Mövzu12
Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsinin mahiyyəti
məqsədi və vəzifələri.
Ekologiya yunan sözü olub, iki hissədən ibarətdir. Eykos – ev, yurd, vətən və loqos– elm mənasını verir və yurd, ev, vətən anlayışları ilə qarşılıqlı əlaqədə olan məsə- ləri – təbiətlə orqanizm arasındakı əlaqələri öyrənir. Deməli, canlı təbiət və onun ayrı – ayrı ünsürləri xarici aləmin qarşılıqlı münasibətlərini öyrənən elm ekologiya adlanır. Elmi termin kimi ekologiya sözünü ilk dəfə 1866-cı ildə alman bioloqu Ernest Hekkel işlətmiş, sonralar təbiətşünaslıq sahəsində çalışan bir çox alimlər ekologiyanı elm kimi inkişaf etdirmişlər. Lakin bu o demək deyildir ki, əvvəllər təbiətin qorunmasına diqqət yetirilməmişdir. Ekoloji tarazlığın qorunub saxlanmasına bütün dünya xalqlarında rast gəldiyi kimi Azərbaycan folklorunda da geniş yer verilmişdir. Bunun səbəbi odur ki, insan təbii mühitsiz yaşaya bilməz. “Qurani – Kərim”də göstərilir ki, allah bütün görünən nemətləri insan üçün yaratmışdır. Lakin insan allahın verdiyi bu nemətləri dağıdıb məhv etməməlidir, öz rifahı naminə onu qoruyub saxlamalıdır. Azərbaycan şifahi xalq yaradıcılığında təbiəti və onun sərvətlərini qorumaq üçün yasaqlara, qadağalara rast gəlirik.
“Balalı quşun yuvasını dağıtmazlar”, “Bar verən ağacı kəsməzlər”, “Axar suya tüpürməzlər” və s. O cümlədən atalarımızın alqışları var: “Axar suyun qurumasın”, “Kölgən qalın olsun”, “Yanan çırağın sönməsin” və s. O cümlədən bayatılarımız vardır ki, bunların da bir neçəsini misal gətirmək olar.
Maral durduğu yerdə
Boynunu burduğu yerdə
Ovçunun qolu sınsın
Maralı vurduğu yerdə.
Belə misallardan aydın olur ki, hələ ata – babalarımız öz ğyüdlərində, nəsihətlərində insanları təbiəti qorumağa çağırırdı. Əgər bu gün biz təbiətlə vəhşicəsinə rəftar etsək, təbiət onun qisasını bizdən alacaq. Təmiz, saf bulaqlar quruyacaq, ağaclar məhz olacaq, onda da təbiətdə oksigen qıtlığı yaranacaq ki, bu da həyatın məhvi deməkdir. Təbiət bizi həm yedizdirir, həm də sağlamlığımızı qoruyur. Atalar deyib: “Əkiblər yemişik, əkirik yeyirlər”. Bu nə deməkdir? Demək həyat intensiv surətdə inkişaf edir, insan isə bu inkişafın daşıyıcısıdır. Ekologiya dövlət tərəfindən də qorunmağa başlamış, hələ əsrimizin 20-ci illərində təbiəti qorumaq haqqında bir neçə dekret verilmişdir.Ekoloji tərbiyəyə dair müstəqillik dövründə daha ciddi qərarlar verildi, meşələrin salınması, təbiətin qorunması quşların, heyvanların qorunmasına xüsusi diqqət yetirilir. Odur ki, Azərbaycan Respublikası Konstitusiyasının II fəslinin 78-ci maddəsində deyilir ki, ətraf mühitin mühafizəsi hər bir şəxsin borcudur. Buradan da aydın olur ki, təbiəti qorumaq Azərbaycan Respublikasının hər bir vətəndaşının müqəddəs borcu və vəzifəsidir.
Azərbaycan Respublikasının Konstitutsiyasında nəzərdə tutulmuş hüquq və vəzifələri yerinə yetirmək üçün ölkə vətəndaşlarının ekoloji mədəniyyətinin inkişaf etdirilməsi pedaqoq alimlər, müəllim və tərbiyəçilər qarşısında mühüm vəzifə olaraq qoyulmuşdur. Ekoloji mədəniyyətin formalaşdırılması fasiləsiz olaraq ailədən, uşaq bağçalarından başlayaraq, orta məktəbdə və nəhayət ali məktəblərdə aparılmalıdır.
Uşaq bağçası uşaqların dünyagörüşlərinin genişlənməsi üçün bir mərhələdir. Təhsil sisteminin ilk pilləsi olan məktəbəqədər tərbiyə uşaqların intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlan-masında xüsusi əhəmiyyətə malikdir. Kollektiv həyata və eyni zamanda cəmiyyətə uyğunlaşmaq baxımından bağça iki – üç yaşlı uşaqlar üçün ilk sınaq meydanı olur.
Məlum olduğu kimi müasir dünyanın ən böyük problemlərindən biri ekoloji problemdir. Ekologiyanın pisləşməsi, ətraf mühitin çirklənməsi bütün ölkələrdə olduğu kimi Respublikamızda da ciddi narahatlıq doğurur. Elə buna görə də Prezident İlham Əliyev 2006-cı il sentyabrın 26-da Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006- 2010-cu illər üçün kompleks tədbirlər planı haqqında sərəncam imzalamışdır. Habelə Prezident sərəncamı ilə 2010-cu il “Ekologiya ili” elan edilmişdir. Atmosferi qorumaq, təbiətun simmetriyasının pozulmasının qarşısını almaq insanların müqəddəs borcudur. Çünki təbiəti qorumaqla insan özünü qoruyur. İnsan orqanizmi təbiətlə ahəngdarlıq təşkil edir. Xalq şairi B.Vahabzadə belə təsvir etmişdir:
Həm yerin, həm göyün sirrini aşkar,
Oxudum hər gülün ləçəklərindən
Böcəklər, çiçəklər, güllər, arılar
Kim deyir ayrıdır biri-birindən?
Eşqdir yaradan təbiəti də
Çiçəklər torpağın min bir rəngidir.
Böcəklə çiçəyin məhəbbəti də
Ana təbiətin öz ahəngidir!
Ekoloji tərbiyə məqsədyönlü, mütəşəkkil proses olub təbiətin qorunmasına dair bilik, bacarıq və vərdişlər sisteminə verilməlidir. Doğma yurda, torpağa dərin məhəbbətdir. Bu məhəbbət uşaqlara erkən yaşdan aşılanmalıdır. Bununla əlaqədar tərbiyəçinin qarşısında bir sıra vəzifələr durur. Əgər tərbiyəçi təbiəti özü sevirsə, onu uşaqlara da sevdirəcək. Təbiətin qoynuna uşaqları gəzintiyə çıxararkən onların diqqətini körpə otlara, çiçəklərə yönəldir, onun gözəlliyini uşaqlara çatdırır. Hər fəslin öz gözəlliyi var. Tərbiyəçi ayrı –ayrı fəsillərin özünəməxsus gözəlliyini onlara göstərməlidir, başa salmalıdır. Uşaqlar çox vaxt çəyirtkənin, milçəyin, qarışqanın qıçını qırıb onun hərəkətinə, çapalamasına uzun müddət baxır, xoşlarına gəlir, bunu təkrar edir. Bunu müşahidə edən yaşlılar dərhal uşaqlarla söhbət aparmalıdır, onların da canlı olduğunu, yaşamaq haqqı olduğunu başa salmalıdır.Yalnız, tərbiyəçi uşaqları gəzməyə aparır. Tərbiyəçi uşaqlardan birinin təzə açılmış gülü qırdığını, əlində əzdiyini, sonra da astdığını görür. Belə olduqda tərbiyəçi söhbət aparır ki, əgər hər uşaq bu gülün birini qırsa burda heç nə qalmaz. Amma o güllər yerində olanda hamının zövqünü oxşayır, onlardan xoşu gəlir. Ona görə də gülləri, çiçəkləri, meyvə budaqlarını qırmaq olmaz.
Alimlər son zamanlar apardıqları tədqiqatdan bu nəticəyə gəlmişlər ki, uşaqlıq illərində canlılara, o cümlədən bitkilərə qarşı amansız olan uşaqlar böyüyəndə də qəddar olurlar.
Ekoloji tərbiyənin zəruri komponentlərindən biri vətən sevgisidir. Təbiəti sevmək, onu qorumaq, vətəni sevmək vətəni qorumaqdır. Vətən torpağının hər bir qarışı göylərə baş çəkən uca dağları, dərin dərələri, sıldırım qayaları, bərəkətli torpaqları, gülli- çiçəkli yarpaqları, şəfa bulaqları, bol sulu çayları, gölləri, Xəzər dənizi bizim üçün əzizdir. Təbiətin özünü, onun formasını və faunası dəyişdirir. Təbiətin qorunması, onun bitki və heyvanlar aləminin qorunub saxlanması bu gün də öz əhəmiyyətini itirməmişdir. İndi elə heyvanlar, elə quşlar, elə bitkilər var ki, artıq onların nəsli kəsilmək üzrədir. Bunun səbəbi nədir? İnsanların onlara qarşı qəddarlığı, heyvan da, bitki də də öz doğma yerini sevir, çox zaman onun yerini dəyişdirəndə o, məhv olur.
Ekoloji tərbiyə uşaqlarda ekoloji baxışların və mühakimənin yaradılmasına kömək göstərməlidir. Məktəbəqədər yaşlı uşaqlar ekoloji tərbiyənin mahiyyətini bəsit formada olsa da dərk etməli, Vətənin təbiətini sevməli, təbii sərvətlərini qorumalı, onun yaxşılaşması və artırılmasında güclərinə müvafiq fəaliyyət göstərməlidirlər. Yalnız müşahidə etmək deyil, onun haqqında mühakimə yürütməyi, ətraf mühiti nə üçün qorumağın vacibliyini sadə şəkildə də olsa izah etməyi bacarmalıdırlar.Ekoloji tərbiyə bağça yaşlı uşaqları ekologiyanın müxtəlif sahələri üzrə müvafiq bilik, bacarıq və vərdişlərlə silahlandırılmalıdır. Ətraf mühiti dərindən dərk etmək üçün onun haqqında insanda eyni təsəvvürlə yanaşı bilik də olmalıdır. Belə bilik uşaqlara bəsit formada olsa da aşılanmalıdır.
`Ekoloji tərbiyənin prinsipləri. Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsini lazımi səviyyədə qurmaq üçün bir sıra tələblərə - prinsiplərə əməl edilməlidir:
1. Ekoloji tərbiyəyə uşaq şəxsiyyətini hərtərəfli inkişafının tərkib hissəsi kimi baxılmalıdır. Ekoloji tərbiyyəyə, estetik əmək və vətənpərvərlik tərbiyəsi ilə bağlıdır, onda uşaqları təbiətdə olan gözəlliyi qorumaq və qavramaq, doğma torpağın təbii sərvətini mühafizə etmək, onların qayğısına qalmaq bacarıq və vərdişlərinə yiyələnirlər.
2. Ekoloji tərbiyədə təbii sərvətlərin mahiyyətini anlamaq üçün məktəbəqədər
yaşlı uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Kiçik yaşlı uşaqlara təbii ehtiyatların tükənmməsi, erroziya, havanın, suyun, torpağın, bəzi bitki və heyvan növlərinin qeyri – insani münasibəti nəticəsində məhv edilməsini anlamaq üçün istər məşğələ, istərsə də məşğələdənkənar tərbiyəvi tədbirlər vasitəsi ilə sadə şəkildə onlara çatdırılmalıdır.
3. Ekoloji tərbiyə işində sistematik və ardıcıllıq gözlənilməlidir. Bu müntəzəm, planlı və məqsədyönlü həyata keçirilməlidir.
4. Ekoloji tərbiyə hərtərəfli aparılmalıdır. Uşaqlarda təbiətə sadə formada olsa da, münasibət formalaşmalıdır. Bu uşağın əxlaqına və xüsusən vətənpərvərlik hissinə təsir göstərməlidir.
Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsində fəsillər üzrə torpaqda, suda və havada baş verən dəyişiklikləri bilmək də mühüm əhəmiyyət kəsb edir. Hər fəsildə təbiətdə baş verən dəyişikliklər onların biliyini, təbiət haqqında anlayışlarını zəngin-ləşdirir, təbii sərvətlərə yanaşmada yeni imkanlar əldə etməsinə kömək edir.
Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsində təlim xarakterli gəzintilər mühüm rol oynayır. Proqramın tələblərinə müvafiq olaraq təbiətin qoynuna təşkil edilmiş gəzinti zamanı uşaqların təbiət və onun qorunması haqqında bilikləri zənginləşir, onlar bir çox hadisələri gözləri ilə görürlər. Gəzintinin üstün cəhəti burasındadır ki, uşaqlar çayın, meşənin, gölün təmiz saxlanması, çirkab suların çaya, gölə axıdılmasının zərərini anlayır, eləcə də, təbiətdəki gözəlliyi əyani olaraq görür, bu sahədə mühakimə yürüdürlər.
` Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsində bir sıra üsullar vardır. Həmin üsullardan düzgün və yaradıcılıqla istifadə etmək lazımdır. Uşaqlara məlumatların verilməsi məqsədilə keçirilən məşğələlərin böyük əhəmiyyəti vardır. Təlim proqramının məzmununun dəyişdirilməsində və məşğələlərdə çalışmaq lazımdır ki, uşağa verilən hər bir yeni məlumat onun əvvəllər qazandığı biliklərlə əlaqəli olsun. Mümkün qədər onu tamamlamağa xidmət göstərsin.Məşğələlərin təşkilində və keçirilməsində uşaqların qavrama qabiliyyətinin xüsusiyyətləri nəzərə alınmalıdır. Məşğələlər elə qurulmalıdır ki, uşaqların təbiətlə tanışlıq prosesində dünyagörüşləri, nitq və təfəkkürləri inkişaf etsin və onlarda ekologiyanı öyrənməyə meyl tərbiyə olunsun. Məşğələnin əsas məqsədi uşaqlara proqram materialını mənimsətməkdən başqa həm də sözlə yeni biliklər verməkdən və möhkəmlətməkdən ibarətdir. Bunun üçün müxtəlif metodlardan: təbiət obyektlərinin və yaşlıların əməyinin müşahidə edilməsi, didaktik oyunlar şəkillərdən müxtəlif materiallardan istifadə, bədii əsərlərin və hekayələrin oxunması, söhbətlərin aparılması və s. Məşğələ digər fəaliyyət formaları ilə sıx əlaqədardır. Hansı ki, onların biri digərini tamamlayır. Məşğələ zamanı uşaqlar öyrəndikləri bilik və bacarıqları gündəlik həyatda, əmək və oyunlarda tətbiq edirlər.
Dostları ilə paylaş: |