İsmayil vəLİyev (ÖMƏROĞLU)



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix07.06.2017
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

5 yanvar. 

 

Bakıya qar yağıb. Bu ilin ilk qarı. Həmişə olduğu kimi şəhərin dönərgəsi dönüb. Nəqliyyat da normal 



işləmir, evlər də normal qızdırılmır. Bir sözlə, hər yerdə  iş ahəngi pozulub. Pozulmayan yalnız mitinq və 

piketlərin ahəngidir. Axşam iki dəfə Naxçıvana — Əli Şamilova zəng vursam da evdə tapa bilmirəm. Üçüncü 

zəngdə onunla danışa bilirəm.  Ə.X.Vəzirovun, A.N.Girenkonun, R.N.Nişanovun Naxçıvana səfəri ilə bağlı 

hadisələr danışır. Rəhbərlər heç bir qonaq evinə, mehmanxanaya düşməyiblər. Necə deyərlər, xalqdan 

gizlənməyə çalışıblar. O da mümkün olmayıb. Nehrəmlilər xəbər tutublar ki, qonaqlar kəndin yaxınlığındakı 

Qızılvəng dəmir yol stansiyasında onları  gətirən vaqonlarda gecələyiblər. Yüzlərlə adam stansiyaya toplanıb. 

Birdən ayılıblar ki, vaqonların  ətrafında adam əlindən tərpənmək olmur. Mitinq təşkil edilib. Təkidlə  tələb 

ediblər ki, Vəzirov, Nişanov, Girenko vaqondan bayıra çıxıb suallara cavab versinlər. Mühafizəçilər, Naxçıvan 

MSSR-in rəhbərləri də mitinq iştirakçılarını sakitləşdirə bilməyiblər. "Vəzirov vaqonun qapısında görünən kimi 

"bambılı, bambılı" sədaları ucalıb. Vəziyyətin ciddiliyini görən Naxçıvanın partiya rəhbərləri də qonaqlara "Xoş 

gəldin" deməyə cürət etməyiblər. 

Havanın şaxtalı olmasına, sulu qar yağmasına baxmayaraq saat 10-da Naxçıvan şəhərinin mərkəzində 

başlayan mitinq gecə saat 10-dək davam edib. Partiya-sovet fəallarını da vilayət partiya Komitəsinin salonuna 

toplayıblar ki, Moskvadan və Bakıdan gələn rəhbər işçilərlə  vəziyyəti müzakirə etsinlər. O da baş tutmayıb. 

Partiya-sovet fəalları axşamacan salonda aç-susuz "dustaq" vəziyyətində qalıblar. 

Ə.X.Vəzirov, A.N.Girenko, R.N.Nişanov Sov.İKN MK təşkilat  şöbəsi müdirinin müavini Lobko 

dəstələrə bölünüb vəziyyətlə tanış olmaq üçün Muxtar Respublikanın rayonlarına yola düşüblər. Hansı kəndə. 

haraya gediblərsə çox pis qarşılanıblar. Adamlar az qala qonaqların maşınlarını aşırmağa, onları cəzalandırmağa 

cəhd göstəriblər. AXC fəallarının səyi nəticəsində bədbəxt hadisə baş verməyib. hüquq-mühafizə orqanları isə 

müşahidəçi mövqeyi tutub. 

Axşam saat 18-da A.N.Girenko, R.N.Nişanov,  Ə.X. Vəzirov  şəhər partiya komitəsinin I katibinin 

kabinetində AXC fəalları ilə gizli danışıq aparmağa çalışıblar. Meydana toplanmış mitinq iştirakçıları bundan 

xəbər tutub oraya axışıblar. Bayırdakı səs-küy danışıqları davam etdirməyə imkan verməyib. 

Mitinq iştirakçıları Rusiya mətbuatının, kütləvi informasiya vasitələrinin Azərbaycana qarşı apardığı 

qərəzli təbliğata son qoyulmasını, sərhəd tikanlı  məftillərini alkoqolik və narkomanların sökdüyünü təkzib 

etməsini, sərhəd rejiminin sadələşdirilməsini, Güney Azərbaycanı ilə Quzey Azərbaycanı arasında mədəni-

iqtisadi  əlaqələr yaradılmasını, Ermənistanın 1921-ci il Qars müqaviləsinin  şərtlərini pozaraq işğal etdiyi 

Azərbaycan torpaqlarını geri qaytarmasını, Meğridən qatarların təhlükəsiz hərəkətinin təmin edilməsini, 42 

kilometri Meğri rayonu ərazisindən keçən Bakı-Naxçıvan  şosse yolunun çəkilişinin sürətləndirilməsini və s. 

tələb ediblər. 

A.N.Girenko, R.N.Nişanov,  Ə.X.Vəzirov AXC fəallarının irəli sürdükləri tələblərin haqlı  tələblər 

olduğunu və yüksək səviyyədə baxılacağına vəd verməklə canlarını kütlənin əlindən qurtarmağa çalışıblar. 

Əli görüşdə baş verən söhbətlərdən elə gülməli anları danışdı ki, Naxçıvana nə üçün zəng vurduğumu 

unutdum.  Əslində Naxçıvan MSSR-də qaçqınların sayı, onların məskunlaşma vəziyyəti və s. haqqında dəqiq 

məlumat almaq məqsədilə ona zəng vurmuşdum. Çünki rəsmi mənbələrdən verilən məlumatlar qeyri-dəqiq 

olurdu. Adətən rəsmi mənbələr qaçqınların sayını olduqca az göstərməyə, ümumiyyətlə bu məsələni 

malalamağa çalışırdılar. 

Naxçıvanda ardı-arası kəsilməyən mitinqlərin, Moskvadan və Bakıdan gedən rəsmi şəxslərin qarşısına 

qoyulan tələblərin, ya nəyin nəticəsi idisə, bir neçə gün sonra Moskva televiziyasının tikanlı  məftillərin 

sökülməsinə həsr edilmiş verilişində Naxçıvan sərhəd dəstəsinin komandiri Jukov ümumiyyətlə bir aydan artıq 

davam edən sərhəd aksiyasında, eləcə də onun son nöqtəsi olan tikanlı məftillərin sökülməsində iştirak edənlər 

arasında narkomana və alkoqolikə rast gəlmədiyini söylədi. 

SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R.N.Nişanov isə Naxçıvanı gəzəndən, görəndən sonra SİTA-

nın müxbiri A.Aladinskiyə deyib: 

"Kədərli olsa da, etiraf edilməlidir ki, bizdə yalnız münaqişə baş verdikdən sonra lazımi qərarlar qəbul 

etmək, bu və ya başqa problemi aradan qaldırmaq  ənənəyə çevrilir. Belə hallar millətlərarası münasibətlərdə 

daha kəskin hiss olunur. Zənnimcə, bu onun nəticəsidir ki, təcili öz həllini tələb edən məsələlər yerlərdə, habelə 

mərkəzdə uzun müddət götür-qoy edilir və bu iş aylarla, hətta illərlə uzanır. Cəmiyyətdə sabitliyin pozulmasını 

istəyən qüvvələrin səpdikləri qanunsuzluq toxumları da çox vaxt bu zəmində cücərir. Nəticə etibarilə, təəssüflər 

olsun ki, bundan xalq əziyyət çəkir, onun həyatı mənafelərinə zərər dəyir". 

Axır ki, cəsarətə gəlib Bakının mərkəzində Şaumyanın adını daşıyan rayonun adı dəyişildi. Azərbaycan 

SSR Ali Soveti Rəyasət heyətinin bugünkü fərmanı ilə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 

xahişi nəzərdən keçirilib, Bakı şəhərindəki Şaumyan rayonunun Xətai rayonu adlandırılması qərara alınıb. 


 

 



6 yanvar. 

 

Yeni bir faciə. Müəmmalı partlayışlar. Bundan doğan onlarla şayiə. Gəl, indi baş  çıxar görüm hansı 



doğrudur. Ağdam  şəhərində  təzə tikilib istifadəyə verilmiş avtovağzalda partlayış olub. Avtovağzalın kassiri 

Fuad Nağıyev və sürücü Fariz Ağayev ölüb. İki nəfər də yaralanıb. Hadisə sübh tezdən baş verməsəydi, yəni 

işin gur vaxtı baş versəydi gör nə qədər adam məhv olardı. 

Rəsmi dairələr hər bir vasitə ilə hadisəni malalamağa çalışır. Qorxurlar həqiqəti söyləməkdən. Guya 

əhali belə partlayışları ermənilərin törətdiyini bilsə qarşıdurma, toqquşmalar daha da artar. Əslində  şayiələr 

rəsmi informasiya mənbələrindən sürətlə yayılır. Şayiələrdə avtovağzalı da ermənilərin partlatdığını söyləyirlər. 

Bəlkə də şayiələri bilərəkdən, həqiqəti ört-basdır etmək üçün yayırlar. 

Rəsmi informasiya kanalları isə tez-tələsik yeni avtovağzal binasının yaxınlığından keçən kəmərdən 

qazın sızıb zirzəmiyə dolması  nəticəsində baş verdiyini bildirir. Bunu da həmin sahədə çalışan adamların 

məsuliyyətsizliyi kimi qiymətləndirir. 



 

7 yanvar. 

 

İki gündür Azərbaycan Elmlər Akademiyasının dairəvi zalında Azərbaycan Xalq Cəbhəsinin qurultay 



səlahiyyətli III konfransı keçirilir. Bilmirəm, bu konfransı hərc-mərclik adlandırım, yoxsa demokratiyaya gedən 

yolun başlanğıcı. Pribaltikanın Xalq Cəbhələrinin fəaliyyətini, xüsusən qurultay və konfranslarındakı diskussiya 

mədəniyyətini hamımız qəbul edir, yüksək qiymətləndiririk. Ürək ağrısı, qəzəblə özümüzünküləri pisləyirik. 

Vaxtında imkan vermədilər. Ayıq düşüncəli adamların irəli çıxmasına hər cür əngəllər törətdilər. İndi də hər cür 

ad qoyurlar. Bütün bunların ağrısını acısını xalq çəkəcək. Pribaltikada olduğu kimi bizdə  də Xalq Cəbhəsini 

demokratik düşüncəli, savadlı, vəzifəsini itirmək qorxusu olmayan adamlar təşkil etsəydilər, indi heç belə 

vəziyyət bəlkə yaranmazdı. 

AXC-nin xalq arasında nüfuzu böyükdür. Qarşıdan da seçkilər gəlir. Səsverməni nə  qədər 

saxtalaşdırsalar da Xalq Cəbhəsinin namizədlərinin keçəcəyi gün kimi aydındır bunun qarşısını almaq üçün 

mühafizəkarlar bütün qüvvələrini səfərbərliyə alıblar. Onlar Xalq Cəbhəsini daxildən parçalamaq, 

gücsüzləşdirmək üçün neçə vaxtdır tədbir tökürlər. Konfransda parçalanma baş verdi. Amma bu parçalanma çox 

kiçik bir qrupun uzaqlaşması oldu. 

Xalq Cəbhəsi yenə də böyük qüvvə olaraq qalır. Onları dağıtmaq üçün müxtəlif planlar hazırlanır. Bunu 

Xalq Cəbhəsinin seçkili orqanlarında olanlardan tutmuş, sıravi üzvlərədək hiss edir. Bakıda, rayonlarda 

keçirilən mitinqlərdə dəfələrlə təkrarlayırlar. Etibar Məmmədov mitinqlərdə Moskvanın Bakıda erməni talanları 

hazırladığını danışır. Yerli hakimiyyət orqanlarını Xalq Cəbhəsilə birlikdə bu talanların qarşısını almağa çağırır. 



 

8 yanvar. 

 

Bu gün Azərbaycan KP MK-da keçirilən müşavirədə respublika partiya təşkilatının fəaliyyətinin aktual 



məsələləri müzakirə olundu. Sov.İKP MK katibi L.P.Girenko, SSRİ Ali Soveti millətlər sovetinin sədri 

R.N.Nişanov, Sov.İKP MK-nın, ölkə hüquq-mühafizə orqanlarının məsul işçilərinin iştirak etdiyi yığıncaqda bir 

sual tez-tez təkrarlanırdı. Necə oldu ki, SSRİ-nin dövlət sərhəddi məhz burada, Azərbaycanda pozuldu? 

Lakin heç kim cəsarətlə Naxçıvandan başlamış bu hərəkatın Azərbaycanın sərhəd bölgələrinə sürətlə 

yayılmasının səbəblərini açıqlamadı. A.N.Girenko Naxçıvan MSSR-ə  səfərinin nəticələri, yerlərdə  əmək 

kollektivləri, partiya və sovet fəalları ilə görüşləri haqqında məlumat verdi. Onun verdiyi məlumatlar 

Azərbaycanın bugünkü ab-havasından, reallıqdan çox-çox uzaq idi. DQMV problemlərindən danışığı da 

ikibaşlı, sürüşkən ifadələrdən başqa bir şey deyildi. Elə bil Sov.İKN MK-nın katibi bütün bu işlərə cavabdeh 

şəxs deyil, Cənubi Amerikadan Azərbaycana gəlmiş hər hansı bir siyasi xadimdir. 

Müşavirədə çıxış edənlərin, hətta sonda uzun-uzadı nitq söyləyən Azərbaycan KP MK-nın birinci katibi 

Ə.X.Vəzirovun çıxışları da eyni tonda idi. Onları dinləyənlər narazı qalmışdı. Yalnız H. Həsənovun kəskin və 

cəsarətli çıxışında Qarabağ problemini doğuran səbəblər təhlil edilir, mərkəzin birtərəfli mövqeyi ciddi tənqid 

olunurdu. Çıxışın surəti xalq arasında geniş yayıldı. 

Qəzetlər, radio, televiziya yanvarın 4-6-da respublikamızda olmuş SSRİ Xarici İşlər Nazirliyinin 

nümayəndələrinin səfəri haqqında məlumatlar verirlər. Qrupa xarici işlər nazirinin müavini V.M.Nikiforov, 

müttəfiq respublikalarla iş  şöbəsinin müdiri Y.V.Kuplyakov, Orta Şərq Ölkələri  İdarəsinin  şöbə müdiri 

L.İ.Manjosin və başqa  şəxslər daxildirlər. Bütün bunları diqqətlə izləyəndə belə  qənaətə  gəlmək olur ki, 


10 

 

yuxarılar aşağıları zor göstərməyə  məcbur edir! Bu günlər Bakıda olan rəhbərləri bir-iki ay bundan əvvəl 



Azərbaycana göndərmək olmazdı?! 

 

9 yanvar. 

 

"Bakı" qəzetinin bugünkü nömrəsində mənim "Ziyalı mövqeyi, ziyalı səlahiyyəti" məqaləm çap olunub. 



Çox mülayimdi. Ziyalını dilə tutub xahiş və minnətlə vətənə, xalqa xidmət etməyə çağırış notları güclüdür. 

Ermənistan SSR Ali Sovetinin bugünkü sessiyası Dağlıq Qarabağın Milli Şurasının iştirakı ilə 1990-cı il 

üçün plan və büdcə məsələlərini müzakirə edərək Dağlıq Qarabağın sosial-iqtisadi inkişaf planlarını Ermənistan 

SSR-in fəaliyyət dairəsinə daxil etmişdir. 

Azərbaycan KP MK-nın göstərişi ilə idarə  və müəssisələrdə beş-on adamı toplayıb, partiya-təşkilat 

katibinin, müəssisə rəhbərinin başçılığı ilə mitinqlər təşkil edilir, həmin mitinqlər haqqında televiziyada, radio-

da, qəzetlərdə geniş məlumat verilir. 

Kommunist Partiyasının nəzarətindən kənarda Bakıda və Azərbaycanın  əksər  şəhər və  qəsəbələrində, 

hətta bəzi böyük kəndlərində keçirilən çoxminli mitinqlər haqqında isə xalqa informasiya verilmir. O 

mitinqlərin nə qarşısını almağa gücləri çatır, nə də münasibətlərini bildirirlər. 70 ildir kadr hazırlansa da bu gün 

ümumxalq mitinqlərini idarə etməyə partiyanın kadrı yoxdur! 

 

10 yanvar. 

 

Bugünkü qəzetlər Sov.İKP katibi A.N.Girenko və SSRİ Ali Soveti Millətlər Sovetinin sədri 



R.N.Nişanovun dünən Stepanakertə getdiklərini, oradan da Moskvaya yola düşdüklərini xəbər verir. Tanışlar isə 

onları Stepanakertə buraxmadıqlarını söyləyirlər. Nəinki, Moskva və Leninqraddan, hətta ayrı-ayrı vilayət 

şəhərlərindən də jurnalistlər Azərbaycana gəlirlər. Rusiya mətbuatında Azərbaycan mövzusu ən aktual mövzuya 

çevrilib. Birini düz yazırlarsa, beşini yalan yazırlar. 

Qəribə burasıdır ki, SİTA-nın xüsusi müxbirinin Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin I katibi 

A.C.Cəlilovdan aldığı müsahibəni  İttifaq qəzetləri deyil, yalnız Azərbaycan qəzetləri çap edir. Azərinformun 

müxbirinin Naxçıvandan hazırladığı məqalə də, necə deyərlər, "Biləcəridən o yana" keçə bilmir. 

Sərhədçilərə qarşı zor işlədilməsi, onların ailələrinin ləyaqətsizcəsinə  hədələnməsi, sərhəd dirəklərini 

alkoqoldan və narkotik maddələrdən məst olmuş adamların sökməsi fikirlərini nəinki sıravi sərhədçilər, hətta 

Qırmızıbayraqlı Zaqafqaziya Sərhəd Dairəsi Qoşunlarının rəis müavini D.Q.Paseçnik də təkzib edir. 

Sov.İKP MK katibindən tutmuş, Azərbaycan KP MK-nın I katibinədək hələ heç kim neçə gündür 

aydınlaşdırıb cavab verə bilmir ki, bu yalan məlumatı SİTA haradan alıb? Axşam Əli ilə danışanda öyrənirəm 

ki, əhali çətinliklə də olsa Türkiyə ilə 11 kilometrlik məsafədə də sərhəd məftillərini sökməyə nail ola bilib. Bu 

işdə şərurlular heç cür güzəştə getməyiblər. 

Havanın  şaxtalı keçməsinə baxmayaraq hər gün neçə-neçə adam qohumlarını tapmaq ümidi ilə Arazı 

üzüb keçir. Çayın sahilindəki adamlar o taydakılarla danışmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Çayın 

səsi danışıqları eşidilməz edəndə adamlar axtardıqları qohumlarının ünvanı yazılmış kağızları daşa bağlayıb bu 

taydan o taya, o taydan da bu taya atırlar. Daşlar bəzən adamlara dəyib onların baş-gözünü yaralasa, bədənlərini 

əzsə də hələlik əlaqənin bu formasından imtina etməyiblər. 

 

11 yanvar. 

 

Qəzetlər SSRİ Ali Sovetinin sədri M.Qorbaçovun "SSRİ-nin Dövlət Sərhədi haqqında qanunun 



Naxçıvan MSSR ərazisində kobud surətdə pozulması barədə" SSRİ Ali Sovetinin Rəyasət heyətinin qərarını çap 

edib. 


Qəbul edilmiş  qərar bir neçə gün əvvəl Bakıda keçirilən müşavirədə deyilənlərin qısa məzmunundan 

başqa bir şey deyil. 3-cü bənddə isə xalaxətirin qalmasın deyə, yazılıb: "SSRİ Nazirlər Sovetinə tapşırılsın ki, 

sərhədyanı rayonların  əhalisinin qaldırdığı konkret məsələlərin həlli üçün Azərbaycan SSR-in respublika və 

dövlət orqanlarının iştirakı ilə tədbirlər görülsün". 

Neçə müddətdir yazılanlara, deyilənlərə  əhəmiyyət verilmədiyi halda məgər bu qərardan sonra 

əhəmiyyət verən tapılacaq?! 

Qəzetlərin bugünkü nömrələrində M.Qorbaçovun imzası ilə daha iki qərar çap olunub. Birinci qərar 

"Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-ci il yanvarın 9-da 

qəbul etdiyi aktların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında", ikinci qərar isə "Azərbaycan SSR-in 


11 

 

Dağlıq Qarabağ Muxtar Vilayətində  vəziyyəti normal hala salmaq tədbirləri haqqında "Azərbaycan SSR Ali 



Soveti Rəyasət heyətinin 1989-cu il 4 dekabr tarixli qərarının müddəalarının səlahiyyətsizliyi barəsində" adlanır. 

Yenə  də köhnə metod işə salınır. Haqsız ilə haqlı eyni cür ittiham edilir, hərəkətləri eyni səviyyədə 

pislənilir. Bütün bunlar, xüsusən yuxarıların haqsızlığı xalqı daha da coşdurur, qəzəbləndirir. Elə bil adamların 

əsəbi ilə oynamaqla onları çılğın hərəkətlərə təhrik edirlər. heç bir sözlə, təbliğatla coşmuş insanların qarşısını 

almaq mümkün olmur. Kütlənin qəzəbini boşaltması üçün bir qığılcım lazımdır. Bu da kütləvi dağıntılarla, 

qanla qurtara bilər. 

Sov.İKP MK-nın Siyasi Bürosunun dünənki iclasında da Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyəti 

normallaşdırmaq məsələsi müzakirə edilib. Əslində bu qərarlar, müzakirələr Dağlıq Qarabağın Azərbaycandan 

ayrılmasını sürətləndirir. Azərbaycan rəhbərlərinin passiv fəaliyyəti, gözləmə mövqeyi radikalları daha da 

qızışdırır. Elə bil ki, onları qəti və sərt tədbirlər görməyə təhrik edir. 

Lənkəranda Xalq Cəbhəsi adından çıxış edən bir qrup sovet və hüquq-mühafizə orqanlarının işini 

dayandırmağa səy göstərmişdir. Onlar yerli radio ilə  çıxış edib hakimiyyət orqanlarının fəaliyyətinin 

dayandırıldığını elan etmişlər. Yerli hakimiyyət orqanları quzu balası kimi onların  əmrlərinə tabe olmuşlar. 

Kiçik bir bölgədə hakimiyyəti ələ almaq! Nə qədər gülünc görünür. Məsuliyyətsiz və burnunun ucundan uzağı 

görməyənlərin cəsarətli, vətənpərvər addımı. Onlara yəqin ki, Lənkərandakı hakimiyyət lazım deyil. Sadəcə 

Moskvaya demək istəyirlər: "Dağlıq Qarabağdakı erməniləri cəzalandırmasanız biz də bu addımı atacağıq. 

Əslində bu addımı Azərbaycan KP MK-da əyləşənlər, Azərbaycan Alp Sovetinin Rəyasət Heyəti, deputatlar, 

nazirlər, ictimai xadimlər, ziyalılar atmalıdı. Onların gözləmə mövqeyi xalqı əsəbiləşdirir. Siyasətdə bişməmiş 

bir qrup gənc, necə deyərlər, özlərini odun-alovun içinə atırlar. 

Bəlkə onların bu düşünülməmiş addımı nəhəng Sovet imperiyasının dağılmasının ilk əlamətidir?! Yoxsa 

ölçülüb-biçilməmiş addım atmaqla Lənkəranda hakimiyyəti "ələ almış" gənclər baharda ilk açıb qar-çovğuna 

düşmüş novruzgülülərdi?! Bəlkə bunların da arxasında bir şeytan barmağı var. Bəlkə... bəlkə... Allah axırını 

xeyir eləsin! Bu gün susan, geri çəkilən vəzifəni nəinki xalqdan və millətdən, hətta övladlarından da çox 

istəyənlərin əllərinə imkan düşsə necə qəddarlıq edəcəklərini düşünəndə tüklərim biz-biz olur, bədənim ürpəşir. 

Bu gün Xocalıya yardım aparan qubalıların maşın karvanına Əsgəran rayonunda bir neçə dəfə basqın 

edilib. Bütün bunlar maşın karvanını müşayiət edən SSRİ Daxili İşlər Nazirliyi Krasnoyarsk Orta İxtisas 

Məktəbi heyətinin gözü qarşısında baş verib. 

Zor tətbiq etmək, güc göstərmək öz səmərəli bəhrəsini verir. Bu günlərdə Moskvada Xarici İşlər Naziri 

E.A.Şevardnadze İran İslam Respublikasının xarici işlər nazirinin müavini M.Vaizlə görşüb. hər iki tərəf ticarət 

və iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və mədəni mübadilə, adamlar arasında, o cümlədən sərhədin hər iki 

tayında yaşayan qohumlar arasında ünsiyyəti inkişaf etdirmək və s. məsələləri geniş müzakirə edib. 

 

12 yanvar. 

 

Respublika qəzetləri Azərbaycan Xarici İşlər Naziri H.M.Sadıqovun yanvarın 9-da İran  İslam 



Respublikası Xarici İşlər Nazirliyi vizalar və pasportlar departamentinin müdiri Tale Mənuçöhr Məssulə başda 

olmaqla  İran nümayəndə heyətini qəbul etməsindən, sərhəd zonasında yaşayan sovet və  İran vətəndaşları 

arasında ünsiyyəti sadələşdirmək məsələsindən danışmaqları barədə məqalələr çap ediblər. 

Azərbaycan SSR Nazirlər Sovetinin sədri A.N.Mütəllibov başda olmaqla respublikanın nümayəndə 

heyəti yanvarın 5-10-da Türkiyədə olub. Onlar Türkiyə Respublikasının prezidenti T.Ozal, Baş nazir Y.Ağbulut, 

xarici işlər naziri M.Yılmaz, maliyyə  və gömrükxana naziri professor Ə.Pəkdəmirli, səhiyyə naziri X.Şivqın, 

sənaye və ticarət naziri Ş.Yürü, mədəniyyət naziri K.Zeybək, Türkiyə  işgüzar dairələrinin nümayəndələri ilə 

görüşmüşlər. 

Bütün bu tədbirlərə toydan sonra nağara demək olar. Bunlar 2-3 ay əvvəl həyata keçirilsəydi, yəqin heç 

sərhəddəki tikanlı məftillər də zorla sökülməz, bu mövzu ətrafında belə hay-küy düşməzdi. 

Bakı bu gün barıt çəlləyini xatırladır. Kiçik bir qığılcıma bənddir. Yenə  də gözləmə mövqeyi tutulur. 

Tədbirlər görülmək əvəzinə şayiələrin, dedi-qoduların yayılmasına imkanlar yaradılır. 

"Sovet kəndi" qəzetinin redaktoru Asif Quliyev kollektivin tələbilə  işdən uzaqlaşdırılmışdır. Onun 

yerinə  Əfqan  Əsgərov təyin edilmişdi. "Sovet kəndi"nin işçiləri bu təyinatdan da narazıdırlar. Bəhanələri də 

budur ki, niyə kollektivdən redaktor seçilməsinə razılıq verilmir. 

"Kommunist" nəşriyyatının qarşısında "Sovet kəndi" qəzetinin  əməkdaşları mitinq keçirib. Başqa 

qəzetlərin, nəşriyyatın işçiləri də onlara qoşulublar. Mitinq iştirakçıları Azərbaycan KP MK-nın qəzetdə  və 

ümumiyyətlə respublikada yeritdiyi qeyri-sağlam siyasətdən narazı olduqlarını bildirirlər. 

Qaçqınların ermənilərin evinə basqınları haqqındakı xəbərin bir neçəsini yoxladıq, yalan çıxdı. Amma 

şayiələr ildırım sürəti ilə yayılır. 



12 

 

Azərbaycanın hər yerində vəziyyət belədir! Axşam Naxçıvana Əliyə zəng vururam. Vəziyyət gərgindir. 



Kərki kəndindən adamlar köçüb. Neçə vaxtdı erməni yaraqlıları yollarını  kəsib. Nə Muxtar Respublikanın 

hakimiyyət orqanları bir işi görür, nə  də xalqa imkan verirlər. Muxtar Respublikada hüquq-mühafizə 

orqanlarında çalışanların sayı 500 nəfəri bəlkə də keçir. Belə bir böyük qüvvə 5-6 erməni dığasının öhdəsindən 

gələ bilmirsə, birdən onların silahlı dəstələri Naxçıvana hücum etsə Muxtar Respublikanın əhalisinin vəziyyəti 

necə olacaq? Yenə 1918-20-ci illərdə olduğu kimi Arazı o taya keçəcək, çayda onlarla adam boğulub öləcək? 

Onda heç olmasa Abbasqulu bəyin dəstəsi erməni quldurlarının qarşısını xeyli kəsdi. Arvad-uşağı, mal-heyvanı, 

ev əşyasının bir qismini xilas etmək mümkün oldu. Bəs indi? 

Əli  Şamilov narahat olduğumu görüb mənə xeyli təskinlik verir. Lənkərandan Naxçıvana və Muxtar 

respublikanın rayonlarına telefonoqram göndərib onlar kimi hərəkət etməyi, yerli hakimiyyət orqanlarının 

fəaliyyətini dayandırmağı  təklif ediblər. AXC Naxçıvan Vilayət Təşkilatında müzakirə edib lənkəranlıların 

hərəkətini pisləyiblər. Bunu qarşıdan kələn deputat seçkilərini poza biləcək bir hal kimi qiymətləndiriblər. 

Əlaqə saxladığım başqa rayonlara da Lənkərandan telefonoqramlar göndərildiyi xəbərini alıram. Bu çox 

təhlükəli oyundur. Kal əzgil yeyən adam nə vəziyyətə düşürsə, millətdə o vəziyyətə düşə bilər. 

Ə.Vəzirovun katib seçiləndən sonra yeritdiyi kadr siyasəti də öz acı  bəhrəsini verir. Yerliçilik və s. 

bəhanələrlə adamların müəyyən postlardan uzaqlaşdırılması respublikada gərginliyi daha da artırıb. 

Partnomenklatura ilə xalq hərəkatı fəalları arasında körpü yarada biləcək adamlar vəzifədə qalmayıblar. Elə bil 

qəsdən xalq hərəkatı ilə respublika rəhbərliyi arasındakı bütün bağları qırıblar. Bu əlaqələri pozublar ki, birgə 

hərəkət mümkün olmasın. 



 

13 yanvar. 

 

Dünən  Şuşada Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə respublika təşkilat komitəsi 



müşavirə keçirmişdi. Müşavirədə DQMV-nin azərbaycanlılar yaşayan kəndlərinin kolxoz və sovxozlarının 

rəhbərləri, ilk partiya təşkilat katibləri, yerli Sovetlərin sədrləri, habelə bir sıra nazirliklərin və baş idarələrin 

rəhbərləri iştirak ediblər. 

Bir zaman A.Volskinin başçılığı ilə yaradılmış komitəni rəsmi dairələr necə ağızları sulana-sulana mədh 

edir, xalqa yeganə xilaskar kimi təqdim edirdilərsə, indi də Azərbaycan KP MK-nın ikinci katibi, Əfqanıstanda 

"zəngin təcrübə tonlamış" V.P.Polyaniçkonun fırlatdığı respublika təşkilat komitəsini eləcə xalqa sırıyırlar. 

A.Volski 500 günə Dağlıq Qarabağdakı idarə  və müəssisələri Azərbaycanın yurisdiksiyasından 

çıxarmaqla onun respublikamızdan ayrılmasını necə sürətləndirdisə, V.P.Polyaniçko da bu sürətin azalmaması 

üçün çox incə siyasətlə həm özü işləyir, həm də bizimkiləri işlədir. Bizimkilər də əməllərinin əsl mahiyyətini 

başa düşmədən vətənpərvərlik hesab edib daha həvəslə çalışırlar. 

Gəncədən jurnalist dostum Hamlet Qasımovun söylədikləri də qanqaraldıcı oldu. Todanda döyüş gedir. 

Bir nəfər yaralanıb. Erməni yaraqlıları fermada işləyən ata-oğulu girov götürüblər. Ermənistandan Çaykəndə 

gündə neçə vertolyot gəlir. Silahlı dəstələr, hərbi sursat, ərzaq gətirir. 

Çaykənd sakinləri tutduğu vəzifəsindən asılı olmayaraq bütün azərbaycanlıları erməni kəndlərinə yaxın 

qoymurlar. Hətta SSRİ Daxili İşlər Nazirliyinin Xanlar rayonundakı istintaq qrupunun əməkdaşları, hərbçilər də 

özlərini elə aparırlar ki, guya Çaykəndə girə bilmirlər. Beləliklə, Çaykənddən "alınmaz qala" mifi yaradırlar. 

Yenə  də respublikanın kütləvi informasiya vasitələri baş verən hadisələr haqqında gec məlumat verir. 

Bunun bir səbəbi yuxarıların göstərişidirsə,  ən başlıca səbəbi mətbuat orqanlarına rəhbərlik edənlərin 

cəsarətsizliyidir. 

Ermənistan SSR Ali Sovetinin sessiyası görünür hələ çox qanlara bais olacaq. Sessiyada Azərbaycanın 

ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin,  Şaumyan (kənd) rayonunun, hətta Xanlar rayonundakı 

Çaykənd kəndinin də Ermənistanla birlikdə, yəni Ermənistan  ərazisi kimi, büdcəsinin təsdiq edilməsi 

azərbaycanlıları nə qədər qəzəbləndirmişdirsə, erməni millətçilərini 100 qat ondan çox sevindirmişdi. 

Bu sevinci qeyd etmək,  şadyanalığı birgə keçirmək üçün Şaumyan (kənd) rayonunun rəhbərləri dörd 

maşına əyləşib dağ yolu ilə Çaykəndə yola düşüblər. Quşçu-Armavir kəndində onların qarşısını kəsiblər. Kənd 

sakinlərinin köməyi ilə milislər maşınları yoxlayıb. Maşından əldəqayırma partladıcı qurğu, odlu silahlar, tüstü 

buraxan xüsusi paketlər, siqnal raketləri və s. tapılıb.  Şaumyanlıları Çaykəndə getməyə qoymayıblar. Xanlar 

rayon Daxili İşlər  Şöbəsinə  gətiriblər. Bizimkilərdən kiminsə "sayeyi-mərhəmətindən", yaxud 

"qayğıkeşliyindən" rayonun prokuroru Stepanyan aradan çıxa bilib. O, nəinki aradan çıxıb, çox rahatca 

Şaumyana (kənd) qayıdıb. Qayıdan kimi də  Şaumyan (kənd) rayon KP ikinci katibi işləyən, rayonun 

azərbaycanlılar yaşayan Zeyvə  kəndindən olan Afət Camalovu, bir neçə azərbaycanlı avtobus sürücüsünü. 

arvad-uşağı, hətta Gəncə elektrik şəbəkəsindən rayona köməyə gəlmiş 7 nəfərin girov götürülməsini təşkil edib. 

Sonra da şərt qoyub ki, Xanlarda Milis Şöbəsində saxlanılan ermənilər buraxılsa girovların azad edilməsi 


13 

 

haqqında danışıq aparmağa gedərlər. Rayon partiya komitəsinin ikinci katibini girov götürüb Stepanakertə 



aparırlar. Moskva susur. Televiziya, radio, qəzetlər xəbər vermir. Sov.İKP MK eşitməməzliyə vurur. 

Hətta həmin vaxt Dağlıq Qarabağda olan Respublika təşkilat komitəsinin üzvləri, Azərbaycan KP MK-

nın II katibi V.P.Polyaniçko, Azərbaycanda nazir vəzifəsini tutan M.İ.Radayev belə şəxsi nüfuzlarından istifadə 

etməklə də olsa rayon partiya komitəsinin II katibini, yəni partiya işçisini girovluqdan azad etdirmirlər. 

Bütün bunlar da onu göstərir ki, Moskva Azərbaycan üçün nəsə hazırlayır! 

"Kommunist" qəzetinin bugünkü sayında "Lənkəranda nə baş vermişdir?" sərlövhəli məqalə çap 

olunmuşdur. Qəzetin müxbirlərinin yazdığına görə SSRİ Ali Soveti Rəyasət Heyətinin "tarazlaşdırıcı" 

qərarından qəzəblənmiş lənkəranlılar gecə ilə küçələrə çıxıb, hətta böyük bir dəstə dərhal Qarabağa yollanmaq 

qərarına gəlib. AXC Lənkəran şöbəsinin fəalları həyəcanlanmış dəstəni saxlamağa müvəffəq olublar. 

Sonra da yaradılmış müvəqqəti müdafiə komitəsi Lənkəranda idarəetməni və  məsuliyyəti öz üzərinə 

götürüb. Rabitə sistemi işləyir, milis vacib obyektləri və asayişi qorumaqda davam edir. Yanvarın 11-də saat 

17.00-da rayonun partiya və  təsərrüfat fəallarının Ziyalılar evində keçirdikləri yığıncaqda müvəqqəti müdafiə 

komitəsinin qərarı hamılıqla bəyənilib. 

Yanvarın 12-də respublika paytaxtından gəlmiş rəsmi nümayəndələr, habelə Lənkəran dairəsindən SSRİ 

xalq deputatı seçilmiş admiral V.N.Çernavinlə söhbət aparılıb. Tədbirin müvəqqəti olduğu və  kəskin etiraz 

xarakteri daşıdığı bildirilib. 

Respublika hökumətinin tapşırığı ilə Lənkərana getmiş Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci 

müavini A.T.Rəsizadə Azərinformun müxbirinə bildirib: 

"Lənkəran normal əmək ahəngindədir. Müəssisələr məlum hadisələr zamanı öz fəaliyyətini 

dayandırmamışlar. Lakin yerli hakimiyyət orqanları öz funksiyalarını  hələ tam həcmdə yerinə yetirmirlər. 

Lənkəranlılarla görüşdə DQMV məsələsinin həllinin yolverilməz  şəkildə uzadılması, SSRİ Konstitusiyasını 

tapdalayan, Azərbaycanın daxili işlərinə qarışan Ermənistan SSR-nin hərəkətlərinə siyasi qiymət verilməməsi 

tənqid olunmuşdur.  Şəhərin sosial-iqtisadi inkişafına dair bir sıra mühüm məsələlər də qaldırılmışdır. Bu 

məsələlər barəsində lazımi tədbirlər görüləcəkdir." 

Azərbaycanın əksər rayonları Lənkəranın günündədir. Bir fərqləri ondadır ki, həmin rayonlarda özlərini 

müvəqqəti müdafiə komitəsi adlandıran, idarəetməni və  məsuliyyəti öz üzərinə götürən qurumlar yoxdur. 

Partiya, sovet, hüquq-mühafizə orqanlarında bir biganəlik, fəaliyyətsizlik hökm sürür. 

Bakıda da vəziyyət rayonlarda olduğu kimidir. Neçə vaxtdan bəri davam edən gərginlik partlayış 

həddinə çatıb. Şəhər Allah ümidinə qalıb. Xalq öz-özünü dolandırır. İnsanlar arasında səmimiyyət, qayğıkeşlik, 

mehribanlıq artıb. Bu da görünür ki, kimlərəsə, hansı  təşkilatlarasa sərf eləmir. Ermənistandan gələn binəsib 

qaçqınlar ailələrini daldalamaq, qalmağa yer tapmaq, gündəlik ruzisini əldə etmək hayındadı. Bu tərəfdən də 

qaçqınlarla yerli sakinlərin arasını vurmaq üçün gündə min cür şayiə yayılır. Kütləvi informasiya vasitələrinə bu 

şayiələrə münasibət bildirməyə icazə verilmir. Yalnız ardı-arası  kəsilmədən xalqı  səbirli olmağa, təmkinlilik 

nümayiş etdirməyə çağırırlar. Özü də bu çağırışlar çox primitiv səslənir. 

Şəhərdə erməni evlərinin talanından, ermənilərin qətlə yetirilməsindən söhbət gedir. Bunu da ən çox 

qaçqınların və Xalq Cəbhəsinin adı ilə bağlayırlar. Bu gün Lenin adına meydandakı mitinqdən - saat 17.00-dan 

sonra 30-40 min nəfərin ayrılıb şəhərdəki erməniləri qovmağa getdiklərini söyləyirlər. Ondan əvvəl heç mitinqə 

getməyənlər də erməniləri görəndə acılayırdılar. Sanki Ermənistandakı  və Qarabağdakı erməni quldurlarının 

əməlləri üçün dünənədək qonşu olduqları, can deyib, can eşitdikləri adamlar günahkardır. Nə mitinqləri, nə də 

şəhəri idarə etmək mümkündür. Ədalətsizlik hamını hövsələdən çıxarıb. Heç bir maddi-texniki bazası olmayan 

Xalq Cəbhəsi öz fəallarından ibarət dəstələr yaradıb talanların, qətllərin qarşısını almağa çalışır. Milis, 

prokurorluq, hətta  şəhərdəki hərbi hissələr, onlarla ictimai təşkilat elə bil yoxa çıxıb. Naməlum ünsürlərin 

törətdikləri cinayətləri Xalq Cəbhəsinin adı ilə bağlayırlar. Canıyanan, ağıllı və bacarıqlı rəhbər yoxdur ki, bu 

böyük gücü şəhərdə vəziyyətin normallaşdırılmasına yönəldə. Elə bil SSRİ-nin bütün oğru və quldur dəstələri 

Bakıya toplaşıblar. 

Partiya, sovet orqanlarında söhbət gəzirdi ki, Xalq Cəbhəsi bugünkü mitinqlərdən sonra Mərkəzi 

Komitənin, Nazirlər Sovetinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin, prokurorluğun və 

başqa təşkilatların inzibati binaları qarşısında piket keçirəcək, piket iştirakçıları  həmin binaları tutub talan 

edəcək. 

Bunların heç biri baş vermədi. Mitinqlər isə həmişəki qaydada gedir. Bakı Şəhər Partiya Komitəsi və 

Bakı  Şəhər  İcraiyyə Komitəsi paytaxt vətəndaşlarına müraciət edərək onları fitnələrə uymamağa, hər cür 

zorakılıq çağırışlarını qəti dəf etməyə, müdriklik və təmkin göstərməyə çağırır. Real zəmini olmayan, xalqdan 

ayrı düşmüş adamların hazırladıqları bəsit çağırışlara heç özləri də hay vermirlər. 


14 

 

Kütləvi informasiya vasitələri, partiya, sovet, hüquq-mühafizə orqanları  rəsmi yığıncaqLarda  ətrafına 



böyük qüvvə toplamış Xalq Cəbhəsinin adını belə çəkmir. hər yerdə "qeyri-formallar" deyir və yazırlar, bu da 

Xalq Cəbhəsi ətrafında toplaşanlarda mənfi əhvali-ruhiyyə yaradır. 

Bakının belə  gərgin günlər keçirdiyi vaxtda Moskva televiziyası, radiosu, qəzetləri M.S.Qorbaçovun 

Litvaya səfərindən geniş reportajlar verir. M.S.Qorbaçov demokratiyadan, aşkarlıqdan, respublikalara geniş 

səlahiyyətlər verilməsindən danışır. Bütün bu vədlər və çıxışlar burulğana düşmüş azərbaycanlıların əsəblərini 

daha da qızışdırır. 

Ə.X.Vəzirov da M.S.Qorbaçovsayaq hərəkət edərək Bakı Məişət Elektrik Cihazları İstehsal Birliyinin 

fəhlə  və qulluqçuları ilə görüşür. Görüş  əks effekt verir. Ə.X.Vəzirovun danışığı, hərəkətləri xalq arasında 

gülüş, istehza mövzusuna çevrilir. 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə