İsmayil vəLİyev (ÖMƏROĞLU)



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix07.06.2017
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

17 yanvar. 

 

Bakıda və Azərbaycanın müxtəlif bölgələrində mitinqlər ara vermir. Mitinqlərdən başqa  şəhərin 



müxtəlif hissələrində hərəkət edən dəstələrə kimlər başçılıq edir, onlar nə istəyir bilmək olmur. Bir qarışıqlıq 

var, gəl görəsən. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanında deyilir: "Dağlıq Qarabağ barəsində Ermənistan 

SSR Alp Soveti tərəfindən qəbul edilmiş və SSRİ Konstitusiyasına uyğun olmayan aktlar buna təkan vermişdir. 

Hazırda Bakı, Gəncə  şəhərində  və bir sıra başqa yaşayış  məntəqələrində  vəziyyət xüsusilə 

kəskinləşmişdir.  İş o yerə çatmışdır ki, adamlar qətlə yetirilir, soyğunçuluq edilir, Sovet hakimiyyətini silahlı 

yolla devirməyə, SSRİ Konstitusiyası ilə  təsbit olunmuş dövlət quruluşunu və ictimai quruluşu zorla 

dəyişdirməyə cəhd göstərilir. 

Yuxarıda deyilənlərlə  əlaqədar olaraq və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin müraciətini 

nəzərə alaraq SSRİ Ali Soveti Rəyasət Heyəti SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndini rəhbər 

tutaraq qərara alır: 

1. Dağlıq Qarabağ Muxtar Vilayətinin, Azərbaycan SSR-in ona bitişik rayonlarının, Ermənistan SSR 

Gorus rayonunun ərazisində, habelə Azərbaycan SSR ərazisində SSRİ-nin dövlət sərhədi boyunca sərhədyanı 

zonada fövqəladə vəziyyət elan edilsin." 

Fərmanla bütün mitinqlər, tətillər, küçə yürüşləri, toplantılar qadağan edilirdi. Fərman 1990-cı il 

yanvarın 15-də yerli vaxtla saat 23.00-da qüvvəyə minir və fövqəladə vəziyyət ləğv edilənədək qüvvədə qalırdı. 

Fövqəladə vəziyyət haqqında fərmanın nöqsanları göz qabağındadır. Neçə vaxt idi Ermənistanın Meğri 

rayonunda Naxçıvana,  İrana və Yerevana aparılan yük vaqonlarına ermənilər basqın edirdi. Bu işdə yerli 

milislər də fəal iştirak edirdilər. Ermənistanın Ararat, Yexeqnadzor, Sisyan rayonlarından Naxçıvan MSSR-in 

sərhəd kəndlərinə basqınlar edilir, təxribatlar törədilirdi.  İcevan tərəfdən isə Qazax rayonunun kəndliləri, 

İcevana yük daşıyan teplovozun maşinistləri incidilirdi. Həmin  ərazilər isə, nədənsə, fövqəladə  vəziyyət 

zonasına salınmamışdı. 

Bakı şəhərində və ətraf qəsəbələrindəki hərbi hissələrdə çalışan yerli sakinlər xəbər gətirirdilər ki, hərbi 

hissələrə yeni kontingent gətirilir, silahların, hərbi texnikanın sayı artırılır. Bu da əhali arasında narahatçılığı 

artırırdı. Fövqəladə  vəziyyət haqqında fərmanın birtərəfliliyi, sözlə  əməlin düz gəlməməsi, yerli hakimiyyət 

orqanlarının əfəlliyi xalqı qəzəbləndirirdi. 

Y.M.Primakov və A.N.Girenko Ə.X.Vəzirovla birlikdə Bakıda görüşlər keçirir, mətbuat üçün 

bəyanatlar verir, Xalq Cəbhəsinin liderlərilə danışıqlar aparırdılar. Primakov utanıb-qızarmadan Xalq 

Cəbhəsinin üzvlərinə elan edirdi ki, seçkidən sonra sizin SSRİ-dən ayrılmanıza bir addım qalır. Biz buna yol 

verə bilmərik və yol verməyəcəyik. 

MK binası qarşısındakı mitinqdə  çıxış edəndə Y.Primakov Bakıya ordu hissələri gətirilməsini təsdiq 

etdi və ordunun xalqı qorumaq üçün lazım olduğunu söylədi. Mitinq iştirakçıları onun çıxışını narazılıq bildirən 

hay-küylə, fitlə qarşıladılar. 

Mitinq iştirakçıları Vəzirovun istefasını tələb edir. Sov.İKP MK katibi A.Girenko isə buna cavab olaraq 

deyib: "Biz rəhbərliyin dəyişdirilməsi məsələsinə baxarıq. Lakin biz onu heç vaxt kütlənin təzyiqi ilə 

etməyəcəyik. Yol verilməməlidir ki, Azərbaycan rəhbərliyini Sov.İKP MK deyil, binanın qarşısına toplanmış 

kütlə dəyişsin." 

Bu da demokratiyanın, yenidənqurmanın beşiyi başında duranların sözü. 

Bu gün Sov.İKP MK katibi A.N.Girenko və Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini 

A.T.Rasizadə qaçqınlar cəmiyyətinin sədri N.M.Qocayevlə görüşüb. 

Moskvadan gələn nümayəndələr bakılı  həmkarları ilə birlikdə televiziyada çıxışlar edir, vədlər verir. 

Burada fövqəladə  vəziyyət rejiminin Dağlıq Qarabağda və  sərhəd bölgələrində  tətbiq ediləcəyini, bunun da 

Azərbaycana böyük xeyiri olacağını söyləyirdilər. 



20 

 

Azərbaycan KP MK-dakı mətbuat konfransında Ə.X.Vəzirov rəsmi şəkildə bildirdi ki, Bakıda baş verən 



şuluqluq nəticəsində 49 nəfər həlak olmuş, gün ərzində 64 talan qeyd edilmiş,  şəhərdən dəniz yolu ilə 7192 

erməni yola salınmış, soyğunçuluqla məşğul olan 30 nəfərdən ibarət bir qrup yaxalanmışdır. 

Moskvanın kütləvi informasiya vasitələri isə hadisələri təhrif edən məlumatları bir-birinin ardınca 

düzür. Meğridə ermənilər dəmir yol qatarlarının hərəkətini dayandırır, Moskva isə bunu Azərbaycanın 

Ermənistanı blokadaya alması kimi təqdim edir. Naxçıvan MSSR-ə daxil olan, azərbaycanlılar yaşayan kəndi 

ermənilər mühasirəyə alır, Moskva isə elə təqdim edir ki, guya Kərki erməni kəndidir və Ermənistanındır, onu 

azərbaycanlılar mühasirəyə alıb. Yaxud da Azərbaycanın Getaşen (Çaykənd nəzərdə tutulur) yarımrayonunda 

azərbaycanlıların erməniləri sıxışdırdığından söhbət açılır. Əslində Azərbaycanda nəinki belə yarımrayon, hətta 

"yarımkənd" də yoxdur. Bunlar erməni mətbuatının uydurduğu ifadələrdir ki, Moskva mətbuatı onu səxavətlə 

işlədir. 

SİTA-nın bu gün yaydığı  məlumatda deyilir ki, Azərbaycana daxili qoşunların 6 mindən çox hərbi 

qulluqçusu göndərilmişdir. Daxili İşlər Nazirliyi qoşunlarının köməyinə Sovet Ordusunun ümumi sayı 5 min 

nəfərdən çox olan qoşun hissələri göndərilmişdir. Adamların on-on beş gündür söylədiyini SİTA bu gün elan 

edir. Amma bir fərqlə. Göndərilən  əsgər və zabitlərin sayı qeyri-rəsmi mənbələrə görə  rəsmi mənbələrdə 

deyildiyindən azı 5-10 dəfə çoxdur. 

 

18 yanvar. 

 

Gərginlik son həddə çatmaqdadır. Küçələrdə barrikadalar, maneələr yaradılıb. Şəhərə Sovet Ordusunun 



yeridiləcəyi gün dəmdə olan məsələdir. Adamların bir qismi buna inanmır. Deyirlər ki, 1989-cu ilin aprelində 

Tbilisidə baş verən hadisə SSRİ-ni dünyada biabır etdi. Bundan sonra Sovet hökumətinin rəhbərləri belə bir 

qırğına yol verməz. Rəsmi şəxslərin çıxışları da belə hadisələrin olmayacağını vəd edir. Amma nədənsə bu ab-

hava mənim yadıma Çek Londonun "Dəmir Daban" romanında təsvir edilən Çikaqonu salır. Paralellər çox 

aparmaq olar. Allah axırını xeyir eləsin... 

Ermənilər Bakını tərk etmək məcburiyyətində qalanda çox çalışdıq ki, Ermənistanda ev-eşiklərini qoyub 

gəlmiş qaçqınlarla evlərini dəyişə bilsinlər. Amma hansı qüvvələrsə buna imkan vermədi. Qaçqınları köçüb 

gedən erməniləri evlərində yerləşdirməyə  də imkan verilmir. Təcili, operativ tədbirlər görülmədiyindən 

gərginlik artır. 

Bakıda şayiə gəzir ki, hərbçilərin ailələrini şəhərdən köçürürlər. Rusiyada şayiə gəzir ki, Bakıda yaşayan 

rusların həyatı  təhlükə qarşısındadır.  Şayiələrin belə geniş yayıldığı vaxtda Bakıya bir xəbər də  gəlir: "SSRİ 

xalq deputatı Anatoli Sobçak yanvarın 15-də Leninqrad televiziyasının "Pyatoye koleso" proqramındakı 

çıxışında Azərbaycanda olan 600 min rusu çox pis tale gözlədiyini söyləyib." 

Axşam Naxçıvandan qanqaraldıcı bir xəbər aldım. Şərur rayonunun Kərki kəndini ermənilər işğal edib, 

Sədərək kəndi ətrafında isə qızğın döyüşlər gedir. Əli Şamilovun dediyinə görə, Kərkidə cəmi 17 nəfər varmış: 

2 milis işçisi, 10-12 Xalq Cəbhəsinin könüllüləri, 2-3 nəfər isə  kəndin sakinləri. Ermənilər kəndin  ətrafında 

toplar və minamyotlar qurub döyüşə hazır vəziyyətə  gətiriblərmiş. Yerevan-Gorus-Stepanakert şosesindən 

keçən maşınlardan da kəndi avtomat, pulemyot atəşinə tuturlarmış. 

SSRİ Daxili İşlər Nazirliyinin qoşun bölməsi isə Kərki kənd məktəbindən bayıra çıxmırmış. Azərbaycan 

KP Naxçıvan Vilayət Komitəsinin I katibi Afiyəddin Cəlilov Xalq Cəbhəsinin İdarə Heyətinin üzvlərinə deyib 

ki, cəbhəçilər kəndi tərk etsə, 7-ci ordunun hissələri orada yerləşəcək, kəndi ermənilərdən qoruyacaq və sonra 

bizə sağ-salamat təhvil verəcəklər. 

Əli  Şamilov onu da söylədi ki, deyilənlərin heç birinə inanmasalar da Kərkidən cəbhəçiləri geri 

çağırmaq məcburiyyətində qalıblar. Çünki oraya kömək göndərməyə imkanları yoxdur. Ermənilər isə bu gün üç 

zirehli maşın  əlavə qüvvə  gətiriblər. Partiya, sovet, hüquq-mühafizə orqanları da cəbhəçilərə kömək 

göstərməkdənsə onları düşmən, araqarışdıran kimi təqdim edirlər. 

Ermənilər Sədərəyə güclü hücuma keçiblər. Toplardan atəş açırlar. Sərhəd boyunca avtomat, pulemyot 

səsləri eşidilir. Sədərəkdən qadınlar, qocalar, uşaqlar, xəstələr Muxtar Respublikanın başqa kəndlərinə 

köçürülür. Partiya-sovet orqanları  şok vəziyyətində qalıb. Daxili İşlər Nazirliyinin qoşun bölməsi Sədərək 

qəsəbə  məktəbində gizlənib. Muxtar Respublikanın müxtəlif guşələrindən AXC Naxçıvan Vilayət təşkilatının 

qərargahına axın-axın könüllülər gəlir. Silahsız, təlim görməmiş adamları dəstələrə bölmək, ov silahları, barıt, 

qırma, yemək-içməklə  təmin etmək problemə çevrilib. Sədərək  ən həssas nöqtədir. Dağlar kəndi və Muxtar 

Respublikanı  səngər kimi qoruyur. Əgər ermənilərin qarşısı orada alınmasa,  İliç rayonunun kəndlərinin çoxu 

qısa vaxtda boşala bilər. 

Ermənistanın Yexeqnadzor, Əzizbəyov, Sisyan, Meğri rayonlarından da Muxtar Respublikaya hücum 

gözlənilir.  Əhali ayağa qaldırılıb. Bütün yollar və keçidlər yerli əhalidən təşkil edilmiş  dəstələr tərəfindən 



21 

 

müdafiə olunur. Muxtar Respublikadakı Sovet Ordusunun neçə-neçə hərbi hissəsi, sərhəd qoşunları isə suyun 



axarına baxırlar. 

Muxtar Respublikanın rəhbərlərinin Bakıya, Moskvaya zəngləri isə cavabsız qalır. Nə yalvarışlara, nə 

şəxsi münasibətlərə  əhəmiyyət verən var. Kimə  zəng edilirsə, "panika salmayın", "heç bir şey yoxdur", "mən 

heç bir kömək edə bilmərəm" və s. cavabları eşidilir. Naxçıvanın partiya, sovet, hüquq-mühafizə orqanlarının 

əməkdaşları da bir yerə toplaşıb birgə tədbirlər planı hazırlamırlar. Hər biri ayrılıqda Xalq Cəbhəsinə müraciət 

edərək  əlindən gələn köməyi göstərməyə hazır olduğunu bildirir. Amma bir şərtlə: onun adı heç yerdə qeyd 

edilməsin, heç kimsə onun köməyindən xəbərdar olmasın!. Axşam saat 19.00-da Üçtəpədə yerləşən ötürücü 

stansiyaya gələn elektrik xətti Gorus rayonundan kəsildiyinə görə Muxtar Respublika Bakı  və Moskva 

televiziyalarına baxa bilmir. 

İki-üç gün əvvəl isə erməni quldurları  İliç rayonundakı S.Vurğun adına kolxozun "Ağ bulaq" 

sahəsindəki alma bağında 103 ağacı dibindən kəsib və gözətçi otağını yandırmışlar. Ermənistanda da vəziyyət 

gərgindir. Yerevanda və respublikanın digər şəhərlərində çoxminli mitinqlər gedir. Mitinqlərin keçiriləcəyi yer 

və başlayacağı vaxt televiziya və radio ilə  əhaliyə bildirilir. Açıqdan-açığa görünür ki, bütün bu mitinqləri 

yuxarılar təşkil edir. Yoxsa kimin nə həddi var, televiziya və radio ilə mitinqlər haqqında məlumat versin. 

Hələ bu azmış kimi, guya naməlum  şəxsləri general-mayor İ.Kondratyuku və dörd zabiti girov 

saxladıqları, silah, hərbi sursat istədikləri haqda məlumatı da Moskva mətbuatı geniş yayır. 

Bu axşam mərkəzi televiziya Ermənistan KP MK-nın birinci katibi S.Arutyunyanın təcili Moskvaya 

gələrək ölkənin partiya və dövlət rəhbərləri ilə görüşləri barədə xəbər yayır. 



 

19 yanvar. 

 

Azərbaycan KP MK qarşısındakı mitinq davam edir. Rəhbərliyin cəsarətsizliyi adamların qəzəbini 



artırır. MK-nın binasını çöldən və içəridən zireh geyimli əsgərlər qoruyur. 

Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin iclası keçirildi. 

Qubad  Əsgərov Lenin rayonunda görülən işlər barədə hesabat verdi. Bağır Bağırov Orconikidze 

rayonunda görülən işlər barədə hesabat verdi. O, dedi ki, yerli əhali ilə qaçqınların arasını vurmaq istəyən 

qruplar peyda olub. Şayiə yayırlar ki, guya qaçqınlar talançılıqla məşğul olurlar. Halbuki bu hadisələrdə 

qaçqınlar iştirak etmir. Başqa millətlərin də nümayəndələri daxil olan oğru qrupları edirlər. 

Aktyor Arif Quliyev miniatür satira teatrı yaratmaq istədiyini bildirdi. O, dedi ki, bizim tamaşalardan 

əldə olunan gəliri qaçqınlara vermişik. 

Yerli camaatla qaçqınların arasını vurmaq istəyən mərkəzi televiziya, radio məsələni necə qoyubsa, 

bizim mətbuat və rəhbərlik də onu o cür qiymətləndirir. 

Bilal müəllim qaçqınları günahlandıran informasiyalara qarşı müraciət mətni hazırlayıb verdi. 

Yığıncaqdan saat 8-40-da çıxdıq. Dedilər ki, MK-nın qabağında nümayiş davam edir. Mitinqdə 

Vəzirovun istefa verməsi tələb edilirdi. Mitinqdə elan edildi ki, televiziyanın bir blokunu partladıblar. Həm də 

qeyd edildi ki, hökumət özü bu işi görüb ki, mitinq elan edənlərin üstünə ordu yeritmək üçün əldə bəhanə olsun. 

Bu gün Lahuti Əhmədov bildirdi ki, mətbuatın qeyd etdiyi fırıldağın üstü açılır. Təkcə  Nərimanov 

rayonundan bir fakta nəzər saldı. Dedi ki, bir nəfər əlində tapança rus evlərinə hücum etmişdi. Onu tərk-silah 

edib Nərimanov milis idarəsinə təhvil verdik. Məlum oldu ki, həmin şəxsin özü rus millətindəndir. 

Naxçıvana zəng vururam. Əli  Şamilovu tapa bilmirəm. Xanımı bildirir ki, Sədərəkdə üzbəüz döyüş 

gedib. Ermənilər Azərbaycanla Ermənistan arasındakı milis postunu tutub. Döyüşlər Sədərəyin şərab zavodunda 

gedir. Kənddən  əhalini köçürürlər. Mərmilər onlarla yaşayış evi, ictimai binanı  zədələmişdir. Döyüşdə 

olduğundan ailəsini arxaya köçürə bilməyən Tofiq Nəsirovun evinə mərmi düşüb. 5 yaşlı Malik, 6 yaşlı Elvin 

həlak olub. Bundan əlavə döyüş  qərargahı yerləşən binaya da mərmi düşüb. Ölən və yaralananların sayı 

haqqında dəqiq məlumatı yoxdur. 

Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb. Sessiyada "Naxçıvan MSSR-də yaranmış 

ictimai-siyasi vəziyyət haqqında" məsələ müzakirə edilir. 

Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinə  zəng vurdum. Telefonda qarmaqarışıq səslər eşidilir. 

Telefonda cavab verənin kim olduğunu dəqiqləşdirmək mümkün olmadı. Telefona nə növbətçi, nə də Ali Sovet 

Rəyasət Heyətinin işçiləri cavab verir. Hər dəfə bir adam cavab verir. Hər dəfə  də  Əli  Şamilovu telefona 

çağırmalarını xahiş etsəm də bir nəticə hasil olmur. 

Dördüncü zəngdə onunla danışa bildim. Vəziyyəti çox gərgin idi. Sessiyanın Naxçıvanın SSRİ-nin 

tərkibindən çıxdığı haqqında qərar qəbul etdiyini, "Naxçıvan Respublikası" yaradıldığını elan etdiyini bildirdi. 

Bu xəbər məni şok vəziyyətinə saldı. Gözlərim yaşardı. "Azadlıq! Şirin şeymiş! Doğrudanmı sənə nail 

olduq!" 


22 

 

Yəqin pəncərəmdən işıqsaçan güllələrin uçuşunu, atəş və tank səslərini eşitməsəydim sevincim hədsiz-



hüdudsuz olardı. 

Əli xahiş etdi ki, kağız, qələm götürüb fövqəladə sessiyanın qərarını yazım. Məqsədi o idi ki, mən həm 

qərarın redaktəsində onlara kömək edim, həm də bu xəbəri yayım. Sessiyanın qəbul etdiyi qərarı necə redaktə 

etmək olar? - deyə öz-özümə sual versəm də maraq mənim özümə də güc gəldiyinə görə yazmağa başladım. 

"Naxçıvan SSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında" Naxçıvan Muxtar Sovet Sosialist 

Respublikası Ali Sovetinin qərarı: 

SSRİ  Əsas Qanununun 81-ci maddəsinə  əsasən Azərbaycan SSR-in, o cümlədən onun tərkib hissəsi 

olan Naxçıvan MSSR-in suverenliyi və ərazi bütövlüyü müdafiə edilmədiyindən; 

Azərbaycan SSR və Naxçıvan MSSR Ali qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən 

müraciəti nəticəsiz qaldığından; 

Ermənistan SSR tərəfindən edilən təcavüz nəticəsində Muxtar Respublikanın  ərazi bütövlüyü və 

vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından; 

Türkiyə və Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı ilə bağlanan 

Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan 

Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır: 

1. Naxçıvan MSSR SSRİ tərkiblidən çıxaraq özünü müstəqil respublika elan edir. 

2. Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Respublikasının ərazi bütövlüyünü qorumaq və 

kütləvi insan qırğınının qarşısını almaq məqsədilə Türkiyə Respublikasına müraciət edilsin. 

3. Yaranmış  vəziyyətlə  əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına,  İran  İslam Respublikasına və 

dünyanın bütün dövlətlərinə kömək məqsədilə müraciət olunsun. 

4. Naxçıvan Respublikası ərazisində olan Sovet qoşun hissələri respublikadan çıxarılsın. 

5. SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun. 

6. Qərar Azərbaycan SSR və SSRİ dövlətlərinin nəzərinə çatdırılsın. 

Naxçıvan şəhəri. 19 yanvar 1990-cı il. 

Telefonu yerə qoyub qərarı bir neçə dəfə oxudum. Redaktə edəcək halım qalmamışdı. Qərarın arxasınca 

nələr olacağını düşünürdüm. Sovet İttifaqının təcrübəsində inanmıram ki, indiyədək belə bir qərar qəbul edilmiş 

ola idi. 

Moskva bunu heç cür bağışlamayacaq. Bəs görəsən hansı cəza tədbirləri görəcək? Bu narahatçılıq bir 

tərəfdən, o biri tərəfdən də dostların-tanışların aramsız zəngi. Bakının gah bu hissəsindən, gah o hissəsindən 

tankların şəhərə girdiyini, adamların öldürüldüyünü, qarşılarına nə gəldi dağıtdıqlarını xəbər verirdilər. 

 

20 yanvar. 

 

Saat 1-30 

Moskva radiosu qeyd etdi ki, Azərbaycanda vəziyyət ağırdır. Bakı  tətil edir. Mitinqdə hökuməti  ələ 

almaq, SSRİ-dən ayrılmaq,  İslam respublikası yaratmaq təklif olunur. Cəlilabadda sərhəd dağıdılıb. Guya 

İrandan silah gətirilir. Qorbaçov deyib ki, lap qəti tədbir görəcəyik. 

Bakı radiosu Naxçıvanın  İliç rayonundakı  Kərki kəndinin atəşə tutulduğunu, Mardakertdə bir BTR-in 

erməni döyüşçüləri tərəfindən  ələ keçirildiyini bildirdi. Azərbaycan kəndinə gedən BTR xoşbəxtlikdən zərər 

vura bilməmişdir. 

Qeyd edildi ki, ordu hissəsinin köməyi ilə  Cəlilabadda 50 km məsafədə  sərhəd götürülmüş, hər iki 

tərəfin əhalisi bir-birlərini salamlamışlar. İran nümayəndələrindən 5-6 nəfər qohumları ilə görüşə gəlmiş, onları 

Salyanda təntənə ilə qarşılamışlar. 

Azərbaycanı kim idarə edir? Vəzirov haradadır? Bu suallara cavab tapmaq mümkün deyil. Axşamdan 

qoşun hər yerə dolub, qırıb-tökür. SSRİ Ali Soveti sədrinin Bakıda fövqəladə  vəziyyət elan etməsi haqqında 

verdiyi fərman radio ilə saat 5-30-da səsləndirilir. Fərmanı oxuyanın erməni ləhcəsi adamı daha da əsəbiləşdirir. 

"Qolos Ameriki" qeyd etdi ki, İran tərəfi bu əlaqələrə pis baxmır. Məclis üzvlərinin bəziləri bunu İran 

inqilabının dairəsinin genişlənməsi kimi qiymətləndirir. Bəziləri isə bunu Sovet təhlükəsi kimi qiymətləndirir. 

İrandan fərqli olaraq ərəb ölkələri İrandakı 16 milyon azərbaycanlının Şimali Azərbaycanla birləşməsi faktına 

pis münasibət bəsləmir. Bunu müsbət hal kimi qiymətləndirirlər. 

Amerika senatorlarından biri (Beyker) bu gün Moskvaya gəlmiş  və  Şevardnadze ilə görüşmüşdür. O, 

Zaqafqaziyada iki xalqın qırğınını dayandırmağı, DQMV-yə öz taleyini həll etmək üçün imkan verilməsini 

xahiş etmişdir. Gecə saat 12-dən sonra şəhərdə atışma başladı. Odlu avtomat güllələri bizim evə  qədər gəlib 

çatırdı. Kirov (indiki Məmmədəmin Rəsulzadə) qəsəbəsi tərəfdən Lenin (indiki Azadlıq) prospekti ilə şəhərin 

mərkəzinə 500-dən çox əsgər getdi. Ara-sıra avtomatdan atəş açırdılar. Top atəşlərinin səsi də eşidilirdi. 



23 

 

"Qolos Ameriki" indi bildirdi ki, Moskva müxbiri vəziyyəti ağır olduğunu xəbər verir və qeyd edir ki, 



Zaqafqaziyadakı bu vəziyyət Livanda xristianlarla müsəlmanların vuruşmasını xatırladır. 

Şəhərdə  xəbər gəzir ki, Bakıda yanvarın 13-də ermənilərin evlərinə basqını Sovet hökumətinin özü 

təşkil edib ki, fövqəladə  vəziyyət üçün əsas olsun. Adamları öldürən və  işgəncə verən dəstələr kənardan 

gəlmələr olub. 

Qarışıqlıq salmaq üçün Rostovdan, Rusiyanın başqa şəhərlərindən ordu və quldur dəstələri gəlib. 

Çünki bu vaxta qədər DQMV-də hadisələr davam etsə  də Bakıda ermənilər evlərini sakitcə satır, 

dəyişir, bəziləri isə işləyib yaşayırdılar. 

Moskva radiosu isə Ermənistanın blokadaya alınması barədə yenə də yanlış informasiya verdi. 

Azərbaycan radiosu məlumat verdi ki, Naxçıvana gedən yolun Ermənistana aid (Meğri sahəsi) 

hissəsində yol kəsildiyindən qatarlar hərəkətsiz dayanıb. 140-dan çox qatar, o cümlədən Naxçıvana gedəsi 28 

qatar yollarda dayanıb. 

Sübh tezdən Naxçıvana zəng vururam. Telefonçular da, qərargahdakılar da narahatçılıqla Bakıdakı 

vəziyyətlə maraqlanırlar. Bildiklərim haqqında məlumat verirəm. Naxçıvandakı  vəziyyətlə maraqlanıram. 

Deyirlər havanın sıx dumanlı olması bizimkilərin xeyrinə olub. Ermənilərin hücumunun qarşısı alınıb. Döyüşlər 

nisbətən səngiyib. Döyüşdə həlak olanların və yaralananların bəzilərinin ad-familiyalarını deyirlər. Amma dəqiq 

say bilmirlər. 

Əlini xəbər alıram. Yeni yaranmış Naxçıvan Respublikasının qərarlarını BMT-yə, Türkiyə  və  İran 

hökumətlərinə  təqdim etmək üçün yaradılmış nümayəndə heyətinin tərkibində xaricə yola saldıqlarını 

söyləyirlər. 

Təəccüb məni bürüyür. Ermənistan tərəfdən mühasirəyə alınmış, dəmir yolu və  şose yolu bağlanmış, 

hava dumanlı olduğu üçün təyyarə enməyən bir yerdən xaricə necə getmək olar?! Bəlkə Arazı keçib İrana, 

Türkiyəyə gediblər? Quşdan ayıq sovet sərhədçiləri buna heç vaxt imkan verməz! Onlar buna cəhd göstərsələr 

də sərhədçilərin gülləsinə tuş gələr, heç bir şeyə nail ola bilməzlər. 

"Azadlıq" radiosu ilə Fuad Ağayev, Mehdi Məmmədov, Yusif Səmədoğlu çıxış etdilər. Xalq Cəbhəsi 

idarə heyətinin üzvü Becan Fərzəliyevin arvadı Zəminə xanım həyəcanla məlumat verdi ki, uşaqlar, qadın və 

qocalar gülləbaran edilir. 

Sonra azərbaycanlıların "Dünya xalqlarına müraciət"ini səsləndirdilər. 

Radioda 20 yanvar saat 00-20 dəqiqədə başlayan atışmanın səsi verildi. Yerevandan Arksene Papayan 

adlı bir qadın çıxış edib Qorbaçovu ikili siyasət yeritməkdə tənqid etdi. Dedi ki, əgər erməniləri müdafiə üçün 

ordu yeridirdisə, bunu əvvəlcə edəydi. Sonra Azərbaycanla həmsərhəd zonalarda atışmalar getdiyini bildirdi. 

Radio ABŞ-ın Dövlət katibi Beykerin SSRİ-yə səfəri barədə məlumat verdi. Beyker SSRİ Xarici İşlər 

naziri Şevardnadze ilə görüşüb DQMV probleminin dinc yolla həllini xahiş etmişdir. 

SSRİ xalq deputatı B.Yeltsin Yaponiyada demişdir ki, milli məsələni güc tətbiqi yolu ilə  həll etmək 

olmaz. 


Moskvadan alınmış məlumatda deyilmişdir ki, Azərbaycan millətçiləri ittifaqdan ayrılmaq tələbini irəli 

sürürlər. 

Ordunu  şəhərə buraxmamaq üçün azərbaycanlılar barrikadalar düzəltmiş, KamAZ və avtobuslarla 

yolları  kəsmişdilər. Tanklar barrikadaları uçurmuş, avtobus və KamAZları vurub keçmiş, arxada dayanmış 

adamları güllələmiş və tankların altında qoymuşlar. Əhali tanklara daş-kəsək atmış, yerdə əllərinə keçən şeyləri 

hərbçilərin üstünə yağdırmışlar. Bu barədə fransız Klayns məlumat verirdi. 

SSRİ Müdafiə naziri Yazov demişdir ki, regiona əlavə ehtiyat qüvvə göndəriləcək. Lakin Stavropolda 

və Krasnodarda qadınlar nümayiş etdikdən sonra o, qərarını dəyişmişdir. 

"Qurtuluş" təşkilatının rəhbəri M. Hatəminin 40 gün tətil elan etdiyi bildirilirdi. 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə