İsmayil vəLİyev (ÖMƏROĞLU)


Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E.Qafarova



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix07.06.2017
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E.Qafarova 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi R.Qazıyeva. 

 

Naxçıvan MSSR Ali Sovetinin qərarını yenidən oxuyuram. Orada Azərbaycan SSR-in tərkibindən 



çıxmaq haqqında bir söz, işarə belə yoxdur. Əksinə, birliyi bildirən çoxlu söz və ifadə var. Məsələn: Azərbaycan 

SSR və Naxçıvan MSSR Ali qanunverici orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciəti mətncəsiz 

qaldığına və s. Bütün bunlar onu göstərir ki, ən gərgin anlarda belə Naxçıvan MSSR özünü Azərbaycanla 

birlikdə hesab edir. Hətta deyərdim ki, Azərbaycanın mənafeyini müdafiə etməyə çalışır. Bəs görəsən qərarı 

yazanlar belə yanlışlığa niyə yol verib? 

Suriya Ərəb Respublikasının radiosu axşam saat 21-00 rus dilində veriliş verdi. Verilişdə qeyd edilirdi: 

SSRİ-nin Müdafiə naziri general Dmitri Yazov bildirmişdir ki, Azərbaycana ordu orada hakimiyyəti  ələ 

keçirmək istəyən 40 min silahlanmış ordusu olan Xalq Cəbhəsini zərərsizləşdirmək məqsədilə yeridilmişdir. 

Respublikada vəziyyət normal hala gətirildikdən sonra ordu gedəcəkdir. General eyni zamanda bildirmişdir ki, 

müəssisələrin çoxu işləmir, yüzlərlə yük maşını, avtobus yolların blokadası zamanı  əzilmiş, sıradan 

çıxarılmışdır. 

 

Moskva radiosu. Qısa dalğa, saat 21.30. 

Azərbaycan dilində  şəkilçiləri və  bəzi sözləri düzgün işlədə bilməyən erməni diktorun ifasında 

Qorbaçovun çıxışının mətni oxunur. Faktların əksəriyyəti həqiqətə uyğun deyildir. Deyilənlər D.Yazovun fikri 

ilə uyğun gəlmir. 



 

"Azadlıq" radiosu. Azərbaycan dilində. Saat 22.00. 

Jurnalist Elmira Əhmədovanın reportajında həkimlərin adından bir nəfər çıxış edərək ordunun Bakıya 

hücumuna etiraz bildirdi və qeyd etdi ki, ordu heç bir xəbərdarlıq etmədən  əhaliyə odlu silahlardan atəş 

açmışdır. Ordu buna keçməzdən əvvəl gözyaşardıcı qazdan, təzyiqli sudan və s. vasitələrdən istifadə edə bilərdi. 

Lakin bu üsullar nəzərə alınmadı. İndi xəstəxanalarda ağır yaralılar çoxdur, tibb avadanlığı, şpris, dərman və s. 

çatışmır. Xahiş edirik, vəziyyətimizi nəzərə alaraq bizə kömək göstərilsin. 



 

"Amerikanın səsi". Saat 23.00 

36 

 

SSRİ xalq deputatı Yuri Afanasyev M.Qorbaçovun parlamentlə razılaşmadan Azərbaycana ordu 



yeritməsini yolverilməz hərəkət hesab etmişdir. Öz suverenliyini təsdiq etmiş respublikaya mərkəzi hökumətin 

silahlı müdaxiləsinə bəraət vermək olmaz. 

Xarici mütəxəssislərin fikrincə, Azərbaycanın silahlı işğalı ilə əlaqədar respublikaya daxil olmuş ordu 

tezliklə çıxıb getməyəcəkdir. 

"Amerikanın səsi" bildirir ki, etnik toqquşmaları yatırmaq istəsəydi Qorbaçov bu tədbiri çoxdan görərdi. 

İndi məlum olur ki, o, bu hərəkəti Bakıda kommunist rəhbərliyini müdafiə etmək üçün eləmişdir. 

İttifaq qəzetləri isə hələ də respublikada çap olunmur. 

"Kommunist" qəzeti A-3 formatda 8 səhifə  çıxıb. Birinci səhifədə yanvarın 24-25-də Bakıda 

Azərbaycan KP MK-nın plenumu haqqında məlumat verilib. Plenumu Azərbaycan KP MK-nın ikinci katibi 

V.P.Polyaniçko açıb. "Respublikada siyasi şərait və böhran vəziyyətindən çıxmaq yolları haqqında" məsələ 

müzakirə olunub və  təşkilati məsələyə baxılıb. 1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin 

sədri işləyən A.N.Mütəllibov alternativ əsasda gizli səsvermə yolu ilə Azərbaycan KP MK-nın birinci katibi 

seçilib. Amma Bakıda söhbət gəzirdi ki, Moskvada olarkən M.S.Qorbaçov ikili mövqe tutduğuna görə 

Azərbaycan KP MK katibi Həsən Həsənova acıqlanıb. A.N.Mütəllibovun I katib seçilməsinə razılıq verib. 

Plenumda Sov.İKP MK Siyasi bürosu üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri 

Y.M.Primakov, Sov.İKP MK katibi A.N. Girenko çıxış ediblər. 

Qəzetlərdə A.N. Mütəllibovun  şəkili, tərcümeyi-halı, H.Ə.Həsənovun Azərbaycan SSR Nazirlər 

Sovetinin sədri təyin edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı, 

H.Ə.Həsənovun tərcümeyi-halı, Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, 

Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il yanvarın 20-də Bakıda faciəli hadisələr zamanı həlak olanların 

ailələrinə, qohumlarına və yaxın adamlarına başsağlığı, Azərbaycan SSR Ali Soveti fövqəladə sessiyasının 

qərarı ilə Bakıya qoşun yeridilməsi ilə bağlı faciəli hadisələrin başvermə şəraitini və səbəblərini təhqiq etmək 

üçün yaradılmış deputat komissiyası haqqında məlumat, müraciətlər və s. verilmişdir. 

 

28 yanvar. 

 

Axşam saat 20-dən sonra respublika televiziyası  işlədi. Hərbi komendantın məlumatı verildi. 



Komendant saatının 1 saat qısaldılması barədə məlumat verildi. 

Televiziya ilə akademik F.Köçərli çıxış edib xalqı  səbirli olmağa, ağır qəmi çəkməklə yanaşı  həyatı 

davam etdirməyə çağırdı. 

Mənə tanış  gəlməyən bir jurnalist rus dilində Azərbaycan Xalq Cəbhəsinin milli müdafiə  şurasının 

üzvlərindən biri ilə müsahibə aparırdı. Müsahib Fuad Ağayev rusca çox səhvlərlə, çətinliklə danışırdı. O, Xalq 

Cəbhəsinin üzvlərini günahlandırdı ki, onlar qırğına yol verməyə bilərdilər.  İstəsəydilər ordu gələnə  qədər 

barrikadaların yanındakı adamları dağıda bilərdilər. Çünki bir saat əvvəl MK katibi Polyaniçko onlara ordunun 

gəlməsi barədə xəbərdarlıq etmişdi. O, Nemət Pənahovu, Etibar Məmmədovu, Rəhim Qazıyevi günahlandırdı 

ki, onlar qırğına yol verdilər. Onun deməyindən belə çıxdı ki, o öz postunu vicdanla qoruyub. Sonra dedi ki, 

axşam saat 8-də, 9-da, 10-da, 11-də müxtəlif yerlərdə olub, barrikadaları yoxlayıb, Salyan kazarmasının yanında 

iki adamın öldürüldüyünü görüb, sonra gəlib Xalq Cəbhəsi rəhbərliyini yerində tapa bilməyib. Onun sözlərində, 

dəlillərində məntiq yox idi. Qəti bildirdi ki, xalq cəbhəsində olanlar hakimiyyəti ələ almaq istəmişlər. 

Bu gün şəhərdə bir qədər canlanma var. Bəzi avtobuslar və trolleybuslar işləyir. Lakin, ümumiyyətlə, 

vəziyyət sakit olsa da sabit deyil. 

Gəncədə partiya fəalları  və xalq cəbhəsi üzvləri ilə SSRİ Müdafiə nazirinin müavini, ordu generalı 

V.İ.Varennikovun görüşü olmuşdur. Yaranmış  vəziyyət müzakirə edilmişdir. V.İ.Varennikov heç nə olmamış 

kimi danışır. Bütün səylərini fabrik və zavodları işə salmağa yönəldir. Çaykənddə, Şaumyan rayonunda, Dağlıq 

Qarabağda erməni quldurlarının törətdikləri cinayətlərin üstünü isə hər vasitə ilə malalamağa çalışır. 

Erməni yaraqlılarının  Şaumyan rayonunda və Çaykənd  ətrafında girov götürdükləri arvad-uşaq, meşə 

işçiləri, Gəncə energetiklərinin bir qrupu Quşçu-Armavir kəndi yaxınlığında yaxalanmış silahlı rəhbər işçilərə 

dəyişdirmişdir. Girovluqdan azad edilənlərin dediyinə görə Ermənistandan çoxlu silahlı adamlar gəlib. Onlar 

daha sərt və kobuddurlar. Köçüb getmək istəyən erməniləri döyür, onları ölümlə hədələyirlər. 

Dağlıq Qarabağ və ətrafındakı erməni kəndləri silahlı quldurlarla, təşkilatlanmaqda olan hərbi dəstələrlə 

dolu olduğu halda onlara gözün üstündə qaşın var deyən yoxdu. Amma dünən azərbaycanlılar yaşayan 

Kərkicahan kəndində fövqəladə  vəziyyət rayonunun hərbi komendantlığı  və daxili işlər orqanları pasport 

rejimini yoxlamaq adı altında 35 nəfəri həbs edib, ov tüfənglərini də əllərindən alıblar. 

Qəribədir, Azərbaycanda azərbaycanlıların ov tüfəngləri də  əllərindən alınır, ermənilər isə avtomatlı, 

pulemyotlu gəzir. Buna da Azərbaycan hökuməti dözür! 



37 

 

Bakıda da vəziyyət üzdə sakit görünsə  də olduqca gərgindir. Hər yer hərbçilərin nəzarətindədir. 



Azərbaycan KP MK-da kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib. 

General-mayor B.L.Aleksandrov, SSRİ xalq deputatı, bəstəkar A.C.Məlikov, Azərbaycan Daxili İşlər nazirinin 

müavini A.B.Rəfiyev, Bakı Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini G.V.Şerbakov, Azərbaycan Dəmir 

yol İdarəsinin rəisi E.F.Abdullayevin iştirak etdiyi bu mətbuat konfransı bir məqsədə: "Əhalini tətili dayandırıb 

işə çıxarmağa!" xidmət edirdi. 

Bakıda qırğın, nahaq qan tökülməsinin günahkarlarının cəzalandırılması arxa plana çəkilib. Az qala 

ölənlər günahkar elan edilsin, məhkəməyə verilsin. Belədə adamın gürcülərə paxıllığı tutur. Tbilisi qırğınından 

sonra qısa müddətdə komendant saatını  ləğv etdirdilər. Gürcüstanın partiya işçiləri də, deputatları da, hüquq-

mühafizə orqanlarının işçiləri də Tbilisidə qan tökənləri də, qan tökülməsinə  əmr verənləri də  cəzalandırmaq 

üçün necə ardıcıl mübarizə apardılar. SSRİ Ali Sovetinin sessiyasında necə qətiyyət nümayiş etdirdilər. 



 

"Azadlıq" radiosu, saat 19-00. 

SSRİ xalq deputatı Stankeviç bildirmişdir ki, partiya rəhbərinin mövqeyi hələlik möhkəm olsa da, 

ölkənin vəziyyəti möhkəm deyildir. Ölkə  vətəndaş müharibəsinə doğru gedir, Parlament isə  hələ  də gecikir 

(oxudu Əsgər Borçalı). 

"Azadlıq" radiosu rus dilində (saat 20-00-da) məlumat verdi ki, Yerevanda döyüşçülər Erm. SSR Daxili 

İşlər Nazirliyinə hücum edib 125 kiçikçaplı tapança götürmüşlər. 

Azərbaycan televiziyasının verilişləri axşamlar saat 20-00-da başlanır. "Vremya" verilişi başa çatandan 

sonra isə verilişlər qurtarır. Bugünkü verilişdə  çıxış edən sürücülər dedilər ki, vətəndaşların xəstəxanalara 

getməsi, yaralılara baş çəkməsi üçün işləmək lazımdır. 

Naxçıvanda sakitlikdir. Xaricə getmiş nümayəndə heyətinin üzvləri sağ-salamat geri qayıdıblar.  Əli 

Şamilov yanvarın 25-də Təbrizin Cümə məscidində təşkil edilmiş yas məclisindən söhbət açdı. Yas məclisini 

təbrizli şairlər və imam Müslüm Məlaküti təşkil edilmiş. Məscidlərə 10 min-dən çox adam yığılıbmış. İçəridə 

qurulmuş mikrofonlar səsi  ətrafa yayırmış. Hətta bazardakılar məsciddə danışılanları  eşidirlərmiş. Səfər 

təəssüratı geniş idi. Təbriz adını eşidəndə az qalırdım Naxçıvana uçam. Oradan gələnlərlə ətraflı söhbət edəm. 

Ə.Şamilov onu da bildirdi ki, 8 gündür, Ali Sovet Rəyasət Heyətinin, XDS İcraiyyə komitələrinin 

üzərində yellənən üçrəngli bayraqların hamısı bu gün endirildi. A-3 formatlı qəzetin nəşri, televiziya və radioda 

8 dildə gedən verilişlər dayandırıldı. Senzura tətbiq edildi. Hər  şey yenə  əvvəlki qaydasına gətirildi. Qaçıb 

gizlənənlər yavaş-yavaş üzə çıxır. 



 

30 yanvar. 

 

Bakıda sakitlikdir. Bəzi idarələrdə işçilərin bəzi hissələri işləyir. Qəzetlər çap olunur. Qəzetlər Bolnisi-



dən maşın karvanı ilə ərzaq və s. göndərildiyinə dair reportajlar veriblər. Əsaslı məlumatlara imkan verilməsə də 

bəzi informasiyalar var. Əhali şok, stress vəziyyətindədir. Xəstəxanalarda yaralıların bir çoxunun vəziyyətinin 

ağır olduğu barədə  məlumatlar gəlir. Bəzi adamların öldüsü-qaldısı bilinmir. Bəzi meyitlərin yalnız  əli, qolu 

tapılıb, kimliyi məlum deyil. Tbilisi prospektində,  İnşaatçılar prospektində daha dəhşətli qırğın olub. 

Öldürülənlərin güllə yarasından başqa bədənində süngü yeri də var. Bir avtobusun sərnişinləri də  vəhşicəsinə 

öldürülüb. Körpə uşaqların öldürülməsi, bəzi ölülərin tanınmaz hala salınması daha dəhşətlidir. 

Şəhərdə yerli əhali ilə qaçqınların arasını vurmaq istəyənlər şayiə yayıblar ki, guya qaçqınlar adamları 

qızışdırıb aradan çıxmışlar, ona görə də ölənlər arasında qaçqın yoxdur. Bununla əlaqədar bu gün mənə 30 nə-

fər həlak olmuş qaçqının siyahısını göstərirlər. Hələ bu dəqiq deyil. 

Moskvada Azərbaycanın daimi nümayəndəliyinə  vəhşicəsinə basqın barədə  də  məlumatlar verilir. 

Gəncədən Moskvaya getmiş turist qrupunun üzvləri bunun şahidi olmuşlar. 

Mərkəzi mətbuat orqanları yenə də hadisələri öz bildikləri kimi işıqlandırırlar. 



 

31 yanvar. 

 

Azərb. SSR Nazirlər Sovetində qaçqınların problemi ilə əlaqədar müşavirə keçirildi. Müşavirəyə mən 



də  dəvət olunmuşdum. Müşavirədən  əvvəl Feyruz Mustafayevlə söhbətimiz oldu. Müşavirədə qoyulan 

məsələlər bunlardır: Qaçqınların ev, əmlak məsələsi, məktəb-təhsil məsələsi; qəzet məsələsi; Xarici İşlər 

Nazirliyi vasitəsilə BMT-də Qaçqınlar  İdarəsinə  məlumat verilməsi; Ensiklopediyanın nəşri; orfoqrafiya, dil 

məsələləri. 

Nazirlər Sovetinin sədri H.Həsənov qeyd etdi ki, o, qaçqınların problemi ilə  əlaqədar silsilə görüşlər 

keçirəcək. O, mənzil problemlərinin həll olunması; qaçqın statusu barədə normativ aktın Moskvanı gözləmədən 



38 

 

qəbul edilməsi, Bakı  şəhər Daxili İşlər idarəsi ilə  əlaqələr, narazılıqların aradan qaldırılması; Bakıdakı qaç-



qınların işlə  təmin olunması; kənd rayonlarında qaçqınların yerləşdirilməsinin qaydaya salınması kimi vacib 

məsələlərdən danışdı. Qaçqınlar cəmiyyətinin sədri Niftalı Qocayev ərzaq məsələsində qaçqınlara kömək 

edilməsini xahiş etdi. Dedi ki, ərzaq talonla verilir, qaçqınlar isə talon ala bilmirlər. 

Tikinti materialları, daş və s. almaq üçün də qaçqınlara imkan yaratmağın əhəmiyyəti qeyd olundu. O da 

vurğulandı ki, qaçqınlara ssuda vermək çətinliyi var. Rüşvət almamış vermirlər. Müxtəlif bəhanə irəli sürür, 

intriqa yaradırlar ki, guya imkan azdır. 

Qeyd edildi ki, bizim iqtisadi vəziyyətimiz ağırdır, işə  çıxmasaq SSRİ-nin zavodları ilə müqavilələr 

pozular. Bu bizim iqtisadi müstəqilliyimizə əngəl törədir. İşə çıxmasaq yas camaatın psixologiyasına daha güclü 

təsir edər. H.Həsənov dedi ki, mən Moskvada baş katibə dedim ki, bizim hüquqlar və problemlər qalır. SSRİ-

dən ayrılmaq hüququmuz var, qalır. 

Təklif edildi ki, Bakıda yerləşən qaçqınların mənzil probleminin həlli konsepsiyası hazırlansın, bir 

həftəyə, 10 günə dəqiqləşdirilmiş sənəd verilsin. 

Neçə  nəfər qaçqın Bakıdadır? Ermənistandan 160 min azərbaycanlı, 30 min kürd və b. millətin 

nümayəndəsi gəlib. Bunlardan neçəsi evini dəyişib, neçəsi ev alıb, neçəsi qeydiyyata götürülüb, neçəsi qanunsuz 

ev tutub, neçəsi qeyddən keçməyib, tutduqları evin neçəsini qanuniləşdirə bilərik. 

Hansıları ki, qanuniləşdirə bilmərik, onlara nə kimi imkan yaradılmalıdır. Unutmaq olmaz ki, onların bir 

çoxları rayonlarda yerləşdiriləcək. 

Qeyd olundu ki, qaçqınlara münasibətdə istiqanlılıq olmalıdır: Ayrı-seçkilik aradan qaldırılmalıdır. 

Bu vaxt telefon zəng vurdu. H.Həsənov üzr istəyib dəstəyi götürdü. SSRİ Nazirlər Sovetinin sədri 

N.İ.Rıjkov zəng vururdu. Görünür təbrik edir. H.Həsənov dedi ki, adamlar hissə-hissə işə çıxırlar. İşə çıxanlar 

artır. Qaçqın problemi ciddi şəkildə qalır. 160 min Ermənistandan, 30 mindən çox Gürcüstandan gələn var. 

Onların məsələsi problem olaraq qalır. Ciddi sənəd hazırlanmalıdır. Vəziyyətlə  əlaqədar Ermənistanla sərhəd 

qorunmalıdır. Daimi xidmət bölmələri olsa yaxşıdır... Vəziyyətin düzəlməsinə Stepanakert mənfi təsir göstərir. 

Orada I katib, İpək kombinatının rəhbəri, Aqroprom sədri, 3-lük mane olur, özü də ciddi. Əhalini tətilə 

çağırırlar. 

Ermənilərin çox ciddi taktiki ehtiyatları var. Taktiki priyomları tez-tez dəyişir və gücləndirirlər. Dünən 

Naxçıvana bir qatar, oradan da biri Azərbaycana gəldi. Naxçıvan Vilayət Partiya Komitəsinin I katibi Cəlilov 

vəziyyətə nəzarət edir. Onların öz Nazirlər Soveti var. Onlar Ermənistanla danışıqlar aparırlar. Onlara sərbəstlik 

vermək lazımdır. Zəlzələdən zərər çəkənlərə yardım adı ilə Ermənistana çoxlu silah göndəriblər. Hətta bizim 

əhaliyə də silahı onlar satıblar... 

Telefon danışığından sonra söhbət davam etdirildi. Qaçqınlar cəmiyyətinin xahişlərini bildirdik: 

Cəmiyyətə bir bina versinlər; İcraiyyə komitələrində qaçqınlarla məşğul olan komissiya üçün bir otaq ayırsınlar. 

Bu bizdən çox sizə — hökumətə lazımdır... 

Bakıda 74 min qeyd olunmuş qaçqın var. 

Qaradağ rayonu İcraiyyə Komitəsinin sədri dedi ki, 4500 adam mənzil növbəsindədir. Yerli adamlarla 

münaqişə gedir. Mən qaçqınların öz nümayəndəsini işə götürmüşəm... Gədəbəydə 40 ev veriblər mənə. Heç kəsi 

oraya göndərə bilmirəm.... (Oradaca qeyd etdilər ki, Gədəbəyin bir kəndinə dünən hücum olub. Yurd-yuvasını 

itirmiş qaçqını narahat əraziyə göndərmək çətindir). 

H.Həsənov dedi ki, Qaradağ rayonunda cəmi 28 qaçqın ailəsi var. Ədalətli olun. Yəni bu belə problemə 

çevrilib. Bir də axı 2 ildir qaçqın problemi həll olunmayıb. Ona görə də narazılıqlar davam edir. 

Bakı  şəhər Soveti İcraiyyə Komitəsinin nümayəndəsi Söhrab müəllim dedi ki, Bakıda rəsmi qeydə 

alınan qaçqınların sayı 100 minə çatıb. Mənzil növbəsinə dayananların sayı da çoxdur. 1960-cı ildən növbədə 

dayanan adam var — 3 min. Bu problem də kəskinliklə üzə çıxır. 

H.Həsənov etiraz edərək dedi ki, siz niyə məsələni qabardırsınız, təsəvvür edin ki, ermənilər getməyib. 

Probleminizi həll edin. O başqa məsələdir. 

Söhrab müəllim dedi ki, sahibsiz mənzillər qanuna görə 6 ay fasilədən sonra bölünə bilər. Biz mənzil 

dağılmasın deyə məcbur olduq onu kiməsə verək. Yanvara qədər 1000-ə qədər boş mənzil var idi. İndi 12-13 

minə çatır. Qeyd olundu ki, 11 min boş mənzil zəbt olunub. Təkcə köçkünlər yox, əksəriyyətini yerli əhali zəbt 

edib. Fikirləşməliyik, zəbt olunanlar necə olsun. H.Həsənov dedi ki, bu məsələ ilə xüsusi komissiya məşğul 

olacaq. Komissiyaya SSRİ xalq deputatları, Ali Sovetin deputatları, Bakı şəhər Sovetinin deputatları daxildirlər. 

Qışın soyuğunda küçələrdə qalan qaçqınlar yerləşdirilməlidirlər. Nəyi, necə qanuniləşdirməyə imkan var eləyin, 

qalanları barədə də təklif verin, kim hara köçəcək, necə? 

Əmək Komitəsinin sədri  Əli Kərimov dedi ki, 132 min iş  tələb edən var. 11 min adam da indi işsiz 

qalıb. Çoxunun da pasport qeydiyyatı yoxdur. Hamının işlə təmin olunmasının iqtisadiyyata çox böyük faydası 

ola bilər. Respublikada təzədən uçot aparmalıyıq, boş  iş yerlərini müəyyənləşdirməliyik.  İşsiz  əhali də, 


39 

 

qaçqınlar da işlə  təmin olunsalar xeyli sakitlik yarana bilər... Bəzən də  işsizlərə laqeyd yanaşırlar. Elə hallar 



olub ki, biz yer tapıb adamları işə göndərmişik, müxtəlif yollarla onları geri qaytarıblar. Yaxud kadr şöbəsi rədd 

edib, yaxud direktor qəbul etməyib. 

Nazirliklərin çoxu boş  iş yerlərini bildirmirlər. Qəti tapşırıq verilsin ki, bizim göndərdiyimiz adamlar 

mütləq işə qəbul olunsunlar... Nazirliklər müəssisələrə göstəriş versinlər ki, kurslar təşkil etsinlər, yeni gələnləri 

işə alışdırsınlar. 

Görüşdə qeyd olundu ki, cinayətkarlar və talançılar barədə məlumat birtərəfli verilir. On cinayətkardan 

biri qaçqındırsa, o dəqiqə qeyd olunur. Bu da narazılıq yaradır. 

Həsən Balayev dedi ki, qanun qanundur. Biz xalqı ayırmamalıyıq. 8 ay əvvəl Vəzirovun qəbulunda 

olduq. Dedik ki, bu adamlar hər  şeylərini itiriblər, hüquqları tapdalanıb. Onların itirilmiş  əmlaklarının haqqı 

ödənilməlidir. Yoxsa onlar yaşaya bilməyəcəklər... Qaçqınların törətdikləri cinayətləri şişirtmək doğru deyil... 

Məlumatda cinayətkarların doğum yerini göstərmək nə verir. Qəflət yuxusundan oyanaq. 6 ayın göstəricilərinə 

baxın, əgər tendensiya artsa, hara istəyirsiniz yazın. 

Bir qədər ədalətli, diqqətli olun, komissiya düzəldin. Görək bu cinayət törədən qaçqın kimdir, evi, işi 

varmı? Psixoloji tarazlaşmanı  nəzərə almaq lazımdır. Qaçqınlarla  ədavət yaratmaq erməni fitvasıdır. Qaçqın 

statusu barədə ya əsasnamə, ya da qanun hazırlamalıyıq. Bu vacib lazımdır. Prof. Həmid Əliyev dedi ki, ehtiyac 

adamı hər cür cinayətə sürükləyir. Mətbuatda (rus mətbuatında) yazırlar: "Müvəqqəti olaraq yaşayış yerini tərk 

edənlər". Bu qaçqına status vermir, hüquq vermir...  

General Ziya Yusifzadə  çıxışında dedi ki, qaçqınlara status məsələsi 1 il yarımdan çoxdur ləngiyir. 

SSRİ xalq deputatı Çelışev də bu məsələni qoyur. Səlahiyyətimiz çatmır, demək olmaz. Suveren respublikayıq. 

ABŞ erməniləri qaçqın kimi qəbul edir. Hər qaçqına 7000 dollar pul verir. Biz bu məsələləri Moskva ilə həll 

etməliyik. Beynəlxalq qanunlar da var. Necə ola bilər ki, 2 il vaxt keçə  və bunları saymayasan, görməyəsən, 

yaxud görmək istəməyəsən. 205 mindən çox qaçqına əhəmiyyət verilmir. "Politiçeskaya deportasiya" — deyə 

ermənilər ölkə üçün böyük problem yaratdılar. 

H.Həsənov dedi ki, hüquqi normaları müəyyən etməliyik. Bu xərci adamların qaçdığı ölkə  və ya 

mərkəzi hökumət ödəməlidir. Biz öz əsasnaməmizi və SSRİ Ali Sovetinin qərarlarının layihəsini təqdim 

etməliyik. SSRİ Ali Sovetinin sessiyasında bu məsələni qaldırmaq lazımdır... 

Görüşdə çox ciddi söhbətlər getdi. Görək bu söhbətlər öz bəhrəsini verəcəkmi? 

 

Azadlıq radiosu, saat 22.00. 

Bakıdakı  dəhşətli qırğın barədə  şahidlərin telefonla məlumatları verilir. Sevil Cahani Moskvada 

Azərbaycanın daimi nümayəndəliyinə edilən basqının şahidi kimi ətraflı məlumat verdi. 

"Moskva Azərbaycanla  əlaqədar nüfuzdan düşür" adlı Amerika qəzetlərindən birinin materialının 

xülasəsi verildi. 

Londonda çıxan qəzetlərdən biri Azərbaycanda 10 gün ərzində ordunun qalmasını  tənqid edir. 

Şevardnadze ilə Yazovun məlumatları bir-birinə uyğun gəlmir. Bakıya qoşunların kim tərəfindən göndərildiyi 

aydın deyil. Şevardnadzeyə görə ordu göndərməkdə  məqsəd Azərbaycanda zorakılığı aradan qaldırmaq olub. 

Yazov isə tamamilə başqa məlumat verib deyib ki, əsas qayə AXC-ni darmadağın etməkdir. Moskvada daimi 

nümayəndəliyə basqın da buna sübutdur. 



 

1 fevral 1990. 

 

Bu gün Qaçqınlar Cəmiyyətinin İdarə Heyətinin iclası oldu. Qaçqınların vəziyyəti ilə əlaqədar Nazirlər 



Sovetinin sədri H.Həsənovun dünən keçirdiyi müşavirə barədə məlumat verildi. 

Qeyd olundu ki, şəhərin bəzi yerlərində, məsələn, Zabrat qəsəbəsində qaçqınlarla yerli əhalinin arasını 

vurmaq üçün təbliğat aparılır. Listovkalar (vərəqələr) yayır, mağazada naməlum adamlar onların ünvanına 

şayiələr yayırlar. Bu yəqin ki, yerli əhalinin yox, milləti parçalamaq istəyən təxribatçı qrupun işidir. 

Şəhərdə  şayiə  gəzir ki, bir qrup alim, deyilənə görə Ziya Bünyadov, Məzahir Abbasov, Mahmud 

İsmayılov və b. MK-nın I katibi A.Mütəllibovun yanında olarkən qaçqınların Bakıdan çıxarılmasını xahiş 

etmişlər. Mən buna inana bilmirəm. Kaş yalan olsun! Ziyalı belə söhbət apara bilməz. 

Bir  şayiə  də  gəzir ki, guya qaçqınların bir çoxu 5-6 ev zəbt etmişdir. Bunun nə  dərəcədə  həqiqət 

olduğunu deyə bilmərəm. Lakin Bakıda hələ ev-eşiksiz, işsiz və  əlacsız qalan saysız-hesabsız qaçqın var. 

Onların problemi həll olunmalıdır. 



İran radiosu. Azərbaycan dilində veriliş. 

İran hökuməti Sovet hökumətindən Azərbaycan müsəlmanlarının  əmin-amanlığının bərpa olunmasını 

xahiş etmişdir. Məscidlərdə cümə namazında şəhidlərin ruhuna fatihə verilmişdir. 


40 

 

Bu gün Şəhidlər xiyabanında xalq cümə axşamı olduğu üçün qəbirləri ziyarətə gəlmişdi. Böyük insan 



axını yaranmışdı. İlk dəfə bu münasibətlə Azərbaycan televiziyası ilə quran oxundu, fatihə verildi. 

Mərkəzi televiziya ilə Aleksandr Krutov (şərhçi) Xəlil Rza ilə müsahibə apardı. 

Xəlil Rza söhbətində dedi ki, mən ermənilərin Bakıdan çıxarılması məsələsini qaldırmışam, ona görə ki, 

əvvəlcədən görürdüm, hiss edirdim ki, onların başına bəla gələcək. Ona görə də KQB tərəfindən həbs olunanda 

xahiş etdim. Mənə imkan yaradılsın. Mərkəzi televiziya ilə çıxış edim. Mən erməni xalqının, zəhmətkeş erməni 

xalqının dostuyam, onları  həmvətənim kimi sevirəm, lakin ekstremist ermənilərə, daşnak ermənilərə nifrət 

edirəm. Onlar da alın təri çəkən azərbaycanlılarla çiyin-çiyinə tər töküb vətənimizi çiçəkləndiriblər. Mən qədim 

erməni və Azərbaycan mədəniyyətlərinin qarşılıqlı  əlaqəsini öyrənmişəm. Alek Xaçuns kimi istedadlı  şairlə 

dostlaşmışam, erməni  ədəbiyyatından çoxlu əsərlər tərcümə etmişəm.  İndi hər iki xalqın ziyalılarını, sənət-

karlarını birliyə, xalqı uçurumdan geri qaytarmağa səsləyirəm. 



 

"Amerikanın səsi" radiosu. Saat 23.00. 

Verilişdə bildirildi ki, Gürcüstanda bir qrup ziyalı — gürcü, erməni və azərbaycanlı söhbət aparıb 

münaqişələrin aradan götürülməsi sahəsində təşəbbüs göstərmişlər. Bu söhbətlər davam etdiriləcək. hələlik əsas 

məqsəd ondan ibarətdir ki, Gürcüstanda yaşayan azərbaycanlılarla ermənilərin dinc həyatı  təmin olunsun. Üç 

qonşu xalq arasında ədavətin kökü kəsilsin. 

Yeni qəhrəmanlar peyda olub. Fövqəladə  vəziyyət  şəraitində rahat görüşlər, toplantılar keçirir, xalq 

adından danışır, qırğını pisləyir, ölənlərin valideynlərinə və qohumlarına başsağlığı verirlər. Bir nəfər də olsun 

onlardan soruşmur: "Qırğından əvvəl də siz rəhbər vəzifədə idiniz. Respublikada nüfuz, güc sahibi idiniz. Niyə 

qabağa çıxıb qırğının, qan tökülməsinin qarşısını almadınız? Onda harada gizlənmişdiniz, niyə susurdunuz?" 

Toplantını, görüşləri təşkil edənlər əvvəlcədən hər şeyi götür-qoy edir, sözü açıq və sərt deyən adamları 

təcrid edirlər. Azərbaycan KP MK-da və respublikanın Nazirlər Sovetində, eləcə də rayon partiya komitələrində 

keçirilən görüşlərdə söylənilən nitqlər, verilən vədlər gülüş doğurur. Bu görüşlərdə yanvar qırğınında 

öldürülənlər xalqın  şəhid olmuş  mərd oğulları adlandırılır. Öz doğma  şəhərini müdafiə etməyə qalxmış 

vətənpərvərlər isə az qala vətən xaini elan edilir. Ölənlərə allah rəhmət etsin, qəbirləri nurla dolsun. Bizlərdə 

deyərlər: "Ölünün arxasınca danışmazlar!" Amma elə şeylər var ki, onu deməmək olmur. Şəhidlər xiyabanında 

dəfn edilənlərin bəziləri həqiqi mənada qəhrəmandır. Əliyalın da olsa zirehli texnikanın qarşısına çıxıb canı ilə 

də olsa doğma şəhərini qorumağa cəhd edib. Eləsi də var ki, güllə onu elə evində, yaxud balkonunda haqlayıb. 

Təsadüfi güllədən ölənlə barrikadada ölən arasında fərq qoymamaq məncə, haqsızlıqdır. 

Paradoksal haldır ki, çoxları bu gün alovlu nitqlər söyləyir, Xalq Cəbhəsi fəallarını ittiham edirlər. Guya 

onlar barrikadaları götürə bilər, adamları evlərinə göndərə bilərlərmiş. Onda həmin adamlara sual vermək 

lazımdır: yaxşı, Xalq Cəbhəsinin fəalları bunu etmirdi, bəs sizə  nə olmuşdu?! Siz meydanlara çıxan xalqı 

barrikadalardan, küçələrdən evə  yığaydınız. Onda cavab verirlər: "Bizi eşitmirlər!". Onda sual vermək 

istəyirsən: "Adi işdən ən yüksək vəzifəyə — katibliyəcən, mütəxəssislikdən nazirliyəcən yol keçibsən, xalq səni 

deputat seçib, Mərkəzi Komitənin üzvüsən, həmişə xalqla ünsiyyətdə olubsan, xalqın adından danışıbsan, xalq 

səni niyə eşitmir?". 

Sadəcə olaraq həqiqəti deməyə cəsarətləri çatmır. Moskva Azərbaycanda işləyən partiya-sovet işçilərinə 

inanmır və ya onları saya salmırdı. Çünki yanvarın 19-da tanıdığım partiya, sovet işçiləri, nazirlərin bəziləri ilə 

görüşmüşdüm. Heç birisi Bakıda nələr baş verdiyindən, nələr olacağından xəbərdar deyildi. Moskva hazırladığı 

ssenarini çox gizli saxlayırdı. Daxili İşlər naziri Vadim Bakatinin, Müdafiə naziri Dmitri Yazovun Bakıda 

olmasından rəhbər vəzifəlilərin də  xəbəri yox idi. Mixaylov və başqalarını da qurbanlıq qoyun kimi irəli 

vermişdilər. Onlar televiziyada çıxış edir, şəhərə qoşun yeridilməyəcəyinə xalqı inandırırdılar. 

Etibar Məmmədovun Moskvada Azərbaycan nümayəndəliyindəki çıxışı bir çox qaranlıqları  aşkarladı. 

Məlum oldu ki, Azərbaycan KP MK-nın ikinci katibi V.Polyaniçko yanvarın 19-da saat 17.00-da Etibar 

Məmmədovla  şəxsi söhbətində deyib: "Məsələ  həll olub, qərar qəbul edilib, heç nə etmək olmaz. Köhnə 

dostluğumuz xatirinə qaçıb gizlənməyi məsləhət bilirəm". 

Demək, televiziyanın enerji bloku hərbçilər tərəfindən qırğın  ərəfəsində partladılırsa, Yazov, Bakatin, 

Primakov, Girenko və b. Bakıya gəlib ssenarinin həyata keçirilməsini fəallaşdırırsa, onda biz hansı haqla bir-

birimizin üstünə düşür, qırğının günahkarını öz aramızda axtarırıq?! 

Yanvarın 19-da saat 21 radələrində  mən Qaçqınlar Cəmiyyətindəki toplantıdan F.Cəlilov və Hidayət 

Orucovla bərabər çıxdım. Küçələrdəki qələbəlik adamı heyrətə salırdı. Gəzə-gəzə Xalq Cəbhəsinin 

iqamətgahına getdik. Orada qarma-qarışıqlıq idi. Həyəcan içində  gələnlərin və gedənlərin  şəhərdəki vəziyyət 

barədə tam təsəvvürləri yox idi. Kimin nə edəcəyi, nə iş görəcəyi bəlli deyildi. Şəhərdə gəzən müxtəlif təxribat 

qrupları öz işini görməkdə idi. Oradan piyada Marks heykəlinə qədər gəldik. Yol boyu barrikadalar qurulmuşdu. 

Bir barrikadanın o birindən xəbəri yox idi. Şəhərdəki qəriblik, nigaranlıq, adamların narahatçılığı böyük 



41 

 

məyusluq yaradırdı. Hamı  şəhərini, küçəsini, evini qorumaq istəyirdi. Bəzi yerlərdə meyvə yeşiklərindən 



barrikada var idi. 

Tbilisidə fövqəladə vəziyyət bir həftə sonra ləğv edildi. Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası 

da qırğını pisləyən, fövqəladə  vəziyyətin təcili götürülməsini tələb edən qərar qəbul etdi. Amma bu qərarın 

üstündə durmadı. Bugünkü rəhbərliyin özünə inamı yoxdur. Respublikanı idarə edəcək gücü yoxdur... Məşhur 

bir kəlam yada düşür: "Süngünün üstündə nə qədər oturmaq olar?!" Mərkəzi Komitənin təşkil etdiyi görüşlərdə 

bir fikir vurğulanır: "İndi  əsas vəzifə asayişi və nizam-intizamı  təmin etmək,  şəhərdə  və ümumiyyətlə 

respublikada vəziyyətin normal hala düşməsi, Bakıda fövqəladə  vəziyyətin tezliklə  ləğv olunması üçün şərait 

yaratmaqdır". 

Bəli, fövqəladə  vəziyyəti ləğv etmək yox, Bakıda fövqəladə  vəziyyətin ləğv olunması üçün şərait 

yaratmaq istəyirlər. Bunun arxasında isə  nə durduğu aydındır. Moskva müti, sözəbaxan, gözüqıpıq bir kütlə 

arzulayır. Arzu başqa, reallıq isə tamam başqadır. D.Yazov müxbirlərə açıq-aşkar Bakıya Xalq Cəbhəsinin 

strukturlarını dağıtmağa gəldiyini söyləyir. Bakıya daxil olmuş əsgər və zabitlər Azərbaycanı Əfqanıstan kimi 

diz çökdürəcəklərini deyirlər. Onlar dediklərini eləməyə də çalışırlar. Təəssüf ki, xalqın psixologiyasını, əhval-

ruhiyyəsini bilmirlər. 

Nə qədər adam öldürüblər, nə qədər həbs ediblər? Bunun hesabını hələ heç kim bilmir. Şəhərdə, küçədə, 

meydanda Xalq Cəbhəsindən heç kim gözə dəymir. Dayaq dəstələri dağıdılıb, fəalları həbs edilib və ya qaçıb 

gizləniblər. Hər yeri hərbçilər nəzarətdə saxlayır. Partiya, sovet orqanlarının işləməsi üçün şərait yaradılıb. 

Amma iş getmir. Tətil davam edir. Xalq ayağa qalxıb. Xalqın gücü budur! Xalqın gücünü düzgün 

qiymətləndirməyənlər elə bilirlər ki, beş-üç nəfəri asıb-kəsməklə  işlərini yoluna qoyacaq, keçmişi geri 

qaytaracaqlar. 

Qəribədir ki, yenə  də  bəlağətli, təntənəli sözlər söylənilir. Qəzetlər yenə  də yazır: "Görüş  iştirakçıları 

respublika rəhbərliyinin yeni xəttini - sosial inkişaf və milli dirçəliş xəttini bəyəndiklərini bildirir... Azərbaycan 

xalqının iqtisadi, sosial və  mənəvi inkişafının perspektivlərinə, digər mühüm problemlərə aid olursa-olsun, 

qərarların demokratik yolla qəbul olunmasını  tələb edir. Vəziyyət bu tələbləri respublika partiya təşkilatı 

qarşısında qoyur. Bundan sonra irəliləmək yalnız o şərtlə mümkündür ki, Azərbaycan Kommunist Partiyasının 

yeniləşməsinə, təmizlənməsinə, burada demokratik münasibətlərin bərqərar edilməsinə doğru qəti dönüş 

yaradılsın". 

Nə  qədər "yeni xətt" olar? Hanı bu yeni xətlər? Hər katib dəyişildikcə yeni xəttdən söhbət gedir! 

Bugünkü birinci katib dünən büro üzvü, Respublika Nazirlər Sovetinin sədri idi. Deyilənləri bir il, iki il əvvəl də 

həyata keçirə bilərdi! Niyə bunu etmədi? Gözləyirdi ki, birinci katib olsun? Bu deyilənlərə nə xalq inanar, nə də 

görüşdə  iştirak edənlər. Zaman çox qəribə insanlar toplumu formalaşdırıb.  İnanmadıqlarını coşqunluqla 

söyləyən, yəni ikili həyat sürən insanlar. Belə insanlarla müstəqil dövlət qurmaq çox çətin olacaq. Harada onlara 

inanasan, harada inanmayasan? Hansı  işi tapşırasan, hansını tapşırmayasan? Kimə  sədaqətlidirlər, kimə 

sədaqətsiz? Bu suallara cavab tapmaq çox müşküldür. 

Bugünkü "Kommunist" qəzetində Ziyəddin Sultanovun "Kəlbəcər-Mardakert" yolu açılmışdır" rubrikası 

altında "Atışma olmadı..." sərlövhəli reportajı verilib. Reportajda bir sevinc əhval-ruhiyyəsi var. Kəlbəcər-

Mardakert yolu 7-8 aydan bəri davam edən gərginlik və intizardan sonra nəhayət işləməyə başlayıb. Məqalədən 

aydın olur ki, ermənilər yaşayan Çapar kəndindən Kəlbəcərin Ağdaban kəndinə hücum olub. Hücumu təşkil 

edən təsadüfi adamlar, "ekstremistlər", "saqqallılar" deyil, Çapar kəndinin ağsaqqalları, neçə illər rəhbər 

vəzifədə  işləyənləri imiş. Necə deyərlər, neçə illər bir süfrədə duz-çörək kəsib çörək yedikləri ermənilər 

ağdabanlılardan köçüb getməyi tələb edirlər. 

Bəli, Azərbaycanda Azərbaycan vətəndaşlarını köçürmək istəyirlər. Azərbaycan hökuməti heç bir tədbir 

görmür. Kənd camaatı özünümüdafiə  tədbirləri görməyə  məcbur olur. Hüquq-mühafizə orqanları isə onları 

müdafiə etmək istəmir. Hüquq-mühafizə orqanlarında, partiya-sovet orqanlarında çalışanların bəziləri xalqı 

müdafiə etmək, sərt tədbir görmək istəyəndə özümüzünkülərin əlilə sıxışdırılır, vəzifədən uzaqlaşdırılır. 

Qazaxıstan Yazıçılar  İttifaqı  İdarə Heyətinin birinci katibi, SSRİ xalq deputatı Oljas Süleymenovun 

"Qışdan sonra hökmən bahar gələcək!" məqaləsi də bugünkü qəzetlərdə çap edilib. Bakıda vəzifə borclarını 

bacarıqla yerinə yetirərək Moskvaya qayıdan Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Ali Soveti 

İttifaq Sovetinin Sədri Y.M.Primakov və Sov.İKP MK katibi A.N.Girenko bazar günü - yanvarın 30-da 

"Pravda" qəzeti kollegiyasının iclas zalında kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat 

konfransı keçirmişlər. 

Qanunun aliliyinin çatışmadığından dəm vuran cəlladlar utanıb-qızarmadan Bakıda indiki vəziyyətdə 

normallaşmağa doğru dönüş yarandığını, məsuliyyətsiz ünsürlərin kütləni uçuruma doğru sürüklədiyini xalqın 

"başa düşdüyünü" söyləyiblər. Onlara bir sual verən olmayıb ki, xalq məsuliyyətsiz ünsürlərin onu uçuruma 



42 

 

sürüklədiyini başa düşübsə, onda niyə kütləvi şəkildə kommunist, komsomol biletindən imtina edir?! Demək, 



xalq onu uçuruma sürükləyənin Kommunist Partiyası, Moskva olduğunu başa düşüb. 

Azərbaycan KP MK-da da mətbuat konfransı keçirilib. Burada mətbuat işçilərinə yanvarın 19-20-də 

səhiyyə  təşkilatlarına 697 vətəndaşın müraciət etdiyini, onlardan 382 nəfərinin xəstəxanada yerləşdirildiyini, 

hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin əməkdaşlarını çıxmaqla 114 nəfərin həlak olduğunu bildiriblər. 

Yenə  də Stepanakertə diqqət və qayğı artıb. SSRİ Ali Soveti Rəyasət Heyətinin təşkil etdiyi DQMV 

üzrə  nəzarət-müşahidə komissiyasının sədri V.K.Foteyev başda olmaqla komissiya Stepanakertə  gəlib. 

Azərbaycanın hər yerindən adamları toplayıb "yazıq ermənilərin" problemlərini həll edirlər. Stepanakertə 

gətirilmiş 87 vaqon un və digər ərzaq yüklü vaqonları, mal-qara yemini, tikinti materialını boşaldan yoxdur. 

Bakıda bəlkə də ilk dəfə xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirilib. Qərbin ən böyük in-

formasiya agentliklərinin 19 nümayəndəsi, ABŞ-ın, Böyük Britaniyanın, Almaniyanın, Türkiyənin televiziya 

jurnalistləri Bakıya gəliblər. 

Bu gün Elşad Quliyevin vəzifədən azad edildiyi və Qeysər Xəlilovun Azərbaycan SSR Dövlət 

Televiziya və Radio Verilişləri Komitəsinin sədri təyin edildiyi haqqında fərman televiziya və radio ilə elan 

edildi. 


Düşünməli, ölçülüb-biçilməli olan ən mühüm məsələ isə  bəlkə  də ABŞ prezidenti C.Buşun 

M.S.Qorbaçova zəngidir. Kütləvi informasiya vasitələrinin yaydığı  məlumatda onların Avropada beynəlxalq 

vəziyyətin aktual məsələləri barəsində  və silahların ixtisarına dair danışıqların perspektivləri haqqında fikir 

mübadiləsi etdikləri bildirilir. Gizli Malta danışıqlarından sonra SSRİ ilə ABŞ arasında yüksək səviyyəli 

müntəzəm əlaqələr yaranıb. 

Dünyada insan haqlarının, demokratiyanın qarantı kimi çıxış edən Amerika Bakı qırğınına göz yumdu. 

Həmişə belə olub. Nəhənglər nəyisə öz aralarında böləndə kiçiklər, zəiflər, gücsüzlər əziyyət çəkib. 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə