“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə
tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək
məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi
haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində, 9.3-cü
maddəsinin birinci və üçüncü cümlələrində, 9.4-cü, 9.5-ci, 10.2-ci maddələrində,
10.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 21.2-ci maddəsində ikinci halda
və 21.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.2. həmin Qanunun 15.1-ci, 16.1-ci (mədəni bitkilərin genetik ehtiyatları
kolleksiyalarının sahibi olan fiziki və hüquqi şəxslərin dövlət uçotu sahəsində),
16.2-ci, 17.1-ci və 18.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra
hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə həyata
keçirir;
1.3. həmin Qanunun 18.1-ci və 18.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini fəaliyyətin müəyyən olunması
hissəsində yerli icra hakimiyyəti orqanları, həmin fəaliyyətə məhdudiyyətlər
qoyulması hissəsində yabanı bitkilərə münasibətdə Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, mədəni bitkilərə münasibətdə Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
ilə birgə həyata keçirirlər.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində:
2.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
2.1.3. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi
haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq,
mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat
nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması
qaydasını və şərtlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.1.4. həmin Qanunun 9.3-cü maddəsinə uyğun olaraq, mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan
Elmi-Texniki Şuranın Əsasnaməsini təsdiq etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
2.1.5. həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq, mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan
ixtisaslaşdırılmış ekspert şuralarının və prioritet fəaliyyət istiqamətləri üzrə işçi
qruplarının əsasnamələrini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.1.6. həmin Qanunun 10.2-ci maddəsinə uyğun olaraq, mədəni bitkilərin genetik
ehtiyatları banklarının hüquq və vəzifələrini müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.7. həmin Qanunun 10.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan
Respublikasının Milli Genbankının Əsasnaməsini təsdiq etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.8. həmin Qanunun 21.2-ci maddəsinə uyğun olaraq, ölkə daxilində aşkarlanan
genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi
qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.1.9. həmin Qanunun 21.4-cü maddəsinə uyğun olaraq, genetik modifikasiya
olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə
yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə
nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı qaydasını müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyul 2012-ci il.