Humanitar müdaxilə konsepsiyasının tarixi kökləri təbii hüquqla və beynəlxalq adət hüququnun yaranması ilə bağlı olmuşdur



Yüklə 21,61 Kb.
tarix30.04.2023
ölçüsü21,61 Kb.
#105020
86.Humanitar müdaxilə bənövşəyi kitab 59, qısadı


Humanitar müdaxilə konsepsiyasının tarixi kökləri təbii hüquqla və beynəlxalq adət hüququnun yaranması ilə bağlı olmuşdur. İlk olaraq klassik beynəlxalq hüquqşünasların əsərlərində formalaşdırılmaqla, bu konsepsiyanın əsasları XVI-XVII əsrlərə təsadüf edir. Bütün orta əsrlər boyu xristianlığın universal dəyərlərinə əsaslanan siyasi ictimaiyyət vətəndaşların hökmdarın ədalətsizliyindən xilas edilməsi üçün həyata keçirilən müdaxiləni tanıyırdı. Humanitar müdaxilə üzrə siyasi-hüquqi baxışlar əsasən orta əsrlərdən qəbul edilməyə başlayır. Bunun isə əsas səbəblərindən biri dünyəvi hakimiyyətin hesabat verməli olduğu kilsənin dövlət işlərinə getdikcə daha çox qarışması idi. XVII əsrin əksər sülh müqavilələrində hər hansı bir dövlətin suverenliyinin dəyişilməsi və ya təsdiq olunması zamanı onun ərazisində yaşayan əhalinin dini seçim hüququ təsdiq edilirdi. Avropa dövlətləri tərəfindən dini məqsədlərlə müdaxilə praktiki olaraq təkcə həmməzhəblərin və ya missionerlərin həyatının mühafizəsi üçün deyil, həmçinin imperialist siyasətə haqq qazandırmaqla və onun əsas alətlərindən biri kimi çıxış etməklə, dünyanın müxtəlif regionlarında möhkəmlənmək və öz təsirini yaymaq üçün həyata keçirilirdi. XVII əsrin sonlarında formalaşan humanitar məqsədlərlə müdaxilə doktrinası silahlı müdaxiləyə bəraət qazandırılması üçün dini səbəblərlə yanaşı, dini amildən asılı olmayaraq insan hüquqlarının qeydə alınan pozuntularını da müdaxilə üçün əsas kimi qəbul etməyə başladı. XVIII-XIX əsrlərdə humanitar məqsədlərlə müdaxilə doktrinası, əvvəllər olduğu kimi, əsasən həmməzhəblərin müdafiəsi prinsipinə əsaslanırdı, lakin bu zaman silahlı müdaxilənin səbəblərinə bir sıra milli azlıqların, xüsusilə də dünyanın müxtəlif ölkələrində yaşayan və təqiblərə məruz qalan yəhudilərin müdafiəsi məqsədi də əlavə olundu. Humanitar müdaxilə doktrinasının müddəalarının dünya siyasətində təsbit olunması XIX əsrin ikinci yarısına təsadüf edir. Ayrı-ayrı ölkələrdə həmməzhəblərin, yəhudilərin və digər milli azlıqların müdafiəsi prosesində humanitar müdaxilə mümküm xarici siyasət aktına çevrilmiş oldu. Humanitar məqsədlərlə suveren dövlətin daxili işlərinə müdaxilə problemi daha geniş tədqiqatların mövzusuna çevrildi. Münaqişələrin həllinin müasir praktikası göstərir ki, humanitar müdaxilənin bəyan olunan humanitar məqsədlərinə baxmayaraq, qlobal və milli strateji maraqlar, siyasi mülahizələr və s. bu kimi bir çox amillərin olması qaçılmazdır. Humanitar müdaxilə həyata keçirən dövlətlərin fəaliyyətinin əsasında hansı motivlərin durmasından asılı olmayaraq, müdaxilənin əsas məqsədi insanların əzablarına son qoyulması və ya qarşısının alınması olmalıdır. Heç bir humanitar müdaxilənin müstəsna olaraq yalnız humanitar məqsədlərə əsaslana bilməyəcəyini nəzərə alaraq, onun məqsədini maksimal dərəcədə humanitar fəlakətin qarşısının alınması və ya aradan qaldırılması ilə məhdudlaşdırmaq lazımdır. Humanitar müdaxilə kateqoriyası humanizm ideyası ilə bağlıdır. Humanizm ideyasının konkret olaraq hansı dövrdə bərqərar olmasını söyləmək mümkün olmasa da, qeyd etmək lazımdır ki, bu problem hələ qədim dünyada da mövcud olmuşdur. Humanizm prinsipi insana ali dəyər kimi yanaşmağı, hər bir şəxsin ləyaqətinə hörməti, onun yaşamaq hüququnu, azad inkişafını, öz imkanlarını reallaşdırmasını və xoşbəxtliyə can atmasını, bütün başlıca insan hüquqlarının tanınmasını nəzərdə tutur. Hələ Qədim Roma dövründə ədalətli müharibə anlayışı geniş yayılmışdı. Ədalətli müharibə ideyası orta əsrlərdə də yenidən gündəmə gəlmişdi. Artıq orta əsrlər dövründən etibarən müharibənin humanistləşdirilməsi (ədalətli müharibə) ideyaları çox sürətlə yayılmağa başladı. Bu ideyaların inkişafı insan hüquqlarının müdafiəsi və onların kobud pozuntularının qarşısının alınması məqsədilə humanitar müdaxilə ideyalarının meydana çıxmasına gətirib çıxarırdı. Humanitar müdaxilənin institusionallaşmasının ilkin mərhələsində suveren dövlətlərin işlərinə konkret silahlı müdaxilə aktlarının səbəblərini və bəhanələrini dəqiq fərqləndirmək zəruridir. Necə adlandırılmasına baxmayaraq, mahiyyətinə görə müdaxilə, bir qayda olaraq, intervent-dövlətlərin regionda təsirlərinin gücləndirilməsi maraqlarından irəli gəlirdi. Beynəlxalq hüquq çərçivəsində insan hüquqlarının təsbitinə və onlara riayət olunması üzərində beynəlxalq ictimaiyyətin nəzarətinin müəyyən olunmasına, «ikili standartlar»ın istisna olunmasına ilk cəhdlər Birinci Dünya Müharibəsinin sülh müqavilələri ilə edilmişdir. Birinci Dünya Müharibəsinin bitməsindən və Millətlər Liqasının yaradılmasından sonra legitim güc tətbiqi özünümüdafiəyə və beynəlxalq sülhün və təhlükəsizliyin təmininə istiqamətləndi. Bu dövrdə humanitar müdaxilə institutu praktiki olaraq dövlətlərin fəaliyyətindən çıxarıldı ki, bu da əsasən beynəlxalq ictimaiyyətin güc tətbiqinin beynəlxalq münasibətlər praktikasından çıxarılması cəhdləri ilə izah olunur. İntervensionizm doktrinasının birmənalı olaraq qadağan olunması BMT-nin yaradılmasından və onun Nizamnaməsinin qəbul edilməsindən sonraya təsadüf edir. BMT Nizamnaməsi mövcud beynəlxalq qaydanın və hüquq sisteminin fundamental prinsiplərini əks etdirən və bütün dünya dövlətlərinin üzərinə sülhün qorunmasını öhdəlik kimi qoyan başlıca və yeganə mənbə hesab edilir. Belə ki, BMT Nizamnaməsinə əsasən dövlətlərin suveren bərabərliyi, daxili səlahiyyətlərə aid olan işlərə qarışmama və güc tətbiqinin qadağan olunması elan edilirdi. Lakin müasir dövrdə humanitar məqsədlər üçün bu yanaşma obyektiv hesab oluna bilməz. Belə ki, tarixi praktikaya nəzər salsaq, görərik ki, insan hüquqlarının kobud pozuntularına dünya dövlətlərinin göz yumması kifayət qədər böyük bəlalara səbəb ola bilər. Humanitar müdaxilə problemi beynəlxalq hüquqda həmişə mübahisəli məsələ olmuşdur. Humanitar müdaxiləyə anlayış vermək üçün, ilk növbədə, onun hərfi mənasına diqqət yetirmək lazımdır. Humanitar sözü latın dilində (humanus) insan, müdaxilə (interventio) müdaxilə etmək, düzəltmək deməkdir. Humanitar müdaxilə üçün geniş və dar anlayışlar fərqləndirilməkdədir. Humanitar müdaxilə dar anlamda bir dövlətin icazəsi olmadan digər dövlətin və ya dövlətlər qrupunun həmin dövlətin vətəndaşlarının və əcnəbilərin hüquqlarının irimiqyaslı və kobud pozuntusu hallarının qarşısının alınması məqsədini güdür. Humanitar müdaxiləyə verilən geniş anlayışa əsasən humanitar müdaxilə – BMT Təhlükəsizlik Şurasının sanksiyası olmaqla və ya olmadan insan hüquqlarının və ya beynəlxalq humanitar hüququn kobud və kütləvi pozuntularının qarşısının alınması və ya belə hallara son qoyulması məqsədilə silahlı qüvvələrin tətbiqi də daxil olmaqla, bir dövlət və ya dövlətlər qrupu tərəfindən digər bir dövlətin ərazisində onun hökumətinin razılığı olmadan məcburetmə xarakterli hərəkətlərdir. Müdaxilə doktrinasının tərəfdarları üç başlıca məsələni qarşıya qoyurlar: müdaxiləni nə vaxt, kim və hansı məqsədlə həyata keçirə bilər və ya keçirməlidir. Birinci məsələ onunla çətinləşir ki, istənilən halda BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan müdaxilə qadağan olunur. Lakin humanitar müdaxilə praktikası və onun akademik təhlili əsasında humanitar müdaxilə konsepsiyasının tərəfdarları iki əsas meyarı fərqləndirirlər. Birinci meyar beynəlxalq sülh və təhlükəsizliyə açıq təhlükə olan daxili vəziyyətin olması, başqa sözlə, daxili böhranın, bir çoxlarının fikrincə, onu daxili yurisdiksiya çərçivəsindən kənara çıxarmağa imkan verdiyi dərəcədə kəskinləməsini nəzərdə tutur. İkinci meyar insan hüquqlarının pozulması faktlarını və əhalinin kütləvi və sistematik əzablara düçar olmasını nəzərdə tutur. Digər məsələ – humanitar müdaxilənin kim tərəfindən həyata keçirilməsi müdaxilənin subyektlərini müəyyən edir. Əksər müəlliflər humanitar müdaxilənin dövlətlər tərəfindən deyil, universal və regional xarakterli beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilməsi barədə ümumi fikirdədirlər. Humanitar müdaxilə doktrinasının son elementi onun məqsədi ilə şərtlənir. Müdaxiləni o zaman qanunauyğun hesab etmək olar ki, onun yeganə məqsədi insan hüquqlarının, xüsusilə də yaşamaq hüququnun irimiqyaslı və ciddi pozuntularının qarşısının alınması və dayan73 dırılması olsun. Humanitar missiya siyasi səbəblərə əsaslanmamalıdır. Başqa sözlə, müdaxilə edən dövlət bitərəf və ədalətli olmalıdır. Ümumiyyətlə, humanitar müdaxilə konsepsiyasını müdafiə edən və bu konsepsiyanı tənqid edən müəlliflərin fikirləri kifayət qədər toqquşur. Bu baxımdan humanitar müdaxilə barədə utilitarizm, təbii hüquq, sosial kontraktarizm, kommunitarizm və hüquqi pozitivizm nəzəriyyələri fərqləndirilir. Utilitarizm nəzəriyyəsi naturalist doktrinaya əsaslanır. Bu nəzəriyyəyə əsasən, əgər həyata keçirilən fəaliyyətin nəticələri əvvəlki vəziyyətdən yaxşıdırsa, o halda bu fəaliyyət ədalətlidir. Təbii hüquq nəzəriyyəsinin tərəfdarlarının fikrincə, insan təbiəti hər zaman (bəzən humanitar müdaxilə hüququ da daxil olmaqla) ümumi mənəvi öhdəliklər yaradır. Təbii hüquq nəzəriyyəsinin nümayəndələrinə görə, əgər bir ölkədə tiran insanlara əzab verə biləcək hərəkətlərə yol verirsə, bu halda digər dövlətlər onu taxtdan sala bilərlər. Sosial kontraktarizm nəzəriyyəsinə əsasən istənilən müdaxilə, onun müsbət nəticələrindən və ya milli maraqları nə dərəcədə zədələdiyindən asılıdır. Humanitar müdaxiləni dar mənada qəbul edən bu nəzəriyyənin tərəfdarları onun insan hüquqlarının kütləvi və kobud pozuntularının qarşısını almasını qeyd etsələr də, müdaxiləni ədalətsiz hesab edirdilər. Kommunitarizm nəzəriyyəsi konsensual və partikulyar doktrinaya əsaslanır. Onun tərəfdarlarının fikrincə, normalar hər hansı bir spesifik cəmiyyətin adət, praktika və maraqlarına uyğun gələrsə, mənəvi məcburiyyət qazanır. Kommunitarizm nəzəriyyəsi hər hansı bir dövlətdə kütləvi qırğınların, insan hüquqlarının kobud və kütləvi pozulmasının anarxiyaya səbəb olması hallarında digər dövlətləri həmin dövlətə müdaxilə edib mövcud vəziyyəti sabitləşdirməyə səsləyir. Hüquqi pozitivizm nəzəriyyəsi isə normativ doktrinaya əsaslanır. Onun tərəfdarları normaların yalnız qanuni olduğu təqdirdə ədalətli olduğunu qəbul edirlər. Beləliklə, nəzəri baxımdan müasir beynəlxalq hüquqda humanitar müdaxiləni iki konsepsiyanın dilemması kimi ifadə etmək olar: insan hüquqları, onlara riayət olunması üzərində beynəlxalq ictimaiyyət tərəfindən nəzarət və dövlət suverenliyi, onun daxili işlərinə qarışmamaq prinsipi. Müasir beynəlxalq hüquqda humanitar müdaxilə iki anlamda başa düşülür: geniş və dar. Geniş anlamda humanitar müdaxilə özündə məcburi humanitar müdaxiləni də ehtiva etməklə, müdaxiləyə məruz qalan dövlətin hökuməti ilə əvvəlcədən razılaşdırılmayan müdaxilədir. Bu müdaxilənin də iki forması fərqləndirilir: güc tətbiq etməklə məcburi humanitar müdaxilə; güc tətbiq etmədən məcburi humanitar müdaxilə (diplomatik və iqtisadi sanksiyalar). Qeyri-məcburi humanitar müdaxilənin isə silahlı qeyri-məcburi (sülhməramlı) humanitar müdaxilə və güc tətbiq etmədən qeyri-məcburi humanitar müdaxilə (humanitar yardım) kimi formaları fərqləndirilir. Humanitar müdaxilənin dar anlamı BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan humanitar səbəblərdən (insan hüquqlarının müdafiəsi məqsədilə) güc tətbiq etməklə suveren dövlətin daxili işlərinə qarışmaq kimi ifadə edilir. Mövcud beynəlxalq hüquq normaları, xüsusilə də BMT Nizamnaməsi 74 çərçivəsində humanitar müdaxilənin tətbiq oluna biləcəyi iki halı göstərmək olar. Birincisi, hökumətin sistematik və irimiqyaslı insan hüquq pozuntularına yol verdiyi halda (məsələn, Kambocada keçmiş qırmızı kxmerlərin rejimi) silahlı qüvvələrin istifadəsini nəzərdə tutur. İkinci hal etnik, dini və ya vətəndaş çaxnaşmalarına səbəb olan hökumətin iflası, ümumi xaos və anarxiya zamanı humanitar müdaxiləni ifadə edir. Fundamental insan hüquqlarının müdafiəsi məqsədilə silahlı gücün tətbiqi Nizamnamənin məlum müddəaları əsasında müəyyən edilməlidir. Belə ki, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndində deyilir ki, bütün üzv-dövlətlər beynəlxalq münasibətlərində hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və yaxud BMT-nin məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər. Göstərilən qadağadan iki istisna mövcuddur ki, bunlar da Nizamnamənin 42 və 51-ci maddələri ilə nəzərdə tutulur. Nizamnamənin 51-ci maddəsi ayrılmaz fərdi və kollektiv özünümüdafiə hüququnu nəzərdə tutur ki, bu da 2-ci maddənin 4-cü bəndi çərçivəsindən kənara çıxır. 42-ci maddə isə Nizamnamənin 39-cu maddəsinə müvafiq olaraq BMT Təhlükəsizlik Şurası mövcud vəziyyəti sülhə təhlükə, sülhün pozulması və ya təcavüz aktı kimi qiymətləndirdikdə, silahlı gücün tətbiqinə icazə verir. Humanitar müdaxilənin tərəfdarları həm beynəlxalq adət hüququnda, həm də müqavilə hüququnda onun qanuniliyi barədə əsaslar axtarmağa çalışırlar. Dövlətlər digər dövlətlərin daxili işlərinə hərbi müdaxilələrinə adət hüququnun qanuni hökumətin hakimiyyətə gətirilməsi, millətin və milli azlıqların müdafiəsi, insan hüquqlarının müdafiəsi kimi bir sıra prinsipləri ilə bəraət qazandırırlar. Humanitar müdaxilənin müasir beynəlxalq hüquq normalarına uyğun olması, ilk növbədə, müasir beynəlxalq hüququn əsas mənbəyi olan BMT Nizamnaməsinin təhlilinə əsaslanmalıdır. Humanitar müdaxilə doktrinası güc tətbiqinə əsaslanır, buna görə də onun beynəlxalq hüququn prinsipləri əsasında təhlili suveren dövlətin ərazisinə hərbi müdaxilənin əsaslandırılması üçün humanitar məqsədlərin istifadəsi imkanı nəzərə alınmaqla həyata keçirilməlidir. Humanitar müdaxilənin qanuniliyinin daha bir əsasını «yeni intervensionizm» nəzəriyyəsinin tərəfdarları irəli sürürlər. Bu əsas müasir beynəlxalq hüquqda getdikcə daha da möhkəmlənən beynəlxalq sülhün və təhlükəsizliyin təmini ilə insan hüquqlarının təmin olunması arasında əlaqə ilə bağlıdır. Belə əlaqə Nizamnamənin preambulası və IX fəslin 55-ci maddəsinin məzmunu ilə təsdiq olunur. Humanitar müdaxilənin həyata keçirilməsi bu və ya digər suverenin iradəsinin məhdudlaşdırılması ilə bağlı olduğundan onun hüquqauyğunluğunun təmin edilməsi olduqca əhəmiyyətli bir problem olaraq qalmaqdadır. İnsan hüquqları ənənəvi olaraq dövlətlərin daxili hüquq qaydası ilə müəyyən edilirdi. Lakin, dövlətin insan hüquqları üzrə təyinatına konstitusion dəyişiklik (məsələn, Azərbaycan Respublikası Konstitusiyası, maddə 12.I, AFR Konstitusiyası, maddə 1, Gürcüstan Konstitusiyası, maddə 7, Rusiya Federasiyası Konstitusiyası, maddə 2 və s.), insan şəxsiyyətinin yüksələn dəyəri, onun hüquq və azadlıqları suverenliyi yeni məna ilə, dövlətin hər bir şəxsin və cəmiyyətin qarşısında 75 məsuliyyəti ilə zənginləşdirməyə başlamışdır. Beləliklə, insan hüquqları cəmiyyətdə və dünyada baş verən hadisələrin universal «meyarına» çevrilir. ATƏM-in 1975-ci il Yekun Aktında bu anlayış insan hüquqları və ləyaqətinin müdafiəsi sahəsində dövlətlərarası kompleks məsələlərin sistemi kimi ifadə edilir. ATƏMin insan meyarı üzrə 1991-ci il Moskva Müşavirəsinin Yekun Sənədində qeyd edilir ki, insan meyarı sahəsində Helsinki prosesinin iştirakçıları olan dövlətlərin qəbul etdikləri öhdəliklər dövlətlərin müstəsna daxili yurisdiksiyasına aid deyil. Ümumtanınmış insan hüquqları dövlət hakimiyyətinin, onun fəaliyyət sferasının, özbaşınalığın məhdudlaşdırma elementi kimi çıxış edir. Bu zaman dövlət suverenliyi beynəlxalq hüquq sisteminin əsas elementi kimi insan hüquq və azadlıqları sahəsində dövlətin beynəlxalq öhdəliklərinin yerinə yetirilmə əsasına çevrilir. İnteqrasiya proseslərinin təsiri altında ənənəvi olaraq daxili yurisdiksiya ilə bağlı olan bir çox siyasi problemlər – siyasi rejim, milli və digər azlıqlarla davranış daha sürətlə beynəlmiləlləşməyə məruz qalır. Müasir dövrdə dövlətlərin siyasi rejiminin legitimliyi onların bütün əhalisinin maraqlarını təmsil etməsi ilə ölçülür. Bu zaman dövlət suverenliyi tədricən özünün əvvəlki mütləqliyi mahiyyətini itirərək, daha çox insan hüquqlarının müdafiəsi təyinatı ilə əvəzlənməkdədir. Əslində, ayrı-ayrı dövlətlər cəmiyyətdəki demokratikləşmə prosesinin təsiri altında dövlət suverenliyini beynəlxalq hüquqla məhdudlaşdırmaya razılaşırlar. Humanitar müdaxilə üçün əsas yaranmaması üçün bütün xalqın iradəsi ilə dövlətin özünün siyasi sisteminin legitimliyinin tanınması və suverenliyin insan hüquqlarına hörmətdən meydana gəlməsi tələb olunur. Bu halda, humanitar müdaxiləyə beynəlxalq qanunçuluq qaydası ilə birlikdə baxılmalıdır. Belə ki, humanitar müdaxilə BMTnin fundamental məqsədlərindən birinə – insan hüquqlarının müdafiəsinə yönəlir və vəzifə olaraq dövlət suverenliyinin «pozulmasına» deyil, yalnız onun daha humanist istiqamətdə həyata keçirilməsinə yönəlir. Lakin əsas məsələ humanitar müdaxilə əsasında suverenliyin məhdudlaşdırılmasının şərtlərinin qeyri-müəyyən olaraq qalmasıdır. Burada önəmli məsələ siyasi motivlər üçün humanitar müdaxilə vasitəsilə dövlət suverenliyini poza biləcək bütün vasitələrin istisna edilməsidir. Humanitar müdaxilənin digər təhlükəli istiqaməti bəzən dövlətlərin xaricdə olan vətəndaşlarının hüquqlarını müdafiə etmək adı ilə müdaxilə istəyi ilə bağlıdır. Bu hal eyni zamanda özünümüdafiə hüququnun daha geniş təfsiri ilə üst-üstə düşür. Bir dövlət tərəfindən özünün vətəndaşlarının müdafiəsi adı altında humanitar müdaxilənin həyata keçirilməsinin qeyri-hüquqiliyinin əsas məqamı ondan ibarətdir ki, bu, yalnız fövqəldövlətlərin, başqa sözlə, güclünün hüququdur. Humanitar müdaxilə konsepsiyası beynəlxalq-hüquqi baxımdan reqlamentləşdirilmədiyi üçün onun tətbiqi də beynəlxalq sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər ki, bunun özü də təhlükəli məsələdir. İnsan hüquqlarının tənzimlənməsində yeni dövr İkinci Dünya Müharibəsindən sonra, dövlətlərin müvafiq öhdəlikləri gözləməsi şəklində başlayır. Müharibənin nəticəsi göstərdi ki, bir tərəfdən, beynəlxalq sülh və təhlükəsizlik, digər tərəfdən, insanın əsas hüquq və azadlıqlarının gözlənilməsi bir-birilə qırıl76 maz əlaqədədir. Bu sahədə BMT-nin təşkili və Nizamnamənin qəbul edilməsi dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı oldu. BMT Nizamnaməsində insan hüquqları təsbit olunsa da, bilavasitə İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (1948), insan hüquqları sahəsində universal müqavilələr - İqtisadi, sosial və mədəni hüquqlar haqqında 1966-cı il tarixli Beynəlxalq Pakt, Mülki və siyasi hüquqlar haqqında 1966-cı il tarixli Beynəlxalq Pakt, Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyası, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə konvensiyaları və s. qəbul edildikdən sonra insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi bərqərar olmağa başlamışdır. İnsan hüquqları üzrə beynəlxalq hüquq normalarının meydana gəlməsi: a) insan hüquqlarının təbii xarakter daşımasını və dövlətin qanunvericiliyindən, hər cür normativizmdən kənarda mövcud olmasını; b) insan hüquqlarının müdafiəsi məsələsinin dövlətin mütləq daxili işi olmadığını; c) dövlətlər üçün ümumi standartların; ç) dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirmələri üzərində nəzarət mexanizmlərinin müəyyən edilməsini təmin etməli idi. İnsan hüquqları sahəsində yalnız maddi standartlar üzrə beynəlxalq- hüquqi aktlar qəbul edilməmiş, eyni zamanda, humanitar müdaxilənin obyektivliyini, ədalətliliyini, təyinatına uyğunluğunu təmin etmək üçün məlumat və faktların yığılmasında, insan hüquqları ilə bağlı şikayətlərin öyrənilməsində beynəlxalq nəzarət mexanizmləri üzrə beynəlxalq aktlar da qəbul edilmişdir. Bu gün beynəlxalq mexanizmlərin fəaliyyəti elə də səmərəli sayılmır. Çətinlik həm də ona görə yaranır ki, insan hüquqları üzrə bir çox normalar ümumi qaydada ifadə olunur və konkret hüquqi sərhədləri yoxdur. Bununla əlaqədar olaraq, bir çox konvension təşkilatların birləşdirilməsi, mövcud beynəlxalq müqavilələrdə dəyişikliklərin edilməsi, məlumatlar mənbəyinin genişləndirilməsi və s. dəfələrlə təklif olunmuşdur. Mövcud sistemi əsaslı şəkildə yaxşılaşdırmaq üçün universal səviyyədə bütün mexanizmləri sistemli hala gətirə biləcək yeni müqaviləyə zərurət yaranmışdır. BMT Təhlükəsizlik Şurasının təfsirində humanitar böhran vəziyyətləri fərqləndirilərkən, üç hal Beynəlxalq insan hüquqları hüququnun norma və prinsiplərinin pozulmasını ehtiva etmiş, bir hal isə Beynəlxalq humanitar hüquq normalarının kobud və sistematik pozuntularına əsaslanır. Beynəlxalq hüququn bu sahəsi silahlı münaqişələr dövründə tətbiq edilən hüquq, müharibə hüququ (jus in bello); silahlı münaqişələr hüququ; müharibə qanun və adətləri və s. kimi adlandırılır. Beynəlxalq humanitar hüquq üçün iki əsas məqsəd formalaşdırılıb: mülki şəxsləri və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir istiqaməti «Cenevrə hüququ» həyata keçirir. «Cenevrə hüququ» termini əsasən Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə konvensiyalarına istinad edilərək götürülmüşdür: seçimsiz zorakılığın və artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək. Beynəlxalq humanitar hüququn bu məqsədinin həyata keçirilməsinə yönəlmiş hissəsi (1899 və 1907-ci illərdə Haaqa sülh 77 konfranslarında qəbul olunmuş müvafiq sənədlərə istinadən) «Haaqa hüququ» adlandırılır. Bütövlükdə, ifadə edilən beynəlxalq hüquq normalarının gözlənilməməsi humanitar böhran vəziyyətini şərtləndirdiyindən humanitar müdaxiləyə də əsas verir. BMT Nizamnaməsi istənilən dövlətin daxili işlərinə qarışmağı (maddə 2.7), həmçinin BMT məqsədləri ilə bir araya sığmayan güc tətbiq etmək və güclə hədələməyi qadağan edir (maddə 2.4), lakin bunun sərhədi «BMT məqsədlərinə uyğun olaraq» (maddə 1.3; 55) insan hüquqlarının gözlənilməsi ilə bitir. Başqa sözlə, istənilən humanitar böhran insan hüquqlarının bərpası üzrə təcili tədbirlərin görülməsini tələb edir. Humanitar müdaxilə beynəlxalq sülhün və təhlükəsizliyin pozulması nəticəsində meydana gəlir. Bu mənada müdaxiləni şərtləndirən halların müəyyən edilməsi, bu halların hüquqi qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. BMT Təhlükəsizlik Şurasının fəaliyyətində humanitar müdaxiləyə əsas verən təhlükələr dörd hal ilə fərqləndirilir. Birinci halda, beynəlxalq nəticə yaradan daxili münaqişələr (məsələn, qaçqın, məcburi köçkün problemi ilə müşayiət edilən regional gərginliklər) qeyd edilir. Belə münaqişələr Kosovoda, İraqda, Haitidə və s. baş vermişdir. İkinci halda, əsasən vətəndaş müharibələri zamanı yaranan təhlükələrdir. Üçüncü halda, kobud və kütləvi surətdə insan hüquqlarının, beynəlxalq humanitar hüquq normalarının pozulması qeyd edilməlidir. Təhlükəsizlik Şurası Cənubi Rodeziyada, Cənubi Afrikada, İraqda sistematik olaraq, kütləvi formada insan hüquqlarının pozulmasını, keçmiş Yuqoslaviyada və Ruandada beynəlxalq humanitar hüquq normalarının pozulmasını beynəlxalq sülhə təhlükə kimi qiymətləndirmişdir. Dördüncü halda, legitim rejimin, demokratiyanın pozulması sülhə təhlükə yarada bilər. Məsələn, Haiti ilə bağlı Təhlükəsizlik Şurası bildirmişdir ki, qeyri-legitim hakimiyyət sülhə təhlükədir. Humanitar müdaxilə zərurəti beynəlxalq birliyin maraqlarına ciddi təhdidlər yarandıqda, başqa sözlə, özünün ən ağır ictimai təhlükəlilik dərəcəsi ilə fərqlənən beynəlxalq hüquq pozuntusu – beynəlxalq cinayət baş verdiyi halda meydana gəlir. Beynəlxalq cinayətlərin təsnifatının aparılması iki istiqamətdə: humanitar müdaxiləni zəruri edən humanitar böhranın müəyyən edilməsi və humanitar müdaxilədən sonra cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması ilə humanitar təhlükəsizliyin təminatı üçün əhəmiyyətlidir. Müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, sülh əleyhinə cinayətlər universal formada Nürnberq və Tokio beynəlxalq hərbi tribunallarının nizamnamələrində təsbit edilmişdi. Tribunalların nizamnamələrindən sonra isə Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda müəyyən edilmişdir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 3-cü maddəsində onun yurisdiksiyası beynəlxalq birliyi qayğılandıran ən ciddi cinayətlərlə əlaqələndirilib. Bu müddəada yurisdiksiya soyqırım (genosid), insanlıq əleyhinə, hərbi və təcavüz cinayətlərinə qarşı təsbit edilib. Yalnız bu cinayətlərə görə humanitar müdaxilə təmin edilməlidir. Humanitar müdaxiləni şərtləndirən beynəlxalq 78 cinayətlərin dairəsini birtərəfli, özbaşına genişləndirmə müdaxilənin özünün birmənalı formada qeyri-legitimliyi üçün əsas olmalıdır. Soyqırıma görə məsuliyyət universal və məcburi xarakter daşıdığından yalnız zərər çəkmiş tərəf deyil, digər dövlətlər də genosid cinayətini törətmiş dövlətin məsuliyyətə cəlb olunması üçün tədbirlər görə bilərlər. Bu halda, şübhəsiz ki, hərbi müdaxilə də daxil olmaqla, soyqırım faktının qarşısının alınması üçün humanitar müdaxilə həyata keçirilə bilər. BMT Təhlükəsizlik Şurasının fəaliyyətində «etnik qrupun üzvlərinin bilərəkdən öldürülməsi ilə belə bir qrupun tam və ya qismən məhvi» faktının müəyyən edilməsi 1994-cü ildə 918 saylı 17 may Qətnaməsi ilə Ruanda ilə bağlı olmuşdur. Humanitar müdaxiləni şərtləndirən cinayətlərin bir kateqoriyasını da insanlıq əleyhinə cinayətlər təşkil edir. İnsanlıq əleyhinə cinayətlərin universal müqavilə əsası beynəlxalq tribunalların nizamnamələrinə (Nürnberq Tribunalının Nizamnaməsi (maddə 6), Yuqoslaviya üzrə beynəlxalq Tribunalın Nizamnaməsinə (maddə 5)) əsaslanırdı. İnsanlıq əleyhinə cinayətlərin universal sistemi beynəlxalq müqavilə qaydasında ilk dəfə Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda (maddə 7) verilmişdir. Humanitar böhran vəziyyətinin yarandığı hallardan biri də sülhün və insan hüquqlarının kütləvi formada pozulmasına səbəb olan təcavüz aktının baş verməsidir. BMT Baş Məclisinin 1974-cü ildə qəbul etdiyi «Təcavüzün tərifi» Qətnaməsində təcavüz niyyətinin meyarları öz əksini tapıb. Dövlət təcavüzü yalnız bu cinayəti planlaşdırmaq, hazırlamaq, başlamaq və ya aparmaq üçün zəruri səlahiyyət və hakimiyyət verilmiş ayrı-ayrı şəxslərin fəal iştirakı şəraitində törədə bilər. Təcavüzün anlayışında göstərilir ki, hər bir siyasi, iqtisadi, hərbi və ya başqa xarakterli bəhanə təcavüzə haqq qazandıra bilməz (maddə 5). Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda da «təcavüz» cinayəti ifadə edilmiş və Məhkəmənin bu cinayətlə bağlı yurisdiksiyası təsbit edilmişdir (maddə 5.1.b). Humanitar böhrana müvafiq olaraq müdaxilənin baş verdiyi vəziyyətlərdən biri də müharibə cinayətləri ilə bağlıdır. Müharibə cinayətlərinin müstəqil tərkibdə fərqləndirilməsinin hüquqi əsası kimi onların beynəlxalq hüquqla müəyyən edilən müharibə qayda və qanunlarının pozulması çıxış edir. Müharibə cinayətləri Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə konvensiyalarının və həmin konvensiyalara 1977-ci ildə qəbul edilən əlavə protokolların ciddi pozuntularıdır. Müharibə cinayətlərinin siyahısı Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda (maddə 8) da təsbit edilmişdir. Müharibə cinayətləri beynəlxalq humanitar hüquqla əhatə edilməklə, beynəlxalq və qeyri-beynəlxalq xarakter kəsb edə bilər. Yalnız Afrika regionunda son iyirmi ildə daxili münaqişələr nəticəsində 5-6 milyona qədər insan ölmüş, bundan 10 dəfə çox sayda insan isə aclıqdan, xəstəlikdən əziyyət çəkmiş, qaçqın vəziyyətinə düşmüşlər. BMT Təhlükəsizlik Şurası daxili hərbi münaqişələrin (məsələn, 1992-ci ildə BMT Təhlükəsizlik Şurasının 733 saylı Qətnaməsi ilə Somalidəki vəziyyət) beynəlxalq sülhə və təhlükəsizliyə təhdid olduğuna əsaslanaraq, dəfələrlə bu 79 halda hərbi gücün sanksiyalaşdırılmasına kimi məcburiyyət tədbirlərinin tətbiqinə icazə vermişdir.
Yüklə 21,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin