29
MƏDƏNİYYƏT DÜNYASI
Elmi-nəzəri məcmuə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
XXV buraxılış, Bakı, 2013
МИР КУЛЬТУРЫ
Научно-теоретический сборник
Азербайджанский Государственный Университет Культуры и Искусств,
ХХV выпуск, Баку, 2013
THE WORLD OF CULTURE
Scientific-theoretical bulletin
Azerbaijan State University of Culture and Art, ХХV edition, Baku, 2013
UOT 792.03
Kəmalə Məmmədova
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin disertantı
Ünvan: Az 1065, Bakı, İnşaatçılar pr.9
Email:
kamala-mamadova@mail.ru
AZƏRBAYCAN TEATR MƏDƏNİYYƏTİ MAARİFÇİLİK
HƏRƏKATI KONTEKSTİNDƏ
Xülasə: Məqalədə teatr mədəniyyəti maarifçilik hərəkatının ən aparıcı
istiqamətlərindən biri kimi təqdim edilir. Klassik Avropa maarifçilik ənənələrinin
Azərbaycan mədəni mühitinə təsirlərindən danışılır. Azərbaycanda cərəyan edən ic-
timai-siyasi hadisələrin maarifçilik hərəkatı ilə bağlılığı göstərilir. Maarifçilik prose-
sində teatrın böyük ictimai əhəmiyyəti vurğulanır. Azərbaycan teatr mədəniyyətinin
təşəkkülü və inkişaf mərhələləri ümumi şəkildə təhlil edilir. Teatrın Azərbaycan Xalq
Cümhuriyyəti, Sovet hakimiyyəti və müstəqillik dövründəki inkişafı nəzərdən keçirilir.
Açar sözlər: maarifçilik, teatr, mədəniyyət, Azərbaycan, incəsənət.
Bütün dünyada olduğu kimi Azərbaycanda da teatr mədəniyyəti maarifçilik
hərəkatının ən aparıcı istiqamətlərindən biri olmuşdur. Tədqiqatçılar tərəfindən daha
çox Azərbaycanın oyanış dövrü kimi səciyyələndirilən XIX əsr klassik Avropa
maarifçilik ənənələrinin geniş vüsət almasında mühüm rol oynamışdır ki, burada teatr
mədəniyyətinin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Belə ki, XIX əsrin ikinci yarısından
başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik
hərəkatının inkişafına güclü təkan verdi. Ədəbiyyat, mədəniyyət və incəsənət
sahələrində köklü forma və məzmun dəyişiklikləri baş verdi. Həmin dövr Azərbaycan
teatrı üçün də əlamətdar oldu. Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin ədəbiy-
yatımıza dram janrını gətirməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində
həlledici rol oynadı. Böyük maarifçi Həsən bəy Zərdabinin və görkəmli yazıçı Nəcəf
bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran
xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə isə
Azərbaycan, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu.
Maarifçilik prosesində teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan
ziyalıları Bakıda, Qubada, Şəkidə, Şuşada, Naxçıvanda, həmçinin Tiflisdə və İrəvanda
teatr tamaşaları təşkil edirdilər. Azərbaycanın görkəmli ziyalıları Nəcəf bəy Vəzirov,
Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov və başqaları dövrün mühüm
hadisələrinin real bədii təsvirini verən pyesləri ilə teatr repertuarlarını zənginləşdirdilər.
30
Rusiyada və Avropada təhsil aldıqdan sonra Vətənə qayıtmış azərbaycanlı gənclər
dünya klassiklərinin əsərlərini tərcümə edərək tamaşaya qoymaqla teatr həvəskarlarını
dünya ədəbiyyatının nümunələri ilə tanış edir, Azərbaycanda milli dəyərlərə söykənən
yeni tipli teatrın yaradılması işinə xidmət edirdilər (1).
1918-ci il 28 may İstiqlal Bəyannaməsi elanı ilə müsəlman Şərqində ilk
demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarix səhnəsinə çıxması
həyatın bütün sahələrində inkişafa təkan verdi. Azərbaycan öz müstəqilliyini
qazandıqdan sonra ölkənin bir çox sahələrində olduğu kimi teatr sənətimizin inkişafında
da mühüm işlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə
fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaratdı. Azərbaycanda
peşəkar teatr sənətinin inkişafı Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı
kimi böyük sənətkarların xalqımızın tarixi keçmişini, məruz qaldığı sarsıntıları, xeyirlə
şərin qarşıdurması ilə bağlı fəlsəfi düşüncələri canlandıran səhnə əsərləri ilə böyük
vüsət aldı.
Azərbaycanın işğalı və müstəqilliyin itirilməsi teatrın inkişaf istiqamətlərinə,
onun ideya-bədii mahiyyətinə də təsirsiz qalmadı. Bununla belə sovet hakimiyyəti
illərində Azərbaycan teatrı yad ideoloji təsirlərə məruz qalsa da, öz milli varlığını
qoruyub saxlaya bilmiş və respublikanın mədəni həyatında fəal rol oynamışdır.
Azərbaycan teatrının coğrafiyası genişlənərək respublikanın demək olar ki, bütün
bölgələrini əhatə etdi. Azərbaycanın bölgələrində dövlət teatrları və özfəaliyyət teatr
kollektivləri yaradıcılıq fəaliyyətləri ilə teatr mədəniyyətinin inkişafına yardım
göstərdilər.
Sovet dövründə Azərbaycan teatrlarında dünya təcrübəsində bəhrələnmə
tendensiyası gücləndi. Xüsusilə də, rus dramaturqlarının əsərlərinə daha çox diqqət
yetirildi. Bununla belə, Azərbaycan teatrlarının repertuarları dünya ədəbiyyatının gözəl
nümunələri ilə yanaşı Səməd Vurğun, Süleyman Rüstəm, Sabit Rəhman, Mirzə
İbrahimov, İlyas Əfəndiyev və başqalarının əsərləri ilə daha da zənginləşdi. Həmin
dövrdə tamaşaçıların sonsuz məhəbbət və rəğbətini qazanmış Mərziyə Davudova, Rza
Təhmasib, İsmayıl Hidayətzadə, Kazım Ziya, Rza Əfqanlı, Mustafa Mərdanov, Fatma
Qədri, İsmayıl Dağıstanlı, Ağadadaş Qurbanov, Adil İsgəndərov, Ələsgər Ələkbərov,
Ağasadıq Gəraybəyli, Möhsün Sənani, İsmayıl Osmanlı, Hökümə Qurbanova,
Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Əliağa Ağayev, Əli
Zeynalov, Sergey Jakuşev, Rahil Ginzburq, Mehdi Məmmədov, Həsənağa Salayev,
Şəmsi Bədəlbəyli, Tofiq Kazımov, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Nəsibə
Zeynalova və başqa aktyor və rejissorların adları Azərbaycan teatr sənəti tarixinə
həmişəlik həkk olunmuşdur (1; 5).
Azərbaycan dramaturqlarının ədəbi irsini davam etdirən, öz dram əsərləri ilə
milli teatrımızın inkişafına xidmət edən görkəmli sənətkarlarımız öz dramaturji
yaradıcılıqları ilə Azərbaycan teatr səhnəsinə müxtəlif üslublar və yeniliklər gətirmişlər.
Bu mənada M.F.Axundzadə dramaturgiyası əsasında yaranmış peşəkar teatrımız tarixin
müxtəlif mərhələlərində daima yeniləşmiş, milli-estetik dəyərlər sistemimizi yeni janr
və üslublarla mütəmadi olaraq zənginləşdirmişdir. Təbii ki, yeniləşmə prosesi kortəbii
şəkildə baş verməmiş, ədəbi və teatrşünas tənqidinin intellektual nəzarəti altında baş
vermişdir. Ədalətli tənqid sənətin təkamülünə müsbət təsir göstərən yeni üslub və
janrları mühafizəkar baxışlardan qorumuş, onun inkişafına havadarlıq etmişdir. Cəfər
Cəfərovun təbirincə desək “Tənqidimizin təqdirəlayiq cəhətlərindən birisi budur ki, o,
realizmi təbliğ və təsbit etməklə kifayətlənmir, onun estetik əsaslarını, yaradıcılıq
problemlərini araşdırır və beləliklə də üslubların, səpkilərin, janrların müxtəlifliyinə,
təsvir vasitələrinin, o cümlədən şərtiliklərin əlvanlığına çalışılır” (4, s. 385).
Qeyd etmək lazımdır ki, teatral mədəniyyətimizin, dramaturji irsimizin
araşdırılmasına, dramaturq və rejissorlarımızın yaradıcılığına aid bir çox kitablar və
31
tədqiqat əsərləri yazılmışdır. Cəfər Cəfərov, Əli Sultanlı, Yəhya Seyidov, Yaşar
Qarayev, İnqilab Kərimov, Mehdi Məmmədov, İlham Rəhimli, Seyfulla Əsədullayev,
Səidə Şahbazova, Məryəm Əlizadə, İsrafil İsrafilov, Aydın Talıbzadə, Yaqub İsmayılov
və başqa müəlliflər Azərbaycanda teatr mədəniyyətinin təşəkkülünə və inkişaf tarixinə
dair əsərlər yazmış və maarifçilik hərəkatında teatr mədəniyyətinin rolu və
əhəmiyyətinə bu və ya digər məzmunda öz münasibətlərini bildirmişlər.
Azərbaycan dramaturqlarının ədəbi irsini davam etdirən, öz dram əsərləri ilə
milli teatrımızın inkişafına xidmət edən müasir yazıçılar teatr mədəniyyətinə öz
töhfələrini verdilər. Bədii-ədəbi yaradıcılıqla müntəzəm məşğul olan bu görkəmli
sənətkarlar özlərinin dramaturgiya yaradıcılığı ilə Azərbaycan teatr səhnəsinə yeni-yeni
pyeslər təqdim etdilər. Məhz onların milli dramaturji irsimizi zənginləşdirən əsərləri
Adil İsgəndərov, Tofiq Kazımov, Azərpaşa Nemətov, Ağakişi Kazımov, Mərahim
Fərzəlibəyov, Bəhram Osmanov kimi bir çox görkəmli rejissorların diqqətini özünə cəlb
etdi. Bu əsərlərin səhnə təcəssümü nəticəsində milli teatrımız yeni təkamül mərhələsinə
qədəm qoydu (1; 6, s. 542).
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə milli teatrımızın inkişafı
üçün geniş perspektivlər açılmışdır. Bu gün teatrlar müstəqil dövlətimizin qarşısında
duran mühüm vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edir. Azərbaycan
respublikasının prezidenti 1998-ci il avqustun 27-də “Azərbaycanda dünyəvi peşəkar
teatrın yaradılmasının 125 illiyi haqqında fərman imzalamışdır ki, bu fərman teatrın
köhnə stereotiplərdən xilas olmasında və müasir tələblərə uyğun inkişaf etməsində
mühüm rol oynamışdır. O cümlədən, dövlətin teatr sənətinə göstərdiyi qayğının bariz
nümunəsi kimi 6 fevral 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə
təsdiq edilmiş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununu və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 may tarixli
sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət
Proqramını göstərə bilərik (1; 3; 7).
Teatr mədəniyyətinin perspektivlərinə uzaqgörənliklə diqqət yetirilməsi özünü
dövlətimizin mədəniyyət siyasətində də öz əksini tapır. Təbii ki, belə bir münasibətin
bəhrəsi göz qabağındadır. Dövlətin Azərbaycan teatrının inkişafına istiqamətlənmiş
diqqətəlayiq münasibəti teatrlardakı yaradıcılıq mühitinə, dramaturq, rejissor və
aktyorların sənətkarlıq qabiliyyətlərinin üzə çıxarılmasına şərait yaratdığı kimi, həm də
teatrşünaslıq baxımından yeni-yeni elmi tədqiqatların yazılmasına da stimul verir.
Dünyada qloballaşma və mədəni inteqrasiyanın geniş vüsət aldığı bir zamanda
suveren dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox
qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli köklərinə bağlı,
intellektual, ruhi-mənəvi səviyyə və yüksək estetik zövq sahibi olan yeni təfəkkürlü
gənc nəsil yetişdirilməsini zəruri edir ki, bu sahədə teatr mədəniyyətinin rolu
danılmazdır. Məhz bunu nəzərdə tutaraq ümummilli liderimiz Heydər Əliyev dönə-dönə
xatırladırdı ki, “Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər
müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək
üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək
mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin
mahiyyətini təşkil etməlidir. O, azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının
mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir”
(2, s. 34). Ona görə də hər bir incəsənət əsəri, o cümlədən teatr tamaşaları bu məqsədə
xidmət etməli, insanlara yüksək estetik zövq aşılamalı, eyni zamanda yüksək bədii-
estetik ifadə vasitələri ilə zəngin olan teatr tamaşaları tədqiq, təhlil və təbliğ edilməlidir.
Bu prioritetlərin mədəniyyət siyasətimizdə əksi, qanunavericiliklə müəyyənləşdirilməsi
və bunun birbaşa dövlət başçısının dilindən səslənməsi diqqətəlayiq bir hal olmaqla,
həm də bu sahədə aparılmalı olan elmi tədqiqatların əsas konturlarını çəkir.
32
Müstəqil Azərbaycan Dövlətinin teatr mədəniyyətinə yüksək diqqət və qayğısının
nəticəsidir ki, bu gün teatr sənəti sahəsində qazanılan uğurlar günü-gündən çoxalır.
Azərbaycan teatrlarının yaradıcılıq uğurlarının əks-sədası ölkəmizin hüdudlarını aşaraq,
çox-çox uzaqlardan gəlir. Eləcə də milli mədəniyyətimizin inkişafında, gənclərdə
vətənpərvərlik hisslərinin aşılanmasında, yüksək əxlaqi keyfiyyətlərin, milli və
ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış milli dramaturji əsərlər
əsasında hazırlanmış tamaşalar xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə
öz böyük töhfəsini vermiş və xalqın milli sərvətinə çevrilmişdir. Bütün inkişaf
mərhələlərində olduğu kimi bu gün də Azərbaycan teatr mədəniyyəti məzmun və
mahiyyəti, ideya-bədii, yaradıcılıq və sənətkarlıq istiqamətləri cəhətdən öz maarifçilik
funksiyasını uğurla həyata keçirməkdədir. Ona görə də demokratik vətəndaş cəmiyyəti
quruculuğu baxımından da Azərbaycan teatrının perspektivlərinə nikbin baxa bilərik.
Ədəbiyyat
:
1.
Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında Azərbaycan Respublikası
Prezidentinin fərmanı. “Xalq” qəzeti, 28 avqust 1998-ci il, № 230 (22930).
2.
Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Azərbaycan Respublikası Prezidenti Heydər
Əliyevin yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti. Bakı, İqtisad
Universiteti nəşriyyatı, 2001.
3.
“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı (Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmişdir). “Xalq” qəzeti, 19 may 2009-cu il, № 106
(26164).
4.
Cəfərov C. Əsərləri. 2 cilddə, II c., Bakı: Azərnəşr, 1968.
5.
Cəfərov C.H. Azərbaycan teatrı (1873-1973). Bakı: Azərnəşr, 1974.
6.
Kərimov İ.S. Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri. Bakı: Maarif, 2002.
7.
Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu. “Ədəbiyyat qəzeti”, 9 fevral
2007-ci il, № 5 (3548).
Кямаля Мамедова
Азербайджанская театральная культура в
Резюме
В данной статье театральная культура представляется один, как из самым передовых
направлений. Речь идет о влиянии европейского просвещения на развитие культуры Азербайджана в
годы Азербайджанской Демократической Республики, в советскей период и в годы Независимости.
Ключевые слова: просвещение, театр, культура, Азербайджан, искусство.
Kemale Memmedova
Azerbaijani theatre culture
Summary
Theatre culture is presented as one of the most leader directions of the enlightenment movement in
the article. It is shown Social values in the process of enlightenment. In the article tells about European
enlightenment influence upon the development of Azerbaijani culture during the years of Azerbaijani
Democratic Republic, in the Soviet period and the Independence years.
Keywords: education, theatre, culture, Azerbaijan, art.
Məqalənin redaksiyaya daxil olma tarixi: 05.03.2013
Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 12.03.2013
Məqalənin çapa qəbul olunma tarixi: 16.05.2013
Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: kulturologiya üzrə elmlər doktoru,
professor İlqar Hüseynov
ADMİU
-nun Elmi Şurasının 08 iyul 2013-cü il, 9 saylı qərarı ilə çap olunur.
Dostları ilə paylaş: |