İradə nuriyeva


Gürcüstanda başlanan qiyam Azərbaycanda davam etdi. Naxçıvan



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə9/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

Gürcüstanda başlanan qiyam Azərbaycanda davam etdi. Naxçıvan 
qiyamçıların iqamətgahına çevrilmişdi. Onlar Təbrizə, oradan da 
Sultaniyyəyə  getdilər. Qiyamçılarla Əbu Səidin qüvvələri arasında 
döyüş oldu. Əbu Səid qiyamçıları darmadağın etdi, bu igidliyinə 
görə ona Bahadır ləqəbi verildi. Əmir Çobanın rəhbərliyi ilə 1319-
cu 1325-ci illərdə  Qızıl Ordu dövlətinə yürüşlər təşkil olundu və 
müvəffəqiyyət  əldə edildi. Çoban Elxanilər dövlətinin idarəsini 
bütövlükdə öz əlinə almışdı. Oğlanlarını isə bir sıra vilayətlərə 
hakim təyin etmişdi.  Əbu Səid nəinki siyasi, həm də iqtisadi 
cəhətdən çobanlardan asılı idi. 20 yaşlı  Əbu Səid Çobana qarşı 
mübarizəyə başladı. O, 1328-ci ildə Çobanı  və onun oğullarından 
ikisini edam etdirdi. 1334-cü ildə Sultaniyyədə baş verən üsyan 
çətinliklə yatırıldı. 1335-ci ildə ölkə Qızıl orduluların hücumlarına 
məruz qaldı (8, s. 327). Əbu Səid 60 minlik qoşunla Arrana gəldi. 
Qızıl Ordu xanı geri çəkilməyə  məcbur oldu. Bu zaman Əbu Səid 
arvadı  tərəfindən zəhərlənərək öldürüldü. Özbək xan Kür çayına 
kimi irəlilədi. Yeni hökmdar Arpa xan  rəqibi ölkədən qovdu. 
Sultan  Əbu Səidin ölümü ilə Hülakü dövləti getdikcə  tənəzzülə 
uğradı. Bu zaman “Hülakülər səltənətinin mühafizəsi” adı altında 
Çobanilər, Cəlairilər, Xorasan əmirləri və Şirvanşahların mübarizəsi 
başladı. 

 
88
 
3. XIII-XIV əsrlərdə Azərbaycanın  
sosial-iqtisadi həyatı və mədəniyyət 
 
Azərbaycanın sosial-iqtisiadi həyatı.  Monqol yürüşləri 
Azərbaycanın ictimai-siyasi və  mədəni həyatına ağır zərbə vurdu. 
Monqolların keçdikləri  ərazilərdə  mədəniyyət abidələri, ticarət 
yolları dağıdıldı,  əkin sahələri tapdalandı, xırmanlar yandırıldı. 
Muğanda çağırılmış qurultayda Cənubi Qafqaz ərazisi 110 monqol 
noyonu arasında bölündü. Düşmən  əhalini qırdı, sağ qalanlar isə 
qula çevrilirdi. Sənətkarlar Qaraqoruma və digər yerlərə göndə-
rilirdi. Cavan əsirlərdən ehtiyat hərbi hissələr təşkil olunur və ön 
cəbhəyə göndərilirdi. Bu, məhsuldar qüvvələrə zərbə vururdu. XIII 
əsrin ortalarında Hülakü dövlətinin yaradılması, mərkəzi hakimiy-
yətin qüvvətlənməsi təsərrüfatda müəyyən canlanmaya səbəb oldu. 
Hülakü  və  Abaqa xanın zamanında torpaq və vergi siyasəti 
müəyyənləşdi və mərkəzi idarə sistemi yarandı. 1254-cü ildə Azər-
baycanda 10 yaşından 60 yaşınadək bütün kişi qismi siyahıya alındı. 
Elxanilərin iqtisadi siyasətinin əsasını yerli feodalları torpaq sahib-
liyindən məhrum etmək və bütün gəlirlərin mənimsənilməsi təşkil 
edirdi. İşğal olunmuş torpaqlar incu (hökmdar və xan nəslinə məx-
sus) və  divan (dövlət) torpaqlarına çevrildi və köçmə feodalların 
ixtiyarına verildi. Yeni vergilər də  (qopçur-otlaq vergisi-tədricən 
can vergisi, tamğa-sənətkar və tacirlərdən alınan vergi, kalan və s.) 
toplanırdı. Vergilərin toplanması  icarəyə (müqatiəyə) verilirdi. 
İcarədarlar qanunsuzluqlara və sui-istifadəyə əl atırdılar. XIII əsrin 
son rübündə Elxanilər dövlətində iqtisadi və siyasi böhran baş verdi. 
Keyxatu xan pul islahatı keçirdi, ölkədə kağız pullar-çao tədavülə 
buraxıldı. Lakin bu, xəzinənin boşalmasının qarşısını ala bilmədi. 
Monqol yürüşləri  şəhər həyatına da ziyan vurdu. Qazan xanın 
islahatları, xüsusilə vergi və ticarət sahəsindəki tədbirlər şəhər həya-
tında canlanmaya səbəb oldu. Lakin XIV əsrin 2-ci yarısında siya-
si vəziyyət şəhər həyatını daha acınacaqlı hala gətirdi. Şəhər əhali-
sinin sosial tərkibində sənətkarlar və tacirlər üstünlük təşkil edirdi. 

 
89 
Toxuculuq, xalçaçılıq, metalişləmə, dulusçuluq, dəri istehsalı, ağac 
emalı, bədii sənətkarlıq növləri daha da inkişaf etmişdir.  Şirvan 
ipəyi dünyada məşhurlaşmışdı. Beyləqan öz qənnadı  məmulatı ilə, 
Kağızkonan  şəhəri kağız istehsalı ilə tanınırdı. Metalişləmə sahə-
sində soyuq silah istehsalına xüsusi diqqət yetirilirdi. Hülakü döv-
lətinin Asiya, Avropa və Afrikanın bir çox ölkələri ilə ikitərəfli 
intensiv ticarət əlaqələri var idi. Azərbaycan karvan yollarının kəsiş-
diyi məkana çevrilmişdi. Azərbaycanın daxilindən keçən karvan 
yollarının uzunluğu təxminən 2000 km-dən artıq idi. Ticarət yolları 
üzərində karvansaralar tikildi, karvanların təhlükəsizliyi təmin 
edildi,  karvansalar dəstələri yaradıldı. Bakı nefti, Şirvan ipəyi, 
Təbriz və  Şirvan xalçaları,  Şəmkirin yun parçaları,  Şəkinin dəri 
məmulatı, Naxçıvanın duzu və s mallar xarici ölkə bazarlarında 
yüksək qiymətləndirilirdi. Zərbxanalarda  tümən, qızıl və gümüş 
balış, dinar, danq, fils, dirhəm və s. pul vahidi  tədavülə bura-
xılırdı. 
Qazan xanın islahatları.  Hülakü dövlətini iqtisadi və siyasi 
böhrandan xilas etmək üçün Qazan xan bir sıra islahatlar-torpaq, 
vergi, məhkəmə, rabitə  və ticarət sahələrində islahatlar keçirdi. 
Torpaq islahatının  əsasını monqol qoşun hissələrində qulluq edən-
lərə torpaq sahələrinin verilməsi- iqta təşkil edir. İqta inci və divan 
torpaqları, həmçinin  bayrat adlanan istifadəsiz torpaqlardan 
verilirdi. Torpaqla birlikdə suvarma şəbəkələri və s. iqta sahiblərinə 
verilir.  Qazan xanın 1303-cü ildə verdiyi fərmanla  kəndlilərin 
yerini dəyişməsi qadağan edilir (3, s. 68). İqta torpaqları satıla, 
bağışlana bilməz.  İqta sahiblərinin ölümündən sonra onun hərbi 
işini davam etdirən  şəxsə verilir. Qazan xan bayrat torpaqların 
becərilməsi üçün tədbirlər gördü: sahələr qeydə alındı, sahibkarlığı 
müəyyənləşdirildi, sahibsiz torpaqlar divanın sərəncamına verildi, 
becərilməyən torpaqlar dövlət torpaqlarına qatıldı. Həmin torpaqlar 
yeni sahibkarlara paylandı, bunların hüquqları  divan sənədləri ilə 
qanuniləşdirildi. Qazan xanın vergi islahatı vergilərin növləri, 
həcmi, toplama üsulu, vaxtı və s. kimi məsələlərdə dəqiq qayda-qa-
nun yaratdı. Vergi verənlərin siyahısı tutuldu, vergi məbləği lövhə-

 
90
lərə  həkk olunub baxımlı yerlərdə nümayiş etdirildi. Qeyri-qanuni 
vergilərin toplanması qadağan olundu. Vergi toplanması divana 
həvalə olundu. Məhkəmə sahəsində islahat keçirildi-qazı vəzifəsinə 
layiqli din xadimləri təyin olundu. 30 illik tarixi keçmiş iddia 
sənədləri öz qanuni qüvvəsini itirmiş elan olundu. Qazi vəzifəsinə 
təyin olunanlardan qanuna ciddi əməl edəcəkləri barədə iltizam 
alınması  tətbiq olundu. Qazan xanın rabitə sahəsində  tədbirləri 
vahid rabitə sisteminin yaranmasına səbəb oldu. Əsas yollarda hər 3 
fərsəxdən (20 km.) bir rabitə dayanacaqları-yamlar  yaradıldı. 
Yamlara əmirlər təyin olundu. Yollarda karvansaralar tikildi. Qazan 
xan ticarətin inkişafını təmin etmək üçün vahid pul sistemi yaratdı, 
çəki və ölçü vahidlərini sabitləşdirdi, ticarət yollarında və bazar-
larda gömrük toplanması, karvanların, ticarət mərkəzlərinin qorun-
ması üçün əsaslı tədbirlər gördü. Qazan xanın islahatları ilk vaxtlar 
təsirli nəticələr verdi, lakin XIV əsrin 30-cu illərində ölkənin 
iqtisadi vəziyyəti yenidən pisləşməyə başladı. Əbu Səidin dövründə 
mərkəzi hakimiyyətin zəifləməsi, Xorasanda, Gürcüstanda və başqa 
vilayətlərdə baş vermiş  iğtişaşlar, Qzıl Ordu xanlarının Azərbay-
cana yürüşləri ölkənin təsərrüfatına, iqtisadiyyatına güclü zərbə 
vurdu. Çobani əmiri Əşrəfin zülm və çapqınlıqla topladığı vəsait və 
mal-dövlət 17 xəzinədə saxlanılırdı. Sonralar, Əşrəf Təbrizdən 
qaçmağa cəhd göstərərkən, onun əmlakını daşımaq üçün 10.000 
dəvə  və 4000 qatır lazım olmuşdur. Azərbaycan  əhalisi Çobani 
feodallarının zülmündən təngə  gəlib vətəni tərk edirdi. XIV əsrin 
80-cı illərində ölkədə başlanan feodal çəkişmələri yenidən iqtisadi 
böhrana gətirib çıxardı. Toxtamış  və Teymurun ara verməyən 
hücumları, daxili ara müharibələri  şəhərlərin, kəndlərin dağılma-
sına, təsərrüfatın daha da geriləməsinə səbəb oldu. 
Maarif. Monqol-türk qəbilələrinin Azərbaycana gəlişi ölkədə 
elm və mədəniyyətin inkişafına təsir etdi. Təhsil sisteminin əsasını 
məktəb və mədrəsə təşkil edirdi. Məktəb əsasən ibtidai təhsil verən 
elm ocağı idi. Əsas dərslər  şəriət dərsləri, dini ehkamların təlimi, 
Quran oxunması idi. Yetim uşaqların təhsil alması üçün “Dar ül-
itam” (Yetimlər evi), “Beyt ül-təlim” (Təlim evi) adlanan məktəblər 

 
91 
fəaliyyət göstərirdi. Burada hər 10 uşağa bir tərbiyəçi-atabəy təhkim 
olunurdu. Təhsilin Məzhər formasında  şagirdlər elmin müxtəlif 
sahələri ilə müstəqil məşğul olur, vaxtaşırı öz ustadının yanına 
gedib məsləhət alır və onun mühazirələrini dinləyirdilər. Mədrəsələr 
əsasən orta təhsil verirdi. Dini təlimlə yanaşı, dünyəvi elmlər, 
ictimai və texniki fənlər keçilirdi. Tədrislə 2 müdərris məşğul 
olurdu-biri  şəriət dərslərini, digəri dünyəvi fənləri tədris edirdi. 
Mədrəsə xərcləri şəxsi hesabdan və ya vəqf əmlakının gəlirlərindən 
ödənilirdi. Təbrizdə xüsusi elm ocağı-ali mədrəsə  Rəbi Rəşidi 
məhəlləsində yerləşir, Şərqdə ilk ali təhsil ocağı idi. Onun təsisçisi 
alim, həkim Fəzlüllah Rəşidəddin olmuşdur. Təbriz ali mədrəsə-
sində 500-ə  qədər alim dərs demiş, 7000 tələbə  təhsil almışdır. 
Onlardan 6000 nəfəri başqa ölkələrdən və  şəhərlərdən gəlmişlər. 
Müdavimlər təqaüd alır, yataqxana ilə təmin olunurdular. Ali məd-
rəsə müasir dövrün tanınmış universitetlərinin göstəriciləri səviyyə-
sindədir. Bu faktlar hələ 700 il bundan əvvəl Təbrizdə Universitetin 
(Darülfünun) mövcud olduğunu bildirir. Rəbi Rəşidi məhəlləsində 
60000 nüsxə kitaba malik kitabxana var idi. Şam-Qazanda fəaliyyət 
göstərən 2 kitabxana qiymətli kitablar xəzinəsi hesab olunurdu. 
1259-cu ildə Marağada Nəsirəddin Tusinin rəhbərliyi ilə tikilmiş 
rəsədxana, həmçinin, XIV əsrin  əvvəllərində  Şam-Qazanda 
(Təbriz) tikilmiş  rəsədxana  Şərqdə nücum elminin (astronomiya) 
mərkəzinə çevrildi. Marağa rəsədxanasında 100-dən artıq alim, 400 
min  əlyazmaya malik kitabxanası var idi. Marağa rəsədxanasının 
banisi Nəsrəddin Tusinin (1201-1274) təhsil aldığı Tus şəhərinin adı 
ilə Tusi ləqəbi qəbul etmiş, bir müddət  Ələmut qalasında həbs də 
qalan Tusi Hülakü xanın əmri ilə azad edildi, əvvəl onun məsləhət-
çisi, sonra isə Abaqa xanın vəziri oldu. Tibb sahəsində  Fəzlullah 
Rəşiddədinin böyük rolu olmuşdur. Ölkədə  əhalinin xəstəliklərdən 
mühafizə  və müalicəsi məqsədi ilə xüsusi müəssisələr-dar üşşə-
falar  (şəfa evləri) fəaliyyət göstərirdilər. Təbrizin Rəbi Rəşidi 
məhəlləsində  fəaliyyət göstərən  şəfa evində Hindistan, Çin, Misir, 
Şam və s. vilayətlərdən gəlmiş 50 tanınmış həkim çalışırdı. Ölkədə 
darüxanalar (aptek) mövcud idi. Gəncəli Kirakos Qafqaz Albaniya-

 
92
sında XIII əsrdə baş vermiş hadisələri, albanların başına gələn müsi-
bətləri qələmə almışdı. Coğrafiya sahəsində Zəkəriyyə Qəzvininin, 
Həmdullah Qəzvininin, Azərbaycan alimi Əbdürrəşid Bakuvinin 
əsərləri meydana gəldi. Dilçilik sahəsində Azərbaycan alimləri Hin-
duşah Naxçıvani və  oğlu Məhəmməd Naxçıvani daha çox tanın-
dılar. Bu dövrdə ikidilli, üçdilli lüğətlər meydana gəldi. “Azər-
baycan dili” ifadəsi işlənməyə başladı. Azərbaycanda fəlsəfə, hüquq 
və s. elmlər də inkişaf etdi. Azərbaycan mütəfəkkiri Mahmud 
Şəbustəri (1287-1320) ərəb və fars dillərinin kamil bilicisi, fəlsəfə, 
məntiq, etika, psixologiya, anatomiya, mineralogiya elmləri sahə-
sində tanınmış şəxsiyyət idi. Azərbaycan dilində klassik poeziyanın 
ilk məlum nümayəndəsi Həsənoğlu  Şeyx  İzzəddin (XIII əsr) “Pur 
Həsən” təxəllüsü ilə Azərbaycan və fars dillərində divanlar yaratdı. 
Nizami  ədəbi mühitinə  mənsub  Əssar Təbrizi (1325-1390) dövrü-
nün tanınmış şairi, alimi olmuşdu. XIV əsr ədəbiyyatında hürufilik 
xüsusi yer tuturdu. Hürufilik “hərf”sözündən olub, ərəb hərflərinin 
ilahiliyini, Allahın 2 təzahür yolundan birinin məhz səsdə, nitqdə, 
hərflərdə olduğunu bəyan edirdi. Hürufilərə görə Allah söz-kəlam 
şəklində görünür. Odur ki, ərəb əlifbasındakı 28 hərf müqəddəsdir, 
məhəbbət və gözəlliyin əsasını təşkil edir. Hürufiliyin əsasını Nəimi 
Fəzlullah (1340-1394) qoymuş, digər nümayəndəsi  İmadəddin 
Nəsimi 1369-cu ildə  Şamaxıda anadan olmuşdur.  İlk  şeirlərini 
“Hüseyni” təxəllüsü ilə yazan müəllif hürufilərə qoşulduqdan sonra 
Nəiminin şərəfinə “Nəsimi” təxəllüsü qəbul etdi. XIII-XIV əsrlərdə 
Azərbaycanda memarlıq daha da inkişaf etdi. Təbriz memarlıq 
məktəbi Beyləqandan Həmədana, Qəzvindən Şərqi Anadoluya kimi 
olan böyük bir ərazidə  şəhərsalma işinin geniş inkişaf etməsində 
mühüm rol oynadı. Monqolların 2-ci yürüşündən dağıdılan Gəncə 
1239-cu ildən bərpa olunmağa başladı. XIII əsrin sonu-XIV əsrin 
əvvəllərində  Sultaniyyə  şəhəri tikildi. Qazan xan Xəzər dənizi 
yaxınlığında  Mahmudabad  şəhərini inşa etdirdi. Mərdəkandakı 
dairəvi qala və dördkünc qala, Nardaran və Ramana qalaları 
XIII-XIV  əsrlərdə inşa olundu. XIII-XIV əsrlərdə Azərbaycanın 
müxtəlif yerlərində  Şərq memarlığına məxsus  kubşəkilli, səkkiz-

 
93 
bucaqlı, qülləvari türbələr meydana gəldi. Naxçıvanın Cuğa kən-
di yaxınlığında tikilmiş  Gülüstan türbəsi Möminə xatın türbəsi 
üslubunda inşa olundu. 1305-1313-cü illərdə Sultaniyyədə  Şərq 
türbələrinin qiymətli incilərindən sayılan  Olcaytu Xudabəndə 
türbəsi, 1322-ci ildə tikilmiş  Bərdə türbəsi,  Qarabağlar 
kəndində memarlıq kompleksindəki türbə  (Baştağ) özünəməxsus 
yer tuturdu. Qoşaminarəni birləşdirən Baştağ XIV əsrin  əvvəl-
lərində Hülakü xanın arvadı Qutuy xatının şərəfinə inşa olunmuşdu. 
Azərbaycan xalçaçılıq sənətində öz dəsti-xətti ilə seçilən  Təbriz, 
Qarabağ, Quba-Şirvan və  Gəncə-Qazax xalçaçılıq məktəbləri 
orta  əsrlərdə dünyəvi sənət inciləri yaratdı. Azərbaycanda dulus-
çuluq, misgərlik, ipəkçilik, toxuculuq və s. sənət növləri inkişaf 
etdi. Təbriz ustalarından  Yusif ibn Əhmədin 1319-cu ildə hazır-
ladığı və indi Londonda Viktoriya və Albert muzeyində saxlanılan 
bədii kasa  və usta Əbdüləziz ibn Şərafəddinin 1399-cu ildə 
düzəltdiyi tiyan nadir sənət nümunələri idi. Ağırlığı 2 ton, diametri 
2,5 m. olan tiyan hazırda Sankt-Peterburqun Ermitaj Muzeyindədir. 
Tiyan Teymurun sifarişi ilə  Təbrizdə hazılanmışdır. Təbriz kitab 
sənəti miniatür boyakarlığın qüdrətli mərkəzinə çevrilmişdi. Azər-
baycanda xəttatlıq da inkişaf etmişdi. Bu dövrün görkəmli musiqi-
şünasları Səfiəddin Urməvi və Əbrülqadir Marağai olmuşlar. Onlar 
musiqiyə dair bir sıra qiymətli əsərlər yazmışlar. 
 

 
94
 
VII FƏSİL 
AZƏRBAYCAN  
XIV ƏSRİN İKİNCİ YARISI-XV ƏSR DÖVLƏTLƏRİ 
 
Plan: 
1. Azərbaycan XIV əsrin II yarısında Əmir Teymurun və Qızıl Orda 
xanı Toxtamışın Azərbaycana hücumları. 
2.Qaraqoyunlu dövləti. 
3. Ağqoyunlu dövləti. 
4. XV əsrdə Azərbaycanın sosial-iqtisadi həyatı və mədəniyyət. 
 
1. Azərbaycan XIV əsrin II yarısında Əmir Teymurun  
və Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri 
 
Canı bəy, oğlu Bərdi bəyi Təbrizə səltənətə qoyub, Qızıl Or-
duya qayıtdı. Bərdi bəy atasının ölüm xəbərini aldıqda Təbrizdən 
getməli oldu. Daxili və xarici vəziyyətin gərginliliyindən istifadə 
edən Cəlairi  Şeyx Üveys (1354-1374) 1358-ci və 1359-cu illərdə 
Azərbaycana yürüşlər etdi və  Təbrizə daxil oldu. Azərbaycan Cə-
lairilər dövlətinin tərkibinə qatıldı, paytaxt Təbriz oldu. Cəlairilər 
monqol qəbiləsidir.  Şeyx Həsən Cəlairi (Böyük Həsən) 1340-cı 
ildə Bağdadda Cəlairilər dövlətini təsis etmişdi. Şeyx Üveys 1367-
ci ildə  Şirvan  ərazisini tutdu. Şeyx Üveysdən sonra oğlu  Sultan 
Hüseynin (1374-1382) dövründə ölkədə mərkəzi hakimiyyətə qarşı 
çıxışlar artdı.  Şahzadə Sultan Əhməd Muğanda və Arranda güclü 
qoşun hissələri ilə  1382-ci ildə qardaşı Sultan Hüseyni öldürərək 
taxt-taca sahib oldu və 1410-cu ilədək hakimiyyətdə qaldı. Teymur 
1385-ci ildə Azərbaycana daxil oldu, lakin Mərkəzi Asiyada baş 
vermiş hadisələrlə  əlaqədar geri qayıtdı. Sultan Əhməd Bağdada 
çəkilmişdi. Bu zaman Toxtamış 1385-ci ilin sonunda 90 minlik 
qoşunla Dərbənddən Şirvana daxil oldu və Təbrizə çatdı (3, s. 41). 
Təbrizlilər müdafiəyə qalxdılar,  şəhər  ətrafında xəndəklər qazıldı, 
küçə  səngərləri yaradıldı. Düşmən 8 gün Təbrizin  ətrafında dövrə 

 
95 
vurdu, amma şəhərə girə bilmədi. Toxtamış danışıqlara məcbur 
oldu, tərəflər arasında razılıq əldə olundu. Təbriz hakimi Əmir Vəli 
və  şəhər  əyanları  xərac toplayarkən,  əhali sülhə inanıb silahı yerə 
qoydu.  Toxtamış  bundan istifadə edib 1382-ci ildə hiylə  işlədib 
şəhərə daxil oldu. Əhali ciddi müqavimət göstərə bilmədi, Toxtamış 
sonra  Marağanı tutdu, yenidən  Təbrizə qayıtdı. Bir dəstəsi 
Mərənd və Naxçıvana tərəf yollandı, digəri isə Əhər yolu ilə irəli-
lədi, sonra Qarabağa gəldilər. Ölkədən çoxlu qənimət və 200 min 
əsir aparıldı. Azərbaycan  1386-cı ilin baharında Teymurun 
hücumlarına məruz qaldı.  “Üçillik yürüş” kimi tanınan səfərdə 
Təbriz tutuldu (8, s. 330). Cəlairi əmirlərinin əsas hissəsi Bağdada
bir qismi isə  Əlincə qalasına getdi. Teymur payızda  Naxçıvana 
gəldi. Xalq Şeyx Həsənin başçılığı ilə mübarizəyə qalxdı. Teymur 
Əlincə qalasını mühasirəyə aldı.  1387-ci ilin əvvəllərində  Toxta-
mışın dəstələri Dərbənddən Azərbaycana soxuldu, lakin Miranşahın 
Kürün  şimalına göndərilmiş qoşununa qarşı dura bilməyib geri 
çəkildilər. Həmin ildə Teymur, Toxtamışın Buxara və Səmərqəndə 
hücumu ilə əlaqədar Azərbaycanı tərk etdi, Azərbaycanın idarəsini 
oğlu  Miranşaha tapşırdı (qəddarlığına görə “Maranşah”- ilanlar 
şahı kimi tanınırdı). Təbriz uğrunda Sultan Əhməd və onun Əlincə 
qalasındakı  əmirləri, Qara Yusifin başçılıq etdiyi qaraqoyunlular, 
Təbrizin yerli əmirləri və Teymuri əmirləri mübarizə aparırdılar. 
1387-1392-ci illərdə  Təbrizə 17 dəfə hücum edildi (8, s. 346)  və 
nəticədə  şəhər bir feodal qrupundan digərinə keçirdi. 1392-ci ildə 
Teymur 2-ci dəfə Azərbaycana gəldi və Təbrizə daxil oldu. Cəlairi 
əmirləri  Əlincə qalasında idilər və Teymura tabe olmamışdılar. 
Qala Sultan Tahirin başçılığı ilə Xacə Cövhər və sonra Əmir Altun 
tərəfindən müdafiə olunurdu. Qalada 300-dən artıq döyüşçü var idi. 
Teymur qalanı tuta bilmədi, sonra Gürcüstanı  zəbt etdi, Şəki 
hakimini itaətə gətirdi. 1392-ci ildə Toxtamış Azərbaycana hücum 
etdi. Cavab olaraq, Teymur 1395-ci ildə Dərbənddən Qızıl Orduya 
yürüş edərək rəqibinə qalib gəldi və oradan Səmərqəndə qayıtdı. 
Əlincə qalası mühasirədə qalırdı.  Teymur 1387, 1393, 1397-ci 
illərdə  Əlincə qalasına yürüş etmiş  və heç birində  qələbə qazan-

 
96
mamışdı.  İlk yürüş dövründə  qalada  su  qıtlığı baş verir və qalanı 
təslim etmək qərarına gəlirlər. Teymur qoşunu qalanın  ətəklərinə 
endirir, lakin güclü yağış yağır və bol su ehtiyatı yaranır.  Əlincə 
Teymura tabe edilmir. 1393-cü ildə Teymur qalaya hücum edir, bu 
zaman qala müdafiəçilərindən bir dəstə, Əmir Altunun başçılığı ilə, 
qaladan kənara çıxmışdı. Geri qayıdarkən qalanı mühasirə 
olunduğunu görüb onlara hücum etdilər. Düşmən böyük tələfat 
verdi, Altun isə öz dəstəsi ilə qalaya girə bildi. Əlincə qalası istisna 
olmaqla, bütün Azərbaycanı Teymurilər zəbt etmişdilər. 
Qalanın müdafiəçiləri ilə birləşən  Şəki və gürcü feodalları Tey-
murilərə qarşı vuruşur, hətta qalib gəlirdilər. Bu hadisələrdən nara-
hat olan Teymur 1399-cu ildə 3-cü dəfə yürüş etdi və Qarabağa 
gəldi. Bir sıra feodal hakimlər,  Şəki hakimi Seydi Əhməd, 
Şirvanşah İbrahimin himayədarlığı ilə Teymurla ittifaqa girərək, 12 
ildən sonra daxili çəkişmələr nəticəsində  Əlincə qalası Teymura 
tabe oldu (8, s. 352). Tarixçi İbn Ərəb şahın yazdığına görə, Teymur 
Azərbaycanda olmadığı vaxtda Əlincədə Sultan Tahir ilə  Əmir 
Altun arasında ciddi münaqişə baş verir. Tahir ərzaq gətirmək üçün 
getmiş Altunu qalaya buraxmır.  Əlincəlilər Tahirdən üz döndərir. 
Tahir öz acizliyini hiss edir və  xəzinəni götürüb Bağdada qaçır. 
Əlincə müdafiəsiz qalır. Teymur 1400-cü ildə başsız qalmış qalaya 
girir. Teymur bir müddətdən sonra Səmərqəndə qayıtmış və 1405-ci 
ildə  vəfat etmişdir.  Azərbaycanın  Şirvana qədər olan əraziləri 
Miranşahın oğlu Mirzə Ömər tərəfindən idarə olunurdu. 
Şirvanşahlar dövləti. Xəzərin qərb sahilində yerləşən Şirvan 
vilayəti Kür çayından Dərbənd mahalının  şimal hüdudlarına kimi 
olan  ərazini  əhatə edirdi. XIII  əsrin  əvvəllərində  Şirvanşahlar 
dövlətini Güştasb (1203-1225) idarə edirdi. 1225-ci ildə III Fəri-
bürz (1225-1243) ölkənin idarəsi ilə ciddi məşğul olmayan atası 
Güştasbı hakimiyyətdən qovdu və  XIII  əsrin ortalarına kimi 
Şirvanı idarə etdi. Fəribürz Cəlaləddinə  xərac versə  də,  Şirvanın 
müstəqilliyini qoruya bildi. 1231-ci ildə monqollar Şirvana daxil 
oldular, 1239-cu ildə Şirvan və Dərbənd ələ keçirildi. Şirvanı idarə 
edən  II Axsitan (1243-1260) Hülakülərin hakimiyyətini qəbul 

 
97 
etməli oldu. Onun dövründə Şirvanşahlar tədricən öz müstəqilliyini 
itirdi.  Şirvan hakimləri Hülakülər tərəfindən təyin edilirdi və bu, 
XIV  əsrin 2-ci rübünə  qədər davam etdi. Şirvanşah  Kavusun 
(1345-1372) dövründə  Şirvanşahlar  əvvəl Çobanilərdən, sonra isə 
Cəlairilərdən asılı  vəziyyətə düşdülər.  1364-cü ildə  Şirvanda 
Cəlairilərə qarşı  üsyan qalxdı.  1367-ci ildə  Şeyx Üveys Şirvana 
yürüş etdi. Cəlairilər 3 aya yaxın Şirvanda qalıb əhalini qarət etdi-
lər. Kavus tutuldu və Üveysin hüzuruna gətirildi. O, 3 aydan sonra 
azad edildi və yenidən Şirvana hakim təyin olundu. Kavus öldükdən 
sonra  Şirvanı onun oğlu  Huşəng (1372-1382) idarə etdi. 1382-ci 

Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə