Söz Yaradıcılığı.
Cəmiyyət daima dəyişir və inkişaf edir. Bu inkişaf və dəyişikliklər dildə də öz əksini tapır: dilə yeni sözlər, yeni adlar daxil olur, dilin lüğət tərkibi zənginləşir. Dilin lüğət tərkibini zənginləşdirən əsas vasitələrdən biri söz yaradıcılığıdır. Dildə yeni sözlər bir neçə yolla yaranır. Bununla dilçiliyin söz yaradıcılığı bölməsi məşğul olur. Söz yaradıcılığı morfologoya və leksika ilə bağlıdır. Morfologiya leksik mənaları eyni olan sözlərin formalarını, leksikologiya sözlərin müxtəlif leksik mənalarını, söz yaradıcılığı isə yeni leksik vahidlərin yaranma prosesini araşdırır.
Müasir Azərbaycan dilində söz yaradıcılığının 3 üsulu vardır:
Morfoloji yolla söz yaradıcılığı
Sintaktik yolla söz yaradıcılığı
Leksik yolla söz yaradıcılığı
Morfoloji yolla söz yaradiciliği
Morfoloji yolla sözlərin yaranması dilimizdə söz yaradıcılığının ən geniş yayılmış üsullarındandır. Morfoloji yolla söz yaradıcılığının mahiyyəti ondan ibarətdir ki, köklərə şəkilçilər artırmaqla mənaca yeni, qululuşuna görə düzəltmə sözlər əmələ gəlir.
Kök və şəkilçi sözün mənalı hissələridir. Kök sözün ayrılıqda işlənə bilən və əsas məna ifadə edən hissəsidir. Şəkilçi sözün ayrılıqda işlənə bilməyən və yalnız kökə qoşulmaqla müəyyən məna daşıyan hissəsidir. Şəkilçilərin leksik mənası olmur və sözə bitişik yazılır.
2) Sintaktik yolla söz yaradıcılığı
Mürəkkəb sözlər
Söz yaradıcılığının digər mühüm bir üsulu iki və daha artıq sözün birləşməsi ilə yeni mənalı sözlərin əmələ gəlməsidir. Bu yolla yaranan sözlər mürəkkəb sözlər adlanır.
Mürəkkəb sözlər müəyyən qanunauyğunluq əsasında yaranır. Mürəkkəb sözlər əmələ gələrkən əşya və hadisənin əlaməti, bənzədilməsi, funksiyası, mənsubiyyəti və s. əsas götürülür.
Leksik yolla söz yaradıcılığı
Leksik yolla söz yaradıcılığı prosesində sözlər dilə hazır şəkildə, heç bir qrammatik vasitənin köməyi olmadan daxil olur. Bu sözlər ilk mənbəyindən məzmun və formaca uzaqlaşır, yeni məzmunlu və yeni formalı sözlər kimi işlənir.
Ədəbi dilimizin lüğət tərkibinin zənginləşməsində dialektlərin də rolu vardır. Şair və yazıcılar ömumxalq danışıq dilinin imkanlarından istifadə edərək öz əsərlərində dialekt sözlərindən istifadə etmişlər.
Ədəbi dilimizin lüğət tərkibi sözlərin mənaca genişlənməsi və daralması hesabına da zənginləşir.
Azərbaycan ədəbi dilinin söz yaradıcılığının inkişafında ictimai-siyasi hadisələrin təsiri də böyükdür. Belə ki, dilin yeni sözlərlə zənginləşməsi və mövcud mənalarının dəyişilməsi ictimai həyatda və ictimai fikirdə yaranan yeni inkişafla əlaqədardır. Yəni dilin lüğət tərkibi tələbatla bağlı müxtəlif dəyişikliklərə məruz qalır. Ümumiyyətlə, söz yaradıcılığında əsas yeri leksik-semantik və qrammatik üsullar, həmçinin başqa dillərdən kalkalar tutur. Belə ki, elmin inkişafı ilə bağlı müvafiq söz və terminlər, ifadələr yarandıqca, Azərbaycan dilində, eləcə də müxtəlif dillərdə onların kalkaları formalaşır. Son dövrlərdə Azərbaycan dilində çoxlu miqdarda kalkaların yaranması ingilis və rus dilindən Azərbaycan dilinə elmi, texniki, ictimai-siyasi, bədii ədəbiyyatın tərcüməsi ilə əlaqədardır.
Elmi-texniki inkişafla bağlı əsərlərin Azərbaycan dilinə tərcüməsi prosesində elə terminlər, termin birləşmələr vardır ki, rus və ingilis dilində olduğu kimi işlədilir. Çünki tərcümədə həmin terminləri dəqiq ifadə edən qarşılıq müəyyənləşdirmək mümkün olmur.
İnformasiyaların toplanılması saxlanılması, təhlil edilməsi, ötürülməsi və onların proqram təminatı ilə bağlı vasitələr yeni terminlərin yaranmasına səbəb olur. Ona görə də yeni terminlər elmlərin inkişafı ilə bağlıdır və texnikanın inkişafı dilləri zənginləşdirir.
Beləliklə, Azərbaycan ədəbi dili lüğət tərkibinin zənginləşməsi mürəkkəb bir proses olaraq davam edir. Çünki elmi terminologiya müxtəlif dillərin, müxtəlif təfəkkür formalarının dünya sivilizasiyasına qovuşmasıdır.
Dostları ilə paylaş: |