LƏman vaqifqizi şƏKİ folklor müHİTİ baki 2012



Yüklə 1,74 Mb.
səhifə1/10
tarix29.05.2017
ölçüsü1,74 Mb.
  1   2   3   4   5   6   7   8   9   10


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

---------------------------------------------------------------------
LƏMAN VAQIFQIZI

ŞƏKİ FOLKLOR MÜHİTİ


BAKI - 2012

AMEA Folklor İnstitutu

Elmi Şurasının qərarı ilə

nəşr olunur.

Elmi redaktor: Əfzələddin ƏSGƏR

filologiya üzrə fəlsəfə doktoru




Rəyçi: Muxtar KAZIMOĞLU (İMANOV)

filologiya üzrə elmlər doktoru




Nəşrinə məsul: Əziz ƏLƏKBƏRLİ

filologiya üzrə fəlsəfə doktoru, dosent



Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti, Bakı, 2012. – 248 səh.
Monoqrafiyada Şəkidən toplanmış folklor materiallarından, on­ların regional xüsusiyyətlərindən bəhs olunur. Kitabdan ali mək­təb­lərin filologiya fakültə­ləri­nin­ bakalavr və magistr pillələrinin tələ­bə­­ləri, tədqiqatçılar istifadə edə bilər­lər.­
S 3202050000 Qrifli nəşr

098 - 2012
© Folklor İnstitutu, 2012.

MÜNDƏRİCAT



ÖN SÖZ…………………………………………...........4
I FƏSİL. Şəki folklor bölgəsi.........................................12

1.1. Bölgənin coğrafi təsviri və onun folklorda

ini­ka­sı.......................................................................13

1.2. Rayon əhalisinin etnik tərkibi…………………...…18

1.3. Etnoqrafik, etnik və dini qarşılaşdırmalar…….........24

1.4. Əhalinin məşğuliyyəti və onun folklorda ifadəsi…....33

1.5. Qərbi azərbaycanlılar və Qarabağ sakinlərindən toplan­mış

folklor mətn­lə­ri­nin­ səciyyəvi xüsusiyyətləri.....................40

1.6. Şəkili xarakteri və folklor……………………..........47

1.7. Şəki şivəsi və folklor…………………………….....56


II FƏSİL. Şəkidən toplanmış folklor mətnlərinin təsviri.60

2.1. Mifoloji mətnlər və obrazlar…………………..........60

2.2. Aşıq sənəti…………………………………….......116

2.3. Şəki ağıları…………………………………….......127

2.4. Nağıllar…………………………………………....134

2.5. Şəki lətifələri……………………………………...136

2.6. Paremioloji vahidlər…………………………........142

2.7. Uşaq folkloru……………………………...............153


III FƏSİL. Şəki folklorunun müasir vəziyyəti...........165

3.1. Folklorun əsas daşıyıcıları və onların repertuarı.....165

3.2. Folklor məclisləri (folklorun söyləndiyi yerlər):

dünən və bu gün…………………………..............190

3.3. Mərasim folklorunun müasir vəziyyəti……….......193

NƏTİCƏ……….………………………………….......209

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT…….…….....215

AD GÖSTƏRİCİ .........................................................229

ÖN SÖZ

Ümumazərbaycan folklorunun dərk olunmasında ay­rı­-ayrı bölgələrin və folklor mühitlərinin öyrənilməsi mühüm rol oynayır. İn­di­yə­dək­ Şəki folkloru müəyyən qədər toplanılsa da, bu bölgənin folkloru haqqında mü­əyyən fikirlər söylənilsə də, bütövlükdə Şəki folklor mühiti araş­dı­rıl­ma­yıb.­ Bu hal Azər­­baycanın ən zəngin folklor bölgələrindən biri olan Şəki folklor mü­hitinə, onun regional xüsusiyyətlərinə kompleks ya­­naşma zərurətini yaradır.

Azərbaycan folklorunun bölgələr üzrə araşdırılması klas­­­­­sik folklorumuzun öy­rənilməsinə və orada baş verən də­yişikliklərin izlənilməsinə kömək edir. Folk­lor­ mühitlərini öyrənmək, orada baş verən prosesləri izləmək həmin bölgənin folk­­lorunu daha dərindən toplamaq zərurətini yaradır. Folk­lo­run regionlar üzrə öy­rənilməsi müxtəlif bölgələrdən qeydə alınmış folklor mətn­­ləri arasındakı, eləcə də­ folklor söylə­yicilərinin repertuarındakı oxşar və fərq­­li cəhətləri aşkara çı­xa­rır.­ Bu da öz növbəsində ümumtürk folklorunun bir qo­lu olan Azərbaycan folk­lo­runa məxsus folklor mətnlərinin, eləcə də folklor ob­raz­­­larının arxaik se­man­ti­kasının öyrənilməsində mühüm rol oynayır. Folklorun re­­gion­lar üz­rə öy­rə­nil­mə­­si həm də gələcəkdə yaradılacaq Azərbaycan folklor xəritəsinin ha­zır­­­lan­ma­sı­na töhfədir.

Şəki folklorunun regional xüsusiyyətləri kom­pleks­­­ hal­da öyrənilməsə də, onun ayrı-ayrı problemlərinə həsr olunmuş araş­dır­ma­lar mövcuddur. R.Əfəndiyevin «Şəkidə evlənmək adətləri», prof. T.Hacıyevin «Şəki folklorunun dil özəlliyi haq­­qında bir-iki söz», E.Talıblının «Şəki lətifələrinin qaynaq­ları və təşəkkülü haqqında», B.Babayevin «Şəki lətifələrində tip və prototip» adlı məqalələri, Y.Qa­­ra­yevin «Şəki folklor an­­­tologiyası»nın I cildinə və F.­Çələ­binin «Şəki folklor anto­logiyası»nın II və III cildlərinə yazdığı ön sözlər bu­ böl­gənin folk­lor xüsusiyyətləri haqqında müəyyən təsəvvür yaradır. Bun­dan­ başqa, tədqiqatçı M.Ab­dul­layevanın «Azərbaycan folk­­lorunun regional xü­su­siy­yət­lə­ri (Şəki-Zaqatala folklor nü­munələri əsasında)» adlı tədqiqatında­ da bu bölgənin regio­nal xüsusiyyətlərinə müəyyən yer ay­­rıl­mışdır.

Monoqrafiyanın obyekti Şəki folklor mü­hitidir. Onun pred­metinə Azər­bay­can folkloru antologi­ya­­sının üç cildində (IV, VI və XVIII cildlər) çap olunmuş folklor mətn­ləri, müx­tə­lif əlyazmalarda qo­run­muş­ materiallar, Şəki ərazisindən top­­la­na­raq çap olunmuş müxtəlif elmi-kütləvi nəşr­lər, AMEA Folk­lor İnstitutunun ar­xi­vin­də saxlanılan materiallar, eləcə də bi­zim­ 1996 və 2001-2005-ci illər ərzində Şəki ra­yonuna folk­lor eza­miy­yətləri za­ma­nı topladığımız folklor mətnləri daxildir.

Tədqiqatın məqsədi Şəki folklor mühitini, onun­ regional xüsusiyyətlərini öyrənməkdir. Bu məqsədə çatmaq üçün qar­şıya qo­yulan vəzifələr aşağıdakılardan iba­rət­dir:

– bölgənin coğrafi təsvirini, əhalinin məşğuliyyətini, et­nik və etnoqrafik xü­­­susiyyətlərini, eləcə də onların folklorda ini­kasını tədqiq etmək;

– itirilmiş yurd yerlərimizdən qaçqın düşərək və depor­tasiya olunaraq Şə­ki­də­ məskunlaşan əhalinin folkloru ilə Şəki folklorunun münasibə­tini, fərq­­li və ox­şar tərəflərini, eləcə də ona Şəki folklorunun təsirini aşkarlamaq;

– Şəki folklorunun tipoloji xüsusiyyətlərini müəyyən­ləş­dirmək, bu əraziyə məx­­sus folklor mətnlərini həm digər böl­gə­lərimizdən qeydə alınmış, həm də baş­­qa türk xalqlarında möv­­cud olan variantları ilə yeri gəldikcə müqayisə edə­rək­ ox­şar və fərqli cəhətlərini üzə çıxarmaq;

– folklor məclislərini və folklorun yaşamasının bu məc­lis­lərdən asılılıq də­rə­cə­sini öy­rənmək;

– Şəki folklor söyləyiciliyinin səciyyəvi xüsusiyyətlərini tədqiq etmək;

– kitablardan oxunan, televiziya və radiodan eşidilən folk­lor nümu­nə­lə­ri­nin döv­riyyəyə daxil olmasını izləmək.

Azərbaycan folklorşünaslığında region folk­lo­­­­­ru­­­­nun təd­qiqi ilə bağlı müəyyən işlər görülmüşdür. F.e.d. H.İsma­yılo­vun «Göy­­­çə aşıq mühiti: təşəkkülü və inkişafı yolları» adlı dok­­torluq dissertasiyası və­­ eyniadlı monoqrafiyası, «Azər­bay­can folklorunun regional xüsusiyyətləri» ad­­­lı monoqrafiyası, f.e.d. Q.Paşayevin «İraq-türkman folkloru» adlı mo­noq­ra­fi­yası, f.e.d. S.Qəniyevin «Şirvan folklor mühiti» adlı doktorluq dis­­sertasiyası və ey­niadlı monoqrafiyası, f.e.d. V.Hacıyevin «Azərbaycan folk­lo­ru­nun səciyyəvi xü­susiyyətləri (Gürcüstan türklərinin folklor örnəkləri əsa­sın­da)» adlı doktorluq dis­sertasiyası və «Gürcüstanda türk xalq ədəbiyyatı» adlı mo­­no­­qrafiyası, fil.ü.f.d. Z.­Məhər­rəmovun «XX əsr Göyçə aşıq mü­hiti (1920-1950-ci illər)», fil.ü.f.d. T.Məm­­mədo­vanın «Bor­çalı aşıq mü­­hiti», fil.ü.f.d. M.Abdul­­layevanın «Azər­bay­can folklorunun regional xüsusiyyətləri (Şəki-Zaqatala folklor nü­munələri əsasında)» adlı tədqiqatlarında Azərbaycan region folk­lo­­ru­nun ayrı-ayrı məsələləri tədqiq olunmuşdur. Şəki folk­lor mühitinin öyrənil­mə­­sin­də həmin işlər örnək olaraq gö­türülmüşdür.

Tədqiqatın metodoloji əsasında region folk­lo­runun öy­rə­nilməsi sahəsində Azər­baycanda və beynəlxalq aləmdə əldə edilmiş nə­zə­ri və təcrübi biliklər durur.

Yuxarıda qeyd olunmuşdur ki, Azərbaycan folk­lo­ru­­­nun re­gionlar üzrə öyrənilməsində bizdən əvvəl də müəyyən işlər görülmüşdür. An­­caq region folklorunda etnik, etnoqrafik və dini qarşılaşdırmaların öyrənilməsi və onların folklor müstə­vi­sində təzahürlərinin aşkarlanmasına bizdən əvvəlki təd­­­qi­qat­larda rast gəlinmir.

İndiyədək Azərbaycanda nəşr olunmuş heç bir folklor top­lusuna salın­ma­yan, yəni Azərbaycan folklorşünaslığı üçün naməlum olan mifoloji obrazlarla bağ­lı mətn­­lər (Unuqay – Halın keçi dönərgəsi), Halın xoruz dönərgəsi, Süleysin, Vəh­şi adam və s.), eləcə də indiyədək nəşr olunan folklor toplula­rın­da epizodik yer­ alan mifoloji obraz və türk mifoloji dünya­gö­rüşünü əks etdirən mətnlər (Əz­ra­yıl, Xı­dır İlyas, Xıdır Nəbi, Naxış mifoloji obrazları ilə bağlı mətnlər, ovçuluqla bağlı mətnlər, vergili adamlar haqqında mətn­­­lər, pir sahibləri və onların möcüzələri haqqında mətnlər və s.) Şəki əra­zi­sin­­­dən toplanmış və ilk dəfə bu monoqrafiyada sistemli şəkildə araş­dırılaraq təd­qi­­qata cəlb olunmuş, onların türk mifologiya­sın­dakı yeri aşkarlanmışdır.

Şəki lətifələrinin qruplara bölünərək təsnifatı verilmiş­dir. Şəki bölgəsi üçün sə­ciyyəvi olan ağılar və bayatılar topla­naraq araşdırmaya cəlb­ olunmuşdur.

İlk dəfə bu araşdırmada Şəki folklorunun regional xüsu­siyyətlərinə kom­pleks­ halında yanaşılmışdır.

Folklor məclislərinin və folklorun bu məclislərdən asılı­lıq dərəcəsinin araş­dı­­rıl­ması əsərin elmi yeniliklərindən sayıla bilər.

Regiondan toplanmış folklor materiallarının dəqiq sta­tis­tikasının verilməsi də­­­ monoqrafiyanın elmi yeniliklərindən biridir.

Klassik folklorun müasir vəziyyəti ilk dəfə bu əsərdə araş­­­dı­rıl­mış­dır.­­

Şəki folklorunun toplanmasına XIX əs­rin sonlarından başlanmışdır. Bu ərazidən toplanmış folklor nümunələri ilk də­fə SMOMPK dərgisində nəşr olunub (136; 139; 145; 148; 149; 150). SMOMPK dərgisinin yeddi bu­ra­xı­lı­şı­n­da Şəkidən qeydə alınmış folklor mətnləri və həyatın müxtəlif sahələrini əks et­dirən etnoqrafik məlumatlar verilmişdir. Bu məcmuədə çap olunmuş folklor mətn­­ləri bir neçə janrı əhatə edir. Məc­muənin nömrələrində bir rəvayət, səkkiz na­ğıl,­ yeddi layla, on dörd ağı, otuz beş tapmaca, iyir­mi iki atalar sözü, bir düz­gü,­ bir mərasim nəğməsi (Qodu-qodu), bir uşaq nəğ­məsi (Qarı və buz) çap olun­muşdur. Mətnlərin bir qismi rus di­linə­ tərcümə olunaraq əsas mətnlə ya­naşı verilmiş, bir hissəsi isə rus di­lində əsas mətn verilmədən çap­ olunmuşdur. Burada çap olu­nan mətnlərdə pasport­laş­dı­rıl­ma yarımçıq aparılmışdır. Yəni yalnız mətnin toplayıcısının adı və qeydə alın­dığı ərazi gös­tərilmişdir.

Şəki folklorunun XIX əsrin sonu – XX əsrin əvvəl­lərin­də toplanılıb nəşr olun­­ması sahəsində Rəşid bəy Əfəndiyevin xidmətləri əvəzsizdir. O, yalnız Şə­ki­dən deyil, ətraf bölgə­lərdən də folklor mətnləri və etnoqrafik mə­lu­mat­lar top­layıb nəşr etdirmişdir. Rəşid bəy Əfəndiyevin qeydə aldığı folklor ma­te­ri­al­larının bir qismi «Bayatılar və el nəğmələri», eləcə də «El ədəbiyyatı» adlı əl­yaz­­malarında veril­miş­dir (45; 46). Bu əlyazmalarda toplanmış folklor mətnləri o dövr Şə­ki folkloru haq­qın­da müəyyən təsəvvürlər əldə etməyə imkan yaradır. Müə­l­lif folklor mətn­ləri­ni qeydə alarkən onların yerli dialekt və şivə xüsusiy­yətlərini qo­ruyub sax­lamağa çalışmışdır.

Repressiya və ondan sonrakı dövrdə ümumazərbaycan folk­lo­run­­da olduğu kimi bu regionun da folklorunun toplanıl­ması, nəşri və təd­qi­qin­də­­ bir öləzimə müşahidə olunur. Uzun müddətli fasilədən sonra 1987-ci ildə (təkrar nəşr 1988-ci il­də) H.Əbdülhəlimov «Şəkinin gülüş çələngi» adlı kitab çap et­dirmişdir (103). Burada folklorun müxtəlif janrları (lətifə, atalar sözü və məsəllər, al­qış,­ qar­ğış, ba­yatı və s.) təmsil olu­nur. Kitabda verilmiş folklor mətnlərinin şi­və­ xü­susiyyətləri gözlənilsə də, mətnlərin pasportlaşdırıl­ma­sı diqqətdən kə­nar­­da qalmışdır.

Elə həmin ildə başqa bir müəllifin – S.Əfən­­diyevin top­layıb tərtib etdiyi «Şəki lətifələri» kitabı çapdan çıxmışdır (105). Bu ki­­tab da Şəki folklorunun aktiv janrlarından sayılan lətifələrin toplanılmasında irə­li­yə doğru mühüm bir addım sayıla bi­lər.­ Amma kitaba daxil edilmiş mətnlərin pas­port­laş­dırılmaması və yerli ləh­cə xüsusiyyətlərinin gözlənilməməsi təəssüf do­ğu­rur.

1991-ci ildə S.Əfəndiyevin «Şəki lətifələri» adlı daha bir kitabı nəşr olunmuşdur. Həmin kitabın birinci nəşrində 131, ikinci nəşrində 281 lətifə verilmişdir.

Bunlardan başqa Şəkidən qeydə alınmış lətifələrlə müx­tə­lif lətifə toplularında da üzləşirik (38; 43; 90).

1992-ci ildə H.Əbdülhəlimov Şəki ərazisindən qeydə al­dığı folklor nümunə­­lə­rini «Saa quzu kəsərəm» adlı kitabın­da cəmləşdirmişdir (93). Bu kitabda əvvəl­ki­lər­dən­ fərqli ola­raq, informatorlar haqqında məlumat verilsə də, hansı mət­­nin­ kon­kret olaraq kim tərəfindən deyildiyi qeyd olunmamışdır.

Şəki folklorunun toplanılıb nəşr olunmasında xeyli zəh­mət çəkən H.Əbdülhəlimov 1994-cü ildə «Şəki lətifələri» adlı daha bir kitab çap etdirmişdir (106). Ki­tabda müxtəlif folklor janrlarına yer verilmişdir. Ancaq mətnlərin pas­port­laş­dırıl­ma­sı işinin düzgün aparılmaması burada da özünü gös­tərir.

Şəki folklorunun toplanılıb çap edilməsində AMEA Folk­lor İnstitutunun ro­lu böyükdür. 2000-ci ildə Azərbaycan Folk­loru Antologiyası silsiləsindən IV kitab Şəki ərazisindən qeydə alın­mış folklor mətnləri əsasında tərtib olunmuşdur (8). H.Əb­dül­həlimov, fil.ü.f.d. R.Qafarlı, fil.ü.f.d. O.Əliyev və V.Aslanın birgə tərtib etdiyi bu an­tologiyada folk­lorun əksər janrları əhatə olunmuşdur. Antologiyaya başqa folk­lor top­lu­la­rında çap olunmuş Şəki mətnləri də salınmışdır. Bu kitabın indi­yə­dək Şəki əra­zisindən toplanaraq nəşr olunmuş digər folk­lor nəşrlərindən­ fərqi ondadır ki, burada verilən folklor mətn­lərinin topla­yıcı və söyləyicilərinin dəqiq pas­­port­laş­­dı­rılmış­dır.

2002-ci ildə AFA silsiləsindən daha bir kitab işıq üzü gördü (10). Bu an­to­lo­gi­ya­nın tər­tibçisi H.Əbdülhəlimovdur. Kitabda verilmiş folklor mətnlərinin ək­sə­riy­yə­tini tərtibçinin özü toplamışdır. Antologiyaya digər kitablarda çap olun­muş Şəki folklor nümunələri də salınmışdır.

2005-ci ildə çap olunmuş «Şəki-Zaqatala folkloru» an­to­logiyasına salın­mış­ mətn­lərin bir qismini Şəki ərazisindən qeydə alınmış folklor nümunələri təş­kil edir (17).

H.Əbdülhəlimov 2009-cu ildə AFA silsiləsindən daha bir kitab hazırlayıb nəşr etdirdi (21). Bu antologiyada həm H.Əbdülhəlimov tərəfindən qeydə alınmış, həm də müxtəlif toplu, dərgi və qəzetlərdə nəşr olunmuş Şəki folkloru nümu­nə­ləri çap olunmuşdur.

2006-cı ildə S.Əfəndiyevin tərtibatı ilə «Şəkinin gülməli əhvalatları» adlı kitab nəşr olunmuşdur. Kitabın bir hissəsini adından da göründüyü kimi Şəkidən qeydə alınmış gülməli əhvalatlar və lətifələr, bir hissəsini isə tərtibçinin yazdığı yu­moristik şeirlər təşkil edir. Kitab Şəki folklorunun toplan­ma­sın­da uğurlu bir addımdır. Amma təəssüf ki, kitabda söylə­yi­cilər haqqında heç bir məlumat verilməmişdir (109).

Onu da qeyd etməliyik ki, indiyədək bu bölgədən top­la­nılmış materiallar əsa­sın­da hazırlanan bütün folklor toplu­la­rında folklorun əksər janrları özunə yer al­sa da, əsas ağırlıq lə­tifə janrına verilib. Bu toplulara nəzər salanda istər-is­tə­məz­ belə təsəvvür yaranır ki, Şəki folklorunda aparıcı yer lətifə jan­­­rına məx­sus­dur. Doğrudur, lətifə Şəki folklorunda aktiv janr­­dır. Bununla belə, bir sıra başqa folk­lor­ janrları da var ki, akti­vliyinə gö­rə lətifədən geri qalmır.

Bütün bunlarla yanaşı, biz də 1996-cı ildə, həmçinin 2001-2005-ci illər ər­zin­də Şəki ərazisində folklor ezamiyyət­lərində olmuş və xeyli folklor mətni (2000-dən­ çox mətn) qey­­­də almışıq (79). Tədqiqat işində həm indiyə qədər çap olun­­­­muş­ folklor nümunələrindən, həm də bizim tərəfimizdən qeydə alıınmış folklor ör­nəklərindən istifadə olunub.




I FƏSİL
ŞƏKİ FOLKLOR BÖLGƏSİ
Şəki rayonu ərazicə Azərbaycanın Quba rayonundan son­ra ikinci ən iri böl­­­gə­sidir (2488 km2). İnzibati ra­yon kimi 1930-cu ildə təşkil edilmişdir. 1963-cü­­­ ildə respublikada inzibati ra­yon­ların böyüdülməsi ilə əlaqədar olaraq ləğv edil­­­miş, ərazisi Oğuz ra­yo­nu­na verilmişdir. 1965-ci ildə isə Şəki bir inzibati ra­yon­­­ kimi yenidən bərpa olun­muş­dur. Mərkəzi Şəki şəhəridir.

Şəki şimaldan Rusiyanın Dağıstan Muxtar Respublikası, şərqdən Oğuz, cə­­­­n­ubdan Yevlax, qərbdən isə Qax inzibati rayonları ilə həmsərhəddir (29, 45).

1772-ci ildə Kiş çayının daşması nəticəsində Şəki şə­həri, demək olar ki, ta­ma­­­milə dağılmışdı. Şəhər əhalisinin bir qismi tələf olmuş, bir qismi başqa yer­lə­­rə köçüb getmişdi. XVIII əsrin sonunda Şəki şəhərində 6 min əhali qalmışdı (107, 15). Tarixi mənbələrin verdiyi məlumata görə, həmin daş­qından sonra Şə­ki­nin qa­lan əhalisi dərənin şərqində olan dağ ətəklərinə köçüb indiki Nu­xanı salmışlar (59, 23).

Şəki şəhərinin adı müxtəlif dövrlərdə gah Şəki, gah da Nuxa adlanmışdır. Axı­­rıncı dəfə 1968-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin «Nu­xa­ şəhərinin və Nuxa rayonunun adlarının dəyiş­dirilməsi haqqında fərma­nı»­na­­­ əsa­sən «Nuxa» adı «Şəki» ilə əvəzlənmişdir (104, 3). Şəki şəhəri rayo­nun yaşlı sakinlərinin di­lin­də hələ də Şəki şivəsinə uyğun ola­raq «Noxu» ad­landırılır. «Nuxa» adı ərazidən qeydə alın­mış folklor nümu­nə­lərində də iş­lə­di­lir:

Ay oğlan, noxulusan?

Gözdəri yuxulusan.

Minifsanı kəhər atı,

Qorxuyəm yıxılasanı (79).



1.1. Bölgənin coğrafi təsviri və onun folklorda inikası
Şəki rayonu Azər­bay­ca­nın şimal-qərbində Baş Qaf­qaz sı­ra dağlarının cənub ətəklərində, təbiətin fü­sun­kar guşəsində yerləşir. Rayonun şimal və şimal-şərq his­səsini Baş Qafqaz sil­siləsinin me­­şəli, subalp və alp çəmənli cənub yamacları, mər­­­kəzi hissəsini dağ­arası, bəzi yer­lərdə seyrək meşəli Qanıx-Həftəran vadisi, cənub və cənub-şərq hissəsini isə əsa­sən çöl landşaftlı Acınohur ön dağlığı və dağa­rası dü­zən­lik­lər təşkil edir. Əra­zinin hündürlüyü təqribən 100 metrdən Acınohur gö­lü sa­hil­lərində 3683 met­rədək (Seyidyurd dağı) dəyişir. Hün­dürlüyü 2000 metr­dən yu­xarı olan dağ­lar rayonun sahə­si­nin təxminən 5%-ni, 1000 m-dən yuxarı dağ­­lar­ 17%-ni təşkil edir.­ Dağlıq ərazilər əkinçilik üçün çox az istifadə olunur (29, 45).­

Rayonun şimalından cənubuna doğru bir-birinə paralel üç çay (Şin, Kiş və­­ Daşağıl çayları) axır (29, 51). Ərazinin müasir relyefi ol­duq­ca mürəkkəbdir. Kiş­ və Şin çayları gur sululuğuna görə nəinki Qafqazda, hətta bü­tün Avrasiya qi­tə­sin­də məşhurdur. Kiş çayı şimaldan Nohur, Çuxadurmaz, Se­­­­­­­­­­­­­­yid­yurd zirvələri ilə­ sər­həd­lənir. Şin çayı isə Seyidyurd və Qaraqaya dağları ara­­­sında yerləşir. Kiş­ çayı öz başlanğıcını Nohur dağından, Şin çayı isə 3000 m-ə yaxın hün­dür­lük­dən götü­rür. Kiş çayının əsas qolları Çuxadurmaz, Da­mar­çın və Sarıgüney çay­larıdır. Şin çayının əsas qolu Qara çay və Qoz­lu­dərə çay­larıdır. Bu çaylar Se­yidyurd və Ça­xıl dağlarının ətək­lərindən axır (29, 52).

Gördüyümüz kimi, Şəki rayonu olduqca zəngin coğra­fiyaya malikdir. Bu gö­zəl coğrafi mühitin təsiri folklordan da yan keçməmişdir. Bunu tamamilə tə­bii hal saymaq lazımdır, çünki «məhəlli coğrafiya konkret region folk­lo­run­da­ məhəlli özü­nə­məxsusluqların göstərici­lərin­dən­dir» (71, 17). Əra­zi­dən­ top­lan­mış folklor ör­nək­lərinin bir qismində Şəkiyə məxsus mə­həlli coğrafi adlar öz ək­­sini tapmışdır. Bu­na regiondan top­lan­mış əksər folklor janrlarında rast gəl­mək­ mümkündür. H.İs­­ma­yılovun «Zəngəzur folkloru mövzu və məzmun ba­xı­mın­­dan bu bölgənin coğ­rafiyası və cəmiyyəti ilə o qədər qay­na­yıb-qovuşub ki, bu­ folklor bölgədən təcrid olunsa, anla­şıl­maz hala gələ bilər» (63, 5) fikrini ey­nilə Şəki folkloruna da aid edə bilərik.

Bayatı folklorumuzun ən geniş yayılan, lakonik, təsirli və­ oynaq janr­la­rın­dan biridir. Hər bir ərazidən toplanan folk­lor nümunələri, o cümlədən ba­ya­­tılar hə­min ərazidə yaşayan­la­rın adət-ənənəsini, etnoqrafiyasını, həyat tər­zi­ni, bütöv­lükdə dün­yagörüşünü əks etdirir.

Şəkidən qeydə alınmış bayatılarda yerli kolorit özünü aç­ıq-aydın göstərir. Bu,­ hər şeydən əvvəl, peyzajlarda üzə çı­xır. Şəkidən toplanmış bayatıların bir qis­min­də ərazinin sanki söz­lə rəsmi çəkilmişdir. Bu bayatılar Şəkinin təbiəti, mən­zə­rəsi haqqında ətraflı məlumat verir. Aşağıdakı nümunələr hət­ta Şəki haq­qında heç bir bilgisi olmayan şəxsdə də bölgənin iq­limi barədə müəyyən tə­sə­v­vür yarada bilər:
Bu yol Şəki yoludu,

Daş-çınqılla doludu.

Çiynimə kölgə düşdü,

Sandım ki, yar qoludu (8, 310).


Şəki yolu budumu?

Arxlar dolu sudumu?

Mənə söz verən gözəl,

Ehtibarın budumu? (8, 310)

Ərazidən toplanmış bayatıların bir qismi Şəkiyə məxsus toponimləri özü­n­də əks etdirsə də, bu bayatılar ümumazər­bay­can bayatılarının Şəki varian­t­ları­dır. Şəki həmin bayatılara özünə aid toponimləri salmaqla onları bir növ «özü­nünkü­ləş­dirib». Aşağıdakı bayatı təkcə Şəki rayonundan üç variantda qey­də alınmışdır:
Corabın ağına bax,

Dəsdələ, bağına bax.

Mən yadınıa düşəndə

Çaxılın dağına bax (79) = Şəkinin dağına bax (8, 309).


Bıçağın bağına bax,

Dolağın ağına bax.

Yar yadınıa düşəndə,

Daşüzün dağına bax (10, 325).

Bu bayatının digər regionlarımızdan qeydə alınmış va­riantlarında Şəkiyə məx­sus toponimika hər bölgənin öz to­ponimikası ilə əvəzlənmişdir:
Coravın ağına bax,

Dəstələ, bağına bax.

Mən yadına düşəndə,

Ələyəz dağına bax (7, 666) = Yaqublu dağına bax (17, 77)

= Naxçıvan da­ğı­na bax (5, 278).
Kağızın ağına bax, = Məktubun ağına bax (17, 100).

Çöyürüb sağına bax.

Mən yadına düşəndə, = Yar yaduva düşəndə,

İlisu dağına bax (17, 100) = Oğuzun dağına bax (17, 100).

Köynək tik, ağına bax,

Sədəf düz, sağına bax.

Yar yadına düşəndə

Zaqatala dağına bax (17, 100).


Aşağıdakı nümunədə də eyni mənzərə ilə üzləşirik. Ba­ya­tıdan «Şəkinin gə­dik­ləri» ifadəsini çıxarıb yerinə «Selimin gədikləri» ifadəsini salan kimi «Şəki ba­yatısı» «İrəvan baya­tısı»na çevrilir:
Şəkinin gədikləri,

Ərkəc qoç yedikləri,

Yadıma bir-bir düşür

Yarımın dedikləri (8, 310).


Selimin gədikləri,

Heyvadır yedikləri,

Əğyar, sən deyən olmaz

Düzdü yar dedihləri (14, 361).


Gördüyümüz kimi, bayatılarda dəyişən yalnız dağ adla­rıdır. Hər bölgə bu ba­yatılara öz «möhürünü vurub». Elə Azərbaycan bayatıları da var ki, onlarda to­ponim işlənmir. Amma müxtəlif regionlar bu bayatılara öz toponimlərini sal­maqla onları həmin regionun «malı edir»:
Gedirdim qırağ ilə,

Ot biçdim orağ ilə. = Gül biçdim orağ ilə.

İtirmişəm yarımı, = Əziz bala itirdim (79)

Gəzirəm sorağ ilə (7, 666).

Kiş çayının qırağıynan, = Arazın qırağıynan (79),

Gül biçdim orağıynan.

İtirmişəm yarımı,

Gəzirəm sorağıynan (8, 309).


Qanıx qırağındayam,

Ləmpə çırağındayam.

İtirmişəm yarımı,

Onun sorağındayam (17, 65).


Şəki folklorunun ayrılmaz hissəsi sayılan lətifələr də ono­­mastikanı əks et­dir­mək baxımından zəngin material verir. Onomastik vahidlərlə, adətən, lə­ti­fə­nin­ əvvəlində rastlaşırıq: «Ab­dulcabbarın cibində bircə manat pulu qalmışdı. Çox­ fi­kir­ləşəndən sonra afdobusa minib Suçmaya yola düşür…», «Bir gün Axu­nd Fərəc Şəkinin aşağı məhəlləsində Mirzə Abdul­cab­bara rast gəlir…», «Şi­rin kişi yenə də Göynükdən arvad alır…», «Ömründə Şəkidən qırağa çıx­ma­yan bir qadın Qış­lağa getməli olur…» və s. (8, 20-25).

Şəkidə çoxlu lokal yer adları vardır ki, bu adlar yalnız bir kəndin, yaxud bir­ ne­çə kəndin əhalisi üçün tanışdır. Əra­zidən qeydə alınmış mifoloji rəva­yət­lər­də be­lə ərazi adları ilə tez-tez qarşılaşmaq mümkündür. Qeyd edək ki,­ Şəkinin coğ­rafi yer adları mifoloji rəvayətlərdə digər janrlara nisbətən daha ge­niş əks olunur. Ba­ya­tılarda, lətifələrdə təkcə coğrafi ad­lar verilirsə, mifoloji rə­va­yətlərdə adı çəkilən ərazinin təs­viri də verilir: «Öyümüzdən havı nə qədə di­yim, havırdan Və­dutgilə qə­də aralı qavırrıx varıydı. Horda – yolun qı­ra­ğın­da­ balacə-balacə dağdağan­narıy­di…», «Sora mən Qarasovda işdiyirəm. Öyü­müz­­dən də uxarıda bi sazdıx (qamış­lıq) var, at girəndə hora adamnar hunu at­nan­ çıxardıy…», «…Gəlif çatıy Şin ça­yi­nə, Şin çayini də keçənnən sora ho tə­rəf­lər qavır­rıxdı…», «Ciyim danışiydi ki, İs­lam babam Qaxdan Gönüyə gə­liy­miş.­ Layisqiynən Cunudun arasında Tala qavır­rı­ğı var, qədimdə qaçaxlar ölüf, hora basdırıflar, qaçax qavırrığıdı, nəsə…» və s. (79).

Digər janrlarla müqayisədə atalar sözü və məsəllərdə, eləcə də tap­ma­ca­lar­da coğrafi yer adları az işlənir: «Dəh­nə­liyə salam verdını, əlınıı çəkəndə bar­mağınıı say» (79); «Bur­dan vurram qılıncı, Dəhnədən çıxar ucu (şimşək)» (10, 90).­

Şəkinin coğrafi yer adları ilə ifadə və deyimlərdə də üz­ləşirik. Şəkidə hər­dəmxəyal, tez-tez fikrini dəyişən adamlar haq­qında «Əşşi, filankəs Şin ça­yi­di­, sahatda bi löyün oluy» (79) deyirlər. Şin çayı güclü yağışlar zamanı daşaraq ət­rafda nə var­sa, hamısını yuyub aparır. Bu çay axarını da tez-tez dəyişir. De­yi­lənlərə görə, əvvəllər Layısqı kəndinin yanından axan çay, indi Baş Göynük kən­dinin yanında yataq salıb. Bu­nu müşahidə edən şəkili insanın qeyri-sa­bit­li­yi ilə çayın tez-tez öz axarını dəyiş­mə­si arasında bir əlaqə görmüş, nəticədə qüv­vətli metafora yarat­mışdır. Özündən çox razı adam haq­qında «Onnan heş Avar­mıx meşəsində də yoxdu» (79) ifadəsi işlədilir. Həmişə səhhətindən gileyli, va­svası adamlara za­ra­fatla «Qorxma, Şində də biri həblə olmuşdü. Yazıx, heş üş­ gün yaşəmədi» (79) deyirlər və s.


1.2. Rayon əhalisinin etnik tərkibi
2009-cu ilin statistik göstəricilərinə görə, Şəki ra­­yo­nu­nun əhalisi 170733 nəfər idi. Şəki şəhərində 62965 nəfər əhali ya­şa­yır. Qalan əhali isə (107768 nəfər) kənd və qəsəbələrdə ya­şayır. Rayonun tərkibində iki qəsəbə – Turan və Çələbixan qəsəbələri, 67 kənd və başqa xırda yaşayış məntəqələri var (28, 57).


Şəki rayonunun əhali sayı

Nəfər

Faiz

Bütün əhali

170733

100%

Azərbaycan türkləri

163092

95,52%

Ləzgilər

7152

4,19%

Ruslar

121

0,07%

Türklər


26

0,02%

Kürdlər


26

0,02%

Avarlar

14

0,01%

Tatarlar

10

0,01%

Ukraynalılar

6

0,00%

Digər millətlər


286

0,17%

Kataloq: arasdirmalar
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəLİ xuluflu – 120
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ
arasdirmalar -> Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi
arasdirmalar -> Amea-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşrləri (2010-2016) Kazımov Q
arasdirmalar -> Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu rza xəLİlov- 70 baki – 2015
arasdirmalar -> Created by Neevia Personal Converter trial version ялимярдан бяй топчубашов
arasdirmalar -> AZƏrbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə