Mədəniyyət anlayışı elmi ədəbiyyatda birmənalı şərh edilmir. Onun gündəlik adi şüur səviyyəsində başa düşülməsində bu, xüsusilə aydın hiss olunur



Yüklə 12,26 Kb.
tarix02.01.2022
ölçüsü12,26 Kb.
#41009
Mədəniyyət anla-WPS Office


Mədəniyyət anlayışı elmi ədəbiyyatda birmənalı şərh edilmir. Onun gündəlik - adi şüur səviyyəsində başa düşülməsində bu, xüsusilə aydın hiss olunur.Elmi şərhdə mədəniyyət insan fəallığının genişmiqyaslı və çoxşaxəli sistemi kimi nəzərdən keçirilir. Mədəniyyətin yığcam tərifini adətən insanların fəaliyyətinin müxtəlif nəticələrinə, öz sosial varlığını mühafizə edib saxlamaq və yeniləşdirmək sahəsində fəallığın rəngarəng formalarına müncər edirlər. Sosial varlıq isə maddi obyektləri, insanların fəaliyyət və qarşılıqlı təsir normalarını, təsəvvürlərini, qiymətlərini əhatə edir. Bir sıra hallarda mədəniyyətə elmi yanaşma onu qiymətləndirmə rakursunda nəzərdən keçirilməsini nəzərdə tutur. Başqa sözlə, mədəniyyət sosial subyektə, fəaliyyət normalarına və standartlarına, sosial praktikanın bu və ya digər sahəsində təsbit olunmuş mənəvi fəallığın növlərinə yiyələnməyin yüksək səviyyəsi kimi izah edilir. Bu halda nitq, ünsiyyət, asudə vaxt, peşə mədəniyyətindən və s. bəhs [310 - 311] edirlər1. Deməli, mədəniyyət hər hansı etnosun, yaxud ölkə vətəndaşlarının həyat fəaliyyətinin bütöv, davamlı üsuludur; elə üsulu ki, o, tarixən təşəkkül tapır, tədricən yeniləşir, lakin eyni zamanda yüz illər, bəzən min illər ərzində öz-özünə identikliyini qoruyub saxlayır. Əslində təşəkkül tapan və yeniləşən mədəniyyətin hüdudlarında xüsusi dünya formalaşır; bu dünya təbii aləmi tamamlayır, bir çox insan nəsillərinin əməyini, fəaliyyətini təcəssüm etdirir. İstənilən mədəniyyət bioloji-təbii əsasa söykənir; insanın özü də sosial-mədəni, habelə bioloji-cismani əsasların vəhdətidir. Mədəni landşaft, yaşayış məskənləri, mürəkkəb mexanizmlər, rəngarəng əşyalar və s. - bütün bunlar təbii materiallara möhtacdır. Mədəniyyət ictimai həyatın fundamental ünsürüdür. O, cəmiyyətə, sosial qruplara, fərdə davranışın təşkilini, düşüncələrini, emosiyalarını, qiymətlərini formalaşdırmağın normalaşmış üsullarını bəxş edir. Mədəniyyətin uzunmüddətli fəaliyyət göstərən mexanizmləri sosial praktikanı dinamikləşdirməyə, ənənələri, davranış və fəaliyyət normalarını yeniləşdirməyə, vaxtı keçmiş normalardan, ənənələrdən imtina etməyə imkan verir. İnsanın doğulduğu, yaşadığı, həyatının cərəyan etdiyi mədəni kontekst onun üçün doğmadır, əzizdir. Elmi ədəbiyyatda qeyd olunur ki, mədəniyyətin elmi təhlilinin başlanğıcı XIX əsrə təsadüf edir. Filosoflar,etnoqraflar və antropoloqlar mədəniyyəti təhlil etməyin analitik prinsiplərini işləyib hazırlayırlar. Filosoflar mədəniyyəti öyrənmək üçün nəzəri zəmin yaradır, etnoqraflar, antropoloqlar isə arxaik birliklərin, xalqların mədəni praktikasını təhlil edirlər. Beləliklə, sosial (mədəni) antropologiyanın bünövrəsi qoyulur; o, inkişaf edərək, XX əsrin ortalarında mədəniyyətşünaslıq (kulturologiya) kimi formalaşır. Sosiologiya ilə antropologiya arasında sıx əlaqələr yaranır və inkişaf edir. Onların spesifikası qalmaqla mədəniyyətə [311 - 312] dair ciddi tədqiqatlar aparılır. Lakin uzun müddət mədəniyyətin elə nəzəri anlamı formalaşmır ki, elmi birliyi qane etsin. Antropoloji və sosioloji fıkrin qarşılıqlı əlaqəsi və təsiri tələb edirdi ki, bu fənlərdən hər birinin təhlil predmeti daha dəqiq müəyyənləşdirilsin. Bu, mədəniyyət haqqında təsəvvürlərin dəqiqləşdirilməsinə kömək edirdi. Tədricən mədəniyyətin başa düşülməsində özünü göstərən əvvəlki ixtilaflar arxada qalır. İndi ümumən etiraf olunur ki, mədəniyyət öz quruluşuna görə son dərəcə mürəkkəb fenomendir, inkişaf amilləri baxımından çoxplanlı tarixi hadisədir; o, xalqların, qrupların, konkret insanların həyat fəaliyyətini nizamlamaqda misilsiz rol oynayır. Sosioloji və kulturoloji biliyin qovuşağında elmi təhlilin fənlərarası sahəsi - mədəniyyətin sosiologiyası meydana gəlmişdir. Mədəniyyətin sosiologiyası sosiomədəni dəyişikliklərin qanunauyğunluqlarını, sosial münasibətlər, strukturlar, institutlar prizmasında mədəniyyətin fəaliyyət xüsusiyyətlərini öyrənir.Mədəniyyət sosiologiyasını nəzərdən keçirərkən bu sahəyə öz töhfələrini vermiş G. Zimmelin, P. Sorokinin, M. Veberin adlarını xüsusi qeyd etməliyik. Onların ənənələrini davam etdirən tədqiqatçılar maraqlı konseptual ümumiləşdirmələr aparmış, mədəniyyətin məna konstruksiyaları ilə müxtəlif sosial qrupların fəaliyyət sistemlərinin, müxtəlif xalqların ictimai həyat şəraitinin qarşılıqlı nisbəti, uyğunluğu məsələlərini hərtərəfli təhlil etmişlər. Bəs mədəni fəaliyyətin struktur ünsürləri hansılardır?

1. Kommunikativ ünsür. Bu ünsür mədəniyyət dillərinin müxtəlifliyini nəzərdə tutur. Bu dillər müxtəlif işarə vahidlərinin çoxsəviyyəli sistemidir. İnsanlar kommunikativ fəaliyyət prosesində bu dillərdən istifadə edirlər. Buraya verbal (linqvistik) dil, jest, predmet - məkan, qrafık, obrazlı (o cümlədən bədii), formallaşdırılmış dil, emosiyaların dili, peşə fəaliyyətinin dili (lüğət ehtiyatı, əmək texnologiyaları, alətləri və s.) aiddir. Mədəniyyət dillərinin formalaşması [312 - 313] mənbələri həm təbii ilkin şərtlərə, həm də insanların qarşılıqlı fəaliyyətinin müəyyən sosial-kommunikativ, qiymət-məna xüsusiyyətlərinə malikdir. Mədəniyyət dilləri insanların kommunikasiya prosesində, onların birgə fəaliyyətində təşəkkül tapır və inkişaf edir. Mədəni kommunikasiyanın əsas kanalları şifahi kommunikasiya və yazılı nitqdir.2. Semantik ünsür. Buraya mənəvi dəyərlər, mədəni fəallığın məna, işarə və simvolları daxildir. Mənəvi dəyərlər sosial əlaqələri nizamlamağın çevik sistemidir, şüurun fəal yönümləridir. Məna insan təcrübəsinin sosial- mədəni kommunikasiyaya qoşulması üsuludur, insanı əhatə edən obyektlərlə, onun öz vəziyyəti və fəaliyyəti ilə sıx bağlıdır. O, tarixi təcrübə zəminində təşəkkül tapır, məlum birliyin bu və ya digər hadisəyə maraqlı münasibətini ümumiləşdirir. Mənanın mədəniyyətdə formalaşması uzun vaxt tələb edir. Mədəni işarələr və simvollar müəyyən dəyər - məna xüsusiyyətinə malikdir. Onlar gerçəklik haqqında bəzi məlumatları əks etdirir. Əslində sosial mühit işarə sistemləri ilə doludur. Onlar mədəniyyətin spesifık mətnləridir. İnsan həmin işarələrin mənasını nəzərə alır, müvafıq davranış nümayiş etdirir, öz hərəkətlərini başqalarının hərəkətləri ilə uyğunlaşdırır. Mədəni işarə öz məzmunundan «ayrılırsa», yeni məna kəsb edirsə, simvola çevrilir. Bu, tədrici prosesdir, öz informasiya və məna yükü baxımından olduqca səmərəlidir. Məsələn, palma budağı ilə göyərçin təsviri sülhün simvoludur. Gerb, bayraq, himn hər bir dövlətin ümummilli xarakteristikasıdır. Simvollar ritualların, təntənəli aktların mühüm ünsürüdür.

3.Normativ - etalon ünsürü. Bu, insan fəaliyyətini onun normalaşdırılması baxımından səciyyələndirir. Mədəni norma davranışın, mənəvi fəallığın müəyyən standartıdır. Konkret mədəniyyəti təmsil edən adamlar öz fəaliyyətində bu normalara istinad edirlər. Normalar fəaliyyətin müəyyən mədəniyyətə xas olan çox mühüm prinsiplərini təsbit edirlər. Cəmiyyətdə mədəni normaların daimi yeniləşməsi prosesi gedir. Lakin ictimai praktikanın müxtəlif sahələrində yeniləşmənin [313 - 314] sürəti fərqlidir. Mədəni innovasiyaların bir qismi zaman keçdikcə normaya çevrilə bilər. Bunun üçün həmin innovasiya əhalinin əsas hissəsi tərəfındən bəyənilməli, qəbul edilməli, bir neçə nəslin həyat prosesində təkrar istehsal olunmalıdır. Mədəni praktikada mədəni nümunələrin özünəməxsus yeri vardır. Onların məzmunu dünya haqqında informasiyanı, onu qiymətləndirmə məqammı, burada insanın fəaliyyət üsulunu və s. əks etdirir. Mədəni nümunələrin təşəkkülü müxtəlif cür baş verir. Bədii yaradıcılıqda, dini praktikada onların çoxluğu daha çox hiss olunur. Geniş diapazona malik müxtəlif mədəni hadisələr (məsələn, maddi predmetlər, insanların davranış maneraları, zahiri xarakteristikaları, incəsənətin janr və üslub xüsusiyyətləri, iqtisadi münasibətlərin formaları, siyasi mədəniyyət təzahürləri və s.) mədəni nümunələr ola bilər. Etnomilli mədəniyyət nümunələri xüsusilə davamlıdır.

Konkret mədəniyyət nümayəndələrinin fəaliyyətindəki mədəni nümunələrin, normaların bütöv komplekslərini mədəni özək adlandırmaq qəbul olunmuşdur. Bu, əsrlər ərzində qorunub saxlanılan fenomendir, xalqın fərdi mahiyyəti ilə sıx bağlıdır. Mədəniyyətin özəyi onun ayrı-ayrı komponentlərinin münasibətlərini nizamlayan özünəməxsus katalizatordur; o, məlum mədəniyyətin digər mədəniyyətlərlə qarşılıqlı təsirində onun identikliyini mühafızə edib saxlamağa imkan verir. Mədəni normalarla və nümunələrlə müqayisədə adətlər daha bütöv xarakterə malikdir. Mədəni tənzimləmənin bir forması olan adətlər adamların konkret davranışını sosial cəhətdən əhəmiyyətli vəziyyətlərdə ifadə edir. Ənənə anlayışı adətlərlə müqayisədə daha geniş məna kəsb edir. O, təkcə davranış stereotiplərini deyil, həm də nəsildən - nəslə ötürülən sosial-mədəni irsin bütün həcmini əhatə edir. Ənənələr zamanın tələblərinə uyğun olaraq, dəyişikliklərə uyğunlaşa bilər. Onlarda sabitləşdirici və dinamik ünsürlər sıx [314 - 315] çulğalaşmışdır. Onlar yeni ünsürləri özündə birləşdirə bilər, formaca və məzmunca dəyişə, yeniləşə bilər. Ənənələrdə xalqın təcrübəsini nəsildən-nəslə ötürmək, başqa xalqların praktikasındakı faydalı ünsürləri seçmə qaydasında əks etmək xüsusiyyəti vardır. Rituallar, mərasimlər mühüm nizamlayıcı əhəmiyyətə malikdir. Ritual-mərasim davranışı xeyli dərəcədə formallaşmışdır. Böyük simvolik mənası olan belə davranış sosial əlaqələrin möhkəmlənməsində, mədəni varisliyin qorunub saxlanılmasında müəyyən rol oynayır. Normativ-etalon ünsürün müxtəlif vahidlərini müqayisə etsək, onların müəyyən fərqlərini görmək olar. Belə ki, konkret insanın yerinə yetirdiyi mədəni normalar və nümunələr bir çox cəhətdən avtomatik xarakter alır. Onlar insan fəaliyyətinin bütün tərəflərinə dərindən nüfuz etmişlər. Adətlər, ənənələr, rituallar, mərasimlər isə mədəni norma və nümunələr komplekslərindən ibarət olub, daha çox demonstrativ xarakterə malikdir.



4. İnformasion ünsür. Bu ünsür ətraf aləm haqqında məlumatları ifadə edir. Həmin məlumatlar gerçəkliyin başa düşülməsində qeyri-müəyyənliyi azaldır. Mədəni normalar, işarələr və simvollarla yanaşı biliklər, təsəvvürlər və s. mühüm informasiya imkanların malikdir. Hər bir xalqın miflərdə, incəsənətdə, gündəlik təsəvvürlərdə və s.-də formalaşdırdığı, təsbit etdiyi dünya mənzərəsi informasion ünsürün ayrılmaz tərkib hissəsidir. O, müxtəlif amillərdən (xalqın tarixi praktikası, təbii landşaft, beynəlxalq əlaqələr və s.) ibarətdir. Elmi fikir bu mənzərənin formalaşmasına öz töhfəsini verir.Keçmiş və indiki mədəniyyətlərin çox geniş rəngarəngliyindən danışmaq olar. XIX əsrdən başlayaraq, tədqiqatçılar müxtəlif xalqların müxtəlif tarixi dövrlərə aid olan mədəniyyətlərini müqayisəli şəkildə öyrənməyə, onlarda təkrar olunan ünsürləri, ən mürəkkəb kompleksləri ayırd etməyə cəhd göstərmişlər. Bu əsasda mədəniyyətin universal modelini [315 - 316] yaratmaq kimi mürəkkəb vəzifəni reallaşdırmağa çalışmışlar. Lakin nəticədə mədəniyyətin fundamental xarakteristikalarını sadalamaq və nəzərdən keçirmək yolu ilə getmişlər. Belə xarakteristikalar müxtəlif müəlliflərdə müxtəlifdir (4-dən təxminən 50-yə qədər). Tədqiqatçıların universal hesab etdikləri ünsürlər və xüsusiyyətlər sırasına bunlar aiddir: dil, nitq, sosial təşkil, qohumluq sistemləri, birgə əmək və əmək bölgüsü, böyüməkdə olan nəslin təlimi və təhsili, müəyyən qadağanlar sistemi, dəfn mərasimləri, dini kultlar, adətlər və s.
Yüklə 12,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin