Mövzu Qaçqın və məcburi köçkünlərlə sosial işin xüsusiyyətləri və əsas istiqamətləri



Yüklə 59,03 Kb.
səhifə1/3
tarix05.04.2022
ölçüsü59,03 Kb.
#54779
  1   2   3
Mühazire 4



Mövzu 4.
Qaçqın və məcburi köçkünlərlə sosial işin xüsusiyyətləri və əsas istiqamətləri
Plan

  1. Qaçqın və məcburi köçkünlərin sosial işin fərqləndirici cəhətləri

  2. Qaçqın və məcburi köçkünlərin statusuilə bağlı məsələlər

  3. Qaçqın və məcburi köçkün ailələri və icmaları ilə sosial işin xüsusiyyətləri

  4. Qaçqın və məcburi köçkün qadınlar və kişilərlə sosial iş

  5. Qaçqın və məcburi köçkün uşaqlarla, gənclərlə və yaşlılarla sosial iş




  1. Qaçqın və məcburi köçkünlərin sosial işin fərqləndirici cəhətləri

Müasir dövrdə həm ölkədaxili, həm də qlobal səviyyədə özünü getdikcə daha sərt formada göstərən insanlararası ziddiyyətlər, fövqəladə vəziyyətlər, xüsusilə də humanitar fəlakətlər sosial işin əhəmiyyətini və rolunu olduqca artırır. Artıq hər il mart ayının üçüncü çərşənbə axşamı “Dünya Sosial İş Günü” kimi qeyd olunur. Bu günün əhəmiyyəti ondan ibarətdir ki, həmin tarixdə yerli və beynəlxalq sosial xidmət təşkilatları və peşəkarları bir tərəfdən öz fəaliyyətləri, insanlığa töfhələri barədə geniş ictimaiyyəti məlumatlandırır, digər tərəfdən də sosial işçilərin səsinin bütün dünyaya duyurulmasına çalışırlar.

Bəs qaçqın və məcburi köçkünlərlə social işi digər sahə və istiqamətlərdə aparılan sosial işdən fərqləndirən cəhətlər hansılardır? Burada ilk növbədə subekt meyarına diqqət yetirmək lazımdır. Belə ki, soşial işin bu növü xüsusi kateqoriyaya aid insanlara – qaçqın və məcburi köçkünlərə xidmət göstərilməsini, onların tələbat və ehtiyaclarının qarşılanmasını nəzərdə tutur. Bu meyar digər sosial iş növlərinin fərqləndirilməsində də mühüm rol oynayır. Məsələn, ahıllarla sosial iş, uşaqlarla sosial iş və s. Burada diqqət yetirilməli əsas məsələ ondan ibarətdir ki, normal şəraitlərdə həmin subyektlər ayrı-ayrı kateqoriyaları təşkil edir. Lakin onların hər biri qaçqın və məcburi köçkünlərlə sosial iş aparılan zamanı alt kateqoriyalar kimi nəzərdən keçirilirlər və məsələn, uşaq qaçqın və ya məcburi köçkünlərlə, eləcə də qaçqın və ya məcburi köçkün qadınlarla sosial işin öz xüsusiyyətləri mövcuddur ki, bu barədə irəlidə ətraflı söhbət açılacaqdır.



Ikincisi, qaçqın və məcburi köçkünlərlə sosial iş miqyasına və subyektlərin sayına görə daha geniş və daha əhatəlidir.Başqa sözlə, sosial işin bu növünün planlanması və həyata keçirilməsi zamanı çoxlu sayda qurbanlarla işləmək lazım gəlir. Məsələn, BMT-nin Qaçqınları İşi üzrə Agentliyinin 2017-ci il üzrə rəsmi məlumatlarına əsasən, hazırda bütün dünyada öz torpaqlarından didərgin düşmüş insanların sayı 68.5 milyon nəfərdir. Bu rəqəm 2016-cı illə müqayisədə 2.9 milyon nəfər artıqdır. Göstərilən rəqəmin 40 milyonunu məcburi köçkünlər, 25.4 milyonunu qaçqınlar, 3.1 milyonunu sığınacaq axtaranlar. Ümumiyyətlə, dünya üzrə qaçqın və məcburi köçkünlərin 85 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür.

Üçüncüsü, qaçqın və məcburi köçkünlərlə sosial iş son dərəcədə həssas, təxirəsalınmaz və kompleks tədbirlərin görülməsinə istiqamətlənməlidir.Başqa sözlə, sosial işin başqa növ və formalarından fərqli olaraq, qaçqın və məcburi köçkünlərlə sosial iş konkret bir problemin deyil, bir-birindən mahiyyət etibarilə fərqli bir çox problemin aradan qaldırılması vəzifəsinin öhdəsindən gəlməlidir. Məsələn, fiziki təhlükəsizlik, sığınacaq, mənzil, qida təminatı, müalicə, işsizlik və s. kimi problemlərinin hamısı qaçqın və ya məcburi köçkünün həyatda qalmasına eyni dərəcədə sorun yaradan amillərdir və sosial işçi onların hər birinə xüsusi diqqət ayırmalıdır.

Dördüncüsü, qaçqın və məcburi köçkünlərlə sosial işçinin üzləşdiyi, yuxarıda sadalanan problemlər özlə, mahiyyət etibarilə, mürəkkəb və çoxşaxəlidirlər.Yəni, məsələn, qaçqın və ya məcburi köçkünün fiziki təhlükəsizliyinin təmin olunması məsələsi, hər şeydən əvvəl, siyasi, hərbi, eyni zamanda, hüquqi və iqtisadi xarakterli bir problemdir. Onun sığınacaq və ya mənzillə təmin olunması, müvəqqəti və ya daimi məskunlaşması problemi, geosiyasi, siyasi, hüquqi, iqtisadi, diplomatik xarakterə malikdir.

Nəhayət, beşincisi, yuxarıda sadalanan digər 4 fərqləndirici cəhətin işığında bu qənaətə gəlmək mümkündür ki, qaçqın və məcburi köçkünlərlə sosial iş sahəsində ixtisaslaşan şəxslər daha peşəkar və hərtərəfli hazırlıqlı olmalıdırlar. Çünki onların praktikada sosial işin digər növləri ilə məşğul olan həmkarlarının üzləşdiyi, həmən həmən hər problemlə üzləşmə ehtimalı həddindən artıq yüksəkdir. Bu baxımdan, qaçqın və məcburi köçkünlərlə işləyən sosial işçi, bir növ, ikili xarakterə malik xidməti həyata keçirir. Belə ki, birincisi, o, qaçqın və məcburi köçkünlərin ehtiyac və tələbatlarının qarşılanması üçün zəruri işləri görür ki (məsələn, qaçqın və məcburi köçkünlərə status alınmas, onların zəruri sənədlərlə təmin olunması, müvəqqəti məskunlaşdırılmaları, müxtəlif növ yardımlarla təmin olunmaları, yeni cəmiyyətə uyğunlaşmaları və s.), bu zaman o spesifik nəzəri və praktiki bilik və bacarıqlara malik olduğunu nümayiş etdirməlidir. İkincisi, sosial işçi digər həmkarlarının malik olduğu bilik və bacarıqlara sahiblənməli, məsələn, ahıllarla, uşaqlarla, qadınlarla və s. kateqoriya insanlarla necə işləmək lazım olduğunu bilməli və bunu təcrübədə nümayiş etdirməlidir.

İrəlidə həmin bu iki kateqoriyaya daxil olan fəaliyyətləri ayrı-ayrılıqda daha təfsilatlı şəkildə müzakirə edəcəyik.



  1. Qaçqın və məcburi köçkünlərin statusu ilə bağlı məsələlər

Biz artıq 2-ci mövzudan qaçqın və məcburi köçkün anlayışları ilə tanışıq. Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyinin əsasında sözügedən anlayışları təkrar nəzərdən keçirməyimiz məqsədəmüvafiq hesab olunur. Çünki qaçqın və məcburi köçkün statusu sırf siyasi-hüquqi xarakterə malikdir və vətəndaşlıq kimi qaçqınlıq və məcburi köçkünlük də, qaçqın və məcburi köçkünlə yerləşmə dövlətinin arasında xüsusi hüquqi və siyasi bağ yaradır. Beləliklə, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə:

  • qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

O cümlədən, “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə məcburi köçkün statusu verilə bilər”.

Məcburi köçkünlərdən fərqli olaraq, qaçqınlara, o cümlədən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq status verilməsi prosesi iki mərhələlidir. Birinci mərhələ status almaq istəyən şəxsin Azərbaycan Respublikasının ərazisinə buraxılmasından ibarətdir. Məsələn, müvafiq qanunvericiliyin tələblərinə görə, qaçqın statusu almaq istəyən şəxs Azərbaycan Respublikasının ərazisinə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə sərhəd-nəzarət məntəqələrindən buraxılır. O cümlədən, qaçqın kimi başqa dövlətdən qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmiş və mümkün qədər tez müvafiq səlahiyyətli orqana müraciət etmiş şəxs həmin orqanın əsaslandırılmış qərarı ilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan məsuliyyətdən azad edilir. Şəxsin qaçqın düşməsi üçün faktiki olaraq mövcud olan və qanunvericilikdə sadalanan səbəblərə görə onun həyat və ya azadlığını təhlükə gözləyən ölkəyə heç bir halda göndərilmir və ya məcburi qaytarılmır.

İkinci mərhələdə isə, qaçqın, məcburi köçkün və digər kateqoriya şəxslərin siyasi-hüquqi olaraq müvafiq status almaları məqsədilə zəruri, praktiki tədbirlər görülür. Beləliklə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları respublikamzda müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Həmin orqanlara, ilk növbədə, Dövlət Miqrasiya Xidməti və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi daxildir.

Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməlidirlər.Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir.




Yüklə 59,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin