İranda Parlamentar sistemin məsələləri (9) Taxt-Tacla parlament arasında hakimiyyət bölgüsü



Yüklə 34,39 Kb.
tarix23.12.2016
ölçüsü34,39 Kb.
İranda Parlamentar sistemin məsələləri (9)*
Taxt-Tacla parlament arasında hakimiyyət bölgüsü
1953-cü ildə Müsəddiq süqutundan sonra şahın və onun tərəfdarlarının nüfuzunun artması nəticəsində parlamentin siyasi hakimiyyəti getdikcə məhdudlaşdı. 1957-ci ildə ikipartiyalı sistem yaradıldıqda aydın şəkildə deyildi ki, xarici və müdafiə siyasəti məsələləri şahın hüququna dəxildir. 1963-cü ildə yeni parlament işə başlayanda şahın reforma proqramını öz öhdəsinə götürdüyündən, daxili, iqtisadi və sosyal siyasət də toxunulmaz sahə elan edildi. Buna görə də parlamentin fəaliyyəti şahın reforma siyasəti çərçivəsində göstərilmiş məsələlərin müzakirəsi və bu çərçivə daxilində təşəbbüskarlıqla məhdudlaşdırdı. Parlamentdə meydanın sarayın xeyrinə məhdudlaşdırılması heç də təəççüblü deyildir. Çünkü indiyə qədər mütləq monarşıyanın sülh yolu ilə, seçgilərə əsaslanan bir rejimlə yəni elə bir rejimlə ki, parlament qarşısında məsuliyyət daşısın və elə bir monarşiya ki, o səltənət etsin, amma idarə etməsin, əvəz olunması təcrübədə ümumiyyətlə mümkün olmamışdır. Belə bir dəyişiklik Monarşın suverenliyinin əsaslı surətdə xalqın suverenliyinə keçirilməsi deməkdir. (11)

1906-ci il iran konstitusiya hərəkətinin ikili karekteri-bir tərəfdən, dözülməz istibdada qarşı, digər tərəfdən isə, böyük Avropa dövlətlərinin ətraflı təsirinin güclənməsi qorxusu – saraya qarşı mübarizədə klerikal mühafizəkar qüvvələri, Avropa nümunələri əsasında istiqamətlənmiş reforma tərəfdarı olan liberallara birləşdirdi və konstitusiyanın qisa bir müddət üçün olsa da, həyata keçirilməsinə imkan yaratdı. Ancaq tezliklə əsas qanun taxt-tacin, islahatçıların və mühafizəkarların (din xadimləri, iri mülkədarlar və iri tacirlərin) nüfuz sahəsinə düşdü.

Demək olar ki, monarşıya hakimiyyətini parlamentar hakimiyyətlə əlaqələndirmək çəhdi baş tutmadı. Çünkü zaman ötüncə şah parlament, kabinet və partiyaları özünə tabe etmişdir. (Şah öz xatıratında belə yazır: “kimsəni nəzm-intizama çağırmağa belə ehtiyacım yox idi. Iclaslar (kabinetin) zamanı çəkiş götürməyə də ehtiyac yox idi. Təkcə üzümün ifadəsi, baxışımın yaxud səsimin tonu ilə müzakirəni həmişə nəzarətim altında saxlamışam”. Bax: Der Şah, de Villers, Gerd, Düsseldorf 1975, s. 473)

Parlamentarizm sisteminin taxt-tac tərəfindən dayandırılması və sıxışdırılması artıq 1908-ci ildə, mütləq hakim əqidəli Məhəmməd Ali şah Rusların köməyi ilə parlamenti atəşə tutdurduğu və konstitusiyanı ləğv etdiyi vaxtdan/27.6.1908/ başlanmışdı.

Düzdür, o sonralar hər tərəfdən hücum edən milli qüvvələr qarşısında canını Rusiyaya qaçmaqla /9.9.1909/ qurtardı və iran taxt-tacından əl çəkməli oldu. Artıq 1911-ci ilin iyununda, o, Rusiya ilə gizli razılığa gələrək, bir daha taxt-taca çıxmaq istədisə də, bu, baş tutmadı. Bundan sonra Rusiya bir sıra toqquşmalar törətməklə, 1911-ci ilin dekabrında parlamentin buraxılmasına nail oldu. 1914-cü ilin dekabrında parlament bir daha yenidən toplaşdı. Amma birinci dünya müharibəsində müharibə edən dövlətlərin müdaxiləsi parlamentin yenə də vaxtından əvvəl buraxılmasına səbəb oldu. Reza şah dövründə /1925-1941/ konstitusiya tamamilə qanundan kənar ləğv edildi və partiyaların siyasi fəaliyyətinin dayandırılması nəticəsində parlament daxilində müxalifət reza şahin reforma siyasətinə qarşı klerikalların müqaviməti ilə məhdudlaşdı. Seçgilərə təsir göstərmək bir qayda halını aldı, hər hansı bir leqal müxalifət ləğv edildi və nazirlər parlament əvəzinə şaha tabe edildi.

40-ci illərin sonunda və 50-ci illər ərzində „Tudə partiyası“, ələlxüsus „Milli cəbhə“ parlamentdə Mohammad Reza şaha qarşı çıxış etmək üçün kifayət qədər güçə və cazibə qüvvəsinə malik oldu və 1953-cü ildə Müsəddiqin rəhbərliyi altında „Milli cəbhə“ monarşıyanın mövcud olmasını belə sual altına qoydu. Müsəddiqin süqutundan sonra şah özünün əvvəlki hakimiyyətini əldə etdikdə, o, muxtar hakimiyyət mərkəzinə çevrilmək yolunda, olan siyasi partiyaların inkişafını tormozladı. 1960-ci və 1961-ci illərdə iki parlament seçgisi keçirildi, ancaq onların nəticələri mühafizəkar elementlərin təsir göstərdiyinə və korrupsiyaya görə etibarsız elan edildi. Nəhayət, 1963-cü ilin sentyabrında şah elə bir parlament əldə etdi ki, o, namizədlərin pratik olaraq şah tərəfindən müəyyənləşdirilməsini açıq-aşkar birbaşa metodlarla müdafiə edirdi.

Konstitusiyalı monarşı yaradıldıqdan sonra şahın siyasi hakimiyyətinin sistematik təkmilləşdirilməsi, yəqin ki ölkənin daxilindəki oposision qüvvələrin müqaviməti ilə qarşılasırdı.

Konstitusiyalı monarşıyanın ilk illərində şahın hakimiyyətini öz xeyrinə məhdullaşdırmağa səy göstərən islahatçı qüvvələrin qətiliyi taxt-tac üçün bir təhlükə mənbəyi idi. Rusiyanın iranda nüfüzünün məhdudlaşdırılmasında marağı olan ingiltərə vaxtaşırı bu qüvvələrin fəaliyyətini müdafiə edirdi.


1917-ci ildə Oktiyabr inqilabından sonra Sovet İttifaqının irana nüfuzu və bəzi əyalətlərdə müxtariyyət cəhdlərindən müdafiə etməsi taxt-tac üçün daha bir təhlükə mənbəyi idi. Belə ki, məsələn: İrandakı kommunist hərəkatının mənbəyi Bakidakı kommunist istiqamətli „ədalət“ komitəsi idi, bu komitə 1916-ci ildə yaradılmışdı və Oktyabr inqilabından sonra şimalı irana təsir göstərirdi. Orada soviyet işğalçı əsgərləri şuralar yaratmışdılar və onların köməyi ilə Gilanın meşələrində Tehran mərkəzi hakimiyyətinə qarşı yönəlmiş „Dschangali“ hərəkatı meydana gəlmişdi. Ilk „Milli cəbhə“nin, -ədalət-dschangali-nin əsasında və sovyet hərbi hissəsinin müdafiə etməsi nəticəsində 1920-ci ilin yununda Gilanda Sovet cümhurusu elan edildi. O, cəmi 16 ay devam etdi və 26.2.21-ci ildə bağlanmış sovet-iran dostluq müqaviləsinə əsasən sovet ittifaqı tehran mərkəzi höküməti ilə sevdələşdi və özünün şimali irandaki qoşun dəstələrini çıxartdı. „Ədalət komitəsi“ əsasında yaradılmış „İran kommunist partiyası“, yuxarıda qeyd etdiyimiz kimi, bütün partiyalar ləğv edildikdən sonra 1931-ci ildə Reza şah tərəfindən qadağan edildi.

1941-ci ildə „Tudə“ hizbi yaradıldı. Bu partiya kommunistlər hqqında 1931-ci ildən qüvvədə olan „Kommonist qanunu“ baxımından özünü kommunist partiyası deyil, Tudə partiyası adlandırdı. 1945-ci ildə Ayərbaycan və Kürdüstan müxtariyyətçilik hərəkatı başladı. Iran höküməti, sovet dəstələrinin ölkədən çıxarılmasına nail olduqdan sonra, 1946-ci ildə öz ordusunun köməyilə Azərbaycan və Mahabad milli hökümətləri meğlub edib və bu ölkələri işğal altına aldı.

Müsəddiqin süqutunun ardınca eyni zamanda iranda hər cür kommunist fəaliyyətinin uzunmüddətli qadağanı başlandı.

Demək olar ki, müsəddiqin süqutuna qədər taxt-tac üçün ən mühüm müdafiə mənbəyi Reza şah taxt-taca çıxdıqdan sonra müntəzəm təkmilləşdirilən ordu idi.

Əlbəttə ABŞ-ın yardımı da daha inkaredilməz elementdir. Məhz bu yardım 50-ci illərdə Müsəddiqin və „milli cəbhə“nin doğurduğu böhran dövründə şahı hakimiyyətdə saxladı.

Ibtidai mənşəyinə görə iri mülkədarlar da monarişiya ilə eyni idi. 1961-ci il böhranı ilə əlaqədar olaraq şah iri mülkədarların indiki müxalifətini, kəndlilərin və həmçinin əhalının digər təbəqələrinin gələcək müxalifətindən kiçik bir risk kimi qiymətləndirdi. Buna görə də şah parlamentdə iri mülkədarların üstünlüyünə son qoyduqdan sonra, arzuedilməz inkişafın qarşısını ala bilmək məqsədilə öz reforma proqramının həyata keçirilməsi üçün lazım şərait yaratdı.

Reforma proqramının əhəmiyyətinin qiymətləndirilməsi üçün şəraitin nəzərdən keçirilməsi lazımdır: məhz o şərait ki, illərlə və daimi təkrar edilən, amma heç vaxt həyata keçirilməyən reforma vədlərinin həqiqətən ciddi qəbul edilməsinə gətirib çıxarmışdır.

Burada 1960-61-ci illərdə iqtisadi, siyasi və sosyal böhran həlledici bir dönüş oldu və bu böhranda da Müsəddiqdən sonrakı mərhələ sona yetdi. Müsəddiq dövrünün qeyri stabil inkişafından sonra, artıq qeyd edildi kimi, şaha ordunun köməyi və ABŞ-in maddi yardımı sayəsində mühafizəkar əqidədə stabilləşdirmək müyəssər oldu. Müsəddiqdən sonrakı ilk baş nazir, general Zahidi, müxalifəti ardıcıl surətdə əzməklə ölkənin daxilində “siyasi sakitliyi” bərpa edə bildi. Namizədlərin siyahılarının əvvəlcədən hzırlamaqla səçgilərdə sadiq və yoxlanmış nümayəndələrin parlamentə seçilməsi əldə edildi. 1955-ci ildə Zahidinin istefasından sonra şah hökümətin hüququnu getdikcə öz əlində toplamağa başladı. Iran 1955-ci ildə Bağdad paktına –sonrakı Cento paktına- daxil oldu və birmənalı olaraq üzünü qərbə tərəf çevirdi. 1953-cü və 1960-cı ilərdə irana amerikan iqtisadi kömeyi kimi 440 miln. Amerikan dolları axdı və daha bir belə məbləğ ordu və jandarmeriyanın silahlandırması üçün alındı. Neftdən gəlir 1956-57-ci illərdə 150 miln. Amerikan dolları, 1960-61-ci illərdə 285 milyona çatdı (Müsəddiq böhranından əvvəl 23 miln amerikan dollari məbləğində idi). Bununda nəticəsi iqtisadi bum oldu. Ancaq qeyd etmək lazımdır ki, nəqliyyat və enerji sahələrinin infrastrukturasındakı yaxşılaşmalar istisna olmaqla, ümumi iqtisadi yüksəliş əmələ gəlmədi, əksinə, bütün diqqət Tehrana yönəldilmişdi və orada ələlxüsus tikinti sektorunda fəaliyyət göstərirdi və ölkəyə dəbdəbəli malların idxalını sürətləndirdi. Məlumatlı şəxslər 1961-ci ildə hesablamışdılar ki, Müsəddiq dövründən bəri təxminən 250 miln. Amerikan dolları, deməli ABŞ-ın ümumi köməyinin dörddənbiri şəxsi ciblərə getmişdir. (12)

Bir neçə il ərzində Tehran müasir qərbsayağı böyük bir şəhərə çevrildi. Alverçilər, tacirlər və əsas vəzifədəki dövlət məmurları böyük məbləğdə qazanırdılar və gəlirlərinin bir hissəsini xaricdə yerləşdirirdilər. Əhalı, xüsusilə əyalətlərdə, bu yüksəlişdə iştirak etmirdi, əksinə o, labud inflasyonun nəticələrinə məruz qalırdı. Inflasyonun nəticələri daima artan yeni orta təbəqəyə də toxundu və bu təbəqə yüksələn sosyal gərginlikləri siyasi baxımdan şüurlu qiymətləndirərək, 1960-61-ci illərdə tələbələrlə birlikdə yenidən dirçəlməkdə olan siyasi müxalifət üçün zəmin yaratdı. Buna misal olaraq, Əmininin islahatçı kabinetini təyin edilməsində son təkan rolunu oynayan, 2.5.61-ci ildə Tehranda müəllimlərin maaşlarının həyat minimumundan aşağı olmasına qarşı keçirilən və tələbələr tərəfindən müdafiə edilən nümayişi göstərmək olar. 1961-ci ilin əvvəlində vəziyyət nəinki siyasi, hətta iqtisadi baxımdan da bohranlı idi. Çünkü iqtisadi yüksəliş özünü daha çox xəyali bir yüksəliş kimi göstərirdi. Iqtisadi böhran siyasi böhranı daha da ağırlaşdı, çünki şahın ikipartiyalı sistem təyinetmə cəhdləri 1960-ci il avqust və 1961-ci il fevral seçgilərində açıq-aşkar manipuliyasılar olduğundan nəinki baş tutmadı, əksinə parlamentdən xaricdəki müxalifəti, ələlxüsus “Milli cəbhə”ni, daha da ruhlandırdı. Milli cəbhə, sosyal, siyasi və iqtisadi baxımdan əsaslandırılmış, geniş əhatəli üsyana hazırlığa girişdi. Bu zaman o, mühacirətdən İrana müfuz edən, inqilabi inkişaf təbliğ edən Tudə partiyası tərəfindən yardım alırdı. Sovet İttifaqı da şaha qarşı təblığatı gücləndirdi. Bu propaqanda 1959-cu ilin fevralında sovet-iran əlaqələri kəsiləndən sonra başlanmışdı və Bakıda yerləşən “İran milli səsi” radio verilişləri vasitəsilə rejimi devirməyə çağıraraq, birbaşa iranın inkişafına təsir göstərməyə can atırdı.

1961-ci ilin başlanğıcında iranin ən mülayim dairələrində ve irandakı xarici müşahidəçilər arasında belə bir fikir yayılmışdı ki, əgər son anda şaha, iranın sosyal və iqtisadi siyasətində əhatəli, həqiqi və əsaslı islahat tədbirləri keçirməklə pozitiv dəyişikliklər nümayiş etdirmək müyəssər olmasa, iran kritik nöqtəyə, ola bilsin ki, sosyal inqilabi çevrilişə məruz qala bilər. Şah təhlükəli vəziyyəti başa düşdü və Əmininin kabinetini -6.5.1961- təyin etdi. Kabinet 15 maddədən ibarət islahat proqramı elan etdi. Şahın müdafiə etdiyi və onun təsirindən azad olan nazirlər kabinetinin böhran vəziyyətə üstün gəlmək şansı var idi. Əmini iqtisadi münasibətləri stabilləşdirməyə çalışırdı, və aqrar reformasının keçirilməsi üçün hazırlıq tədbirlərinə başladı. Böhranı aradan qaldirmağa çalışan Əmininin kabineti, şah üçün məsələnin daimi həlli demək deyildi.

Büdcənin təşkilindəki çətinliklər Əmininin 1962-ci ilin iyununda istefa verməyə vadar etdi. Şah hələ əmininin dövründə onun islahat proqramını 6 bənddən ibarət reforma proqramı -14.1.61- ilə arxa plana keçirdikdən sonra, özünü reforma proqramının tərefdarı elan etdi. 6 bənddən ibarət bu proqramı “Ağ inqilab” islahat proqramının sələfi hesab edilə bilər. 1955-ci ilin aprelində Zahidi ilə əlaqəni kəsməklə ifrat mühafizəkar dairələrin əhatəsindən qurtardığı kimi, o, 1962-ci ildə də Əmini kabinetini dəyişdirməklə, Əmini ətrafındakı mülayim solların islahat tərəfdarları olmaq imkanını onların əlindən aldı.

Əmini istefa verdikdən sonra islahat tədbirləri əvvəl “Ağ İnqilab”, sonralar isə “Şahın İnqilabı” adı altında davam etdirilmişdir. 1973-cü ilin 26 janvarında “Ağ İnqilab”ın 10 illiyi bayram edilərkən, geniş xalq kütlələrini və həmçinin ziyalıları reforma siyasətində daha yaxından iştirak etməyə cəlb etmək yolunda təxminən 1972-ci ildən aydınlaşmağa başlayan səylərin bir nəticəsi kimi, şah bütün xalq təbəqələrinin “nümayəndələrinin” iştirak etdiyi bir seminar çağırdı. Bu seminar bu vaxta qədər əldə edilmiş nailiyyətləri nəinki qiymətləndirilməli, həm də gələcəkdə reforma prinsiplərinin yeni istiqamətlərinin vacibliyini yoxlamalı idi. Seminar 1973-cü ildə müxtəlif tərkibdə toplansa da, heç bir əhəmiyyətli məqsədyönümlü təklif hazırlaya bilmədi. Əksinə, şahın iranda həyata keçirmək istədiyi “Böyük Mədəniyyət” (Təməddune bozorq) göstərişləri yeni bir aparıcı sahə kimi təqdim edildi. Bu müddəayə əsasən ölkənin bütün təbii resorslarının tam inkişafından sonra bütün iranlıların sağlamlığı və tərbiyəsi qayğısına qalmalı və ictimai sığortadan istifadə etməli və onlar bərabərhüquqlu olmalıdır. (13)

Müsəddiqlə tənqidi çəkişmələrdən bəri şahın mövqeyi böyüdü. Ilk növbədə mühafizəkarlar və ordu onu sosyal inqilabılar tərəfindən qızışdırılan sosyal təminatsızların iddialarından müdafiə edirdi və digər tərəfdən bu sonuncularla iri mülkədarlara qarşı mübarizə aparırdı. Bu zaman iri mülkədarların mənafeyinə heç də ciddi ziyan vurmaq və onların vasitəsilə digər iqtisadi sahələrinə kapital qoymaq və nüfuz etmək imkanının alınması nəzərdə tutulmurdu.(14)

Iranda siyasi meydanın məhdudlaşdırılması, yəni başqa sözlə desək, əks fikirlərin sıxışdırılması, iran cəmiyyətinin müxtəlif müxalifət qruplarının müqaviməti olmadan baş verməmişdir. Deməli, şaha qarşı iranda cəmiyyətin ənənəvi qruplarından, xüsusilə, din rəhbərlərindən ibarət kəskin müxalifət mövcud olmuşdur. Şahin müxalifləri arasında orta təbəqənin müxtəlif qrupları da məsələn, ziyalılar da var idi. Düzdür, ziyalılar ictimai və iqtisadi siyasətin müasirləşdirilməsi tərəfdarları idilər, amma monarşıyanı bir təsisat kimi və həmçinin şahın bu vaxta qədər söz azadlığı, seçgi və parlamentə qarşı tətbiq etdiyi məhdudiyyətlərini rədd edirdilər.

Şaha qarşı hadisələrdə hər iki müxalifət qruplaşması iştirak etmişdir. Bu arada əhalının bütün təbəqələrində bununla belə şaha qarşı müqavimət davam edirdi. Şuluqluqlar heç də təkcə siyasi meydanın məhdudlaşdırılması nəticəsində əmələ gəlməmişdi, onların həm də ictimai və iqtisadi səbəbləri var idi.

Siyasi və ideoloji istiqamətlərinin müxtəlif olmasına baxmayaraq, bütün müxalifət, partiya və qruplar şahın süqutunu bu böhranın aradan qaldırılması ilə eyn tuturdular. (15)

Iran müxalifəti bunda özünün ilk qələbəsini qazanmışdır. 1978-ci ilin sentyabrından davam edən nüçayişlərin, tətillərin daimi artan təzyiqi altında, Mohamməd Reza şah Pəhləvi 16 Yanvarda ölkəni tərk etmək qərarına gəldi.

Şah yola düşmədən əvvəl, parlament yeni baş nazir Bəxtiyarın hökümət proqramını müzakirəyə qoydu. Bundan əlavə, Şah yola düşmədən qabaq, anyasanını 38-ci maddəsində nəzərdə tutulmuş, 9 nəfərdən ibarət, baş nazir Bəxtiyarla yanaşı, parlamentin hər ikisinin (məclis və senat) sədrlərinin və ali məhkəmənin sədrinin də daxil olduğu hökümət naibliyi şurasını təyin etdi. Bu şura, şahın ölkədə olmadığı müddətdə onun fuksiyasını yerinə yetirməli idi. (16)


Şaha qarşı hərəkatın səbəbləri

Şaha qarşı hərəkatın səbəbləri, artıq yuxarıda qeyd edildiyi kimi, ölkənin ictimai-iqtisadi quruluşunda dərin kök salmışdı. 60-cı illərdən başlayaraq şah, əsasən, kənd təsərrüfatlı istiqamətli ölkəni sənaye ölkəsinə çevirməyə çalışırdı. Bunun üçün əsas vasitələrdən biri artıq təbliğ edilən “Ağ İnqilab”, hər şeydən əvvəl, kənd təsərrüfatında aqrar reforma olmalı idi. Bu “aqrar reformasının” nətiçəsi kənd təsərrüfatında yaranan böhranda özünü göstərdi. Əgər 10 il reformadan qabaq kənd təsərrüfatı məhsul ixrac edirdisə, reformadan sonra bütün ərzaq məhsullarının 90% -ni idxal etməyə məcbur idi. Aqrar reforması bir qayda olaraq, adətən məhsuldarlığın artmasına, kəndlilərin həyat səviyyəsinin yaxşılaşmasına səbəb olur. Iranda isə aqrar reforması həyata keçirildikdən sonra nə birinci aspekt, nə də ikinci aspekt aşkar olmadı. Şah tərəfindən irəli sürülən “Ağ inqilab” kəndlilərin vəziyyətini demək olar ki, heç yaxşılaşdırmamışdır. Düzdür, torpaq reforması nəticəsində ənənəvi iri torpaq sahibliyi aradan qaldırıldı və torpaq qismən xırda-xırda hissələrə bölündüsə də, kəndlilərin yoxsullaşma prosesi sürətləndi. Bunun səbəbi hər şeydən əvvəl onda idi ki, “Ağ inqilab” dövründən bəri kənd təsərrüfatı sahəsindəki siyasət iri mexanikləşdirilmiş təsərrüfatların, ilk növbədə xarici konsernlərin iştirakı ilə Aqro-sənaye formasında genişləndirməyə yönəldilmişdi. Demək olar ki, xarici konsernlərin və yerli sənaye sahiblərinin təşkil etdikləri aqro-sənaye kompaniyalarının ixtiyarına ən məhsuldar torpaq sahələri verilirdi və bu sahələrdə eksport üçün nəzərdə tutulmuş sənaye bitgi məhsulları, məsələn: pambıq becərilirdi. (17)

Bu proses elə bir vaxtda həyata keçirilirdi ki, “Ağ inqilab”dan bəri özləri də torpaq sahibi olmuş kəndlilər, alətlərin, maşınların və pulun çatışmaması üzündən uzun müddət keçmiş mülkədarlara pul verib aldıqları təsərrüfatlarını əldən verməli olurdular, çünkü xırda kəndlilərin əksəriyyəti dövlətdən heç bir yardım almırdı. Kənd təsərrüfatında yeni texnolojiyanın tətbiqi buna görə də, daxili və xarici konsernlərin imtiyazı olaraq qalırdı. Bu da saysız-hesabsız kəndlilərin şəhərlərə qaçmasına səbəb olurdu.

Ancaq onların iqtisadi vəziyyəti bu yolla da yaxşılaşmırdı. Onlar böyük şəhərlərin kənar məhəllələrində yaşayır və iş tapmırdılar.

Şəhərlərə gəlmiş belə kəndlilər digər şəhər işsizləri ilə birlikdə şaha qarşı qiyamçıların potensiyal qüvvəsini təşkil edirdi.

Şah 1963-cü ildən inkişaf etməkdə olan iranı “Ağ inqilab” vasitəsilə sənaye ölkəsinə, 70-ci illərin əvvəlindən isə gözlənilən neft bumu nəticəsində hətta dünyanın aparıcı baş dövlətindən birinin “Böyük Mədəniyyət” səviyyəsinə qaldırmağa çalışırdı. Hər iki niyyət baş tutmadı.

Yuxarıda qeyd etdik ki, Müsəddiq erası qurtardıqdan sonra neft istehsalının artırılması nəticəsində əldə edilən iqtisadi yüksəliş gözlənilən ümumi iqtisadi artımı əmələ gətirmədi. Düzdür, iranın neft satışından illik gəlir 22 Milyard dollara çatdı. (18)

Neft gəlirin böyük hissəsini şah ailəsi, hökümət üzvləri, ordu generalları, nazirlər və deputatlar mənimsəyirdilər. Gəlirin başqa bir böyük hissəsi ABŞ-dan və başqa qərb ölkələrindən silah alınmağa xərclənirdi. Neftdən gələn 50%-dan artıq bir hissəsini İran silahlanma məqsədlərinə və 40 min amerikan müşavirlərinin saxlanmasına sərf edilirdi. (19)

Yuxarı təbəqə neft satışından nəhəng gəlir əldə etdiyi bir vaxtda, əhalının geniş kütlələri iqtisadi yüksəlişdə iştirak etmirdi. Əksinə, 20-30% işsiz, 40% infliyasiya, 65% savadsız, dünyada ən yüksək uşaq ölümü var idi və İran ailələrinin 60% həyat minimundan aşağı səviyyədə yaşayırdı. Belə ki, səhiyyə sistemi çox pis vəziyyətdə idi. Iranda çıxan “Keyhan” qəzətinin 27 aprel 1974-cü il buraxılışında deyilir: “hal-hazırda ölkədə cəmi 11774 həkim vardır. Bunlardan da 1489 nəfəri diş həkimidir. Əgər nəzərə alsaq ki, 10285 nəfər həkimlərdən 46,8% və 1489 diş həkimindən 57%-i Tehranda yaşayır, aydın olur ki, Tehran müstəsna olaraq, 15000 adama bir həkim və hər 22000 nəfərə bir diş həkimi düşür.

Daha bir ciddi sosyal-iqtisadi problem gündəlik tələbat mallarının qiymətlərinin daimi artması və əhalının real gəliri ilə həyat xərcləri arasındakı üçurum idi.

Iran sosyal tədqiqatlar institutunun 1975-ci ildə apardığı tədqiqatlara görə, orta hesabla 4-5 nəfərdən ibarət Tehran ailələrinin 73% -nın aylıq gəliri 10-min riyaldan az id. Iran mərkəz bankinin apardığı hesablamalara görə 4-5 nəfərdən ibarət bir ailənin həyat minimumu 16000-22000 rial təşkil edirdi.

Şəhərlərdə işləyən bütün əhalinin 76%-ni ixtisassız fəhlə qüvvəsi təşkil edirdi. Bu fəhlələrin orta gündəlik məvacibi əmək nazirliyin tərəfindən 175 riyal müəyyən edilmişdir. Yaşayış xərcləri haqqında təsəvvür əldə etmək üçün qeyd etmək lazımdır ki, bir kilo qoyun ətinin qiyməti 250 riyal, bir kilo pendir 300 riyal, bir kilo düyü 140 riyal, bir kilo çörəyin qiyməti isə 55 riyal idi. Mənzil kirayəsinin artması - əksər hallarda bu hətta təkcə bir otaq üçün maaşın yarısını təşkil edirdi- və yaşayış xərclərinin artması ilə yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, şəhər əhalısının yarıdan çoxunu təşkil edən məhz belə ixtisassız fəhlələrin vəziyyətini təsəvvürə gətirmək mümkün olmayan bir dərəcədə kasıblığa düçar etmişdir.

Iqtisadi təzyiq altında əziyyət çəkən təkcə ixtisassız fəhlələr deyildi. Bazarlarda kiçik tacirlər və sənətkarlar da əziyyət çəkirdilər. Onlar mövcud olmalarını təhlükə altına salan xarici konsernlərdən müdafiə edirdilər. İranda 1955-ci ildən həyata keçirilən “açıq qapı siyasəti”, xarici malların ölkəyə gətirilməsini və kapital qoyuluşunu mümkün edirdi. (20)

Bununda nəticəsində ümumi idxalın 75,7%-nin həyat üçün vacib istehlak malları və fabrik məhsullarından ibarət idi. Bazar sənətkarları və tacirləri özünü müdafiəyə qalxdılar, çünkü onlar yeni superbazarlarda özləri üçün təhlükə görürdülər. (21)

Xarici məhsulların qeyri-məhdud ölçüdə idxal edilməsi nəticəsində, onlar artan iqtisadi təzyiqə məruz qaldıqlarını və mövcud olmalarının təhlükə altında olduğunu hiss edirdilər.

Ənənəvi iran iqtisadi həyatının mərkəzi olan bazarlardakı saysız-hesabsız etiraz hərəkatını bununla izah etmək olardı.

Əcnəbi malların ölkəyə idxalının yerli məhsulların inkişafına maneçilik törətdiyini başa düşən təbəqələrin nümayəndələri də şaha qarşı cəbhəyə daxil idilər.

Narazılar arasında iran orta təbəqəsinin böyük bir hissəsi də daxil idi. Belə şəhər əhalisi neft istehsalı sayəsində özlərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına əbəs yerə ümid edirdi. Bunlara misal olaraq xırda qulluqçuları, ixtisaslı fəhlələri və taksi sürüçüləri göstərmək olar. Yüksək inflasiya onların da mövcudiyyətini təhlükə altına almışdı. (22)

Ziyalıların da müqaviməti artmışdı. Ənənəvi olaraq ziyalılar təbəqəsi, xüsusilə tələbələr, əhalinin elə hissəsi idi ki, onlar hökümətin nöqsanlarını və fitnə-fəsadlarını açıq göstərirdilər.

Şaha qarşı hərəkatda, Şiə din xadimləri həlledici rol oynayırdılar. Bunun səbəbi birincisi onda idi ki, islamın iki böyük cərəyanından biri və dövlət dini olan Şiəlik iran cəmiyyətində böyük rol oynayırdı. Ikincisi, 25 il hökm sürən siyasi diktatorluq şəraitində, məscidlər yeganə leqal yığıncaq yeri idi və burada rəsmi təbliğatdan fərqlənən fikir söyləmək imkanı var idi. Beləliklə, məscidlər bütün müxalifət qüvvələrin yığıncaq və təşviqat sahəsinə çevrilmişdi.

Dini hərəkat möhkəm quruluşlu bir təşkilat deyildi, ancaq məscidlər çox əla əlaqə imkanlarına malik idi. Onların məqsədi şəriyətin qanunları əsasında teokrati dövlət sistemin quruluşu idi.

Bu hərəkatın görkəmli nümayəndəsi ayətollah Xumeyni idi. 1963-ci ildə o, şahın rəqibi kimi ölkədən çıxarılmışdır.** Iranda dini hərəkatın əhəmiyyətli nümayəndələri Ayətollah Şəriyətmədari, ayətollah Taleqani və ayətollah Nuri idi. Dövlət forması məsələsində Xumeyni bir mənalı olaraq islam respublikası-Vilayəte Fəqih- tərəfdari idi. Ölkənin daxilindəki digər din rəhbərləri bu məsələnin referendum vasitəsi ilə həllinin tələbini irəli sürürdülər.

Əvvəlki illərdə şaha qarşı müxalifət mövcüd idi. Ancaq şah öz hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi üçün lazimi imkanlar yarada bilmişdir. Taxt-tacın müdafiəsini təmin edən ənənəvi mənbə olan ordu ilə yanaşı, hər cür müxalifətin aradan qaldırması üçün Savak əlavə bir vacib alət olmuşdur.

Savak (milli təhlükəsizlik və xəbərlər təşkilatı) 1957-ci ildə daxildə və xaricdə rejim əleyhdarlarının fəaliyyətinə qarşı ən yüksək mülki müdafiə təşkilatı kimi yaradılmışdır.

1957-ci ildə iran höküməti Savakın yaradılması haqqında layihəni parlamentin müzakirəsinə verdi. Bu layihəni parlamentdə şahın öz tərəfindən təyin edilmiş nümayəndələr heç bir mübahisəsiz qəbul etdilər. Bu minvalla aylarla bundan əvvəl yoluna qoyulmuş bir işin -iranın müxtəlif gizli xidmət təşkilatlarının vahid bir idarədə birləşdirməsi- formal qanunvericiliklə əsaslandırıldı. Bu idarənin necə məna kəsb etdiyi belə bir faktdan bəlli olur ki, bu idarənin şahın öz tərəfindən təyin edilən rəhbərinə kabinetdə baş nazirin müavini rütbəsi verildi. 1957-ci ildən Savak tezliklə qeyri-məhdud imkanlara malik böyük bir təşkilata çevrildi. Şavak bölmə və şöbələrə bölünmüşdür və hətta kiçik şəhərlərdə belə, ictimaiyyətin bütün təbəqələrini əhatə edən geniş əməkdaşlar və xəbərçilər şəbəkəsinə malik idi. Üniversitetlər və ali təhsil müəssisələri, hər cür ictimai təşkilatlar, həmkarlar ittifaqı, sənaye və inzibati orqanlar xüsusi diqqət və müşahidə obyektləridir.

Ordunun özünün təhlükəsizlik orqanları var idi.

Infiltrasiya üsulları xüsusilə geniş əhatəli və rəng-bərəng idi. Savak üzvləri özlərini bu zaman müxalifətçilər kimi qələmə verir, şübhəli təşkilatlarda fəal işləməklə, onların aşkara çıxarılmasına kömək edirdilər. Demək olar ki, Savak hər yerdə var idi. Hər nazirlikdə ən azı bir Savak zabiti nazir müavini kimi işləyirdi, hər şöbədə yaxşı savadlı bir xəfiyyə otururdu. Mehmanxanalardakı, küçə kafələrindəki xəbərçilər Savaka hətta pulsuz məlumat verirdilər. Savak hətta qanunverici orqanları və məhkəmə orqanlarını da tamamilə öz nəzarəti altına almışdı. Yalnız adi vətəndaşlar deyil, həmçinin nazirlər, parlament üzvləri və hakimlər də Savakın daimi nəzarəti altında idi. (23)

Qeyd etmək olar ki, 1953-cü ildən Mohəmməd Reza şahın rejimi ildən-ilə sərtləşirdi və hər cür cüzi müqavimətə qarşı dözməmək getdikcə güclənirdi.

Iqtisadi və siyasi böhranın aradan qaldırılması uğrunda şah rejiminin devrilməsi ilə əlaqələndirilən, demokrasi və milli azadlığa çağırış rejimin son iki ilində daha da güclənmiş idi. Savak tərəfindən açıq-aşkar terrorun kəskinləşməsinə, 1957-ci ildə vahid partiyanın yaradılmasına, “Monarşiyaya” qarşı təbliğat aparan və müxalifət təşkil edən qüvvələrin ölümə məhkum edilməsi haqqında qanun qəbul edilməsinə baxmayaraq, şaha qarşı müqavimət getdikcə aşkar aparılırdı.

Bu hərəkətda müxtəlif siyasi baxışların nümayəndələri və iran əhalısının demək olar ki, bütün təbəqələrinin nümayəndələri iştirak edirdi.

1978-ci ilin yanvarında iranda şaha qarşı kütləvi hərəkat başlandı. Aşağıda bu hərəkatın mühüm tarixləri göstəriləcəkdir.

-9 yanvar 1978-ci ildə Qum şəhrində məsciddə bir ordu şah rejiminin zülm siyasətinə qarşı etirazını bildirən 70-dən çox adamı güllələmişdir.

-18 Fevralda Təbriz şəhrində100-min nəfər Qum şəhidlərinin qırxı və azadlıq uğrunda nümayiş edirdilər. Müxalifətin dediyinə görə nümayişdə 100-dən çox adam öldürülmüşdür.

-31 martda nümayişlər 30 şəhəri əhatə edir. Ilk tətillər başlanır.

-27 iyunda şah tərəfindən təyin edilmiş şah tərəfindən təyin edilmiş komissiyanın məlumatında hər şeydən əvvəl vahid partiya (rəstaxiz) tənqid edilir. Zəif rəhbərlik, nöqsanlı təşkilat quruşulunda, burukratiya və siyasi durğunluqda təqsirləndirir. Şuluqluqlar güya ki, aşağı gəlirli siniflərin aldadılmasının məntiqi nəticəsidir.

-5 Avqust şah qərb demokratik dövlətlərinin nümunəsinə əsaslanan siyasi azadlıqlar və 1979-cü ilin ortalarında tamamilə azad parlament seçgilərinin keçirilməsini vəd edir.

-19 Avqustda Abadan şəhərində kinoteatr terrorçuluq aktı 377 adamın ölümünə bais olur.

-7 Sentyabrda müxalifət quruplarının ümumi tətilə çağırışı Tehranda geniş geniş kütlələr tərəfindən müsbət qarşılanlr. Tətillərdə eyni zamanda siyasi dustaqların azad olunması tələb edilir.

6- Oktyabrda Ayatollah Xumeyni İraqdan Parisə mühacirət edir və üç həftə sonra şaha qarşı qələbəedəcək mübarizəyə çağırır.

-31 Oktyabrda neftsənayesi işçiləri işdən əl çəkib, ümumi tətil başlayırlar. Onlar maaşlarının artırılmasını tələb edirlər.

Şah Tehranda ağır vuruşmalardan bir gün sonra, 6 Noyabrda 10 həftədən bəri mövcud mülki kabineti hərbi hakimiyyətlə əvəz edir.

-6- Dekabrda neft senəyesi fəhlələri iran neft sənayesinin böyük sahələrində işi saxlayırlar.

-8- Dekabrda Tehranda və digər 11 şəhərdə 6 ay müddətinə hərbi vəziyyət elan edilir. Bir neçə saət bundan sonra başlanan tətildə, deyilənə görə, 250 nəfər öldürülür.

-10 Dekabrda milyonlarla adam Tehranda şaha qarşı nümayiş keçirirlər.

-14 Dekabrda müxalifət “milli cəbhənin” sədri Kərim səncabi koalisiya hökümətinə daxil olmaq təklifini rədd edir.

-29 Dekabrda “milli cəbhənin” sədrinin müavini Şapur bəxtiyar mülki höküməti yaratmağa hazır olduğunu bildirir.

-1 Yanvar 1979-cu ildə hərbi hökümətin başçısı general Qolamreza əzhəri istefa verir.

-4 Yanvarda şah Şapur bəxtiyarı yeni hökümətin rəhbəri təyin edir. Onun partiyası “Milli cəbhə” bundan sonra onu öz sıralarından çıxarır.

-10 Yanvarda ABŞ hind okeanına 3 hərbi gəmi gındərir və bununla da iranda böhran vəziyyətində özünün burada olmağını nəzərə çatdırır.

-11 Yanvarda Şapur bəxtiyar özünün hökümət proqramında Savakın ləğv edildiyini, siyasi məhbusların azad edilməsini və azad seçgilər keçirilməsini elan edir. Xumeyni heç bir bloka daxil olmayan İran islam respublikasının yaradılmasını tələb edir.

-12 Yanvarda Şapur Bəxtiyar hökümət naibliyinin yaradıcılığını elan etdi, bu naiblik şahın olmadığı müddətdə taxt-tacı təmsil etməli idi.

-13 Yanvarda Xumeyni parisdə mülki höküməti qanunsuz elan etdi. Xumeyni eyni zamanda “islam inqilab şurasının” təşkil edildiyini elan edir.

-14 Yanvarda hökümət naibliyinin yaradılması rəsmi olaraq elan edildi. Nümayiş zamanı əsgərlər və şaha qarşı etiraz edənlər qardaşlaşırlar.

-16 Yanvarda yuxarı və aşağı palata (şura və sena məclisləri) Bəxtiyar hökümətinə etimadını bildirir, şahın ölkədən getməsi üçün imkan yaradılır.

Rəsmi mənbələrin dediyinə görə şah bu gün ölkəni tərk edir və uzunmüddətli məzuniyyətə çıxır. (24)

-1 Fevrialda Xumeyni irana qayıdır. Milyonlar həyəcanlı insan onu qarşılayır.

-6 Fevrialda Xumeyni hökümət təşkili üçün mohəndis Bazurqanı məmur edir.

-11 Fevrialda Bəxtiyarın höküməti süqut edir. Xumeyni, mohəndis Bazurqanın hökümətilə dövlət işlərini ələ almağa başlayır.


Gələcək bölümdə 1979-cü ildə şaha qarşı ən mühüm müxalift qruplaşmaları və azadlıq baharı veriləcək!

*Bu silsilə məqalələr keçmişdə Ərəb-Fars əlifbasında yayılıb. Bu əlifbanı bilməyən soydaşların istəyini nəzərdə alaraq, məqalələr latin əlifbasına keçirilib.


11- Huntingon, P. Samuel, Die politische modernisierung traditioneller Monarchien, in: Schlosser Berg, Dirk..., S. 213

12- Gehrke, Ulrich... S. 215

13- Gehrke, Ulrich.... S. 214-218

14- Bayne, E.A., Persien Kingschip in Transition, New York 1968, Kapitel “Power in Hand”, S. 168-184

E.A. Bayne bu fəsildə “Ağ İnqilab” elan edildikdən sonra, şah hakimiyyətinin inkişafından ətraflı söhbət edir.

15- Frankfurt Rundschau, 10. Nov. 1978, Nr. 252, S. 9

16- Frankfurter Allgemeine Zeitung, 18. Januar1979, Nr. 15, S.2

17- Spiegel, Nr. 34, 1978, s. 113

18- Landfried, Klaus, İran in : Handbuch der Dritten welt, Unterentwicklung und Entwicklung in Asien, Hamburg 1978, s. 258

19- Frankfurt Rundschau, 8 Dez. 1978, Nr. 275, s. 9

20- İnvestitionen im İran. Investitionsklima-Zulassung-Schutz-Förderung-Gesellschaftsgründung in: Bundesstelle für Aussenhandelsinformationen (Hrsg.) Ausləndisches Wirtschaft und Steuerrecht, Bd.49, Köln 1974

21- Vorwärts, 2. Nov. 1978, Nr. 38, S. 4

22- Spiegel,…, S.116

** Yüksək din xadimlərin rəhbərliyi altında, 1963-cü ilin yuno ayında xüsusilə “Ağ inqilab”-ın müddəalarına qarşı iranın müxtəlif şəhərlərində etiraz nümayişləri keçirilmişdir. Nümayişlərdə iranda yaşayan amerikan vətəndaşların “kapitolasyon” hüququnun malik olması ilə yanaşı, qadınlarla kişilər hüququnun bərabərliyi, qadınların seçgi hüququnua malik olması və həmçinin torpaq reforma müddəalarına qarşı etirazlar olunmuşdur. Etirazlar xüsusilə Xumeni tərəfindən himayə olunurdu.

23- Irnberger, Harald, Sawak oder Folterfreund des Westens, Reinbeck b. Hamburg, 1977, S. 23-24



24- Frankfurter Rundschau, 17 Januar 1979, Nr. 14, S. 2
Kataloq: groups -> 17068178
groups -> Kurşunun yutulması elimine edilmiş
groups -> Ukok-2015 onayına sunulacak tcod bilimsel aktiviteleri / Ön çalışmalar
groups -> Xəstəliyin qarşısını almaq onu müalicə etməkdən asandır Azərbaycanda ilk böyrək transplantasiyasını (köçürməsini) həyata keçirmiş
groups -> Press-reliZ 06 Oktyabr 2011-ci IL Bakı, Azərbaycan
groups -> Azərbaycanda İsrail Səhiyyəsi günləri
groups -> Points Of Concern re: Council Bill 42-2015 a bill to create a Military Installation Overlay Zone (mioz) around Joint Base Andrews Our Objective: Council Bill 42-2015 the mioz bill – Concluding this is not a good bill. Why
17068178 -> Media Hüququ İnstitutu (MHİ) Azərbaycanda medianın hüquqi durumu ilə bağlı növbəti hesabatını açıq­la­yıb. Hesabat 2010-cu ilin noyabrında Azər­bay­can me­di­ya­sın­da baş ve­rən önəmli hüquqi ola­y­­ları əhatə edir
17068178 -> Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi

Yüklə 34,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə