KEÇMİŞİMƏ GÜLMƏYİMƏ NƏ yaziq araz güNDÜZ



Yüklə 11,15 Kb.
tarix09.03.2017
ölçüsü11,15 Kb.
növüDərs
KEÇMİŞİMƏ GÜLMƏYİMƏ NƏ YAZIQ

ARAZ GÜNDÜZ
Dərs otağına girib sinif jurnalını açdım, öyrəncilərin adını oxumağa başladım...
Şeti Bayram oğlunun adını oxuyanda duruxdum, “bu nə bayağı addır”, deyə bir anlıq düşündüm, sonra isə ayaq üstə dayanıb, mənim “otur” deməyimi gözləyən yeniyetməyə baxdım. Yoxsul geyinmiş, durumdan sıxıldığı duyulan oğlan uşağı idi. “Otur”–dedim, adların ardını oxumayıb, jurnalı qapadım. Qanım qaraldığı üçün, öyrəncəm üzrə otaqda var-gəl eləyib, düşüncələrə dalmışdım: ”Bu nə düşük addır belə, qoyublar uşağa, bizim içimizdə bu anlamazlıqlar haçağacan sürəcək? Bu yazıq uşağın nə suçu var, indi gərək ömrü boyu adından utana-utana yaşasın!” Birdən, bizdən iki ağaclıq(15 km) yolu olan Şötüylü kəndini andım, o andaca uşaqlar qımışmağımı duymasınlar deyə özümü yığışdırdım. Öz-özümə düşündüm: Sənin Şötüylüdə nə itiyin azıb, dön bir qonşun İsparın gününə bax... Yazığın adı başına qaxınc olub, az-maz rusca bilənlər ona “ispor” yəni “sözgüləşdirməsi” deyirlər, bir az oxumuşlar “spor”, yəni göbələk toxumu, başqalarından da(üzünə yox, arxasınca) “sıpa” deyən kim, “sperma” deyən kim...
Bax beləcə, mənim aradabir sözlərə vas-vasılıqla yanaşıb, qanımı qaraltmağım da olur; neynim, bu da Tanrı verən qılıqdı, özümdən asılı deyil ha. İlk gəncliyimdə eşidib, uzun iliər boyunca anlaya bilmədiyim bir söz də vardı: ”sinə daşı”... Hamınızın özündən, doğmalarından iraq, ölü basdırma törənində eşitmişdim bu sözü. Ölən adamı gor evinə quylayıb üstünü torpaqlayır, qəbirin torpaqla dolmasına az qalmış: hə indi də sinə daşını qoyun deyə səslənib, qəbrin baş ucuna ya böyük bir daşı, daş tapılmayanda böyük bir taxta parçasını qoyaraq yerini bərkidər, sonra gor evini torpaqla doldurub, üstünü təpələyərdilər. Yan-yörədəkilərin kimi ürəkdən, kimi də elgözünə qüssələnməkdə, mənimsə günümə baxın, durub başımı sındırmaqda: görəsən, ölənin başı üstdən qoyulan bu daşa niyə “sinə daşı” deyirlər?! Soruşmağa utanırdım, özüm də ha baş çatladırdım, bir yana çıxara bilmirdim...
Günlər ötüb ay oldu, aylar dolanıb il oldu, gün o gün oldu da iyrənc sovet quruluşu dağıldı, keçmişimizin ənginlərinə yönələn baxışlarımızın yolunu kəsən dəmir örtüklər aradan götürüldü, türk varlığımızı duymağa qoyulmuş yasaqlar aradan getdi, Türkün keçmişini açıqlayan kitablar üzə çıxdı. Nə başınızı ağrıdım, indi oxuyub nə görsəm yaxşıdır: az qala iki min il bundan qabaq Şeti xaqan varmış, Işbara xaqan(İspar adı ondan qalıb) varmış, bunlar böyük Türk xaqanları imişlər! Sən demə indi ələ salıb güldüyümüz bu adların o çağlardakı yiyələrinin önündə yağıları tir-tir əsərmiş, baş əyib buyuruq gözləyərmişlər...

Qaldı bu “sinə daşı” tapmacası, sən demə bu söz, əski türklərdə “sin daşı”*, yəni “qəbir üstü daş” anlamında işlənirmiş: Şeti xaqanın “sin daşı”, Işbara Şunişi xaqanın “sin daşı” habelə bunun kimi. Sinmək–yerə çökmək, dərinə enmək demək imiş, sən demə...


Nə yazıq, mən indi öyrəncim olmuş Şetinin haralarda olduğunu bilmirəm, onu tapsam deyərdim, oğlum, yetər adından utandığın, sənin adın ünlü Türk dədələrindən qalıb, adınla öyün, onların başını ucaltmağa çalış. İşdir birdən, Şetini görüb-eləsəniz, nə olar, mənim bu sözlərimi ona yetirin də...

Adı anılası, qonşumuz İspar isə çoxdan ölüb, oğlanları sağ olsunlar, gor evinin üstünə adına yaraşan bir sin daşı yondurub qoyublar...




*”Sin daşı” ilə bağlı dediklərimizin düzgünlüyünü yoxlamaq üçün, aşağıdakı qaynağa baxa bilərsiniz: L.N. Qumilyov “Drevniye Tyurki”(rus dilində) səh.419.
3-4 avqust 2010-cu il.

Yüklə 11,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə