MƏMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə48/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   44   45   46   47   48   49   50   51   ...   75

Ağqaya qoruğu.  Gədəbəy rayonunda Şəmkirçayın qolu sayılan Ağqaya çayı hövzəsində «Mozuoğlunun 

yurdu» adlanan sahədə (Ağqayaya yaxın) meşənin yuxarı sərhədi 2560 metrə çatır. Ərazidə xarakterik tozağac 

və  şərq palıdı meşəsi qalmışdır. Meşəliyin tərkibində  fıstıq, vələs, ağcaqayın, meşə altında kollardan əzgil, 

yemişan, itburnu, moruq, böyürtkan bitir. Meşənin tam yuxarı sərhədində tozağac üstünlük təşkil edir.  

Apardığımız tədqiqat təsdiq edir ki, göstərilən ərazinin rəngarəng bitki örtüyü hələ az-çox təbii vəziyyətini 

saxlayır. «Ağcaqaya» adlanan sahədə yayda istirahət edənlər orada çadır qurur, mal-qara otarır və qanunsuz ov 

edirlər. Bu isə ərazidəki qiymətli təbii bitki örtüyünün yoxsullaşmasına, heyvanların həmin yerlərdən didərgin 

düşməsinə gətirib çıxara bilər.  

Yuxarıda göstərilən qanunsuzluqların qarşısını almaq üçün ərazinin təxminən 2500-3000 hektardan çox 

hissəsinin qoruq elan edilməsi tamamilə məqsədəuyğundur.  



Tutqunçay qoruğu. Kiçik Qafqazda Tərtərçayın böyük sağ qolu sayılan Tutqunçayın sol sahilində dəniz 

səthindən 2300-2500 m yüksəklikdə ziyilli tozağac və Litvinov tozağacı üstünlük təşkil edən xarakterik meşə 

sahəsi qalmışdır. Yamacın cənub cəhətində  şərq palıdı bitir. Lakin ərazidə yay dövründə istirahətə  gələnlər 

tərəfindən ağaclar kəsilir, sahə mal-qaraya otarılır. Bu isə meşənin yuxarı sərhədinin aşağı düşməsinə, qiymətli 

meşə sahələrinin kolluqlara çevrilməsinə, eroziya prosesinin inkişafına və sel hadisələrinin baş veməsinə səbəb 

olur.  


Təsvir edilən nadir meşə sahəsinin qoruq elan edilməsi həm də Tutqunçay hövzəsindəki «İstisu» 

bulaqlarının qorunub saxlanmasına zəmin yaradar.  

 

2. Arid meşə qoruqları  

Çilgilçayın ardıc yasaqlığı 

Təngaltı silsiləsinin cənub yamacında Orduc, Pucuq kəndləri və Yesurki dağı arasında (Gilgilçayın sol 

sahilində) Dəhnə kəndi ətrafında və İstisu çayı hövzəsində xarakterik ardıc seyrək meşələri yayılmışdır.  

Hazırda yüksək torpaqqoruyucu əhəmiyyətə malik olan bu ağaclıqlar intensiv mal-qara otarılması 

nəticəsində  məhvə doğru gedir. Buradakı ardıc meşələrini qoruyub saxlamaq və onların qoruycu funksiyasını 


 

284


yüksəltmək məqsədilə 13 min hektara yaxın sahədə yasaqlıq təşkil edilməsi təklif olunur. Ərazidə ardıc 

seyrəkliklərində elmi tədqiqatların inkişaf etdirilməsi perspektivləri böyükdür.  

 

Laçın arid meşəsi qoruğu  

Bu qoruğa Laçın şəhərinin ətrafında Həkəriçayın sağ və sol sahilində yayılan ardıc meşələri daxildir. Bura-

da Həkəriçayın sol qolu olan Yağlıdərə hövzəsində ardıc meşəsi 3 kilometr enində geniş zolaq təşkil edir. 

Qoruğun yuxarı  sərhədi Mollalar kəndinin yaxınlığında, aşağı  sərhədi isə Minkəndçayın (Əhmədliçayın) 

Həkəriçaya qarışdığı yerdə qurtarır.  

Həkəriçay qoruğunda arid meşəsinin səciyyəvi xüsusiyyəti saqqızağacın olmamasıdır, burada ardıc sırf 

meşəlik yaradır. Tək-tək dağdağana rast gəlinir, kiçik sahələrdə sıx gürcü ağcaqayını meşəliyinə təsadüf edilir.  

Həkəriçay qoruğunun ardıc meşələri böyük tarlaqoruyucu, iqlim yaxşılaşdırıcı, gigiyena və estetik 

əhəmiyyət kəsb edir. Lakin burada ağacların kəsilməsi və daim mal-qara otarılması meşələrin seyrəlməsinə və 

sıradan çıxmasına səbəb olur. 

 

Laçın qoruğunun Başarat filialı  

Qoruğa Həkəriçayın Xoçyədik və Kiçik Həkəri qollarının hövzəsində olan (Qubadlı rayonu ərazisində) arid 

meşələri daxil olur. Bu arid meşə sahəsi Kiçik Qafqazda (Azərb. Res. daxilində) ardıc meşəsinin ən böyük mas-

sivi sayılır. Onun eni 20 kilometrə çatır. Lakin ərazidə ardıc bütöv meşəlik yaratmır və yamacın  şimal 

cəhətlərində yarpaqlı meşələrlə növbələşir. Dəniz səthindən yuxarıya qalxdıqca meşənin tərkibində yarpaqlı 

ağac cinsləri çoxalır. Yamacın cənub cəhətlərində  dəniz səthindən 1000 metr yüksəkliyə  qədər xarakterik 

saqqız-ardıc seyrək meşələri, şimal cəhətlərində isə qarışıq ardıc, palıd, ağcaqayın, göyrüş meşələri yayılmışdır. 

Qoruqda ardıc dəniz səthindən 1300 (1400) metrə qədər yüksəkliyə qalxır.  

Başarat sahəsində arid meşələrinin qorunması olduqca aşağı səviyyədədir. Burada yüz hektarla ardıc meşəsi 

yanğın nəticəsində  sıradan çıxmışdır.  Ərazinin hər yerində özbaşına ağac kəsilməsi və mal-qara otarılması 

müşahidə olunur.  

Laçın qoruğunda və onun Başarat filialında meşələr hasara alınmalı və təbii meşə bərpasına kömək göstərən 

tədbirlər aparılmalıdır.  

Vejnəli arid meşəsi yasaqlığına Vejnəli dərəsində (Zəngilan rayonu) dəniz səthindən 1200 m yüksəkliyə 

qədər olan ərazidə saqqız-ardıc meşələri daxildir. Yasaqlığın  şimali-şərq sərhədi Qızqalası dağından Araz 

çayına qədər uzanan suayrıcı xətti, cənubi-qərb sərhədi Sığırt dağından Araz çayına qədər olan ərazidə qayalı 

suayrıcı xətti, şərq sərhədi isə Araz çayı hesab olunur. Ərazidə arid meşələri friqana və kserofil şibləklər fonun-

da kiçik sahələr təşkil edir. Seyrək meşələrin sahəsi 600 hektara yaxındır, tərkibinə ardıc, saqqızağac, gürcü 

ağcaqayını, badam və Araz palıdı daxil olur. Vejnəli yasaqlığında mal-qara otarılması qadağan edilməli, ardıcın 

təbii bərpasına kömək edən tədbirlər həyata keçirməli, əsasən ardıc şitilləri əkilməlidir.  

Qobustan ardıclığı Qobustan qəsəbəsindən cənuba doğru 4 kilometrlik məsafədə «Kiçik dağ»da yerləşir. 

Burada çoxmeyvəli ardıc növü bitir. Bu ağaclıq «Qaraatpiri» adlanan ərazidə olub «müqəddəs» sayılır və ona 

görə də insanlar tərəfindən toxunulmayıb indiyə kimi qalır. Bu sahədə 15 ədəd çox yaşlı, 30 ədəd isə nisbətən 

cavan ardıc ağacları vardır. Ən iri ağacın yaşı 350-500-ə qədərdir. Ağacların aşağı hissəsində çevrəsi 70-100-

200 santimetrə, boyları isə 4-6 metrə çatır.  

Bu ardıclıq vaxtilə Qobustanın bəzi yerlərinin meşəli olmasını  təsdiq edir. Hazırda burada ağacların 

kəsilməsi və intensiv mal-qara otarılması Qobustanın yeganə yaşıl tarixi abidəsinin taleyini qorxu altına alır. 

Qobustan ardıclığı hasara alınaraq ciddi mühafizə olunmalıdır.  



Quruçay şabalıdyarpaq palıd yasaqlığı. Üçüncü dövrün qiymətli relikt ağacı sayılan şabalıdyarpaq palıda 

Böyük Qafqazda yalnız İsmayıllı rayonu ərazisində Göyçay və Girdimançay arasında rast gəlinir. Burada Bozqır 

yayla  ərazisində kiçik sahələrdə pöhrədən törəyən və insanın təsərrüfatsız fəaliyyətinin təsirilə pozulmuş 

şabalıdyarpaq palıd qruplarına təsadüf olunur.  

Tədqiqat nəticəsində Bozqır yaylanı  kəsib keçən Quruçayın hövzəsində nisbətən az toxunulmuş 

şabalıdyarpaq palıd meşə sahələrinə rast gəlinir.  

Qoruq üçün ayrılmış ərazidə Zoğallıq kəndinin yanında kiçik sahədə fıstıq meşəsi də bitir. Bu sahə Bozqır 

yayla ərazisində yeganə fıstıqlıq sayılır.  

Hazırda antropogen amillərin  məzyiqi altında göstərilən qiymətli meşə sahələrinin məhv olub sıradan 

çıxması qorxusu vardır. Ərazidə qoruq yaradılmasının məqsədi Quruçay hövzəsindəki şabalıdyapaq palıd meşə 

sahəsini və yeganə  fıstıq meşəliyini mühafizə edib saxlamaqdır. Burada ilkin şabalıdyarpaq palıd meşəsinin 

bərpa olunması dinamikası üzərində elmi-tədqiqat işlərinin aparılması da böyük əhəmiyyət kəsb edir. Yasaqlığın 

sahəsi 2500 ha-dır. 

Sultanbud saqqızağac yasaqlığı. Respublikamızda  ən qiymətli və xarakterik saqqız ağacı meşəliyi 

Qarabağ düzündə olub «Sultanbud» meşəsi adı ilə məşhurdur. Bu meşəliyin sahəsi 2 min hektardan çox olub 

Bərdə və Ağdam rayonları ərazisində yerləşmişdir. Sultanbud meşəsində əsas ağac cinsi saqqız və uzunsaplaq 

palıd hesab olunur.  



 

285


Hələ 1930-cu ildə Sultanbud saqqızağac meşəsinin mühafizə olunmasının vacibliyini nəzərə alıb qoruq elaq 

edilməsi haqda xüsusi qərar çıxarılmışdır. Çox təəssüf ki, həmin qərar kağız üzərində qalmış, həyata 

keçirilməmişdir. Sonralar bu əvəzedilməz saqqızağac meşəliyinin qoruğa çevrilməsi barədə Azərbaycan SSR 

Nazirlər Sovetinin Dövlət Təbiəti Mühafizə Komitəsi, 1980-ci ildə isə Azərbaycan SSR Meşə Təsərrüfatı Nazir-

liyi yenidən layihə hazırlamışdır.  

Hazırda Sultanbud sahəsində intensiv mal-qara otarılması nəticəsində saqqız meşəsinin vəziyyəti pisləşir və 

sahəsi azalmağa doğru gedir.  

Kür-Araz ovalığında vahid və nadir Sultanbud saqqızağac meşə sahəsinin qoruq elan edilməsi olduqca va-

cib məsələdir.                

  

14.2. Relikt və qiymətli meşə sahələrinin mühafizəsi  

Respublikamızın dağlıq ərazisində az-çox öz ilkin vəziyyətini saxlayan qiymətli və relikt ağac cinslərindən 

ibarət meşəlik sahələri mövcuddur. Lakin bu sahələr antropogen amillərin təsirilə pozulur və yavaş-yavaş məhvə 

doğru gedir. Belə sahələrin qorunub saxlanması təbiətin mühafizəsi işində xüsusi əhəmiyyət kəsb edir. Aşağıda 

onların bəzilərinin təsviri verilir.  



a) Qaraçöhrə sahələri  

Araxçın qaraçöhrə sahəsi. Ağsu çayının qolu olan Qırxbulaqçayın yuxarı hissəsində «Araxçın» adlanan 

yerdə, dəniz səthindən 1900-2000 m yüksəklikdə qaraçöhrə  ağaclığı bitir. Meşənin yuxarı qurtaracağı boyu 

qaraçöhrə örtüksüz təmiz meşəlik yaradır. Araxçın qaraçöhrəliyi böyük torpaqqoruyucu rol oynamaqla, həm də 

böyük elmi qiymətə malikdir. Odur ki, bu sahəni mal-qaradan mühafizə edərək xüsusi qorunan bitki qrupuna aid 

etmək lazımdır.  

Lerik qaraçöhrə meşəliyi. Qafqazda örtüksüz bitən yeganə qaraçöhrə sahəsidir. Bu meşəlik Sanqadabulaq 

adlanan kiçik çayın sol sahilində, dəniz səthindən 1200-1300 m yüksəklikdə, dikliyi 25-30

0

 olan yamacın 



cənubi-qərb baxarında yerləşir. Meşəliyin sahəsi 2 ha olub orada 150 qaraçöhrə  ağacı bitir. Lerik 

qaraçöhrəliyinin ətrafı bərkidilməklə təbiət abidəsi kimi qorunmalıdır.  



Həmzəlli qaraçöhrəliyi. Qanıx-Həftəran vadisində Qəbələ rayonunun Həmzəlli kəndinin qəbirstanlığında 

qarışıq qaraçöhrə, ağcaqayın, şabalıd, göyrüş və qafqaz xurması meşəliyi mövcuddur. Meşəlikdə 260-dan artıq 

irigövdəli qaraçöhrə ağacı bitir. Tarixi abidə kimi qorunması tövsiyə olunur.  

Xaltan qaraçöhrə meşəsi.  Quba rayonunun Xaltan kəndindən 3 km şimalda yerləşir. Burada qaraçöhrə 

fıstıq-vələs meşəsinin ikinci yarusunu tutur. Qaraçöhrə yarusunun sıxlığı 30-60% arasında dəyişir. Enliyarpaqlı 

meşə massivi fonunda qaraçöhrəlik sahəsinin eni 100-300 m, uzunluğu 500 m təşkil edir. Təəssüflə demək 

lazımdır ki, meşəlik yaxşı mühafizə olunmur. 100-dən artıq kəsilmiş qaraçöhrə ağacının kötüklərini qeydə aldıq.  



Yuxarı Xanagah qaraçöhrəliyi.  Quba rayonunun Yuxarı Xanagah kəndinin yaxınlığında dəniz 

səviyyəsindən 900-1000 m hündürlükdə yerləşir. Fıstıq-vələs meşəsinin ikinci mərtəbəsini tutur. Sahədə 

kəsilmiş ağaclara rast gəlinir və mal-qara otarılır.  

Cənut qaraçöhrə meşəliyi.  Pirqulu qoruğunun qonşuluğunda (qoruqdan kənarda) Mustafalıçayın 

(Cənutçayın) sağ sahilində dik yamacın (30-45

0

) şimali-şərq baxarında iki yaruslu meşəlik mövcuddur. Birinci 



yarusda palıd, ağcaqayın və göyrüş bitir. İkinci yarusu isə qaraçöhrə tutur. Bu meşəlik respublikada ən böyük 

qaraçöhrəlik olub sahəsi 400 ha-dır. Bura Böyük Qafqazda qaraçöhrənin  şərq hüdudu hesab olunur. Cənut 

qaraçöhrəliyi turistlər tərəfindən pozulur, ağacların özbaşına kəsilməsi və mal-qara otarılması müşahidə olunur. 

Odur ki, sahə Pirqulu qoruğuna daxil edilərək xüsusi mühafizə olunmalıdır.  



Axoxçay qaraçöhrəliyi. İsmayıllı qoruğunda Axoxçayın sağ sahilində fıstıq-vələs meşəsinin ikinci yarusu-

nu tutur. Budaqlı danaya meşəlikdə qrupla bitir və üçüncü yarus təşkil edir. Bu, danaya bitən yeganə qaraçöhrə 

meşəliyi xüsusi qorunmalıdır.  

Cənazəçay qaraçöhrə meşəsi.  Xalagöl silsiləsinin  şərq yamacında Cənazəçayın (Qatexçayın qolu) sol 

sahilində, dəniz səviyyəsindən 1600 m hündürlükdə mürəkkəb relyef şəraitində, dik yamacın (30-50

0

) cənubi-



şərq baxarında yerləşir (Zaqatala qoruğunda). Fıstıq meşəsinin ikinci yarusunu tutur. Fıstıq ağaclarının yaşı 200-

250, qaraçöhrənin yaşı isə 800-1000 il təşkil edir. Bu qaraçöhrəliyin səciyyəvi cəhəti burada meşəaltı azaliya 

kolundan (sarı rododendron) ibarət olmasıdır.  

v) Şərq palıdı ağaclıqları     

Sarıbaş palıd meşəsi. Kürmükçay hövzəsində (Qax rayonu), Sarıbaş kəndinin yuxarı hissəsində yerləşərək 

həmin kəndi leysan yağışlarının dağıdıcı təsirindən mühafizə edir. Meşəliyin 300 yaşı var.  



Talış yüksək dağlıq palıd meşəsi. Viləşçayın yuxarı axarı hissəsində «Saxala-Burun» adlanan dağda dəniz 

səviyyəsindən 2100-2200 m yüksəklikdə, yamacın  şimal baxarında sırf və qarışıq  şərq palıdı meşəliyi vardır. 

Qarışıq meşəlikdə şərq palıdına hirkan ağcaqayını, hirkan armudu və iberiya palıdı qarışır. Bu meşəlik vaxtilə 

Talışın yuxarı meşə zonasında şərq palıdının geniş yayılmasını və antropogen amilin təsiri qəticəsində onun çox 

yerdə məhv edilməsini təsdiq edir. Bu meşəlik böyük qoruyucu rola malik olub, həm də tarixi əhəmiyyət kəsb 

edir. Odur ki, o, qiymətli təbiət abidəsi kimi qorunmalıdır, lakin hazırda amansızcasına məhv edilir.   



 

286


Laçın rayonunda şərq palıdı meşəlikləri. Laçın rayonunda Piçəniş çayı  və onun qolu olan Nağdalıçay, 

həmçinin Şəlvəçayın yuxarı axını yamaclarında dəniz səthindən 1600-2000 m yüksəklikdə kiçik sahələrdə şərq 

palıdı bitir. Bu meşəliklər insanın təsərrüfat fəaliyyətinin təsirilə müxtəlif dərəcədə pozulmuş vəziyyətdə olub 

cavan və orta yaşlıdır (40-80 il). Tərkibində  tək-tək və qrupla yaşı 250-300-ə çatan iri gövdəli ağaclara da 

təsadüf edilir. Belə nəhəng «mayak»lar  keçmişdə meşə qırma zamanı kəsilməyib saxlanılan ağaclar olub döş 

bərabərində yoğunluqları 60-100, bəzən 140 sm-ə çatır.  

Bəzi sahələrdə palıd meşələri iki mərtəbəli olur. Birinci yarusu yetişmiş və yaşı ötmüş palıd ağacı qrupları 

(150-200 il) tutur. Bu yarusun doluluğu orta hesabla 0,2,  hündürlüyü 20-25 m çatır. İkinci yarusda isə doluluğu 

0,4-0,5, hündürlüyü 8-10 m olan cavan yaşlı (40-60 il) vələsli-palıd meşəliyi bitir. Yamacın rütubətli yerlərində 

meşəlikdə üstünlük vələsə keçir.  

Yaxın keçmişdə təsvir edilən pozulmuş meşəliklərin yerini yüksək məhsuldar palıd meşələri tuturmuş. Yeri 

gəlmişkən qeyd edək ki, bu meşələrdəki palıd ağaclarının oduncağı respublikamızın digər regionlarında yayılan 

şərq palıdından özünün qarmızımtıl, gözəl baxımlı teksturası ilə ayrılır. Lakin bu ağacın qırmızı yaxud qızılı 

palıd növü olduğu hələ təsdiq edilməmişdir.  

Piçənis çayının sağ sahilində «Cidalar» adlanan dağın şimali-şərq yamacında dəniz səthindən 1600-2000 m 

yüksəklikdə (26№-li meşə kvartalında) 100 hektara yaxın sahədə xarakterik palıd meşəsi qalmışdır. Yetişmiş və 

yaşı ötmüş bu palıd meşəliyinin tərkibinə çoxlu miqdarda vələs və cökə qarışır.  

Təsvir olunan palıdlığın mühafizəsi elmi əhəmiyyətə malikdir.  



q) Adi şabalıd ağaclıqları 

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda şabalıd meşələri çox az sahə tutur və onların müasir vəziyyəti 

qənaətbəxş deyildir, insanın meşəyə daim təsərrüfatsız münasibəti nəticəsində daha da pisləşməkdə davam edir.  

Qum  şabalıdlığı.  Qax rayonunun Qum kəndi yanında yerləşir. Burada şabalıd  əsasən yamacların  şimal, 

qismən cənub cəhətində həm sırf, həm də iberiya palıdı, fıstıq və vələslə qarışıq meşəlik əmələ gətirən fındıqlı-

ayıdöşəyili, daş böyürtkanlı və müxtəlif kollu-fındıqlı meşə tipləri yaradır. Bu meşəliklər fıstıq-vələs meşələri 

fonunda ayrı-ayrı kiçik sahələrdə bitir.  



Çinarlı  şabalıdlığı.  Qax rayonunun Çinarlı  kəndi  ətrafında dəniz səviyyəsindən 900-950 m hündürlükdə 

dikliyi 20-30

0

 olan yamacın cənub baxarında yerləşir. Burada şabalıdlıq yuxa, çox skeletli torpaqda 



formalaşaraq vələslə bidominant ağaclıq yaradır, ona tək-tək titrəkyarpaq qovaq da qarışır. Meşəaltı zəif inkişaf 

edib fındıq və əzgildən ibarətdir, ayıdöşəyili meşə tipi yaradır.  



Ələsgər  şabalıdlığı.  Zaqatala rayonunun Ələsgər kəndinin yaxınlığında dəniz səthindən 750 m 

yüksəklikdə, dikliyi 20

0

 olan yamacın  şimal-qərb baxarında yerləşir. Burada şabalıdlıq 80-90 yaşlı olub gilli 



süxur üzərində formalaşaraq ayıdöşəyili, müxtəlif kollu tipli sırf ağaclıq yaradır.  

Mamrıx şabalıdlığı. Zaqatala rayonunun Mamrıx kəndi yaxınlığında dəniz səthindən 680 m hündürlükdə 

dikliyi 8-12

0

 olan yamacın cənubi-qərb baxarında yerləşir. Burada şabalıd qafqaz vələsi və iberiya palıdı ilə po-



lidominant ağaclıq yaradır. Yaşı 90-130-dur.  

Həmzəli şabalıd meşələri. Onun əsas sahələri Qəbələ rayonunda Həmzəlli çayının hər iki sahili yamacında 

və bu çayın qolu olan Duruca çayının terrasında dəniz səthindən 800-900 m hündürlükdə əsasən dik yamacların 

şimal, şərq və cənub-şərq baxarlarında yerləşir.  

Bu şabalıdlıqlar müxtəlif yaşlı və müxtəlif doluluqlu olub monodominant ağaclıqlar şəklində yayılmışdır. 

Onların yaşı 80-200-dən 200-300 arasında dəyişir. Tərkibinə  tək-tək qoz və armud qarışır. Burada 

daşböyürtkanlı-ayıdöşəyili və müxtəlif kollu şabalıd meşə tipləri bitir.  



Vəndam  şabalıd meşələri.  Qəbələ rayonunun Vəndam kəndinin yanında Dəstəmaz adlı kiçik çayın 

hövzəsində  dəniz səthindən 700-800 m yüksəklikdə yerləşir. Burada dikliyi 20-30

0

 olan yamacların  şimal və 



şimali-şərq cəhətlərində gilli süxurlar üzərində doluluğu 06 olan sırf tərkibli şabalıdlıq formalaşmışdır (yaşı 80-

130). Meşəaltı yaxşı inkişaf edib zoğal, əzgil, daş böyürtkandan təşkil olunmuşdur.  



Çanaxçı şabalıd ağacları. Dağlıq Qarabağda Çanaxçı və Moşxmat kəndləri arasında dəniz səthindən 1150-

1200 m yüksəklikdə az meylli yamacın şimali-şərq baxarında yerləşir. Burada şabalıd ağacları doluluğu 03 olan 

palıd-vələs meşəliyi fonunda bir-birindən 90-120 m aralı  məsafədə bitir. Bütün ağaclar kötük pöhrələrindən 

əmələ gələrək yaşları 160-220-yə çatır.  

 

Qarmaqvari şam meşəlikləri  

Əsrikçay  şam meşəliyi.  Əsrikçay hövzəsində Tovuz rayonunun Böyük Qışlaq kəndi  ətrafında dəniz 

səthindən 1620-1650 olan daşlı qayalı sahələrdə 30-40 yaşlı şam meşəsi bitir, burada eroziyaya uğramış daşlı 

yamaclarda şam arealını genişləndirir. Lakin mal-qara otarılması  nəticəsində cavan ağaclar zədələnərək məhv 

edilir, bəziləri isə yastıq şəklində kol formasını alır. Bu ərazidən 3 km qərbdə dik daşlı yamacın güney cəhətində 

3 ha sahədə 50 yaşlı şam ağacları bitir, tərkibinə yaşı 15-25 olan palıd və qismən vələs qarışır.  

Hazırda Əsrik çayı hövzəsində bir tərəfdən daşlı-qayalı yamacları şam ağacları zəbt edir, digər tərəfdən isə 

şam meşələri palıd, vələs və fıstıqla əvəz olunur.  


 

287


Zəyəmçay  şam meşəliyi.  Tovuz rayonunda Zəyəmçay hövzəsində Bala-Şamlıq kəndinin yanında dəniz 

səthindən 1150-1350 m yüksəklikdə yamacın cənub cəhətində  aşınmış dağ süxurları üzərində ikiyaruslu şam 

meşəsi bitir.  

Burada birinci yarusu (mərtəbəni) boyu 18-22 olan şam ağacları tutur, bu ağacların 50-90 yaşı var, orta di-

ametri 20 sm-dir. Tək-tək 150-200 yaşı olan qoca şamlara təsadüf edilir. Meşəliyin 2-ci yarusunu boyları 2-3 m 

olan palıd ağacları tutur, ağaclığın bu mərtəbəsi şübhəsiz şamın seyrək çətri altında sonradan yaranmışdır.  

Əsrik və Zəyəm çayları hövzələrində olan şamlıqların mühafizəsi qənaətbəxş deyildir. Bu sahələrdə daim 

mal-qara otarıldığından şam cücərtiləri və cavan ağacları zədələnərək sıradan çıxır. Bu sahələrdə olan mövcud 

meşələri mühafizə etmək məqsədilə ətrafı dəmir torla hasarlanmalıdır. Şam meşələrinə yaxın yerləşən eroziyaya 

uğramış daşlı çılpaq yamaclarda yerli şam ağaclarının toxumları yığılıb səpilməlidir.  



Filizçay şamlığı. Böyük Qafqazın cənub yamacında Filizçay hövzəsində dəniz səviyyəsindən 800-1000 m 

yüksəlikdə dar çay dərəsinin qayalı yamaclarında müxtəlif yaşlı seyrək şam ağacları bitir. Bu şam seyrəkliyi son 

buzlaq dövrünün relikti kimi qorunmalıdır.  

Qabırrı eldar şamı meşəliyi. Eldar şamının dünyada təbii halda yeganə bitmə yeri respublikamızda Qabırrı 

çayının sağ sahilində Elləroyuğu dağıdır. B şam növu burada 220 ha sahə tutub olduqca quraq şəraitdə müxtəlif 

ardıc növləri ilə birlikdə bitərək arid tipli seyrəklik yaradır. Ona tək-tək saqqızağac qarışır. Kollardan 

dovşanalması, qaratikan, acılıq, zirinc, gəvən, xırda meyvəli albalı bitir. Eldar şamının təbii halda bitdiyi yer 

dəniz səthindən 300-600 m yüksəklikdə yerləşir.  

Eldar  şamı sahəsində  təbii meşə  bərpası normal gedir. Hazırda bu sahə Göygöl qoruğunun filialı sayılır. 

Qabırrı sahəsindəki yeganə endem relikt eldar şamı massivində müstəqil qoruq təşkil olunmasını məqsədəuyğun 

hesab edirik.  



 

Saqqız ağacı sahələri 

Fındığan saqqızlığı.  Xızı rayonunun Fındığan kəndi yaxınlığında (Ataçayın sağ sahilində) xarakterik 

saqqızağac qrupları bitir. Burada saqqız ağaclarına üç qonşu dərədə yovşan yarımsəhrası və qaratikan üstünlük 

təşkil edən  şibləklər fonunda rast gəlinir, tərkibinə iydəyarpaq armud və zirinc qarışır. Təsvir olunan ərazidə 

min  ədədə yaxın saqqız ağacları saydıq. Hazırda bu ağaclar  əhali tərəfindən kəsilir və intensiv mal-qaraya 

otarılır. Bu nadir saqqızlığı qoruyub saxlamaq elmi cəhətdən böyük əhəmiyyət kəsb edir.  

Əyricə palıd-saqqız meşəliyi. Tərtərçayın Kürə qovuşduğu yerdə kiçik sahə təşkil edir. Ağaclığın 200-300 

yaşı olub doluluğu 03-dür. Meşəaltı kollar göyəm və qaratikandan ibarət olub yaxşı inkişaf etmişdir. Sahə daim 

mal-qara otarılmasına və ağacların qanunsuz kəsilməsinə məruz qalır və sıradan çıxması təhlükəsi var. Odur ki, 

nadir qiymətli meşə obyekti kimi mühafizəsinin gücləndirilməsi vacibdir.  



Qarayazı palıd-saqqız meşəliyi.  Ağstafa rayonunun Müğanlı  və Sadıxlı  kəndlərinin yaxınlığında 

yerləşmişdir. Meşəlik uzunsaplaq palıdın və ya saqqız ağacının üstünlüyü ilə bidominant ağaclıqlardan təşkil 

olunub, kiçik sahədə bidominant palıd-qarağac ağaclığına da təsadüf olunur. Ağacların yaşı 150-200 arasında 

dəyişir. Meşəliyin doluluğu aşağı olub 02-04 təşkil edir. Ağacların çoxu insan tərəfindən pozulub, 

əksəriyyətinin budaqları  və  təpə hissəsi kəsilib. Sahənin Qarayazı qoruğuna daxil olmasına baxmayaraq daim 

mal-qaraya otarılır, qanunsuz ağaclar kəsilir və köklənir. Sahənin sıradan çıxmaq təhlükəsi var, onun ciddi 

qorunmağa ehtiyacı var.     

 

14.3. «Yaşıl abidələrin» mühafizəsi 

Vaxtilə respublikamızın  ərazisinin çox hissəsi meşə ilə örtülü olmuşdur. Sonra əkinçiliyin və maldarlığın 

sürətlə inkişafı, təbiətdən istifadə edərək, onun sərvətlərinə lazımi qayğının göstərilməməsi meşələrin 

azalmasına, bir çox yerlərdə isə tamamilə yoxa çıxmasına səbəb olmuşdur.  

Meşəsizləşdirilmiş  ərazilərdə hazırda rast gəlinən kolluqlar, kol şəklinə salınmış  ağaclar vaxtilə burada 

meşənin mövcudluğunu sübut edir. Lakin elə meşəsiz massivlər də var ki, orada meşənin izindən əsər-əlamət 

belə qalmamışdır. 

Meşəsi yox edilmiş  ərazilərdə az-çox təbii  şəklini saxlamış  ağac qruplarına və kiçik meşə sahələrinə 

insanların «müqəddəs» saydıqları yerlərdə- «Pir»lərdə, qəbirstanlıqlarda təsadüf etmək olar. Belə sahələrdə in-

sanlar ağaclara toxunmur, onları  kəsməyi «günah» hesab edir, daha doğrusu qorxur. Odur ki, belə yerlərdə 

ağaclar neçə-neçə  əsrlər yaşayaraq, «abidələşir», qocalaraq quruyur, yıxılır, necə deyərlər, öz əcəli ilə  məhv 

olur. Belə «abidələrə»  ən çox Quba, Dəvəçi və  Şamaxı rayonlarında rast gəlmək olar. Onların daha yaxşı 

mühafizə olunub saxlanması elmi və tarixi əhəmiyyət kəsb edir.  

1. Dəvəçi rayonunun Zöhramlı  kəndinin yanında dəniz səthindən 550 metr yüksəklikdə yamacın  şərq 

cəhətində kiçik sahədə yaşı ötmüş palıd meşəsi vardır. Bu meşəlik «Pirnaxır-Rivanda-piri» adı daşıyır. Ona 

görə ağaclar «müqəddəs» hesab edilərək kəsilmir. Burada möhtəşəm palıd ağaclarının yaşı 200-dən çoxdur, orta 

hündürlüyü 20 metr, ən böyük ağacın boyu 24 metrdir. Ağaclığın orta diametri 60-80 santimetr, ən yoğun 

ağacın diametri isə 120-130 santimetrdir. Meşəlik seyrəkdir. Meşəaltı kollara, cavan və körpə  ağaclara rast 

gəlinmir, tək-tək yemişan koluna təsadüf olunur. Bunun səbəbi meşəlikdə bütün ilboyu mal-qaranın 



 

288


otarılmasıdır. Meşənin seyrək olması da məhz bununla əlaqədardır. Bu sahədə  ağacları  kəsib aparan yoxdur. 

Lakin müəyyən dövr keçdikdən sonra onlar qocalaraq quruyur, yıxılır və meşə  tədricən seyrəlir. Deməli, 

meşənin yalnız baltadan qorunması kifayət deyildir. Onu insanın bütün mənfi təsirlərindən mühafizə etmək va-

cibdir.  

2. Pirəbədilçayın sol sahilində, dəniz səthindən 620 metr yüksəklikdə  «Qarayanlıq piri» yerli əhali 

arasında məşhurdur. Bu sahə Pirəbədil kəndindən təxminən 3 kilometr cənubda yerləşir. Burada kiçik sahədə 

yaşı 2 əsri keçmiş palıd meşəliyi mövcuddur. Ağaclar nəhəng olub,yoğunluğu 1,0 metrdən artıqdır. Bəzilərinin 

döş bərabərində diametri 1,5 metrə çatır. Palıd ağaclarının boyu 30-35 metrə çatır. Təsvir olunan sahədə topa 

halında doluluğu 0,8-0,9 olan sıx vələslik də bitir, ona tək-tək göyrüş və palıd da qarışır. Burada ağacların yaşı 

80-nə yaxın olub, boyları 30 metrə çatır, bəzən meşəliyin 2-ci yarusunu təşkil edir. Maraqlıdır, yamacın bir 

qədər az meylli (cənub-şərq cəhəti) hissəsində diametri 48-52 santimetr olan 2 fıstıq ağacı da bitir. Lakin burada 

da mal-qara otarılır. Bu isə gələcəkdə fıstığın tamamilə yoxa çıxmasına səbəb ola bilər.  

«Qarayanlıq pir»in yanında kiçik sahədə dikliyi 19-15 dərəcə olan yamacın  şimal-qərb cəhətində qoz 

meşəsi vardır. Buraya Şıx Daşdəmirin qozluq sahəsi  və ya «Qozluq piri» deyilir. Bu qozluq bir əsr qabaq 

əkilmişdir. Burada hazırda ağacların bir-birindən arası 10-15 metr, orta diametri 60 santimetrdir, bəzi ağacların 

yoğunluğu 86 santimetrə çatır, hazırda ağacların bəziləri qocalaraq quruyur, hər yıxılan ağacın kök boğazından 

2-8 pöhrə inkişaf edir və yenidən ağac əmələ gəlir. Pöhrədən yaranmış belə gövdələrin boyu 10-12 metr, diame-

tri 10-16 santimetrə çatır.  İndi qozluq təbii meşə  şəklini almışdır. Altında qrup halında alça, yemişan,  əzgil 

kolları bitir. Sıx ot örtüyündə ətirşah, qırtıc, çıtiryarpaq üstünlük təşkil edir, pişikquyruğu və qaymaqçiçəyinə də 

rast gəlinir.  

3. «Çinar-baba» piri Dəvəçi rayonunda Çinarlar kəndinin yanında, dəniz səthindən 900 metr yüksəklikdə 

yerləşir. Bura keçmiş qəbirstanlıq hesab olunur. Burada bir kökdən döş bərabərində yoğunluğu 80, 70 və 80 san-

timetr, boyları 30 metrə çatan 3 nəhəng çinar gövdəsi ucalır. Çinarın yanında boyu 30 metr, diametri 1,5 metrə 

çatan tək palıd ağacı, 8 nəhəng göyrüş ağacı, tək ağcaqayın bitir. Bu ağacların yoğunluğu 20-80 santimetr olan 8 

qoz ağacı əhatə edir.  

«Çinar-baba» adlanan yerin lap yanında sahəsi 3-4 hektar olan qəbirstanlıqda bidominant vələs-göyrüş və 

palıd-vələs meşəliyi bitir. Burada palıd ağacları göyrüş, vələs və  ağcaqayınlardan nəhəngliyi ilə seçilir, düz 

gövdəli boyları 35 metr, yoğunluqları 60-100 santimetrə çatır. Yamacın yuxarı hissəsində,  şimala baxan 

cəhətində meşənin tərkibinə 5 ədəd fıstıq ağacı daxil olur. Onların yoğunluğu 20-42 santimetr arasında dəyişir. 

Bu ağacların yaşı palıddan azdır. Bu onu göstərir ki, fıstıqlar sonralar palıd ağaclarının çətri altında özünə 

sığınacaq tapıb inkişaf etmişlər.  

4.  Qonaqkənddən Utuq kəndinə gedən yolda Utuqçayın qolunun sağ sahilində, dəniz səthindən 1250 

metr yüksəklikdə «Pir» adlanan qəbirstanlıqda onlarla palıd ağacı bitir, onların gövdələrinin yoğunluğu 28-32 

santimetr təşkil edir, diametri 54 santimetr olan bir ədəd də göyrüş  və onlarla çöl ağcaqayını var. Burada 

yoğunluğu 32 santimetrə çatan iri yemişan ağacları çox cəlbedicidir.  

«Pir»in  ətrafındakı yamaclar tamamilə meşədən məhrum edilmiş, güclü eroziyaya məruz qalmışdır, çox 

yerdə ana süxur qaya şəklində səthə çıxmışdır. Bu yamaclarda tək-tək və qrup halında ardıc, zirinc, gərməşov, 

yemişan kollarına, balta və mal-qara tərəfindən kol şəklinə salınmış palıd və vələsə rast gəlinir.  

5. Dəvəçi rayonu Sadan kəndinin yaxınlığında dəniz səthindən 370 metr yüksəklikdə, dikliyi 15 dərəcə 

olan yamacın şimal-şərq cəhətində, geniş meşəsiz ərazidə «Pir-Vahid» adlanan yerdə boyu 13-15 metr olan 2 

palıd ağacı bitir. Onlardan birinin döş bərabərində diametri 32 santimetrdir, o birisi kök boğazından iki gövdə 

əmələ gətirib yoğunluqları 44 və 18 santimetrdir. Bu ağacların yanında diametri 28, 24 və 32 santimetr olan 3 

qarağac vardır. Palıd ağacının altında boyu 5-7 metr olan 2 iydəyarpaq armud ağacı bitir.  

Sadan kəndinin yanında başqa bir yerdə, tək qəbrin üstündə (dəniz səthindən 400 metr hündürlükdə, 

yamacın şimal-qərb cəhətində) yeganə palıd ağacı bitir. Onun boyu 13 metr, diametri 62 santimetrdir.  

Yuxarıda göstərilən ağacları  əhatə edən yamaclarda bir ədəd də olsa, iri ağaca rast gəlmək çətindir. Bu 

meşəsizləşdirilmiş yamaclarda indi dəfələrlə mal-qara ağzından çıxmış kolşəkilli palıdlara, yemişan, qaratikan, 

sumax, dovşanalması, doqquzdan və s. kollara təsadüf edilir.  

6.  Şamaxı rayonu Dədəgünəş  kəndinin yaxınlığında, yerli əhali tərəfindən «müqəddəs ocaq» hesab 

edilən  «Dədəgünəş piri» adlanan yer vardır. Burada dəniz səthindən 1050 metr yüksəklikdə, dikliyi 15-30 

dərəcə arasında dəyişən yamacın cənub cəhətində  ağcaqayın-vələs-palıd meşəliyi bitir, yaşı 120-200-dür. 

Ağaclığın orta diametri 52 santimetr, ən iri palıd ağacının yoğunluğu 1 metrdən artıqdır. Meşəliyin tərkibinə 

cəmi 6 ədəd fıstıq ağacları qarışır, onların boyu 25 metr, diametrləri 20-26 santimetr təşkil edir, ən yoğun fıstıq 

ağacının diametri 60 sentimetrdir.  

7.  «Keçdiməzpir» - Şamaxı rayonu Sabirli kəndindən 3 kilometr cənubda Keçdiməz dərəsinin sağ 

sahilində  dəniz səthindən 600 metr yüksəklikdə yerləşir. Burada meylliyi 30-40 dərəcə olan yamacın  şərq 

cəhətində 200 ədədə  qədər saqqızağac bitir. İri ağacların 300-500 yaşı olub, yoğunluqları 40-96 santimetr 

arasında dəyişir, boyları 8-12 metrdir. Pirin yanındakı 40-a qədər möhtəşəm saqqızlar meşəlik yaradır. Pirin 

ətraf yamaclarında tək-tək cavan saqqız ağaclarına rast gəlinir. Təsvir olunan sahədə saqqız ağaclarının indiyə 


 

289


qədər qalması onların qəbirstanlıqda olub «müqəddəs» sayılmasıdır. Saqqız ağaclarının altında tək-tək nar, qara-

tikan kolları, kəvər və dəvətikanı bitir.  

Hazırda «Keçdiməz pir»ində ağacları kəsən yoxdur, lakin onların altında daim mal-qara otarılır, bürkü yay 

günlərində ağacların çətri altında qoyunlar və qaramal kölgələnir, bunun nəticəsində torpaq tapdaq edilir, onun 

strukturu pozulur, ot örtüyü inkişaf etmir. Bu səbəbdən leysan yağışları zamanı torpaq qatı şiddətli yuyulmağa 

məruz qalır, ağacların kökləri səthə  çıxır. Qocaman saqqızlar quruyaraq yıxılır, onları  əvəz edəcək nəsil 

yaranmır. Bu hal Böyük Qafqazın cənub yamacındakı elmi və tarixi əhəmiyyət daşıyan yeganə saqqız 

meşəliyini təhlükə altına alır. Odur ki, bü sahənin ətrafı dəmir torla hasarlanıb qorunmalıdır.  

Yuxarıda təsvir olunan ağac qrupları və meşə sahələri meşəsi yox edilmiş massivlərin əhatəsində yerləşir. 

Bu sahələrə bitişik olan meşəsiz yamaclarda insan fəaliyyətinin mənfi təsiri davam etdiyi üçün meşə örtüyü 

bərpa oluna bilmir. Meşədən məhrum olmuş bu yamaclar bu və ya digər dərəcədə eroziya prosesinə  məruz 

qalmış, münbit torpaq qatı dağılıb, yarğanlar əmələ gəlmişdir. Bu cür ərazilərdə quraqlaşma prosesi müşahidə 

olunur, meşəsiz sahələr bozqıra, hətta yarımsəhraya çevrilir. Burada pöhrədən törəmiş kolşəkilli ağaclara, seyrək 

kolluqlara rast gəlmək olar.  

Haqqında danışdığımız «yaşıl abidələr» meşə landşaftı  və meşə iqlimi yarada bilməsə  də tutduğu və ona 

bitişik sahənin mikroiqlimini müəyyən qədər yaxşılaşdırır. Geniş meşəsiz  ərazilərin fonunda yerləşdiyi üçün 

belə kiçik yaşıllıqlarda geniş meşə massivlərinə nisbətən quraqlaşma müşahidə olunur. Yuxarıda təsvir etdiyi-

miz nisbətən böyük sahəli «yaşıl abidələr»də rütubətsevər fıstıq ağacına təsadüf olunur. Bu ağacları keçmiş 

fıstıq meşələrinin yadigarları hesab etmək olar. Çox yerdə isə fıstıq cinsi-palıd, ağcaqayın, göyrüş kimi nisbətən 

kserofit ağac növləri ilə əvəz olunmuşdur. Deməli, müasir «yaşıl abidələr» keçmişin ilkin bitki örtüyünü həmişə 

təmsil edə bilməz. Lakin onlar vaxtilə bu ərazilərin meşəli olduğunu göstərən «canlı şahidlər»dir. 

Respublikamızda qoruq rejimi yalnız dövlət qoruqlarında və «yaşıl abidələrdə» deyil, həmçinin bütün meşə 

təsərrüfatı meşələrində yaradılmalıdır. 

Meşə massivlərində qoruq rejimi təşkil edildikdə ərazidə təbiətin müvazinətdə saxlanmasına imkan yaranır. 

Bu eyni zamanda qonşu sahələrdə təbiətin digər sahələrinə də müsbət təsir göstərir, oranın iqlimini yaxşılaşdırır, 

bitki örtüyünü və heyvanat aləmini zənginləşdirir, çaylarda su rejimini nizama salır və s.  

Hazırda respublikamızın meşə sahələrində qoruq şəbəkələri get-gedə genişləndirilir. Lakin bütün meşələrin 

qoruq elan edilməsi iqtisadi cəhətdən düzgün sayıla bilməz. Belə ki, qoruq olmayan ərazilərdə meşə sərvətindən 

xalq təsərrüfatının müxtəlif sahələri üçün səmərəli istifadə olunması vacibdir. Lakin bu o demək deyildir ki, qo-

ruqdan kənarda qalan meşələrin mühafizə olunmasına diqqəti azaltmalıdır. Qeyd edək ki, qoruq meşələrimizin 

sahəsi 30 min hektar olub respublikada ümumi meşə örtüyünün yalnız 3,3 faizini təşkil edir. Az sahə tutan bu 

meşələr Azərbaycanda geniş  ərazidə olan rəngarəng meşə örtüyünü bütövlükdə  təmsil edə bilməz. Doğma 

respublikamızın hər bir ağacı. kolu, meşə sahəsi bizim üçün qiymətlidir, əzizdir və onlar da təbiətin əvəzedilməz 

yadigarları kimi yüksək səviyyədə qorunmalıdır. Lakin hazırda meşələrimizin mühafizəsi və ondan səmərəli 

istifadə edilməsi işində bir sıra çatışmazlıqlara rast gəlirik, yaşıl sərvətimizi qoruyub onu daha da 

zənginləşdirmək işində mövcud imkanlardan lazımi dərəcədə istifadə etmirik.  

Dağ və düzən meşələrinin çox yerində ağacların özbaşına kəsilməsi, meşənin mal-qaraya otarılması adi hal 

olmuşdur. Yaşayış  məntəqələri  ətrafında, yolların kənarında ağacların budaqları  kəsilir, kötüklərinlə ocaq 

qalanır, əksər ağacların gövdələrinə balta yaraları vurulur, onları qurutmaq məqsədilə gövdəsinin aşağı hissəsi 

balta ilə kəsilib «halqalanır».  

Hazırda aşağı və orta dağ qurşağı meşələri qaramal, yüksək dağ meşələri isə qoyunlar üçün yay otlaqları, 

düzən meşələri isə qışlaqlar kimi istifadə olunur. Bunun nəticəsində məhsuldar meşələr kolluqlarla əvəz edilir 

və ya təsərrüfat üçün tam yararsızlaşaraq dağlıq ərazidə daşlıqlara, qayalıqlara çevrilir, düzəndə isə meşə yox 

edilən yerdə bataqlıqlar,  şorlaşmış sahələr və bozqırlar yaranır. Deməli, insan meşəni yox edir, əvəzinə isə 

təbiətə heç nə qaytarmır. Əksinə, gələcək nəsli həm qiymətli meşədən, münbit torpaq sahəsindən. həm də təmiz 

havadan məhrum etmiş olur. Odur ki, meşələrin mühafizəsi işini yaxşılaşdırmaq günün vacib problemi hesab 

edilməlidir.  

Təcrübələrin nəticələri göstərdi ki, düzən zonada meşə  əkini işləri aparmayıb, sahələri lazımi qaydada 

mühafizə etmək və süni suvarmaq yolu ilə də ilkin meşələri bərpa etmək mümkündür. Bu tədbirin müsbət nəticə 

verməsini təsdiq edən bir neçə misal göstərək.  

Ağdaş  rayonu  Abad  kəndinin yaxınlığında  şumlanıb tərəvəz bitkiləri becərilən kiçik meşə talalarında bir 

kvadrametr sahədə ağyarpaq qovağın orta hesabla 30 ədəd cücərtisini müşahidə etdik. Sürətlə inkişaf edən bu 

cücərtilərin orta boyu ilk ilində 70 sm təşkil edir, bəzi yeniyetmələrin bir yaşında hündürlüyü hətta 140 

santimetrə çatır. Deməli, suvarılan sahədə təbii olaraq meşəlik yarana bilir. 

Ağstafa meşə təsərrüfatı ərazisində və Sabirabad rayonunda Arazın Kürə qarışdığı yerdən aşağıda subasar 

sahələrin hamısında kifayət qədər qovaq və söyüd cücərtiləri müşahidə olunur.  

Qarayazı qoruğu  ərazisində Kürün sahil hissəsində ayrı-ayrı sahələrdə bir kvadratmetrdə Sosnovski 

qovağının və ağyarpaq qovağın orta hesabla 40-60 ədəd biryaşlı şivlərini saydıq.  



 

290


Ağdaş meşə  təsərrüfatının «Bıçaxçı» sahəsində  və Sabirabad meşəçiliyində Kürün subasar sahilində bir 

kvadratmetr sahədə orta hesabla 140 ədəd qovaq və 30 ədəd söyüd cücərtisini hesaba aldıq. Mayın sonunda qo-

vaq şivlərinin boyu 60 santimetrə. söyüdünkü isə 80-100 santimetrə çatır. Təəssüflə qeyd olunmalıdır ki, əmələ 

gələn bu körpə ağaclar elə birinci ilin payız-qış aylarında mal-qara tərəfindən məhv edilir. Göründüyü kimi, qo-

vaq və söyüd tez boy atan ağac cinsləri olub ilk yaşında 70-100 sm böyüyür. Bu onu göstərir ki, Kür və Araz 

sahillərində sahələr 2-3 il yaxşı mühafizə olunarsa, orada tam mənasında tuqay meşələrini bərpa etmək 

mümkündür.  

Düzən zonada palıd və saqqız yayılan quraqlıq şəraitində meşənin təbii bərpası zəif gedir. Mal-qaradan qo-

runduqda isə bəzi sahələrdə meşənin bərpası müşahidə olunur. Məsələn, Bərdə rayonunda Tərtər çayının Kürə 

töküldüyü yerə yaxın ərazidə olan seyrək palıd-saqqız meşəliyi 2-3 il mal-qaradan qounduğu üçün bir hektarda 

7 min ədəd cavan palıd şivləri əmələ gəlmişdir.  

Ağstafa meşə  təsərrüfatının Soyuqbulaq meşəçiliyində  dəmir yolunun yaxınlığında tikanlı  məftillə 

hasarlanıb mal-qaradan və özbaşına kəsilməkdən mühafizə olunan ərazidə iri gövdəli palıd meşəliyi qalmışdır. 

Burada ağacların çətri altında kifayət qədər cavan ağaclar müşahidə olunur. Tikanlı  məftilin xaricində qalan 

ərazidə isə il boyu mal-qara otarılır, ağaclar qanunsuz kəsilir. Burada keçmişdə  məhsuldar palıd meşəsinin 

yerində yalnız tək-tək qolbudağı, başı kəsilmiş ağaclara təsadüf etmək mümkündür.  

Dağ yamaclarında da mühafizə yolu ilə meşələri bərpa etmək, məhsuldarlığını artırmaq üçün imkanlar 

vardır. Məsələn, Laçın rayonunun Mirik kəndindən başlamış Minkəndə  qədər çayın sağ sahili boyu ayrı-ayrı 

sahələr yaxşı mühafizə olunur. Bunun nəticəsində burada kolluqların yerində sıx cavan meşəlik əmələ gəlmişdir. 

Həmin çayın sağ sahilində üç yerdə sahələrin qorunması ilə  əlaqədar seyrək kolluqlar meşəyə çevrilmişdir. 

1962-ci ildən bəri Laçın meşə təsərrüfatının sərəncamına keçirilmiş 14 min hektara yaxın kolxoz meşələri yaxşı 

mühafizə olunduğu üçün məhsuldarlığı artmış, torpaqqoruyucu rolu yüksəlmişdir. Tovuz meşə  təsərrüfatında 

Şamlıq kəndindən yuxarıda yerləşən  ərazidə 1950-ci ildən bəri qoruq rejimi təşkil edilmişdir.  İndi burada 

yamacın şimal-şərq cəhətində yüksək doluluqlu fıstıq-vələs meşəliyi bərpa olunmuşdur.  

Şəki rayonunda Kiş kəndinə yaxın yerləşən yamacın şimal-qərb cəhəti uzaqdan yaşıl meşəsilə adamı özünə 

cəlb edir. Bu sahə ciddi nəzarət altında qorunur, burada indi palıd, vələs, göyrüş, ağcaqayın və sairə cinslərdən 

ibarət normal meşəlik əmələ gəlmişdir. Bu sahəyə bitişik mühafizə edilməyən qonşu ərazilərdə isə məhsuldar 

palıd meşələrini kolluqlar əvəz etmişdir. Ona görə güclü yağışlar zamanı burada şiddətli eroziya prosesi 

müşahidə olunur, torpaq qatı yuyulub aparılır, yarğanlar əmələ gəlir.  

Subalp zonasında insanın təsərrüfat fəaliyyəti dayandırıldıqda müxtəlif ağac cinslərinin bərpası müşahidə 

olunur və meşə tədricən təbii sərhədinə doğru irəliləyir. Belə vəziyyəti biz Göygöl və Zaqatala qoruqları, Laçın 

meşə  təsərrüfatı  ərazisində,  Şəki rayonunun Töhrə yaylağında müşahidə etdik. Qax rayonunun «Taxta-qaya» 

adlanan sahəsində yamacın şimal cəhətində 30 ildən çoxdur ki, mal-qara otarılmır. Bunun nəticəsində meşənin 

müasir sərhədindən 100 metr yuxarıya doğru sıx otlar arasında qrup halında çoxlu körpə fıstıq ağacları əmələ 

gəlmişdir, onların vəziyyəti yaxşı olub  normal inkişaf edir. Yenə  həmin rayonun Sarıbaş  kəndinin yanında 

dəniz səthindən 1800-2150 metr yüksəklikdə meşənin çəmənə doğru irəliləməsi aydın nəzərə çarpır. Burada 

kəndi sel basmasın deyə, onun yuxarı tərəfində yerləşən palıd meşəsi çoxdan bəridir ki, yerli əhali tərəfindən 

qorunur, orada mal-qara otarılmasına yol verilmir. Meşənin kənarında 100-200 metr çəmənə tərəf olan sahədə 

topa halında və  tək-tək 10-20 yaşlı cavan palıd ağacları bitir. Bu qruplar bəzən sıx, keçilməz olur. Qorunan 

sahədə eroziya prosesinin qarşısı tamamilə alınmışdır. Bu hal meşənin öz keçmiş sərhədini yenidən tutmasına 

nümunəvi bir misaldır. Qorunan sahəyə bitişik yamaclar mal-qaradan lazımi dərəcə mühafizə olunmadığı üçün 

orada meşəlik tamamilə  sıradan çıxmış  və eroziyaya uğrayaraq çox yerdə ot örtüyündən də  məhrum olub 

çılpaqlaşmışdır.  

Düzdür, belə misalların sayını davam etdirmək olar. Lakin bu olduqca kiçik sahələri  əhatə edir. 

Respublikamızın meşə təsərrüfatlarında isə seyrək meşələrin sahəsi 60 min, kolluqların sahəsi isə 40 min hekta-

ra çatır. Bunların çoxunda heç bir əlavə  xərc və  ağır zəhmət çəkmədən ciddi qoruq rejimi yaratmaq yolu ilə 

meşələri bərpa etmək, onları tədricən öz ilkin vəziyyətinə qaytarmaq olar və vacibdir.  

Heç bir başqa nemətlə əvəz oluna bilməyən meşələrimizin bərpa edilməsi kimi məsuliyyətli bir işin həyata 

keçirilməsində meşə  təsərrüfatlarında ciddi dönüş yaranmalıdır. Bu vacib və mühüm tədbirin yerinə 

yetirilməsində meşə işçilərinə təbiəti mühafizə təşkilatları və geniş xalq kütlələri yaxından kömək göstərməlidir.  

Yadda saxlamaq lazımdır ki, bəşəriyyətin  ən qiymətli sərvəti olan meşə  həmişə  həyatın  əsası olmuş  və 

olacaqdır.  

Babalarımızın qan-təri ilə bizə çatdırılan ana təbiəti, onun torpağını, meşələrini, heyvanat aləmini göz 

bəbəyi kimi qorumaq və onu daha da zənginləşdirib gələcək nəslə təhvil vermək borcumuzdur. 

 


Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə