İsmayil vəLİyev (ÖMƏROĞLU)



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix07.06.2017
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

16 fevral. 

 

Dünən SİTA bizim üçün sevindirici olan bir xəbər yaydı. Tehranda "Sərhədyanı rayonların sakinlərinin 



sərhəddən keçməsinin sadələşdirilmiş qaydası haqqında Sovet Sosialist Respublikaları İttifaqının hökuməti ilə 

İran İslam Respublikasının hökuməti arasında qarşılıqlı anlaşma barəsində memorandum" və "Hər iki ölkənin 

vətəndaşlarının qohumları ilə görüşməsi üçün və başqa şəxslərin dəvəti ilə qarşılıqlı səfərlərin şərtləri haqqında 

Sovet Sosialist Respublikaları İttifaqının hökuməti ilə İran İslam Respublikasının hökuməti arasında qarşılıqlı 

anlaşma barəsində memorandum" imzalanıb. 

Ölmədik bu günü də gördük. SSRİ Xarici İşlər Nazirinin müavini B.N.Caplin utanmadan etiraf edir ki, 

iki ölkə arasında bu qəbildən sazişlər ilk dəfədir imzalanır. 

Demək, yaxın vaxtlarda sərhədyanı rayonlarda yaşayanlar xarici pasport, viza olmadan rayon, şəhər və 

qəsəbə Sovetindən alınmış xüsusi vəsiqə və ölkə daxilində işlədilən pasportla ildə bir neçə dəfə dövlət sərhədini 

keçə biləcək. Qohumları xəstələndikdə, vəfat etdikdə, bayramlarda, mərasimlərdə güzəştlər daha çox olacaq. 

"Kommunist" qəzeti yeni bir rubrika açıb. Bu rubrika altında guya təsadüfi adamların, küçədən 

keçənlərin söhbəti verilir. Yazılar maraqla oxunur. Həm də dövrün əhval-ruhiyyəsini özündə əks etdirir. Birinci 

sütunda ilk müsahibə aldıqları  şəxs Sov.İKP MK-nın bu günlərdə başa çatan plenumu haqqında deyir: "Çox 

plenumların şahidi olmuşuq, çox söz-söhbət etmişik. Qəzet köşkləri qarşısındakı növbələr göstərir ki, bakılılar 

heç bir plenumu indiki qədər diqqətlə izləməmişdir". 

Elə  həmin sütunun sonunda başqa birisinə aid müsahibədə deyilir: "Azərbaycan KP MK-nın birinci 

katibi A.Mütəllibovun plenumdakı  çıxışını diqqətlə oxudum. O da bu xalqın oğludur və  təbii ki, başqa cür 

danışa bilməzdi. Çıxışı bəyəndim. Amma məni narahat edən özgə şeydir - respublika televiziyası yenə köhnə 

əyyamdakı kimi, həmin çıxışın tərifini göylərə qaldırdı. Əməllərimizi yenə təkrar edirik? Axı, təriflər sözün təsir 

gücünü nəinki artırmır, əksinə, onu gözdən salır". 

Sonunmu fəhlə müsahibəsindən çox jurnalistlərimizin arzu, istək, ürək sözünə daha çox oxşayır. O ki, 

qaldı televiziya məsələsinə... Bu yerdə ölməz Cəfər Cabbarlının "Almaz" pyesindəki "Yenə Ocaqqulunun axsaq 

qatırı" replikasını yada salır. Qəzetdə çalışan jurnalistlərimizin televiziyadakı həmkarlarına iradları məşhur xalq 

məsəlini — "Kor kora kor gözünə..." yada salır. 

 

17 fevral. 

 

Bir neçə gün əvvəlcədən içimdə belə bir inam vardı ki, Vəzirov vaxtında istefa versə Bakıda Qanlı yan-



var faciəsi baş verməzdi. Tacikistan faciəsi bu zəif inamı da darmadağın etdi. Qəti yəqinlik hasil etdim ki, əgər 

Moskva hər hansı bir ərazidə qan axıtmağı, qırğın törətməyi planlaşdırıbsa yerli rəhbərlik onun qarşısını ala 

bilməz. Sadəcə bir az yumşalda, itkiləri azalda bilər. 

Lap elə  SİTA-nın verdiyi xəbərdən aydın olur ki, Tacikistanda müxtəlif ictimai təşkilatların 

nümayəndələrindən ibarət komitə yaradılıb. Komitəyə Respublika Nazirlər Soveti sədrinin birinci müavini 

B.Kərimov başçılıq edir. Respublika rəhbərliyi ilə aparılan danışıqlarda komitə Tacikistan KP MK-nın birinci 

katibinin istefa verməsini, 15,16,17 fevralın matəm günləri elan olunmasını,  şəhərin  ən mühüm obyektlərinin 

qeyri-rəsmi təşkilatların nümayəndələri ilə birlikdə ordu qüvvələri və asayişi mühafizə orqanları  tərəfindən 

qorunmasını  tələb etmişdir. Danışıqlarda imzalanmış protokolda komitənin bütün tələbləri nəzərə alınmışdır. 


48 

 

Protokol respublika radiosu ilə oxunmuşdur. B.Kərimov televiziya ilə  çıxış edərək mitinqləri, nümayişləri 



dayandırmağa çağırmışdı. Bu çağırışa əməl edilmiş, sakitlik yaranmağa başlamışdı. 

Bu sakitlik, dinclik, əlbəttə Moskvaya sərfəli deyildi. Düşənbədə olan Sov.İKP MK Siyasi Bürosu 

üzvlüyünə namizəd, Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri B.K.Puqo isə tez-tələsik özünü 

televiziyaya yetirərək "mavi güzgü" ilə tacik xalqına deyib: "Mən belə düşünürəm ki, bütün dəyişikliklər yalnız 

qanuni yolla həll edilməlidir. Ali Sovetin sədri və Nazirlər Sovetinin sədri haqqında məsələni yalnız 

respublikanın Ali Soveti həll edə bilər. Birinci katib haqqında məsələni də yalnız respublika KP MK həll edə 

bilər". 

Puqodan xəbər almaq lazımdı: "Sənə kim dedi ki, taciklər məsələni qanunsuz həll etmək istəyir? Necə 

olur ki, Moskvaya lazım gələndə bir saatın içərisində fövqəladə plenum, sessiya çağırılır, amma indi çağırıla 

bilmir?". Puqonun bu bəyanatı bir daha onu göstərdi ki, respublikaların rəhbərləri Moskvanın  əlində bir 

oyuncaqdır. Onların qəbul etdiyi sənədlər ən yüksək hüquqi əsaslarla yazılmış belə olsa Moskvanın hər hansı bir 

məmuru onu poza və heç hesab eləyə bilər. 

Tbilisi, Bakı, Düşənbə hadisələri eyni ssenari ilə davam edir. Moskva yalan deyir, sonra da özünə lazım 

gələndə təkzib edir. Moskva müxbirlərindən biri özü haqqında çap olunan yalan haqda belə yazır: 

"...Bu gün mitinqdən sonra mehmanxanaya daxil olduqda növbətçi qorxu içində bizə baxıb dedi: 

— Siz salamatsınız?! Mən isə elə bilirdim ki, "Komsomolka" sizdən yazmışdı ki... 

Qəzetin ("Komsomolskaya pravda"nın — İ.Ö.)  birinci səhifəsində A.Qamelinin və A.Mürsəliyevin 

materialında oxuduq ki, SSRİ Daxili İşlər Nazirliyinin Tacikistandakı müvəqqəti mətbuat mərkəzinin rəhbəri 

İ.Vasilyev bir jurnalistin həlak olduğunu və başqa birisinin döyül-düyünü xəbər vermişdir. İvan Alekseyeviçə 

sual verib qəzeti göstərdikdə heyrətlə çiyinlərini çəkdi: 

— Birinci dəfədir ki, eşidirəm, mən belə söz deməmişəm. 

Tacikistanda vəziyyət gərgin olaraq qalır. Xalq hərəkatının tərəfdarları istədiklərindən yalnız birinə nail 

ola biliblər. O da fevralın 15-i, 16-sı və 17-ni matəm günləri elan etmişlər. Moskva yalnız matəm günlərində 

güzəştə gedir. Hərbçilər isə daha sərtdirlər. Çünki heç bir iz buraxmamaq əmri alıblar. Hadisələrdən xeyli əvvəl 

Düşənbəyə gələn sənədli televiziya filminin ustaları "Əfqanıstan döngələri" filmini çəkirlərmiş. Hadisələr vaxtı 

"Lentelefilm"in çəkilişi rəhbərinin müavini N.Matrosovu mehmanxananın eyvanında küllə ilə vurublar. Bu o 

deməkdir ki, qan tökənləri kim sənədləşdirməyə çalışsa o, ölümü gözünün qarşısına almalıdı. Qəzetlərin 

yazdığına görə Tacikistanda mitinqlərdə təxminən 1,5 milyon adam iştirak edir. Bu da uşaqları, əlsiz-ayaqsızları 

çıxanda respublika əhalisinin yarısından çoxu deməkdi. 

Narahatlıq doğuran bir də odur ki, Tacikistanda vətəndaş müharibəsinin qoxusu gəlir. Moskvanın 

kütləvi informasiya vasitələri Düşənbənin mikrorayonlarında ekstremist əhval-ruhiyyəli qruplara qarşı 

özünümüdafiə dəstələri yaradıldığını, bu dəstələr arasında toqquşmalar olduğunu yazırlar. 

Min  şükürlər olsun ki, Azərbaycanda belə  şeylər baş tutmadı. Xalqda bu dəqiqə bir mehribanlıq, sıx 

birlik var gəl görəsən. Adamlar necə də mehriban, qayğıkeşdirlər. Hamı bir-biri ilə qardaş-bacı kimi davranır. 

Dərd, kədər bizi kövrək edib, sıx birləşdirib. 

Amma bunu gözü götürməyənlər də çoxdu. Moskvanın tapşırığı ilə KQB agentləri  şayiə yayır. 

Qaçqınları yerlilərlə, cəbhəçiləri kommunistlərlə toqquşdurmağa çalışırlar. 

Rayonlardan Bakıya maşın karvanları gəlir. Kimisi düyü göndərir, kimisi un, kimisi yağ, kimisi ət. Bir 

sözlə, kimin əlindən nə gəlirsə, onu Bakı şəhidlərinin ailələrinə və yaralılara göndərir. Partiya komitələri nüfuz-

larını itirdiyindən nə yardımın toplanmasına rəhbərlik edə bilirlər, nə də paylanmasına nəzarət edirlər. Onlar bu 

işdən tamam uzaqlaşdırılıb. Adamlar tanımadıqları  oğru, dələduza daha çox etibar edirlər, nəinki yaxından 

tanıdıqları, düzlüyünə və doğruluğuna bələd olduqları partiya işçisinə. Bu da onu göstərir ki, təşkilat nüfuzdan 

düşəndə onun sırasındakı ən təmiz, ən istedadlı kadr belə imkanları, bacarığı daxilində fəaliyyət göstərə bilmir. 

Uzun müddət hakimi-mütləq olan məmurlar ordusu bununla heç cür razılaşa bilmir. Nüfuzun və 

imkanların  əldən çıxmasının qarşısını almağa gücləri çatmadığından bütün qüvvələrini dedi-qodu, şayiələr 

yaymağa yönəldib. Məmurlar ordusu arasında özünə möhkəm yer tutmuş bir qrup — rüşvət, oğurluq, 

mənimsəmə ilə dolanmağa, güzəran qurmağa adət etmiş bir qrup bu dedi-qoduların,  şayiələrin yayılmasında 

xüsusi fəallıq göstərir. Onlar sosializmin sərt uçotu şəraitində  rəqəmləri saxtalaşdıraraq dövlətin və xalqın 

əmlakını mənimsəməyin yüzlərlə yolunu tapdıqları üçün bu gün uçotsuz toplanmış və qayda-qanunsuz, uçotsuz 

paylanan yardımın mənimsənilməsini çox gözəl bacararlar. Buna əlləri çatmayan, dişlərini qıcarda-qıcarda 

qalanlar dillərini işə salırlar. 

Yardımın toplanması və paylanması ilə məşğul olan yeni ictimai təşkilatlar, birliklər, qruplar meydana 

çıxır. Bunlar Azərbaycanın gələcək xeyriyyə təşkilatlarının, vəqflərinin təməlini qoyanlardı. Bu müqəddəs işə 

də natəmiz məqsədlə qoşulanlar az deyil. Həm də maraqlı burasıdır ki, onların mənimsəmək, oğurlamaq 

təcrübələri məmurlar ordusununku qədər olmadığından əməlləri tez faş olur. Bu da insanların qəlbində inamın 


49 

 

qırılmasına, xeyriyyə işinə qoşulanların geri çəkilməsinə səbəb olacaq. Yeni oğrular dəstəsinin sayı məmurlar 



ordusu arasındakından yüz dəfə az olsa belə insanların inam və etibarı itəcək. Məşhur bir məsəldə deyildiyi 

kimi, bir naxırın adını bir dana korlayar. 

Bütün bunların qarşısını almağa gücü və imkanı olan adamlar da təmiz adlarını qorumaq üçün bu işə 

girişmirlər. Yaxşı bilirlər ki, oğrular, dələduzlar onlara mane olan adamları aradan götürmək üçün şər-böhtan 

deməkdən, həyasızlıq etməkdən çəkinmirlər. 

Azərbaycana isə yardım gəlir. Bu yardımın coğrafiyası çox genəldir. Nəinki Qazaxıstan, Qırğızıstan, 

Türkmənistan, Tacikistan, Tatarıstan kimi bizimlə yaxın olan ərazilərdən, hətta Uzaq Şərqin, Rusiyanın ən ucqar 

şəhər və  kəndlərindən də yardım göndərilir. Yardımı Azərbaycana gətirən adamlarla söhbətimdən bu qənaətə 

gəldim ki, yardımı toplayanlar Rusiyadakı azərbaycanlılar və əsasən müsəlman xalqlarıdır. 

SSRİ-nin sərt sərhəd və gömrük rejiminə baxmayaraq xaricdə yaşayan azərbaycanlılar, türkiyəlilər də 

yardım toplayıb Bakı  şəhidlərinin ailələrinə  və yaralılarına göndərirlər. Qanlı yanvar günlərində yaralanıb 

xəstəxanaya düşənlərin yanına da axın-axın adamlar gəlir. Tələbələrin, qadın və qızların bir çoxu könüllü tibb 

heyətə qoşulub xəstəxanalarda səliqə-sahman yaradır, yaralılara qulluq edir, tibb işçilərinə köməklik göstərirlər. 

 

18 fevral. 

 

Mətbuat! Bu güclü silahdan kim necə istifadə edir?! O, çox vaxt ən mahir siyasətçini, diplomatı belə 



işvəli, nazlı xanım kimi yoldan çıxara bilir. Sabah SSRİ Ali Sovetinin üçüncü sessiyası öz işinə başlayacaq. 

Sessiyada Azərbaycan və Ermənistan respublikaları arasındakı münaqişəyə baxılacağı gözlənilir. 

İctimai fikir isə tamam Azərbaycanın əleyhinə köklənib. Deputatlar da, ziyalılar da, sadə kəndli və fəhlə 

də Bakıda axıdılan günahsız qanları az qala unudublar. Onları narahat edən bir məsələ var: "Niyə Bakıdan ruslar 

köçür?!" Özü də bu köçü (əgər belə köç varsa— İ.Ö.) doğuran səbəblər maraqlandırmır. Köçün qarşısını almaq 

yolları maraqlandırır. 

Hətta Ali Sovetin fövqəladə vəziyyət rejimi ilə məşğul olan komissiyasının üzvü Yuri Vladimiroviç Qo-

lik Bakıda olub, hər şeyi öz gözü ilə görəndən sonra dostlarına və deputatlara deyib ki, gördükləri onu dəhşətə 

gətirib. Bakıya tamam başqa fikirlə yola düşübmüş. Gedib vəziyyətlə tanış olandan sonra rəyi dəyişib. Mətbu-

atda verilən informasiyalar onu tamam azdırıbmış. Qoşunu  şəraiti öyrənmədən, xalqın psixologiyasını bilmə-

dən göndərdiklərini bildirib. 

Deputatlardan Roy Medvedyev, Boris Yeltsin, İqor Qryazin və başqaları da Bakıya qoşun yeridilməsini 

"Suveren respublikanın konstitusiya hüquqlarının kobud şəkildə pozulması", "Ölkə daxilində fövqəladə vəziyyət 

rejimi haqqında qanun olmadığı, Azərbaycan SSR Ali Soveti Bakıda fövqəladə vəziyyətə razılıq vermədiyi kimi 

qiymətləndiriblər". 

V.Qelikin "şəraiti öyrənmədən, xalqın psixologiyasını bilmədən" ifadələrinə gülməyim tutur. Əslində 

Moskva az qala 200 ildir xalqın psixologiyasını da öyrənib,  şəraiti də  əla bilir. Planlı surətdə  vəziyyəti 

gərginləşdirib bu yerə  gətirdilər. SSRİ  qəzet və jurnalları dayanmadan Azərbaycan haqqında yazır. Düşmən 

obrazını formalaşdırır. Azərbaycan mətbuatının başı üzərində isə üç senzor var. Onlardan birincisi və  ən 

dəhşətlisi jurnalistlərin daxilində, içində oturub. İkincisi rəhbər partiya aparatlarında, üçüncüsü isə Moskvanın 

göstərişinə əlibağlı qul olan Mətbuatda Dövlət Sirrinin yayılmasının qarşısını alan İdarənin və hərbi senzorun 

əməkdaşlarıdır. Bu üç həddi keçib reallığı əks etdirən yazı çap etdirmək çox çətindir. 

Respublika qəzetləri özləri real vəziyyəti  əks etdirə bilmədiklərindən Moskva qəzetlərinin, bəzən də 

RSFSR-in müxtəlif guşələrində  nəşr olunan qəzetlərin Bakı faciəsi ilə bağlı palaz-palaz yazılarını  təkrar çap 

edirlər. 

Neçə vaxtdır Dağlıq Qarabağın hərbi komendantı Safonov ermənilərlə danışıqlar aparır. Sözdə buna nail 

olurlar. Amma əməldə nail olmaq mümkün deyil. Bu səhər  Şuşadan Bakıya gələn "İkarus" avtobusunu 

Stepanakert yaxınlığında partladıblar. Rəsmi mənbələrin verdiyi məlumata görə  xəsarət almış 15 nəfər 

xəstəxanaya aparılıb. Kütləvi informasiya vasitələrini diqqətlə izləyənlərdə belə  qənaət yaranar ki, Sov. İKP, 

SSRİ nazirləri, bir sözlə, bütün rəhbər vəzifəlilər ciddi-cəhdlə Ermənistanı nəqliyyat blokadasından qurtarmaq 

istəyirlər.  Əslində "blokada"ya səbəb Ermənistan SSR Meğri rayonu ərazisində qatarların hərəkətini silahlı 

dəstələrin pozmasıdır. Yəni SSRİ kimi bir dövlət 40-42 iqlometr məsafədə dəmir yolunun təhlükəsizliyini təmin 

edə bilmir? Sovet silahlı qüvvələri, Sovet milisi həmin  ərazidə erməni silahlılarını susdura bilmir? Qatarların 

işləməməsi günün söz-sov mövzusuna çevrilib. Az qala hər gün komissiyalar, vasitəçilər, nazirliklərin işçiləri 

gəlir, danışıqlar aparır, amma dəmir yolu işləmir ki, işləmir! 

Rusiya komsomolu ayrıldı! Özü də konüllülük prinsipi əsasında! Rusiya Federasiyasının  ərazisində 

yerləşən ÜİLKGİ təşkilatları ÜİLKGİ tərkibində RSFSR Lenin Kommunist Gənclər İttifaqında birləşdi. Əslin-

də bunu respublikaların, sonra da RSFSR tərkibində olan muxtar respublikaların gənclər təşkilatı etməli idi. 



50 

 

Rusiyada komsomol təşkilatı ayrılır, buna qarşı qətiyyətlə dayanan respublikaların, xüsusən cənub respublika-



larının komsomolçularıdır. Sanki bu hay-harayları ilə SSRİ-yə, müstəmləkəçi ağaya sədaqətlərini bildirmək 

istəyirlər. Müstəmləkəçi ağa isə təbəələrinə özlərindən də yaxşı bələtdi. Bilir ki, bunların içləri ilə üzləri tamam 

başqa başqadır. Müstəmləkəçinin bugünkü durumu Molla Nəsrəddinin vəziyyətini yada salır. Molla Nəsrəddin 

mıxa bərk-bərk bağlanmış buzovu qamçılayırmış. Xəbər alırlar: 

— Molla, niyə belə eləyirsən? 

— Görürmürsünüz, o biri tayı qaçıb, tuta bilmirəm. 

— Molla, qaçanı tut döy, bu yazıq ki, qaçmayıb. 

— Siz tanımırsınız, bu mıxı qırsaydı o birisindən bərk qaçacaqdı. 

Rusiyanın strateqləri əla bilirlər ki, bu gün Moskvaya sədaqətini bildirmək üçün dəridən-qabıqdan çıxan 

respublikalar mıxı qırsalar o birilərindən bərk qaçacaqlar. 

Son zamanlar M.Ə.Sabirin "Hophopnamə"sinə  az qala hər gün müracpət edirəm. Günümüzlə necə də 

səsləşir. Bəzən uzun-uzadı  şərh etmək istədiyim bir məsələni görürəm ki, Sabir bir misra, bir beyt, bəzən bir 

ideomatik ifadə  şəklində elə deyib ki, daha əvəzi yoxdur. Durumumuz 80 ildə  nədənsə M.Ə.Sabirin "Əcnəbi 

seyrə balonlarla çıxır, Biz hələ avtomobil minməyiriz!" beytindən uzağa getmir. 

Rusiya komsomolunun ayrılması, cənub respublikalarının ÜİLKGİ-in saxlamaq cəhdi yadıma bir xalq 

məsəlini saldı: "İt əl çəkir, motal əl çəkmir!". 



 

19 fevral. 

 

Tacikistanda vəziyyət sabitləşmir. Mitinqlər, toqquşmalar davam edir. 70 il təqib və  təhqir etdikləri 



mollaları, dindarları Kommunist Partiyası indi qabağa verir. Düşənbədə mitinqdə nümayiş iştirakçıları qarşısına 

çoxminli təbliğatçı ordusu deyil, Tacikistan müsəlmanlarının qazısı Xoca Əkbər Turadmunzadə  çıxarılıb. O, 

meydana istiqamətlənmiş insan axınının yönünü şəhərin ucqarlarındakı kino-konsert salonuna yönəldib. 

Ermənistan SSR-in Meğri rayonu ərazisində  dəmir yol boyu dinclik, sakitlik yaratmaq əvəzinə, 

toplantılar müşavirələr keçirilir. Bakıda sakitlik olmasına baxmayaraq, fövqəladə vəziyyət rejimi ləğv edilmir, 

komendant saatı götürülmür. Hər addımda  əli silahlı  əsgərlər gözə girir. Maşında benzin yaxşı yanmayıb 

partlayış verəndə  əsgərlər diksinib atəş açırlar. Azərbaycanın hər yerində  də  vəziyyət belədir. Bakıdakı  əsgər 

bölmələrinin kiçik bir qrupunu Meğriyə göndərsələr dəmir yolunda nizam-intizam yaranar. Adı  çəkilən 

Ermənistan, adı çəkilməyən Naxçıvan nəqliyyat blokadasından qurtarar. 

İndi də Zaqafqaziya nəqliyyat prokurorluğu Ermənistan və Azərbaycan dəmir yolları ilə xalq təsərrüfatı 

yüklərinin daşınması ilə bağlı mürəkkəb problemləri həll etmək üçün arbitr rolunu öz üzərinə götürüb. 

Qəribədir, prokurorluq cinayətkarları  məsuliyyətə  cəlb etmək yox, arbitrlik etmək istəyir. Guya onların 

təşəbbüsü ilə Tbilisidə Zaqafqaziya respublikalarının nəqliyyatda hüquq-mühafizə orqanları, SSRİ prokurorluğu 

və SSRİ Daxili İşlər Nazirliyi nümayəndələrinin əlaqələndirmə müşavirəsi keçirilib. 

Məgər Zaqafqaziya nəqliyyat prokurorluğu özbaşınadır ki, belə bir müşavirə keçirsin?! Lap tutaq ki, 

Zaqafqaziya nəqliyyat prokurorluğu belə bir müşavirə keçirməyə  cəsarət etdi. SSRİ prokurorluğu və SSRİ 

Daxili İşlər Nazirliyinin nümayəndələri həmin müşavirəyə gələrmi heç?! 

Dəmir yolundakı bu özbaşınalıq — əslində dəmir yolunda deyil, Ermənistan SSR və Azərbaycan SSR-

in DQMV-dəki bu özbaşınalıq nəinki Zaqafqaziya respublikalarının, Qafqaz regionunun, hətta Rusiyanın 

müəssisələrinin də  iş ahəngini pozub. Əslində  həyatın, cəmiyyətin bütün sahələrinə  mənfi təsir edir. Qatarlar 

boşaldılmamış qalır, yüklər oğurlanır, bir çox sənaye müəssisələri işləmir, tikinti meydançaları boşalmış, əhali 

kifayət qədər ərzaq və sənaye malları almır. 

Görünür, yuxarıda  əyləşənlər sosialist ölkələrində yenidənqurma, islahatlar aparmağı yox, tamam 

dağıtmağı, ölkəni diz çökdürməyi, adamları quru yerdə qoymağı, sonra da bütün günahları demokratik 

fikirlilərin, milli-azadlıq hərəkatı iştirakçılarının boynuna yıxmağı planlaşdırıblar. Yoxsa Meğridə yolu açmaq 

nə çətin işdir ki! 

Axşam SSRİ Ali Soveti İttifaq Soveti və Millətlər Sovetinin qapalı birgə iclası olduğunu xəbər verdilər. 

İclasda Azərbaycan SSR-də və Ermənistan SSR-də yaranmış vəziyyət, habelə bu vəziyyəti normal hala salmaq 

tədbirləri haqqında məsələ müzakirə olunmuşdur. Müzakirə sabah da davam etdiriləcək. 

Əcəb qapalı iclasdır! Xarici radiolar iclasda müzakirə edilən məsələləri saf-çürük edir. Həmişə olduğu 

kimi yenə də deyəsən xaricilər üçün açıq, ölkə vətəndaşları üçün qapalı olan iclaslardandır. 

 

20 fevral. 

 


51 

 

Dünən SSRİ Ali Sovetinin üçüncü sessiyasında Azərbaycan KP MK-nın birinci katibi, SSRİ xalq 



deputatı A.N.Mütəllibov çıxış edib. Mülayim müdafiə mövqeyində dayanan bu çıxışda təəccüb doğuracaq 

məqamlar var. Məs: "Bu suallara cavab tapmaq çətindir; nə üçün belə oldu, adamların qırılmasının qarşısı 

alınmadı, bütün bunların təqsirkarı kimdir və onların cəzası nə vaxt veriləcək?" 

Hadisələr vaxtı Respublika Nazirlər Sovetinin sədri işləyən bir adam bunları bilmirsə, neçə 

Azərbaycana rəhbərlik edəcək? Yox, bilir və ikiüzlülük edərək özünü məsuliyyətdən yayındırırsa, xalq necə 

onun arxasınca gedəcək, ona kim inanacaq? 

Bütün bunlar açıq-aşkar onu göstərir ki, xalq A.N.Mütəllibovun arxasınca getməyəcək! O da 

respublikanı idarə edə bilməyəcək! Başlayacaq günahı kimlərdəsə görməyə və ya kimlərisə günahlandırmağa. 

Bundan da Moskva bacarıqla bəhrələnəcək. Azərbaycanımız, doğma vətənimiz, anamız uduzacaq. Allah bizi 

qarşıdakı daha böyük bəlalardan qorusun. 

Sov.İKP MK üzvlüyünə namizəd, Sov.İKP MK yanında Partiya Nəzarət Komitəsinin sədri B.K.Puqo 

hələ də Tacikistandadır. Tacikistanı hələlik o, idarə edir. Necə, nə cür? Bu suallara Tacikistan SSR-də baş verən 

hadisələr aydın cavab verir. 

Ümumittifaq Kütləvi  İnformasiya Vasitələri dayanmadan Azərbaycandakı silahlı birləşmələrdən bəhs 

edir. Bu gün SSRİ Daxili İşlər Nazirliyinin Azərbaycandakı müvəqqəti məlumat mərkəzinin məlumatı yayılıb. 

Məlumatda deyilir ki, son ay yarım ərzində 31-39 ədəd yivli və ov tüfəngi müsadirə edilmiş, tapılmış və könüllü 

təhvil verilmişdi. Lənkəranda isə patronla birlikdə iki kiçik çaplı tüfəng və beş banka barıt müsadirə edilmişdir, 

Azərbaycan silahlılarının hərbi sursatı bax bu qədərdir! Ov tüfəngləri, məktəblərin, tirlərin yivli tüfəngləri! 



 

21 fevral. 

 

Az qala iki ildən sonra axır ki, hökumət hərəkətə  gəldi. O da qorxa-qorxa. Uzun müddət idi 



Ermənistandan qovulmuş soydaşlarımız haqqında Azərbaycanın rəsmi dairələri qəti mövqe bildirmirdilər. Bu 

böyüklükdə faktı nə dana bilirdilər, nə də rəsmiləşdirə. Onların taleyini ictimai əsaslarla yaradılmış Azərbaycan 

Qaçqınlar Cəmiyyətinə tapşırmışdılar. Cəmiyyətin də əlində hökumət təşkilatlarına rəsmi müraciət edə biləcək 

elə bir qanun yox idi. Hər şey "mən ölüm", "sən öl"ə həll olunurdu. 

Daimi yaşayış yerlərini məcburi tərk etmiş şəxslərlə (formulirovkaya bax! — İ.Ö.) iş üzrə Azərbaycan 

SSR Dövlət Komitəsi yaradılması haqqında Azərbaycan SSR Nazirlər Soveti qərar qəbul edib. Qərarda 

göstərilir ki, Dövlət Komitəsinə  sədr başçılıq edəcək. Sədr eyni zamanda Azərbaycan SSR Nazirlər Soveti 

sədrinin müavini sayılacaq. Sədrin üç müavini, o cümlədən bir birinci müavini olacaq. Dövlət komitəsinin 

tərkibində komitə, habelə 7 nəfərlik kollegiya yaradılır. Kollegiyaya dövlət komitəsinin sədri (kollegiyanın 

sədri), dövlət komitəsi sədrinin müavinləri, habelə Azərbaycan SSR Dövlət Komitəsi sisteminin digər rəhbər 

işçiləri daxil olurlar. 

Şəhər və rayon xalq deputatları sovetləri icraiyyə komitələri işçilərinin sayı artırılmış, onların  ştatına 

daimi yaşayış yerlərini məcburən tərk etmiş şəxslərlə iş üzrə təlimatçı vəzifəsi daxil edilmişdir. 

Azərbaycan SSR Maliyyə Nazirliyinə təklif edilmişdir ki, yeni yaradılan komitə aparatının saxlanması 

üçün komitəyə Azərbaycan SSR Nazirlər Sovetinin ehtiyat fondundan büdcə  təsisatı,  şəhər və rayon xalq 

deputatları sovetlərinin icraiyyə komitələrinə isə əlavə ştat vahidinin saxlanması üçün büdcə təsisatı ilə birlikdə 

müvafiq əmək haqqı fondu ayrılsın. 

Bütün bu təşkilatlanmanın səbəbi qərarda belə izah edilir: "Dövlət Komitəsi daimi yaşayış yerlərini tərk 

etmiş şəxslərin qəbulu, yerləşdirilməsi, yerbəyer edilməsi və işə düzəldilməsi, onlardan ötrü mənzil və sosial-

mədəni-məişət obyektlərinin tikilməsi ilə bağlı bütün problemləri, bu kontingentə aid başqa məsələləri həll edir, 

habelə sovet, təsərrüfat təşkilatlarının, nazirliklərin və baş idarələrin bu istiqamətdə fəaliyyətini əlaqələndirir". 

Azərbaycan SSR Nazirlər Sovetinin bu qanunu ilə respublikanın qanunvericilik aktları arasında o qədər 

təzad var gəl görəsən. Bütün bunlar iş prosesində bir hərcmərclik yaradacaq ki! Qanunvericilik aktlarında 

düzəliş etməyə  də  şərait olmayacaq. Çünki, o işlə  məşğul olanların buna həvəsi və marağı yoxdu, həvəsi və 

marağı olanları da yaxına buraxmayacaqlar. 

Bizdə dövlət başçılarının tez-tez mətbuat konfransları keçirilməsi, bəyanat yayması hələ də qaydasına 

düşməyib.  Ənənəvi olaraq dövlət başçısı bir fikrini çatdırmaq istəyəndə  gərək ya büro, plenum çağıra, ya da 

ciddi və  rəsmi sayılan qəzetlərin birində müsahibəsini çap etdirə. M.S.Qorbaçov da ənənəyə sadiq qalaraq 

"Pravda" qəzetində müsahibəsini təşkil etdirib, müsahibə Almaniyanın birləşməsi, Avropada durum, Avropadan 

Sovet qoşunlarının çıxarılması  məsələsinə  həsr edilib. Qorbaçov deyib: "Həqiqətən çox vacib (yəni 

Almaniyanın birləşməsi  İ.Ö.),  müasir beynəlxalq siyasətdə  əsas məsələlərdən biridir. Burada mən iki cəhətə 

diqqəti cəlb edərdim. 



52 

 

Birinci — almanların birləşmək hüququ. Biz bu hüququ heç vaxt inkar etməmişik. Xatırlatmaq 



istəyirəm ki, hətta xalqımıza qələbə kimi qanuni qürur hissi, heç bir şeylə ölçülməz kədər, müqəssirlərə  təbii 

nifrət hissi gətirmiş müharibədən dərhal sonra da Sovet İttifaqı Almaniyanın parçalanması əleyhinə çıxırdı. Bu 

ideya bizə aid deyildir və sonra "Soyuq müharibə"  şəraitində hadisələrin necə genişlənməyə başlanması üçün 

biz məsuliyyət daşımırıq". 

Təzada bax! Ölkənin rəhbəri Berlin divarının sökülməsini, Almaniyanın birləşməsini alqışlayır, amma 

iki Azərbaycan arasında birləşmədən deyil, yalnız gediş-gəlişin bərpasından, tikanlı məftillərin sökülməsindən 

söz gedəndə onu ekstremizm adlandırır. 

Bütün bu ziddiyyətlərinə baxmayaraq müsahibədə maraqlı faktlar da var. Belə ki, 1995-1996-cı 

illərədək bütün qoşunları öz milli sərhədlərinin hüdudlarına qaytarmaq, 2000-ci ilədək isə bütün xarici hərbi 

bazaları  ləğv etmək barəsində proqram təklifi bəyənilib. Qoşunlarımızın Macarıstan və Çexoslovakiyadan 

çıxarılması haqqında onların hökumətləri ilə danışıqlar gedir. 

Bu gün kütləvi informasiya vasitələri xəbər verir ki, qırxgünlük fasilədən sonra Mincivan-Culfa-

Noraşen-Yerevan istiqamətində qatarların qarşılıqlı  hərəkatı  bərpa edilmişdir. Eyni zamanda, Mincivandan 

Qafana da qaqarlar getmiş, İran tərəfə əks istiqamətdə də hərəkət başlamışdır. 

Yolların bağlı olması bir problemdirsə, açılması min problem yaradır. Yollar bağlı olanda düşünürsən: 

"Niyə bağlıdı? Nə vaxt açılacaq?" Yollar açıq olanda düşünürsən ki, bu gün görəsən basqın olubmu? Kimi 

öldürüb, kimi yaralayıblar? Hər axşam evə narahatlıqla qayıdıram. Düşünürəm ki, evə çatan kimi dost-

tanışlardan, qohumlardan kiminsə  Şuşaya gedəndə, yaxud, Şuşadan gələndə ermənilərin təzyiqinə  məruz 

qalacağını eşidəcəm. Bu gün də həmin əhval-ruhiyyə ilə evə çatanda xəbər verdilər ki, Şuşa-Ağdam avtobusuna 

Stepanakertdə asfalt zavodunun hasarı arxasından qumbara atıblar. Qumbara avtobusun pəncərəsini qırıb içəri 

düşüb. İçəridə də 32 sərnişin varmış. Sərnişinlər arasında olan Şuşa həbsxanasının əməkdaşı Səyyad Həsənov 

cəld tərpənib qumbaranı avtobusun içərisindən götürüb bayıra atıb. 



 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə