www.kitabxana.net
Milli Virtual Kitabxana
Nəriman Nərimanov
BAHADIR VƏ SONA
(Nəsr əsərləri)
Elektron kitab
YYSQ - Milli Virtual Kitabxananın rəqəmsal e-nəşri N 22
Redaktoru və e-nəşrə hazırlayanı hazırlayanı:
Aydın Xan (Əbilov), yazar-kulturoloq
YYSQ - Milli Virtual Kitabxana
Bakı 2010
1
Nəsr əsərləri
“BAHADIR VƏ SONA” (roman)
“İDİL KƏNARINDA” (romandan bir hissə)
“BİR KƏNDİN SƏRGÜZƏŞTİ” (Hekayə)
“PİR” (Povest)
2
BAHADIR VƏ SONA
roman
BİRİNCİ HİSSƏ
Yayın isti günlərindən idi. Günün axırıncı şəfəqi uca ağacların başını qızıl rəngində etmişdi və
nazik yel yavaş-yavaş əsib yarpaqları tərpədirdi. Belə bir gözəl vaxtda ağacın altında, otun
üstündə bir universitet tələbəsi, "student" əyləşmişdi və hərdənbir öz ətrafına nəzər yetirib fikrə
gedirdi. Bu novcavan gül üzlü, xoş sifətli olub, ağıl və kamalı üzündən məlum edirdi. Amma
bununla belə də üzü ürəyindəki pünhan qəmini bəyan edirdi. Neçin bu qəm dəryasına batmışdı?
Və neçin kabab tək qovrulurdu? -- səbəbini bir özü, bir də əlindəki dəftərçə bilirdi.
Axşam yavaş-yavaş araya gəldi. Gün məğribə yavuqlaşdı, Qalın meşə, yaşıl ot adam boyunda,
gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verir, kərdişin
comərdliyini anlayırsan. Belə bir gözəl vaxtda həmin meşədə tək, yaşıl otun üstə sərilmiş gözəl
bir qız görərsinizsə, mənzərə daha artıcaq surətdə gözəl görünər....
Bahadır dəftərçəsini xeylaq yazandan sonra meşədə gəzirdi. Komalıqda gəzərkən nəzəri bir
ağacın altına düşdü və orada on yeddi yaşında aya bənzər bir qız görüb halı dəyişirildi. Qız
arxası üstə uzanıb kitab oxuyurdu. İsti olmağa görə qız ağ, mərmər döşünü açmışdı və hərdənbir
ətrafına baxıb guya ləzzət aparırdı. Bahadır bir ağacın dalına qısılıb məzkur qızı yaxşı
manşırladı. Qız Bahadırın orada olmağından xəbərsiz idi. Bir az müddət keçəndən sonra qız
şümşad əlini yaxasına uzadıb saata baxdı və yerindən tez durub getdi. Çünki qızın yolu
Bahadırın yanından idi. Ona görə Bahadır istədi ki, gizlənsin ta qız onu görməyə, qız isə
Bahadırı görüb yanından keçərkən xumar gözlərini Bahadıra süzdürdü. Qızın belə baxmağı
Bahadırı özgə xəyallara saldı....
İki novcavanın meşədə bir-biri ilə rast gəlməkləri ikisini də iztiraba saldı: qanları cuşə gəlib az
qaldı ki, özlərini itirsinlər.... Bahadır qızın dalınca xeylaq baxdı: vaxt ki, qız gözdən itdi,
Bahadır yavaş-yavaş qızın dalınca gedirdi. Bu minvalla gəldi bazara, fəqət qızı görmədi. Bahadır
mahud almaq fikri ilə bir mağazaya varid oldu. Bunun üzərinə mağazanın sahibi gəlib Bahadıra:
"Buyurunuz, nə xahiş edirsiniz?"
3
Bahadır:
"Zəhmət çəkib mənə qara rəngdə mahud göstəriniz."
"Buyurunuz, " -- deyə göstərir -- bu çox yaxşı mahuddur.
"Həqiqət, yaxşıdır! Neçədir qiyməti?"
"Axır qiyməti: arşını dörd manatdır."
"Çox gözəl! İki arşın yarım kəsiniz."
Mağaza sahibi iki arşın yarım ölçüb kəsdi, sonra kağıza qoyub Bahadıra verdi və bir az fikirdən
sonra Bahadırdan sual etdi:
"Cənabınız studentdirmi?"
"Bəli, " -- Bahadır cavab verdi.
"Sizin yoldaşlardan burada çoxdurmu?"
" Xeyr, ancaq üç nəfərik."
"Bəs sizlərdən heç müsəlman varmı?"
"Bəli, ancaq bir müsəlman var."
4
"Siz buyurduğunuz şəxs farsca bilirmi?"
"Bəli, bilir."
"Bəs nə vaxt siz zəhmət çəkib məni onunla aşna edərsiniz?"
Bahadır bir az fikirdən sonra cavab verdi:
"Məlum ola ki, o student mənəm, sizin qulluğunuzda durmuşam."
"Çox gözəl oldu ki, mən sizinlə aşna oluram "-- Yusif, deyib Bahadıra əl verdi. Və bir-birinə öz
adlarını bəyan edəndən sonra Bahadır bir az fikrə gedib sual etdi:
"Təvəqqe edirəm buyurasınız görüm, siz neçin farsca bilən axtarırsınız?"
"Səbəb odur ki, -- cavab verdi Yusif -- mənim bir qızım var, "Qız institutunu" qurtarıb, türkcə
dəxi yaxşı bilir və hətta yazır da. Amma indi farsca oxumaq istəyir, ona gərə mən də adam
axtarırdım. Sizə rast gəlib nəhayətdə xoşhal oldum. Ümidvaram ki, bu barədə mənə köməklik
edərsiniz."
Bahadır bir az fikirdən sonra:
"Çox əcəb! Bu barədə mən sizə köməklik edərəm...."
"Çox məmnunəm, " -- Yusif Bahadırın əlindən tutdu və dedi: -- Bəs nə vaxt bizə
buyuracaqsınız? "Nə vaxt istərsiniz."
5
"Belə olan surətdə təvəqqe edirəm sabah günorta bizə buyurasınız, amma ... çünki evimizi
bilmirsiniz, ona görə zəhmət qəbul edib mənim yanıma buyurarsınız, buradan bir yerdə
gedərik."
"Çox əcəb, " -- Bahadır deyib çıxdı.
Bahadır üz qoydu öz evinə gəlməyə. Ruzigar qaranlıqlaşmışdı. Bahadır şam yandırıb öz adətinə
görə başladı qəzetə oxumağa. Həmin nömrədə müsəlmanların mədəniyyət barəsində dalda
qalmağından yazmışdılar. Oxuyub qurtarandan sonra dərin-dərin fikrə gedib qəm dəryasına batdı
və qələm götürüb öz ruznaməsində yazdı. Bir xeylaq yazandan sonra qələmi əlindən buraxıb
soyundu yatmağa. Bahadır yerinin içində cürbəcürə fikirlərə düşdü. Nədən fikir edirdi?
Peterburqdanmı və orada təhsil etdiyi elmdənmi? Xeyr, Bahadırın başındakı fikirlər bunlar
deyildi. Üç fikir onu məşğul etmişdi: əvvəlinci öz millətinin halı ki, qəzetədə yazılmışdı. İkinci,
o qız ki, ona meşədə rast gəlmişdi və üçüncü o qız ki, onu oxudacaqdı.... Bu tövr fikirlərə
gedərkən birdən səslə dedi: "Ah, nə olardı ki, mən oxutduğum qız meşədəki olaydı!" Sonra:
"Belə iş olmaz" -- deyib ümidini yozdu. Bu fikirlərdən sonra Bahadırı erməni qızının farsca
oxumağı məşğul etdi və öz-özünə dedi: "Bu millətə təəccüb etməlidir! Erməni qızı neçin farsca
oxusun? Neçin türkcə bilsin?...." Bu fikirdə olarkən Bahadır yuxuya getdi.
Bahadırın atası qədim bəylərdən olub, dolanacağı ancaq mülklərinə bağlıydı. Çünki mülklərini
qeyriləri dolandırırdı. Bir zamandan sonra borca düşüb var-yoxunu satıb borcunu verdi. Lakin iki
min manatlıq yer anasının adına qalmışdı.Bahadır hərçənd atasının tək oğlu idisə də, bununla
belə qeyriləri kimi atasının dövlətinə çox da ümid bağlamayıb oxumağa səy edirdi.
Gimnaziyanın beşinci klasına keçəndə Bahadırın atası vəfat etdi və bir il ondan sonra anası öldü.
Atasının və anasının bivaxt ölməkləri, atasından sonra köməksiz qalmağı və oxumağa məhəbbəti
Bahadırı min-min fikirlərə salıb bilmirdi ki, nə etsin. Bahadırın gözəl əxlaq və ətvarına görə
yoldaşları onu çox sevirdilər. Bahadıra belə bədbəxtlik üz verəndən sonra yoldaşları sözlərini bir
edib başladılar Bahadıra layiqincə kömək etməyə, bu minvalla Bahadır gimnaziyanı qurtardı.
Gimnaziyanı qurtarandan sonra yenə oxumaqdan əl çəkməyib istədi ki, anasının adına qalan yeri
ucuz qiymətə satıb universitetə getsin, taki, elmini başa çıxarda. Qeyrətli yoldaşları: "Yer
gələcəkdə sənə lazım olar" deyib, onu belə fikirdən daşındırdılar və özləri dəxi öz aralarında
Bahadıra kömək edirdilər. Universitetdə Bahadırın işləri yaxşı keçdi. Çünki özü üçün bir neçə
dərs tapıb ayda 40 və 50 manata qədər pul qazanırdı. O pulla yoldaşlarından birinə də kömək
edirdi. Üç il bu minvalla universitetdə oxuyub dördüncü il yay fəsli rüxsət olunan vaxt bir neçə
yoldaşları ilə Məngilisə gəldi.
* * * * *
Sabah açıldı. Bahadır hələ üzünü yumamış ev yiyəsi qoca övrət Bahadırı çay içməyə çağırdı.
Bahadır üzünü yuyub çay içməyə getdi. İki stəkan çay içib öz otağına gəldi və qəzetə götürüb
oxumağa məşğul oldu. Sonra Yusifgilə getmək üçün hazırlaşıb yola rəvan oldu. Yusif Bahadırı
görüb nəhayətdə şad oldu.
6
Yusif tiflisli məşhur dövlətli erməninin oğlu idi. Atası mədəniyyətli olduğuna görə oğlunu da
gimnaziyada oxudurdu. Yusif 18 yaşında ikən atası öldü. Çünki Yusif atasının tək oğlu idi, ona
görə atasından sonra buna mümkün olmadı ki, elmlərini başa çıxartsın. Bu səbəbə Yusif
gimnaziyadan çıxdı. Bir az müddətdən sonra Yusif bir gözəl erməni qızına aşiq olub onu aldı.
Bunun övrəti Avropa elmlərindən dadmış bir ağıllı övrət idi. İki ildən sonra bunlardan bir qız
dünyaya gəldi adı Səlimə (Salome), 17 yaşında ikən ərə getdi. Səlimənin əri Məngilisdə olurdu.
Yusifin Səlimədən başqa bir oğlu və iki qızı var idi. Yusif uşaqlarının içində hamıdan çox kiçik
qızı Sonanı istəyirdi. Zira ki, Sona əxlaq və ətvarda hamıdan gözəl bir qız idi. Sona oxumağı 8
yaşından başladı. Sonanın ibtida müəlliməsi nəhayətdə ağıllı və pedaqogika elmində qabilə bir
övrət idi. Məzkurə qız bir neçə vaxtdan sonra "Jenski institut" adlanan məktəbdə oxuyurdu. Az
müddətdə bu qızı ağıl-kamalının səbəbinə müəllimləri nəhayətdə sevirdilər; 15 yaşında firəng və
rus dilində azadə danışardı. Bu dillərdən başqa dəxi türkcə yaxşı yazıb-oxuyurdu. Öz dilini
demək artıqdır! Çox çəkmədi ki, bu qız institutu nişanla qurtardı və ağıl-kamalı ilə məşhur olub
hər yerdən istəyirdilər ki, onu alsınlar. Amma qız heç kəsə getmək istəməyirdi, çünki istəyirdi ki,
ömrünü qələm işlətməklə millətinin yolunda çürütsün.... Yusif bir neçə səbəblərə görə Məngilisə
gəlib orada mağaziyə açdı və yer alıb bir yaxşı ev saldırdı. Payız fəsli Yusifin külfəti Tiflisdən
Məngilisə köçdü. Amma nə fayda ki, Məngilisin pis vaxtı idi. Çünki yayda gələnlər hamısı
köçmüşdülər, bundan əlavə, ağaclar yavaş-yavaş solub havanın nəfəsi sovuqlaşmışdı. Sona üçün
günlər nəhayətdə qəmgin keçirdi, bir dost-mehribanı yox idi. İti çovğunlardan sonra yaz fəsli
gəldi. Məngilis yaşıl məxmərlə bəzəndi və Sonanın ürəyi qəfəsdən çıxan bülbülün ürəyinə
bənzərdi. Yay aralığa gəlib xalq yavaş-yavaş Tiflisdən Məngilisə köçdü. Bir az zamanda Sona
özü üçün həmsöhbət tapdı. Gününü gah bağlarda və gah meşələrdə keçirirdi. Məngilisin yay
fəsli Sonanın nəhayətdə xoşuna gəldi....
Bahadır Yusiflə bir böyük, gözəl bəzənmiş zalda bulundular. Bunlar bir-biri ilə şirin söhbətə
məşğul idilər, Bahadır hərdənbir ürəyindən bunu keçirirdi: "Allah! Görəydim o qızı ki, mən
oxudacağam, necə qızdır?"
Nəzakətli Sona bir saat güzgünün qabağında gah aya bənzər camalı ilə, gah donu ilə məşğul idi.
Sona elə ki, geyinib hazır oldu, qapının arasından baxdı. Bahadırı görüb öz-özünə dedi: "Bu
mənə tanış surətdir!".
Bir az keçəndən sonra Sona anası ilə bərabər içəri daxil oldular. Yusif tez yerindən qalxıb
bunları adətə görə Bahadırla dost etdi. Bahadır bir özgə halətdə bulundu. Sona dəxi onun halını
hiss etdi. Bahadır Sonanın meşədə mərmər döşü açılmış, yaşıl otun üstündə sərilmiş halını nəzərə
gətirdi, gözlərindən od parıldadı....
Sonanın anası Maşo gülə-gülə Bahadıra dedi:
"Sizinlə dost olmağımıza nəhayətdə şadam."
7
"Bəli, bu saat ki, sizinlə oturmuşam, ömrümdə gözəl saatlardan biri hesab edirəm. " -- Bahadır
deyib Sonaya nəzər yetirdi. Sonanın dəxi bu sözlərdən xoşu gəlib Bahadır tərəfə baş əydi. Söhbət
bir az ara verəndən sonra Yusif üzünü Bahadıra
tutub dedi:
"Allah-taala bizim dostluğumuzu həmişəlik etsin və təvəqqe edirəm ki, bu gündən bizə daşınıb
bu üç ay yayı bizimlə olasınız."
Bahadır Yusifdən elə ki, bu sözləri eşitdi, nəhayətdə şad oldu və Yusifə kamal-ədəblə baş əyib
dedi: "Çox təşəkkür edirəm!"
Saat ikidə stol nahara hazır oldu. Yusif durub Bahadırı nahar olunan otağa dəvət etdi. Hamısı
nahar otağına getdilər. Yusif stolun başında, Bahadır sağ tərəfdən və Maşo, Sona sol tərəfdən
əyləşdilər. Xörək dörd rəng idi. Stolun üstündə nə ki lazım idi, hamısı hazır olmuşdu. Nahar
vaxtında millətlər barəsində bir neçə söhbət oldu. Erməni millətinin barəsində söhbət edəndə
Sona ağzını açıb bülbül kimi ötürdü.... Nahar xeylaq uzandı. Nahardan sonra Bahadıra bir otaq
verdilər ki, orada bir az rahat olsun. Elə ki, saat altı oldu, Bahadıra qulluqçu su gətirib üzünü
yudurtdu. Ondan sonra hamı balkona yığılıb çay aralığa gətirdilər. Yusif çay vaxtı vədə qoydu
ki, Bahadır sabahdan daşınsın. Saat 8 olardı ki, çaylarını qurtardılar. Bahadır bunlarla görüşüb
öz evinə getdi.
* * * * *
O biri günü saat 9-da Sonanın gədəsi Bahadırın qapısında hazır oldu. Bahadır ev yiyəsi ilə
hesablaşıb şeylərini gədəyə tapşırdı və özü də Sonagilə getdi. Bahadır uzaqdan Sonanı balkonda
bunu gözləyən görüb ürəyi iti döyünürdü və Sonanın dəxi rəngi təğyir tapdı; elə ki, Bahadır
Sonaya yavuqlaşdı, Sona gülümsünüb ağ əlləri ilə Bahadırın əlindən tutub çəkdi. Bahadır
hamısını hiss edirdi. İkisinə də məlum oldu ki, bunlarda məhəbbət əlamətləri vardır.
Sona və Bahadır zala varid oldular. Bu vaxtda Maşo içəri daxil oldu və onun dalınca çay
gətirdilər. Çaylarını içəndən sonra Maşo Bahadır ilə salamatlaşıb özgə yerə getdi. Evdə ancaq
Sona ilə Bahadır qaldı. Ev qulluqçuları işə və uşaqlar oynamağa məşğul idilər. Söhbətləri bir az
ara vermişdi ki, Sona kamal-ədəblə Bahadıra dedi: "Bu otağa buyurunuz". Bahadır Sonanın
dalınca gedib bir gözəl bəzənmiş otağa daxil oldular. Pəncərələrin qabağında cürəbəcürə güllər
və üstündə bülbüllər cəh-cəh edib öz nəğmələrini oxuyurdular. Otağın bir tərəfində kravat,
balışları qu tükündən, bir tərəfində də miz, bir neçə stul və əlüzyuyan. Sona otağı göstərib dedi:
8
"Buranın sizə təəllüqü vardır." Bahadır baş əyib dedi:
"Təşəkkür edirəm. Bu vaxt gədə gəlib xəbər verdi ki, şeyləri gətiriblər."Sona həmin saat şeyləri
otağa daşıtdırdı.
Sona ev işinə məşğul idi və Bahadır öz şeylərini yer-bəyer edirdi. Xülasə, axşam aralığa gəldi.
Bahadır adətə görə ruznaməsini götürüb bir neçə şey yazdı.... Elə ki, sabah oldu, Sona fars dilini
oxumağa başladı. Bahadır bir neçə həftə danışıqda çox işlənən sözləri ona öyrətdi və sonra
kitabdan az-az dərs verirdi. Sonanın səyi çox olmağa görə bir az müddətdə farsca Bahadırın
suallarına dəxi cavab verirdi.... Bir gün Bahadır millət sözünü bəyan edərkən fikrə gedib ah
çəkdi və yavaşdan farsca bunu dedi: "Biçarə millətim!" Bunu deyib rəngi təğyir tapdı. Sona
bunun sözünü yaxşı eşitməyib sual etdi:
"Nə üçün siz ah çəkdiniz və nə dediniz?"
Bahadır bir az fikirdən sonra dedi:
"Sizə dair bir söz demədim, ona görə təvəqqe edirəm ki, ürəyinizə bir şey gətirməyəsiniz."
"Xeyr, sizin sözlərinizdən mən özgə bir şey hiss etdim, təvəqqe edirəm məndən heç bir şeyi
gizlətməyəsiniz."
"Həqiqət, sizə dair bir söz demədim."
"Bahadır bəy! Hərgah indi buyurduğunuz mətləbi mənə aşkar etməsəniz, onda dəxi könlüm
sizdən dönər. Məlumdur ki, övrətin ürəyi kişininki kimi olmaz. Hərgah deməsəniz, öz canıma
and verirəm."
"Sona xanım! Nə üçün öz canınıza and verirsiniz? Özünüz yaxşı bilirsiniz ki, hərgah lazımlı söz
olsa, sizdən gizlətmərəm. O mətləb ki, mən dedim sizə əsla lüzumu yoxdur. Sizin üçün
xeyirsizdir. Mən ancaq millət sözünü bəyan edirdim, hərgah mənim ah çəkməyim sizi şəkkə
salır, təvəqqe edirəm ki, bu barədə özgə fikirlərə düşməyəsiniz, çünki ah çəkmək mənim həmişə
adətimdir."
9
" Bahadır bəy! Təvəqqe edirəm mətləbdən kənar olmayasınız. Nə dediniz və nə üçün ah
çəkdiniz, hamısını mənə bəyan ediniz, çünki bu pünhanlıq məndə bir böyük dərd olar."
"Sona xanım! Sizdə dərd olunca qoyun məndə olsun!.... O ah ki, mən çəkdim, millətpərəstlik
ahıdır ki, həmişə mən çəkirəm. Sizə məlum olsun ki, mən millət sözünü bəyan edirdim. O vaxt
öz millətim yadıma düşdü...."
Sona bu sözləri eşidib bir az fikrə getdi və dörd ətrafına baxıb gördü ki, heç kəs yoxdur,
yavaşdan Bahadırın əlindən tutub dedi:
"Nəhayətdə şadam! Çox gözəl ki, iki bir fikirli cavanlar bir yerə düşüblər!...."
Bahadır fikirdə ikən Sona yenə əlindən tutub dedi: "Təvəqqe edirəm bundan sonra bu babda
məndən bir şey gizlətməyəsiniz, çünkn mən də siz fikirdəyəm "... neçin bəs ah çəkdiniz?
"Ondan ötəri ki, bizim millət qeyri millətlərdən dalda qalıbdır...."
"Bəs buyurun görək, aya, sizin millət yəni necə dalda qalıbdır?" --Kitabı əlindən yerə qoyub
Sona Bahadırdan sual etdi.
" Əzizim Sona xanım! Dəxi necə dalda qalmasın bir millət ki, dünya elmlərindən qaçaq
düşübdür? Və elmsiz millət qabağa gedərmi? Getdi zor dünyası!...."
"Haqq buyurursunuz, amma bu barədə gərəkdir sizin ruhanilər çalışalar, çünki xalq onlara
inanır."
"Bəli, doğru buyurursunuz, xalq ancaq mollalara inanır, yəni molla nə desə xalq ona əməl
edir."İslamın və millətin evini yıxan bu deyilmi? Müsəlman filosoflarından biri deyir:
"Məhəmməd peyğəmbər hazırda öz millətinə nəzər etsə, yəqin qoyduğu dini tanımaz".
10
Bahadır bu sözləri deyib papirosunu yandırdı. Sona bu sözlərdən sonra bir az fikrə gedib dedi:
"Həqiqət, çox çətin məsələdir. Müsəlman millətinin və ya müsəlman dövlətlərinin hər yerdə
tənəzzüldə yaşamaqlarına səbəb nə ola, əcəba?! Məsələn, mən bir neçə filosof inşalarında
oxumuşam, guya islam özü elmin intişar tapmağına manedir."
Bahadır bu sözlərdən sonra Sonaya diqqətlə baxıb gülümsündü:
"Sona xanım! Zahirdə həqiqət belədir, görünür. Fəqət bu məsələyə bir az ehtiyatlı girişmək lazım
gəlir: hamı millətlərdə ruhanilər bir neçə səbəblərə görə dünya elmlərinə həmişə düşmən olublar,
yəni tərəqqi yolunu mümkün olan qədər millətin üzünə bağlı qoyublar. Lakin bu məsələdə
xristian aləmi ilə müsəlman aləmində bir təfavüt görünür. Xristian aləmində ruhanilər elmlərə
düşmən olublarsa da, fəqət padşahlar və dövlət ruhanilərlə müdam müharibədə bulunublar.
Ruhanilər əski qanunlara yapışarkən camaatı qaranlıqda saxlamaq istəyiblər."
Padşahlar--dövlət isə zəmanənin təqazasına görə təzə qanunlar meydana gətirməklə millətin
tərəqqisinə çalışıblar. Xristian aləmi müdam belə bir müharibədə olarkən özünü ruhanilərin
zəncirindən yavaş-yavaş xilas edibdir. Müsəlman aləminə diqqət edərsnniz isə bu müharibəni
görməzsiniz. Padşah həm xəlifə olub da, həm dövlətin yol göstərəni. Padşah--xəlifə, ya
zəmanənin ən böyük ruhanisi tərəqqi yolunu camaatın üzünə qəsdən, ya səhvən bağlayıbdır. İndi
bu vaxtadəkOsmanlı padşahının xəlifə adlanmağı böyük bir dəlildir.... Daha açıq söyləyəlim:
Dostları ilə paylaş: |