KÜSKÜn göZƏLÇƏLƏRİMİ xatirlayarkəN



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix25.12.2016
ölçüsü1,43 Mb.
1   2   3   4   5   6

bağlı olan iki dildən istifadədə normal hal sayıldığım üçün onları dırnağa almadığıma və kursivlə 

seçdirmədiyimə görə onun mənimlə heç arası yox idi. Dörd il bu hissdən əziyyət çəkib, nəhayət, hər 

ikimiz bunu öz şüurumuzun mükəmməl olmamasının hesabına yazdıq. 


   Katibələr üstündə doxsan şam yanan piroqu zala gətirəndə ilk dəfə yaşadığım illərin sayını hiss 

etdim. Təbrik mahnısı oxunan vaxt göz yaşlarımı zorla saxlayanda, haçansa xatırlayacağımı ağlıma 

belə gətirmədiyim o qız gecikmiş mərhəmət hissi ilə qəfil yadıma düşdü. Birdən sakitlik çökdü və 

piroqu kəsmək üçün kimsə bıçağı mənə verdi. Atmacalardan qorxub, heç kim nitq söyləmək istəmirdi. 

Cavab nitqi söyləmək isə mənim üçün ölümdən betər idi. Mərasimin sonunda heç vaxt rəğbət 

bəsləmədiyim redaksiya müdiri insafsızcasına bizi göydən yerə endirdi. Əlahəzrət səbəbkar, indi isə 

deyin, məqaləniz hanı? 

   Düzünü desəm, bütün bu vaxt ərzində məqalə köz kimi cibimi yandırırdı, ancaq mərasim məni elə 

həyəcanlandırmışdı ki, onu istefa ərizəmlə korlamağa ürək eləmirdim. Mən dedim: «Bu dəfə yoxdur». 

Redaksiya müdiri keçən əsrdən bəri baş verməyən bu yolverilməz xətadan çox narazı qaldı. «Başa 

düşün, – ona izah etdim, – çox ağır gecə keçirmişəm, yuxudan duranda başımı qaldıra bilmirdim». 

«Bax elə bundan yazardınız, – özünə xas olan istehza ilə dedi. – Doxsan yaşda həyatın necə olduğunu 

ilk mənbədən öyrənmək oxucuya maraqlı gələrdi». Katibələrdən biri söhbətə qarışdı. «Bəlkə, bu sirdir, 

– o, mənə bic-bic baxdı. – Düz demirəm?» Əməllicə pörtdüm. «Lənətə gələsən, – düşündüm, – nə şit 

zarafatdır». Başqa bir katibə gülərək, barmağı ilə məni göstərdi. «Nə gözəldir! O hələ qızarmaq 

qabiliyyətini də qoruya bilib». Onun ədəbsizliyindən daha artıq qızardım. «Yəqin, qızğın gecə olub, – 

birinci katibə dil boğaza qoymurdu. – Paxıllığım tutur!» Və boyalı dodaqları ilə yanağıma möhür basdı. 

Fotoqrafçılar bir haya bənd idilər. Gur işıq partlayışlarından gözüm qamaşmış halda əlyazmanı 

redaksiya müdirinə verib, götür, dedim, zarafat edirdim və son alqış sədaları altında tez aradan çıxdım 

ki, yarım əsr külüng vurduğum hücrədən istefa verdiyimi camaat biləndə özüm orada olmayım. 

   Narahatlıq hissi axşam evdə hədiyyələri açanda da məni tərk etməmişdi. Linotipçilər yanılıb, əvvəlki  

ad günlərimdə bağışlanan üç qəhvəbişirəndən birini də indi vermişdilər. Mətbəə işçiləri heyvan 

yetişdirmə müəssisəsindən anqora pişiyini götürməyimə bələdiyyənin icazəsini almışdılar. Rəhbərlik 

nələr üçünsə rəmzi güzəştlər vermişdi. Katibələrin hədiyyəsi dodaq boyası ilə öpüş izləri qoyduqları üç 

cüt ipək alt paltarı və onu soyundurmaq üçün öz xidmətlərini təklif etdikləri açıqca idi. Fikirləşdim ki, 

qocalığın gözəlliklərindən biri də budur – gənc qızlar sənin daha heç nəyə yaramadığını düşünüb, belə 

dilxoşluğu özlərinə rəva görürlər. 

   Aşkenazinin ifasında Şopenin iyirmi dörd prelüdiyası yazılmış valı kimin göndərdiyini bilmədim. 

Redaktorlar əsasən dəbdə olan kitablar bağışlamışdılar. Hədiyyələrin hamısını açmağa macal tapmamış 

telefon zəng çaldı və Rosa Kabarkas eşitmək istəmədiyim sualı verdi: «Qızla aranızda nə olub?» – 

«Heç nə», – fikirləşmədən cavab verdim. «Hətta onu oyatmamağı sən heç nə hesab edirsən? – Rosa 

Kabarkas soruşdu. – İlk gecəsində kişinin ona laqeyd olmasını qadın heç vaxt bağışlamır». Mən etiraz 

etdim ki, qız yalnız düymə tikməkdən belə üzgün ola bilməzdi, çox güman, pis rəftardan qorxduğuna 

görə özünü yuxululuğa vurub. «O pisdi ki, – Rosa dedi, – qız elə bilib, guya, sən, doğrudan da, artıq 

heç nəyə qadir deyilsən, mən isə istəmirəm bunu aləmə car çəksin». 

   Məni qəfil yaxalamaqdan məmnuniyyət duymasına imkan vermədim. «Hər necə olsa da, – israr 

etdim, – qız yazıq elə haldadır ki, yuxulu, ya oyaq olsun, bilmirsən onunla nə edəsən: o, 

xəstəxanalıqdır». Rosa Kabarkas səsinin tonunu aldı: «İşi tələsiklik korlayıb, ancaq görərsən, hər şeyi 

yoluna qoymaq olar». O vəd etdi ki, qızı olanları olduğu kimi danışmağa məcbur edəcək, əgər 

doğrudan da, mən deyəndirsə, pulu qaytardacaq: «Razısan?» «Qoy hər şey olduğu kimi qalsın, – mən 

etiraz etdim, – heç nə olmaz, əksinə, bu mənə dərs oldu, indi bilirəm ki, belə igidliklər mənlik deyil. Bu 

yerdə qız haqlıdır: artıq yaramıram». Dəstəyi qoydum və həyatda indiyəcən dadmadığım azadlıq hissi 

içimi doldurdu: nəhayət, on üç yaşımdan mənə əziyyət verən köləlikdən xilas oldum. 

   Axşam saat yeddidə incəsənət salonuna, Sezar Frankın skripka  və fortepiano üçün sonatasını məşhur 

Cak Tibo və Alfred Kortonun ifasında dinləməyə fəxri qonaq kimi dəvət olunmuşdum və fasilədə 

olmazın təriflər eşitdim. Qüdrətli musiqiçimiz maestro Pedro Biava ifaçılara təqdim etmək üçün məni, 

az qala, sürüyərək səhnə arxasına apardı. O qədər karıxdım ki, Şumanın ifa etmədikləri sonatasına görə 

onları təbrik etdim və kimsə adamların içində, kobudcasına səhvimi düzəltdi. İştirakçılar elə bildilər iki 

sonatanı, sadəcə, nadanlıqdan dolaşıq salmışam və konsert haqqında yazdığım məqalədə, bunu kifayət 


qədər qarmaqarışıq tərzdə düzəltməyə çalışmağım vəziyyəti lap ağırlaşdırdı. 

   Bu uzun həyatımda ilk dəfə hiss etdim ki, kimisə öldürməyə qadirəm. Üzücü narahatlıqla evə 

qayıtdım, şeytan mənim qulağıma vaxtında ağlıma gəlməyən sarsıdıcı cavablar pıçıldayırdı və nə 

kitablar, nə musiqi qəzəbimi soyutmadı. Bəxtimdən Rosa Kabarkasın telefonda çığıra-çığıra dedikləri 

məni bu dəhşətdən qurtardı: «Xoşbəxtliyə bax, qəzetdə oxudum ki, doxsan yaşın tamam olub, mən elə 

bilirdim yüzdür». Mən özümdən çıxdım: «Nədir, gözünə elə haldan düşmüş görünürəm?» «Əksinə, – o 

cavab verdi, – yaxşı göründüyünə görə təəccübləndim. Çox əladır ki, yaxşı qaldığına hamını 

təəccübləndirmək üçün yaşını artıq deyən qocalara oxşamırsan. – Və keçidsiz-filansız dedi: – Sənə 

hədiyyəm var». Mən səmimi qəlbdən təəccübləndim: «Nə hədiyyə?» «Qız». Bir an belə düşünmədim. 

«Sağ ol, – dedim, – bu cəncəl iş mənlik deyil». O, öz sözünü yeritdi: «Mən onu yaxşıca qızardıb, 

üstünə sous töküb, səndəl çubuqları ilə bir yerdə gümüşü zərkağıza büküb, düz sənin evinə 

yollayacağam, hamısı da havayı». Mən mətanətlə dözürdüm, ancaq Rosa da dediyindən dönmürdü və 

mənə elə gəlirdi ki, səmimi danışır.  Dedi ki, həmin cümə günü qız iki yüz düyməni iynə-sap və 

üsküklə tikməkdən əldən düşübmüş. Düzdür, zorlanmaqdan qorxurdu, ancaq ona necə lazımdır 

məsləhət vermişdilər və qız buna hazır idi. Doğrudan da, vanna otağına dəymək üçün gecə durub

intəhası, mən elə bərk yatmışam ki, oyatmağa qıymayıb, səhər o, yuxudan ayılanda isə mən artıq 

getmişəmmiş. 

   Bu boş yalanlar məni hiddətləndirdi. «Yaxşı, – Rosa Kabarkas sözünü davam etdirdi, – indi də lap 

sən deyəndir, o, peşman olub. Zavallı qız burada, mənim yanımdadır. İstəyirsən dəstəyi ona verim?» 

«Yox, yox, Allah xatirinə», – mən etiraz etdim. 

   Katibə redaksiyadan zəng vuranda mən yazmağa başlamışdım. Dedi ki, direktor səhər saat on birdə 

səni görmək istəyir. Mən düz vaxtında gəldim. Dözülməz hay-küy binanı başına götürmüşdü, kürzün 

tırıltısından qulaq batırdı, sement tozundan, bitum buxarından nəfəs almaq olmurdu, ancaq redaksiya 

bu hay-küydə düşünməyə artıq öyrəşmişdi. Müdiriyyətin otaqları isə, əksinə, sərin və sakit idi, elə bil, 

bizim yox, başqa bir ideal ölkənin ərazisiydi. 

   Yeniyetməyə oxşayan III Mark Tulli məni qapının ağzında görəndə telefonla danışa-danışa ayağa 

qalxıb, masanın üstündən əlini mənə uzatdı və başının hərəkəti ilə oturmaq təklif etdi. Əvvəl 

fikirləşdim ki, telefonun o biri başında heç kim yoxdur, məndə təəssürat yaratmaq üçün bu teatrı 

çıxarır, ancaq tezliklə anladım: o, qubernatorla danışırdı və bu, illərin düşmənlərinin çətin danışığı idi. 

Ancaq düşünürəm ki, rəhbərliklə ayaq üstə danışsa da, direktor, hər halda, mənim qarşımda özünü 

işgüzar göstərməyə çalışırdı. 

   Görünür, son dərəcə dəqiqlik onun qüsuru idi. İlk ömürlük prezidentdən, fahişə alverindən var-dövlət 

qazanandan sonra təcrübə sayəsində jurnalist olan ata babasından fərqli olaraq, o, iyirmi doqquz 

yaşında artıq dörd dil bilirdi və üç beynəlxalq diplomu var idi. Direktor özünü sərbəst aparırdı, 

yaraşıqlı və sakitdi, onun obrazına uyuşmayan yeganə şey səsində duyulan saxta notlar idi. O, yaxasına 

təbii orxidey taxılmış idman üslublu pencəklər geyinirdi və geyimi bədəninə elə otururdu ki, sanki, 

onun bir hissəsi idi, əynindəkilərin heç biri yağışlı hava üçün nəzərdə tutulmamışdı, hamısı yalnız onun 

kabinetindəki parlaq yaz havası üçün idi. Buraya gələndə geyinməyə, az qala, iki saat vaxt itirmişdim 

və birdən öz kasıblığıma görə utandım, bu da məni lap hirsləndirdi. 

   Hər şeydən əlavə, qəzetin 25 illik yubileyi münasibəti ilə əməkdaşların birlikdə çəkdirdikləri, 

ölənlərin başının üstünə xaç işarəsi qoyulmuş fotoşəkildən öldürücü zəhər yağırdı. Mən sağdan üçüncü 

idim; kənarları qatlanmış şlyapada, iri düyün vurulmuş, mirvarili sancaq taxılmış qalstukda, mülki 

polkovnik kimi qırx yaşına qədər saxladığım burma bığımla və koruş seminariya tələbəsi kimi yarım 

əsr sonra daha ehtiyacı duymadığım metal sağanaqlı eynəkdə. Bu fotoşəkli müxtəlif illərdə müxtəlif 

kabinetlərdə görmüşdüm, ancaq yalnız bu dəfə onun mənası mənə çatdı: lap əvvəldən burada çalışan 

qırx səkkiz adamdan yalnız dördü hələ sağ idi və bizdən ən kiçiyi çoxsaylı qətllərə görə iyirmi illik 

həbs cəzası çəkirdi. 

   Direktor telefon söhbətini bitirdi və mənim fotoşəklə baxdığımı görüb gülümsədi. «Xaçları mən 

qoymamışam, – dedi. – Məncə, bu yaxşı iş deyil. – O, masa arxasına keçib, başqa tərzdə danışdı: – 


İcazə verin  deyim ki, tanıdığım insanlar arasında ən anlaşılmazı sizsiniz. – Və təəccübümə rəğmən, 

birbaşa mətləbə keçdi: – Mən sizin işdən çıxmanızla bağlı ərizəni nəzərdə tuturam». Mən zorla macal 

tapıb deyə bildim: «Bu – mənim həyatımdır». O etiraz etdi ki, elə ona görə də bu çıxış yolu deyil. 

Məqalə isə onun çox xoşuna gəlib və qocalıq haqqında düşüncələrim onun oxuduqları arasında ən 

yaxşısıdır, bu səbəbdən də məqaləni  bütün vətəndaşlıq hüquqlarından mərhum edilmə qərarı ilə 

bitirməyin heç bir mənası yoxdur. «Xoşbəxtlikdən, – direktor dedi, – Murdar Qar Adamı məqaləni 

oxuyanda yazı artıq səhifələnibmiş və məqalə senzora qəbuledilməz görünüb. Heç kimlə 

məsləhətləşmədən məqaləni öz Torkvemada karandaşı ilə qaralayıb. Səhər bundan xəbər tutanda 

hakimiyyət orqanlarına etiraz notası göndərməyi tapşırdım. Bu mənim borcumdur, ancaq öz aramızda 

qalsın, boynuma alım ki, özbaşınalığına görə senzora minnətdaram. Ancaq notanın diqqətdən kənarda 

qalmasına imkan vermək fikrim yoxdur». O, ürəkdən xahiş edir: gəmini açıq dənizdə tərk etməyin. Və 

sözünü təmtəraqla bitirdi: «Biz hələ sizinlə musiqi haqqında çox danışacağıq». 

   Direktor sözündə elə qətiyyətli idi ki, aramızdakı ziddiyyətləri hansısa bir bəhanə ilə 

dərinləşdirməkdən qorxdum. Əslində, gəmini tərk etmək üçün elə bir səbəb yox idi və ancaq vaxt 

udmaqdan ötrü bu dəfə də hə deyəcəyim fikri məni dəhşətə gətirdi. Göz yaşı axıdacaq qədər 

biabırcasına kövrəldiyimi gizlətmək üçün özümü ələ almalı oldum. Və illər keçəndən sonra da, 

həmişəki kimi, yenə hərə öz fikrində qaldı. 

   Şənlikdən daha çox hay-küyü ilə yadda qalan həftəni yola verib, çapçıların bağışladığı pişiyi 

götürmək üçün heyvan yetişdirmə müəssisəsinə getdim. Heyvanlara, eləcə də, hələ dil açmamış 

körpələrə uyğunlaşa bilmirəm. Mənə elə gəlir, onların ürəyi laldır. Deyə bilmərəm ki, onları sevmirəm, 

sadəcə, onlara dözmürəm, çünki onlarla davranmağı öyrənməmişəm. Kişinin öz iti ilə arvadından daha 

yaxşı dil tapması mənə qeyri-təbii görünür. Ona həyatı, hansı saatlarda yeyib-yeməməyi öyrədir, onunla 

danışır,  dərd-sərini bölüşür. Ancaq çapçıların bağışladığı  heyvanı götürməmək onların xətrinə dəyərdi. 

Üstəlik də, bu pişik parıltılı çəhrayımtıl tükləri, yanar gözləri olan qəşəng anqora pişiyi idi, elə də 

miyoldayırdı, deyirdin, bu saat danışacaq. Onu səbətdə, şəhadətnaməsi və qatlanan velosiped kimi 

istifadə təlimatı ilə birlikdə verdilər. 

   Hərbi patrul San Nikolas parkına daxil olmaq istəyən adamların sənədlərini yoxlayırdı. Belə bir şeylə 

heç vaxt rastlaşmamışdım, bunun məndə yaratdığı ağır təəssüratı isə qocalıq əlaməti  saydım. 

Komandirləri, az qala, yeniyetməyə oxşayan patrul dörd nəfərdən ibarət idi. Sərt dağlıq ərazidən olan 

bu sağlam oğlanlardan burdaq iyi gəlirdi. Dəniz havasından yanaqları qızarmış zabit diqqətlə onlara 

göz qoyurdu. O, şəxsiyyət və jurnalist vəsiqəmi yoxlayıb, səbətdə nə olduğunu soruşdu. «Pişikdir», – 

dedim. Baxmaq istədi. Pişiyin sıçrayıb qaçacağından qorxub, səbətin qapağını çox ehtiyatla açdım, 

ancaq patrul səbətin dibini yoxlamaq istədi və pişik onu cırmaqladı. «Əla anqora pişiyidir», – zabit 

dedi. Nəsə pıçıldaya-pıçıldaya pişiyi sığalladı, pişik ona toxunmadı, ancaq ona fikir də vermədi. «Neçə 

yaşı var?» – zabit maraqlandı. «Bilmirəm, – dedim, – onu mənə indicə bağışlayıblar». «Qoca olduğuna 

görə soruşuram, yəqin, on yaşı olar». İstədim bunu hardan bildiyini və bəzi başqa şeyləri öyrənəm, 

ancaq ədəbli davranışına, gözəl tələffüzünə baxmayaraq, onunla danışmağa heyim yoxdu. «Məncə, onu 

atıblar, əldən-ələ keçib, – zabit dedi. – Ona diqqətlə yanaşın, məcbur etməyin ki, siz istəyəni eləsin, 

əksinə, siz onun istədiyini eləməyə çalışın, onun etibarını qazanana qədər gözləyin». O, səbətin 

qapağını örtüb soruşdu: «Bəs siz nə ilə məşğulsunuz?». «Jurnalistəm». «Çoxdan?». «Bir əsrdir», – 

cavab verdim. «Elə bu cür də fikirləşirdim», – o dedi. Əlimi sıxdı və xudahafizləşəndə dediyi sözləri 

həm xeyirxah məsləhət, həm də xəbərdarlıq kimi qəbul etmək olardı: «Özünüzdən muğayat olun». 

   Günorta telefonu söndürdüm ki, çox nəfis seçilmiş musiqinin sehrinə dalım: Vaqnerin orkestr ilə 

klarnet üçün rapsodiyası, Debüssinin saksafon üçün rapsodiyası və əsərlərinin kəskin dönüşlərində 

behişt istirahəti bəxş edən Brüknerin simli alətlər üçün kvinteti. Mən otağın alaqaranlığına qapıldım. 

Və birdən hiss etdim ki, masanın altından nəsə keçdi, mənə elə gəldi ki, bu canlı varlıq deyil, 

fövqəltəbii substansiyadır, o, mənim ayağıma toxundu, səs, ardınca isə sıçrayış eşidildi. Bu, pişik idi, 

qəşəng tüklü quyruğu ilə sirli-sehrli ləng, mifik varlıq və mənim tüklərim biz-biz oldu: otaqda insan 

olmayan canlı varlıqla tək qalmışdım. 


   Qüllədə saat yeddini vuranda qızarmış səmada bircə dənə tənha parlaq ulduz qalmışdı və hansısa 

gəmi sahildən aralanıb həsrətli vida fiti verdi, baş tuta biləsi, ancaq baş tutmayan bütün Sevgilərin 

qəhəri məni boğdu. Daha dözə bilmədim. Telefonun dəstəyini qaldırdım, ürəyim az qalırdı sinəmdən 

çıxsın, çaşmayım deyə dörd rəqəmi yavaş-yavaş yığdım və üçüncü siqnaldan sonra səsi tanıdım. 

«Yaxşı, – rahat nəfəs aldım, – səhərki əsəbiliyə görə məni bağışla». Rosa heç nə olmamış kimi dedi: 

«Eybi yoxdur, sənin zəngini gözləyirdim». Mən xəbərdarlıq etdim: qoy Allah onu necə yaradıbsa, o cür 

də olsun, sifətinə heç bir boya vurmasın. O, bərkdən güldü. «Özün bilən yaxşıdır, intəhası, onun 

paltarını bir-bir çıxartmaq ləzzətindən özünü məhrum edirsən, bilmirəm niyə, ancaq qocalar belə 

etməyi xoşlayırlar». «Mən isə bilirəm, – cavab verdim. – Soyundurduqca onlar bir az da qocalırlar». O 

razılaşdı. «Oldu, – dedi, – deməli, düz axşam saat onda, nə qədər ki istəyir, özünü yetir». 

 

III. 


 

   Adı necə idi? Rosa mənə deməmişdi. Həmişə onu, sadəcə olaraq, «ninya» – «qız» adlandırırdı. Mən 

də ona «ninya» dedim, «Ninya, gözümün işığı», ya «Ninya», Kolumbun balaca karavellası. Rosa 

Kabarkas müxtəlif müştərilər üçün qəyyumluq etdiyi qızlara müxtəlif adlar verirdi. Bəzən məzələnib, 

adı sifətə görə tapmağa çalışırdım, lap əvvəldən də əmin idim ki, qızın Filomena, Saturnina, ya Nikolas 

kimi uzun adı var. Qız o biri üzünə, kürəyi mənə tərəf çevriləndə bu haqda düşünürdüm və mənə elə 

gəldi ki, bədəni böyüklükdə qan gölməçəsinin içinə uzanıb. Ətim ürpəşdi, mələfədə vur-tut tər ləkəsi 

olduğuna inanandan sonra özümə gəldim. 

   Rosa Kabarkas mənə məsləhət vermişdi ki, qızla ehtiyatlı davranım, o hələ qorxur, hər halda, ilk 

dəfəsidir. Üstəlik də, mərasimin ciddiyyəti qorxunu artırdığından, qıza daha çox pişikotu vermək lazım  

gəlmişdi; indi sakitcə uyuyur, onu oyatmağa qıymırsan. Və mən onun üçün kralın ata sevgisindən 

məhrum olan kiçik qızı Delqadina – Çəlimsiz haqqında mahnını zümzümə eləyə-eləyə dəsmalla tərini 

silməyə başladım. Sildikcə musiqinin ritminə uyğun olaraq gah o yana, gah bu yana dönürdü: 

«Delqadina, Cüllüt, səni çox istəyəcəklər». Bundan əməllicə ləzzət alırdım, çünki bir böyrünü silməyə 

macal tapmamış, yenə tərləmiş o biri böyrünü mənə tərəf çevirirdi, belə ki, mahnı bitmək bilmirdi. 

«Dur, Cüllüt, geyin, Cüllüt», – onun qulağına oxuyurdum. Mahnının sonunda, kralın qaravaşları onu 

yataqda susuzluqdan ölmüş görəndə mənə elə gəldi ki, qızcığazım öz adını eşidib, indicə oyanacaq. 

Çünki o elə, doğrudan da, Delqadina – Cüllüt idi. Mən öpüşlərlə bəzənmiş alt paltarında yatağa uzanıb, 

qızın yanında özümə yer elədim. Saat beşə kimi onun həniri altında yatdım. Yuyunmadan tezcə 

geyindim və yalnız bu vaxt dodaq boyası ilə güzgüyə yazılmış sözləri gördüm: «Pələng yemək dalınca 

uzağa getmir». Keçən gecə burada olmadığım yadımdadır, başqa heç kim də bu otağa girə bilməzdi, 

ona görə həmin sözləri şeytanın nəsihəti kimi qəbul etdim. Göy gurultusunun qorxunc səsi məni 

qapının ağzında haqladı və otağa nəm torpağın  qoxusu doldu. Qaçıb taksi tapana qədər dəhşətli leysan 

tökdü. May-oktyabr aylarında yağan belə leysanlar şəhəri yaman günə qoyurdu, çaya enən qızmış 

qumlu küçələr qabağına çıxan hər şeyi ağzına alıb aparan gur selə çevrilirdi. Üç aylıq quraqlıqdan 

sonra şəhəri yaxalayan həmin qeyri-adi sentyabr yağışları həm nicatverici, həm də dağıdıcı ola bilərdi. 

   Evin qapısını açan kimi bütün varlığımla hiss etdim ki, tək deyiləm. Divandan sıçrayıb eyvana qaçan 

pişiyi bir an gördüm. Boşqabda  qoyduğum yeməyin artığı qalmışdı. Sidiyin və təzə pişik nəcisinin 

üfunəti hər şeyə hopmuşdu. Bir vaxtlar öyrəndiyim latın dili kimi, pişiyi də öyrənmişdim. Təlimatdan 

oxumuşdum ki, pişik ifrazatını torpağa, mənim evim təki həyətsiz evlərdə isə gül dibçəyinə basdırır, ya 

xəlvət bir künc axtarıb tapır. Ən yaxşısı odur ki, elə ilk gündən pişiyi yönəltmək üçün mən etdiyim 

kimi, qum tökülmüş bir yeşik qoyasan. Təlimatda o da yazılmışdı ki, yeni evdə pişik ilk əvvəl öz 

ərazisini gözaltı eləyib, qalan hər yeri batırır və yəqin, məsələ elə bunda idi, ancaq təlimatda bununla 

necə mübarizə aparmaq barədə yazılmamışdı. Məni vərdişlərinə öyrətmək üçün o öz işində idi, ancaq 

uzanıb dincəldiyi xəlvəti yerləri, dəyişkən ovqatının səbəblərini açmamışdı. Mən ona müəyyən 

saatlarda yeməyi, eyvandakı qum dolu yeşikdən istifadə etməyi, yatdığım vaxt yatağıma sıçramamağı 

və süfrədəki xörəyi iyləməməyi öyrətmək istəyirdim, ancaq ona təlqin eləyə bilmədim ki, ev – onun 


şəxsi mülkiyyətidir, heç də hərbi qənimət deyil. Bezib axırda pişiyi başlı-başına buraxdım. 

   Axşama yaxın leysan tökdü, qasırğa az qalırdı evi yerindən qoparsın. Asqırırdım, başım ağrıyırdı, 

hərarətim yüksəlmişdi, ancaq mənə, sanki, heç bir yaşda və şəraitdə hiss etmədiyim güc, qətiyyət 

gəlmişdi. Daman yerlərin altına ləyən qoydum, aydın oldu ki, yırtıq-deşik keçən qışa nisbətən çoxalıb. 

Ən iri yırtıqdan daman su artıq kitabxananın sağ tərəfini basmağa başlamışdı. Oradakı yunan və latın 

kitablarını xilas etməyə tələsdim, ancaq kitabları rəfdən götürəndə divardan su fışqırdı, demə, boru 

partlayıbmış. Vaxt qazanıb, kitabları xilas etmək üçün bacardığım qədər deşiyə əski tıxadım. Yağış və 

külək parkda get-gedə lap tüğyan edirdi. Birdən göy dəhşətlə guruldadı və ildırım tavanı doğradı, qatı 

kükürd qoxusu ətrafı bürüdü, eyvanın şüşələri sındı və dənizdən qalxan fırtınalı külək cəftələri qoparıb, 

evə soxuldu. Ancaq heç on dəqiqə də keçmədi ki, hər şey birdən sakitləşdi. Gün çıxıb, qır-qırıntı və 

zibillə örtülmüş küçəni qurutdu, isti geri qayıtdı. Leysan keçdi, amma evdə tək olmadığım duyğusu 

qaldı. Bunun bir izahı var: həqiqətən baş verən şeylər bəzən unudulsa da, heç vaxt baş verməyən şeylər  

həqiqətən olubmuş kimi yadda qalır. Və indi o leysanı xatırlayanda özümü evdə tək-tənha hiss etmirəm, 

Cüllüt də həmişə mənimlədir. Gecə qızı elə yaxında hiss etdim ki, onun nəfəsini, yastığıma söykənən 

yanağının hərdən necə titrədiyini də duydum. 

   Yalnız onda anladım ki, bu qısa vaxtda birlikdə çox işlər görə bilərdik. Yadımdadır, kitabxanada 

kətilin üstünə çıxmışdım, o isə güllü donunda oyanıb, islanmasın deyə kitabları yığırdı. Onun təpədən 

dırnağa islanmış halda, topuğa qədər su içində tufanla vuruşaraq, evdə oyan-buyana qaçdığını 

görürdüm. Xatirimdədir, ertəsi gün o, bu evdə çoxdan unudulmuş səhər yeməyi hazırladı və mən gecə 

seldən sonra döşəməni qurulayıb, evi sahmana salana qədər süfrə açdı. Və süfrə arxasında onun necə 

tərs-tərs mənə baxması heç vaxt yadımdan çıxmaz: «Sən axı niyə belə qoca vaxtında mənimlə tanış 

oldun?» Mən ona həqiqəti dedim: məsələ yaşda deyil, özünü neçə yaşda hiss etməyindədir. 

   Həmin vaxtdan onu yadımda elə aydın saxlamışdım ki, onunla istədiyimi eləyirdim. Ovqatımdan asılı 

olaraq, gözünün rəngini dəyişirdim. Yuxudan duranda bu gözlər dəniz rəngində olurdu, güləndə mis 

rəngində, hirslənəndə alov rəngində. Yenə də ovqatımdan asılı olaraq, onu yaşına və şəraitə uyğun 

geyindirirdim: iyirmi yaşında – aşiq olmuş təvazökar qadın, qırx yaşında – özünü kübar qadınlara 

bənzətməyə çalışan yüngüləxlaqlı qadın, yetmişində – Babilistan çariçası, yüz yaşında isə – müqəddəs. 

Birlikdə Puççininin eşq duetlərini, Aqustina Laranın bolerosunu, Karlos Qardelin tanqosunu oxuyurduq 

və bir daha inanırdıq ki, oxuya bilməyənlər bunun necə böyük xoşbəxtlik olduğunu təsəvür eləməzlər. 

İndi mən tamamilə əminəm: bu, ağlın çaşması deyildi, doxsan yaşında ömrümdə ilk dəfə məni tapan 

məhəbbətin möcüzəsi idi. 

   Evi qaydaya salandan sonra, Rosa Kabarkasa zəng vurdum. «İlahi! – səsimi eşidib qışqırdı, – mən isə 

elə bilirdim sən boğulmusan». O anlaya bilmirdi ki, necə olur, gecəni qızla keçirəsən, ancaq yenə ona 

toxunmayasan. «Bəlkə o, xoşuna gəlmir, öz işindi, amma özünü, heç olmasa, böyük kimi apar». 

İstədim ona izah eləyəm, di gəl Rosa birdən mövzunu dəyişdi: «Yaxşı, səndən ötrü yaşca ondan böyük 

bir gözəl qız da var, o da bakirədir. Atası onu evə dəyişmək istəyir, intəhası, sövdələşmək olar». Ürəyim 

əsdi. «Sən nə danışırsan, – qorxub tezcə etiraz etdim, – həminkini istəyirəm, hər şey də razılaşdığımız 

kimi mübahisəsiz və cəncəlsiz olsun». Dəstəkdən bir müddət səs çıxmadı, nəhayət, sakitləşmiş səs, elə 

bil, özü ilə danışırmış kimi dedi: «Hə, hiss olunur, həkimlər bunu qocalara xas kəmağıllıq 



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə