«magиstratura mяrkяzи»


Qloballaşma şəraitində büdcə-vergi siyasətinin



Yüklə 0,6 Mb.
səhifə7/8
tarix09.12.2016
ölçüsü0,6 Mb.
1   2   3   4   5   6   7   8

3.2.Qloballaşma şəraitində büdcə-vergi siyasətinin

təkmilləşdirilməsi istiqamətləri

Azərbaycan cəmiyyətinin mütərəqqi inkişafı iqtisadi artımın, əhalinin rifah halının və məşğulluğunun, ölkənin iqtisadi təhlükəsizliyinin, həyat fəaliyyətinin bütün sahələrində müəyyənliyin və sabitliyin təmin olunmasına yönəldilmiş sosial-iqtisadi siyasətin həyata keçirilməsində dövlətin rolundan əhəmiyyətli dərəcədə asılıdır.

Azərbaycan hökuməti hazırki iqtisadi artım şəraitində makroiqtisadi sabitliyin təmin olunması və əhalinin sosial vəziyyətinin davamlı şəkildə yaxşılaşdırılması məqsədilə həyata keçirdiyi fiskal siaysəti əsasən aşağıdakı kimi istiqamətləndir­miş­dir:

- neft gəlirlərinin səmərəli istifadə olunması;

- valyuta vəsaitlərinin daxili bazarda istifadəsinin makroiqtisadi fəsadlarının minimallaşdırılması;

- yoxsulluğun azaldılması;

-iqtisadi inkişaf üzrə dövlət proqramının məqsədlərinə nail olunması;

Ölkədə gözlənilən yüksək iqtisadi artım hesabına vergi bazasının genişlənəcəyinə baxmayaraq vergi sisteminin təkmilləşdirilməsini nəzərdə tutan islahatların aparılmasının əhəmiyyəti nəzərdən qaçırılmamalıdır.

Şübhəsiz ki, qeyri-neft sektorunun sürətli inkişafının ilkin şərtini vergi rejiminin sadələşdirilməsi və bu rejimin investorlar üçün cəlbediciliyinin yüksəldilməsi təşkil edir. Bu mənada istənilən vergi stimullarının ana xəttini vergi dərəcələrinin azaldılması siyasəti təşkil edir. Hazırda biznes fəaliyyətinə mövcud vergi sisteminin göstərdiyi məhdudlaşdırıcı təsirin aradan qaldırılması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır:


  • vergi dərəcələrinin azaldılması prosesinin davam etdirilməsi;

  • vergiqoyma sisteminin sadələşdirilməsi, vergi yığımı işinin təkmilləş­dirilməsi;

  • prioritet sahələrdə fəaliyyət göstərən müəssisələrin dövlət büdcəsinə olan vergi borclarının silinməsi praktikasının daha da genişləndirilməsi;

  • yeni yaradılmış sahibkarlıq müəssisələri üçün vergi tətilləri və vergi kreditləri sxemlərinin tətbiqi, vergi avansı praktikasına son qoyulması;

  • yeni açılmış kiçik və orta müəssisələrin müvəqqəti olaraq mənfəət vergisindən azad edilməsi;

  • kiçik və orta biznes üçün iri müəssisələrə nisbətən daha aşağı dərəcə ilə mənfəət vergisinin tətbiq olunması;

  • dövlət büdcəsi ilə sahibkarlar arasında vergi hesablaşmalarının dəqiq mexanizmlərinin müəyyən edilməsi;

  • kənd təsürrüfatı müəssisələrinin istehsal məqsədləri üçün aldıqları malların üzərindəki ƏDV məbləğinin kompensasiyası;

Qeyri-neft sektorunun inkişafını sürətləndirmək məqsədilə bu sektor üçün neft sektorundan fərqli olaraq daha aşağı vergi dərəcəsinin müəyyənləşdirilməsi vacibdir. Eyni zamanda banklar tərəfindən investisiya yönümlü kreditlərin verilməsini stimullaşdırmaq məqsədilə banklar tərəfindən investisiya yönümlü kreditlər hesabına əldə olunmuş gəlirlərin daha aşağı dərəcələrlə vergilərə cəlb olunması imkanları araşdırıla bilər.

Vergi güzəştlərinin sistemləşdirilməsi də vergi siyasətinin prinsipial məqamlarındandır. Prioritet sahələrdə işgüzar fəallığı stimullaşdırmaq üçün vahid güzəşt sisteminin tətbiq edilməsi daha məqsədəuyğun olardı.

Fiskal siyasətin bu hədəfləri kəskin ekspansionist xərclənməyə yol verməmək şərtilə, dövlət büdcəsinin sosial xərclərini davamlı şəkildə artırmaq, eyni zamanda yeni iş yerlərinin açılmasına imkan verən investisiya siyasəti aparmaqla məşğulluq səviyyəsini yüksəlmək məqsədlərindən ibarətdir.

Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi dövründə Azərbaycanın makroiqtisadi mənzərəsi iki səbəbdən dönüş dövrü kimi qiymətləndirilə bilər. Birincisi, hətta Şah-Dəniz layihəsi üçün xarici birbaşa investisiyaların (XBİ) böyük məbləğ təşkil etməsinə baxmayaraq, əsasən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisini dəstəkləyən böyük həcmli XBİ-lər BTC kəmərinin tikintisinin tamamlanması ilə əlaqədar 2010-cu ildən azalmağa başlamışdır. İkincisi, ən mühüm amil qiymət effekti və 2012-ci ilə BTC vasitəsilə ilkin neftin Ceyhan limanına çatması il bağlı olaraq neft gəlirlərinin artmasıdır. Nöbəti 20 ildə Azərbaycanın 170 mlrd. USD gəlir əldə etməsi və ya hər il adambaşına 1000 USD əldə edəcəyi gözlənilir. Həmin pul axınlarını idarə edə biləcək və regionlarının sosial-iqtisadi inkişafına yönəldə biləcək Azərbaycanın tələb menecmenti arsenalı gözlənilən neft bumu üzrə mühüm məsələyə çevrilmişdir. Bu arsenal neft gəlirlərinin gələcək nəsillərə saxlanmasını təmin edən və sterilizasiya məqsədlərini güdən Neft Fondunun fəaliyyətini, əhatəli icmal dövlət büdcəsini (o cümlədən Neft Fondunun xərclərini), Neft Gəlirlərinin Uzunmüddətli İdarəolunması Strategiyası və qiymətlərin sabitliyinə məsul olan Milli Bankın müstəqilliyini əhatə edir. Bu fiskal və monetar orqanlar 2012-ci ildən etibarən böyük məbləğdə XBİ şəraitində qeyri-neft sektorunun artımının və qiymət sabitliyinin saxlanmasında uğurlu imkanlara malik olmuşlar. Bu dövrlərdə makroiqtisadi göstəricilərin dinamikası aşağıdakı kimi olmuşdur:



  • ÜDM qeyri neft iqtisadiyyatının 8,3% artmasına baxmayaraq neft sektorunun 65% genişlənməsindən irəli gələrək artmaqda davam etmişdir;

  • Yüksək artım sürəti illər üzrə təkrar olunmuş və bu, əsasən neft və qeyri-neft iqtisadiyyatının sürətlə böyüməsindən irəli gəlmişdir;

  • Neftin ixracı da nəzərə alınmaqla cari əməliyyatlar balansında müsbət saldoya malik olmuşdur və neft hasilatının artması və neftin qiymətlərinin yüksəlməsi ilə əlaqədar olaraq cari balansda müsbət saldo 2010-cu ildə əhəmiyyətli şəkildə genişlənmişdir;

  • Dinamik olaraq hər il dövlət xərclərinin artması səbəbindən tələb yüksəlmişdir. Bu dövrdə dövlət büdcəsindən investisiyalarının Qeyri-neft ÜDMə nisbəti 5,7%-ə çatmışdır, halbuki, bu göstərici 2010-cu ilin birinci yarısında 1,8%-ə qədər təşkil edirdi. Dövlət büdcəsi xərclərində kəskin artım əsasən ABŞ dollarında əldə edilmiş neft gəlirləri hesabına maliyyələşdirilr;

  • Xarici valyutanın manatla konvertasiyası pul aqreqatlarının kəskin artmasına gətirib çıxarmışdır. Lakin monetar artım rəsmi inflyasiyanın yüksəlməsinə hələ ki, gətirib çıxarmamasına baxmayaraq, kəskin artan qeyri-neft defisitinin neft gəlirləri hesabına maliyyələşdirilməsi bu ildə inflyasiya təzyiqlərinin artmasını göstərir.

Bu dövrdə inflyasiya təzyiqlərinin azaldılması istiqamətində aşağıdakı əsas tədbirlər həyata keçirlmişdir. Əvvəla, ən mühüm tədbir nominal valyuta məzənnəsinin (ABŞ dollarına qarşı) minimum möhkəmlənməsidir. Milli Bank və Xəzinə tərəfindən özlərinin az miqdarda qısa müddətli qiymətli kağızlarının satışı artırılmışdır. Lakin bu mərkəzi bankda beynəlxalq ehtiyatların akkumulyasiyası ilə müqayisədə xeyli kiçik olaraq qalır. Nəhayət, yenidən maliyyələşdirmə dərəcəsi yüksəldilərək 13,5%-ə çatdırılmışdır.

Regionların sosial-iqtisadi inkişafının həyata keçirilməsi üçün fiskal sahədə institutsional çərçivə formalaşdırmışdır. BVF və Dünya bankı ilə əməkdaşlıq çərçivəsində inkişaf etdirilən makroiqtisadi çərçivə ümumi fiskal kəsirin davamlı səviyyədən də aşağı olmasını və dövlət xərclərinin ümumi səviyyəsinin iqtisadiyyatın real imkanlarına uyğunlaşdırlmasını təmin etməyə yönəldilmişdir. Dünyada neftin qiymətinin yüksəlməsi və neft gəlirlərinin artması kontekstində ölkənin yığılıb qalmış geniş miqyaslı infrastruktur və sosial problemlərin həllinə ünvanlanmışdı.

«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na və ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin in­ki­şa­fı­nı təmin edən digər dövlət tədbirlərinə uyğun olaraq büdcə-vergi siyasəti müəy­yən­ləşdirilməklə, bu siyasət ölkədə sahibkarlığın inkişafı, infrastruktur sahə­lə­rin müasir tələblər baxımından yenidən qurulması, yoxsulluğun azaldılması və re­gion­ların inkişafı üçün iqtisadi imkanların yaradılması ilə yanaşı, mülkiyyət for­masından asılı olmayaraq bütün hüquqi şəxslərdə, o cümlədən büdcə təş­ki­lat­la­rın­da maliyyə intizamının gücləndirilməsini və şəffaflığın təmin edilməsini özündə əks etdirir. Həyata keçiriləcək kompleks tədbirlər növbəti illərdə istehsalın, xü­su­si­lə qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına, regionların so­sial-iqtisadi inkişafı üçün dayanıqlı maliyyə təminatının yaradılmasına, ixrac yö­nümlü məhsul istehsalının stimullaşdırılmasına yönəldil­mə­si nəzərdə tutulmuşdur. Respub­li­ka­mız­da sosial-iqtisadi inkişaf sahəsində bu kimi zəruri təd­birlərin həyata keçirilməsi idarəetmənin səmərəliliyinin yüksəldilməsi ilə mü­şa­yiət olunacaqdır. İqtisadiyya­tımızda mövcud olan ödəməmələr probleminin mərhələlərlə ara­dan qaldırılması, enerji daşıyıcılarının ölkədaxili qiymətlərinin tədricən dünya qiy­mətlərinə uyğunlaşdırılması, enerji sektoruna dövlət büdcəsi hesabına sub­si­di­ya­ların verilməsi kimi məsələlər buna əyani sübutdur.

Məlum olduğu kimi, iqtisadi sabitlik xərclər və vergiqoyma sahəsində dövlət siyasətinin yeganə məqsədi deyil. Eyni zamanda, hökumət əhalinin ictimai mallarla və xidmətlərdə təmin etməsi, gəlirin yenidən bölüşdürülməsi məsələləri ilə məşğuldur. Bəzən də bir sıra strateji məqsədlər üçün (məsələn, müharibədə qələbə əldə etmək) iqtisadi sabitliyi yeniləşdirmək tələb olunur.

Bir sıra hallarda, büdcə kəsiri çox cəlbedici formada təqdim olunur, lakin, büdcə artımı isə əksinə, olduqca çətinliklə qəbul edilir. Bu, o deməkdir ki, cəmiyyətdə hansısa bir məqamda kəsirə siyasi meyl yaranır, yəni fiskal tədbiri stimullaşdırma məqsədləri üçün tətbiq olunur.

Real iqtisadiyyatda büdcə-vergi siyasətinin effektivliyini azaldan bəzi məqamlarda, onun tətbiq edilməsi bu və ya digər formada iqtisadi tsikllərin dəyişməsinə şərait yaradır. Fiskal siyasətin tətbiqində müsbət effektə nail olmaq üçün bu siyasət yüksək səviyyəli mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

Vergi yığımının artımı adətən ÜDM-in artımı ilə müqayisə olunur, yəni əgər ÜDM artırsa, analoji templə vergi yığımı da artmalıdır. Düzdür, mal mübadiləsi həcminin artırılması aparılan iqtisadi siyasətin əsasıdır və ölkənin iqtisadi inkişafını təmin etmək üçün mal dövriyyəsi artırılmalıdır. Lakin ÜDM-in artımı bir qayda olaraq vergi yığımını da artırmalıdır hökmü, heç də həmişə real şəraitdə öz təsdiqini tapmır. Belə ki, vergi təkcə satış həcminin artması ilə formalaşmır. O, hər şeydən əvvəl müəssisələrin əldə etdikləri mənfəətin həcmindən və fiziki şəxslərin gəlirlərindən asılıdır. Bazar iqtisadiyyatının formalaşma səviyyəsi onun hərəkətverici qüvvəsi olan rəqabətin və bazarın bölüşdürülməsi səviyyəsi ilə ölçülür. Bəzən bu və ya digər firma bazara sahib olmaq üçün malları çox aşağı qiymətə sataraq müəyyən qədər ziyana da düşür. Bu addım ÜDM-in həcmini artırsa da, vergi daxilolmalarını artırmır.

Qeyd etmək lazımdır ki, texnologiya inkişaf etdikcə rəqabət güclənir, biznesin gəlirliliyi aşağı düşür. Ona görə də, ÜDM-nun artımı hökmən vergi daxilolmalarını artırmalıdır, qənaətinə gəlmək düz deyil və büdcə sistemini daha etibarlı və müasir qiymətləndirmə ilə təmin etmək lazımdır. İlk növbədə, vergi daxilolmalarının potensial mənbələri araşdırılmalıdır və bu mənbələrin hər biri qiymətləndirilməlidir. Bu isə birinci növbədə, gəlirlərin proqnozlaşdırılması prosesinin elmi cəhətdən əsaslandırılmasını tələb edir. Nəzərə almaq lazımdır ki, əvvəlcədən artıq təsdiqlənmiş gəlir proqnozları sonradan büdcənin idarə edilməsində çətinlik yaratmaqla bərabər ümumən büdcə-vergi səmərəliliyini aşağı salır.

Mövcud proqnozlaşdırma prosesində dövlət orqanlarının səmərəli iştirakını qeyd etmək lazımdır. Büdcə tapşırıqlarının formalaşdırılması zamanı yarana bilən çatışmazlıq büdcə-vergi siyasətini iqtisadi inkişafın tələblərinə uyğun aparmağa imkan vermir. Ən başlıca çatışmamazlıq müvafiq dövlət orqanları arasında koordinasiyanın və proqnozların hazırlanmasının vahid metodologiyasının olmaması ilə əlaqələndirilə bilər. Beynəlxalq təcrübə göstərir ki, müvafiq orqanların koordinasiyasının rolunun daha böyük olduğunu və hətta bu orqanlar arasında xüsusi razılaşmanın olduğunu göstərir. Həmin razılaşmada müvafiq orqanların iştirakı reqlamentləşdirilir və yekun variantın qəbul olunma mexanizmi öz əksini tapır. Göründüyü kimi bu cür çatışmazlıq, hər şeydən əvvəl təşkilati xarakterə malikdir və büdcə paketinin hazırlanması prosesində konsensus nəticəsində aradan qaldırılmalıdır.

Qeyd etmək lazımdır ki, büdcə daxilolmalarının proqnozlaşdırılması və vergi daxilolmalarının düzgün qiymətləndirilməsi çox çətindir. Əgər nəzərə alsaq ki, keçid iqtisadiyyatını yaşayan ölkələrdə sürətli struktur dəyişiklikləri baş verir, onda belə qiymətləndirmə daha çətin olur. Qeyd olunan çətinlik həm də onunla bağlıdır ki, qərar qəbulu prosesi üçün zəruri olan adekvat informasiyanın toplanması da çox uzun zaman mərhələsi tələb edir, çox vaxt da etibarlı və keyfiyytli olmur, həm də yalnız keçmiş dövrü əks etdirən statistikadan başqa bir şey deyil. Lakin məlumdur ki, proqnozlaşdırma metodikasının seçilməsi, əgər bir tərəfdən, hansı suallara cavab axtarılmasından asılıdırsa, o biri tərəfdən, mövcud olan informasiyanın təbiətindən, etibarlılığından və keyfiyyətindən asılıdır. Belə ki, əgər sistemdə ciddi struktur dəyişiklikləri baş vermirsə və gəlirlərin paylanması nisbətən dayanıqlı xarakter daşıyırsa, onda, aqreqasiya olunmuş dinamik sıralardan, əks halda isə aqreqasiya olunmuş distributiv üsullardan istifadə edilir. Mövcud tədqiqatlarda vergi daxilolmalarını qiymətləndirmək üçün əsasən üç tip model tətbiq olunur.

Daxilolmaların qiymətləndirilməsi modellərində, adətən, mövcud qanunve­ri­ci­lik və normativlər daxilində gələcək vergi daxilolmalarının qiymətləndirilməsi məqsədilə tətbiq edilir. Proqnozlaşdırma dövrü kimi ay, rüb və ya il qəbul edilir. Belə proqnoz baza proqnozu adlanır və nəticədə alınmış qiymətlər vergi siyasətinin təhlili modelləri ilə hesablanmış qiymətlər vasitəsilə dəqiqləşdirilir.

Vergi siyasətinin təhlili modelləri isə vergi qanunvericiliyinin dəyişməsinin büdcə gəlirlərinə və onların paylanmasına təsirini qiymətləndirmək üçün istifadə olunur. İlkin məlumat kimi vergi bəyannamələri götürülür. Mahiyyətcə bu modellər, imitasiya mikromodellərindən ibarətdir. Belə modellərin işlənib hazırlanması üçün vergi bazası haqqında məlumat və adekvat vergi modeli lazımdır ki, vergilərin real qiymətlərini və bəyannamə göstəricilərini imitasiya etmək mümkün olsun.

Daxilolmaların monitorinqi modelləri daxilolmaların vaxtını və həcmini müşayiət etməyə imkan verir ki, o da ÜDM-in artıb-azalmasının səbəblərini aydınlaşdırmağa, proqnoz tapşırıqlardan kənarlaşmaları izah etməyə imkan verir ki, bu da vaxtında və məqsədyönlü qərarlar qəbul etməyə şərait yaradır.

Beləliklə, ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və orta müddətli maliyyə proqramına uyğun olaraq iqtisadiyyatın inkişaf etdirilməsini və nəzərdə tutulan büdcə-vergi siyasətinin effektiv həyata keçirilməsini təmin etmək üçün aşağıdakı istiqamətlərin nəzərə alınması məqsədəmüvafiqdir:

- ümumi daxili məhsulun strukturuna və sahə quruluşuna uyğun büdcə gəlirlərinin artımını təmin etmək;

- vergi daxilolmalarının proqnozlaşdırılması modelini hazırlamaq və bu prosesi keyfiyyətli həyata keçirmək üçün real informativ-məlumat sistemini təsis etmək;

- potensial gəlirlərin büdcəyə daxilolma əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsinə nail olmaq;

- dövlət xəzinədarlığı vasitəsilə büdcə təşkilatları xərclərinin idarə edilməsi potensialını artırmaq, büdcə vəsaitlərinin təyinatı üzrə düzgün xərclənməsi üzərində dövlət maliyyə nəzarətini daha da gücləndirmək;

- qeyri-neft sektorunda büdcə gəlirlərinin yığım əmsalının üstün artımına nail olmaq;

- dövlət büdcəsi xərclərinin investisiya yönümlüyünə üstünlük vermək;

- investisiya qoyuluşunun strukturunu və kreditlərin verilməsi mexanizmini daim təkmilləşdirmək;

- sahibkarlığı regionlar üzrə inkişaf etdirmək;

- dövlət vəsaitindən səmərəli istifadəni, büdcə xərclərinin strukturunun təkmilləşdirilməsini və xərclərin şəffaflığının artırılmasını təmin edən qanunvericilik bazasının formalaşdırılmasını davam etdirmək;

- dövlətin qısamüddətli istiqraz vərəqələri bazarını daha da inkişaf etdirmək, dövlətin qiymətli kağızlar bazarında investorların iştirakını genişləndirmək və qiymətli kağızlara olan tələbatı artırmaqla normal rəqabət prinsipləri əsasında faiz dərəcələrinin aşağı düşməsinə şərait yaratmaq;

- kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün hazırlanmış proqamların maliyyələşdirilməsində büdcənin rolunu və bu istiqamətə vəsait qoyuluşunu artırmaq;

- büdcə vəsaitlərinin məqsədyönlü və təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə xəzinə nəzarətini daha da gücləndirmək, büdcə təşkilatlarında borclanma prosesini çevik idarə etmək;

- büdcə-vergi siyasəti alətlərindən səmərəli istifadə etmək;

- dövlət büdcəsi kəsirinin tədricən azaldılması siyasətini davam etdirmək və bu kəsiri iqtisadiyyatın stimullaşdırılması həddində saxlamaq;

- büdcə kəsirini inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirmək;

Bu məqsədlə, artıq növbəti, 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafı dövlət proqramı hazırlanmışdır. Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının birinci mərhələsini uğurla başa vuran hökumət növbəti mərhələdə büdcə-vergi siyasətin sahəsində islahatları davam etdirilməlidir. Dövlət proqramının ikinci mərhələsində aşağıdakı istiqamətlər müəyyən edilmişdir:



  • ilkin mərhələdə dövlət büdcəsinin, daha sonra isə digər fiskal fondların ortamüddətli xərc strategiyasının müəyyən hədəf tələbləri əsasında işlənilməsi və həyata keçirilməsi;

  • regional səviyyədə vergi mexanizminin iqtisadi artımın tələblərinə uyğun rasional idarə olunması;

  • regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına daxil ediləcək regional investisiya layihələrinin xarici investisiya müsabiqələrinə təqdim olunması;

  • xüsusi əhəmiyyət kəsb edən, lakin xarici mənbəələr hesabına maliyyələşməyən investisiya layihələrinin dövlətin investisiya proqramına daxil edilməsi və idarə olunması;

  • fiskal xərclərin, xüsusilə ARDNŞ tərəfindən həyata keçirilən sosial xərclənmələrin davamlı şəkildə minimuma endirilməsi, bu layıhələrin isə hissə-hissə dövlət büdcəsinə keçirilməsi;

  • sosial müdafiə sisteminin maliyyə təminatının ilkin mərhələdə dövlət büdcəsi, sonralar isə daxili imkanlar və investisiya modeli hesabına gücləndirilməsi;

  • regional səviyyədə bank xidmətlərinin davamlı şəkildə yaxşılaşdırılması, xüsusilə sosial təbəqənin ehtiyaclarına yönlən mikrokredit mexanizminin təkmilləşdirilməsi;

  • sosial xidmətlərin regional səviyyəsinin qaldırılması məqsədilə sığorta mexanizminin gücləndirilməsi, maliyyə imkanları zəif olan regional müəssisələrə ilkin güzəştlərin verilməsi.

Bazar iqtisadiyyatının formalaşdırılması, onun dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində aparılan məqsədyönlü iqtisadi siyasət çərçivəsində çevik büdcə-vergi siyasəti həyata keçirilir ki, bu siyasətin də əsas istiqamətləri vergilərin sayının azaldılması, vergi dərəcələrinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsindən ibarətdir. Ölkəmizdə maliyyə axınlarının hərəkəti əsasən Bakı şəhərində və qismən də böyük şəhərlərdə mərkəzləşmişdir. Bu tendensiya pul vəsaitlərinin paytaxtda cəmləşməsinə səbəb olan iri vergi ödəyicilərinin korporativ maraqları və regionlarda bank sektorunun kifayət qədər inkişaf etməməsi ilə əlaqədardır. Bu hal isə hər bir regionun vergi bazasının hesablanmasında fərdi yanaşmanın vacibliyini şərtləndirir.

Məhz elə buna görə də, regionların vergi bazasının obyektiv müəyyənləşdirilməsi və bunun əsasında vergi potensialının hesablanması üçün ilkin şərt, yəni regionlarda makroiqtisadi vəziyyətin inkişaf tendensiyasını təyin edən, həmçinin vergi bazasının ümumi vəziyyətinə və onun inkişaf perspektivinə təsir edən sahəvi və regional amillərin və maliyyə axınlarının mövcud strukturunun göstəricilər sisteminin formalaşdırılması təmin olunmalıdır. Bu zaman, vergi bazasının hesablanması üçün lazım olan göstəricilər sisteminə, birinci növbədə onun formalaşmasına təsir edən parametrlər daxil edilməlidir ki, bunlara aşağıdakıları aid etmək olar:

- regionun ölkənin ümumi təsərrüfat sistemində yeri və rolu;

- yerli təsərrüfatın müəyyən sahəsi üzrə ixtisaslaşdırılması, təsərrüfatın əsas sahələrinin yerləşdirilməsinin və fəaliyyətinin xüsusiyyətləri;

- region əhalisinin sayı və şəhərdə yaşayan əhalinin xüsusi çəkisi;

- regionun ümumi məhsulunun həcmi;

- regionun aparıcı sahələrinin müəssisələrinin maliyyə-iqtisadi vəziyyəti, mən- fəətlə və zərərlə işləyən müəssisələrin sayı;

- əmək haqqının səviyyəsi və dinamikası (əmək haqqı üzrə borc haqqında informasiya büdcə gəlirlərində fiziki şəxslərdən gəlir vergisinin xüsusi çəkisini müəyyənləşdirməyə imkan yaradır);

- regionun iri vergi ödəyicilərinin sayı;

- regionun iqtisadi sahələri daxilində ixracatının həcmi.

Bununla yanaşı, regionların vergi bazasının hesablanması zamanı regionların ərazisindəki xüsusi mülkiyyətin gəlirliyinin və büdcə effektivliyinin, istehsal və sosial infrastrukturun və regionun inkişaf etmiş sahələrinin texnoloji yenilənməyə tələbatının, regionun resurs bazasının, nəqliyyat təminatının və s.-nin keyfiyyətinin qiymətləndirilməsi nəzərə alınmalıdır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı çərçivəsində vergi güzəştlərinin dövlətin sosial-iqtisadi proqramlarının strateji məqsədlərə uyğun verilməsi, bu güzəştlərin ancaq müvəqqəti və əldə edilmiş nəticələrə əsaslanaraq tətbiq edilməsi məqsədəuyğun hesab edilir.

Vergitutma bazasına əhəmiyyətli dərəcədə təsir göstərən bir sıra amillər də nəzərə alınmalıdır. İlk növbədə, iqtisadiyyatda ödəməmələr (müəssisələr arasında külli miqdarda borcların yaranması) problemi, tətbiq edilən hesablaşma formaları (nağd, barter, veksel) və nisbətən iri vergi ödəyicilərinin (maliyyə-bank və maliyyə-sənaye sahələri daxil olmaqla) regionlarda vergi bazasının dəyişməsinə təsirinin öyrənilməsi də vacibdir. Bu zaman, onların maliyyə vəziyyəti, hesablaşma növü, hüquqi statusu və strukturu təhlil olunmalı və qiymətləndirilməlidir. Nəticədə, əldə olunan göstəricilər regionun ümumi gəlirinin, onun iqtisadi, maliyyə və vergi potensialının hesablanmasının informasiya bazasını təşkil edəcəkdir. Bu informasiya bazası regionun iqtisadi artımının və müvafiq olaraq vergi daxilolmalarının artırılmasının mümkünlüyü haqqında məlumat verəcəkdir. Bu məlumat, büdcənin növbəti dəfə formalaşmasında böyük rol oynamaqla yanaşı, burada regionların subsidiya, subvensiya, dotasiya və transfert maliyyələşdirilməsi şəklində olan dövlət resurslarına tələbatı daha aydın əks olunacaqdır. Sözügedən göstəricilər sisteminin istifadəsi makroiqtisadi amillər və vergi bazasının ümumi vəziyyəti arasında funksional asılılığı müəyyənləşdirməyə şərait yaradır ki, bu da öz növbəsində bizə, iqtisadiyyatın sahələrində və ölkənin regionlarındakı vergi bazasını obyektiv qiymətləndirməyə imkan verir. Daha az inkişaf etmiş rayonlar (dağ və dağətəyi rayonlar), intensiv əmək resursları tələb edən istehsal və sair dövlətin dəstəyinə ehtiyacı olan insan qrupları üzrə xüsusi subsidiyalar siyasətinin tətbiq edilməsinə ehtiyac vardır.

Bəzi inkişaf etmiş ölkələrdə dövlət subsidiyalarının yerinə özəl biznesin vergi güzəştləri əsasında stimullaşdırmasına da üstünlük verilir. Ancaq vergi güzəştləri öz növbəsində, müəssisələrə fəaliyyət nəticəsində dövlətin müəyyən hədəflərinin yerinə yetirilməsinə görə verilə bilər. Vergi dərəcələri arasında diferensiasiyasının mövcudluğu iqtisadi fəaliyyət növləri və regional inkişaf baxımından qeyri-bərabərlik yaradır, bir sahə digər sahəyə, bir region digər regiona nisbətən daha sürətlə inkişaf edir. Bu isə iqtisadi baxımından müsbət haldır. Buna görə də ümumi olaraq vergi növləri üzrə vergi dərəcələrin vahid dərəcələr əsasında qurulmasına əsas prioritet verilməlidir.

Beynəlxalq təcrübəyə əsasən, müxtəlif ölkələrdə sadələşdirilmiş vergi sistemi tətbiq olunur. Ölkəmizdə kiçik biznesin inkişafı üçün sadələşdirilmiş vergi sisteminin tətbiqi davam etdirilməlidir ki, xüsusilə regionlarda kiçik biznes obyektləri rəqabət qabiliyyətli olsunlar və iş məşğulluğu problemi həll olunsun.

Ancaq kiçik biznes üçün nəzərdə tutulmuş sadələşdirilmiş vergi rejimindən istifadə edərək bir sıra iqtisadi fəaliyyət növləri üzrə sadələşdirilmiş vergi ödəyiciləri kimi qeydiyyata durmaqla, vergidən yayınma halları vergi orqanlarının xüsusi nəzarətində olmalıdır. Bu baxımdan, sadələşdirilmiş verginin məbləği həm iqtisadi fəaliyyət növü, həm dövriyyə, həm də işçilərin sayı və xidmət sahəsi kimi parametrləri əsasında təyin edilməlidir. Bununla yanaşı, regionların iqtisadi inkişafı nöqteyi-nəzərindən sadələşdirilmiş verginin məbləği ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə də hesablana bilər.

Regionun vergi potensialının formalaşmasına bir neçə iqtisadi göstərici təsir edir ki, bunlara da vergi daxilolmaları, vergi borcları, vergi güzəştləri, gizli iqtisadiyyatın yayındırdığı vergilər, vergi qanunvericiliyi və digər qanunvericiliklərin yaratdığı ziddiyyətlər və boşluqlar nəticəsində yayındırılan vergi məbləği daxildir.

Büdcə-vergi siyasətinin təkmilləşdirilməsi iki əsas məsələnin həllini qarşıya qoyur: regionun özünün vergi potensialının qiymətləndirilməsi (məcmu maliyyə resurslarının bir hissəsi kimi baxılan potensial vergi resursları) və regionun vergi yükünün yuxarı həddinin (vergiqoyma norması) qiymətləndirilməsi. Bu qiymətləndirmə isə büdcələrarası iştirakçıların hamısının maraqlarının nəzərə alınması ilə obyektiv şərtləndirilən, regionların və bələdiyyə qurumlarının büdcə təminatı səviyyəsinin bərabərləşdirilməsi məqsədi ilə aparılır.

Bu istiqamətdə vacib məsələlərdən biri - ayrı-ayrı rayonların icra strukturlarının vergi aktivliyinin yüksəldilməsində rolu, mövcud vergi qanunvericiliyindən istifadə edib vergi potensialının formalaşması, təsərrüfat fəaliyyətinin stimullaşdırılması üçün uyğun mexanizmlərin istifadə olunması, vergitutma bazasının genişləndirilməsi və rayonların özünütəminata keçidi olmalıdır. Vergi potensialının müəyyən edilməsi həm mütləq qiymətdə, həm də indekslər şəklində həyata keçirilir. Bu indekslər regionun vergi potensialının orta makroiqtisadi göstəriciyə nisbəti kimi müəyyən edilir. İndeks göstəriciləri iqtisadiyyatın real vəziyyətini daha obyektiv əks etdirir. Belə ki, bu, istifadə olunan hesablama üsullarının qeyri-təkmilliyindən daha az asılı olub, inflyasiya amilinin təsirini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Vergi potensialının regionlararası müqayisəsində, bir qayda olaraq, adambaşına düşən uyğun göstəricilərdən istifadə olunur. Belə ki, vergi potensialının kəmiyyət qiymətlən­dirilməsi zamanı faktiki yığılmış daxilolmalar göstəricisi, vergi potensialının ölçü vahidi kimi isə baza ilində faktiki yığılmış gəlir göstəricisi istifadə oluna bilər. Bu məqsədlə, adambaşına düşən orta gəlir göstəricisini də götürmək olar. Bu göstərici də öz növbəsində, vergi potensialının nisbi səviyyəsinin baza göstəricisi ola bilər. Adambaşına düşən orta gəlir göstəricisi bir çox ölkələrdə vergi potensialının nisbi ölçüsü kimi istifadə olunur. Bu məqsədlə, başqa üsullardan da istifadə oluna bilər. Məsələn, rayonun ümumi məhsulu və ya ölkə üzrə ÜDM göstəricisi, rayonun vergiqoyma resurslarının məcmusunun səviyyəsi, reqressiya təhlili üsulu ilə reprezentativ vergi sistemi üsulunun birgə istifadə edilməsi və s. üsulları göstərmək olar. Daha dəqiq desək, bu üsulların səmərəliliyinin tədqiqi və universal üsulun müəyyən edilməsi isə müstəqil elmi-tədqiqat işlərinin aparılmasını tələb edir.

Fikrimizcə, büdcə-vergi siyasətinin səmərəliliyini təmin etmək üçün aşağıdakı kompleks tədbirlərin həyata keçirilməsi vacibdir:


  • vergi yükünün azaldılması, vergi məkanının genişləndirilməsi;

  • vergi ödəyicilərinin fəaliyyətinin stimullaşdırılması, potensial vergi bazasının genişləndirilməsi;

  • vergilərin strukturunun onların sadələşdirilməsi istiqamətində təkmilləşdirilməsi;

  • sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin edən vergi mühitinin yaradılması;

  • dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti gücləndirilməsi;

  • büdcənin icrası prosesində şəffaflığın təmin olunması məqsədilə xəzinədarlıq sisteminin təkmilləşdirilməsi işlərini sürətləndirilməsi;

  • büdcə gəlir və xərclərinin ÜDM-da xüsusi çəkisinin artırılmasına nail olunması;

  • xərclərin investisiya və sosialyönümlülüyünün təmin edilməsi;

  • büdcə prosesində perspektiv maliyyə planının rolunun artırılması;

  • dövlət bdcəsindən maliyyələşən ayrı-ayrı sahələr üzrə xərc nor­ma­tivlərinin təkmilləşdirilməsi;

  • büdcə kəsirinin inflyasiya yaratmayan mənbələr hesabına maliy­yə­ləş­dirilməsi;

  • dövlət vəsaitinin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nə­za­rə­ti tam təmin etmək məqsədilə idarə, müəssisə və təşkilatlarda uçot-he­sabat işlərinin yenidən qurulmasının təmin edilməsi;

  • dövlət orqanlarının idarəetmə strukturunun təkmilləşdirilməsinə dair tək­liflərin hazırlanması və idarəetmə xərclərinin üzərində nəzarətin güc­ləndirilməsi.


Kataloq: application -> uploads -> 2016
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> İmtahanın keçiriləcəyi tarix «15» may 2016-cı il Otaq 412
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> 2016-cı il Otaq 412 Sıra№-si
2016 -> AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m
2016 -> Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət İqtisad Universiteti

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə