Mövzu Azərbaycanda monqol əsarəti. Azərbaycan xalqının monqollara qarşı mübarizəsi



Yüklə 34,72 Kb.
səhifə1/9
tarix02.01.2022
ölçüsü34,72 Kb.
#47905
  1   2   3   4   5   6   7   8   9
A.Mövzu 5


Mövzu 5. Azərbaycanda monqol əsarəti.

Azərbaycan xalqının monqollara qarşı mübarizəsi

1. Monqolların Azərbaycanı işğal etməsi.

2. Azərbaycan Hülakü dövlətinin tərkibində.

3. Əmir Teymurun və Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri.

4. XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı və mədəniyyət.

Ədəbiyyat

1. Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) / Z.Bünyadov və Y.Yusifovun

2. Azərbaycan tarixi: Uzaq keçmişdən 1870-ci ilə qədər / Red. S.Əliyarlı. B., 1996

3. Piriyev V. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003

XIII əsrin əvvəllərində, 1206-cı ildə Onon çayı sahilində moğol noyonlarının qurultayı Temuçini moğol tayfalarının böyük xanı (xaqanı) elan edir. Çin adətinə görə yeni seçilən hakim öz adını dəyişməli idi. Odur ki, Temuçin yeni ad – Çingiz xan (türkcə tengiz-dəniz, okean) adı ilə tanındı. Çingiz xanın dövründə təşkil edilmiş Monqol dövlətinin paytaxtı Orxon çayının sahilində yerləşən Qaraqorum şəhəri idi.

Çingiz xan Böyük Yasa (qanunlar məcəlləsi) elan etdi, monqol tayfalarını hərbi-inzibati vahidlərə-minliklərə (bu vahidlər xanın tələbi ilə 1000 süvari əsgər verməli idilər) bölmüş, dövlətdə baş verə biləcək iğtişaşları yatırmaq üçün 10 minlik şəxsi qvardiya (keşik) yaratmışdı. Çingiz xan dəqiq bölgü-onluq, yüzlük, minlik, tümən (on minlik) və iri mərkəzləşdirilmiş idarə sisteminə malik güclü ordu yaratmış, müharibə aparılması və hərbi xidmətin təşkil olunması qaydalarını işləyib hazırladı. Dəqiq kəşfiyyat məlumatları toplamaq, düşmənin qüvvələrini parçalamaq, çoxsaylı süvari qüvvələrlə qəflətən hücuma keçmək Çingiz xan strategiya və taktikasının səciyyəvi xüsusiyyətləri idi. Monqol dövləti az bir zamanda mərkəzləşərək böyük imperiyaya çevrilir və monqolların böyük işğalları başlayır.

Bu dövrdə Azərbaycanın şərq sərhədlərində mövcud olan Xarəzmşahlar dövləti iqtisadi və hərbi qüdrətini itirmişdi və monqollarla mübarizə aparmaq iqtidarında deyildi. Ölkədə vahid mərkəzi dövlət olmadığından feodal çəkişmələri hökm sürürdü. Eldənizlərin Atabəylər dövləti, Şirvanşahlar dövləti, Marağada Rəvvadilər nəslindən olan Ağsunqurilər sülaləsi (1108-1227) əvvəlki qüdrətlərini itirmişdilər. Monqollar 1220-ci ildə Azərbaycana ilk dəfə yürüş etdilər. O zaman Azərbaycanda dövlət rəhbərliyinin zəifliyi bir-birinin ardınca şəhərlərimizin işğalına səbəb oldu. Bu dövrdə hər şəhərin öz qornizonu-döyüşçüsü olduğu halda, onlar birləşib vahid şəkildə düşmənə cavab vermədikləri üçün, moğollar şəhərləri bir-bir talan edərək öz istəklərinə nail oldular. Monqol sərkərdələri Cəbə və Subutay Zəncan, Ərdəbil, Sərab və b. şəhərləri və kəndləri dağıda-dağıda Təbrizə yaxınlaşdılar. Şəhər möhkəm qala divarları ilə əhatə edildiyindən monqollar danışıqlar aparmağı qərara aldılar. Monqollar böyük xərac aldıqdan sonra qışlamaq üçün Muğana yollandılar. Lakin gürcü çarı IV Georgi ilə Atabəy Özbək arasında hərbi ittifaq bağlandığı barədə məlumat alan monqollar Muğandan Gürcüstana basqın etdilər və gürcü çarını məğlubiyyətə uğratdılar.

1221-ci ilin əvvəllərində Cəbə və Subutayın dəstələri Gürcüstandan Azərbaycana qayıtdılar və Təbrizə tərəf hərəkət etdilər. Təbriz hakimi Şəmsəddin Tuğrayi xərac verməklə şəhəri qarətdən xilas etdi. Monqollar Marağa üzərinə yürüş etdilər. Əhali ciddi müqavimət göstərdi. Düşmən divardağıdan maşından istifadə edərək şəhərə daxil oldu. Əhaliyə qanlı divan tutuldu. Monqollar Marağadan sonra Ərdəbili tutdular. Ərdəbildən sonra 3-cü dəfə Təbrizə hücum etdilər. Özbək Naxçıvana qaçdı. Əhali Şəmsəddin Tuğrayinin başçılığı ilə şəhərin müdafiəsinə qalxdı. Cəbə və Subutay Təbrizin ciddi mübarizəyə hazır olduğunu görüb açıq döyüşə girməkdən çəkindilər və yenə xərac almaqla kifayətləndilər. Təbriz yenə qarətdən xilas oldu. Monqollar Sərab, Beyləqan şəhərlərini işğal edib, Gəncəyə hücum etdilər. Gəncəlilərin əvvəlcədən hazırlaşdığını bilən monqollar xərac almaqla kifayətləndilər və Gürcüstana getdilər. Gürcüstandan sonra monqollar 1222-ci ildə Şirvanın paytaxtı Şamaxını mühasirəyə aldılar. Şamaxılılar şəhərin müdafiəsinə yaxşı hazırlaşmışdılar. Qala divarlarının ətrafında xəndəklər qazılmış və su ilə doldurulmuşdu. Lakin bunlara baxmayaraq, moğollar çoxlu mal-qara öldürüb xəndəklərə doldurdular. Üç gün gərgin döyüşlər davam etsə də, xəndəyə doldurulan cəsədlər çürüyüb aşağı yatdığından şəhərə hücum zəifləyir. Lakin özlərində güc toplayan moğollar daha güclü hücumla şəhəri alıb çoxlu adam qırırlar.

Sonra Şirvana soxuldular. Şirvanşah Güştasp (1203-1225) qalaların birinə çəkilməli oldu. Şamaxı əhalisi 3 gün mübarizə apardı, lakin monqollar şəhəri tutdular, şəhərdə əhalinin kökü kəsildi.

1222-ci ildə monqollar Şamaxıdan Dərbəndə üz tutdular. Dərbənd keçidindən keçməyin çətinliyini görən Cəbə və Subutay hiylə işlətdilər. Onlar Şirvanşaha danışıq üçün xəbər göndərdilər. Şirvanşah təklifi qəbul etdi və 10 nəfərlik elçi heyəti göndərdi. Monqollar elçilərin birini öldürüb digərlərini məcbur etdilər ki, onları gizli yollarla Dəbənddən şimala keçirsinlər. Onlar 1223-cü ildə Kalka çayı sahilində rus-qıpçaq qoşunlarına qalib gəldilər, lakin İdil sahilində bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar.

Monqollar Azərbaycanı tərk etdikdən sonra, 1223-cü ildə şimaldan 50 minlik qıpçaq ordusu Şirvana hücum edir. Qıpçaqları Şirvanda darmadağın edən gürcülər Azərbaycana basqın etdilər. Bu dəfə gürcülərin törətdiyi qırğın monqolların etdiyindən artıq idi. Onlar onsuz da dağılmış Azərbaycanı talayıb geri qayıtdılar. Gürcülər 1225-ci ildə yenidən Azərbaycana hücuma keçdilər. Lakin bu dəfə məğlub olub geri çəkildilər.

Orta Asiyanı işğal etdikdən sonra Xarəzmşah Məhəmmədin oğlanları cənuba və qərbə doğru hərəkət etməyə başladılar. Məhəmmədin oğlu Qiyasəddin Pirşah Fars İraqını tutub, 1224-cü ildə Azərbaycana yürüş etmişdi. Atabəy Özbək Pirşahın hüzuruna bir neçə elçi göndərib sülh bağlamağı xahiş edir. Pirşah sülh şərtlərini qəbul edərək, Atabəyin bacısı, Naxçıvan hakimi Cəlaliyyə ilə evlənir. Pirşah buradan Reyə çəkilir. Bu zaman Hindistandan gəlmiş Məhəmmədin o biri oğlu Cəlaləddin Manqburnu xəlifə Ən-Nəsiri xəbərdar edərək öz qoşunlarını Bağdada tərəf yönəldir. Çünki, Cəlaləddinə xəbər vermişdilər ki, Xarəzmşahlarla müharibə etmək üçün xilafət monqolları köməyə çağırmışdır. Cəlaləddinin qoşunları İraqa doğru irəliləyir. Qoşunun bir hissəsi Bəsrəyə çatır. Bəsrənin iki aylıq mühasirəsindən sonra Cəlaləddin qoşununu geri çəkir və Xilafətin ordusu ilə üz-üzə gələrək, onları məğlub edir. 12 gün Bağdad ətrafında qalan Cəlaləddin oradan Azərbaycana gəlir.

1225-ci ildə o, İraq, Əcəm, Kirman və Fars vilayətlərini ələ keçirdi. Sonra Marağanı tutdu, Təbrizə yönəldi. Atabəy Özbək, ailəsini qoyub Gəncəyə qaçdı, oradan Əlincə qalasına getdi və burada öldü. Bununla da Eldənizlər sülaləsi süqut etdi. Atabəylərin hakimiyyəti altında olan ərazilər-Azərbaycan, Arran, Şirvan Cəlaləddinin hakimiyyəti altına keçir. Təbrizlilər şəhər rəisi Şəmsəddin Tuğrayinin qardaşı oğlu Nizaməddinin başçılığı ilə 7 gün mərdliklə vuruşdular, lakin birlik olmadığından Cəlaləddin 1225-ci il iyulun 25- də şəhəri tutdu. Nizaməddin Tuğrayi şəhər rəisi təyin edildi. Atabəylərin Gəncədəki canişini Cəmaləddin də şəhəri Cəlaləddinin sərkərdəsi Urxana təslim etdi. Urxan Arranın Beyləqan, Şəmkir şəhərlərini tutdu. Ağsunqurilər dövləti (1227) süqut etdi. Şirvanşahlar isə ildə 100 min dinar xərac verməklə Cəlaləddinin hökmranlığını qəbul etdilər. Cəlaləddin Gürcüstanın şərq hissəsini qarət etdi. Azərbaycanın idarəsi Cəlaləddinin vəziri Şərəf əl-Mülkə tapşırılmışdı. Gəncə Cəlaləddinin iqamətgahına çevrilmişdi.

Bu vaxt Təbrizdə işğalçılara qarşı çıxışlar başlandı. Buna səbəb vəzirin əhalidən qanunsuz yığdığı vergilər idi. Bu barədə məktub alan kimi Cəlaləddin Təbrizə qayıtdı. Şəmsəddin Tuğrayi zindana salındı, qardaşı oğlu Nizaməddin isə qətlə yetirildi. Çox keçmədən Şəmsəddin həbsdən azad edildi. Cəlaləddinin canişinləri yerli əhalini soyub taladılar. O, İraqda ikən yerli feodallar Təbrizdə hakimiyyəti ələ alaraq, Eldənizlər dövlətini bərpa etməyə çalışdılar. Onlar Özbəyin həbsdə olan nəvəsini azad edib hakimiyyətə gətirmək istədilər. Lakin üsyançılar məğlub oldular. Cana gələn xalq Təbrizdə üsyana qalxdı. Lakin Təbriz əyanları, xüsusilə Şəmsəddin Tuğrayi xarəzmlilərə qarşı açıq mübarəzədən çəkindilər. Xalq hərəkatı bütün Azərbaycanı bürüdü. 1231-ci il Gəncə üsyanı xalq hərəkatının ən yüksək zirvəsi oldu. Sənətkar Bəndərin başçılığı ilə üsyançılar şəhər hakiminin sarayını dağıtdılar, məmurlar və qulluqçular öldürüldü, Xarəzm qarnizonu məhv edildi. Cəlaləddinin üsyançılarla danışıqları bir nəticə vermədi, az sonra Cəlaləddin özü qoşun hissələri ilə Gəncə ətrafında məskən saldı və üsyançılara əmin-amanlıq vəd etdi. Lakin gəncəlilər şəhərdən çıxaraq sultan ordusuna hücum etdilər. Qanlı döyüş baş verdi və üsyançılar şəhərə çəkilməli oldular. Cəlaləddin üsyanı yatırdı, başçılardan 30 nəfəri edam etdirdi, Bəndər isə tikə-tikə doğrandı.

Xoy, Mərənd və Naxçıvanda azadlıq hərəkatı daha geniş vüsət aldı. Monqolların Azərbaycanı və ətraf əraziləri zəbt etmək üçün əlverişli şərait yaranmışdı. 1231-ci ildə Cormoğon noyonun başçılığı ilə monqollar 2-ci dəfə Azərbaycana yürüş etdilər. Monqollar Marağanı çətinliklə tutdular, əhali üzərinə ağır vergi qoyuldu. Sonra Təbriz şəhəri mühasirəyə alındı. Təbriz əyanları yenə də hədiyyələr hesabına şəhəri qırğından xilas etdilər. Bir çox tanınmış sənətkarlar Qaraqoruma göndərildi. Monqollar Gəncəni də mühasirəyə aldılar. Gəncəlilərin müqaviməti o qədər güclü idi ki, monqollar qala divarlarını dağıtdıqdan sonra bir həftə şəhərə girməyə cürət etmədilər. Düşmən əlinə keçməsin deyə gəncəlilər evləri yandırır, var-dövləti məhv edirdilər. Uzun mübarizədən sonra 1235-ci ildə Gəncə işğal olundu.

Monqollar Şəmkirdə ciddi müqavimətə rast gəldi. Şəmkirlilər şəhər hakimi Bəhramdan düşmənlə mübarizə aparmağı tələb etdilər. Lakin o, razı olmadı. Monqollar Şəmkirin ətrafındakı xəndəklərə odun və saman dolduraraq qalaya qalxmağa cəhd etdilər. Əhali gecə vaxtı samana od vurdu. Noyon Monqolları xəndəkləri qumla doldurtduraraq atəşi söndürüb şəhərə girə bildilər. Şəmkir yandırıldı, sakinləri qılıncdan keçirildi. Tovuz və Bakı tutuldu. 1239-cu ildə Dərbənd şəhərinin işğalı ilə bütün Azərbaycan monqollar tərəfindən tutuldu. Monqollar Monqolustana qayıtmadılar və tutduqları ərazilərdə məskunlaşdılar. Azərbaycan və Cənubi Qafqaz əraziləri 1239-1256-cı illərdə Böyük Monqol imperatorluğunun canişinləri tərəfindən idarə olunurdu.

Torpaq sahələri və otlaqlar monqol canişininin ixtiyarında idi. Yerli feodallar torpaq malikanələrindən məhrum oldular, monqolların vassalına çevrildilər. Hər dəfə Böyük Monqol imperatorluğunda yeni xaqan seçildikdə yerli feodallara öz malikanələrini idarə etmək üçün icazə sənədi-yarlıq verilirdi. Bu isə əlavə xərc tələb edirdi. Ölkədə monqol siyasətinə qarşı xalq hərəkatı və üsyanlar başladı.

Böyük Monqol xaqanı Münke istilaları davam etdirmək məqsədi ilə 1253-cü ildə şahzadə Hülakünü Ön Asiyaya qoşun göndərdi. Monqolların 3-cü yürüşü zamanı, 1256-cı ildə Azərbaycan tabe edildi. 1258-ci ilin fevralında Hülakü Bağdadı tutdu və 500 ildən artıq hökm sürən Abbasilər xilafəti süqut etdi. Yeni işğal edilmiş ərazilərdə V monqol ulusu-Hülakü dövləti yaradıldı.

2. Hülakü dövləti Azərbaycanda bir əsr (1357-ci ilədək) fəaliyyət göstərdi. Hülakü dövlətinin təşəkkülü və uzun müddət mövcud olması Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına-onun hüdudlarının sabitliyinə, dilinə və s. təsir göstərdi. Tarixən əlverişli coğrafi şəraiti, gözəl iqlimi və zəngin təbii sərvətləri olan Azərbaycan Hülakü dövlətində mühüm yer tuturdu. Onlar Azərbaycanı Hülakü dövlətinin mərkəzi vilayətinə, Marağanı, Təbrizi, Sultaniyyəni, yenidən Təbrizi paytaxt şəhərinə çevirdilər. Hülakü dövlətinin bütün əraziləri Azərbaycandan-Təbrizdən idarə olunurdu. Qarabağ Elxanilərin yay iqamətgahı, Muğan isə qışlağı idi. Azərbaycana Arran, Şirvan, Şəki, Muğan, Qarabağ, Qaradağ, Naxçıvan, Güştasfi (Şamaxı), Arasbar (İranın Şərqi Azərbaycan əyaləti) əraziləri daxil idi. Təxmini hesablamalar bu dövrdə Azərbaycan ərazisinin 250 min kv km olduğunu göstərir.

Hülakü xan geniş əraziyə malik dövlət təşkil etdikdən sonra köçmə zadəganlara arxalanaraq ali hakimiyyət orqanlarını, hərbi və siyasi işləri, vilayətlərin idarəsini şahzadələrlə əmirlərin arasında böldü. Şahzadə Yuşmut Arranın hakimi təyin olundu. Hülakü dövləti nə qədər qüvvətli olsa da, köçmə feodalların qüvvətlənməsi mərkəzi hakimiyyətə qarşı mübarizəni gücləndirdi. Elxanilərlə Cuci nəslindən olan Qızıl Orda xanları arasında Azərbaycan ərazisi uğrunda müharibə gedirdi. Qızıl Orda xanları Azərbaycanın Çingiz xanın vəsiyyətinə görə Batı xanın payına düşdüyünü iddia edirdilər. Qızıl Orda xanı Bərkə 1263-cü ildə sərkərdə Noqayın başçılığı ilə 30 minlik qoşunu Şirvana yeritdi. Dərbənd şəhəri tutuldu. 1265-ci ildə Elxanilər Qızıl Ordalıları ölkədən qovdular. Qızıl Orda xanlarının 1288 və 1290-cı illərdə yürüşləri də bir nəticə vermədi.

XIII əsrin ortalarında Hülakü dövlətinin yaradılması, mərkəzi hakimiyyətin qüvvətlənməsi təsərrüfatda müəyyən canlanmaya səbəb oldu. Hülakü və Abaqa xanın zamanında torpaq və vergi siyasəti müəyyənləşdi və mərkəzi idarə sistemi yarandı. 1254-cü ildə Azərbaycanda 10 yaşından 60 yaşınadək bütün kişi qismi siyahıya alındı. Elxanilərin iqtisadi siyasətinin əsasını yerli feodalları torpaq sahibliyindən məhrum etmək və bütün gəlirlərin mənimsənilməsi təşkil edirdi. İşğal olunmuş torpaqlar incu (hökmdar və xan nəslinə məxsus) və divan (dövlət) torpaqlarına çevrildi və köçmə feodalların ixtiyarına verildi. Yeni vergilər də (qopçur-otlaq vergisi-tədricən can vergisi, tamğa-sənətkar və tacirlərdən alınan vergi, kalan və s.) toplanırdı. Vergilərin toplanması icarəyə (müqatiəyə) verilirdi. İcarədarlar qanunsuzluqlara və sui-istifadəyə əl atırdılar.

XIII əsrin son rübündə Elxanilər dövlətində iqtisadi və siyasi böhran baş verdi. Keyxatu xan pul islahatı keçirdi, ölkədə kağız pullar-çao tədavülə buraxıldı. Lakin bu, xəzinənin boşalmasının qarşısını ala bilmədi. Əsrin axırlarında hakimiyyət uğrunda gedən mübarizə Arqun xanın oğlu Qazan xanın (1295-1304) Qarabağda 7-ci Hülakü hakimi elan olunması ilə nəticələndi. O, (1295-1304) vəziyyəti nizama salmaq məqsədilə bir sıra islahatlar, o cümlədən dini islahat həyata keçirir, Mahmud adını qəbul edir və islam dini dövlət dini elan olunur. Qazan xanın göstərişi ilə bütpərəst məbədləri, hətta atasının tikdirdiyi məbədlər də dağıdılır, yerinə məscidlər tikilirdi. Görünür bu islahatla bağlı olaraq o, Monqolustanda oturmaqda olan xaqan hakimiyyətini tanımaqdan imtina etdi. Bu, yerli torpaq sahibləri və ruhanilər ilə yaxınlaşmaq siyasətinə keçid idi.



Arranda Arslanoğlunun başçılığı ilə Qazan xana qarşı təşkil edilmiş sui-qəsdin üstü açıldı və onun təşkilatçıları edam olundu. 1297-1298-ci illərdə Qazan xan Azərbaycanın şimalında Taycuoğlunun qiyamını da yatıra bildi və mərkəzi dövləti möhkəmləndirdi.


Yüklə 34,72 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin