«magиstratura mяrkяzи»


Büdcə təsnifatı və büdcə gəlirlərinin formalaşması prinsipləri



Yüklə 0,6 Mb.
səhifə2/8
tarix09.12.2016
ölçüsü0,6 Mb.
1   2   3   4   5   6   7   8

1.2. Büdcə təsnifatı və büdcə gəlirlərinin formalaşması prinsipləri

Respublikanın büdcə sistemi bütün büdcələrin va­hidliyi və müstəqilliyi prinspləri üzərində qurulmuşdur. Bütün büdcələr sərbəstdir və onların hər biri müəyyən vəzifə və funksiyanı yerinə yetirir. Hazırda respubli­kamız müstəqil bir dövlət olmaqla özünün sərbəst büdcə hüququna malikdir. Büdcə hüququ məfhumunda dovlət büdcəsi və onun ayrı-ayrı həlqələrinin tərtibi, müzaki­rəsi, təsdiqi və icrası, eləcə də büdcənin yerinə yetiril­məsinə dair hesabatların tərtibi və təsdiqi qayda­ları üzrə mərkəzi və yerli dövlət hakimiyyət orqan­larının fəaliyyətini nizamlayan hüquqi normaların məcmusu başa düşülür.

Dövlət büdcəsinin bölüşdürücü və nəzarət funksiya­ları bir-birilə sıx əlaqədardır. Hər hansı bölgü nəzarətsiz həyata keçirilmir, yəni pul vəsaitləri ayrı-ayrı sahələrə yönəldildik­dən sonra onun öz təyinatına uyğun qənaətlə xərclən­məsinə ciddi nəzarət edilir. Bu funksiyalar dövlət büdcəsinin mahiy­yətini özündə əks etdirir. və iqtisadiyyatın bütün sahələri ilə sıx surətdə bağlıdır. Bu funksiyalar əsas etibarilə bölgü və nəzarət funksiyası kimi qəbul olunur . Bütün bunlar birlikdə dövlət büdcəsi mexanizmini təşkil edir. Dövlət büdcə mexanizmi ilə özünün sosial- iqtisadi məsələlərini həll edir, maddi istehsal və qeyri-istehsal sferasının inkişaf etdirilməsində əsas rol oynayır.

Azərbaycan Respublikasının qanunvericilik siste­mində ən yüksək hüquqi qüvvəyə malik olan Azərbay­can Respublikasının Konstitusiyasında büdcə sis­te­mi­nin əsas tərkib hissələrindən biri olan dövlət büdcəsinin hüquqi əsasları barədə bir sıra müddəalar öz əksini tapmışdır.

Konstitusiyanın 109.2 və 119-cu maddələ­rinə əsa­sən – «Azərbaycan Res­pub­likasının Nazirlər Kabineti dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respub­­lika­sının Prezidentinə təqdim edir, Azərbaycan Respublikasının Pre­zi­den­ti isə həmin layihəni Milli Məclisin təsdiqinə verir». Konstitusiyanın 95-ci maddəsinin 5-ci bəndinin tələblərinə əsasən – «Azərbaycan Respub­likasının Preziden­tinin təqdimatına əsasən Azərbay­can Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət məsələlərinin həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə daxildir».

«Büdcə sistemi haqqında» Azərbaycan Respub­likası Qa­nu­nunun qəbulu ölkənin sosial-iqtisadi inkişa­fında əhəmiy­yətli rol oynayan, dövlətin iqtisadiy­yata təsir alətlərindən olan dövlət büdcəsinin tərtibi prosesınin əsaslarını müəy­yənləş­dır­miş­dir. Qeyd olunmalıdır ki, ilk dəfə olaraq bu Qanunla aşa­ğı­dakı sənədlərin Azər­­­baycan Respublikasının Milli Məclisinə təq­dim edilməsi nəzərdə tutul­muşdur:

- növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında Qanun layihəsinə dair iza­hat;

- Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri;

- büdcə gəlirləri təsnifatının, funksional, iqtisadi və təşkilati təsnifatların paraqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi;

- dövlət borcları və dövlət zəmanəti ilə digər öhdə­lik­lərə dair məlumat;

- növbəti il üzrə icmal büdcənin funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində layihəsi;

- növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcə­nin, habelə sonrakı üç il üzrə icmal büdcənin layihə­lərinə uyğun olaraq mühüm investisiya, layihələrini özündə əks etdirən dövlət investisiya proqramlarının layihələri;

- növbəti büdcə ili üzrə gəlirlərin ötən ilin faktiki və cari ilin gözlənilən nə­ti­cə­ləri ələ, habelə xərclərin funksional, iqtisadi və təşkilati təsnifatlar üzrə müqa­yisəsi; - funksional, iqtisadi və təşkilati təsnifatın paraq­rafları səviyyəsində cari ilin dövlət büdcəsinin gözlə­nilən icrasının vəziyyəti;

- cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlu­mat;

- büdcədənkənar əməliyyatlara dair icmal hesa­bat;

- keçən büdcə ilində faktiki və cari büdcə ələndə gözlənılən maliyyələşdirmə mənbələri barədə hesabat.

Həmçinin dövlət büdcəsinin və büdcə­dənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsi işinin həyata keçirilməsi üçün tədbirlər planının hazırlanması da Qanunda nəzərdə tutulmuşdur. Belə ki, icmal büdcənin hazırlanması üçün büdcədənkənar dövlət fondları büdcə layihələrini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Bununla əlaqədar olaraq müvafiq orqanlar arasında olan münasibətləri nizamlayacaq bu tədbirlər planı da hazırlanaraq Azərbaycan Respublikasının Nazir­lər Kabinetinə təqdim edilmişdir.

«Büdcə sistemi haqqında» Azərbaycan Respub­likasının Qanununda icmal büdcə anlayışı özündə - dövlət büdcəsinin, Naxçıvan Muxtar Respub­li­ka­sı­nın büdcəsinin, büdcə təşkilatlarının büdcədənkənar əməliy­yatlarının, büdcədən­kənar dövlət fondlarının gəlir və xərclərinin funksional və iqtisadi təsnifata uy­ğun paraqraflar səviyyəsində icmalını əks etdirir. İcmal büdcə göstəricilərinin növbəti büdcə ili üçün dövlət büdcəsi haqqında qanunda təsdiq olunması mühüm əhəmiyyət kəsb edir. Belə ki, əvvəllər dovlət büdcəsi yalnız dövlət sektorunun əməliy­yatlarının bir hissəsini özündə birləşdirirdisə, icmal büdcədə dövlətin demək olar ki, bütün maliyyə resursları öz əksini tapır. Bu Qanunun mühüm cəhətlərindən biri də - dövlət büdcə­sindən maliyyələşən təşkilatların büdcədən­kənar əməliy­yat­larının dövlət büdcəsinin tərkibinə daxil edilməsi olmuşdur.

Büdcələrin layihəsinin tərtibi, baxılması, təsdiqi və icrası büdcə prosesi adlanır. Büdcə prosesi Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanuna əsasən həyata keçirilir. Büdcə ili yanvarın 1-dən dekabrın 31-dək olan bir dövrü əhatə edir. Büdcə ilində planlaş­dırılmış gəlir və xərclərin yerinə yetirilməsi əsas məsələ­lərdən biridir. Büdcə planlaşdınlması ölkədə əmək material, maliyyə ehtiyatlarından səmərəli istifadə edil­məsinə şərait yaradır. Büdcə planlaş­dırılması büdcənin tamlığı, reallığı və vahidliyi prinsipi üzərində aparılır.

Dövlət büdcəsinin təsdiqi və onun icra­sına nəzarət Milli Məclisə və Nazirlər Kabinetinə həvalə edilmişdir. Eyni zamanda respublika büdcəsinin gəlir və xərclərinin yerinə yetirilməsinə Maliyyə Nazirliyi, Ver­gilər Nazirliyİ, Gömrük Komitəsi və icra orqanları bila­vasitə cavab­dehdir.

«Azərbaycan Respublikası dövlət büdcəsinin tərtibi və icrası Qaydaları» Azərbay­­can Respublikası Konsti­tu­si­yasının, «Büdcə sistemi haqqında» Azər­bay­can Res­pub­likası Qanunu­nun və qüvvədə olan digər normativ-hüquqi aktların mü­va­fiq müddəalarından istifadə edilməklə dövlət büdcəsinin tərtibi və icrası prosesi zamanı yaranan münasibətləri tənzimləmək rolunu oyna­yır.

Azərbaycan Respublikası dövlət büdcəsinin layihə­sinin hazırlanması ilə bağlı işlərin təşkili, layihənin tərtibi və təsdiq edilməsi, büdcə göstəricilərinin təşkilat­lara göndərilməsi, dövlət büdcəsinin icrası və icrasına nəzarət, büdcəyə yenidən baxılması, dövlət borcu və ona xidmət göstərilməsi və digər bir sıra məsələləri, həmçi­nin dövlət büdcəsinin yerli büdcələr və büdcədənkənar dövlət fondları ilə münasibətləri bu qaydalar vasitəsi ilə tənzimlənir.

Azərbaycan Respublikası dövlət büdcəsinin məqsə­di - ölkənin iqtisadi, sosial və digər strateji proqramla­rının və problemlərinin həlli, dövlətin funksi­yalarının həyata keçirilməsi üçün qanun­vericiliklə müəyyən edil­miş qaydada maliyyə vəsaitinin toplanmasını və istifa­də­sini təmin etməkdən ibarətdir.

Büdcə gəlirlərini təmin edən orqanların təqdim etdikləri büdcə layihələrinə keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği, hesab­lanmış büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri, büd­cə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı, növbəti il üçün təklif olunan büdcə gəlirlərinin həcmi, ödənilməli olan vergi və ödənişlərin məbləği, büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətlən­dirilmə­sinə dair göstəricilər, sonrakı üç il üçün gəlirlərin qiymətləndirilməsi, digər zəruri göstəricilər əlavə olunmalıdır.

Büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbir­lərin qiymətləndirilməsinə dair göstəricilər Azərbaycan Res­pub­­likasının Maliyyə Nazirliyinin hazırladığı büdcə göstəricilərinin tərtiblərinə dair təlimat məktubuna müvafiq olaraq tərtib olunur və təqdim edilmiş hesab­lamalarda büdcə-vergi siyasətində nəzərdə tu­tulmuş tədbirlərin büdcə gəlirlərinə təsiri (tədbirin həyata keçirilməsində müt­ləq ifadədə yaranan dəyişiklik və onun büdcə gəlirlərində xüsusi çəkisi), büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymət­ləndirilməsinə dair hesablama­larla bağlı məlumatlar daxil edilməlidir.

Dövlət büdcəsindən maliyyə yardımı almaq istəyən bələdiyyələr may ayının 1-dək cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə arayışı, növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri, dövlət büdcəsindən ayrılacaq dota­si­yanın və digər maliyyə yardımlarının həcminin əsaslandırılması barədə məlumatları, ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi, sorğu əsasında digər materialları Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Azərbaycan Respublikasının dövlət büdcə­sinin icrası və icrasına cari nə­za­rət mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların tabeliyindəki təşkilat­lar tərəfindən dövlət xəzinə­darlığı vasitəsi ilə icra edilir. İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür. Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsi və icmal hesabat Maliyyə Nazirliyi tərəfindən hazırlanır.

Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi qanunvericilikdə nəzərdə tutulmuş digər materiallarla birlikdə hazırlanaraq aprel ayının 25-dək Azərbaycan Respublikası Nazirlər Kabine­tinə, may ayının 5-nə kimi isə Azərbaycan Respublikası Prezidentinə təqdim olunur. Dövlət büd­cə­sinin gəlir və xərclərinin auditi qanunvericiliyə uyğun olaraq Azərbaycan Res­publikası Hesablama Palatası tərəfindən aparılır.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfin­dən büdcə təşki­lat­la­rın­da dövlət büdcəsinin tərtibi və icrası üzrə qüvvədə olan qanunvericiliyə riayət olun­­ması, dövlət vəsaitinin qorunması, hesabatın düzgün tərtibi, vəsaitlərin səmərəli istifadə olunması, xəzinədar­lığın təşkili və aparılması, şəbəkə, ştat, kon­tin­gent üzrə planların yerinə yetirilməsi, maddi dəyərlilərin qorunub sax­la­nıl­ması, vəsaitin istifadəsində ciddi qənaət rejimi­nin tətbiq olunması, əmək haqqı, əsas­lı təmir, mal alışları, xidmət haqlarının ödənilməsi xərcləri üzrə normativlərə ria­yət olunması və digər məsələlər yoxla­nılır.

Dövlət büdcəsinin kəsirinin məbləği dövlət büdcə­si haqqında qanunla mü­əy­yən edilir və məbləğ dövlət borcu, kredit və digər mənbələr hesabına bağ­la­nı­lır.

Büdcə ili ərzində gəlir və xərclərin arasında uyğunsuzluq yaranarsa bu ba­rə­də Azərbaycan Respub­likası Nazirlər Kabinetinə məlumat verilməklə 2 gün müd­dətində məsələ aidiyyəti orqanların iştirakı ilə Nazirlər Kabinetinin ic­la­sın­da müzakirə edilərək vəziyyətin tənzim­lənməsi barədə həmin təşkilatlara tap­şı­rıq­lar verilir. Əgər bu müddət ərzində vəziyyət sabitləşməzsə dövlət büdcəsinin gə­lir və xərclərinə yenidən baxılması təklifi ilə Azərbaycan Respublikası Pre­zi­den­tinə müraciət olunur.

Dövlət büdcəsinin icrası prosesində gəlirlər təsdiq olunmuş məbləğdən az daxil olarsa onda müdafiə olunmuş xərc maddələri istisna olmaqla digər xərclər mütənasib şəkildə azaldılır. Əgər büdcə gəlirləri ilin birinci yarısında nəzərdə tutulan göstəricidən 30 faiz az olarsa, vəsait çatışmazlığı, büdcə kəsiri müəyyən olunmuş həddən yüksək olarsa və aidiyyəti orqanlar tərəfindən əsas­lan­dı­rılmış təklif təqdim olunmazsa onda Nazirlər Kabineti sentyabr ayının 15-dən gec olmaya­raq dövlət büdcəsində dəqiqləşdirmə aparılması barədə Azərbaycan Res­publikası Prezidentinə müraciət edir.

Ölkədə müvafiq sosial və iqtisadi Proqramların həyata keçirilməsi üçün döv­lət zəmanəti əsasında alınmış borcun məbləği, onun istifadəsi, xidmət göstə­ril­məsi ilə bağlı məlumatlar dövlət büdcəsinə daxil edilir. Bundan başqa dövlətin daxili və xarici borcla­rının yuxan həddi müvafiq büdcə ili üçün qəbul olunan qanunla müəyyən edilir. Maliyyə Nazirliyi borcun uçotunu aparmaqla rübdə bir dəfə dövlət borcunun həcmi, borcun növünə görə tərkibi, borcun kreditorlar üzrə tərkibi, borcun sahələr üzrə və təyina­tına görə tərkibi, borcun faiz dərəcələri və qaytarıl­ma müddətləri üzrə tərkibi, dövlət borcu ilə bağlı məlumat­ları mətbuatda dərc edir.

Dövlət büdcəsi müəyyən dövr üçün tərtib edilir və müddəti bir qayda olaraq bir il müəyyənləşdirilir. Həmin ilə dünyanın bütün ölkələrində maliyyə ili deyilir. Maliyyə ili təqvim ili demək deyildir, lakin təqvim ilinə uyğun­laşdırılması çox asanlıqla mümkündür. Dünyada qəbul olunmuş ümumi ənənə ondan ibarətdir ki, yeni büdcə təqvim ilinin bitməsinə ən azı iki ay qalmış təsdiq olunur və yeni maliyyə ili başlayır.

Dövlət büdcəsində dövlət xərcləri və gəlirləri qarşıdan gələn bir il üçün nəzərdə tutulur. Maliyyə ilinin sonunda büdcəni idarə edənlər və həyata keçi­rənlər dövlət xərclərinin və gəlirlərinin ölçülərini və mənbə­lərinin proqnozlaşdırılan şəkildə icra olunub-olunma­dığı barədə hesabat verirlər. Maliyyə ili başlamamışdan əvvəl yeni maliyyə ilinin gəlir və xərcləri proqnoz­laşdırılır. Bu proqnozlar əsasında da növbəti ilin büdcə­si tərtib olunaraq, təsdiqə verilir.

Bazar iqtisadiy­yatı şəraitində dövlət bölməsində qarşıdan gələn bir il müddətində hansı xidmət proqram­larının reallaşdırı­lacağı, bu proqramların maliyyə təminatının məbləği və hansı bölmələr tərəfin­dən maliy­yə­ləşdiriləcəyi əvvəl­cə­dən müəyyən edilir və məhdud­laşdırılır. Bütün bunlar tətbiq olunar­kən büdcə layihəsində öz əksini tapır və təsdiq olunaraq icraya verilir.

Büdcə layihəsi təsdiq olunarkən qanunverici orqanın müəyyən edilmiş dövlət xidmət proqramlarını həyata keçirmək üçün büdcəni icra edən orqana verdiyi səlahiyyət təxsisatın məbləği çərçivəsində olur. Yəni büdcəni idarə edənlər hər bir xidmət üçün müəyyən olunmuş məbləğdə pul xərcləməlidirlər. İcra orqanı qanunda ona verilmiş bu səlahiyyəti aşa bilməz və ya dəyişdirə bilməz. Təxsisatlar (ayrılmış məbləğ) müəyyən bir dövlət proqramına xərclənə biləcək ən yüksək həddlər daxilində hesablanır və icra orqanına həvalə edilir. Belə bir sistematik idarəçiliyin izahatlarının nəticəsi ondan ötrüdür ki, qanunla qabaqcadan icazə verilmədikdə müəyyən bir sahə üçün (istisna halları nəzərə almasaq) müəyyən olunmuş məbləğdən artıq vəsait xərclənməsi və ya müəyyən olunmuş məbləğin miqdarının dəyişdirilməsi yolverilməzdir. Dövlət büdcə­sinin büdcə qanunu qəbul olunmadan və dövlətin səlahiy­yətli nümayəndələri tərəfindən səlahiyyət verilmə­dən heç bir dövlət xərci həyata keçirmək və gəlir toplamaq (vergi qanuları qəbul olunmuş olsa belə) mümkün olmadığı kimi büdcə qəbul olunduğu zaman belə verilmiş səlahiyyətlərdə və təxsisatlarda dəyişiklik edilməsi də yalnız qanunverici orqanın səlahiyyətlərinə daxildir.

Dövlət büdcəsindən qanunverici orqan verdiyi təxsisatları müəyyən bölmə üçün verir (xidmət proqramına daxil bölmələr) və ancaq həmin iş və xidmət üçün istifadə olunacağı qərara alınır. Ayrılan bu vəsaitlərin icra orqanı tərəfindən qanunda nəzərdə tutulmayan başqa bir iş üçün istifadəsinə heç cür icazə verilmir, çünki bu təxsisatlar büdcənin imkanlarına uyğun olaraq ayrılır.

Büdcə dövlət təşkilatlarının müəyyən dövr üçün məqsədlərinə nail olmalarını, siyasətlərini və proqram­larını reallaşdırmasını təmin edən bir plandır. Bu əlamətlər bilavasitə büdcənin ayrılmaz feno­men­­ləri sayılır. Dövlət büdcəsinin həyata keçirilməsi üçün ən vacib olan şərtlərdən biri də bu büdcənin dövlət orqanları tərəfindən mərkəzləş­dirilmiş pul fondu formasında təsdiq edilməsidir. Bu təsdiqetmə büdcə hüququnun xalq tərəfindən istifadə edilməsinin təbii nəticəsi kimi meydana çıxır. Büdcənin təsdiq edilməsi dövlətin iqtisadi həyatında çox mühüm və həlledici bir mərhələdir. Büdcə bilavasitə dövlət idarəetmə­sinin ən təsirli maliyyə, iqtisadi siyasət vasitələrindən biridir. Dövlət büdcəsi dövlət xərcləri və vergilərinin mənbə­lərinin bölüşdürülməsində iqtisadi tarazlığın təmin olun­ma­sında, iqtisadiyyatın artım və inkişaf etməsində çox mühüm bir iqtisadi siyasət vasitəsidir. Büdcənin gəlir və xərclər baxımından təsiri iqtisadiyyatın bütün sahələrində öz əksini tapır.

Qeyd edilir ki, büdcənin əsas əlamətlərindən biri planlamadır ki, bu da öz növbəsində proqnozlaşdırma və tarazlıq şəklində özünü göstərir. Büdcə proqnozlaşdırması gələcək dövrdə dövlət bölməsinin pul mənbələrinin və xərclərinin nə qədər və necə olacağı barədə büdcə vasitəsilə irəli sürülür. Büdcə proqnozları dövlət fəaliyyətinin təmin edilmə­sində müxtəlif mənbələrin pul vəsaitlərinin qiymətlən­dirilməsidir. Nəticə çıxararaq demək olar ki, dövlət büdcəsi vasitəsilə bir çox proqnozlarla gələcək büdcə göstəricilərini funksional olaraq bölüşdürmək və dəyərlən­di­rmək, qismən də onları həyata keçirmək olar.

Bu proq­nozlar dövlət xidmətlərinin pul vasitələri ilə maliyyələş­diril­mə­sinin necə olacağı və bu maliyyəlləş­dirmənin necə həyata keçiriləcəyi barəsində xəbər verir. Proqnozları iqtisadi baxımdan əsaslandırmaq və iqtisadiyyatın dövlət böl­məsinə ayrılacaq mənbələrin ümumi ölçülərini və onun səmərəli şəkildə istifadə olunmasını da müəyyənləşdirmək mümkündür. Beləliklə, proqnozlaş­dırma büdcə siyasətində xüsusi çəkiyə ma­­lik ən önəmli bölmələrdən biridir. Proqnoz­laşdırma – son illərin makroiqtisadi göstəricilərinə dayanaraq gələcək illərdə büdcə vəsaitlərinin bölüşdür­ül­məsini - iqtisa­diyyatın dirçəlişi­nə, əhalinin sosial rifahının inkişafına, təhsilə, elmə, mü­dafiəyə ayrılan vəsaitlərin keçmiş illərlə müqayisə edilməsini təmin edən bir prosesdir. Məhz bu proses bazar iqtisadiyatı şəraitində büdcə siyasətinin daima yeniləş­dirilməsi üçün bir çox ölkələrdə tətbiq edilir.

Büdcə tarazlığı - büdcə daxilində mövcud gəlir və xərclərin balans balanlığını (bə­ra­bərliyini) nəzərdə tutur. Bu, ilkin olaraq özünü büdcə proqnozlaşdırılarkən gös­tə­rir. Büdcə tarazlığı iqtisadi tarazlığa nail olmaq üçün də istifadə edilə bilər. Büd­cə tarazlığı ümumi iqtisadi tarazlığı təmin etməyə yönəl­mirsə, onda bu siyasət əhəmiyyətini itirir. Belə ki, dövlət hər hansı iqtisadi təd­biri büdcə vasitə­silə həyata keçirir. İqtisadi tarazlığa malik olan ölkələrdə büdcə problemləri sadə olur və bu problemlərin həlli yolları da asan mümkün olur. Dövlət büdcəsi dövlət maliyyəsinin demək olar ki, 60-70%-ni özündə birləş­dirir.

Hal-hazırda dövlət büdcəsinin gəlirləri üzrə şəffaflığın artırılmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər davam et­dirilir. Büdcə qanunvericiliyinə müvafiq olaraq büdcə-vergi sisteminə daxil olan bütün büdcə növləri sabit və ardıcıl daxil olan gəlir mənbəyinə malik olmalıdır. Ona görə də dövlət büdcəsinə daxil olan gəlirlər qanunvericilik əsasında büdcə həl­qə­lə­ri arasında bölüşdürülür. Bu məqsədlə büdcə həlqələri zəruri gəlir mənbəyi ilə təmin edilməklə, hər bir regionun sosial-iqtisadi inkişafı üçün lazımi məbləğdə maliyyə vəsaiti müəy­yənləşdirilir.

Büdcə xərclərinin funksional təsnifatında fundamental elmə çəkilən xərclər ayrıca paraqrafda göstərilir, tətbiqi tədqiqatlara çəkilən xərclər hər bir funksiya üzrə ayrıca köməkçi bölmə və ya paraqraf səviyyəsində əks olunur. Burada Elmlər Akademiyası və onun tərkibində olan institut və təşkilatların saxlanması və idarə edilməsi xərcləri, təhsil, səhiyyə və sair bölmələrdə olan elm müəssisə və təşkilatların xərcləri həmin bölmələrin köməkçi bölmələr səviyyəsində olması daha məqbul sayıla bilər və eyni zamanda təşkilatların adları çıxarılması və büdcə xərclərinin inzibati təsnifatında əks edilməsi daha məqsədəuyğundur.

Bundan başqa təsnifatda nəzəri elmlə tətbiqi elmə çəkilən xərclər bir-biridən ayrırmaq, nəzəri elmi xərcləri bilavasitə Elmlər akademiyasının, tətbiqi elmin xərcləri isə konkret sahələrin xərclərinə aid etmək olar. Milli Təhlükəsizlik Nazirliyinin və Dövlət Sərhəd Xidməti ilə bağlı xərclər - «Məhkəmə hakimiyyəti, hüquq mühafizə, təhlükəsizlik orqanlarının və prokurorluğunun saxlanması xərcləri» bölməsindən çıxarılaraq «Müdafiə xərcləri» bölməsinə daxil edilməklə yeni bir köməkçi bölmə əlavə edilməsi; «Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və pokurorluq» bölməsi 5 köməkçi bölməyə, yəni məhkəmələrin, hüquq-mühafizə orqanlarının, yanğın təhlükəsizliyin, prokurorqluq orqanlarının saxlanılması, idarə olunması xərcləri; «Təhsil» bölməsinin 7 köməkçi bölməyə, həmin bölmədə ibtidai təhsili, natamam təhsili və orta təhsili təmin edən müəssisələrin xərcləri isə ayrı-ayrılıqda əks etdirilməsi; habelə «Sosial müdafiə və sosial təminat» bölməsində dövlətin sosial müdafiə və sosial təminat sahəsində fərdi qaydada ayrı-ayrı şəxslərə və kollektiv əsaslarla göstərilən xidmət, transfert və tətbiqi tədqiqat işləri üzrə fəaliyyətlə bağlı xərclər; «Sosial müdafiə» köməkçi bölməsində konkret adları sadalanan müavinətlərin adları çıxarılaraq iqtisadi təsnifata əlavə etmək, «Əsas bölmələrə aid edilməyən xidmətlər» bölməsində yalnız ehtiyat fondların və məqsədli büdcə fondların xərcləri, dövlət borcunun ödənilməsi və xidməti ilə bağlı xərclər və digər səviyyəli büdcələrə verilən vəsaitlər iqtisadi təsnifatda əks olunması məqsədə- uyğundur

Ayrı-ayrı büdcə əməliyyatları üzrə tələb olunan vəsaitlərin xərc maddələri və yarımmaddələri arasında düzgün bölüşdürlməsinə, qüvvədə olan «sair cari xərclər» yarımmaddəsində aparılan bir çox cari və əsaslı xərclər ayrılaraq konkret xərc paraqrafına aid edilməsinə, bununla da büdcə xərclərinin daha aşkar və şəffaf icra olunması və ÜDM-un hesablanması zamanı büdcədən maliyyələşən müəssisələr tərəfindən yaradılmış əlavə dəyərin hesablanması üçün ezamiyyəyə çəkilən xərclər ölkədaxili və xarici ezamiyyələrə, eyni zamanda bu xərclərə görə ödənişlər «gündəlik yemək xərci», «mehmanxana və yol xərcləri» maddəsinə ehtiyac da yaranır.

Daha sonra təsnifatda «istehlak mallarının və materiallarının alınması» köməkçi bölməsinə dərman, sarğı ləvazimatlarının, ərzaq məhsullarının, yumşaq inventar, yataq ləvazimatlarının və xüsusi geyimlərin və digər istehlak mal və materialların alınması xərcləri daxil edilərək 4 paraqraf səviyyəsinə bölünməsi də mümkündür. «Səhiyyə» bölməsində 6 köməkçi bölməylə və 14 paraqrafa səhiyyə sahəsinə çəkilən xərclərin daha şəffaf idarə olunmasına şərait yaradılması məqsədəmüvafiqdir. «Təqaüdlər və sosial müavinətlər» bölməsi 4 köməkçi bölməyə, «dövlət qulluqçularına sosial müavinətlər» köməkçi bölməsi, həmin köməkçi bölmə 2 paraqrafa və dövlət qulluqçularına ödənilən müavinətlər üzrə xərclər bu paraqrafa daxil edilməsi və «Sair cari xərclər» xərc yarımmaddəsində nəzərdə tutulmuş xərclər təsnifatda 2 paraqrafda əks olunması da mümkündür. «Sair xərclər» paraqrafına cari məqsədlər üçün nəzərdə tutulmuş malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı xərclər, o cümlədən müvəqqəti sərgilərin təşkili, şagirdlərə fəxri fərman, medalların və eləcə də idman yarışları iştirakçılarına mükafatların verilməsi xərclərini aid etmək olar.

Qeyd olunur ki, büdcə təsnifatında dünya təcrübəsində istifadə olunan Milli Hesablar Sistemindən, Beynəlxalq Maliyyə Statistikasının metodologiyasından, ayrı-ayrı dövlətlərdə tətbiq olunan təsnifatlardan istifadə edilməklə formalaşması təsnifatın beynəlxalq standartlara cavab verməklə, büdcə göstəricilərinin, onun gəlir və xərclərinin uçotunun və iqtisadi istiqamətlərinin daha da aşkar və şəffaf həyata keçirilməsinə, büdcədən maliyyələşən və ya əlaqəsi olan dövlət və qeyri-dövlət orqanlarının funksiya və vəzifələrinin yerinə yetirilməsi üçün ayrılan vəsaitlərin istiqamətlərinin daha da konkretləşdirilməsinə imkan verə bilər.

Adətən, vəkalətli orqanlar tərəfindən hüquqi və fiziki şəxslərdən, onların maraqları üçün xüsusi əməliyyatlar həyata keçirdikdə və hüquqi əhəmiyyətli sənədlər verildikdə dövlət rüsumu alınır. Dövlət rüsumu rüsum ödənilən əməliyyata görə ərizə verilənədək, müvafiq hallarda isə rüsum ödənilən sənədin verilməsi zamanı həyata keçirilir. Gömrük ərazisinə malların idxalı və ixracı zamanı olan ödənişlər də gömrük rüsumları kimi alınır.

II FƏSİL. BÜDCƏ GƏLİRLƏRİNİN FORMALAŞMASI

XÜSUSİY­YƏT­LƏ­Rİ VƏ MÜASİR VƏZİYYƏTİNİN TƏHLİLİ

2.1. Dövlət gəlirlərinin formalaşması və büdcələrarası bölgüsü xüsusiyyətləri

Azərbaycan Respublikasının ərazisində qanunvericiliklə müəyyən olun­muş tədiyyələr üzrə daxilolmaların dövlət büdcəsi və digər büdcələr arasında böl­güsü regionların inkişaf proqramları nəzərə alınmaqla, hər il qəbul olunan döv­lət büdcəsi haqqında qanunla tənzimlənir. Ölkəmizdə gəlirlərin büdcə sis­te­minin həlqələri arasında bölgüsü aşağıdakı prinsiplərə əsaslanır:


  • büdcənin gəlirlər sisteminin müvafiq ərazinin iqtisadi inkişafından asılı olaraq onların gəlirləri hesabına formalaşması;

  • tədiyyələrin ardıcıl və fasiləsiz daxil olması təmin edilməklə, kassa kəsirinin əmələ gəlməsinin qarşısının alınması;

  • hər bir büdcənin xərcləri səviyyəsində maliyyə vəsaiti ilə təmin edilməsi;

  • müvafiq ərazinin iqtisadi inkişafına uyğun olaraq büdcənin təminatı;

  • büdcələrin balanslaşdırılmasına nail olunması.

Dövlət gəlirləri sisteminin əsas tərkib hissəsi olan büdcə gəlirləri dövlətin maliyyə ehtiyatlarını özündə cəmləşdirir. Büdcə gəlirlərinin yaradılması döv­lət tədbirlərini həyata keçirilməsi üçün ərazi, sahə və məqsədli təyinatı üzrə formalaşdırılır. Büdcə gəlirləri iqtisadi əlaqələri ifadə etməklə bütün mülkiyyətdən olan müəssisə, təşkilatlar və əhalinin gəlirləri hesabına ölkənin büdcəsini formalaşdırır. Bu iqtisadi əlaqələr müəssisə, təşkilat və əhalinin dövlət büdcəsi gəlirlərinə müxtəlif növ tədiyyələr ödənilməsində özünü göstərir.

Müxtəlif səviyyəli büdcələrin xərclərinin təmin olunması üçün onlar müvafiq gəlirlərə malik olmalıdır. Bu məqsədlə, müasir tələblərə cavab verən büdcə təsnifatı büdcənin gəlir və xərclərinin uçotunun beynəlxalq standartlara uyğun həyata keçirilməsinə imkan verməlidir. Adətən, büdcə təsnifatı əsasən büdcənin ayrı-ayrı gəlirlərini və xərclərini qruplaşdıran «Büdcə gəlirlərinin təsnifatı»ndan, büdcə xərclərini bölmələr səviyyəsində qruplaşdıran «büdcə xərclərinin funksional təsnifatı»ndan, büdcə xərclərini ayrı-ayrı xərc yarımmaddələri səviyyəsində «Büdcə xərclərinin iqtisadi təsnifatı»ndan və büdcə xərclərini təşkilatlar səviyyəsində qruplaşdıran «Büdcə xərclərinin inzibati təsnifatı»ndan iarətdir.

Nəzərə almaq lazımdır ki, gəlirlərin mövcud təsnifatı ilə inkişaf etmiş ölkələrin gəlirlərinin təsnifatı arasında uyğunsuzluq mövcud olduğundan, ölkələrarası məlumatların müqayisəsində, həmçini həmin məlumatların beynəlxalq maliyyə qurumlarına təqdim edilməsində bəzi anlaşılmazlıqlar yaranır. Buna görə də, gəlirlərin təsnifatına görə ölkəmizin iqtisadi göstəricilərinin digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilməsi üçün mövcud nöqsanlar aradan qaldırılmalıdır.

Adətən, büdcə gəlirlərinin təsnifatı - vergilərdən daxilolmalar, sosial ayırmalar, qrantlar və digər gəlirlərdən ibarət dörd kateqoriyaya bölünür. Mövcud təsnifatda gəlirlər əsasən, spesfik xüsusiyyətlərinə, o cümlədən müxtəlif vergi dərəcələri, mülkiyyət növləri, vergi orqanlarında qeydiyyata alınma üsulu və sair nəzərə alınmaqla, vergi ödəyiciləri üzrə təsnifatlaşdırıldığından, vergi dərəcələrinə əlavə və dəyişikliklər edildikdə, bu qaydaların həyata keçirilməsinə xeyli vaxt tələb olunur. Buna görə də, gəlirlərin təsnifatında müvafiq qanunvericilik aktlarında ola biləcək dəyişikliklər maksimum dərəcədə nəzərə alınmalıdır.

Dövlət gəlirlərinin və vergi sisteminin əsasını təşkil edən dövlət vergiləri Vergi Məcəlləsi ilə müəyyən edilən və ölkənin bütün ərazisində ödənilməli olan vergiləri əhatə edir. Dövlət vergilərinin növləri, vergiqoyma obyektləri, imtiyazların növləri və dərəcələri, vergilərin ödənilməsi qaydaları və onların büdcə və ya büdcədənkənar fondlara hesablanması dövlət icra strukturlarının müvafiq aktlarına əsasən tətbiq edilir. Bu aktlara - qərarlar, əmrlər, sərəncamlar, qaydalar, təlimatlar və əsasnamələr daxildir. Respublikamızda hal-hazırda tətbiq edilən vergilərə fiziki şəxslərdən gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, hüquqi şəxslərin torpaq vergisi, hüquqi şəxslərin əmlak vergisi, əlavə dəyər vergisi, aksizlər, mədən vergisi, yol vergisi və sadələşdirilmiş sistem üzrə vergi aiddir. Bu göstərilən vergilərin bir çoxu tənzimləyici büdcə gəlirlərinə aid edilir. Tənzimləyici gəlirlər normativlər əsasında maliyyə ili üçün dövlət büdcəsinin bələdiyyə büdcələrinə növbəti və ya uzun müddətə ayırdığı maliyyə vəsaitidir. Eyni zamanda büdcənin tənzimləyici gəlirlərinə transfert ödənişləri də daxildir.

Bütün hakimiyyət səviyyələri arasında səmərəli gəlir və xərclərin formalaşması, habelə büdcə münasibətləri sisteminin hazırlanması keçid iqtisadiyyatlı ölkələrdə islahatların həyata keçirilməsinin həlledici şərtidir. Yerli səviyyələrdə tarazlaşdırılmış büdcə - makroiqtisadi sabitliyin təmin olunmasının başlıca amilidir. Bəzi hallarda büdcə tarazlığının pozulması uzun müddət ərzində davam edə bilər, çünki yerli səviyyəyə keçirilmiş vergilər eyni səviyyəyə keçirilmiş xərclərdən daha aşağı sürətlə arta bilər.

Müvafiq gəlirlər əldə etmək vasitəsilə dövlət və bələdiyyə orqanları öz vəzifə və funksiyalarını ye­rinə yetirmək üçün iqtisadi imkan əldə etməklə yanaşı, sosial-mədəni tədbirlər hə­yata keçirir, iqtisadiyyatı tənzimləyir. Dövlətin sosial-iqtisadi vəzifələrinin hə­ya­ta keçirilməsinin əsasını təşkil edən dövlət büdcəsi iqtisadi münasibətlərin mü­hüm tərkib hissəsi olmaqla, maliyyə münasibətləri sistemində əhəmiyyətli rola ma­likdir.

Yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin vergiləri isə müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilərdir. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyənləşdirilir. Bələdiyyə mülkiyyətində olan əmlakın istifadəsindən əldə olunun gəlirlər, onların tabeliyində olan büdcə idarələrinin göstərdikləri pullu xidmətlər və bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlirlər bələdiyyələrin gəlirlərinə aid edilir.

Bələdiyyə büdcələrinin gəlirləri əsasən yerli vergilər, fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatın mənfəət vergisi, reklam haqqı, kurort, mehmanxana, avtomobillərin dayanacaqları üçün rüsumlar, pul-şey lotoreyalarının satışından daxilolmalar və digər ödəmələr hesabına formalaşdırılır.

Büdcə gəlirlərinin formalaşmasında vergilərdən daxilolmalarla yanaşı vergi olmayan gəlirlər də xüsusi əhəmiyyət kəsb edir. Bu gəlirlərə mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, büdcə təşkilatının xüsusi vəsaitlərindən daxilolmalar, maliyyə və qeyri-maliyyə müəssisə və idarələrindən vergi olmayan daxilolmalar, qeyri-maliyyə dövlət müəssisələrindən gəlirlər, qeyri-maliyyə dövlət müəssisə və təşkilatları tərəfindən alınmış büdcə ssudaları üzrə faizlərin ödənilməsi, qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər, pul-şey lotoreyaları üzrə daxilolmalar, qeyri-maliyyə dövlət müəssisələrindən sair gəlirlər, maliyyə təşkilatlarından gəlirlər, Milli Bankın mənfəətindən daxilolmalar, maliyyə təşkilatları tərəfindən alınmış büdcə ssudaları üzrə faizlərin ödənilməsi, maliyyə təşkilatlarından alınan dividendlər, xarici dövlətlərdən mülkiyyətlə bağlı gəlirlər, xarici qeyri-dövlət strukturlarından mülkiyyətlə bağlı gəlirlər, daxili xüsusi sektordan daxil olan mülkiyyətlə bağlı gəlirlər, mülkiyyətdən daxil olan sair gəlirlər, inzibati tədiyyələr, dövlət rüsumlarf, cərimə və sanksiyalar üzrə daxilolmalar aid edilir.

Büdcənin xüsusi gəlirlərinə qeyri - vergi gəlirləri daxildir. Bunlar dövlət və ya bələdiyyə mülkiyyətində olan əmlakın satışından və ya əvəz edilməsindən gəlirlər, büdcə sisteminin digər səviyyəli büdcələrdən maliyyə yardımı və büdcə ssudası kimi alınan gəlirlərdir. İstər dövlət, istərsə də bələdiyyə mülkiyyətində olan əmlakın satışından alınan vəsaitlər tam həcmdə müvafq büdcələrə köçürülür.

Fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar və xarici dövlətlərin hökumətləri tərəfindən əvəzsiz köçürülən vəsaitlər də büdcə gəlirlərinə daxildir. Büdcə gəlirləri, həmçinin qarşılqlı hesablaşmalar üzrə əvəzsiz köçürmələr hesabına da ola bilər. Qarşılıqlı hesablaşmalar üzrə vergi və büdcə qanunvericiliklərində dəyişikliklər aparılması ilə əlaqədar büdcə sisteminin müxtəlif səviyyəli büdcələr arasında vəsaitlərin verilməsi , büdcə haqqında qanunda nəzərdə tutulmayan xərclərin maliyyələşməsi üzrə səlahiyyətlərin və ya gəlirlərin verilməsi üzrə əməliyyatlar da daxildir.

Təcrübə göstərir ki, transfert ödənişlər formasında vəsaitlərin verilməsi yerli icra orqanlarına təsərrüfatı inkişaf etdirməyə imkan vermir, bölgədə baş verən iqtisadi və sosial proseslərə təsir etmə dairəssini, büdcələrin gəlir hissəsinin yerinə yetirilmə imkanlarını azaldır, maliyyə nəzarətini zəiflədir və son nəticədə, büdcə ilində maliyyə vəsaitlərindən qeyri-səmərəli istifadəsinə şərait yaradır. Bu çatışmazlığı aradan qaldırmaq üçün bələdiyyə büdcələrinin yerli vergi, gəlir və sair daxilolmaların hesabına möhkəmləndirilməsi sahəsində konkret tədbirlərin həyata keçirilməsi zəruridir.

Bazar münasibətləri sistemində büdcə siyasəti dövlət siyasətinin ən vacib və lazımi bir ünsürüdür. Büdcə siyasətində büdcə gəlirləri mənbələrinin düzgün müəyyənləşdirilməsi gəlirlərin vaxtında və tam toplanmasının vacib şərtidir..

Hal-hazırda büdcə gəlirlərini mahiyyəti bazar münasibətlərinin tələblərinə uyğun olaraq bir qədər də dəyişmiş və bu, dünyanin əksər ölkələrində büdcənin idarə edilməsinə də təsir etmişdir. Bu dəyişikliklər, hər şeydən əvvəl büdcə gəlirlərinin daha geniş sisteminin yaradılması ilə əlaqədardır. Çünki hər bir dövlətin iqtisadi potensialı, onun inkişaf səviyyəsi büdcə gəlirlərinin həcmindən asılı olduğundan, struktur dəyişiklikləri, iqtisadi inkişafın mərhələləri yeni-yeni gəlir mənbələrinin yaranmasına şərait yaradır, dövlət gəlir­lə­ri­nin tərkibinin dəyişərək genişlənməsinə təsir göstərir. Bazar iqtisadiyyatlı ölkələrində daha çox gəlir gətirən sahələrin inkişafına diqqətin artması, eyni zamanda həmin sahələrə böyük həcmdə sərmayə qoyuluşunu stimullaşdırır. Gəlirlərin tərkibinə aşağıdakı gəlir növləri: vergilərdən daxilolmalar, dövlət sərvətlərindən istifadəyə görə borclanmadan gələn gəlirlər və xəzinənin imkanından istifadə etməklə əldə edilən gəlirlər daxildir. Bu gəlirlərdən dövlətin sərvətindən istifadəyə görə və vergilər həqiqi dövlət gəlirləri, xəzinə imkanlarından istifadə etməklə əldə edilən gəlirlər isə fövqəladə dövlət gəlirləridir. Çünki, xəzinənin buraxdığı dövlət qiymətli kağızları və alınmış borc gələcəkdə mütləq ödənilməlidir.

Azərbaycan Respublikasının dövlət büdcəsi ilə Naxçıvan Muxtar Res­pub­li­kasının büdcəsi və yerli büdcələr arasında qarşılıqlı münasibətlərin tənzim­ləyicisi kimi mədaxil mənbələrindən istifadə etmək, məqsədli büdcə fondları ya­rat­maq, maliyyə ehtiyat­larını bölüşdürmək prinsipləri əsasında qurulur.

Yerli büdcələrlə dövlət büdcəsi arasında münasibət­lər yerli sosial-iqtisadi inkişaf proqram­larını yerli büdcələrin vəsaiti hesabına maliyyə­ləşdirmək müm­kün olmadıqda dövlət büdcəsin­dən subvensiya və dotasiya ayrılması, müvafiq qanunverici və icra hakimiyyəti orqanları tərəfin­dən bələdiyyələrə verilmiş əlavə səlahiy­yətlərin həyata keçirilməsi üçün dövlət büdcəsin­dən zəruri maliyyə vəsaitinin ayrılması, müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarlar əsasında yerli büdcələrin gəlirlərinin azalması və xərclərinin artması məbləğləri qərar qəbul edən orqanlar tərəfindən kompensasiya edilməsi qaydasında, dövlət büdcəsi ilə dövlət fondları arasında münasibətlər isə bu orqanlar arasında təsdiq olunmuş tədbirlər planı əsasında həyata keçirilir.

Regional və yerli büdcələrin gəlir mənbələri əsasən əmlak vergisi və satışdan (dövriyyədən) vergi təşkil edir. Son illərdə regional və yerli büdcələrin tərkibində gəlir vergisi və mənfəətdən vergilərin payı artmaqdadır. Vergi tədiyyələrinin bölgüsündə ədalətliliyin təmin olunması üçün ərazinin tədiyyə qabiliyyətinin nəzərə alınması da vacibdir. Eyni zamanda, yerli vergilər dövlətin maliyyə imkanlarını zəiflətməməli, dövlət və yerli vergilər birlikdə iqtisadi subyektlər üçün müsadirə xarakterli olmamalıdır.

Vergilər və vergi xarakterli ödənişlərin konkret ərazilərin regional və yerli hakimiyyət qurumlarına təhkim olunması və ərazi gəlirlərinin formalaşması aşağıdakı metodlarla həyata keçirilməlidir:

• tənzimləyici vergilər (vahid, qrup və diferensial) üzrə faiz ayırmaların uzunmüddətli əsasda müəyyən edilməsi;

• mərkəzləşdirilmiş büdcədən əvəzsiz yardımların ayrılması (dotasiya, subvensiya, büdcə kompensasiyaları);

• yuxarı büdcədən (büdcədaxili) və maliyyə bazarından (mərkəzləşdirilmil və bələdiyyə) müvəqqəti olaraq borc vəsaitlərinin əldə edilməsi.

Azərbaycan Respublikasının büdcə gəlirlərinin strukturunun təkmilləşdirilməsində mühüm məqamlardan biri – ərazilərin sabit sosial-iqtisadi inkişafını təmin edən məqbul vergi «yüklənməsinin» tətbiq edilməsidir. Məsələn, investisiya cəlb etmək istəyən ərazilər üçün vergiqoyma aşağıdakı ardıcıllıqla tətbiq edilməlidir:

• xidmətlərə görə birbaşa tədiyələr;

• təbiətdən istifadəyə görə tədiyələr;

• torpaqdan və şəhər əmlakından istifadəyə görə tədiyələr;

• əmlak vergisi;

• satışdan vergilər;

• müəssisələrin gəlirlərindən vergilər;

• vətəndaşların gəlirlərindən vergilər.

Hər bir konkret rayon və şəhərin şəraitinə uyğunlaşdırılmış «vergi yüklənməsi» ardıcıllığı həmin ərazinin malik olduğu vergi potensialından istifadənin ortimal üsulunu seçməyə imkan verir. Belə variantların seçilməsi və həyata keçirilən büdcə siyasətinin istiqamətlərinin dəqiqləşdirilməsi bu işlə məşğul olan müvafiq maliyyə qurumlarının və hakimiyyət orqanlarının daima diqqət mərkəzində olmalıdır. Ölkəmizdə aparılan büdcə islahatlarında dövlətin sosial-iqtisadi inkişafında qəbul edilən prioritetlərlə yanaşı, hər bir regionun (rayon və şəhərin) tarixi, təbii və iqtisadi xüsusiyyətləri, ərazinin coğrafi yerləşməsi (sərhəd, anklav, dağlıq və s.) nəzərə alınmalıdır.

Dünyanın müxtəlif ölkələrində büdcə sistemi daxilində funksiyaların bölüşdürülməsi həmin ölkənin tarixi, iqtisadi və siyasi inkişaf səviyyəsindən asılı olaraq bir-birindən fərqlənir. Federativ dövlətlərdə büdcə sistemlərin arasında funksiyaların bölgüsü daha kəskin ifadə olunur, federasiyanın subyektləri geniş büdcə hüquqlarına malik olur. Unitar dövlətlərdə inzibati-ərazi vahidlərinin hüquqları çox da geniş olmur. Lakin istənilən halda, büdcə vəsaitlərinin bölüşdürülməsində aşağı büdcə səviyyələrinə müəyyən müstəqillik verilir. Yerli hakimiyyət xərclərinin istiqamətləri və ümumi xərclərdə payı ölkə konstitusiyasında və maliyyə qanunvericiliyində müvafiq səviyyəli orqanlara verilən səlahiyyətlərdən asılıdır.

Yerli hakimiyyət orqanlarına tabe olan ərazilərdə iqtisadiyyatın inkişafı, sahibkarlıq təşəbbüslərinin fəallaşması onların bu sahədəki məqsədəyönlü fəaliyyətindən, yerli və xarici investisiyalar cəlb etmək üçün büdcə-vergi stimullaşdırmasından nə dərəcədə istifadə etmələrindən asılıdır. Bu sahədə görülən əhəmiyyətli işlər – yeni müəssisələrin açılması, investorları cəlb edərək infrastrukturun yaradılması və s. digər fəaliyyət sahələrinin də canlanmasına, yeni iş yerlərinin açılmasına gətirib çıxarır.

Gəlir daxilolmalarını bölüşdürərkən əsas diqqət yerli büdcələrin gəlir bazasının formalaşmasına yönəldilir, çünki belə vəziyyət yerli səviyyədə stabil, səmərəli büdcə münasibətlərinin qurulma məqsədlərinə də daha çox uyğundur. Lakin bunun öz mənfi cəhətləri də vardır. Yerli hakimiyyət orqanlarına tam vergi səlahiyyətlərinin verilməsi vergi rejimlərinin qeyri-bərabərliyinə və onun nəticəsi kimi artıq formalaşmış təsərrüfat əlaqələrinin qırılmasına, istehsal obyektlərinin yerləşdirilməsində proporsiyaların pozulmasına, investisiya şərtlərində əhəmiyyətli fərqlərin yaranmasına gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, vergi potensialının qeyri-bərabərliyi şəraitində vergilərin təhkim olunma metodu ilə bölüşdürülməsi büdcə təminatı səviyyələrində də qeyri-bərabərliyə səbəb olur və yerli büdcə sisteminin özünü qeyri-sabit, operativ büdcə tənzimlənməsi olmadıqda isə sosial cəhətdən gərgin edir.

Buna görə də gəlir daxilolmalarının bölüşdürülməsində vergilərin təhkim olunması metodu onun pay bölgüsü metodu ilə birləşdirilərək tətbiq edilir. Vergilərin əksər hissəsi mərkəzi büdcə tərəfindən tutulsa belə, vergi daxilolmalarının müəyyən hissəsi yerli səviyyəyə verilməlidir. Bu metodun üstünlüyü ondadır ki, yerli hakimiyyət orqanları gəlir daxilolmaları üçün zəmanət almış olur, həm də bu metodun özü sadədir. Payın ötürülməsi iki üsulla həyata keçirilir. Birinci üsulla, vergilər müəyyən edilmiş faiz normativlərinə görə onun yığıldığı ərazinin yerli orqanının sərəncamında qalır. Vergi daxilolmalarının əldə olunmasının digər üsulunda yerli hakimiyyət orqanlarına ümumdövlət vergilərinə müəyyən hədlə məhdudlaşdıran əlavələr etmək hüququ verilir. Vergilərin istər təhkim olunma, istər payla iştirak metodu ilə bölüşdürülməsi, dövlət strukturularının səviyyələri arasında bölüşdürülməyə yararlı büdcə daxilolmalarının düzgün seçilməsini tələb edir.

Büdcə münasibətlərinin təşkili - idarəetmənin yerli səviyyəsində büdcə sisteminin stabillik şərti kimi gəlir və xərclərin tarazlaşdırılmasına; inzibati büdcə sisteminin ədalətliliyi və açıqlığı şərti kimi ərazi vahidlərinin büdcə təminatı səviyyələrinin bərabərləşməsinə; büdcə sisteminin nəticəlilik şərti kimi yerli hakimiyyət orqanlarının gəlirlərin cəlb olunması və xərclərə qənaət üzrə səylərinin stimullaşdırılmasına istiqamətləndirilməlidir. Bu istiqamətlərin hər biri müvafiq subsidləşdirmə (dotasiya və subvensiyalar) üsulları ilə təmin olunur.

Dünya təcrübəsində mərkəz və regionlar arasında qarşılıqlı büdcə münasibətlərinin təşəkkülünə üç yanaşma mövcuddur:

• hər bir regionla ayrılıqda vergi daxilolmalarının bölüşdürülməsi və digər şərtlər haqqında ayrıca müqavilə bağlanmasını (məsələn, Çində) nəzərdə tutan «fərdi-müqavilə»;

• gəlir və xərclərin formalaşması və icrası məsələlərində ayrı-ayrı regionlara müstəsna hüquqlar verilməsini nəzərdə tutan, xüsusi büdcə rejimlərinin yaradılması (məsələn, Filippində, Avstraliyada, Malayziyada);

• normativ-hesablama düsturlarının tətbiqi əsasında unifikasiya edilmiş subsidiyalar verilməsi (əksər ölkələrdə regionların büdcə şərtlərinin qismən bərabərləşdirilməsi məqsədilə istifadə edilir).

Yerli büdcələrin struktur quruluşunda ciddi dəyişikliklər edilməsi yolunda qarşıya çıxan çətinliklər təkcə hüquqi xarakterli deyildir. Doğrudan da, bəzi ərazilərin inkişafının xeyli geridə qalmasını aradan qaldırmaq üçün yerli özünüidarəetmə orqanlarının tənzimləyici funksiyalarına daha çox zərurət yaranmasına baxmayaraq, istər xərc, istərsə də gəlir maddələrini çox vaxt iqtisadi səbəblərdən də dəyişmək çətindir.

Əlbəttə, xarici ölkələrdə uğurla tətbiq edilən büdcələrarası münasibətlərin Azərbaycanda eyni qaydada istifadə edilməsi qeyri-mümkündür. Azərbaycanın hətta unitar dövlət kimi quruluşundakı bəzi fərqlər (geniş səlahiyyətlərə malik prezident idarəçiliyinin mövcudluğu), region bölgüsünün ancaq iqtisadi rayonlar səviyyəsində (Naxçıvan MR-dən savayı) müəyyən olunması, inzibati rayonların ərazisinə və əhalinin sayına görə nisbətən çox olması, büdcə sistemini faktiki olaraq 2 səviyyədə – mərkəzi və yerli (rayon və şəhər) büdcələr səviyyəsində müəyyən etmişdir. Bunu nəzərə alaraq, inkişaf etmiş ölkələrin təcrübəsində diqqəti cəlb edən və nəzərə alınması zəruri olan aşağıdakı məqamları qeyd etmək olar:

• büdcə-maliyyə qanunvericiliyinin mükəmməlliyi və dəqiqliyinin, onun təməl prinsip və məqamlarının stabilliyinin təmin edilməsi;

• ərazi büdcələrinin səlahiyyətlərinin dövlətin inzibati-ərazi quruluşuna müvafiq olaraq ­- ərazinin sahəsinə, əhalinin sayına, tarixi, iqtisadi, siyasi inkişafın və milli-mədəni ənənələrə uyğun bölüşdürülməsi;

• regional inkişaf proqramlarının işlənməsi və reallaşmasında demokratizm prinsiplərinə əməl olunması;

• yerli özünüidarəetmə orqanlarının müstəqilliyini və məsuliyyətinin genişləndirilməsi əsasında büdcə sisteminin manevretmə qabiliyyətinin yüksəldilməsi;

• yerli büdcə vəsaitlərindən öz ərazilərində iş qüvvəsinin təkrar istehsal prosesində və təsərrüfat fəaliyyətinin tənzimlənməsində daha geniş istifadə edilməsi;

• ərazilərin büdcə tənzimlənməsinin konseptual və təşkilati baxımdan qurulması və reallaşmasına kompleks yanaşma.

Hazırda iqtisadi ədəbiyyatda əhalinin hansı ehtiyaclarının mərkəzləşdirilmiş qaydada, hansı ehtiyaclarının və hansı nisbətdə yerli büdcələr səviyyəsində ödənilməsi, onların mənbələri, keyfiyyəti və s. məsələlər kifayət qədər mübahisə obyekti olan mövzulardandır. Azərbaycan Respublikasının «Büdcə sistemi» haqqında qanunda da bir sıra sahələrin və funksiyaların hər iki büdcə səviyyəsində birgə yerinə yetirilməsi nəzərdə tutulduğundan, göstərilən problemin aktuallığı bir qədər də aşkar görünür.


Kataloq: application -> uploads -> 2016
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> İmtahanın keçiriləcəyi tarix «15» may 2016-cı il Otaq 412
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> 2016-cı il Otaq 412 Sıra№-si
2016 -> AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m
2016 -> Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət İqtisad Universiteti

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə