Manaf süleymanov



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix06.06.2020
ölçüsü2,43 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

 
BİRİNCİ DÜNYA MÜHARİBƏSİ 
 
Balkanlarda  balaca  Sarayevo  şəhərindəki  Latın  körpüsündə  atılan  iki 
güllə  dünyanı  neçə  il  sürən  qanlı,  alovlu,  qovğalı  faciələr  və  təxribat  dolu 
müharibəyə sürükləmişdi. 
1914-cü  ilin  ortalarında  Avstriya-Macarıstan  imperiyasının  orduları, 
qırx  il  əvvəl  işğal  etdikləri  Serbiyada  hərbi  manevr  keçirməyə  başlayırlar. 
Əməliyyata  baxmaq  üçün  taxt-tac  vəliəhdi  Frans  Ferdenand  arvadı  Sofi  fon 
Qoqenberqlə Sarayevo şəhərinə gəlmişdi. 
Bu şəhər gözəl iqlimi, saf, təmiz ab-havası, şairanə mənzərəsilə bütün 
Avropada  məşhurdu.  İlk  adı  Verxnobosna  olan  şəhəri  türklər  1389-cu  ildə 
saray  ovası  adlandırmışdılar.  Məhəllələr  mərkəzdəki  «Baş  çarşı»  ətrafında 
yerləşir.  «Baş  çarşı»dan  başqa,  burda  bir  neçə  qapalı  və  açıq  çarşı  və  çoxlu 
sənətkar emalatxanası, tacir və sərraf dükanları vardı. 
Türklər  Sarayevoda  bir  neçə  möhtəşəm  saray  və  təmtəraqlı  məscid 
ucaltmışdılar.  Yüz  illəri  arxada  qoymuş  bu  sənət  əsərlərinin  nəhəng  firuzəyi 
qübbələri, göylərə baş qaldırmış eyvanlı minarələri uzaqlardan diqqəti cəlb edir 
və  şəhərə  şairanə  görkəm  verir.  Bu  saray  və  camelər  üç  yüz  əllidən  çox 
möhtəşəm  saray,  mədrəsə,  çarşı,  məbəd  layihələşdirib  tikdirmiş  dahi  memar 
Hoca Senanın əsərləridir. Senan 1535-ci ildə «Xosrovbəy» məscidini, 1561-ci 
ildə  «Əlipaşa»  məscidini,  1566-cı  ildə  «saray»  məscidini  layihələşdirib 
tikdirmişdi. 
Türkiyə 1877-78-ci illərdə iki - Şərq və Qərb cəbhələrində apardıqları 
müharibədə məğlub oldu və 420 illik hakimiyyətdən sonra onların əlində olan 
bu torpaqlar Avstriya-Macarıstan imperatorluğu tərəfindən işğal edildi. 
Serb  xalqı  ilk  gündən  yeni  işğalçılara  qarşı  da  əzmlə  mübarizəyə 
qalxmışdı.  Azadlıq  hərəkatına  tələbələrin  yaratdığı  «Gənc  bosna»  təşkilatı  da 
qoşulmuşdu. Onun rəhbəri tələbə Qavrilo Prins adında gimnaziya şagirdi idi. 
Serblər  türk  istilasına  məruz  qaldığı  vaxtdan  hər  il  iyun  ayının  28-si 
gününü milli faciə, milli matəm günü kimi qeyd edirdilər. 
1914-cü  ildə,  iyun  ayının  28-də  səhər,  Frans  Ferdenand  arvadı  Sofi 
fon  Qoqenberqlə  Sarayevodakı  Latın  körpüsündə,  saat  on  tamamda  Qavrilo 
Prinsin tapançasından açılan iki güllədən öldülər. 
downloaded from KitabYurdu.org

125 
 
Çoxlu  tələbə  həbsə  alınır  və  məhkəmə  qurulur.  Qavrilo  Prinsin 
müavini Danilo İliç silahdaşları ilə ölümə məhkum edilir. Qavrilo Prins həddi-
büluğa  çatmadığından  məhkəmə  ona  20  il  kürək  cəzası  kəsir,  həbsxanada 
vərəmdən vəfat edir. 
Əhali güllə atılan gündən Latın körpüsünə Qavrilo Prins körpüsü adını 
qoyur. 
Bir  anda  açılan  iki  güllə  bütün  dünyada,  gözlənilməyən  gurultulu, 
qovğalı əks-səda yaratdı. Dövlətlər bloklara ayrıldı: Rusiya - Fransa - İngiltərə 
düvəli  müəzzəmə  (böyük  dövlətlər)  təşkil  etdilər;  Almaniya  –  Avstriya  – 
Macarıstan  -  İtaliya  düvəli  müsəlləsə  (üç  bucaq)  yaratdılar.  1915-ci  ildə 
Türkiyə də bu bloka qoşuldu. 
Qoşa  güllə  açılandan  35  gün  sonra,  avqustun  ilk  günündən  alman 
militarizminin  təərüz,  zorakılıq  maşını  hərəkətə  gəldi.  Günahsız  insanların 
qanları  sel  kimi  axmağa,  şəhərlər,  dinc  kəndlər  viranəyə  dönməyə  başladı. 
Avqustun  axırında  dünyanı  öz  müstəmləkəsilə  döndərmək  istəyən 
imperialistlər  başda  olmaqla  otuza  qədər  dövlət  gündən-günə  şiddətlənən 
müharibənin məhvərində fırlanırdı. 
Müharibə  elan  edilən  gün  Almaniyada  olan  bütün  rus  təbəələrini  əsir 
tutub xüsusi düşərgələrə salırlar. 
Hacı Zeynalabdin Tağıyev öz ailəsilə Almaniyada istirahət edirdi.  
Tağıyevin  qızı  əhvalatı  belə  nəql  edirdi:        Atam,  anam,  bacılarım  - 
Leyla  və  Sürəyya,  qardaşlarım  -  Məmməd  və  İlyas,  anamın  ən  yaxın 
qulluqçusu Raisa, bir də atamın köhnə tanışlarından qoca 90 yaşlı Məstanbala 
Almaniyaya  getdik.  Məstanbala  söhbət  vaxtı  atama  deyir  ki,  Hacı,  varlı 
adamsan, pulun çoxdur, Firəngistana  gedəndə, bir dəfə  məni də apar; atam da 
onu  götürmüşdü.  Əvvəl  Berlinə  gəldik,  ən  məşhur  «Ekspolenada»  otelinə 
düşdük.  Bir  neçə  gündən  sonra  Ems  mədən  sularına  yollandıq.  Bir  ay  orada 
qaldıq,    Marenbadenə  getdik.  Atam  bir  ay  da  orada  müalicə  olundu,  biz  isə 
dincəldik.  Axşamüstü  bir    rus    ruhanisi    atamın  yanına  gəlib  xəbər  verdi  ki, 
məni  rus  səfiri  göndərib,  deyir  ki,  Hacı  tez  yola  düşsün.  Almanlar  Rusiyaya 
müharibə  elan  edir.  Xəbər  qəzetlərdə  dərc  olunandan  sonra  rus  təbəələrini 
vətənlərinə    buraxmayacaq,  əsir  saxlayacaqlar.  Biz  Berlinə  çatanda 
müharibənin  elan  xəbəri  artıq  yayılmışdı,  Vağzalqabağı  meydanda  adam 
əlindən  tərpənmək  olmurdu.  Kişilər  əllərindəki  ağacları  havada  hərlədib, 
hədələyə-hədələyə  «Rus...  rus...  rus...»  deyə  qışqırırdılar.  Keçmiş  Qafqaz 
canişini qraf Voronsov-Daşkovun arvadı, milliyyətcə erməni olan Liza Kinikov 
qızını  (Elizaveta  Qriqoryevna)  almanlar  küçədə  saçlarından  yapışıb 
sürütləmişdilər.  Vağzal  binasından  çıxa  bilmirdik.  İki  saat  keçdi,  atam  dedi: 
«Sandıqlar  qalsın  burada,  hər  kəs  çamadanını  götürsün,  gəlsin  dalımca».  O,   
qabaqda, biz də onun dalınca çıxdıq meydana. Polis nəfərləri bizi o saat araya 
downloaded from KitabYurdu.org

126 
 
aldılar.  Mindirdilər  bir  maşına.  Atam  dedi:  «Ekspolenada»    mehmanxanasına  
sür».    Bizi    orda  qəbul  etmədilər.        Şəhərin    bütün  mehmanxanalarına  baş 
vurduq,    nəticəsiz  qaldı.  Axırda,  ucqar  məhəllələrdən  birində  yerləşən 
mehmanxanada  bizə  yer  verdilər.  Atamın  Berlin  bankındakı  100.000  manat 
pulundan  bir  qəpik  də  vermək  istəmirdilər.  Atam  Frank-furt  Mayn  şəhərinə 
zəng  çaldı.  Bakıda  su  kəməri  çəkmək  məsələsi  üçün  buraya  gəlmiş  Lindleyə 
əhvalatı  başa  saldı.  Lindley  Berlinə  Qeviner  adlı  bir  şəxs  göndərdi.  Qeviner 
bankla  danışıq  aparıb,  atama  xəbər  verdi  ki,  sizin  bütün  xərclərinizi  banka 
təqdim ediləcək sənəd əsasında ödəyəcək, amma sizə nəqd pul verməyəcəklər. 
Atam  getdi  Türkiyə  səfarətxanasına,  çıxılmaz  vəziyyətə  düşdüyünü    xəbər 
verdi, yardım istədi. Türk səfiri birbaşa Almaniya kayzeri II Vilhelmə müraciət 
edir ki, müsəlman aləminin ən məşhur kübarı neft milyonçusuna kömək eləyin 
vətəninə, Bakıya qayıtsın. 
Şübhəsiz ki, Vilhelm bütün dünyada tanınmış Nobel, Rotşild və digər 
neft maqnatları kimi Tağıyevi də tanımamış deyildi. Kiçik Qafqaz dağlarında, 
Gəncə quberniyasında, Kirakidzor və Gədəbəydə alman sənaye maqnatı simens 
qardaşları hələ  on doqquzuncu  əsrin ortalarından  mis,  sürmə, qızıl,  gümüş  və 
sairə  zəngin  filiz  damarlarını  istismar  edib  Azərbaycanın  milli  sərvətini  öz 
ölkələrinə daşıyırdılar. Gədəbəydə  meşənin içərisində  yerləşən.; Qalakənddəki 
misəritmə  zavodundan  simenslər,  habelə  iki  tona  qədər  qızıl,  beş  ton  gümüş 
istehsal edib Almaniyaya aparmışdılar. Şübhəsiz, Hacının ailəsini buraxmaqda 
Bakı  neftinə,  tükənməz  sərvətə  çoxdan  göz  tikmiş  olan  Vilhelmin  öz 
mülahizəsi,  öz  hesabı  varmış.  Neft  maqnatı  baron  Bekendorf  başda  olmaqla 
Bakıda  alman  neft  sənayeçiləri,  ticarət  işgüzarları  və  texniki-maliyyə 
mütəxəssisləri vardı. 
Kayzer Vilhelmin şəxsi sərəncamı ilə bizə gəmi verib dənizdəki çoxlu 
mərmilərdən qorumaq üçün xüsusi kreyser də qoşdular. 
Bizim  əyan  olduğumuzu  polis  bildikdə  deyir  ki,  madam  gedən  adam 
kübardır, məşhur əyandır, onun məiyyəti olmalıdır, siyahı verin. Atam Berlində 
çarəsiz qalmış 35 nəfər rus, erməni, gürcü və yəhudi təbəələrini siyahıya daxil 
edib  polisə  göndərdi.  Beləliklə,  onları  da  əsirlikdən  xilas  etdi.  Əvvəl  bizi 
Kopenhagenə yola saldılar. Kreyser qabaqda, gəmi də onun dalınca üzürdü ki, 
minaya toxunmasın. Gəlib çıxdıq Finlandiyaya, oradan da Peterburqa. 
Rusiyanın  əsas  duru  yanacaq  mənbəyi  olan  Bakı  bu  müharibədə 
diqqəti  xüsusi  cəlb  edən  şəhərlərdən  biri  idi.  Alman  imperializmi,  eləcə  də 
Rusiyanın müttəfiqi ingilis imperializmi qara qızıl xəzinəsinə yiyələnməyə var 
qüvvələrilə  can  atırdılar.  Fikirləri  gələcəkdə  Bakının  tükənməz  neft  sərvətinə 
və buradan da bütün Qafqaz mineral-filiz sərvətinə sahib olmaq, sonra da İran, 
Yaxın və Orta Şərq və Hindistana yol tapmaq   idi. 
 
downloaded from KitabYurdu.org

127 
 
1916-1920-ci İLLƏRDƏ BAKIDA BAŞ VERƏN HADİSƏLƏR 
 
İbn pinəçi dəhrə olur gözb ilə Soltan,  
Zühhakın edər mülkünü bir Gavə pərişan. 
 
Birinci  dünya  müharibəsi  uzandıqca  bazarda  mallar,  xüsusilə  ərzaq 
gündən-günə  bahalanır,  əmək  haqqı  isə  əvvəldə  olduğu  kimi  qalırdı.  Çarizm 
müharibəyə  qoşulmaqla  fəhlə  və  qulluqçuları,  bütün  kasıb  camaatı  çıxılmaz 
məngənəyə  salıb  əzirdi;  ümid  yeri,  aclıq  dərdinə  əlac  edən  də  yox  idi.  Boş 
vədlər, mənasız təsəlli verən, Allahın ötəyindən yapış deyənlər çox idi; lakin bu 
sözlərlə  nə  ac  uşaqların  qarnı  doyur,  nə  xəstəliyə  əlac,  nə  də  dərdlərə  çarə 
tapılırdı. Yeganə çarəni əməkçi camaat mübarizədə görürdü. 
Fəhlələrin  çıxışları  getdikcə  güclənir,  böyük  miqyas  alırdı,  Xüsusilə 
1916-cı  ilin  payızından  inqilabi  çıxışlar  sürətlə  artırdı.  1916-cı  ildə  bu  və  ya 
digər  mədən  və  zavodlarda,  tərsanə  və  emalatxanalarda,  depoda  tez-tez  tətil 
elan edilirdi. 
1916-cı ilin əvvəlində Bakıda ən vacib ərzaq mallarının qiyməti xeyli 
bahalanmışdı. 
Altı  nəfər  möhtəkir  ət  ticarəti  məqsədilə  sindikat  yaratmışdı.  Bu 
sindikat  Türkmənistandan  qoyun  gətirib,  bazarlarda  baha  qiymətə  satırdı. 
Həmin  dəstə  1915-ci  ilin  dekabrında  yüz  əlli  min  baş  qoyun  alıb  Hacı  Dadaş 
Hüseynovun gəmilərində Bakıya daşıyır və Puta stansiyasındakı Baxça deyilən 
yerdə  saxlayırdılar.  Qoyunların  hər  birini  əvvəllər  16-17  manata,  1916-cı  ildə 
isə daha baha qiymətə satırdılar. 
Un,  düyü,  çörək,  ət,  toyuq,  yumurta,  göyərti  və  başqa  ərzaq  malları 
bahalanırdı.  Dükançılar  malları  gizlədir,  müştəriləri  incidir  və  soyurdular. 
Qiymət bahalandıqca, ərzaq azaldıqca kasıbların  səbr kasası dolurdu. 
1916-cı  ildə,  fevralın  14-də  Bakıda  aclıqdan  cana  gələn  qadınların 
güclü  çıxışı  -  məşhur  «Babiy  bunt»  -  arvadların  qiyamı  baş  verdi.  Bu, 
Zaqafqaziyada qadınların ilk çıxışı idi. 
Üç  gün  davam  edən  və  bütün  şəhəri  bürüyüb  əhalini  ayağa  qaldıran 
iğtişaş və qarışıqlığa xırda bir əhvalat səbəb olmuşdu. 
Bir qadın Aleksandro-Nevski bazarında kartof alarkən qiymət üstündə 
dükançı  ilə  höcət  edir,  qəzəblənib  dolu  torbanı  yerə  çırpıb,  günəbaxan  tumu 
olan  qutunu  da  vurub  dağıdır  və  başlayır  tumu  tapdalamağa.  Elə  buna  bənd 
imiş  kimi,  qonşuluqdakı  Bazar  (Hüsü  Hacıyev)  küçəsindəki  yüzlərlə  arvad 
başlayırlar  qarışıqlıq  salmağa,  hücum  edib  meyvə,  tərəvəz,  baqqal,  bəzzaz, 
çörəkçi, qəssab dükanlarını talan etməyə. Qarışıqlıq Quba (Füzuli) meydanında 
və  Balaxanı  (Basin)  küçəsindəki  dükanlara  da  sirayət  edir.  Səbzəbazardakı 
qaxta  budkaları  dağıdıb  yandırırlar.  Arvadlar,  yeni-yetmələr  bazar-dükanı 
dağıdırlar. 
downloaded from KitabYurdu.org

128 
 
Hadisə  yerinə  atlı  polis  və  yanğın  dəstələri  göndərilirsə  də izdihamın 
öhdəsindən  gələ  bilmirlər.  Polis  birinci  gün  atəş  açmağa  cəsarət  etmir. 
Polismeyster  və  onların  əlaltılarının  bütün  cəhdləri  boşa  çıxır.  Arvadlar  və 
uşaqlar  su  boçqalarını  və  yanğın  maşınlarını  araya  alırlar.  Yanğınsöndürən 
nasosu işə salmaq mümkün olmur. Həyəcana  gəlmiş izdiham polis nəfərlərini 
daşa tutur. 
Aleksandro-Nevski  ticarət  cərgələri  və  Bazar  küçəsindəki  mağazaları 
talan edib dağıdandan sonra izdiham ətraf küçələrə hücum edir və qabaqlarına 
çıxan ərzaq anbarlarını dağıtmağa başlayır; iki dəstəyə bölünüb şəhərin zəngin 
mağazalarına  hücum  edirlər.  Bu  neçə  min  nəfərlik  arvad  seli  «Metropol» 
(Nizami  muzeyi)  mehmanxanası  olan  yerdə,  polis  və  atlı  kazak  dəstələrinin 
gözü  qabağındaca  başlayırlar  zəngin  mağazaların  vitrinlərini  və  qapılarını 
sındırmağa. Rəhimov və Fərhadovun mağazalarını bir anda talan edirlər. Sonra 
da başqa mağaza və anbarlara daraşırlar. Qadınların bu dəhşətli, əqlə sığmayan 
qiyamı gecəyarıya qədər davam edir. 
İkinci  günü,  fevralın  15-də  qadınlar  böyük  un,  düyü  və  qənd 
mağazalarını,  Skoblevin,  Çolaq  Ağabala  Quliyevin  və  Qlazovun  nəhəng 
dəyirmanlarını,  un  anbarlarını,  «Rus»  və  «Samalyot»  gəmiçilik  şirkətlərinin 
müxtəlif  çeşidli  mal  anbarlarını  talan  edirlər.  Ac-yalavac  qadınlar,  qız  və 
oğlanlar  şəhərdə  116  ərzaq,  70-ə  qədər  parça,  paltar,  geyim  mağazasına  və 
anbarına basqın etmişdilər. 
Gözlənilmədən  belə  bir  məzəli  əhvalat  da  baş  vermişdi;  bir  dəstə 
qadın  həyət  tərəfdən  «Metropol»  mehmanxanasının  restoranına  girib  yemək 
tələb etmişdi. İstədikləri o dəqiqə  yerinə  yetirilmişdi. Nahar edib bayıra çıxan 
tox  qadınlar  qapıda  rast  gəldikləri  şişman  pristavı  qamarlayıb  hırıldaya-
hırıldaya o qədər atıb tutmuşdular ki, kişinin ürəyi getmişdi. 
Ayın 16-da olan qarışıqlığı təsvir etmək mümkün deyil. İki gün əvvəl 
olub-keçənlər, bütün bunlarla müqayisədə heç nə idi. Çay təki axan, dəniz kimi 
dalğalanan arvadlar  əllərinə  keçənləri  gecə  yarıya  qədər daşıyıb aparır, polisə 
və atlı kazaklara daş yağdırırdılar. 
Qadınların  qiyamı  yalnız  ayın  17-də  yatırıldı.  Cəza  dəstələri 
amansızcasına  hücuma  keçmişdi.  Polis  və  kazaklara  əmr  edilmişdi  ki,  patron 
əsirgəməsinlər. 
Fevralın  14-də  qarışıqlıq  başlayanda  qalabəyi  Martınov  şəhərdə  yox 
imiş.  Arvadları  sakitləşdirmək  əməliyyatına  Qafqaz  canişininin  sərəncamı  ilə 
Bakı general-qubernatoru rəhbərlik edir. O da şəhərdə hərbi qüvvənin azlığına 
görə (270 nəfər piyada, 160 nəfər isə atlı soldat varmış) heç nə edə bilməyib. 
Bakıya  təcili  surətdə  polis  və  əsgəri  hissələr  gətirilir;  Tiflisdən, 
Petrovskdan  (Mahaç-Qala),  Dərbənddən,  Yelizavetpoldan  (Gəncədən), 
Teymurxanşuradan  (Buynaksk)  yüzlərlə  polis  və  atlı  kazak  gətirilir.  Əlahiddə 
Qafqaz ordusundan da güclü qoşun, top-topxana gətirilmişdi. 
downloaded from KitabYurdu.org

129 
 
Bakıya  qayıdıb  əməliyyata  şəxsən  rəhbərlik  etməyə  başlayan 
Martınovu  da  arvadlar  daşa  basmışdılar,  Onun  əmrilə  Skoblev  dəyirmanını 
təzədən  dağıtmaq  istəyən  arvadlara  soldatlar  4  dəfə,  Kaspi  (l.  Şmidt) 
küçəsindəki  böyük  şərab  anbarına  hücum  edən  arvadlara  2  dəfə  yaylım  atəşi 
açırlar.  Atlı  kazaklar  Qaraşəhər  körpüsünün  yanında  1.000  nəfərlik  arvad 
izdihamını pərən-pərən edib qovanda 4 adam öldürülür və atın ayaqları altında 
uşaq  qalıb  məhv  olur.  Merkuri  (Şaumyan),  Petrovsk  (Neftçilər  prospekti), 
Lebedinsk,  Birjevoy  (Üzeyir  Hacıbəyov)  və  başqa  küçələrdə  kazaklar  və 
polislər  dəfələrlə  yaylım  atəşi  açmışdılar.  Əməliyyat  Martınovun  tərtib  etdiyi 
plan üzrə aparılmışdı. 
Bakı  şəhər  rəisliyinin  təhrif  edilmiş  məlumatına  görə  64  nəfər  adam 
iğtişaş vaxtı ölüb və yaralanmışdı; onlardan 30 nəfəri fevralın 14-də (bir ölən, 
29 yaralanan), 17 nəfəri fevralın 15-də (bir ölən, 16 yaralanan), 17 nəfəri ayın 
16-da (7 ölən, 10 yaralanan). 
Deyilənlərə  görə,  ölüb-yaralananların  sayı  çox  imiş,  hökumət 
məmurlarından polis və soldatlardan da xeyli ölən və yaralanan vardı. 
Martınovun yazdığı raportda qadınlar qiyamı zamanı şəhərə 2 milyon 
957 min manat ziyan dəydiyi göstərilirdi. 
Neft sənayesi sahibkarları və bütün mürtəce əksinqilabi ünsürlərin əl-
ələ verib polis və qoşun hissələrinin köməyilə qan bahasına yatırılan ac-yalavac 
qadın  və  yeniyetmələrin  bu  qeyri-mütəşəkkil  çıxışı  zəhmətkeşlərin  gözünü 
daha da açdı. 
Bakıda  baş  verən  bu  gözlənilməz,  qeyri-adi  hadisə  bütün  Qafqazda 
əks-səda  yaratdı  və  tezliklə  başqa  şəhərlərdə  də  arvadların  çıxışlarına  şərait 
yaratdı. 
Mübarizəyə  qalxan  qadınlar  şallaq  və  güllələrdən  qorxub  tərksilah 
olmamışdılar.  Onlar  Bakı  tacirlərinə,  mağaza,  anbar  və  dəyirman  sahiblərinə 
ultimatum  verib  belə  bir  bəyannamə  ilə  müraciət  etmişdilər:  «Siz  ey  rəhmsiz 
qan içənlər, yaddan çıxarmayın ki, belə bir  «qadın tufanı» bir də gələ bilər. O 
daha dəhşətli, daha amansız və qəzəbli olacaq. Heç bir qüvvə qabağımızı kəsə 
bilməyəcək. Bütün dükanlar  və  mağazalar, anbar  və dəyirmanlar dağılıb  yerlə 
yeksan olacaq. Qan içənləri öldürəcəyik. Hamınız məhv olacaqsız». 
Arvadlar peyğəmbər kimi hər şeyi sanki əvvəlcədən duyublarmış. Düz 
bir  il  sonra  daha  böyük  hadisələr  baş  verdi.  Fevral  inqilabı  üç  yüz  illik 
Romanovlar xanədanını, çar mütləqiyyətini alt-üst elədi
1917-ci il  martın 2-də Bakı qəzetləri istibdadın  devrildiyi   şad xəbəri 
səhifələrində  iri  hərflərlə  çap  etdilər.  Fevral  burjua-demokratik  inqilabı  qalib 
gəlmişdi. 
Balaxanı,  Sabunçu,  Bibiheybət,  Ağşəhər  və  Qaraşəhər,  depo  və  gəmi 
tərsanələrinin min bir ahənglə uğuldayan fit səsləri bu şad xəbəri bütün aləmə 
yaydı.  Çox  keçmədi  ki,  mədənlərdə,  zavodların,  tərsanələrin,  emalatxanaların 
downloaded from KitabYurdu.org

130 
 
həmişə  bağlı,  iri  darvazaları  qabağında  adam  əlindən  tərpənmək  olmurdu. 
İzdiham get-gedə artırdı; fəhlələr, ustalar bir-birini qucaqlayıb öpür, təbrik edir 
və  qəzetlərdəki  «Mütləqiyyət  yıxılmışdır.  Çar  II  Nikolay  taxt-tacdan  və 
hakimiyyətdən  əl  çəkmişdir»  sözləri  ağızdan-ağıza  gəzirdi.  Elə  bil  bütün 
çətinliklərin  aradan  qalxması  bu  cümləyə  bənd  idi,  sabah  ərzaq  artacaq, 
ucuzlaşacaq, hər şey qaydaya düşəcəkdi. 
Rusiyada  304  il  hökmranlıq  sürmüş  Romanovlar  sülaləsinin  18-ci  və 
sonuncu nümayəndəsi II Nikolay 23 il hökmranlıqdan conra 49 yaşında taxtdan 
salındı və tacdan məhrum edildi. Bu xəbər ildırım sürətilə dünyaya yayılmışdı. 
Bir qrup Bakı qaragüruhçusu, Nikolayın adı çəkiləndə səcdə edənlər - 
keşiş  Ekzar  Qruzi,  maarif  inspektoru  Saxnovski,  milyonçu  Çolaq  Ağabala 
Quliyev,  qoluzorba  Hacı  Aslan  Aşurov,  Bakı  texniki  məktəbinin  direktoru 
Bajenov  toplanış  məskənləri  olan  Aleksandro-Nevskidəki  katedral  «Qızıllı» 
kilsənin həyətinə yığışıb avara Qara Məmmədə bir qızıl onluq verərək faytona 
oturtdular və hündürlüyü iki arşın, eni bir arşın olan qızılı rəngli çərçivədəki II 
Nikolayın portretini qabağına qoyub küçələrdə, meydanlarda gəzdirtdilər. 
Macəra  axtaranlar,  əyləncə  həvəskarları,  bekar  adamlar  faytonda 
oturmuş  Qara  Məmmədə  və  tutduğu  portretə  tamaşa  edə-edə  gülüb  söz 
atırdılar. 
Petroqradda  fəhlə,  əskər  və  matrosların  üsyanı  dünyanın  ən  böyük 
imperatorluğundan birini yıxdı. Ölkədə iki hakimiyyətlilik yarandı: Sovetlər və 
«Müvəqqəti  hökumət».  Qəzetlərdə,  jurnal  səhifələrində  dəfələrlə  Rodzyanko, 
Milyukov,  Quçkov,  Kerenski  və  bu  silkdən  olan  adamların  adları  yazılır, 
yığıncaq, mitinq və məclislərdə təkrar olurdu. 
Mart  ayının  7-sinə  keçən  gecədə  Bakı  fəhlə-əskər  deputatları  Soveti 
quruldu.  Şəhərdə  bütün  partiyalar  fəaliyyətə  başladı.  Sovetdə  eser-menşevik 
çoxluğunun sazişçi xəttindən istifadə edərək burjuaziya mart - aprel aylarında: 
«Bakı  şəhərində  və  onun  rayonlarındakı  zavod  və  fabrikantların,  texniki 
emalatxana  sahiblərinin  cəmiyyəti»,  «Ticarət-sənaye  ittifaqı  şurası»,  «Qazma 
podratçılarının  ittifaqı»,  «Şaxta  sahiblərinin  cəmiyyəti»  və  Milli  burjuaziya 
şuraları  yaradıldı:  Müsavat  partiyası  və  başqa  partiyalar  yeni  qüvvə  ilə 
fəaliyyətə başladılar. Müsavatçılar kütlələri   islam-türk  bayrağı  altında  cəm  
olmağa çağırırdı. 
«Hümmət»  bolşevik  təşkilatı  da  fəhlələr  arasında  ciddi  iş  aparır, 
bolşeviklər  kütlələrə  sosialist  şüuru  aşılayır,  onları  Lenin  bayrağı  altında 
birləşdirirdi.  Leninin  aprelin  əvvəlində  mühacirətdən  Petroqrada  qayıtması 
Bakı  proletariatına  ilham  verdi.  Mədən  və  zavodlarda  canlanma  yarandı. 
Doqquz  il  fasilədən  conra  «Бакински  рабочи»  qəzeti  təzədən  nəşrə  başladı. 
İyun  ayının  üçündə  bolşevik  «Hümmət»  qəzeti  nəşr  edildi.  N.  Nərimanov 
qəzetin baş məqaləsində  bolşeviklərin  proqramını  və məramını  izah edirdi. 
downloaded from KitabYurdu.org

131 
 
İran  fəhlələri  içərisində  iş  aparan  bolşevik  «Ədalət»  təşkilatı  iyun 
ayının əvvəlindən Azərbaycan və fars dillərində «Bayraği ədalət» qəzetini nəşr 
edir. 
Bakıda  işləyən  tatarlar  «Birlik»  adlı  qəzetlərini  çıxardırlar.  Hənifə  
Terequlov  qəzeti   redaktə  edir. 
Ağla cığışmayan  hadisələr  bir-birini  təqib edirdi. 
Oktyabr  ayında  Petroqradda  açılacaq  II  Ümumrusiya  Sovetlər 
qurultayına S. K. Şaumyan, M. S. Semyonov, A. M. Raşkeviç və sol eser İ. A. 
Suxartsevi Bakı Soveti nümayəndə seçir. 
Böyük  Oktyabr  Sosialist  inqilabının  qələbə  xəbəri  Bakıya  oktyabrın 
26-da  çatmışdı.  Noyabrın  2-də  isə  Bakıda  Sovet  hakimiyyəti  elan  olundu.  N. 
Nərimanov  Böyük  Oktyabrın  ümumdünya  tarixi  əhəmiyyətindən  danışaraq 
noyabrın 21-də «Hümmət» qəzetində yazmışdı: «Həmin bu gün Rusiya inqilabı 
bütün  cahan  tarixinin  təzə,  mühüm  və  gözəl  bir  səhifəsinin  açılmacına  səbəb 
olur. Biz hamımız şəhadət verə bilərik ki, bu səhifə bizim hüzurumuzda açıldı. 
Bizim idealımız, sosializm idealı, daha bir xəyal deyildir. Bu gün imperializmə 
dərin  quyu  qazılır:  sərmayədar  və  mülkədarların  ümid  ocağı  dağılır,  fəhlə  və 
zəhmətkeş tarixində təzə bir səhifə açılır». 
Bakıda  İcraiyyə  komitəsi  təşkil  edilir.  Onun  tərkibinə  bolşeviklərdən 
S. Şaumyan, A. Caparidze, S. M. Əfəndiyev, İ. Fioletov, İ. Vatsek, M. Basin və 
başqaları seçildilər. Bakı Soveti İcraiyyə Komitəsinin sədri S. Şaumyan seçildi. 
Lakin  Duma  hələ  fəaliyyətdə  idi.  Noyabrın  10-da  Dumaya  yeni  sədr 
seçmək  üçün  keçirilən  yığıncaqda  iki  namizəd:  kadetlər  və  müsavatçılar 
advokat  Xan  Xoyskini,  menşeviklər  isə  doktor  Okanşeviçi  təklif  edirlər. 
Bolşeviklər  də  Okanşeviçə  tərəf  çıxır,  eserlər  bitərəf  qalırlar.  Nəticədə  Xan 
Xoyski  Dumaya  sədr  seçilir.  Lakin  iki  həftədən  sonra  Duma  iflasa  uğrayaraq 
etibarını itirir, onun bütün səlahiyyəti Bakı sovetinə keçir. Neçə ay sonra Duma 
rəsmən ləğv edilir. Kommunist A. Caparidze Bakı Soveti İcraiyyə Komitəsinin 
sədri seçilir. 
Çar  inzibati  müəssisələri,  o  cümlədən  jandarma  idarəsi  ləğv  edilir. 
Bakı  qubernatoru  Batalov  və  qarnizonun  rəisi  vitse-admiral  Klokfel 
vəzifələrindən  kənar  edilir.  Jandarma  idarəsi  rəisi  polkovnik  Treskin  həbsə 
alınır. 
Başqa  partiyaların  başçıları  kimi  bolşevik  rəhbərləri  də  şəhər  və 
rayonlarda çıxış edib, camaata mövcud vəziyyət barədə danışırdılar. Caparidze 
Təzəpir  məscidinin  həyətindəki  izdihamlı  yığıncaqda  atəşin  bir  nitq  söyləyir, 
Haşım Əliyev dilmanclıq edib onun dediklərini camaata başa salır. 
Bolşeviklər  sovetdə  məsələ  qaldırır  ki,  Nargin  adasında  saxlanan 
əsirlərə  kömək  edilsin.  Əsirlər  xəstəlikdən,  susuzluqdan  qırılırdı.  Neçə  min 
Avstriya,  alman  və  türk  əsiri  ağır  şəraitdə  yəşayırdı,  Adadakı  su  təmizləyən 
downloaded from KitabYurdu.org

132 
 
qurğu  xarab  olmuşdu.  Oraya  şəhərdən  gəmiylə,  barjlarla  su  daşıyırdılar, 
Gəmilər, barjlar tez-tez ləngiyir, beş gün və hətta bir həftə su apara bilmirdi. 
Əsirlərin  halını  yoxlamaq  və  əməli  tədbir  görmək  üçün  komissiya 
yaradılır. Nəriman Nərimanov komissiyaya sədr seçilir. Nərimanov altı nəfərlik 
bir  heyətlə  Narginə  yollanır.  Yoxlanış  adada  əsirlərin  vəziyyətinin  çox  ağır, 
acınacaqlı  olduğunu  aşkara  çıxarır.  Baraklar  yarımxaraba  idi,  əsirlərin  çoxu 
əzab-əziyyətdən  üzülüb  əldən    düşmüşdülər.  Pəncərələrin  şüşəsi  yox,  qapılar 
sınıq,  ərzaq,  su,  dərman  yox  idi.  Zabitlərlə  əsgərlər  ayrı-ayrı  baraklarda 
yaşayırdılar. Əsgərlərin halı daha pis, daha ağır idi. Deyilənlərə görə komissiya 
adaya gələn günü bir neçə xəstə əskər elə göz qabağındaca can verirdi. 
Komissiya  üzvləri  barakları  bir-bir  gəzib,  əsirlərə  təsəlli  verə-verə 
vəziyyəti  öyrənir.  Şəhərə  qayıdandan  sonra  N.  Nərimanov  Bakı  sovetində 
atəşin bir çıxışla Nargindəki dəhşətli vəziyyəti danışır, təcili yardım göstərməyi 
təklif edir. Daşnak partiyasının üzvlərindən başqa bu təklifi hamı bəyənir, təcili 
yardım göstərməyi və əhalidən bu məqsəd üçün kömək yığmağı qərara alırlar. 
Sovet, əsirlərin  vəziyyətini qismən  yaxşılaşdırmaq üçün Nərimanovun sədrliyi 
altında  yardım  komitəsi  yaradır.  Xəstə  əsirləri  şəhərə  daşıyırlar,  sağalandan 
sonra daha Nargin adasına yox, Zığdakı pivə zavodunda yaradılmış düşərgəyə 
qaytarırdılar. Bir nəfər gürcü həkim bu nəcib işdə komitəyə çox kömək edirdi. 
Ərzaq tədarükü «Şəms» restoranının sahibi Hacı Aslan Məcidova tapşırılmışdı. 
1917-ci  il  dekabrın  12-də  Bakı  sovetinə  təzə  seçilənlərin  tərkibi  bu 
qayda  üzrə  idi:  48  bolşevik,  85  eser  (başlıca  sol  eserlər),  36  daşnak,  18 
müsavatçı və 13 menşevik. İlk iclas dekabrın 17-də olur. 
Bununla  da  sovet  şəhərdə  tam  hakimiyyət  sahibi  deyildi; 
burjuaziyanın  şəhər  Duması,  müsəlman  milli  şurası,  erməni  milli  şurası  və 
bunlar  kimi  orqanları  vardı.  Eser,  daşnak,  müsavat  və  menşeviklərin 
havadarlığı ilə burjuaziya bütün hakimiyyəti şəhər Dumasına verilməsi təklifini 
irəli sürürdü. 
Bakıda hər yerindən duran bir partiya yaradır, stol qoyub siyahı tutur, 
adamları  öz  tərəfinə  təşviq  edir  və  hər  biri  də  xalqa  hürriyyət,  əmin-amanlıq, 
firavan  dolanacaq,  çoxlu  qazanc  vəd  edirdi  və  bu  yolla  əhalini  tora  salmağa 
cəhd  edirdilər.  Hətta  burjuaziya  məclis  düzəldib  əhaliyə  pulsuz  şirin  çay 
«qonaqlığı» da verirdi. Adam vardı gündə bir «partiyaya» yazılırdı. Buna oxşar 
bir əhvalat da ingilislər  ilk dəfə Bakıda olanda silah paylayıb  yerli camaatdan 
dəstə düzəltmək istəyəndə olmuşdu.  Məmiş adlı birisi deyirdi ki, ingilislərdən 
on bir tüfəng alıb aparıb Sabunçu  və Suraxanıda satmışdım. On ikinci tüfəngi  
alanda  məni  tanıdılar,   tutmaq  istəyirdilər ki, birtəhər aradan çıxdım. 
Ruhanilər qurultayı. Bakıda müsəlmanların bir neçə ictimai yığıncaq 
yerləri vardı. Onlardan ikisi hər cəhətdən seçilirdi. Biri ziyalıların, müasir elm, 
mədəniyyət,  ədəbiyyat  və  musiqiçilərin  toplandığı  İsabəy  Aşurbəyovun 
Persidski (Poluxin) küçəsindəki, digəri Seyid Hüseyn ağanın İçəri şəhərdəki evi 
downloaded from KitabYurdu.org

133 
 
idi.  İsabəy  Aşurbəyovun  ikimərtəbəli  mülkü  iki  küçənin  kəsişdiyi  tində  idi. 
Bina  memarlıq  nöqteyi-nəzərindən  diqqəti  cəlb  edirdi.  İsabəy  jurnalist  idi, 
qəzet və kitablar nəşr edirdi. Evinin altındakı zirzəmidə mətbəə yerləşirdi. Üst 
mərtəbədəki  böyük  salonda  mədəniyyət,  elm,  musiqi,  ədəbiyyat,  səhnə 
xadimləri yığışar, müzakirə, mübahisə edər, mədəni tədbirlər görərdilər. Üzeyir 
Hacıbəyovun «Leyli və Məcnun» operası ilk dəfə bu binanın böyük salonunda 
tamaşaya qoyulmuşdu. 
İkinci  yığıncaq  yeri  İçərişəhərdə  ruhanilər  «klubu»  idi.  Müctəhid, 
axund, molla, dövlətli, dindar müsəlmanlar «İsmailiyyə»nin arxa tərəfində, Mir 
Mövsümzadənin  evində  yığışardılar.  Dini  məsələlər  Seyid  Hüseyn  ağanın 
rəhbərliyi  ilə  müzakirə  və  həll  edilərdi.  Seyid  Hüseyn  özü  həm  islam  dini, 
şərqin tarix  və  mədəniyyəti,  həm də  müasir Avropa  elmlərindən xəbərdar idi. 
Ruhanilər qurultayını keçirmək məsələsi övvəl burada müzakirə və həll edilib, 
sonra  «Təzəpir»də  təsdiq  edilmişdi.  1917-ci  ildə  Bakıda  Zaqafqaziya 
müsəlmanları 
ruhanilərinin  qurultayı  keçirildi.  Azərbaycanın  bütün 
qəzalarından, Dağıstan, Basarkeçərdən və Borçalıdan da ruhani nümayəndələri 
gəlmişdi. Məclis «İsmailiyyə» binasında  toplanmışdı. 
Qurultaya bir nəfər də olsa qadın çağırılmamışdı. 
Müsəlman  qız  məktəbi  Bakıdakı  Marinski  və  müqəddəs  Nina  rus  qız 
məktəbində təhsil almış müsəlman ailələrindən çıxmış xeyli qız və qadın vardı. 
Bunların  qarşılıqlı  ünsiyyəti  yeni,  ziyalı  qadın  təbəqəsi  yaratmışdı.  Rus  və 
Avropa  mədəniyyətinin  neft  şəhərinə  nüfuzu  teatr,  kino,  mətbuat  və  sairə 
vasitələrin  inkişafına  təkan  verirdi.  Müsəlman  qadınlarının  müəyyən  dəstəsi 
əsrin  tələbini,  bu  mərhələdə  qadınların  mövqeyini  yaxşı  dərk  eləyirdilər. 
Qadınlar  az  da  olsa  mətbuatda  çıxış  edir,  şer,  nəsr,  ictimai,  siyasi,  iqtisadi 
mövzularda  yazırdılar. Yazılarında ailə-məişət məsələlərinə toxunurdular. Orta 
əsr zülm və əsarətini ifşa edir, səyyar həbsxananı -çadranı, əsarət zəncirini qırıb 
atmağı təbliğ eləyirdilər. 
Zaqafqaziya müsəlman ruhanilərinin qurultayı belə bir şəraitdə açıldı. 
Ziyalı  qadınlar  ruhanilər  qurultayına  nümayəndələr  göndərməyi  və 
hətta orada çıxış etməyi də qərara aldılar. 
Salon  ağzına  qədər  dolu  idi.  Foyedə  çoxlu  adam  vardı.  Qurultay 
iştirakçılarının əksəriyyəti ruhanilərdən ibarət idi. Qara ləbbadəli, mixəyi əbalı, 
ağ,  qara  əmmaməli,  ağzı  dualı,  ağsaqqal,  qarasaqqal  şeyxülislamlar,  çalmalı 
qazılar,  əfəndilər,  müftilər,  qara  qurşaqlı,  əllərində  təsbeh  çevirən  axundlar, 
mollalar,  göy  əmmaməli  seyidlər,  saqqalları  hənalı,  arxalıqlı,  çuxalı,  buxara 
papaqlı kərbəlayilər, məşədilər, avropasayağı kostyumlu, girdə buxara papaqlı, 
şələbığ  tacirlər,  brilyant,  yaqut,  zümrüd  medalyonlu  neftxudalar,  tapançalı, 
xəncərli,  şişpapaq  qoçular,  şlyapalı,  tünd  sumağı  rəngli,  uzun,  qara  qotazlı 
osmanlı fəci qoymuş, qalstuklu, fraklı, yarı Avropa, yarı Asiya libaslı ziyalılar 
downloaded from KitabYurdu.org

134 
 
yerlərini  tutmuşdular.  Dindar  cavanlar  isə  gah  astadan  arada  hərlənir,  özlərini 
gözə soxurdular ki, ruhanilərin bu və ya digər tapşırığını yerinə yetirsinlər. 
Xristian ruhaniləri - ruslar, erməni, polşalı katolik keşişləri, yəhudilər 
də məclisə dəvət edilmişdi, onlar üçün fəxri yer ayrılmışdı. 
Dövlət və hökumət məmurları da qurultaya gəlmişdilər. 
Səhnədəki  uzun  stolun  arxasında  ən  tanınmış  ruhanilər  və  əyanlar 
əyləşmişdilər. Sədrlik edən qazi-müctəhid qurultayı açıq elan etdi, dua oxundu, 
qısa təşrifat nitqindən sonra məruzəçiyə söz verildi. 
Birdən  bayırda,  foyedə  və  pilləkanlarda  səs-küy  qopdu.  Salondakılar 
dönüb o səmtə baxdılar. 
Gözlənilmədən  müəllimə  Şəfiqə  Əfəndiyeva,  Ədilə  Şahtaxtinskaya, 
Ayna Sultanova başda olmaqla on nəfər çadrasız qadın salona girdilər. 
Birdən  qopan  təəccüblü,  qəzəbli  və  acıqlı  «Oh»  nidasından  az  qala 
pəncərələrin şüşələri cingildədi, elə bil ətrafda qəfildən bomba partlamışdı. 
Yaranan qeyri-adi şaşqınlıqdan salona dərin sükut qondu. 
 Birdən  hər  yerdən:  «Lənətulla  şeytanül  ləin!»,  «Allahu  əkbər!», 
«Lailahə illəllah!» sədaları ucaldı. 
Qadın nümayəndələri keçib salonda əyləşdilər. 
Məruzəçi  qısa  çıxışını  başa  çatdırıb  xitabət  kürsüsündən  düşdü.  Üzü 
açıq, qara libaslı, başında şal olan müəllimə qalxıb səhnəyə yollandı və xitabət 
kürsüsünə çıxdı. 
Mir  Məhəmməd  Kərim  qazı  qəzəblə  yerindən  durdu;  ətrafındakı 
ruhani dəstəsi də ayağa qalxdı. 
Mir Məhəmməd Kərimin rəqibləri acı istehza ilə qışqırdılar: «Ağa Mir 
Məhəmməd Kərim, «əl üznə, bil üznü, əl sinnə, bil sinnü, əl səruhə qisas». Bir 
başqası: «Nə tökərsən aşına, o çıxar qaşığına!». Üçüncüsü daha bərkdən: «Ağa 
Mir  Məhəmməd  Kərim,  17  il  əvvəl  əkdiyin  toxumların  meyvəsidir,  dər 
bəhrəvi». Lojaların birindən: «Təzəpir məscidində Qurandan ayə gətirib, sübut 
edirdin ki, müslümə də, müslüm kimi bütün dərsləri oxuya bilər». 
Bütün qaragüruhçular, mauzerli qoçular, saqqalı hənalı hacılar, çuxalı, 
xətt-saqqallı  kərbəlayilər,  məşədilər,  arvadlarından  narazı  qoca  tacirlər,  yaşıl-
qurşaq  seyidlər,  cəmiyyətin  avara  tör-töküntüləri  düşmüşdülər  küçələrə, 
«ismətsizləri» «tənbeh» etməyə başlamışdılar, qabaqlarına çıxan müasir libaslı 
müsəlman  arvadlarının,  qızlarının  başına  zorla  qara  çadra  örtür,  dikdaban 
ayaqqabıları  çıxardıb,  dabanlarını  sındırır,  doğrayır  və  sahibinin  ayağına 
nəleyin, başmaq, ya da çust geyindirirdilər. 
Qurultay  üç  gün  davam  etdi.  Son  iclas  başa  çatandan  sonra 
nümayəndələr  «İsmailiyyə»dən  «Təzəpir»  məscidinə  yollandılar.  Yolboyu 
ekzotik  mənzərə  hamının  diqqətini  cəlb  edirdi,  rəngarəng  libaslara  bürünmüş 
yüzlərlə  ruhani,  molla,  axund,  seyid,  müfti,  şeyxülislam,  qazı  məscidə  camaat 
namazına gedirdi. 
downloaded from KitabYurdu.org

135 
 
Məsciddə dəstəmaz tutub camaat namazı qıldılar. 
 
Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə