlidir, imperiya da tarixin 

beşiyindən baş qaldıran cəmiyyətin biabırçı icadıdır. Hər bir sərkərdə, hər bir hökmdar- 

imperator öz çiyinlərində ağır günahlar yükünü daşıyır və bunu özgənin üstünə yıxa 

bilməz.  

Yalnız qədim Yunanıstandakı Olimp allahları insanları müharibəyə təhrik 

edirdilər, on il davam edən Troya müharibəsini məhz onlar idarə etmişdilər. Qədim 

hind eposu olan «Mahabharata»da isə allahlar insanlarla vuruşurdu. Bunlar yalnız 

miflərdir, real həyatda isə konkret tərəflər və onları təmsil edən insanlar müharibəni 

başlayıb, onun müsbət və ya mənfi nəticəsinin şahidi olmaqla, özlərini tarixi taxçaya 

pərçim edirdilər. Hər bir hökmdar və ya sərkərdə müharibəni qələbə istəyi və ümidi ilə 

başlayır. Lakin həm də bəzən məğlubiyyətlə də üzləşməli olur. Lidiya çarı, var-dövləti 



193 

 

ilə şöhrət tapmış Krez orakulun müharibənin nəticəsinin necə olacağını, bir dövlətin 



sıradan çıxacağını düzgün anlamadığına görə qüdrətli rəqib olan Böyük Kir tərəfindən 

məğlub olmuşdu. Bəzi müharibəyə başlayanlar da öz bədbəxtliklərini allahın onlardan 

üz döndərməsi ilə izah etməyə çalışırdılar. Müharibədə isə Allahın onu müşahidə 

etməkdən başqa, yəqin ki, elə bir iştirakı yoxdur. İnsanlar öz şər əməllərinin, 

imperiyaları da buna əlavə etmək lazımdır, nəticəsi kimi ondan əzab çəkməli olurlar.  

Qədim yunan mifologiyasına görə, Krit adasındakı Minotavr Afinadan onun 

gənclərinin həyatı şəklində bac alırdı. Çar oğlu Teseyin igidliyi hesabına Minotavrın 

öldürülməsi nəticəsində belə dəhşətli bac verilməsinə son qoyuldu. İmperiyalar da çox 

sayda xalqlardan hər cür bədbəxtliklərdən ibarət olan bac alır, yalnız onların Minotavr 

kimi məhvi bu dözülməz bacın ödənilməsinə son qoya bilir.  

Hitler Almaniyanı öz sələflərindən də iri imperiyaya çevirməyə can atırdı, III 

Reyxin min il ömür sürəcəyinə ümid edirdi. O, bu sərsəm ideyasını öz xalqına da təlqin 

edə bilmişdi, lakin onun yaratdığı nəhəng qan məkanının ömrü vur-tut altı il çəkdi və 

sonra bu tayfunun mərkəzində dayanan Almaniyanın özü darmadağın olmaqla, 

qaliblərin himayəsinə sığınan, iki müxtəlif tərəflərə baxan yarımmüstəqil dövlətlərə 

çevrildi. Ölkənin ərazisi əcnəbi hərbi qüvvələrin bazaları üçün açılan ağuş rolunu 

oynadı. O, 1935-ci ildə almanlara müraciət edərək deyirdi ki, paytaxt Berlini on ildən 

sonra tanımaq mümkün olmayacaqdır. O, güman edirdi ki, Berlin çox abad və cözəl 

şəhərə çevriləcəkdir. Onun öncəgörməsi yalnız şəhərin tanınmaz olması perspektivinə 

görə düzgün çıxdı, 1945-ci ildə Müttəfiqlərin bombardmanlarından və hücumlarından 

xarabazara çevrilmiş Berlini tanımaq mümkün deyildi. Əlbəttə, tarixin təkəri altına 

hökmən günahsız adamlar düşür, lakin tarix ona meydan oxumaq istəyənləri də 

qətiyyən bağışlamır, mütləq cəzalandırır.  

Hitler özündən əvvəlki sərsəm fikirlərə düşmüş hökmdarların aqibətini 

nəzərdən keçirsəydi, bu avantüraya girişməz və bəşəriyyətin xeyli hissəsini, öz xalqı da 

qismən bura daxil olmaqla, belə bəlalara düçar etməzdi. Üçüncü Almaniya imperiyası 

ximeradan başqa bir şey olmadı.  

 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə