MƏMMƏdov qəRİb xəLİlov mahmud


 Torpağın bioloji müxtəlifliyi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə60/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   56   57   58   59   60   61   62   63   ...   75

17.4. Torpağın bioloji müxtəlifliyi 

Bioloji müxtəlifliyin öyrənilməsi üzrə tədqiqatlar bir qayda olaraq bitki örtüyü (flora) və heyvanat aləminə 

(faunaya) şamil edilir. Məlum olduğu kimi torpaq təbii mühitin (ekosistemin) əsas komponentlərindən biri olub 

onun xassələrində litosferlə biosferin mürəkkəb qarşılıqlı təsirləri əks olunur. Torpaq prosesləri bitki örtüyünə 

və faunaya təsir göstərir, bitki assosiasiyalarını formalaşdırır, yer kürəsinin üst aktiv qabığını əmələ gətirir. 

Odur ki, torpağın biomüxtəlifliyinin, coğrafi müxtəlifliyinin öyrənilməsi bitki və heyvanat aləminin biomüx-

təlifliyinin tədqiqatı ilə qarşılıqlı aparılmalıdır. Yer kürəsinin torpaqları hazırki dövrdə olduğu qədər müxtəlif ol-

mamış. Torpaq zonalarının yaranması və onların differensasiyası yerin iqliminin istiqamətlənmiş dəyişməsi, tro-

pik enliklərin azalması, mülayim və soyuq qurşaqların genişlənməsi ilə bağlıdır. 

Müasir torpaq zonaları əsasən dördüncü dövrdə formalaşmışdır. Lakin bəzi materiklərdə və ərazilərdə torpaq 

zonaları üçüncü dövrdə də mövcud olmuşdur. Ayrı-ayrı torpaq zonalarında  torpaqəmələgəlmə prosesləri müx-

təlif istiqamətlərdə gedərək müxtəlif torpaq tiplərinin formalaşmasına səbəb olmuşdur. M.A. Qlazovskaya 

(1973) Dünyanın Xəritə toplusunda düzən ərazilərdə 31 zonal və 34 introzonal, dağlıq vilayətlərində isə 23 zo-

nal torpaq tiplərinin ayrılmasını göstərir. Y.V. Lobova və A.V. Xabarov (1983) bir çox mövcud ədəbiyyatlara 

əsaslanaraq Dünya torpaqlarının 12 formasiyası və 19 fasiyasını ayırır. 

Ən qədim zona tropik zona sayılır. Alimlərin hesablamalarına görə tropikada 1 m qalınlığında aşınmış qabıq 

20-77 min il ərzində əmələ gəlir. Bu zonalarda ilkin mineralların qələvi hidrolizi gedərək əsasların (Ca, Mg, K) 

ayrılması mineralların kristal çərçivələrinin parçalanması zamanı Si, Fe və Al-un formalarının parçalanması pro-

sesi gedir. Bu zaman dəmir müxtəlif formalarda miqrasiya edərək torpaq profillərində toplanır. Bu torpaqlarda 

gedən əsas proseslər onların turş reaksiyalı olması, humusun açıq rəngli və mütəhərrik olması, əsasların, silisiu-

mun, dəmirin miqrasiya etməsidir. Aşınma prosesi çox intensiv gedərək qalın aşınma qatı toplanır. 


 

344


Tropik və ekvatorial torpaqəmələgəlmə prosesi zamanı aşağıdakı torpaq tipləri formalaşır: daim rütubətli 

tropik meşələrin qırmızı-sarı laterit; mövsümi rütubətli tropik meşələrin və hündürboylu otlu savannaların qır-

mızı laterit; kserofit tropik meşələrin və kolluqların qəhvəyi-qırmızı lateritləşmiş; quru savannaların qırmızı-qo-

nur, səhralaşmış savannaların qırmızı-qonur və tropik səhraların torpaqları. 



Subtropik zonada torpaq dördmövsümlü iqlim şəraitində inkişaf edir. Bu zonanın rütubətlənmə dərəcəsin-

dən asılı olaraq müxtəlif hissələrində aşağıdakı torpaq tipləri formalaşmışdır: enliyarpaqlı meşələrin sarı-qonur; 

rütubətli subtropik meşələrin sarı və qırmızı; subtropik prerilərin qırmızı-qara; kserofit subtropik meşə və kol-

luqların qəhvəyi; subtropik kollu bozqırların boz-qəhvəyi və subtropik yarımsəhraların boz torpaqları. 



Subboreal qurşaq əsas etibarilə daha cavan torpaq zonalarını əhatə edir. Bu  zonalar buzlaqlar dövründən 

sonra və ya bir qədər əvvəl pliosendə formalaşmışdır. Torpaq örtüyü də cavan olmasilə xarakterizə olunur. Sub-

boreal qurşaq Şimali Amerika, Şərqi Avropa, Mərkəzi və Şərqi Asiyada yayılmışdır. Orada əsasən bozqır, ya-

rımsəhra və səhra torpaqları formalaşır. Bu torpaqlarda gedən əsas proseslər: humusun toplanması, karbonatların 

toplanması, cənub hissədə isə duzların toplanmasıdır. Aşınma prosesi çox zəif gedir. 

Boreal qurşağın  səhra zonaları Afrika, Avstraliya, Mərkəzi və Orta Asiyada geniş  əraziləri tutur, Cənubi 

Amerikada isə az sahədə yayılmışdır. Alimlərin fikrincə «əsl səhralar» abiotikliyi ilə və hər il yağışın düşməmə-

si ilə seçilir. Belə səhralara Saxara, Atakama və Ərəbistan yarımadasının səhraları aiddir. Burada fiziki aşınma 

üstünlük təşkil edib xarakterik torpaq prosesləri müşahidə olunmur. Hər il az da olsa yağıntı (100 mm-ə qədər) 

düşən səhralarda torpaqəmələgəlmə prosesi  zəif gedir (Orta və qismən Mərkəzi Asiya, Cənubi Amerikanın 40 

dərəcə cənub enliyindən cənubda). Çox vaxt başdan-başa torpaq örtüyü olmur.  

Subboreal torpaqəmələgəlmə prosesində qonur-meşə; prerilərin qaratorpağa bənzər; bozqırların qara; quru 

bozqırların şabalıdı; yarımsəhraların qonur; səhraların boz-qonur torpaqları formalaşmışdır. 

Boreal qurşaq daxilində torpaqlar tayqa meşələri və bataqlıqları altında formalaşmışdır. Bəzi torpaqların yaşı 

5-10 min illə hesablanır. Boreal qurşaqda torpaqəmələgəlmə prosesi sialit tipli gilin iştirakı ilə, yüksək rütubət-

lik şəraitində xeyli intensiv gedir. Aşınma prosesi zəifdir. Əsas proseslər humusun və torfun toplanması, bataq-

laşma, podzollaşma, qleyləşmə və kriogenez hesab olunur. 

Boreal torpaqəmələgəlmə prosesində aşağıdakı torpaq tipləri formalaşır: Subqütb otlu meşələr və çəmənləri 

altında çimli-kobudhumuslu və çimli-torflu; şimali tayqa meşələri və seyrəkliklərinin qleyli-donuşlu-tayqa və 

açıq sarı və donuşlu-tayqa karbonat qalıqlı; şimali tayqanın qleyli podzollaşmış və podzollu-illüvial-humuslu; 

orta tayqanın podzollaşmış və podzol; Cənubi Tayqanın və yarpaqlı-iynəyarpaqlı meşələrin çimli-podzollaşmış; 

iynəyarpaqlı-enliyarpaq və enliyarpaq meşələrin turş meşə podzollaşmamış; və boz-meşə torpaqları. 

Subarktik və arktik qurşağın torpaq örtüyü arktik zonanın arktik torpaqlarına və subarktik zonanın tundra 

torpaqlarına bölünür. Fiziki aşınma üstünlük təşkil edir. Əsas proseslər: şaxta aşınması, fulvat üzvi maddələrin 

toplanması, dəmirləşmə sayılır. Subarktik zonada intensiv fiziki və zəif kimyəvi aşınma gedir. Dəmir və alümi-

nium hidroksidləri toplanır. Əsas proseslər – kriogen rütubət mübadiləsi, qleyləşmə sayılır. 

Düzən  ərazilərdə rast gəlinən introzonal torpaq tipləri aşağıdakılardır. donuşlu-bataqlıq; bataqlıq-podzol; 

boz-meşə hleyli; çimli-karbonatlı; çimli-qleyli; torflu-bataqlıq; düzən-bataqlıq; qonur meşə hleyli; prerilərin qa-

ratorpağabənzər qleyli; çəmən-qaratorpaq; çəmən-şabalıdı; çəmən qonur; sarı və qırmızı qleyli; çəmən-qəhvəyi; 

subtropik çəmən-qara; takırlar; subtropik-bataqlıq; laterit qleyli; çəmən-qəhvəyi-qırmızı; çəmən-qırmızı-qonur; 

tropik bataqlıq; solodlar; şorakətlər; şoranlar; allüvial; suvarılan. 

Müxtəlif iqlim zonalarında yerləşən dağlıq  ərazilərin torpaqları xüsusi qrupa aid edilir. Dağ torpaq tipləri 

aşağıdakılardır: dağ-arktik; dağ-tundra; dağ çimli kobudhumuslu və torflu; dağ-tayqa-donuşlu; dağ boz meşə: 

dağ-çəmən; qonur dağ-meşə; dağ-çəmən-bozqır; dağ-qaratorpağı; dağ-şabalıdı; dağ-yarımsəhra-qonur; dağ qır-

mızı və dağ-sarı; dağ-qəhvəyi; dağ-boz-qəhvəyi və dağ-boz; dağ-səhra; dağ-laterit 

Torpaq örtüyünün coğrafi (bioloji) müxtəlifliyinin yayılması qanunauyğunluğu insanın müxtəlif xarakterli 

təsərrüfat fəaliyyətinin təsiri nəticəsində bu və ya digər dərəcədə dəyişikliyə məruz qalmışdır. Hətta şumlanma-

yan ərazilərdə daimi mal-qara otarılması, bitki qalıqlarının sistematik olaraq yandırılması, mədəni otlaq sahələri-

nin gübrələnməsi və ya ot səpilməsi torpaqda dərin dəyişikliyin əmələ gəlməsinə səbəb olur. Bu dəyişiklik müs-

bət effekt verərək bioloi məhsuldarlığı yüksəldə bilər, yaxud mənfi nəticəyə gətirib çıxarır – torpağın strukturu 

pozulur, su və külək eroziyası baş verir. 

Şumlanma, sistematik becərmə, üzvi və mineral gübrələr verildikdə torpaq əhəmiyyətli dərəcədə dəyişikliyə 

uğrayır. Antropogen  torpaqların müasir təsnifatında belə torpaqlar «mədəniləşmiş» və «mədəni» torpaq adlanır. 

Meliorasiya, qurudulma, suvarma, dərin plantaj  şumu aparıldıqda torpaqda daha çox dəyişikliklər baş verir: 

torpağın su və istilik rejimi və ya genetik horizontların bütün sistemi pozulur. Belə torpaqlar «dəyişilmiş», «kö-

kündən dəyişilmiş» qrupa aid edilir. 

Dəniz dibinin insan tərəfindən qurudulması, kolmataj, irriqasiya gətirmələrinin akumulyasiyası, sənaye tul-

lantılarının rekultivasiyası yolu ilə yaradılan torpaqlar xüsusi antropogen torpaqlar qrupu kimi ayrılır. 

Dənizkənarı bataqlıqların qurudularaq münbit (əsasən çəmənlər) torpaqlara çevrilməsi Qərbi Avropada, Şi-

mali və Cənubi Amerikanın Atlantik okeanının düzən sahillərində geniş miqyasda həyata keçirilir. 



 

345


Çay suları ilə suvarma nəticəsində yeni allüvial materialların toplanması (yığılması), yəni kolmataj nəticəsin-

də antropogen allüvial torpaq əmələ gəlir. Kolmataj dünyanın bir sıra ölkələrində tətbiq edilir. 

Torflu və torflu-qleyli torpaqların qurudulması yolu ilə də antropogen qurudulmuş torpaq yaradılır. 

Suvarma ilə əlaqədar torpaqların əmələ gəlməsiı 1). Yerin arid zonalarında qədim suvarma əkinçiliyi tət-

biq olunan vilayətlərdə irriqasiya gətirmələrinin toplanması nəticəsində mədəni-suvarılan vahə torpaqları əmələ 

gəlmişdir. Ön Asiya və Pakistanda bu torpaqlar xüsusi torpaq tipi kimi ayrılır. (Rozanov,1951) Bu torpaqlar 1,5-

2,0 qalınlığında narınqatlı tozvari irriqasiya gətirmələrindən təşkil olunmuşdur. 

2) Şoranlaşmış və şoran torpaqların yuyulması və kompleks aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu 

ilə suvarılan duzlardan yuyulmuş torpaqlar formalaşır. 3) Vahələrin ətrafında drenaj və suvarma sularının atıl-

ması nəticəsində təkrar şorlaşmış və bataqlaşmış torpaqlar əmələ gəlir. Təkrar şorlaşmış torpaqlar həmçinin su-

varma sisteminin düzgün aparılmaması nəticəsində əmələ gələrək geniş əraziləri əhatə edir. 

Suvarılan antropogen torpaqlar arasında çəltik tarlalarının torpaqları geniş yer tutaraq qleyli çəltik torpaqları 

adlanır. Çəltik torpaqlarının geniş əraziləri rütubətli subtropik, tropik və ekvator qurşaqlarında yerləşərək dəyi-

şilmiş qırmızı, sarı, qırmızı-sarı torpaqlardır. Uzun müddət su altına basılmış bu torpaqlar qleyləşərək strukturu-

nu itirir, pas ləkələri olmaqla tünd-göy rəng alır. 

Çəltik əkinləri həmçinin isti qurşaqlarda humid şəraitində Şimali və Cənubi Amerikanın prerilərinin qarator-

pağabənzər torpaqlarında, Uzaq Şərqdə və Şimali Şərqi Çində də yayılmışdır. Son illər Lənkəran ovalığında da 

çəltik əkinləri bərpa edilmişdir. 

Hərəkətedən qumların bərkidilməsi. 

Ağac  əkməklə qumluqların bərkidilməsindən müxtəlif bioiqlim zonalarında geniş istifadə olunur. Boreal, 

subboreal və subtropik qurşaqların humid vilayətlərində müxtəlif şam növlərindən istifadə edilərək bərkidilmiş 

qumlar geniş yayılmışdır.Bu ağaclıqların altında ilkin podzollaşma əlamətləri olan yuxa torpaqlar   formalaşır. 

Torpağın yaşı artdıqca podzollaşma prosesinin əlamətləri güclənir. Antropogen qumlu turş  zəif podzollaşmış 

torpaqlar Baltik və Şimal dənizi sahillərinin qum təpələrində və Baskay körfəzi düzən qumlu sahillərində geniş 

yayılmışdır. 

Subarid və arid vilayətlərində qumlar ot, kol və ağac bitkisi ilə bərkidilir. Belə işlər Orta Asiyanın qum səh-

ralarında da geniş aparılır və primitiv səhra qumlu torpaqların formalaşması müşahidə olunur. 

Abşeron  yarımadasında Xəzər sahili qumlarında əkilən ağac və kolluqların altında da primitiv torpaqəmələ-

gəlmə prosesi müşahidə edilir. 

 

17.5. Azərbaycanda bioloji müxtəlifliyin qorunması problemi 

İnsan öz hərəkətləri və fəaliyyəti ilə özünün istəyindən asılı olmayaraq təbii landşaftları pozur, dəyişdirir və 

əsrlər boyu yaranmış təbii ekosistemləri yenidən qurur, atmosferi, su hövzələrini və bütövlüklə ətraf mühiti çirk-

ləndirir. İndiki dövrdə qabaqki yüzillərlə müqayisədə insan öz düşünülməz təsərrüfat-iqtisadi fəaliyyəti ilə ətraf 

mühiti sürətlə dəyişdirir. Hazırda biosferdə antropogen təzyiqin geniş miqyasda gücləndiyi bir zamanda bitki və 

heyvanat aləminin müxtəlifliyini, genetik fondunu qoruyub saxlamaq mühüm vacib problem hesab olunur. Flora 

və faunanın istənilən bir növü əvəzolunmaz genetik fond sayılır, onların birinin itirilməsi biosferin normal fəa-

liyyəti üçün yol verilməzdir. 

Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada özünəməxsus görkəmli yerlərdən birini tutub, burada zəngin 

bitki və heyvan növləri cəmlənmişdir. Müasir Azərbaycan faunası 18000 canlıdan ibarət olub məməlilərin 97 

növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar faunamızda 700 növlə təmsil 

olunmuşdur. (Yusifov 2002) «Qırmızı kitaba» yarasaların 3, yırtıcıların 7 və dırnaqlıların 4 növü daxil edilmişdir. 

Azərbaycanın Qırmızı kitabına daxil edilən məməlilərdən ceyran, bəbir, sarıma (safsar), zolaqlı kaftar və vaşağı 

göstərmək olar. 

Respublikanın quş faunası 357 növ və yarımnövü əhatə edən 17 dəstəni təmsil edir. Qırmızı kitaba 9 dəstəyə 

aid olan 36 növ daxil edilmişdir: yırtıcıların 11, toyuqkimilərin 5, yastıdimdiklərin 4, göyərçinkimilərin 1, dur-

nakimilərin 4, sərçəkimilərin 3, leyləkkimilərin 3, kürəkayaqlıların 2 növü. Adları Qırmızı kitaba salınmış quş-

lardan sultan toyuğu, turac, çöl qartalı, talış qırqovulu, şahin, qəşəng dovdaq, ağquyruq qartal, qu quşu, qıvrım-

lələk qutan, qırmızıdöş qaz, ərsindimdik, mərmər cürə və s. göstərmək olar. 

Azərbaycanın su hövzələrində balıqların 10 dəstəyə, 16 ailəyə aid olan 100-ə yaxın növ və yarımnövü yaşa-

yır. Onların üçdə biri ancaq dəniz həyat tərzi keçirir, qalan hissəsi isə şirin su hövzələrində yaşayır. Azərbayca-

nın Qırmızı kitabına 5 növ daxil edilmişdir: qızılxallı, ilanbalığı, poru, qılıncbalıq və dəniz sıfı, amfibiya və rep-

tillərin 67 növ və yarımnövü respublikamızda yaşayır. Qırmızı kitaba 13 növ və yarımnöv daxil edilmişdir. On-

lardan kiçik asiya gürzəsi, eskulap ilanı, adi triton, qafqaz xaçlıçası, girdəbaş yovşanlıq kərtənkələsi, aralıq dəni-

zi tısbağasını göstərmək olar. 

Azərbaycanın həşəratlar aləmi son dərəcə zəngin olub 25 minə yaxın növü əhatə edir. Qırmızı kitaba 40 növ 

pulcuqlu qanadlılar, sərtqanadlılar və pərdəqanadlılar dəstəsinin nümayəndələri daxil edilmişdir. 

Adı Azərbaycanın «Qırmızı kitabı»na salınmış kəpənəklərdən şərqi aleksandra yelkincəyi, şəfəqsaçan, talış 

brameyası, avronina sarıcası, apollon, tamara alacası, nurduman apollonu, alp sarıcası, kəlləşəkilli haf, alp satiri, 



 

346


iri tənək hafı, talış məxməri kəpənəyi, kürd sarıcası, ioniya bərqvuranı və hilatanı; əsl arı və böcəklərdən isə por-

çinski zolaqlı arı, dağıstan zolaqlı arı, Mlokoseviç zolaqlı arı, fars zolaqlı arı, alp rozaliyası, Skovits uzunbığı, 

qırmızı talış qaçağanı, qafqaz ilbizyeyən fışqırdanı, qəşəng böcək, fərat çapağanı, solomon qızılböcəyi və palıd 

diserkasını göstərmək olar. 

Tədqiqatçıların məlumatına görə respublikamızın florasında 4200 bitki növü məlumdur, onun 370-i Azər-

baycanın endem bitkilərinə aiddir. («Azərbaycan florası 1950-1961). 

Azərbaycan Respublikası  ərazisində demək olar ki, bitki örtüyünün bütün tiplərinə – qədim meşə borealı, 

səhra, kserofit, bozqır, Qafqaz və adventiv bitki örtüyünə təsadüf edilir. Qədim meşə borealı florasına Talışda, 

Kiçik və Böyük Qafqaz dağlarında, kserofil və Qafqaz bitki tiplərinə və sırf boreal bitki tipinə isə Respublika-

mızın bütün bölgələrində təsadüf edilir. Səhra bitki örtüyü əsasən Kür-Araz ovalığı və Abşeron yarımadası üçün 

səciyyəvidir. Göstərilən bitki tipləri bir çox bitki qruplaşmaları əmələ gətirir. 

Azərbaycanın ayrı-ayrı coğrafi landşaft bölgələrinin flora zənginliyi müxtəlifdir. Naxçıvan MR-nın  ərazisi 

bitki növləri ilə daha zəngindir. Buranın bitki növləri respublika florasının 43%-ni təşkil edir. Quba-Qusar dağ 

massivinin bitki növləri floramızdakı bitki növlərinin 40%-ni, Kiçik Qafqazın mərkəzi dağlıq hissəsi 34,5%-ni, 

Böyük Qafqazın şərq massivi 29,4%-ni, Talışın dağlıq hissəsi 27%-ni təşkil edir. Kiçik Qafqazın şimal yamıcın-

da bitki növləri nisbətən azdır. Kiçik Qafqazın dağlıq hissəsinin aşağı dağətəyi massivi, Böyük Qafqazın dağlıq 

massivinin qərb hissəsi, Kür-Araz ovalığı florası orta dərəcədə (23-26%) bitki növləri ilə zəngindir. Kür düzən-

liyi, Abşeron yarımadası, Qobustan, Samur-Dəvəçi florasında bitki növləri azdır (Prilipko, 1966). 

Respublika ərazisində 865-dən artıq şibyə, 500-ə qədər mamır növü vardır. 

Azərbaycanın yabanı dendroflorasında 460-a yaxın ağac və kol növünə təsadüf olunur ki, bu da respublika 

florasındakı bitki növlərinin 11%-ni təşkil edir. Onların 70-i endem növü olub respublikamızdan kənarda bitmir. 

Azərbaycan florasında üçüncü dövrə aid olan relikt ağac və kollar bitir. Onlardan eldar şamı, dəmirağac, ipək 

akasiyası, xəzərlələyi və b. göstərmək olar. Nadir və kökü kəsilmək təhlükəsi altında olan bir çox ağac və kol 

növləri Azərbaycanın qırmızı kitabına daxil edilmişdir. Onlara ipək akasiyası, Xəzər lələyi, budaqlı danaya, də-

mirağac, qarmaqvarı  şam, aptek dəfnəgilası, hirkan əncili, qanadmeyvə yalanqoz, adi şabalıd, radde tozağacı, 

sarı  rododendron, qafqaz rododendronu aiddir. 

Azərbaycan florasına müxtəlif dərman, efiryağlı, dekorativ, meyvə, texniki və digər faydalı bitkilər daxildir. 

Təəssüflə qeyd etmək lazımdır ki, insanın uzunmüddətli düşünülməz təsərrüfat fəaliyyəti nəticəsində respub-

likamızın bitki örtüyünün bioloji müxtəlifliyi deqradasiyaya məruz qalmış, dəyişilmiş, kasatlaşmış, azalmış, bə-

zən məhv edilmişdir. Onu sadə olaraq aşağıdakı sxemdə göstərmək olar: 

 

 



Şəkil 17.1. Antropogen faktorların bioloji müxtəlifliyə təsiri 

 

Bitki örtüyünün bioloji müxtəlifliyinin pozulması  və ya məhv edilməsi ilə  əlaqədar respublikamızın bəzi 



regionlarında müasir bitki ortüyünün BM-yi müasir iqlimə uyğun gəlmir. Bunu aşağıdakı misallarla izah etməyə 

çalışaq.  

Kiçik Qafqazın  şimal yamacında vaxtilə  məhsuldar iberiya palıdı meşələri yayılan aşağı dağ-meşə 

qurşağının yerində hazırda çox yerdə kserofil qaratikan kolu üstünlük təşkil edən müxtəlif şiblək qruplaşmaları 

formalaşmışdır. Bunun əsas səbəbi oradakı palıdlıqların məhv edilməsi, ərazinin kənd təsərrüfatı bitkiləri altında 

və örüş kimi istifadə olunmasıdır. Meşəsizləşdirilmiş ərazilər yamacların baxarından və meylliliyindən asılı ola-

raq bu və ya digər dərəcədə eroziyaya uğramışdır. Belə sahələrdə antropogen təzyiq dayandırılarsa ilkin BM-in 

bərpası prosesi konkret sahədə BM-in pozulma dərəcəsindən, onun fiziki-coğrafi yerləşməsindən (dəniz 

səviyyəsindən yüksəkliyindən, yamacın cəhəti və dikliyindən), torpağın pozulma dərəcəsindən və s.-dən asılıdır. 

Məs. Meşəsizləşdirilmiş dik yamaclarda palıd meşələrinin yerində formalaşan ikinci dərəcəli ağac cinslərindən 

(əsasən dəmirqara) ibarət ağaclıqları mal-qaradan mühafizə etmək yolu ilə tədricən ilkin palıd meşəsini bərpa 

etmək olsa da, onun BM-ni olduğu kimi qaytarmaq mümkün deyildir.  



 

347


Qaratikan üstünlük təşkil edən güclü dərəcədə eroziyaya məruz qalmış sahələrdə biosenoz (bitki novləri, 

heyvanat aləmi, mikroorqanizmlər) tamamilə pozulduğundan, biotop (torpaq) itirildiyindən ilkin BM-yi 

(məhsuldar palıd meşələrini) bərpa etmək qeyri-mümkündür. Belə sahələrdə yerli ağac növlərinin  əkini yaxşı 

nəticə vermir, burada mövcud biotopa uyğun ağac növlərinin (eldar şamı, krım  şamı, saqqızağac, ardıc, 

söyüdyarpaq armud) becərilməsi məqsədə uyğundur.  

Qoruqlar, yasaqlıqlar və milli parklar bioloji müxtəlifliyin qorunmasında mühüm rol oynayır. Lakin təəssüflə qeyd 

etmək lazımdır ki, respublikamızdakı xüsusi mühafizə olunan ərazilərdə də təbii ehtiyatlar lazımi səviyyədə qorunmur. 

Qoruq və yasaqlıq ərazilərində qanunsuz kəsilən ağaclara tez-tez rast gəlinir. Göygöl, Zaqatala, İlisu, İsmayıllı qoruqlarında 

meşənin yuxarı  sərhədi yay otlaqları kimi istifadə olunur. Qarayazı, Türyançay, Pirqulu qoruqlarında, həmçinin  şəhər, 

qəsəbəətrafı yaşıl zonalarda, Yalama kurort meşə sahəsində isə ilboyu mal-qara otarılır. Bunun nəticəsində meşə 

ekosistemlərinin bioloji müxtəlifliyi bu və ya digər dərəcədə deqradasiyaya uğramışdır. 

Azərbaycan Respublikasının ekoloji baxımdan dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqramında bi-

oloji müxtəlifliyin qorunması probleminin həllinin aşağıdakı əsas strateji istiqamətləri irəli sürülür: 

– biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün beynəlxalq konvensiyalara və digər ölkələrarası və re-

gional müqavilələrə qoşulmaq; 

– bioloji müxtəlifliyin əhəmiyyətli komponentlərinin müəyyənləşdirilməsi və onların qorunması üçün əlavə 

tədbirlərin hazırlanması və həyata keçirilməsi; 

– biomüxtəlifliyin vəziyyətinin monitorinqi üçün ölkə flora və faunasının Qırmızı və Yaşıl kitablarının tərtibi və 

yeniləşdirilməsi; 

– xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qoruma statusuna malik olan bitki və heyvanat aləminin 

bərpası üçün müvafiq şəraitin yaradılması; 

– nadir və kökü kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin genofondunun qorunmasının təmin edilməsi və 

onları xüsusi qorunan təbii ərazilərdə, nəbatat bağlarında, zooloji parklarda saxlanılması üçün şəraitin yaradılması; 

– biomüxtəliflik üçün təhlükənin və bunun nəticəsində ilk növbədə  təsir altına düşə biləcək təbii bitki və heyvan 

növlərinin proqnozlaşdırılması; 

– biomüxtəlifliyin qorunması məqsədilə Milli parkların yaradılması. Qeyd edək ki, son iki il ərzində 5 Milli park 

yaradılmışdır. Yeni Milli parkların yaradılması üzrə işlər davam etdirilir. 

XVIII Fəsil 

 

XÜSUSİ MÜHAFİZƏ OLUNAN ƏRAZİLƏR 

 

18.1. Qoruqlar 

 

Antropogen amillərin təsiri nəticəsində təbiətin ilkin halı bu və ya digər dərəcədə pozulmağa məruz qalır və 



antropogen landşaftlar yaranır. Bu zaman landşaftın, o cümlədən təbii ekosistemlərin ayrı-ayrı komponentləri, 

növmüxtəlifliyi müxtəlif dərəcədə pozulur və ya məhv edilir,növlər və qruplaşmalar arasında əlaqə, tarazlıq po-

zulduğundan biosferin buferlik qabiliyyəti zəifləyir. 

Elmi-texniki tərəqqinin yeni yüksək mərhələsində  çoxsahəli sənayenin və kənd təsərrüfatının sürətlə inkişa-

fı, müxtəlif  nəqliyyat  növlərinin hədsiz çoxalması təbiətdən və təbii sərvətlərdən daha geniş istifadə olunması 

ilə nəticələnir. Söz yox ki, insanın müasir fəaliyyəti cəmiyyətə böyük fayda da verir: əhalinin ümumi güzaranı 

yaxşılaşır, xəstəliklərin qarşısı xeyli azalır. Lakin insanın təbiətə müdaxiləsi əksər hallarda neqativ ekoloji hadi-

sələrlə də nəticələnir:  təbii ekosistemlərin deqradasiyası, bir çox bitki və heyvan növlərinin sıradan çıxması, tə-

bii resursların tükənməsi baş verir. Bu baxımdan, dövlət tərəfindən yaradılan qoruqlar təbiətin və ətraf mühitin 

mühafizəsinin köməyinə gəlir. 

Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən 

ərazilərdir (akvatoriyalardır). 

Qoruqlar təbiətin ən yüksək mühafizə formalarından biridir. Burada müxtəlif təbii zonaların xarakterik land-

şaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gəlinən bitki və heyvan növləri, eləcə də sıradan çıx-

maq təhlükəsinə məruz qalan  təbii komplekslər və onların komponentləri, mağaralar, şəlalələr buzlaqlar və s. 

qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri,  şumlama, mal-qara  otarılması, turizm, ov etmək, balıq tutmaq, 

ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii sərvətlərdən istifadə etmək  və onların təbii halını  poz-

maq qadağan edilir. Qoruqlar təbii canlı laboratoriya sayılır.  Burada müxtəlif obyektlərdə uzun illər boyu 

tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrdə mürəkkəb ekoloji sistemlərin  inkişafı qanunauyğunluq-

ları öyrənilir. Tədqiqat zamanı  əldə edilən materiallar təsərrüfatda istifadə olunan sahələrlə müqayisə olunur. 

Belə nəticələr təbii mühitin pozulma dərəcəsini aşkara çıxarmağa  və onun qarşısını almaq üçün tədbirlər siste-

mini hazırlamağa imkan yaradır.  Ekoloji sistemin daha çox rəngarəngliyini öyrənmək, genetik fondun növlərini 

saxlamaq məqsədilə qoruqlar müxtəlif landşaft zonalarında yaradılır. Qoruq əraziləri ətrafında mühafizə zonala-

rı (zolaqları) yaradılır. Bu zonalar insanın təsərrüfat  fəaliyyətinin qoruğa daxil olmasının qarşısını alır. 



 

348


Təşkil olunacaq qoruğun layihəsində qoruq üçün ərazinin seçilməsinin  əsaslandırılması, sahəsi, sərhədləri 

verilir. Qoruğun gələcək fəaliyyətinin istiqaməti, maliyələşdirilmə qaydası səciyyələndirilir, xəritələr, müxtəlif  

rəsmi sənədlər və digər materiallar əlavə olunur.  

Qoruğun layihələşdirilməsindən qabaq bioloji-iqtisadi tədqiqatlar aparılır.  Tədqiqat işlərində bioloqlar və 

cooğraflar iştirak edir. 

Layihələşdirmə prosesi üç mərhələdə keçirilir: hazırlıq, çöl  və kameral. 

Hazırlıq işləri dövrü – mütəxəssislərin çöl axtarış işlərinə çıxmamışdan qabaq görüləcək iş mərhələsi sayılır.  

Bu mərhələdə layihə işi hazırlanır və sifarişçi ilə layihə təşkilatı arasında müqavilə bağlanılır. Sifarişçi kimi qo-

ruq təşkil etmək istəyən idarə iştirak edir. Müqavilə və  layihə işinin vaxtı, layihəyə olan tələbatı layihə axtarış 

partiyasının tərkibi və maliyələşdirmə işləri müəyyənləşdirilir. 

Axtarış partiyasının tərkibinə daxil olan mütəxəssislər hazırlıq dövrü ərzində  tədqiqat rayonu ərazisi üzrə 

ədəbiyyatla, idarə və arxiv materialları ilə hərtərəfli və diqqətlə tanış olmalıdır. 



Çöl axtarış işləri – İcra hakimiyyətində axtarış partiyasının və sifarişçi təşkilatının nümayəndələrinin xüsusi 

yığıncağı keçirildikdən sonra başlanır.  Yığıncaqda qəbul olunmuş  qərar bu və ya digər ərazidə çöl axtarış işlə-

rinin aparılması üçün əsas sayılır. 

Çöl işləri dövrü adətən 3-4 ay davam edir. Bu dövr ərzində təbii şəraitə, diqqətəlayiq və maraqlı  təbiət ob-

yektlərinə qiymət verilməsi üçün material toplanır və onun köməyilə müəyyən yerdə qoruğun yaradılmasının la-

büdlüyü əsaslandırılır. 

Gələcəkdə təşkil olunan qoruq ərazisində axtarış partiyası flora və faunanı səciyyələndirmək üçün botaniki, 

zooloji və digər elmi tədqiqat işləri aparır. Bu istiqamətdə əldə olunan materiallar ədəbiyyat məlumatlarilə mü-

qayisə edilir və qabaqcadan qiymətli obyektlərin vəziyyəti aydınlaşdırılır. 

Çöl tədqiqatlarının  əsas məqsədi gələcək qoruğun sahəsini və  sərhədlərini müəyyənləşdirməkdir. Qoruğun 

sərhədləri yaxşı olar ki, suayırıcılarla keçsin və qoruğun ərazisi bir çay hövzəsinə düşsün. Buna həmişə nail ol-

maq çətindir. Burada qoruğun gələcək perspektivləri, yaşayış məntəqələrinin, yolların cığırların və s.-nin yerləş-

məsi də nəzərə alınmalıdır. 

Qoruqlar layihələşdirildikdə turizmin inkişafı  və zəhmətkeşlərin istirahəti məsələləri də  nəzərə alınmalıdır. 

Turistlər və yerli əhali üçün daha cəlbedici yerlər, obyektlər qoruq ərazisinə  daxil edilməlidir. 

Mümkünat daxilində qoruqların sərhədi eyni bir rayonun daxilinə salınmalıdır. Qoruğun mərkəzi idarəsinin 

qoruq ərazisində və ya onun yaxınlığında olması məqsədə uyğundur. 

Qoruq idarəsi ilə birlikdə kartonların, dayaq məntəqələrinin və bazaların yeri də təyin edilir. Çöl işləri qurtar-

dıqdan sonra rayon və ya vilayət mərkəzində tədqiqatın nəticələri müzakirə olunur və razılığa gəldikdə qoruğun 

təşkil edilməsi üçün axırıncı qərar qəbul olunur. 



Kameral işləri  dövründə layihə, xəritə materialları və yer quruluşu işi hazırlanır. Bu zaman tərtib olunan iza-

hat kitabçasına aşağıdakı bəndlər daxil olur.  

İzahnamənin giriş hissəsində müddət, işin həcmi, partiyanın tərkibi və s. verilir. 

1.Qoruğun təşkilinin mümkün variantları, onun təhlili və müqayisəsi. Bunlardan ən yaxşı variantın əsaslandı-

rılması; 

2.Layihələşdirilən qoruq ərazisinin fiziki-coğrafi səciyyəsi (sərhədləri, sahəsi, sahələrin eksplikasiyası (izahı, 

relyefi, iqlimi, hidroqrafiyası, torpağı); 

3. Bitki örtüyü; 

4. Heyvanat aləmi

5. İqtisadi-coğrafi səciyyəsi (layihələşdirilən qoruğun ərazisində və ona qonşu yerlərdə əhalinin sayı, təsərrü-

fatın əsas sahələri və i. a.). 

6. Xüsusilə qəti qorunmağa və öyrənilməyə ehtiyacı olan təbii obyektlər; 

7. Qoruğun daxili təsərrüfatının təşkili üzrə təkliflər (mərkəzi idarənin yeri, ərazinin təşkili, tələb olunan ştat-

lar və vəsait, maliyələşdirmə); 

8. Elmi tədqiqatların əsas istiqamətləri. 

Nəticələr, istifadə olunan ədəbiyyatın və əlyazmaların siyahısı. Tərtib olunan xəritə-sxemdə isə tədqiqat mar-

şrutları, qoruğun təyin olunmuş  sərhədləri, onun yerləşmə variantları,üstünlük təşkil edən bitki örtüyü tipləri, 

xüsusi qiymətli sahələrin və obyektlərin yerləşməsi, daxili təsərrüfat təşkilatlarının planı. 

Hazır layihə vilayət və ya rayon İcra hakimiyyətinin müzakirəsinə  təqdim olunur. Bu mərhələlərdən müsbət 

rəylərlə keçdikdən sonra İcra hakimiyyəti layihəni qoruğun təşkili haqda qərarı münasib ərizə-məktubla birlikdə 

respublika Nazirlər  Sovetinin sərəncamına göndərir. Bununla layihələşdirmə mərhələsi başa çatmış olur. 

 


Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə