Mövzu № 6. Bankların qiymətli kağızlarla əməliyyatları
P L A N :
Bankların qiymətli kağızlar bazarında əməliyyatları
Bankların depozit və əmanət qiymətli kağızları
Bankların qiymətli kağızlar bazarında əməliyyatları
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kommersiya banklarının fond və inam əməliyyatları həyata keçirmək hüququ var. Bu əməliyyatların obyekti qiymətli kağızlardır.
Qiymətli kağızlar qiymətli kağız sahibinin emitent barəsində əmlak hüquqlarını və ya borc münasibətlərini təsdiqləyən pul sənədidir. Qiymətli kağızın emitenti dedikdə qiymətli kağızı buraxan (emissiya edən) və qiymətli kağıza görə onların sahibləri qarşısında öz adından məsuliyyət daşıyan hüquqi şəxs başa düşülür. Emitent kimi dövlət, yerli hakimiyyət orqanları, müəssisə və təşkilatlar, respublika ərazisində qeydiyyata alınmış digər hüquqi şəxslər, o cümlədən, birgə müəssisələr, xarici müəssisələr çıxış edə bilər.
Qiymətli kağızlar kağızda çap edilmiş sertifikat blankları şəklində və ya hesablardakı qeyd formasında ola bilər. Qiymətli kağızların hesablardakı qeydlər formasında tədavülü zamanı qiymətli kağızın sahibi emitent barəsində öz əmlak hüquqlarını qiymətli kağızların saxlanması, uçotu və hesablanması əməliyyatlarını həyata keçirən ixtisaslaşmış təşkilatlar vasitəsilə gerçəkləşdirə bilər.
Sahibliklə bağlı əmlak hüquqlarının gerçəkləşdirilməsi üzrə qiymətli kağızlar təqdim edilən və adlı olur. Adlı qiymətli kağızlar onlarda adı göstərilən investora, təqdim edilən qiymətli kağız isə onu bilavasitə təqdim edənə sahibliklə bağlı əmlak hüquqları var. Adlı qiymətli kağızın bir sahibdən başqasına verilməsi qiymətli kağız blankının arxasındakı (indossament) və uçotdakı qeydlərin dəyişdirilməsi vasitəsilə həyata keçirilir.
Hal-hazırda müxtəlif mənbələrdə “birja əməliyyatları” və “birja əqdləri” anlayışları çox vaxt paralel işlənilir. Bu anlayışlar oxşar olsa da fərqlidir. Daha doğrusu, “birja əməliyyatları” anlayışı daha genişdir.
Ümumiyyətlə, əmtəə, yaxud fond birjasından asılı olmayaraq, birja əməliyyatları dedikdə, birja əmtəəsi ilə (qiymətli kağızlar və ya digər maliyyə aktivləri, əmtəələr) birjada aparılan müxtəlif əməliyyatlar başa düşülməlidir. Bu əməliyyatları birja əmtəəsinin alqısı və satqısı, listinq və delistinq, opsion, forvard və fyüçers kontraktlarının bağlanması, əmtəənin qiymətləndirilməsi (kotirovkası), girov, hesablaşma, klirinq, konsaltinq, qiymətli kağızların saxlanması və təqdim edilməsi kimi fəaliyyət növlərini aid etmək olar. Bütün bu əməliyyatların keçirilməsi üzrə qaydalaşdırılmış fəaliyyət birja əməliyyatları mexanizmini müəyyən edir.
Birja əqdləri – birja əmtəələrinə dair hüquq və öhdəliklərin yaradılmasına, tərtib edilməsinə, xitam verilməsinə, yaхud dəyişdirilməsinə istiqamətlənmiş və birjanın binasında onun müəyyən edilmiş iş saatlarında satış iştirakçılarının həyata keçirdiyi qarşılıqlı razılaşdırılmış tədbirlərin məcmusudur.
Dünya təcrübəsinin inkişafı birja əqdlərinin əsas növləri kimi aşağıdakıları müəyyən etmişdir:
- Əmtəə (daha doğrusu, onun nümunələri) təqdim olunmaqla edilən əqdlər;
- Fərdi forvard əqdləri;
- Vahid fyüçers (müddətli) əqdləri;
- Opsion əqdləri.
Brija əqdləri əmtəə və fond aktivləri üzrə bağlanılır. Əqdin bağlanmasının qaydası birja tərəfindən müəyyən edilir. Birja əqdləri üzrə qaydaların ümumi tələblərinə əqdin yazılı şəkildə bağlanması tələbi aiddir.
Standart alqı-satqı müqaviləsində malın təqdim edilməsi tarixi, birja əmtəəsinin miqdarı, keyfiyyət göstəriciləri, növü, ödəmənin vaxtı, həcmi və forması, təqdim edilmənin şərtləri və tərəflərinin məsuliyyəti əks olunur. Bununla belə, forvard müqavilələri əmtəənin gələcəkdə təqdim edilməsinə dair fərdi öhdəlikləri ilə seçilir. Bu cür birja əməliyyatı üzrə sifarişdə əmtəənin (qiymətli kağızın) dəqiq adı, əqdin növü (alqı-satqı), əqd üçün təklif olunan qiymətli kağızların miqdarı, əqdin keçirilməli olduğu qiymət, əqdin müddəti (bu gün, həftənin, yaxud ayın sonuna qədər) və növü göstərilməlidir.
Birja əməliyyatları bir sıra fərqləndirici xüsusiyyətlərə malikdir. Onlar:
- Xüsusi yerlərdə keçirilir;
- Brija əmtəələri üzrə standart kütlələrlə (partiyalar, lotlar, dəstlər) keçirilir;
- Əmtəənin özü birjada olmadıqda onun təsviri üzrə keçirilir;
- Daimi keçirilir;
- Aşkar keçirilir;
- Qiymətqoyma sərbəstdir;
- Dövlət tərəfindən birbaşa tənzimlənir;
- Vasitəçilər tərəfindən keçirilir;
- Qanunlarda və birjanın nizamnaməsində göstərilmiş vahid qaydalarla keçirilir;
- Əmtəənin keyfiyyəti nəzərə alınmaqla keçirilir;
- İxtisaslaşmaya maliкdir.
Bununla birja əməliyyatlarının (fəaliyyətinin, işinin) keçirilməsinin aşağıdakı prinsipləri müəyyən olunur:
- Vasitəçi (broker) ilə müştəri arasında etibarlılıq;
- Aşkarlıq;
- Daimilik;
- Sərt qaydalar əsasında tənzimlənmə.
Birja əməliyyatlarının (ticarətinin) mühüm tərkib hissələrindən (mərhələlərindən) biri listinqdir.
Listinq – qiymətli kağızların fond birjasının xüsusi qiymətləndirmə siyahısına (listinə) daxil edilməsidir. Listə daxil olunan qiymətli kağızlar satışa buraxılır. Hər bir emitent özünün qiymətli kağızlarını fond aktivlərinin birja siyahısına daxil edilməsinə meyl edir, çünki siyahıya daxil edilmiş qiymətli kağızlara investorlar daha böyük maraq göstərir. Birja hesabatının dövrü, kütləvi və işgüzar mətbuatda dərc olunması qiymətli kağız məzənnələrinin və onların gəlirliliyinin dəyişməsi haqqında daha yaxşı məlumatlandırmağa imkan verir, yeni alıcıları (investorları) cəlb edir, siyahıdakı qiymətli kağızların likvidliyini artırır. Qiymətli kağızların rəsmi vərəqə daxil edilməsinin müsbət cəhətləri ilə yanaşı qeydiyyat və dövrü (qiymətli kağızların siyahısının lazımi vəziyyətdə saxlanılması üzrə) rüsumların ödənilməsi ilə bağlı əlavə xərclərin edilməsi, həmçinin, emitentin durumu haqqında informasiyanın açıqlanması zərurəti kimi məqamlar da mövcuddur.
Hər bir fond birjası qiymətli kağızların satışa buraxılmasının ciddi qaydalarına malikdir və müştərilərə zəmanət verir. Siyahıya daxil edilənlərin meyarları kimi emitentin xalis gəliri, aktivlərinin qiyməti, qiymətli kağız buraxılışının həcmi çıxış edə bilər. Məsələn, dünyanin ən böyük fond birjası olan Nyu-York fond birjasının emitent şirkətlərə qarşı minimal tələbləri bunlardır:
- Səhm sahiblərinin ümumi sayı – 2200, o cümlədən, 100 və daha çox səhm sahibinin sayı – 2000;
- Aktivlərin dəyəri - 18 mln. ABŞ dolları;
- Şirkət son üç ildə mənfəətlə işləməlidir.
- Son ilin balans mənfəətinin həcmi 2 mln. ABŞ dolları;
- Buraxılmış səhmlərin miqdarı – 1100 min olmalıdır.
- Son 6 ayda şirkətin 100 min səhmi satılmalıdır.
Aydındır ki, Nyu-York fond birjası yalnız böyük və maliyyə cəhətdən sabit emitentlərin qiymətli kağızları ilə işləyir. Burada qeydə alınmış korporasiyaların aktivləri ABŞ-da dövr edən kapitalın 80%-dən çoxunu təşkil edir.
Minimal göstəricilərlə yanaşı emitentin fəaliyyət göstəriciləri də nəzərə alınır. Bu zaman emitent şirkətdə dövlətin iştirakı, şirkət məhsulunun bazarı, sabitliyi və sahədəki mövqeyi, şirkətin və bütövlükdə sahənin inkişaf perspektivləri təhlil olunur. Nyu-York fond birjası yeni, kiçik və orta müəssisələrin inkiçafını daima həvəsləndirir. Bu cür şirkətlər üçün sabit artım qısamüddətli mənfəətdən üstün olduğundan o, inkişaf etməkdə olan şirkətlərin mənfəətliliyi üzrə tələblərini endirmişdir. Müasir dünyada hər hansı bir şirkətin Nyu-York fond birjasının siyahılarına daxil edilməsi korporasiyanın püxtələşdiyinin və öz sahəsinin qabaqcılına çevrilməsinin təsdiqi kimi qəbul edilir.
Dövlət qiymətli kağızları birja satışlarına rəsmi emissiya şərtlərinə əsasən buraxılır. Birja şurası qiymətli kağızları satışa buraxdıqda emitentin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini, həmçinin, potensial investorların ona olan marağını nəzərə alır.
Birja satışına buraxıldıqdan sonra qiymətli kağızların qiymətləndirilməsi (kotirovkası) keçirilir. Birja qiymətləndirilməsi (kotirovkası) birjanın hər iş günü ərzində birja bülletenində (qiymətləndirmə vərəqində) dərc olunmasını bildirir. Qiymətləndirmə (kotirovka) zamanı satıcı və alıcının qiymətləri elan olunur. Lakin satışa buraxılmış qiymətli kağızların heç də hamısı qiymətləndirilmir, çünki qiymətləndirilmə buraxılışı tələbləri daha sərtdir. Buna görə də, birja siyahısındakı qiymətli kağızların bir qismi “gözləmə ərazisini” yaradır, onların əksəriyyəti isə qiymətləndirmə vərəqinə daxil edilir. Qiymətləndirmə (kotirovka) vərəqində emitentin adı, qiymətli kağızın nominalı, alıcının, satıcının və bağlanış qiymətləri, satışın həcmi, son əqdin tarixi, dividend, əqd qiymətinin mütləq və nisbi dəyişməsi göstərilir.
Göstəricilər birjada qeydə alınmış son əqdin əsasında əks olunur. Hər hansı bir emitentin iflasına görə birja öz üzvləri qarşısında maddi məsuliyyət daşımasa da, birjanın nüfuzunun qorunub saxlanması zərurətindən qiymətləndirilmə siyahısına daxil edilmiş səhmlər kifayət qədər etibarlı olur. Birjada müəyyən dövr (adətən, bir iş günü) ərzində bağlanmış bütün əqdlərin qiymətləri əsasında birja əqdləri üzrə orta qiymət hesablanır və hər gün elan olunur. O, əqdlərin bağlanmasında səmt göstərən kimi çixiş edir, həmçinin, bazar konyukturasına ciddi təsir göstərir. Müasir birja açıq təsisat olduğundan burada keçirilən bütün əməliyyatlar (əqdlər) açıq şəkildə edilir və məxfi ola bilməz. Birjanın iş vaxtının hər bir anında birjadan qeydiyyatdan keçmiş qiymətli kağızların cari qiymətləri haqqında məlumat almaq olar.
Bütün birja əməliyyatları (əqdləri) ödəmə şərtlərinə görə kassa və müddətli əməliyyatlara ayrılır.
Dostları ilə paylaş: |