Nə isə, inanan inanmışdı, inanmayan istəyirdi inansın və bir neçəsi də öz-özlərinə deyirdilər: hər
adamın nəziri qəbula keçməz ki? Əməli saleh adamın nəziri qəbul olunar, saleh olmayanınkı
olmaz. Əməli saleh də bu ölkədə Məşədi Allahverən kimisinə deyərdilər.
Zatən bu mahalın kişiləri, arvadları bir-birinə oxşardılar: surətdə yox, ruh cəhətincə bunlar bir-
birindən uzaq getməmişdilər. Bunlar oruclarını çox bərk-bərk tutardılar, belə bərk tutardılar ki,
toz olan yerdən keçmirdilər, dodaqlarını büzərdilər, burunlarını yaylıqla tıxayardılar. Ancaq
ağızları açılanda belə açılardı ki, gərək qulaqlarını tutub qaça idin. O deyildi ki, hamı bir qayda
ağızlarını aça idi. Xeyr, biri çox bərk açardı, o biri bir az ondan boş.... Eləsi də var idi, heç ağız-
zad açmazdı, dinməz-söyləməz qardaşının yetimlərinə çatan pulları hər gecə iftara toyuqplov
bişirib yeyərdi, zavallı yetimlər isə ac qarınlarını yerə sürtərdilər. Sonra namaz üstə öz allahına
deyərdi: "Pərvərdigara! Özün şahidsən, buyurduğun orucu tuturam, namazımı qılıram...." Bunlar
namazdan da bir-birindən uzaq getməmişdilər: intəhası biri namaz üstə çox dua edərdi, biri az:
65
çünki birinin azehtiyacı var idi, birinin çox. Fəqət hamı bir söz deyərdi: "Yetir, pərvərdigara filan
şeyi, özün şahidsən, buyurduğuna əməl edirəm". Bunların qanacaqları ilə allahın buyurduğu da
nə idi: oruc, namaz, zəkat, fitrə....
Fəqət bilmirəm, allaha rüşvət verib allahdan rüşvət istəməyi bunlara pir öyrətmişdi, yoxsa pirə
rüşvət vermək aldıqları tərbiyənin nəticəsi idi.... Odur, hamı rüşvətlə yola düşüb gedirlər: biri
qoyun aparır, biri quzu, biri toyuq aparır, biri xoruz, biri qızıl üzük, biri gümüş güzgü, biri çit
aparır, biri ipək parça, biri şam aparır, biri şamdan, kimi pul, kimi portman....
Fəqət bu nəzirlərin, bu rüşvətlərin içində məlum və naməlum nəzirlər də var. O deyil ki, hamısı
aşkar getsin. Odur, ayaqları bağlı qoyun bir yanı üstə düşmüş arabanın dalına sarınıbdır. Başı da
arabanın yanından sallanıb titrəyə-titrəyə araba getdiyi yolun çuxurlarını göstərir. Ayaqları bağlı
toyuq-xoruz da az deyil. Bunlar hamısı aşkar nəzirlərdir. Fəqət gizlin nəzirlər, rüşvətlər də az
deyil, hətta bir arabada bir külfətdən iki arvad gedir. Biri-birinin nəzirindən xəbərləri yoxdur.
Odur, altmış yaşında Məşədi Pərzad xala gəlini Gülzarla bir arabada yanba-yan oturublar.
Bunları Dəmirqaya göndərir ki, pirdə şam yandırsınlar, tainki gələn il bu vaxt Gülzar bir oğlan
doğsun. Pərzad qarı oğlunun üstə durubdur ki, ikinci arvad alsın; çünki nəvə görməmiş ölmək
istəmir.... Hər gün açıq açığına gəlininədeyir: "Anam, üç ildir oğluma gəlibsən, bir şey yoxdur.
Görünür, doğan deyilsən. Qoy oğlum arvad alsın! Nə üçün bədbəxt edirsən?" Gündə bu barədə
evdə dava-qalmaqaldır! İndi nəzir aparırlar, şam yandıracaqlar. Fəqət biçarə Pərzad nənənin bir
də bir gizlin nəzirdən xəbəri yoxdur. Gülzar bir balaca əskiyə düyümlənmiş qızıl üzüyü döşünə
atıbdır. Bunu pirə aparır ki, qoca Pərzad tez ölsün. Bəlkə Dəmirqaya da anasının sözlərinə
suyulub arvad almasın....
Nə isə, bu taq-tuqla gedən arabalarda, bu çaparaq gedən faytonlarda, bu başlarında çarşab,
başlarında papaq olanlarda çox sirlər var.... Bu sirr sahibləri, sirr dağarcıqları yavaş-yavaş pirə
yavuqlaşırlar: fayton-faytonu keçir, araba-arabanı, atlı-atlını, piyada-piyadanı. Bir-birinə qarışıb
bir yol tutub gedirlər. Faytonla gedən fikir edir: tez gedərik, yaxşı yer tutarıq. Araba ilə gedən
fikir edir: eybi yoxdur, zəhməti çoxdur, savabı da çox olar. Piyada gedən özünə təsəlli verib
deyir:pirəpiyada gərək gedəsən.... Nə isə hərə öz qanacağı ilə bir nöqtəyə yeriş edirlər.... Toz-
torpaq, isti gözə görünmür. Hamı istəyir tez özünü pirə yetirsin. Hamı tələsir.... Kimi tez şəfa
tapmağa yeriş edir, kimi bir-birinin acığına at çapır, kimi dalda qalmış eşşəyini bizləyir....
III
66
Hamıdan tez Məşədi Allahverənin faytonu pirə yetişdi. Məşədi Allahverən faytondan düşüb
balasını qucağına aldı. Bu vaxt pirin adamları pişik siçanı marıtdayan kimi pirə gələnləri
səhərdən marıtdayırdılar və nə üçün də marıtdamasınlar. Bu gün bunların bayramıdır: kiminin
cibinə pul girəcək, kiminin kasası yağlanacaqdır, kiminin kisəsinə düyü dolacaqdır. Odur,
Məşədi Allahverənə, istər-istəməz gözləri faytonda olan şeylərə baxaraq: "Xoş gəlibsiniz, allah
qəbul eləsin" deyib qarınca kimi faytona daraşdılar.... Məşədi Allahverən bunların xasiyyətlərini
yaxşı bilirdi. Ona görə şeylərin hamısını bircə adama tapşırdı, qeyrilər kənara çəkildilər....
Məşədi Allahverən və Gülbadam darvazadan girib bir ağacın altında palaz saldırtdılar. Bunlar
yavaş-yavaş yerləşməkdə ikən qeyriləri də bir-bir, iki-bir gəlirdilər.
Pirin mollası qara, nazikxət, boynu albuxara torbasına oxşayan, ortaboy, qoyungöz, qara əbalı
Molla Cəfərqulu hamı ilə salamlaşırdı, hamıya: "Xoş gəlibsiniz, allah qəbul eləsin!" sözlərini
deyirdi və qonaqlara yer göstərirdi. Molla Cəfərqulu rəhmli adam idi. Bu, nəinki adamlara və
hətta heyvanlar üçün də yer düzəltmişdi. Bağlı-bağçalı ikimərtəbə evin dal tərəfində uzun bir
saray tikmişdi. Heyvanları orada bağlayıb hər kəs arpa-samanını heyvanının qabağına tökərdi.
Həyətsə gözəl bir yer idi. Alt mərtəbə tamam qonaqlar üçün otaqlar idi, üst mərtəbdə özü olardı.
Fəqət qonaq çox olanda yuxarı da buraxardı, çox lazım da olmurdu. Çünki həyətində böyük
kölgəli ağaclar var idi.... Fəqət bir az yağlı qonaq olanda Məşədi Cəfərqulu deyərdi: "Dünəndən
sizin üçün filan otağı hazırlatmışam...." Yağlı da burada yağı və yağ kimi şeyləri artıq gətirən
adamlara deyərdilər. Məsələn, bir bişirim halvaya bir girvəknə yağ lazımsa, üç-dörd girvənkə
yağ gətirən daha qalanını geri aparmazdı; düyü də və qeyri şeylər də bunun kimi. Çünki adət belə
idi: artıq qalan şeyi pirdən aparmaq olmazdı. Hər nə qaldı, pirin malı hesab olunardı. Bu da
Molla Cəfərqulunun zəhmətini artırardı. Doğrudan, Molla Cəfərqulu qonaqlarından sonra çox
zəhmət çəkərdi: tör-töküntü yığıb yerbəyer etmək çətin məsələ idi.... Bir bu iş olsa, yaxşı. Molla
Cəfərqulunun qonaqlardan sonra yenə bir işi var idi. Axşam hamı çəkiləndən sonra gərək pirə bir
baş çəkə idi: keçmiş şamları yerbəyer, nəzirləri ziyarət edərdi. Çünki gecə, kim bilsin, bir də
gördün günahkarın biri pirə əl uzatdı.... Həqiqət pir açıqlıq bir yerdə idi. İki balaca
kəndin arasında zorba qoz ağacının altında bir balaca günbəz kimi şeydən ibarət bir yer idi.
Əslində bu iki balaca kənd bir-birinə o qədər yavuq idi ki, bunlara bir kənd də demək olardı və
hər kəndə bir kəndin böyük məhəlləsi demək olardı. Nə isə, bu məhəllələr qədimdən ayrı kənd
hesab olunurdu. Birinin adı Z... kəndi o birininki Ə... kəndi idi. Bu iki kəndin, daha doğrusu, bir-
iki məhəllənin arasından bircə yol var idi, gediş-gəliş, at-araba bu yol ilə olardı. Bu yolda, yəni
Z... kəndinə yavuq bir böyük qoz ağacı var idi. Pir də haman bu qoza ağacının dibində idi. Zatən
pir olmamışdan da bu qoz ağacı yayın istisində adamları öz tərəfinə çəkərdi. Bunun böyük
budaqları, budaqların enli yarpaqları ağacın altına genişli bir kölgə salıb da həm insanlar və
həm heyvanlar üçün günün istisində sərin yorunuq məkanı və şiddətli yağmurda zorba bir günlük
olmuşdu....
İndisə bu qoz ağacı nəinki qıraq kəndlərdə və hətta şəhərlərdə də şöhrət qazanmışdı, böyük bir
ziyarətgah olmuşdu.... Xalq hər cümə gəlib Molla Cəfərqulunun bağçasında yeyərdilər, içərdilər,
qurbanlarını kəsərdilər, sonra kişilər bir dəstə, arvadlar da bir dəstə ilə pirə gedərdilər. Hərə öz
nəzirini müəyyən bir deşikdən salardı, ürəyindən nə keçirəcəkdi keçirərdi, ya pirin günbəzindən
öpərdi və yainki öpməzdi. Bu çox da vacib deyildi. Öpən də olurdu, öpməyən də. Fəqət qoz
ağacının dibindən torpağı götürub uşaqların alınlarına sürtmək vacib kimi bir şey idi, guya
arvadlar deyərdilər, uşağa göz dəyməz.... Vaxtaki xüsusi ziyarət tamam oldu, hər kəs nə diləməli
67
isə dilədi, nə rüşvət verməli isə verdi. Molla Cəfərqulu gəlib pirin kəramətlərindən söylərdi.
Arvadlar bir tərəfdən, kişilər o biri tərəfdən durub Molla Cəfərqulu da arada sözünü deyərdi.
Molla Cəfərqulu artıq dərəcədə dilli adam idi, yəni natiq idi; danışanda hamının fikrini cəlb
edərdi və həmişə də ziyarətə gələnlərə nitq söylərdi və nitqini də başlayanda bir az mənalı, təsirli
olsun deyə "ya əyyühənnas" sözləri ilə başlardı. İndi də bu sözlərlə başlayıb dedi: "Eşidirəm
deyirlər şəhərdə və bir neçə kəndlərdə xalq vəba naxoşluğundan qorxub dağa-daşa qaçmaq
istəyir. Məbada belə şeylər edəsiniz. Vəba allahın əzabıdır və allah-taala öz əzabını əməli saleh
olmayanlar üçün həmişə göndərir. Siz ki, şükür allaha, əməli saleh adamsınız: namazınızı
qılırsınız, orucunuzu tutursunuz və həmişə pirə gələnlərdənsiniz, nə üçün qorxursunuz?
Keçən il vəba naxoşluğuna mübtəla olmuş bir adamı T... kəndindən bura gətirmişdilər, dərhal
bir kasa suyun içinə bu pirin torpağından salıb verdim içdi, həmin saat şəfa tapdı. İndi nə üçün
qorxursunuz? Allah azar verib, dərmanını da yaradıbdır. Fəqət əməli saleh adamlar üçün....
Molla bu sözləri hələ qurtarmamış xalq böyük-kiçik yerə töküldülər, gah ciblərinə, gah
dəsmallara torpaqdan tökürdülər, dəsmal yerinə çarşab işlədən arvadlar çarşablarının bir küncünə
torpaqdan götürüb düyün edirdilər. Balaca uşaqlar da böyuklərə baxıb torpaqdan götürürdülər....
Bu əhvalat Məşədi Allahverəni tərənnümə gətirib uca səsi ilə dedi: "Həzərat, mən də gələn ilə
kimi bu pirin hasarını çəkməyə və hasarın içində dam-daş tikməyə söz verirəm". Məşədini bu
sözlərdən sonra hər tərəfdən alqışladılar: "Çox sağ ol, Məşədi! Çox sağ ol! Allah qəbul etsin!
İnşaallah, qəbula keçər" sədası eşidilirdi.
Məşədi Allahverənin bu sözlərindən sonra camaat dağıldı. Axşam araya gəlirdi. Piyada ziyarətə
gələnlər yola düşdülər, sonra atlılar, faytonda, arabada gələnlər də evlərinə qayıtdılar. Yenə bir-
birini qova-qova yolun tozunu qaldırırdılar.... Hamı şad-xürrəm evinə qayıdırdı. Üzdə şadlıq
görünürdüsə də, fəqət bir neçəsinin üzündən pünhan fikrini də bilmək olardı.
Bir çoxunun fikri bu idi ki, görək nəzirimiz haçan qəbula keçəcəkdir. Bir çoxu da keçmişi
görürdü: Dəmirqayanın arvadı Gülzar qaynanası Pərzadla bir arabada gəlirdilər. Gülzar Pərzada
baxıb gözlərini çox kiçik görürdü. Rəngi də saralmış nəzərə gəlirdi. Gülzar ürəkdə fikir edirdi:
"Hə! Nəzirim qəbula keçibdir! Ancaq ay pir! Bir az səbir elə, gedib evimizə çataq, yoxsa yolda
qocanın canı çıxar, əlimiz də heç yerə çatmaz....".
Məşədi Allahverən də fikirsiz deyildi. Bu da hərdənbir oğluna baxıb dindirərdi:
"Hə, oğlum, qağa istəyirsənmi? Gedək şəhərə, sənə yaxşı at alacağam, eşşək alaram, hə, bala,
oğlum! At çox istəyirsən, ya eşşək?"
68
Balaca, dörd yaşında Cəbi atasına mat-mat baxardı, bir söz də söyləməzdi. Məşədi qəsdən
danışdırırdı.... Hərgah mümkün olsaydı hələ ayağı üstə qoyardı, görsün bəlkə gəzə bilir. Çünki
zarafat deyil, pirin hasarı və dam-daş azından iki minədək xərc istəyirdi.... Gülbadamın da
özünə görə fikri vardı. Bunu da həkimin sözləri rahat qoymurdu. Həkim də demişdi: "Gərək
müalicə oluna, gərək atası-anası da müalicə oluna ki, gələсəkdə belə bir bədbəxt dünyaya
gəlməyə....".
Bu sözlər Gülbadamın başında hərdənbir fırlanıb əvvəlincə ərinin halını və öz ağzının yarasını
fikrinə gətirərdi. Fəqət üçüncü səbəbdən, yəni indiki ərinin əhvalından xəbəri yox idi. Doktor
bunda da köhnəlmiş kif azarı tapmışdı.... Gülbadam pirə nəinki inanmazdı, hətta pirin adı
gələndə əhvalı büsbütün təğyir tapardı.... Ürəyi sıxılardı....
Məşədinin də hərdənbir ürəyi sıxılardı. Onun da başına hərdənbir qara fikirlər gələrdi: "Bəlkə
balama pirdən əlac olmadı? Fəqət tez "lənət şeytana" deyib belə fikirləri özündən rədd edərdi.
Belə bir qarışıq fikirlərdə bir Məşədi deyil idi. Qeyrilər də hərdənbir xəyala düşüb tez "lənət
şeytana" deyərdilər. Hətta bir neçə cavan oğlan, bir neçə dul kişi, bir neçə dul arvad özgə
xəyallarla pirə getmişdilər.... Fəqət Molla Cəfərquludan pirin kəramətləri barəsində sözləri
eşidib bunlar da "lənət şeytana" deyirdilər.... Nə isə fikirlər, sirlər çox idi. Bir özləri bilirdilər,
bir də bir az Molla Cəfərqulu.... Molla Cəfərqulu doğrudan da bunların çox fikirlərini, sirlərini
bilirdi. Molla Cəfərqulu ağıllı bir adam idi. Elmi-ruhdan başı çıxardı. Doğrudur, Racidən başqa
kitab görməmiş idisə də, fəqət təcrübəsi çox idi. Elmi-ruh da təcrübəyə bağlı bir elmdir....
Bilirdi: heyvan ona görə heyvandır ki, haraya çəkərsən gedər. Bilirdi ki, heyvana bir yem
lazımdır.... Bilirdi ki, yem verə-verə ən böyük zorba bir yırtıcı heyvanları ələ gətirmək olar....
Molla Cəfərqulu doğrudan da dünya görmüş adam idi. Hər şeydən başı çıxardı. Bunun əsli iranlı
idi. Əvvəllər kəndbəkənd gəzib qafqazlılara meymun oynadardı. Sonra bunun əziz meymunu
öldü. Bu vaxt məhərrəmlik araya gəldi. Başına bir sarıq sarıyıb Z... kəndinə gəldi, "mən
mərsiyəxanam", dedi. Z.... kəndinin xalqı üçün bu göydən düşmüş kimi oldu. Tamam
məhərrəmi həm kişilərə və həm arvadlara mərsiyə oxuyardı. Doğrudan da yaxşı mərsiyəxan idi.
Söz az bilirdisə də, səsi yaxşı idi. Tez-tez zəngulə vurardı. Qızışanda özünü döyərdi, köynəyinin
yaxasını cırardı.... Bu əhvalatı görüb xalq də qızışardı. Yəni "məclis yaxşı keçərdi".... Bir az
zamanda Molla Cəfərqulu qeyri kəndlərdə də məşhur oldu: bunu tərif edərdilər və deyərdilər:
"Bunun zənguləsinə heç zəngulə çatmaz....".
Tamam qırx gün mərsiyə oxuyub yaxşı pul yığdı. Sonra mollalıq edərdi, dua yazardı, fala
baxardı, hətta sonralar həkimlik də edərdi. Axırda yerini isti görüb Z... kəndindən bir arvad
aldı. Bu arvaddan bir oğlu oldu, adı Heydərqulu. Elə də deyildi ki, Molla Cəfərqulunun tək bir
oğlu ola, xeyr, İranda bunun bir arvadı, üç balaca qızı vardı. İranda meymun oynadan çox
olmağa görə bunun sənəti orada işə keçmirdi. Uşaqlarını atıb Qafqaza gəlmişdi. Eşitmişdi ki,
Qafqazda "meymunoynadanlar" yaxşı pul qazanırlar. Eşitmişdi ki, filan qumarbaz, filan dəllək,
filan cibkəsən, filan lotu, daha nə bilim, filan filanlar keçən məhərrəmlikdə Qafqazdan beş yüz
min, iki min manat pul gətiriblər və hətta eşitmişdi ki, Racidən savayı bu "filanlar" üçün təzə
kitablar meydana gəlir və bu kitabları nəşr etmək üçün xüsusi mətbəələr vardır.... Molla
Cəfərqulu da özünə baxıb fikir edirdi: "Mənim biliyim "filanın" biliyindən az deyil! Nə üçün
69
mən oturmuşam? Nə üçün mən qafqazlılara biliyimi göstərməyirəm?". Molla Cəfərqulu
doğrudan da biliyini göstərdi və qafqazlılar da onun biliyinə və zənguləsinə qiymət verdilər. İndi
molla ikimərtəbə mülk sahibi və kəndin ən nüfuzlu adamlarından hesab olunur. Elə də insafsız
adam deyil ki, İrandakı uşaqlarını yada salmasın. Xeyr, hərdənbir fikrinə düşürdü ki, kağız
yazsın, əhval soruşsun. Fəqət şüğlünün çoxluğundan kağız yazmazdı, unudardı.
Həqiqət, Məşədi Cəfərqulunun işi çox idi. İndi odur, pirə gələn qonaqlardan sonra həyəti gərək
təmizləsin, qalan yağı, düyünü, əti, kömürü, odunu yerbəyer etsin. Ondan sonra pirin gizlin,
balaca qapısını gərəkdir açıb nəzirlərə "baş çəksin".... Bu cümə də Molla Cəfərqulu qonaqlarını
yola salıb axşam vaxtı saqqalını tumarlaya-tumarlaya pir tərəfə "xüsusi ziyarət" üçün gedirdi....
IV
Pirdən gələnlər də indi evlərinə çatıb yorunuq alırlar. Məşədi Allahverən də evində oturub axşam
çayı içirdi və hərdənbir gedib oğluna baxırdı görsün pirdən sonra əhvalı necədir....
Gecə araya gəldi. Gülbadam özünə, ərinə və uşağına yer qayırıb yatdı. Məşədi Allahverən də
uzandı yatsın, fəqət yata bilmədi. Pirə getməklərini, Molla Cəfərqulunun nitqini və pirin
kəramətlərini başından keçirirdi və hərdənbir "çox şükür, pərvərdigara!" deyib balasının halına
yanardı. "Çox şükür, pərvərdigara!" deyirdisə də balasının dərdinə dərman pirdən gözlərdi....
"Şükür sənə, pərvərdigara!", ya "Çox şükür, pərvərdigara!" sözlərinə o qədər ağzı öyrənmişdi ki,
bu sözləri yersiz də işlədirdi. Bir şeyə diqqət edib də haman şeyin varlığını allahın qüdrətindən
bilsin, düşünsün, sonra şükürlər etsin.... Xeyr, belə deyildi.... "Hər şeyi allah yaradıbdır"
sözlərini tutuquşu kimi təkrar edərdi. Fəqət bütün vücudu ilə bunu düşünməzdi. Heç olmazsa
bədəninə diqqət edib dəqiqədə
yetmiş beş dəfə tıq-tıq edən ürəyinin döyünməsini eşidə idi. Və bu ürəyinin dayanmağı bütün
bədənin heç bir şeyə yaramadığına səbəb olmağını düşünsə idi! Yox, bu, Məşədi Allahverən
üçün çətin bir məsələ idi. Laməhalə bağçasında bitən güllərin, ağacların həyatına bir fikir verə
idi: yarpaqlar saralır, tökülür, yenə yaşıl yarpaqlarla ağaclar bəzənir, çiçək açır, çiçəklər tökülüb
qırmızı almalar ağaclardan
70
sallanır.... Buna da diqqət edib bu həyatda da gündə yüz dəfə şükür etdiyi pərvərdigarın
qüvvətini, qüdrətini hiss edə bilməyirdi. Nə olardı, balasına olan məhəbbəti təhlil edə idi! Bəlkə
bu məhəbbətdə allahını hiss edə idi. Bir az fikir edə idi ki, dörd yaşında bir böyrü üstə düşmüş
dilsiz, ayaqsız bir vücuda bağladığı məhəbbət hissi haradan gəlib bunu tapdı? Bu məhəbbətin
təbii olmağını düşünsə idi, allahla öz arasında olan rabitəni də hiss edərdi. Bunu düşünmək
Məşədi Allahverən üçün mümkün deyildi. Yəni dürüstünü demək, Məşədi Allahverəndə də
günah yox idi. Zavallıya gözü açılandan, beyni işləyəndən indiyədək bu nazik mətləbi
düşündürən olmamışdı. Eşitmişdi ki, peyğəmbər, imam gəlib, gediblər. Fəqət bunları kim və
nədən ötrü göndərmişdi, bu məsələ Məşədi Allahverən üçün qaranlıq qalmışdı.... Gördüyü,
eşitdiyi axund, molla.... Bunlar da zavallını allahından kənar salmışdılar: filan şeyi etsən allah
səni yandırar, filan əməl səndən üz verərsə, o dünyada allah sənə filan əziyyəti edər, daha nə ...
nə.... Daha düşünmürdülər ki, qorxutduqca yazıq Məşədi Allahverən öz allahından kənar olurdu,
rabitə pozulurdu.... Məşədi qorxudan savayı bir şey bilmirdi; saldatdan, qarodovoydan qorxu
çəkirdi, insan törətdiyi qanunlardan qorxu çəkirdi. Allah göndərdiyi qanunlardan qorxardı, daha
düşünmürdü ki, qorxu məbuda yavuqlaşdırmaz, uzaq salar.... Nə olardı ki, buna deyəydilər allah
adildir, hamıya bir gözlə baxar, allah mehribandır--hamını sevər, bəslər.... Xeyr. Məşədi
Allahverənə allahını oruc-namazla tanıtmışdılar. Fəqət deməmişdilər ki, allahı tanımasan namaz-
orucun da heç. Əvvəl desə idilər çalış, allahın sifətlərini bil, adil, mehriban ol, hamını sev, o vaxt
allahına yavuqlaşarsan, yavuqlaşıb da ona məhəbbət bağlarsan, bu məhəbbət səni namaz
qılmağa, oruc tutmağa, qeyri yaxşı əməllər etməyə də vadar edər.... Düşünmədilər ki,qanunla,
qorxu ilə dürlü-dürlü "vədlər"lə həqiqi məhəbbət meydana gəlməz.... Həqiqi məhəbbət üçün
görmək, düşünmək, hiss etməklazım gəlirdi. Bu da mümkün idi; gündə min dəfə hər addımında
Məşədi istəsə idi, həqiqi allahını görərdi, düşünərdi və hiss edərdi. Daha lazım deyildi deyilə:
namaz qıl, özü qılacaqdı; sevdiyi, həqiqi məhəbbət bağladığı məbuda özü səcdə edəcəkdi.... Ona
yavuqlaşmağa çalışacaqdı.... Namaz vaxtında daha rüşvət verməzdi, rüşvət istəməzdi, fəqət bunu
deyərdi: "Pərvərdigara, səni bilmək, düşünmək üçün asan və düz yol göstər!".
Biçarə Məşədi Allahverən uşaqlıqdan göz açıb düz yolu mərsiyəxanlardan öyrənmişdi.
Böyüyəndə də yenə mərsiyəxanlardan və yenə mərsiyəxan kimilərindən.... Bunlar isə həmişə
deyərdilər: filan əməl edərsənsə, filan duanı qırx dəfə oxuyarsansa, allah-taala sənə filan şeyi
verəcəkdir.... Uşaqlıqdan bu sözləri eşidən, bütün tərbiyəsinin bünövrəsi bu sözlərlə tikilən bir
vücud müəyyən, müqəddəs bir məbuda səcdə edə bilərdimi? Belə bir tərbiyədən sonra nə üçün
də Molla Cəfərqulunun "piri"nə pənah aparmaya idi? Həqiqi allaha həqiqi məhəbbət bağlamış
olsa idi, pirə, ya pir kimi şeylərə səcdə edərdimi?
Həqiqi allahını tapmış olsa idi, yəqin ki, onun qüdrəti ilə meydana gələn elmin qədr-qiymətini
bilərdi və bilib də bədbəxt oğlunu, özünü və arvadını müalicəsiz qoymazdı....
Nə isə, Məşədi Allahverən yenə axırıncı dəfə pirin kəramətlərini fikrindən keçirib yuxuya
getdi.... Namaz vaxtına bir az qalmışdı, Məşədi Allahverən yerindən dik atıldı. Uşağı yatan
tərəfə baxıb gördü ki, Cəbi yatır, o yan-bu yana boylandı, yenə şükürlər etdi, sonra tələsik
Gülbadamı səslədi:
"Ay qız, Gülbadam! Gülbadam!"
71
Gülbadam oyanıb elə fikir etdi ki, uşaq ağlayır. Gördü yox, uşaq yatır, fəqət əri başında araqçın
bir köynəkdə yerində oturub deyir:
"Ay qız, mən yuxudan sərsəm durdum, bir yuxu gördüm...."
"Allah xeyir eləsin!"--deyib, Gülbadam qulaq asdı.
"Gördüm, Cəbini bir gün, bir gecə pirə qoymuşuq. Sonra görürəm pirin divarı yarıldı: uşağım
yüyürə-yüyürə üstümə düşdü və dedi:
"Atam, şəfa tapdım!" Mən də qucaqlayıb öpürdüm ki, oyandım...."
Gülbadam başını aşağı salıb:
"Allah xeyir eləsin!"--dedi və başını tez balışa atdı. Məşədi Allahverən dedi: Dostları ilə paylaş: |