MÜNDƏRİcat giRİŞ



Yüklə 44,08 Kb.
tarix06.06.2020
ölçüsü44,08 Kb.
#31639
KURS İŞİ

MÜNDƏRİCAT

GİRİŞ.................................................................................................................

3

FƏSİL I. MƏHƏMMƏD ƏMANİ YARADICILIĞI....................................

4

1.1. Məhəmməd Əmaninin həyatı ......................................................................

4

1.2. Əsərləri və yaradıcılığı ................................................................................

5

FƏSİL II. FƏDAİ TƏBRİZİ YARADICILIĞI.............................................

13

2.1. Fədai Təbrizi və “Bəxtiyarnamə” əsəri .......................................................

13

NƏTİCƏ.............................................................................................................

19

ƏDƏBİYYAT SİYAHISI.................................................................................

20


GİRİŞ

Azərbaycan ədəbiyyatında yeni mərhələnin formalaşmasının ictimai-siyasi reallıqlarla yanaşı, ədəbi-mədəni proseslərdən doğan səbəbləri də var idi. İlk növbədə onu qeyd etmək lazımdır ki, bu vaxta qədərki klassik poeziyada mövcud olan nəsihətçilik meylləri XVII əsrdə inkişaf edərək müsbət mənada didaktik ədəbiyyatın yaranmasına səbəb olmuşdur. Bu isə öz növbəsində ədəbiyyatın, xüsusən də poeziyanın romantik ucalıqdan həyata, cəmiyyətə və insana doğru inkişafında yeni istiqamətin başlanması demək idi. 

XVII əsrdə klassik lirika ənənəsi içərisində həyati-didaktik meylin daha da qüvvətlənməsi aşkar müşahidə olunur ki, bu da bir az sonra meydana çıxmış Azərbaycan realizminin ilkin addımlarının atılması üçün münbit zəmin hazırlayır. Məhəmməd Əmaninin yaradıcılığındakı didaktikaçılıq, Sadiq bəy Əfşarın şeirlərindəki xalq ruhu bu vaxta qədər məhəbbət notları üstündə köklənmiş ədəbiyyatda artıq ab-havanın dəyişilməkdə olduğunu əks etdirir. Fədai Təbrizinin “Bəxtiyarnamə” poemasının başdan-başa əxlaqi-didaktik məsələlərə həsr olunması ədəbiyyatda yeni hadisə idi. Qövsi Təbrizi də klassik lirika janrlarında həyati-didaktik şeirlər yaratmağın nümunəsini göstərmişdir. Onun lirikasında zamanın ictimai-siyasi və nəsihətamiz-didaktik baxışları öz əksini tapmışdır. Fədainin aşağıdakı zərbi-məsəl kimi səslənən misraları dövrün nəsihətamiz poeziyasının əsas ruhunu ifadə edir:

Gər istərsən sənə etməyə nöqsan,

Cahanda heç kəsə söyləmə böhtan.

Demə böhtan və töhmət bigünahə,

Düşər hər kimsə öz qazdığı çahə.
Bu kurs işində Məhəmməd Əmaninin həyat və yaradıcılığından, Fədai Təbrizinin əsərlərindən bəhs edilmişdir.

Kurs işi giriş, 2 fəsil, 3 paraqraf, nəticə və ədəbiyyat siyahısından ibarətdir.


FƏSİL I

MƏHƏMMƏD ƏMANİ YARADICILIĞI

1.1. Məhəmməd Əmaninin həyatı.

Məhəmməd Əmani XVI əsrin ikinci yarısı XVII əsrin əvvəllərində yaşamışdır. İngilis şərqşünası Ç.Riyo iddia edir ki, Əmani I Şah Təhmasib və I Şah Abbas dövründə yaşamış, türk əmiri olmuş, Səfəvi sarayına yaxın şair kimi tanınmışdır. M.Əmani Təbriz (1603-1604), Mərv (1599-1600), Bəlx (1602-1603) üzərinə hərbi yürüşlərin iştirakçısı kimi öz şeirlərinin bir qismini bu yürüşlərə həsr etmişdir. Şair həm Azərbaycan, həm də fars dilində poetik əsərlər yazmışdır.

Əmani yaradıcılığında qəzəl əsas yer tutmuşdur. Dövrün bir sıra sairləri klassik Şərq poeziyası ənənələrini davam etdirirdilər. Məhəmməd Əmani dahi Azərbaycan şairi Məhəmməd Füzulinin ədəbi məktəbinin orijinal davamçllarındandır. Əmani lirikasının bir sıra xüsusiyyətləri ədəbiyyat tariximizdə ona qiymətli mövqe qazandırmışdır. Şairin bədii irsi onun yazıb-yaratdığı dövrdə Azərbaycanın ictimai-siyasi həyatını, ədəbi-mədəni mühitini öyrənmək üçün müəyyən imkanlar yaradır. İctimai həyata aktiv münasibət, dilin sadəliyi, ifadə tərzinin aydınlığı onun qəzəllərinin əsas səciyyəsini təşkil edir.

Məhəmməd Əmaninin yazıb-yaratdığı dövrdə Azərbaycan ədəbiyyatı əsasən ana dilində inkişaf edirdi. Bu dövrdə yaranan ədəbiyyat bir tərəfdən öz qidasını yazılı klassik ədəbiyyatdan alırdısa,digər tərəfdən şifahi xalq ədəbiyyatından təsirlənməkdə idi. Məhəmməd Əmaninn bir şair kimi inkişaf edib formalaşmasında dövrün, ədəbi mühitin və mədəniyyətin təsirilə yanaşı özündən əvvəlki mədəniyyət və ədəbiyyatın nailiyyətlərinin də böyük və mühüm təsiri olmuşdur. Əmani öz gözək şeirlərini yazarkən ondan qabaqkı söz ustalarının mütərəqqi ənənələrindən qidalanmışdır. M.Əmaninin bir lirik şair olaraq Füzuli ənənələri ilə daha yaxından bağlı olmuşdur. Məhəmməd Füzuli şeir aləmində söz sənətinin müxtəlif rəngli, müxtəlif ətirli güllərlə bəznmiş elə gülzarını yaratmışdır ki, onu görməyə, öyrənməyə, öz sənətinin təravətləndirməyə bu bağçadan şitil və maya aparmağa çan atmayan bir sənətkar təsəvvür etmək çətindir. Məhəmməd Əmanini lirikası əsasən həyata və insanın məhəbbətinə həsr olunmuşdur. Bu lirikanın əsası şairin mənsub olduğu xalqın həyatının gözəlliyindən, Azərbaycan ədəbiyyatının zəngin ənənələrindən və tükənməz xalq yaradıcılığından alınmışdır. Əmaninin yaradıcılığı istər məzmun,istərsə də forma cəhətdən cox zəngindir. O,divanlarının əsasını təşkil edən qəzəllərində də,rübai,qoşma,bayatı və məsnəvilərində də dövrünün görkəmli bir şairi kimi özünü göstərməkdədir. Məlum olduğu kimi lirika və məhəbbət mövzusu Azərbaycan ədəbiyyatında ən qədim janrlardan biri olub, əsrlər keçdikcə şairlərimizin yaradıcılığında yeni-yeni keyfiyyətlər kəsb edərək inkişaf etdirilmişdir. Əmaninin lirikasında insan məhəbbəti əsas yer tutur. Bu şeirlərdə onun eşq və məşuq haqqında fikirləri və lirik hissləri verilir. Bu da yüksək fikir, təmiz insani münasibət, daxili paklıq və ülvi mənəviyyatın təbliği üçün o zaman sənətin qarşıya qoyduğu əsas məsələ idi.


1.2. Əsərləri və yaradıcılığı.

M.Əmani Səfəvi hökmdarlarının bütün İranda qüdrətli bir dövlətə başçılıq etdiyi, şiəliyin va qızılbaşlıǧın geniş kütlə içərisində böyük rəǧbət qazandıǧı bir dövrdə yaşayıb-yaratmış sənətkarlardandır. Şairin yaşadıǧı dövr həm da Türkiyə sultanlıǧı tərəfindan Azarbaycana qarşı böyük işǧalçılıq siyasətinin həyata keçirildiyi bir dövr idi. Bu dövrdə Səfəvi torpaqlarında yaşayan Türkiyə işǧalçıları əleyhinə əsərlər yazan şairlər içərisində ən məşhuru Məhəmməd Əmani olmuşdur.

Məhəmməd Əmaninin bir şair kimi yetişməsində dövrün, ədəbi mühitin təsiri ilə yanaşı, özündən əvvəlki mədəniyyət və ədəbiyyatın da qüvvətli təsiri olmuşdur. Ümumiyyətlə, şair və onunla bir dövrdə yaşayan Azərbaycan klassikləri Şərq poeziyasında, xüsusilə, Azərbaycanın keçmiş söz ustalarının tükənməz irsindən və getdikcə büllurlaşmaqda olan şifahi xalq ədəbiyyatından bəhrələnmişlər.

Azarbaycan ədəbiyyatının inkişafında Füzuli məktəbinin davamçılarından biri kimi M.Əmaninin də böyük rolu olmuşdur. Əmaninin yaradıcılıǧı bizə iki dildə - Azərbaycan və fars dillərində gəlib çatmışdır.

Klassik Azərbaycan ədəbiyyatının yaxşı cəhətlərindən faydalanan şair, xalq şeirinin və canlı danışıq dilinin bir çox ifadələrini öz əsərlərində işlətməklə klassik poeziya dilini daha da zənginləşdirmişdir.

Məlum olduǧu kimi, XV əsrdən başlayaraq Azərbaycan ədəbiyyatında məhəbbət lirikası daha geniş yayılır. Şairlərin çoxu qəzəl yazmaqla şöhrətlənir. XV əsrdə Kişvari, Hamidi, Süruri, Həbibi, XVI əsrdə Xətai, Füzuli kimi divan müəllifləri içərisində Məhəmməd Əmaninin də adı şərəflə çəkilir. Lakin məhəbbət lirikası ilə yanaşı, bu dövrdə təriqətə, dini mövzulara, xüsusən şiəliyi təbliǧə, ədəbiyyata da geniş yer verilirdi. Hakim feodal-ruhani dairələr, şah sarayları, saray əyanları ədəbiyyatda dini mövzulara xüsusi əhəmiyyət verir, ayrı-ayrı təriqət görüşlərinin yayılmasına şərait yaradırdılar. Onların mənafeyinə xidmət edən şairlar hakim feodal-ruhani və dini təriqət görüşlərini təbliǧ etməklə məşǧul olur, əsas yaradıcılıqlarını bu sahədə inkişaf etdirirdilər.

Şairlərin başqa bir qismi isə şəhər sənətkarlarının görüşlərini əks etdirirdi. Bu şairlər ümumxalq mənafeyini müdafiə edir, feodal zülmünü, zahidlərin, abidlərin, ümumiyyətlə, ruhani təbəqələrin riyakarlıǧını tənqid edirdilar. Bu yazıçılar öz mütərəqqi fikirlərini məhəbbət mövzusunda yazılmış əsərlərində ifadə etməyə çalışırdılar.

Məhəmməd Əmani də təxminən belə bir dövrdə yaşamış, öz əsərlərində şahların və feodalların işǧalçılıq siyasətinə qarşı münasibətini bildirmişdir.

Məhəmməd Əmani haqqında ilk sözü şairin müasiri, onunla şəxsən tanış olub, yaxınlıq edən görkəmli təzkirəçi Sadiq bay Əfşar demişdir. O, özünün “Macna-ül-Xavas” adlı təzkirəsində Əmani haqqında qısa, lakin qiymətli məlumat verir. Sadiq bay Əfşar Məhəmməd bəy Əmaninin Bayburt türklərindən olub. Yazda hökmdar olduǧunu, “Əmani” təxəllüsü ilə şeirlər yazdıǧını qeyd etmişdir. Təzkirə müəllifinin verdiyi məlumatdan aydın olur ki, M.Əmani tez-tez şeir məclisləri düzəldərmiş və çox zaman onu da o məclislərə dəvət edib, orada öz şeirlərini oxuyarmış. Sadiqi sonra öz təzkirəsində Əmaninin şeirlərindən nümunələr verir. Onun Əmani haqqında verdiyi qısa, ancaq tarixi və elmi cəhətdən qiymətli olan bu məlumatı şairin həyat va yaradıcılıǧını öyrənmək üçün son dərəcə əhəmiyyətlidir. Sadiqinin Əmani haqqında verdiyi məlumatın başqa bir əhəmiyyəti da budur ki, bu məlumat Əmaninin öz dövründə elm və ədəbiyyatı sevən, mədəniyyətin inkişafında yaxından iştirak edən, tez-tez şairləri öz yanına toplayıb, şeir məclisləri təşkil edən bir şəxs olduǧunu göstərir. Sadiqinin öz məlumatında Əmanidan gətirdiyi:

Sayən başimdin, ey şahi-xuban, kəm olmasun,

Bəslindin ayru ömr mana bir dəm olmasun

beytindən aydın olur ki, o hələ öz saǧlıǧında ikən lirik bir şair kimi tanınmışdır.

Məhəmməd Əmani haqqında Sadiqidən bir neçə əsr sonra nisbətən ətraflı məlumat verənlərdən biri də məşhur ingilis şərqşünası Şarl Riodur. Şarl Rio Əmani barədə söylədiyi bütün fikirləri onun öz şeirlərindən toplamış, Əmani haqqında ilk söz söyləyən Sadiq bay Əfşardan xəbəri olmamışdır. Şarl Rio özü bu barədə yazır ki, Əmani haqqında məlumatlarımız onun şeirlərindən, poemalarından toplanılan faktlarla məhdudlaşır. Lakin hər iki tədqiqatçının şair haqqındakı fikirləri bir-birinə uyǧun gəlir.

Şarl Rio şairin bəzi şeirlərindən və məsnəvilərində göstərilən yer və şəhər adları ila əlaqədar şairin gəzdiyi ölkələri, iştirakçısı olduǧu hərbi yürüşləri dəqiqliyi ilə şərh etməyə çalışmışdır.

Məhəmməd Əmani haqqında məlumat verən tədqiqatçılardan biri də İmayıl Hikmətdir. O, Sadiqinin Əmani haqqında verdiyi məlumata kiçik əlavələr etməklə, əsasən onu təkrar etmişdir. İsmayıl Hikmat özü də bu fikri təsdiq edir. Onun Əmanidən verdiyi şeirlər “Macma-ül-Xavas” dan, ya da Ş.Rionun kataloqundan götürülmüşdür. Özü isə şəxsən şairin divanını tədqiq etməmişdir. Bunlarla yanaşı, İ.Hikmət öz sələflərindən fərqli olaraq, Əmani haqqında, xüsusən onun yaradıcılıǧından daha geniş danışmaǧa təşəbbüs etmişdir. O, şairin dili, ictimai görüşləri və sənəti haqqında da bəzi fikirlər söyləmiş və Əmaniya “... hicri X əsr/miladi XVI əsrin sonu XVII əsrin əvvəlləri - R.Z./ azəri şairləri arasında yaxşı bir mövqe tutan şair olduǧuna şübhə yoxdur”, - deyə yüksək qiymət vermişdir.

Məhəmməd Əmaninin yaradıcılıǧını müasir dövrdə daha ardıcıl və düzgün təhlil edən H.Araslı olmuşdur. H.Araslının Əmani haqqında verdiyi məlumatların qiymətli cəhəti odur ki, o, şair haqqında indiyə qədər deyilənlərə kifayətlənməmiş, şairin divanını şəxsən mütaliə etmiş, və onun yaradıcılıǧı haqqında bir sıra orijinal fikirlər söyləmişdir. Tədqiqatçı Əmaninin qəsidə və məsnəvilərinin sənətkarlıq və mövzu xüsusiyyətlərindən danışarkən, onların tarixi hadisələr və həyati faktlarla baǧlılıǧını yüksək qiymətləndirir: “Şairin bu şeirləri əsasında müəyyən müharibələrin təfsilatını bilmək mümkün olmasa da, ümumi əhval-ruhiyyə və qələbənin tarixi müəyyən edilmiş olur ki, bu da ədəbiyyatımızda tarixi vaqiələrin təsvirinə bir zamindir”.

Məhəmməd Əmani haqqında hələlik son fikir söyləyən Balaş Azəroǧludur. B.Azəroǧlu Azərbaycan şairi Məhəmməd Əmani haqqında deyilənləri və sənətkarın öz yaradıcılıǧını dərindən öyrənərək, onun həyat və yaradıcılıǧı haqqında monoqrafik asar yazmışdır. Şübhəsiz ki, bu iş şairin həyat və yaradıcılıǧını öyrənmək, onun əsərlərinin dilini tədqiq üçün son dərəcə qiymətlidir.

Belə bir cəhəti də qeyd etmək lazımdır ki, Azərbaycan tədqiqatçılarına qədər şairin anadan olduǧu tarix təxmini olsa müəyyənləşdirilməmişdi. H.Araslı va Balaş Azəroǧlu şairin doǧulduǧu ili onun öz əsərlərinə əsaslanaraq müəyyənləşdirməyə təşəbbüs göstərmişlər. Hər iki tədqiqatçının bu barədə gəldiyi son nəticə bundan ibarətdir ki, M.Əmani Məkkəyə ziyarətə getdiyi zaman onun özünün göstərdiyi kimi, yaşı 60-dan çox olmuşdur. Şairin Məkkə ziyarəti isə hicri 1006-cı illərə təsadüf edir. Deməli, Məhəmməd Əmani hicri 944-945-ci illərdə anadan olmuşdur.

Azərbaycan ədəbiyyatı tarixində Məhəmməd Əmaninin ən böyük xidməti ondan ibarətdir ki, o, bu ədəbiyyata ilk dəfə olaraq mənzum hekayə janrını gətirmiş va şeirin müxtəlif növlərində əsərlər yaratmışdır.

Əmani yaradıcılıǧının Azərbaycan ədəbi dilinin inkişafında da böyük rolu olmuşdur. Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi kimi M.Əmaninin bədii yaradıcılıǧına dair bir sıra məqalə və tədqiqat işləri yazılsa da, onun şeirlərinin dil xüsusiyyətləri hələ də öyrənilməmişdir.

Halbuki, M.Əmaninin Azərbaycan dilində olan divanının dilini tədqiq etmək vacib və zəruridir. Çünki 430 il bundan əvvəl Azərbaycan ədəbi dilinin leksik tərkibi və qrammatik xüsusiyyətləri haqqında fikir yürütmək üçün onun divanı çox dəyərli və zəngin material mənbəyi ola bilər.

Divan üzərində aparılan tədqiqat işi göstərir ki, əsərin istər leksik tərkibində, istərsə də qrammatik normalarında müxtəlif dialekt və şivə xüsusiyyətləri, o cümlədən qıpçaq va qarluq qrupu türk dillərinin /qədim özbək, cıǧatay və qədim uyǧur/ ünsürləri müəyyən rol oynamışdır. Bu isə təsadüfi deyildir. “Məlumdur ki, bu və ya başqa dövrün ədəbi dilində bir, yaxud iki şivənin üstünlük qazanması xalqın etnik tərkibində baş verən dəyişikliklərlə, habelə şəhərin siyasi-iqtisadi inkişafı, həmin şəhərdə əhalinin toplanması, əhali içərisində təbəqələşmə getmasi böyük şair va yazıçıların fəaliyyət göstərməsi və s. amillərlə əlaqədardır”.

Həmin dövrdə Azərbaycan ədəbiyyatı nümayəndələrindən bir çoxunun orta Asiyada - Herat ədəbi məktəbində təhsil almaları cıǧatay və qədim özbək dillərinin Azərbaycan dilinə təsirini artırmışdır. Belə ki, Əlişir Nəvai və Hüseyn Bayqara kimi şairlərin şeirlari ilə qidalanmış və pərvazlanmış həmin sənətkarlar Azərbaycana qayıtdıqları zaman öz dillərində və şeirlərində cıǧatay və qədim özbək dilinin xüsusiyyətlərini də gətirmişlər.

Beləliklə, məlum olur ki, XVI əsrin sonu XVII əsrin əvvəllərində Azərbaycan ədəbi dili ümumxalq dili əsasında inkişaf etsə də, orta əsr türk dillərinin /qədim özbək və cıǧatay, qədim uyǧur/ bir çox əlamətlərin



özündə saxlamışdır. Məhəmməd Əmani məhz belə bir dövrdə yazıb yaratdıǧından bu xüsusiyyətlar onun da dilində öz əksini tapmışdır.

Şübhəsiz ki, burada klassik Şərq, xüsusən fars poeziyasının təsirini də unutmaq olmaz. Bu da təbiidir. Çünki şairin yaşadıǧı dövrdə Azərbaycan şairlərinin bir çoxu fars dilində yazırdılar. Daha doǧrusu, bu dövrdə fars dili Azərbaycan dili ilə yanaşı işlənirdi. Azərbaycan, İran feodallarının hakimiyyəti altına düşdüyü dövrdə isə fars dili rəsmi dövlət dili elan olunmuşdu.

Bütün bunlara baxmayaraq, Azərbaycan dili ölkədə daha üstün mövqe tutmuş, Qafqazda və Şərqda geniş yayılmışdır. Hətta qonşu ölkələrdə bir sıra xalqlar bu dili bilir və ondan istifadə edirdilər. Bu dövrdə Azərbaycan ədəbi dilinin geniş şəkildə yayılmış İran alimlərinin də diqqətini cəlb etmiş, onlar bu dildə məşǧul olub, onun qrammatika məsələlərinə xüsusi əsərlər belə həsr etmişlər.

M.Əmaninin şeirlərinin dili belə bir fikri də sübut edir ki, o, Azərbaycan dilinin incəliklərinə, onun ifadə vasitələrinə hərtərəfli bələd olmuş bir sənətkardır. O, ədəbi-bədii üslubun klassik ənənə ilə baǧlı qədim ifadə vasitələrindən müvəffəqiyyətlə istifadə etmiş, adi danışıqda işlənən söz və ifadələri, müxtəlif söz birləşmələrini, “yetişə aǧızacan”, “vayımdan”, “tufan başıma qopar”, “səbr eyla”, “haraya yetişməsə”, “qətrə-qətrə cəm olub”, “qiyamət qopacaqdur”, “qurbanın olub”, “heyranın olub”, “həzər eylə”, morfoloji və sintaktik xüsusiyyətləri yazılı ədəbi dilə cəsarətlə gətirmişdir.

Şairin dilində müasir Azarbaycan ədəbi dili baxımından çətin anlaşılan ərəb-fars sözləri, izafat birləşmələri, arxaiklaşmiş sözlar va qıpçaq, qarluq qrupu türk dillərinə məxsus qrammatik formaların işlənməsi də müşahidə olunur. Əmani əsərlərində leksik, morfoloji və sintaktik kateqoriyaların həm türk dillərinin qədim dövrlərinə aid xüsusiyyətlərinə, həm də ümumxalq Azərbaycan danışıq dilinə məxsus cəhətlərinə rast gəlinir ki, bunların da tədqiqi bir tərəfdən Azərbaycan ədəbi dilinin müəyyən mərhələdə inkişafını izləmək, o biri tərəfdən isə türk dillərini müqayisəli şəkildə öyrənmək üçün əhəmiyyətlidir.

Əmani əsərlərinin dili, eləcə də leksikası Azərbaycan ədəbi dilinin, onun bədii qolunun tarixini izləmək üçün zəngin material vardır.

Əmani əsərlərinin lüǧət tərkibi çoxcəhətli və rəngarəngdir. Sözdən böyük məharətlə istifadə etmək, onun incəliklərinə sahib olmaq, sadə, adi sözlərə dərin məzmun vermək, onu qiymətləndirmək, seçmək və yerində işlətmək Əmani yaradıcılıǧına xas xüsusiyyətlərdir.

Əmani əsərlərinin dilini morfoloji cəhətdən öyrənmək üçün şairin Azərbaycan dilində olan “divan” ı əsas götürülmüşdür. Bu “divan” ın əlyazması Londonda Britaniya muzeyinin Şərq xalqları ədəbiyyatı şöbəsində saxlanılır. Həmin əlyazmanın foto-sürəti ilk dəfə Leninqrada göndərilmiş, ondan köçürülmüş foto-sürət Azərbaycan SSR EA əlyazmaları Fondunda saxlanılır. Əmani yaradıcılıǧı ilə məşǧul olan tədqiqatçılar və bizim üçün həmin foto-sürət əsas olmuşdur.

Divan nastaliq xətti ilə yazılmışdır. Orta əsr yazılı abidələrindən məlum olur ki, XV-XVII əsrlərdə Azərbaycan şairlari ərəb qrafikasının müxtəlif növləri içərisində nəstəliqdən daha çox istifadə etmişlər. Əmani də belə etmiş və öz əsərlərini bu xətlə yaratmışdır.

Əsərin başlanǧıcında rəssam tərəfindən çəkilmiş kiçik ornament vardır. Bundan sonra məsnəvi tərzinda bir münacat galir. Lakin bu məsnəvinin sonu yoxdur. Divanın birinci səhifəsinin “b” tərəfi isə əvvəli olmayan bir qəzəlin ortasından başlanmışdır. Güman etmək olar ki, burada divanın bir, bəlkə də, bir neçə səhifəsi düşmüşdür. 48-ci səhifədəki qəzəlin ilk beyti yoxdur. Belə bir vəziyyətə divanın son səhifəsində də rast gəlirik. Bundan başqa, divanın 9, 12, 22, 54, 70, 82-ci səhifələrinin yarısı, 55, 78-ci səhifələri isə tamamila yazılmamış, aǧ qalmışdır.

Divanın ölçüsü 18 x 28 sm olan açıq rəngli, o qədər də səliqəli olmayan bir cildə tutulmuşdur. Divan 90 səhifədən ibarətdir. Burada olan qəzəl, qəsidə, qoşma və hekayələrin hər bir səhifədə yerləşdiyi hissə incə xətlərlə haşiyəyə alınmışdır.

Hər haşiyələnmiş çərçivə /14 x 8/ isə bir səhifədə iki əsas hissəyə ayrılmışdır. Bu hissələr bəzən 8, bəzən isə 10-12 incə xətlərlə çərçivəyə alınmışdır. İlk səhifədəki 8 x 5 iki kiçik həcmli əl işindan ibarət olan ornament nəzərə alınmazsa, əsərdə heç bir illüstrasiya və miniatür yoxdur.

Məlumdur ki, hər bir dilin keçmiş olduǧu tarixi ətraflı və bütün cəhətləri ilə öyrənmək üçün müxtəlif dövrlərdə yaranmış abidələrin tədqiqi əhəmiyyətlidir. Bu baxımdan ayrı-ayrı əsərlərin dilinə dair aparılmış tədqiqatlar qiymətlidir və belə tədqiqatlara həmişə böyük ehtiyac vardır.

XVI-XVII əsr abidələrində də Azərbaycan ədəbi dili tarixini öyrənmək üçün zəngin materiallar vardır. Məhz ona görə də həmin dövrdə yaranmış abidələrin dilinin tədqiqinə bir sıra monoqrafiyalar həsr edilmişdir. Şübhəsiz ki, XVII əsr ədəbi dilinin bütün cəhətlərini əhatə etmək üçün tədqiq olunmamış əsərlərin dilini də öyrənmək vacibdir.

M.Əmani “Divan” ının morfoloji cəhətdən dil xüsusiyyətlərini öyrənməyi qarşımıza məqsəd qoyarkən məhz bu cəhəti nəzərdə tutmuşuq.

M.Əmani əsərlərinin morfoloji xüsusiyyətlərinə həsr olunmuş həmin dissertasiya işi iki fəsildən ibarətdir. Birinci fəsil adların, ikinci fəsil isə feilin tədqiqinə həsr edilmişdir.

Məlumdur ki, dilin müxtəlif inkişaf mərhələlərində qrammatik kateqoriyalar əsasən sabit olmuşdur. Lakin dilimizin inkişafı prosesində bəzi qrammatik formalarda sinonim vəziyyətlər, semantik rəngarənglik, avazlanma, müasir dil baxımından arxaikləşmiş şəkilçilər və s. müşahidə edilir. Dissertasiyada həmin qrammatik formaların əsrlərdən bəri sabitliyini və dəyişməzliyini konkret bir dövrün abidəsi əsasında təhlil etmək üçün ayrı-ayrı bəhslərda qrammatik kateqoriyaların şərhi verilmiş, müasir dil baxımından fərqli cəhətlər üzə çıxarılmış və onların səbəbləri aydınlaşdırılmışdır. Bunlarla yanaşı, dissertasiyada M.Əmaninin əsərlərində işlənmiş qıpçaq, qarluq və başqa qrupa daxil olan türk dillərinə aid ünsürləri qədim və müasir türk dilləri ilə müqayisədə izah olunmuşdur.


FƏSİL II

FƏDAİ TƏBRİZİ YARADICILIĞI

2.1. Fədai Təbrizi və “Bəxtiyarnamə” əsəri.

XVI əsr Azərbaycan poeziyasının qüdrətli nümayəndələrindən biri də Fədai Təbrizidir. Ədəbiyyatımızda «Divanı» və «Bəxtiyarnamə» adlı poeması ilə məşhur olan şair haqqında ilk bilgiləri Şah İsmayıl Xətainin oğlu, dövrünün görkəmli ictimai-siyasi xadimi, tanınmış qələm ustası, üləma şəxsiyyəti Sam Mirzə özünün məşhur «Töhfeyi-Sami» adlı təzkirəsində göstərmişdir.

Şairin feodal zülmü altında əzilən xalq kütlələrinin faciəli həyatı, habelə həmin zümrələrin öz hüquqlarını müdafiəyə qalxdığını əks etdirən «Bəxtiyarnamə» əsəri dövrünün ictimai-siyasi tarixini, Azərbaycan ədəbi dilinin inkişaf yolunu öyrənmək və s. kimi bir sıra bədii, elmi aspektlər baxımından maraqlı olduğu kimi ona fiziki tərbiyə, fiziki kamillik və qəhrəmanlıq müstəvisi kontekstində yanaşmaq bugünkü müstəqil, suveren ölkəmizin mənəvi xəzinəsini mühüm aktuallıq tələb edir.

Əsər dövrünün tanınmış əzəmətli hökmdarlarından olan Kirman şahı Azadbəxtdən və onun cəngavər dəstəsində cəmlənmiş hünərvər igidlər ordusu barədə başlayır:



Ərənlərdən eşitdim bir hekayət,

Ki, ravi söyləmişdir bir rəvayət,

Əcəm mülkündə sultan ibni-sultan,

Özü xaqani-məğrur, şahi-dövran .

Məmləkətin varlı-dövlətli, adlı-sanlı padşahı olan Azadbəxt öz sübhəsanlarının birinin Gülcəmal adlı qızına evlənir. Şair yaraşıqda tayı-bərabəri olmayan bu qənirsiz türk gözəlinin heyrətamiz füsunkarlığı barədə yazır:



O qız ki, hər baxışda can alarmış,

Gözəllər hüsnünə heyran qalarmış.

Göründüyü kimi, Fədai nəzmə çəkdiyi yaraşıqlı, hüsnü-cəmalı ayə bənzər türk pərisinin gözəlliyi ilə yanaşı, onun cismani sağlamlığını, fiziki yetkinliyini də ön plana çəkir. Şairə görə, zahiri gözəlliyin, daxili saflığın, ruhi təmizliyin dərinliyində, habelə onların həmahəng vəhdətinin təmin edilməsində fiziki kamillik müstəsna əhəmiyyət kəsb edir.

Poemada qeyd edilir ki, qızın atası zahirdə Kirdiman şahına itaət edir, lakin batində ona qəlbən kin-küdurət bəsləyir, onun bu şərəfsiz əməlinə heç cürə dözə

bilmir. Odur ki, əmir fitnə-fəsad düzəldib şaha qarşı mübarizəyə qalxmaq fikrinə düşür və öz yaxınlarını yığıb məşvərət keçirir.

Beləliklə, Əmir özünün mütəşəkkil dəstəsini yığıb qiyam qaldırmağa cəhd edir. Özü kimi hünərvər oğulları ətrafına cəm eyləyib, lazımi silah və hərbi ləvazimatları toplayaraq güclərini səfərbər edib döyüşə girişirlər. Belə bir möhtəşəm ordunun qarşısında tab gətirməkdə aciz olan şah, şəhərdən qaçmaq məcburiyyətində qalır.

Belə ixtişaş və qaçqınlıq ərəfəsində padşahın arvadı doğur. Onun Gülcəmal xanımı həyata dürüst, qəşəng bir fidan oğul gətirir. Onlar bu oğlan uşağını tələm-tələsik bulaq başına qoyub bir güclə qaçıb canlarını qurtarırlar.

Beləliklə, şahın dəstəsi xeyli səfərdən sonra qonşu dövlətin sultanı Dadpərvərə pənah gətirirlər. Azadbəxtin sığındığı Dadpərvər şah xilaskar dəstəsindən ibarət basılmaz ordusundakı qolu zorba, yekəpər oğulların rəşadəti sayəsində onları düşmənlərdən mühafizə edir:

Binayi-cəng üçün atlı, piyadə,

Təmamən hazır olsun pəhləvanlar,

Döyüşdə ad qazanmış qəhrəmanlar,

Hücuma hazır olsun mərdi-meydan...

Biri birinə çün əl açdı ləşgər,

Vuruşdu qeyrət ilə pəhləvanlar,

Töküldü hər tərəfdən çoxlu qanlar.

Sınıb ordu ələm oldu nikunsar,

Qırıldı ləşgəri düşmən nə ki var».

Beləliklə, Kirman padşahı yenidən öz taxt-tacına sahib olur və əvvəlki qayda üzrə həmin xoşbəxt günlərini, firavan dövrlərini yaşamağı davam edir. Lakin yağı düşmənin təqibi nəticəsində yolda qoyub getdikləri ciyər parasının sonrakı taleyi barədə padşahın ailəsi heç cür xəbər tuta bilmir. Şübhəsiz ki, bu qədərsiz dərdin kədərindən şahın ox qəddi kaman kimi əyilir. Gecə-gündüzü ahu-zar içində keçir.

Bu bir həqiqətdir ki, orta əsrlər dövrünə məxsus xarici istismarçıların, yerli istilaçıların tez-tez basqınları, talanları həmin dövrün tarixini işıqlandıran salnaməçilər, söz sənətkarları, fikir korifeyləri kimi bu danılmaz tarixi fakt və dəlillər Fədai yaradıcılığından da yan keçməmişdir. Şair əsərdə həmin səltənətdə Hərami adlı birisinin növbəti təcavüzü nəticəsində tale Kirman şahının qismətinə qədərsiz bir xoşbəxtlik bəxş etməsini təsvir edir. Belə ki, Ziyad hərami uşağı təsadüfən tapır və övladı olmadığı üçün onu oğulluğa götürür. Və bu məzlum körpənin adını Xudadad qoyur:

Vəli evladdan məhrum bir zat,

Həmişə eylər idi fikri-övlad,

Gəlib çatdıqda ol dəm çün bulağə,

Sataşdı görzləri bikəs uşağə.

Fədai əsərdə Bəxtiyarı mərd, qəlbitəmiz gözəl fəzilət, ədəb, mərifət sahibi olan bir hünərpərvər, qoçaq və şücaətli igid kimi xüsusiyyətlərini də önə çəkir. Şair həm də bu şahzadə oğlunu mahir at çapan, qılınc toqquşduran, sərrast ox süzdürən, bacarıqlı səyyad kimi ov ovlayan, habelə yüksək fiziki vərdişlərə malik pəhləvan cüssəli bir oğuz ərəni kimi təqdim edir:



Yetişdi, oğlan oldu bir cavanmərd,

Bərabər dura bilməz ona heç fərd,

Fəsahət m0ülkünün sultanı bir gənc

Bəlaqət bağının bağbanı bir gənc.

İgidlər içrə qeyrətmənd çoxdu,

Gözəllikdə ona manənd yoxdu,

At oynatmaqda misali pəhləvandı,

Ox atmaqda əvəzsiz qəhrəmandı.

Günlərin birində şikara çıxan Ziyad hərami dəstəsi növbəti basqın zamanı tale onların üzünə gülmür. Belə ki, daha sərt, daha amansız, daha döyüşkən, fiziki güc və qüvvə baxımdan qat-qat yüksək olan dəstə qarşısında tab gətirə bilməyən quldurlar təqib olunurlar. Həmin tutulan cəlalilər arasında Xudadadda olur. Şübhəsiz ki, Kirman şahı öz oğlunu qətiyyən tanıya bilmir, zira bu gənc oğlan Azadbəxtin çox xoşuna gəlir.

Beləliklə, təcavüzə məruz qalan hərami dəstəsindən xeyli pul alıb buraxırlar. Və padşahı həddən çox özünə valeh edən Bəxtiyarı Kirman şahı onu saraya gətirir. Şah onu sarayda böyük ixtiyar sahibi edir. İntəhasız kamal və qabiliyyəti ilə ətrafdakıların dərin nüfuzunu qazanmış Bəxtiyarın sarayda hörmət və izzəti günü-gündən artır. Lakin, çox təəssüf ki, mərdliyi, kişiliyi və mənliyinə hörmət sayəsində ad-sanı şöhrətlənən Bəxtiyara qarşı saray vəzirləri tərəfindən xəbislik və riyakarlıq hissi baş qaldırır. Tez bir zaman kəsiyində rütbəsi, səlahiyyətləri artırılan Bəxtiyarın paxıl və nankor düşmənləri daha da çoxalır.

Əsərdə göstərilir ki, bir gün sadəlövh, Cavanbəxt Bəxtiyar qeyri-ixtiyari olaraq şahın yataq otağına gəlir. Şah isə gəncin bu əməlindən şübhələnməyə başlayır. Bu an sarayın kəmfürsət, pis niyyətli vəzirlərinin əlinə qisas üçün sanki girəvə düşür, böhtan üçün bir bəhanə yaranır. Beləliklə, bu məzlum bəxtiqara Bəxtiyar şahın hərəminə xəyanətdə suçlandırılaraq, onu həmin əmələ görə töhmətləndirirlər. Odur ki, sarayda şaha özünü məhrəm göstərən bədnam, cılız qəlbli, ikiüzlü nadürüst vəzirlər Bəxtiyara ciddi cəza verməyə təhrik edirlər. Lakin sağlam təfəkkürü və fəhm-fərasəti, iti zehni, çevik düşüncəsi ilə seçilən Bəxtiyar padşahın hüzurunda müntəzir olarkən hər dəfə dərin məna yüklü çox məzmunlu və dəyərli bir nağıl danışır. Və həmin şirin, maraqlı nağılı diqqətlə və bütün varlığı ilə dinləyib ona sanki məftun olan şah, Bəxtiyarın qətlinə fərman verməyi unudub həmin cəza tədbirini təxirə salır. Beləliklə, Bəxtiyar bu minvalla mütəmadi olaraq şahın yanına gəlib, hər dəfə də gözəl məzmunlu şirin bir nağıl danışır və bu tədbir axşama qədər davam etdiyindən, həm də nağıldakı bəşəri hisslər, humanist keyfiyyətlər padşahın hiss və həyəcanlarına sığal çəkib sakitləşdirir, onu xeyirxah, nəcib və ülvi hisslərlə əsəblərini tumarlayıb onun qəlbinə, ruhuna sanki sirayət edib sakitləşdirib ovundurur, şah xislətində rəhmdillilik tərbiyə edir. Bəxtiyar bu səpgidə padşaha on nağıl danışır. Nəhayət, şahda Bəxtiyara qarşı zülm və qəddarlığın işartısını görməyən vəzirlər qiyam qaldırırlar. Odur ki, Kirman şahı təngə gəlib Bəxtiyarı dara çəkmək məcburiyyətində qalır.

Əsərin məzmununu gözəl bir sonluqla başa vuran Fədai göstərir ki, şah Bəxtiyarı asdırmaq anında Ziyad hərami iltimasa gəlir. Quldurbaşı əhvalatı bütün təfsilatı ilə nəql edir və şah öz doğma oğlunu tanıyır, habelə tez əmr verir ki, bütün müxənnət vəzirlərini bəd əməllərinə görə layiqincə cəzalandırsınlar.

Fədai «Sabir nağılı» - da xalqın təəssübünü çəkən, onun qeydinə qalan, zülmə, despota, ictimai ədalətsizliyə qarşı mübarizə aparan fədakar oğulların cəfakeşliyini alqışlayır, bu şəxslərin hünər və rəşadət göstərmələrini, onların fiziki yetkinliyi, fiziki mədəniyyəti ilə əlaqələndirir. Şair məlun, yazıq, əfəl və bədbin adamların mütiliyini, acizliyini onların əqli və fiziki şikəstliyi kimi qəbul edir. Onun fikrincə, ya rəyyət ol, ya sultan, fərqi yoxdur, sən mərdliyi, ərdəmliyi, məğrurluğu özündə yaşatmalısan, bu amal və məslək yolunda çalışmağı daim özünə mənəvi borc bilməlisən. Yalnız bu prinsip əsasında tərbiyə, insanda dərin əqidə formalaşdıra bilər.

Fədai yaradıcılığında sağlam həyat tərzinin əhəmiyyəti barədə də bəzi açıqlamalar verir. Onun fikrincə, zərərli adətlərə meyl edən kəslər yalnız özlərini deyil, həm də mənsub olduğu ailənin, cəmiyyətin, ictimaiyyətin bir üzvü kimi öz mənəvi-əxlaqi borcu qarşısında məsuliyyət daşıyır. Şair «Bəxtiazima sərgüzəşti» - də günlərini keyf-işrət məclislərində şərab içib meyxoşluq edən nadan hökmdarın çirkin, naqis əməllərini nəql edir. Sərxoşluğa qurşanan şahın düşmən ordusu qarşısında tab gətirməyib məğlub olaraq ölkəni bədbəxt vəziyyətə salmasının başlıca səbəbini iradi cılızlıqda, əxlaqi düşkünlükdə səciyyələndirən Fədai, meyin, hüşyarlığın gətirdiyi əmsalsız bəlanın acı nəticəsini belə təqdim edir:

Var idi ol zaman sultani-qafil,

Adı Bəxtazima, məğrurü cahil.

Həmişə mail olmuşdu şərabə,

Yetişməzdu hesabü bihesabə.

Şair göstərir ki, əyyaşlığa qurşanan şah xalqın düşdüyü vəziyyətdən bixəbər olur, düşmənin isə başsız qalmış ölkəni işğal etmək üçün əlinə fürsət düşür. Çıxılmaz vəziyyətdə qalan şah vətəndən qaçaraq, özü ilə birgə olan bir neçə nökər-naibi ətrafına toplayıb düşmən üzərinə qüvvə yeritməyi buyurur. Vətənin müdafiəsinə qalxan qeyrətli oğullar, yenilməz pəhləvanlar bir anda cəm olurlar. Bu vaxt iki dəliqanlı ordu üz-üzə dayanır.

Fədai qəhrəmanlıq motivləri ilə dolğuq olan «Bəxtazima nağılı» - da bahadır cüssəli hünərvər türk övladlarının fiziki mədəniyyətdən, pəhləvanlıq şücaətindən söhbət açaraq onları döyüş meydanlarındakı hərbi bilik, bacarıq və vərdiş xüsusiyyətlərini bir daha önə çəkir. Əsərdə türkün cahangir oğullarının hələ neçə əsr bundan əqdəm hərb təliminin incə sirləri, vuruş maneraları, onun taktiki sirləri və s. barədə yüksək qabiliyyətə malik olmalarından da bəhs edir:

Yeridi hər tərəfdən çün ələmlər,

Bir-birinə çün əl açdı ləşgər,

Döyüşdü qeyrət ilə pəhləvanlar!

Yeridi iki yandan mövc qanlar…

Şair həmin hekayətdə yaraqlanıb yasaqlanaraq qarşı-qarşıya dayanmış qorxmaz qəlb sahibi olan türkün cürətli bahadır oğullarının cəngə atılması, bu qanlı savaşda hünər göstərmələri üçün tapşırıq gözləmələri heyrət doğurur:



Çalındı kərana cəm’ oldu ləşgər.

İkisi bir-birə durdu bərabər…

Müxalif ləşgərindən gəldi bir ər,

Əlində nizə, belində xəncər,

Suvar olmuş səməndi-bad rəftar,

Dilavər, pəhləvan, mərdanə, cərrar…

Fədai döyüş meydanında qaplan kimi cövlan eyləyən, rəqibinə hərbə-zorba gələn aslan biləkli, nər ürəkli heybətli oğulların şücaətliliyini vəsf edərək onların məhz səbatlı, comərd, kişi keyfiyyətlərə qadir olduğunu yaddan çıxarmır:



Çağırar: ər olan meydanə gəlin!

Müxənnət gəlməsin, mərdanə gəlsin!

Bu gün meydan içində əjdəhalər,

Mənə şirü pələng olmaz bərabər…

Fədai igidlik və qəhrəmanlıq motivləri ilə zəngin olan bu əsərində, həm də idmanın bir sıra növlərini özündə birləşdirən ayrı-ayrı fiziki təmrinlərin adlarına da toxunur. Şair orta əsrlərdə xalqın ovçuluğa yalnız ərzaq tələbatını, məişət ehtiyacları kimi iqtisadi tələbatının ödənilməsindən irəli çıxan bir problem kimi deyil, həm də onların mərd, dözümlü, cəsur ərənlərin hazırlanması baxımdan ölkədə həmin peşəyə şücaətli döyüşçülərin yetişdirilməsi problemi kimi olduğunu da qeyd edir. Əsərin başlanğıcında Kirman şahın öz izdihamlı ov dəstəsi ilə birgə şikara çıxmasını şair bədii ifadə vasitəsi kimi yüksək ustalıqla nəzmə çəkir:



O gün çıxmışdı sultan da şikarə.

Gəzərkən çölləri tapmaq üçün ov

Olub bir nazənin hüsnünə ov…

Fədai “Bəxtiyarnamə” də idmanın üzgüçülük növü barədə bəzi nüanslara toxunur. Belə ki, «Bəxtiyarın tacir macərasını nağıl etməsi» hekayətində şair Azadbəxtin padşaha söylədiyi nağıldan görünür ki, hələ neçə əsrlər bundan əvvəl xalqımızın bahadır oğulları arasında çoxlu üzgüçülər olubmuş. Sahilsiz dəryaları, ucsuz-bucaqsız göl və çayları istənilən üsulla üzməyi bacaran oğuz igidlərinin idmanın üzgüçülük növündə göstərdikləri fiziki bilik, bacarıq və vərdişlər parlaq əksini tapır.

Orta əsrlər Azərbaycan poeziyasının layiqli söz cahangirləri, fikir bahadırları arasında öncül yeri olan Fədai kimi sənətkarların yaradıcılıqlarından layiqincə bəhrələnmək müasir dövrümüzdə daha böyük əhəmiyyət kəsb edir.
NƏTİCƏ

Belə bir nəticəyə gəlmək olar ki, bütövlükdə XVIII əsrdə ədəbiyyat formaca da, məzmun etibarilə də dəyişmişdir. Bu yeniləşmə Azərbaycan ədəbiyyatında erkən realizmin özünəməxsus ideya-estetik xüsusiyyətlərinin meydana çıxması ilə nəticələnmişdir. Haqlı olaraq "realistik təfəkkürün oyanması, həyat hadisələrinə, insana münasibətdə realist dünyabaxışın üstün gəlməsi faktı" XVIII əsr Azərbaycan lirikasının əlamətdar cəhəti hesab olunur. Şeirdə dünyəvilik və həyatilik, dildə sadəlik və təbillik, mövzudakı dövrandan narazılıq və taledən şikayət, didaktik-hikmətamiz baxışların ifadəsi, nikbinlik və kədər erkən Azərbaycan realizminin əsas səciyyəvi xüsusiyyətləri kimi çıxış edir.

Ümumiyyətlə, XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı çoxəsrlik milli ədəbi gedişatın tarixində xüsusi mərhələdir. Vaxtilə akademik Həmid Araslının XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatına həsr olunmuş ayrıca dərslik yazıb nəşr etdirməsi, müxbir üzv Əliyar Səfərlinin "XVII-XVIII əsrlər Azərbaycan epik şeiri" mövzusunda doktorluq dissertasiyası müdafiə etməsi bu tarixi mərhələnin milli ədəbiyyatın inkişafındakı xüsusi rolunun və mühüm yerinin elmi fikirdə etiraf olunmasının real göstəriciləridir. Erkən Azərbaycan realizmi ədəbiyyatımızda realist ədəbi cərəyanın başlanğıc dövrü, yaxud start mərhələsidir. Bu, Azərbaycan realizminin təməlini, bünövrəsini təşkil edən yeni tipli ədəbiyyatdır.

Erkən realizm mərhələsi realist ədəbiyyatın davamlı olması üçün mühüm zəruri şərtləri hazırlamışdır. Molla Pənah Vaqifin "Bayram oldu" şeirində həyati çətinliklərlə birlikdə "kamal da yoxdur" kimi dərin təəssüf və narahatlıq hissləri ifadə edən misraları həm də davam etməkdə olan yeni Zamanın ağıla, elmə, tərəqqiyə, maarifçiliyə olan dərin ehtiyacının ifadəsi idi. Bu, cəmiyyətdə və ədəbiyyatda meydana çıxacaq yeni tarixi mərhələnin - XIX əsr Azərbaycan maarifçi realizminin təməllərini hazırlayan erkən realizm ədəbiyyatıdır. Erkən realizm - Azərbaycan ədəbiyyatında sonrakı yeni dövrün, maarifçi realizm mərhələsinin hərəkətverici qüvvəsidir.


ƏDƏBİYYAT SİYAHISI

  1. Fədai. Bəxtiyarnamə. “Azərbaycan Universiteti” nəşriyyatı, 1957, 157 səh.

  2. Balaş Azəroğlu. Məhəmməd Əmani. “Elm” nəşriyyatı-1977, 129 səh.

  3. Məhəmməd Əmani. Əsərləri. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005, 224 səh.

  4. Fədai. Bəxtiyarnamə. Bakı: “Şərq-Qərb” nəşriyyatı, 2004, 168 səh.

  5. B.Abizadə-Azəroğlu. Məhəmməd Əmaninin həyat və yaradıcılığı. Bakı, 1966.

  6. H.Araslı. Məhəmməd Əmaninin yaradıcılığı, “Azərbaycan məcmuəsi”, № 2.

  7. Məhəmməd Əmani, Divan, Rəf, invertar № 3773.

  8. Azərbaycan tarixi, I hissə, Bakı, 1961, səh. 304-305.

  9. H.Araslı. Göstərilən əsər, səh. 66.

  10. Sadiq bəy Əfşar. Məcmə-ül-Xəvas. Rəf, invertar № 9277.

  11. İsmayıl Hikmət. Azərbaycan ədəbiyyatı tarixi. Rəf, invertar № 1928, səh. 176-182.

  12. Şarl Rio. Rəf, invertar № 32928, səh. 301-302.



Yüklə 44,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin