MÜSTƏQİl təHSİl siyasəTİ



Yüklə 206,5 Kb.
tarix23.12.2016
ölçüsü206,5 Kb.



MÜSTƏQİL TƏHSİL SİYASƏTİ


Biz müstəqil dövlət olaraq özümüzün təhsil

sistemimizi istədiyimiz kimi qururuq.

Heydər Əliyev


Təhsilin mahiyyətinə dair
Təhsil insanlara öz əcdadlarının əsrlər boyu əldə etdiyi təcrübə və biliklərə bir neçə il ərzində yiyələnmək imka­nı verir. Yaşadığı zamanın tələbləri səviyyəsində durma­ğa, hər dəfə sıfırdan başlamaq deyil, özündən əvvəlki nəsillərin işini da­vam etdirməyə insan yalnız təhsil sayəsində müyəssər olur.

Yeni biliklərin əldə edilməsi təhsilin yox, elmin funksiyasına aiddir. Təhsil isə artıq məlum olan bilikləri geniş kütlələrə və ya məq­səd­dən asılı olaraq əhalinin müəy­yən qrupuna çatdırmaq (öyrətmək, mənimsətmək) üçün təşkil olunmuş geniş miqyaslı ictimai prosesdir.

Xüsusi tətbiqi məqsədlər üçün gizli saxlanan ən yeni biliklər istisna olunmaqla əvvəlki nəsillərin əldə etdiyi bütün biliklər – bəşə­riyyətin ümumi bilik xəzinəsi bütün xalqlar və millətlər üçün açıqdır. Məsələn, avro­palılar üçün ayrı, afrikalılar üçün isə ayrı bilik bazaları mövcud deyil. Habelə milli xüsusiyyətlərindən asılı olaraq uşaqların qavrama qabiliyyəti arasında böyük fərq yox­dur. Əsas fərq bu biliklərin yayılması, mənimsədilməsi prosesini necə təşkil etməkdədir.

Təhsil öz səviyyə və yönümündən asılı olaraq üç müxtəlif məqsədə xidmət edə bilər.

Birincisi, bilik və təcrübə bu və ya digər fəaliyyət sahəsində isti­fa­də olunmaq, praktikada tət­biq edilmək üçün əldə edilir. Həkimlərin, mühəndis­lərin, bəstəkarların və s. tətbiqi fəaliyyəti (yaradıcılıq fəaliy­yə­tindən fərqli olaraq hazır bilik və vərdişlərə əsaslanan fəaliy­yət) bu qəbildəndir.

İkincisi, bilik və təcrübə başqalarına öyrətmək üçün əldə edilir. Müəllimlik sənəti qarşısına heç bir baş­qa praktik məqsəd qoymadan, yalnız təhsil siste­minin kadrla təmin olunmasına, başqa sözlə, onun öz inkişafına xidmət edir. Fənn müəllimləri əslində fizik, riyaziyyatçı yox, məhz fizika müəllimi, riyaziyyat müəl­limi olduğu kimi, müəllim mühəndis, müəllim həkim də peşəsinə görə məhz müəllimdir.

Üçüncüsü, bilik və təcrübənin səviyyəsini yüksəlt­mək üçün, yeni biliklər əldə etmək üçün lazım olan fəaliyyət sahəsi – elmi iş də ilkin təhsil mərhələsini tələb edir. Yəni ancaq əvvəlki nəsillərdən miras qalan bilik və təcrübə öyrənildikdən sonra hər bir nəsl öz payını bura əlavə edə bilər. Yeni biliklərin alınması istiqamətində fəaliy­yət nəzəri yaradıcılıq – alimlik, yeni təcrübə əldə etmək sahəsində fəaliyyət isə əməli yaradıcılıq (yaradıcı həkim və ya alim həkim, ixtiraçı mühəndis və s.) adlanır.

Birinci – bilik və təcrübənin tətbiqinə, ikinci – yayılmasına, üçün­cü – artırılmasına xidmət edir. La­kin bu fərqlər təhsilin məq­sə­dində və yüksək mərhə­ləsində özünü göstərən fərqlərdir. İlkin mər­hələdə isə hər üç istiqamət eyni geniş yoldan ayrılır, üst-üstə düşür. Yəni bütün hallarda əvvəlcə keçmiş nəsillərin əldə etdiklərini öyrən­mək, mənimsəmək lazımdır. Bu isə sözün dar mənasında, məx­susi mə­na­da təhsildir. Bu mərhələdə təhsil hələ başqa fəaliyyət sahə­ləri ilə çar­pazlaşmır və xalis təhsil sahəsi kimi mövcud olur.

Bünövrədə və ilk mərtəbələrdə daxili bölgü, şaxə­lən­mə yoxdur. Yalnız məqsədə (müxtəlif məqsəd­lərə) yaxınlaşdıqca ümumi təhsil prosesində şaxələnmə başla­nır və getdikcə dərinləşir. Hansı sahə üçün kadr hazırlan­ma­sından asılı olaraq təhsil bu və ya digər ictimai fəaliyyət sahəsi ilə sıx surətdə əlaqələnmiş olur.
* * *
Müstəqil dövlət quruculuğu şəraitində həmçinin müstəqil təhsil siyasəti yeridilməsinə, sovet təhsil siste­minin stereotiplərindən uzaqla­şaraq ölkəmizin yeni miq­yası, daxil olduğu yeni ictimai-iqtisadi mü­na­sibətlər sis­temi, habelə milli və regional xüsusiyyətləri əsasında müs­­tə­qil təhsil konsepsiyası hazırlanmasına böyük ehtiyac vardır.

Dünyada nüfuz qazanmış, qərarlaşmış və bəzən artıq tarixin səhifəsinə çevrilmiş bir sıra ənənəvi təhsil sistemləri mövcuddur. Bun­lara ilk növbədə müasir Qərb təhsil sistemi, rəqabətə tab gətirmə­di­yindən artıq unu­dul­maqda olan Şərq təhsil sistemi və yenə də xarici təsir­lərlə sıxışdırılan, lakin bir çox ölkələrdə əsasən saxlan­maqda olan sovet təhsil sistemi aiddir. Əlbəttə, bu sistemlərin özünə diferensial surətdə yanaşdıqda çoxlu daxili qatlar, forma müxtəlifliyi ortaya çı­xır. Lakin böyük miqyasda götürdükdə bu cür bölgü tamamilə məq­buldur.

İstər Avropada, istər hər hansı Şərq ölkəsində, istərsə də MDB ölkələrində qəbul olunmuş təhsil struk­turu bu gün bizi qane edə bil­məz. Biz Avropa stan­dartlarını, xarici ölkələrin müsbət təhsil ənənə­lərini nəzərə almazdan əvvəl öz müstəqil mövqeyimizi müəy­yənləşdir­məliyik.

Əgər Azərbaycan müstəqil təhsil siyasəti yeridirsə, təhsilin təşki­lati strukturu onun məzmunu­na, məzmun isə məqsədə uyğunlaş­dı­rıl­­malıdır. Demə­li, müstəqil təhsil sis­temi ilk növbədə məqsəd müəy­yən­liyi tələb edir.

Doğrudan da, təhsil nə üçündür?

– Sadəcə bilikləri mənimsətmək üçünmü? Əgər belədirsə, onda hansı bilikləri, hansı səviyyədə və hansı yolla?

– Gəncləri şəxsiyyət kimi formalaşdırmaq, kamil mənəviyyatlı, vətənpərvər və humanist insan nəsli yetiş­dirmək üçünmü? Əgər belə­dirsə, bunun yolları hansılardır və buna necə nail olmaq müm­kündür?

– Sərbəst düşüncə, əməli fəaliyyət, praktik quru­culuq vərdişləri aşılamaq üçünmü? Əgər belə­dirsə, onda hansı vərdişləri və necə? Bu zaman bilik və əməli vərdişin əlaqəsi və nisbəti necə olur? Buna uyğun təşkilati struktur necə seçilir?

Bu üç istiqamətdən hansına üstünlük verilməsi, biliyin, əməyin, yoxsa tərbiyənin əsas tutulması, habe­lə tərbiyənin yönümündən asılı olaraq təhsilin Şərq, yoxsa Qərb dəyərlərinə əsaslandığını söyləmək mümkündür.

Böyük miqyasda yanaşdıqda Şərq təhsili ikinci istiqamətə – insan mənəviyyatının kamilləşdirilməsinə, onun əxlaq və şəriət norma­la­rını mənimsəməsinə, Qərb təhsili üçüncü istiqamətə – praktik iş qabiliyyəti olan və bunun üçün şübhəsiz ki, həm də müəyyən ixtisas biliyinə yiyələnmiş olan kadrlar yetişdiril­mə­sinə, sovet təhsili isə birinci istiqamətə – oxumaq və biliklərə yiyələnməyə (ancaq hafizə və ya hətta əzbər­çilik hesabına da olsa) üstünlük verir.

Sovet təhsili, bir tərəfdən, dünyəvi biliklərin, fun­damental elm­lərin əsaslarını, uşaq üçün çox çətin də olsa, mürəkkəb proqramlar əsasında öyrətməyə çalışır, verilən informasiyanın həcminə görə hətta Qərb standartlarını arxada qoyurdu. Bu ən çox Qərbdəki sərbəstliyi və könül­lülüyü icbariliklə əvəz etmək hesabına əldə edilirdi. Digər tərəfdən, şagirdlərin və tələbələrin dünyagörüşü də icbari yolla ideo­loji çərçivələrə salınırdı ki, bu da təhsildə ifrat şərqçiliyin təza­hürü idi. Beləliklə, sovet təhsil sistemi əslində yeni bir şey olma­yıb, ifrat Qərb və ifrat Şərq möv­qe­lərinin eklektik qatışığından ibarət idi. Bu ifrat təzahürlərdən vəhdətə keçmək isə mümkün olmamışdı.

Sovet paytaxtında müəyyənləşdirilən və milli xüsu­siyyətlərindən, inkişaf səviyyəsindən asılı olma­dan bütün regionlara tətbiq olunan standart təhsil siyasəti neçə onilliklər ərzində ölkəmizdə mütəxəssis hazırlanması işinə böyük ziyan vurmuşdur. Təəssüf ki, Sovetlər dağılsa da, onun qalığı olan bu bürokratik mərkəzləşmə sistemi indi də davam edir.

Real həyati tələbat əsasında deyil, ideoloji meyar­lar və sxolastik prinsiplər əsasında qurulmuş təhsil sistemi həqiqi mütəxəssis hazırlan­masından daha çox, "diplomlu kadrlar" hazırlanmasına xidmət edirdi. Özü də bu ənənə­lər ifrat mərkəzləşmiş təhsil sistemində elə dərin kök atmışdı ki, ictimai həyatın başqa sahələrində həyata keçən yeniləşmə meylləri burada ciddi çətinliklərlə üzləşirdi. Aşağıdan başlanan və yerli şəraitin tələblərindən irəli gələn hər hansı təşəbbüs bütün ölkə üçün müəyyənləş­dirilmiş vahid qəlibdən kənara çıxdığına görə hələ beşikdə ikən məhvə məhkum idi.

Biz bunlardan ona görə keçmiş zamanda danı­şırıq ki, son vaxt­larda Azərbaycanın müstəqillik əldə etməsi və yeni iqtisadi müna­sibətlərə keçidlə əlaqədar olaraq ifrat mərkəzləşmiş bürokratik sistemin dağıl­ması prosesi, yeni­ləşmə meylləri artıq təhsil siteminə də nüfuz etməyə baş­lamışdır. Lakin ölkə­mizin müstə­qilliyi bir siyasi akt olaraq həyata keçsə də, yeni təhsil qanunu qəbul olunsa da, biz hələ əsasən sovet döv­ründə hazırlanmış təlimatları rəhbər tutu­ruq. Təhsil siyasətində ciddi dəyişikliklər edil­mə­sinə hələ ehtiyatla yanaşırıq. İş o dərəcəyə çatır ki, Təhsil Nazirliyinin ali məktəbləri yoxlayan komis­siyası təd­ris planlarında il­bəil dəyişiklik edilməsini böyük nöq­san hesab edir. Guya sovet dövründə olduğu kimi, yenə də tələbə qə­bul olarkən hansı tədris planı təsdiqlənibsə, axıradək həmin plan üzrə oxumalıdır və bura heç bir dəyi­şiklik edilə bilməz. Əlbəttə, artıq sta­bil­ləşmiş, qərar­laşmış, hətta durğunlaşmış sovet cəmiyyətində 5 il də­yi­­şilmə­yən planla işləmək adi bir hal idi. O vaxt təkcə təhsil yox, bü­tün ölkə beşillik planlar əsasında işləyirdi. Lakin indi, yeni ictimai-iqtisadi münasibətlərə keçid döv­ründə, milli özünüdərk və ənənəvi dəyərlərə qayı­dış mərhələ­sində, həm cəmiyyətin, həm də şüurların hər il deyil, hər gün yeniləşdiyi bir vaxtda beşillik toxu­nul­maz plan əsasın- da işləmək tələbi keçmiş qayda-qanunların bizim təhsil məmurlarının beynində çox dərin iz saldığından və onu silməyin asan olmayaca­ğından xəbər verir.

Bəli, müasir Azərbaycan təhsil sisteminin əsasında yenə də ənənəvi sovet təhsil standartları dayanır. Biz, bir tərəfdən, bu durum­dan ayrılmaq, təhsilimizi müasir tələb­lər səviyyəsində yenidən qurmaq istəyirik. Digər tərəfdən də, təhsilin indiki real vəziyyəti sovet təhsi­linin çürümək­də, uçulub-tökül­məkdə olan halına uyğun gəldiyindən 20 il bundan əvvəlki klassik sovet təhsilinə həsrətlə, nisgillə baxırıq. Lakin təhsil sistemində islahat apararkən qarşıya sovet təh­silini bərpa etmək yox, müstəqil Azər­baycanın ictimai-iqtisadi və mə­dəni-mənəvi as­pekt­lərdə keçdiyi inkişaf yolu ilə həmahəng olan, ölkəmizdə yeni dövlət və cəmiyyət quruculuğunun memarı olan Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf pro­qra­mını həyata keçirməyə imkan verən müstəqil təhsil siyasəti işləyib hazırlamaq və həyata keçirmək məqsədi qoyulmalıdır.

Təhsil strateji sahədir
Təhsilin təşkili sahəsində müstəqilliyin təmin olun­ması işi, əl­bəttə, kortəbii şəkildə, inzibatçılıq yolu ilə deyil, elmi surətdə əsas­landırılmış proqram üzrə həyata keçirilməlidir. Müstəqilliyə və yeni ictimai-iqtisadi müna­sibətlərə keçid Respublikamızda təhsil siste­mi­nin real maddi və mənəvi bazasının, mövcud potensial imkan­la­rının yeni tələblər baxımından nəzərdən keçirilməsini, artıq qərar­laşmış təlim-tərbiyə işi ilə milli-mənəvi xüsu­siyyətlər və adət-ənənə arasın­dakı uyğunsuzluqların tədri­cən aradan götürülməsini, lazımsız ixti­sasların və fən­lərin ləğv olunmasını və yeni ixtisaslar üzrə kadr hazır­lan­masını, ali məktəb şəbəkəsinin genişləndirilməsini və təhsil müəs­sisələri arasında səmərəli rəqabət atmosferi yaradılmasını tələb edir.

Hazırda Azərbaycanda mövcud olan dövlət ali mək­təbləri şəbə­kəsi və burada verilən ixtisaslar sovet dövründəkindən çox az fərq­lənir. Hələ yeni tələblərə cavab verən elm və təhsil konsepsiyası müəy­yənləş­dirilmədiyindən dövlət təhsil sistemində heç bir köklü islahat, heç bir ciddi struktur dəyişikliyi aparılma­mışdır. Yeni konsep­siya yox­dur, keçmiş ənənəyə əsaslanan fəaliy­yət isə özünü heç cür doğrultmur. Məsələn, sovet döv­ründə ali məktəblərə qəbul planı beş­illik sosial-iqtisadi inkişaf planları əsasında Dövlət Plan Komitəsi tərəfindən müəyyənləşdirilirdi. İndi isə ölkəmizə hansı sahə­lərdə və nə qə­dər kadr lazım olduğu peşəkar səviy­yədə araşdırılma­dığı halda, yenə də plan təsdiqlənir və bu məsələni hansı isə dövlət kabinetində oturan bir məmur ağlı kəsdiyi kimi həll edir. Ali məktəblərin özünün verdiyi qəbul planları­nın layihəsi həmin dövlət məmurunun öz kabi­netindən çıxmadan və heç bir meyara əsaslanmadan apardığı redak­tədən sonra qüvvəyə minir və icra üçün TQDK-ya gön­dərilir. Yeni iqtisadi müna­sibətlərə keçid dövründə kadrlara ehtiyacı bazar (tələb-təklif prinsipi) tən­zim­ləməli olduğu halda, müəyyən dövlət orqanları buna heç cür yol vermək istəmir, planlı təsərrüfat strate­gi­yasından əl çəkdi­yimiz halda, mücərrəd plan əsasında kadr hazırlı­ğından əl çəkmək istəmirik və hətta bu plan­ları müəyyənləşdir­mə­yin yollarını da düşün­mü­rük. Ali məktəb qəbul planı verərkən ölkənin ehtiyac­larından deyil, özünün real potensialından, bu və ya digər sahədə kadr hazırlamaq imkanlarından və subyektiv amillərdən çıxış edir. Nəticədə gələcəyimiz keç­mi­­şi­­mizin ayağına bağlanmış olur.

Bununla yanaşı, yeni imkanlar şəraitində Res­pub­likamızın təhsil sistemində artıq müəyyən dəyişik­liklər edil­miş, özəl universitetlər, kolleclər, liseylər açıl­mış, ilk dəfə məhz özəl ali məktəblərdə bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına başlanmışdır. Ali təh­sildə ikipilləli siste­mə keçilmiş, qabaqcıl universitet­lərdə magistratu­ralar açılmışdır. Bizcə, bu istiqamətdə tədbirlərin davam etdiri­l­məsinə və bu işdə xarici ölkə­lərin təcrübəsindən geniş isti­fadə olunmasına böyük ehtiyac vardır.

Əlbəttə, yeni tipli məktəb və ya fakültələr açılması, ali və orta ixtisas məktəblərinin statusunun dəyişdirilməsi özlüyündə hələ heç nə vermir. Əgər təhsil sistemində həqi­qətən ciddi dönüş yaratmaq istə­yiriksə, əsas məqsəd yeni təhsil müəssisələrində tədrisin müasir tələb­lər səviy­yəsində təşkili və sağlam mənəvi iqlim yaradılması olmalıdır. Bizcə, yeni açılan təhsil müəssisələrində bunu həyata keçir­mək artıq mənəvi səfalət virusları ilə yoluxmuş ali və orta ixtisas məktəblərini müalicə etməkdən asan olar. Sonun­cuların müalicəsi də ancaq sağlam rəqabət atmo­sferində mümkündür. Lakin nəzərə alın­malıdır ki, yeni təhsil müəssisələrinə təmiz mənəviyyatlı, yüksək ixtisas­lı müəllim və təşkilatçı kadrlar cəlb etmək zəruri olsa da, kafi şərt deyil. Kənar təsirlərin qarşısını almaq üçün sağlam elmi-pedaqoji mühitlə yanaşı, sağlam iqtisadi maraq da təmin edilməlidir.

Təhsil sahəsində həyata keçirilməsi nəzərdə tu­tu­lan yeni tədbirlər içərisində ali məktəblərə onların real im­kanları müqabilində müxtəlif statuslar veril­məsi və mə­zunlara müxtəlif səviyyəli diplom vermək hüququ xüsu­silə perspektivli görünür. Hələ indiyədək yaxşı oxuyan da, pis oxuyan da eyni hüquqlu diplom alır. Və çox vaxt iş elə gətirir ki, təhsili birtəhər başa vuranlar cəmi bir neçə il sonra xüsusi istedad sahibi olan keçmiş tələbə yoldaş­larına rəhbərlik edir, onlara yol-iz göstərirlər. Bu halın davam etməsi xalqın tə­rəq­qisinə böyük zərbə endirir. Halbuki, bəzi xarici ölkə­lərdəki kimi, səviyyəsindən asılı olaraq məzunlara müx­təlif dərəcəli diplomlar vermək praktikası bizdə də tətbiq olunarsa, bərabərçilik bəla­sın­dan yaxa qurtar­maq üçün heç olmazsa potensial im­kan açılmış olar. Tam şəkildə isə bu bəladan yalnız o zaman xilas olmaq mümkündür ki, attestat və diplom vermiş təh­sil müəssisəsi məzunun sonrakı mütəxəssis fəaliyyə­tində üzə çıxan çatışmazlıqlar üçün məsuliyyət daşısın. Belə ki, üstünlüyü ancaq real bilik və vərdişlər verə bilər və bazar iqtisadiyyatı şəraitində bu, gec-tez yeganə amilə çevriləcəkdir. Hazırda mövcud olan müsa­biqə və at­tes­tasiya sistemi, çox təəssüf ki, bu tələblərə cavab vermir.

Praktik həyatla məktəb arasında əks-əlaqə sistemi yoxdur. Hətta abituriyentin ali məktəbə qəbul zamanı yığdı­ğı ballarla attestat ara­sındakı kəskin uyğunsuzluq­lara görə heç bir tərəf məsuliyyət daşımır və ya heç olmazsa müvafiq araşdırma aparılmır.

Orta ümumtəhsil məktəblərində vəziyyət olduqca acınacaq­lıdır. Biz təkcə məktəblərin düşmüş olduğu və­ziy­­yəti, orta məktəb müəllimlərinin səviyyə­sini və işə münasibətini nəzərdə tutmuruq. Bu gün müvafiq dövlət orqanları tərəfindən orta məktəb sa­həsində yeri­dilən təh­sil siyasəti ümummilli lider Heydər Əliyevin gənclərin tər­biyəsi sahəsində qarşıya qoyduğu vəzifələrlə bir araya sığmır. O, gənclərlə bağlı bütün söh­bətlərində onlarda milli-mənəvi keyfiyyət­lərin forma­laş­dırılmasını, vətəndaş­lıq tərbiyəsini ön plana çəkir, gənclərin öz xalqına, Vətəninə məhəbbət ruhunda tər­biyə edilməsinin, tari­xi­mizlə, mədəniyyətimizlə bağlı bi­liklərə mükəmməl yiyələnməyin zəruriliyini dönə-dönə qeyd edirdi. Lakin bu gün orta məktəblərdə buraxılış imtahanlarına nəzər yetirsək görərik ki, ancaq təbiət elmləri üzrə imtahan aparılması nəzərdə tutulur. Halbuki orta ümumtəhsil at­tes­tatı alan şəxsin fizikanı, kimyanı, biologiyanı necə bilməsindən daha çox, tarixi, coğrafiyanı, cəmiyyətşü­naslığı necə bilməsi yoxlanıl­malıdır. Bizcə, hələ nə qədər ki, gec deyil, buraxılış imtahanlarında dəyişiklik edilmə­lidir. Ümu­miy­yətlə, orta təhsilin humanitarlaşdırıl­ması işi müstə­qil Azərbaycanın milli-mənəvi prioritetləri nəzərə alın­maqla yenidən qurulmalıdır.

Orta məktəbdə keçilən fənlər müəyyənləş­diri­lərkən sovet təhsi­lin­dən qalmış stereotiplər rəhbər tu­tu­lur və bura bəzən heç bir kon­sepsiyaya əsaslan­mayan, çox vaxt təsadüfi və volyuntarist düzəlişlər edilir. Halbuki orta təh­silin məzmunu taleyüklü ümumxalq məsələsi­dir və vahid konseptual sistemə əsaslanmalıdır.

Bizcə, rus dilli (yaxud ingilis dilli və s.) mək­təblərdə müvafiq dərslər başlıca olaraq Azərbaycan tari­xi, ədəbiyyatı və mədəniyyətinə dair materiallar əsasında keçilməlidir. Uzun müddət ərzində rus dilli məktəblərdə Azərbaycan mədəniyyəti, əxlaqı və düşüncə tərzi əvəzinə kosmopolit dünyagörüşü təbliğ olunduğundan, hələ indi də müəyyən dairələrdə milli-mənəvi dəyərlərimizə etina­sızlıq hallarına rast gəlinir.

Orta məktəbi bitirən şagirdlər bir ay ərzində iki dəfə imtahan verirlər: buraxılış imtahanları və ali mək­təbə qəbul imtahanları. Həm də birinci imta­hanlar əsasən formal surətdə keçirilir və ancaq attestat almağa xidmət edir. Orta məktəbi hətta əla qiy­mətlərlə bitirmək şa­girdə sonrakı təhsil üçün heç bir hüquq vermirsə, buraxılış imtahan­ları görəsən nəyə lazımdır? Keçən il1 test üsulu ilə müvəffəqiyyətlə imtahan verib ali məktəblərə qəbul olun­muş bir sıra abituriyentlər xeyli müddət keçdikdən sonra guya attestatları saxta olduğuna görə xaric edil­dilər. Hal­buki, orta məktəb attestatlarının 90%-dən çoxunun formal xarakter daşıdığını hamı bilir. Əgər belədirsə, artıq TQDK yoxlamasından yüksək balla keçə­rək özünü təsdiq etmiş abituriyent­lərə qarşı belə qəddar münasibət özünü nə dərəcədə doğruldur?

Bizcə, orta məktəbin buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanları əlaqələndirilməli və ya hətta birləşdirilməlidir. Daha doğrusu, buraxılış imta­hanlarının nəticələri şagirdlərə bu və ya digər ali məktəbin qəbul müsa­biqəsində iştirak etmək üçün əsas kimi götürül­mə­lidir. Buraxılış imtahanlarının məktəb müəllimləri tərəfin­dənmi, yoxsa mərkəzləşmiş qaydadamı aparılması, canlı sorğu iləmi, yoxsa test üsulu iləmi keçirilməsi isə ayrıca bir məsələdir.

Yeri gəlmişkən, tələbə qəbulu zamanı istifadə olunan testlər çətinlik dərəcəsinə görə məktəblərin verdiyi real bilik səviyyəsindən çox fərqlidir. Görünür, testlər abituruyentlərin real bilikləri əsasında deyil, orta məktəb proqramları əsasında qurulur. Proq­ramlar isə yenə də sovet təhsil ənənələri əsasında hazırlanır və nəinki şa­gird­lərin, hətta müəllimlərin real səviyyəsini nəzərə almır. Proqramla gerçək imkanlar arasındakı ziddiyyət məktəbi fiksiyaya çevirir. Nəticədə məktəb kə­narda qalır, yüksək bal toplamaq istəyən şagirdlər repititorlarla məşğul olur­lar. Ona görə də, bizcə, indiki şərait tədris proqramla­rında yüngülləşmə istiqamətində dəyişikliklər aparılması­nı tələb edir.

Bəli, təhsil sahəsində problemlər çoxdur və keçid dövrünün ağır sınaqları şəraitində Azərbay­can­da təhsil sistemini dağılmaqdan qoru­ya bilsək də, mövcud vəziyyət bizi heç cür qane edə bilməz. Təsadüfi deyildir ki, Heydər Əliyev Azərbycan Respublikasının Prezidenti olar­kən təhsildə köklü dəyişikliklər aparılması zərurətini nəzərə alaraq "Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası" yaradıl­ması barədə sərəncam vermişdi. Lakin bizcə, bütün ziyalıların, alimlərin, mütəxəs­sislərin səyləri səfərbər edilmədən ən mötəbər komissiya da belə məsul və taleyüklü vəzifəni həyata keçirməkdə çətinlik çəkər. Ümid edirik ki, təhsildə islahatların elmi əsaslara söykənməsi üçün bu sahədə geniş müzakirələr keçiriləcək və ilk növbədə mütəxəssislərin rəyi nəzərə alınacaqdır.
Təhsil Qanununun dəyişdirilməsi zərurəti?!
Qanun ancaq ciddi keyfiyyət yeniləşməsi tələb olu­narkən dəyiş­dirilə bilər. Lakin biz yeni Təhsil Qanununu əvvəlki qanunu sadəcə olaraq təkmilləş­dirmək xatirinəmi qəbul edirik?

Ötən altı il ərzində cəmiyyətimizin bütün sahə­lərində olduğu kimi, təhsil sahəsində də ciddi isla­hatlar aparılmasına ehtiyac olduğu özünü göstərir. Müstəqil­liyimiz möhkəmləndikcə təhsil sahəsində də daha inamlı addımlar üçün şans yaranır. Hey­dər Əliyev Azərbaycan müəllimlərinin qurultayında döv­lə­tin təhsil sahəsinə münasibətini belə ifadə etmişdir: "Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemi­mizi istə­diyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qə­dər yaran­mış təməlin, əsasın üzərində Azərbaycanın təhsili, məktəbi bun­dan sonra daha da təkmilləşəcək... Bu gün biz müstəqil Azərbaycanda bütün təhsilin – orta, texniki peşə, orta ixtisas məktəblərinin və ali məktəblərin işinin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görmə­liyik. Mən hesab edirəm ki, bunlar həm qəbul olunacaq təhsil qanu­nunda, həm də təhsil islahatı ilə əlaqədar qəbul ediləcək qanunda və qərarlarda öz əksini tapacaqdır."

Təhsil sisteminin milli zəmin üzərində, ümumbə­şəri dəyərlərə əsaslanaraq yenidən qurulması və ona mü­va­fiq hüquqi baza yaradıl­ması zərurəti şübhə doğurmur. Təhsil Qanununun Milli Məclisin müzakirəsinə təqdim olunmuş layihəsi də göstərir ki, bu sahədə hə­qiqətən böyük zəhmət çəkilmiş, təhsilin inkişaf strategiyasına söy­kə­nən təfərrüatlı, hüquqi mexanizm işlənib hazırlan­mış­dır. Lakin təhsil elə taleyüklü bir məsələdir ki, burada tələ­sikliyə heç cür yol verilə bilməz.

Son illərdə cəmiyyətimizdə, əlbəttə, müəyyən ictimai-iqtisadi dəyişikliklər baş vermişdir. Lakin ictimai həyatda əsas yeniliklərdən biri kimi cəmiyyətin demokra­tikləşdirilməsi prosesində mühüm bir mərhələ olacaq bələdiyyə idarəçiliyi hüquqi şəkildə hələ təsbit olun­madan yeni Təhsil Qanununun qəbul olunması nə dərəcədə məq­sədəuyğundur?

Məsələ burasındadır ki, sovet dövründə bizim ancaq dövlət təhsil müəssisələri haqqında təsəvvürü­müz var idi. İndi özəl təhsil müəssisələrinin yaradıl­ması və fəaliyyəti ilə əlaqədar bu sahədə təsəv­vürümüz genişlən­miş və bu yenilik Təhsil Qanununda da təsbit edil­mişdir. Lakin xarici ölkələrin praktikası göstərir ki, mülkiyyət for­masına görə və bunun nəticəsində maddi-texniki im­kanlarına və regional yönümünə görə başqa tip təhsil müəssisələri də ola bilər; bu, ilk növbədə bələdiyyə məktəbləri, bələdiyyə universitet­ləridir.

Məsələn, təhsil sisteminə ən çox diqqət yetirən öl­kə­lərdən birində – ABŞ-da təhsilin idarə olunması və ma­liy­yələşdirilməsi ancaq qismən mərkəzləşdiril­mişdir. Təsa­düfi deyildir ki, ABŞ-da ibtidai və orta təhsil sa­həsinə çə­kilən xərclərin 96%-i ştatların və yerli idarəetmə orqanla­rının payına düşür. Almaniyada təhsil sistemində qanun­ve­ricilik və idarəçilik əsas etibarilə əyalətlərin səla­hiyyə­tin­dədir. Burada həm də xüsusi məktəblər şəbəkəsi (gim­na­ziyalar, Valdorf mək­təbləri və s.) fəaliyyət göstər­diyin­dən, dövlət qarşısında əyalət məktəbləri və xüsusi mək­təb­lərin uzlaşdırılması (unifikasiyası) problemi daya­nır.

Böyük Britaniyada dövlət məktəbləri 3 qrupa bö­lü­nür: 1) yerli hakimiyyət tərəfindən idarə olunan və ma­liy­yələşdirilən ərazi məktəb­ləri; 2) əsasən dini təriqətlər tə­rəfindən açılmış könüllü məktəblər; 3) qrantlar vasitə­silə maliyyələşdirilən özünüidarə mək­təbləri. Digər öl­kə­­lərdə də yerli idarəetmə orqan­larının təhsildə rolu böyük­dür.

Bir sözlə, orta təhsildə mərkəzləşdirilmiş idarəet­mə­nin, bələdiyyə və ya əyalət idarəçiliyi, məktəb özünü­ida­rəsinin statusu və xüsusiy­yətləri müəyyənləşdirilmədən Təhsil Qanununu tamamlan­mış hesab etmək olmaz.

Bizdə yerli özünüidarə, bələdiyyə mülkiyyəti haq­qında qanun olmadığından müvafiq təhsil müəs­sisələri də təbii ki, hələ yoxdur. La­kin bu, ən yaxın gələcəyin real­lığıdır. Təhsil Qanununun layihə­sində isə bu barədə heç nə yoxdur. Belə çıxır ki, yaxın gələcəkdə biz Təhsil Qanununda yenə dəyişiklik etmək məcbu­riyyətində qa­lacağıq. Hal­bu­ki, yeni Təhsil Qanu­nundan öncə əlaqədar ictimai-iqtisadi və mədəni-mənəvi mühit kontekstində ye­ni elm-təhsil konsep­siyası yaradılarsa, yerli özünüidarə haqqında qanun hazırlanarkən bələdiyyə orqan­larının təhsil sahəsin­dəki funksiyaları və səlahiyyətləri də öz əksini ta­par və bu iki qanun arasında mümkün ziddiyyətlərin qar­şı­sı irəlicədən alın­mış olar.

Ona görə ayrıca təhsil konsepsiyası yox, vahid elm-təhsil kon­sepsiyası yaradılmalıdır ki, Elm haqqında qanun da bir sıra sahələr üzrə Təhsil qanunu ilə kəsişir və onların uzlaşması məsələsi irə­licədən həll edilməlidir. Əks təqdirdə elmin inkişaf konsepsiyası və Elm qa­nunu mü­za­kirə olunarkən Təhsil Qanununa bir də baxılması zərurəti ortaya çıxacaqdır. Bu ehtimal ən çox elmin inki­şaf konsep­siyası mü­əy­yənləşdirilmədən elmi dərəcə­lərlə əlaqədar bölmənin Təhsil Qanu­nuna (layihəyə) daxil edil­məsi ilə bağlıdır.

Beləliklə, Təhsil Qanununun dəyişdirilməsini zəru­ri edə biləcək mühüm səbəblərdən bəziləri layi­hədə nəzərə alınmamışdır. Bəs onda bu dəyişikliyi zəruri edən səbəblər nədən ibarətdir? Bu səbəblər öyrə­nilmişdirmi, elmi müza­kirə obyektinə çevrilmiş­dirmi? Əgər biz təhsil sahəsindəki bərbad vəziyyətdən çıxış ediriksə, onda bu vəziyyətin səbəb­lərini məhz qanundamı axtarmaq lazım­dır? Bu qa­nunun məhz hansı maddələri təhsil islahatının uğurla aparılmasına imkan vermir? Bizə elə gəlir ki, bu suallara cavab vermək üçün yaxın keçmişdə, keçid dövründə təh­silin vəziyyəti – hansı real durumdan hansı ideala doğru hərəkət etməsi və indi hansı məqamda olması aydın­laşdırılmalıdır.


Orta təhsil və onun strukturu

Biz hamımız o quyudan su içmişik.

Heydər Əliyev


Müstəqil Azərbaycanın 1992-ci ildə qəbul olunmuş ilk Təhsil Qanununun həyata keçirilməsi prak­tikası nə göstərdi? Bu sətirlərin müəllifi o vaxt Təhsil Qanununu hazırlayan işçi qrupuna daxil oldu­ğun­dan həmin dövr­dəki müzakirə və mübahisə mövzularını yaxşı xatırlayır. Belə ki, müzakirə mərhələsində irəli sürülən bir sıra dəyərli ideyaların Qanunun son variantında öz qətiyyətli ifadəsini tap­maması və ötən dövrdə həyata keçirilməməsi həmin ide­yaların bu gün bir növ "unudulması" ilə nəticə­lənmiş və ya bu ideyaların guya özünü doğrultmadığı qənaəti yaranmışdır.

O vaxt "əsas təhsil" və onun icbariliyi haq­qında, orta təhsilin sonrakı mərhələsinin isə təmayüllü olması barədə ideya tam inkişaf etdirilmədi və Qanuna da yarımçıq, tam formalaşmamış halda daxil edildi. Əsas təhsilin başlıca missiyası düzgün dərk edilsə idi, onun 8 il yox, 9 il olması haqda təklif qəbul edilərdi. Bu, çox prinsipial məsələ idi. 6 yaşdan baş­lan­mış 8-illik təhsildə (14 yaşına qədər) hamı üçün zəruri olan ümumi təhsilin əhatə olunması mümkün deyildir. Bu mər­hələ istər-istəməz tamamlanmamış qalırdı. Digər tərəfdən, ayrıca tə­ma­yüllü liseylər aç­maq əvəzinə elə həmin məktəblərin yuxarı sinif­lərinin təmayüllü məktəb və ya yüksək orta məktəb pilləsi kimi qəbul olunması yeni sxemə doğru qətiyyətli addımlar atılmasına yol vermə­di. Nəticədə orta məktəblər Təhsil Qanununun açdığı yeni imkanlar­dan istifadə etmədi; köhnə təhsil forması saxlandı və 8-ci sinfi bitirənlər hamısı növbəti siniflərə keçməyə can atdı. Peşə liseyləri şəbəkəsi nəinki genişləndirilmədi, əksinə, sovet dövründən qalan texniki peşə məktəbləri də tədricən da­ğıldı, onların onsuz da aşağı olan nüfuzu bir az da aşağı düşdü. Halbuki, keçid dövründə yaxşı hazırlanmış peşə­kar sənət adamlarına, ustalara, texniklərə, orta təh­silli xid­mət perso­na­lına, kompüter işçilərinə və s. böyük ehti­yac vardır.

Xüsusən, Konstitusiya qəbul olunduqdan son­ra icba­ri ümumi orta təhsil müddəası təhsilşünas­larımız tərəfindən düzgün şərh edilmə­diyindən şagird­lərin bir qismini 9-cu sinifdən sonra peşə məktəblərinə yönəltmək daha da çətinləşdi. Halbuki, inkişaf etmiş ölkələrin ço­xun­da texniki peşə məktəbləri böyük uğurla fəaliyyət göstərir. Məsələn, Almaniyada orta məktəb şəbəkəsində peşə məktəbləri aparıcı yer­lərdən birini tutur.

Sovet dövründə bütün başqa sahələrdə olduğu kimi təhsil sisteminin də mərkəzində ideya-siyasi tərbiyə dayanmış, iqtisadi tər­biyə, ekoloji tərbiyə və ilk növbədə politexniki tərbiyə kölgədə qal­mışdır. Bu hal müxtəlif təhsil formalarına münasibətdə də öz əksini tapmışdır.

9-cu sinifdən sonra üç əsas istiqamət var: tam orta təhsil verən ümumtəhsil məktəbi (gimnaziya), o cümlədən təmayüllü məktəb, orta ixtisas təhsili verən məktəb, texniki peşə məktəbi. Etiraf edək ki, bu axırıncı təhsil forması əslində tam orta təhsil kimi nəzərdə tutulmur və uzun illər ərzində onun yarıtmaz təşkili bu təhsil forma­sına qarşı mənfi ictimai rəy yaratmışdır.

Real vəziyyət belədir ki, texniki peşə məktəbinə uşaq­lar müəy­yən sahədə xüsusi fərasətlərinə, müsbət ami­lə görə deyil, əksinə, ümum­təhsil üçün yararsız olduq­larına görə seçilir. Bu cür yanaşma isə cəmiyyət üçün çox lazımlı bir sahəyə qabiliyyətli adamları cəlb etməyə imkan vermir.

Bazar iqtisadiyyatı müəssisələrin yüksək ixtisaslı kadrların hazırlanması ilə maraqlanmasını, kadr hazır­lığına vəsait ayırmasını və kadrların peşə yönümünün real texnoloji imkanlara uyğunluğuna nəzarət etməsini zəru­rətə çevirir.

Xüsusən texniki peşə təhsilinin məhz bilavasitə si­fa­rişçi müəssisə tərəfindən maliyyələşdirilməsinə, sifa­rişçi müəssisələrdə praktika ke­çil­məsinə və onların nüma­yəndələrinin məzunların attestasiyasında iştirak etməsinə böyük ehtiyac vardır.

Dövlət tərəfindən maliyyələşdirilən və tam orta təhsil verən və ya peşə, sənət təhsili verən məktəblərə – li­sey və kolleclərə keçid tədrici olmalı, daha doğrusu, təd­ri­cən əvvəlki sistemə alternativ təhsil sistemi yaradıl­ma­lıdır.

Bunun üçün texniki peşə məktəblərindən bir qismi tədricən peşə və sənət liseylərinə çevrilməlidir. Bu liseylər dövlət maliyyələşdirilmə­sindən müəssisələr­lə birbaşa kon­traktlar əsasında təsərrüfat hesabına keçməlidirlər.

Təsərrüfat hesabı ilə işləyən və daha çox müs­təqilliyə malik olan, xarici ölkələrlə birbaşa əlaqələr ya­radan, öz əmlakını tədricən döv­lətdən satın almaqla özəl­ləşən peşə və sənət liseyləri ilə dövlət texniki-peşə siste­minin paralel mövcudluğu azad rəqabət şəraitində hər iki formanın inkişafına təminat verər.

Bizim ölkədə indiki şəraitdə orta məktəb məzun­larının çox az qismi ali məktəblərə qəbul olunduğundan texniki peşə məktəblərinin dirçəldil­məsinə böyük ehtiyac vardır. Lakin bunun əvəzinə Təhsil Qanununun yeni layi­həsində "peşə təhsili" ifadəsinin qarşısına "ibti­dai" sözü ar­tı­rılmaqla peşə məktəblərinin daha da nüfuzdan düş­mə­sinə şərait yaradılır.

İndiki mərhələdə ilk müstəqil Təhsil Qanununun artıq beş illik fəaliyyəti dövründə Azərbaycanda real təh­sil müstəvisində gedən prosesləri diqqətlə izləsək apa­rılan yarımçıq islahat cəhdlərinin çox vaxt uğursuz nəticə­ləndiyini qeyd etmək məcburiyyətindəyik. Lakin, bizcə, layihədə təklif edildiyi kimi geriyə çəkilmək yox, həmin ideya­ları daha mükəmməl və daha qətiyyətli surətdə hə­ya­ta keçirmək lazımdır. Bunun üçün 9 illik ümumi orta təhsilin (bu zaman icbari təhsil müddəti 15-16 yaşa qədər olur) vahid proqramı hazırlanmalı və o, təmayüllü lisey­lər, orta ixtisas məktəbləri, orta təhsil kollecləri və peşə liseyləri üçün baza rolunu oynamalıdır. Hazırda mövcud olan orta məktəblər öz funksiyasını 9 illik ümumi təh­sildən sonra bitir­məlidir. Lisey, kollec, peşə məktəbləri şəbə­kəsi isə ümumi orta təhsil­dən sonrakı pillə olmaqla müstəqil surətdə fəaliyyət göstərməlidir. Əsasən 2-3 illik təhsil müddətini əhatə edən təmayüllü məktəblərdə təhsil könüllü surətdə seçilməlidir. Burada – yüksək orta təhsil pillə­sində icbariliyə yol verilə bilməz, çünki bu, 16 yaşına çatmış gənclərin hüquqlarının tapdalanması olardı.

Digər tərəfdən, ümumi orta təhsil pilləsindən fərqli olaraq yük­sək orta təhsil pilləsində bələdiyyə məktəb­lərinin və özəl məktəb­lərin geniş şəbəkəsi yarana bilər ki, bu da büdcədən maliyyələşən lisey və kolleclərin gərgin rəqabət şəraitində fəaliyyət göstərməsinə, həm­çinin burada məsu­liyyət hissinin artmasına təkan verər. Bu baxımdan, xü­susi orta məktəblərin açılmasında dövlət özü maraqlı olmalıdır. Təsa­düfi deyildir ki, ölkə prezidenti müəllim­lərin qurultayında çıxış edərkən "şirkətləri, iş adamlarını təhsilə vəsait sərf etməyə və təhsilin inkişafına qoşulma­ğa" çağırmışdır. İş adamının təhsilin inkişafına qo­şul­ması müxtəlif formalarda ola bilər. Təhsilin məzmununa mü­da­xilə etmədən və tədrisin keyfiyyətinə heç bir şərt qoy­madan dövlət təhsil sisteminə sadəcə maddi köməklikdən fərqli olaraq, kim isə həm də məzmun baxımından fərqlənməklə, özünəməxsusluğu, özəlliyi olan ye­ni mək­təb­lərin açılmasını üstün tuta bilər. Əlbəttə, burada özəllik, kiminsə adı ilə bağlılıq mütləq pullu təhsil kimi başa düşülməməlidir.


* * *
Azərbaycan Respublikasının Konstitusiyasına "döv­­­lət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir" maddəsi daxil edildikdən sonra təhsil sahə­sində mütəxəssislərin bir qismi böyük narahatlıq hissi keçirməyə başladılar. Əlbəttə, bu müddəa Azərbay­canın bu günündən daha çox gələcəyi üçün nəzərdə tutulmuş­dur. Hələ keçid dövründə olan, keçmiş sovet iqtisadi mə­kanı və sosialist iqtisadi münasibətləri dağıldıqdan sonra yeni iqtisadi prinsip­ləri hələ təzə-təzə həyata ke­çirən və heç şübhəsiz, maliyyə qıtlığı hiss edən bir ölkə üçün bu, həddindən artıq böyük zinət sayıla bilərdi. Ona görə də, Konstitusiyanın layihəsi müzakirə olunarkən çox­ları ya icbarilik haq­qında dövlət öhdəçiliyinin çıxarıl­masını, ya da layihədə olduğu kimi, ancaq səkkiz illik natamam orta təhsilin icbariliyini təklif edirdi. Lakin Konstitusiyanın son variantına daxil edilən "icbari ümumi orta təhsil" şərti çoxlarını çaş-baş saldı. Ona görə də, vəziyyətdən çıxış üçün "icbari" sözünün heç də "məcburi" demək olmaması barədə, yaxud icbarilik şərtinin şagirdin təhsil almasına deyil, dövlətin təhsil üçün şərait yaratmasına aid olması haqqında yum­şaldıcı fikirlər, şərhlər irəli sürülürdü. La­kin nə üçünsə, "ümumi orta təhsil" ifadə­sinin dünya prak­tikasına uyğun olaraq yenidən mənalandırılması yada düş­mür­dü və indi də yada düşmür.

Belə ki, Kostitusiyada "ümumi orta təhsilin" neçə il olması ba­rədə heç nə yazılmamış və "ümumi" predika­tının açılışı da veril­mə­mişdir. Belə olan halda dünya prak­tikasını nəzərə almaq və müx­təlif ölkələrdə "ümumi orta təhsilin" necə qəbul olunduğunu öyrən­mək əvəzinə, onu qeyd-şərtsiz sovet dövründən qalmış 11 illik təhsil kimi başa düşməyin heç bir nəzəri və təcrübi əsası yoxdur.

İnkişaf etmiş Qərb ölkələrində icbari təhsil hüdud­larının dəyişil­mə xronologiyasına nəzər yetir­sək, görərik ki, texniki tərəqqinin, iqtisadiyyatın, maliyyənin, ümumi mədəni-mənəvi inkişafın səviyyə­sinə uyğun olaraq əvvəlcə ibtidai təhsil məcburi olmuş, sonra isə məcburi təhsil yaşı tədricən hər 20-30 ildə 1 yaş artırılmışdır. Məsələn, Böyük Britaniyada 1880-ci ildə 5-10 yaş arasında olan uşaqlar üçün məktəbə getmək məcburi oldu. 1918-ci ildən mək­təbdə 14 yaşına qədər oxumaq məcburi oldu. 1944-cü ildə qəbul olunan yeni Təhsil Qanununa əsasən məktəblər ibtidai və orta məktəblərə bölündülər və məcburi təhsil yaşı 15-ə qaldırıldı. Bütün uşaqlara orta təhsil verildi. 11 yaşında olan uşaqlar arasında test keçiri­lərək onları müxtəlif orta məktəblərə yerləşdirdilər. 60-cı və 70-ci illərdə bu sistem tədricən bütün şagirdləri əhatə edən ümumtəhsil məktəbləri ilə əvəz olundu. 1972-73-cü illərdə icbari təhsil yaşı 16-ya qaldırıldı.

Qeyd etmək lazımdır ki, təhsilə cəlbetmənin icba­rilik dövrü yuxarı yaşlara doğru deyil, aşağı yaşlara doğru genişləndirilir. Belə ki, icbari təhsil dövrü əvvəllər 6 yaşdan başlayardı, sonra 5 yaşdan, indi isə bir sıra ölkə­lərdə 4 yaşdandır. Bu sosial tələbatı çoxları hələ də dərk edə bilmir. Heydər Əliyev bu məsələdə də təhsilşünas alimlə­rimizi qabaqlayaraq diqqəti buna yönəltmişdir: "...Bəzən heç altı yaşına çatmamış uşaqlar var ki, çox istedadlı, hazırlıqlıdırlar və onları məktəbə qəbul etmək la­zımdır. Hesab edirəm, bu barədə də lazımi tədbirlər görülməlidir".

Hazırda ən çox inkişaf etmiş ölkələrdə, mə­sələn, ABŞ-da, icbari təhsil müddəti siniflə və ya tam orta təhsil anlayışı ilə deyil, yaşla müəyyən olunur və bir qayda ola­raq 16 yaşı keçmir. ABŞ-da da digər inkişaf etmiş öl­kə­­lərdəki kimi icbarilik təhsil səviy­yəsinin deyil, yalnız uşa­ğın orta məktəbdə təhsil alma­sının yaş həddini müəy­yən edir. Ştatların əksəriy­yətində məcburi yaş həddi 16-dır.

Fransada orta məktəb məhz icbarilik dövrü baxı­mından iki yerə ayrılır. 16 yaşa qədər icbari təhsil alan şagirdlər orta təhsilin bundan sonrakı mərhə­ləsində kö­nül­lü oxuyurlar.

Ölkələr arasında orta təhsilə ən çox vaxt ayıran (12-13 il ərzində tam orta təhsil verilir) Almaniyada da müxtəlif orta məktəb formaları içərisində ümumi mək­təblər önəmli yer tutur. Belə məktəblərdə uşaqlar ibtidai təhsildən sonra, 5-ci sinifdən 10-cu sinfə qədər oxu­yurlar. Almaniyada tam orta təhsil almaq üçün ümumi orta mək­təbdən sonra təmayüllü və ixtisas­laşmış məktəblərdə, xüsusən gimna­ziyalarda və peşə məktəblərində 2-3 il müd­dətinə təhsil davam et­dirilir.

İngiltərədə də ümumi orta məktəb və tam orta məktəb fərqləndirilir. Tam orta təhsil əsasən 18 yaşda başa vurulduğu halda, ümumi orta məktəb (middle schools) 14 yaşadək nəzərdə tutulur. Sonrakı illərdə təma­yüllü və ya ixtisaslaşmış təhsil verilir.

Türkiyədə də icbari ümumi təhsil pilləsindən sonra təmayüllü liseylər şəbəkəsi geniş yayılmışdır. Burada məs­lək liseylərinin (texniki peşə məktəb­lərinin) xüsusi payı ki­fayət qədər böyükdür.

Hələ keçmişdə böyük SSRİ imperiyasında təh­sil islahatına rəh­bərlik edən, başqa sahələrdə olduğu kimi, elm və təhsilə münasibətdə də çox incə məqam­ların ayırd edilməsində qeyri-adi fəhm nümayiş et­dirən ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Konsti­tu­siya Komissiyası o vaxt haqlı olaraq "8-illik əsas təhsil" və ya "natamam orta təhsil" anlayışını layihədən çıxarmış, "ümumi orta təhsil" anlayışı ilə əvəz etmişdir. Dərin mən­ti­qi təhlil "əsas təhsil" və "natamam orta təhsil" ifadələ­ri­nin nə dərəcədə uğursuz olduğunu aşkar etdikcə Kons­ti­tu­si­yadakı bu düzəlişin mənası və əhəmiyyəti də o qədər çox aydın olur. "Ümumi" sözü hamı üçün eyni olan, ha­mı­ya lazım olan və buna görə də, icbariliklə həmahəng olan mənanı çox gözəl ifadə edir. Belə ki, təmayüllü, ixti­sas və peşə yönümlü orta məktəblər üçün də ilkin ümumi təhsil pilləsi zəruri sayılmalıdır. Ümumi təhsil insan üçün ən zəruri bilikləri verməklə, müasir cəmiyyətin bərabər­hü­quq­lu üzvlə­rinin yetişmə­sinə, gənclərin bir vətəndaş kimi formalaşmasına ilkin zəmin yaradılmasına xidmət edir. Kimin gələcəkdə hansı sahədə ixtisas­laşmasından asılı ol­ma­dan insan­ların cəmiyyət üçün hazırlan­ması cəmiy­yə­tin insan qarşısında qoyduğu icbari şərtdir. Şagirdlərə icbari yolla differensial hesabını, triqonometriyanı, loqarifm cədvəlini, üzvi kimyanın təfərrüatlarını, mürəkkəb texniki bilikləri öyrətməyə lüzum yoxdur. Ümumi icbari təhsil proqramına daxil edilməli olan təbii-elmi biliklərin miq­dar­ca və məzmunca düzgün müəyyən edilməsi xüsusi bir məsələdir. Lakin bir şey aydındır ki, şagirdlər yaşadıqları cəmiyyətin qayda-qanun­larını, siyasi sistemini, əxlaq və hü­quq normalarını, mənəvi dəyərlərini, milli mənafeləri, döv­lət dilini və s. bilməyə borcludur. Ancaq hamı üçün ümu­mi olan biliklər icbari yolla öyrədildikdən sonra şa­gird­lər seçəcəyi ixtisaslara uyğun olaraq, təhsillərini təma­yüllü məktəblərdə başa çatdırmalıdırlar. Və ya bir çox öl­kə­lərin praktikasına uyğun olaraq yuxarı siniflərdə şagird­lə­rə fənləri könüllü surətdə seçmək üçün şərait yaradılma­lı­dır.

Bu gün bəzilərinin iddia etdikləri kimi, Konsti­tusi­yada düzəliş edərək onu guya gerçək vəziyyətə və gerçək imkanlara uyğunlaşdır­maq deyil, Təhsil qanu­nunda düzəliş edərək, "ümumi orta təhsil" an­la­­yışının daha düz­gün hüquqi və pedaqoji statusunu və elmi şərhini vermək vacibdir. Lakin çox təəssüf ki, Təhsil qanununun Milli Məc­lisin müzakirəsinə təqdim olunmuş layihəsində* real imkanlarla heç cür uzlaş­mayan variant saxlanmaqda davam edir. Yəni "ümumi orta təh­sil" anlayışı dövrün tə­ləb­lərinə uyğun surətdə müəyyənləşdiril­mir, hətta buna heç cəhd də göstərilmir. Halbuki, qanun Konstitusiyadakı mad­də­lərin açılışına xidmət etməli, Konstitusiyada artıq təsbit olun­muş terminləri rəhbər tutmaqla, təfsilatlı hüqu­qi mexanizm hazırlan­malıdır.

İcbarilik şərtinin 11 illik təhsilə aid edilməsinin hət­ta ən zəngin, ən çox inkişaf etmiş ölkələr üçün də çətin olması və buna görə də qabaqcıl ölkələrin əksəriyyətində icbariliyin ancaq 14-16 yaşa qədər tətbiq olunması faktı ilə yanaşı, məsələnin başqa bir aspekti də mütləq nəzərə alın­malıdır. Belə ki, artıq 16 yaşına çatmış şəxslərə, hətta on­ların öz xeyri üçün belə icbariliyin tətbiq olunması in­san hüquqlarına dair beynəlxalq tələblərə uyğun gəlmir.

Təhsil qanununun layihəsində Konstitusi­ya­dan fərq­li olaraq "ümumi təhsil" və "natamam orta təhsil" an­la­yışlarından istifadə edilir. Qanun layihəsində ümumi təhsil üç pilləyə bölünür: ibtidai siniflər (I-IVsiniflər), natamam orta təhsil (V-IX si­niflər) və orta təhsil (X-XI siniflər). Halbuki, "natamam orta təhsil" an­la­yışının tamam­lanmış təhsil pilləsi kimi qələmə verilməsi praktikası heç bir ölkədə yoxdur. Orta təhsil bir qayda olaraq, ibtidai təhsildən sonrakı mərhələni əhatə edir və 6-8 il olur. 2-3 illik son mərhələ isə "yüksək orta təhsili", "tam orta təhsili", "təmayüllü orta təhsili", "peşə təh­silini" və s. əhatə edir. "Natamam orta təhsili başa vurmağın" nə de­mək olduğunu, əlbəttə, məntiq çərçivəsində anlamaq müm­kün deyil. Orta məktəbi bitirdikdən sonra 3-4 il oxu­yub ibtidai təhsil almaq və bundan sonra təhsili orta peşə-ixtisas məktəbində davam etdirərək yeni­dən ümumi orta təhsil almaq haqqında müddəalar isə mən­tiqsizlikdən də o tərəfə keçir.

Ona görə də, layihədəki təfərrüatları təhlil et­mə­yə lüzum bil­mə­dən, bir daha yada salmaq istəyirik ki, qanun hazırlanmazdan əv­vəl vahid, mükəmməl konsepsi­ya olmalıdır və istifadə edilən anlayış­lar dəqiqləşdirilmə­li­dir. Məsələn, "ümumi təhsil", "təmayüllü təhsil", "pe­şə təh­sili" və "ixtisas təhsili" anlayışlarının elmi təhlilinə bö­yük eh­ti­yac vardır. Bunları aydınlaşdırmadan, olduqca qeyri-müəyyən "peşə -ixtisas" anlayışından istifadə edil­məsi yolverilməz haldır. "Peşə" və "peşə-ixtisas" anlayış­la­rı­nın fərqinə varmadan onların qarışıq şəkildə pillə­lən­mə­si məntiq qaydalarına uyğun gəlmir və istər-istəməz əlavə şərh tələb edir.

Təhsilin struk­tu­run­dakı dəyişiklik onun məzmu­nuna uyğun olaraq aparılmalıdır. Mübahisələr gedir ki, ibtidai təhsil neçə il olmalıdır, ümumi orta təhsil və tam orta təhsil müddəti neçə il ol­malıdır. Lakin bunu müəyyən­ləş­dirmək üçün əvvəlcə hər bir təhsil pilləsinə, onun məz­mununa qoyulan tələblər müəy­yənləşdirilməlidir. Hər bir təhsil pilləsi, əgər o doğrudan da ayrıca bir pillədirsə, mər­hələdirsə müəyyən bir məqsədin icrasına xidmət etməlidir. Məsələn, sual oluna bilər ki, ibtidai təhsilin məqsədi nədir və bu mər­hə­lə­ni bitirərkən uşaq nəyə nail olmuş olur? Bu pillədə əsas məqsəd heç şübhəsiz, oxuyub-yazmağın öyrədilməsidir. Lakin bu­nunla yanaşı, uşaqların ilk hesab əməliyyatlarını yerinə yetirməsi, rəsm və musiqi qabiliyyətlərinin inkişaf etdirilməsi, bir sözlə, ilkin zehni və estetik biliklərə və əməli vərdişlərə yiyələnməsi də ibtidai təhsil mərhələsində həyata keçir. Bu pillədə ən mühüm cəhətlərdən biri uşaq­la­rın sosial normalara, nizam-intizama uyğunlaşma­sı, əx­laq qaydalarını mənim­sə­məsi, tədricən cəmiyyətin bir üz­vü­nə çevrilmə­sidir. Biz hamısını sa­dalamırıq, lakin elə de­yi­lənlər də, ibtidai təhsil pilləsinin nə dərəcədə önəmli ol­du­ğunu göstərir. Ancaq ilkin forma­laşma mərhələsini keç­dikdən sonra uşaqlar elmi biliklərin sistemli öy­rə­nil­mə­si mərhələsinə qədəm qoya bilərlər.

İkinci mərhələdə uşaqların dünyagörüşünün, mə­nə­vi aləminin və məntiqi mühakimə qabiliyyətinin forma­laş­ması, onların bir vətən­daş kimi yetişməsi, habelə istəni­lən ixtisas sahəsinə getmək üçün ilkin hazırlıq mərhələsini keçməsi nəzərdə tutulur.

Üçüncü pillədə şagirdlər artıq seçəcəyi ixtisasın is­ti­qa­mə­tinə uyğun olaraq, təmayüllü məktəblərdə oxuyur və ali məktəbə daxil olmaq üçün hazırlıq mərhələsini ta­mam­layırlar.

Orta məktəbin axırıncı pilləsi (yüksək orta təhsil) ilə ali təhsilin ilk pilləsi məzmun və mahiyyətcə çox yaxındır. Bəzi ölkələrdə bunlar hətta üst-üstə düşür. Mə­sə­lən, Fransada təmayüllü kolleclər artıq bakalavr dərə­cəsi verir.

Sovet təhsilində (Azərbaycan təhsil sistemində də belədir) orta məktəbin ikinci və üçüncü pillələri keyfiy­yət­cə fərqlənmir. 9-cu sinifdən sonra (bəzən 8-ci sinifdən son­ra) ümumi orta təhsil pilləsində əldə edilmiş biliklər bir az dərinləşdirilərək, yenidən təkrar olunur. Yenə də bü­tün fənlər tədris olunur və heç bir təmayül verilmir. Nə­ticədə, ali məktəbə hazırlaşan şagirdlər orta təhsillə ya­na­şı əlavə bir hazırlıq kursu (adətən, repetitorların kö­məyi ilə) keçməli olurlar. Başqa sözlə, bizdə orta təhsilin yüksək pilləsi real həyati tələbata cavab vermir. Dünya praktikasında isə bu son pillə məhz konkret ixtisas istiqa­mə­ti üzrə ali təhsilə hazırlıq pilləsidir.

Ali məktəblərdə orta məktəb proqramları ilə əlaqə sistemli xarakter daşımır. Təhsilin permanentliyi itir. Çox vaxt ya məlum olanlar təkrar edilir, ya da keçid yaradıl­madan birbaşa yeni səviyyədə dərslər başlanır.

Biz indi ancaq təhsilin məzmunu ilə əlaqədar bəzi məsələlərə toxunduq. Lakin təhsilin məqsəd və vəzifələri təkcə sistemli biliklər öyrədilməsi ilə məh­dud­laşmır. Uşaqların cəmiyyətin bir üzvü kimi hazırlanması ictimai biliklərin öyrədilməsilə yanaşı fəal ictimai prak­tika da tə­ləb edir. Məktəb təkcə uşağın başına biliklərlə doldurmaq üçün deyil, həm də onu həyata hazırlamaq üçündür. Orta məktəb uşağı ümumiyyətlə həyata hazırlayır. Ali məktəb isə onu bir peşəkar kimi müəyyən bir sahənin mütəxəssisi olaraq həyata hazırlayır. Bu axırıncı mərhələdə həyata hazırlanmaq gənclərin ali məktəbi bitirdik­dən sonra çalışacaqları istehsal və ya xidmət müəssisələrindəki real şə­raitə və tələblərə uyğun surətdə əməli vərdişlərin mə­nim­sənilməsini nəzərdə tutur. Digər tərəfdən, tələ­bələrin həm də bir vətəndaş kimi ye­tiş­məsi, onların siyasi və hüquqi mədəniyyətlərinin formalaşması üçün ali məktəb bu sahədə sadəcə biliklər verməklə kifa­yət­lənməyərək, ictimai həyatın fəal iştirakçısı kimi fəaliy­yət göstərməlidir.

Çağdaş Azərbaycanda təhsil sisteminin qarşı­sın­da duran vəzifə­ləri düzgün müəyyənləşdirmək, təhsil sahə­sin­də zamanın tələblərinə uyğun islahat apara bilmək üçün əvvəlcə ümumiyyətlə təhsillə bağlı nəzəri və praktik bilik­lərin sistemləşdirilməsi, təhsilin təşkilati, sosial, iqti­sa­di müstəvilərdə nəzərdən keçiril­mə­si tələb olunur.



1 1998-ci il nəzərdə tutulur.

* 1999-cu ildə birinci oxunuşdan keçərək müzakirəyə çıxarılmış variantdan söhbət gedir.






Yüklə 206,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə