Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/24
tarix02.12.2016
ölçüsü2,8 Kb.
1   ...   16   17   18   19   20   21   22   23   24

Dördüncü fəsil 
 
Gün  əyiləndə  Ağcagilin darvazasından üzünə nimdaş bir ağ  çəkilmiş 
uşaq tabutu çıxardılar. Ağca xanım qara matəm libasında, əlləri qoynunda, 
yaxası-başı açıq, gözüyaşlı tabutun dalınca yeriyirdi. İki 
  
 

330 
 
addım atmamış qapıda dayandı, dayandığı yerə baxdı, sanki burada bir şey 
itirmiş, ya tapmışdı. 
Ağca xanım fəryad çəkib diz çökdü. 
Tabutu uzaqlaşdırdılar, onu evə gətirdilər... 
Ağca xanımın yeriməyə, danışmağa taqəti qalmasa da, xəyalı 
dincəlmirdi, yaralı quş kimi budaqdan-budağa enirdi, müsibətinə  şərik 
axtarırdı. 
Toyundakı cah-calaldan vayında bir əlamət görmürdü. Hanı onlar? 
Təbarəklər, hacılar, atalar, analar... Deyəsən o keçmiş dünyadan kimsə 
qalmamışdır. Onların kölgələri isə  Ağca xanımdan qaçır, tində, dalanda, 
qarovul daxmalarında, bazarlarda, zirzəmilərdə, bağ-bağça hasarları 
arxasında gizlənirlər. 
- Qonaqlar hanı? Hanı qonaqlar? 
Həmişə İzzətin səs-küyündən şikayətlənən bu ev indi çıraqsız zülmət bir 
dama bənzəyirdi. Qaranlıq, tənhalıq, ayrılıq həsrəti, peşmançılıq, qulaq 
tutan sükut qadını  məngənə kimi sıxırdı.  İzzətin sağlığında arzuladığı 
asudəliklər, uşaq sandan sərbəstlik bir tikan olub onun gözünə girirdi. O, 
balası ilə bərabər bütün sevinci və ümidlərini də basdırmışdı, həyatdan əli 
üzülmüş kimi, özünü uçurumlardan yuvarlanmış, hələ yerə  dəyməmiş bir 
vəziyyətdə, fəlakət göylərində duyurdu. Uşağı düşündükcə analıq hissləri 
qəlbinin dərinliklərindən qaynayıb çıxırdı. Əsrlərcə dağlar, daşlar təzyiqinə 
uğramış, sıxılmış, boğulmuş bir məhəbbət, güclü və odlu bir axın kimi təkan 
verib yerləri parçalayırdı. Bütün ağırlıqlan aşıraraq üzə  çıxırdı. Dəhşətli 
gurultu qoparır, aləmi lalə  rənginə boyayır, yer üzünü tuturdu. Sanki, 
bundan bu saat müdhiş bir zəlzələnin gurultusu qopacaq, dünyanın bütün 
əzab-əziyyətlərinə son qoyacaq, hər  şeyi bitirəcəkdi. Ağca xanım libasını 
parçalayır, ağ sinəsini bu od işığına verir. Qırmızı maye hələ qaynayır, hələ 
qabarır, köpürür, dünyanı ağzına almaq istəyirdi. Sanki bu axının heç kəslə 
işi yox idi. Yalnız bu tərəfə yönəlib gəlirdi. Ağca xanımın təmiz analıq 
həyatını tapdayan, müqəddəs hisslərini boğan köhnə ziyafət libaslarını, 
gərdək pərdələrini, pəncərə tüllərini yandırınaq, işrət guşələrini, görüş 
məclislərini, gəzinti yerlərini dağıtmaq istəyirdi. 
- Qoyun! Yol verın! Həyat bağçasına su gəlir, qoyun sel də olsa səhraları 
bassın. Qoyun kol-kosu götürsün, zibilləri, xəzəlləri süpürüb aparsın! 
  

331 
 
Bu nədir? 
Ananın gözlərindən axan yaşmıdır, göylərin qəhrindən tökülən 
doludurmu? Tökün, yağdırın güllələrinizi, ey bulud qoşunları! Ana 
sinəsindən qopan həsrət küləyi gurlasın, dolu döysün, sel bassın! Qoy 
məhəbbətin vətəni, analığın üfüqləri tərtəmiz olsun! Hava durulsun, yer 
təmizlənsin, torpaq öz xasiyyətinə qayıtsın! 
 
* * * 
 
Vahid və Rübabəni tanıyanlar arasında elə adam yox idi ki, bu iki 
cavanın evlənəcəyinə  şübhələnsin. Elə adam da yox idi ki, bu məsələni 
dilinə  gətirsin. Sanki bu, əvvəldən onların alnına yazılmışdı; sanki bu, bir 
gəncin boy atması, böyüməsi kimi adi və sual qəbuletməz bir həqiqət idi. 
Çoxlarına, hətta bu gənclərin öz ailələrinə də elə gəlirdi ki, Vahid Rübabə 
ilə, Rübabə də Vahid ilə yaranmışdır. Birinin adı gələndə o biri öz-özündən 
xatırlanırdı. Birini görüb o birisini görməyən adam, açılan üfuqün günəşini 
görmək istəyirmiş kimi, intizar çəkirdi. 
Qəribə budur ki, "məhəbbət" haqqındakı bu mənalı sükut yalnız zahiri 
deyildi, hətta Vahid ilə Rübabə ikilikdə, lap tənha gəzişəndə belə bu barədə 
bir kəlmə 
kəsınəmişdilər, danışa bilməmişdilər, guya alovlu 
məhəbbətlərindən söz açsalar dilləri, dodaqları yanacaqdı. 
Belə sözlər ürəklərinə gələndə ancaq bir-birinə baxır, qıpqırmızı qızarıb, 
başlarını  aşağı salardılar. Lakin onların könülləri səssiz oxunan bir kitab 
kimi, bir-birinə  məlum və aydın idi. Bunun qəlbi onun, onun ürəyi bunun 
köksündə idi. Bu sükut uzun sürə bilməyəcəkdi, çünki onların sevgisi ilə, 
bundan doğan və doğmalı olan nəticələr ilə maraqlananlar vardı. Fatma 
arvad oğlundan kağız aldı, həmin kağızda Rübabədən salam-dua eşidəndə 
çarqatını yellədərək eniş-yoxuş  şəhər küçələrindən yeyin ötərdi. Tanışları 
onu dayandırıb soruşardı: 
- Vahidi evləndirirsən deyirlər, ay qız? Allah mübarək eləsin! Qız 
kimlərdəndir? 
Fatma ana səadətinin sevinci, oğul fərəhi ilə danışardı: 
- Mübarəkbadlıq içində olasan! Tarçı  Səttarzadənin qızı  bənd olub, 
gədənin də görürəm, könlü atlanıb, Allah sizinkilərə də qismət eləsin! 
  

332 
 
Fatma arvada Sadığın aldıqları  bəs eləmirdi. Pətəklərin balından satıb 
vurhavur zər-zivər axtarır, parça alır. Gəncəyə  kəlağayı üçün sifariş edir, 
qızıl saat axtarır, qənd, çay hayına qalırdı. 
Dünyada ayın da üzündən ləkə  əskik olmadığı, günəşin də tutulmaq 
dərdi olduğu kimi, bu gənclərin toy tədarükündə  də  qəmgin bir nöqtə var 
idi. Rübabənin bu xeyir işində anası meydanda yox idi. Analar üçün ən 
böyük arzu olan övlad toyu Şirin xanıma qismət olmamışdı. Qadın böyük 
həsrətlə hazırlaşdığı günü görə bilmədi. 
O, vaxtilə qapısına gələn elçiləri nəzakətlə qovardı. "Qızım oxuyur, 
xəyalından da elə  şey keçmir". Bununla belə Rübabəyə hiss etdirmədən 
hazırlıq görərdi. Otaqların ikisini ailənin ümumi ixtiyarından yayındırmağa 
çalışırdı: "Tək uşaqdır, - deyirdi, - kənara verməyəcəyəm". 
Bir ay ərinin rayonlarda verdiyi müsamirələrdən güclü pul gəldi.  Şirin 
xanım həmin pulu öz səliqəsi ilə Rübabənin toy tədarükünə xərclədi. 
Deyəsən, yazıq qadın öləcəyini bilirıniş.  İki ilin içində  əl-ayağını elə 
yığışdırmışdı ki, Rübabə özünü qurulu ev sahibi saya bilərdi. Bu barədə 
danışmağı da xoşlamazdı. Sanki o, elədiklərinin hamısını uzun zaman 
fikirləşəndən, götür-qoydan, qəti rəyə  gələndən sonra edərdi. Bir də 
görərdin küçə qapısı açıldı, hamballar bir dəst mebel gətirib otaqlara 
düzdülər. Bir də görərdin dərzi gəlib pəncərələri ölçdü, məxmər nümunələri 
göstərdi ki: "Pərdə hansından tikilsin?". Bunlar hamısı bütün ailə üçün xoş 
idi, ancaq ixtiyar sahibi Şirin xanım idi. 
Bəlkə hər şey öz qaydasına düşəndən, Rübabəyə qurulu ev hazır olandan 
sonra Şirin xanım qızı ilə qabaq-qabağa oturub nə isə deyəcək, tapşıracaq və 
öyrədəcəkdi. Lakin bu da Şirin xanıma qismət olmadı. Mərəzinin  şiddət 
etdiyi bir axşamda qızını yanına çağırıb, əlini ürəyinin başına qoydu: 
- Eşidirsənmi, - dedi, - qızım? 
Güman ki, Şirin xanımın indi də  qızına bir çox şeylər deməyə dili 
gəlmirdi. Ancaq onun son vurğular ilə döyünən və qüvvətdən düşən qəlbi 
bunları deyə bilərdi və doğrudan da deyirdi: 
- Eşidirsənmi, qızım? 
Rübabə qara, uzun nəmli kirpiklərini çaldı: "Eşidirəm, ana" demək 
istədi. 
  

333 
 
Kirpiklərinin arasından iki damla yaş düşdü. Bunlar balanın anasına son 
və sadiq sözü idi. Rübabə ağladığını anasına bildirınəmək üçün başını yana 
çevirdi, göz yaşını sildi. Dönüb xəstənin üzünə baxanda ruhunun uçub 
getdiyini duydu... 
Bu hadisədən sonra heç kəs toy əhvalatını dilinə gətirməzdi. Səttarzadə 
istəkli arvadının, ömür yoldaşının dünyadan getdiyinə  nə  qədər qüssə 
çəkərdisə, onun bu həsrətinə beş o qədər qəhərlənərdi. Evdə  tək dayana 
bilməzdi. Gözü Şirin xanımı xatırladan bir şeyə sataşdımı, ağsaqqal kişi 
uşaq kimi hönkürtü vurub ağlardı. 
Vahid də Rübabəni gözdən qoymaz, tək buraxmazdı. Dərs ilə, mütaliə 
ilə başını qatar, vaxt tapanda götürüb şəhərə, ictimai yerlərə çıxardı. 
Bu yay Rübabə  də, Vahid də diplomlarını almışdılar. Vahid böyük bir 
tikintiyə mühəndis təyin olunmuşdu, Rübabənin hələlik işləməsini məsləhət 
görmür, "zəifsən, dərsdən sıxılmısan, - deyirdi, - bir-iki ay dincəl, payızda 
havalar sərinləyəndə işləyərsən". 
Deyəsən Sadıq kişi Azərbaycan  İnşaat  İnstitutunun dərs cədvəlindən 
xəbərdar idi. Buraxılış axşamının səhərisi Rübabəni də, Səttarzadəni də 
yuxudan oyadan o oldu. Xurcunu çiynindən aşıran kimi, Səttarzadə 
köynəyinin yaxasını düymələyə-düymələyə o biri otaqdan çıxdı. 
- Xoş gəlmisiniz, Sadıq! 
Sadıq onun əlini sıxdı, Fatmanı təqdim elədi: 
- Tanış ol, Vahidin anasıdır. 
Fatma ağzına yaşmaq çəkib, utana-utana qabağa yeridi, bərk  əlini 
Səttarzadənin ağ və yumşaq əllərinə toxundurdu. Sadıq evə göz gəzdirdi: 
- Qızım hanı? Dərs ki, qurtarıb. 
- Yuxu dərsi oxuyur. 
Sadıq kişi səsini alçaltdı. 
- Bunu bayaqdan de də, sağ olmuş. Dəyirmançı kimi evə hay salmışam. 
- O biri otaqdadır, eşitməz. 
Fatma arvad ağzı boğulmuş və möhkəm bağlanmış bir torbanı açmaqla, 
orada nəyi isə yerbəyer etməklə məşğul idi. Sadıq kişi xurcunu boşaltmağa 
başladı. İkiqat bükülü şaqqa əti stolun üstünə qoydu, 
  

334 
 
üç  şan təzə bal çıxarıb, ehtiyatla divara söykədi. Səttarzadə  məcməyi 
gətirəndə Sadıq dedi: 
- Götür əlində at-tut, bir damcı düşməz. Ustası elə toxuyub, bizlərin işi 
deyil. 
İçi kərə yağla dolu şirli küpəni döşəməyə qoydu. Süfrəyə bükülmüş bir 
bərni gilənar mürəbbəsi, lay-lay bükülmüş ağ lavaş, yağlı fətir, baş-baş təzə 
pendir... 
Sonra Sadıq torbanı Fatmanın əlindən aldı. 
- Səttar dadaş, burda bir az ayın-oyun var... Açıq qab... 
Səttarzadə mətbəxə ötdü, Sadıq Fatmaya dedi: 
- Otur dincəl... 
- Yorulmamışam. 
- Yorulmasan da işləməli günlərin gəlir. 
- Təki həmişə xeyir iş olsun. 
Fatma yavaş səslə yerindən soruşdu: 
- Bu kişinin də qızı var? 
- Maral kimi! 
- Subaydır? 
- Subaydır! 
- Necə şeydir, Vahid görüb? 
Sadıq özünü güclə gülməkdən saxladı: 
- Sənin də bir dılğır oğlun var, bütün qızlara müştəri çıxırsan? 
Sadıq torbanı boşaltdı, üstdən qoyulmuş iri və tirməyə oxşar boğçanı 
çıxarıb, ehtiyatla pəncərənin içinə qoydu. Fatma arvad boğçanın yanına 
geldi. Qucaqlayıb gotürdü, bir az da pəncərənin dib tərəfinə qoydu. 
Səttarzadə paltar şkafının ağzını açdı. Sadıq boğçanı arvadından alıb, şkafa 
qoydu. Fatma arvad onun dalınca yeridi, sanki boğçadan ayrıla bilmirdi. 
Sadıq torbanı  ağzı üstə mis məcməyinin içinə çevirdi. Heyva, alma 
ətrafa dığırlandı. Səttarzadə dedi: 
- A Sadıq, bu nə zəhmətdir çəkirsən? 
Rübabə gələndə Sadıq ayağa qalxdı: 
- Qızım, kefin, halın? Lap yaxşısanmı? 
Fatma onu görüb diksindi: 
- Bıy, qızım, sən... Sadıq, məni hara gətirmisən, niyə demirdin bəs? 
Dalısını deyə bilmədi. Ancaq nə demək istədiyini Sadıq anladı.  

335 
 
 
Rübabə Fatmanın əlini sıxıb, xoş gəldin elədi: 
- Nəzirə necədir? Heç məni yadına salırını? Bəs Dilarə niyə  gəlmədi. 
Mənə söz vermişdi. Yalan danışmaq da bilir? 
- Uşağı onun yanına qoymuşuq. Dedik əl-ayağa dolaşmasın, allah qoysa, 
vaxt olar, onlar da gələrlər. 
Rübabə Fatmanı elə danışdırdı ki, Fatma arvad cavabların çoxusuna aciz 
qaldı. O, gəlinlik satan, hər sözünü, yaxşı görünsün deyə ölçən-biçən bir qız 
yox, öz ailəsində adi həyatını yaşayan, sadəliyini pozmayan bir qız kimi 
danışırdı. Fatma nə onun alnından öpə bildi, nə boyunu oxşaya bildi, nə bir 
söz deyə bildi. Rübabə çay gətirir, çörək kəsir, qulluq edirdi. Fatma isə 
heyran-heyran onun izincə fərəhlə baxır, xəyalında deyirdi: 
"Belə də olarmış! Görürsənmi, qismətə baxırsanmı!" Rübabəni kənddən 
yola salanda Sadıq kişi dil-ağız eləmişdi: 
- Qız deyilsən, qızılsan, sənə aslan deyim, tərlan deyim, şura balası 
deyim, nə deyim?! Vahidə hamıdan çox köməyi sən elədin. 
Görüm səni uca rütbələrdə olasan, istəklindən ayrılmayasan! 
Lakin ürəyində  təmin olunmamışdı. "Quru qurbanın olum, nə olsun? 
Bunlar adamlıq elədilər, sən də bacar, xəcalətliyindən çıx". 
Odur ki, bu dəfə  gələndə düşünmüşdü: "Rübabənin  əsil sovqatı bir 
oğlandır ki, tapıb, nişan dəsgahı  bəsdir? Qaldı  mənim qoca yoldaşım, 
onunku da yemək-içməkdir". Bununla kifayətlənməyib, Səttarzadəyə 
papaqlıq, ya palto yaxalığı - bir yaxşı buxara dərisi gətirmişdi. 
Rübabənin "nişan dəsgahı" deyilən sovqatı isə boğçada idi. İndilikdə 
ona kimsə yaxın getmir, kimsəəl vurmurdu, vurmağa da ixtiyarı yox idi. 
Sadıq kişinin gəlişi adi bir qonağın gəlişi deyildi. Onlar nişan üzüyü 
gətirmişdilər. Vahidin əmi oğlusu  Əsgər  əmisi ilə  gələ bilmədisə  də, iki 
günə  qədər özünü Bakıya yetirəcəkdi. Bacısı Dilarə  də  gəlmək istəyirdi. 
Çoxları isə (bibiləri, məktəb yoldaşları...) gözləyir, Vahidin toyuna 
hazırlaşırdılar. 
Yolda Sadıq kişinin Fatma ilə danışığı oldu. Fatma mehmanxanaya, ya 
başqa yerə düşmək istəyirdi. Sadıq kişi dedi: 
- Birbaşa Səttarzadəgilə gedəcəyik! 
- A kişi, xalqı özünə güldürərsən, nişandan qabaq da qız evinə 
gedilərmi? Axı elin qayda-qanunu var. Başarmırsan, çəkil qırağa. 
Sözə qulaq as. 
  

336 
 
- Elin qaydası  nədir? Deyir qohumun evinə getmə, düş o vaxtkı kimi, 
şəhərin canına ki, bu qəstin mənim, o qəstin sənin! 
- Qəstinə düşmə, lap düzün-düzündə qal. Mən nişandan qabaq xalqın 
evinə ayaq basa bilmərəm. 
- Sən basmırsan, mən basıram. İstəyirsən, heç tanışlıq verməyim. 
Deyim qulluqçumuzdur, gətirmişəm. 
Fatma bu sözdən bərk acıqlandı. Üzünü yana çevirdi, bir müddət 
dinmədi. Güman eləyirdi ki, əri küsdüyünü görüb, yola gələr, könlünü alar. 
Sadıq kişi isə arvadının susduğuna bir az sevindi. Pəncərə qabağına keçib, 
fışqırıq çaldı. Fatma durub onun ətəyindən dartdı: 
- Məni qürbət vilayətə rüsvay eləməyə aparırsan? Gözləyəcəyəm Əsgər 
gəlsin, Əsgərsiz heç yerə getməyəcəyəm. Lap bu vaqonda qalacağam. 
Sadıq onu yumşaltdı: 
- Ay arvad, səni çöldən tapmamışam, hara kefindir, aparım. İndi yadıma 
düşür, Vahidin tələbə yoldaşı var, onlara gedərik! 
Fatma sevindi: 
- Ona nə sözüm. Dediyim odur, qız evinə yox. Bəs bu sovqatları necə 
çatdıraq yerinə? 
- Nə var ki, bir hambala verib göndərərəm. 
- Getdiyimiz evdə görəcəklər-axı. 
- Görsünlər də. 
- Yaxşı olmaz. 
- Daha da yaxşı, görərlər ki, sən gəlininə sovqat getirmisən. 
- Sovqatı qonaq evindən çıxartmaq layiqdirmi? 
- Qonaq yeri əjdaha deyil ki! Payını yeyər. 
- Burda nə var ki, pay verəsən. 
- Baxma, burda yeddi kürdün xörəyi var. 
Sadıq arvadını aldadırdı. Onu düz Səttarzadəgilə  gətirmişdi. Fatma 
Səttarzadəni tanımadığından və  əri də onu sadəcə "Vahidin anası" deyə 
təqdim etdiyindən bir şey seçməmişdi. Ancaq Rübabə bəriki otağa keçəndə 
Fatma duydu ki, əri dediyini yeritmişdir. 
İş  işdən keçdiyini görüb, dodağını çeynəyir, "kül mənim başıma, bu 
kökdə  qız evinə  gələrlərıni" - deyə üst-başına diqqət yetirir, çəkilib bir 
küncdə oturmaq istəyirdi. Sadıq isə öz evi kimi dolanırdı. 
Səttarzadə kürsü çəkib, qonaqları çay süfrəsinə çağıranda, Fatma 
üzrxahlıq istədi: 
 
  

337 
 
- Səttar qardaş, gərək bağışlayasan. Bu kökdə evinizə gəlmişik. Günah 
mənimkindədir. Aldadıb gətirib, davamız qalsın sonraya, amma çox layiqsiz 
oldu. Mən Rübabənin yanına karvan-karvan daş-qaş ilə  gəlsəm də azdır. 
Ancaq ki... 
Sadıq güldü. Fatmanı aldatdığını danışdı. Səttarzadə Fatmaya dedi: 
- Nahaq, nahaq utanırsınız, - ətrafına baxdı. Rübabəni uzaqdan görüb 
dedi: - Evlənənlər, işin əsil yiyələri illərlə bir yerdə oxuyub, oturub durur, 
yoldaşlıq eləyirlər, bizə  nə olub, bir-birimizdən gizlənək? Bizi birləşdirən 
zərgərin üzüyü deyil ki, cavanların xeyir işidir! 
- Yox da, Səttar qardaş, adət var axı. 
- Adət odur ki, pis ilə yaxşını seçəsən. Bunu adət eləsən, aldanmazsan. 
Allahdan gizli deyil, sizdən nə gizlədim. Uşaqlar bunu bizdən yaxşı seçir. 
Can deyib, can eşitdiklərini görürəm, deyirəm təki biz də bu zaman dünyaya 
gələydik. 
Səttarzadənin sözlərindən Fatma açılışan kimi oldu. Yerində  sərbəst 
oturmağa, etrafa arxayın baxmağa başladı. Hətta  əvvəl çəkindiyi "yad 
kişinin" yanında ağız açıb çörək yedi, çay içdi. 
Sadıq Rübabəyə eşitdirdi: 
- Vahid görəsən harada olar, yataqxanada, ya klubda? 
Səttarzadə dedi: 
- Harda olsa gələcək. 
Çay süfrəsi yığılmamış Vahid gəldi, xoş-beşdən sonra ev-eşikdən əhval 
soruşdu. Sadıq kişi dedi: 
- Hamı səndən nigarandır! 
Vahid dedi: 
- Məndən xəbərin yoxdur? Oğulsuz qalmışdın ha! 
Anası dilləndi: 
- Ağzını xeyrə aç! 
Sadıq kişi soruşdu: 
- Niyə, nə olmuşdur? 
Səttarzadə dedi: 
- Təyyarə işinin xatasını bilmirsən? 
Vahid pəncərədən göyü göstərdi: 
- Oradan düşən nə olar? 
Fatma durub oğlunun qolundan tutdu. Dönə-dönə tapşırdığı, lakin 
oğlunun hələ də əl çəkmədiyini yəqin etdiyi bir "xata" peşədən danışdı: 
  
  

338 
 
- Bura bax görüm, ədə, yoxsa genə gedirsən? Çətirdə hoppanırsan! Sənə 
deməmişəm əl çək? 
Vahid onu sakit etdi: 
- Yox, ay ana! Hoppanan-zad yoxdur, təyyarə qırılmışdı, az qala göyün 
yeddi qatından yerə gəlmişdim. 
Fatma arvad uşağa hirslənən kimi əl-qolunu ölçdü: 
- Minmə! Burax onu! Yekə yer sənə darlıq eləyir? Gərək göyə uçasan? 
Allaha xoş gedən sənət sənə qəhət olub?! 
Sadıq kişi oğlunun cürbəcür təyyarə hünərlərini eşitmişdi. Bu söhbətlər 
ona xoş idisə də, hər uçan təyyarəni gördükcə ürəyi bir tikə olurdu: 
- Bala, 
ehtiyatlı ol! Demə hünərdi. Göydən yerə zarafat olmaz, 
gözlə! Cavanlığına salma, bala! 
  
 
* * * 
  
İki gün çəkmədi Əsgər özünü yetirdi. Əmisindən qabaq Vahidi gördü: 
- Necə eləyək? Nişana neçə adam getsin? Alınası bir şey yoxdur ki? 
Vahid dedi: 
- Atam ilə danış. Dilarəni niyə gətirmədin? 
- Toya gələr, bəsidir, neynəyir indidən. 
Şirinlik içilən axşam qonaqlar mübarəkbadlıq edib dağıldı. Sadıq kişi 
Səttarzadəni eyvana çağırdı, qırağa çəkib dedi: 
- Səttar dadaş, gəlmişkən yaxşı olar ki, xeyir işimizi qurtaraq. 
Bizim də yolumuz uzaqdır. Uşaqlar da, şükür, dərsi-mərsi qurtarıb, niyə 
qalsın. 
Səttarzadə xeyli Sadıq kişiyə baxdı, sanki onun dediklərini sevincdən 
işıqlanan üzündə oxumaq istəyirdi: sonra, bir şeyi yadına salmaq üçün 
düşünən adamlar kimi, qaşlarını çatıb yuxarıya nəzər saldı; gözlərini endirib 
razılıq ahəngi ilə dedi: 
- Çatdıra bilərikmi? 
Sadıq kişi onun cavabından daha da ürəkləndi: 
- Çatdırnaq deyəndə, nə eləmişiksə eləmişik. Bundan sonra özləri 
fərasətli olar, eləyərlər. Yox, daha gözləməyək, məsləhətdir! 
- Məsləhətdirsə, nə deyirəm. 
 
  

339 
 
Ataların razılaşdığından bir həftə sonra, bir yay axşamında Rübabəgilin 
böyük zalında toy məclisi qurulmuşdu. Ev qonaqlarla dolu idi. Pəncərələr 
hər tərəfə açıldığından şənlik, musiqi səsi küçələrə yayılırdı. 
Dənizdən sərinlik gətirən külək bu evdən də  kənara  ətir yayırdı. Süfrə 
başındakıların biri oturanda o biri qalxırdı, biri Vahidə "Həyat ustası" deyib 
badəsini qaldırırdı, bir başqası onu "Göylər fatehi" adlandırır, biri "Sadəcə 
insan", daha biri "Əsrin məsud gənci" deyirdi... 
Birdən səs-səda kəsildi. Hamının diqqəti qapı tərəfə, bir əlində kitab, bir 
əlində badə olan Səttarzadəyə çevrildi; Səttarzadə elə dayanmışdı ki, 
deyərdin evdə heç kəs yoxdur, o ən  əziz bir dostu ilə qabaq-qabağa 
durmuşdur. Onun başı, yaxası açıq, sifəti dinc, gözləri gülər idi; sol əlində 
tutduğu qalın, qırmızı meşin cildli kitabı qulağına aparanda hamı susdu. 
Səttarzadə bülbül kimi fəğanə gəldi: 
 
"Məndə Məcnundan füzun aşiqlik istedadı var!  
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var". 
 
Səttarzadə bu beyti elə oxudu ki, eşidənlər onun gəncliyə - otuz il 
bundan qabaqkı həvəsinə qayıtdığını güman etdilər. Hamı sevindi, hamı əl 
çalmaq, afərin demək istədi, ancaq bu ləzzətli musiqini bir də  eşitmək 
arzusu hamını susdurdu. Sükut daha da dərinləşdi. Səttarzadə kitabı 
qabağına qoydu badəni qaldırıb dedi: 
- Qonaqlar! Dostlar! 
Az danışan və hissini ifadəyə söz tapmaqda çətinlik çəkən adam kimi, 
onun nitqi də qəribə idi. Adamlar eyni maraqla əyləşmişdilər. 
- Qonaqlar, dostlar! Mən burda, sizin hüzurunuzda qızıma... - Səttarzadə 
Rübabənin adını  təkcə  çəkməyin yaxşı olmadığını, bunun vaxtı keçdiyini, 
Vahidsiz Rübabə sözünün naqis göründüyünü düşünüb əlavə etdi: - Qızıma, 
oğluma - Rübabəyə, Vahidə bir hədiyyə verəcəyəm. 
Adamlar maraqlanıb irəli oturdular. Bəziləri tələsik pıçıldaşdı: "Üzük 
bağışlayacaq". Səttarzadə davam etdi: 
- Bu dünyada hər kəsin bir etiqadı, bir əqidəsi var. Biri Qurana, biri 
İncilə itaət edir, biri təbiəti, maddəni üstün tutur, biri də bunlara inanmır, 
quru bir heçə ürək bağlayır... - Pəncərəyə işarə ilə açıq göyü göstərdi: - Ona 
bax! Əvvəli, axırı olmayan göyə etiqad bağlayır, 
  
 

340 
 
ayəsini, hədisini ayazlı, buludlu göylərdə oxuyur... - Səttarzadə susdu. 
Söhbətinin sanki uzun çəkdiyini görüb badəni yerə qoydu: - Mən də bir cür 
adamam. Övladıma əqidəmi hədiyyə, cehiz verirəm! - Qoca xanəndə kitabı 
göyə qaldırdı. Ona baxan gözlərə sanki cavab olaraq daha da qaim səsləndi: 
- Bunun adı  məbəbbətdir. Deyəcəksiniz  əsil məhəbbət kitabda niyə? Onu 
üzük ilə bir yaylıq, bir dəstə gül ilə göstərirlər. Düzdür, əsil məhəbbət 
həyatdadır. Ancaq bu kitabda əbədi həyat olmuş bir məhəbbət oxunur. 
Nədənsə  mən, Səttarzadə kitabı daha da göyə qaldırdı. Övladına baxıb 
öyünən analar kimi baxdı, gözlərində  fərəh parladı, yanaqlarında təbii bir 
həyəcan qızardt. 
- Nədənsə mən bunu görürəm. Məhəbbət üçün nə üzüyü, nə çiçəyi, nə 
ayrı əlaməti deyirəm. Bu kitab: bu, dostlar bilir, bu kitab yalnız məhəbbət 
deyil. Bax, o göydə ay, günəş gözəldir. Məhəbbət də öz mənasında... 
Səttarzadə nəzərini oturanların üzündə gəzdirdi. Vahidi görüb bir addım 
da irəli yeridi: 
- Oğluma bir zəhmət verəcəyəm... 
Qonaqlar yol açdılar, Vahidi qayınatasının yanına ötürdülər. Səttarzadə 
onu sol qoltuğuna aldı, dönüb o biri otağa baxdı. Sadıq kişi sanki onun 
ürəyindəkini başa düşdü: "Rübabə!" çağırdı. Əsgər o biri otağa getdi. Hamı 
Səttarzadəyə, Səttarzadə də gözü qapıda qızına müntəzir idi. Bənövşə güllü, 
ağ, uzun, ipək libasda, yanaqları lalə kimi yana-yana, ucaboy qız başıaşağı 
içəri girəndə məclisdə ürək qalmadı çırpınmasın, göz qalmadı yaşarmasın. 
Səttarzadə  oğlanın da, qızın da alnından öpdü. Üçüncü dəfə kitabı göyə 
qaldırıb onların üzünə baxdı: 
- Balalarım! Füzuli kimi sevin! Onun kimi böyüyün! 
 
Beşinci fəsil 
 
Xəbər verdilər ki, ayın beşində komissarlar sovetində institutun 
məruzəsi qoyulur. Verdiyev papağını başına atıb ali məktəblər idarəsinə 
qaçdı. 
Rəisin yanında iki-üç adam var idi. Verdiyev vacib iş üçün gələn, 
başqalarını  əhəmiyyətsiz sayan bir tövr ilə, izinsiz içəri girdi, paltosunu 
soyunmamış rəisə əl verdi: 
 

341 
 
- Nə var, nə yox? 
Rəis onun yersiz sualını eşitməməzliyə qoydu və yanındakılarla məşğul 
oldu. Verdiyev bu etinasızlığa dözməyib qonşu otağa, katibənin yanına 
keçdi. 
- Nə var, nə yox? 
- Sağlığın. 
- Bizim məktəb haqqında göstərişdən-zaddan almamısınız? 
- Nə göstəriş olacaq? 
- Yox ey, komissarlar sovetindən-zaddan? Bəlkə siz onlara bir məlumat 
vermiş olasınız? 
- Məlumat verəndə ümumi olur. Təkcə sizin məktəb haqqında yox! 
Verdiyev katibənin sözünü axıra qədər eşitmədi, rəisin yanına qayıtdı. 
Rəis soruşdu: 
- Mənə aid qulluğunuz? 
Verdiyev yumşaq kursunu altına çəkdı: 
- Yoldaş Zülfüqar, komissarlar sovetində bizim məruzəmizi siz 
qoymuşsunuz? Rəis güldü: 
- Bu gün səndən qəribə sözlər eşidirəm. Mən qoyası olsam, bilirsən ki, 
məruzənizi öz idarəmizdə qoyaram. Komissarlar sovetində    mən nəçiyəm 
sənin məruzəni eşidəm? 
- Yox, yenə də, siz ilə məsləhətləşirlər axı. 
- Məruzəniz olacaq? 
- Ayın beşində. 
- Görünür kömək eləmək istəyirlər. Sevinməli hadisədir. 
- Axı mən öyrənmək istəyirəm ki, necə eləyək? 
- İşləri yaxşı Hazırlayın, hazır gedin. 
- İş sarıdan hazıram. Ayrı cəhətdən. Necə qurmaq məsələsi var. 
- Nə quracaqsınız? 
- Məruzəni! 
Zülfüqar ayağa qalxdı: 
- Qurmaq! Qurmaq asılıdır məruzəçidən. Faktlar, rəqəmlər gətirin, 
vəziyyəti, sonra da gələcək üçün tədbirləri deyin! İndi məruzələr qısa, sadə, 
işgüzar olmalıdır. Gurultulu nitqin vaxtı keçib! Hələ vaxt var. 
  
 

342 
 
Verdiyev onun getmək istədiyini bilib ayrıldı. Plan idarəsinə yol aldı. 
İşçilər yığılıb, hökumət sarayı tikilişinə baxmağa getmişdilər. 
Verdiyev Bakı komitəsinin mədəniyyət  şöbəsinə  gəldi. Referantdan 
xahiş etdi: 
- Yoldaş Nemətova deginən Verdiyev gəlib. 
Referant xəbər gətirdi ki, məşğuldur. 
Verdiyev orada dayana bilməyib məktəbə gəldi. Nemətov zəng elədi: 
- Müavindir? Mənə şöbə müdiri lazımdır. Bəs haçan görə bilərəm? Bir 
onca dəqiqə vaxtını alacağam. Bilirsiniz, danışan direktor Verdiyevdir, 
inşaat institutundan... Komissarlar sovetində məruzəm var, istəyirdim bir az 
ustanovka alım. Siz onun kabinetindəki telefon nömrəsini deyə bilməzsiniz? 
Telefon ilə ustanovka vermir? Yaxşı... 
Verdiyev adam göndərib, layihə bürosundan "vacib iş üçün" Gəldiyevi 
çağırtdı. Muxtarı da yanına səsləyib oturdu: 
Görəsən bizim məruzəmizi qoymaqdan sovnarkomun fıkri nədir? 
Muxtar dedi: 
- Elə  iş var? Yəqin bizimlə yaxşıca məşğul olmaq, kömək eləmək 
fıkrindədirlər. Biz də gərek ləyaqətlə çıxaq qabağa. 
- Sən yəqin bilirsən kömək üçün qoyublar? 
- Ayrı nə üçün qoyarlar. 
Gəldiyev dilləndi: 
-  Muxtar deyəndir. Ancaq bu prosto kömək deyil. Nəzərə alın ki, bir 
tərəfdən də partiyamız mədəni işlərə çox diqqət yetirir. Mənim zənnimcə, 
burada ayrı məqsəd də var. 
Verdiyevin ürəyinə şübhələr gəldi: 
- Ayrı nə məqsəd? 
Gəldiyev gülümsər gözləri ilə onun üzünə baxdı  və bir sirr söyləyimiş 
kimi, əlavə etdi: 
- Orden məsələsi. 
Muxtar anlaya bilmədi: 
- Nə orden? 
- Naqradit eləyəcəklər.  İnstitut yaxşı kadrolar verir, görmürsünüz, 
konstitusiyada da ziyalı-miyalını fəhlə ilə bərabərləşdiriblər. 
Muxtar istehza etdi: 
  

343 
 
- İnstitut işçiləri yəni nə qəhrəmanlıq göstəriblər? 
Gəldiyev ciddiyyətini saxladı: 
- Yoldaş Muxtar, şərt o deyil ki, vətəndaş müharibəsində səngərə yatıb 
atışasan, qıçının da birini qoyub gələsən.  İndinin səngəri buralar, kadr 
ocaqlarıdır. - Şəhadət barmağını göy məxmərli stola döydü: - Buradadır! 
Mədəni cəbhədir! Adam öz evində öz övladı ilə başara bilmir, böyük 
institutda bizim kimi mühəndislər hazırlamaq özü böyük qəhrəmanlıqdır. 
Buna sən, mən fikir verməsək də partiyamız və hökumətimiz yaxşı görür. 
Görür və qiymət qoyur! 
Gəldiyevin söhbətindən Verdiyevin kefi duruldu: 
- Ağıl kəsən sözdür, qardaş. 
Muxtar çiyinlərini çəkdi: 
- Yaman nikbin adamlarsınız. Axırı xeyir olsun. 
Gəldiyev ayrı sübutlar gətirdi. 
- Bəs demirsən, niyə komissarlar soveti qoyur, ayrı idarə yox? 
Muxtar dedi: 
- Mühəndislər hazırlığı ilə komissarlar soveti, plan idarəsi məşğul olur. 
- Bağışla, burada bir kadr məsələsi deyil. Elə olsaydı, çağırıb deyərdilər, 
ay filan-filan olmuşlar, ildə bizə yüz yox, iki yüz mühəndis verəcəksiniz. 
Gedin başınıza çarə  qılın. - Gəldiyev ahəngini dəyişdi, bir müəllim kimi 
izah elədi: - Sadə  rəhbərlik deyil, məsələn, mənim proyekt büroda 
çalışmağım, qurtaran tələbələrin bəzisinin işi. Bilirsən, bəzi yoldaşları irəli 
çəkmək, qiymətləndirmək məsələsi var. Yoldaş direktor skronıniçit eləyir, 
hərçənd, Azərbaycanda - Şərqin qapısında ali mühəndis məktəbi 
zarafatdırmı? Bu barədə bütün dünyaya gərək səs düşə! Kadro, kadro! 
Muxtar güldü: 
- Demək istəyirsən ki, Verdiyevi dünya miqyasına çıxarırlar? 
- Yox, bir Verdiyevin adı deyil. Əlbəttə, direktorun əhəmiyyəti öz 
yerində, amma mədəni inkişaf məsələsi var. 
Verdiyev özünü saxlaya bilmədi: 
- Mən də o fıkirdəyəm. Az vaxtda topdağıtmaz ali məktəb qurmuşuq. 
Gəldiyev görür, yuxu bilməmişik, istirahət bilməmişik, sağ olsunlar kişilər, 
qiymət qoyurlar. 
Gəldiyev dedi: 
  

344 
 
- Amma, aşna, daklada əməlli hazırlaş ha!.. Elə olsun ki, qulaq asanlar 
razı getsinlər. 
-  Əməlli deyəndə, partiyaçı yoldaşlarsınız, ustanovka verin, kömək-
filan! Ondan sonra pis danışsam, mən cavabdeh! 
- Ustanovka var, asandır. 
- Hə, asandır? Üç gündür Nemətovun dalınca düşmüşəm, hələ bir misqal 
ustanovka ala bilməmişəm. 
Muxtar dedi: 
- Ustanovka məlumdur, nöqsanlar üzərində dayanmaq, əməli işə əsas yer 
vermək lazımdır. 
Gəldiyev etiraz elədi: 
- Ay Muxtar, taraz ilə aran yoxdur. Biz burada naqrada məsələsindən 
danışırıq... 
- Çox da danışırıq. Bizim danışığımıza nə verərlər? 
- Havayı danışınırıq. Bir şey bilməsək danışınanq. 
Gəldiyev son sözünü açıq deyilməsi mümkün olmayan bir xəbər kimi 
dedi: "Bir şey bilməsək danışmarıq!". 
Muxtar bunu duydu və susdu. Gəldiyev davam etdi: 
- Odur ki, nöqsan-möqsan... bir də, yoldaşlar, mestkom iclasından 
tutmuş divar qəzetinə kimi hər yerdə nöqsandan danışılır. Bəsdir, axı pis 
deyə-deyə pisi çıxmasın.  İş gör hara yetişib ki, bal satan oğlu da institutu 
tənqid edir. Zənnimcə, bu məruzəni dastijenilər üstündə qurmalıyıq. Burada 
bu neçə müddet ərzində  təşkilatın usanmadan apardığı  işi göstərməliyik. 
İnstitut rəhbərliyinin fəaliyyətini, kadrları qeyd etməliyik. Hərçənd 
məruzəçiyə öz barəsində danışmaq yaxşı düşünür, hər halda ayrı-ayrı 
yoldaşlar çıxış eləyə bilərlər. 
Verdiyev dedi: 
- Gərək təhsil məsələsində  də çox dayanaq; yuxarılarda həmişə 
maraqlanırlar, işin keyfiyyətinden soruşurlar. 
Gəldiyev yadma bir şey düşmüş kimi, onun sözünü ağzında qoydu: 
-  Əlbəttə, işə onlar vasitəsilə qiymət verəcəklər. - Baş barınağı ilə 
geriyə, dərs otaqlarına, tələbələrə  işarə etdi: - Onlar vasitəsilə! Otliçniləri 
hesaba almaq lazımdır. Dekanlara tapşırın, düzəltsinlər. 
Adamlar gedəndən sonra Verdiyev kabinetində tək qaldı. Ayaq üstə, əli 
cibində, üzü pəncərəyə tərəf dayandı. 
  

345 
 
Deyəsən, bütün şəhər onun qarşıdakı  məruzəsini gözləyirdi. Hər  şey 
onun  əhəmiyyətini xatırladırdı. Binalar, yollar, küçələr, səkilər, daş 
pilləkənlər, ağır sütunlar, naxışlı qapı tağları, bağ-bağça hasarları - hamısı 
bir söz deyirdi: "Məruzə! İnşaat!" 
Verdiyev öz məruzəsini elə buradan başlayacaqdır; çoxlarının il uzunu 
söylədiyi rəsmi, quru məruzənin, hesabat nitqinin əksinə olaraq, tribunaya 
qalxan kimi bir udum su içəcək, əlini pəncərəyə sarı uzadıb, göstərəcəkdir: 
- Görürsünüz, bu geniş asfalt, müntəzəm daşsız-çınqılsız, tikansız, 
tozsuz-torpaqsız küçələri! Görürsünüz? Bəzəkli imarətlərə baxırsınız, 
yoldaşlar? Bağlar,  xiyabanlar, parklar, stadionlar. Bunlar özbaşına 
yaranmır,  əl ilə tikilmədən  əvvəl baş ilə tikilir! Hər məhsulun bir fabriki 
olduğu kimi, imarət tikən, bina tikən başların da fabriki vardır ki, o da 
haqqında danışacağımız və  şəhərimizin cavan təşkilatlarından olan inşaat 
institutudur. 
Verdiyev dəftərini çıxarıb, yadına düşənləri qeyd edirdi. Telefon 
səsləndi: 
- İslam qədəş, döşünü hazırla! 
- Necə, yoxsa segah oxuyacağam? 
- Necə, oxumazsan? Sən də oxumayacaqsan, bəs kim oxuyacaq? 
- Nə münasibətlə? 
- Bundan yekə münasibət? Döşünün düzəlməyi münasibətilə. 
- Döşümə nə olmuşdur ki? 
- Elə dərd o idi ki, bir şey olmamışdı. Nə olsa bundan sonra olacaq. 
- Nə olacaq? 
- Nə olacaq. Həm qızışacaq, həm sərinləyəcək! 
- O nə sözdür, a Qurd oğlu, açıq de! 
- Kalinin yoldaş o parıldayanın birini yapışdıranda... 
- Qoy görək, ay Qədir, sən allah! Biz nə eləmişik ki, orden verələr. 
- Bura bax, İslam, bu qədər də  təvazö yaramaz axı. Bu bizim öz 
qüvvəmizə inanmamağımız kimi çıxır ey! Bütün şəhər bilir ki, kadro 
yolunda siz nə  zəhmət çəkirsiniz. Sabah-biri gün də bayramdır, hökumət 
çağırıb zəhmətinizi qeyd edəcək, daha bunu danmaq, ya xısın-xısın 
danışmaq nə üçün? 
  
 

346 
 
Verdiyev məsələnin yəqin olduğuna inandısa da Qədirdən söz almaq 
istədi: 
- Əsli olmaz əşi! 
- Sənə söz deyirəm, kostyumun sol döşündən bir deşik aç! Əlbəttə ki, 
hələlik bir deşik! 
- Havadan deyirsən bunu? 
- Havadan? Havadan niyə! Bəs nə üçündür, sənin məruzəni komissarlar 
sovetində qoymaq? Hökumətin işi-gücü qurtarıb gəlsin bir məktəbin 
məruzəsini eşitsin? Axı özün yaxşı bilirsən ki, dünənəcən sənin məruzəni 
komsomol iclasında da qoyan yox idi. İndi iş  dəyişib, kadroya əhəmiyyət 
artıb! Qədəş, sağ əlin başımıza, ulduzun parıldayır. 
 
* * * 
 
Ürəyi arxayın olsun deyə, Verdiyev şəhər komitəsi mədəniyyət  şöbə 
müdirini gördü: 
- Yoldaş Nemətov, - dedi, - hökumət məruzəmizi qoyub, dünən də 
gəlmişdim, məşğuldunuz. Dedim, ustanovka alım, əliboş çıxmayım. 
Nemətov cavan, lakin bacarıqlı bir oğlan idi. 
- Ustanovka ilə, - dedi, - əl dolmur, əli doluluğunuzu işiniz təmin 
etməlidir. Məsləhətə qalanda, məncə, nöqsanlardan danışın, özü də hamısını 
açıq danışın! Cürətlə! 
- Bəs müvəffəqiyyət? 
- Müvəffəqiyyət nə varsa məlumdur. Özgə  şəhərdə danışmırsınız ha.  
Göz qabağındadır. Nöqsanınızı söyləyin ki, tədbir görsünlər, kömək 
eləsinlər. 
- Nöqsanı şübhəsiz deyəcəyik. Binamız darısqaldır. Kabinetlərdə texniki 
vəsaiti gərək artıraq... 
Nemətov hirsləndi: 
- Bəzi müdirlərdə bir xasiyyətdir, müvəffəqiyyət gələndə,  şəxsən 
özlərindən danışırlar, nöqsan deyəndə binanı, laboratoriyanı göstərirlər. O 
qədər işçiniz, tələbəniz, dərslər, təşkilat... hamısı nöqsansızdır? 
Hamı kommunizmə çatıb? 
- Növbə ilə, yoldaş Nemətov, mən bir az nizama salmamışam, nöqsan 
əlbəttə ki, deyiləcək! 
  
 
  

347 
 
Nemətov davam etdi. 
- Nə idi o Nayıbovun məsələsi? Ayıbdır, ay yoldaş direktor! Dillərdə 
deyilir. Adi bir komsomolçu ilə tutaşınaq... özü də biriniz, ikiniz yox, 
hamınız! Rüsvayçılıqdır. 
- Burıu lap düz dedin. Eşidəndə istəyirəm lap qalxam ağzından öpəm. 
Mən o Vahid üzərində lap möhkəm dayanacağam. Arxayın ol, planım var. 
İstəyirəm institutumuzun əhəmiyyətindən bir giriş verəm. 
- Tarix açmaq lazım deyil. Cəmisi on beş-iyirmi dəqiqə vaxtınız olacaq. 
Verdiyev inana bilmədi: 
- Necə, necə? 
- Bəli, iyirmi dəqiqə! 
- İyirmi dəqiqəyə mübahisəyə çıxarlar? 
- Artıq vaxt ala bilsəniz, sevinin! 
- Canım, iyirıni dəqiqədə heç giriş söyləyə bilmərəm. 
- Vacib nə varsa onu deyərsiniz. Qısa, aydın. Ora yığılanların min işi 
var. Bir iclasda bir neçə məsələyə baxılır, tək siz deyilsiniz. 
Nemətovun  əvvəlki söhbəti Verdiyevi şübhəyə salsa da, axırıncı 
sözlərindən orden məsələsi beyninə batdı. 
- Hə, az vermələrindən bəllidir. Görünür ya mükafata təqdim etmək 
fıkirləri var, istəyirlər rəsmi olsun, ya da kadro hazırlığının maştabını 
artırmaq-filan məsələsi var. Öz planları var, məruzə  də elə-belə  məlumat 
kimi qoyulur... 
Verdiyevə bir şey də aydın oldu: deməli, Vahidin məsələsi yuxarılara 
çatmışdır. Ürəyinə gəldi ki, bəlkə hərif ərizə verib. Bunun üstündə institutu 
danlamasalar yaxşıdır... Çağırmaq, dindirmək, heç olmasa könlünü almaq 
lazımdır! 
Verdiyev katibinə üç tapşırıq verdi: 
- Telefonunu öyrən, saat ikiyə mühəndis Vahid Nayıbovu çağır; saat 
üçün yarısına təsərrüfat müdirini, makinaçını, saat üçə də bütün dekanları. 
Düz saat ikidə Vahid direktorun yanında idi. Verdiyev Vahidi çox 
mehriban qarşıladı: 
- Keyfin sazdırmı? Səndən incimişəm, incimişəm ona görə ki, gəlib 
yoxlamırsan, kömək eləmirsən. 
Vahidə qəribə geldi: 
  

348 
 
- Yoldaş direktor, nə kömək edə bilərəm. Qapımza az qala yasavul 
qoyursunuz, gələn necə gəlsin? 
- Yox, sən gələ bilərsən, komsomol üzvüsən, özün də aktivsən; 
üçüncüyə qalanda... - Verdiyev o yan-bu yana baxdı, alçaqdan dedi: - 
Üçüncüyə qalanda yerlimsən, İsa bulağının suyundan içmişik axı... 
- Bunlar düzdür, ancaq məni heç vaxt çağırmamısınız. 
Verdiyev bu cavabı heyrətlə qarşıladı: 
- Budur ha, gərək çağıralar? Bəs sənin bir komsomolçu kimi təşəbbüsün 
harda qaldı? Bəs sənin qabaqcıllığın harda qaldı. Bəs demirsən görüm məni 
yetişdirən məktəbdə nə var, nə yox? 
Vahid hərifın sözə basdığını anladı: 
- Yoldaş Verdiyev, deyəsən bu gün siz bütün nöqsanlarınızı etiraf etmək 
niyyətinə gəlmisiniz. 
- Nə olar. Mənim də bir direktor olaraq nöqsanım var. O zaman sənin 
işinlə lazımınca maraqlanmamağım, məşğul olmamağım, filan... 
Vahid macal vermədi: 
- Direktor olaraq yox, bir kommunist olaraq, sizin təəccüblü işləriniz 
çoxdur. Adamın heç bir etimadı... 
Verdiyev Vahidin dərinlərə gedəcəyini duyub, qolundan tutdu, gətirib 
divanda oturtdu. Zarafatyana dedi: 
- Gəldiyevi mənə calama, onu mən də yaxşı tanıyıram. Keçənə güzəşt 
deyərlər. Sənə  iş tapşıracağam. Çıxar qələmini qeyd elə...  Əlli Gəldiyevi 
mən yerlimə qurban edərəm. Çıxart qələmini! 
Vahid dedi: 
- Yadımda qalar, buyurun. 
Verdiyev  əvvəlcədən fikirləşməmişdi, heç bir iş tapşırmaq fıkrində  də 
deyildi. Söhbətin bu istiqamətdə getdiyi az qaldı onu pis vəziyyətdə qoysun. 
Deyəsən qeybdən yadına saldılar. Dikəldi: 
- Zad edərsən, məktəbin tarixi ilə maraqlanırlar. Necə bir köhnə tələbə, 
bu işə  sən bələdsən, ona görə çağırmışam. Bəlkə kitab çıxdı, zəhmət çək 
qəzetləri varaqla, dərsdən və başqa məsələlərin gedişindən bizim barəmizdə 
nə məqalə çıxıbsa; siyahısını mənə ver. 
- Bu işi kitabxana işçiləri daha yaxşı bacarar. Mən, bir də  kənaram, 
bacarmaram. 
-  Nə oldu, gündə əlində qəzet olmur? 
- Qəzetdə mən tarix axtarmıram ki... 
  

349 
 
Verdiyev hirsləndi, ancaq hirsini yeməyə məcbur oldu: 
- Gör də, nə bacararsan, tap! Bizə kömək elə! 
- Bacardığım qədər. 
Vahid çıxanda Verdiyev onun dalınca baxdı, ürəyində dedi: "Bu köpək 
oğlundan gözüm su içmir, rahat durmayacaq". Təsərrüfat müdiri içəri 
girəndə Verdiyev qoymadı: 
- Oradan 
makinaçını da çağır. 
Gəldiyev də layihə bürosundan gəlmişdi. Verdiyev üzünü əyləşənlərə 
tutub dedi: 
- Beş günlüyə  məruzəyə hazırlaşmaq üçün harda mənə bir dinc şərait 
düzəldək. 
Gəldiyev dedi: 
- Odur, Mərdəkanda bir otaq tutun, maşını da aparın, maşinistkanı da. 
Diktovat eləyin, yazsınlar. 
Verdiyevin ağlı kəsdi, bu işin xərcindən ehtiyat elədi: 
- Hesabdar hanı, görəsən buna pul xərcləməyə bizim ixtiyarımız var, ya 
yox? Smetada nəzərə alınıb, ya yox? 
Təsərrüfat müdiri dinməmiş Gəldiyev cavab verdi: 
- Niyə yoxdur, liçni iş deyil ki. Tədris-mədris, komandirovka... o qədər 
maddə var ki! 
Təsərrüfat müdiri də "mümkündür" deyəndən sonra Verdiyev 
makinaçıya,  şoferə tapşırdı, onları yola salmamış,  əllərində qovluqlar 
fakültə dekanları  gəldilər. Verdiyev onlardan son sülsün hesabatını, 
müvəffəqiyyətləri istəmişdi, Riyaziyyat, yer quruluşu, rəsmxət, rus dili, 
fəlsəfə  dərslərinin qiymət siyahısı oxundu. Birinci "A" sinfində 
riyaziyyatdan on bir adam kəsilmişdi. "V" sinfində  fəlsəfədən beş adam, 
ikincidə  rəsmxətdən yeddi adam yetirmirdi. Dekanlar dalbadal siyahıları 
oxuyanda Gəldiyev mane oldu. 
- Dayan, dayan! Hara oxuyub keçirsiniz? Bu sifralar ilə, yoldaş 
Verdiyev, sizi sovetə nədir, heç mestkom iclasına da qoymazlar. 
Verdiyev onun rəyinə böyük əhəmiyyət verirmiş kimi dedi: 
- Danış, danış yoldaş Gəldiyev! 
- Nəyi danışım. Danışmalı budur ki, "A" sinfində cəmi otuz adam var. 
On biri zəif alıb, bunu eşitsələr sizə nə deyərlər. Oborota götürərlər! 
Verdiyev "A" sinfinin müvəffəqiyyət cədvəlini aldı, dekandan soruşdu: 
  

350 
 
- Matematikanı onlara kim deyir? 
- Vəzirbəyli. 
Gəldiyev direktorun fikrini anladı, ondan qabağa düşdü: 
- Çağırmaq lazımdır. 
Vəzirbəylini dərsdən çağırdılar. Verdiyev siyahını onun qabağına qoyub 
soruşdu: 
- Bu sizin nömrələrdir? 
Vəzirbəyli qoca, dünyagörınüş bir alim idi. Moskvada təhsil almışdı. 
Çox cəhətdən müdiriyyətin işini bəyənmirdi. 
- Bəli! 
- On bir adam zəif alıb? 
- Zəif tələbələrə zəif qiymət verilib. 
Gəldiyev saydı: 
- Bir, iki, üç!.. On bir! Düz on biri yetirmir. Verdiyev Vəzirbəylidən 
soruşdu: 
- Yoldaş professor, bunlar niyə yetirmir? 
- Çünki dərsi bilmirlər. 
- Niyə bilmirlər? 
- Çalışmamışlar. 
- Niyə çalışmamışlar? 
- Tələbələri çağırın, soruşun. 
- Tələbə öz yolunda, ancaq siz bir professor olaraq, görək 
müvəffəqiyyətsizliyin səbəbi ilə ciddi maraqlanmısınız, ya yox? 
- Mən müvəffəqiyyətsizliklə yox, müvəffəqiyyətlə maraqlanıram; 
təəssüf ki, bu tələbələrdə görə bilməmişəm. Görünür müxtəlif səbəbləri var! 
Verdiyev dedi: 
- Fərz edək ki, biz dərs vermirik, fabrikdə dəzgah dalında oturub corab 
toxuyuruq. Otuz corabdan on birini xarab toxusaq, brak adlanar, ya yox? 
- Adlanar. 
- Çox gözəl. Belə gözəl  şəraitdə, studentlər stipendiya alırlar, özləri 
sağlam, cavan adamlar. Özü də yeni briqada sistemi. On bir adamın zəif 
çıxmasına nə ad qoyaq? 
Vəzirbəyli də təəssüf elədi: 
-  Əlbəttə, biz istərdik ki, bir nəfər də  zəif olmasın. Biz tələbkarlıqla 
onları oxutmalıyıq. 
  
 

351 
 
- Sizcə, bu zəifin səbəbi nə olar? 
- Müxtəlif səbəblər ola bilər. Hamını bir ayaqdan götürmək olmaz. 
Tələbə konserv qutusu deyil! 
- Bəlkə, yoldaş professor, elə on birinin də  səbəbi birdir? Bəlkə 
dərsinizin metodu yaxşı deyil! Mən biliyinizə şübhələnmirəm. 
Vəzirbəyli dinmədi. Verdiyev əlavə etdi: 
- Bəlkə qiymətlərdə səhv var? 
- Xeyr. Proqramın tələbinə görə qiymət qoyulub, yəqin elə siz deyəndir. 
Mən leksiya oxumağı bacarmıram. Buna sözüm yoxdur. 
Gəldiyev onların söhbətini kəsdi. 
- Uzağa niyə gedirsiniz. Biz bu gün burada pis dərs verəni çıxarıb 
əvəzinə yaxşısını qoymayacağıq ha! Komissarlar Soveti özü baxar bu 
məsələyə. Ondansa gəlin pis nömrələrdən danışaq. Tapşıraq müəllimlərə, 
yoldaş professora öz qiymətlərini bir də gözdən keçirsinlər. 
Dekan soruşdu: 
- Gözdən keçirmək nəyə deyirsiniz? Bir də imtahanmı edək? 
Verdiyev dedi: 
- Nə olar eləyəndə? Xançalımızın qaşı düşməz ki! 
- Buna təlimat yol vermir. 
Gəldiyev dedi: 
- Başqa çarə tapın. Elə də qoymaq olmaz. Sabah adamın abrını ətəyinə 
bükərlər. Sizin zəiflər ucundan bütün institut qara dasqaya düşər. 
Düşünürsünüzmü? 
Dekanlar narazı idilər. Tələbələr arasında dedi-qodu salmaq istəirdilər. 
Verdiyev onları başa saldı. 
- Yoldaşlar, açığı, bu nömrə ilə ki, siz mənim yanıma gəlmişsiniz, mən 
öz böyüyümün yanına gedə bilmərəm. Mənim böyüyüm məni qovar, yaxşı 
direktor olsaydım... - Verdiyev: "Mən də sizi qovardım" demək istədi. Buna 
cürət etməyib susdu. Ancaq bunu dedi: 
- Ürəyim yumşaqdır. Vərəqləri götürün, üç gün sizə möhlət, nömrələri 
təzədən yoxlayın, sonra direksiyanın sərəncamına verin. 
Vəzirbəyli söz istədi: 
- Mən görürəm, direktorumuz məktəbimizin namusunu çəkir, razı olmur 
ki, üzümüzə söz gəlsin. Bu qəşəng xasiyyətdir, sağ olun. 
Gəldiyev sevindi: 
- Yoldaş  Vəzirbəyli, istərdik ki, bütün işçilər bir nəfər kimi, məktəbin 
namusunu çəkə idilər. 
  

352 
 
Vəzirbəyli əlini qaldırdı: 
- Öyrənərik, yoldaş  Gəldiyev, öyrənmək borcumuzdur. Ancaq bir 
əlavəm var, nömrələri düzəltmək barədə  şərikəm, gərək düzəlsin, gərək 
zəifımiz olmasın. Bunun üçün dekanı-filanı, ya müəllimi təzədən bura 
yığmaq, vaxtını almaq nəyə lazımdır? Direktorun bir əmri bəsdir. Xahiş 
edək direktor əmr versin ki, bu sülsdə bütün nömrələr  əla adlandırılsın. - 
Vəzirbəyli sol əlini qol çəkən kimi tərpətdi: - 
Bircə əmr kifayətdir! 
Dekanlar gülüşəndə Verdiyev tutuldu. Hər iki əli ilə stola söykənib, 
ayağa qalxdı: 
- Belə artistlik eləməyin də var, cənab professor? 
Vəzirbəyli qapıdan çıxa-çıxa dedi: 
- Söz iti deyil, məsələnin özü itidir. 
Dekanları yola salandan sonra da Verdiyevin hirsi soyumadı. 
- Şaxtaçılardandır köpəkoğlu. Zərərçi! 
Gəldiyev dedi: 
- Vaxtında ifşa eləməyəndə belə olur. Nikolay məktəbi görmüş 
professorun bizim institutumuzda nə  işi var ki, indi də bizimlə dimdik-
dimdiyə dursun... 
Verdiyev də, Gəldiyev də təsərrüfat müdirini çağırıb maşında oturdular. 
Mərdəkana otaq bəyənməyə getdilər. 
Bir dəfə institutun "M-l" maşını yollara tozanaq salaraq, təsərrüfat 
müdirini, katibi Mərdəkana aparıb-gətirdi; Verdiyevə kağız, rəqəm, 
yoxlama daşıdı. Verdiyev məruzəsinin üzünü on bir dəfə ağartdı, yenə ürəyi 
qızmadı. Məsul yoldaşlardan bəzilərinə oxumaq istədi. Artmaqda olan 
istilərə, işçilərin məşğul olmasına baxmadı. Sovetin iclasında iştirak etməli 
olanların heç olmasa bir-ikisini qabaqcadan məruzə ilə tanış etməyi zəruri 
saydı. İki gün ali məktəb idarəsinin dalınca gəzdi, onun ezamiyyətdən gec 
qayıdacağını bilib katibini tapdı. 
- Oxuyum, gör nə qeydin var. 
Katib bu işə özünü məsul saymadığından qulaq asmaq istəmədi. 
Verdiyev Komissarlar Soveti işlər müdirini istirahət günü təzə köçdüyü 
bağda tapdı. Yaxın adamı kimi ərk ilə onun çiynindən tutdu: 
- Oxuyum, bir qulaq as! 
- Mən məktəb işi ilə o qədər tanış deyiləm, xeyrim dəyməz. 

353 
 
- Təki mən hər işə sizin qədər tanış olaydım. Bütün idarənin işi sənin 
əlində deyilmi, a sağ olmuş. ayda on belə məruzə yola salırsan. 
Yox, səni boşlamayacağam, otur qulaq as! 
İşlər müdiri məruzənin uzunluğundan, boş sözlərdən narazı idi. 
Verdiyev dedi: 
- Onlar xırda şeydir. De görüm, səhvi-məhvi yoxdur ki? 
- Savadlı adamsınız, sizə nə səhv tutmaq olar... 
Verdiyev sanki bunu arzulayırdı. Məruzəni qatlayıb portfelinə qoydu, 
razılıqla evinə qayıtdı. Yolda portfelini açıb, yazdığı  vərəqələrə baxır, 
ürəyində deyirdi: "Taleyim səndən asılıdır ha, ay məruzə, görək necə 
qiymət alacaqsan..." 
Məruzəni hazır sayandan sonra Gəldiyevlə oturub, "hər ehtimala qarşı" 
mükafata layiq adamların siyahısını tutdular. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə