Tel: 441 28 17
Fax: 441 28 17
www.mediarights.az
Rəylərinizi
bu ünvana
göndərin:
xaled_yes@hotmail.com
Press-reliz 05 noyabr 2010
Media Hüququ İnstitutu (MHİ) Azərbaycanda medianın hüquqi durumu ilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabat 2010-cu ilin noyabrında Azərbaycan mediyasında baş verən önəmli hüquqi olayları əhatə edir. Sənəddəki ümumiləşdirmələr, nəticələr həmin dövrdə baş verən hadisələrin monitorinqinə söykənir. Monitorinq gündəlik mətbuatda media və jurnalistlərlə bağlı yayılmış və təkzib edilməmiş məlumatlar, vətəndaş cəmiyyəti qurumlarının açıqlamaları, onların topluma yaydığı bilgilər, habelə MHİ-nin hüquqi yardım göstərdiyi işlərin materialları əsasında aparılıb. Hesabatın hazırlanmasında məqsəd Azərbaycanda medianın gerçək durumunu öyrənmək, problemləri müəyyənləşdirib bir daha əlaqəli çevrələrin diqqətinə çatdırmaq, hökümətin və sivil toplum qurumlarının bu sahədəki problemlərin həllinə yönəlik səylərinə yardımçı olmaqdır.
Hesabatın “Mediaya qarşı fiziki, psixoloji, texniki basqılar” bölümünə görə,
Oktyabrda 8-dən çox jurnalist basqıya məruz qalıb. Jurnalistlərə qarşı təzyiqləri adi şəxslər, polislər, məmurlar ediblər. Basqıların əsas hədəfi sərt siyasi üslubu ilə seçilən “Azadlıq” qəzeti olub. Azərbaycanın ilk müstəqil və tirajlı qəzetlərindən olan “Azadlıq”ın internet səhifəsi davamlı olaraq kiber hücumların hədəfində olub. “Azadlıq” qəzetinin redaktoru Azər Əhmədov daha sərt və davamlı basqıların subyekti olub. A. Əhmədov uzun illərdir tənqidçi xəbər mediasının öncülü olan bu qəzetin baş direktoru olub. Qəzetun baş redaktoru Qənimət Zahidin saxta ittihamlarla həbsdə saxlandığı uzun müddət ərzində həm də qəzetin baş redaktoru vəzifəsini yerinə yetirib. Onun bir qadınla yaşadığı seks səhnələri onların gizli görüşdükləri otaqda xüsusi yerləşdirilmiş gizli kameraya hələ də kimliyi bəlli olmayan şəxslər tərəfindən çəkilib. Sonra jurnalistin iştirakçısı olduğu bütün bu seks səhnələrini kimliyi bəlliləşdirilməmiş şəxslər tam olaraq You tube saytında və başqa saytlarda yerləşdirib. Sonra bu videolar sosial şəbəkələrdə yayılıb. Bu təzyiqlər qarşısında dura bilməyən Azər Əhmədov qəzetdəki fəaliyyətindən istehfa verib və verilən bilgilərə görə ölkədən gedib.
Bunun ardınca jurnalistin həmin seks səhnələrini əks etdirən lentləri “Lider” televiziyası müxalif siyasi qüvvələrə və tənqidçi jurnalistlərə qarşı olan şərhlərlə silsilə verilişlər formasında davamlı olaraq saat 19-da yayımlanan xəbər proqramında yayımlamağa başlayıb. Əlaqəli qurumlar jurnalistin şəxsi həyatına müdaxilə təşkil edən belə məzmunlu videogörüntülərin yayımlanması ilə bağlı heç bir addım atmayıblar. Milli Teleradio Şurası bu yayımlarla bağlı hər hansı şərhlər verməkdən boyun qaçırıb. Jurnalistin yaşadığı gizli seks həyatının izlənməsi və gizli kameraya çəkilməsi, onun İnternet üzərindən yayılması, eləcə də hökumətin kontrolunda olan, hökuməti tənqid edənlərə qarşı sərtliyi ilə seçilən Lider televiziyasında xüsusi kommentariyalarla nümayış etdirilməsi hər hansı başqa səbəbdən deyil, Azər Əhmədovun tənqidçi qəzetin aparıcı şəxslərindən olması ilə bağlı olduğu şübhə döğurmur.
Oktyabrda “Yeni Müsavat” qəzetinin peşə borcunu yerinə yetirən reportyorları Elmin Bədəlov və Şahnaz Novruzqızı Nizami rayonunda polislərin təzyiqinə məruz qalıblar. “Ölkə” qəzetinin redaktoru Zahid Nurəliyev 11 saylı Qaradağ Seçki Dairəsində, “Yeni Müsavat” qəztinin Naxçıvan yazarı Həkimeldostu Mehdiyev 1 saylı Şərur-Sədərək Dairə Komissiyasında, “İmpuls” qəzetinin əməkdaşı Cəfər Talıbovsa Xırdalan şəhərindəki məktəblərdən birində fiziki basqıyla üzləşib. Bir qrup jurnalistsə Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə qaba rəftarın qurbanı olub. İmzaları məşhir olan 3 jurnalist açıq məhkəmə prosesindən zorla çıxarılıblar.
“Media məhkəmələrdə” bölümünə görə,
Media, jurnalistlərin məhkəməyə çəkilməsində sentyabrdan nəzərə çarpan səngimə oktyabrda da davam edib. Həmin məhkəmə işləri nüfuzun qorunması (defamasiya), jurnalistlərin əmək hüquqları, təzyiqə məruz qalmaları ilə bağlı olub. Oktyabrda mediaya qarşı defamasiya iddiası üzrə bir qərar çıxıb, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı mülki iddiasını təmin edən Nərimanov rayon Məhkəməsi qəzetin üzərinə 500 AZN təzminat ödəmək vəzifəsi qoyub. Jurnalistləri cəzalandıran daha bir qeyri-adekvat qərarı Abşeron Məhkəməsi çıxarıb. Məhkəmə satirik “Güzgü” qəzetinin əməkdaşı Kamran Bəyəliyevi 2 il müddətinə islah işlərinə məhkum edib.
Ötən ay “Realniy Azerbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə qarşı məhkəmə işləri yenə də diqqət mərkəzində olub. Avropa Məhkəməsi jurnalist haqqında bu ilin aprel ayında çıxardığı qərardan Azərbaycan hökumətinin verdiyi şikayəti qəbul etməyib, “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktorunun həbsdən dərhal azadlığa buraxılmasını, jurnalistə təzminat ödənilməsini nəzərdə tutan qərarı qüvvədə saxlayıb. Oktyabrda Səbail Polis İdarəsinin 39-cu Polis Bölməsində fiziki təzyiqə məruz qalmış jurnalistlər Elçin Həsənov, Əfqan Muxtarlı və Natiq Ədilovun bölməyə qarşı şikayətləri təmin olunmayıb. Səbail Məhkəməsi jurnalist Asəf Quliyevin Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə (Az TV) qarşı iddiasını da təmin etməyib.
Teleradio düzənlənməsi bölümünə görə, Oktyabrda Milli Televiziya və Radio Şurasının aktivliyini stimullaşdıra biləcək olaylar baş versə də düzənləyici qurum ənənəvi qeyri-çevik, qeyri-peşəkar tərzini dəyişəcək addımlar atmaqdan çəkinib. Qurum “Lider” telekanalının efirindən “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun şəxsi həyatına müdaxilə təşkil edən pornoqrafik məzminlu videogörüntülərin yayımlanmasına reaksiya bildirməyib. Olay zamanı Şuranın rəsmiləri toplum, media üçün əlçatan olmayıb, suallardan ardıcıl olaraq yayınıb. Şuranın 44-cü tezlik resursuna elan etdiyi ötən ay yekunlaşmış müsabiqə qurumun effektliv iş əmsalını qaldıra bilərdi. Ancaq müsabiqənin yekunları, Şuranın verdiyi qərar bu qurumun teleradio sahəsinin incəliklərini bilən peşəkarlardan təşkil olunmadığını bir daha isbat etdi. Teleradio Şurası müsabiqəyə çıxarılmış tezliyi müsabiqəyə qatılmaq hüququ olmayan iddiaçıya verib. Şura bu qərarın qalib elan edilən Az TV-ni qanunla qadağan olunan inhisarçıya çevirdiyini də hesablaya bilməyib.
Oktyabrda 2011-ci il üçün dövlət büdcəsindən dövlətə bağlı mediaya ayrılacaq vəsaitin məbləği açıqlanıb. Dövlət büdcəsinin media bölümünün 60%-dən çoxu yenə də hüquqi statusu qaranlıq olan, davamlı olaraq hakim siyasi qüvvənin təbliğatını aparan, büdcədən ayrılan vəsaitlərin xərclənməsi, reklam gəlirləri üzərinə işıq tutmayan Az TV-yə çatacaq. Büdcədən ictimai yayımçıya (İTV) isə Az TV-dən 3 dəfə az maliyyə ayrılacaq.
Seçki kampaniyalarının mediada işıqlandırılması bölümünə görə,
Davam edən seçki təşviqatı seçki kampaniyalarının mediada ədalətli işıqlandırılmasını ifadə edən daxili hüquq normalarının problemlərini bir daha üzə çıxarıb. Dövlət büdcəsindən maliyyələşən çap və yayım mediası bütünlüklə seçki təşviqatında iştirak etməyib. Toplum media quruluşları sırasında yalnız büdcədən maliyyələşən İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) namizədlərə ödənişsiz efir vaxtı ayırması ilə azad və ədalətli seçkilərə töhfəsini hiss edə bilib. Ancaq İTV-nin iddialılara ödənişsiz efir vaxtı ayırması qanuni əsaslara söykənməyib. Ali seçki qurumu (MSK) öz qərarı ilə seçki qanunvericiliyinin müddəalarını pozaraq ictimai yayımçının üzərinə hər namizəd üçün 4 dəqiqəlik efir vaxtı ayırmaq vəzifəsi qoyub. Dövlət büdcəsindən maliyyələşən digər quruluşlar, xüsusilə də Azərbaycanın dövlət büdcəsinin media büdcəsinə az qala sahiblik edən Az TV təşviqat prosesindən kənarda tutulub, bütünlüklə hakim siyasi qüvvənin təbliğatına cəlb edilib.
Özəl telequruluşların azad və ədalətli seçkilərə qatqı verə bildiyini söyləmək olmaz. Onların əksəriyyəti hakim siyasi qüvvənin təşviqatı ilə, bəzənsə müxalif siyasi birliklərin gözdən salınması ilə gündəmə gəlib. Ödənişli siyasi efir bazarında ciddi süstlük müşahidə edilib. Bunu telequruluşların tətbiq etdiyi çox yüksək, adi kommersiya reklamlarının taariflərindən qat-qat baha reklam qiymətləri stimullaşdırıb.
Dostları ilə paylaş: |