Kurs: 2 Müəllim: Məhərrəmova Jalə



Yüklə 66,94 Kb.
səhifə1/2
tarix09.05.2022
ölçüsü66,94 Kb.
#56824
  1   2
Qarabağ xanlığı


Azərbaycan Milli Konservatoriyası



Tələbə: Rəhimova Nejle

Fakültə: Musiqi Nəzəriyyəsi və tarixi

Kurs: 2

Müəllim: Məhərrəmova Jalə

Fənn: Azərbaycan Tarixi

Mövzu: Qarabağ xanlığı

Nadir şah Əfşar imperiyasının süqutundan sonra müstəqillik qazanmış Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir idi. O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdur. Qarabağ xanlığının vəziri olmuş tarixçi Mirzə Camal yazır: "Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərində Osmanlı imperiyasına qarşı müharibələr nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı". Lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman əhalisini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin onu tutmaq mümkün olmadı. Nadir Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər. Şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də fayda vermədi.

Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy ona tabe olmaqdan boyun qaçırıb Vətəni olan Qarabağı müstəqil surətdə idarə etməyə cəhd göstərmişdi. Nəticədə Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti - Qarabağ xanlığı yarandı.

Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra başlıca vəzifə onun möhkəmlənməsinə nail olmaq idi. Pənah xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olunmuş türk-müsəlman əhalisini geri - doğma torpağa qaytarmaq oldu. Köçkünlərin geri qaytarılması və dədə-baba torpaqlarında yerləşdirilməsi Qarabağ xanlığını gücləndirdi. Sürgündən ilk qayıdanlar içərisində Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil də var idi.

 Qarabağ xanlığı yarandığı zaman burada Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bakı, Naxçıvan, Şəki, Dərbənd kimi şəhərlər yox idi. Halbuki belə siyasi-iqtisadi mərkəzlərin olması xanlıqların gələcək inkişafı üçün çox mühüm idi. Yeni müdafiə qurğuları və şəhərlərin salınması Pənah xanın hərbi-siyasi işlərlə yanaşı dəyərli quruculuq uğuru sayılmalıdır.

Bu sahədə ilk addımlardan biri 1748-ci ildə qədim Azərbaycan - türk tayfası olan bayatların adı ilə bağlı Bayat qalasının tikilməsi oldu. "Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələrilə birlikdə gəlib Bayat qalasında yerləşdilər". 

Pənah xanın müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti onun rəsmən tanınması ilə nəticələndi. Mirzə Camal yazır: "Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə (1748-ci il olmalıdır) Adil şahın Pənah xana "xan" adı verilməsi və Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında fərmanı, qiymətli xələt, qızıl yəhərli at və daş-qaşla bəzənmiş qılıncla birlikdə Sərdar Əmir Aslanın yaxın adamı vasitəsilə o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı".

Adil şahın fərmanı, əslində gecikmiş bir sənəd idi. Həqiqi "hakimlik" şah fərmanından əvvəl, ondan asılı olmadan qazanılmışdı.

 Pənah xanın "Qarabağ hakimi" kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynadı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra bildirmişdi: "Pənah xan bu vaxtacan sikkəsiz gümüş idi. Biz gəldik ona sikkə vurduq və qayıtdıq" (və ya "Pənahəli özünü xan elan etmişdi, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq etdim"). Hacı Çələbi xanın xalq içərisində zərb-məsələ çevrilmiş bu sözləri, əslində, Adil şahın fərmanından daha artıq gücə malik idi. Əhməd bəy Cavanşir yazır: "…Bu qalibiyyətdən (Bayat döyüşündən) sonra Pənah xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi".

Bayat döyüşü eyni zamanda bu qalanın gələcək tarixi sınaqlara dözə bilməyəcəyini də üzə çıxardı. Ona görə də yeni qala salınması tələb olunurdu. Mirzə Adıgözəl bəy yazırdı: "Pənah xan Şahbulağı adı ilə məşhur olan Tərnəkütdə bir qala bina etdi. Daş və əhəngdən məscidlər, evlər, çarsu (meydan, bazar meydanı) və hamamlar tikdirdi. Bu işləri 1165-ci ildə (1751-ci il) bitirərək oranı özünə məskən etdi". 

Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların - məliklərin pozuculuq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir.

Mir Mehdi Xəzani çox haqlı olaraq yazırdı: "Bu Qarabağda ki, beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və şimdi hər birisi bir qeyri-ism ilə adlanırlar…".

Mirzə Adıgözəl bəy Qarabağdakı feodal mülkləri - məlikliklər haqqında yazırdı: "Bu mahallardan biri Dizaqdır. Məlikləri Məlik Yeqan adlanır. O Loridən qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır.

İkincisi - Vərəndədir. Məlikləri Məlik Şahnəzərlilər olmuşdur. Onlar daha qədim bir nəslə mənsub və daha çox etibar sahibidirlər. Əsilləri də Göyçə əsilzadələrindəndir. Sonra oradan qaçaraq gəlib Qarabağda Vərəndə mahalının məliklik camından sərxoş olmuşlar.

 Üçüncü - Xaçındır. Məlikləri Həsən Cəlalyan övladıdır. (Onlar) riyasət gəlininə gözəllik verib, (hökmran olmuşlar). Bu ailə məliklik mənsəbindən məhrum olduqdan sonra, bu mahalın müstəqil bir məliki olmamışdır. Axırda, mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı riyasət üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı. Bu zaman xınzırıstanlı (indiki adı - Xındırıstan) Məlik Mirzə xan… bu əbədi dövlət məmurlarının əmrilə məliklik sikkəsini… adına kəsdirdi. Ondan sonra da oğlu Allahverdi və nəvəvsi Məlik Qəhrəman… məliklik bayrağını göylərə qaldırdılar. 

Dördüncü - Çiləbörd mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri Mağavizdən gəlmədir. Bunlar gəlib Çiləbörddə məlik omuş, Tərtər çayının ortasında vaqe ən möhkəm bir məmləkətdə yerləşmişlər. Çox çətin bir yolu olan Çermux qalasını (Çiləbördün müxtəsər adıdır) özlərinə məskən, sığnaq və mənzil etmişlər. Çiləbördə müstəqil olaraq yiyələnmiş və böyük bir şöhrət qazanmışlar… Nadir şah… ona sultanlıq rütbəsi və xələti verdi…

Beşinci - Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri Şirvandan gəlmədir. Bir müddət Talış kəndində sakin olmuşlar. Onlardan bir çoxu dəfələrlə məliklik etmişdi. Sonralar məlik Usub Gülüstan qalasını zəbt edib orada sakin olmuşdur".

Beləliklə, Xaçın istisna olmaqla, Qarabağdakı digər məliklər və onların mənsub olduqları nəsillər əslən Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmə idilər. Özü də erməni deyil, keçmiş alban nəsillərinin nümayəndələri idilər. Buna görə də erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına "haqq" qazandırmaq üçün həmin məliklərə "erməni dövlətçiliyinin" davamı kimi baxmaları kökündən yanlışdır, daha doğrusu, elmi saxtakarlıqdır. Digər tərəfdən, gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra kiçicik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir-birindən təcrid olunmuş, çox zaman isə bir-birilə çəkişən mahal başçıları səviyyəsindən yuxarı qalxa bilməmişdilər. Bundan başqa, yuxarıdakı cədvəldən göründüyü kimi Xaçın istisna edilməklə XVII yüzildən əvvəlki dövrdə onların Qarabağda kökü yoxdur. "Məliklər Qarabağda feodal dağınıqlığının güclənməsini istəyən qüvvələri təmsil edirdilər".36 Məliklərin separatçı-mərkəzdənqaçma fəaliyyəti xanlıqda və bütün ölkədə gedən mərkəzləşdirmə işinə mane olurdu. Onların yadelli qüvvələrin Qarabağa hücumunun həyata keçirilməsində iştirak etmələri Qarabağ xanlığının müstəqilliyinə ağır zərbə vururdu. Buna görə də məlikliklərin separatçılıq meyillərini aradan qaldırmaq üçün görülən tədbirlər etnik konflikt olmayıb, Qarabağ xanlığının müstəqilliyinə yönəlmiş qəsdlərə qarşı mübarizə idi.

Xəmsə məliklərindən Pənah xanın hakimiyyətini birinci olaraq tanıyan Məlik Şahnəzər oldu. Bu, İbrahimxəlil ağanın Məlik Şahnəzərin qızı Hürzatla evlənməsi ilə nizama salındı. 

Xaçın məliyi Ulubab Ballıqayada məğlub edildikdən sonra Pənah xanın hakimiyyətini tanıdı. Dizaq, Çiləbörd, Talış məliklərinin düşmənçilik siyasəti isə bir neçə il sürdü. Əhməd bəy Cavanşir yazır: "Qonşu vilayətlərdən toplanmış xəzinə pullarını saxlayan Tuğ və ya Dizaq məliyi Yegan öz oğulları və qohumları ilə birlikdə kəskin müqavimət göstərdikdən sonra onların bir hissəsi qırılmış, bir hissəsi isə islam dinini qəbul etmişdi… Çiləbörd məliyi Allahqulu Sultan əvvəlcə onun təbəəliyini qəbul etmiş, lakin sonralar xəyanətdə ittiham edilərək Pənah xanın əmri ilə öldürülmüşdü. Onun qardaşı Məlik Hətəm Talışın beşinci məliyi Məlik Usubla ittifaq bağlayıb uzun müddət öz obalarını Pənah xan dəstələrinin hücumlarından müdafiə etmiş, lakin Mardakerd kəndində məğlub olduqdan sonra Tərtər çayının yuxarılarında yerləşən alınmaz Cermux qalasına çəkilmişdi. Bir ilə qədər qalada qaldıqdan sonra nəhayət, öz ailəsi ilə birlikdə qürbət ellərdə nicat axtarmalı olmuşdu. Lakin bununla öz siyasi fəaliyyətlərini bitirmədi. Belə ki, sonralar onun həm özü və həm də övladları (birincinin oğlu Məlik Məcnun) daim Qarabağa hücumlar edirdilər…".Pənah xanın məlikləri tabe etmək yolunda qazandığı uğurları onun oğlu İbrahim xan davam etdirdi.

 Qarabağ məliklərindən dizaqlı Yesay, çiləbördlü Məcnun və gülüstanlı Bəyləryan İbrahim xana tabe olmaqdan imtina etdilər. Vərəndəli Məlik Şahnəzər və xaçınlı Mirzə xan isə İbrahim xanın hakimiyyətini qəbul edərək onun yaratdığı vətənsevər qüvvələr birliyinə qoşuldular.

 Müttəfiqlər 1781-ci ildə Tuğ qalasını mühasirəyə aldılar. Məlik Yesay təslim oldu, burada hakimiyyət Məlik Bahtama keçdi. Lakin tezliklə o da dönük çıxdı.

İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada - Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə "xristian dövləti", daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı. Bu zaman İbrahim xan özünün yüksək diplomatik bacarığı sayəsində düşmənçilik edən məlikləri Şuşaya toplaya bildi. Sənədlər əsasında onların Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək onları həbsə aldırdı.

Məlik Məcnun və Abov Şuşa həbsxanasına salındı, Məlik Bahtam isə günahlarına görə Ərdəbil xanına verildi. Məliklərin müttəfiqi Gəncəsər monastırının katolikosu İohannes qardaşı ilə birlikdə tutulub cəzalandırıldı. 

Lakin Şuşa həbsxanasındakı məliklər qaça bildilər. Onlar Tiflisə gələrək burada Qarabağ xanlığına qarşı hazırlanmış qəsdi gürcü çarı II İrakli (1744-1798) və rus polkovniki Burnaşovun köməyilə yerinə yetirməyə girişdilər. Qarabağ xanlığına qarşı "xaç yürüşü"nə başlayan düşmənlər Gəncəyə yaxınlaşdılar. Lakin 1787-1791-ci illər Rusiya-Türkiyə müharibəsinin başlanması nəticəsində bu "xaç yürüşü" baş tutmadı. İbrahim xan müstəqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi.

1795-ci ilin yayında İranda hakimiyyəti ələ alan Ağa Məhəmməd Qacar (1742-1797) Qarabağ xanlığına hücum etdi. Şuşanın 33 günlük mühasirəsi uğursuz oldu. Şuşadan sonra o, Tiflis üzərinə yeridi. V.Zubovun komandanlıq etdiyi rus qoşunlarının hücumu ilə38 Ağa Məhəmməd Qacar geri çəkildi. Rus çariçası II Yekaterinanın (1764-1796) ölümü ilə V. Zubov da Azərbaycandan geri çağırıldı. 1797-ci ildə Ağa Məhəmməd Qacar yenidən Qarabağa hücum etdi, Şuşanı tutdu, lakin burada öldürüldü. 

Xan hakimiyyətinin əsasını оrdu təşkil еdirdi. Qоşunun əsas hissəsi maaflar və еlatlardan tоplanılmış süvarilərdən ibarət idi. Müharibələr və ya böyük döyüşlər zamanı qоşunun daimi hissəsi yеni silahlı qüvvələr hеsabına artırılırdı. Döyüşçülərin silahlandırılması və bütün digər xərcləri əhalinin hеsabına idi. Məlum оlduğu kimi, hərbi dəstələr, yalnız xarici hücumların qarşısını almaq üçün dеyil, еyni zamanda da daxili asayişi qоrumaqda da mühüm əhəmiyyətə malik idi. Оna görə də hərbi qüvvələrə qayğı xanlıqlarda əsas yеr tuturdu.



Xan hərbi zərurət olduqda 10–15 min döyüşçü toplaya bilirdi. Sıravi qoşunun əsas hissəsini elatlar təşkail edirdli.

Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi. Zərurət zamanında mahalların və kəndlərin piyada tüfəngçiləri mahal naibləri ilə birlikdə qoşun sıralarına alınırdılar. Mir Mehdi Xəzani yazır: "İbrahimxəlil xanın… on iki minədək dəftəri-məxsusi qoşunu var idi ki, həmişə zira-hökmündə və adları siyahı vo dəftərdə yazılmış qoşun idi. Amma zərurət vaxtı öylə rəşid adamlar, çerik və tüfəngçi hazır olardılar".

Xanın qeyri-nizami, çəriklərdən təşkil olunmuş hərbi dəstələri ilə yanaşı, qismən daimi hərbi qulluqçulardan təşkil olunmuş qvardiyası da var idi. Daimi silahlı qüvvələr kənd təsərrüfatı işlərindən azad edilən muzdlu döyüşçülərdən ibarət idi. Onlar süvari, piyada və zənburəkçi, topçu-tüfəngli dəstələrinə bölünmüşdülər. Daimi qoşunun əsgərləri silahı, atı və döyüş üçün lazım olan digər ləvazimatları divanxanadan alırdı.

Daimi silahlı qüvvələr müasir odsaçan silahlarla silahlanmışdılar. Bununla belə ata-babadan qalmış döyüş alətlərindən də istifadə olunurdu. Başlıca odlu silah növü "dayan-doldurum" adı almış tüfənglər idi. Qoşun on, yüz və min nəfərə ayrılırdı. Bu dəstələrə başçılıq edənlərə müvafıq olaraq onbaşı, yüzbaşı və minbaşı deyilirdi.

Elatlardan töycü pulu, məhsuldan malcəhət alınmırdı. Mahallardan və kəndlərdən isə hər il malcəhət və töycü toplanırdı. Dağıstandan muzdlu qoşun gətirildikdə muzdluların məvacibini ödəmək, onların ölmüş atmm əvəzini vermək üçün ellərdən də töycü pulu, sursat, taxıl, qoyun və mal-qara almırdı. Adları qoşun və nökər dəftərinə yazılmışlar vergidən azad (maaf) idilər. Xan onları taxıl, at və s. ilə təmin etdirirdi.

Qafqaz Arxeoqrafiya Komissiyasının aktlarında müxtəlif illərdə Qarabağ xanlığında yaşayan əhalinin sayı haqqında məlumatlar öz əksini tapmışdır. 

General-mayor Kotlyarevskinin general Ritişevə göndərdiyi 30 sentyabr 1812-ci il 672 nömrəli raportda göstərir ki, Qarabağ Rusiya təbəəliyinə keçərkən Kotlyarevskinin keçirdiyi sorğuya əsasən 1805-ci ildə Qarabağda 10.000 ailə yaşamışdır. Həmin raportda bildirilir ki, polkovnik Aseyevin 1808-ci ildə general-feldmarşal Qudoviçə göndərdiyi cədvəldə Qarabağ xanlığı ərazisində 7.474 ailənin yaşadığı qeyd edilmişdir. General Yermolovun I Aleksandra ünvanladığı 4 mart 1817-ci il tarixli 32 nömrəli raportda deyilir: "Qarabağ 1805-ci ildə Rusiya təbəəliyinə qəbul ediləndə 10.000 ailədən ibarət idi. 1812-ci ii sayımına görə, Qarabağda "qarət edilmiş", əmlakından məhrum olmuş 3.080 ailə vardır". Həmin raportda verilən məlumata əsasən Qarabağın qalan əhalisinin bir hissəsi Qacarlar tərəfindən İrana köçürülmüş və ya özləri qaçmışlar. General Yermolov imperatora raportunda göstərir ki, yeni sayıma görə, Qarabağda 7.872 ailə qeydə alınmışdır.

Qarabağ xanlığında sosial-iqtisadi münasibətləri haqqında üçün ən mühüm mənbələrdən biri də 1823-cü ilin kameral təsvirləridir. 1823-cü ildə isə Qarabağda əhalinin sayı və milli tərkibinə görə, Azərbaycan türkləri 15729 ailə; оnlardan 1111 ailə şəhərlərdə 14618 isə kənddə yaşayırdı. Bu dövrdə Qarabağda Rusiya impеriyasının köməyi ilə gətirilib yеrləşdirilən еrmənilərin sayı isə 4366 ailə idi. Onlardan 421 ailə şəhərlərdə, 3945 ailə isə kəndlərdə yaşayırdılar. 1823-cü ilə kimi Qarabağa köçürülənlərin hеsabına əyalətdəki еrmənilərin sayı artıb 4366 ailəyə çatmışdır.

XVIII yüzilin sonları - XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi, 1801-ci ildə Gürcüstan imperiyaya birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu.

 İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı P.D.Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. 39 Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.




Yüklə 66,94 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin